AZƏrbaycan döVLƏt məDƏNİYYƏt və İNCƏSƏNƏt universiteti beynəlxalq münasiBƏTLƏr II kurs(2010-2011)




Yüklə 66.86 Kb.
tarix26.04.2016
ölçüsü66.86 Kb.
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT

VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ


BEYNƏLXALQ MÜNASİBƏTLƏR

II KURS(2010-2011)

MƏMMƏDOV AĞAMİRZƏ

MÖVZU:HƏSƏN BƏY ZƏRDABİ

VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ.

HƏSƏN BƏY ZƏRDABİ VƏ AZƏRBAYCAN

MƏDƏNİYYƏTİ.

Adını Azərbaycan Mədəniyyət tarixinə qızıl hərflərlə yazdıran dahi ziyalı ,təbiətşünas alim Həsən bəy Məlikov Zərdabi 1842-ci il iyum ayının 7-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.Onun babası Rəhim bəy və Səlim bəy o dövrün gözüaçıq adamlarından idi.Hər ikisi çar ordusunun zabiti olmuşdu.Ancaq hərbi xidmət onları milli köklərindən ayıra bilməmiş ,əksinə,rus müstəmləkəçiliyinin mahiyyətini yaxşı başa düşməkdə onlara kömək etmişdir.

Həsən bəy ilk təhsilini mollaxanada almış ,1852-ci ildən isə atasının istəyi ilə rus dilində savad verən Şamaxı şəhər məktəbində oxumağa başlamışdır.Məktəbin son sinfində o,cavabları ilə imtahan komissiyası üzvlərini elə heyrətləndirmişdi ki,müsəlmanlara soyuq münasibəti ilə tanınan Qafqaz Təhsil Dairəsinin rəisi baron Nikolay Həsən bəyin təhsilini dövlət hesabına Tiflis gimnaziyasında davam etdirməsi təklifini vermişdi.Lakin bu zaman Həsən bəyin atası ölmüşdü və qardaşları 14 yaşlı Həsənin Tiflisə getməsinə razı deyildilər.Yalnız yaxın qohumları,general Fərəc bəy Ağayevin işə qarışması nəticəsində o,gimnaziyada təhsilini davam etdirə bildi.1860-cı ildə gimnaziyanı uğurla bitirən Həsən bəy Moskva universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq fakültəsinin təbiətşünaslıq bölməsinə daxil oldu.Burada təhsil aldığı 1861-1865-ci illərdə o,böyük mənəvi inkişaf yolu keçmiş ,özünün yüksək mədəniyyəti və istedadı ilə unuversitetin müəllim və tələbələri arasında dərin hörmət qazanmışdı. Həsən bəyin damarlarından axan genetik imkanlarının daha geniş açılmasında, xarakterinin cilalanmasında və bir şəxsiyyət kimi yetişməsində Çar imperiyasının mərkəzi şəhərlərinin, Rusiya mədəni mühitinin müstəsna rolu olub. Tələbəlik illərində gənc Həsən bəy bol mütaliə yolu ilə mütərəqqi rus ictimai-siyasi fikri ilə yaxından tanış olub, dekabristlərin şücaətindən xəbər tutub, xalqçıların, inqilabçı-demokratların təsirini öz üzərində hiss edib. Dövrün məşhur ziyalıları A.Çernışevski və А.Hеrtsenin alovlu publisistikasından bəhrələnib, fəlsəfi görüşlərinə xas humanizm prinsiplərini mənimsəyib. Təhsil aldığı Moskvanın və qonşu Peterburqun mütərəqqi düşüncəli, döyüşkən ruhlu, prinsipial əqidəli tələbə gəncləri ilə tanış olmuşdur.… Bütün bunlar təbii, “uzaq əyalətdən” gəlmiş gəncin şüuruna, ruhuna dərin təsir göstərir, dünyagörüşünün, həyata baxışının formalaşmasında həlledici amilə çevrilirdi.

Müasir gənclərdən bəlkə də kimsə təəccüb edər ki, adam öz nəslinin malı-mülkü hesabına oturub ömrü boyu qayğısız-minnətsiz yaşamaq, şad-xürrəm kef çəkmək imkanına malik olduğu halda, nədən gedib özünü elm-bilik alovlarının içinə, millətçilik bəlasının qoynuna atıb?! Tək bircə “xalqın gələcəyi naminə” ifadəsinə görə özünü bir belə məhrumiyyətlərə düçar etmək, nahaqdan nadan təhqirlərinə dözmək, mədəniyyət göstərib əvəzində cahil həqarətləri ilə üzləşmək, öz dili dürr saçarkən özgələrdən həcv, istehza, hərzəvü-hədyan eşitmək və bunların müqabilində yenə əzmlə yolunu davam etdirmək vacibdirmi?! Ancaq təbii, hər şey sadəlövhlərin düşündüyü qədər də bəsit deyil. Ən azı ona görə ki, bu həyatda insanın özündən asılı olan və olmayan nələrsə var. Xüsusən dahilərin getdiyi əzablı yolları onlara Tanrı göstərir. Və bütün seçilmişlər kimi Həsən bəy də başqa cür yaşaya bilməzdi. Bu yol onun üçün göylərdə hazırlanıb alın yazısına çevrilmiş tale yolu idi, yaşamaq missiyası, həyatın mənası idi. Və o bu ağır missiyanı fəxrlə çiyinlərinə götürüb qürurla apardı…

Cəmiyyətə baxışlarında Həsən bəy Zərdabi ziddiyətli mövqeyi ilə seçilir.O,kəndli ideoloqu olmuşdur.H.b.Zərdabi cəmiyyətdəki sosial ədalətsizlikləri,zülmü və s. Haqsızlıqları tənqid etsə də,ictimai dəyişikliklər ,inqilabi hərəkatlar haqqında maraqlı fikirlər söyləsə də,bütövlükdə cəmiyyətə baxışlarında idealist mövqede durmuşdur.o,inqilabi dəyişikliklərsiz maarifin,elmin yayılması yolu ilə yeni cəmiyyətin qurulmasını mümkün hesab etmişdir.Təsadüfi deyildir ki,o, təbliğat yoluna daha yüksək qiymət vermişdir.Zəngin təbii-elmi və fəlsəfi irsi olan Həsən bəy Zərdabi ,baxışlarındakı ziddiyətlərə baxmayaraq ,Azərbaycan icyimai-fəlsəfi fikrində inkaredilməz xidməti olan alim kimi yer tutur.Özünün materialist əqidəsinə uyğun olaraq o,xalq arasında təbii-elmi,bioloji,tibbi,kənd təsərrüfatı və s. sahələrə dair bilikləri təbliğ etmişdir.”Torpaq,su və hava” , “Barama qurdunun saxlanması” , “Bədəni səlamət saxlamaq düstürüləməldir” və s. əsərlərində Həsən bəy Zərdabi özünün elmi-materialist baxışlarını əks etdirmişdir.Maarifçi-materialist kimi tanınan Həsən bəy Zərdabi təbiətin dialektik izahına üstünlük verən alim hərəkət ,məkan zaman və kainatın dərk edilməsi haqqında da maraqlı fikirlər söyləmişdir.Həsən bəy Zərdabi Azərbaycanda elmi-materialist təbiətşünaslığın əsasını qoymuş ,Darvinizmin ən güclü təbiliğatçılarından biri olmuşdur.O,Darvin təliminin prinsiplərini qəbul edərək üzvi aləmin ,heyvan və insanın meydana gəlməsinin təbii-elmi qanunauyğunluqlarını düzgün başa düşmüşdür.Bu böyük aliminin dünyagörüşünün formalaşmasında Şərq,Rus və Avropa mütəfəkkirlərinin böyük rolu olmuşdur.

“Nə qədər biz avamıq, bizi aldadacaqlar” – deyən Həsən bəy məhz xalqın arasından bu avamlığı qaldırmaq üçün mədəniyyət yaymağı vacib sayırdı – Teatr mədəniyyəti, Qəzet mədəniyyəti, Elm, Bilik, Kitab, Oxu mədəniyyəti… “Qəzetin muradı xalqın gözünü açmaqdır” – deyə maarifçilik missiyasını yerinə yetirən bəy bu dünyaya gəlmişdi ki, yeni müasir mədəniyyəti Azərbaycana gətirsin. Və gətirdi də. Teatrı, Qəzeti, Oxunu…

Azərbaycan maarifçilərinin nailiyyətini göstərən mühüm hadisələrdən biri də teatrın yüksəlişi ilə bağlı oldu.İlk nümunələri əsrin 40-cı illərində göstərilən səhnə tamaşaları 50-ci illərdə daha da çoxaldı.Səhnədə oynanılan əsər və iştirakçılar haqqında heç bir məlumat verilməyən bu tamaşalar Azərbaycan teatrının təşəkkülündə əhəmiyyətli rol oynamışdır.1873-cü il mart ayının 10-da Bakı real gimnaziyasının bir qrup tələbəsi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun rəhbərliyi ilə M.F.Axundzadənin “Sərgüzəşti-vəzir-xani Lənkəran” əsərini səhnədə göstərdilər.Bir ay bir həftə keçəndən sonra aprel ayının 17-də tələbələr yeni tamaşa hazırladılar.Bu dəfə səhnədə M.F.Axundzadənin “Hacı Qara” komediyası oynanıldı.Bununla da Azərbaycan milli teatrının ,daha dəqiq desək Azərbaycan Milli Dram Teatrının əsası qoyuldu.

Sadə rus mujiklərini əzən bürokratik dövlət aparatını sərrast publisistik qələmi ilə kəskin tənqid atəşinə tutaraq kütləvi şüurlara inqilabi təsir göstərən, onları qəflət yuxusundan ayıldıb öz haqqı, hüququ, ləyaqəti uğrunda mübarizəyə səsləyən görkəmli rus inqilabçı-demokratı A.Hertsendən “ictimai həyatı zəif inkişaf etmiş” xalqlar üçün dövri mətbuatın ən gözəl tribuna olduğunu öyrənən gənc Həsən bəyin arzusu inkişafca Avropadan çox geri qalan XIX əsr Azərbaycanında milli oyanışa nail olmaq üçün məhz qəzet işinə başlamaq idi. “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki bir böyük bəladır.” Bu cür vəziyyətin ağırlıq dərəcəsini yəqin ki qəzetçilər daha yaxşı təsəvvür edə bilərlər. Düzdür, çar senzurası hələ qəzetin proqramını nəzərdən keçirəndə demişdi ki, bax ha, qospodin Melikov, bu qəzetin səhifələri yalnız məişət məsələlərinə aid olmalıdır. “Siyasi görüşlərlə yaxud müasir həyat quruluşunu müzakirə etmək cəhdləri ilə” doldurulmamalıdır. Dolayısı ilə, müasir həyatdan geri qalan əhalinin inkişafı barədə fikirlər irəli sürülməməlidir. Kütlə nə qədər avam olsa, hökumət bir o qədər rahat yatar…



XIX əsrin II yarısında Şimali Azərbaycanda maarifçilik ideyalarının başçısı ,bu ideyaları əməli sürətdə həyata keçirmək üçün yorulmada təşəbbüs göstərən ziyalı Həsən bəy Zərdabi idi.Dövlət məmuru,məhkəmə katibi ,gimnaziya müəllimi kimi müxtəlif vəzifələrdə çalışan Həsən bəy Zərdabi qəflətxalqı qəflət yuxusundan oyatmaq ,onu maarif və mədəniyyətə qovuşdurmaq üçün milli mətbuata böyük ehtiyac olduğunu görürdü.O,1870-i ildən başlayaraq Azərbaycan dilində qəzət nəşrinə icazə almaq üçün Qafqazın rəsmi dairələrinə dönə-dönə müraciət etmişdi.Lakin dövlət məmurları Həsən bəyin xahişini hər dəfə müxtəlif bəhanələrlə rədd edir,istəyinin qarşısına keçilməz sədlər çəkirdilər.Buna baxmayaraq Həsən bəy əzmi,iradəsi ilə bütün maneələri üstələdi,qəzetin müstəsna hal olaraq Bakıda senzuradan keçilməsinə icazə aldı.İstanbuldan mətbəə hürüfatı gətirdi və beş illik mübarizədən sonra 1875-ci il iyun ayının 22-də ilk milli Azərbaycan qəzeti olan “Əkinçi”nin birinci nömrəsini çapdan çıxardı.Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalisinin birinci mətbuat orqanı olan “Əkinçi” nin nəşrə başlaması ilə ölkənin sosial-mədəni həyatında bir canlanma əmələ gəldi,demokratik ideyalar daha sürətlə yayılmağa başladı.”Əkinçi” öz səhifələrində xalq kütlələrini sosial fəallığa ,yeni,müasir mədəniyyətə edirdi.Azərbaycanın qabaqcıl fikirli adamları Mirzə Fətəli Axundzadə,Seyid Əzim Şirvani,Nəcəf bəy Vəzirov,Əsgər ağa Gorani ,Məhəmməd Tağı Əlizadə ,Əhsənül-Qəvaid,Məhbus Dərbəndi və başqaları bu qəzet ətrafında birləşərək feodal patriarxal quruluşun ,orta əsr geriliyinin ,köhnə həyat formaları və adət-ənənələrinin əleyhinə çıxır,ictimai həyatın bütün sahələrində tərəqqi,ye niləşmə,təzələnmə ideyalarını irəli sürüdülər.Qəzet 2 həftədə bir dəfə çap olunurdu.Onun beş şöbəsi var idi:”Daxiliyyə” , “Əkin və ziraət xəbərləri” , “Məktubat” , “”Elm xəbərləri” , “Təzə xəbərləri” idi.Onun əsas şöbəsi “Əkin və ziraət xəbərləri” idi.Burada əkinçilik,bağçılıq,bostançılıq,maldarlıq ,ümumiyyətlə kənd təsərrüfatı sahəsində çalışan adamlara faydalı məsləhətlər verilirdi.”Əkinçi”nin toxunduğu, təhlil və izahına ehtiyac duyduğu problemlər çox rəngarəng idi.Onun səhifələrində ictimai həyatın ,demək olar bütün sahələrinə dair yazılar dərc olunurdu.Orada çap edilən məqalələrdə iqtisadi,siyasi,mədəni,sosial,fəlsəfi ,ədəbi-tənqidi,tibbi məsələlərdən söhbət açılır, geniş xalq kütlələrinə sağlamlığı qorumaq,torpağı becərmək ,mal-qaranı bəsləmək,məhsuldarlığı artırmaq qaydaları barədə faydalı məsləhətlər verilirdi.Zərdabi qəzetdə xalqın taleyi ilə bağlı siyasi məsələlərə ,maarif və mədəniyyətin təbliğinə ,müsəlmanların milli şüurunun tərbiyəsinə də mühüm diqqət yetirirdi.Azərbaycanlılar bu qəzet vasitəsilə dünya hadisələrindən ,başqa ölkələrin və xalqların həyatından xəbər tuta bilirdilər.Xüsusilə qəzetin “Elm xəbərləri” şöbəsində dünya ölkələrinin tarixi,adət-ənənələri ,oradakı ictimai-siyasi həyat,müasir istehsal üsulları ve yeni texnologiya barəsində geniş bilgilər olurdu.Belə xəbərləri dərc etməklə Zərdabi bir tərəfdən Amerika,İtaliya,Almaniya,Fransa,Misir ,Osmanlı ,Çin və başqa ölkələrin həyatında baş-verən ictimai-iqtisadi və mədəni hadisələrdən öz həmvətənlərini xəbərdar edir,digər tərəfdən isə onları siyasi cəhətdən maarifləndirir,hadisələrin sosial mahiyyətini anlatmağa çalışırdı.Siyasi istiqamətinə görə demokratik mövqedə dayanan qəzet Şərqin ,o cümlədən ,doğma vətənin mədəni geriliyinin,oradakı ətalət və süstlüyün əsl səbəbini köhnə feodal münasibətlərində və çarizmin müstəmləkə siyasətində görür ,xalqı ictimai və milli zülmdən qurtuluş,azadlıq əldə etmək yolu göstərməyə çalışırdı.

Əslində ictimai-siyasi fəaliyyət növü olan qəzet nəşrinə belə məhdudlaşdırıcı şərtlərlə izn almasına baxmayaraq, sözün həqiqi mənasında dünya mətbuatının mütərəqqi təmayüllərindən xəbərdar olan H.B.Zərdabi əsil demokratiya tribunası açmışdı (“Məktub göndərən gərək ismini bəyan etsin, amma istəməsə adını qəzetə salmarıq”), ilk Azərbaycan qəzetini ictimai-siyasi, fəlsəfi, bədii, elmi, iqtisadi, pedaqoji fikirin aynasına çevirmişdi. Əslində, əks təqdirdə heç qəzet buraxmağın mənası da olmazdı… Təbii ki Həsən bəy çar senzorundan ağıllı idi və o, senzorun “tələblərinə uyğun” yalnız “Əkinçi” adında “adi bir məişət qəzeti” buraxmağa razılaşmışdı. Ancaq çox böyük fəhm və tədbirlə ölkə həyatına parlaq ayna tutdu. Axı “qəzet dərviş kimi nağıl deyə bilməz, borcudur işləri ayna kimi xalqa göstərsin, xalq xəbərdar olub əlacını bulsun”.Bəs nə üçün “Əkinçi”?

Əvvəla fərqli mülahizələri açıqlamazdan öncə, kulturologiyanın bəzi nəzəri əsaslarını xatırlayaq. Bilənlər bilir ki, Kulturologiya – Mədəniyyətşünaslıq haqqında elmdir. “Mədəniyyət” anlayışı isə latın mənşəli “Culture” sözündən dönmədir. Antik dövrlərdə “Culture”nin ilkin hərfi mənası (diqqət edin!) “torpağı becərmək”, “emal (şum) etmək”, “torpağı arıtlayıb yararlı hala salmaq”, əkin-biçinə hazırlamaq, “becərmək” anlamındadır. Qədim dövrlərdə ilk yaranışında bu söz obyektdə insan əməyi ilə aparılan dəyişiklikləri ifadə etmək, əkin yerlərinin, torpaq sahələrinin və s. şumlandığını, sahmana salındığını bildirmək üçün istifadə edilib. İndinin özündə də “aqrokultura” sözü termin kimi mövcuddur. Zaman keçdikcə insan fəaliyyətinin nəticəsi olan “culture” (“kültür”- “kultura”) sözünün məna və məzmun tutumu daha da dərinləşib. O yalnız praktiki fəaliyyəti deyil, həm də mənəvi fəaliyyət sahələrini əhatə etməyə başladı. Elmə maddi və mənəvi Mədəniyyət anlayışları daxil oldu. Beləcə torpağı becərmək, emal (şum) etmək, torpağı arıtlayıb (təmizləyib) yararlı hala salmaq, əkin-biçinə hazırlamaq, becərməklə yanaşı, artıq insan əlinin, zehninin, qəlbinin iştirakı ilə yaradılan bütün dəyərlər “Culture” – “Kültür” – “Kultura” – “Mədəniyyət” əlaməti kimi qəbul olunmağa başladı… Mədəniyyət sanki bəşərin ibtidaidən aliyə doğru gedən yolundakı sirli pərdə timsallı, – nə oldusa özünə hopdurdu, qorudu, saxladı. Yeri, göyü, külli-aləmi yaradan uca Tanrıdırsa, Yer üzündəki Mədəniyyət əlamətlərini, mədəni dəyərləri yaradan İnsanlardır. Mədəniyyətsiz Yer planeti kainatdakı adi fəza cismlərindən fərqlənməzdi. Milyon illər boyu insanların yaratdığı maddi və mənəvi dəyərlər, tapıntılar, kəşflər, dəyərlər toplusundan ibarət Mədəniyyət bütün duyğu və idrakla bağlı sahələrə aiddir. Bu gün artıq o çox geniş tutumlu və əhatəli anlayışa çevrilib. Mədəni inkişaf dedikdə mövcud olan bütün dəyərlər sistemi, bütün yaradıcılıq sahələri, bütün elm, texnika, iqtisadiyyat, istehsalat, idarəetmə, səhiyyə, təhsil, ticarət, tikinti, yol, su, işıq, xidmət, təchizat… nəzərdə tutulur. Mədəni insan özünü deyil, özgəsini düşünərək yaşayan insandır. Çünki insanı vəhşilikdən ayıran məhz onun mədəni qazanclarıdır. İnsan varsa Mədəniyyət var, yaxud Mədəniyyət yoxdursa, İnsan da yoxdur…

İkincisi ondan ibarət idi ki,qəzetim məqsədi xalqı qəflət yuxusundan oyatmaq,maarifə,mədəniyyətə cəlb etmək idi.”Əkinçi” adı isə bu mövzulardan uzaq idi. Qəzetin adını “Əkinçi” qoymaqla senzuradan keçmiş oldu.

Moskva və Peterburq o zamanlar Rusiyadan Qərbə açılan qabaqcıl elm, mədəniyyət qapıları idi və Moskva Universitetində təhsil alan Həsən bəy təbii ki, bu Avropa qapılarından gələn elm, mədəniyyət axını ilə, o cümlədən, haqqında danışdığımız kulturoloji anlayışlarla tanış idi. Sonralar doğma Vətəni Azərbaycana qayıdıb müqəddəs missiyasını yerinə yetirməyə başlayanda orada topladığı fundamental biliklərdən yararlanırdı. Qəzet açmağa icazə verənlərdən “siyasi görüşləri yaxud müasir həyat quruluşunu müzakirə etməmək” barədə göstəriş alan Həsən bəy üçün “Əkinçi” adı vəziyyətdən çıxış yolu, can atdığı maarifçilik, vətənçilik, xalqçılıq fəaliyyətinin bir növ gizlin açar sözü, rəmzi kodu idi. O məhz bu kodlaşdırılmış söz altında istəklərini həyata keçirəcək, ayıq-sayıq senzorların nəzarətini yayındıraraq millətə xidmət göstərəcəkdi. Onun “Əkinçi”si məmləkətdə çuğundur becərmək, meşə salmaq, təbiəti qorumaq kimi ziraət məsləhətləri ilə yanaşı, xalq arasında Mədəniyyət toxumu səpməklə də məşğul olacaqdı.

XX əsrin astanasına gəlib çıxsa da, orta əsrlər islam Şərqinin qaragüruhçu xurafatından qurtula bilməmiş, əhalisinin əksəriyyəti savadsız olan bir mühitdə proqressiv ideyalar yaymaq işini öhdəsinə götürmək heç də asan məsələ deyildi. “…Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də buraxmağa adamı yoxdur.” Artıq Qərbin mütərəqqi mədəni dəyərləri ilə təmasda olub müqayisələr aparan, inkişafdakı böyük fərqləri görən, öz xalqının və məmləkətinin çağdaş dünya proseslərindən nə qədər geri qaldığını ürək ağrısı ilə duyan və “zəmanənin dəyişilməyi tələb etdiyini” dərk edən Həsən bəy həyatın hər sahəsində yenilik, tərəqqi, inkişaf tərəfdarı kimi çıxış edirdi. Böyük həyəcanla qəzetində “Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər…” – deyə çağırış yayan H.B.Zərdabi inkişaf yollarında əsasən qabaqcıl Avropa təcrübəsindən bəhrələnməyi vacib sayırdı və “milli-dini özgürlük” bəhanəsi altında Qərbdən gələn yeniləşmə əlamətlərinin qarşısını kəsməyə çalışan gerizəkalıları kəskin tənqid atəşinə tuturdu. Dünyagörüşü etibarilə Avropa meylli olan H.B.Zərdabi çağdaş dövrlə səsləşməyən köhnə fikirlərin, mədəni geriliyin təzahürlərini aradan qaldırmağa çağırırdı. Bəlkə də təzadlı səslənər, ancaq çox vaxt xalqın həyatındakı, məişətindəki yaramaz situasiyaların kəskin tənqidi – xalqa olan böyük sevgidən irəli gəlir. Qəzet səhifələrində satirik istehza janrının imkanlarına müraciət edən H.B.Zərdabi də hər bir inkarı – estetik ideal naminə edirdi. O, gülüşə layiq olan şeylərə gülməklə daha işıqlı niyyətlərin, daha gözəl arzuların “carçılığını” edirdi. H.B.Zərdabinin inkar amalı nəyisə dağıdıb, yox edib, əvəzində yenisini, müasirini və daha mütərəqqisini qurmaq istəyindən irəli gəlirdi.

Sürət və texniki tərəqqi əsrinə qədəm qoyan müasir dünyanın ab-havasını görən Həsən bəy öz millətinin də “ayaqlar altında qalmamaq” üçün elmə, texnikaya ciddi fikir verməsini istəyirdi. “…Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək… yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq…” İnkişaf fərqlərinin doğurduğu acı həqiqəti narahatlıqla qələmə alan böyük maarifçinin min bir çətinlik hesabına nəşr etdirdiyi “Əkinçi” qəzetinin tarixi əhəmiyyətini qiymətləndirmək üçün belə bir həqiqəti nəzərə almaq lazımdır ki, о zamankı dövrdə Azərbaycan türkcəsində ümumiyyətlə yazı çap еtdirmək müşkül bir məsələ idi: pul yox, mətbəə yox, senzuradan icazə yox, nəhayət, oxucu da yox… Gəl yazı yaz, qəzet çıxart… Cəsarətlə demək olar ki, Azərbaycan “Əkinçi”si nəinki Qafqazda, nəinki Rusiyada, hətta Avropa miqyasında bənzəri görünməmiş böyük Mədəniyyət mücadiləsi aparırdı.

Bəli, ilk Azərbaycan qəzeti öz oxucuları üçün ciddi ideyalar yayıcısı idi. Böyük Mədəniyyət Əkinçisi Həsən bəy Zərdabi uşağa dünyanı tanıdırmış kimi sanki əfsanəvi, əlçatmaz olaylardan söz açırdı: “Avropa məmləkətlərində kitabxanalar var ki, hər kəs gedib lazım olan kitabı orada oxuya bilir.” Müasir kitabxanalardan çıxmış bu günün mədəni, savadlı oxucusuna tam sadəlövhlük kimi görünən bu xəbər eyni zamanda məmləkətimizin 133 il öncəki zavallı halını ortaya qoyur. Bu vəziyyətdən xalqı çıxartmaq üçün hələ uzun bir yol keçiləcəyini dərk edən Həsən bəy: “…Əlbəttə, bizim şair kitabları oxudan müəllimləri birdən-birə elm kitabları oxudan etmək olmaz. Amma ümidvarıq ki, işin binası qoyulsa mürur ilə yerisin. Elm kitablarımız olsa onları oxurlar və necə ki su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər.”

Qəzetin nömrələrindən birində Həsən bəy sağlamlıq mövzusunda söhbəti davam etdirərək: “İndi də çox yemək və içməyin bədənə zərər eləməyindən danışacağıq…” – deyirdi. Əslində əsrlər boyu çox yeməyin şücaət olduğunu güman edən, bir oturuma bir qazan aşı, bir qoyunu yeyib, üstündən bir tuluq “abu-zəmzəm” içməyindən fəxrlə danışan azman övladlarının şüuru üçün bu mövzu az qala inqilabi mahiyyətliydi: “Necə yəni çox yemək-içmək olmaz?!”

…Beləcə geniş Mədəniyyət tarlasında “Əkinçi”lik işi ilə məşğul olan Həsən bəy Zərdabi Azərbaycanda yeni düşüncə normaları əkib-becərir, müasir dünya mədəniyyətinin toxumlarını səpirdi. “Əgər bir kişi elmi, ədəbi, tərbiyə ilə mədəniyyəti bir tərəfə qoyub pul qazanmağı ondan yaxşı tutursa, ol kişidə millətpərvərlik olurmu?!” –deyə xalqa xitab edirdi.

“Əkinçi”də dərc olunan məktublardan birində qəzetin az oxunmasının səbəbi belə aydınlaşdırılırdı: “…Bizim kənd əhlində taxsır yoxdur… onlar hazırdır əli qabara-qabara , üzü tərləyə-tərləyə 3 manat cəm edib “Əkinçi” gətirtsin. Amma çifayda kənd əhli poşt adını eşitməyib və qəzet gətirtməyin qaydasını bilmir…” Dahi Həsən bəyin “Əkinçi”sinin səhifələrindən Mirzə Cəlilin dahiyanə “Poçt qutusu”na transfer edən bu motiv Azərbaycan ədəbiyyatına nəinki poçt qutusunu tanıyan, heç “poçtun” adını belə eşitməmiş Novruzəli obrazını bəxş edəcəkdi.

Lakin ictimai zülmə və haqsızlığa qarşı mübarizə aparan “Əkinçi” uzun müddət fəaliyyət göstərə bilmədi.Cəmi 56 nömrəsi çıxandan sonra o,1877-ci il sentyabr ayının 29-da çar hökümətinin göstərişi ilə bağlandı.

“Batil və bihudə sözlər” yazan bəzi saxtakar şairlərin şerlərindəki süni tərif, mədhiyyə, yaxud həcvlər “Əkinçi”nin nəzərində şeytan işinə bərabər idi və xalqı yoldan azdırırdı. Odur ki, qəzet həmin “şairlərə” gülə-bülbülə mənasız şerlər qoşmaqdansa gedib bez toxumağı, pinəduzluq öyrənməyi, bir adamın başmağı yırtılanda onu yamamaqla faydalı iş görməyi tövsiyə edirdi. 1877-ci ilin yazısı olan bu fikirləri oxuyanda istər-istəməz başqa bir dahi ədibimiz M.Ə.Sabirin misraları yada düşür: “…Bülbülə, eşqə, gülə dair bir çox yalan firlatmışam…”

Əlbəət, bütün bu oxşarlıqlar, bənzərliklər heç də tərəflərdən hansısa birinin yaradıcılığına kölgə salmır, əksinə, xalq işi uğrunda mübarizədə bütün ziyalılarımızın əqidə və amal birliyini, əməllərinin bütövlüyünü və ardıcıllığını göstərir.

…Ancaq mollanəsrəddinçilər nəhrinin gəlişinə hələ çox vardı. Hələlik Həsən bəy Zərdabi dərin xurafat uyqusuna dalmış məmləkətdə tək-tənha gəzib özünə bir həmdərd, bir savadlı adam, bir oxucu… axtarmaqda idi.

Kod adı “Əkinçi” olan maarif-mədəniyyət qəzetinin son sayındakı tam rəmzi xarakterli bir məlumata diqqətimizi yönəldək: “…Bu il London şəhərində ərəb dilində bir qəzet çap olunur ki, hər gündə çıxır. Yazırlar ki, onun müştərisi var.”

Fikir verin!..

İlk baxışda adi görünən bu xəbərlə qəzetini bağlayan Böyük Mədəniyyət “Əkinçi”si Həsən bəy Zərdabinin keçirdiyi hisslər hətta uzaqdan-uzağa, yüz illik zaman məsafəsindən belə həssas ürəkləri yandırıb-yaxır. Həsrətin, xiffətin, dərdin böyüklüyünə bax ki, ilahi, Londonda… Ərəb dilində… Gündəlik qəzet çıxır… Və o qəzet həm də satılır… Yəni oxucusu var… Yəni adamlar qəzet alır, oxuyur, savadlanır, inkişaf edirlər.

. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

Beləliklə, 1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi. Belə ki, 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. Nəhayət, Həsən Bəy Zərdabinin 50 illik yubleyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunub.

İyulun 14-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) birgə təşkilatçılığı ilə “Həsən bəy Zərdabi və “Əkinçi” kitabının təqdimatı keçirilib.

Milli mətbuatımızın 135 illik yubileyi münasibətilə nəşr olunmuş kitabda Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabi haqqında müxtəlif mənbələrdən toplanmış məlumatlar və xatirələrlə yanaşı, “Əkinçi” qəzeti ilə bağlı indiyədək nəşr edilməmiş yazılar da yer alıb. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova, qızı Qəribsoltan Məlikova, kürəkəni Əlimərdan bəy Topçubaşovun onunla bağlı xatirələri Azərbaycan dilində ilk dəfə bu kitabda nəşr edilib.


SAMF-ın sədri Musa Yaqub kitabın nəşrini milli mətbuatımızın yaranmasının 135-ci ildönümü ərəfəsində müasir Azərbaycan jurnalistikasının ustadının ruhuna ehtiramının əyani təzahürü kimi qiymətləndirib. O, qeyd edib ki, kitab milli mətbuatımızın banisinin zəngin və nəsillərə örnək olan həyat yoluna çıraq tutan original bir salnamədir.
“Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlu deyib ki, Azərbaycan milli mətbuatının klassiki Həsən bəy Zərdabinin həyat və fəaliyyəti hər bir jurnalistə örnək olmalıdır. H.Zərdabi irsinin kifayət qədər araşdırılmadığını vurğulayan natiq kitabın bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

. Digər çıxışlarda da kitabın milli mətbuatımızın 135 illik yubileyinə layiqli töhfə olduğu vurğulanıb, Həsən bəy Zərdabi haqqında xatirələrin ilk dəfə ana dilimizdə nəşri yüksək qiymətləndirilib.

Yeri gəlmişkən, bu ilk Azərbaycan qəzetini oxuya bildiyimizə görə gözəl ziyalı və zəhmətkeş alim Turan Həsənzadəyə minnətdar olmalıyıq. Vaxtilə məhz bu təvazökar insanın zəhməti sayəsində “Əkinçi”nin tam mətni əski əlifbadan müasir əlifbaya köçürülüb, qəzetin transliterasiyası toplum halında tərtib edilərək nəşrə hazırlanıbdır. Ruhu şad olsun!


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1.Həsən bəy Zərdabi. “Əkinçi” qəzeti.

2.f.e.n.Akif Əli. Mədəniyyət toxumu səpən “Əkinçi” 2008.

3.Əziz Mirəhmədov .Həsən bəy Zərdabi.1999

4.Zaman Əsgərli .”Əkinçi” .1999.

5.prof.Ağayar Şükürov.Fəlsəfə. 2002.



6.az.wikipedia.org

7.www.kultaz.com.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə