Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu abdulla şAİq arazdan turana baki – nurlan – 2004




Yüklə 2.81 Mb.
səhifə1/12
tarix20.04.2016
ölçüsü2.81 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12


Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu



ABDULLA ŞAİQ


ARAZDAN

TURANA


BAKI – NURLAN – 2004

Çapa hazırlayan, tərtibçi

və qeydlərin müəllifi: Mina xanım Əsədli,

sənətşünaslıq namizədi

Elmi redaktoru

və ön sözün müəllifi: Kamal Talıbzadə,

akademik
Rəyçilər: Məmməd Adilov,

flologiya elmləri namizədi

Paşa Kərimov,

flologiya elmləri namizədi


Rəssamı: Vüsal Bağırov
Kompüter icraçıları: Səadət Qasımova, Suad Əhmədov


Abdulla Şaiq. Arazdan Turana, Bakı, Nurlan, 2004, 264 s.
ÖN SÖZ
Abdulla Şaiqin "Arazdan Turana" adlı yeni seçilmiş əsər­ləri külliyyatına ədibin məlum nümunələrlə yanaşı, müxtəlif səbəblər üzündən uzun müddət nəşri yasaq olunan əsərləri də daxil edilmişdir. Oxucularda Şaiq irsinə maraq oyadacaq "Araz­dan Turana", "İntizar qarşısında", "Yeni ay doğarkən", "Vətənin yanıq səsi", "İki muca­hid", "Ülkər", "Həyat – sev­məkdir" kimi sənətkaranə ya­zıl­mış onlarla poema və şerləri belə nümunələrdəndir. Mə­lum səbəblər üzündən Azərbaycan oxucusunun diqqə­tin­dən kənarda qalan bu kimi əsərlərində türkün ümu­mi­ləş­miş, mübariz, mifik surəti, vətən sevgisi, dö­yüşgənliyi, qüdrəti, türk qadınının paklığı, ucalığı tərənnüm olunur, türkün hələ indiyə qədər (yəni 20-ci illərə qədər) poeziya­mızda açılmayan sifətləri, mübarizliyi, fədakarlığı can­lan­dı­rılır.

Azərbaycanda - Bakıda xeyli yaşamış, iki cildlik Azər­bay­can ədəbiyyatı tarixini nəşr etdirmiş, 20-ci illər ədəbi, elmi, pedaqoji mühitinə qaynayıb-qarışmış, öz fəaliyyəti ilə dövrün mədəni həyatında dərin iz buraxmış məşhur türk alimi İsmayıl Hikmət 1923-cü ildə Bakıda keçirilən təntənəli Şaiq gecəsin­də­ki "şaiqanə" çıxışında dövrün dillər əzbəri olan aşağıdakı şerini demişdi:


Nə diyorlar bəşərlə firdövsə

Dönəcəkmiş, deyilmi, dünyamız?!

Biri: "İnsan mələk olurmu?" - desə,

Bən derim: Bir misalı var bakınız:

Bu təbii şüari - munislə,

Bəncə, Şaiq nümunədir mələyə!


Həqiqətən Şaiq öz dövrünün mələk xislətli sənətkarı idi.

Bir əsrə yaxındır ki, artıq hər bir azərbaycanlı balası di­lini babaları Abdulla Şaiqin şerləri ilə, bu şerlərin söz­lərinə yazıl­mış mahnılar ilə açır, "Ay pipiyi qan xoruz", "Ala-bula boz keçi", "Tıq-tıq xanım" ruhu hər azər­bay­canlı balasının mənəvi dünyasına, düşüncəsinə hakim kə­si­libdir. 1918-ci ildə A.Şai­qin özünün milliləşdirdiyi rus dilli məktəbin əsasında yara­dıl­mış "Şaiq nümunə mək­tə­bi" Şaiq humanizmini, azərbaycan­çı­lığını yaymaq, aşıla­maq yolunda əvəzsiz iş görən ən güclü, təsirli mənəvi va­si­təyə, məktəbə çevrilmişdir. Əsrimizin əv­vəl­lərindən baş­la­yan bu mənəvi sıçrayış ara vermədən bu günə qədər da­vam edir, milli mənliyimizin dirçəlişinə təkan ve­rir. 1981-ci ildə ədibin 100 illik yubileyinin böyük təntənə ilə keçi­ril­məsi, ümumxalq bayramına çevrilməsi bu sənətin öl­məz­liyini bir daha təsdiq etdi.


* * *
Abdulla Şaiq şerinə lap cavanlıqdan hakim olan roman­tik kövrəklik, pərişanlıq, həyati, fəlsəfi fikri dərinlik, klassik şer ənənələrinə - böyük Füzuliyə bələdlik, məhəb­bət, aşinalıq onun bütün yaradıcılığı boyu davam etmişdir.

Şaiqin hər misrasında həyatdan, təbiətdən, insandan, əmə­yin əzəmətindən zövq alan coşğun, həssas ruhlu, ro­mantik şairin fərəhi vardır, o şeyi ki, böyük Sabir möcüzə saydığımız satirası ilə demiş, oxucularına çatdırmışdır, onu elə həmin poetik miqyasda Şaiq öz incə, kövrək mis­ra­ları, duyğuları ilə müasirlərinə təlqin edirdi. Diqqət edilsə, müasiri və son də­rəcə yaxın dost olduğu Sabirlə Şaiqin sənət mövzuları da son dərəcə yaxın, hətta eynidir, fərq əsasən onların bədii ifadə tərzində olmuşdur: biri böyük satirik şair kimi, digəri roman­tik şair kimi! Sabirin realist, satirik sənət qüdrəti Şaiqdə incə, vüsətli romantik bir örtüyə bürünmüşdür. Başqa sözlə, Sabirin realist, satirik təsvirindən fərqli olaraq, Şaiqdə "romantik mən" mərkəzi yer tutur. Sözün qısası, Şaiq anadan romantik sənət­kar kimi doğulmuşdu.


* * *

Talıbzadələr nəsli Sarvanda* - Borçalının mərkəzində "axund uşağı" adı ilə məşhur olmuşdur. "Axund" – döv­rün ən savadlı, bilikli, irəlidə gedən, yol göstərən şəxsiyyə­tinə, din xadiminə deyərdilər.

Soy adımız - XVII-ci əsrdə Şəmşəddindən qardaşları ilə Sar­vana köçmüş Molla Talıbdan başlamışdır. Həmin nəs­lin ca­van nümayəndələri bu günə qədər orada yaşayır, öz mən­zillərindən birini Abdulla Şaiqin Sarvandakı Kamal əmisinin mənzilində - hazırda Nəriman Axundovun yaşa­dığı binada yerləşən "Abdulla Şaiqin Mənzil Muzeyini" himayə edirlər.

Günlərin bir günü A.Şaiqin atası Axund Mustafanın Tif­lisin Şeytan bazar hissəsindəki mənzilindən Mehri xa­nı­mın dün­ya­ya gətirdiyi ikinci uşağının səsi eşidildi. Uşaq işıqlı dünyaya tək gəlməmişdi, əkiz tayı ilə bərabər göz açmışdı. Birinci muş­tuluğu eşidən də, ailənin başcısı özü olmuşdu, muştuluğu gətirənə də hədiyyələrini o özü ver­miş­di. Ancaq ikinci çağa ya­şamamış, dünyasını tez dəyiş­miş, cavan ailə dünyaya birinci göz açmış Abdullanın se­vin­ci ilə yaşamalı, kifayətlənməli ol­muş­du. O oğul ki, bö­yük oğul Yusifdən sonra da Axundun ailəsinə hədsiz se­vinc­lər bəxş etmişdi. Abdulla həqiqətən cavan ailənin hə­diy­yəsi oldu, bir-birinin ardınca ötən illər bu körpənin dün­yaya gəlişini təsdiqləyən illərə çevrildi. Bu uğur­lu gün 1881-ci ilin 24 fevralı kimi tarixə döndü.

A.Şaiqin Qafqaz Ruhani İdarəsində şeyxülislamın müa­vi­ni, altı sinifli məktəbdə ərəb və fars dilləri müəllimi olan atası Axund Mustafa Süleyman oğlu Talıbzadə ma­arifse­vər din xadimlərindən idi, dövrünün işıqlı ziyalıları ilə, o cüm­lədən Mirzə Fətəli Axundov ilə əlaqə saxlayırdı. Son­ra­lar önəmli din xadimi, ziyalı və azadlıq mübarizi kimi tanınan böyük oğlu Yusifdə və Abdullada da elmə, maari­fə o özü həvəs oyat­mışdı. A.Şaiq ilk təhsilini Tiflis Ruhani idarəsinin al­tısinif­li məktəbində (1889-1893) və Xorasan­da­kı açıq fikirli, Tür­kiyə sultanı Əbdülhəmidin zül­mün­dən xilas olmaq üçün İranın Xorasan şəhərinə "qaç­mış" sevimli müəllimi Yusif Ziya­nın məktəbində al­mış­dı (böyük qardaşı Yusif "Ziya" təxəllüsünü Xorasan­da­kı müəlliminə hörmət və məhəbbət əlaməti olaraq seç­mişdi). Uşaqlıqdan Şərq ədəbiyyatına, şerə, sənətə həvəs göstərib, 1900-cü ilin payızında Xorasandan Tiflisə qayı­da­raq bir necə ay­dan sonra Bakıya köçmüşdür. Həmin ildəcə Bakıda yurd-yuva salmış, şəhərin ictimai-siyasi, mə­dəni həyatına qarış­mış, artıq Bakıda maarifçi kimi məş­hur­laşmış Nəriman Nə­rimanovun sədrlik etdiyi rəsmi ko­mis­siya qarşısında "əla" qiymətlə imtahan verib, müəllim­lik hüququ qa­zan­mış, rus-tatar (türk) və realni məktəb­lərdə ana dili və şəriət dərslərini aparmışdır. Xorasanda islam dini və onun tarixi haqqında zangin məlumat, bilik əldə edən, fars və ərəb dillərini öyrənən cavan ziyalı özü­nü xalqının tərəqqisinə, maariflənməsinə həsr edir, müəl­limliklə məşğul olur, bir-biri­nin ardınca dərsliklər yazır, böyüklər və kiçiklər üçün bədii əsərlər yaradır, Şərq, rus və Avropa xalqlarının ədəbiy­yatın­dan fasiləsiz tərcümələr edir, beləliklə, az zaman içərisində xalqın məşhur maarif xadimi kimi tanınır, məşhurlaşır. A.Şaiq XX əsrin əvvəl­lə­rində çap olunan ibtidai və yuxarı siniflərə məxsus saysız-hesabsız təhsil vəsaitlərinin əsas müəllimlə­rin­dəndir. Hə­min illərdə dünya ədəbiyyatından edilən çoxsaylı tərcü­mə­lərin də müəllifi Abdulla Şaiqdir.Az vaxt içində ədəbi mühitlə, Ə.Hüseynzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, A.Səh­hət, Ə.Haqverdiyev, N.Vəzirov, F.Köçərli, M.Mah­mud­bəyov, S.S.Axundov, Seyid Hüseyn, H.Minasazov kimi dövrün məş­hur ədəbi şəxsiyyətləri ilə tanış olub, taleyini ömürlük ədə­biy­yata, məktəbə və maarif işinə bağlamışdı. Ədəbi, pedaqoji fəaliyyətə can atan cavan Şaiqin fikri tərbiyəsində, türkçülük ideyalarına yiyələnməsində böyük qardaşı Yusif Ziyanın güclü təsiri olmuşdur. On altı ya­şında bədii tərcümə və Füzu­liyanə qəzəllərlə yaradıcılığa başlayan A.Şaiq Bakıda Avropa, türk və rus ədəbiy­yat­la­rını da öyrənib; ən çox klassik milli ənənələrə, türk ro­man­tizminə dayanıb, "Füyuzat" ədəbi mək­təbi ilə ilgilən­məklə, ara-sıra "Molla Nəsrəddin" ədəbi mək­tə­binin təsi­ri ilə əsərlər də yazıbdır.

Yeni yüzilliyin əvvəllərindəki inqilab hərəkatı A.Şaiqin dünyagörüşündən yan keçmir. İnqilabı "Azadlıq ulduzu­na", "Hürriyyət pərisinə" bənzədən şair onun sönməsin­dən kədər­lənirsə ("Niyə uçdu?", "Bir quş", "Vətən" və s.) həyatı, siyasi olayları öyrəndikcə "bir zaman məhv olur şu istibdad" ina­mı­na gəlir. Onun romantik ruhlu hu­ma­nizmi, demokratizmi "Hə­pi­miz bir günəşin zərrə­si­yiz" (1908) şerində daha aydındır. "Köç", "Dağlar sultanı" kimi əsərləri isə Azərbaycan təbiəti­nin romantik simfoni­yası kimi səslənir. Bütövlükdə ədib ro­man­tik əsərlərində daha təbii və azman görünür.

Azərbaycanda məktəb və maarif işinin yüksəlişi, milli uşaq ədəbiyyatının, uşaq dramaturgiyasının yaranması birbaşa A.Şaiqin adı ilə bağlıdır. O, Azərbaycan müəllim­lə­rinin I, II qurultaylarının hazırlanmasında komissiya üzvü kimi böyük iş görmüş, "Uşaq çeşməyi" (1907), "Uşaq gözlüyü" (1909), "Gülzar" (1912) və başqa yeni tipli dərs­liklər yaratmışdır.

Bir folklorçu kimi xalq ədəbiyyatının toplanmasına və öy­rə­nilməsinə çalışan, dil və ədəbiyyat məsələlərinə dair mə­qa­lələr çap etdirən A.Şaiqin bu zəngin xəzinədən bəhrələ­nərək yazdığı "Tıq-tıq xanım" (1910), "Yaxşı ar­xa" (1910), "Tülkü həccə gedir" (1911) kimi mənzum na­ğıl­ları, eləcə də bir sıra dram, şer və təmsilləri uşaq ədə­biy­yatımızın incilərindəndir. Abdulla Şaiq uşaqlar üçün yazdığı əsərlərdə bədii ədəbiy­ya­tın, demək olar ki, əsas janrlarında qələmini sınamış, bu sahə­dəki yarım əsrlik fəaliyyəti ilə Azərbaycan ədəbiyyatının klassik nümunə­lə­rini yaratmışdır. Ədibin uşaqlar üçün yazdığı bədii əsərlər XX əsr Azərbaycan ədəbiyyatının ən kamil, yeni janra yol açan ən uğurlu bədii nümunələrindən olmuşdur.

Cavan maarif xadiminin ilk dəfə özü tərəfindən 1908-ci ildə səhnəyə qoyulan "Gözəl bahar" pyesi ilə Azərbaycan ədəbiyyatında uşaq dramaturgiyasının əsası qoyulur. Nə­zə­rə almaq lazımdır ki, Abdulla Şaiqin yaşlı oxucular üçün yarat­dığı onlarla bədii əsəri də XX əsrin əvvəllərində işıq üzü gör­müş, müəllifinə böyük şöhrət gətirmişdir. Ancaq bu bir həqi­qətdir ki, azərbaycanlı oxucuların böyüyü də, kiçiyi də lap əsrimizin əvvəllərindən A.Şaiqi özlərinin doğ­ma yazıçısı kimi sevmiş, qiymətləndirmişlər.

"Məktub çatmadı", "Göbələk", "Dursun", "Əsrimizin qəh­rə­manları" kimi əsərləri ilə A.Şaiq milli nəsrimizə mövzu, süjet, obraz və sənət özəllikləri gətiribdir. "İki müztərib" (1905) türk romanlarının təsiri ilə və "İblisin hüzurunda" (1917), "İdeal və insanlıq" (1917) isə Birinci cahan savaşı mövzusunda yaranan orijinal əsərlərdir və romantik ruhu ilə seçilirlər.

A.Şaiq azman sənətçi, azadlıq carçısı, gözəllik aşiqi ki­mi Azərbaycan Demokratik Cümhuriyyəti dövründə daha həvəs­lə çalışıbdır. Əlinə qələm aldığı gündən zamanın si­ya­si, icti­mai hadisələri, ab-havası ilə nəfəs alan Şaiq sənəti 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan edildikdən son­ra dövrün ruhu ilə daha ahəngdar səslənməyə baş­la­yır, bu poeziyanın getdikcə qüvvətlənən, çılğın, romantik, məzmunu "Arazdan Turana" kimi türkçülüyü zamanın müasir ideologiyası kimi tərənnüm edən nümunələri ilə zənginləşir. İlham mənbəyi zövcəsi Raziyənin vaxtsız ölü­mü, bacısı Ruqiyyənin cavan ikən həyatını dəyişməsi köv­rək şair qəlbini riqqətə gətirir, yaşı 40-a yaxınlaşmağa baş­layan sənətkarın yarımçıq dünya­sında yeni bir mər­hə­lə­nin yaranmasına səbəb olur. Məktəb­lərin milliləşdiril­məsi məsələsi haqqında rəsmi dövlət qəzeti "Azərbay­can"da ardıcıl çıxış edən, milli təhsili ilk həyata keçirən­lər­dən biri də A.Şaiq olmuşdur. Məhz bu illərdə o, Azər­­bay­can­da milli orta təhsilin əsasını qoymuşdu, rəhbəri olduğu rusdilli realni məktəbdə rusdilli müəllimlərin davamlı müqavimətlərini qıraraq minbir əzabla, dərslərin milliləşdi­ril­məsinə, ilk dəfə Azərbaycan dilində keçirilmə­sinə nail ol­muş­du. Bu illərdə buraxdığı "Milli qiraət", "Ədə­biyyat dərs­ləri", "Türk çələngi" (1919), "Türk ədə­biy­yatı" (1920) kimi dərsliklərindən Azərbaycan gəncliyi­nin böyük bir nəsli dərs alıbdır. "Müsavat" hakimiyyəti illə­rində yaratdığı "Arazdan Turana", "Yeni ay doğar­kən", "Vətənin yanıq səsi" kimi sil­silə şer və poemaları Azərbaycan poeziyasına yeni məzmun, ab-hava gətirən sənət örnəklərindəndir.

Azərbaycanı Rusiya bolşevikləri ələ keçirdikdən sonra da A.Şaiq bir vətəndaş, sənətçi və müəllim kimi qırx ilə yaxın xalqın mənəvi yüksəlişinə çalışıb, həm pedaqoji kurs­larda, tex­nikum və institutlarda dərs aparıb, proqram və dərsliklər hazırlayıb, həm də çeşidli janrlarda əsərlər yaradıbdır. "İldırım", "Xasay", "Eloğlu", "Vətən", "Fit­nə", "Ana", "Nüşa­bə", "Bir saat xəlifəlik" kimi pyeslər; "Araz" romanı, bir çox hekayə və şerləri bu illərin ədəbi mühitində yüksək dəyər­lən­di­rilən əsərlərdəndir. Haqlı olaraq Azərbaycanın önəmli ziya­lıları onu "Müəllimlər mü­əl­limi", "mələk təbiətli insan", "Azər­baycanda intibah dövrünün ən böyük qəhrəmanı" kimi tanıyıblar. Yeni dövr Azərbaycan maarifi tarixində, 20-30-cu illərdə müx­tə­lif ixtisaslı görkəmli ziyalıların yetişməsində A.Şaiqin adını daşıyan "Nümunə məktəbi"nin böyük xidməti ol­muş­dur.

Ömrünün altmış ilini xalqına xidmətə yönəldən A.Şaiq bir ədəbiyyatşünas-alim, bir çox dünya ədəbiyyatı örnək­lə­rini di­li­mizə çevirən sənətçi, xalq elçisi, el ağsaqqalı kimi də sayılıb, sevilib, ən ali dövləti məclislərə seçilib, müka­fatlan­dı­rı­lıb, orden və medallar alıb, "Əməkdar incəsənət xadimi" adına layıq görülübdür. Ən böyük mükafatı isə xal­qın, millətin ona olan sevgisidir. Bu gün milli dövlət­çi­li­yimiz və müstə­qil­liyimiz uğrunda mübarizədə A.Şaiqin yeri daha aydın görünür.

Abdulla Şaiq 24 iyul 1959-cu ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

A.Şaiqin "Həpimiz bir günəşin zərrəsiyiz" şeri:
Həpimiz bir günəşin zərrəsiyiz,

Həpimiz bir yuva pərvərdəsiyiz!

Ayramaz bizləri təğyiri-lisan,

Ayramaz bizləri təbdili-məkan.

Ayramaz bizləri İncil, Quran,

Ayramaz bizləri sərhəddi-şəhan.

Ayramaz bizləri ümmanü-mühit,

Ayramaz bizləri səhrayi-bəsit...

Ayramaz bizləri həşmətli cibal,

Ayramaz Şərq, Cənub, Qərb, Şimal.

Yetişər kinü ədavət daşımaq!*
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azər­baycandakı nümayəndəsi cənab P a o l o L e m b o bu şeri "Azərbaycan Respublikasında İnsan inkişafı haq­qın­da hesabat - 1995" kitabına epiqraf vermiş və kitabı A.Şaiqin Mənzil Muzeyinə təqdim edərkən demişdir:

"Azərbaycanın görkəmli şairi Abdulla Şaiqin bu misra­la­rında bütöv bir xalqın, Azərbaycan xalqının qardaşlıq və sülh arzuları, istəkləri özünün parlaq təzahürünü tapmış­dır, bu şer öz məzmunu ilə demək olar ki, Birləşmiş Mil­lətlər Təşkilatı­nın proqramını əhatə edir".


* * *
XX əsrin peşəkar tənqidçisi Seyid Hüseyn Abdulla Şaiq "müasir şerin rüknünü (əsasını) qoyanlardan biridir" fikrini təsadüfən söyləməmişdi. Əsrin əvvəllərinin məşhur tənqidçisi ədəbi, elmi-pedaqoji fəaliyyətinə aşina olduğu möhtərəm bir sənətçini - müasiri Şaiqi mütərəqqi türk, Qərb və rus şerinin ənənələrini mənimsəyərək dövrün klassik bədii nümunələrini yaratmağa nail olan ədəbi şəx­siyyətlər sırasında təqdim edirdi.

Abdulla Şaiqin "Arazdan Turana" şerlər toplusunun ye­ni­li­yi bir də bu nəşrə repressiya illərində yazılmış sovet hakimiy­yə­ti dövründəki milli zülmü, siyasi zorakılığı, ruslaşdırma siyasətini cəsarətlə tənqidə tutan ilk dəfə nəşr olunan şerlər silsiləsinin daxil edilməsidir.



KAMAL TALIBZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyasının

həqiqi üzvü
ŞERLƏR

1905-1917


VƏTƏN
Ey çeşmimin önündə mücəssəm vətən, vətən!

Qəlbim kimi ələmlərə həmdəm vətən, vətən!

Fikrim sarayını dolaşırsan zaman-zaman,

Qanlı kəfənlə, dərd ilə toəm vətən, vətən!

Baxdıqca həsrət ilə o solğun camalına,

Çeşmimdə tar görsənir aləm, vətən, vətən!

Axşam-səhər o gül üzünü isladan nədir?

Göz yaşlarınmı yoxsa ki, şəbnəm? vətən, vətən!

Dəhşət içində cismi-şərifin donub durur,

Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!

Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,

Möhnət evi sanır onu adəm, vətən, vətən!

Sənsən səbəb bəqayi-dilü cani-natəvan,

Canım kimi nolar səni sevsəm, vətən, vətən!

Gördükcə dərdini əriyir cismi-natəvan,

Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!

Qarşımda dərd, matəmə batmış gözəl mələk

Səslər həzin səda ilə hərdəm: vətən, vətən!

Ey xaki-pak, söndümü parlaq ziyaların?

Oldunmu zülmə, möhnətə həmdəm, vətən, vətən?

Övladi-naxələfmi səni saldı bu günə?

Ey vah, bu dərd, möhnətə dözməm, vətən, vətən!

Aç, aç o qəmli köksünü, ey məxzəni- məlal,

Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!

1905

BİR QUŞ


Oturmuş nəğməzarında həzin fəryad edər bir quş!

Alır gül yarpağından eşq dərsin, dad edər bir quş!

Şu eşqin məktəbində şərqilər inşad edər bir quş!

Buraxmaz ahü zarı, könlümü naşad edər bir quş!


Neçin ol quşcuğaz qəlbim kimi məftuni-möhnətdir?!

Ürək çırpındıran hər naləsi bir dağı-həsrətdir.

Onun hər nəğməsi hicran əlindən bir şikayətdir.

Məhəbbət əhlini rəhbər kimi irşad edər bir quş!


Dalır aləm sükutə eylədikcə qəmfəza fəryad,

Nədəndir rəqsgahında oturmaz bir zaman dilşad?

Xəzanın zülm, cövründən deyil bir ləhzə o azad,

Həzin ötdükcə hər an qəlbimi bərbad edər bir quş!

Sədayi-dilfribi eyliyor vicdanımı bidar,

İlahiləhndir, enmiş səmadən san pərigöftar,

Böyük bir musiqi ustadıdır ki, kəşf edər əsrar,

Mənim viran olan bu könlümü abad edər bir quş!


Sədası pək dərin təsir edər əfkarə, vicdanə,

Duyurmaqda pək incə duyğular bir şair insanə,

Deyil əfsanə fəryadı, cəfadən gəlmiş əfğanə,

Lisani-hal ilə əyyami-vəsli yad edər bir quş!


Bu quş da mən kimi dünyada hissiyyata malikdir,

Məhəbbətdən vurar dəm, şahirahi-eşqə salikdir.

Cahanda eşq rahı, Şaiqa, neməlməsalikdir!

Mənim fəryadi-məhzunaməmi bünyad edər bir quş.


1907

BÖYÜK XADİM



(Həsən bəy Zərdabinin vəfatı münasibətilə)
Bu sənmisən, ey dahiya, ey nəcmi-müzəffər?!

Almış səni ağuşuna tabuti-mükəddər!

Ey şanlı «Əkinçi!», sən idin gəncliyə rəhbər!

Aldı səni bizdən ölüm, ey nur saçan ülkər!

Ey adlı, şərafətli, fədakar, böyük insan,

Aləmlərə sığmaz vətənə etdiyin-ehsan.

Ruhun ola şad, ey ata, inamla çalışdın,

Sönməz,böyük ümmid ilə, vicdanla çalışdın.

Bar vermədədir bəslədiyin dadlı diləklər,

Almış sənin ətrafını, bax, canlı çiçəklər.

Həsrət gözünü aç bir an, ey şanlı mücahid!

Minlərcə bu məktəbli cavanlar buna şahid.

Yordu o zəif cismini zəhmət və məşəqqət,

Doğma vətənin qoynuna gir, ol daha rahət.

Gəlmiş hamı qəlbində kədər son görüşə, bax!

Mümkünmü səni, ey böyük insan, de, unutmaq!


1907
NİYƏ UÇDU?
Uçdu mələkim, qaldı bənə dərdi-məlalı,

Fəryad! Yenə qaplıyor ətrafımı zülmat!

Həp qönçeyi-ümmidlərim solmada, heyhat!

Şu əski cahanda görəməm hüsnü məali,

Sevməm daha asayışı, uymam şu cahanə.

Söndü niyə vicdanımı tənvir edən amal?

Oldu niyə ümmidlərim cövrlə pamal?

Ey hiyləgər iblis, nədir şimdi bəhanə?

Baxdıqca şu aləmlər edər könlümü dilgir.

Xəstə ürəyim aldı dərindən yenə yara,

Doktor! Yetər, əl çək, olamaz dərdimə çara.

Olmazsa muradınca şu ələmlilərə təğyir!

Durma daha, ey əbri müzəffər! Yetər imdad!

Ey bariqələr, gurlayınız siz də şitaban.

Ey badi-zəfər, qopar dalğalı tufan!

Şu əski cahan ta ola bir ləhzədə bərbad.

1907
ƏKİNÇİ
Yaz qapını aldı, əkinçi, oyan!

Dur ayağa, tarla səni gözləyir,

«Şumla yeri, dur gəl, əkinçi» – deyir.

Haydı, a zəhmət mələyi, qalx, oyan!


Qızdı günəş, aləmə verdi həyat,

Qonşuların tarlasını xışlayır,

Qan-tər içində hamısı işləyir,

Zəhmətinizlə yaşayır kainat!


Borclarına indi, gözüm, çarə qıl!

Çul-palazı qışda satıb soymusan,

Külfətini quru yerdə qoymusan,

Haydı, oyan, dərdinə bir çarə qıl!


Təknədə şey yox, nə axurda saman,

Külfətinin səndə qalıbdır gözü.

Yaz günəşi qarşılayır bax, sizi,

Haydı, a zəhmət mələyi, dur, oyan!

1907

ƏKİN NƏĞMƏSİ


Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!

Dırmaqlayaraq toxumları bən də səpim, çək!

Bəslər, a kəlim, danələri yer qucağında,

Qalxar yaşıl otlar, göyərər hər bucağında,

Bir az keçərək, sünbülələr bar verər onda,

Dərya kibi, san, dalğalanar həp o zamanda,

Alqışlıyorum zəhmətini, ey köməyim, çək!

Məhsul ola bol, olmaya nabud əməyim, çək!

İştə biçinin vaxtı yetər, onda oraqlar

Qalxıb-enərək tarlada şimşək kibi parlar.

Bən onda başaqlar arasında uyuyub şad,

Rahət olaram zövqlə, qəm-qüssədən azad.


Çək, şumla yeri, durma daha, qaşqa kəlim, çək!

Şimdi sənə yem, su verərəm, durma, kəlim, çək!


1907
KÖÇ
May olcağın el köçür yaylaqlara,

Səs-küy düşür meşələrə, dağlara.

Atlar kişnər, qoyun-quzu mələşir,

Qara mallar bir-birilə səsləşir.

Qız-gəlinlər düzənlikdə çapır at,

«Hey» vurunca at, açır qol-qanad.

Yollar dağdır, ya meşə, ya düzənlik,

Hər tərəfi basmış böyük bir şənlik.

Bir çay kənarında düşürlər axşam,

Səfalı bir yerdə olurlar aram.

Od qalayıb qızlar suya gedirlər,

Qocalar yığışıb söhbət edirlər.

Rahət edir cavanlar malı, atı,

Çoban tütək çalır, oxur bayatı.

Bir tərəfdə sürü, naxır otlaşır,

Bir tərəfdə colma-cocuq oynaşır.

Gecə olur, başlarını atırlar,

Arabalar arxasında yatırlar.

Məhtab gecə. Göydə ulduzlar axır,

Seyrək buludlar arxasından baxır.

Meşə, dağ-daş sükut içində inlər,

Yalnız hürür orda-burda köpəklər.


1907

PARÇALAR


Bərqi-əşarım saçar ətrafə atəşparələr,

Şölələnmiş atəşi-şerimlə səngi-xarələr,

Od tutub sızlar bütün dağ, daş, dərə, səyyarələr,

Bəs neçin bu daşürək cahillərə etməz əsər?


İnanın, dostlarım, mənə inanın!

Bir zaman məhv olar bu istibdad!

Qalar ancaq bu zülmdən bir ad!

Utanın, indi zülmdən utanın!


Sanma bu dərdü qüssəmin səbəbi

Olmamaqdır bu dünya kamınca,

Qəlbimi yandıran budur ancaq:

Vətəni görmədim məramımca.


1908
İYİRMİNCİ ƏSRƏ XİTAB
Məzlumların ümidisən, ey əsri-pürxətər!

İzlər böyük addamlarını bir sürü bəşər!

Dövrü zəmanədən nə gətirdin bizə xəbər?

Hiddətli bərq, saiqələrdən nə var əsər?

Tufanlı ildırımlarının qəhr, hiddəti

Xofü ümid ilə yaşadır çümlə milləti.

Qaldır buludlu pərdələri, anlasın cahan,

Sönməz günəşmi, ya qara bir kölgədir doğan?

Varmı ümid bir daha feyzü səadətə?

Ya çəkmədə bizi yenə girdabi-zillətə?

Bu qırmızı şəfəqlər içində nihan-nihan

Doğmazmı nur, mehr, məhəbbət cəhan, cəhan?!

Ey vah!.. Ənqərib bu əmvaci-kibriya,

Bir sahilə səfinəmizi zövq edərmi ya?

Duydum, bu üstümüzdə buludlardır oynaşır.

Məşriq dənizləri qabarır, yüksəlir, coşur.

Bilməm, bu dağlar, bu məhabətli fırtına

Öksüz bu milləti çıxararmı o bir yana?


1908
HÜRRİYYƏT PƏRİSİNƏ
Söndün nə çapıq, ruhuma qüvvət verən ey nur,

Ümmidi-vüsalınla sənin bən yaşayırdım,

Şövqünlə o daşqın dərələrdən həm aşırdım,

Hicrin bəni, ah, etdi yenə xəstəvü rəncur.


Oynatmadadır qəlbimi atəşli bir ahəng,

Vulkan kibi püskürmədə ətrafə şərarə,

Nolmuş ki, yaxırsan bəni sən, ey dili-parə?

Etmişmi həyatı bu mühitin səni də təng?


Müzlim gecə, ətrafı bulud, çən bürüyərkən,

Göz yaşlarımın bəslədiyi ey gözəl ümmid,

Qarşımda təcəssüm edərək ver bənə təyid,

Bu zülmət ilə sübhə qədər ta vuruşum bən.


1908

YAD ET
Vəqta ki, gülər bahari-amal,

Hər yerdə yaşıllanar çəmənlər,

Vəqta ki, olar müsaid iqbal,

Bülbüllər ötər, susar zəğənlər,

Parlaq bir işıq alar fəzanı,

Dünyanın üzü dönər cinanə,

Gəzdikcə o aləmi-ziyanı,

Baxdıqca o gülşəni-cəhanə,

Yad et məni - şairanə yad et!
Vəqta ki, gələr sevimli ati,

Bir dairəyə girər həqayiq,

Nuru bürüyər bütün cihati,

Ulduzlar ilə yanar məşariq,

Vəqta ki, bulud, duman görünməz,

Qalmaz daha zülmdən nişanə,

Yerlərdə bəşər üzü sürünməz,

Qurd-quş sığınar bir aşiyanə,

Yad et məni – Şaiqanə yad et!
Atəşli, münir əməllərimlə,

Bir gün düşərəm soyuq məzarə.

Əşari-təranəpərvərimlə

Bir gün susaram dönüb qubarə.

Vəqta ki, bu şairi-vətəndən

Dünyada nə iz qalar, nə bir nam,

Üzdükcə səadət içrə şən-şən,

Sürdükcə dəmadəm ömrü xoşkam,

Yad et məni – qaibanə yad et!
1908


NİŞANLI QIZ
Zülmət gecədə nişanlı bir qız

Bir hüzn, kədər içində yalqız,

Atəşli düşüncələrlə inlər,

Bəxtindən uzun şikayət eylər.

Həsrətlə qucaqlayıb dizini,

Yaqut üzüyə dikib gözünü,

Ən haqlı bir etirazla ağlar,

Fəryadı bu kainatı dağlar.

Söylər: «Bu üzük mənə nişandır,

Könlüm tək onun da bəxti qandır,

Layiqmidir, ey həyat, — söylər, —

Bir div ola bir pərilə həmsər?

Heyvan kibi sərvətə satıldım,

Suçlu kibi zindana atıldım.

Ey taleyim, etmə gəl bənə naz,

Qan qusmağa neylərəm qızıl tas?

Bən yalğızam, ah, yox müinim,

Dağ-daşları sızladır əninim.

Söndürdü atam çırağımı, ah!

Bir qönçə, tikanla oldu həmrah».


1908
BAHAR
Haydı, bu boranlı qış da bitdi,

Alqışladığım bahar yetişdi.

Qızdı günəş, əsdi isti yellər,

Qarlar əridi, axışdı sellər.

Çöllər, dərələr tamam oyandı,

Hər yan yeni rəng ilə boyandı.

Oldu yenə yamyaşıl ağaclar,

Dağlar, təpələr, bütün yamaclar.

Gülşəndə bənövşələr açıldı,

Səhralara lalələr saçıldı.

Quşlar qayıdıb oxur təranə,

Şaxlarda tikirlər aşiyanə.

Hər şeydə fərəh, sevinc, təravət,

Artıq oyanıb, gülür təbiət.

Görcək bunu qalmaz ixtiyarım,

Təbrik edirəm, gözəl baharım!

1908
DAĞLAR
Çeşməli yaşıl dağlar,

Yazdır, gül, açıl, dağlar.

Başın otdur, çiçəkdir,

Ətrin ətək-ətəkdir.

Havan xoş, suyun sərin –

Arın, kəpənəklərin

Budaq-budaq uçur şən,

Bal, mum tutur güllərdən.

Çörəyim bişir sacda,

Sürüm otlar yamacda.


1908
ŞİKAYƏTLƏRİM
Yenə hər yanda hökm edir zülmət!

Yenə söndü o nazənin ülkər!

Gecə-gündüz tapındığım dilbər,

Yenə qaldıq vüsalına həsrət.


Yenə dilsiz sükut içində bütün

Qaralır nur saçan düşüncələrim.

Ürəyimdə sönür o qüvvələrim,

Yenə hər şey qara, cahan küsgün.

Yenicə uçmağa qanadlandım,

Onu zülm ilə qırdı bir səyyad.

Sızlaram, indi eylərəm fəryad!

Nə qədər sadə idim, aldandım!


Bu qaranlıqları sevən bayquş

Ruhumu pəncəsiylə cırmaqlar.

Ürəyim həsrət atəşində yanar,

Dözə bilməz belə həyatə vühuş.


Sözümü dinlə, dinlə, ey qəhhar!

Bu qışı ya gözəl bahar eylə,

Ya məni gözsüz eylə, kar eylə,

Ya ki azadə bir diyara çıxar!


1908
LÖVHEYİ-QÜRUB
Dağın döşündə gözəl kənd, bütün ağacla mühat,

Uzaqda dağlar ucundan günəş saçar ləməat.

Uçur buludlar üfüqlərdə toplanır əlvan,

Alardı başqa lətafət dərə, təpə, orman.

Çiçəklər ilə döşənmiş çayır, bayır, gülşən,

Qüruba qarşı oxur, quşlar eyləyir şivən.

Uzaqda qarlar içində şəfəq vurar Qazbek,

İlan kibi ətəyindən axar köpüklü Terek.

Mətin qayalara hiddətlə çarparaq çağlar,

Səda verər iki yandan, qaya, meşə, dağlar.

Qanadların qayaya çarparaq üçar qartal,

Dikib yerə gözünü ov üçün baxar, dərhal

Yığıb qanadlarını ildırım kibi şığıyar,

Civilti ilə uçub quşlar ormana sığınar.

Qovar yamacda bir ahuyi seyd üçün səyyad,

Həzin-həzin baxışar yavrular edər fəryad.

Dönər, köçər obaya ilxı, mal-qara mələşər,

Çoban köpəkləri hərdəm xəfif-xəfif hürüşər.

Enər suya, dərəyə qızlar əllərində səhəng,

Dodaqlarında gözəl nəğmə, dadlı bir ahəng


1908
CƏHALƏTLƏ MÜCADİLƏ
Noldunuz, ey vətən qayıqçıları!

Qaldı dərya üzündə yelkəniniz.

Susdunuz, yox sədavü şivəniniz,

Ey elin şanlı hayqırıqçıları!


Qəlbinizdə tükəndimi cürət?

Fırtına, dalğa, çənmi yollarınız?

Yoxsa gücdənmi qaldı qollarınız?

Nə çapuq söndü atəşi-himmət?


Əldə etmək üçün böyük əməli

Qorxmayın, həp yigidcə qalxışınız.

Fırtına, dalğalarla çarpışınız,

İləri, arqadaşlarım, iləri.


Şəfəq altında, ya ki tək erkən,

İnanın sahilə dəmir atarız,

Şu qaranlıq dumanları yutarız,

Sizi alqışlayar mühüti-vətən!


1908

VƏTƏNƏ QAYIDARKƏN
Ey bulanıq Kür, dərə, səhra, çəmən!

Bu görünən sənmisən, ah, ey vətən!

Könlüm açıldı yenə gördüm səni,

Ey ulu əcdadımızın mədfəni!

Çoxdan idi həsrət idim vəslinə,

Aç qolunu, aç, sənə gəldim yenə.

Ömrümün ilk şərbətini, ey vətən,

Sevə-sevə sən bənə içdirmisən.

Mən uşaq ikən hələ, ey şux mələk,

Dağ çəmənindən yıgar idim çiçək.

Dayəm idi şu dərə, dağlar bənim,

Oynağım olmuş idi bağlar bənim.

Kür çayının fırtınası, nəğməsi,

Sellərinin vəhşi, fəqət xoş səsi,

Nənni oxurdu bənə, ah, ey vətən!

Bən beşigimdə hələ yavru ikən,

Ah, cocuqluq nərəyə getdin, ah!

Ah, səadət nə çabuq bitdin, ah!

Duymaz idim onda bu zillətləri,

Çəkməz idim bunca səfalətləri.

Şəfqəti-madərlə o dəm şad idim,

Dürlü oyuncaqlara mötad idim.

Anlamaz idim ki, nədir qəm, mihən,

Ah, vətənim, söylə şu hüznün nədən?

Qaplamış ətrafını zülmət, duman,

Siffətini pozmuş o zalım xəzan.

Qəmlərinə, yasına dözməm də bən,

Aç bənə ağuşunu aç, aç, vətən!

Qollarını aç, a göylər dilbəri,

Çünki cocuq məlça edər madəri.


1909
KÖY DÜGÜNÜ
Açılıb dan yeri, günəş doğmuş,

Onu lakin duman, bulut boğmuş.

Arxasınca buludların qaçıyor,

Ölgün-ölgün ziya, şəfəq saçıyor.

Dərələrdən yavaş-yavaş lərzan,

Qalxıyor parça-parça pənbə duman.

Qapayır sisli dağların başını,

O dumanlar içində yoldaşını

Qayib etmiş yaralı bir durna

Uçuyor Şərqə doğru tək-tənha.

Pörtəhsər, yetişməyi-hicran,

Duruyor çöl, çəmən, çayır, orman.

O sönüklük içində bir şuriş,

Qarışıq bir gurultu, bir cünbüş

Qaplayıbdır köyü qaval, zurna,

Çalınır, asiman xoş mina.

Üzərində ağır-ağır uçuşan

Qarğalar, həp qanadları lərzan

Duruyor, gözlərin yerə dikərək,

Dinliyor ol gurultuyu gəvəzək.

Bir bağırtıyla sonra dalğalanır,

İştə şiddətlə həm dügün çalınır.

Qarğalar göy üzündə qat-qarışıq,

Uçuyorlar, qoparmada çıqılıq.

Əmiraslan bəyin gözəl, yüksək

Köşkü şənlik içində pək yügürək.

Dırmanır köy cocuqları ağaca,

Əks edər səs, gurultu dağ, yamaca.

Axışır köylülər bir azca uzaq

Uca yerdə bütün alay vuraraq,

Baxıyorlar, dügündə gərm oluyor.

Qız-qadınlarla dam-baca doluyor.

Borçalı bəgləri o nərü bəşər,

Hər biri bir igit, cəsur, dilbər.

Qızıla qərq olub, guya axıyor,

Gözləri ildırım kibi çaxıyor.

Azacıq keçməmişdi qopdu səda,

Haydı, gəldi Muğanlı Səfdər ağa.

Çıxdı bəgalər o dəm bağa, dərhal

Səfdəri etdilər də istiqbal.

İştə atdan düşüncə Səftər ağa,

Önünə çəkdilər bir adlı buğa.

Olmadı, üzr istədi nə qədər,

Qəməsin çəkdi qeyzlə Səftər.

Gözucu izdihamı bir süzdü,

Buğanın boynunu vurub üzdü.

Qopdu bir şən bağırtı. hər yerdən:

- Afərin, afərin, bəyim, əhsən!

Qaval, zurna çalındı, qızdı dügün,

Bu böyük hörmət idi Səftər üçün.

Adlı bəylərlə doldu sol və sağı,

Aldılar köşkə möhtərəm qonağı.

Həpsi şən-şən deyər, gülər, yalqız,

O dügündə görünməyirdi Oğuz.

Atlılarla çölün düzü dolmuş,

Sanki məşhər günü qiyam olmuş.

Daşdəmir bəy hazırlanıb cıdıra,

Bir komandan kibi beş-on tabura,

Atlını bulmuş həp at çaparaq,

Bir-birindən cıdırları qaparaq.

Yıldırım sürətilə kəndlilərin,

Sokuyor qarnı altına atının.

Cənk məqlubə oldu pək sonra,

Aldılar bir qaç igid cıdırda** yara.

Əydilər baş, cıdır bitincə bəyə,

Sonra həpsi düzüldülər sıraya.

Birbaşa yıldırım kibi qoşaraq,

Köy içinə yetişdilər çaparaq.

Qaplamışdı köyü həzin bir səs,

Qonuşurdu yavaş-yavaş hər kəs:

«Götürübdür qaçıb Oğuz gəlini».

1909


HƏR ŞEY KÖHNƏ

Doğarmı bir yenilik bu hilalın altında?..

Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!

İdarə köhnə, bəşər köhnə, kainat köhnə!

Cahan yaşarmı bu müdhiş zəvalın altında?
Axıb gedir bulanıq çay kimi qara dövran,

Zavallı millətimin haqqı olmada pamal!

Yetiş, yetiş daha sən, ey ümidi-istiqbal!

Bu zillət ilə keçinsinmi boylə qanlı zaman?


Sönük sitarələr ilə gecəm yanar, heyhat,

Nə oldu dadlı o peymanlar, ədl, ünsiyyət?

Buludlara bürünən ey günəşli hürriyyət!

Bitir bu zülmləri, ver cahana şanlı həyat!


1909

VƏRƏMLİ HƏYAT
Əsir doğuldum, əsir getdim, ah, gənc ikən,

Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.

Bahar içində həyatım bulud kimi keçdi,

Bütün ümidimi qırdı o ruzgari-mihən.

Gömüldü, soldu içimdə şükufeyi-əməlim,

Mənə təsəlli üçün şimdi sən yetiş, əcəlim!

Vətən, vətən! Mənə oldun məzari-yəs, nədən

Soyuq damarlarımı, ah, isitmədi günəşin.

Əməl çiçəklərimi heç bitirmədi yağışın,

Dodaqlarımdakı al-qırmızı nədir görünən?

Yaralı qəlbimin, ey vah, əksi-möhnətidir

Və ya ki, ömrümün amali-daği-həsrətidir.


Çiçəklənib dodağımda əməllərim, heyhat!

Baxın, baxın nə qədər pürməlal, pürşivən.

Mənə yetişdi şu solğun çiçək bir ümmətdən

İyirmi beş sənəlik bir həyat üçün sovqat.

Onu təpiklədi mazi, məzara gömdü bu hal,

Fəqət nasıl baxacaqdırsa, bilməm, istiqbal?

1909
İKİ QIRLANĞIC
Bir sərin, saf səhər, gözəlcə hava,

Bürünüb yamyaşıl çəmənə səhra.

Dağ, yamaclar sükut içində tamam,

Dərələrdən axardı çay aram.

Dağ başından günəş saçardı ziya,

Qızarırdı şəfəqləriylə fəza.

İki pürzövq, nəşə qırlanğıc,

Bir budaqda oxurdular: vic, vic!..

«Bən də gəlməklərin edib təbrik,

Oldum onlarla zövq-şövqə şərik».

Oxuyun, quşcuğazlarım, şən-şən,

Qəlbim olsun çiçəkli bir gülşən.

Oxuyun, quşcuğazlarım, azad!

Eyləyin nəğmənizlə qəlbimi şad!

Çox uzun sürdü ayrılıq və səfər,

Oralardan gətirdiniz nə xəbər?

Çox zaman eyləmişdiniz ki, səfər,

Şu vətəndən gətirdiniz nə xəbər?

1909

ŞƏKLİNDƏ
Üzümdə gərdi-təkəddür hicab şəklində,

Gözümdə əşki-təhəssür hübab şəklində.

Peyimdə heykəli-mazi və hal bir kabus,

Önümdə sərvəti-ati iqab şəklində.

Başımda fövci-xəyalat axın-axın dolaşır,

Üfüqdə parçalanan bir səhab şəklində.

Cəfayla qəlbimi dəlməkdə tiği-istibdad,

Alovlara yakılır dil kəbab şəklində.

Uzaqda dalğalanan, parlayan geniş qumsal

Görünmədə gözümə bir sərab şəklində.

Ümid, yəs arasında yuvarlanan könlüm

Sızıldıyor sınıq bir rübab şəklində.

1909

BU DA BİR ŞERİ-FANİYİ-DİGƏR
Çiçək altında bir kiçik kəpənək

Düşüb əfsürdə, çırpınır bipər.

Qızınır son günəşdə titrəyərək,

Əcələ pəncə fırladır bifər.

Çəkilincə günəş həyatı sönər,

Sabaha qalmaz artıq ondan əsər,

Bu da bir şeri-faniyi-digər.
Ya ki məhsullu, qos-qoca bir ağac

Devrilib çöldə sərnigun olmuş.

Şaxların yolçular edər tarac,

Yoluq, əfsürdə qəlbi xun olmuş.

Saralıb yarpağı zəbun olmuş,

Günəşi sönmüş, ömrü dun olmuş.

Bu da bir şeri-şakiyi-digər.
Bir qoyun çöldə ayrılıb sürüdən

Dolaşır, yol arar, zavallı mələr.

Önünə bir ayı çıxar birdən,

Ürkərək qorxudan durub titrər.

Ayının pəncəsində hey inlər,

İztirabati-qəlbini dinlər.

Bu da əhbaba navəki-digər.
Bürüyür kainatı sis və duman,

Nagahan sim-siyah olur aləm,

Qopar üsyan qılıqlı bir tufan.

Gurlar həm arxasınca bərqi-kərəm,

Çəkilir sis-duman, olur bərhəm,

Açar əzhar, günəş doğar xürrəm.

Bu da bir şeri-şadiyi-digər.

1909


BİR ULDUZA
Yormuşdu bütün ruhumu, əfkarımı alam,

Bir dağ ətəyində düşünürdüm təkü tənha.

Qarşımda mücəssəm duruyordu səfi-ovham,

Qəlbim kibi küsgün görünürdü bütün əşya.


Fikrim kibi sevdalar içimdə uyuyordu,

Qəsvətlə cahan dalmış idi səmt, sükunə.

Baxdıqca o səhnə bənə dəhşət veriyordu,

Varmışdı bu vulkanlı dənizlər də cünunə.


Nifrətlə çevirdim üzümü göylərə nagah,

Cəlb etdi mənim ruhumu tez seyri-kəvakib.

Minlərcə səmadə uçuşurlardı o dəm, gah

Titrər kibi birdən sönərək olmada qaib.


Ulduzlar içində gözümə dəydi bir əxtər,

Məftun olaraq sevdim onu, heyrətə daldım.

Aydan daha parlaq, daha incə, daha dilbər.

Fərsiz gözümü dikdim ona, həm baxa qaldım.

Zülmət gecələrdə saçaraq nurini, sansız

Azmışlara hey göstərir o doğru siratı.

Dinlə məni, ol rəhbərim, ey sevgili ulduz,

Olmazmı mənə göstərəsən rahi-nicatı?


1909
LAYLAY
Laylay mələgim, sevdicigim, yavrucuğum, yat!

Bir də ələ düşməz bu cocuqluq dəmi, heyhat!

Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfraz,

İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.

Şimdi cocuq ikən uyu gəhvarədə rahət,

Bak, bak, bürüyür dağ-daşı çən, fırtına, zülmət.

Getdikcə coşub, daşlara Kür kəndini çarpır,

Saçdıqca köpük dalğalanır, hiddəti artır.

Müzlüm gecə, ətrafı bulutlar bürüyür, ah!

Bayquşlar ötür dəhşət ilə, artırır ikrah.

Yavrum, uyu şimdi, səhər ertə oyananda,

  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə