Azərbaycan ərazisində ibtidai icma quruluşu




Yüklə 49.81 Kb.
tarix27.04.2016
ölçüsü49.81 Kb.
Azərbaycan ərazisində ibtidai icma quruluşu.
Cənubi Qafqaz,habelə bütün Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir.Uzaq keçmişlərdə böyük bir su hövzəsinin çəkilməsi nəticəsində relyefi müəyyənləşmiş,3 milyon il bundan əvvəl isə formalaşmağa başlamış Azərbaycanın ərazisində ilk canlı həyatın təşəkkül tapıb inkişaf etməsi üçün əlverişli bir təbii coğrafi mühit bərqərar olmuş,ən qədim bitkilər və canlılar meydana çıxmışdır.Bunu istər Azərbaycan ərazisindəki müxtəlif relikt qalıqları,istərsə də Azərbaycan və qonşu ölkələrdə aşkara çıxarılmış tapıntılar sübut edir.

Sovet tarix elminin aparıcı alimləri Azərbaycan ərazisində bəşərin ən çoxu 3-4 min illik tarixə malik ola biləcəyini iddia edirdilər. Lakin Azərbaycanın görkəmli tarixçi-arxeoloqları tərəfindən aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki,vətənimizin ərazisində ulu əcdadlarımız tərəfindən Yer kürəsində ən qədim arxeoloji mədəniyyətlərdən biri hesab edilən yaşı 2,6-3 milyon il olan Olduvay arxeoloji mədəniyyəti ilə yanaşı qoyulmağa layiq bir mədəniyyət-Quruçay arxeoloji mədəniyyəti yaradılmışdır.

Azərbaycan arxeologiya elminin görkəmli nümayəndəsi,tarix elmləri doktoru,professor Məmmədəli Hüseynovun və onun həmkarlarının gərgin əməyi nəticəsində Qarabağda aşkar edilmiş Quruçay arxeoloji mədəniyyəti,Azıx kimi çoxsaylı arxeoloji abidə,Qazax,Naxçıvan,Lerik və s. yerlərdə tapılıb öyrənilmiş digər paleolit abidələri Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu inandırıcı şəkildə sübut etmişdir.Quruçay arxeoloji mədəniyyətinin 1,2 milyon il bundan əvvəlki bir tarixə malik olması göstərilsə də,M.Hüseynov bu mədəniyyətin ən azı 1,7-2,1(2,2) milyon il bundan əvvəl meydana çıxıb formalaşdığı fikri üzərində inadla dayanmışdır.

Qarabağda Azıx və Tağlar,Kəlbəcərdə Zar,Qazax rayonunda Aveydağda Damcılı və Daşsalahlı,Naxçıvanda Qazmalar,Lerikdə Buzeyir mağaralarında aşkar edilmiş maddi mədəniyyət abidələri alt,orta və üst paleolit dövrlərində Azərbaycan ərazisində ən qədim insanların həyatı,onların təsərrüfat fəaliyyəti haqqında müxtəlif məlumatlar əldə etməyə imkan verir.

Paleolit dövrünə aid Azərbaycan abidələri içərisində Azıx mağarası xüsusi yer tutur.Burada aparılmış tədqiqatlar nəticəsində mağaranın 6 böyük zalı və müəyyənləşdirilmiş 10 arxeoloji təbəqədə alt paleolitin şelləqədərki,şell və aşell mərhələləri,habelə orta paleolit dövrlərinə aid xeyli arxeoloji materiallar əldə olunmuşdur.Bu mağaradan və eləcə də Quruçay hövzəsindən aşkara çıxarılmış daş alətlər Quruçayın ulu sakinlərinin,o cümlədən Azıxda yaşamış qədim insanların həyatını işıqlandırmağa imkan verir.

Azıxda tapılan abidələr içərisində ən qiymətlisi 1968-ci ildə onun 5-ci arxeoloji təbəqəsində aşkara çıxarılmış qədim insanın alt çənəsinin bir fraqmentidir.Ötən əsrin ən müasir metodları və texnikası ilə aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,bu çənə sümüyü burada təxminən 350-400 min il bundan əvvəl(alt paleolitin aşell mərhələsində yaşamış) 18-22 yaşlı bir insana(qadına) məxsus olmuşdur.Bu,keçmiş sovetlər birliyi ərazisində aşkar edilmiş ilk və ən qədim insan qalığı idi.Mütəxəssislər həmin qalığın məxsus olduğu ulu insanı azıxantrop-Azıx adamı adlandırmışlar.Azıxantropun qalıqları,şübhəsiz sübut etmişdir ki,Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir.

Azıx mağarasının tapıntıları alt və orta paleolit(mustye) dövrlərində ən qədim daş alətlərin qaba,kobud,iri və yöndəmsiz daş alətlərdən-giqantolitlərdən daha kiçik və rahat,daha çox işlənilmiş daş alətlərə doğru necə təkminləşdirildiyini izləməyə,azıxantropların məşğuliyyəti,xüsusən də ovçuluğu barəsində,bölgənin paleozoy faunası haqqında ətraflı təsəvvür yaratmağa imkan verir.Mağarada aşkara çıxarılmış ocaq yerinin tədqiqi nəticəsində müəyyən edilmişdir ki,Azıx sakinləri hələ 700 min il bundan əvvəl od əldə etməyi bacarmışdılar,onların çatdıqları ocaqlar illər boyu sönmədən şölələnmiş,insanları vəhşilərdən və soyuqdan qorumuş,odda bişmiş yeməklərlə insanın fiziki və zehni təkmilləşməsində mühüm rol oynamışdır.Azıx mağarasında aşkara çıxarılmış ayı kəllələri üzərindəki daşla çərtilmiş cızıqlar azıxantropların ilkin dini təsəvvürlərinin qalıqları hesab olunur.Mütəxəssislər belə hesab edirlər ki,ən qədim insanların ilk dini təsəvvürləri məhz alt paleolit dövründə yaranmış,insanlar ilk olaraq heyvanlara və təbiət qüvvələrinə sitayiş etmişlər.

Tədqiqatlar göstərir ki,təxminən 100 min il bundan əvvəl üst aşel,bununla birlikdə alt paleolit dövrü başa çatmış və öz yerini orta paleolitə vermişdir.Təxminən 60-65 min il davam etmiş (100 min il bundan əvvəl başlamış 35-40 min il bundan əvvəl başa çatmışdır.)orta paleolit dövrünə aid maddi-mədəniyyət abidələrinə ilk dəfə Fransadakı le-Mustye düşərgəsində rast gəlindiyi üçün bu dövr həmçinin Mustye mədəniyyəti dövrü adlandırılır.

Mustye dövründə həm bacarıqlı insanın özünün ,həm də onun maddi və mənəvi həyatının inkişafında böyük irəliləyişlər olmuşdur.

İlk növbədə bacarıqlı insanlar alt paleolitə xas olan iri kobud və yöndəmsiz daş alətləri daha rahat və işə daha yararlı olan daş alətlərlə əvəzləməyə başlamışlar.İstehlak təsərrüfatının iki ən başlıca sahəsindən olan ovçuluqda mühüm rola malik nizə kimi yeni alət ixtira edilmişdir.Bu zaman Azərbaycanda ovçuluq əsas peşəyə çevrilmişdir.

Mustye dövründə insanın özünün fizioloji təkmilləşməsi yeni yüksək mərhələyə qalxmış və zahirən çağdaş insanlara çox oxşar olan neandertal tipli insanlar(bu insanların qalıqlarına ilk dəfə Almaniyadakı Neandr çayının hövzəsində rast gəlindiyindən bu tipli insanlara belə ad verilmişdir.)təşəkkül tapmışdır.Neandertal tipli insanlar mağaralarla yanaşı,açıq düşərgələrdə müxtəlif materiallardan qurulmuş yaşayış məskənlərində yaşayırdılar.

Orta paleolitdə maddi həyatla yanaşı,bacarıqlı insanın mənəvi həyatında da təkamül davam etmiş,insanın dini təsəvvürləri müəyyən qədər mürəkkəbləşmiş axirət dünyasına inam,ilkin dəfnetmə mərasimləri formalaşmağa başlamışdır.

Orta paleolitin sonlarına yaxın alt paleolitdən bəri ibtidai icmanın əsasını təşkil edən ulu icmanın təşkilində də müəyyən dəyişikliklər yaranmağa başlamış,ulu icma öz yerini qadınların aparıcı rol oynadıqları qohum(qəbilə)icmasına,bacarıqlı insan isə öz yerini ağıllı insana verməyə başlamışdırsa,ibtidai icmanın tarixində ana xaqanlığının əsası qoyulmuşdur.

Azərbaycan tarixində mustye mədəniyyəti dövrünə aid tapıntılara Azıx,Damcılı,Daşsalahlı,Bağlar,Zar,Qazmalar və Buzeyir mağara düşərgələrində,habelə Qədirdərə,Çaxmaqlı,Marallı (Qazax), Bisutun,Tamtama(Güney Azərbaycan) və b. Düşərgələrdə rast gəlinmiışdir.

Azıx mağarasının 3-cü arxeoloji təbəqəsindən aşkara çıxarılmış mustye qalıqlarını iki qrupa bölmək olar.Bunlardan birini mustye dövrü insanlarının əsasən dəvəgözü,çaxmaqdaşı və digər daş materiallarından düzəltdikləri daş alətlər,digərini isə ovlanmış heyvanların minlərlə sümüyü təmsil edir.

Mütəxəssislərin yekdil rəyinə görə keçmiş sovetlər birliyi və Yaxın Şərqdə mustye dövrünə aid ən mükəmməl və səciyyəvi abidələrdən biri Tağlar mağara düşərgəsidir.Quruçayın sol sahil hövzəsindəyerləşən bu mustye düşərgəsində 1963-cü ildən etibarən aparılan elmi axtarışlar nəticəsində aşkara çıxarılmış 6 arxeoloji təbəqədən 5-ində 7 mindən artıq daş alət və 20 mindən çox heyvan sümüklərinin böyük əksəriyyəti məhz orta paleolit dövrünə aiddir.Tağlar tipli daş əmək alətləri emalının zəifliyi və işlək ağızların çoxluğu ilə fərqlənir.Mütəxəssislər müəyyən etmişdilər ki,Tağlar mağarası 50-55 min il ərzində fasiləsiz surətdə mustye adamlarının yaşayış məskəni rolunu oynamışdır.

Qazax rayonunun Daşsalahlı,Şərur rayonundakı Çənənəm kəndi yaxınlığındakı Qazmalar,Lerik rayonu Buzeyir kəndi yaxınlığındakı mağarada və digər düşərgələrdə mustye dövrünə aid yaşayış məskənləri,insan fəaliyyətinin nəticələrinə dair tapıntılar sübut edir ki,orta paleolit dövründə Azərbaycanda insanların yayılma ərazisi xeyli genişlənmiş,ibtidai icma təsərrüfatı xeyli inkişaf etmişdir.

Bəşər tarixinin növbəti mərhələsi-üst paleolit dövrü e.ə.35-30-cu minilliklərdən e.ə.12-10-cu minilliklərədək davam etmişdir.Azərbaycanda Tağlar,Damcılı,Zar,Yataq yeri kimi arxeoloji komplekslərlə təmsil olunmuş üst və ya son paleolit dövründə insanın həm iqtisadi-təsərrüfat,həm fizioloji,həm də ictimai-mənəvi həyatında mühüm təkamül baş vermişdir.Əvvəla,ibtidai insanlar daha rahat,mükəmməl,çox funksional,ağac və ya sümük dəstəkli alətlər,yəni daha məhsuldar əmək alətləri hazırlamağı öyrənirdilər.İkincisi,bacarıqlı insanın təkmilləşərək düz qamətli,beyin tutumu daha böyük,başa düşülən nitqə malik ağıllı insana çevrilməsi prosesi başa çatırdı.Üçüncüsü,bacarıqlı insanların qida əldə etməsi,odu qoruyub saxlamaq və vəhşi heyvanlardan qorunmaq zərurətindən doğmuş,qeyri-sabit birliyi olan ulu icma öz yerini tədricən qadın xətti ilə qohum ağıllı insanların daha sabit kollektivinə-qəbilə icmasına verir.İbtidai icmanın tarixindən orta tunc dövrünədək davam etmiş ana xaqanlığı dövrü başlayır.Üst paleolit dövrünə qadınların rolunun öncüllüyü özünü o dövrün incəsənətində də göstərmiş,qadın kultu ilə bağlı çoxlu təsvirlər yaradılmışdır.

İcmanın həyatında qadınların aparıcı rola yiyələnmələrinin bir sıra səbəbləri vardı.Əvvəla,istehlak təsərrüfatının mühüm sahəsi olan yığıcılıqda,ocağın qorunub saxlanmasında və uşaqların tərbiyə edilib böyüdülməsində əsas rol qadınlara məxsus idi.İkinci,poliqamiya şəraitində qəbilə icmasının əsasında duran qohumluq əlaqəsi ancaq ana xətti ilə müəyyənləşdirilə bilərdi.

Üst paleolit sığınacaqlarına əsasən çay vadilərinin yaxınlığında,ov üçün münasib yerlərdə rast gəlinən insanların təsərrüfat həyatının əsasını yenə də istehlak xarakterli sahələr-daha yüksək səviyyəyə çatmış yığıcılıq və ovçuluq təşkil edirdi.

E.ə.13-10 minilliklərdən e.ə.7 minilliyədək ölkəmizin ərazisində mezolit-orta daş dövrü mövcud olmuşdur.Mezolit ox və kamanın ixtira edildiyi,istehlakdan istehsal təsərrüfatına keçidin əsasının qoyulduğu,bütövlükdə ibtidai icmanın maddi-mənəvi həyatının xeyli inkişaf etdiyi dövrdür.

Mezolit dövründə Azərbaycanda insan yaşayışının izlərinə Qobustan,Damcılı,Zaqros və b.yerlərdə rast gəlinmişdir.Əlbəttə,Azərbaycanda mezolit dövrünün öyrənilməsi baxımından Qobustan arxeoloji kompleksinin böyük rolu olmuşdur.Azərbaycan arxeoloqlarının bir neçə nəsli Qobustan Firuz,Öküzlər,Ana Zağa,Marallar və s. qayaaltı sığınacaq-düşərgələrində aparılan tədqiqatların nəticəsində ölkəmizdə mövcud olmuş mezolit cəmiyyətinin iqtisadi və mənəvi həyatının kifayət qədər dolğun mənzərəsini canlandırmağa nail olmuşlar.

Mezolit dövründə ox və kamanla yanaşı mikrolit(kiçik daş),quraşdırma alətlər geniş yayılır,daşişləmə texnikası daha da təkmilləşir,sığınacaqların kobud hörgülərlə əhatə edilməsi hallarına rast gəkinirdi.Ox və kamanın ixtirası ilə ovçuluğun inkişafı,balıqçılıq,habelə heyvanların əhilləşdirilməsinin əsasının qoyulması qədim insanların rasionunda ət yeməklərinin xüsusi çəkisini artırmış,bişirilmiş ətlə qidalanmanın miqyasının genişlənməsi insanın əqli inkişafını genişləndirmişdir.

İndiyədək 20-yə qədər qayaaltı yaşayış məskəninin aşkara çıxarıldığı Qobustan,habelə Damcılı və Zaqrosda mezolit abidələri sübut edir ki,bu dövrdə istehlak təsərrüfatından istehsal təsərrüfatına keçid üçün hərtərəfli zəmin yaranmış,ibtidai maldarlıq və ibtidai əkinçiliyin rüşeymləri meydana çıxmış,ana xaqanlığı daha da inkişaf etmiş,ibtidai incəsənət təşəkkül tapmışdır.

E.ə.8 minilliyin sonundan etibarən Azərbaycan ərazisində mezoliti neolit(yeni daş)dövrü əvəz etməyə başlamışdır.Neolit dövründə insan daşı cilalamağı və eşməyi öyrənərək daha rahat,məhsuldar,mükəmməl və çox komponentli alətlər(daş toxa və s.)düzəltməyi öyrənmiş,istehlak təsərrüfatından istehsala keçid başa çatmış,yığıcılıqdan əkinçilik,ovçuluqdan maldarlıq əmələ gəlmiş,toxuculq və dulusçuluq kimi yeni təsərrüfat və sənətkarlıq sahələri meydana gəlmişdir.Azərbaycan ərazisində neolit abidələri Damcılı,Qobustan,Naxçıvan(Kültəpə),Viləşçay,Xanlar,Ağdam(Çalağantəpə,Qarğalar təpəsi), Urmiya gölü hövzəsindəki Həsənli,Hacı Firuz,Yanıqtəpə yaşayış yerləri və Zaqros bölgəsində aşkara çıxarılmışdır.

E.ə. 8 minillikdən e.ə.6 minilliyin ortalarınadək Cənubi Qafqaz ərazisində davam etmiş neolit dövründə əkinçilik və maldarlığın inkişafı ilə yanaşı qəbilə icmasının təkamülü davam etmiş,ana xaqanlığı daha da möhkəmlənmişdir.Quzey Azərbaycanın Qobustan və başqa arxeoloji abidələrindən əldə olunmuş materiallar qadının neolit dövründə də ibtidai icmanın həyatında hökmran rol oynadığını,mezolit və neolit dövrlərində qadına pərəstişin mövcudluğunu sübut edir.Bütün bunlara baxmayaraq,neolitin sonundan etibarən qadının cəmiyyətdə yüksək mövqeyi tədricən zəifləmiş,ana nəsli tezliklə ata nəsli ilə əvəz olunmuşdur.

Neolit dövründə yaşayış düşərgələrində kollektiv dəfn etmə adəti yaranmış,əcdadlara sitayiş,axirət dünyasında həyatın mövcudluğuna inam olmuşdu.

Təxminən e.ə.6 minilliyin ikinci yarısından Azərbaycan ərazisində ibtidai icma öz inkişafının yeni tarixi mərhələsinə-eneolitə(mis-daş dövrünə)qədəm qoymuşdur.E.ə.4 minilliyin ortalarınadək davam etmiş eneolit dövründə qədim insan öz tarixinin ilk metalı olan misdən istifadə etməyə başlamışdır.Lakin mis çox yumşaq metal olduğundan ondan daha çox məişət və bəzək əşyaları hazırlamaq üçün istifadə edilmiş və mis əşyalar daş alətləri sıxışdırıb aradan çıxara bilməmişdir.Ona görə də bu dövr eneolit adını almışdır.

Şimali Azərbaycanın qərb,xüsusən də Dağlıq Qarabağ,Zəngəzur,Gədəbəy və Daşkəsən zonalarında mövcud olan zəngin mis yataqları əsdadlarımızın mislə ilk dəfə məhz burada tanış olduqlarını güman etməyə əsas verir.Lakin eneolit dövrünə aid olan məişət əşyaları və başqa məmulatlara,həmçinin Naxçıvan,Mil,Muğan,Quba-Xaçmaz və Urmiya bölgələrində aşkara çıxarılmış eneolit dövrü məskənlərində də rast gəlinir.1 Kültəpə(Naxçıvanda),İlanlıtəpə(Ağdam yaxınlığında),Əliköməktəpə(Cəlilabad),Yanıqtəpə(Urmiya gölü hövzəsi) və s. bu kimi eneolit abidələri e.ə.5-4 minilliklərdə və sonrakı dövrlərdə istehsal təsərrüfatı ilə məşğul olan oturaq əhalinin həyatı,əkinçi və maldarlıq təsərrüfatı barəsində zəngin materiallar əldə etməyə imkan verir.

Bu dövrdə heyvandarlıq təsərrüfatı xeyli inkişaf etmiş,atçılıq meydana çıxmışdır(Əliköməktəpədə e.ə.5 minilliyə aid olan at skeletinin fraqmentləri tapılmışdır).Tapıntılar belə bir iddia irəli sürməyə imkan verir ki,Azərbaycan bütün Avrasiya materikində atçılığın ilk vətəni olmuşdur.Azərbaycanın qərb bölgələrində xırda,Muğan bölgəsində isə iribuynuzlu mal-qaranın bəslənilməsinə daha böyük yer verilmişdir.

Eneolit Azərbaycanda həmçinin toxa əkinçilyinin geniş yayıldığı dövr sayılır.Daş və sümük toxalarla çayqırağı münbit,qumsal torpaqlarda,digər asan şumlanan sahələrdə 10-a qədər arpa və buğda növü,habelə pərinc və s. yetişdirilirdi.Eneolit dövrünə aid Şomutəpədən Cənubi Qafqazda ən qədim oraq,Çalağantəpədə isə ən qədim sümük kürək (bel) tapılmışdır.

Eneolit dövründə sənətkarlıq istehsalı da xeyli inkişaf etmiş və daha da rəngarəng olmuşdur.Möhrə və çiy kərpiclə divarhörmə işi meydana çıxmış,divarların suvanılıb ağardılması və naxışlanmasına başlanılmışdır.Bu dövrdə ikigözlü dulus sobalarından (Əliköməktəpə) istifadə edilmiş,yüksək səviyyəli şirəli qablar mədəniyyəti formalaşdırılmışdır.

Mütəxəssislərin bir çoxunun fikrincə,eneolitdə qəbilə icması tarixinin patriarxal dövrü başlasa da,qadına sitayiş,ana kultu,onun nəsil başçısı və ocaq mühafizəçisi kimi dolğun ilahiləşdirilməsi geniş yayılmışdır.Bəzi müəlliflər isə məhz eneoliti ana xaqanlığının çiçəklənməsi dövrü hesab edirlər.

Maddi-mədəniyyət abidələri eneolit dövründə insanların dini görüşlərində də nəzərəçarpacaq dəyişikliklər getdiyindən xəbər verir.Bu dövrdə hələ də xüsusi qəbiristanlıq olmasa da,yenə də ölüləri çox vaxt evlərin arxası və ya içərisində basdırsalar da,dəfn adətlərində bir sıra yeniliklər müşahidə olunurdu.

Eneolit dövrünə aid məskənlərdən ilk küp qəbir aşkar olunmuşdur.Bu dövrdə ölünün üstünə qırmızı toz səpir,onu yanı üstə,bükülü vəziyyətdə basdırır,yanına silah və alətlər qoyurdular.

Ölkəmizin şimali-qərb hissələrindəki eneolit abidələri (Şomutəpə,Babadərviş,Töyrətəpə və b.)daha çox arxaik,neolitdən eneolitə keçid xarakteri daşıyırsa,Naxçıvan və Mil-Qarabağ zonalarının eneolit abidələri nəinki bu dövrün daha sonrakı və daha inkişaf etmiş dövrünü əks etdirməklə kifayətlənmir,onlarda həmçinin ilkin tunc mədəniyyətinin birinci rüşeymləri nəzərə çarpır.

Yuxarıda qeyd etdiyim kimi,mis yumşaq olduğundan ondan hazırlanmış alətlər dözümlü deyildi və daş alətləri tamamilə sıxışdırıb aradan çıxara bilməmişdir.Ancaq insanlar misə qalay(habelə qurğuşun,sürmə,məegümüş və s. kimi əlvan metallar)qataraq yeni,süni metal-tunc əldə etməyi öyrəndikdən sonra vəziyyət kökündən dəyişmişdir.Yeni metal kifayət qədər dözümlü idi,ondan hazırlanmış əmək alətləri tezliklə daş alətləri sıxışdırıb aradan çıxarmış və ibtidai icmanın tarixində daş dövrü başa çataraq öz yerini tunc dövrünə(e.ə. 4 minilliyin sonundan e.ə. 2 minilliyin axırlarınadək)vermişdir.

Azərbaycanda erkən tunc dövrü ilk növbədə Kür-Araz mədəniyyəti adləndırılmış,çox geniş əraziyə səpələnmiş arxeoloji abidələr kompleksi ilə səciyyələnir.Erkən tunc dövrü Azərbaycan ərazisində aşkara çıxarılıb öyrənilmiş Mingəçevir,Qobustan,Qazax,Xaçmaz,Təbriz,Qəbələ və s. abidələrində daha dolğun əks olunmuşdur.

Bu dövrdə toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunur,taxıl əkinçiliyi daha da püxtələşir,kətan becərilməyə,təsərrüfatda qoşqu qüvvəsindən istifadəyə başlanılır,suvarma əkinçiliyinin və bağçılığının bünövrəsi qoyulurdu.Mükəmməl metal(tunc) alətləri tətbiqi nəticəsində əkinçilikdə əmək məhsuldarlığı xeyli yüksəlirdi.

Əkinçiliklə yanaşı,təsərrüfat həyatının digər mühüm sahəsində-maldarlıqda da mühüm dəyişikliklər baş verir.Xırda və iribuynuzlu mal-qaranın sayı artır,düzənlik,dağətəyi və dağ otlaqlarının sahəsi xeyli genişlənir,köçmə(yaylaq-qışlaq)maldarlığı meydana çıxır və maldarlıq təsərrüfatın əsas formasına çevrilirdi.

İlkin tunc dövründə sənətkarlıq da xeyli inkişaf etmiş,onun ayrı-ayrı sahələri-metal emalı,dulusçuluq,toxuculuq üçün yaşayış yerlərində xüsusi sahələr ayrılmasına başlanılmışdır.Gil qablar istehsalının həm çeşidi genişlənmiş,həm istehsal texnikası xeyli təkmilləşmiş,həm də məmulatların hazırlanma keyfiyyəti xeyli yüksəlmişdir.Mükəmməl metal və metaləritmə sahələri formalaşmağa başlamışdır.Evtikmə üsulları da xeyli inkişaf etmişdir.Erkən tuncda ocaq yeri ortada və ya divara yaxın olan,yarımqazma və ya yerüstü tikilən dairəvi damlı evlərə üstünlük verilirdi.Torpaq döşəmələr şirələnir,bəzən də rənglənirdi.Bu dövrdə yaşayış məskənləri üçün seçilən yerlər və onlardakı tikililərin xarakteri göstərir ki,artıq erkən tunc dövründə insanlar öz yaşayış məskənlərinin müdafiəsi qayğısına qalmalı olmuşlar.Bir sıra yaşayış məskənləri müdafiə üçün daha yararlı olan hündür təpələrdə tikilmiş və onlar müdafiə hasarları ilə əhatə olunmuşdur(Göytəpə,Yanıqtəpə və s.).İlk ictimai əmək bölgüsünün başa çatması,maldarlıq əkinçilikdən ayrılaraq xüsusi təsərrüfüt sahəsinə çevrilməsi ilə meydana çıxıb genişlənməkdə olan mübadilə nəticəsində bəzi icmaların artıq müəyyən sərvət ələ keçirmək həvəsini,həm də onu qorumaq iradəsini ortaya qoymaya bilməzdi.Erkən tunc dövrünün belə möhkəmləndirilmiş yaşayış məskənlərinə istər Quzey,istərsə də Güney Azərbaycanda,istər düzənlik(Qobustanda Dairə yaşayış məskəni),istərsə də dağlıq rayonlarda (Kəlbəcər bölgəsində Dəlidağ məskənləri və s.)rast gəlinmişdir.

Erkən tunc dövründə icmanın ictimai həyatında baş vermiş ən böyük dəyişiklik patriarxal münasibətlərin hökmran mövqeyə yiyələnməyə başlaması idi.Xış əkinçiliyi və köçmə(yaylaq-qışlaq)maldarlığın təsərrüfat həyatında mühüm yür tutması ilə qadının iqtisadi həyatda rolu xeyli məhdudlaşmağa başlamışdır.Qadının xışın macından yapışıb şum etməyə gücü,uşaqları evdə qoyaraq həftələrlə sürünün ardınca arana,yaylağa və əkinə keçməyə imkanı yox idi.Təsərrüfat həyatında kişilər üstünlüyü ələ alır və bu üstünlük icmanın həyatında da birinciliyin tədricən kişilərin əlində cəmləşməsinə doğru aparırdı.Ana xaqanlığı öz yerini ata xaqanlığına verməyə başlamış və bu proses orta tuncda başa çatmışdır.

Erkən tunca aid Kəlbəcər qayaüstü rəsmləri,toxunma və boyanmış parçalar,cilalı qablar mədəniyyəti incəsənətin inkişafına dəlalət edir.

Bu dövrdə yaşayış yerlərindən kənarda salınmış qəbiristanlıqlar meydana çıxmış,kurqan qəbirləri,meyidlərin yandırılması adəti təşəkkül tapmışdır.

E.ə.2 minilliyin ilk yarısında ibtidai icmanın həyatında yeni dövr-orta tunc dövrü başlayır.Həmin dövrdə sənətkarlıq,xüsusən də metallurgiya,metal emalı,tikinti,dulusçuluq və s. xeyli inkişaf etmiş,Ön və Mərkəzi Asiya,Misir və s. bölgələrlə ticarət əlaqələri meydana çıxmışdır.Orta tuncda əmlak bərabərsizliyi yaranmış,qəbilə icmasından qonşu icmaya keçid baş vermişdir.Bu dövrdə güclü istehkam qurğularına,aydın seçilən məhəllələrə,su təchizatı sisteminə,möhkəmləndirilmiş qəsrlərə malik şəhərtipli məskənlər təşəkkül tapmışdır.Belə məskənlər sırasında Naxçıvan bölgəsində aşkara çıxarılmış 2 Kültəpə,Oğlanqala və b. yaşayış yerlərinin adları çəkilə bilər.

E.ə.2 minilliyin ikinci yarısını əhatə etmiş son tunc dövründə qəbilənin həyatında mühüm və ictimai təbəqələşmə,əmlak sarıdan xeyli müxtəlif təlimatlı qrupların formalaşması daha aydın nəzərə çarpır.Göy göl,Tərtər,Ağdam rayonlarında aşkara çıxarılmış son dərəcə dəbdəbəli və zəngin kurqan qəbirləri son tunc dövründə tayfa əyanlarının son dərəcə böyük qüdrətə sahib olduqlarından xəbər verir.Bəzi hallarda dəfn kameraları 200-250 kvadrat metrə çatan məzarlara tayfa başçısı ilə bərabər nəinki bər-bəzək əşyaları,hətta tayfa başçısının nökərləri və kənizləri basdırılmışdılar.Bu fakt qonşu icmasının sosial düzümündə keyfiyyətcə tamamilə yeni vəziyyətdən xəbər verir.



İbtidai icma quruluşunun dağılması

Tunc dövrü ərzində ibtidai icmanın həyatında baş vermiş proseslər tamamilə yeni quruluşlu-sinifli cəmiyyətin meydana çıxması,dövlətin formalaşması üçün sanballı zəmin yaratmışdır.

Son tunc və ilkin dəmir dövründə(e.ə.2 minilliyin sonu e.ə. 1 minilliyin əvvəlləri)insanların məskunlaşdıqları bölgələrin əksəriyyətində bəşər sivilizasiyasının tarixində ən böyük təbəddülatlardan biri baş verir-sinifli cəmiyyət,onunla birlikdə dövlət meydana çıxır.

Bəşər tarixində ən inqilabi metal sayılan dəmirin Azərbaycanda emalına e.ə.1 minilliyin ilk yarısında başlanılmışdır.

Dəmir alətlərdən istifadə insan həyatının bütün sahələrində böyük dəyişikliklər və irəliləmələrə səbəb oldu.

Dəmir navalının xışda istifadəsi nəinki şumun keyfiyyətini yaxşılaşdırdı,həm də məhsuldarlığı artırırdı,həmçinin əkinçiliyin əlçatmaz bölgələrdə də genişlənməsinə gətirib çıxarırdı.

Dəmir dövrünə aid olan Muğan-Talış mədəniyyətinin abidələri sübut edir ki,bu dövrdə Azərbaycanda silah istehsalı xeyli genişlənmiş,hazırlanan silahların kəsəri,gücü,keyfiyyəti və müdafiə ləvazimatının dözümü xeyli artmışdır.

Ayrı-ayrı şəxslərin varlanması,yeni təsərrüfat sahələrinin yaranması işçi qüvəsi tələb edirdi.



Çoxçeşidli və yüksək keyfiyyətli alətlər,silahlar,məişət və bəzək əşyaları sübut edir ki,dəmir dövründə sənətkarlıq istehsalı yeni,daha yüksək səviyyəyə qalxmışdı.

Bütövlükdə,dəmir dövründə sosial-iqtisadi proseslərin başlıca məğzi sinifsiz ictimai quruluşun öz yerini sinifli cəmiyyətə verməsi təşkil etmişdir.Yüksək məhsuldarlığa malik metal əmək alətlərindən istifadə izafi məhsul istehsalı imkanı ortaya qoymuş,sonuncu isə öz növbəsində bir qrup insanın əməyinin başqaları tərəfindən istismarı imkanını yaratmışdır.Bu cür istismar maddi nemətlərin əsas hissəsinin bir ovuc adamın əlində cəmləşməsinə,əksər icmaçıların isə kasıblaşıb müflisləşməsinə səbəb olmuşdur.Əlinə külli miqdarda maddi nemət toplamış yuxarı təbəqə bu var-dövləti qoruyub hifz etmək,onu artırmaq,yeni ərazilər tutmaq və aşağı kütlələri itaətdə saxlamaq üçün qoşun,mühafizə dəstələri,nəzarətçilər qrupu,həbsxana yaradırdı ki,bu da artıq dövlətin atributları idi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə