AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə7/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Yadigar Türkel

Fəlsəfə üzrə fəlsəfə doktoru
LİDERLİK VƏ SİYASİ ELİTA: NƏZƏRİ VƏ PRAKTİK YANAŞMA

İctimai inkişafın müasir mərhələsi siyasətin, eləcə də bu sahədə liderlik və siyasi elitaların rolunun artması ilə səciyyələnir. O, bu gün cəmiyyət həyatının bütün sferalarını əhatə edir və onların rolunun artması bilavasitə özünə xas olan konkret səbəblərdən irəli gəlir. Lakin həmin prosesi səciyyələndirən ümumi səbəblər də mövcuddur. Bu, onunla əlaqədardır ki, cəmiyyətin iqtisadi, sosial və mənəvi problemləri hazırda qlobal xarakter daşıyır, onlar bir tərəfdən daha da qarşılıqlı əlaqə, digər tərəfdən isə qarşılıqlı asılılıq kəsb edir. Paradoksal görünməsə də siyasi elitaların rolu xalqlar arasında əlaqələrin möhkəmlənməsi ilə yanaşı, ,,qloballaşdırma” prosesində yerli vətənpərvərlik dalğası və şəxsi mədəniyyətə maraq hissi oyadır. Şübhəsiz, burda söhbət milli elitaların öyrənilməsi problemini aktual edir. Bu problem siyasi elmin elə sahəsi hesab olunur ki, ən mühüm ictimai problemlər burada təmərküzləşir və mənalandırılır, onların həlli yolları yalnız məhz bu sferada işlənib hazırlanır. Postsovet dövrünün yeniliklərini təhlil edən Zbiqnev Bcezinski bu problemə arqumentli şəkildə toxunur: ,, Hakimiyyətdə olan milli elitalar getdikcə daha çox etiraf edirlər ki, dövlətin milli statusunun və ya bu dövlətin beynəlxalq təsirinin səviyyəsinin müəyyən olunmasında ərazi deyil, başqa faktorlar daha prinsipial səciyyyə daşıyır” (5,s.58). Digər tərəfdən, siyasətin özündə əhəmiyyətli dəyişikliklər baş verir. Bir yandan o kütləviləşir, vaxtilə cəmiyyətin seçmə üzvlərinin peşəsi olduğu halda, indi əhalinin bütün təbəqələrini əhatə edir. Odur ki, siyasi elitaların formalaşması prosesi cəmiyyət həyatının bütün sahələrinə getdikcə daha geniş nüfuz edir, iqtisadi, sosial, mənəvi inkişafın güclü amilinə çevrilir. Odur ki, həm cəmiyyətin həyatında, həm də siyasət sahəsində baş verən mühüm dəyişikliklər sosial fəaliyyət növü kimi siyasətə və siyasi elitaya diqqəti artırır. Siyasiə elitaların cəmiyyət üzvlərində siyasətə, siyasi proseslərə marağı gücləndirməsi onların siyasət, dövlət və onun fəaliyyət prinsipi haqqında biliklərinin, təsəvvürlərinin zənginləşdirilməsinə ehtiyacını da artırır. Vətəndaşların siyasi mədəniyyətinin yüksəldilməsi, onların siyasi hadisələrin və proseslərin fəal iştirakçıları kimi tərbiyə edilməsi hər bir cəmiyyyətin seçilmiş elitar təbəqəsinin və eləcə də dövlətin başlıca vəzifələrindəndir. Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, XXl əsrdə bəşəriyyətin inkişaf strategiyasını xeyli dərəcədə məhz qloballaşma müəyyənləşdirəcəkdir. Bu, BMT-nin 8 sentyabr 2000-ci il Minilliyin zirvə görüşünün bəyənnaməsində öz əksini belə tapıb: ,,Qloballaşma yalnız bütün müxtəlifliyi ilə bəşər nəslinə mənsubluğumuza əsaslanan ümumi gələcəyin formalaşdırılması sahəsində irimiqyaslı və təkidli səylərimiz sayəsində tam, hərtərəfli və ədalətli xarakter ala bilər”(3,s.121). Məhz bu baxımdan, qloballaşma prosesləri kontekstində ölkəmizin inkişafı ilə bağlı problemlərin nəzərdən keçirilməsi politologiya elmi qarşısında da mühüm vəzifələr qoyur. Belə ki, Azərbaycanda siyasi hakimiyyətin resursları və daşıyıcılarının - liderlərin və siyasi elitanın formalaşması probleminin tədqiqat obyektinə çevrilməsi qoyulan problemlər sırasında ən mühümlərindən biridir. Liderlik və elita öz-özlüyündə qeyri-bərabərlik fenomenidir. Bu problemin siyasi cəhətlərinin öyrənilməsində onun subyekti və obyektinin vəziyyətindən və imkanlarından çıxış edərək belə bir qənaətə gəlmək olar: bir qrup idarə etmək hüququna malikdirsə, digərləri tabeçilikdə olmağa məhkumdur. Bu qeyri-bərabərlik müxtəlif vasitələr sistemi ilə müdafiə olunur və nəticə etibarilə, siyasi hakimiyyət həyata keçirilir. Siyasi hakimiyyətin əsas daşıyıcılarından hesab olunmaqla elita təsisatı hər bir sivil cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Qeyd edək ki, mürəkkəb mütəşəkkil sosial sistemdə daim qrupların, sistem daxilində insan fəaliyyətinin formalarının coxcəhətli qarşılıqlı fəaliyyətlə səciyyələnən vəziyyəti nəzərə çarpır. Bu, insanların peşəkar surətdə idarə edənlərə ayrılmasını şərtləndirir. Onlar ən mühüm siyasi qərarları qəbul etməklə, əhalinin müxtəlif qruplarının mənafelərinin uzlaşdırılmasını, kütlələrin sosial dəyişiklərdə iştirakı formalarını müəyyənləşdirir. Deməli, elitarlıq gələcəkdə də saxlanılacaq. Bundan əlavə cəmiyyətin elitarlığına qarşı mübarizə, obyektiv olaraq tərəqqiyə istiqamətlənən cəmiyyətin özünə ziyan vurur. Elitarlığın inkarı hər bir cəmiyyətdə real mövcud olan siyasi qeyri-bərabərliyin ört-basdır edilməsidir və bununla belə, elita üzərində demokratik nəzarət imkanlarını məhdudlaşdırır. Eləcə də bütün vətəndaşların bərabər səviyyədə hakimiyyətdə təmsil olunması illuziyası cəmiyyyətin elitaya keyfiyyətcə əsil ləyaqətli və səriştəli insanların seçilməsi məsələsinə diqqətini zəiflədir və hakimiyyətə fırıldaqçıların gəlməsinə imkan yaradır və cəmiyyətin istibdad elitasına tabeçiliyi təhlükəsini yaradır. Bu vəziyyət elita ilə mübarizənin deyil, elitaya seçim sisteminin təkmilləşdirilməsinin zəruriliyini sübut edir. Liderlik politologiyada insanlar və sosial qruplar arasındakı münasibətləri tənzimləyən mexanizmdir. Onun mahiyyəti dominantlıq, tabeçilik, təsir və təbliğat qurmaqdır. Siyasi liderliyi başa düşmək üçün onun təbiətini və mahiyyətini açmaq lazımdır (2,s.110). Bu sahədə üstünlük xarici politoloqlara məxsusdur. Burada ümumi xətt siyasi liderin xarakterinin təhlil olunmağa başlanması idi. Xarakter nəzəriyyəsi qanunauyğunluğu ideal liderlərdən - ,, qəhrəmanlardan” başlayır. Burada vacib rolu ingilis alimi XIX əsrdə yaşamış F. Qalton oynamışdır. O, psixoloq və antropoloq idi. F.Qalton bioloci qanunları insan cəmiyyətinə uyğunlaşdırmağa çalışmışdır. Siyasi liderin arzu olunan və vacib olan xarakterlərini toplamaq onun əsas məqsədi idi. Siyasi rəhbərlərin empirik xüsusiyyətlərini ümumiləşdirmək lazımi nəticəni verməmişdir. Bu istiqamətdə digər alim R.Stoqdill də 124 lideri araşdırdıqdan sonra böyük müxtəlifliklərlə qarşılaşmışdır. Nəticədə heç bir xarakterlə alimlər razılaşmamışdır. Onlar əsasən liderin ağıl, iradə və prinsipiallıq kimi keyfiyyətlər hesabına önə çıxdıqlarını iddia etmişlər.Belə ki, 1) Bəzi alimlər iddia edirdilər ki, prinsipial insanlar kütləvi çıxışlara qarşı çıxa bilir, amma əsl lider qruplaşmaların və çoxluğun istəklərinə qarşı geri çəkilməyi bacarmalıdır. 2) İkinci qrup alimlər şəxsi keyfiyyətlərlə iş prosesində və ya siyasi qərarların qəbulu zamanı liderin keyfiyyətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini və ayrı öyrənilməsini lazım bilirlər. “Xarakter nəzəriyyəsi” tərəfdarları daha çox bunun fərqindədirlər(3, s.75). Qeyd edək ki, bu nəzəriyyə tərəfdarlarını liderlik axtarışında ikinci dalğa hesab edirlər. Onlar deyirlər ki, liderin davranışı vəziyyətdən asılıdır. Amerika politoloqu J.Ceninqs bunu belə şərh edirdi ki, ,,əgər vəziyyət Napoleon üçün yetişməyibsə, onda Napoleon vəziyyət üçün yetişir". Bu, o deməkdir ki, böyük lider vəziyyəti hiss edir və onu öz xeyrinə dəyişdirməyi bacarır. 3) Üçüncü qrup alimlərin isə nəzəriyyələrində liderin şəxsi keyfiyyətlərini yox, onun davranışlarının aparıcı rolu təhlil olunur.Belə ki, burada qruplar onlara xoş gələn lideri seçir və həmin lider o qrupun psixologiyasını bilavasitə ehtiva edir. Əslində, onlar da belə vəziyyətin liderin sərbəst fəaliyyətini məhdudlaşdırdığını və ümumiyyətlə liderlik prinsiplərinə mənfi təsir göstərdiyini qeyd edirlər. Əsas səbəb kimi də müasir dövrdə liderliyin zəifləməsinə işarə edirlər. Müasir avropalılar isə liderliyi çoxşaxəli şəkildə qeyd edirlər. Burada: a) Liderin öz xarakteri; b) Onun seçicilərinin xüsusiyyətləri; c) Seçicilərlə qarşılıqlı əlaqəsi; d) Porodoksal vəziyyətlərdə özünü aparmaq keyfiyyətləri; Ona görə də liderliyi şəxsiləşdirmək olmaz. Siyasi lider siyasi proseslərin həm subyekti, həm də obyektidir.Məsələn, subyekt kimi demokratik hərəkatın başına keçə bilər. Cəmiyyət və onu irəli sürənlərin maraqlarını ehtiva edər.Lakin, bunlarla yanaşı o, hakimiyyətə nail olur və bütün resursları səfərbər edir. Həm də siyasi lider siyasi proseslərin obyektidir. Tarixdən məlumdur ki, müxtəlif zamanlarda siniflərin siyasi liderlərə ehtiyacı olub. Qeyd olunmalıdır ki, lider cəmiyyətin tələblərinə və maraqlarına cavab vermək lazım gələndə, onlara güzəştə getməyi bacarmalıdır. Siyasi liderlər müəyyən əlamətlərə malik olurlar: 1. Özünün siyasi proqramı olmalı və onu reallaşdırmalıdır. 2. Lider məşhur nüfuz və məsuliyyət kimi keyfiyyətlər daşımalıdır. O kəslər ki, bu məsuliyyəti öhdəsinə götürə bilir və lider rolunda çıxış edir, məhz onları əsl lider adlandırmaq olar. Lider müxtəlif siniflərin mənafeyini ehtiva edir.Adətən, keçid dövrlərində siyasi liderə böyük ehtiyac duyulur. Çünki bu zamanlarda cəmiyyətə düzgün və vacib qərarlar qəbul olunması lazım olur. Liderin əsas vəzifəsi aktivlik yaratmaq, passivliyi aradan qaldırmaq və kütləni mövcud problemin həllinə cəlb etməkdir. Siyasi lider qəddar olmamalıdır. Bununla yanaşı siyasi lider aşağıdakı keyfiyyətlərə malik olmalıdır: — Bu və ya digər qrupun fikirlərini ifadə etmək və bu fikri müdafiə etmək və ya nəzərə almaq;—Cəmiyyətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdır. Elə bu keyfiyyət də ona nüfuz qazandırır; — İnsanların aktivliyini təşkil etmək; —Rabitəlilik və natiqlik qabiliyyəti; — Yüksək siyasi mədəniyyət; —Parlaq şəxsiyyət, mərifət, dürüstlük, nəzakətlilik kimi yüksək mənəvi keyfiyyətlərə sahib olmalıdır; — Siyasi liderin proqramı olmalıdır və bunu yerinə yetirməlidir. Eyni zamanda şəxsi keyfiyyətləri, yəni iradəli, məqsədyönlü və möhkəm olmalıdır; — Məşhurluq, kütləni ələ almaq və s. Lider doğulmurlar, olurlar. Onları səlahiyyətləri yetişdirir (4, 127). Liderlər o kəslər olur ki, kütlənin maraqlarına cavab verir. Liderlərin yerinə yetirdiyi funksiyaların həcmindən asılı olaraq müxtəlif tipologiyalara ayırmaq olar. Lider sözündən nə başa düşülür. M.Veber belə izah edir: 1. Ənənəvi lider. inam və ənənəyə sadiqlik əsasında (məsələn, böyük oğul atanın ölümündən sonra hakimiyyətə gəlir); 2. Rasional - leqal liderlər. Qayda – qanun və inam əsasında. Lider burada fərd kimi yox, bütöv, tam kimi çıxış edir; 3. Xarizmatik lider. İnam və liderin fövqəltəbii xüsusiyyətinə əsaslanır. Belə liderlər "magik qüvvələrə malik olurlar.

Siyasi lider fəaliyyət tipinə görə avtoritar və demokratik stillərə bölünür. Avtoritar liderlər hakimiyyətdə monopoliyaya malik olmaq istəyir. Onun əsas silahı, sərt tələblər və cəza tədbirləridir. Demokratik liderlər əməkdaşlığa, qrup nümayəndələrini maksimal iştirakını təmin etməyə səy göstərir. Fəaliyyət tipinə görə aşağıdakı qruplara bölünür:

1.Universallıq əsasən liderlərdə həmişə müşahidə olunur. 2.Vəziyyətdən çıxmaq, müxtəlif vəziyyətlər zamanı öz peşəkarlığı sayəsində düzgün qərar çıxarır.

Mahiyyətinə görə: a) Lider - ruhlandıran davranışları proqramlaşdıran, layihələndirən; b) Lider - idarə edən, təşkilatçı, verilən proqrama əsasən hərəkət edir; c) Lider - həm ruhlandırır həm də icra edir. Növlərinə görə liderlər rəsmi və qeyri-rəsmi qruplara bölünür. Rəsmi liderlər rəhbərləri təyin edir, qeyri-rəsmi liderlər şəxsi münasibətlər zamanı yaranır. Onlar bir-birini tamamlayır (5,s.79). Nüfuzlu rəhbərlər qarşısında hesabat verir, ya da aralarında münaqişələr yaranır və işin effektivliyi azalır. Politoloqlar adətən individual liderləri və onların davranışlarını kollektiv liderlərdən ayırırlar.



Яэяр яввялляр политоложи тядгигатларда «лидерликдян», «халг кцтляляринин ролундан» данышылырдыса, инди апарыъы ролу елита ойнайыр. Son on illiklərdə elita termini sosial və siyasi elmi dilə daxil olmuş, həmçinin ümumi ünsiyyət zamanı da geniş istifadə olunmağa başlamışdır. Termin latınca eligere və fransızca elite – yaxşı seçilmiş, ayrılmış mənasını ifadə edir. XVII əsrin əvvəllərində yüksək keyfiyyətli mallara, sonradaн «seçilmiş insanlar» ilk öncədə yüksək zadəganlara aid edilmişdir. İngiltərədə Oksford lüğətinə görə bu söz 1823-cü ildə ierarxiya cəmiyyətində yüksək sosial qruplara aid edilmişdir. Sonradan bu söz genetikada, biologiya və digər tibbi-elmi qanunlarda istifadə olundu. Ümumi elmi terminologiyada elita XIX əsrin sonu – XX əsrin əvvəllərində, (V.Paretonun işi meydana çıxana qədər) ABŞ-da isə bizim əsrin 30-cu illərinə qədər geniş istifadə olunmamışdır. Əgər elita anlayışı haqqında müxtəlif nöqteyi-nəzərləri gözdən keçirsək çox geniş mənzərə ortaya çıxır. Elitada nəzərdə tutulur: 1) onların fəaliyyət individuallığı (V.Pareto); 2) daha aktiv siyasi münasibətlərdə cəmləşmiş insanlar – cəmiyyətin təşkilatlanmış azlığı (Q.Moska); 3) cəmiyyətdə böyük nüfuza, var-dövlətə, statusa malik insanlar (Q.Lassuell); 4) kütlə üzərində statusundan asılı olmayaraq yüksək intellektə, mənəviyyata malik şəxslər (J. Boden); 5) yüksək həsaslığa malik olanlar (X.Orteqa- и- Qasset); 6) hakim vəzifələrə malik şəxslər (A.Etsioni); 7) təşkilatlarda və inistitutlarda rəsmi olan, sosial həyatı təyin edən insanlar (T.Day); 8) cəmiyyətdə vacib funksiyaları yerinə yetirən, yüksək çəkiyə və təsirə malik azlıq (S.Keller); 9) «İlahidən ilhamlanmış» («yüksək çağırışa» səs verən (L.Freynd)); 10) harizmatik şəxslər (М.Veber); 11) qeyri-mədəni çoxluğa qarşı duran mədəni azlıq (A.Toynbi); 12) siyasi, iqtisadi, mədəni sahədə aparıcı vəzifələr tutan şəxslər bir sözlə elitar plyüralizim tərəfdarlarfı; 13) yüksək ixtisaslaşmış menecerlər hansı ki, bürokratiya sistemində işləyənlər (texnoloci determinizim tərəfdarları) və başqaları. Bunlarla yanaşı «subelita» yəni cəmiyyətin piramida modelinin tərəfdarlarının eyni zamanda «kontrelita»-da sosial liderlərin təyin olunmasında mühüm rol oynayır (6,s.112). Deməli, Гərb politoloqlarının elita anlayışınа verdikləri qiymət müxtəlifdir. Nahaq yerə demirlər ki, elita haqqında yazanlar intuitiv olaraq bilirlər ki, söhbət nədən gedir. Nə vaxt ki, mədh etməyə başlayırlar bu zaman narazılıqlar, fikir ayrılıqları yaranır. Əgər qruplaşdırsaq onda iki yanaşma meydana çıxır: dəyər (aksioloci) və funksional. Birincinin tərəfdarları elitanın intellektual mənəvi cəhətdən digər insanlardan üstünlüyünü, ikinci tərəfdarları isə idarəçilik funksiyasını yerinə yetirilməsində insanların rolunu qiymətləndirir.

Liderlik və elita: motivasiya qazanmanın yolları. Müasir politoloci ədəbiyyatda siyasi liderlik probleminə də daha çox diqqət yetirilir, bu problem istər-istəməz şəxsiyyətin siyasətin subyekti kimi öyrənilməsi ilə bağlıdır. Liderin cəmiyyətin siyasi həyatında yeri və rolunu, siyasi liderlik fenomeninin əhəmiyyətini yalnız dünyanın tarixi təcrübəsi deyil, eləcə də bu və ya digər ölkədə ictimai-siyasi situasiyanın müasir inkişafı, ölkədə sosial-iqtisadi və mənəvi-ideoloci dəyişikliklərin xarakteri, istiqaməti və dinamikası, cari siyasi proseslərin məzmunu sübut edir (1,s.113). XX əsrin sonlarına doğru liderliyin təbiəti barədə görüşlər bəzi dəyişikliklərə uğradı. Belə hesab olunmağa başladı ki, liderlik ünsiyyət prosesinə bənzər fəaliyyət kimi ölkənin bütün idarə olunma sisteminə sirayət edir. İş təkcə onda deyil ki, təyin olunmuş inzibatçı, bilavasitə təşkilatçı lider kimi tanına bilər. Yəni onun formal statusunu bu gün liderlik yolu ilə möhkəmləndirmək yaxşı olardı. Bəs idarəçilikdə liderliyin mahiyyəti nədən ibarətdir? Qərarların qəbul edilməsi prosesi tabelikdə olanların motivasiyasını da özündə birləşdirir. Motivlərdən başlıcası yüksək özünü reallaşdırma motividir, bu zaman tabelikdə olanlar da idarəetməyə öz töhfələrini verirlər. Müasir idarəetmənin əsas resursu məlumat sayılır, lakin ona təkcə rəhbər deyil, bilikli qulluqçular da malikdirlər. Ona görə də liderlik nəzəriyyəsinin yeni aksioması belə yaranmışdır ki, təkcə başçı deyil, qulluqçular da rəhbər ola bilər. İş burasındadır ki, liderliyin əsasları dəyişmişdir, indi liderlik idarəetmədə paylaşdırılır. İstər iyearxiyada, istərsə də üfüqi əlaqələrdə... Bu onu özündə ehtiva edir ki, liderliyin səbəbi indi vəzifədə deyil, bilikdədir. Çünki, əgər kadr idarəetmədə inkişaf istiqamətini necə dəyişmək barədə biliyə malikdirsə, o, lider olmağa qadirdir. Nəticədə hal-hazırda belə hesab edilir ki, liderlik təkcə «yuxarı-aşağı» istiqamətdə deyil, aşağıda da əmələ gələ bilər.

Liderliyin səbəbləri və əsaslarının dəyişməsi zamanın yeni dəyişiklikləri ilə bağlıdır. Müasir idarəetmə sistemi əgər ənənəvi yollarla inkişaf edirsə, uduzur, ona görə də o, öz inkişafında yeni istiqamətlərə məcburdur. Bu çətin işdə lider getdikcə ardıcıllarından (onların ümumi biliklərindən və novatorluğundan) daha çox asılı olur. Burada açar söz «novatorluq»dur, idarəetmədə liderlik artıq ona görə formalaşır ki, novator bilavasitə, yol göstərir və ardınca aparır (2,s.17). Daha savadlı liderin ardınca getmək meyli hal-hazırda məhz yeniliklərin tələb olunduğu müasir siyasi sistemdə müşahidə olunur. Lakin həyatda hər şey nəzəriyyədə olduğu qədər asan deyil. Əsas çətinlik isə ondadır ki, rəhbərdə yeniliyə motivasiya yoxdur, yaxud da aşağıdan novatorluq tərbiyə etmək bacarığına malik deyil. Ona görə də reallıqda təyin olunmuş rəhbərdən lider rolu oynayan təşkilatçı düzəltmək (o cümlədən təlim vasitəsilə) daha asandır. Əgər onu təşkilatçı lider kimi tanıyarlarsa, bu o demək olar ki, lap ideal variant olar.



Bəs, idarəetmə sistemində hansı hərəkətlər və keyfiyyətlər liderliyin göstəricisidir? Sözsüz ki, əsl lider bütün sahələrdə diqqət cəlb edəndir. Qeyd edək ki, xarizma anlayışı idarəetmədə liderliyi təsvir etmək üçün geniş istifadə olunur. Əgər rəhbərdə özünü realizə etmək motivasiyası varsa və təkmilləşirsə (bu da maraq və heyranlıq oyadır), o, tabelikdə olanlar üçün diqqət çəkən liderdir. Belə lider adamları ardınca aparmağa qadirdir. Lakin xarizmatik lider öz ardıcıllarını çox güclü affekt asılılığına da sala bilər. Müasir liderlik görüşləri nöqteyi-nəzərindən, burada həm müsbət, həm də mənfi cəhətlər var. Cazibədar şəxsiyyət hərəkətə impuls verir, sonra isə ardıcılları ona arxalanaraq, öz liderlik qabiliyyətlərinə şübhə ilə yanaşmağa başlayırlar. Bu günün tələbinə uyğun olaraq deyə bilərik ki, liderlik yuxarıda cəmləşməyib, iyearxiyanın bütün pillələrində paylaşdırılmalıdır və yerini şəxsiyyətdən biliyə doğru dəyişməlidir. Hakimiyyətdə plüralizmə doğru ümumi meyil liderlik fenomenində də özünü göstərir, yəni, hakimiyyətsiz idarəetmə strukturu yoxdur. Qeyd edək ki, hakimiyyətə təşkilatın strateci resurslarını idarə edənlər malikdirlər. Pul, məhsulların hazırlanması, yaxud kadrlar kimi təməl resurslara nəzarət edən təsir qruplarının xeyli hakimiyyəti var. Maliyyə şöbəsi böyük təsirə malikdir, çünki təməl resursa-pula nəzarət edir. Tədqiqat və işləmələr şöbəsi onunla bağlı təsirə malik ola bilərlər ki, onlar təşkilatın gələcək strateci mövqeyinin həlledici amili olan yeni məhsul və prosesləri işləyib hazırlayırlar. Kadrlar şöbəsi o dərəcədə hakimiyyətə malikdir ki, işə kimi götürməyi və əməkdaşın hansı ixtisasa sahib olmalı olmasını müəyyən edir(6,s.76). Xarici təsir qrupları kimi sərmayədarlar, əsas təchizatçılar da hakimiy¬yətə malik ola bilərlər. Onların hakimiyyəti aşağıdakılarla təyin olunur: -təşkilatın həmin qrupdan asılılıq münasibətinin olması (məsələn, təchizatda təşkilatın başqa heç kəsdən ala bilməyəcəyi mal var). -təşkilat üçün həyati əhəmiyyəti olan xüsusi bilik və bacarıqların olması (məsələn, məsləhətçi sifarişlərin, lahiyələrin və s. tərtib olunmasında ixtisaslaşıb ki, bunlarsız təşkilatın inkişafı çətinləşmiş olardı). Hakimiyyət mənbələrini xarici, eləcə də daxili təsir qrupları kimi öyrənərək , onların strateci qərarlara necə təsir etdiyinin üzərində dayanaq. Hakimiyyət strateci idarəetmə prosesinin başlıca hissəsidir. Mütəxəssislər hesab edirlər ki, strateci dəyişikliyin tətbiqi və effektiv həyata keçirilməsi hakimiyyətdən və təsirdən istifadə etməyə tələb edir. A.Makmillana görə, dəyişiklik aparmaq istəyən strateq üçün iki təməl variant var: birincisi, o stüasiyanı elə təqdim edə bilər ki, qanunları onun istəkləri ilə razılaşsın. İkincisi o, insanlarla söhbət edərək, onların rəyini elə dəyişə bilər ki, onlar stüasiyaya başqa cür baxsınlar və özləri onu istədiyi kimi həyata keçirməyi qərara alsınlar. Birinci halda strateq resurs kimi özünün şəxsi hakimiyyətindən istifadə edir, ikincisi də təsir göstərməyə çalışır (4,s.78). Bununla əlaqədar aşağıdakı 4 ümumi taktik priomlar ayırd edilə bilər: 1.Təhrik. Buna stüasiyanın nəzarət altında saxlamaq qabiliyyəti daxildir, nəticə isə dəyişiklik prosesində iştirak edən digərləri üçün də faydalı kimi qəbul edilir. 2.Məcburiyyət. Bu halda da stüasiyaya nəzarət edilir, lakin nəticə mənfi formada qəbul edilir. Məcburiyyətin konkret formalarına işdən qovmaqla, vəzifə artımına son qoymaqla, yaxud iltizamları ləğv etməklə təhdid etmə daxildir. 3.İnandırma. Bu taktikadan istifadə edilməsi strateqdən hərəkətlərdən müəyyən cür xeyir olacağını göstərmək tələb edir. Bu, mükafatlandırmaq, vəzifə artımı, yüksək məşğulluq təminatı, böyük səlahiyyətlər və cavabdehlik vədi ola bilər. 4.Öhdəlik. Bu əvvəlcədən düşünülmüş taktika olub, insanları öhdəçiliyə çağıraraq, özlərini müəyyən tərzdə aparmağa və hərəkət etməyə inandırır. Öhdəliklər insanların aldığı iltizamlar, onların verdiyi vədlər ənənələrə əməl etməyə çağırışlar və s. ola bilər.

Təhrik : Dəyişikliyə müqaviməti qırır. İşçilər dəyişikliklərin bir sıra xeyirlərini görə bilər. Ayrı-ayrı menecerlər dəyişikliklərə müsbət yanaşırlar. Situasiya nəzarət altındadır. Təşkilatı əlavə xərclərə vadar edə bilər. Dəyişikliklərə hər halda müqavimət göstərilə bilər. Müvəffəqiyyət əvvəlki dəyişik¬lik təşəbbüslərindən asılıdır. Məcburiyyə Rəhbərlik situasiyaya nəzarət edir. Həyatda qalmaq üçün təcili qərarlar qəbul edilməsi tələb olunan situasiyalara münasibdir. Rəhbərlik öz müstəsna hüququndan istifadə edir. Məcburiyyətin bəzi mənfi nəticələri ola bilər. İşçilər adətən, dəyişikliklərə müqavimət yollarını tapacaqlar. İnandırma Dəyişikliklərin zəruri olması barədə söhbət aparılır. Təşkilatı dəyişikliklərin zəruri olması fikrinə hazırlamaq üçün cəhdlər edilir. Bu, arzu olunmaz dəyişiklikləri həyata keçirmək üsuldur. İşçilər verilən vədlərə inanmaya bilər.Rəhbərliyə inam çox olmaya bilər. Tədbirlər təşkilat üçün çox bahalı ola bilər. Strateci dəyişikliklərin tempini azaldır. Öhdəli Təşkilatdan əlavə xərclər tələb etmir. Təşkila-tın tərəfdaşlığının yüksək olduğu yerlər üçün münasib taktikadır. Dəyişikliklər çox tez edilə bilər. İşçilər öz tərəfdaşlıqlarına görə mükafat gözləyəcəklər. Strateji idarə etmənin müvəffəqiyyətinə təşkilatdakı hakim münasibətlər təsir edir. Daxili qruplar üçün aşağıdakı hakimiyyət mənbələri ayırd edilir: müəyyən resurslara nəzarət, spesifik bacarıq və vərdişlərin olması, təşkilatdakı mövqe, şəxsi keyfiyyətlər, qərar qəbul etmədə iştirak, əməkdaşları rəğbətləndirmək yaxud cəzalandırmaq imkanı və b. Hakimiyyətin əsas mənbələri asılılıq münasibətləri yaratmaq, xüsusi bilik və vərdişlər, daxili təsir qrupları ilə əlaqələr, strategiyasının həyata keçirilməsi prosesinə cəlb etmə daxildir (5,s.62).

Strateji qərarlar qəbul edilməsi zamanı hakimiyyətdən istifadə aşağıdakı bir sıra strateci priyomların tətbiqi vasitəsi ilə mümkündür:

- Təhrik (situasiyaya nəzarət etmək və ətrafdakılar üçün onun faydasını sübut etmək qabiliyyəti). - Məcburiyyət (işdən çıxarmaq, vəzifə artımını dayandırmaq, yaxud güzəşt və intizamları ləğv etmək təhdidləri). - Öhdəlik (əməkdaşların əvvəl götürdükləri öhdəliklər əsasında dəyişiklikləri dəstəkləməyə çağırma).



Həyat elə qurulub ki, biz özümüzü öz status və ona müvafiq rollarla eyniləşdiririk. Bəzən biz sözün əsl mənasında rolla birləşirik: bəzi məmurlar özlərini təkcə tabeliklərində onlarla deyil, qonaqlarla, evdəkilərlə, yoldan keçənlərlə, qonşularla da etinasız aparırlar.Qeyd edək ki, müəllim də əlinə keçən hər kəsi öyrətməyə çalışır. Onlar heç düşünmədən davranış stereotipini bir statusdan digərinə keçirirlər. Nə üçün onlar özlərini avtomatik şəkildə belə aparırlar? Çünki onlar öz başlıca rolları ilə (yəni, başlıca statusları ilə) birləşiblər, eyniləşiblər. Rolla maksimum birləşmə rol eyniləşməsi (identifikasiyası), orta və yaxud minimum birləşmə isə-roldan uzaqlaşma adlanır. Ali məktəb müəllimindən mühazirəyə ciddi kostyum və qalstukda gəlməyi gözləyirlər. Çoxları belə edir. Digərləri sərbəst geyimə-sviter və cinsə üstünlük verir. Bununla onlar öz müəllim rollarında müəyyən uzaqlaşmanı və eyni zamanda tələbələrlə yaxınlaşmanı nəzərə çatdırırlar. Onlar öz davranışları ilə göstərirlər ki, biz hamımız eyni cəmiyyətin üzvləriyik, həmkarıq, bərabərik. Roldan uzaqlaşmanı statuslararası məsafənin azaldılmasından fərqləndirmək lazımdır. Tələbə və professor – bu, təkcə müxtəlif statuslar deyil, eyni zamanda status iyerarxiyasında müxtəlif rütbələrdir. Professor yüksəkdə durur, tələbə aşağıda. Professor özünü tələbələrlə bərabər tutanda, o rəmzi olaraq statuslar arası məsafəni azaldır. Lakin tələbələr, rütbələr arasında real mövcud olan fərqi hiss etmədən, “sən” deyə müraciətə keçəndə, bu familyarlıq – yersiz bayağılıq, yaşca yaxud statusca üstün adamlara qarşı həddən artıq sərbəst davranış adlanır. Tələbələr familyarlığa yol verdiklərinə görə, bu, insanın öz statusu ilə eyniləşməsi (indetifikasiyası) səviyyəsinin aşağı olmasından xəbər verir. Cəmiyyət hər hansı statusa nə qədər çox qiymət verirsə, həmin statusla eyniləşmə dərəcəsi də güclü olur. Məsələn, yüksək statusun sahibi rəmzi atributların (ordenlərin, medalların, formaların, fəxri adların) köməyi ilə onu digər statuslardan ayırmağa daha çox cəhd edir. Bəzi rollar (bu cür rollar isə çoxluq təşkil edir: piyada, xəstə, alıcı, həmkarlar ittifaqı üzvü və s.) insan üçün şəxsiyyət əhəmiyyətli deyil. Bu rolların olub-olmamağını adam görünmədən qəbul edir. Bu rollara öz qəlbinin, öz “mən”inin bir parçasını qoymur. Əksinə olaraq, azlıq təşkil edən, başlıca statusla bağlı olan digər rollar, “mən”in bir hissəsi kimi qəbul olunur. Bu rolların itirilməsi xüsusilə dərin, daxili faciə kimi yaşanır.Kişi stereotipi – maddi rifahın islahatçısı, ailəni dolandıran insandır. İşin itirilməsi bir çoxları tərəfindən şəxsiyyətin tənəzzülü kimi yaşanır. Çox zaman işsizin həyat tərzi və üslubu, yaxınları və qohumları ilə münasibətləri, asudə vaxtın strukturu, dəyərlər sistemi dəyişir. Şəxsiyyətin dəyər nüvəsinin əsasları-özünəhörmət və özünüdəyərləndirmə dağılır. Beləliklə, hər bir adamın özünün rol sistemi var. Lakin o özünü bu rolların hamısı ilə bir cür eyniləşdirmir-bəziləri ilə (şəxsiyyət əhəmiyyətlilərlə) çox (rol identifkasiyası), digərləri (ikinci dərəcəlilərlə) az (roldan uzaqlaşma). “Statuslararası məsafənin azaldılması” termini iki və daha çox fərdlər-müxtəlif, lakin funksional olaraq bağlı statusların daşıyıcıları arasında münasibətlərin xarakterini təsvir edir. İndi şəxs mənasında işlənən latın sözü persona Qədim Yunanıstan və Romada böyük amfiteatrın axırıncı cərgələrindən görünə bilən, böyük cizgilərlə xarakter yaxud rolu (zalım rolu, təlxək rolu, zülüm altında olanların müdafiəçisi rolu) ifadə edən aktyor maskası demək idi. Deməli, sosial rol adamların arasına düşərkən şəxsin geydiyi maskadır. Doğrudur ki, insanın maskası ilə rolu birləşə bilər: rol “mən”in ayrılmaz hissəsinə çevrilə bilər. Hər şey rolla identifikasiya dərəcəsindən asılıdır. Burda sosial stratifikasiya mövzusunu araşdırmaq zərurəti də aktual hesab olunur. Liderlik və sosial stratifikasiya

Sosial stratifikasiya-sosiologiyanın mərkəzi mövzusudur. O, cəmiyyətdə sosial bərabərsizliyi, gəlir səviyyəsinə və həyat tərzinə görə sosial təbəqələrə bölünməni, iltizamların olub-olmamağını təsvir edir. İbtidai icma quruluşunda bərabərsizlik nəzərəçarpan deyildi, ona görə də orada stratifikasiya demək olar ki, yox idi. Mürəkkəb cəmiyyətlərdə bərabərsizlik çox güclüdür, o, adamları gəlirlərinə, təhsil, hakimiyyət səviyyələrinə görə bölür. Əvvəl kastalar meydana gəldi, sonra təbəqələr, daha sonra isə siniflər. Cəmiyyətlərin birində bir sosial təbəqədən (stratadan) digərinə keçid qadağandır; elə cəmiyyətlər var ki, bu cür keçid məhduddur və elə cəmiyyətlər də var ki, bu keçidə tamamilə icazə verilib. Sosial yerdəyişmələrin sərbəstliyi (mobilik) cəmiyyətin necə-bağlı yaxud açıq olmasını müəyyən edir. “Stratifikasiya” termini geologiyadan gəlmişdir, geologiyada bu termin Yer layların şaquli yerləşməsini ifadə edir. Sosiologiya cəmiyyətin quruluşunu Yerin quruluşuna bənzədərək sosial təbəqələri (strataları) də şaquli istiqamətdə yerləşdirmişdir. Bünövrəni gəlir nərdivanı təşkil edir: yoxsullar ən aşağı pilləni tuturlar, əhalinin rifahlı qrupları-orta, varlılar isə ən yuxarı pilləni tuturlar. Hər starta yalnız o adamlardan ibarətdir ki, onların təxminən eyni gəliri, hakimiyyəti, təhsili və nüfuzu olsun. Statuslar arasındakı məsafənin qeyri-bərabərliyi-stratifikasiyanın əsas xüsusiyyətidir. Onun 4 ölçü xətkeşi, yaxud koordinat oxu var. Onların hamısı şaquli və yan-yana yerləşmişdir: - gəlir; - hakimiyyət;-təhsil;

-nüfuz;

Gəlir - fərdin yaxud ailənin müəyyən müddət (ay, il) ərzində əldə etdiyi pulun miqdarı. Gəlir ayrıca fərdin (fərdi gəlir) yaxud ailənin (ailə gəliri) müəyyən bir dövr ərzində, deyək ki, bir ay yaxud il ərzində məvacib, təqaüd, müavinət, aliment, qonorar, gəlirdən çıxmalar şəklində aldığı pul məbləğidir(3,s.22). Gəlirlər çox vaxt yaşamaq üçün xərclənir, ancaq lap çox olduqda toplanır və var-dövlətə çevrilir. Var-dövlət - gəlirlərin toplanması, yəni nağd yaxud əşyalaşdırılmış pulun miq¬da¬rı. İkinci halda onlar daşınan (avtomobil, yaxta, qiymətli kağızlar və i.a.) və daşınmaz (ev, incəsənət əsərləri, xəzinələr) əmlak adlanır. Vərəsəliyi həm işləyənlər, həm də işləməyənlər, gəliri isə-yalnız işləyənlər ala bilər. Varlılar işləyə və işləməyə bilərlər. Hər iki halda onlar mülkiyyətçi sayılırlar, çünki var-dövlətə sahibdirlər. Ali sinfin başlıca sərvəti-gəlir deyil, mülkiyyətin toplanmasıdır. Məvacibin payı çox deyil. Orta və aşağı siniflərin başlıca yaşayış mənbəyi gəlirdir, belə ki, orta sinifdə var-dövlət olsa da, çox deyil, aşağı sinifdə isə heç yoxdur. Var-dövlət işləməmək imkanı verir, onun yoxluğu isə maaş üçün işləməyə məcbur edir. Var-dövlət və gəlir qeyri-bərabər bölünür və iqtisadi bərabərsizlik bildirir. Sosioloqlar bunu əhalinin müxtəlif qrupların qeyri-bərabər həyat şanslarına malik olmasının göstəricisi kimi şərh edirlər. Onlar müxtəlif miqdarda və müxtəlif keyfiyyətdə qida məhsulları, geyim, ev və s. alırlar. Çox pulu olan adamlar daha yaxşı qidalanırlar, daha rahat evlərdə yaşayırlar, daha bahalı istirahət etmək imkanına malikdirlər və s. Lakin aşkar iqtisadi üstünlüklərdən başqa varlı təbəqələr gizli imtiyazlara da malikdirlər. Yoxsulların həyatı daha qısa (hətta əgər onlar təbabətin bütün xidmətlərindən istifadə etsələr belə), uşaqların təhsili daha az (hətta onlar eyni ictimai məktəblərə getsələr belə) olur və s.



Təhsil dövlət və ya özəl orta və yaxud ali məktəbdə tədris müddəti ilə ölçülür. Deyək ki, ibtidai məktəbdə 4 il, natamam orta məktəbdə 9 il, tam orta məktəbdə 11 il, kollecdə 4 il, universitetdə 5 il, aspiranturada 3 il, doktoranturada 3 il. Hakimiyyət qəbul etdiyimiz qərarın aid olduğu sferanın adamlarının miqdarı ilə də ölçülür. Yəni, hakimiyyət - istəklərimizdən asılı olmayaraq iradəmizin başqalarına qəbul etdirilməsi imkanıdır. Məsələn, Prezidentin qərarları 100 mindən artıq adama (onlar yerinə yetirilirmi bu, başqa məsələdir), briqadirin qərarları isə 7-10 nəfərə aid ola bilir. Hakimiyyətin mahiyyəti – öz iradəsini arzularına rəğmən başqalarına qəbul etdirmək qabiliyyətindədir. Mürəkkəb cəmiyyətdə, hakimiyyət institutlaşdırılıb, yəni qanun və ənənə ilə qorunur, imtiyazlarla və sosial rifahdan geniş istifadə etmək imkanı ilə əhatə olunub, cəmiyyət üçün həyati əhəmiyyət daşıyan qərarlar, o cümlədən, bir qayda olaraq ali sinfin xeyrinə olan qanunlar qəbul etməyə imkan verir. Bütün cəmiyyətlərdə hakimiyyətin hər hansı bir növünə-siyasi, iqtisadi, yaxud dini-malik adamlar institutlaşdırılmış elitanı təşkil edirlər. Bu elita dövlətin daxili və xarici siyasətini təyin edir, onu öz xeyrinə olan istiqamətdə yönlədir ki, digər siniflər bundan məhrumdurlar. Stratifikasiyanın 3 şkalası-gəlir, təhsil və hakimiyyət-tamamilə obyektiv ölçü vahidlərinə malikdir: pul, illər, adamlar. Nüfuz bu sıradan kənarda durur, belə ki, o, subyektiv göstəricisidir. Nüfuz ictimai rəydə bu və ya digər peşənin, vəzifənin, məşğuliyyət növünün malik olduğu hörmətdir. Hüquqşünas peşəsi poladəridən, yaxud santexnik peşələrindən nüfuz¬ludur. Kommersiya bankının prezidenti vəzifəsi kassir vəzifəsindən nüfuzludur. Verilmiş cəmiyyətdə olan bütün peşələri, məşğuliyyət və vəzifələri peşəkar nüfuz nərdivanında yuxarıdan aşağıya yerləşdirmək olar. Bir qayda olaraq, peşəkar nüfuzu biz sövqi-təbii ilə, təxmini təyin edirik. Lakin bir sıra ölkələrdə, hər şeydən əvvəl ABŞ-da, sosioloqlar nüfuzu xüsusi metodlar vasitəsilə ölçürlər. Onlar ictimai rəyi öyrənirlər, müxtəlif peşələri öyrənirlər, statistikanı təhlil edirlər və nəticədə nüfuzun dəqiq şkalasını alırlar. Hər bir məşğuliyyət üzrə orta göstəricini hesablayaraq, sosioloqlar hər bir əmək növünün nüfuzluğunun ictimai qiymətini ballar üzrə təyin edirlər. Onları yerarxik qaydada düzərək sosioloqlar peşəkar nüfuzun reytinqini, yaxud şkalasını alırlar. Təəssüf ki, bizim ölkəmizdə peşəkar nüfuzu təyin etmək üçün əhali arasında heç vaxt dövri təmsiledici (epresentativ) sorğular aparılmamışdır. Bu mənada XXI əsrdə lider doğulmurlar, baxmayaraq ki, bəzi adamlara təbiət tərəfindən belə şəxsiyyət cazibədarlığı verilir. Bu baxımdan Azərbaycan xalqının bəxti gətirmişdir. Ümummilli lider Heydər Əliyevin istər şəxsiyyəti, istərsə də biliyi onun müstəsna xarizmasının formalaşmasını özündə ehtiva edir. Odur ki, H.Əliyevi Azərbaycanda həm XX əsrin, həm də XXl əsrin lideri hesab etmək mümkündür. Qeyd edək ki, müasir dövrün tədqiqatçıları hakimiyyətin iki növünü aktual hesab edirlər: bilik hakimiyyəti və şəxsiyyət hakimiyyəti. Məhz bu liderlik alətləri müasir şəraitlərdə effektiv rəhbər olmaq, yəni adamların şüur və davranışına təsir etmək və dəyişmək imkanı verir (3,s.23).

Elitarizmin klassiklərinin başlıca nəticələrinə əsaslanaraq, müasir hakim elitanın strukturu, tərkibi və təbiətini müqayisəli təhlil edərək belə qənaətə gəlmək mümkündür ki, elitar qrupların davranış və motivləşməsi onların maraqları, vəzifələri bir sıra funksional aspektlərlə əlaqədardır. İnstituonallaşdırmanın tarixi təkamül prosesi üzərində müşahidələr göstərdi ki, tədricən müxtəlif elita qrupları ilə hakimiyyət strukturlarının, dövlətin birləşməsi baş verir. Hakimiyyətdə olan elita sırasına keçidə imkan yaradan keyfiyyət dinamikası, dövlətin sosial və iqtisadi siyasətinə uyğun olaraq tarixi inkişaf faktorlarına əsasən mümkündür. Təhlillər göstərdi ki, hakim elitanın formalaşması bütün cəmiyyətin instituonallaşması xüsusiyyətlərindən asılıdır. Son illərin tədqiqatları əsasında müasir rus siyasi elitasının strukturu, formalaşması xüsusiyyətləri və s. Iqtisadi inkişaf prosesi ilə əlaqədardır. Elita ictimai funksiyalar (relasiya, tənzimləyici, idarəetmə, inteqrasiya) yerinə yetirərək, inkişafın endogen və ekzogen aspektlərinə toxunaraq transformasiya prosesinə qoşulur. Qeyd edilən prosesdə sosial-iqtisadi və coğrafi şərait, elitaların yaranması ənənələri böyük rol oynayır və üç model, silki-ənənəvi, nomenklatura və müasir modelləri xüsusi olaraq diqqəti cəlb edir. Müasir elita, bütün cəmiyyətdə olduğu kimi hələ də instituonallaşma prosesində deyildir. Cəmiyyətin transformasiyası elitanın keyfiyyəti və xüsusiyyətlərinin formalaşmasına öz təsirini göstərir. Yəni demokratikləşmə prosesi elitar qrupların qütblərə parçalanmasına və pərakəndə halında olmasına səbəb olur. Hakimiyyət strukturlarında mərkəzdənqaçma təzahürləri indikatoru hakimiyyət strukturlarının dispers çoxluğu, yəni onun federal və regional seqmentlərinin bir birindən getdikcə uzaqlaşması, həmçinin regional strukturlarda müxtariyyətə və suverenliyə doğru təmayüllərin güclənməsidir. Müasir elitanın instituonallaşması xüsusiyyətlərindən biri kimi elitanın ərazi vahidləri üzrə diferensiallaşması, həmçinin yerli və ümumilli xüsusiyyətləri özündə birləşdirən xüsusi məkanı formalaşdırmasıdır. Ölkə və regionun elita tərəfindən şüuraltı mənimsənilməsi “biz” düşüncəsini formalaşdıran birləşdirici ümumi simvolların yaranmasına səbəb olur. Bütün bunlar isə öz növbəsində regional siyasi formulu yaradır, bu formulda elitanın mərkəzə nisbətən lokallıq səviyyəsi əks olunmuşdur. Regionun rəmzlərinın dayanıqlılığı , elita davranışlarının rituallılığı (mərasimliliyi) üç üsul vasitəsi müəyyənləşdirilə bilər: regionun keyfiyyət xüsusiyyətlərinin xüsusi olaraq qabardılması ilə, paytaxtın özünəməxsus rəmz və atributları mənimsəməsi, ölkənin inkişafına təsir göstərən xüsusi regional xüsusiyyətlərin müyyənləşdirilməsi. Beləliklə milli birlik hissi, əsas hakimiyyət institutları və sosial normalara görə milli legitimliyin formalaşmasına da səbəb olur. Tədqiqatlar zamanı məlum oldu ki, burada əsas meyllər hakimiyyət institutlarına, məhz siyasi və iqtisadi institutlara doğru yönəlib. Bu təsəvvürlər bir biri ilə əlaqədar olub, kompleks xarakter daşıyır. Beləliklə elitarlıq kriteriyası təkcə psixoloci, sosial kriteriyalarla deyil, eyni zamanda cəmiyyətin və bəşəriyyətin tarixi, mədəni inkişaf faktorları ilə bağlıdır. Təhlillər göstərdi ki, qərb ölkələrinin elitar nəzəriyyələri tərəfindən irəli sürülən elitarlıq kriteriyası müasir dövrdə də dəyişilməmişdir. Həmçinin müasir Azərbaycan elitasının əsas göstəriciləri yaş, təhsil, sosial kriteriyalar və s. qəbul olunmuşdur.

Ədəbiyyat siyahısı:

1.Əfəndiyev M. Politologiya. Bakı, Elm, 2011, 491 s.

2.Şirəliyev H., Əhmədov Ə., Politologiya. Bakı, ,,Təbib”, 1997, 416 s. 3.Mahmudov M., Şabanov Z., Ələkbərov F. İdarəetmə nəzəriyyəsi / Dərslik. Bakı, ,,Elm və Təhsil”, 2012, 343s. S.314)

4.Mehdiyev R.Ə. Azərbaycan 2003-2008. Zaman haqqında düşünərkən. Bakı, ,,Şərq-Qərb”, 2009, 240 s.

5.Bcezinski Z. Böyük şahmat taxtası.Bakı, ,,Qanun”, 2011, 328 s.

6.Зудин А. Бизнес и политика (стратегии взаимодействия бизнеса и государства) // Мировая экономика и междунар. Отношения. – М., 1996. - №4. –С.17-27.

7.Чирикова А. Лидеры российского предпринимательства: менталитет, смыслы, ценности. – М.:Инст. социологии РАН, 1997.

8.Шмаров А. Эксрерт – влиятельность // Эксперт. - М.:1998. – 2 марта. - №8. – С. 73-81.

9.Кузьмичев А. Лебедь, щука и рак // Бизнес и политика, - М.: 1995. - №5.- С.6-12.



10.Тихонова Н. Предприниматели и власть:конфронтация или сотрудничества // Россия в зеркале реформ.: Хрестоматия по социол. – М.,1995. – С.111-112.
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə