AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala




Yüklə 2.09 Mb.
səhifə10/13
tarix22.02.2016
ölçüsü2.09 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

İctimai-siyasi şeirlərində ustad aşıq başına gələn hadisələrə görə zamanın gərdişini günah­lan­dırır. “Məni” rədifli qoşmasına diqqət edək:
Dünya, səndə bir etibar görmədim,

Saldın bu vaxtımda çöllərə məni.

Vətən həsrəti ilə çırpınır qəlbim.

Axıtdın sel kimi çöllərə məni.


Qanadımı qırdın, qolumu qırdın.

Dözməyən qəlbimə min yara vurdun.

Məni soraqlayar vəfalı yurdum.

Bu zaman salıbdır çöllərə məni.

Aşıq Sabir poeziyasında ictimai-siyasi şeirlərin əsasında dünya (obrazı durur) bir simvol kimi kök salır. Qarşılaşdığı çətinliklərin səbəbini Çərxin gərdişində görür. Sənətkar xüsusən kini-kidurətini, ağrısını-acısını dünyaya müraciətlə yazır:

Ayrılıq əlindən cana doymuşam,

Sevgilimdən tənha, ayrı qalmışam.

Həsrətdən sinəmi viran qoymuşam,

Sənə bel bağlamaq olarmı, dünya?

Digər bəndlərdə aşıq daha kəskin çıxış edir, dünyanı viranə adlandırır.

Viranəsən bilirəm əzəldən bəri,

Min yerə atırsan əlində zəri,

Qəriflikdə öldürürsən Sabiri

Köksümdə min yara qoydun a dünya.

Həyatdan, talenin qalmaqallı olaylarından şika­yət xarakteri daşıyan şeirlərində ustad öz qardaşı oğlunun gözlənilməz və vaxtsız ölümünə dözmür, bu faciə hamı kimi sənətkarı da sarsıdır. “Ağladı” rədifli şeirində bu barədə deyir:

Məclislərdə gözüm axtarar səni

Ocağında közün axtarar səni,

Dözəmmərəm dözüm axtarar səni,

O çırağı sönmüş evin ağladı.

Aşıq Sabir ailəsinə bağlı olduğu kimi qohum-qardaşının da dərdinə şərik olan fədakar sənət­kar­larımızdandır. Onun “Ağladı şeirində yarat­dığı bədii təsvir və ifadə vasitələri Aşıq Sabirin sənətkar­lıq qüdrətindən soraq verir:

Yurdunda bostanlar əkilən balam,

Ömrünə qara gün səpilən balam,

Vaxtsız çırağını söndürdü zaman,

Dostların dost dedi, gözlər ağladı.

Sənatkarın məhəbbət mövzusunda yazdığı şeirləri də diqqət çəkir. O, ömür-gün yoldaşı olan bir tək sevgisi Yaxşıxana sadiq qalır, elə bir şeiri olmasın ki, orada sevgidən bir misra yazmamış olsun. Ona ilham verən bu saf sevgisi, həyata bağlayan telli sazı, övlad­la­rı olmuşdur. “Hardasan” rədifli şeirində saf sevgisini belə yada salır:

Yerim cənnət olsa qürbətdə mənim,

Sevincdən çox olur kədərim, qəmim.

Elə bir odlanır tarlada zəmim,

Söylə görüm, ey nigarım, hardasan?

Aşıq Sabir şəxsiyyəti və poeziyası öz dol­ğun­lu­ğu, bitkinliyi ilə özündən sonra gə­lən nəsillərə gərəkli nümunə olacaqdır.


El şairləri

Zaqatala aşıq mühitində ustad ifaçı aşıqlar­la yanaşı, el şairləri də yaşayıb ya­radırlar. Öz sənət­karlıq xüsusiyyət­lərinə görə el şair­ləri iki qismə ayrılır. Birinci qis­mə aid olanlar həm aşıq şeiri üs­lu­bunda yazıb yaradır, həm də sazda aşıq ha­va­­larını böyük məharətlə ifa etməyi bacarır, yeri gələrsə ustad aşıqlarla məclisdə de­yişirlər. Amma ustad aşıqlardan fərqli olaraq, ifa zamanı oxu­murlar. Mu­xaxlı Ra­mazan, Mustafa məhz belə sənətkar­larımızdandır. İkinci qismə aid olanlar isə yal­nız aşıq şeiri üslubunda yazan sənətkar­la­rımızdır ki, onlar sazda ifa etmirlər. Be­lə sənətkarlarımız sırasında Muxaxlı Məhərrəm Dağlını, Xəstə Əhmədin adlarını çə­­kə bilərik.

Elin-obanın böyük rəğbətini qazanan Mu­xax­lı Ramazan 1930-cu ildə Za­qa­ta­­la rayonunun Muxax kəndində dünyaya göz açmışdır. Atasının ustad aşıq olması, saz-söz mühitində boya-başa çatması onda bu sənətə böyük həvəs və rəğbət hissi oya­dır. Mu­xaxlı Ramazan şeirlərindən birində öz keçdiyi ömür yo­lu­na nəzər sa­lır:

Ömrüm keçib şeir yaza, saz çala,

İlham pərisiynən tutub qol-qola.

Qələmlə yapmışam alınmaz qala,

Bunu da qoymuşam yüzlərin üstə.

Və yaxud:

Ruzi qazanırıq halal əməkdən,

Bərəkət dilədik ulu fələkdən.

Bal da şirin deyil halal çörəkdən,

Hatəm səxavətli Muxaxlıyam mən (78).

El şairi Ramazan aşıq şeiri üslubunda yazıb-ya­rat­­maqla yana­şı, yazılı ədə­biy­yatı da gözəl bilir. Nəsiminin, Füzulinin, Xətainin şeirlərini sin­ə­dəf­tər etmiş, ye­ri gəldikcə poeziyasında da onlara böyük hörmətlə yanaşır. M.İb­ra­himov «Aşıq poeziyasında rea­lizm» kitabında qeyd etmişdir ki, qüd­rət­li bir sənət­karın yetiş­məsi üçün yaradılan hər bir nümu­nədə həm xalq ya­ra­dı­cı­lı­ğının rolu, həm də ya­zılı ədəbiyyatla qarşılıqlı əlaqə və təsirdə inkişafı əsas­lıdır (51, 12-14). El şairi haqqın nəzərinin öz üzərində olmasını həyatın hər bir ne­mə­tin­­dən, var-dövlətindən üstün tutur. «Çəkə-Çəkə» rədifli təc­nisi­ndə bu ba­rə­də de­yir:­

Yığmamışam nə altunu, nə zəri,

İnsana lazımdır haqqın nəzəri.

Ramazana dəyməsin bəd nəzəri,

Qalsın peşmanlığı ay keçə-keçə (78).

Ramazan elə el şairlərindəndir ki, yaradıcılı­ğında aşıq şeiri­nin bütün nü­mu­­­nə­­lə­rinə müraciət etmişdir. Prof. S.P.Pirsultanlıya görə, əsil sənətkar bacarığını təc­nis­də bəlli etmişdir (96, 28). Aşıq bu şeirlərində öz xarakteri haqqında kifayət qə­dər mə­lumat ve­rir.

Həm el şairi, həm də aşıq kimi tanınan Muxaxlı Ramazan şeirlərinin ək­sə­riy­­­yətində özü­nü eşq əhli kimi təqdim edir. Aşıq Ələsgərə ithaf etdiyi qoş­ma­la­rı­nın birində belə deyir:

Eşq əhliyəm, ürək sözlə doludur,

Qurduğum yol ustadların yoludur.

Ozan, qopuz hər sənətdən uludur,

Onlar görüb neçə sənə, Ələsgər (78).

El şairinin yazdığı şeirlər müxtəlif mövzuları əhatə edir. İstər vətən, istər sev­gi, məhəbbət, istərsə də bu günümüz üçün aktual olan Qarabağ mövzusu onun ya­ra­dıcılığında əsaslı yer tutur. «Necə oldu», «Dünya», «Olmu­şam»,­ «Var», «Üs­tə»­ və bir çox şeirlərinin məzmunundan görünür ki, el şairi Ra­ma­zan yaşadığı el-oba­­ya bütövlükdə Azərbaycanın bircə qarış torpağına be­lə laqeyd qalmır. O, və­tən torpaqlarının hər bir ecazkar­lığına, hər bir gözəl­li­yi­nə­ ayrıca şeir yazmış, qoy­­nunda yaşadığı dağları təsvir və tərənnüm etmişdir:

Gah piyada gəzdim, gah mindim atı,

Addım-addım çox dolandım elatı,

Tütəkdə çalınan çoban bayatı,

Yayıldı dərəyə, düzə dağlarda (78).

Bildiyimiz kimi dağlar, Qurbanidən, Aşıq Ələs­gərdən, Şəm­kirli Hüseyn­dən­ baş­lamış, Molla Cuma, Aşıq Məhəmməd Varxi­yan­lının, Aşıq Mədətin və baş­qa sənət­karlarımızın da müraciət etdiyi mövzulardan olmuşdur. Hər kəs bu möv­zu­ya bir cür mü­raciət etmişdir. Aşıq Ramazan qoynunda məskən saldığı dağlarla həm dər­dini bölmüş, həm də onu hər xırda incəliyinə qədər təsvir etməyə çalış­mış­­dır:

Göy qaralıb ildırımlar çaxanda,

Hər tərəfdən sellər, sular axanda,

Külək əsib alaçığı yıxanda,

Hünər istər onda dözə dağlarda (78).

Dünyanın gərdişinə bel bağlamayan sənətkar tarixə nəzər salır, sevincini, kə­­­­­­­də­­­­­­­rini, nisgilini ona söyləyir:

Bahar əyyamıdır, çöllər bəzənib,

Bülbüllər oxuyub, gül qonaq gəlib.

Könül havalanıb, eşq təzələnib,

Həsrətlə öldürmə nübara dünya (78).

O, şeirlərində böyüyüb boya-başa çatdığı eli­nin, obasının tez-tez adını çə­kir, onun hər qarışına, hər daşına, çiçəyinə böyük məhəbbət, hörmətlə ya­na­şır. Sənət­ka­rın poeziyasına gətirdiyi qəh­rəmanlar xalqın içərisindən çıxmış, təsvir et­di­yi tə­bi­ət gözəllikləri isə tam şəkildə reallığa əsaslanır. «Ba­ca­rıqlı el şairi odur ki, sözə, şeirə böyük məsuliyyət his­si ilə yanaşır, az yazır, dəyərli yazır, yazıb yarat­dı­ğı örnəklərdə müasir həyatla səs­lə­şir” (95, 154-167). «Bu yerlər» rədifli diva­ni­si bu baxımdan də­yər­lidir:

Dost əlini iki əllə tutan yerdir bu yerlər,

Söhbətinə qəndi-nabat qatan yerdir bu yerlər.

İnanmayan təşrif qılsın təbiətin qoynuna,

Xəstə olan dərdə dərman tapan yerdir bu yerlər (78).

Muxaxlı Ramazanın yaradıcılığının əsas hissə­sini Qarabağa həsr olunmuş qoş­ma və gəraylılar təşkil edir. «Necə oldu» qoş­masında şair Göyçə mahalının, onun düşmən tapdağında qalan ərazi­lərinin adını çəkir. O, Vətənindən ayrı düşən həm­­­yerlilərinin dərdinə şərik çıxır, soydaşları, doğmaları üçün qəribsəyən, sahib­siz qalan qarlı dağları təsvir, tərənnüm edir:

Sahibsiz qalıbdır laləli dağlar,

Yaşıl çəmən, meşə, meyvəli bağlar.

Ağkilsədə donub sərin bulaqlar,

Ələsgər babamın sazı necoldu?


Babacan, Ağbulaq, Zod, Sarı Yaqub,

Daşkən, Çil, Şişqaya qəm sazın çalıb.

Qızılvəng bu işə mat-məəttəl qalıb,

Şıx Alının ayaq izi necoldu? (78).

O, bütün şeirlərində itirilmiş hər qarış torp­ağı­mız­ üçün təəs­süf hissi keçirir. Düş­mən tapdağında olan bütün rayon­la­rı­mız­ın adı­nı çəkərək vaxtı ilə gəzib do­laş­­dığı bulaqları xatırladır, bu­nunla təbiətin əvəzsiz portretini yaradır. Bir gün və­­tən tor­paq­larının alınmasına ümid bəsləyən şair xalqını bu yolda birliyə səs­lə­yir, onları mərd, əyilməz, cəsarətli görmək istə­yir. Əli Vəkil yazılarının birində qeyd etmişdir: «Şairlərə şeiri dərd yazdırır. El-oba dər­di, bütövlükdə vətən dərdi, fər­din öz çəkilməz dərdi» (123, 4). Şair oğlunu vətən uğrunda şəhid verən ananın ah-na­­ləsinə həm qəzəblənir, həm də ürəkdən acıyır. «Ağlama» rədifli qoş­ma­sında bu­ ba­­rədə belə deyir:

Türk övladı baş əyməyib yadlara,

Tarixən çox düşdük belə odlara.

Tülkü, çaqqal nə edər boz qurdlara,

Tutulacaq dil-boğazın, ağlama (78).

Aşıq hə­min şeirin başqa bir bəndində isə yerinə düşən gözəl müqayisələr apa­rır:

Dumana bürünüb dağların başı,

İsti su yerinə axar göz yaşı.

Kəlbəcər elimin bir üzük qaşı,

İtməz barmağımdan izi, ağlama (78).

Çıxış yolunu yalnız ellərin birliyində görən sənətkar vətəninə olan arzu və istək­­­lərini belə ifadə edir:

İmkan verməyək fitnə-fellərə,

Güvənək vətənə, doğma ellərə,

İstidən qor olub yanan çöllərə,

Dirilik suyu tək axa bileydim (78).

«Mən» rədifli qoşmasında el şairi Ramazanın daha kəskin çıxış edərək həmyerlilərini vətə­ni­­­nin, xalqının düşmə­ninə düş­mən, dostuna dost olmağı tövsiyə edir:

Dilimdə əzbərdir doğma vətənim,

Onsuz şahə qalxmaz ömür karvanım,

Dostlarına dostam, düşmənə qənim,

Onun xəmirində yoğrulmuşam mən (78).

Muxaxlı Ramazanın şeirlərinin əsasını saf məhəbbətin tərən­nümü təşkil edir. Onun bu möv­zu­da yazdığı şeirlərində gözələ əxlaqına, ədəb-ərka­nına görə də­yər ve­­rilir. Şair məhəbbət şeir­lə­rinin qəhrəmanı hesab etdiyi gözəli vəfalı, sö­zü­nə sa­diq, sədaqətli, mehriban, etibarlı görmək istəyir. Ümumiy­yətlə, götürdükdə mə­həb­­bət elə bir ilahi bəşəri bir hisdir ki, ona hər bir sənətkarın yaradı­cılığında tə­sa­­düf edirik. Prof. V.Vəliyev «Qaynar söz çeş­məsi» kitabında qeyd etmişdir ki, Azər­bay­can şifahi xalq ədəbiy­yatın­da elə bir söz ustad­ı­na­ təsadüf etmək olmaz ki, o, gözəl­dən, gözəllikdən və mə­həb­­­bə­tdən yazmamış ol­­sun (120,­ 22). Rama­za­nın­ «Demədimmi» qoşması bu baxım­dan­ maraq­lı­dır:

Odlara qalandım can deyə-deyə,

Qulun oldum sənə xan deyə-deyə,
Çıxmadın qarşıma can deyə-deyə,

Ötməsin aradan il demədinmi (78)?

Onun məhəbbət şeirlərində əsasən, vətəninin, elinin-obasının gözəlləri təs­vir və tərənnüm edilir. Qeyd edək ki, burada şair üçün əsas olan birinci şərt gözəl­lə­rin ədəb-ərkanlı ol­ma­­sıdır. Bu qəbil şeirlərinə «Gözəl», «Xanım» «Yaxşı­san»­ və s. daxildir. O, şeir­lə­­rinin birində öz övladı tək sevdiyi gözəlin günəşə bəra­bər su­rə­ti­­ni təsvir edərək, onun sevgisinə qovuşmasını arzulayır. Onu pis gözlə­r­dən kənar ol­­­masını, haqq yolun­dan ayrılmamasını istəyir:

Günəşə nisbətdir o gül camalın,

Səadət bağında gəzsin xəyalın.

Könlün istəyənlə tutsun iqbalın,

Ürəyində yanar köz ilə, gözəl (78).

Sonrakı bəndlərdə şair özünü haqq carcısı kimi təqdim edərək gözələ xoş ar­zu­­­larını bildirir. Burada el şairinin məclislər aparan ustad aşıq kimi də təq­dim ol­un­duğunu görürük. Doğrudan da, Muxaxlı Ramazanın şairliyi ilə yanaşı, ye­ri gə­­ləndə gözəl məclislər aparmasının da şahidi oluruq:

Qədrini bilənəm mən haqqın-sayın,

Şirin dilin olub qüdrətdən payın,

Toyunu keçirsin Ramazan dayın,

Sinəsində telli saz ilə, gözəl (78).

Məhəbbət şeirləri içərisində şairin birbaşa öz taleyi ilə əlaqəli qoş­ma­, gəraylı, təc­­nislərinə də təsadüf edirik. «Divanəsidir», «Deyə-Deyə», «Gülə-Gülə» və s. ki­­mi şeirlərini buna nümunə göstərmək olar. «Gülə-gülə» qoşmasında şair iz­ti­rab­la­­rını, hiss-həyəcanını bəlli edir. Sev­gi­si­nə həsrət qalan şair «dərdindən kön­lümün ay­­nası pas bağlayıbdır» deyərək hərdən onu qınayır. Bu dərdi yalnız onun­la böl­mək istəyir:

Çəkdiyim zəhməti zay eyləməyib,

Divanə Məcnuna tay eyləməyib,

Gözdən axan yaşı çay eyləməyib,

Dərdimi özünlə böl, gülə-gülə (78).

El şairi Ramazanın yaradıcılığında əsas yer tutan mövzular­dan biri də icti­mai-siyasi lirika və əxlaqi-didaktikadır. Maraqlı xüsusiyyətlərdən biri də budur ki, onun tərbiyəvi-əxlaqi, öyüd-nəsihət kəsb edən şeirlərinin hər birində dövrün tən­­qidi, zəmanə­dən giley əsaslı yer tutur. «Olmasa» rədifli ustad­naməsi bu ba­xım­­dan maraqlıdır. Burada şair öyüd-nəsihətə yer verməklə yanaşı, haqq yo­lun­­dan çıxan­ları tənqid edir:

Adından bəllidir namərd namərddi,

Dünyada altundur bir onun dərdi,

Yediyi zəhərdi, dediyi şərdi,

Mən yanmazdım iqtidarı olmasa (78).

Şairi «zamanın çərxi», cəmiyyətdə baş verən haqsızlıqlar narahat edir. O, şeir­lərində tez-tez bu barədə yazır.

Ulaq qabaqlayıb dilboz səməndi,

Çulu dəyişsə də özü həməndi,

Sahibsiz qalıbdır haqqın kəməndi,

Biz isə deyirik allaha şükür (78).

Ətrafda baş verən hadisələrə biganə qala bil­mə­yən sənətkar hər kəsin nə­zə­ri­­nin vətən tor­paq­larının birliyinə yönəlməsini istə­yir. «Olub» rədifli qoş­ma­sın­da şa­ir hadisələrə kəskin münasibətini bildirir:

Böhtan yedəyində yığmışıq günah,

Əcnəvi əlində olduq oyuncaq,

Tamam unuduldu cənnət Qarabağ,

Haqqın gəlişi də çox yavaş olub (78).

Cəmiyyətdə baş verən hadisələr, zamanın çər­xi onu sarsıtsa da insanları doğ­ru yola çağır­maqdan usanmır. Onun bu tip şeirlərinin hər birində xalqın ağır vəziy­yətinə etiraz duyğuları və zamanın əda­lət­siz, zülmkar əməllərindən şikayət əsas yer tutur. «Əsil sənətkar odur ki, o, yaradıcılığında da həmişə ya­şa­dığı döv­rün ictimai-siyası hadisələrini əks etdirməyi bacarsın» (3, 84-85). Şeir­lə­rin­də və di­gər örnəklərdə Ramazan insanları doğru yola səsləyir, şər, böh­tan­dan uzaq ol­ma­ğı məsləhət görür. «Üstə» rədifli qoşmasına diqqət edək:

Arif olan xeyir işə şər deməz,

Riyakarlıq, yalan şöhrət gətirməz.
Bəndə götürsə də, Allah götürməz,

Namərd ayaq bassa mərdlərin üstə (78).

Muxaxlı Ramazanın şeirləri öz orijinallığı və səmimiliyi ilə diqqəti cəlb edir. El şairi özündən əvvəlki sənətkarları da unut­mur, qoşma və gəraylı­la­rında ustad­la­rı tez-tez xatırlayır, yaradı­cılı­ğında onlara böyük dəyər verir. Mənəm-mə­nə­mlik, saxta­kar­lıq, şişirtmə onun şeiriyyətindən uzaqdır. El şairi həyatda öz qay­ğı­­ke­şliyi, əqidəsi ilə necə tanınırsa, şeirlərində də həmin dəyərləri ilə ta­nı­nır. Təsa­düfən iştirak etdiyi bir məclisdə başqa eldən qo­naq olan bir aşığın özün­ə­məx­sus ədası, özündən razılığı Muxaxlı Ramazana xoş gəlmir. Ona söz verilərkən bə­da­hətən «Var» rədifli qoşmasını deyir:

Mənə aşıq deyib büzmə dodağın,

Bəli mən aşıqəm belə karım var.

Ariflər yanında el arasında,

Hər saya çəkilən xoş göfdarım var (78).

Bu nümunəni bizdən öncə folkloşünas M.Ab­du­layeva da toplamışdır.

El şairi Ramazan Zaqatala aşıq mühitində özünəməxsus yer­ləri olan və hər bi­ri öz sənətkarlıq qüdrəti ilə tanınan ustad aşıq­ların adlarını çəkə­rək ona dav­ra­­­nışlarına diqqət etməyi xatırladır:

Aşıq Məhəmməd tək sözdə ucala,

Xudam verib həzin səsi Camala.

Dəfn etdi Kamalı ikinci Tala,

Onsuz gecə-gündüz ahu-zarım var (78).

On bənddən ibarət olan bu qoşmasında şair demək olar ki, bir çox haqq aşıq­larının adlarını çəkir, hərəsinə ayrılıqda dəyər verir. Bununla o, Zaqatala aşıq­­ları haqqında oxucusuna kifayət qədər məlumat vermiş olur. Maraqlı cəhət bu­­dur ki, Muxaxlı Rama­zan poeziyası əvvəldən sonadək həyati ger­çək­lik üzə­rin­də qurulmuş­dur. Həyatda yaxşı­ya-yaxşı, pisə pis kimi dəyər vermək bacarığını onun bü­­­tün şeirlərində izləmək mümkündür. Nəsihət xarakteri daşıyan «Üstə» rədifli us­­tad­naməsində şairin birbaşa öz xarakteri boy verir:

Yaxşıya yaxşıyam, yamana yadam,

Qədir bilənlərin ağzına dadam,

Qışda da sönməyən alovam odam,

Çoxdu qızınanlar közlərim üstə (78).

Muxaxlı Ramazan poeziyasının özünməxas xüsusiyyətlərin­dən başlıcası bu­dur ki, o insanlığa xas bütün mənəvi keyfiyyətləri əvvəlcə özündə təcəs­süm et­di­rir, sonra başqalarında görmək istəyir. Yolundan çıxanların doğru yola qayıt­ma­­sı­­nı istə­yən şair, nahaqqın haqqın üzərinə ayaq açmasına dözmür. Bütün bu ki­mi müx­­təlif hadisələr onu hər za­man narahat edir:

Niyyətdə təmizəm, qeyrətdə mətin,

Durub yedəyində səmimiyyətin,

Mənimçün həmişə olubdur çətin,

Əyri ayaq bassa dizlərim üstə (78).

Muxaxlı Ramazan tez-tez məclislərə dəvət olu­n­muş, yeri gəldikcə, dövrünün ta­nınmış us­tad aşıqları ilə də deyişmişdir. Təsadüfən məclislərin birində suva­gilli Kor Nə­­zirlə deyişir. Dəvətlə baş­layan məclis, hərbə-zorba, bağlama ilə davam ed­ir və ba­rışıqla bitir. Bu deyişmədə öyüd-nəsihət, zama­nədən, qo­ca­lıq­dan şikayət kimi önəm­li məsələ­lər öz əksini tapır. Bir deyişməyə diqqət edək:



Nəzir

Əməli salehəm yoxdur günahım,

Dərsimi veribdir o şahlar şahı.

Bazarım əladır, dürdür mətahım,

Sənin məhsulundur şeir, Ramazan.
Ramazan

Boyadığın ipin solubdur rəngi,

Müştərilər qaçıb içirib zərdi,

Gəzib dağ mahalı, dolan Dərbəndi,

Qazanın qaynayır dur, Aşıq Nəzir (78).

Şair eyni zamanda yaşadığı elə-obaya bağlı, onun təbiətinə vurğun olan bir insandır. Onun «Zaqatala xəritəsi» qoşmasında rayonun bütün kəndlərinin adı çə­kilir. Hər kəndin sakinlərinin ayrılıqda xarekteri, özlərinə xas xüsusiyyətləri, adət-ənənəsi, davranış tərzi, qonaqpərvərliyi əks olunur. Hər yerin ayrılıqda spes­i­fik özəlliklərindən söz açılır. Bu qoşma Muxaxlı Ramazan şeirləri içərisin­də, ya­rat­dığı şah əsəri hesab oluna bilər. Onun şeir­lə­rinin ayrılıqda hər biri insanları doğ­ruluğa, düzlüyə səsləyir. Onun yaradıcılığının orijinallığı həm də bununla dəyər­­ləndirilə bilər. Zənnimizcə, Muxaxlı Ramazan şeiriyyəti gələcək nəsillərə və aşıq sənətimizə gərəkli nümunə ola bilər.

Zaqatala aşıq mühitində həmişə tanınmış el sənət­karları ya­şa­yıb-yarat­mış­dır. Çox təəssüf ki, baş­qa mühitlərə nəzərən bu mühi­tin tam araşdırıl­ma­ması sə­bə­­bin­dən saz-söz sahibləri də yetərincə tanın­mamışdır. Belə sənətkarlardan biri də el şairi hesab olunan Bəhmədli Aşıq Mədətin böyük qardaşı Ömərov İs­ma­yıl­dır. 1944-cü ildə dünyaya gələn şair hələ uşaq yaşlarından atasını itirmişdir. Onun saz-söz ocağında böyüməsi, dayısı Arazın, qarda­şı Mədətin dövrlərinin ta­nın­­mış sənətkarı olması, babası Şabanın zurna, saz, balaban ifaçısı olması on­­da şeirə-sənətə olan həvəsi daha da artırır. On iki, on beş yaşlarına kimi sazı bö­­yük həvəslə çalan İsmayıl sonralar nədənsə aşıqlıq etmir. İsmayılın aşıq şeiri üs­lu­bunda yazdığı şeirləri onu el şairi kimi tanıdır. Sazın xoş sədası ilə boya-başa ça­tan sənətkar sonradan sazda ifa etməsə də yaratdığı incilər bir başa saz-söz mü­hitindən qay­naq­lanır. İsmayıl klassik ənənəyə sadiq qalmaqla yanaşı, müasir səp­kidə də şeirlər yazmışdır. Onun şeirlərinin böyük əksəriyyəti aşıq şeiri üslu­bu­na köklənir. Sənətka­rın yazdığı bayatı, gəraylı, qoşma, divani, deyişmə və qıfıl­bənd­ləri, dodaqdəyməzləri əsasən, vətən, təbiət, gözəllik, məhəbbət və zama­nın haq­sızlığı mövzu­larını əhatə edir. El şairinin yaradıcılığında bayatı jan­rı­nın özü­nə­­­məxsus yeri var. Eşqindən gileyli olan şairin yaratdığı bayatı ör­nək­lərinin hər bi­rində dərd-nisgil, keçirdiyi daxili iztirabları boy verir. Bir nümunəyə diqqət edək:

Güldən dəstə bağladım,

Sevincimdən ağladım.

Gözlədim yar gəlmədi,

Tər sinəmi dağladım (78).

Gözəllik və məhəbbət onun yaradıcılığının əsasını təşkil edir. O, sevgilisini dün­­yanın hər cür nemətindən, varından, dövlətindən üstün tutur. Onun ay ca­ma­­­­lı­nı, tam səmimiyyəti ilə vəsf etməyə ça­lı­şır. «Qurban olum» «Saf mə­həb­bə­tim», «Bi­zim», «Gözlərin», «Ki­mi» və s. şeirləri bu səp­kidə yazıl­mışdır. İs­ma­yı­lın vətən­pərvərlik ru­hun­da yazdığı əsərlərə «Vətə­nim», «Azərbay­ca­nım», «Ol­ma­­lıyıq», «Bu gün», «Bizimdir», «Olmasın», «Od­lar diya­rım», «Necə oldu», «Qarabağ» və s. icti­mai-siyasi lirikasına isə «Mənim», «Əsmə», «Var» ki­mi şeir­­ləri­nin adlarını nümunə gös­tərmək ol­ar. Vətən torpaqlarını azad görmək is­tə­yən, el-obasında daim əmin-amanlıq olma­sını Allahdan diləyən el şairi qoş­ma­larının birində düşüncələrini belə ifadə edir:

Qeyrət edək sar yanında,

Nəğmə deyək gül bağında,

Azərbaycan torpağında,

Deyib, gülsün elim mənim (78).

Vətən, yurd-yuva həsrəti sənətkarı yaradıcılıq boyu izləyir. O, əsir alınmış qız-gəlinlərimizin tale­yinə yanır, qanını yurd-yuvası üçün halal edən igid oğul­la­rı­mı­zın qeyrətinə alqış deyir. Tarixə nəzər salan sənətkar tökülən qanların günü­mü­zə­dək yerdə qalmasına heyifislənir. Elinə-obasına bağlı olan sənətkar içində qay­saq bağlayan yaraları ovutmaq üçün sonda yenə də öz qəlbinə müraciət edir, onu qı­naq obyektinə çevirir. «Mənim» adlı gəray­lısında belə deyir:

İsmayıl elə bağlıdır,

Sinəsi qəmdən dağlıdır.

Odlar yurdunun oğludur,

Qan ağlayır şeirim mənim (78).

El şairi İsmayılın 100-ə yaxın şeirini əldə edə bilmişik. Qeyd edək ki, el şa­i­ri­nin oğlu İlham onun sənət şəcərəsinin layiqli davamçısı hesab oluna bilər. O, telli saz­da özünəməxsus tərzdə ifa etməyi bacarır. Fikrimizcə, el şairi İsmayılın aşıq şei­ri üslubunda yazdığı şeirləri bu sənətə çox böyük fayda verə bilər.

El şairlərinin digər qisminə yalnız aşıq şeiri üslubunda yazıb-yaradan, amma sazda ifa etməyən el sənətkarları daxildir. Bu qismə daxil olanlar sazda ifa et­mir­lər, amma buna baxma­yaraq, özlə­rini sazdan kənarda hesab etmirlər. Əhməd Qı­mır­lı da məhz belə sənətkarlarımız­dandır. Akad. H.Aras­lıya görə, hər sənət­ka­rı onu yetirən mühit və şərait daxilində tədqiq edib qiymətləndirmək lazımdır (9, 37).

El şairi Muradov Əhməd İsmayıl oğlu 1937-ci il iyun ayının 13-də Za­qa­ta­la rayonunun Ələsgər kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Hələ uşaq yaşlarından yel xəstəliyinə tutulan Əh­məd şeirlərinin əksəriyyətini «Xəstə» tə­xəllüsü ilə yazmışdır. Ömrünün ən gözəl çağlarını xəstə olan Əhməd yazıb-ya­rat­dığı şeirləri ilə el arasında böyük hörmət qazanmışdır. Uşaqlıq çağlarından sel gə­lib kəndin evlərini tez-tez yuduğundan Xəstə Əhməd ailəsi ilə birgə Za­qa­ta­la­nın Qımır kəndinə köçür və o zamandan orada məskunlaşır. Xəstə Əhməd 1974-cü ildə dünyasını dəyişmişdir.

Onun yaradıcılıq irsi rəngarəngdir. O, hər kiçik şeirini elin, obanın, xalqın əh­­val-ruhiyyəsinə uyğun tərzdə yazmışdır. Xalq, bütövlükdə bəşəriyyət üçün yazılan bü­tün şeirlərə böyük dəyər vermiş və bütün sənətkarları, el şairlərini bu ruhda, bu isti­qamətdə yazmağa səsləmişdir. Şair Əhməd şeirlərinin birində öz arzu və istək­lə­ri­ni belə ifadə etmişdir:

Ömür kitabımı elə yazım ki,

Hər misra el üçün bir dastan olsun.

Bu günün gözündə elə yanım ki,

Sabahın odunda axtaran olsun (78).

El şairinin uşaq yaşlarından xəstə olması onun yaradıcılı­ğında da müəyyən iz buraxır. Onun yazdığı «Təzə il», «Soruş», «Kimlər ağlasın» şeirləri bu baxım­dan­ çox böyük maraq doğurur. Məsələn, nü­mu­nə verdiyimiz bu şeir əvvəldən so­na­­­dək bədbin əhvali-ruhiyyədə yazılmışdır:

Cavan olub cavanlığım etmədim,

Məclislərdə bülbül kimi ötmədim,

Bir ürəkdə çiçək kimi açmadım,

Bəs mən ağlamayım, dost, kim ağlasın (78)?

Mühitdə aşıq şeiri üslubunda yazıb-yaratmış Xəstə Əhməd poe­ziyasında özün­dən əvvəl yaşayıb-yaratmış sənətkarları tez-tez ya­da salmış, onların poezi­ya­sı­na bö­yük məhəbbətlə yanaşmışdır. Xəstə Əhməd poeziyasında Aşıq Ələsgəri, var­xi­yan­lı Aşıq Mə­həm­mədi tez-tez xatırlamış, ona müqəddəs bir şəxs, övliya, əvəz­olun­­maz bir sənətkar kimi bax­mışdır. Şair Əhmədin həyata baxışı digər el şair­lə­ri­nin həyata ba­xışı­ndan çox fərqlidir. Onun bütün şeir­lərində həyatdan küs­künlük du­yulur. O, həya­tından, sevgisin­dən necə gileyli idisə, zirvəsinə qalxa bil­mədiyi qar­lı dağlardan, laləli düzlərdən də bir o qədər nigaran və incik idi. Xəstə Əhməd məhəb­bət şeirlərində sevdiyi gözəlin adını çəkmir, onun adını hər zaman gizlin sax­lamağa çalışır. O, sevgilisini vəfalı, mərd və sö­zünə sadiq, səda­qət­li görmək is­tə­­yir. Şeirlərinin birində bu barədə deyir:

İlk sevgini o qəlbinə salıban,

Düz ilqarın qayğısına qalıban,

Səhvim varsa ələ qılınc alıban,

Həcər kimi can almaga gəlginən (78).

Onun poeziyasında yaratdığı təbiət təsvirlərini, portretləri ayrılıqda bir sənət əsə­ri adlandırmaq olar.

Xəstə Əhməd poeziyası tam, bitkin və dolğun bir poeziyadır. Çox təəssüf ki, onun şeirlərinin az hissəsi bizim əlimizə çatmışdır. Xəstə Əhməd yaradıcılığı özün­dən sonra gələn el sənətkarlarına gərəkli bir nümunə olacaqdır.

XX əsrin Zaqatala aşıq mühitinin yetirmə­lərindən biri olan el şairi Muxaxlı Mə­hər­rəm Dağlı öz dəsti-xətti ilə tanınan sənət­karlardan biridir. Onun ifaçılıq qa­bi­liyyəti olmasa da, dəyərli poe­tik irsə malik qüdrətli bir sənətkardır. Məhər­rəm Qurban oğlu 1954-cü il iyunun 27-də Zaqa­ta­lanın Muxax kəndində dünyaya göz açmışdır. Hələ erkən yaşla­rın­da atasını itirən Məhərrəm taleyin ona bəxş etdiyi hər cür çətinliyə, ağırlığa sinə gəlir. O, ən çətin, ən ağır anlarında elindən ilham al­mış, qoynunda yaşadığı dağlarından təsəlli tapmışdır. Hər sirrini, hər sözünü içi­nə yaxın, doğma bildiyi, sirdaş sandığı dağlarıyla bölüşməyə çalışmışdır. Sənət­ka­­rın aşıq şeiri üslubunda dağlara müraciətlə yazdığı onlarla şeir nümunəsi «Dağlar», «Dağlara-dağlara» fikrimizin doğrulu­ğuna əsas verə bilər. Harda olsa, fik­rən, mə­nən doğma elinə, dağ­larına sıx bağlı olan Məhərrəm Dağlı sonralar özü­nə «Dağlı» tə­xəl­lüsünü götürməyi heç də təsadüfi olmur. (Məhərrəm Dağ­lı­nın «Onun», «Nə mənası var», «Dağlara» rədifli qoşmaları «Azərbay­can Folk­lo­ru Antologiyası», XIII, «Şəki-Zaqatala Folk­loru» nda nəşr olunub). «Dağlara» rə­difli gəraylısına diqqət edək:

Qar da yağır, vermir ara,

Bağrım başı olub yara.

Tez yetişim mən Niyara,

Dönüm dağlara-dağlara (78).

Yaşadığı diyarın hər qarışına eyni sevgi, eyni məhəbbətlə yanaşan sənətkar yur­duna, onun hər xırda mamır bağlamış daşına belə biganə qalmır. Za­qa­ta­la­nı, onun zəngin təbiətini, kəndlərini ayrı­lıqda özünəməxsus tərzdə doğru-düzgün vəsf edir. Bu baxım­dan onun «Zaqatala» rədifli gəray­lı­sı­na diqqət edək:

Park yanında Qala düzü,

Sevinc dolu daim üzü,

Gül çiçəkdir dağı-düzü,

Nə gözəlsən, Zaqatala (78).

Yaradıcılıq boyu el şairi sevincini, dərdini, iztirablarını dost sandığı dağları ilə bölməklə yanaşı, güllə, bülbüllə də bölüşdü­yünə təsadüf edirik. Bu ənənədən gə­lən bir xüsüsiyyətdir. Biz buna Zaqatala aşıqlarından Aşıq Mədətin, Aşıq Ca­han­­gir Dalğı­nın, eyni zamanda aşıq sənətinin korifeylərindən olan Aşıq Ələs­gə­rin, Aşıq Şəm­şirin yaradıcılıqlarında, ayrı-ayrı məhəbbət das­tanla­rı­mızda «Tahir və Zöhrə», «Novruz və Qəndab» da təsadüf edirik. Məhərrəm Dağlı da bu ənə­nə­yə öz yaradıcılıq mövqeyin­dən yanaşmış, göz açdığı hər səhərdə bül­bü­lün səsinə, xoş avazına oyanmaq istəmiş, onu fikrən «müjdələr quşu» adlan­dır­mış­­­dır. «Oxu, bül­bül» gəraylısı bu baxımdan nəzərimizi çəkir:

Sən həsrətsən qızılgülə,

Bahar gəlib gülə-gülə.

Müjdə verdin bizim elə,

Oxu, bülbül, nə susmusan (78).

Məhərrəm Dağlı klassik ənənədən gələn tə­biət, məhəbbət və dini möv­zu­la­ra sa­diq qalmaqla yanaşı, poetik baxımdan zəngin olan nümünələri yarat­mış­dır. O, ya­radıcılığında müasirliyə, yeni axtarışlara meyilli olan sənət­kar­larımız­dan­­dır. Şairin yaradı­cılı­ğında ictimai-siyasi lirika, dövrün zamanın tənqidi də xüsusi yer tu­tur. Maraqlı cəhət budur ki, o zamanın, dövrün haqsızlığını da tən­qid hədəfinə çev­i­rəndə birbaşa dağlara müraciət edir. Sanki insan­lardan görmə­di­yi köməyi, tap­­madığı təsəllini o, dağlarda axtarır:

Dağlar, zirvəndəki bir duman kimi,

Az-az bu diyardan çəkilirəm mən,

Söndürür bu həyat mənim eşqimi,

Uçux daxma kimi sökülürəm mən (78).

Yaşadığı dövrandan şikayətçi olan şair Allahın ona bəxş etdiyi ömür payı ilə razılaşır, ona qarşı üsyan etmir, əksinə içindəkiləri sirdaşı olduqları varlıqlarla bö­­lüşməklə təskinlik tapır:

Kömək diləmirəm qohum-qardaşdan,

Zəhər dadlı olur yediyim aşdan,

Tale belə yazıb, qisməti başdan,

Bir qara kölgə tək çəkilirəm mən (78).

Sənətkarın yaradıcılığında əsaslı yer tutan mövzulardan biri də məhəb­bət­dir. O, saf sevgini dünyanın heç bir naz-nemətinə, va­rı­na, dövlətinə dəyişmir. Əsl sev­ginin gücünü ürəkdə aramaq gərəkdir deyən el şai­ri bu eşqin daha əbədi ol­du­ğu­nu bildirir:

Taleyin hökmü budur, sevən-sevənə yetməyir,

O sönməz məhəbbətin mənim qəlbimdən itməyir,

Əzəldən adət olub, varlı kasıba getməyir,

Sözlərin qılınc olub gözəl cana yetməsin (78).

Onun bu mövzuda yazdığı «Nigara», «Sevgi­lim», və s. şeir­ləri vardır. El şa­i­ri «Gör­mə», «Qara­bağ», «Vətən» «Gəlmişəm» və s. qoşma və gəray­lıları həm vətən­­­­pərvərlik, həm də ictimai-siyasi mövzulardan bəhs edir.

Məhərrəm Dağlı poeziyası tam, dolğun və əvəzsiz bir poezi­yadır. Bu po­e­zi­­ya­­dan hələ çoxları bəhrələnib öz dəyərli nümunə­lərini yaradacaqlar.

Bu mühitdə özünəməxsus yeri olan el şair­lə­rindən biri də Çobankollu Şa­kir İb­ra­­himlidir. O, 1948-ci ildə Zaqatala rayo­nunun Çobankol kən­dində dü­n­ya­ya gə­­­lmişdir. Gənc yaşlarından şeirə, poezi­yaya böyük həvəs göstərmişdir. El şairi Şa­kir İbra­­­himlinin poeziyası əvvəldən sonadək saf, səmimi hisslərin üzə­rində qurulmuşdur. Hə­­­yat yoldaşını vaxtsız itirən şairin poeziya­sında onun ürək çırpıntıları, hiss-hə­yə­­­canı, arzu və istəkləri boy verir. Onun yaradıcılığının böyük bir qismi aşıq şei­­ri üslu­buna köklənmişdir. Şairin bir neçə şeirinə (“Sən görüşə gəlməyəndə”) mahnı da bəs­tələ­nmişdir. Şairin aşıq şeiri üslubunda yazdığı gəray­lı­lar­ın­dan, qoş­ma­­la­rından və s. nümu­nələrindən məlum olur ki, bura­da həyatdan, zəmanədən şi­ka­yət əsas yer tu­­­tur. «Ürə­yim» rədifli qoşmasında şair öz ürəyinə mü­raciət edir:

Ömrün baharını arxivə verdim,

Qalan illərimi yaşa ürəyim.

Həyatda tək səni vəfalı gördüm,

Qoyma ki, həsrətdən çaşa ürəyim (78).

Qəribə haldır ki, şair arzu və istəklərini həyata keçirmək üçün ürəyindən möh­­lət istəyir:

Möhlət ver qəddimi düzəldim mən də,

Gələcək günləri salma kəməndə.

Şakirin bir izi qoy qalsın səndə,

Dəyməsin arzular daşa ürəyim (78).

Şakir poeziyasında əsas yeri məhəbbət lirikası tutur. Buna nümunə olaraq «Ay­­rı gəzmə», «Görüşə gəlmiyəndə», «Axtara-axtara», «Keçibdir», «Sən ol­ma­san», «Mənim öm­­­rümə-ömrümə» və s.şeirlə­ri­nin adlarını çəkə bilərik. Şeirlərində hər­­­dən hə­ya­ta,­ taleyə qarşı etiraz səsini ucaldan şair hərdən də susmağı, Allahın bəxş etdiyi ömür payı ilə razı­laşmalı olur.

Bülbüldəki gözəl səsdi,

Bilmirəm bu nə həvəsdi,

Saf bir damla sevgi bəsdi,

Mənim ömrümə-ömrümə (78).

Həyatı ilə razılaşan şair özünə təsəlli vermək üçün zamanın, dövranın gər­di­şi­­­nə nəzər salır. Tarix boyu olub keçənlərə nəzər salan el şairi hər şeyin bu dün­ya­­­da ötəri olduğunu xatırlayır. Gü­lən varsa, ağlayan da var, həyat varsa, ölüm də var-deyə düşünən Şakir bütün bu əkslikləri görür. «Yurd yerinə dönən var» rə­dif­­­­li qoşmasında dünyanın faniliyindən söz açır:
Bu torpağın daşı birdir, suyu birdir.

Köçən köçüb, qalanlarda olur sirr,

Bir qonaqsan bu dünyada ay Şakir,

Hər bir anda ağlayan var, gülən var (78).

El şairi Şakir İbrahimli poeziyası xalqın duyğu­larını, ümid və istəklərini ifa­də etmək baxı­mın­dan çox dəyərlidir. Şairin yazıb-yaratdığı hər misrası sev­gi­y­lə, məhəb­bətlə, həyat eşqi ilə yoğru­lub. Bu misralarda sevinci, kədəri qəlbinin ha­ra­yı əks olunur. Allahdan bəxş olunan ömür payını, şair, özünün də dediyi kimi, nəğ­mə­­lər çələngi hörməklə keçirmişdir. El şairinin yaradıcı­lı­ğından çox danışmaq olar. An­caq monoqrafiyanın im­kanı xari­cində olduğundan bununla kifayət­lə­ni­rik.

Zaqatala aşıq mühitində çox yaradıcı şəxslər ya­şa­yıb yara­dırlar. Qımırlı Zal­xa, Çobankollu Av­dı­rah­man və başqalarının adlarını çəkmək olar. Yuxarıda hə­yat və yaradıcılıqlarından söz açdı­ğı­mız sənət­kar­la­rın hər biri ay­rılı­qda bir mək­tə­b­dir. Onların yaradıcılıq irsi gələcək nəsillər üçün gərəkli bir örnək olacaqdır.


1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə