Azərbaycan ərazisində yaşayan əhali arasında qədim dövrlərdə politeizmin (çoxallahlığın) hökm sürməsi artıq tarixçilər tərəfindən ətraflı şəkildə şərh olunmuşdur




Yüklə 120.95 Kb.
tarix23.04.2016
ölçüsü120.95 Kb.
Zərdüştlük
Azərbaycan ərazisində yaşayan əhali arasında qədim dövrlərdə politeizmin (çoxallahlığın) hökm sürməsi artıq tarixçilər tərəfindən ətraflı şəkildə şərh olunmuşdur. Azərbaycan xalqının dünyagörüşündə qədim dünya xalqlarında olduğu kimi, təbiət qüvvələrinin şişirdilməsi, fetişizm, totemizm, sehrbazlıq və s. uzun müddət hökm sürmüşdür. İndiki cənubi və Şimali Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq zərdüştilik geniş yayılmışdır. Bu dinin yaranıb yayılmasında Azərbaycanın ilk filosofları hesab etdiyimiz mağlar mühüm rol oynamışlar.

Mağlar, bəzi ədəbiyyatda, xüsusilə Y.V.Çəmənzəminlidə muğ­lar adlanan tayfalar Azərbaycanın ən qədim əhali birləşmələrindən olub, Midiya və İran imperiyaları daxilində mühüm rol oynamışdır. Y.V.Çəmənzəminli 1929– cu ildə «Xalq ədəbiyyatının təhlili» adlı məqaləsində yazırdı: «Mədəniyyət yayan həyatın yaradılışının əsasını mübarizədə görən bu din (Zərdüştlik– A.Ş.)xristianlıqdan on– on beş il əvvəl Yaxın Şərqdə böyük bir mövqe qazanmışdır. Zərdüştin ruhaniləri mağlar (cəmi mağandır) qədim zamanlar Muğanda yaşamışlar. Bunu 9– 10– cu əsr ərəb coğrafiyaşünasları da qeyd edirlər. Babildə, Kapadosiyada zərdüştliyi yaymağa çalışırdılar. Bunların təsiri o qədər böyük idi ki, Pompey ordusu (xristianlığa bir əsr qalmış) zərdüştliyə qapılmış və mitra (mehr) allahını mənimsəmişdi. Fransız alimi Huart «Qədim İran» (Paris, 1925) kitabında deyir: «Pompeydən başlayaraq Konstantin zamanlarına qədər mehrə pərəstiş etmək romalılar, xüsusilə əsgərlər arasında böyük mövqe qazanmışdı. Bu, hətta xristianlıq üçün təhlükə təşkil edirdi».

Azərbaycan ədəbiyyatı tarixində isə mağlar muğlar kimi verilirdi. Bu, fikrimizcə, Muğana münasibətdə daha düzgündür. «Tarixin atası» Herodot mağları Midiya qəbilələrindən biri hesab edirdi. Lakin eyni zamanda o, mağların dini ayinlərə rəhbərlik etdiyini də göstərmişdir. Layertli Diogenin «Görkəmli filosofların təlimi və deyimləri» adlı əsərində mağlar haqqında və birinci mağ Zərdüşt haqqında maraqlı fikirlər tapa bilərik. Həmin əsərdə Layertli Diogen mağların bütün vaxtlarını allaha ibadətdə, dua oxumaqda keçirdiklərini və allahın yanlız onları eşitdiyinə inandıqlarını göstərirdi. Mağlar allahların meydana gəlməsi və mahiyyəti haqqında müzakirələr keçirirdilər. Onlar odu, torpağı və suyu allah hesab edirdilər. Mağlar həmçinin allahın təsvir edilməsini, o cümlədən xüsusi ilə onların kişi və qadın cinslərinə ayrılmasını rədd edirdilər. Ədalət haqqında əsərlər tərtib edir, eyni zamanda təsdiq edirdilər ki, öləni yandırmaq şərəfsizlikdir. «Bu barədə Sotion 23– cü kitabda belə yazır.». Mağlar fala baxmaqla gələcəkdən xəbər vermək qabiliyyətinə malik olduqlarına görə allahların onların gözlərinə göründüyünü göstərir, sübut etməyə çalışırdılar ki, hava görünməli şeylərlə doludur və iti gözlər üçün onları görmək o qədər də çətin deyildir. Mağlar qızıl və digər bəzək əşyaları gəzdirmirdilər, onların paltarı ağappaq olurdu, yataqları torpaq, yeməkləri isə bitkilər, pendir və quru çörək olmuşdur. Əl ağacı qamış idi. Yemək vaxtı həmin mağlar qamışla pendiri kəsir və ağızlarına aparırdılar. Onlar cadugərliklə məşğul olmurdular. Layertli Diogenin şəhadətinə inansaq, hələ Aristotel «Mağlar haqqında» əsər yazmışdır. Mağlar haqqında Diogen daha ətraflı yazır. Diogena görə, Zərdüşt ulduza inanırmış, bu fikirlə Hermador da razılaşır. Aristotel «Fəlsəfə haqqında» əsərinin birinci kitabında belə hesab edir ki, mağların Misir ruhanilərindən qədim olduqlarını və onların iki ilkin xeyir və şər qüvvələrə inandıqları doğrudur. Birincisinin adı Zevs və Hürmüzd, ikincisi isə Aid və Əhriməndir. Bu fikirlə Hermipp «Mağlar haqqında» birinci kitabda da razılaşır.

Evdoks öz əsərində və Feopomp («Filippin tarixi», VIII kitabda) bu fikirlə razıdır. Sonuncusu əlavə edir ki, mağların təliminə görə, adamlar ruhlar aləmindən zühur edəcək və əbədi olaraq yaşayacaqlar. Mağlar haqqında Rodoslu Evdem də bu fikirdədir. Hekayətə görə, allahlar da başlanğıca malik olmalıdırlar. Krearx «Tərbiyə haqqında» əsərində belə hesab edir ki, qimnosofistlər mağların şagirdləridir, başqaları isə elmi ideyaları da mağlara aid edirlər. Maraqlı cəhətlərdən biri də budur ki, yuxarıda adlarını çəkdiyimiz müəlliflərin əksəriyyəti mağlar haqqında Herodotla mübahisə edirlər. Onlar təsdiq edirlər ki, Kserks Günəşə tərəf ox atmamış, gözlərini dənizdə gizlətməmişdir. Çünki mağlar Günəşi də dənizi də allah hesab edirdilər. Sonra qeyd edirdilər ki, yanlız mağların təliminə müvafiq olaraq, o, bəzi allah bütlərini devirmişdi. Qədim yunan alimi, yazıçı və tarixçilərinin böyük səhvlərindən biri onların İran dövləti ərazisində yaşayan xalqları çox vaxt farslar adlandırmaqları idi. Bu isə bir neçə min ildən sonra yazılan tarix kitablarında çox böyük dolaşıqlığa səbəb olmuşdur. Əslində isə Qədim İran dövlətləri müxtəlif dildə danışan və bəzən bir– birilə köklü sürətdə fərqlənən adət və ənənələrə, dinə və s. malik olan xalqlardan ibarət idi Tarixi faktlar sübut edir ki, məşhur İran imperiyasından daha qədim dövlətlər olmuşdur. Y.V.Çəmənzəminli 1927– ci ildə «Azərbaycanda zərdüşti adətləri» adlı məqaləsində yazırdı: «Midiya dövlətini süquta uğradan parslar Midiya və Azərbaycanın din və ayinlərini və bütün mədəniyyətini iqtibas edirdilər. Zərdüştliyi İrana bəxş edən azərbaycanlılar (muğlar) İrandakı müəssisələri əsrlərcə idarə etmişlər. Hətta bəzən hökuməti ələ almağa qalxmışlarsa da, müvəffəq olmamışdır». Herodot da dəfələrlə qeyd etmişdir ki, parslar özgə xalqların adətlərini qəbul etməkdə ustadır. Onlar Midiya paltarları geyir, döyüşdə isə Misir silahlarından istifadə edirdilər. Mağlardan danışarkən Herodot qeyd edirdi ki, onlar insanlardan və itlərdən başqa bütün heyvanları öldürürlər. Misir kahinlərindən fərqli olaraq, onlar ölüləri əvvəlcə vəhşi quşların və itlərin ixtiyarına verirdilər. Yanlız sümükləri dəfn edirdilər.

Mağların mürəkkəb ayin və mərasim sistemi mövcud olmuşdur. F.Engels «Bruno Bauer və ilk xristianlıq» adlı əsərində yazırdı ki, xristianlığa qədər «mövcud olmuş bütün dinlərdə başlıca cəhət ayinlərin icrası idi». Adam özünün məlum bir dinə mənsub olduğunu ancaq qurban kəsməklə və mərasimlərdə iştirak etməklə, Şərqdə isə bundan əlavə qida qəbulu və təharət haqqında ən müfəssəl qaydalara riayət etməklə sübut edə bilərdi»».

Strabonun dediyinə görə, ölüləri vəhşi heyvanların ixtiyarına vermək Kaspi tayfalarından mağlara keçmişdir. Diqqətlə fikir versək, görərik ki, qədim mənbələrin əksəriyyətində bü­tün mədəni naliyyətlər ancaq parsların adına yazılsa da, ayrı– ayrı hadisələrin şərhindən məlum olur ki, həmin mədəniyyətin yayılmasında digər xalqlar da yaxından iştirak edirdilər. Mağ­ların (muğların) Azərbaycandan– qədim Midiyadan olması barədə qədim yunanların çox sanballı əsərləri olsa da, XX əsr tədqiqatçılarının mağları daha çox İranla əlaqələndirilməsi adama qəribə gəlir. Y.V.Çəmənzəminli 1928– ci ildə «Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri» adlı məqalədə yazırdı: «Bu həyat muğ cəmi Muğan» adlı Zəki və peyğəmbəri ilhama malik bir millətin minlərcə illər əvvəl Kür ilə Araz çaylarının yaxınlığında məskən salmaları ilə başlayır. Aran təsmiyə etdikləri bu torpaq dünyaya Zərdüşti bəxş edir. Qədim aləmin ən böyük kitabı «Avesta» burada vücuda gəlir. Zərdüşt mədəniyyətinin başlıca əsaslarını qurur və onun mütəqib mənsub olduğu muğlar əsrlərcə bütün şərqin mənəviyyat rəhbərləri olurlar».

Y.V.Çəmənzəminli Zərdüştün və muğların əsas ehkamları haqqında məlumat verir. Bunlar köçəbəliklə mübarizə, torpağa bağ­lı­lıq, bağ və bağça salmaq, körpü tikmək, xəstəliklə və soyuqla müa­li­cədə, torpaqçılıq, nurun təcəllisi qaranlığın, cəhlin məğlubiyyəti və sair. Böyük yazıçı, alim tədqiqatçımız Zərdüşt fəlsəfəsinin unudul­masında İslam dininin oynadığı mənfi rolu da göstərmişdi. «Bu fəl­səfə və yaratdığı zehniyyət sayəsində Aran, Muğan və bütün Azər­baycan mədəniyyəti həyatında yüksək dərəcələrə çıxmışdır. Lakin ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü. Dərbənddən Həmədana qədər sərf olunan əməklər məhv oldu».

Herodot bir neçə yerdə mağların adət və ənənlərinin farslardan köklü surətdə fərqləndiyini göstərmişdir. Herodot digər tərəfdən, mağları kasta kimi təbəqə kimi, sənət– peşə adamları kimi de­yil, Midiya tayfalarından biri kimi bizə təqdim edir. İ.M.Dyakonov haqlı olaraq göstərir ki, I Daranın Behustan yazıları mağlar haqqında etnik məzmunda söhbət açır, kasta, peşə mənasında yox.

Doğrudur, həm Makedoniyalı İsgəndərin zamanında, həm də ondan xeyli sonra antik xalqlar mağları İrandilli xalqların kahinləri hesab edirdilər. Mağlar Zərdüştün adını öz dinləri ilə əlaqədar ancaq b. er. əv VII– VI əsrdə çəkirlər. Herodot «Tarix kitabı»nda bu adı xatırlamışdır. Mağ Zərdüşt haqqında ilk dəfə Midiyalı Ksanf yazmışdır. Sonralar isə Aristotel və Platonun digər şagirdləri Yunanıstanda mağların təlimi ilə ciddi maraqlanmağa başlamışlar. Sonrakı Ellin dövründə mağların təlimi haqqında xaldeylərin və digər xalqların müxtəlif dini, fəlsəfi mistik əsərləri və maraqlı əhvalatlar yaranmışdır.

Əfsanəyə görə, «Avesta» allahın göstərişi ilə Zərdüşt tərəfindən yazılmışdır. Orada «mağ» termini yoxdur, kahinlər isə atravan adlanır.

Müsəlmanlıq dövründən başlayaraq orta əsr Şərq ədəbiyyatında mağ «atəşpərəst», «Zərdüşt dini tərəfdarı» kimi başa düşülürdü. Mağ– muğ sözləri bir sıra toponomik terminologiyada geniş işlənmişdir. Azərbaycanda «Muğan düzü», Tacikistanda «Muğ qalası», cənub– Şərqi İranda «Muğistan» və s. buna misal göstərmək olar. Fikrimizcə, bu söz Herodotun verdiyi ibtidai mənaya yaxındır. Həmin məna, yuxarıda qeyd etdiyimiz kimi, yəni mağlar, dini etiqad və mərasimləri ilə seçilən qəbilə olmuşdur. Midiya və pars kahinləri də başlanğıcı həmin qəbilədən götürmüşlər.

İ.M.Dyakonov mağ qəbilələrinin yerləşdiyi ərazini səhvən Rey vilayəti kimi vermişdi. Yəni Zərdüştün vətəni haqqında əvvəl buraxılan səhvləri təkrar etmişdir. O, Muğan düzü haqqında, Azərbaycanın bu ərazisinin mağlarla əlaqəsi haqqında susmuşdur . hər şeydən əvvəl, mağlarla Zərdüştü eyniləşdirmək olmaz. Bu zaman biz yanlış olaraq həm mövcud ənənənin, həm də antik müəlliflərin əleyhinə getmiş oluruq.

İkinci bir tərəfdən, mağların fəaliyyəti Zərdüştdən min illər əv­vəlki dövrü əhatə edir. Baş mağ Zərdüşt isə mağların min illər bo­yu topladıqlarından çox şey götürmüş, bunu yaratdığı dində əks et­dirmişdir. «Avesta»da mağların ayin və mərasimlərinin xeyli ünsürlərinə rast gələ bilərik. İ.M.Dyakonov «Midiya tarixi»ndə ikin­ci bir səhvə də yol vermişdir. O, mağların məbədlərinin Azərbaycanda Raqadan– Reydən sonra yarandığını iddia edir. Müsəlman tarixçilərinin əksəriyyətini Zərdüştün doğulduğu yerin Urmiya, yaxud Azərbaycanın digər rayonları olması fikrinə İ.M.Dyakonov etinasızlıq göstərir. Elə bil ki, o, əvvəlcədən Zərdüştün vətəninin İran olmasını sübut etməyi qarşısına məqsəd qoymuşdur. Bunu biz başqa müəlliflərdə də müşahidə edirik. Bunun səbəbi isə indiyə qədər «Avesta»nı, zərdüştliyi, mağların tarixini milliyyətcə azərbay­canlı olmayan tarixçilərin öyrənməsi olmuşdur. Şübhəsiz, bu da, müəyyən dərəcədə, Zərdüştliyin öyrənilməsinə öz mənfi təsirini gös­tərmişdir.

«Mağ» sözü, Zərdüşt dini yarandıqdan sonra, kahin sözünün sinonimi olmuşdur. Lakin hər bir mağı kahin hesab etmək qətiyyən düzgün olmazdı. İ.M.Dyakonovun Midiya mağlarını Zərdüşt təliminin ilk tərəfdarları hesab etməsi də düzgün deyildir. Çünki Zər­düşt mağların içərisindən çıxmış və yuxarıda qeyd etdiyimiz kimi, mağların dini görüşlərində islahat aparmışdır. Doğrudur, İ.M.Dya­konov Zərdüştü Orta Asiyalı hesab edən güclü ənənələrə qarşı çıxsa da, Zərdüşt və mağları Midiya ilə əlaqələndirməyin çətinliyini də etiraf etmişdir. Lakin bunu əlaqələndirməyə heç bir ehtiyac yoxdur. Çünki həm mağlar, həm də Zərdüşt Midiya ərazisindən idi. İ.M.Dya­konov çox haqlı olaraq göstərir ki, Zərdüşt və mağların təlimi köhnə, təbii yaranmış tayfa dinləri ilə son dövrlərdə ehkamçı dinlər arasında aralıq mövqe tuturdu. Midiya cəmiyyəti, Parsiya, Baktriya bu zaman təzəcə sinifli inkişaf dövrünə qədəm qoyurdu. Xalqlar, ayrı– ayrı qəbilə və tayfalar arsında formalaşma prosesi keçirirdi. Ona görə də Zərdüşt dini quldarlıq cəmiyyətlərinin böhranı dövründə yaranan digər dinlərə bənzəyə bilməzdi. Ancaq eyni zamanda bu, «təbii yaranmış deyil», müəyyən etiqad sahibləri tərəfindən yaranmış təlim idi.

Ümumiyyətlə, qədim əsrdəki dinlərin hamısı kortəbii surətdə meydana gəlmiş tayfa dinləri, sonralar isə milli dinlər idi, bu dinlər hər xalqın düşdüyü ictimai– siyasi şəraitdən doğmuş və həmin şəraitlə qaynayıb qovuşmuşdur. Bir halda ki, irs qalmış ictimai formalar, ənənə üzrə saxlanmış olan siyasi quruluş və milli müstəqillik dağıdılmışdır, onda təbiidir ki, həmin cəmiyyətlərin doğurduğu siyasi din də dağılırdı. Milli allahlar başqa milli allahların özləri ilə yanaşı durmasına dözə bilərdilər və bu, qədimlərdə ümumi bir qayda idi, lakin özlərindən yüksəkdə durmasına əsla dözə bilməzdilər.

Bununla yanaşı, mağlar təkcə atəşpərəstliyi yaratmaqla kifayətlənməmiş, eyni zamanda həmin dinin əsas prinsiplərini, əxlaqi– etik normalarını, ailə– məişət, insani münasibətlər haqqında başlıca müddəaları da işləyib hazırlamışdır. Onlar təkcə din sahəsində deyil, siyasət və iqtisadi həyatda da yaxından iştirak edirdilər. Qədim İran xanədanlarında bu xalqların oynadığı rol haqqında xeyli faktlar vardır. Mağlar Şərqi İran– Azərbaycan dünyasının ilk filosofları olmuşdur.

Zərdüştün böyüklüyü ondan ibarətdir ki, özünə qədər mövcud olan allahların hamısını rədd edərək yeganə allah Hörmüzü kainatın və bütün canlı varlıqların, ruhların, insanların və heyvanların yaradıcısı kimi irəli sürmüşdür. Hörmüz isə özlüyündə xeyir və şər, həqiqət və yalan arasındakı yolu sərbəst seçmək imkanı yaradır.

Qeyd etmək lazımdır ki, Tunc dövrünün dinləri həm xeyirxah, həm də bədxah allahları tanıyırdı. Şər allahları qurban verməklə müvəqqəti olsa da rəhmə gətirmək mümkün idi. Şübhəsiz, xeyirxah allahlara da qurban gətirilirdi. Məqsəd isə onlardan daha çox xeyir əldə etmək idi. Maraqlı cəhətlərdən biri də o idi ki, qədim sinifli cəmiyyətlərdə insanlar taleyə tamamilə inanırdılar, onu dəyişmək onların ağlına belə gəlmirdi. Onlardan fərqli olaraq Zərdüşt sosial şərlə mübarizənin mümkünlüyünü elan etdi. Ona görə də hər bir ruh və adam öz yolunu özü müəyyən etməli idi. Zərdüştə görə, bu yolu ilk dəfə Hörmüzdən (Ahura– Məzdadan) aşağıda dayanan iki əkiz ruhlar Spenta– Maynyu və Anqra– Maynyu özləri üçün müəyyən etdilər. Spenta– Maynyu– işıqlı ruhla şər Anqra– Maynyu arasında əbədi mübarizə həmin vaxtdan başlanır.

Mövcud fəlsəfi və tarixi ədəbiyyatda qeyd edildiyi kimi, Zərdüşt qatlarda öz əksini tapmış dualist təsəvvürlər və məzdəizm əsasında yeni dini yaratmışdır. Həmin təlimdə dünyanın inkişafı prosesində insana mühüm yer verilmişdir. Peyğəmbərin dini sistemində sosial– etik müddəalarla yanaşı, mücərrəd anlayış və obrazlar xeyli yer tutur. Ahura Məzda (Hörmüz) ali allah elan edilir. Dünya ədalətinin rəmzi kimi çıxış edən oda sitayiş ritualda əsas rol oynayır. Zərdüştün ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə– Platona, Aristotelə, Hermippə və başqalarına da güclü təsir göstərmişdir.

Zərdüşt dinində xeyirlə şər arsında əbədi mübarizə gedir. İnsan ancaq xeyrin şər üzərində tam qələbəsi ilə xoşbəxtliyə çata bilər. Bu qələbə üçünsə hər bir atəşpərəst öz fəaliyyəti ilə Hörmüzə kömək etməli, Əhrimənə qarşı mübarizə aparmalıdır. Zərdüştüliyin baş allahı hesab edilən Hörmüz əslində günəşin antropomorfizi idi. Buna görə də Günəş bəzən onun oğlu, bəzən hər şey görən gözü, bəzən isə doğrudan– doğruya özü hesab edilirdi. Müqəddəs Atər–Adər, Atəş– od ilə Günəşin yer üzərində bir növ atributu, timsalı hesab edilirdi, buna görə də bu din eyni zamanda həm də atəşpərəstlik adlanırdı.



«Avesta» dini, fəlsəfi, etnoqrafik, ədəbi abidələr toplusudur. «Avesta»nın ayrı– ayrı bölmələri Azərbaycan ictimai və bədii fikrinin ilkin qaynaqları hesab olunur. Bu dini– bədii– fəlsəfi əsərdə təqribən er. əv. II– I minilliyin yaradıcılıq məhsulları toplanmışdır. Tarixdən bizə məlumdur ki, «Avesta» dəfələrlə məhv edilmişdir. Ən dəhşətli məhv edilmə Makedoniyalı İskəndərin adı ilə bağlıdır. Rəvayətə görə, o, «Avesta»nı yunan dilinə tərcümə etdirdikdən sonra onu tamamilə məhv etdirmişdir. Sonralar İslam dini yayıldıqdan sonra atəşpərəst kahinləri təqib etməyə başladılar. Nəticədə həmin kahinlər– mağlar gizli fəaliyyətə keçmiş, əksəriyyəti isə Hindistana qaçmışdır. Elə bununla da onlar «Avesta»nın bizə gəlib çatan hissələrini xilas edə bilmişlər.

«Avesta» sözünün mənası bu günə qədər hələ də aşkarlanmamışdır. Həmin anlayışların tərcümələrindən birinə, xüsusilə «əsas mətn» kimi tərcümə edilənə daha çox üstünlük verilir. Bu məcmuə (çünki bu müqəddəs kitab tam şəklində deyil, həqiqətən məcmuə şəklində bizə gəlib çatmışdır) Zərdüşt dini tərəfdarlarının müqəddəs dini kitabı rolunu oynayan yeganə kitabdır. «Avesta» kitabı ilk dövrlərdə şifahi şəkildə yayılmışdır. Bizə gəlib çatmış ənənəvi rəvayətə görə, onu ilkin yazıya köçürən Zərdüştün katibi və kürəkəni camasp olmuşdur. Əlbəttə, rəvayət öz yerində, tədqiqatçıların fikrincə, bu böyük abidə ilk dəfə Əhəmənilər dövründə (b. er. əv. VI əsrin axırı b. er. əv. V əsrin əvvəli), sonuncu dəfə isə Sasanilər hakimiyyəti zamanında (III– VII əsrlərdə) sistemləşdirilib yazıya alınmışdır. Tədqiqatçılara görə hələ Arşakidlər dövründə (b. er. əv. 250– b. e.– nın 224– cü illəri) «Avesta»nın məhv edilmiş hissələrinin bərpasına, müəyyən parçaların toplanmasına, yeni materiallarla tamamlanmasına başlanmışdı. Bu proses Sasanilər dövründə başa çatmışdır. Nəticədə əldə edilmiş tam «Avesta» üç kitabda (bəzilərinə görə, 4 kitabda) tərtib olunmuşdur. Bunlar Avesta dilində, bir kitab isə Pəhləvi dilində hazırlanmışdır. Bu şəkildə «Avesta» 21 hissədən ibarətdir. Bəzi hallarda «Avesta»nı Zərdüştün dini moizələri ətrafında formalaşan məcmuə kimi təqdim edirlər. Əlbəttə, belə bir kitabı yalnız bir adamın yaradıcılıq məhsulu hesab etmək düzgün olmazdı. Çünki belə kitablar adi insan ömründə deyil, bir neçə əsr müddətində formalaşır. Bizim eranın VII əsrinə qədər İran imperiyasının rəsmi dövlət dini olan atəşpərəstlik– zərdüştüliyin, rəsmi kitab olan «Avesta» həmin dövrə qədər xeyli formalaşmış və mükəmməl bir səviyyəyə gəlib çatmışdır. «Avesta» təkcə peyğəmbərin moizələri– himnlərdən ibarət deyil. O, həcmcə zəmanəmizə qədər gəlib çatmış mətndən dəfələrlə çox olmuşdur. «Avesta» təkmilləşdirilmiş, dövründə zəmanəsinin bütün biliklərini özündə cəmləşdirmişdi. Alimlər belə hesab edirlər ki, sonralar Zərdüşt kahinlərinin mənafeyini əks etdirməyən hissələr şüurlu şəkildə mətndən çıxarılmışdır. Digər tərəfdən, bu qiymətli abidə mövzu zənginliyi baxımından xeyli genişləndirilmişdir. Dilin və qrafikanın dəyişdirilməsi ilə əlaqədar olaraq xeyli dəyişiklik baş vermişdir. Zərdüştüliyin bir dövlət dini kimi ləğv edilməsi həmin dinin tərəfdarlarını islamın yayıldığı ölkələrdən qaçmağa məcbur etdi. Təqib nəticəsində onun tərəfdarları olduqca azaldı və hazırda onlar İranda və Hindistanda kiçik icmalar şəklində yaşayırlar. Elə həmin dini icmaların sayəsində «Avesta»nın ayrı– ayrı hissələri bizə gəlib çatmışdır. Əlbəttə, abidə xronoloji cəhətdən heç bir qayda– qanuna tabe olmayıb, ayrı– ayrı dövrlərin xarakterini əks etdirir. Şübhəsiz, orada çox şey qarışdırıldığından xeyli ziddiyyətlər meydana gəlmişdir. Məzmunda rast gəldiyimiz ən qədim ünsürlər b. er. əvvl II minilliyə aiddir. Zərdüştlük ənənəsinə görə, bu abidə işıq və xeyirxahlıq allahı Hörmüz tərəfindən vəhy şəklində peyğəmbərə verilmişdir. Lakin burada ən qədim mifoloji baxışlar, mükəmməl miflər, qəhrəmanlıq– epik dastanlarından fraqmentlər də üstünlük təşkil edir. «Peyğəmbər dövrünün» dini göstərişləri, inkişaf etmiş zərdüştliyin «etiqad simvolu» və s. də mühüm yer tutur. «Avesta» da I hissə xeyirxahlıq və nəcabət, II hissə dini mərasimlər, III hissə zərdüştlik dini təliminin ehkamları IV hissə kosmoqonik səciyyə daşımış, V hissə astronomiyadan, VIII hissə hüquq qanunlarından, X hissə əfsanəvi hökmdar Kəştaspdan və onun dövründə yaşayan Zərdüştün zühurundan, XIII hissə Zərdüştün uşaqlığı və xeyirxah hərəkətlərindən, XV hissə ədalətli illərdən, çəki və ölçülərdən, XVI hissə vətəndaşlıq və hərbi qanunlardan, qohumla evlənmək məsələlərindən, dinin prinsiplərindən, XXI hissə Ahuraməzdaya və Zərdüştülik panteonuna daxil olan allahlara alqışdan bəhs edirmiş. Bütün kitabların hər birinin ayrı– ayrılıqda adları olmuşdur. X əsrdə Pəhləvi dilində yazılmış iki kitabda «Avesta» haqqında ətraflı məlumat verilir. Birinci kitab kosmologiyaya həsr olunub, «Bundehişn» (əsas xəlq olunma) adlanır. «Dini biliklərin ensiklopediyası» adlanan ikinci kitab «Dinkerd»dir (etiqad əməlləri). Həmin kitabda qeyd edilir ki, Viştaspın əmri ilə «Avesta» yazıya alınır və Urmiya gölü yaxınlığındakı Gəzən (Şiz) şəhərində saxlanılır, bir surəti İstəhrdə qorunur, başqa nüsxələri isə ayrı– ayrı yerlərdə yayılır.

Deyilənlərə görə Makedoniyalı İskəndərin əmrilə «Avesta»nın bir nüsxəsi yandırılır, bir nüsxəsi isə yunan dilinə tərcümə olunur (əslində isə «Avesta» Yunanıstanda daha qədimdən yayılmışdır. Yunan filosofları, mütəfəkkirləri «Avesta»nı yazan kahinlər– mağlar haqqında, demək olar ki, hər şeyi bilirdilər). Ərdəşir Papakanın dövründə isə «Avesta»nın dağınıq hissələri yenidən mobid Tansar tərəfindən toplanıb bərpa edilir. IX əsrdə yazılmış «Arda Virafnamə»də qeyd edilir ki, «Avesta» 12 min inək dərisi üzərində qızıl hərflərlə yazılıb «xəzinədə saxlanmışdır. «Tansar məktubu»nda (VI əsr) qeyd edildiyi kimi, «Bil ki, İskəndər bizim «Din» kitabımızdan 12 min inək dərisi yandırdı». Ərəb tarixçisi Məsudi «Mürüc üz– zəhəb» əsərində yazır ki, Makedoniyalı İskəndər İstəhri tutandan sonra «Avesta»nın tibbi, fəlsəfi, astroloji hissələrini yunan dilinə tərcümə etdirib özünü yandırtdı.

«Avesta» 12 min lövhədə qızılla yazılıbmış. Bütün bu qeydlər «Avesta»nın həcminin bö­yüklüyü və məhv edilməsi haqqında müəyyən təsəvvür yaradır. Ərəblər bu kitaba qarşı daha amansız hərəkət etmişlər. «Avesta» yarandığı dövrə qədər mövcud olan anlayışları, inamları, folk­lor materiallarını birləşdirən böyük bir tarixi– fəlsəfi– ədəbi abidədir. Onun əsasını Qatlar təşkil etsə də, burada həmin Qatlardan əvvəlki dövrlərin epik şer nümunələri və son­ralar yaranmış bədii, əxlaqi nümunələr toplanmışdır. «Avesta»da qədim azərbaycanlıların qəbilə allahları (divlər) lənətlənir, çoxlu qurbanlar kəsmək pislənilir, axirət haqqında, sonrakı dinlərdə olan qıl körpüsündən danışılır. Bu körpünü ancaq Ahuraməzdaya xidmət edənlər asan keçə bilərlər. Oda sitayiş, günahlara görə axirətdə cəzalanmaq və axirəti– zaman xilas­karının gəlməsindən söz açılır. «Avesta»da hakim təbəqələr içərisindən çıxmış rəhbərlərə itaət təbliğ edilir, lakin bu, icmanın mənafeyini inkar etmir.

Bu qədim dini kitabda dualizm başlıca yer tutur. Kitabın təbliğ etdiyi aləmdə işıqla qaranlıq, xeyirlə şər, ədalətlə zülm arasında əbədi mübarizə gedir. Mərkəzi yerdə isə Hörmüz ilə Əhrimən arasında gedən mübarizə durur. ».

Əgər Hörmüz işığın, həyatın, xeyrin, ədalətin, dünyada yaxşı nə varsa onun təmsilçisidirsə, Əhrimən isə əksinə qaranlığı, şəri, ölümü, haqsızlığı, zülmü müdafiə edir. «Avesta»da əsas mübarizə bu iki allah– xeyir və şər allahı arasında gedir. Bu mübarizə əbədidir. Lakin xeyirin qələbəsinə inam olduqca çoxdur və adam inanır ki, zaman gələcək xeyir şər üzərində qələbə çalacaqdır. Min illərlə bundan qabaq babamız Zərdüştün xeyir allahına inamı əsrlər boyu dünyanın ən qabaqcıl adamlarında haqqa, ədalətə inam hissini artırmışdır. Lakin xeyirin şər üzərində qələbə çalmasına insanların köməyi olduqca vacibdir. Yəni insanlar xeyir düşüncə, xeyir söz xeyir işlə xeyirin əbədi qələbəsini təmin etməlidir. Bu üç müddəa– bu triada sonralar böyük filosofların yaratdığı nəzəriyyələrin– konsepsiyaların məhəkdaşı olmuşdur.

Ümumiyyətlə, xeyir fikir, xeyir söz, xeyir əməl «Avesta»da irəli sürülən əsas əxlaqi şüarlardır. Görkəmli avestaşünas Purdavudun fikrincə, bu üç tələb Zərdüşt dininin əsasıdır. Deməli, insan fikirləşəndə də, danışanda da, bir iş görəndə də xeyirxah olmalı, xeyirə xidmət etməyə çalışmalıdır. Bu müqəddəs kitaba görə insan mü­layim, mehriban, gözütox olmalı, qəddar, paxıl olmamalı, düzlüyə həmişə əməl etməlidir. «Avesta»da yalançılıq ən pis keyfiyyət kimi pislənilir. Yalançı sözü şərin, qaranlığın, düşmənin sinonimi kimi işlənir.

«Avesta»nın xalq arasında geniş yayılması, həm də onun dini və bədii təsir gücü imkan vermişdir ki, Sasanilər dövründə «Avesta»nı yaddaşlardan yazıya köçürsünlər. Şübhəsiz yazıya alınan «Avesta» yandırılan əsərin tam surəti ola bilməzdi. Hətta alimlər Zərdüştün özünə məxsus olan hissəni müəyyənləşdirməyə səy göstərirlər. Əldə olan hissələr də tam deyildir. Ona görə də tədqiqatçılar indiki «Avesta»nı «Böyük bir binanın xərabələrindən toplanmış qırıntılar» adlandırırlar. «Avesta»nın bizə gəlib çatan ikinci redaksiyasına 4 kitab daxildir. Bu hissələrdən biri Vəndidad (Videval)– divlər əleyhinə kodeks (qanun) adlanır. Bu hissə 22 fəsildən ibarətdir. Fəsillərə forgerd deyilir. Yeri gəlmişkən qeyd edək ki, Vəndidad yeganə hissədir ki, demək olar ki, tam halında bizə gəlib çatmışdır. Burada əsas yeri Hörmüzlə Zərdüştün dialoqu tutur. Xeyir allahının göstərişlərinə və köməyinə əsaslanaraq peyğəmbər Zərdüştün məsləhətləri ilə şər, qaranlıq allahı Əhrimənə qarşı mübarizə aparmaq olar. Birinci fəsil coğrafi poemadır. Burada Ahura Məzda tərəfindən yaradılan 16 ölkədən, onun gözəlliklərindən, Şər allahının orada yaratdığı keyfiyyətlərdən söhbət açılır.

Divlərə qarşı mübarizə «Avesta»nın ana xəttidir. Təsadüfi deyildir ki, sonralar yazılmış dini və s. kitablarda bu motiv xüsusi mövzulara çevrilmişdir. Hətta burada ayrı– ayrı divlərin törətdiyi cinayət və bədxahlıqlar təsvir olunur. Ahura Məzda Zərdüştə göstəriş verir ki, günahları yumaq, mənəvi təmizliyi qorumaq üçün divləri məhv etmək lazımdır.

«Bundehşn» əsərində insanlar arasında mövcud olan bütün fəna, pis işlər divlərin əməli hesab olunur. Burada divlər ümumi şəkildə deyil, konkret adlarla verilir. Onlardan bəzilərinə nəzər salaq:

1. Akuman div– insanlar arasında nifaq salır, o, şər allahı Əhrimənin bütün niyyətlərinin ifaçısıdır.

2. Buşas div– iddia olunur ki, əvvəllər tale allahı olmuş, sonralar tənbəllik divinə çevrilmişdir. Xoruzun birinci banından çalışır ki, insanlar yuxudan oyanmasın və faydalı işlər görməsinlər.

3. Hic div– insanlara aclıq, ehtiyac və kasıblıq gətirir.

4. Aqaş div– insanları gözə gətirir.

5. Astavidada div– ölüm carçısıdır (professor X. Koroğlu bu divi əzrayılla qarşılaşdırmağı, müqayisə etməyi məsləhət görür).

6. Apuş və Aspəncəron div– yağış allahına, xüsusilə Tişxiraya qarşı döyüşən iki qardaşdır.

7. Nanqhaişh div– insanlara qəm– qüssə, kədər gətirir.

8. Mutuxt div– yalançılığın və ikiüzlülüyün təcəssümüdür.

9. Piruz və Ziruz div– otlara zəhər qatıb canlıları məhv edirlər.

10. Kundak div– insanlar arasında cadugərlik yayır, cadugərlərə hamilik edir.

X.Koroğlunun kitabında bu divlərin demək olar hamısının xarakteri haqqında məlumat verilir.

«coğrafi poema»da «Avestanın yaradıldığı dövrdə mövcud olan ölkələr, şəhərlər və çaylar haqqında söhbət gedir. Həmin ölkə, şəhər, yerlər və çayların real və ya mifik olması haqqında alimlərin müxtəlif mülahizələri vardır. Görkəmli avestaşünas A.O.Makovel­ski xüsusi cədvəl düzəltmiş və orada «coğrafi poema» da sadalanan yerlərin olub– olmamasını, ya da mifik anlayış kimi verilməsini müəyyənləşdirməyə cəhd etmişdir. «coğrafi poema»da Hörmüzün dili ilə deyilir ki, mən Hörmüz qəmli, kədərli bir ölkəni gözəl və abad bir ölkəyə çevirdim. Hörmüzün yaratdığı abadlıq ölkələrinin əksinə olaraq Əhrimən özünün fənalıq dünyasını yaradır.

Vəndidadın «coğrafi poema» hissəsində deyilir: ən gözəl ölkə və yerlərdən birini mən–Ahura Məzda gözəl Arayana Vədcanı Dait­ya çayının sahilində yaratdım. Əhrimən isə həmin yerdə bəla, fə­la­kət olaraq sərt qış, yağmurlu hava və zəhərli ilanlar yaradır. Ora­­da on ay qış olur və təkcə iki ay yay olur. Onlar da həm sular üçün, həm də bitkilər üçün soyuqdur. Professor A.O.Makovelski həmin yerin Azərbaycanda Araz sahilləri olduğunu təxmin edir. O, tarixi mənbələrə əsaslanaraq göstərir ki, Araz çayının ilk adı Daitya olmuşdur.

Üçüncü fəsil əkinçiliyə həsr olunmuşdur. Əsas ideya budur ki, torpağa yaxşı qulluq etsən, o da sənə borclu qalmaz. Yəni insan torpaqdan hansı nemətləri istəyirsə onu da əldə edə bilər.

İkinci kitab Vispered (Vispered) adlanır. Vispered—bütün ha­kimlər deməkdir. Bəzi tədqiqatçıların fikrincə, Visperedin mənası… hər şeyi dərk etməkdir. Həmin kitabda ailə– əxlaq məsələlərinə, insanların mənəvi təmizliyinə aid mühakimələr vardır. Visperedin IV hissəsində qadının xarakterindən, mənəvi keyfiyyətindən söhbət açılır. VIII hissəsində ədalətli insanların hansı xüsusiyyətlərə malik olması şərh edilir. Bu hissə bu günə qədər gəlib çatmış kitablardan həcmcə ən azı və pərakəndə olanıdır. Zərdüştüliyin dini ehkamlarını öyrənmək baxımından mühüm və vacib olan bu hissə, ümumiyyətlə götürdükdə, o qədər də maraqlı deyildir. Buraya eyni zamanda xe­yir­xah varlığın nümunələri, dualarla bağlı nəğmələr də daxil edil­mişdir. Üçüncü hissə Yəsna (dua etmə, sitayiş etmə, ritual, tapınma mənalarını verir) adlanır. Onun əsas hissəsi «Qatlar»dır. Tədqiqat­çı­lar «Qatlar»ı Zərdüştün fərdi yaradıcılığı, lirikası hesab edirlər. Əgər bütövlükdə «Avesta»nın bir müəllif tərəfindən yazıldığı şübhə doğurursa, «Qatlar»ın bir nəfər tərəfindən yaradıldığına inanmaq mümkündür. «Qatlarda» bir nəfərin həyacanları, arzuları, kədəri və s. ifadə olunmuşdur. «Qatlar»ın müəllifi apardığı dini mü­ha­ribələr za­manı müvəqqəti məğlub olanda kədərlənir, tərəfdarla­rı­nı döyüşə ruhlandırır, axır qələbəsinə inanan adam kimi vədlər ve­rir, hə­dələyir, qələbə çalanda sevinir. Həmin şəxsin azarbaycanlı peyğəm­bər və şair Zərdüşt (Zaratuştra) olduğu şübhə doğurmur. Mə­sələn, Yəsnanın 50– ci fəslinin 6– cı bəndində oxuyuruq: «Sənin qarşında diz çöküb ədalət naminə səsini ucaldan şair Zaratuştradır».

Zərdüşt üzünü gah Ahura məzdaya, Vəhumanaya, Artaya tutur, onlardan kömək istəyir, gah da insanlara müraciət edərək onları xeyirə xidmət etməyə, heyvandarlıq və əkinçiliklə məşğul olmağa, fikirdə, sözdə, əməldə xeyirxah olmağa çağırır. Peyğəmbər çox vaxt Ahura məzda ilə həmsöhbət olur, ondan və başqa xeyir allahlardan kömək diləyir. «Ey Ahura məzda, özünü mənə göstər, Armantinin köməyi ilə mənə qüdrət ver, Spentamanunun vasitəsilə məni gücləndir. Atanın vasitəsilə yaxşı mükafatdan bəhrə yetir, Vəhumananın köməyi ilə məni qüdrətli eylə. «Ey Ahura məzda, dostuna kömək edən bir dost kimi mənə kömək et». 28– ci Yəsnada əlini Ahura məzdaya uzadaraq xeyirxah ruhun əvvəlcə onun hazırladıqlarını qəbul etməsini xahiş edir. Arta ilə Vəhumananın və öküzün ruhunun sevilməsini arzu edir. Sonra müdrik hakim Ahura məzdaya Vəhumana sədaqətlə qulluq etdiyini qeyd edərək deyir:
Şeylər dünyasını və ruhlar aləmini

Hər iki dünyanı mənə hədiyyə eylə.
«Qatlar»ın birində peyğəmbər Zərdüşt inəklərin ruhu ilə birlikdə fəryad edir, zülm və ədalətsizlikdən şikayətlənir. O, Aşaya müraciət edir. Aşa isə cavab verir ki, iztirablar olacaqdır, ancaq səbəbini bilmir. Aşa Məzdadan soruşmaq lazım olduğunu söyləyir:
Yalvararaq kömək umur inəklərin ruhu səndən:

Kimdən ötrü yaratdınız, kim yaratdı məni deyim.

Qəddarlıqla, qarətlərlə məni təngə gətirdilər.

Ancaq sənsən köməkdarım, arxa olan mənə burda,

Bir həyat ver mənə özün nemətlə sevinc bəxş et.
«Qatlar»da mühüm yeri xeyirlə şərin əbədi mübarizəsi tutur. Göydə allahlar, yerdə isə insanlar arasında həmişə mübarizə gedir:
İndi üz tuturam qulaq asana:

Dinləyin özünüz yaxşı sözləri,

İki etiqadı yaxşı anlayın,

Ta seçin birini məhşər günündə,

Hər iki ruh başdan əkiz yaranıb.

İndi də fikirdə. Sözdə və işdə

Onların əsli bil, xeyirlə şərdir.

Xeyirxah xeyiri, şər şəri seçib

Qaşılaşan gündən, bax, bu iki ruh

Həyatla ölümə əsas qoyublar,

Şərin qisməti şər, xeyirə xeyir,

Bundan yalançı ruh şər işi sevdi,

Xeyir ruh haqq ilə düzlüyü seçdi.
Görkəmli avestaşünas Geldner yazır ki, «Qatlar» başdan– ayağa əxlaq məcmuəsidir. «Qatlar»dakı əxlaq o dövrün siyasi, ictimai, fəlsəfi, dini əxlaqıdır, ancaq nəsihətlər deyildir. Bu əxlaq məcmuəsi təxminən üç min il bundan əvvəl Azərbaycan və Yaxın Şərqin həyatında baş verən böyük ideoloji dəyişikliyin, böyük ideya vuruşlarının əks– sədasıdır.

Dördüncü hissə, yaxud kitab «Yəşt» adlanır. Yəşt– pərəstiş, hörmətetmə, mədh– allahları və xeyirxah mələkləri müdafiə edən qüvvələri tərif edən qədim himnlərin özünəməxsus məcmusudur. Adətən bu cür himnlər mifoloji ünsürlərlə zəngin olur. Qeyd etdiyimiz kimi, Yəştlər dini dualardan ibarətdir. Bir sıra avestaşünasların fikrincə, Yəştlər «Avesta»nın ən qədim hissəsidir. Zaman keçdikcə bu hissəyə ayrı– ayrı əlavələr və yeni motivlər artırılmışdır.

«Avesta» abidəsinə «Kiçik Avesta»nı da aid edirlər ki, burada da əsasən dua mətnləri vardır. Onların da böyük bir qismi «Avesta» dilində deyil, orta fars dilində yazılmışdır. Bu, bir daha onu göstərir ki, «Kiçik Avesta»nın tərtibçiləri artıq onu başqa auditoriya üçün, yəni həmin dili başa düşənlər üçün hazırlamışdılar.

«Avesta»da olan himnlər kimi, dualar da ritmik struktura malikdir. Belə güman edilir ki, əvvəllər «Avesta»nın bütün mətni ritmik olmuş, zaman keçdikcə bu prinsip pozulmuş, yaxud da itirilmişdir. Lakin abidənin az– çox hecalı sisteminin strukturunu saxlayan hissəsi prozaik sistemdən daha aydın başa düşülür. Hələ indiyə qədər «Avesta»nın bir çox yerlərinin mahiyyəti açılmamış qalır. Ayrı– ayrı hissələrinin şərhi isə şübhə doğurur. «Avesta»nın ən qədim əlyazmasının tarixi yalnız bizim eranın 1324– cü ilinə aiddir. Qədim dövrlərdə kahinlər «Avesta»nın bütün hissələrini əzbər bilirdilər. Yalnız yazı kəşf ediləndən sonra onu inək dərilərinə qızıl suyu ilə yazmağa başlayırlar.

«Avesta»da geniş təbliğ olunan xeyir söz, xeyir fikir, xeyir əməl ən mühüm etik prinsiplərin məcmusu hesab olunmalıdır. Zərdüştün böyüklüyü ondan ibarətdir ki, özünə qədər mövcud olan allahların hamısını inkar edərək Hörmüzü yeganə xeyirxah allah kimi kainatın və bütün canlı varlıqların, ruhların, insanların və heyvanların, bitkilərin yaradıcısı hesab etmişdir. Hörmüz isə özlüyündə xeyir və şər, həqiqət və yalan arasındakı yolu sərbəst seçmək imkanı yaradır. Burada bir məsələni də qeyd etmək lazımdır ki, «Avesta»da ideologiya tarixində ilk dəfə olaraq (dini formada olsa belə) sosial şər problemi qoyulmuşdur. Bütün mövcud fəlsəfi və tarixi ədəbiyyatda qeyd edildiyi kimi, Zərdüşt «Avesta»da öz əksini tapmış dualist təsəvvürlər və məzdəizm əsasında yeni din yaratmışdır. Həmin təlimdə dünyanın inkişafı prosesində insana mühüm yer verilmişdir. Peyğəmbərin dini sistemində (bu sonrakı dini sistemlərdə də müşahidə olunur) sosial– etik müddəalarla yanaşı, mücərrəd anlayış və obrazlar da xeyli yer tutur. Ahura Məzda (Hörmüz) ali allah elan edilir. Dünya ədalətinin rəmzi kimi çıxış edən oda sitayiş ritualda əsas rol oynayır.

«Avesta»da təbliğ olunan düyagörüşün başlıca prinsipi dualizmdir. Həmin ideyaya görə, bütün dünyada, hər yerdə iki əks qüvvə arasında əbədi barışmaz mübarizə gedir. Fiziki dünyada işıq və qaranlıq, üzvi aləmdə həyat və ölüm arasında, insanların ictimai həyatında ədalət və ədalətsizlik arasında, dini həyatda Hörmüzlə Əhrimənin, xeyirlə şər arasında mövcud olan mübarizə əbədidir. Bu o deməkdir ki, hələ qədim dünyada– «Avesta»da irəli sürülən başlıca ideya hər bir predmetdə, hər bir hadisədə əksliklərin vəhdəti kimi özünü biruzə verir. Bu mühüm anlayışın mənası, hər şeydən əvvəl, ondan ibarətdir ki, bütün obyektlərə daxilən əks tərəflər, meyllər xasdır. Daxili əksliklər hər hansı bir obyektin və prosesin strukturunun ayrılmaz xüsusiyyətidir.

«Avesta»da Hörmüz ilə Əhrimən arasında bu və ya digər tərəfin müvəqqəti məğlubiyyəti və qələbəsi təsvir olunur. Şifahi xalq ədəbiyyatında da Hörmüz ədalət, işıq, məhəbbət mücəssəməsidir. Hörmüz insanlığı, səadəti, günəşi, odu qoruyur. Əhrimən isə insanlığın düşmənidir. S.Vurğun «Hörmüz və Əhrimən» poemasında Əhrimənin «istəyini» belə təsvir edir.
Mənim andım var əzəldən, bunu yer bilsə gərək,

Ayağım dəydiyi torpaqda çiçək bitməyəcək.

Mən günəş düşməniyəm, zülmət göstər mənə sən,



Bir əsarətdir əzəldən o məhəbbət deyilən…

Mən qaranlıq mələyin, bir də şərin tanrısıyam.
Zərdüşt dinində dünyanın iki başlanğıcı– xeyir və şər, eləcə də həmin adlara qulluq edən allahlar arasında mübarizədə Hörmüz ən fəal mövqedə dayanır. İnsan özünün xeyir işləri ilə Hörmüzün qələbəsinə kömək edirsə, bəd əməlləri ilə Əhrimənin gücünü artırır. Xeyirxahlıq ruhu yaradıcı, bədxahlıq şər ruhu isə dağıdıcıdır.

Həyat vermək, insanları yer üzərində məskunlaşdırmaq, heyvanları, bitkiləri bol etmək, insanlığı sağlam, güclü, xoşbəxt, tox etmək xeyir allahının fəaliyyətinin başlıca prinsipləridir. Əksinə, torpağı məhsulsuz, adamları, heyvanları, bitkiləri məhv etmək, min cür xəstəliyə düçar etmək, mənəviyyatsızlığın təbliği isə şər allahının başlıca prinsipləridir. Beləliklə, dünya prosesi əksliklərin mübarizəsi kimi başa düşülür. «Avesta»nı yaradanların böyüklüyü onda idi ki, onlar həqiqəti neçə min il bundan əvvəl başa düşmüşdülər. Bundan əlavə, hələ də başa düşülməyən (daha dəqiq desək, aşkar olmayan, açıqlanmayan) «Avesta»nın abstraksiyalar aləmi olduqca zəngindir. Burada bəzi abstraksiyalar, ideyalar, əxlaqi anlayışlar kişi qadın varlıqlarında təcəssüm olunur.

«Avesta»da təbliğ olunan dünyagörüşdə iki tərəfi–dini–mifoloji və fəlsəfi cəhətləri fərqləndirmək lazımdır. Burada hadisələr çox vaxt sadəlövh şəkildə mifik obrazda ifadə olunur. Abstraksiyalar bəzi hallarda şəxslənir və ideyalar canlı varlıqlara çevrilir. «Avesta»da həqiqət hər şeydən yüksəkdə durur. Zərdüştün sənin adın nədir? sualına Hörmüz belə cavab verir: «Birincisi, mən hər şeyi bağışlayanam, ikincisi, Arzu edilənəm, üçüncüsü qüdrətliyəm, dördüncüsü, həqiqətəm, beşincisi, xeyirlərin məcmusuyam, altıncısı, Ağılam, yeddincisi ağıllıyam, səkkizincisi elməm, təliməm, doqquzuncusu Aliməm, onuncusu müqəddəslikəm, on birincisi müqəddəsəm, on ikincisi, mən Ahurayam, on üçüncüsü ən güclüyəm, on dördüncüsü Kinsizəm, on beşincisi Qələbəyəm, on altıncısı yaxşını, pisi ayıranam, on yeddincisi hər şeyi görənəm, on səkkizincisi şəfa vericiyəm, on doqquzuncusu yaradıcıyam, iyirmincisi Mən Məzdayam». Məsələ burasındadır ki, Ahura Məzdanın adları bununla bitmir. «Avesta»nın Steblin– Kamenskinin tərcümə etdiyi hissəsində o, təxminən 80– a qədər adla özünü adlandırır (Müqayisə et: müsəlman dinində allahın doxsan doqquz adı). «Avesta»da ruhla can arasında fərq qoyulur. Xeyir fikir Zərdüştə Ahura Məzdanın atributu kimi anlaşılırdı. Sonralar isə müstəqil allaha çevrilir ki, bu da həmişə insanların köməyinə tələsir. Şəxslənmiş xeyir fikir ölməz müqəddəslər (ameşa spenta) sırasında birinci yeri tutur və Ahura Məzdanın yaxın dairələrində mühüm rol oynayır. Xeyir fikir allahı heyvanların hamisi hesab olunur. Aşağı təbəqə allahları (yazatlar– bunlar minlərlədir) abstrakt ideyalardan şəxslənmişdir. Məsələn, Qələbə, Sülh, Həqiqət, Qüdrət və b. allahlar bu qəbildəndir. Yazatlara günəş, ay, torpaq, hava, su, od ruhları da daxildir. Xeyir fikir Ahura Məzdanın atributu olduğu kimi, bəd fikir də Anqra– Manyunun atributudur. Şər ruhlar– divlər, drucular, pərilər və s. günahların, yolazmanın, yalanın, xəstəliklərin və s. şəxslənməsidir.

Qauk Hegelin fəlsəfəsinin baş ideyaları ilə Zərdüşt təliminin (onun iki başlanğıcın əbədi mübarizəsi və əksliyi təlimi ilə) ideyaları arasında oxşarlıq olduğunu qeyd etmişdir.

Q.Mills də belə hesab edir ki, Hegelin əksliklərin vəhdəti və mübarizəsi qanunu haqqında təlimi qnostiklər və Yakov Bome vasitəsilə zərdüştülikdən keçmişdir.

Hegel səhvən zərdüştüliyi qədim fars dini, «Kiçik Avesta»dini və müasir parsizm ilə eyniləşdirir. O, bu təlimi aşağıdakı kimi şərh edir. Xeyirxahlıq, həqiqət, qüdrət ancaq şərlə mübarizədə mövcuddur. Bu, Hörmüzün Əhrimənlə mübarizəsidir. Hörmüz işıqdır və onun səltənəti işıq səltənətidir. Ümumiyyətlə, dünya özünün bütün növləri və hissələri ilə birlikdə Hörmüzdür və bu işıqlı səltənətdə hər şey xeyirdir. canlı olan nə varsa, hər cür varlıqlar, bütün mənəviyyat– hamısı işıqdır. Hamısı Hörmüzdür. Onun bütün yoldaşları işıqlar, ulduzlar dahi kimi təmsil olunmuşdur. O, hər yerdə həyata kömək etməli, məhsuldarlığa və sevincə dayaq olmalı, insanların bütün işində yardımçı olmalı, yəni arx qazmalı, ağac əkməli, qəriblərə sığınacaq verməli, səhraları çiçəkləndirməli, ağacları yedirtməli, torpağı suvarmalıdır. Hegel zərdüştüliyi azadlıq dinin təşkil edən təbiət dini adlandırmışdır. Bu din, Hegelə görə, işıq və xeyir dinidir. Allahın varlığı burada– dünya qüdrəti və bununla yanaşı dünyanın məqsədi– fəaliyyət göstərən kimi, arzu edilən kimi, substansiya kimi, subyekt kimidir.

Dünya məqsədi kimi, işıq kimi Varlıq Zərdüşt dininin ali predmetidir. Burada işıq və qaranlıq, xeyir və şər arasında ziddiyyət mühüm yer tutur. Dünyanın kosmik və etik qüvvələrinə münasibətdə Zərdüşt dininin dualist xarakteri üzə çıxır. Darmsteter «Avesta»da və zərdüştülikdə əsas iki fəlsəfi ideyaya nəzər yetirir. Bunlar təbiətdə qayda və qanunauyğunluq ideyası və insanların həyatında əksliklərin mübarizəsi ideyasıdır. Əslində «Avesta»da bu iki ideya bir– birinə uyğun gəlir. Qanunauyğunluğun özü əksliklərin mübarizəsinin universal ağalığında təzahür edir.

Dualizm hər yerdə özünü göstərir. Birinci yerdə əsas prinsiplər və allahlar (xeyir– Hörmüz, şər– Əhrimən) arasındakı əksliklər durur. Sonra heyvanlar faydalı və zərərli deyə iki hissəyə bölünür. İnsanlar dünyasında adamlar arilərə və qeyri– arilərə bölünür (Burada İran və Turan arasındakı mübarizə ön plandadır və mühüm yer tutur ).İnsanların qəlbində də, fikrində də dualizm özünü göstərir.

Beləliklə, «Avesta»da ifadə olunan Zərdüştülik dünyagörüşü­nün əsasında dualizm durur. Dünya ikili xarakterdədir, iki bir– birinə düşmən başlanğıca bölünür, xeyir və şərlə xarakterizə olunur. Dünyanın tarixi bu iki başlanğıcın– xeyir və şərin mübarizəsi ta­rixidir, bu mübarizədə isə insana ən fəal rol oynamaq tapşırılmışdır.

Zərdüştüliyin əxlaqı məlum triadada öz əksini tapmışdır: Yaxşı niyyət, yaxşı söz, yaxşı əməl. «Avesta»da əks olunmuş Zərdüştülik mifologiyası qədim Azərbaycan düşüncəsinə geniş təsir göstərmişdir. Atəşpərəstlik daha çox etik, estetik məzmun daşıyan mifologiyadır. İşıqla qaranlıq toqquşmaları simvolları onda əzəli, təməli simvollardır. İşıq həyatın qaynağı, saflıq, xeyir, haqq rəmzi– timsalıdır. Varlığın nurlu, təmiz başlanğıcı yaşayışa rövnəq verən qüvvədir. Günəşə, işığa, oda tapınma paklıq mücəssəməsinə, gözəlliyə, müqəddəsliyə tapınmaqdır. Zərdüştülik insanı cismən mənəvi təmizliyə, xeyirli, nəcib işlərə istiqamətləndirir.Bu işıq səltənətində hakim allah, hökmdar ruh Hörmüzdür. Ona əks olan başlanğıc Əhrimənin qaranlıq səltənəti—şər, pislik, ziyan üstündə ­qurulmuşdur. O, qarşısına çıxan hər şeyi dağıdır, hamıya pislik edir. Dünyada Əhrimən adlı divi məhv etmək, hər yerdə işıq səltənətini bərqərar etmək zərdüştülikdə ali məqsəddir. Mifoloji görüşlər sistemində zərdüştülik fəlsəfi ruhlu təsəvvürlər aşılayır. Təzadla dolu varlıqda işığın– xeyirin qələbəsinə, xeyirsevər yaşayışa çağırış zərdüştüliyin başlıca məzmunudur, Hörmüz– Ahura Məzda (Ahura– böyük, Məzda– hifz edən deməkdir)– Baş allah– xeyir, işıq allahı kimi saf əxlaqın daşıyıcısıdır. Müxtəlif tayfa və qəbilələrin əsatirindən, əfsanələrindən istifadə ilə yaradılan xeyirlə şərin mübarizəsinə, xeyirin mütləq qələbəsi ümidinə, günəşə– oda sitayiş kultuna əsaslanaraq kütləvi qurbanları yasaq edən, əcdad kultunu müqəddəsləşdirən, oturaq təsərrüfatı, xüsusilə əkinçiliyi təbliğ edən bu dini sistem, eləcə də bütün bunlarla əlaqədar olan etiqadlar, ayin və mərasimlər artıq neçə min ildir ki, bəşəriyyəti düşündürür.

Ümumiyətlə, bu dini, əxlaqi, fəlsəfi sistem qədim bir mənbəyə malik idi ki, mütəxəssislər, o sıradan da akademik V.V.Struve «Zər­düştliyin vətəni» əsərində «belə mənbəyi qədim Azərbaycan dinində axtarmaq lazımdır»,– deyir.

Məlum olduğu kimi, hətta zərdüştüliyi rəsmi dövlət dini elan etmiş Sasanilər hakimiyyəti zamanı belə əsas atəşgədə Atropatenin paytaxtında idi.

Zərdüşt kahinləri Sasani dövlətinin həyatında mühüm rol oynayırdılar. Onlar böyük torpaqlar sahibi idilər. Ölkədə böyük nü­fuz­ları var idi. Məhkəmələrdə hakim vəzifəsini ifa edirdilər. Atəş­pə­rəst­­lərin əsas məbədi əvvəllərdə olduğu kimi, yenə də Atropaten şəhərlərindən biri olan Qanzakda idi. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin paytaxtından bu məbədə piyada ziyarətə getməli idi­lər. Bu, Zərdüşt əxlaqının və dinin başlıca prinsiplərindən biri idi. Xeyir fikir, xeyir söz, xeyir əməl triadasını, A.O.Makavel­skinin fik­rincə, hələ qədim dövrlərdə Demokrit zərdüştülikdən götürmüşdür. Həmin dində həm cismani, həm də mənəvi təmizlik ön plana çəkilirdi. Vəndidadın 10– cu fəslində cismani təmizliklə yanaşı, sözlərin, niyyətlərin, əməllərin də təmizliyi tələb olunurdu. Sonrakı dövrlərdə «xeyir söz» anlayışı altında verilmiş sözü, vədi pozmaq, müqavilələrə əməl etmək, ticarət işlərində düz olmaq,borcu qaytarmaq, böhtançı olmamaq, heç kəsi təhqir etməmək və s. kimi başa düşülürdü.

Dindar atəşpərəstlər oğurluq və talançılıq etməməli, başqasının mülkiyyətinə toxunmamalı, özünə qarşı da cinayət işlətməməli idi. Bu hökm hələ tarixən zərdüştilikdən də qədim idi. Başqasının qa­dınına xain gözlə baxmamaq da bura daxildir. Eyni zamanda hamiləlik vaxtı qadına qayğıya da böyük fikir verilirdi. Zərdüşt elan edirdi: «Mən o şəxsəm ki, pak bir təbiətlə insanların ruhunu qorumaq üçün təyin olunmuşam: çünki Ahura Məzdanın yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dözü­müm vardır, doğru yolla getməyi insanlara öyrədəcəyəm». Sonra Zərdüşt insanlara müraciət edərək onları haqqa, ədalətə, düzlüyə çağırırdı. Onlara əməl edənlərin gələcəyinin xoş keçəcəyinə təminat verirdi: «Ey insanlar, əgər Məzdanın müqərrər etdiyi əzəli hökmdən faydalansanız, bu dünya və o dünyanın xoşluğundan, əbədi əzabdan, yalana tapınanların zərərindən, düzlük istəyənlərin xeyir və faydasından agah olsanız, onda həmişə gələcəyiniz yaxşı keçəcək». Zərdüşt yalanın qəti düşməni olmuşdur. O, düzlüyə əməl edənləri Ahura Məzdanın istəklisi hesab edirdi. Məzdanı «doğruluq atası» adlandırırdı.

Eyni zamanda Zərdüşt Ahura Məzdaya müraciət edərək soruşurdu ki, cəza gününə qədər doğruluq ardıcılları yalana tapınanlara qalib gələcəkmi? Özü də cavab verirdi ki, qalib gələcək və özü də bu qələbə dünya üçün bir təmizkarlıq tapşırığı olacaqdır. Konkret gəncliyə təzə ailə quranlara müraciət edərək öyüd verirdi: «Ey ərlik qızlar, ey yeznələr. Budur xəbərdar edirəm və sizə öyrədirəm, öyüdümü könlünüzdə nəqş edin və ürəklərinizə tapşırın. Təmizkar dolanışıq uğrunda qeyrətlə çalışmaqda bir– birinizdən qabağa düşün. Bu həyat gücü ilə ta özünüzü xoş və şad edəsiniz». Zərdüştə görə, xoşbəxtliyin əsas cəhətləri sülh, əmin– amanlıq, yemək bolluğu, sevgili arvad, çoxlu uşaq can sağlığı və uzun ömürdür.

Spitama Zərdüştün dini islahatının əsas prinsipi ibtidai çoxallahlıqdan vahid allaha doğru inkişafdır. Zərdüşt qəbilə allahlarını rədd edir və həmin panteonda vahid allah Ahura Məzdanı qoyur. Ahura Məzda Zərdüştün uydurması deyildir. Əksinə Zərdüştə qədər belə Ahura Məzdaya inanırdılar. Zərdüşt monoteizmi bərqərar edərək qəbilə allahlarını bədşər ruhlar səviyyəsinə endirir. Təsadüfi deyildir ki, qəbilə allahları– divlər sonralar «şər iblisi» adlandırılır.

Zərdüştlikdə vahid allah müxtəlif aspektlərdə öz adları ilə çıxış edirdilər. Rta– məhkəmə işlərinə baxır. Vəhumə– əxlaqi məsələlərə baxır. Armaiti– sosial, kəndli, əkinçilik məsələlərinə, İştra isə siyasi məsələlərə baxır. Sonralar Ahura Məzdanın həmin aspektləri ameşaspenta– ölməz müqəddəslər adlanmağa başladı.

Zərdüştün monoteist dini islahatı Əhəməni hökmdarları I Dara və Kserks tərəfindən qəbul edilmişdir. Təsadüfi deyildir ki, Daranın Bisutun yazılarında və «Qatlar»da yalnız bir allahın– Ahura Məzdanın adı çəkilir. Onun köməyinə bel bağlanır. Qələbələr yalnız onun adıyla bağlanır. Kserks Mitranın, Anahidin və b. qədim allahların məbədlərini dağıdır. Onlara etiqadı qadağan edir. Maraqlı cəhətlərdən biri də budur ki, A.O.Makovelskinin fikrincə, Əhəməni hökmdarı I Dara və Kserks rəsmi dini «Zərdüştsiz zərdüştlik olmuş­dur. Bunu Makovelski Zərdüştün sosial islahatlara meyli ilə əlaqə­ləndirir. Çünki nə Dara, nə də Kserks Zərdüştün sosial islahatlarını qəbul etmirdilər. Beləliklə, Qədim Midiya dininin üç mərhələsini qeyd etmək lazımdır: 1. Zərdüştə qədərki politeizm qəbilə allah­ları­na, divlərə etiqad dövrü; 2. Zərdüştlük, moneteizm dövrü; 3. Məz­dəizm. Zərdüşt dini üstəgəl qədim politeist dinləri allahlar panteo­nunun sinkretizmi. Doğrudan da ilkin məzdəizmi Zərdüştlüklə, Əhə­mənilər dini ilə, Kiçik Avesta ilə, Vəndidadda əks olunan və müa­sir parsizmlə eyniləşdirmək olmaz. Əlbəttə onlarda həm varislik, həm də oxşar eyni cəhətlər, ünsürlər az deyildir. Lakin bu, bizə onların hamısını eyni din hesab etməyə əsas vermir. Herodota görə, Parsların məbədlərə mənfi münasibəti onunla izah olunur ki, parslar ellinlər kimi allahı insanabənzər təsəvvür edə bilmirdilər. Herodotun və Strabonun təsvir etdiyi kimi, qədim parslarda qəbul edilən qurbanvermə ayini akademik V.V.Struvenin fikrincə, Dara və Kserkse gedib çıxır. Herodot məlumat verir ki, parslarda qurban ayini zamanı, «mağ allahlarının mənşəyi haqqında himni oxuyur; onlar öz dualarını himn adlandırırdılar». Şeder bu himnləri «Qatlar»la eyniləşdirir. Strabona görə, olduqca uzun çəkən bu cür mahnı oxunan zaman mağlar əllərində kiçik dəstə yulğun budağı tuturdular. Bu isə «Avesta»da təsvir olunan ağac budağına uyğun gəlir.

«Avesta»da kahin atravan (od kahini) adlanır. Parslarda (qədim azərbaycanlılarda) isə kahinlər– mağlar adlanır. A.O.Makovel­skiyə görə, zərdüşt dininin, mağların dininin, Əhəmənilərin dininin vahid, ümumi mənbəyi Midiyada– qədim Azərbaycanda olmuşdur. Tarixdən bizə məlumdur ki, məzdəizm Urartu dövlətinin rəsmi dini olmuşdur. Urartu mədəniyyətinin varisi midiyalılar idi. Midiya qəbilələrindən biri– mağlar Urartu dövlətinin çiçəkləndiyi vaxt məzdəizm dinini qəbul etmiş və midiyalıların digər qəbilə dinlərinə qarşı amansız mübarizəyə başlamışlar. Məzdəizm mağların daha da inkişaf etdirilərək Ahura Məzdaya qurban vermək aynininə qədər tərəqqiyə çatmışdır. Midiya tayfa ittifaqları inkişaf edib möhkəmləndikcə, onun siyasi uğurlarına mağların dini xeyli kömək etmişdir. Urartu və qədim Azərbaycan xalqlarından dini baxışları irs alaraq məzdəizm əvvəlcə Midiya qəbilələri arasında, sonra isə qonşu xalqlar arasında yayılmağa başlamışdır. Deməli, mağlar əvvəlcə Midiyada, sonra isə qonşu ölkələrdə dini fikrin və ayinçiliyin daşıyıcıları olmuşdur. Midiya dövləti yarandıqdan sonra mağlar Midiya padşahlarının rəsmi kahinləri oldular. Midiya dövlətinin işğal etdiyi ərazilərdə mağların dini surətlə yayılmağa başladı.

«Avesta»da təbliğ olunan dünyagörüşünün tərkib hissələrin­dən biri də ibtidai animizm– ruhun varlığına etiqaddır. Qeyd etmək lazımdır ki, hələ çox uzaq keçmişlərdən başlayaraq qədim Azərbay­canda ata– baba ruhuna ehtiram adəti olmuşdur. Bu adət məzdəizm yayıldıqdan sonra daha da mürəkkəbləşmişdir. Qalıqları indi də yaşayır.

Əcdadlarımız ruhların məhv olmadığına, yaşadığına, hətta mən­sub olduğu ölkə ilə, kəndlə, ailə ilə, evlə guya ki, «əlaqə» sax­ladı­ğına etiqad etmişlər. Qədim tarixi mənbələrdə, xüsusilə «Aves­ta»­da bu ruhlar fravaş adlanırdılar. Bununla bərabər onların çox tələbkar olduqları zənn edilirmiş. Guya bu ruhlar martın 15– 25– i arasında öz evlərinə gəlirlərmiş. Onlar kəndləri gəzir…düz on gecə gəzib soruşurlar: görək bizi kim tərifləyəcək?.. Kim bizə qurban verəcək? Kim bizi yada salacaq?..

«Ata– baba günü» hesab edilən bu on gün qışın sonu, ilk yaz yağışlarını yer üzünə yağdıran Tiştri– tri adlı antropomorfik məbud imiş. Apaoş insanları quraqlıq bəlasına giriftar etmək üçün yaz yağışlarının yağmağına mane olurmuş. Buna görə də Tiştri onunla üç dəfə vuruşur, ikisində məğlub olur, üçüncüdə qalib gəlirmiş ki, bununla da yaz yağışları yağırmış.



Fravaşlar hər bir canlı varlıqda məskən salan daxili qüvvədir. Günəş, ay, ulduzlar əvvəlcə hərəkətsiz yaranmış, yalnız fravaşların sayəsində hərəkət etməyə başlamışlar. Lakin Zərdüşt fravaşların kosmoloji qaydalarda mühüm rolunu irəli sürən konsepsiyanı rədd edir. O, əvvəlcə Ahura Məzdaya suallar verir:
Ey Ahura Məzda, səndən soruşuram mənə bildir:

Bu yeri aşağıda və enməyə qoyulmayan göyü yuxarıda

saxlayan kimdir?

Suyu, odu kimdir yaradan?

Kimdir, yelə və iti gedən buluda iti getməyi öyrədən?

Ey Məzda, pak təbiətin yaradıcısı kimdir?

Ey Ahura Məzda, səndən soruşuram, doğrusu, mənə

bildir?

Bu faydalı işığı və bu qaranlığı yaradan kimdir?

Xoşluq gətirən yuxunun və oyaqlığın kimdir

yaradıcısı?

İnsanları ibadətə çağıran danın, günortanın və axşamın

yaradıcısı kimdir?
Bu suallardan sonra isə Zərdüşt özü cavab verir ki, bütün bun­ların yaradıcısı Ahura Məzdadır və heç kim ona şərik çıxa bilməz. «Qatlar»da fravaşlar haqqında heç nə deyilmir. Bu bir daha onu sübut edir ki, fravaşlar haqqında məlumatlar ən qədim dövrlərə gedib çıxır. Zərdüşt onlar haqqında fikirləri, xüsusilə xeyirxah dahi– qoruyucu haqqında fikirləri etiraf etməkdən uzaqdır. «Avesta»da qədim miflərin əksəriyyətindən istifadə edilmişdir. Ruhun üç xüsusiyyəti: fikirləşmək, danışmaq və hərəkət etmək prinsipləri Bundehişn abidəsində ətraflı təsvir olunur. «Avesta»da insan, təbiət, hü­quq, təbabət və s. haqqında maraqlı fikirlər vardır ki, indinin özündə də əhəmiyyətini itirməmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə