Azərbaycan iqtisadiyyatı” fənnindən refera t mövzu: Qeyri-neft sektoru məhsullarının istehsal sahələri Bakalavr: qrup 29-1 Rəfiyev Yaqub




Yüklə 99.48 Kb.
tarix22.02.2016
ölçüsü99.48 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

Kafedra: Mühasibat uçotu və Audit

İxtisas: Gömrük işinin təşkili və idarə edilməsi

Azərbaycan iqtisadiyyatı” fənnindən



R E F E R A T

Mövzu: Qeyri-neft sektoru məhsullarının istehsal sahələri

Bakalavr: qrup 29-1 Rəfiyev Yaqub

Rəhbər:

SUMQAYIT – 2008

Mündəricat

Giriş ..................................................................................................... 3

1.Maşınqayırma kompleksi və kimya sənayesi ................................... 5

2.Tikinti materialları və konstruksiyaları istehsalı .............................. 16

3.Yüngül sənaye və aqrar-sənaye kopleksi ...................................... 20

Nəticə ................................................................................................ 30

Ədəbiyyat .......................................................................................... 32

Giriş

Azərbaycanın əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malik olması çoxsahəli təsərrüfatın inkişafı üçün böyük imkanlar yaratmışdır.

Azərbaycanda təsərrüfat uzun müddət sözdə demokratik mərkəziyyət prinsipi üzrə, əslində isə sosialist amirlik prinsipi ilə idarə olunmuşdur. Buna görə təsərrüfat birtərəfli inkişaf etmişdir. Nəticədə Azərbaycan uzun illər ucuz xammal ixrac edən rayona çevrilmişdir. Emaledici, əmək tutumlu sahələr az idi. Ona görə də respublikada həyat səviyyəsi aşağı olmaqla xidmət sahələri çox geri qalırdı. Daim işsizlər və yarımişsizlər ordusu yaranırdı.

Birinci dünya müharibəsinə qədər Azərbaycan xarici ölkələrə birbaşa müxtəlif adlı və çeşidli kənd təsərrüfatı malları, sənaye üçün xammalar ixrac edirdi. Azərbaycan nefti, pambığı, ipəyi, balığı, qara kürüsü və başqa məhsulları ilə dünyada tanınırdı. Sonrakı dövrlərdə Azərbaycanın dünya ölkələrinə birbaşa çıxmasına imkan verilməmiş və buna görə də respublika yalnız Rusiya vasitəsilə xariclə məhdud əlaqələr saxlayırdı.

Sonradan keçmiş SSRİ respublikası ilə Azərbaycanın istehsal müəssisələri arasındakı əlaqələr pozulmuş və yeni istehsal və xidmət strukturları yaradılmışdır.

Azərbaycanın təsərrüfatının yenidən qurulması və modernləşdirilməsinə böyuk ehtiyac duyulur. Xüsusilə neft, qaz, dəmir filizi, civə və başqa təbii ehtiyatların istismarı və emalı çox qənaətlə respublikanın, onun xalqının mənafeyinə yönəldilməlidir. Bu məqsədlə təsərrüfat sahələrinin strukturu təkmilləşdirilməli və bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmasıdır.

Yeni həyatın, müstəqilliyin əvəz edilməz amillərindən biri də odur ki, biz yeni iqtisadi siyasətimizlə dünyəviləşirik. Təbii şəraitimizin, təbii ehtiyyatlarımızın qiymətləndirilməsində, istifadə edilməsində, yeni tipli təsərrüfatlar yaradılmasında dünya ölkələrinin ən mütərəqqi üsulları və təcrübələrini tətbiq etməyə başlamışıq. Yaddan çıxarmaq olmaz ki, dünya təcrübələrini Azərbaycan şəraitinə tətbiq edərkən onun özünəməxsus təbii, milli və texniki-coğrafi xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir.

1.Maşınqayırma kompleksi və kimya sənayesi

Maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı sürətdə əlaqədar olan energetika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, müxtəlif avadanlıq, nəqliyyat, kənd təsərrüfatı və s. Maşınqayırma sahələrini əhatə edir. Müstəqil inkişaf yoluna qədəm qoyan respublikamız üçün maşınqayırmanın müstəsna əhəmiyyəti vardır. Elmi-texniki tərəqqinin təmin olunmasında elektroenergetika və kimya sənayesinə nisbətən maşınqayırmanın rolu daha böyükdür. Xalq təsərrüfatının bütün sahələrinin inkişafı maşınlarsız, avadanlıqlarsız mümkün deyildir.

İnkişaf etmiş maşınqayırma sənayesi ölkənin iqtisadi və hərbi qüdrətini, siyasi müstəqilliyini təmin edir. Buna görə də respublikamızda maşınqayırma sənayesinin bütün sahələrinin inkişafına böyük səy göstərilir.

Ağır sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə və işçilərinin sayına görə birinci yeri tutur. 1990-cı ildə sənaye məhsulunun altıda biri maşınqayırmanın payına düşmüşdür. Respublikasında maşınqayırma və metal emalı istehsal edilən məhsulun dəyərinə görə yeyinti və yüngül sənayedən sonra üçüncü yeri tutur. Azərbaycanda əlverişli şəraitin olmasına baxmayaraq, maşınqayırmanın bir çox mütərəqqi sahələri inkişaf etdirilməmişdir. Maşınqayırma və metal emalı sahələrindəki bu qüsurları aradan qaldırıb, onu yenidən qurmaq, yeni maşın, avadanlıq, cihaz növləri istehsalını təşkil etmək respublika qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Elmi-texniki inqilab şəraitində maşınqayırma və metal emalının metaldan asılılığı xeyli zəifləmişdir. Eyni zamanda onun ixtisaslı işçi qüvvəsinə və elmi mərkəzlərə meyli güclənmişdir.

Maşınqayırma 70-dən çox sahədən və istehsalatdan ibarətdir.

Müasir maşınları hazırlamaq üçün metal ilə yanaşı, plastik kütlə, rezin, parça, rəng, taxta tələb olunur.

Maşınlar yüzlərlə və minlərlə hissələrdən yaradılır. Məsələn, avtomobil 30 min, təyyarə 120 min hissədən ibarət olur. Bütün bu hissələri bir zavodda hazırlamaq əlverişli olmur. Buna görə də maşınqayırmada hazır məhsulun ayrı-ayrı hissələrinin buraxılışı üzrə və hazır məhsul (avtomobil, kondinsioner, məişət soyuducusu) buraxılışı üzrə ixtisaslaşma geniş yayılmışdır

Maşınların konstruksiyası və istifadə edilən xammalın müxtəlifliyi ayrı-ayrı hissələr istehsalı üzrə ixtisaslaşdırılmış müəssisələrlə (metal, plastik kütlə, rezin və s. verən digər sahələrin müəssisələri) istehsal əlaqələri, yaxud kooperasiya tələb edir. Bu əlaqələri ancaq inkişaf etmiş nəqliyyat həyata keçirə bilər. Buna görə də maşınqayırma müəssisələrinin yerləşdirilməsində əlverişli nəqliyyat yollarının olması nəzərə alınır.

Energetika, elektrotexnika, avtomobil, təyyarə, dəzgah və cihazqayırma istehsalı əmək və elm tutumludur. Bununla əlaqədar olaraq, maşınqayırmanın yerləşdirilməsində ixtisaslı fəhlə və elmi-texniki kadrların olması da vacib şərtdir.

Müasir maşınqayırma zavodları tökmə, dəmirçi-pres, mexaniki və yığma sexlərdən ibarət olur. Metallurgiya müəssisələrindən alınan metal və prokat metaltökmə və dəmirçi-pres sexlərində formaya salındıqdan sonra mexaniki sexdə yonulub cilalanaraq, hazır hissəyə çevrilir. Həmin hissələrdən və digər maşınqayırma zavonlarından alınan cihazlardan, detallardan, kimya müəssisələrindən alınan plastik kütlə və rezindən, toxuculuq kombinatlarından alınan texniki parçadan və ağac emalı müəssisəsinin verdiyi oduncaq hissələrdən yığma sexində hazır məhsul – maşın yığılır.

70-ci illərdən başlayaraq, respublikamızda əmək və elm tutumlu, texniki tərəqqini təmin edən dəzgah və alətqayırma, elektrotexnika, cihazqayırma, radioelektronika kimi sahələr inkişaf etdirilmişdir. Bakı məişət kondsionerləri, məişət cihazları və bir neçə radielektron zavodlarının işə salınması maşınqayırmanın sahəvi strukturunun yaxşılaşmasında və cihazqayırmanın payının artmasında müsbət rol oynamışdır. Gəncə, Lənkəran, Xaçmaz, Siyəzən, Şərur, Şəki, Şəmkir və başqa şəhərlərdə elektron, elektrotexnika, radiotexnika, cihazqayırma müəssisələrinin açılması sahənin coğrafiyasını genişləndirmişdir.

Respublikada maşınqayırma yaxın zamanlara qədər əsasən neft-qaz sənayesi üçün avadanlıq istehsalı üzrə ixtisaslaşmışdı. İndi maşınqayırma müəssisələrində, həmçinin elektrik mühərrikləri, müxtəlif cihazlar, avtomatlaşdırma və telemexanika qurğuları, yellənmə dəzgahları, elektrotermik avadanlıq və cihaz növləri, kompressorlar və s. istehsal olunur.

Neft sənayesi üçün maşın və avadanlıq istehsalı tarixən tez inkişaf etmiş və maşınqayırma sənayesində əsas yer tutmuşdur. Azərbaycan dünyada neft maşınqayırması ölkəsi kimi tanınmışdır. Respublikamızda maşınqayırma və metal emalı məhsulunun dörddə biri neft-mədən avadanlığı istehsalının payına düşür.

Dünyada buruq qazma işində yeni mərhələ açmış turbin qazma və elektrik qazma qurğuları ilk dəfə Bakıda istehsal edilmişdir.

Bakıda neft avadanlığı istehsalı üçün çox əlverişli imkanlar vardır. Bir əsrdən artıq vaxtda yaranmış zəngin təcrübə peşəkar fəhlə və yüksək ixtsaslı elmi-texniki kadrlar hazırlanması, neft-maşınqayırma institutları, konstruktor-layihə büroları, neft-qaz sənayesinin ehtiyacları burada neft-mədən avadanlığı istehsalının səmərəli inkişafını təmin etmişdir.

Keşlə maşınqayırma zavodu tökmə çuqun, 2000 metrəqədər dərinliyi olan quyuları qazmaq və təmir etmək üçün qurğular, boru kəmərləri, kaçalka dəzgahları üçün reduktorlar və ehtiyat hissələri, borudaşıyan maşınlar, kimya sənayesi üçün avadanlıq və s. istehsalı üzrə ixtisaslaşdırılmışdır.

Tamamilə yenidən qurulmuş və təkmilləşdirilmiş Binəqədi zavodu gil məhlulları hazırlayan, təmizləyən və regenerasiya edən avadanlıq, traktor-kranlar, hidravlik qaldırıcılar və başqa vasitələr istehsalı üzrə ixtisaslaşdırılmışdır.

Yeni tikilmiş Bakı dərin dəniz özülləri zavodu (Sahil qəsəbəsi) 1987-ci ildə tam gücü ilə işə düşmüşdür.

Maşınqayırmanın, birinci növbədə elektrotexnika və cihazqayırmanın tökmə çuquna, polada və əlvan metallara olan tələbatının ödənilməsində 1962-ci ildə işə düşmüş “Bakı Elektrotökmə” zavodu mühüm rol oynayır. Bu zavod işə salındıqdan sonra Azərbaycana kənardan tökmə polad gətirilməsi dayandırılmışdır.

Elektrotexnika sürətlə inkişaf edən və tərkibi ildən-ilə yeniləşən sahədir. Respublikada maşınqaırma məhsulunun 40 %-i onun payına düşür. Elektrotexnikanın inkişafı bu sahədə yüksək ixtisaslı işçi qüvvəsi və elmi-texniki kadrların, xammalın, habelə elektrotexnika mallarına böyük tələbatın olması ilə əlaqədardır.

Respublikamızda ilk elektrotexnika müəssisəsi olan Bakı elektrik maşınqayırma zavodunun birinci növbəsi 1947-ci ildə işə düşmüşdür. Bu zavodun əsasında “Elektrik maşınqayırma birliyi” (Əmircan, Şüvəlan, Quba və başqa zavodlarla birlikdə) yaradılmışdır. Keçmiş İttifaqda istehsal olunan məişət kondisionerlərinin hamısı, yüksək gərginlikli cihazların dörddə birindən çoxu və gücü 100 kvt-dan çox olan elektrik mühərriklərinin onda biri Azərbaycanın payına düşürdü. Hazırda respublikanın elektrotexnika sahəsi işıq-texnika avadanlığı, elektrik lampaları, elektrik-izolyasiya materialları, transformatorlar, akkumulyatorlar (Bakı), kabel (Mingəçevir), “isti-su” tipli su qızdırıcıları (Salyan), “Çinar” markalı məişət soyuducuları, müxtəlif çeşidli elektrik mətbəx cihazları və s. istehsal edir. Bu cihazların bir çoxu dünya bazarına çıxarılır. Bakı kondisionerlərinin sorağı dünyanın bütün qitələrindən gəlir və dünyanın bir çox ölkəsinə Bakı kondisionerləri (məişət sərinkeşləri) ixrac olunmuşdur.

“Azərelektroterm İstehsal Birliyi” müəssisələrində 70 növdən çox mütərəqqi avadanlıq buraxılır. Çuqun istehsalı üçün iri həcmli elektrik peçləri, çox saf polad külçələr alınması üçün vakuum-qövs qurğuları, avtomat qaynaq xətləri və s. Həmin birliyin istehsal avadanlıqlarıdır.

Elektrotexnika sənayesinin respublikada yeni müəssisələrindən biri Bakı elektrik avtomatları zavodudur. Zavod sənaye müəssisələri və neft mədənləri üçün 14 adda 800 növdə elektrik avadanlığı və “Don-1500” markalı taxıl kombaynları üçün elektrik maqnitləri istehsal edir.

Respublikamızın yeni maşınqayırma sahələrindən biri cihazqayırma, avtomatlaşdırma vasitələri idarəetmə sistemləri istehsalıdır. Əli-Bayramlı məişət cihazları zavodunu da özündə birləşdirən Bakı “Neftqazavtomat” elm-istehsalat birliyi avtomatlaşdırma və telemexanika vasitələri buraxılışı üzrə ixtisaslaşdırılmışdır. Bakı geofiziki cihazqayırma zavodunda istehsalat proseslərini uzaqdan idarə edən avtomat cihazlar istehsal edilir. Gəncədəki “Büllur” zavodunda istehsal proseslərinə nəzarət və onu tənzim edən nadir cihazlar, avtomat qurğular sistemi hazırlanır. Belə cihazlar və avtomatlar neft emalı və kimya sənayesində istehsalı avtomatlaşdırmaq üçün zəruridir.

Elektron, radio və onlarla əlaqədar olan sənaye sahələrinin inkişafının böyük əhəmiyyəti vardır. Bu sahələri Bakı radio, EHM (Elektron Hesablama Maşınları) zavodları, EHM xidmət mərkəzi, “Azon”, “Nord” və s. zavodları təmsil edir.

Təsərrüfat sahələri üçün müxtəlif avadanlıq istehsalı maşınqayırma sənayesinin yeni sahələrindən biridir. Respublikamızda dəzgahqayırma sənayesinin ilki olan Bakı Dəzgahqayırma zavodunda 10 adda dəzgah buraxılır.

Bakıda neft sənayesinin ehtiyacını ödəmək üçün (Binəqədi zavodunda) dəst nasos-kompressor və soyuducu qurğu avadanlığı, suvarma qurğuları üçün güclü elektrik mühərriki olan nasoslar, habelə yüngül və yeyinti sənayesi üçün müxtəlif maşın və avadanlıq hazırlanır.

Avadanlıq istehsalını daha da inkişaf etdirmək üçün Əli-Bayramlıda polimer avadanlığı zavodu, Bərdədə yem avadanlığı zavodu və s. tikiləcəkdir.

Nəqliyyat və kənd təsərrüfatı maşınqayırması sahəsi ümumi məhsul istehsalında hələlik kiçik yer tutur. Nəqliyyat maşınqayırmasını gəmiqayırma, gəmi təmiri, avtomatlaşdırma və avtomobil təmiri zavodları təmsil edir. Bakı gəmiqayırma zavodunda yedək gəmiləri, kiçik tankerlər, qazma gəmiləri istehsal edilir. Gəmi təmiri zavodlarında müxtəlif gəmilər, o cümlədən, bərə və sərnişin gəmiləri bərpa olunur. Azərbaycanın Avrasiya nəqliyyat dəhlizindəki mövqeyi ilə əlaqədar bu sahənin sürətli inkişafı tələb olunur.

Avtomobil istehsalı ixtisaslaşdırılmış sahədir. Bakı avtomobil zavodu yük və sərnişin daşımaq üçün xüsusi avtobuslar buraxır. Tikilmiş olan Gəncə avtmobil zavodu respublikada avtomobilqayırma istehsalının həcmini artırmışdır. Kənd təsərrüfatının artan tələbatı kənd təsərrüfatı maşınqayırmasının inkişafı üçün geniş imkanlar açır. Lakin respublikada bu sahə hələlik zəif inkişaf etmişdir. Mingəçevir kənd təsərrüfatı maşınqayırma zavodu avtoyükləyicilər və xəndəkqazan maşınlar, Zəyəm zavodu isə kənd təsərrüfatı alətləri və suvarma nasosları istehsal edir.

Kimya sənayesi təsərrüfatın inkişafında mühüm rol oynayan sahələrdən biridir. Mineral gübrələr istehsalı kənd təsərrüfatının intensivləşdirilməsi üçün şərait yaradır. Kimya sənayesi əhalinin müxtəlif əşyalara olan tələbatının ödənilməsinə kömək edir, kimyəvi-texnoloji üsulları genişləndirir.

Müasir kimya texnologiyası, xammalın mexaniki emalından fərqli olaraq, kimyəvi mineralları (apatit, fosforit, kalium duzu, xörək duzu, kükürd və s.) mineral yanacaqları, xüsusən də neft, qaz və kömürü, ağac və bitki, heyvan mənşəli xammalları, hava, su və s. qiymətli sənaye məhsullarına çevirir. Texniki tərəqqi artdıqca yeni xammallar ixtira edilir, baha və qıt olan xammal ucuz xammallarla əvəz olunur, xammaldan kompleks istifadə edilir. Məsələn, istehsal tullantıları emal edilərək, yeni məhsul alınır.

Kimya sənayesi bir neçə sahələrdən ibarətdir:



  1. Dağ-mədən kimyası (mineral xammalın hasilatı);

  2. Əsas kimya (duz, turşu, mineral gübrələrin alınması);

  3. Üzvi sintez kimyası (karbohidrogen xammalı, yarımfabrikat istehsalı);

  4. Polimerlər kimyası (plastik kütlə, kauçuk, müxtəlif lif alınması);

  5. Polimer materiallarının emalı (şin, polietilen hazırlanması).

Bu sahələrin yerləşmə prinsipləri müxtəlifdir, dağ-mədən kimyası xammal mənbələrində yerləşdirilir, əsas kimya sənayesi məhsullarının (mineral gübrələr və müxtəlif turşular) daşınması çətin olduğundan onların müəssisələrinin tələbat rayonlarında yerləşdirilməsi sərfəlidir. Bununla yanaşı, kalium gübrə zavodları xammal mənbələrinə meyl edir. Polimer kimyası çoxlu istilik və elektrik enerjisi, su və xüsusi xammal tələb etdiyindən,ona görə də bu sahə neft məhsulları istehsalı, kömürün kokslaşdırılması, ucuz yanacaq energetika, bol su ehtiyatı olan rayonlara meyl edir. Kimya sənayesi xammalın müxtəlifliyi və geniş yayılması onun yerləşdirilmə imkanını genişləndirir. Azərbaycanda müxtəlif kimya xammalının geniş yayılması, neft-qaz ehtiyatı, mədən-kimya, yodlu-bromlu sular, neft-qaz və əlvan metallurgiya sənayesi tullantıları çoxsahəli kimya sənayesinin inkişafı üçün şərait yaradır.

Azərbaycanın kimya sənayesi ağır sənaye sahələri arasında istehsal etdiyi məhsulun həcminə görə maşınqayırma və yanacaq-energetika sənayesindən sonra üçüncü yeri tutur.

Sumqayıt dünyada tanınan məşhur kimya sənayesi şəhəridir. Azərbaycanda ilk kimya zavodu 1879-cu ildə bakıda tikilmişdir.Lakin əsas kimya sənayesi kompleksi müəssisələrinin istifadəyə verilməsi 50-ci illərdən başlayır. Bu müəssisələrdə sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, xlor və kaustik soda, yod, sintetik yuyucu vasitələr, dərmanlar və s. istehsal edilir.

Azərbaycanın və Sumqayıtın ən böyük kimya zavodu “Kimyasənaye” istehsalat birliyidir. “Sintetik kauçuk”, “Üzvi sintez”, “Superfosfat” zavodları və “Məişət kimyası” birlikləri, polimer kombinatı əsas kimya sənayesi müəssisələridir. Bütün müəssisələr arasında sıx istehsalat və texnoloji əlaqələrə əsaslanan kooperasiya mövcuddur. “Üzvi sintez” birliyində onlarla müxtəlif adda polimer məhsulları buraxılır. Sintetik kauçuk zavodunda əasən sintetik kauçuk, sintetiketil spirti, etilbenzol və başqa spirtlər istehsal edilir. Son vaxtlar yeni texnologiyanın tətbiqi hesabına qazdan spirt əldə olunur. Sumqayıt polimer tikinti materialları kombinatında qətrandan izolyasiya materialları, linoleum, müxtəlif tikinti və sanitariya texnikası məmulatları istehsal edilir.

Məişət kimyası zavodunda xörək duzundan və karbohidrogendən duz turşusu, kimyəvi zəhərləyicilər, sintetik yuyucu maddələr, herbisidlər, kaustik soda, sulfanol hazırlanır. Soda istehsalında Baskunçakdan gətirilən duzdan istifadə edilir. Respblikanın sodaya olan tələbatını ödəmək üçün Naxçıvan duz yataqlarının istismarı genişlənmişdir.

Bundan başqa, respublikada kimya sənayesi məhsulları Gəncədə (sulfat turşusu, kalium gübrələri, sabun, lak-boya), Salyanda (plastik kütlə, polietilen örtük, boru, müxtəlif xalq istehlakı malları), Bakıda və Neftçalada (yod-brom) istehsal edilir. Digər sənaye sahələrində olduğu kimi, kimya sənayesi kompleksində də istehsal edilən məhsulların həcmi son illərdə çoxalmışdır.

Respublikanın başqa sənaye sahələri kimi, kimya sənayesi də əsasən ilkin emal məhsulları istehsalı üzrə ixtisaslaşmışdır. Kimya sənayesi xalq təsərrüfatının inkişafında mühüm rol oynasa da, ekoloji cəhətdən ziyanlı sahədir. Torpağa, suya və havaya atılan tullantılar bəzən böyük faciələrə gətiri çıxarır. Abşeronda ekoloji gərginlik son həddə çatmışdır və bu ekoloji gərginliyi zəiflətmək və tədricən aradan qaldırmaq üçün kimya sənayesi müəssisələrinin yeni texnoloji avadanlıqla təchizatı hesabına istehsalın səmərəliliyini artırmaq, ekoloji müvazinəti bərpa etmək və yaxşılaşdırmaq tələb olunur.

2.Tikinti materialları və konstruksiyaları istehsalı

Tikinti materialları sənayesi üç əsas sahədən ibarətdir, bura mineral-tikinti xammalının (qum, çınqıl, müxtəlif daş, mərmər) çıxarılması, hörgü materiallarının (sement, əhəng, gips) istehsalı, bina və tikililər üçün müxtəlif divar materiallarının, məmulat və konstruksiyaların hazırlanması daxildir.

Təsərrüfatın inkişafı əhalinin yaşayış şəraitinin təşkili və yaxşılaşdırılması tikinti materialları sənayesi olmadan mümkün deyildir. Tikinti özü təsərrüfat kompleksinin mühüm tərkib hissəsidir. Azərbaycanda ümummilli məhsulun strukturunda tikinti, sənaye və kənd təsərrüfatından sonra üçüncü yeri tutur.

Azərbaycan tikinti materialları sənayesi üçün rəngarəng xammal ehtiyatı ilə çox zəngindir, respublikada 1000-ə qədər mineral tikinti xammal yatağı məlumdur. Tikinti materialları arasında mişarlıq əhəng daşı, but daşı, üzlük əhəng daşı, bişmiş kərpic və kirəmit gili, çınqıl-qum, sement xammalı (gil süxurları), karbonatlı daşlar – anhidrid əsas yer tutur. Bu ehtiyatların yalnız 25%-dənistifadə edilir. Kiçik Qafqazda və Abşeron yarımadasında daha çox tikinti materialları yataqları aşkar edilmişdir.

Respublikanın əsas tikinti materialları sənayesi məhsullarına sement, müxtəlif ölçülü dəmir-beton konstruksiyalar və panellər, kubik-daş, kərpic, şüşə, şifer, absestsement borular, istilik – izolyasiya, polimer və b. aiddir. Bundan başqa, son illərdə linoleum, yüngül doldurucu mineral tikinti materialları, mərmər, travertin kimi bəzək materialları, çuqun və dəmirdən santexnika məmulatları da istehsal olunur. Tikinti materialları sənayenin tərkibində məhsul istehsalına görə birinci yeri dəmir-beton konstruksiyaları və hissələri istehsalı, ikinci yeri sement sənayesi, üçüncü yeri isə təbii divar daşı və müxtəlif xammal hasilatı tutur.

Tikinti sənayesi müəssisələrinin böyük hissəsi xammal bolluğu və geniş quruculuq işləri ilə əlaqədar Abşeronda cəmlənmişdir. Abşeron və onun ətraflarında mənimsənilməsi əlverişli olan müxtəlif növ tikinti daşları, şüşə və tikinti qumu, bitum, keramika xammalı ehtiyatları vardır. Bu ehtiyatların bazasında Bakı şəhəri, Qaradağ, Maştağa, Binəqədi, Suraxanı və Sumqayıt tikinti materialları sənayesi yaranmışdır. Onların payı ümumi respublika tikinti-quraşdırma işlərinin 60%-ə qədəri düşür.

Abşeron tikinti materialları sənayesi həm də respublikanın başqa regionları ilə müqayisədə yüksək kompleksliliyi və intensivliyi ilə fərqlənir. Respublikada istehsal edilən mişar daşının beşdə dördü Abşeron daş karxanalarının payına düşür. Qaradağ, Güzdək, Şüvəlan və Korgöz mexanikləşdirilmiş daş karxanalarında daha çox məhsul buraxılır. Qaradağ sement, Bakı Asbestsement, 2, 3, 4 saylı dəmir-beton konstruksiyaları zavodları respublikanın tikinti materialları sənayesinin ən böyük müəssisələridir. Burada həmçinin bitum, çınqıl-qum, kərpic, şüşə, asbest-şifer, kafel və tikinti üçün digər saxsı məmulatları istehsal edilir.

Respublikanın əsas sement istehsalı müəssisəsi 1951-ci ildə yerli əhəng daşı əsasında işə düşən Qaradağ sement zavodudur. Burada şifer üçün xüsusi sement, 400 və 500 markalı portland sementi, neft-qaz quyuları üçün tıxac sementi, 200 markalı üzlük sement və başqa sement növləri istehsal edilir. Zavodda ildən-ilə sement istehsalının həcmi artırılsa da, respublikanın bu mühüm tikinti məhsuluna olan tələbatı hələlik tam olraq ödənilmir.

Gəncə-Qazax iqtisadi rayonunda mineral mənşəli təbii tikinti materialları ehtiyatı çoxdur. Gəncədə iri panelli evtikmə və sənaye-tikinti kombinatı, Qazaxda, Zəyəmdə, Ağdamda daş karxanaları, Daşkəsən və Tovuzda çeşidli tikinti məhsulları kombinatı regionun əsas müəssisələridir.

Respublikada tikinti materialları sənayesi potensialına görə Mingəçevir - Şəki rayonu da daxildir. Mingəçevir, Yevlax, Şəki, Zaqatala və digər tikinti sənayesi bazaları onun əsas tərkib hissəsidir. Mingəçevirdə dəmir-beton məmulatları istehsalı, iripanelli evtikmə, qum-çınqıl, termik izolyatorlar buraxılışı tikinti materialları sənayesinin aparıcı sahələridir. Başqa bazalarda kərpic, saxsı məmulatları, əhəng, gəc istehsal olunur. Onlar əsasən yerli əhəmiyyətlidir.

Qarabağ tikinti materialları sənayesi Ağdam, Xankəndi, Bərdə, Horadiz və başqa tikinti qovşaqlarını özündə birləşdirir. Bərdənin dəmir-beton məmulatları və Şahbulaq tikinti daşı istehsalı müəssisələri istisna olmaqla ixtisaslaşmış sahələr yoxdur.

Aşağı Kür tikinti materialları sənayesi rayonu Əli-Bayramlı, Hacıqabul, İmişli və Bəhramtəpə tikinti sənayesi qovşaqlarını əhatə edir. Burada tikinti materialları sənayesi neft və energetika sənayesinin, su təsnifatı quruculuğunun genişlənməsi nəticəsində inkişaf etmişdir. Əsas tikinti xammalları yerli daş, çınqıl, qum və gildir.

Dəmir-beton məmulatları (Əli-Bayramlı), qum-çınqıl, gil (Bəhramtəpə,İmişli), tikinti daşı (Atbulaq) istehsalı sahənin əsas məhsullarıdır.

Tikinti materialları sənayesinin inkişafı ilə bağlı yuxarıda göstətilən rayonlardan başqa, Quba-Xaçmaz (qum-çınqıl, kərpic, daş, kirəmit), Lənkəran (kərpic, kirəmit, ağac tikinti hissələri), Kəlbəcər-Qubadlı və Dağlıq Şirvan (tikinti daşı, ağac tikinti və mebel hissələri) yerli əhəmiyyətli tikinti məmulatları istehsal edilir.

Hazırda Azərbaycanın tikinti materialları sənayesi məhsullarına daha böyük ehtiyacı vardır. Erməni təcavüzkarlarının respublikanın bütöv cənub-qərb sərhədləri boyu xaraba qoyduqları onlarla şəhərin, yüzlərlə kəndin bərpa edilməsi, yenidən qurulması tikinti materialları olmadan mümkün deyildir.

3.Yüngül sənaye və aqrar-sənaye kopleksi

Azərbaycan istehlak malları istehsalı üçün kifayət qədər xammal ehtiyatına, işçi qüvvəsinə və bazara malikdir. Lakin tarixən bu əlverişli imkanlardan lazımınca istifadə edilməmişdir. Bunun nəticəsində respublikaya parça, paltar, ayaqqabı və s. malların xeyli hissəsi kənardan, özü də baha qiymətə gətirilir.

Yüngül sənaye istehsal olunan məhsulun həcminə görə yeyinti sənayesindən sonra sənaye sahələri arasında ikinci yeri tutur. 1990-cı ildə ümumi sənaye məhsulunda yüngül sənayenin payı 21% təşkil etmişdir. Buraya sənayedə çalışanların 23%-i cəlb olunmuşdur.

Yüngül sənaye çox sahəlidir, məhsulların 80%-ə qədərini toxuculuq verir. Həmin sahədə əsas yeri pambıq, ipək, yun parçaların toxunması tutur.

Azərbaycanda tarixən yun parçalar üçün xammal olmasına baxmayaraq, yundan toxunan malların həcmi çox az olmuşdur. Toxuculuğun tərkibində həmin sahənin payı 11%-dir, burada əsas yeri xalçatoxuma təşkil edir. Quba, Şirvan, Qazax, Abşeron, Qarabağ, Naxçıvan, Gəncə və s. bölhələrdə toxunan xalçalar dünyada məşhurdur.

Azərbaycanda ipək parçatoxuma da ənənəvi sahədir.Bu sahədə Şəki, Şamaxı, Ordubad, Basqal xüsusilə fərqlənir. Hələ 1913-cü ildə Şəkidə 1400 pud quru barama, 1425 pud parça, 2850 pud xam ipək istehsal olunmuşdu. Həmin dövrlərdə Azərbaycan Rusiya bazarının ipəyə olan tələbatının 25%-i ödəyirdi. Tarixi ipək yolu Azərbaycandan keçməklə, Çini və Mərkəzi Asiyanı Avropa ölkələri ilə birləşdirirdi. Həmin yol ilə Azərbaycanın baraması, ipəyi və pambığı dünya bazarlarına göndərilirdi.

Tikiş sənayesi Azərbaycanda geniş imkanlara baxmayaraq, tələb olunan səviyyədə inkişaf etdirilməmişdir. Bu sahənin yüksəldilməsi əhalinin geyim və məişət əşyaları ilə təmin olunmasında mühüm əhəmiyyət kəsb edir, respublikada qadın əməyindən səmərəli istifadə edilməsinə geni imkan yaradardı.

İstehlak malları istehsalında gön-dəri və ayaqqabı istehsalı da mühüm əhəmiyyətə malikdir. İndiyə qədər mövcud gön-dəri və ayaqqabı istehsalı əhalinin tələbatını ödəmir. Bakı, Gəncə ayaqqabı və gön-dəri kombinatları yenidən qurulmasına baxmayaraq, dünya səviyyəsində deyildir. Xüsusilə ayaqqabıların keyfiyyəti və modelləri əhalinin tələbini, zövqünü təmin etmir.

Azərbaycanda rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait vardır. Respublikanın landşaft-iqlim xüsusiyyətləri burada kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir, yüksək dağ və tundra landşaftına malik olması isə qış idman növlərinin yaradılmasına geniş imkanlar açır. Mineral suların, müalicə nefti və palçığının olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların il boyu fəaliyyət göstərməsinə şərait yaradır. Azərbaycanın əlverişli iqlim-landşaft ehtiyatlarına müvafiq olaraq sağlamlıq ocaqları “iqlim-bolneoloji” istiqamətlidir. Bu xidmət sahəsi çox gənc sahələrdəndir. Azərbaycanda 27 minə qədər yeri olan 132 sanatoriya və istirahət müəssisələri, 4 minə yaxın yeri olan 10 turist bazası yaradılmışdır.

Respublikanın sağlamlıq ocaqlarında ildə orta hesabla 600 mindən artıq adam müalicə oluna bilər. Azərbaycanın kurort ehtiyatları burada müalicə olunan və istirahət edənlərin sayını 2 milyona qədər artırmağa imkan verir. Bu baxımdan Xəzər sahili zonanın əhəmiyyəti daha böyükdür. Bu zonanın çox böyük üstünlükləri var. Məsələn, Abşeron – Nabran sahillərində günəşli havalar Soçi – Suxumi rayonlarından 1,5 dəfə çoxdur. Xəzər sahilinin Nabran – Yalama, Giləzi – Zarat, Abşeron, Lənkəran – Astara çimərliklərinin yaxınlığında karbohidrogenli mineral sular vardır. Bunlar sahil zonalarında rekreasiya obyektlərinin bütün il boyu fəaliyyət göstərməsi üçün şərait yaradır.

Bir çox kurort və istirahət ocaqlarımız havasına, suyuna, müalicənin səmərəli olmasına görə dünya şöhrətlidir. Onların içərisində Şuşa, İstisu, Naftalan, Bilgəh, Qalaaltı xüsusilə fərqlənir.

Respublikanın iqlimşünas və tibb mütəxəssisləri müəyyən etmişlər ki, Azərbaycanın kurort və istirahət yerləri özünəməxsusluğu ilə fərqlənir və eyni zamanda, dünyanın bir çox kurortları ilə oxşardır. Neftçala rayonunda Artekə, Culfa rayonunda Bayraməliyə, Şuşada Davosa, Xəzər sahilində Albenosa, Qızılquma, İstisuda Karlovı – Varıya və s. oxşar və onlardan üstün müalicə yerlərimiz çoxdur.

İqlim-bolneoloji şəraitin əlverişli olmasına baxmayaraq, Azərbaycanın bir çox sanatoriyalarında xidmət çox aşağı səviyyədədir. Mədəni-məişət xidmətləri isə tələb olunan səviyyədə deyildir.

Buna baxmayaraq, Azərbaycanın tükənməyən kurort-istirahət və turizm ehtiyatları geniş imkanlara malikdir. Bu ehtiyatlarla əhalinin sağlamlığını, əmək qabiliyyətini mühafizə etməklə yanaşı, kurort-istirahət təsərrüfatını ən gəlirli sahəyə çevirmək olar.

Aqrar-sənaye kompleksi respublika xalq təsərrüfatının mühüm tərkib hissəsidir. O, kənd təsərrüfatı məhsulunun istehsalı və emalı üzrə bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin müəyyən ərazidə birləşməsidir. Aqrar-sənaye konpleksinin əsas vəzifəsi kənd təsərrüfatı məhsulları istehsalının sabit artımı şərti ilə əhalini ərzaq və yeyinti məhsulları ilə, sənayeni müxtəlif növ xammalla təchiz etməkdir.

Aqrar sənaye kompleksi ağır və yüngül sənaye bazasında inkişaf edir. Belə ki, kənd təsərrüfatı və yeyinti məhsulları istehsalında maşın və mexanizmlərdən, cihaz və qurğulardan, texnoloji avadanlıq və avtomat xətlərdən istifadə edilir. İstehsal prosesləri zamanı işlədilən yanacaq, istilik və elektrik enerjisi, tikinti və qablaşdırma materialları (şüşə, metal, kağız, karton, taxta, sintetik materiallar və s.) məhz ağır və yüngül sənayenin məhsullarıdır. Öz növbəsində, aqrar-sənaye kompleksi adlarını çəkdiyimiz sahələrin bəzi qruplarının (pambıqtəmizləmə, mineral gübrələr) yerləşməsinə böyük təsir göstərir.

Respublika əhalisinin taxıla olan tələbatının çox hissəsini ödəmək üçün taxıl bitkilərinin məhsuldarlığını yüksəltmək və onların sahələrini xeyli artırmaq tələb olunur.

Hazırda Azərbaycan fermer təsərrüfatlarında taxılın məhsuldarlığını artırmaq üçün ciddi tədbirlər həyata keçirilir.

Əkinçilikdən gələn gəlirin çox hissəsini texniki bitkilər verir. Azərbaycanda bu bitkilərin ən əhəmiyyətlisi pambıq və tütündür. Pambıqçılıq Azəbaycanın strateji əhəmiyyət daşıyan və ən çox gəlir gətirən bir sahəsidir. Pambıqçılığın inkişafı üçün respublikada əlverişli təbii şərait, kifayət qədər inkişaf etmiş maddi-texniki baza və ənənəvi əmək vərdişləri vardır. Pambıqşılıq hazırda tamamilə Kür – Araz ovalığında mərkəzləşdirilmişdir. Yaxın keçmişdə bu bitkinin coğrafiyası da geniş idi. Respublikada pambıq əkinlərinin ümumi sahəsi 200 min hektardan çoxdur. Məhsuldarlıq 1995-ci ildə 13 sentner olmuşdur. 80-ci illərin sonunda ildə orta hesabla 600 min ton pambıq yığılmış və 200 min ton mahlıc istehsal olunmuşdur. Son illərdə pambıq istehsalı xeyli aşağı düşmüşdür. 2002-ci ildə 112,9 min ton pambıq yığılmışdır. Pambıqçılıq çox zəhmət tələb edən bir sahədir. Uzun müddət pambıqçılıq Azərbaycan kəndlisinin güzəranını yaxşılaşdırmağa kömək etmişdisə də, aqrotexniki qaydalara düzgün əməl edilməməsi, ziyanvericilərə və xəstəliklərə qarşı əsasən zəhərli maddələrdən istifadə olunması pambıqçıların səhhətinəböyük ziyan vurmuşdur. Eyni torpaq sahələrində hər il dalbadal pambıq əkilməsi, suvarma texnologiyasının pozulması nəticəsində pambıqçılıq rayonlarında xeyli torpaq sahələri şoranlaşmış və sıradan çıxmışdır. Onların yuyulması üçün geniş kollektor-drenaj şəbəkəsinin yaradılması və hər il çoxlu vəsait sərf olunması da istənilən səmərəni verməmişdir. Yığılan pambığın 15%-ə qədəri respublika ərazisində son məhsula çevrilir. Yaxın illərdə respublikanın ümummilli mənafeyi naminə pambıqçılığın inkişafında ciddi dəyişikliklər edilməlidir.

Son illərdə pambıqçılıq zonalarında yaradılan çoxsaylı fermer təsərrüfatları sahənin inkişafına böyük təkan vermişdir.

Öz əhəmiyyətinə görə tütün respublikada ikinci texniki bitki sayılır. Tütün əkini sahələri respublikanın Şəki, Oğuz, Qəbələ, Zaqatala, Masallı, Yardımlı, Lerik, Qubadlı, Zəngilan, Kəlbəcər rayonları və yuxarı Qarabağın dağətəyi hissəsində yerləşir. Naxçıvan MR-in Şahbuz və Şərur rayonlarında da tütünçülük inkişaf etmişdir. Azərbaycan respublikasında “Samsun”, “Trabzon”, “İtiyarpaq” kimi qiymətli tütün sortları yetişdirilir. Tütün məhsulunun bir hissəsi respublikadan kənarda son məhsula çevrilir. 1990-cı ildə 33 min ton , 1998-ci ildə 14,6 min ton, 2003-cü ildə isə 15,8 min ton tütün yarpağı istehsal olunmuşdur.

Respublika çay istehsalına görə keçmiş SSRİ-də Gürcüstandan sonra ikinci yeri tuturdu. Çay plantasiyaları Lənkəran, Astara, Masallı, qismən də Zaqatala rayonları ərazisindədir. Çay əkinlərinin sahəsi 17 min hektar təşkil edir və getdikcə genişləndirilir. 1994-ci ildə 24, 2001-cü ildə isə 0,9 min ton yaşıl çay yarpağı yığılmışdır. Lənkəran zonasında yaradılan fermer təsərrüfatları bu mühüm sahənin də intensivləşməsində mühüm rol oynayacaq.

Respulikanın Qanıx-Həftəran vadisində, Şamaxı, İsmayıllı rayonlarında az miqdarda toxum, yağ və silos üçün günəbaxan, Abşeron yarımadasında, Bilgəh qəsəbəsi yaxınlığında çox qiymətli zəfəran bitkisi, habelə Naxçıvan MR-də, Kürdəmir, Salyan və Zaqatala rayonlarında xına bitkisi yetişdirilir.

Tərəvəzçilik və bostançılıq respublikada geniş yayılmış əkinçilik sahələridir. Bu sahələrin coğrafiyasının geniş olmasına baxmayaraq, çoxlu məhsul istehsal edən və ixtisaslaşdırılmış tərəvəzçilik rayonları – Quba, Xaçmaz, Lənkəran, Masallı, qismən də Astara, Qusar və Quba rayonlarının aran təsərrüfatları məhsul istehsalının həcminə görə xüsusilə fərqlənir. Xaçmaz zonası gec yetişən, Lənkəran zonası isə faraş tərəvəzçilik sahəsində ixtisaslaşmışdır.

Azərbaycanın qərb bölgəsinin Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən və Xanlar rayonları ərazisində, habelə Qusar rayonunda kartofçuluq inkişaf etmişdir. Respublikanın suvarılan rayonlarında da az miqdarda kartof yetişdirilir. Əhalinin kartofa olan tələbatını yerli məhsul ödəyə bilmədiyinə görə respublikaya xarici ölkələrdən çoxlu kartof gətirilir. Halbuki ölkəmizdə kartofçuluğu daha da inkişaf etdirmək üçün imkan vardır.

Üzümçülük Azərbaycan kənd təsərrüfatının ən inkişaf etmiş gəlirli və çox əmək tutumlu sahələrindən biridir. 1970-85-ci illər ərzində Azərbaycan keçmiş SSRİ-nin ən böyük üzümçülük respublikasına çevrilmiş, məhsul istehsalı 2 milyon tona çatdırılmışdı.

Azərbaycanda üzüm dəmyə və suvarma şəraitində yetişdirilir. İstehsal olunan üzümün 60%-i suvarılanplantasiyalardan toplanır. Respublikada 250-dən çox üzüm sortu yetişdirilir, onların çoxu texniki sortlardır. Lakin son vaxtlar süfrə və kişimişi üzüm sortlarının yetişdirilməsinə diqqət xeyli artmışdır.

Bağçılıq respublika kənd təsərrüfatının ən qədim və ənənəvi sahələrindəndir. Respublikanın təbii şəraiti, yüksək dağlıq sahələr istisna olmaqla, hər yerdə bağçılıqla məşğul olmağa imkan verir.

Təbii şəraitinndən asılı olaraq ayrı-ayrı ərazilər meyvəçiliyin müxtəlif növləri üzrə ixtisaslaşmışlar. Belə ki, tumlu meyvəçilik üzrə Quba-Xaçmaz, çərzəkli meyvələr (qoz, fındıq, şabalıd) istehsalına görə Şəki-Zaqatala, çərdəkli meyvələr (ərik, şaftalı) üzrə Naxçıvan MR, quru subtropik meyvələr (heyva, nar) Kür-Araz ovalığı rayonları, sitrus meyvələri (limon, portağal, naringi, feyxoa) üzrə Lənkəran, cənub meyvələri (püstə, badam, əncir, zeytun) üzrə Abşeron yarımadası ixtisaslaşmışdır.

Respublikada heyvandarlığı inkişaf etdirmək üçün əlverişli şəraitin olmasına baxmayaraq, əhalinin ət, süd, yumurta məhsullarına olan ehtiyacının yalnız yarıya qədəri yerli istehsal hesabına ödənilir. Son illərdə ictimai təsərrüfatların mal-qarasının kəndlilərə paylanması ilə əlaqədar heyvandarlıq məhsullarının və mal-qaranın sayının artması baş verir.

Respublikanın aran rayonlarında, habelə Şəki-Zaqatala rayonunda camışçılıq, Lerik və Yardımlı rayonlarında ətlik-südlük zebu və zebuyabənzər maldarlıq da inkişaf etmişdir. Mal-qaranın 70%-ni inək və camışlar təşkil edir.

Respublikanın bütün rayonlarında əhali maldarlıqla məşğul olur. Lakin bu sahənin məhsuldarlığına görə Abşeron, Xaçmaz, Şəmkir, Şəki, Ağdam, Bərdə, Samux, Salyan, Quba, Şamaxı, Lənkəran rayonları daha çox fərqlənirlər.

Quşçuluq son zamanlar respublikada sənaye əsasları üzrə inkişaf edən ən intensiv heyvandarlıq sahəsi olmuşdur. Respublikada 35 quşçuluq kompleksi yaradılmışdır və ən böyük quşçuluq kompleksləri Bakı, Gəncə, Naxçıvan şəhərləri ətrafında və rayon mərkəzlərində yerləşir.

Azərbaycan üçün ixtisaslaşmış sahə hesab edilən yeyinti sənaye məhsullarının (şərab-konyak, meyvə-tərəvəz konservləri, çay, tütün məmulatı, balıq və balıq məhsulları, mineral sular və s.) xarici ölkələrə satışından respublika çox gəlir əldə edir.

İlkin şərab materialları istehsalı respublikanın üzümçülük rayonlarında, şərab və konyakın şüşələrə doldurulması Bakı, Gəncə, Şəmkir, Göyçay, Xanlar, Naxçıvan və s. şəhərlərdəki zavodlardahəyata keçirilir.

Meyvə və tərəvəz konservləri buraxan ən böyük kombinat Xaçmazdadır. Quba, Qusar, Xudat, Ordubad, Balakən, Qax, Nic, Lənkəran, Ucar, Sabirabad, Göyçay konserv zavodları, Zaqatala fındıqtəmizləmə zavodu, Maştağa zeytun konserv zavodu da istehsal gücünə və məhsulun çeşidinə görə fərqlənir.

Respublikada mexanikləşdirilmiş süd sənayesi yaradilmışdır ki, bu sənayenin iri müəssisələri əsas istehlak mərkəzi olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə yerləşmişdir.

Nəticə

Respublika daxilində istehsal olunan məhsulların çeşidi və həcmi ayrı-ayrı iqtisadi rayonların ixtisaslaşma səviyyəsi və iqtisadi imkanları ilə müəyyən olunur. Son vaxtlar ayrı-ayrı şəhər və rayonların özləri də xariclə birbaşa sərbəst əlaqələr yaratmağa başlamışdır. Azərbaycanın rayonlarından sənaye şəhərlərinə (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və s.) əsasən ərzaq, digər kən dtəsərrüfatı məhsulları və xammal gətirilir. Sənaye şəhərləri isə əvəzində rayonlara və bir-birinə öz istehsal mallarını göndərirlər.

Hazırda Azərbaycan Respublikası dünyanın bir çox xarici ölkəsi ilə ticarət əlaqələri yaradıb. İkitərəfli mal mübadiləsində məbləği, çeşidi, strateji əhəmiyyəti və tələbat çox olan mallar baxımından ən çox əlaqələr İran, Türkiyə və Böyük Brutaniya ilə yaranmışdır.

Azərbaycanda ixrac olunan məhsullar neft məhsulları ilə yanaşı pambıq lifi, əlvan metallar, kimya sənayesi məhsulları, soyuducular və onlar üçün buxarlayıcılar, neft avadanlığı, kondisionerlər və istehlak mallarıdır.

Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxıstanla ticarət əlaqələrinin həcmi daha böyükdür. Beləki, Azərbaycan Rusiyadan əsasən taxıl, metal, meşə materialları, müxtəlif maşın və avadanlıq; Ukraynadan ət, şıkır, yağ, nəqliyyat vasitələri; Belarusdan ərzaq məhsulları, avtomobil, traktorlar və hissələri; Qazaxıstandan taxıl, ət, metal və s. alır, əvəzində isə bu ölkələrə kondisionerlər, neft-mədən avadanlığı, meyvə-tərəvəz və konservlər, üzüm, şərab və şərab materialları, pambıq lifi, tütün məmulatı, müxtəlif kimya məhsulları və digər məhsul və avadanlıqlar göndərilir.

Respublikanın ixrac və idxalının strukturu getdikcə təkmilləşəcəkdir, yaxın gələcəkdəxammal ixracı azalacaq, hazır məhsul ixracı isə üstünlük təşkil edəcəkdir. Respublikada ərzaq məhsulları istehsalı artdıqca onların xaricdən gətirilməsi azalacaq, əsas valyuta ehtiyatları sənayemizin təkmilləşdirilməsi üçün maşın, avadanlıq və yeni texnologiyaların alınmasına sərf ediləcəkdir.



Ədəbiyyat

Azərbayan iqtisadiyyatı. İ.F.Əliyev. Bakı 2002

Azərbaycanın xarici iqtisadi əlaqələri. Bakı 2002

Audit və maliyyə jurnalı. 2007

http// www.kitab.az /

http// www.anl.az /

http// www.economy.gov.az /

http// www.maliyye.gov.az /





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə