Azərbaycan dövlətçiliyinin tarixi kökləri




Yüklə 38.79 Kb.
tarix24.04.2016
ölçüsü38.79 Kb.
Azərbaycan dövlətçiliyinin tarixi kökləri

(erkən dövlət qurumları)

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləşməsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.

İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı I minilliyin əvvəllərində Azərbaycanın şimal hissəsində ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi.

Lakin bu ərazidə sinifli cəmiyyətin yaranması müəyən müddət ləngimişdir. Azərbaycanın Yaxın Şərqin mədəniyyət ocaqları ilə sıx əlaqədə olan cənub ərazisində ilk quldar dövlətlər daha qədim dövrlərdə yaranmışdır. E.ə. III minillikdə Azərbaycanın cənubunda erkən dövlət qurumları meydana gəlmişdir.

E.ə. III- II minilliklərdə Urmiya gölü ətrafında lullubi, kuti, su, turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları yaşamışlar.

Qədim Azərbaycan tayfaları haqqında ilk yazılı məlumatlar şumer dastanlarında və mixi yazılarında verilir. Onlar Səma, Günəş, Ay allahlarına məhəbbət və məhsuldarlıq (bərəkət) ilahələrinə sitayiş edirdilər.



İlk dövlət qurumu Aratta

Aratta ölkəsi Azərbaycan torpaqlarında yerləşirdi. Bu ölkə ilə əlaqədar (e.ə. III minilliyin I yarısı) hadisələr bir neçə şumer dastanında (“En-Merkar və Aratta hökmdarı” , “ En-Merkar və En-Sukuşşuranna”1 , “En-Merkar və Luqalbanda”, “Luqalbanda və Hurrum dağı”) əks olunmuşdur.

Aratta cənubi Azərbaycanda e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasının Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. E.ə. XXVIII-XXIV əsrlərdə Şumerdə şəhər dövlətləri fəaliyyət göstərirdi. E.ə. XXVIII- XXVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı En-Merkar2 olmuşdur.

Dastanlara görə Uruk ilə Aratta arasında münasibətlər gah düşmənçilik, gah dostluq xüsusiyyəti daşıyırdı. E.ə. III minilliyin I yarısında (e.ə. XXVII əsrdə) Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı En-Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Aratta hökmdarları müdrik siyasət yürüdür, öz ölkələrini müdafiə edirdilər.

Aratta ölkəsini en, yaxud ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Ölkənin əsas şəhəri Aratta adlanırdı. Dini idarələrə maşmaş adlanan kahin başçılıq edirdi. Aratta hökmdarı türk mənşəli sülaləyə mənsub idi. Aratta hökmdarı hərb məsələlərinə baxamq üçün şura çağırırdı, ancaq son qərarı özü verirdi.

Arattada çoxallahlıq, yəni müxtəlif allahlara sitayiş mövcud olmuşdur. Qaynaqdan göründüyü kimi Arattada, Şumerdə bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. İnannanın Arattada müqabil adı məlum deyildi. Akadlar bu ilahni İştar adlandırırdılar. Qaynaqda Aratta ilə əlaqədar adı çəkilən Lama Arattanın mühafizəkarı hesabn edilirdi. Lama Aratta ilahəsi imiş. Şumer allahı Dumuzu həmçinin Arattaya himayədarlıq edirdi.

Zəngin yeraltı faydalı sərvətləri oaln Aratta ölkəsinin əhalisi qızıl, gümüş, qurğuşun, mis, dağ daşı, qiymətli lacivərt daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərt daşı İkiçayarasına ixrac edilirdi. Yəgin ki, Aratta ilə İkiçayarasında mal mübadiləsi erkən dövrdən mövcud olmuşdur və onun əks-sədası Şumer dastanından gəlirdi. Aratta əhalisi əsasən sənətkarlığın müxtəlif sahəsi ilə məşğul idi. Burada məbəd və saray tikən, divarlarına qiymətli metal və daşlardan, xüsusilə lacivərtdən bəzək və naxış vuran mahir ustalar vardı. Onlar qiymətli metal və daşlardan zərgərlik və digər bəzək əşyaları hazırlayırdılar.

Lullubi dövlət qurumu

E.ə. III minilliyin II yarısında İkiçayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə. XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına sonrakı dövrdə siyasi səhnəyə çıxmış su və turukki tayfaları daxil idi.

E.ə. XXIII əsrin sonu-XXII əsrin əvvəllərində Urmiya gölündən cənubda güclü Lullubi dövləti yarandı. Lullubi dövləti cənubi Azərbaycanın ərazisində yarnmış ikinci erkən dövlət quruluşu idi. Lullubilər həm də Assuriyanın Muzi şəhərində məskunlaşaraq Hürri tayfaları ilə yaxın əlaqədə olmuşlar. Hürrilər onları “özgə”, “yadlar” (nullu) adlandırırdılar. Lullubilər Hürri və Het dövlət idarələrində də çalışır, muzdlu döyüşçü kimi orduda xidmət edirdilər.

Lullubi ərazisindəki xırda dövlət qurumları birləşərək Akkad dövlətinin işğalçı siyasətinə qarşı hərbi ittifaqlar yaratmışdılar. Bu dövlətin qüdrəti hökmdar Anubaninin (e.ə.2170-2150-ci illər) dövründə daha da artır. Məlumdur ki, Anubaninin yazılarını mixi işarələri ilə tərtib etdirirdi. Mixi yazı sistemi buranın əhalisinə, hakim dairələrinə hələ Aratta dövründən tanış idi. Anubaninin siyasi nailiyyətləri daş piltəsi üzərində həkk olunurdu. Onun “Daş sütunu” abidəsində qeyd edilir: “Anubanini, qüdrətli hökmdar, Lullubi hökmdarı, öz təsvirimi və İştar ilahəsinin təsvirini Batir dağında qoydurdum”. Bu abidə Diyala çayının orta axarında, Kirmanşaha gedən yol üzərində, Zohab şəhəri yaxınlığında Saripul adlanan yerdə aşkar edilmişdir. Bu fakta əsasən demək olur ki, lullubilərin hakimiyyəti cənubda Diyala çayının orta axarınadək gəlib çatırdı. Anubanini eyni zamanda cənubda Fars körfəzinə3 qədərki ərazini iddia edirdi, şimalda isə onun dövlətinin hüdudları Urmiya gölünədək çatırdı.

Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər şimali İkiçayarasının Qasur şəhərində mal mübadiləsi edir və mal-qaranı taxıla dəyişdirirdilər. Aratta dövründə olduğu kimi, lullubi dağ sakinlərinin də taxıla ehtiyacı var idi. Onlar maldarlıq ilə yanaşı, dəmyə əkinçiliyi il də məşğul olurdular.

Lullubilər səma, bərəkət və məhəbbət, ay, günəş v s. allahlara sitayiş edirdilər. Təəssüf ki, bu allahların lullubi dilində adları qalmamışdır. Anubaninin “Daş sütunu”nda bu allahların akkad adları çəkilmişdir. Anum (Səma allahı), İştar (Bərəkət və məhəbbət ilahəsi), Sin (Ay allahı), Şamaş (Günəş allahı) və s. “Daş sütun” abidəsində səma allahı Anunun adı birinci çəkilir. Bu da onu göstərir ki, lullubi cəmiyyətində ata nəsli hüququ artıq üstünlük təşkil edirdi. E.ə. III minilliyin sonunda vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimiyyətlər yaranır.



Kuti (yaxud Quti) dövlət qurumu

E.ə. III minillikdə Urmiya gölünün qərb və cənub-qrb hissəsində Kuti (yaxud Quti) tayfa birləşmələri mövcud idi. Həmin minilliyin ikinci yarısında güclü dövlət halında birləşmədi başlanmışdı. Kutilər İkiçayarasında baş verən siyasi hadisələrə müdaxilə edirdilər. Onlar Şumer ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar.

Kuti tayfaları Haram-Suenin hakimiyyət illərində Akkad dövlətini tez-tez narahat edirdilər. Kutilər ilə mübarizədə, ona Elam hökmdarı yardım göstərirdi. Elam bu dövrdə Akkad ilə tarixdə məlum olan ilk beynəlxalq müqavilə bağlayır. Müqaviləyə uyğun olaraq Elam hökmdarı Zaqros dağları səmtə yürüş təşkil edir və kutilərin ölkəsinə gəlib çatır. Bu müvəqqəti qələbə kutilərin İkiçayarasına axınının qarşısını ala bilmir və onların Akkad dövlətinə təzyiqi getdikcə artır. Kuti hökmdarları İmta (e.ə.2204-2197-ci illər) və İnqeşauşun (e.ə.2198-2192-ci illər) hakimiyyəti illərində kutilərin İkiçayarasına müdaxiləsi daha da güclənmişdi.

Haram Suenin vəfatından sonra Akkad dövləti əvvəlki qüdrətini itirir. Hakimiyyətə gəlmiş Şarkalişarri (e.ə.2200-2175-ci illər) Kuti basqınlarının qarşısını almaq məqsədilə onlara qarşı yürüş təşkil edir. Bu zaman Kutilərin hökmdarı Sarlaq (e.ə.2191-2185) idi. Döyüşdə kutilər məğlubiyyətə uğrayır. Sarlaq əsir düşür. Sarlağın varisi Yarlaqaş İkiçayarasına müdaxiləni gücləndirmiş və Akkad dövlətinin süqutuna şərait yaratmışdı. Onun varisi Elulumeş (e.ə. 2177-2171-ci illər) İkiçayarasında baş vermiş daxili hərcmərclikdən istifadə edərək burada kutilərin hakimiyyətini bərqərar edir. E.ə. 2175-ci ildə İkiçayarasında hakimiyyətə Kuti sülaləsi gəldi, Akkad süquta uğradı. Mesopotamiya 100 ilə yaxın kutilərin hakimiyyəti altında qaldı. Mesopotamiya yunan dilində “İkiçayarası” mənasını verir.



Kutilər Mesopotamiyanın dövlət quruluşunda əsaslı dəyişiklik etmədilər. Ölkə, əsasən yerli şumer və akkad nümayəndələrindən təyin olunmuş canişinlər vasitəsilə idarə edilirdi.

Bu zaman Kuti dövlətinin sərhədləri uzanıb şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə çatmışdı.

Kutilərin hakimiyyəti illərində Mesopotamiyada şəhərlərarası toqquşmalara son qoyulmuş, ticarət yollarında əmin-amanlıq yaranmışdı. Mesopotamiyaya xarici hücumların arası kəsilmiş, Urmiya gölü ətrafındakı tayfalarla dinc əlaqələr yaranmışdı.

Kutilər Ay allahına, məhəbbət, bərəkət və məhsuldarlıq ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd tikintisini davam etdirir, yaxud sökülmüş məbədləri bərpa edir, kuti hökmdaralrına kitabələr həsr edirdilər.

Mesopotamiyada sonuncu Kuti hökmdarı Tirikana qarşı Uruk şəhərində qiyam oldu. Döyüşdə Tirikan əsir düşdü. Beləliklə, e.ə. XXII əsrin axırlarında Mesopotamiyada kutilərin hakimiyyətinə son qoyuldu. Onalr ölkədən çıxarıldılar. E .ə. III minilliyin sonunda Kuti və Lullubi dövlət qurumları süquta uğrayıb, xırda vilayətlərə parçalandılar.



Turukki və Aşşur (Assuriya) savaşları

Mesopotamiyada Kutilərin hakimiyyətinə son qoyulduqdan sonra burada III Ur Şumer sülaləsinin hakimiyyəti (e.ə. 2112-2003) bərqərar oldu və kutilərin əzəli torpaqlarının bir hissəsi də bu sülalənin hakimiyyəti altına düşdü. Təsadüfi deyil ki, Ur hakimlərindən biri “Kutinin canişini” və “Su ölkəsinin hökmdarı” rütbəsini daşıyırdı.

E .ə. 2003-cü ildə su tayfaları qonşu ərazidə olan Elam dövləti ilə birlikdə III Ur sülaləsini devirdilər. Su ölkəsi müstəqil oldu. Azərbaycanda erkən dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları Mesopotamiyadakı hadisələrə qarışmağa başladılar. Turukkilər Urmiya gölünün cənubunda yaşayırdılar. Kutilər və lullubilər kimi, turukkilər də Zaqros dağlarını aşaraq Mesopotamiyaya daxil olurdular. Mesopotamiyanın şimalında yaranmış Assuriya dövləti turukkilərin ərazisini işğal etmək istəyirdi. Turukkilər müqavimət göstərərək öz torpaqlarını vermədilər.

Kuti, lullubi və turukkilər Şuşarra uğrunda Assuriya ilə gah mübarizə aparır, gah da münaqişələri sülh yolu ilə həll edirdilər. Kutilər, başda Enduşşe olmaqla siyasi vəziyyətə uyğun olaraq Assuriya ilə dostluq münasibətləri yaratmağa çalışırdılar. Eyni zamanda o, assurilər tərəfindən əsir alınmış turuki başççılarının və onların ailəsinin azadlığa buraxılmasını tələb etmişdi. Turukkilərin bir qismi Assuriya ilə sülh yaradır, digər qismi isə Zidayanın başçılığı altında Şuşarra uğrunda mübarizəni davam etdirərək bu ərazini tutur. Şuşarra inzibati və hərbi mərkəz idi. Burada hürrilər, turukkilər, kutilər yaşayırdılar. Şuşarra uğrunda lullubilər dəfələrlə Assuriya ilə mübarizə aparmışlar. E .ə. II minilliyin əvvəlində qədim Azərbaycan tayfalarını ayrı-ayrı başçılar, yaxud xırda hökmdarlar təmsil edirilər. Turukkilərin bir neçə, lullubilərin isə çox hökmdarı var idi. Bu dövrdə çox güman ki, turukki, lullubi, kuti, su və başqa tayfaların ittifaqı mövcud idi. Bu tayfaların fasiləsiz təzyiqi Assuriya dövlətinin zəifləməsinə və Babilistan hökmdarı Hammurapinin (e.ə. 1792-1750-ci illər) şimali İkiçayarası hadisələrinə müdaxilə etmısinə şərait yaratdı. Hammurapi bu tayfalar yaşayan ölkələrə yürüş təşkil etdi və e.ə. 1762-ci ildə Subartu və Kutium ölkələrinin ordusuna qalib gəldi. E .ə. 1760-cı ildə o kuti müdaxiləsinin qarşısını aldı və Kutium ordusunu yenidən məğlubiyyətə uğratdı. Turukki tayfaları hərbi münaqişəyə qoşulmaq məcburiyyəti qarşısında qaldılar. E .ə. 1755-ci ildə Subartu, Kakmum və Turukkum (turukkilər ölkəsi) ölkələrinin ittifaqı yarandı. Hammurapi bu ölkələrin də hərbi müdaxiləsinin qarşısını ala bildi. Hammurapi öz torpaqlarını qorumağa çalışsa da, turukkilər tədricən Babilistan ərazisində də məskunlaşmışlar.

E .ə. XIV əsrin sonunda Assuriyanın qüdrəti yenidən artır, I Adadnirari (e.ə. 1307-1275-ci illər) Azərbaycan ərazisində yaşayan tayfalara və onların qoşunlarına qarşı yürüşlər edir.

I Adadnirari kutiləri assur hakimiyyətinə tabe edə bilmişdi.

E .ə. II minillikdə qədim Azərbaycan etnosları turukkilər, kutilər, lullubilər və onlara yaxın ərazidə məskunlaşmış şubarlar (sabirlər) Assuriyanın işğalçılıq siyasətinə qarşı çıxmış və müstəqillik uğrunda mübarizə aparmışlar.

Tayfaların başçıları və xırda hakimlər vahid dövlət halında birləşməmiş, buna görə də Assuriyaya güclü müqavimət göstərə bilməmişlər. Assurlar bu ölkələri talan edir, böyük qənimətlə və əsirlərlə (işçi qüvvəsi) geriyə qayıdırdılar.

Lakin assurların burada hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır və assur əsarətindən xilas olmağa can atırdılar. Lakin Assuriyanın siaysi təzyiqi və basqınları azalmırdı.

Lakin müharibələr qədim Azərbaycan tayfalarının yenidən dövlət halında birləşməsini zəruri edirdi. E.ə. II minilliyin sonu- I minilliyin əvvəlində qədim Azərbaycan yeni dövlətlərin meydana gəlməsi ərəfəsində idi.



İstifadə olunan vəsaitlər

1. Z.M. Bünyadovun və Y.B. Yusifovun redaktəsilə: Azərbaycan tarixi. Bakı, 1994

2. İqrar Əliyevin redaktəsilə: Azərbaycan tarixi. Bakı. Elm, 1993

3. Tarix. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti. Bakı, 2008

4. İnternetdən də istifadə olunub.

1 Burada “en” hakim rütbəsidir. Sukuşşuranna adı türk dillərində “döyüşkən ərən” deməkdir

2 Əslində “en” hakim rütbəsidir, adı isə Merkar idi.

3 Əsasən “İran körfəzi” işlədilir


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə