AZƏrbaycan miLLİ elmlər akademiyasi fəLSƏFƏ VƏ HÜquq institutu “Siyasi nəzərəiyyələr” şöbəsi




Yüklə 0.95 Mb.
səhifə4/12
tarix22.02.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

Habil Həmidov

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Avrasiyaçılıq ideyasının siyasi aspektləri

Rus siyasi fikir tarixinin ən maraqlı və spesifik ideyaları sırasında əsas yerlərdən birini sosialist inqilabından sonra, rus mühacirlərinin 1921-ci ildə yaratdığı və formalaşdırdığı avrasiyaçılıq ideyası tutur. Avrasiyaçılığın əsası istedadlı alimlər: N.S.Trubetskoy, P.N. Savitskiy, Q.V.Florovskiy, Q.V.Vernadskiy, L.P.Karsavin və başqaları tərəfindən qoyulmuşdur.O dövrdə bunlar rus mühacir nəşrlərində fəal şəkildə publisistik fəaliyyət göstərir, çoxlu kitab və dövrü mətbuat buraxaraq, öz ideyalarını təbliğ edirdilər. Lakin 30-cu illərin II yarısından sonara bu hərəkat dağıldı.



Avrasiyaçılığa maraq II dəfə, yalnız 30 ildən sonra, Münxen tarixçisi Otto Bessanın (1961) (24) monoqrafiyasının doğurduğu əks-səda nəticəsində yenidən gündəmə gəldi. Bundan sonar bu ideya ilə bağlı məqalələr N.Ryazanovski, V.Zenkovskiy, S.V. Utexin, R.Uilyams, Q.Struve və başqaları tərəfindən yazıldı. 1982 və 1985-I illərdə Çarlz Qalperinin (23) bu ideya ilə bağlı iki kitabı işıq üzü gördükdən sonar, bütün bu və digər başqa məsələlər avroasyaçılıq ideyalarının yenidən canlanmasına səbəb oldu. Rus inqilabını, yalnız bir faciə kimi qəbul edən, rus mühacirlərinin çoxundan fərqli olaraq, avrasyaçılıq ideoloqları inqilabın və vətəndaş müharibəsinin baş verməsində dərin tarixi məna görürdülər. Onlara elə gəlirdi ki, Rusiyanın taleyinə düşən görünməmiş sınaqlar onu Qərbi Avropadan əsaslı şəkildə fərqləndirir. Onlar dünya mühariəsiin Avropa üçün çox ucuz başa gəldiyini göstərir və avropalıların müharibənin yaralarını çox tezliklə sağaltmağa nail olduqlarını qeyd edirdilər. “Ümumavropa müharibəsinin nəticəsi, yalnız rus inqilabına görə özünə layiq faciəvi sonluqla bitdi. İkili faciə: müharibə və inqilab, rusları, tarixi şüurun yeni, daha yüksək mərhələsinə qaldırdı. Faciənin belə kəskin şəkildə dərk edilməsi, bolşevizmin əleyhdarları olan xarici ölkələrdə onlara sığınacaq vermiş ölkələrə münasibətdə üstünlük hissinin baş qaldırmasına səbəb olmuşdu. Lakin avroasiyaçılar yalnız hisslərə müraciət etmirdilər, onların doktrinasının cazibəsi, heyranedici emosionallıq və elmiliyin birliyində idi” (7).

Avrasiyaçılıq ideologiyasının yaradılmasında etnoqraflar, linqvistlər, tarixçilər, coğrafiyaçılar, filosoflar, ilahiyyatçılar, hüquqşünaslar iştirak edirdilər. İdeya üzərində müstəqil tarixçılər və siyasi delitantlar deyil, aydın arqumentasiyaya, dərin təhlil qabiliyyətinə, elmi təfəkkür tərzinə malik insanlar böyük əmək sərf etmişdilər. Məhz buna görə bu ideya bir sıra mühacir dairələrini hiddətləndirsə də, onun nəzəri əsasını təkzib etmək qeyri-mümkün idi. Avrasiyaçılığın oricinal cəhəti vurğunun Asiya qitəsinə olunmasındadır. I Pyotrdan başlayaraq Rusiya yorulmadan özünün bir Avropa dövləti kimi tanınması uğrunda mübarizə aparmışdır. Qərb ictimaiyyəti isə Rusiyanın səylərinə skeptik münasibət bəsləyərək, onun səthi avropalaşmasına baxmayaraq, öz mahiyyəti etiarı ilə bir Asiya dövləti kimi Qərbə yabançı olduğunu bildirmişdir. Lakin Avropanın özünün də Şərqinin olması faktı nəzərdən kənarda qalırdı. Rus müəllifləri Avropa məvhumunun belə kiçildilməsinə qarşı çox hallarda uğursuz etiraz edirdilər. İnqilab bu təsəvvürləri yeniləşdirməklə, məsələni daha da qızışdırdı. Alman sosioloq və kulturoloqu Alfred Veber 1925-ci ildə yazırdı ki, (5;43-58) bolşevik hökuməti Rusiyanın asiyalaşdırılmasına gətirdi. Yalnız anlaşılmazlıq nəticəsində bu ölkə hansısa bir müddətə Avropa millətləri birliyinə yan almışdı, Avropanı tərk etməklə, o, mənsub olduğu yerə qayıdır. Avroasiyaçılar bu fikirlə razılaşırdılar və bildirirdilər ki, Rusiyanın həqiqətən Qərbdə heç bir işi yoxdur. Avroasiyaçılar hesab edirdilər ki, Rusiya Qərbə I Petr tərəfindən açılmış pəncərəni qapatmalı, üzünü başqa səmtə çevirməlidir. Bu fikirlər öz əksini avroasiyaçıların doktrinaları hesab olunan və proqram adı daşıyan “Şərqə qayıdış” əsərində öz ifadəsini tapmışdır (11). Əsər 1921-i ildə Sofiyada çapdan çıxmışdır. Əsərdə rus tarixinin iki əsr yarımlıq bir dövrünü əhatə edən monqol - tatar əsarətinə qarşı ənənəvi baxışlara yenidən nəzər yetirilməsi təklif olunur. Hesab olunur ki, Kiyev Rusu deyil, monqol-tatar imperiyası Rusiya dövlətinin həqiqi sələfidir. N.Trubetskoy göstərirdi ki, Kiyev Rusu indiki Rusiya ərazisinin yalnız iyirmidə bir hissəsini tuturdu, Qızıl Orda isə təqribən bütün bu əraziyə uyğun əraziyə sahib idi. Çinqizxan Avroasiyanın birliyi və müstəqilliyi kimi möhtəşəm ideyanın kökündə durduğu halda, Kiyev ideyası Trubetskoya vilayət ideyası kimi görünürdü. Əsarətə salınmış rus xalqı monqol işğalını zülm, boyunduruq kimi qəbul etsə də, ümumdünya şahlığının cazibəsinə qarşı uzun müddət müqavimət göstərə, ona zidd gedə bilmədi (18). Avrasiyaçılıq müxtəlif dövrlərdə böyük rus mütəfəkkirlərini, ilahiyyatçılarını, filosovlarını və siyasətçilərini cəlb etmişdir. Avroasiyaçılığın ideoloqları məşhur linqvist N.S.Trubetskoy (1890-1938), filosof L.P.Karsavin (1882-1952), tarixçi Q.B. Vernadskiy (18871973), ilahiyyatçı A.B.Kartaşov (1875-1960) və Q.V.Frolovskiy (18931979) və başqaları olmuşdur. Bir nömrəli avroasiyaçı, avroasiyaçılığın baş ideoloqu kimi Pyotr Nikolayeviç Saviskiy qəbul olunur. Avrasiyaçılıq ideologiyasının əsas prinsipləri və müddəaları məhz ona məxsusdur. XX əsrin 20-ci illərində məhz o, bu hərəkata rəhbərlik etmiş və bu cərəyanın əksər proqram sənədlərinin müəllifi olmuşdur. Saviskinin mövqeyini onun avrasiyaçılığa verdiyi tərifdən anlamaq olar: " rus-avrasiya mədəniyyətinin məhz coğrafi bütövlüyü və müəyyənliyi ilə bağlı onu Avrasiya kimi adlandırmağa dəyər, həmçinin elmdə artıq çoxdan qəbul olunmuş, Avropanı və Asiyanı bir materik kimi ifadə edən termin daha dar və dəqiq adını alır. Dünyanın xüsusi hissəsini, xüsusi qitəsini təşkil edən Avrasiya həm iqlim nöqteyi-nəzərindən, həmçinin digər coğrafi xüsusiyyətlərinə görə bir qədər qapalı və tipik bütövlüyü ilə səciyyələnir. Onun iqtisadi imkanları bütün bunlarla və ərazi böyüklüyü ilə müəyyənləşir”(13;41) . Saviskiy kulturoloci identifikasiya məsələsinə müstəsna əhəmiyyət verirdi. O, hesab edirdi ki, “Rusiya mədəniyyəti nə Avropa, nə də Asiya mədəniyyətindən biridir. O – tamamilə xüsusidir, spesifik mədəniyyətdir. Onu Avropa və Asiya mədəniyyətlərinə əks olan, nə isə orta, avroasiya mədəniyyəti kimi qəbul etmək lazımdır. Biz özümüzü rus kimi dərk etmək üçün, avroasiyalı kimi dərk etməliyik. Bu qeosiyasi identifikasiya yolunda zəruri addımdır”. (2;c.41) Daha sonra Q.V.Vernadskiy XIX əsrin sonlarından başlayaraq Avrasiyaya rus tarixi proseslərinin getdiyi ərazi, onun geosiyasi vektorlarını müəyyənləşdirən, xüsusi tarixi sistem kimi yanaşırdı. Avroasiyaçılar özlərinə XIX əsr rus fikrinin konservativ-milli ənənələrinin varisləri kimi baxır və Danilevski də daxil olmaqla slavyanofilləri və panslavistləri öz müəllimləri hesab edirdilər (14;26). Lap əvvəldən avrasiyaçılar Rusiyanı və Avropanı, hətta XIX əsrin ən radikal mütəfəkkirlərindən daha çox eyniləşdirmək yolunu seçmişdilər. Avropa mədəniyyətinin elementlərini tam şəkildə assimilyasiya edən qərbi və cənubi slavyanlar arasındakı fərqi vurğulamaqla, onlar panslavistlərin “vahid slavyançılıq aləmi” fikrini qətiyyətlə rədd edir və "slavyan" anlayışını ümumiyyətlə, Rusiyaya aid etməyin düzgün olmadığı fikrini təkid edirdilər (16;93-97). Sonradan onlar Avropaya hərtərəfli düşmənçilik münasibəti mövqeyində durur, Rusiyanın Qərblə rəqabət aparmaq və onun bir hissəsi olmaq üçün əsassız cəhdini milli deqradasiyanın və bədbəxtliklərin ilkin mənbəyi olması hökmülə razılaşırdılar. Həqiqətən də, avrasiyaçıların birinci manifesti sayılan N.S. Trubetskoyun "Avropa və bəşəriyyət" kitabı tamamilə Danilevskinin "Rusiya və Avropa" əsəri üslubunda yazılmışdır (17). Əgər əsərin birinci hissəsində Trubetskoy öz diqqətini iddialı və eqomərkəzçi roman və qerman xalqlarının mütləq millətçiliyinə həsr etmişdisə, əsərin davamını o, artıq bir qədər başqa mövzuya “əsil millətçiliyə” həsr etmişdir. Trubetskoyun trilogiyasının ikinci və üçüncü hissələri o dövrdə qısaldılmış şəkildə “Şərqə qayıdış” məcmuəsində çap olunmuşdu. Müəllifin fikrinə görə əsl millətçilik o millətçilikdir ki, onun digər mədəniyyətlərə münasibəti milli şöhrətpərəstlik və dözümsüzlük hissi üzərində qurulmuş olsun. Səhv stereotiplərin, qərbi Avropa milli təfəkkürünün dəf edilməsi, xalqların harmonik birgəyaşayışının zəmanətidir. Əsərdə Avropa hegemonluğunun sonu göstərilmir. Göstərilir ki, dünyada Avropanın zəfər yürüşü bundan sonra da davam edəcək, xalqlar getdikcə daha çox avropa mədəniyyətinin məkrli cazibəsinin təsiri altına düşəcəklər. İstər mənəvi, istər siyasi, istərsə də iqtisadi münasibətlərdə Avropa hegemonluğunun sarsılmaz olduğu qeyd olunurdu. Trubetskoyun fikrinə görə hətta bolşevik Rusiyası belə Avropadan daha çox asılı vəziyyətə düşür. Bu asılılığı bolşeviklərin arzuladığı dünya sosialist inqilabı belə xilas edə bilməzdi, çünki onda Rusiya Qərbin daha “proqressiv” sosialist dövlətlərinin kolonial asılılığı altına düşməklə, arxa plana keçmiş olardı. Trubetskoy müstəqillik əldə etməyin yeganə yolunu, yalnız müstəmləkə ölkələrinin azadlıq hərəkatları ilə sıx yaxınlıqda görürdü. Nəticədə, o, Rusiyanın gələcəyini Avropa dövləti kimi inkişafda deyil, ümumdünya antiavropa hərəkatına rəhbərlik edən dövlət kimi görürdü. Bu məsələdə ən dramatik ziddiyyət onda idi ki, cəmi bir nəsil qabaq onların həmvətənlərində qərbin müstəmləkəçi ölkələri ilə həmrəylik və Avropa ilə ümumi tale yaşamaq hissi mövcud idisə, avrasiyaçılar Avropa müstəmləkəçiliyini ifşa edir, mənəvi mövqe tutaraq, müstəmləkə ölkələrinin taleyinə şərik çıxırdılar (17;56). Burda Trubetskoyun baxışları ilə inqilabdan sonra formalaşan sovet geosiyasi konsepsiyası arasında oxşarlıqlar mövcuddur. Məsələn, avrasiyaçıların fikirləri ilə bu konsepsiyada olan Rusiya, kapitalist Qərbinə qarşı duran mərkəzi qüvvədir fikri oxşardır. Hər ikisində ehtimal olunurdu ki, müstəmləkə xalqları Rusiyanı özünə bənzər, istirmarçı Rusiya ilə heç bir ümumi oxşarlığı olmayan qeyri-avropalı, əzilən, lakin inkişaf etmək istəyən xalq kimi görəcəklər. Lakin bu ehtimal səhv çıxdı. Əksər qeyri Avropa dövlətləri üçün Rusiya əvvəlki kimi imperiya dövləti kimi qaldı. Məlum oldu ki, Avropa ilə əlaqələri kəsmək bolşeviklərin və N.Trubetskoyun ehtimal etdiyi kimi o qədər də asan məsələ deyil.

Avrasiyaçılar Qərbi inkar etsələr də onların ideoloci və siyasi məqsədi müəyyən qərb təzahürlərinə uyğun gəlirdi. Avrasiyaçıların özləri də, XIX əsr rus slavyanofilləri kimi öz mənəvi niyyətlərinə görə həmvətənlərinə deyil, qərbi avropalılara əhəmiyyətli dərəcədə yaxın idilər. O vaxtki, sovet ziyalılarının əksəriyyətinə, avrasiyaçılığın varlığını bilib-bilməməsindən asılı olmayaraq “Müqəddəs Rusiya”, itirilmiş köklərin axtarılması və s. istəyi, arzuları tamamilə yad idi. 20-ci illərdə Rusiyada gələcəyə optimist baxışlar, elmə inam, texnikaya pərəstiş hakim mövqe tuturdu. Avrasiyaçıların mədəni pessimizmi Rusiyada gedən daxili proseslərdən, mövcud əhval-ruhiyyədən daha çox, öz mahiyyətinə görə qərbi Avropanı əks etdirirdi. Bunu parlamentar demokratiyanın tənqidi haqqında da demək olar. Burda da avrasiyaçılar rus təcrübəsinə deyil, qərbi Avropa tərübəsinə əsaslanırdılar. Avrasiyaçıların gözlədiklərinin əksinə olaraq, mədəni məsələlərdə inqilabdan sonra Rusiya qətiyyən Şərqə deyil, qismən Peterburq dövründə yaradılmış mədəni dəyərlərə və ilk növbədə XIX əsr rus mədəniyyətinə söykəndilər. Beləliklə, avrasiyaçıların Qərb mədəniyyətinin misilsiz cazibəsi tezisi öz doğruluğunu sübut etdi. Qərbin qürübü püyğəmbərliyinin əksinə olaraq, Avropa ideyalarının qələbə yürüşü bu günə qədər davam edir.



Rus siyasi mühacirləri və xüsusilə avrasiyaçılar tərəfindən marksizmin tənqidinə olduqca çox yer ayrılmış "Marksizmin ən yeni tənqidinə qarşı" adlı kollektiv məcmuədə, məqalələrdən birinin müəllifi N. İvanov (Omskiy) filosofluq edən avrasiyaçılara birmənalı şəıkildə, kəskin siyasiləşdirilmiş qiymət verir: “Avrasiyaçılar dedikdə, biz 1921-ci ildən xaricdə mövcud olan siyasi cərəyanın, avrasiyaçılığın tərəfdarlarını adlandırırıq. Bu cərəyan ağ mühacirlərin mühitində yaranmışdır. Bu cərəyanın fəal təşkilatçıları və təbliğatçılarının dairəsi Avropada dolaşan ağ mühacirlərin daha çox yalnız sağçı təmayülləri ilə qapanır. Avrasiyaçılara SSRİ-dən sürgün edilmiş irticaçı professuranın bir hissəsi də qoşulmuşdu (12; c. 298). Avrasiyaçılığa verilən belə rəydən sonra bu сərəyanın adı sovet siyasi, elmi ədəbiyyatından praktiki olaraq birdəfəlik yoxa çıxdı. Avrasiyaçıların yaradıcılığının tədqiqində xüsusi yer özünü "son avrasiyaçı" adlandıran, böyük rus alim L.N. Qumilyova məxsusdur. Ölümünə az qalmış o, böyük əminliklə bildirirdi ki, əgər Rusiyanın taleyində dirçəliş vardırsa, bu yalnız avrasiyaçılıq vasitəsilə ola bilər. L.N.Qumilev öz konsepsiyasında Avrasiya Şərqini Qərb sivilizasiyasına münasibətdə əyalət ərazisi kimi deyil, etnogenezin, mədəniyyətin və ictimai inkişaf tarixinin müstəqil və dinamik mərkəzi kimi göstərirdi. Qumilova görə mədəniyyətlərin inkişafı super etnoslarla bir başa əlaqəlidir. Belə ki, indiki dünyada Avropa mədəniyyəti latın etnosunun inkişafı çərçivəsində dünyaya hakim olmağa çalışır və bütün digər mədəniyyətlər və etnosları zəiflətmək istəyir. Amma hər etnos tarixin müəyyən mərhələlərində güclü və ya zəif olduğu kimi indiki dövrdə (iki qütblü dünya) Latın etnosu ilə birlikdə Avropa mədəniyyəti öz süqutuna doğru gedir. Artıq yeni bir super etnos olan Rusiya etnosu formalaşmasını başa çatdırmışdır. Bu etnos tarixdən bəri monqol, slavyan, ural-altay və türk millətlərini içinə alan tarixi bir inkişafın nəticəsidir ki, hazırda rusiyalı (Rusiyanı) kimliyi ilə bütün dünyanın inkişaf istiqamətini dəyişmək potensialdadır (2; 544). SSRİ-nin süqutundan sonra avrasiyaçılıqn ideyasına qayıdış: nəzəriyyədən təcrübəyə. Sosialist birliyinin dağılması ilə əlaqədar Sovet İttifaqının Mərkəzi və Şərqi Avropa ölkələrindən müvafiq kompensasiyalarsız çıxışı, zəruri xarici siyasi aktivlərin itirilməsi, daha sonra iki fövqəldövlətdən biri olan SSRİ-nin süqutu, artıq müstəqil Rusiyanı dezinteqrasiya təhlükəsi ilə üz-üzə qoydu. Bu proseslər Rusiya Federasiyasını və Müstəqil Dövlətlər Birliyinin bəzi ölkələrini xarici siyasət sahəsində təcrübələrini nəzəri cəhətdən yenidən əsaslandırılmasını zəruriləşdirdi. Məhz bu dövrdə, daha dəqiq desək, 90-cı illərdə postsovet ölkələrinin bəzilərində praktiki olaraq reallaşması mümkün olan neo-avroasiyaçılıq konsepsiyası coşqun şəkildə keçirilən çoxsaylı simpoziumlarda, konfranslarda, seminarlarda retrospektiv planda olduğu kimi, eyni zamanda müasir nöqteyi-nəzərdən də geniş şəkildə müzakirə olunmağa başladı. Neoavrasiyaçılıq öz inkişafını klassik avrasiyaçılığın təməlləri üzərində qursa da, öz prinspiləri və dəyərlərini post-modernist fəlsəfəyə uyğun şəkildə təşkil emtişdir. Belə ki, Rusiya haqqında formalaşmış işğalçı fobbisinin qarşısını almaq üçün fərqli bir konsepsiya – demokratik, liberal imperiya ideyasını ortaya atmışdır. Geosiyasi xüsusiyyətlərə əsaslanacaq bu yeni imperiya müasir mənası ilə federasiya şəkilli dövlət quruluşudur və qloballaşmadakı tək qütblü – Avropaya inteqrasiyaya əlavə olaraq yeni bir inteqrasiya məkanı – Avrasiya Birliyini də qloballaşma prosesində dünyaya təqdim edir. Deməli, neoavrasiyaçılıq öz klassiklərindən fərqli olaraq qloballaşmaya qarşı deyil, əksinə qloballaşmadakı tək qütblü inteqrasiyaya qarşıdır və qloballaşmaya yeni bir inteqrasiya məkanı təqdim edərək onu iki qütblü bir prosesə çevirmək cəhdidir. Neoavrasiyaçılıq ideyasının əsas mahiyyəti yeni slavyan-türk inteqrasiyasına, bununla da postsovet ərazisinin bütövlüyünün bərpası perspektivlərinə tuşlanmışdır. Lakin bəziləri bu günki avroasiyaçılığı müxtəlif orientasiyalı insanları birləşdirən, kifayət qədər amorf cərəyan hesab edir. “Avroasiyaçılıq” termini ətrafında müzakirələr bəziləri üçün müəyyən tarixsevərlik və siyasi ənənələrə mənsubiyyəti ( 20-ci illərin avroasiyaçılarından doğmuşdur) ifadə edirsə, digərləri üçün postsovet ərazisinin tarixi bütövlüyünün göstərilməsi üçün istifadə edilən addan başqa bir şeyi ehtiva etmir. Avroasiyaçılıq konsepsiyası bütövlükdə antiqərb mövqeyi tutur. Və bu mövqe Qərblə postsovet ərazisində yaşayan slavyan və müsəlmanların qarşıdurma xəttini nəzərdən qaçırmır. Aydındır ki, ayrıca götürülmüş dini zəmində slavyan-türk xalqlarının inteqrasiyası mümkün deyil, burda heç bir ekumenizm ola bilməz. Bu məsələdə ya, yeni sekulyarizasiya istiqamətində mədəniyyətin dini kontekstlərdən uzaqlaşdırılması, ya da, dini impulsların gərginliyinin yatırılmadığı hansısa spesifik sivil formada sublimasiya edilən xüsusi humanitar, universal “metadilin” yaradılması tələb olunur. Avroasiyaçılıq mədəniyyətinin yaranmasında elə universalilərinin açılması və təsdiqi tələb olunur ki, bunların qarşısında bütün milli-dini və siyasi qarşıdurmalar ikinci plana keçsin.

Hazırda MDB ölkələri qazandıqları müvəffəqiyyətlərə və mürəkkəb iqtisadi, siyasi, etnomədəni sahədə yaşadığı çətinliklərə baxmayaraq, keçmiş postsovet məkanında müstəqil, milli-mədəni mühit formalaşdırmağa nail olmuşlar. Lakin bu dövlətlər Avroasiyanın mərkəzi olduqlarından, Rusiyanın geosiyasi maraq dairəsinə daxildirlər. Təsadüfi deyil ki, avroasiyaçılıq ideyasının irəli sürülməsində Rusiya ilə sıx əməkdaşlıq edən Kazaxstanın fəallığı nəzərə çarpacaq dərəcədədir. 90-cı illərin ortalarında MDB dövlətlərinin rəhbərləri üçün bu ideya uzaq perspektivdə görünsə də, artıq Rusiyanın ciddi səyləri nəticəsində bu ideyanın konturları görünmək üzrədir.

Müasir dövrdə yer kürəsinin altıda bir hissəsini tutan hazırki Rusiyada baş verən proseslər onun yeni dünya nizamında yeri və rolu məsələsini bütün kəskinliyi ilə gündəmə gətirmişdir. Bu suala Qərbdə və Şərqdə müxtəlif cavablar verilir. Praktiki olaraq bütün Qərb politoloqları Rusiya və Avropa, Rusiya və Qərb arasında olan münasibətləri qeyri-stabil kimi dəyərləndirirlər. Və bu qeyri-stabilliyi dörd struktur geosiyasi tendensiyalarla izah edirlər: Birincisi, öz ərazisinə, əhalisinin sayına və təbii ehtiyatlarına görə Rusiya istənilən Avropa dövlətini keçir. Bu ölkənin əsas problemi bu nəhəng ehtiyatlardan səmərəli istifadə məsələsi olmuşdur; Ikincisi, tarix boyu Rusiyanın nə Qərblə nə də Şərqlə dəqiq müəyyənləşdirilmiş sərhədləri olmamışdır. Bu isə onu ətraf regionları işğal etmək məqsədilə daimi ekspansiyalara sövq edirdi. Lakin bütün bunlar problemi həll etmirdi, əksinə yeni periferiyalar yarandığından, məsələ daha da qəlizləşirdi. Üçüncüsü, Rusiya ilə böyük Avropa ölkələri arasında, həmişə kiçik siyasi cəhətdən zəif dövlətlər yerləşirdi ki, bu da Qərbdə təsdiq olunmaq üçün Rusiyada ekspansionist əhval-ruhiyyəni gücləndirirdi; Dördüncü, istər coğrafi, istərsə də siyasi və mədəni planda Rusiya həm Avropaya, həm də Asiyaya aiddir. Nəticədə, o tam şəkildə özünü bütövlükdə nə Avropaya, nə də Asiyaya şamil etməmişdir. Bunlardan əlavə, Rusiyanın “Qərb-Şərq” koordinatlarında yeri və rolunun qiymətləndirilməsində ənənəvi rus mədəniyyəti xüsusi rol oynamışdır. Rusiyanın daima özünün Qərbdən texnoloci geriliyini dərk etməsi ciddi qarşıdurmalara səbəb olmuşdur.

Bu faktın etiraf edilməsi bir çox tədqiqatçıları Qərbin nailiyyətlərindən rus iqtisadiyyatının modernləşdirilməsində istifadə olunması fikrinə gətirmişdir. Lakin eyni zamanda Rusiya həmişə Qərb dəyərlərinin cəmiyyətə və mədəniyyətə neqativ təsirindən ehtiyatlanmışdır. Bu isə nəticədə texnoloci əməkdaşlıq imkanını məhdudlaşdırmışdır. Bütün bunlar təbii ki, avroasiyaçılığın ideya cəhətdən formalaşmasına da öz təsirini göstərmişdir. Çünki, Qərb politoloqlarından fərqli olaraq, avrasiyaçılığın ideoloqları Rusiyanı yalnız özünə xas mədəniyyəti və dövlətçiliyi olan bir ölkə hesab edirlər. Avroasiyaçılar iddia edirdilər ki, rusların ictimai psixologiyasını müəyyənləşdirən, onların öz mahiyyətləri etibarı ilə nə avropalı, nə də asiyalı olmalarıdır. Onların təsəvvüründə Rusiya nə Şərqə, nə də Qərbə mənsub olmayan coğrafi və tarixi bir məkandır. Nə isə üçüncü bir dünya: Avropa və Asiya, lakin Asiyanın üstünlüyü olan bir ölkədir.

Son dövrlərin elmi diskussiyalarında “Böyük Limitrof” nəzəriyyəsi adlandırılan digər mövqe də aktuallaşmışdır. Bu konsepsiya Rusiyanın geopolitik perspektivlərini əks etdirir. Nəzəriyyənin müəllifləri S.Xatunsev və V.Tsımburskiydir. Bu nəzəriyyənin müəllifləri dünyanın bugünkü geosiyasi xəritəsini müəyyənləşdirən Xantinqtonun sivilizasiyaların altı əsas növü əsasında – çoxsaylı münaqişələrin sivil xarakter deyil, psevdosivil xarakter daşıdığı sivilizasiyalararası zonaların çoxluğu tezisini irəli sürürlər. Bu zonalarda bir çox dövlətlər var ki, tam şəkildə sivilizasiyalardan heç birinə uyğun gəlmirlər. Bu dövlətlər Şərqi Avropa, Ukrayna, Qafqaz, Orta Asiyadan ibarətdir. Müəlliflər iddia edirlər ki, Böyük Limitrof - yalnız Yeni dövrə aid xüsusi fenomen olmaqla, qədim Avrasiyadan qalmış fon haşiyəsidir. Avroasiyaçılardan fərqli olar S.Xatunsev və V.Tsımburskiy hesab edirlər ki, Avroasiyanı Rusiya – dağıtmışdır, Böyük Limitrof isə onun qalıqlarıdır.

Müasir dövrdə dünyada mürəkkəb və birmənalı olmayan güc mərkəzlərinin dəyişməsi prosesi gedir. “Özündə rəqabət, inteqrasiya, əməkdaşlıq və qarşıdurma kimi halları ehtiva edən müasir beynəlxalq münasibətlər sistemi olduqca dinamik xarakterə malikdir. Xüsusilə də ayrı-ayrı geostrateci bölgələrdə regional aktorların mübarizəsi və bu kontekstdə lokal və qlobal xarakterli münaqişələrin meydana çıxması beynəlxalq münasibətlərin əsaslarına ciddi təsir göstərməkdədir. Ümumiyyətlə, dünya siyasətində əsas geostrateci məkan olan Avrasiya materikində hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də ciddi fikir ayrılıqları mövcud olub. Xüsusilə də Qərb və Rusiya Avrasiya kimi geostrateci baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateci dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Bu cür mübarizə halları son olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa məkanlarında müşahidə olunub” (19).Və belə bir şəraitdə dünya siyasətində və iqtisadiyyatında yeni qlobal mahiyyət kəsb etməyə başlayan avroasiyaçılıq ideyasi ön mövqeyə çıxmağa cəhd göstərir.

Qeyd etdiyimiz kimi avroasiyaçılıq ideyası qədim tarixi köklərə malikdir. Keçən əsrin 20-ci illərində yaranan bu ideya elmi konsepsiya kimi klassik, bir qədər sonra neoavroasiyaçılıq, daha sonrakı mərhələdə 1990-2000-ci illərdə isə Qazaxıstan avroasiyaçılığına transformasiya olunmuşdur. Qeyd etmək lazımdır ki, Nazarbayevin avroasiyaçılıq ideyası özünün nəzəri və praktiki aspektlərinə görə həm klassik avroasiyaçılıqdan , həm də neoavroasiyaçılıqdan fərqlənir. Nazarbayevin fikrinə görə, avroasiyaçılıq bir dövlətlə məhdudlaşmır, o prinsipial olaraq çoxsubyektlidir və XXI əsrin dünya siyasəti üçün prinsipial əhəmiyyət daşıyır. Avroasiyaçılıq ideyası millətlərin və xalqların unikallığının, identikliyinin saxlanmasına əsaslanan, onların müxtəlifliyi ilə zənginləşən birlik olmalıdır. Çünki müasir Avrasiyanın fundamental xüsusiyyəti, türk, islam, slavyan və Qərbi avropa sivilizasiyalarının etnomədəni sərvətlərinin bir modeldə birləşməsidir. Bizim regionumuzda, daha konkret, bizim ölkəmizdə Şərq və Qərb ənənələri qarşılıqlı şəkildə culğaşır və bir-birinə nüfuz edir, mədəniyyətlərin və sivilizasiyaların real dialoqu baş verir. Avroasiyaçılıq ideyası əsasında hərtərəfli və fəal inkişaf edən dialoqda, Avrasiyanın yalnız ən böyük dünya sivilizasiyalarının beşiyi olması faktı deyil, həm də bunların arasında körpü olması da əsas fakt kimi ortaya çıxır.

Avrasiyaçılıq ideyasının formalaşmasına və inkişafına böyük dəstək görkəmli şair, publisist və ictimai xadim Olcas Suleymenov tərəfindən edilmişdir. 1970-ci illərin ortalarında onun "Az i Я" kitabı işıq üzü görür (15; 303). Müəllif kitabda rus mədəniyyətinə, tarixinə, dilinə türk təsiri ilə bağlı məsələləri qaldırır. O. Suleymenov poeziyasında qaldırılan əsas mövzulardan biri türk-slavyan etnotarixi məkanının ümumiliyi, Çöl və Rusiyanın, bütovlükdə Avrasiya böyük subkontinentinin mədəni-estetik sistemlərinin birlryi məsələsidir. Akademik mühitdə "Az i Я" böyük əks-səda doğurur, başqa cür düşündüyünə görə müəllif və əsər haqqında mənfi rəy və ittihamlar bütün mətbuatı bürüyür (6; c.251-258; c.203-210). Kitab senzura idarəsinin göstərişi ilə yalnız Qazaxıstanda deyil, bütün İttifaq üzrə olan kitabxana və kitab mağazalarında qadağan edilir və dövriyyədən götürülür. Və yalnız 1989-ci ilin avqustunda Süleymenovun adı və bütün yaradıcılıq hüququ özünə qaytarıldı. Qeyd etmək lazımdır ki, Süleymenovun baxışları H.A Nazarbayevdə avrasiya dünyagörüşünün formalaşmasına müəyyən təsir göstərmişdir. Bunu Nazarbayev özü belə etiraf edir: “Gizlətmirəm. Bir çox məsələdə, məhz O. Süleymenovun yaradıcılığı, məni avrasiyaçılıq ideyalarının öyrənilməsinə və inkişaf etdirilməsinə sövq etmişdir" (9).

Müasir dövrdə "Avrasiya" siyasi partiyasının yaradıcısı, neoavrasiyaçı ideoloq A.Q.Duqin özünün avrasiyaçılığa olan baxışı ilə fərqlənir. O avrasiyaçılığa geniş tarixi kontekstdən baxaraq, onu yalnız Rusiyaya aid hadisə kimi deyil, dünya nizamında dəyişiklik edə biləcək hadisə kimi dəyərləndirir. O, göstərir ki, hər bir iperiyada bir mərkəzi güc olduğu kimi, bu imperiyada da demokratik olmasına baxmayaraq rus mərkəzçiliyi əsas götürülmüşdür. A.Duqin bunu “dövlətlər öz milli kimliklərini qorumaq və inkişaf etdirmək istəyirlərsə Rusiyaya sadiqliklərini sübut etməlidirlər” deyərək izah edir. Duqin yaranacaq yeni Avrasiya Birliyinin “Pax Americana” qarşı olacaq “Pax-Eurasiatica” mədəniyyəti formalaşdıracağını söyləyir. Nəticədə, “xalqların ümumi razılığı” ilə qurulacaq bu imperiya geosiyasi bir blok, super dövlət şəklini alacaq. 2003-cü ildə Rusiya Federasiyası, Qazaxıstan, Belarusiya və Ukraniya arasında təşkil olunmuş “Avroasiya İqtisadi Məkanı”nı Duqin yeni yaranacaq imperatarluğun başlanğıcı və Avroasiyaya inteqrasiya üçün qərarlı bir addım adlandırmışdır (4; c.16-26). Duqin özünün "Nursultan Nazarbayevin Avrasiya missiyası" adlı kitabında Qazaxıstan Prezidentinin Avrasiya siyasətinin əsas məzmununu, ideoloci motivlərini, Nazarbayevin Avrasiya təşəbbüsünün xarakterini və şəxsiyyətinin rolunu tarixi qüvvə və böyük çöl ruhu kontekstində təhlil edir. Duqin qeyd edir ki, N. Nazarbayevin avrasiyaçılıq dünyagörüşü - özünəməxsus metodologiyadır, doktrinadır, tarixin izahının nəzəriyyəsidir və gələcək dünya nizamının layihəsidir (3;288). Lakin Qazaxstanın Avrasiya İttifaqına daxil olması ölkənin özündə heç də birmənalı qarşılanmır. Qazaxstanın “Açık Alan” (Tribuna) qəzetinin göstərdiyinə görə antiavrasiyaçılar Avrasiya İttifaqını sıradan bir problem deyil, millətin gələcəyi, dövlətin bütünlüyü və ölkənin müstəqilliyi üçün təhlükə hesab edirlər. Bu fikirlər 2014-cü il aprelin 12-də Almatıda keçirilən Antiavrasiya Forumunda səslənmişdir.

Neoavrasiyaçıların fikrinə görə AB-də yeni iqtisadi model- 3-cü yol, nə Qərbin təklif etdiyi liberal – azad iqtisadiyyat, nə də marksist iqtisadi sistemi olacaqdır. Bu fərqli, yeni iqtisadi modelə görə, iqtisadiyyat mənəvi dəyərlər üzərində qurulacaq sivilizasiyaya uyğun şəkildə olaaqdır. Beləki, birliyə daxil olan dövlətlər arasında gömrük birliyi yaradılacaq, bundan başqa Avroasiya imperiyası daxilində mərkəzi maliyyə, nəqliyyat, eneri, informasiya, istehsal sistemi yaradılacaqdır. Daha sonra azad inkişaf üçün kiçik və orta sahibkarlığa icazə veriləcəkdir. Avroasiya İttifaqının İqtisadi Sistemi bazar iqtisadi anlayışını sosial və milli – mənəvi dəyərlərin sintezi şəklində formalaşdıracaq.(21)

2013-ü il noyabrın 29-da Tatarıstanın inzibati mərkəzi Kazanda “Avrasiya iqtisadi inteqrasiyası: nailiyyətlər və problemlər” mövzusunda keçirilən forumda Azərbaycan nümayəndəsi də iştirak etmişdir. Forumun açılışında çıxış edən Rusiya Dövlət Dumasının spikeri Serqey Narışkin Ukraynanın Avropa İttifaqından imtina edib Avrasiya iqtisadi birliyinə qoşulmasını və Avropa İttifaqının Ukrayna və digər keçmiş sovet respublikaları ilə bağlı siyasətini tənqid edib. O, bu ittifaqın təsisçiləri kimi çıxış edən Rusiya, Belarus və Qazaxıstanın 2015-ci il yanvarın 1-nə qədər Avrasiya İqtisadi İttifaqının yaradılması haqda müqaviləni imzalayıb ratifikasiya etməyə hazırlaşdıqlarını və bununla da Avrasiya İttifaqının beynəlxalq hüququn subyektinə çevriləcəyini bildirib. Daha sonra o, yeni beynəlxalq təşkilatın Avrasiya İqtisadi Komissiyası və Avrasiya Məhkəməsi kimi mühüm orqanlarının olacağını və ittifaqın parlamentinin təsis edilməsini də istisna etməyib. Narışkin qeyd edib ki, hələlik əsas diqqət ittifaqın əsasını təşkil edəcək MDB Gömrük Birliyini dərinləşdirməyə yönəlib. O, Ermənistan və Qırğızıstanın artıq Gömrük İttifaqına qoşulmağa rəsmən razılıq verdiyini xatırladıb. Narışkin deyib ki, Rusiya Ukraynadan da belə addım gözləyir. Maraqlıdır ki, forum Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammiti ilə eyni vaxtda təşkil olunub. Narışkin bu sammitə toxunaraq deyib ki, Qərb ölkələri Ukraynaya misli görünməmiş təzyiqlər edirlər.

Avropa İttifaqı ilə Avrosaiya İttifaqını müqayisə etdikdə, həqiqətən də Avrosaiya İttifaqınının könüllülük əsasında, demokratik prinsiplərə söykənən, bütün sahələrdə sıx əməkdaşlığa əsaslanan bir qurum olduğu, Avrasiya İttifaqının isə Rusiyaya qarşı inamsızlıq atmosferinin hökm sürdüyü şəraitdə, Rusiyanın rəhbərliyi və təhdidləri altında, dövlətlərin suverenliyin üçün təhlükə yaradacaq bir qurum olacağı heç kəsdə şübhə doğurmur.

Azərbaycana gəldikdə isə, Azərbaycan tədqiqatçısı T.Cəfərovun göstərdiyi kimi “Birincisi, coğrafi region və tarixi-mədəni areal kimi Azərbaycan özünəməxsus Avrasiya modelinə malikdir. Ərazisi çöl zolağı deyilən Avrasiya tarixi-mədəni arealının başlanğıc ərazisinə daxil olmasa da, Azərbaycan hətta materikin, demək olar ki, bütün iqlim qurşaqlarını əhatə edir. İkincisi, Avrasiya materikində baş vermiş bütün böyük köçlər və yerdəyişmələr bu və ya digər səviyyədə tarixi vətənimizin sərhədlərini ağuşuna almış, Şərqdən Qərbə, Şimaldən Cənuba və əks istiqamətlərdə reallaşan kəşfiyyat ekspedisiyaları, karvan yolları məhz Azərbaycan ərazisindən keçib. Böyük Monqol imperatoru Çingizxanın sərkərdələri Subutay və Cebenin kəşfiyyat xarakterli marşrutunu, rus tacirləri Afanasi Nikitin və Fedot Kotovun səyyahət yollarını, makedoniyalı İsgəndərin və Teymurləngin “böyük imperatorluq” yaratmaq niyyətlərini, hətta Hitlerin “Barbarossa” planını yada salmaq kifayətdir. Azərbaycan Avrasiya məkanında mövcud olmuş imperiyaların və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşib. Böyük Bizans imperiyasının, Xəzər xaqanlığının və Ərəb xilafətinin torpaqlarının bir-birinə qovuşduğu coğrafi-tarixi yerlər məhz tarixi Azərbaycan ərazilərinə təsadüf edirdi. Üçüncüsü, Avrasiya və Azərbaycanın kulturoloji aspektdə müqayisəli tədqiqi elmi axtarışlar üçün yeni üfüqlər açır. (1)

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə