AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə8/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Şahin Bağırov

Siyasi elmlər üzrə fəlsəfə doktoru
TURİZM SİYASƏTİ SOSİAL SİYASƏTİN TƏRKİB HİSSƏSİ KİMİ

Bizi əhatə edən sosial mühit, yaşadığımız həyat tərzi yeni tələbatların yaranması və onların istifadə olunmasına səbəb olur. Bu baxımdan, müasir insanların dinamik həyat tərzindən yaranan rekreasiya ehtiyaclarının ödənilməsi artıq gündəlik bir tələbə çevrilmişdir. Buna görə də turizm fəaliyyətini müasir dövrdə ən çox gəlirli sayılan və sosial səmərə verən bir məşğuliyyət növü saymaq olar. Turizmin belə kütləvi hal alması təkcə insanların daim yeniləşən həyat tərzi, rekreasiya-sağlamlıq tələbatı ilə deyil, həm də turizmin formalaşmasına təsir edən bir çox amillərin, habelə zəruri tənzimləmə mexanizmlərinin fəaliyyəti ilə əlaqədardır. Müasir dövrdə turizm iqtisadiyyatın bir sahəsi kimi özünə möhkəm yer tutmuşdur. O, bir çox ölkələrin ümumdaxili məhsulunda geniş bir paya sahib olub, neft hasilatı və avtomrobilqayırma ilə rəqabətə girmişdir. Turizm əhalinin məşğulluğuna da güclü təsir etməkdədir. Dünya üzrə hər səkkiz işçidən birinin turizm sektorunda işlə təmin olunması, turizmin çox əmək tutumlu olması, eyni zamanda yüksək əmək haqqı səviyyəsi ilə seçilməsi onun üstün cəhətlərindən sayılır. Hesablamalara görə ölkəyə gələn hər xarici turist 7-9 işçiyə yeni iş yeri deməkdir. Bundan əlavə, turizm iqtisadiyyatın digər sahələrinə də təsir göstətərək yerli və xarici investisiyaları canlandırmaqdadır. Turizm təkcə nəhəng rəqəmlərlə ifadə olunan, valyuta gəlirləri gətirən biznes sahəsi olmayıb, cəmiyyətin sosial həyatında və beynəlxalq münasibətlərdə də müsbət səmərə verən bir məşğuliyyət növüdür. Turizm regional inkişafda, yoxsulluq səviyyəsinin azaldılmasında, əhali köçlərinin, xüsusən ucqar kəndlərin boşalmasının qarşısının alınmasında güclü bir alət kimi istifadə oluna bilər. Turizmin ən güclü təsirlərindən biri isə onun təşkil olunma səviyyəsi və qonaqpərvərlik nümunələri ilə ölkə haqqında müsbət imic formalaşdırmasıdır. Bütün bunları turizm sahəsində yüksək nəticələr əldə etmiş olan ölkələrin təcrübəsində görmək mümkündür. Tədqiqatçılar müəyyən etmişlər ki, qərb ölkələrində iqtisadi tənəzzül turizmə başqa sənaye sahələrinə nisbətən az təsir göstərir. Bu dövrdə istehlakçılar qənaəti məzuniyyətə deyil, məzuniyyət zamanı edirlər. Onlar yeni elektron məişət tipli və təmtəraqlı predmetlərin alınmasından imtina etməklə pulu məzuniyyətin keçirilməsinə xərcləyirlər. Turizmin inkişafının sosial iqtisadi mahiyyəti islahatlar proqramının tərkib hissəsi olmaqla ölkənin iqtisadi və sosial inkişafının tərkib hissəsi kimi çıхış edir. Turizmin iqtisadi rolu, sosial mahiyyəti onun prespektiv mövqeyi, həmin fəaliyyətin səmərəli təşkili və idarə edilməsi ilə bağlıdır. Cəmiyyətin sosial inkişafı nöqteyi-nəzərindən turizmin əhmiyyəti çox böyükdür. Ayrı-ayrı regionlarda, bütövlükdə ölkədə turizmin inkişaf etdirilməsi bir çox sosial-iqtisadi problemlərin kökündən həll edilməsi üçün əlverişli şərait yaradır. Onun inkişaf etməsi ilə çoxlu sayda yeni iş yerlərinin açılması, kənd əhalisinin şəhərə xaotik axınının qarşısının alınmasına, əhalinin kommunikasiya və mədəni əlaqələrinin artmasında irəliləyişlərə nail olmaq mümkündür. Turizm inkişaf edən regionlarda mədəniyyətlərarası inteqrasiyanın güclənməsi üçün də əlverişli şərait yaranır. Artıq uzun illərdir ki, turizmə dünya iqtisadiyyatının yüksək gəlirli və intensiv inkişaf edən sahələrindən biri kimi baxılır. Təsadüfi deyil ki, hazırda dünyada formalaşan ümummilli məhsulun 10%-i turizmin payına düşür (4,72). Statistik məlumatlara görə, turizm və onunla sıx əlaqəli olan sahələrdə dünya üzrə məşğul əhalinin 8,6%-i çalışır. Turizmin yüksək templə inkişafı, böyük həcmdə valyuta axını iqtisadiyyatın müxtəlif sahələrinə fəal təsir göstərir ki, bu da hər bir ölkədə turizm sənayesinin yaradılmasına təkan verir. Dünya iqtisadiyyatında turizmin mahiyyəti genişlənir. Bu onun ayrılıqda hər bir ölkənin iqtisadi inkişafına göstərdiyi əsaslı təsirlə bağlıdır.

Müasir dövrdə bazar iqtisadiyyatına keçid, fərdi mülkiyyətçiliyin bərqərar olması, sahibkarlıq fəaliyyətinin liberallaşması, insanların həyat səviyyəsinin daimi artım meyli və nəhayət, dünya ölkələri arasında sürətli inteqrasiya turizmə də yeni bir prizmadan yanaşmağı tələb edir. Dünyada elə bölgələr vardır ki, burada iqtisadiyyatın digər sahələrinin inkişafı üçün sadəcə şərait olmadığı halda turizm həmin ərazinin insanlarının məşğulluq problemlərinin həll edilməsi baxımından yeganə bir vasitə sayılır. Ümumiyyətlə, turizm fəaliyyəti sosial-mədəni sahələrə aid olub, insanların ən mühüm rekreasiya-mənəvi tələbatlarının ödənilməsi ilə xarakterizə olunur(1,84). Bizi əhatə edən sosial mühit, yaşadığımız həyat tərzi yeni tələbatların yaranması və onların istifadə olunmasına səbəb olur. Bu baxımdan, müasir insanların dinamik həyat tərzindən yaranan rekreasiya ehtiyaclarının ödənilməsi artıq gündəlik bir tələbə çevrilmişdir. Buna görə də turizm fəaliyyətini müasir dövrdə ən çox gəlirli sayılan və sosial səmərə verən bir məşğuliyyət növü saymaq olar. Turizm iqtisadiyyatın digər sahələrinə də təsir göstətərək yerli və xarici investisiyaları canlandırmaqdadır. Turizm təkcə nəhəng rəqəmlərlə ifadə olunan, valyuta gəlirləri gətirən biznes sahəsi olmayıb, cəmiyyətin sosial həyatında müsbət səmərə verən bir məşğuliyyət növüdür. Turizm xidməti geniş əmək tutumlu olub, kiçik və orta sahibkarlığın inkişafı üçün geniş perspektivlər açır. Sahənin fəaliyyətindən əldə olunan gəlir isə iştirakçılar arasında nisbətən daha bərabər bölüşdürüldüyündən burada istehsalçı marağı da yüksəkdir. Başqa sözlə burada əməyi olan hər bir kəsin qazanmaq imkanı vardır. Turizmin “qeyri-turizm” sahələrinə təsiri vardır. O, aeroportların, yolların, mağazaların, kinoteatrların tikilməsi və müasirləşdirilməsi, şəhərlərin abadlaşdırılması, abidələrin, meşə massivlərinin bərpası, su hövzələrinin təmizlənməsi, nəqliyyat sənayesinin inkişafı, yüngül sənayesinin inkişafı, yeyinti sənayesinin inkişafı və digər sahələrin inkişafı ilə bağlıdır. Turizmin əhalinin yaşayış səviyyəsinə təsiri nəticəsində ərazidəki evlərin, ticarət obyektlərinin, istirahət obyektlərinin tikintisi və müasirləşdirilməsi, əhalinin iş yerlərinin və iş şəraitlərinin inkişafı sürətlənir. Turizmin ərazinin infrastrukturuna təsiri xüsusi qeyd olunmalıdır. Belə ki, ərazidə tikilən obyektlər turistlərə xidmət etməklə yerli əhaliyə də xidmət göstərirlər. Nəticədə isə yerli əhali üçün olduqca faydalı və rahat şərait yaranır. Yaradılan infrastruktur ərazinin iqtisadi inkişafında eləcə də, yerli əhalinin həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayır. Həmin infrastrukturun ərazidə qalması və istifadə olunması buna münasib şərait yaradır. . Turizmin əhalinin maddi rifahının artmasına müsbət təsiri ilə yanaşı ölkənin sosial səviyyəsinə də müsbət təsiri olur. Çünki maddi rifahın artması nəticəsində təhsilin, mədəniyyətin, incəsənət növlərinin və həyat tərzinin müsbət inkişafı ölkənin sosial səviyyəsinin inkişafına səbəb olur. Turizm sahəsi bir növ ayrı-ayrı sahələrin birləşməsi nəticəsində formalaşan bir sahədir, yəni bir neçə müxtəlif peşələrə sahib olan insanların bir sahədə çalışması deməkdir. Bu da, turizmin səyahət olunan ərazidə yerləşən digər obyektlərə də müsbət təsirlərindən xəbər verir. Əraziyə gələn səyahətçi sayındakı artma yeni yerləşmə, qidalanma, rekreasiya obyektlərinə, alış-veriş sahələrinə və digər sahələrə sərmayələrin qoyuluşuna olan ehiyacı da artırır. Turizmin iqtisadi təsiri sadəcə sektor içində özünü göstərmir. Turizm sektorunda qoyulan bir yatırım digər sektorlar üçün də iqtisadi fəaliyyət növünü əmələ gətirir və yeni məşğuliyyət sahələrinin yaradılmasına kömək göstərir. Yaradılan vahid gəlir isə həm turizm sektorunda həm də digər sektorlardakı yatırımlara müsbət təsir göstərir. Məsələn, turizm sektorundakı bir yatırım, inşaat sektoruna da təsir göstərir; əraziyə artan turist axınları isə eyni zamanda hava yolu, dəniz yolu və dəmir yolu nəqliyyatını da canlandırır. Turizmin digər sektorlar ilə olan əlaqələri səbəbiylə ortaya çıxa biləcək müsbət və ya mənfi dəyişikliklər, qısa müddətdə və dəyişən ölçülərdə digər əlaqəli sektorlarda da əks olunur. Bir turist getdiyi ərazidəki oteldə yerləşir, restoranda yemək yeyir, alış-veriş edir, nəqliyyat vasitələrindən istifadə edir, ərazinin əhalisi ilə ünsiyyətdə olur və müxtəlif obyektlərə baş çəkir. Bu səbəblə, unudulmamalıdır ki, regional turizm sektoru ilə dolayı və birbaşa əlaqəsi olan hər bir fərd dominant təsiri səbəbiylə, keyfiyyətli xidmətin təqdim edilməsində rol oynayır. Turizmin əhalinin maddi rifahının artmasına müsbət təsiri ilə yanaşı olaraq ölkənin sosial səviyyəsinə də müsbət təsiri olur. Çünki maddi rifahın artması nəticəsində təhsilin, mədəniyyətin, incəsənət növlərinin və həyat tərzinin müsbət inkişafı ölkənin sosial səviyyəsinin də yüksək inkişafına səbəb olur. Sosial nöqteyi-nəzərindən turizm regionların inkişafına böyük təsir göstərir, regionlarda minlərlə iş yerləri açılır, kommunikasiya inkişaf edir, yerli əhalinin mədəniyyət, savad və dünyagörüş səviyyəsi yüksəlir. Regionlarda turizmin inkişafı işsizlərin şəhərlərə axınının qarşısını alır. Azərbaycanın XIX əsrin əvvəllərindən çar Rusiyasının, 1920-ci ilin aprel işğalından sonra kommunist reciminin əsarəti altında olması qərb ölkələri ilə mədəni,iqtisadi əlaqələrlə yanaşı turizmin də inkişafına mane olmuşdu. Çar Rusiyasında ilk ekskursiyalar Qafqaz ərazisində, “Qafqazda xristianlığın bərpası cəmiyyəti”tərəfindən 1870-ci ildə Aleksandrovski məktəbinin şagirdləri üçün Tiflisdə həyata keçirilmişdir. 1873-cü ildə Rusiyada ilk Tarix muzeyi açılmış və turizm tədricən inkişaf etməyə başlamış, lakin Azərbaycan bu layihələrdən kənarda qalmışdır. 1914-cü ildə yaradılmış “ Rusiya turizm cəmiyyəti” kommunist reciminin siyasətinə uyğun gəlmədiyinə görə 1928-ci ildə bağlanmışdır. Turizmin ölkə üçün əhəmiyyətini nəzərə alaraq sovet rəhbərliyi 1929-cu ildə xarici turistlərin SSRİ-yə səfərlərinin təşkil etmək üçün “İnturist” səhmdar cəmiyyətinin və 1930-cu ilin axırlarında “Ümumittifaq proletar könüllü turizm və ekskursiya cəmiyyəti”nin yaradılmasına icazə vermişdir. SSRİ-nin əksər şəhərlərində, o cümlədən Bakıda “İnturist” səhmdar cəmiyyətinin şöbələri açılmışdı. Məhz bu cəmiyyətin xətti ilə sovet hakimiyyəti illərində Azərbaycanın Avropa ölkələri ilə turizm əlaqələri Moskvanın icazə verdiyi məhdud çərçivə daxilində olsa da formalaşmağa başlamışdır. Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi üçün çox geniş imkanlar olmuşdur. 1925-1930-cu illərdə Azərbaycanın ilk qoruqları - Göygöl, Zaqatala və Qızılağac qoruqları, 1936-cı ildə Hirkan qoruğu, 1958-ci ildə isə Türyançay qoruğu təşkil edilmişdir. 1959-cu ildə “Azərbaycan SSR-nin təbiətinin mühafizəsi haqqında” qanunu qəbul edildikdən sonra Azərbaycanın Ali Sovetinin Rəyasət Heyəti tərəfindən ümumi sahəsi 46,8 min hektar olan daha 8 qoruq (Ordubad Dövlət Qoruğu, Qobustan, Pirqulu, Şirvan, Qarayazı, Ağgöl, İsmayıllı və İlisu qoruqları) təşkil edilmişdir. Beləliklə, 1930-cu ildə dövlət qoruqlarının sayı 3-ə, 1959-cu ildə - 5-ə, 1971-ci ildə - 8-ə, 1981-ci ildə - 12-yə, 1987-ci ildə - 13-ə, 1990-cı - 15-ə çatdırılmışdır. 2004-cü ildən isə artıq ümumi sahəsi 194.898 min ha (ölkə ərazisinin 2.28%-i) olan 13 qoruq, 4 milli park və 17 yasaqlıq mövcuddur. Böyük Qafqazda 6 (ümumi sahəsi 58.28 min ha), Kiçik Qafqazda - 3 (7.438 min ha), Talış dağlarında - 1 (2.9 min ha), Kür-Araz və Lənkəran ovalıqlarında – 4 (123.4 min ha) dövlət qoruğu yaradılıb. Azərbaycanda 2 qoruq (Qızılağac və Qobustan) - beynəlxalq, 12 qoruq - regional və 1 qoruq (Qaragöl) - ölkələrarası qoruq hesab olunur. Qobustan qoruğu Beynəlxalq turist marşrutunun tərkibinə daxildir. Respublikamızda turizmin inkişafına Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra nail olundu. 1991-ci ilin sentyabrında Xarici Turizm İdarəsinin yerinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Xarici Turizm Şurası yaradıldı. Azərbaycan Respublikasının dünya arenasına müstəqil çıxışı ölkə vətəndaşlarının beynəlxalq turist səfərlərinin sayının birdən-birə artmasına səbəb oldu. Lakin müstəqilliyin ilk illərində Ermənistan - Azərbaycan müharibəsi, ölkə daxilindəki iqtisadi və siyasi sabitliyin olmaması bu prosesi nisbətən ləngitmişdir. Bu dövrdə turizmin inkişafı üçün nəzərdə tutlan bir sıra layihələrin həyata keçirilməsi mümkün olmamışdır. Məsələn, 1992-1993-cü illər Sumqayıt şəhəri ilə Türkiyənin Mersin şəhəri arasında nəzərdə tutulan layihə kağız üzərində qalmış, Mersin şəhər rəhbərliyinin Sumqayıta səfərləri zamanı əldə olunmuş razılığın həyata keçirilməsinə 1993-cü ilin yayında baş verən hadisələr mane olmuşdur. Lakin bütün bunlara baxmayaraq əvvəl yaranmış əlaqələri bu dövrdə çətinliklə də olsa qoruyub saxlamaq mümkün olmuşdur. Məsələn, Azərbaycan üçün ən böhranlı dövrlərdən biri olan 1993-cü ilin iyun ayında belə bu proses dayanmamışdır. Bu dövrdə Sumqayıt şəhərinin 7 nəfərlik nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərinə dostluq görüşünə getmiş və əlaqələrin gələcək inkişafı üçün pazılıq əldə olunmuşdur. Sonrakı illərdə Lüdviqshafen – Sumqayıt əlaqələri müntəzəm olaraq inkişaf etmiş və bunun da nəticəsində Sumqayıtın 9-cu mikrorayon ərazisində Lüdviqshafen şəhərinin adını daşıyan park salınmışdır. 1995-ci ilin may ayında Bişkekdə atəşkəs barədə sazişin imzalanması və bundan sonra Azərbaycanın beynəlxalq layihələrə fəal qoşulması Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə geniş imkanlar yaratmaqla yanaşı beynəlxalq turizmin inkişafına da müsbət təsir göstərmişdir. Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması, Avropa İttifaqı ilə yaxın qonşuluq statusu əldə etməsi qərbə inteqrasiyaya müsbət təsir göstərmişdir. Ölkədə turizm resurslarının zənginliyini nəzərə alaraq ümumilli lider H.Əliyevin 18 aprel 2001-ci il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyinin təsis edilməsi bu sahədə gələcək perspektivlərin müəyyənləşməsinə təkan oldu (5,100). Turizmin inkişafında yeni bir mərhələ kimi qiymətləndirilən bu dövrdə ölkənin dünya turizm bazarına inteqrasiyası üçün çox böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilməyə başlanıldı. 2001-ci ilin sentyabrında Azərbaycan Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul olundu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə BMT İP arasında 2 aprel 2007-ci il tarixdə “Ölkə daxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə institusional yardım” müqaviləsi imzalanmışdır. Beynəlxalq aləmdə turizmin geniş yayılmış - hərbi-tarixi, təhsil, atçılıq, su (baydarka, katamaran, sal), dağ, ekologiya, işgüzar, idman, dini və digər formaları Azərbaycanda qərb ölkələrinin köməkliyi ilə inkişaf etməkdədir. Azərbaycanda son illər İsveçrənin köməkliyi ilə Qəbələdə dağ turizminin, daxili imkanlar hesabına Mingəçevirdə su turizminin inkişafına diqqət artırılmışdır. Bu yaxınlarda Quba və Qusar rayonlarının ərazisində, Şahdağın ətəklərində dəyəri 6 min nəfərə xidmət edəcək dağ xizəkçilik mərkəzlərinin istifadəyə verilməsi dağ turizminin daha da inkişafına kömək edəcəkdir. İdman sahəsində çempionatların keçirildiyi ölkələr turizmdən yüksək gəlirlər əldə edirlər. Məsələn, Almaniyada keçirilən futbol üzrə dünya çempionatı sayəsində bu ölkə turizmdən təqribən 3 milyard ABŞ dollarına yaxın vəsait əldə etmişdi. Son illər Azərbaycanda voleybol, futbol, güləş, boks və s. idman növləri üzrə beynəlxalq yarışların, o cümlədən Avropa çempionatlarının seçmə oyunlarının keçirilməsi idman turizminin inkişafı ilə yanaşı Azərbaycan – Avropa əlaqələrinə də müsbət təsir göstərir. Respublikanın dünya, Avropa çempionatları və olimpiya oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürməsi isə idman turizminin gələcəkdə daha da inkişaf edəcəyinə ümidləri artırır. Azərbaycanda son illər Avropa ölkələrinin köməkliyi ilə bir sıra xristian abidələrinin təmir edilməsi dini turizmin inkişafı ilə yanaşı Avropadan Azərbaycana gələn turistlərin sayının artmasına və Azərbaycanın Avropaya inteqrasiyasına müsbət təsir göstərir. Almaniyanın yardımı ilə Şəkinin Kiş kəndində bərpa olunmuş Alban kilsəsi və digər alban abidələri, bundan başqa Almaniya Texniki Əməkdaşlıq Bankının ayırdığı 250 min avro vəsait hesabına Xanlar rayonunda XIX əsrdə aid alman Lüteran kilsəsinin 2008-ci ilin fevralında təmirinin başa çatdırılması, açılış mərasimində Xanlar rayonu ilə Almaniyanın Badenburq şəhərlərinin qardaşlaşması ilə bağlı ilkin razılığın əldə olunması deyilənləri sübut edir. Hazırda Azərbaycan Respublikasında Turan Travel, STI Travel, Raena Travel, «Paşa Travel», Caspian Travel, “Orient Express” Travel & Rent a Car kompaniyası, Miray Travel, “Millennium Turizm, “Konqres DMC” MMC, MagicTur Travel Agency, “Caspian İnvest Commerce”, Yevroturizm, B.T.S. (Baku Travel Services), “Advent Tur”, “Azintertur” və s. turizm agentlikləri, şirkətlər və firmalar fəaliyyət göstərir. Respublikaya gələn turistlərə Bakı-Astara, Bakı-Qazax, Bakı-Balakən, Bakı-Qobustan, Bakı-Naxçıvan, Bakı-Balakən marşrutları üzrə xidmət təşkil olunur. Bakı-Şuşa marşrutu müvəqqəti fəaliyyətini dayandırmış, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra bu marşrutun fəaliyyətini davam etdirəcəyi nəzərdə tutulmuşdur. Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsi kimi aşağıdakı turizm marşrutları üzrə bərpa və təmir işləri həyata keçirilmişdir:

Turizm sahəsində dövlət siyasətinin davamı kimi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət Proqramı təkcə 2010-2014-cü illərin deyil, ölkədə turizm sahəsinin inkişafının uzunmüddətli strateci maraqlarını özündə ehtiva edir: «Proqramda nəzərdə tutulmuş problemlərin uğurlu həlli ölkəmizdə turizm sənayesinin və infrastrukturunun möhkəmlənməsinə, dövlət və bələdiyyə orqanlarının öz fəaliyyətlərini daha da gücləndirməsinə zəmin yaratmışdır. Sənəddə turizm şəbəkəsinin coğrafiyasının və mövcud qorunan obyektlərdən istifadə hüquqlarının müəyyənləşməsi, turizm fəaliyyətinə başlama, ərazilərin hüquqi tənzimlənməsi, nəzarətin təşkili üsullarının təkmilləşdirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur». Beləliklə, Azərbaycanda turizm sahəsində dövlət siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur və bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkan verir. Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm perspektivli və yüksək potensiallı sahə hesab edilir. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında baş verən dinamizm, inkişaf proporsiyaları, qanunauyğunluqlar regionların iqtisadi imkanlarına təsir edir. Ona görə də ölkə miqyasında sosial-iqtisadi siyasəti həyata keçirərkən turizmin regional xüsusiyyətləri nəzərə alınmalıdır. Turizmin regional xüsusiyyətləri dedikdə, onun yerləşməsi və planlaşması istiqamətlərində hər bir regionun iqtisadi potensialını iqtisadi dövriyyəyə cəlb etmək intensivliyi başa düşülür. Turizmin coğrafi iqtisadi mahiyyəti onun ərazi xüsusiyyətlərini formalaşdırır. Belə ki, regional iqtisadiyyat təbii coğrafi və tranzit şəraitindən asılıdır. Hər bir regionda müəyyən resurslar, onlardan istifadənin texnologiyaları, əhalisi və məskunlaşma problemləri mövcuddur. Buna görə də regionların hərtərəfli və kompleks inkişafı üçün onların resurs potensialı qiymətləndirilir, yeni iş yerlərinin açılması və müxtəlif fəaliyyət sahələrinin qurulması sosial-iqtisadi baxımdan əsaslandırılır. Regionların sosial iqtisadi inkişafı sosial demoqrafik vəziyyətin perspektivini müəyyənləşdirir. Məşğulluq səviyyəsi regionlarda nə qədər yuxarıdırsa, həmin regiona bir o qədər davamlı inkişaf xarakterikdir, məskunlaşma problemləri həll olur və regionların iqtisadiyyatının inkişafı daha dayanıqlı, müntəzəm artan və öz potensialına uyğun sahələrin inkişaf etdirilməsinə imkan yaradır. Məskunlaşma prosesi hər bir regionun kompleks inkişafının tərkib hissəsidir. Regionlarda iqtisadi potensialla əhali məşğulluğunun birgə inkişaf etdirilməsi iş qüvvəsinin qıtlığını azaldır, əhali miqrasiyasını minimuma endirir. Məskunlaşma həyat səviyyəsi və sosial infrastrukturanın inkişafı ilə bağlıdır. Müasir dövrdə aparılan siyasət dünyada və bizim respublikada islahatlar şəraitində regionların iqtisadi inkişaf səviyyəsini mərkəzlərin iqtisadi inkişaf səviyyəsinə çatdırmaqdan ibarətdir. Ancaq qeyd edək ki, bu yaxınlaşma optimal cəhətdən əlverişli, iqtisadi cəhətdən səmərəli və sosial durum baxımından effektli olmalıdır. Regionlarda bir sıra sosial obyektlər mülkiyyət formasından asılı olmayaraq əhali tələbatına uyğun olmalıdır və müəyyən sosial iqtisadi normativləri təmin etməlidir, o cümlədən səhiyyə obyektləri, təhsil müəssisələri, yol təsərrüfatı, enerci ehtiyatları, içməli su problemləri, telefon rabitələri normativlərə uyğun olmalıdır. Respublikamızda turizm sahəsi regional iqtisadiyyatın idarəetmə obyektidir. Bu məqsədlə sahə idarəetməsi, ərazi idarəetməsi və funksioanl idarəetmə prinsipləri uyğunlaşdırılır. Idarəetmə meyarı olaraq ərazidə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi, onların hərtərəfli inkişafı nəzərdə tutulur. Regionlarda turizm idarəçiliyi turizmin sfera kimi əsaslandırılması, onun yerləşməsi, turizm potensialının formalaşması və idarə olunması istiqamətlərini əhatə edir. Turizmin maraqları turistlərin, turist təşkilatlarının, sahibkarların və turizm obyektlərinin yerləşdiyi regionların marağını təmin edən prinsip əsasında idarə edilir. Turizm məhsulu turistlərin sosial demoqrafik proqnozu ilə əsaslandırılır və istehsal olnur. Turizm obyektləri mülkiyyət formasından asılı olmayaraq kommersiya maraqlarını da güdür. Turizm gəlirlərinin bir hissəsi mərkəzləşdirilmiş büdcəyə daxil olmalıdır. Turzmin təhlükəsizliyi, onun dövlət təminatı mərkəzi idarəetmə əsasında həyata keçirilir. Turizmin prioritet istiqamətləri hər bir ölkədə həmin ölkənin perspektiv strategiyasını əhatə edir. Turizmin inkişafı potensialının əsas hissəsi regionlarda olan siyasətlə bağlıdır. Regionların sosial iqtisadi inkişafı, əhalinin məskunlaşması dövlətlərin aparıcı himayəçilik obyektidir. Dövlət regiondaxili və regionlararası əlaqələri təkmilləşdirməklə sosial-iqtisadi inkişafı təmin edir. Dövlət və region münasibətləri müasir şəraitdə sərbəst bazar iqtisadiyyatına uyğun və dövlət tənzimləməsi yolu ilə əlaqələndirilir. Belə ki, mərkəzləşdirilmiş resurslar, maliyyə potensialı, iş qüvvəsi, bunların təkrar istehsalı üçün ümumi respublika potensialı, dövlət resursları və regionun xüsusi resurslarını artıran, onun istifadəsini təkmilləşdirən siyasət formalaşır. Regionların dövlət qarşısında öhdəlikləri, ümumi qlobal məqsədləri həyata keçirmək üçün həmin regionların resurslarından istifadə etmək məqsədi və öz daxili resurslarını səmərəli istifadə etmək üçün dövlətin resurslarını cəlb etmək məsələləri meydana çıxır. Regionlararası iqtisadi münasibətlər, təsərrüfat əlaqələri, infrastruktur şərikliyi hər bir regionun kompleks inkişafına şərait yaradır. Dövlətin regiona müdaxiləsi iqtisadiyyatdan daha çox sosial xarakter daşıyır. Belə ki, regionlarda təhsil, səhiyyə, mədəniyyət sahələri sahibkarlığa yardım, kömək və şərait, regionlara maliyyə dotasiyası, dəstəyi sosial xarakterli dövlət vəzifəsidir. Regionda mülkiyyət münasibətləri təbii resursların, kənd təsərrüfatının, torpağın, əhalinin müxtəlif təsərrüfat və mülkiyyət formalarından istifadəsi ilə reallaşır. Özəlləşmə, özəlləşmədən sonrakı inkişaf regionun iqtisadi maraqları üzərində qurulur. Regionda əmək bölgüsü dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyət üzərində qurulan məşğulluq əsasında formalaşır. Azərbaycanda torpaqların özəlləşməsi, onun uzunmüddətli istifadəyə verilməsi, bələdiyyə, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin turizmin inkişafına cəlb olunması hər bir regionda turizmin regional qiymətlərinin formalaşmasına səbəb olmuşdur. Dövlətin tənzimləmə siyasəti geri qalmış regionlara müəyyən müddət üçün ucuz kreditlər vermək, ayrı-ayrı regionların inkişafında sahibkarlığa dəstək yaratmaq və hər bir regionun social tələbatını ödəməkdən ibarətdir. Dövlətin regional siyasəti ilə turizm arasında qarşılıqlı əlaqə formaları sahə prinsipləri ilə və ərazi prinsiplərinin qovuşması ilə həll olur. (3,68). Dövlət tənzimləyici rolunu turizm və regional maraqların qovuşmasında həll edir. Tənzimləmə istehsal, bölgü və regionda istehlak sferasına yönəldilməklə istehsalın genişlənməsi yolu ilə dövlət gəlirlərinə daxil olan vergiləri artırmaq və regionda əhalinin gəlirlərini yüksəltmək məqsədini güdür. İstehsal yolu ilə bazar diktəsinə uyğun məşğulluq sahə növləri formalaşır. Istehsalın inkişafı infrastrukturproblemlərini həll edir. Belə ki, regionlarda turizmin inkişafı kənd təsərrüfatının, təbii sərvətlərin, ev təsərrüfatının, tikintinin, yol təsərüfatının inkişafına təsir edir. Turizm sosial- iqtisadi roluna və potensialına görə qiymətləndirildikdə Azərbaycanda perspektivli sayılan sahə hesab edilir. Dövlət birbaşa öz vəsaitləri hesabına turizm kompleksləri tikməklə, digər tərəfdən sahibkarlara kömək etmək yolu ilə yerli və xarici investorları turizmə cəlb etməklə inkişafa şərait yaratmış olur. Təbii ki, 1-ci yol dövlət gəlirlərinin yüksək olması ilə bağlıdır, həmçinin dövlət resurslarından səmərəli istifadə etmək lazımdır. Turizmin dövlət tənzimlənməsinin 2-ci yolundan istifadə etməklə inkişaf daha vacibdir. Bu zaman xarici turistlərə yönəldilən turist sənayesi məhsulu və xidməti əsas götürülür və turist bazarı genişlənir. Bu məqsədlə sahibkarlıq gəlirlərinin turizm məqsədilə istifadəsi rəqabət mühiti şəraitində daha səmərəli variant kimi qəbul olunur. Turizm sahibkarlığının digər sahibkarlıq sahələri ilə əlaqəsi daha genişdir. Şəhərlərdə və digər ölkələrdə olan investorlar bu sahədə sahibkarlıq mühiti yaradır. Sahibkarlıq turizm fəaliyyətində ayrı-ayrı kiçik sahibkarların birləşməsi ilə bağlıdır. Belə ki, otelçilik, ictimai iaşə, mənzil tikintisi, kommunal təsərrüfat vahid turist ərazisində birləşə və öz vəsaitlərini birgə istifadə edə bilir. Bu məqsədlə sahibkarlıq mühiti yaradılır. Hər bir regionun iqtisadi durumu onun məhsuldar qüvvələrinin ərazi və sahə quruluşu, yerləşməsi istifadə dərəcəsi son nəticədə bütün sosial sferanın və onun əsas göstəricisi olan rekreasiya tələbatını, turizm xidmətini müəyyənləşdirir. Azərbaycanda mövcud coğrafi-iqtisadi potensial, transformasiya sürəti və bütövlükdə iqtisadi və təbii əhali artımı turizmin inkişafı üçün bazar xüsusiyyətlərinə uyğun amillər və nəticələr formalaşdırır. Respublikada əhalinin kənd yerlərində yaşaması, sahibkarlığın kənd yerlərində inkişaf zərurəti, turizm yolu ilə mümkünlüyü onun əsas obyektivliyini təmin edir. Regionların kompleks inkişafına turizmin təsiri qarşılıqlı əlaqədə həll edilir. Turizmin sahələrinin seçilməsi hər bir bölgə üçün potensiala uyğunlaşdırılır. Turizm növünün səmərəliliyi çox meyarlı fəaliyyət və proqnozlara görə müəyyənləşir. Burada sosial meyarlar mühüm əhəmiyyətə malikdir. Turizm Azərbaycan əhalisi üçün son illərdə məskunlaşma və təbii, coğrafi şəraitin intensiv istifadəsi şəraitində daha aktual sahəyə çevrilmişdir. Məskunlaşmanın region prioritetliyi mövcud olan dövrlərdə kənd turizmi, yerli təbii-iqlim şəraitinən istifadə etməklə daha geniş yer tutmuşdur. Əhalinin rifahının dəyişməsi onların bir sıra ənənəvi tələbatının ödənilməsi, yeni daha çox dünya dəyərlərinə uyğun tələbat növünün artmasına səbəb olmuşdur. Bazar iqtisadiyyatı şəraitində turizmin inkişafının yeni tip modelləri və əsas əlamətləri yaranır. Bu əlamətlər müxtəlif ölkələrdə eyni formada həll olunmur. Onun region xüsusiyyətləri, birbaşa sahibkarlıq, biznes, maliyyələşdirmə xüsusiyyətləri ilə əlaqəli dəyişir. Azərbaycanda turizmin inkişafı, onun formalaşması ətaləti daha çox psixoloci seqmentlərdən asılıdır. Turizmin inkişafı xarici turistlərin istifadəsi üçün layihələndirilməsi və proqnozlaşdırılması daha əməli və tez başa gələn transformasiya modeli olsa da, əhalinin turist xidməti üçün hazırlanması və onun şəraitinin yaxşılaşdırılması ətalətli və əhali arasında təbliğat işinin yeniləşməsi ilə baş verə bilər. Əhalinin turizm tələbatı, respublikada daimi yaşayanların və pespublikaya gələnlərin ehtiyaclarını nəzərə almaqla reallaşdırılır. Turizmin Azərbaycan Respublikası əhalisi üçün genişlənməsi, əhalinin məşğulluğu, onların maddi rifahı və sosial-demoqrafik tərkibi ilə respublikada işləyən xarici vətəndaşların ümumi sayı onların həyat tərzinə uyğun turist elementlərinin seçilməsi ilə mümkündür. Turizmin respublikada spesifik xüsusiyyəti, ölkədə olan təbii vəsaitlərin iqtisadi dövriyyəyə cəlb edilməsi dərəcəsi və onların marketinq quruluşunun dəyişilməsi ilə həmçinin, respublikada ənənəvi olan turist sənayesinin, milli nemətlərə olan arxitektura, əyləncə və mədəniyyət obyektlərinin milli xərcləri və Avropa ilə Şərq sistemində formalaşmış xidmət və ictimai iaşə müəssisələrinin mövcud vəziyyəti və perspektivi ilə bağlı olaraq dərinləşir. Ona görə də miras qalmış ənənəvi teatr, mədəniyyət, incəsənət əsərlərinin yeni səpgidə qurulması, mənzil və məişət şəraitinin yüksək standartlara uyğunluğu və turist zövqünə uyğun dəyişdirilməsi psixoloci amil olaraq, onun inkişafına şərait yaradır. Turizmin dinamikası onun əsas istiqamətləri, respublika iqtisadiyyatında, ictimai-siyasi, mədəni quruculuqda baş verən keyfiyyət dəyişmələri və dünya standartlarına uyğun təşkilati-iqtisadi tədbirlərin hazırlanması, həyata keçirilməsi ilə ölçülür. Azərbaycan Respublikasının müstəqilliyi və dünya iqtisadiyyatına inteqrasiyası, neft strategiyası və beynəlxalq layihələrin respublikada aparıcı iqtisadi həlqəyə çevrilməsi turizmin inkişafına zərurəti artırdı, onun subyektlərinin və istehlakçılarının panaramasını dəyişdi. Turizmin bazar iqtisadiyyatı şəraitində yeni mülkiyyətçiləri, kapital və resurs təminatçıları, hüquqi və fiziki şəxs kimi turizm bazarında öz turizm məhsulu və onun istifadəsi kimi elementləri meydana çıxır. Ona görə də turizm sahəsində qərar qəbulu, planlaşma, tənzimləmə və idarəetmə siyasəti, onun sərbəst və bir sıra sosial məqsədli qlobal və lokal meyarların əsasında inkişafı imkanları yaranır. Turizm artıq potensial imkandan iqtisadi və sosial dövriyyəyə cəlb olunan aktiv dövlət siyasətinin tərkib hissəsinə çevrilir və inkişaf edir. Azərbaycan Respublikasının potensial şəraiti və onun bazar iqtisadiyyatına transformasiyasının turizmin inkişafında özünəməxsus xüsusiyyətləri yaradır. Turizmin inkişafındakı konsilidasiya həmçinin fərdiyyətçilik və təşəbbüskarlıq cəhdləri yaradır. Belə ki, respublikaya investisiya axının ümumi həcmi, onun infrastruktur sferasına istiqamətlənməsi, böyük turist layihələri üçün əsas yaradır. Turizmin əsas sahibkarlıq şəriatində inkişafı, fərdi kapitalın bu sahəyə yönəldilməsinə, daha çox respublika daxili təbii sərvətlərin istifadəsi üçün istirahət və xidmət mərkəzlərinin yaradılmasına səbəb olur. Torpaqların əhaliyə paylanması nəticəsi olaraq bir sıra təbii cəhətdən əlverişli şəraiti olan regionlarda sahibkarlıq obyekti kimi turizm obyektləri inkişaf edir. Turizm sferası insan zövgünü, insanın müəyyən ünvanlı ehtiyaclarını ödəmək üçün formalaşdığı və sahə, ərazi strukturuna malik olduğu üçün onun əməli və çevik dəyişdirilməsi ani halda baş vermir. Belə ki, turizmin əsas motivi respublikada əhalinin məşğulluğu, onun ailə daxili həyat tərzi ilə bağlıdır. Şəhər aqlomerasiyası və məskunlaşma problemləri regionlarda və kənd ərazisində turizmin inkişafına təsir edir. Daha çox xarakterik cəhət dağ regionlarında əhalinin məskunlaşması, kəndin və şəhərin ərzaq təminatında əlaqəli və infrastruktur sahələri vahid turizm xidməti üçün şərait yaradır. Kəndin kompleks iqtisadi və sosial inkişaf şəraiti uyğun olaraq turizm müəssisələri və turizm planlaşmasında rəqabət mühiti yaradır. Daha çox səmərəli turizm fəaliyyəti rəqabətə davamlı strategiya olaraq inkişaf edir. Kənd əhalisinin təbii artımı, məskunlaşma dərəcəsi, məşğulluq və gəlirlər turizmin səviyyəsini müəyyənləşdirir. Kənd əhalisinin yoxsulluq səviyyəsi, təminatı və yuxarı təminatı olan insanların sayı turizmin inkişafı üçün xərc strukturunu, investisiya mənbəyi olan gəlirləri, ev təsərrüfatını inkişaf etdirən yığım və maliyyə təminatını, kənddə baş verən istehlak strukturunu formalaşdırır. Kənd yerlərində və kənd təsərrüfatında xüsusi sahibkarlıq fəaliyyəti turizmin inkişafı üçün bazar tələbi və təklifinin formalaşma mənbələri kimi çıxış edir. Kənd regionlarında ev təsərrüfatlarının və fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayının artması əmtəə və xidmət bazarındakı istehlak sferasında natural təsərrüfatların rolunu artırır. Azərbaycan kəndinin turizm fəaliyyəti sahəsində rolunun genişlənməsi üçün bütün imkanları əsas iki istiqamətdə qruplaşdırmaq olar: 1. Təbii artımın, orta ömür səviyyəsinin yüksək olması insan inkişafı indeksinin yuxarı olmasına, bununla da davamlı turizm inkişaf strategiyası amilinin formalaşmasına səbəb olur. 2. Kənd yerlərində yerli təsərrüfat üçün bütün ailə üzvlərinin turizm dövriyyəsinə cəlb edilməsi, onların məcmuu gəlirlərini artırır.

Turizmin inkişafının ərazi təşkili vahid turizm komplekslərinin yaradılması ilə baş verir. Turizm sferasında əmək bölgüsü biri-birini tamamlayan kompleks fəaliyyətlərin və şəraitlərin məcmuu kimi sistem halında formalaşır. Bu sistemin formalaşması mülkiyyət forması, təşkilati quruluşu və məqsədlərindən asılı olmayaraq ictimai əmək bölgüsünün ən əlverişli əlaqə formasını proqnozlaşdırmaq, uyğun resurs təminatı yaratmaq metodlarına uyğunlaşdırılır. Turizmin kənd təsərrüfatı kompleksində idarə olunma obyekti olaraq tənzimlənməsinin mexanizmləri tərtib olunur. Kəndə sosial-iqtisadi vəziyyətin, respublikada tarazlı inkişafın ərazi strukturu kimi baxmaqla kəndin perspektiv tədbirlər planı hazırlanır. Daha çox büdcə-maliyyə və iqtisadiyyata yardım konsepsiyası, hər bir səmərəli sosial nəticəyə uyğun islahatlaşma həyata keçirilir. Bu baxımdan dövlət büdcəsinin gəlirlərinin formalaşmasında kəndin ərazisi üçün xərclərin artırılması məqsədi ilə vergilər azaldılır və yaxud ayrı-ayrı xərclər üçün güzəştlər verilir. Kənd təsərrüfatında yalnız torpaq və əmlak vergisinin saxlanılması və onların yerli büdcəyə daxil olması həmin ərazilərin kompleks inkişafı üçün şərait yaradır. Azərbaycan Respublikasının dövlət büdcəsinin xərc strukturunda müdafiə olunan xərclərin artırılması, sahibkarlığa kömək fondunun artırılması, onun istifadəsi istiqamətlərinin genişlənməsi turizmin inkişafı üçün kəndin və kənd təsərrüfatının rolunu artırır. Kənd əhalisinin məşğulluğunun əsas istiqamətini ev təsərrüfatı və xidmət sferası təşkil edir. Daha çevik bazar tələbatına əsaslanan ev təsərrüfatı əmlakın strukturu ilə səciyyələnir. Daha çox xarakterik cəhəti natural istehlak üçün təsərrüfatdan alınan məhsullar və satış üçün bazara çıxan məhsullar təşkil edir. O cümlədən, liberallaşma səviyyəsi yuxarı olan ev təsərrüfatı, sahibkarlıq fəaliyyəti və fərdi xidmət yerli tələbata və əraziyə gələn turistlərin tələbatına uyğun təkmilləşir. Turizmin inkişafı kənd əhalisinin yerli turizm müəssisələrinə üstünlük verməsi ilə səciyyələnir. Çünki mövsümü xarakterdə olan kənd təsərrüfatı və yaxud kənd əhalisinin məşğulluğunun digər növləri respublikadan kənarda deyil yaxın radiusda turizm xidmətindən istifadə edilməsini zəruriləşdirir. Xaricə axın kənd əhalisinin əldə etdiyi nominal gəlirlər və xərclər ilə müəyyənləşir. Kənd əhalisinin nəğd pulla təchizat imkanları şəhər və ölkə ilə müqayisədə xeyli aşağıdır. Ona görə də kənd əhalisi bir sıra müalicə və istirahət tələbatını ölkə daxilində reallaşdırır. Kəndin özündə turizm tələbatı, onun ödənilməsi formaları inkişaf səviyyəsinə görə geri qalır. Kəndin sosial problemlərinin həllinin əsas istiqamətlərini əhalinin məşğulluğu, hər bir ailənin məcmuu gəlirlərinin artırılmasına yaradılan şərait, həmçinin kəndin infrastruktur sahələrinin, o cümlədən təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına yaradılan şərait təşkil edir. Kəndin perspektiv inkişafı həmin sahələrin sosial xidmətlərinin əsas istiqamətlərinin bazar iqtisadiyyatı şəraitində davamlı inkişafı və uyğun olaraq kənddə məskunlaşma şəraitinin genişlənməsi yolu ilə mümkün olur. Turizm sahəsi kəndin və kənd əhalisinin inteqrasiya sisteminə daxil olması, kəndin kompleks inkişafnda inteqrasiya amilinin istifadə olunması və həmçinin sosial-mədəni mərkəzlər olaraq milli və tarixi dəyərlərin qorunması və onun istifadəsi yollarının tənzimlənməsi ilə intensivləşir. Turizmin və kəndin qarşılıqlı əlaqəsi təsərrüfat və təşkilatı quruluşu, uyğun olaraq müasir şəraitdə strateci və lokal maraqların həlli ilə baş verir. Dövlətin sosial siyasətinin tərkib hissəsi olan turizmin inkişafı, müəyyən sosial-iqtisadi problemlərin həlli baxımından praktiki əhəmiyyət kəsb edir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial ehtiyaclarını ödəmək baxımından turizmin inkişafı üçün obyektiv iqtisadi potensial və dövlət təminatı normal səviyyədədir. Turizmin inkişafının sosial- iqtisadi nəticələri aşağıdakı istiqamətlərdə reallaşır: - sosial infrastrukturun inkişafı ; - ölkə iqtisadiyyatında regionların kompleks inkişafı, onların iqtisadi potensialının dövriyyəyə cəlb olunması və əhalinin məskunlaşması; - regionlarda əhalinin yoxsulluğunun azaldılması ; - ev təsərrüfatında məşğulluğun artırılması ; - əhalinin səmərəli istirahətinin təmin edilməsi ; Turizm və kənd təsərrüfatı arasında qarşılıqlı əlaqə, kənd təsərrüfatı potensialının turizm dövriyyəsi və bazarı prizmasından tədqiqi və proqnozu uyğun metodiki və konseptual elmi prinsiplər üzərində qurulur.Turizmin inkişafı kəndin sosial-iqtisadi problemlərinin həlli üçün əsas meyar və göstəricilər formalaşdırır, kəndin sosial inkişafı və kənd əhalisinin iqtisadi və sosial problemlərini həll edir. Regionlarda infrastruktur layihələri yollar, mehmanxanalar, turist bazaları olimpiya kompleksləri, aeroportlar tikilməsi, mədəni–tarixi abidələrin qorunması və bərpası istiqamətində əldə olunan nəticələr turizm təsərrüfatı üçün infrastruktur bazası rolunu oynayır. Regionların iş şəraitinin yaxşılaşması, əhalinin məşğulluğunun artım sürəti və onların sahibkarlıq fəaliyyəti kimi resurslarından istifadə yolları turizmin inkişafına stimullar yaradır. Turizmin regional xüsusiyyətləri və ayrı-ayrı sahə potensialına əsaslanan inkişaf meyilləri bu sahənin idarə olunması aspektlərini formalaşdırır.

Dövlətin turizm sahəsinin inkişafına əsas dəstəyi qanunlar və proqram xarakterli tədbirlər yolu ilə həyata keçirilir. Dövlət tənzimlənməsi dövlətin mexanizmləri və ayrı-ayrı sahə və ərazi prioritetlərini nəzərə almaqla reallaşır.

Ədəbiyyat siyahısı.

1. Əlirzayev Ə.Q., Aslanova S.İ. Turizmin inkişafının sosial-

iqtisadi problemləri. Bakı: Adiloglu, 2006, 164 s.

2. Mahmudov M.M., Mahmudov İ.M. Region iqtisadiyyatının tənzimlənməsi. Bakı: Maarif, 2001,

430 s.

3. Məmmədov Z.S. Regionların iqtisadi inkişaf



problemləri. Bakı :Elm, 2007, 169 s.

4.Yeganlı S.T., Hacıyev E.M. Turizm(Dərs vəsaiti).Bakı:Təhsil,2006,323 s.

5. Hüseynov İ., Əfəndiyeva N. Turizmin əsasları(Dərslik).Bakı,2007,442 s.

6. Биржаков М.Б. Введение в туризм. М. - СПб. Герда, 2000.

7. Салманов А.А. Стратегия развития Международного туризма в Азербайджане. Баку, 1997.7.

8. Балабанов И.Т., Балабанов А.И. Экономика туризма (учеб-

ное пособие). М., Финансы и статистика, 2000.

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə