Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi




Yüklə 28.66 Kb.
tarix27.04.2016
ölçüsü28.66 Kb.

Azərbaycan Dövlət İqtisad Universiteti

Magistratura Mərkəzi


«C.M.Keynsin nəzəri irsinin iqtisad elminin inkişafında rolu»

mövzusu üzrə

F Ə R D İ İ Ş


Fakültə: İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi

Qrup: 230

Magist: Eldəniz Zeynalov

Fənn: «İqtisad elminin tarixi və metodologiyası»

Bakı - 2011

İqtisadi nəzəriyyədə keynsçilik sənayecə inkişaf etmiş ölkələrin dərin iqtisadi böhran baş verdiyi və hakim nəzəriyyələrin bu böhran qarşısında aciz qaldığı bir dövrdə yarandı. Onun iqtisadi hadisə və proseslər, onların inkişaf qanunauyğunluqları haqqında fikir və mülahizələri sonrakı dövrdə də öz aktuallığını qoruyub saxladı.

1965-ci ildə Time jurnalı C.M.Keynsi XX əsrin ən nüfuzlu adamları siyahısına daxil etdi və elan etdi ki, “O müasir nəzəri makroiqtisadiyyatın atalarından biridir.”1



Keyns Avropa üçün əsas ilham mənbəyi olmuşdur və Amerika iqtisadi siyasətçilərindən professor Gordon Fletcher yazırdı ki, Keynsin təsirinin ən yüksək zirvədə olduğu 50-60-cı illəri qızıl əsr kimi adlandırmaq olar.2 Onun iqtisad elminin inkişafında əsas fikirləri aşağıdakılardır:

1. İqtisadi hadisə və proseslərə makroiqtisadi yanaşma. Keynsə qədərki siyasi iqtisadda iqtisadi proseslərin təhlilinə mikroiqtisadi səviyyədə yanaşılır, onların izahı başlıca olaraq firma səviyyəsində aparılırdı. Firmanın istehsal etdiyi və mənimsədiyi bütün istehsal resursları, o cümlədən iş qüvvəsi də bütöv iqtisadiyyat səviyyəsi ilə eyniləşdirilirdi. Belə şəraitdə İEÖ-lərdə xroniki işsizliyin artımı sosial gərginliyi yüksəltməklə iqtisadiyyatı böhrana yuvarlayırdı. Bu metoda qarşı Keyns özünün makroiqtisadi metodunu qoydu. Makroiqtisadi metod görə ayrı-ayrı firmaların əldə etdiyi nailiyyətlər heç də cəmiyyətin nailiyyəti kimi qiymətləndirilə bilməz. Onun tədqiqat mərkəzində milli gəlir, əmanətlərin yığımı, investisiya həcmi, istehlak və gəlirin səviyyəsi dururdu.

2. Səmərəli tələb. Keyns neoklassiklərin “Hər bir təklif avtomatik olaraq tələb törədir” qanunauyğunluğunun tənqid edərək göstərdi ki, bu heç də belə deyil. İlkin yerə o, səmərəli tələbi qoydu və onu formalaşdıran amilləri və onların dinamikasını diqqət mərkəzində saxlamaq lazım olduğunu bildirdi.

3. Məşğulluq səviyyəsi. Klassiklər hesab edirdilər ki, artıq işsizliyin aradan qaldırılmasına əmək haqqının aşağı salınması ilə, əlavə işçilərə olan ehtiyacın ödənilməsinə isə əmək haqqı məbləğinin artırılması ilə nail olmaq olar və bütün bazarlarda bir ümumi tənzimləyici olan qiymət fəaliyyət göstərdiyindən onun hərəkəti iqtisadiyyatda baş verə biləcək uyğunsuzluqları aradan qaldırılmasına imkan verir. Lakin bu fikir reallıqla üst-üstə düşmürdü. Keynsi klassiklərdən ayıran ilk sınağı 1930-da nəşr etdiyi «A Treatise on Money» adlı əsərində klassiklərin bu fikrini tənqid edərək göstərdi ki, əmək haqqının azaldılması heç də çıxış yolu deyil. Çünki işdən kənarlaşdırılmış fəhlə hətta aşağı əmək haqqı ilə də iş tapa bilmir, məşğulluq sərmayəyə tabedir, sərmayə isə faizə bağlıdır.

4. Sey qanununun tənqidi. Sey hesab edirdi ki, istehsal özü gəlirləri formalaşdırmaqla tələblə təklif arasında uyğunluğu təmin edir. Uyğunsuzluq yalnız ayrı-ayrı məhsullar qrupu üzrə baş verə bilər ki, bu da zahiri səbəblərlə əlaqədar ola bilər. Keyns isə göstərdi ki, belə bir mövqe pulsuz, natural mübadilə üçün xarakterik ola bilər və pulun rolunu heç də nəzərə almamaq olmaz. Çünki, əmtəələr sadəcə olaraq “əmtəə-əmtəəyə” prinsipilə mübadilə olunmur, onlar həm də pulla alınıb satılır. Əgər tələb təklifdən çoxdursa, onda ifrat istehsal baş verir. Bu zaman istehsalçı istehsal həcmini azaldır.Belə olan təqdirdə işçilərin bir hissəsi işdən azad olunur ki, bu halda işsizlərin sayının çoxalması ilə pul çatışmazlığı yaranır.

5. Əsas psixoloji qanun. Neoklassiklər hesab edirdilər ki, insanların gəlirləri yalnız əmtəə və xidmət alınmasına sərf edilir. Lakin Keyns göstərirdi ki, əsas psixoloji qanun ondan ibarətdir ki, insanlar gəlirləri yüksəldikcə şəxsi istehlak təlabatını artırmaqla eyni zamanda daha çox əmanət şəklində yığılacaq investisiya tələbatlarının yüksəldilməsinə daha çox meyillidirlərsə, əmanətlərin artımı meyli insanların istehlakçıdan istehsalçıya çevrilmək imkanının genişləndirilməsinə imkan verir.Gəlirlər nə qədər sürətlə yüksəlsə, insanlar şəxsi istehlaka yönəltdikləri hissəni azaldır, əmanətlərə gedən hissəni yüksəldirlər.

6. Kapitalın son səmərəliliyi. Keyns kapitalizmin çatışmazlıqlarından biri kimi “kapitalın son səmərəliliyi”nin aşağı düşməsi hesab edirdi. O göstərirdi ki, mövcud kapital nemətinin hər əlavə vahid növünün istehsal xərclərinə olan nisbəti kimi özünü əks etdirən kapitalın son səmərəliliyi gələcək qazanc gətirmək məqsədilə aşağı düşür. Kapitalın həcminin artması ilə onun səmərəliliyi aşağı düşür. ETT-nin inkişafı və kapital yığımının sürətlə artımı şəraitində təkcə bir nəslin dövründə kapitalın sən səmərəliliyini sıfıra endirmək olar.

7. Əmanət və investisiya. Keynsə qədər iqtisadçılar hesab edirdilər ki, kapital tətbiqində nə qədər qənaətcillik olsa, bir o qədər iqtisadi artım baş verə bilər. Lakin Keyns «İndian Currency and Finance» kitabında sübut etdi ki, qənaətcillik hesabına şəxsi istehlakı azaltmaqla əmanətləri artırmaq olar. Lakin investisiyaları artırmaq olmaz. Çünki iqtisadiyyatın mövcud vəziyyətində qənaətlərin səmərəli tətbiqi məkanının olması investisiyaların məbləğinin azalmasına səbəb olur. Əmanəti istehlakçı, investisiyanı isə istehsalçı həyata keçirir. İnvestisiya ilə əmanətlərin bərabərliyi ümumi iqtisadi müvazinəti müəyyən edir və əmanətlərin investisiyaya çevrilməsi üçün məsələ makroiqtisadi səviyyədə dövlət tərəfindən həll olunmalıdır.

8. Faiz nəzəriyyəsi. Keyns faizin iqtisadi artım üçün daşığıdı rolunu əhəmiyyəti göstərərək faiz məbləğinin likvidliklə düz, tədavüldəki pulun həcmilə tərs mütənasüb olduğunu bildirirdi. O hesab edirdi ki, faiz səviyyəsi mənfəətin səviyyəsindən yüksək olmamalıdır. Əgər faiz dərəcəsi aşağıdırsa pul şəklindəki real kapital istehsala yönəldiləcək.

9. Makroiqtisadi tənzimləmə proqramı. 1930-cu il Dünya İqtisadi böhranı, Keynsi böhranla mübarizə üçün bir çox təkliflərə sövq etmiş, 1933 də «The Means to Prosperity», 1935 də «A Self-Adjusting Economic System» adlı məqalələrini və nəhayət 1936-da özünə iqtisadiyyat doktrinaları tarixindəki şöhrətini təmin edən «General Theory of Employment, İnterest and Money» adlı əsərini nəşr etdirmişdir. Keyns bu əsərində ümumi iqtisadi tarazlığın tam məşğulluq səviyyəsinə xas bir hadisə olmadığını,aşağı məşğulluq səviyyəsində də tarazlıq ola biləcəyini ortaya atmış, bazar iqtisadiyyatının nizamlı şəkildə işləməsini təmin etmək üçün öz-özünə tarazlığı təmin edən güclərin qeyri-kafiliyi üzərində dayanmış, bunu aradan qaldırmaq üçün dövlətin müdaxilə gərəyinə işarə etmişdir.

Keynsin irəli sürdüyü proqramın əsas istiqamətləri:



  • Faiz dərəcələrinin tənzimlənməsi ilə pul-kredit siyasətinin həyata keçirilməsi;

  • Səmərəli tələbin baş verməsi, eləcə də onun stimullaşdırılması üçün büdcə siyasəti ilə dövlət xərclərinin artırılması;

  • Sosial təminat sisteminin əsas xətti kimi müəyyən işsizliyin saxlanılması ilə tam məşğulluğun həyata keçirilməsi;

  • Dövlətin ədalət funksiyası vasitəsilə son dərəcə aşağı gəlir əldə edən əhali qrupunun mənafelərinin qorunması üçün gəlirlərin yenidən bölgüsü mexanizmi.

10. Multiplikator konsepsiyası. Multiplikator investisiya vasitəsilə iqtisadi proseslərin yüksəldilməsi istiqamətini xarakterizə edir. Keyns istehsalın genişlənməsinin investisiyanın artımı vasitəsilə həyata keçirilməsini, bunun da əlavə işçilərin cəlbinə səbəb olacağını göstərməklə məşğulluq, milli gəlir və istehlakın yüksəldilməsi prosesini şərh etmişdir. Multiplikator formulu:

K=Uw/Yw


Burada, K – multiplikator əmsalı, Uw-gəlirin artımı, Yw- investisiya artımı.

11. Qiymət və inflyasiya. Keynsin istehsal xərcləri inflyasiyası nəzəriyyəsinə əsasən qiymətlərin artımı tam məşğulluq qədər baş verən əmək haqqının yüksəlməsindən asılıdır. Yəni, pul təklifi yüksəldikcə cəmiyyətin həyatında bir-birilə əsaslandırılan və bir araya sığmayan 2 meyar baş verir. Bir tərəfdən əmək haqqının yüksəlməsi istehsalın miqyasının, məşğulluğun artmasilə baş verir. Digər tərəfdən labüd iqtisadi proses olan qiymətlərin yüksəlməsi ilə inflyasiya baş verir.

Keynsçilik ideyalarının yayılması XX əsrin 50-60-cı illərində ən yüksək zirvəyə çatdı. Bu ideyalar C.Helbreytin postindustrial, V.Rostounun iqtisadi inkişaf mərhələləri və Q.Murdalın rifah dövləti konsepsiyalarında inkişaf etdirildi. Keynsdən daha az optimist olan Milton Friedman və digər iqtisadçıların azad bazarı tamamlamaq üçün iqtisadiyyatın dövlət tənzimlənməsi, yəni müdaxiləçi dövlət siyasəti barəsində olan əkshücumları nəticəsində Keynsin ideyaları 1970-ci illərdə öz təsirini müəyyən qədər itirdi.



2008-ci ildə Prezident Barack Obama və digər dünya liderlərinin iqtisadiyyatı dirçəltmək planları sayəsində Keynsin ideyaları yenidən gündəmə gəldi.3


1 "To Set the Economy Right". Time magazine

2 Fletcher Gordon (1989). "Introduction". The Keynesian Revolution and Its Critics: Issues of Theory and Policy for the Monetary Production Economy

3 "The undeniable shift to Keynes". The Financial Times



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə