AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala




Yüklə 2.09 Mb.
səhifə1/13
tarix22.02.2016
ölçüsü2.09 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13


AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMİ­YASI­

FOLKLOR İNSTİTUTU

­­­­­­­­­­­­­­­­­______________________________________________
ZÜMRÜD MƏNSİMOVA

ZAQATALA

AŞIQ MÜHİTİ

BAKI – 2014


Elmi redaktoru: Qalib SAYILOV

filologiya üzrə fəlsəfə doktoru



Rəyçilər: Hüseyn İSMAYILOV

filologiya üzrə elmlər doktoru,



professor

Əziz ƏLƏKBƏRLİ

filologiya üzrə fəlsəfə doktoru,

dosent

Ləman SÜLEYMANOVA

filologiya üzrə fəlsəfə doktoru




Zümrüd İbrahim qızı Mənsimova. Zaqatala aşıq mühiti, Bakı, 2014, 216 səh.
Monoqrafiyada Zaqatala aşıqlarının həyat və yaradı­cılıqları tədqiq olunmuş, burada tarixən mövcud olan tənbur və saz parale­lliyi araşdırılmışdır. Əsərdə bu mühitdə yaranmış dastanlardan da bəhs olunmuşdur.

folklorinstitutu.com


Ə 4603000000 Qrifli nəşr

098 – 2014


© Folklor İnstitutu, 2014

BAŞLIQLAR
Azərbaycan aşıq sənətinə dəyərli

töhfə (Qalib Sayılov) 4

Giriş 9
I Fəsil. Zaqatala aşıq mühitinin tarixi

Zaqatalanın coğrafiyası, etnik-mədəni tərkibi və

aşıq mühitinin for­ma­laşma tarixi 13

Zaqatala aşıq mühitində saz-tənbur ifaçılıq əlaqələri 19

Zaqatala aşıqları (XVIII əsrin sonu – XX əsrin ortaları) 35

Qaçaq aşıqlar 71


II Fəsil. Çağdaş Zaqatala aşıq mühiti

Çağdaş Zaqatala aşıq­la­rı 81

El şairləri 155
III Fəsil. Zaqatala aşıq mühitində dastançılıq ənənəsi

Ənənəvi dastanların Zaqatala variant­ları 172

Regional dastanlar 179
Nəticə 192

Ədəbiyyat 196

Zaqatala aşıq mühitinə mənsub sənət­kar­ların

elmi katalqou 205

Söyləyicilər haqqında məlumat 213

AZƏRBAYCAN AŞIQ SƏNƏTİNƏ DƏYƏRLİ TÖHFƏ
Azərbaycan aşıq sənətinin uzaq keçmişlərdən soraq verən qədim tarixi vardır. Lakin uzun zaman bu sənətin öyrənilmə və öy­rətmə metodu öz məhvərindən uzaq olmuşdur. Əlimdəki mo­no­qrafiyanı oxuduqca və bu sətirləri yazdıqca yadıma M.Ə.Rə­sul­zadənin “Körpü çaydan uzaq düşüb” məqaləsi düşdü. Uzun za­manlar, yəni çar rusiyası işğalından, fars basqısın­dan və sovet im­pe­riyasının əzici müdaxiləsindən başlayaraq tariximiz, mədə­niy­yətimiz və s. öz mahiy­yətindən çox-çox kənarda “öyrənilmişdir”. Şükürlər olsun ki, elə bir xoşbəxt anlar yetişdi ki, ölkəmiz və öl­kədaşlarımız hürr qazandı. Anamızın laylasını, atamızın cəsarətini olduğu kimi yazıb-yaratmaq nəsibimiz oldu. Mədəniyyətimizin, sənətimizin təbii özəlliklərini xas olaraq araşdırıb dünya oxucu­suna çatdırılması problemi dəf olunmuşdur. Zaman-zaman tarixi­miz, sənətimiz, folklorumuz və etnoqrafiyamız sifarişli “bülbül”­lərlə yanaşı qeyrətli, vicdanlı, elcanlı, əsl vətəndaş aydınlar tərəfindən də yazılıb günümüzə əmanət olaraq gəlib çatmışdır. Belələri çox zaman repressiyaya uğramış, lakin qanı və həyatı bahasına da olsa əsl həqiqəti yazıb, haqqı söyləməyi bacarmışlar.

Elmi ictimaiyyətə təqdim olunan bu dəyərli monoqrafiya filologiya üzrə fəlsəfə doktoru Zümrüd İbrahim qızı Mənsimova­nın tələbəlikdən bəri zəngin və məhsuldar axtarışlarının bəhrəsi­dir. Züm­rüdün qələmə aldığı əsər sıradan bir tədqiqat deyil, Azər­bay­can aşıq sənətinin zənginləşməsinə həsr olunmuş dəyərli bir kitab­dır. Zümrüd xanımla xeyli vaxt bir şöbədə çalışmışıq. O, zəhmət­keş alimdir. Problemi dərindən çözərək predmeti tam əha­tə edə bilmək üçün Zümrüd yazdığı mühitin coğrafiyasını birər-birər gəz­miş, hər ocaqdan götürdüyü sıcaq-sıcaq “hənirti”ni öz nə­fəsinə qat­mış, xalq çeşməsindən süzülüb gələn inciləri zərrə-zər­rə, qətrə-qət­rə, damla-damla qəlbin­dən, könlündən keçirərək kitaba köçür­müş­dür. Aşıq ədəbiyyatına, folklora olan dərin sev­gisi mövzunu tam aprobasiya etməsinə imkan vermişdir. Alimin təqdim etdiyi kitab “Zaqatala aşıq mühiti” adlanır. Zümrüd özü də əslən zaqatala­lıdır. Bir araşdırıcı olaraq onu bu problem düşün­dür­müşdür. Düşüncələ­ri­nin izi ilə çox dəyərli bir mövzunu çöz­müş və öz ampluasında filoloji düşüncədə bəm bir rezonans ya­rada bilmişdir. İndiyə qədər Zaqatala aşıq sənəti əlahiddə öyrənil­məmişdir. Gah Şirvan aşıq məktəbinin bir mühiti kimi, gah da digər məktəblərin “yedəyində” təqdim olunmuşdur. Gərgin zəh­mə­ti, arı kimi incə və zövqlü axta­rışları sayəsində Zaqatala aşıq­lığının müstəqil mühit olduğunu elmi və praktiki sübut edə bildi. 40-dan çox aşığın, özəl olaraq bölgəyə xas dastanların heç bir mək­təb və mühitdə nəzərə çarpmayan aşıq vücudnamələrinin (Ana­dolu və Şirvan aşıq məktəbləri istisna ol­maq­la) yalnız burada təşəkkül tapdığını inamla araşdırıb sonuçladı. Eləcə də “Qaçaq Aşıqlar” termininin işlədilməsi ilkin və özəl ola­raq Zümrüd İbra­him qızına məxsus olmuşdur. Xalq ədəbiyyatında və folklorşü­nas­lıq elmində aşığın müxtəlif önəmli xarakteri təhlil edilib sürəkli şəkildə təqdim olunma mexanizminin möv­cudluğu bu və digər alimlərin araşdırmalarında qeyd olunmuşdur. Lakin aşığın vətəndaş statusu, işğala və işğalçılara qarşı cihadı alimin yeni mo­noqrafiya­sında əks olunmuşdur. Döyüşçü aşıq statusu “Misri” və “Cəngi” havala­rından bəllidir, lakin bir obraz, ədəbi qəhrəman olaraq təqdim olunmamışdır. Bütün zamanlarda zülmə, haq­sız­lığa qarşı aşıq sazı və sözüylə çıxmışdır. Belə ünlü sənətkarlardan biri də Mirzə Bilal Şirvanlı olmuşdur ki, o da 1937-ci ildə repressiya olunaraq güllələn­mişdir. Zaqatala aşıq mühitindən isə bir neçə qaçaq aşıq çıxmışdır ki, bu da mühitin fərqli özəlliklərindən ibarət olan bəlli bir çeşiddir. Zümrüdün bu təqdimatı təkcə tematik oriji­nallığı ilə fərqlənmir, həm də düşün­cə olaraq, fikir olaraq təkamül modeli səviy­yəsində gələcək nəsillərə ötürülür.



Əsəri izlədikcə müəllifin bir vətəndaş alim olması bəlli olur. Zaqatala aşıqlarından bəlkə onlarla tədqiqat işi yazılıb, lakin Züm­rüd xanım mövzuya qlobal rakursdan yanaşıb, bütün xas özəllikləri uğurla incələyə bilib. Bu onun araşdırıcı məharətindən irəli gəlir. O, böyüdüyü, boya-başa çatdığı bölgəni sevə­rək, vətəndaş-alim prizmasından yanaşaraq tarixə “qovuşdurdu”. Doğru deyirlər ki, hər kəs yaşadığı bölgədən maddi və mənəvi status ölçüsündə so­rum­ludur. Yola düşmüş bir daşı, bir çöpü belə götürüb kənara at­maq özü xidmətdir. Yurdunun, obasının ulusu­nun inkişafına, xoş­bəxtliyinə, rifahına xidmət etmək “mən in­sanam” deyən hər kəsin insanlıq borcudur. Bu “borcu” Zümrüd artıq ödəmişdir. Onun “Zaqatala aşıq mühiti” əsəri alim-vətəndaş həqiqətini düşünüb­-daşınmaq qavra­mını yaşadan ənənələrdəndir. Bu əsər qısa zaman kəsiyində hasil ola bilməz, nə qədər sürətli düşüncəyə, iti hafizəyə malik olsan belə bir mühiti öyrənməyə uzun zaman lazımdır. O, xeyli araşdırmalar aparıb, möv­zuya tək­rar-təkrar dönüb. Bəlkə hər bir aşığın evinə, ocağına on dəfələrlə gedib-gəlib. Bir sözün, ibarənin, ifanın iziylə kilometrlərlə yol gedib. Tutduğu yolun ərkan yolu, ədəb yolu olduğunu anlayıb, daha sidqilə bağlanıb. O yol onu çox qədim­lərə aparıb. Əcdad mədəniyyətinə, törə prinsiplərinə yönəlik kültürün alt qatlarına vaqif edib. Yükünü mərifətdən və irfandan tutub, ona görə də qayım bir iş ortaya qoya bilib. Gənc olmasına baxmayaraq, bu yolda mətin və iradəli olub. Yolun çətinliyindən qorxmayıb, illərlə səbrlə, səhmanla işi­nin peşindən çəkilməyib, suyunu içdiyi, ormanlarında gəzdiyi bölgənin sənət xarizmasını illər­lə öz duyğu­larından yaratmış, elə “həmin səbəbdən də doğma saz-söz məktəbinin sanballı lövhəsini təqdim etməyi bacarmışdır”. O, “Zaqatala aşıq mühiti” əsəri üzərində işlərkən folklorşü­nas­lığın nəzəri problem­lərini də dərindən mənimsəmişdir. Kitabı oxuduq­ca müəllifin milli folklorşünaslığı və dünya folklorunun nəzəri fikrini öyrəndiyi hiss olunur. Araşdırmalarının yetərli olması üçün Zümrüd qədim türk mifologiyası, onun özəl prinsip və xüsusiy­yətlərini – meydana gəlmə və törəmə istiqamət­lərini, neolit panteonunu, əcdad kultu və ilkin mədəniyyətləri öyrənmişdir. Folk­lorşünas­lıqda diqqəti çəkən, onu inkişafa aparan meyl və olay­ları, sözün struktur-semiotik vahidinin yaranması özəllik­ləri­ni, nitqə qədərki ünsiyyət vasitələrini, mərasim, ritual, rudimentlə bağlı yaranan kiçik janrları, xalq oyun və tamaşalarını, lirik, epik və dramatik üslubları və onların törəmə prinsiplərini dərindən öyrənməsi yazdığı kitabın daha dəyərli olmasına səbəb olmuşdur. Bütün bunlara rəğmən araşdırıcı çətin bir elmi vəzifənin öhdəsin­dən gəl­mişdir. Zaqatala aşıq mühitini zəngin tarixi postu­latları və möhtəşəmliyi ilə işıqlandırmışdır. Kitab giriş və üç fəsil­dən ibarətdir. Birinci fəsildə Zaqatala aşıq mühitinin ta­rixi zəngin­liyi öz əksini tapır, burada tədqiqatın probleminin həlli­nin ümum­nəzəri səviy­yəsini hədəf götürür. Bu yöndən müəllif Za­qatala aşı­ğının tarixi özünəməxsusluğunu ifaçılıqla bağlı şərh edir. Mühiti fərqləndirən əsas cəhət saz və tənbur ifaçılığıdır. Bu iki ifaçı tipi­nin Zaqatala aşığın­da birləşməsi buranın özəl mühit olmasını də­yər­ləndirir. Kitabın ikinci fəsli “Çağdaş Zaqatala aşıq mühiti” ad­lanır. Müəllif araşdırdığı tarixi dönə­min yaradıcılıq arsenalını ana­liz edə­rək qeyd edir ki, çağdaş Zaqatala aşıq mühiti Varxiyanlı Məhəm­mədlə başlanır. O, həm də Zaqatala aşıqlarının ustadı he­sab olunur. Zümrüd xanım dövrü xronoloji ardıcıllıqla təhlil edir.

Tədqiqat zamanı o da aşkarlanmışdır ki, Za­qa­tala aşıqları ənə­nə­dən gələn das­tanlarımızı hafizə­lərində yaşat­mış və xalqa çatdır­maqla yanaşı, həm də yeni das­tan­lar yaratmışlar. Bu dastanlar həm tarixi keçmişimizdə, həm də bu günümüzdə baş ve­rən ictimai-siyasi və məişət hadi­sə­lərilə bağlı yaran­mış­dır. Məsələn, bu gün el ara­sın­da Qaçaq Hüseyn kimi tanınan Aşıq Hüseyn barəsində söylə­nilən rəvayət­lər əsa­sın­da sonralar Zaqatala aşıqları arasında “Aşıq Hüseynin dastanı” adı ilə ifa olu­nan dastana da rast gəlirik. Aşıq Mədətin zaqata­la­lı­ların sosial həyat tərzini, məi­şətini, dünya­görüş­lərini əks etdirən “Aşıq Mədət və Güleyşə” və həyatı haq­qında tam avtobioqrafik məlumat verən “Aşıq Mədət və Tale”, “Aşıq Mə­dət və Bəhrinaz” və s. adlı el arasında sevilən dastanları da mövcuddur. Aşıq Va­lehin isə Qara­bağ uğrunda gedən savaşı əks etdirən məhəb­bət və qəhrəmanlıq motivləri üzə­rində yazdığı “Mətin və Riyalə” dastanı vardır. Adları çəkilən bu das­tanlar bu­tavermə, regional çalarları əks etdirmə, zaman və məkan xronotopu baxımdan maraq doğurur. Aşıq Mədətin “Aşıq Mədət və Tale” dasta­nında əvvəldən so­na kimi simvolik obrazın bir çox funksiyalarda çıxış et­mə­si das­tan kom­po­zi­si­yası, obrazlar sistemi və dastan poetikası baxımın­dan Azər­­bay­can dastançılı­ğında ori­­jinal hadisədir.

Təqdirəlayiq haldır ki, müəllif tədqiq etdiyi dövrün aşıqların­dan danışarkən təkcə onların həyat və yaradıcılığını təsvir etmə­miş­dir, həmçinin tədqiq etdiyi dönəmi dinamik, inkişafda olan proses kimi bir çox vacib özəllikləriylə təqdim edə bilmişdir.

Bütün növ xalq yaradıcılığının əsas kriteriya­sını nəsildən-nəsilə ötürülən ənənəvi normaların sa­bitliyi, dəyişməzliyi təşkil edir. Buna görə də xalq nəğ­məkarı özünün bütün improvizasiya imkanlarını və ustalığını ənənənin qəbul olunmuş normaları çər­çivəsində reallaşdırmaq məcburiyyətin­dədir. P.A.Qrint­­serin qeyd etdiyi kimi, epik söyləyicinin əsas vəzifəsi də dinləyici üçün tanış, ənənəvi olan hekayəti ona tanış, ənənəvi yolla nəql etməkdir və uğurlu, fasiləsiz ifa üçün ifaçı şifahi yaradıcılıq tex­nikasına, başqa sözlə, ənənəvi dil, ənənəvi tema­tika, ənənəvi kompozisiya fənd­lərinə tam yiyələnməli­dir.

Diqqətəlayiqdir ki, epos poetikasının bu uni­ver­sal qanunauy­ğunluğu Zaqatala folklor mühiti üçün də səciyyəvidir. Zaqatala folklor mühitində das­tan­­çılıq ənənələri yeni deyildir. Bölgədə das­tançılığın “ənənəvi dili”, “ənənəvi tematikası və ənənəvi kom­pozisiya fəndləri” forma­laşmış və bölgədəki digər mühitlərə də öz təsirini göstərmişdir.

Səbr və təmkinlə yazdığı monoqrafiyada aşıq poeziyasının, aşıq irsinin çağdaş dönəmdə toplanma və nəşri problemlərinə diq­qət yetirən Zümrüd xanım Zaqatala aşıq mühitinin öyrənilməsində son dövrün nəşr prinsiplərinə də əsaslandığı hiss olunur. Zümrüd İbrahim qızı qarşısına qoyduğu məsuliyyətli işin öhdə­sindən layi­qincə gəlmiş, Azərbaycan aşıq sə­nətin­də yeni bir səhifə açmışdır. Bu onun gənc yaşlarından folklor elminə verdiyi dəyərli töhfədir.


Qalib SAYILOV

AMEA Folklor İnstitutunun böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

GİRİŞ
Azərbaycan aşıq sənəti­nin tam şəkildə öyrə­nil­məsi üçün ayrı-ayrı mühit­lərin araşdırılması və tədqiqata cəlb olun­ması məq­sədə­uy­ğun­­dur. Bu günə kimi bəzi mənbələrdə Zaqatalada yaşayıb-ya­radan bir sıra yaradıcı və ifaçı aşıqların şeirlərindən nümunələr ve­rilsə də, ayrılıqda Zaqatala aşıq mühiti tədqi­qata cəlb olunma­mışdır. Bu xüsusiyyət etnik-mədəni tərki­bi­nin rəngarəngliyi ilə seçilən Zaqatala aşıq mühitinə, onun regional çalarlarına kom­pleks yanaş­ma zə­rurətini yaradır. Azər­baycan aşıq sənət­i­nin mü­hit­lər üzrə öyrə­nil­məsi orada baş verən tarixi, et­nik­-mədəni pro­sesləri izləmək, el sənət­kar­la­rı­nın yara­dıcılığını mü­qa­yi­sə­li şəkil­də­ araşdırmaq, konkret mühitin digər aşıq mühit­ləri ilə fərqli və oxşar xüsu­siy­yət­lərini ortaya çıxartmaq imkanı verir. Aşıq sənəti­nin ayrı-ayrı mühitlər üzrə öy­­rənil­məsi gələ­cək­də ümumazərbay­can aşıq­larının elmi kata­loqunun ya­ran­ma­sı­na, sənət şəcərələrinin doğru-düzgün araş­dırılıb sıra­lanmasına da kömək edə­cək­dir.

Monoqrafiyanın obyekti Zaqatala aşıqlarının poe­tik irsini bü­töv­lükdə əhatə edir. Buraya Zaqatala aşıqlarının müxtəlif döv­r­lər­də çap olunmuş şeirləri və rayon əra­zisindən topladığımız folk­lor nümunələri da­xil­dir.

Tədqiqatın predmeti Zaqatala aşıq mü­hitidir. Bu mühitə aid sənət­kar­la­rın digər aşıq mü­hitləri ilə münasibətləri, ideya-məz­mun özəllikləri, dastan ya­ra­­dıcılığı və sənətkarlıq xüsusiyyətləri təd­qiqatın predmeti olaraq götürül­müş­dür.

Tədqiqatın başlıca məqsəd Zaqatala aşıq mü­hitinin bütöv halda araşdırılmasıdır. Eyni za­manda mühitin ta­rixi-mədəni sə­viy­yəsini araş­dırmaq, onun regional xüsusiyyət­lərini öyrənmək də əsas məsə­lə­lər­dəndir. Bu məqsədlə qar­şıya, əsasən, aşağıdakı vəzifələr qo­yul­muşdur:

 Zaqatala aşıq mühitinin tarixi-mədəni səviyyəsini, regional çalarlarını müəy­yən etmək;

 Zaqatala aşıq mühitinin müasir vəziy­yətini araşdırmaq;

 Zaqatala aşıq mühitinin özünəməxsus xüsusiyyət­lərini araşdırmaq, yeri gəl­dikcə bu mühitin digər mühitlərlə oxşar və fərqli cəhətlərini müəy­yənləş­dir­mək;­

 Regionun coğrafi, etnik-mədəni tərkibini, eləcə də burada məskunlaşan az­saylı xalqların Zaqatala aşıq mühitin­dən hansı səviyyədə bəh­rələnməsini və on­la­rın bu mühitdəki iştirak də­rə­cəsini araşdırmaq;

 Bu mühitdə əsrlərcə mövcud olan tənbur musiqi alətinin yerini, sazla pa­ra­lel inkişaf prosesi keçirməsini, tənburla söylə­nilən hay­laları və ha­va­ları tədqi­qata cəlb etmək;

 Ayrı-ayrı ustad aşıqların, el şairlərinin (Aşıq Camalın, Aşıq Əlinin, Çoban­­kollu Ka­zımın, Aşıq Mədətin, Aşıq Dalğının, el şairi Ramazanın, Xəstə Əh­mədin və baş­­qalarının) yaradıcılıq­larını üzə çıxart­maq, el arasında bu sənət­kar­lar ba­rə­sind­ə dola­şan aşıq rəvayətlərini, onların yaratdıqları dastanları araş­­dır­maq;

 Zaqatala aşıq mühitinin qaçaqçılıq dövrü aşıqları­nın həyat və yara­dı­cı­lı­qları­nı yaşadıqları dövrdə ictimai-siyasi hadisələrlə əlaqələrini müəy­yən­­ləşdir­mək;

 Aşıq şeiri üslubunda yazıb-yaradan zaqa­talalı el şairlərinin yaradıcılıqlaını təd­qiq et­mək;

 Klassik dastanlarımızın Zaqatala variant­la­rını və Zaqatala aşıqlarının dü­züb-qoşduqları das­tanları araşdırmaq və s.

Zaqatala aşıq mühitinə aid nümunələrin in­di­yədək toplanma­sına çox az təsadüf edilir. Bu mühit­də yaşayıb-yaradan bəzi aşıq­ların adları SMOMPK dərgisində, varxi­yanlı Aşıq Məhəm­mə­din,­ Aşıq Dibronun bəzi şeirləri müxtəlif vaxt­lar­da çıxan «Aşıqlar», «El şair­lə­ri», (15,153-155; 80, 249; 40, 38-39) və bir çox baş­qa kitablarda verilmişdir. Mühiti ətraflı tədqiqata cəlb edən prof. ­P.Əfən­di­ye-v­in Şəki, Qax, Zaqatala rayonlarının folklorunun top­lanmasında böyük xid­mə­ti ol­mu­ş­dur­. Za­qatala bölgəsində folklo­run toplanılıb nəşr edilməsində AMEA Folk­lor İnstitu­tu­nun da rolu böyükdür. 2006-cı ildə AFA silsiləsinin XIII kita­bında Şəki-Zaqatala ərazi­sində qeydə alınmış folklor mətn­lə­ri ilə yanaşı, ayrı-ay­rı aşıqların şeirlərindən də nümunələr əks olun­­muş­dur (21, 45-49). Zaqa­talalı Q.Şa­banov və H.İs­mayılovun birgə hazırladıqları «Za­qa­ta­la aşıq­ları» ki­tabı da ay­rıca qeyd olunmalıdır. Bütün bun­lar­la yanaşı, biz 2000-2009-cu illər ərzində Za­qatala ərazisində eza­miy­yətdə olduğumuz zaman xeyli sayda folklor ma­te­rial­la­rı, o cümlə­dən aşıq yaradıcı­lığına dair nümunələr top­­lamışıq. Araşdır­mada həm­ indiyə qədər çap olunmuş, həm də tərəfi­mizdən qeydə alınmış aşıq­­la­rın həyat və yaradı­cılıq irsləri tədqiqata cəlb olun­muşdur.

Mövcud elmi-nəzəri ədəbiyyatda mövzunun bəzi məqam­ları­na toxunul­muş­­­dur. Bu baxımdan S.Paşayevin «Tənbur və Tala mah­nıları» məqa­lə­sini, A.Nə­­­bi­ye­vin­ «Azərbaycan xalq ədəbiy­yatı», «Azərbaycan aşıq məktəbləri» kitab­­la­rın­­da Zaqatala aşıq mühiti ilə bağlı veril­miş yığcam məlumatları qeyd etmək olar. Lakin deməliyik ki, Zaqatala aşıq mühitinin regional xüsusiy­yət­lə­ri­nin kom­­p­­leks halda öyrənilməsinə, ayrı-ayrı aşıqların həyat və yaradı­cılıq irsinə, tən­bur-saz əlaqələrinin inkişaf parale­l­liyinə həsr olunmuş monoqrafik araşdırma möv­cud deyildir. İlk dəfə bu təd­qiqatda sadaladığımız məsə­lə­lər ətraflı şəkildə araş­dırmaya cəlb olun­muşdur.

İlk dəfə olaraq bu əsərdə Zaqatala aşıq mühiti təd­qiqata cəlb olunmuşdur ki buda əsərin başlıca elmi yenili­yidir. Zaqatala aşıqlarının, el şairlə­rinin həyat və yaradıcılıq irsinin, onların yaşa­dıqları dövrün ayrılıqda araşdırılmasına, etnik, etno­qrafik müna­sibət­lərin öy­rə­nil­məsinə, aşıq sənəti müstəvi­sindəki təzahürünün aşkarlan­masına ilk dəfə bu tədqiqatda rast gəlinir. Monoqrafiya­nın başlıca elmi yeniliyi də ilk növbədə bu təd­qiqatın monoq­rafik araşdırma olması ilə bağ­lıdır. Tədqiqatın elmi yenilikləri aşa­ğıdıkı məsələləri əhatə edir:

 Zaqatala aşıq mühiti olaraq müəyyən­ləş­mişdir.

 Aşıq Hüseyn, Aşıq Valeh və s. ustadların əsər­ləri, eləcə də tənbur ifa­çı­la­rı, tənburda söyləni­lən haylalar ilkin olaraq sistemli şəkildə araş­dırı­la­raq təd­qi­qata cəlb olun­muşdur;

 İlk dəfə bu araşdırmada Zaqatala aşıq mühitinin regional xüsusiy­yət­ləri­nə kompleks halında yanaşılmışdır;

 Aşıq Mədətin simvolik obrazlarla deyişərək dastan yarat­ması, Aşıq Ca­han­­gir Dalğının çox təxəllüslülüyə meyli, məclis­lə­rin əvvəldən sonadək iki aşığın bir-­birilərini əvəz­ləyərək apar­ma­ları, qaçaqçılıq hərəkatının ustad sənət­kar­ların hə­yat və yaradıcı­lıq­larına təsiri araşdırılmışdır;

 Zaqatala aşıq mühitində tənburla sazın paralel inkişafı, ox­şar və fərqli xüsusiyyətləri tədqiq olunmuşdur;

Əsərdə Zaqatala aşıqları tərəfindən yaranmış bədii folklor mətn­lə­ri (dastan, rəvayət, şeirlər və s.) aşıq ifaçılığı mədəniyyəti ilə əlaqəli şəkildə öy­rə­nil­­miş­dir;

 Zaqatala aşıq mühitində yaşayıb-yaradan el sənətkarlarının hər birinin ay­rılıqda müraciət etdiyi mövzular yaşadıqları zamanın gerçəklikləri fonunda araş­dırıl­mışdır;

 Ayrı-ayrı el sənətkarlarının dastan yara­dıcılıqları tədqiq edilmiş və bu əsas­da epik ənənə­yə yaradıcı müna­sibətin səviyyəsi müəyyən­ləş­miş­dir.

Zaqatala aşıq mühitindən toplanmış, istər tarixən yaşamış, istərsə də bu gün yaşamaqda olan el sənətkarlarının elmi katalo­qu­nun verilməsi də monoqrafiyanın elmi yenilik­lərindən biridir. Burada araşdırılan aşıq şeiri nümunələri, aşıq rə­vayətləri, dastan­lar və bir sıra folklor materialları ilk dəfə olaraq elmi-nəzəri təh­lilə cəlb edilmişdir.

Tədqiqatın metodoloji əsasında aşıq sənətinin öyrə­nilməsi sahəsində Azərbaycanda və türk dünya­sında əldə edilmiş nəzəri və təcrübi biliklər durur.

Bü­tün bu tədqiqatların nəzəri-metodoloji təc­rü­bə­si və öz nəzəri fikirlərimiz əsərdə tətbiq olunmuş və yeni nəticələr əl­də edilmişdir.

Zaqatala aşıq mühitinə həsr olun­muş bu tədqiqatın nəticələri özünə uyğun nəzəri və praktik tətqi­qo­lunma im­kan­larına malikdir. Bu monoqrafiya nəzəri əhəmiyyəti ilk növbədə onun nə­zə­ri-metodo­loji təcrübəsindən ayrı-ayrı aşıq mühitlərinə dair aparılacaq təd­qi­qat­lar­da istifadə imkanları ilə şərtlənir.


I FƏSİL
ZAQATALA AŞIQ MÜHİTİNİN TARİXİ
Zaqatalanın coğrafiyası, etnik-mədəni tərkibi və aşıq mühi­tinin for­ma­laşma tarixi
Şifahi xalq ədəbiyyatının janr özünəməxsus­luğunu, milli adət-ənə­nə­lə­ri­ni­­ bu gün də qoruyub saxlayan, xalq sənətini za­man-zaman yaşadan, for­ma­laş­­dıran mühit­lərdən biri də Zaqata­ladır. Bu mühitin tarixən müəyyən ənənə­lə­rə ma­lik olması, ustad və ifaçı aşıqları ilə seçilməsi Zaqatala aşıq mühitindən kifa­yət qə­dər söz açmağa imkan verir. Zaqatala aşıqları xalqın şad günündə (el bay­­ramları, toy məclisləri), həmişə xalq arasında ol­muş, xoş avazları, şən havaları ilə elin-obanın ruhunu oxşamış, xeyir-dua­larını xalq­dan əsirgəmə­mişlər. Folklor­şü­nas alim E.Məm­məd­li aşıq sənə­tinə aid araş­­dır­ma­larında qeyd edir ki, bu sənət forma­laşdığı dövrdən, insan aləmini, onun istək və ar­zularını, ağrısını, acısını, sevincini, kədə­ri­ni, sevgi və iztirablarını tərənnüm edir (73, 10-30). Zaqa­ta­la aşıq­la­rın­­dan bəzilərinin şeirlərinə ayrı-ayrı dər­gi­lər­də tə­sadüf edirik. Bu mühitdə ya­şa­yıb-yaradan aşıqların şeirlərinin mət­buat­da az çap olunması, kifayət qədər tanın­ma­ması, bu günə kimi elmi tədqiqatın aparıl­ma­­ması, tam şəkildə araş­dırıl­ma­ması ilə əlaqədar olmuşdur. Zaqatala aşıq mü­hit­­inin hələlik bizə məlum olan, əsərləri zəma­nəmizə qədər gəlib çatan ilk aşı­ğı XVIII əsrin sonu, XIX əsrin 60-70-ci illərinə kimi yaşamış varxi­yanlı (indiki Bəhmədli) Aşıq Məhəm­məd­dir. Şübhəsiz ki, varxi­yanlı Mə­həm­­mədin bir sənətkar kimi yetişməsi heç də təsa­dü­fi deyildi. Ola bilsin ki, bura­da Aşıq Məhəmmədə qədər çox aşıqlar yaşayıb-ya­rat­mışlar. Onların yara­dı­cılıq irsləri günümüzə gəlib çatmadığı üçün tədqiqata cəlb olunmamışdır. Aşıq Mə­həm­mədin dövründə onunla yanaşı, varxi­yanlı Aşıq Hə­sən, şagirdləri Aşıq Qurban və Aşıq Təmaz da yaşayıb-yaratmışlar. Sonrakı dövr­lər­də isə Aşıq Ara­bın, Kamal təxəllüsü ilə yazan talalı Aşıq Dibronun, Aşıq Bəkirin, yengiyanlı Aşıq Əlixanın, Aşıq Sarətin, suvagilli Kor Nəzirin, carlı Aşıq Könlünün, əliabadlı Aşıq Hüseynin, Aşıq Həsənin, Aşıq Camalın, zaqatalalı Aşıq Camalın, Aşıq Yusifin, varxiyanlı (indiki Bəhmədli) Həsənin, Cumanın, Cahan­gir Dal­ğı­nın, Aşıq Mədətin və baş­qa­larının adlarını çək­mək olar. Zaqatala aşıq­larının fəaliyyəti yalnız boya-başa çatdıqları ərazi ilə məh­dud­laş­ma­yıb, eyni zamanda vətəni­mizin ayrı-ayrı bölgələri və ondan kənarda – Gür­cüs­tan, Rusiya, Dağıstan ərazisində də məşhurlaş­mış­dır. Zaqatala aşıq mühi­ti­nin bəzi nüma­yən­­də­lə­­rinin adlarına ara-sıra mənbələrdə də rast gəlirik. 1930-cu il­lə­rin mən­bə­lə­rin­də Zaqa­tala aşıqlarından mosullu İbrahi­min, talalı Hacı Mu­ra­dın, qan­dax­lı Molla Oru­cun, kəpənəkçili Murtuza Əlinin, Aşıq Ərəbin, zəyəmli Aşıq Bayramın ad­ları çəkilir (80, 54).

Əgər biz bu mühitdə istər tarixən, istərsə də çağdaş dövrü­müz­də yaşayıb-ya­ratmış, yüksək sənətkarlıq xüsusiy­yət­ləri ilə ta­nın­mış, yaddaş­la­ra həkk olun­muş, ustad, ifaçı aşıqların həyat və ya­radıcılıq irslərindən söz aça­ca­ğıqsa, əvvəlcə, bu sənətkarların ya­şadığı ərazinin etnik-coğrafi, mə­də­ni xüsusi­y­yət­lərin­dən da­nış­­­malıyıq. 1930-cu ildə yaran­mış Zaqatala inzi­ba­ti rayonu Azərbay­can Res­pub­­li­kasının şimal-qərbində, Böyük Qafqaz sı­ra dağla­rı­nın cənub ətəklərində, Ala­zan-­Əyriçay vadi­sin­də yerləşir. Əra­zi­si 1348 km2 olan Zaqatala rayonu cə­nub­­dan Gürcüstanla, şimal­dan Da­ğıs­tanla, qərbdən Balakən, şərqdən Qax rayonu ilə həm­sər­həd­dir. 68 kənddən ibarət olan rayonun ən iri yaşayış mən­tə­qə­ləri Za­qa­ta­la şəhəri, Əliabad qəsə­bəsi, Muxax, Yuxarı Tala, Da­naçı kənd­­ləridir. 49%-ni me­şə­liklər təşkil edən əsrarəngiz təbiətə ma­lik olan ra­yon əra­zi­sin­dən 7 çay axır. Ala­zan çayı, Katex çayı, Ta­la çayı, Tən­dir ça­yı, Qara çay və s. Rayonda 110 mi­nə yaxın əha­li yaşayır. Əhalisinin bö­yük əksəriyyəti Azərbaycan türk­lə­ridir. La­kin Za­qa­ta­­la­da azsaylı xalqlar da yaşayır. Bura avarlar, yengi­loy­lar, saxurlar və s. da­xil­dir.­ Rayonun etnik tərkibinə gəlin­cə, etno­qraf alim Məhəbbət Pa­şa­ye­va öz təd­qi­qat­ların­da­ burada skif, sak, hun, xəzər, bulqar, savir, eyni zamanda gel, leq, uti və s. ki­mi­ qədim alban tayfalarının izlərinə rast gəlindiyi bildirilir (89, 14). Bu­­­­ əra­­zi­də yaşayan avarlar, əsa­sən, dağlıq yerlərdə Car, Masex, Maqov, Cim­cı­max və Paşanda, saxurlar isə Sabunçu, Suvagil, Göz­barax, Lahıc, Yen­giloylor Mo­­sul, Yenqiyan, Əliabad kəndlə­rində azəri türkləri ilə qarışıq məs­kun­la­şıb­lar.

Respub­li­ka­mı­zın­ ərazisində yaşayan azsaylı xalqlar xalqımı­zın musiqi folk­lor­undan təsirlənmiş və bu, ayrı-ayrı hallarda on­ların şeir və musiqisində ikidi­l­lik­ hadisəsini mey­dana gətirmiş­dir. Bu xalqların hər biri Azərbaycan türk­lə­ri ilə qaynayıb-qa­rış­­mış, ortaq bir mədəniyyətə malik olmuşlar. Folk­lor­şünas alim A.Əh­məd­liyə gö­rə, «Azərbay­canın müxtəlif bölgə­lərində məskun­laş­mış azsaylı xalqlar yerli əha­liyə qarışmış şəkildə rahat güzəran sür­məkdədirlər» (37, 9). Bu faktın özü heç də təsadüfi de­yil. Tür­kə məxsus olan ənənəni lazımınca öyrənmək və onu qoru­yub­ sax­la­maq baca­rı­ğı­­na malik ol­an­­ azsaylı xalqlar (xüsusən avarlar, sa­xur­lar, yen­qiloylar) türkə məxsus sazı, tənburu da (el­ arasında bu­na danbur deyilir) se­və­­rək mənim­sə­mişlər. Bu gün də onların ara­sında saz­da və danburda Azərbaycan türk­cəsində çalıb-oxu­yan­­lara təsadüf etmək mümkündür. Çox təbii ki, on­lar­da olan bu həvəs mühitdə yaşayan yerli türklərin tə­siri ilə əlaqədar yaranmışdır.

Za­­­qatala aşıq mühiti bu və ya digər xüsusiy­yətləri baxımın­dan maraq doğ­u­rur.

Prof. Azad Nəbiyev «Azərbaycan aşıq məktəb­lə­ri» kitabın­da xalqın geniş əra­ziyə səpələn­miş, milli-etnik mədəniyyətləri, folk­lo­ru­nu, onun in­kişafının baş­lı­ca­ istiqa­mətlərini öyrənmək baxı­mından belə mühitlərin araşdırıl­masının çox önəm­­li bir məsələ olduğunu qeyd etmişdir (85, 54). Prof. Hüseyn İsmayılova görə, Azər­baycan tarixi­nin ən mü­rək­kəb mübahisə doğuran prob­lem­lə­rin­dən biri etno­genez problemidir (20, 10). Müəl­lif eyni zaman­da etnik azlıqların sıx-sıx məs­kun­­laş­­dığı ərazilərin folklorunun, aşıq sənə­ti­nin araşdırılıb tədqiq edilmə­sini zə­ru­ri he­sab etmişdir. Aşıq mühitlərinin regi­o­nal, lokal, mədəni sisteminin hadisəsi ki­mi va­hid bir tamın ümumtürk mədəniy­yə­ti konteksində yerinin araş­dırıl­masın­da özü­­nə­­məx­sus əhəmiyyəti olduğunu bildirmişdir. Prof. H.İs­mayılov, digər tərəfdən, mil­li musi­qimizin, xalq sənəti­nin etniklərin mə­də­­niy­yətinə, yaşamına təsi­rini araş­­­­dır­mağın,­ qədim adətlə­rimizin bu bölgə­lərdə hansı şəkildə qorunub-sax­la­nıl­ma­sının müəy­yən­ləş­dirməyin diqqət çəkən mə­sə­lələrdən biri olduğunu qeyd etmişdir (55, 143-144). Etnik-mədəni təsir­lə­rin­ güc­lən­mə­si Zaqatalada möv­cud olan, bu gün də yaşamaqda olan aşıq sənətinə heç bir qeyri-təsir göstərməyib. Bunun əsas sə­bəbi Azərbaycan dilinin hakim mövqedə olması ilə əlaqədardır. Buna nümunə ola­raq suvagilli Kor Nəzirin, carlı Vəlinin və baş­qa­larının adlarını çək­mək olar. Onlar el şənliklərini Azərbaycan dilində apa­rır­dılar. Zaqa­tala da məhz belə böl­­gələrimiz sırasındadır ki, burada yaşayan saz-söz sənətkar­larının (istər türk­lər, istərsə də azsaylı xalq­­ların nü­ma­­yəndələri olsun) bir-birilərinə qaynayıb-qa­rış­maları sayəsində mədəniyyətləri, adət­-ənənələri hər zaman rənga­rən­glik təş­kil­ etmiş­dir. Burada yaşayan ləzgilər, sa­xur­lar,­ avarlar, inqi­loy­lar və s. etnik qrup­ların nümayəndələri in­teq­­ra­­siyaya və di­ffe­re­­n­­sasiyaya daha çox meyilli ol­du­ğundan türk mə­də­niy­yətini lazımınca mə­nimsəyə bilmişlər. Maraqlı cəhət­lər­dən biri də budur ki, azsaylı xalqlar bizim mədə­niy­­yətimizi, musiqi­mizi, adət-ənə­nələrimizi mənim­sə­yərək bu gün də ya­şa­dır­lar. Bu da həqiqətdir ki, ucqar dağ kəndlərində türklərdən mənim­sənilən ən­ə­nə daha yaxşı qoru­nmuşdur. Bu məsə­lə­nin möv­zu­muzla birba­şa əlaqəsi ol­madı­ğın­dan üzərində dayanmaq istə­mi­rik. Belə ki, məqsədimiz Zaqatala aşıq mü­hi­tinin ümu­mi mən­zə­rə­sini yarat­maq, us­tad və ifaçı aşıqlarımızın həyat və yara­dı­cı­lıq­la­rı­nı tədqi­qata cəlb et­mək­dir.

Fikrimizcə, Zaqatala aşıq mühitini «tarixi və çağdaş» dövr­lərə ayırmaq daha düzgün olar. Zaqa­tala aşıq mühitinin tarixi XIX əsrin əvvəllərindən XX əsrin əv­vəl­­lərinə kimi olan dövrü, çağdaş mühit isə XX əsrin əvvəllərindən bu günümüzə ki­mi olan dövrü əhatə edir. Ayrı-ayrı zamanlarda yaşayan el sənətkarlarının hər bi­ri ayrılıqda özünəməxsus fərdi ifa tərzləri, yarat­dıq­ları saz hava­ları, zəngin reper­tuarları ilə yadda qalmış və el-obada, hafizələrdə yaşamaqdadırlar.

O zaman Zaqatalada keçirilən toylar, el bayramları aşıqsız keçməzdi. Məclis aparan ustad aşığın yanında bəzi hallarda bala­bançısı da olmalı idi. Akademik H.Araslı aşığı haqlı olaraq, xal­qın sevimlisi, onun şad və qəmgin gün­lə­rində ən ya­xın sirdaşı he­sab etmişdir (9, 3). Zaqatalada XX əsrin 60-cı illəri­nə kimi aşıqlar məc­lisi ya tək, yaxud da iki aşıq bir-birini əvəzləyərək apardılar. Aşıqlar məc­lis­də, xüsusən, dastan, nağıl və rəvayət danışar­dılar. Bir qayda olaraq, «Baş divani» ilə başlayar, sonra təcnis oxuyar, nəhayət, müxəm­məslə bi­tərər­­dilər. Çox zaman buna duvaq­qapma deyilir. Deyilən ənənələr zaman keçdikcə öz formasını müəyyən qə­dər dəyişmişdir. İndi məclis­ləri aşıq tək, balabansız aparır. Ma­raqlı hal budur ki, ta­rixi Zaqatala aşıq mühitinin aparıcı nümayən­dələrinin ifaçılığında bəzi hallarda saz-balaban müştərək­liyinin mövcud olması bu mühit haqqında müəyyən yanlış müla­­hizə­lə­rə­ gətirib çıxarmışdır. Prof. M.Qasımlı «Aşıq sənəti» kita­bında Za­qa­ta­lanı tarixi mühit hesab etdiyi Dərbənd aşıq mühitinə aid et­miş­dir. Prof. A.Nəbiyev isə «Azərbaycan aşıq mək­­­təbləri» kita­bında Zaqa­talanı Şirvan aşıq məktəbi da­xi­lində ayrıca mühit ki­mi­ təqdim etmişdir (86, 131). Prof. M.Qasımlı Dər­bənd aşıq mü­hitinə Quba, Qusar, Zaqatala, Qax, Balakəni – azsaylı millətlər yaşayan sərhəd əra­ziləri aid edir. Müə­l­lif milli-mədəni siyasətin düzgün qurulmaması və yad, et­nik-mədəni təsirlərin güc­lənməsi nəticəsində Zaqatala, Qax, Balakən ra­yon­larını da daxil etdiyi Dər­bənd aşıq mühitinin tənəzzül mərhələsi keçirdiyi qənaətinə gəlmişdir (66, 165). Digər tərəf­dən, müəllif bunun bir səbəbini də sənətin birindən di­gə­rinə ötürülməsi ənə­nə­sinin aradan çıxmasın­da görmüşdür. İstər qədimdə, istərsə də bu gün tənburla sazın pa­ralel şəkildə mövcud olduğu Zaqatala aşıq mühitinin ta­ri­xi və çağdaş mən­zə­rə­si yuxarıda deyilən fikri qətiyyətlə təkzib edir.

Prof. S.Paşayev qədim musiqi alətlərindən olan tən­bu­run bu gün də qoru­nub saxlandığı əsas bölgələrdən biri məhz Zaqatala ol­du­ğu­nu qeyd etmişdir (93, 3).

Tarixə nəzər salanda bir sıra bölgələrimiz kimi, 1813-cü ildə Gülüstan sülh mü­qaviləsinə görə, Dərbəndin rəsmi şəkildə Dağıs­tana verilməsi mə­lum­dur. Mə­sə­­ləyə o dövrün prizmasından ya­naş­­dıqda müəllifin tarixə «mühit» adı altında ya­naş­­ması müəyyən qədər həqiqətə uyğun görünür. Amma XVIII əsrin sonlarından üzü bəri yaşayıb-yaradan Zaqatala aşıqlarının hər birinin ayrılıqda xüsusi ifa tərz­ləri, saz havacatları, ustad-şagird ənənələri olmuş­dur. Yuxarıda qeyd olun­duğu ki­mi, Zaqatala aşıqları hazırda ya tək sazla, yaxud da iki aşıq bir-birini əvəz­lə­yə­rək məclis aparırlar. Bir qayda olaraq, aşıq məclisi «Baş divani» ilə açır, arxa­sınca «Təc­nis» havası üzərində bir təcnis deyir. Onların ifa et­dik­­ləri yerli havaların əksəriyyəti məclisin şəninə uyğun şəkildə qurulur. Sonda isə duvaq­qap­ma, yaxud da müxəmməslə bitirir. Bu xüsu­siyyət bütün mühitlərdə ol­duğu kimi­dir. Bildiyimiz kimi, Şirvan aşıqları toy məclislərini, bir qayda olaraq, mu­siqi an­samb­lının (qoşa nağaranın, balabanın, zurnanın və s.) müşayiəti ilə ça­lıb-çağırırlar. Şirvanda tarixən aşığın yanında xanəndə olub. On­lar bir-birini əvəz­ləyərək məclisi keçiriblər. İfa zamanı Şirvan aşıq­la­rı rəqs etmə­yə, şuxluq gös­tər­məyə də meyillidirlər. Zaqatala aşıq­larında bu xüsusiyyətə təsa­düf edilmir. Di­gər tərəfdən, Şirvan aşıq­ları, bir qayda olaraq, məclisi «peşrov»la baş­la­yırlar. Am­ma­ bu xüsusiyyətə də Zaqatala aşıqlarında təsa­düf edilmir. Tək sazla ifa etmək Za­qa­tala aşıqlarını Borçalı aşıqlarına da yaxın­laşdırır. Lakin bu, o demək deyil ki, hər­ iki mühitin aşıqlarının reper­tuar­ları, ifa tərzləri tamamilə eyni­dir. Hər iki mü­hitin sənətkarlarının özünə­məxsus ifaçılıq ənənəsi olduğu üçün müxtəlif ad­la­r­la­ adlan­mış­dır. Prof. S.Paşayev doğru olaraq ayrı-ayrı mühitlərdə aşıq sənətinin mu­si­qi­nin, dastan yaradı­cılığının və ifaçılığın əlaqəli şəkildə öyrənil­məsini məq­sə­də­uyğun hesab etmişdir (92, 167).

Prof. Azad Nəbiyev Şirvan aşıq məktəbi daxi­lin­də verdiyi Zaqatala aşıq mü­hi­ti adı altında İsmayıllı, Qax, Şəki, Balakən böl­gələrinin adlarını çəkmişdir. Bu fikrə əsas­lanan folklorşünas alim Ağalar Mirzə “Şirvan Aşıq yaradıcılığı: təşəkkülü və inkişaf ta­rixindən” adlı kitabında qeyd etmişdir ki, ritm, sürət, lakoniklik ki­mi keyfiy­yət­lərin üstünlüyü ilə seçilən Şirvan ifaçılığı Şəki-Zaqatalada özünə da­im­ pərəs­tiş­kar tapır və onun yerli ifaçıları yetişib peşəkarlıq səviyyəsinə yüksələ bilir­dilər (5, 151-153). Bu fikri dəstəkləyən Qalib Sayılov da öz tədqiqat işində qeyd edir ki, «Dərbənd, Salyan-Muğan, Şəki-Zaqatala, aşıq mühitləri ilə qarş­ı­lıq­lı təsir, fay­da­lan­ma şəklində bu gündə Molla Qasımla başlanan Şirvan aşıq ən­ə­nəsi yaşayıb davam etməkdədir (103, 94). Zaqata­lada yaşayıb yaradan ustad, ifa­çı sənət­karların sənətkarlıq irsləri, tənbur və saz ifaçılığının paralel inkişafı Za­qatalanı ayrıca bir mühit kimi təqdim etməyimizə əsas verir. Digər tərəfdən, bu­rada yaşayıb-yaradan çağdaş dövr sənətkarlarının bəzi­ləri­nin ifasında Şir­van­dan daha çox qərb ifasına yaxınlıq duyulur. Bu da çox təbii ki, burada Göyçədən gə­lən sənətkarların (Aşıq Əlinin, Aşıq Valehin) qarşılıqlı təsiri ilə əlaqədar ol­muş­dur. Deməli, bu mühit bir sıra yuxarıda göstər­diyimiz xüsusiy­yət­ləri ilə daha çox qərb aşıq mühitinə yaxınlaşsa da, burada tarixən mövcud olan ənənə Za­qa­ta­lanı ayrıca bir mühit kimi təqdim etməyimizə əsas verir. Bu spesfik xüsusiy­yətlər Zaqatala aşıqlarının yaradıcılıq­ların­da yeri gəl­­dik­cə iz­lə­ni­lə­cək.

  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə