Axc-nin dövlətçilik fəaliyyəti




Yüklə 21.83 Kb.
tarix28.02.2016
ölçüsü21.83 Kb.
AXC-nin dövlətçilik fəaliyyəti.

1918-ci il 28 may tarixi Azərbaycan adlı diyarın tarixində ən şanlı səhifədir.

Zaqafqaziya Federativ Respublikasının süqutu Cənubi Qafqazda 3 müstəqil dövlətin yaranması ilə nəticələndi.1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Milli Şuranın sədri vəzifəsinə M.Ə.Rəsulzadə, İcrayyə Komitəsinin sədri vəzifəsinə isə F.X.Xoyski seçildi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası sədrinin müavini Həsən bəy Ağayev,katib Mustafa Mahmudov və digər dövlət xadimlərinin iştirakı ilə Azərbaycanın İstiqlaliyyəti haqqında akt qəbul edildi. Xalq səsverməsi yolu ilə seçilən Azərbaycan Müsəlman Milli Şurası bütün xalqa bəyan etdi:1- Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. O, Zaqafqaziyanın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.2- Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik cümhuriyyətdir.3- Azərbaycan Demokratik Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusilə həmsərhəd xalqlar və dövlətlərlə dostluq əlaqələri yaradacaq.4- ADC öz səlahiyyətləri daxilində millətindən dinindən, ictimai vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.5-ADC onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.6- Məclisi-müəssisənin çağırılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti hökumət sayılır. Beləliklə, Azəbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı-İstiqlaliyyət Aktının qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu. Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətnin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. İstiqlal aktında demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suverən, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün xalqa nümayiş etdirdi.İstiqlal Aktı bəyannaməsi Azərbaycan millətinin KULTURNATİON( millət-mədəniyyət) statusundan tamamilə başqa siyasi-hüquqi və mənəv-psixoloji statusa STATENATİON(millət-dövlət) statusuna qədəm qoyduğunu göstərdi.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Bütün Şərq və Türk İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Dövlət quruculuğu işində ən böyük problem milli kadrların çatışmaması ilə bağlı idi. Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan dili dövlət dili elan edildi.Bu fərmanda deyilirdi:”Dövlət lisan türk dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti-müəssisələrdə rus dili istimalına müsaidə edilsin”. 2 il ərzində dövlət orqanlarının işinin tamamilə ana dilinə keçməsi nəzərdə tutulurdu. İyunun 24-də hökumətin fərmanı ilə Azərbaycanın üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks edilmiş və qırmızı parçadan hazırlanmış dövlət bayrağı qəbul edildi. Noyabrın 9-da həmin bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və səkkizguşəli ulduz əksi olan üçrəngli bayraqla əvəz edildi. Üçrəngli bayrağımız M.Ə.Rəsulzadənin ifadəsilə desək, türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivlizasiyasını özündə təcəssüm etdirir.



AXC-nin dövlət quruculuğunda parlamentin yaradılması və fəaliyyəti mühüm yer tuturdu. Bu yolda ilk addım Müvəqqəti Milli Şuranın təşkili olmuşdu.Lakin o, müəyyən səbəblər üzündən 1918-ci ilin noyabrına kimi öz fəaliyyətini dayandırmışdı. 1918-ci il noyabrın 16-da yenidən fəaliyyətə başlayan Milli Şura noyabrın 20-də “Azərbaycan Parlamentinin yaradılması” haqqında qanun qəbul etdi. Qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Əhalinin çoxmillətli tərkibinə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü, polyak xalqlarının hər biri üçün 1 yer, həmkarlar ittifaqları təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununlada, Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Bir sıra çətinliklərə baxmayaraq, 1918-ci il dekabrın 7-də parlament öz işinə başladı.Həmin gün Bakıda (o vaxt Tağıyevin qız məktəbi, indi isə Əlyazmalar İnstitutunun binasında) ilk təsis iclası keçirildi. M.Ə. Rəsulzadə böyük təbrik nitqi söylədi. Parlament Müvəqqəti hökumətin istefasını qəbul edib, yeni Nazirlər Şurasının tərkibini müəyyən etməyi və hökumətə başçılığı yenidən Fətəli xan Xoyskiyə tapşırdı.Fətəli xanın səhhətinin pisləşməsi ilə əlaqədar Milli hökumətə başçılıq etmək iqtidarında olmadığını bildirməsinə baxmayaraq, parlament hökumətin təşkilini yenidən təkidlə Fətəli xana tapşırdı. Dekabrın 26-da Nazirlər Şurasının sədri hökumət proqramı və hökumətin tərkibi haqqında parlamentdə çıxış etdi. Proqramda Azərbaycan müstəqilliyini möhkəmlətmək vəzifəsi ön plana çəkilmişdi. Müstəqilliyi möhkəmləmək vəzifəsindən doğan qonşu dövlətlərlə normal münasibətlərin tanınması və müstəqilliyin ilk şərtlərindən biri olan milli ordunun yaradılması məsələsi də dövlət proqramında öz əksini tapdı. Daha sonra daxili siyasət, marrif, ərzaq, yollar, ədliyyə, maliyyə, fəhlə-kəndli məsələləri sahəsində hökumətin qarşısında duran vəzifələr və onların həllinin əsas istiqamətləri göstərilirdi.Azərbaycan hökumətinin fəaliyyətinin əsas istiqamətlərini və gördüyü işləri qısaca sadalamazdan əvvəl hökumətin işə başladığı tarixi şəraiti və Azərbaycanın beynəlxalq vəziyyətini xatırlamaq lazımdır.Yuxarıda deyildiyi kimi, milli kadrlar, ümumiyyətlə, mütəxəssis çatışmırdı. Azərbaycan iqtisadiyyatı müharibə və inqilabi hadisələr nəticəsində bərbad vəziyyətə düşmüşdü. Azərbaycanın beynəlxalq vəziyyəti də son dərəcə gərgin idi. Bir tərəfdən Ermənistanla dimi hərbi-siyasi münaqişələr, digər tərəfdən isə şimal təhlükəsi dinc quruculuq işlərinə mane olurdu. Bununla belə, AXC hökuməti az vaxtda tarixi əhəmiyyətə malik işlər görə bildi. Stalinin “Bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” sualına cavabında M.Ə.Rəsulzadə demişdi:”Çox şey verə bilmədik…Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq!”

Azərbaycan istiqlaliyyəti Avropa ölkələri tərəfindən tanındı. Avropa ölkələri və xalqları Azərbaycan adlı bir ölkənin mövcud olduğunu bildi, bu zəngin ölkənin azadlığa təşnə olan əhalisinin azad xalqlar sırasında yer tutmağa layiq olduğunu təsdiq etdi. Ermənistan və Rusiya istisna olmaqla digər qonşu ölkələrlə mehriban münasibətlər yaradıldı. Dövlət orqanlarının ana dilinə keçməsi ilə yanaşı, ictimai həyatın milliləşdirilməsinə başlanıldı. Milli kadr çatışmazlığı problemini həll etmək üçün məktəblər və kurslar açıldı. Azərbaycan istiqlaliyyətinin elan olunduğu tarixi şərait,onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyini qoruyacaq ordunun formalaşdırılmasını tələb edirdi. Azərbaycan Ordusunun yaradılması ilə bağlı 1918-ci il iyunun 16-da fərman verildi. Müsəlman Korpusu “Əlahiddə Azərbaycan Korpusu ” adlandırıldı.İyulun 11-də hökumətin fərmanı ilə hərbi səfərbərlık élan edildi. Noyabrın 1-də Hərbi Nazirlik yaradıldı. Hərbi kadrlar hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb təşkil edildi. O, sonradan Bakıya köçürüldü. Şuşada hərbi feldşer məktəbi açıldı. Hökumət 1919-cu ildə 25 minlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Bu məqsəd üçün dövlət büdcəsinin 24% i sərf edildi. Dəniz sərhədlərimizin qorunması üçün hərbi donanmanın yaradılması vacib idi. Buna görə də, 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı. Milli Ordunun və Xəzər Hərbi Donanmasının formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün, əsasən, başa çatdırıldı. 30 mini piyada, 10 mini süvari qoşun olmaqla 40 min nəfərlik nizami ordu yaradıldı. Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində Azərbaycan hökuməti əzmlə mübarizə apardı.Milli hökumət mübahisəli ərazilərin ana vətənə qovuşması uğrunda cəhdləri davam etdirirdi. Qarabağda erməni ixtişaşlarını yatırmaq və Ermənistanın əlini bu torpaqlardan kəsmək üçün burada 1919-cu ilin yanvarında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları daxil olmaqla Qarabağ general-qubernatorluğu yaradıldı. Ölkənin maliyyəsini qaydaya salmaq və dağıdılmış iqtisadiyyatı bərpa etmək sahəsində xeyli işlər görüldü. 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft kəməri bərpa edildi. Bakı – Culfa dəmiryolunun çəkilişi sürətləndirildi. 1918-ci ilin sentyabrında “Bakı bonu” adlanan pul vahidinin dövriyyəyə buraxılması barədə qərar verildi. 1919-cu ilin sentyabrında Dövlət Bankı açıldı.1919-cu ilin yanvarında Əmək Nazirliyi fəaliyyətə başladı. Həmin ilin mayında arbitraj yaradıldı. Xalq marrifinin milliləşdirilməsi və inkişafı üçün nəşriyyat-tərcümə komissiyası yaradıldı. İbtidai və orta məktəblər üçün dərsliklər çap edildi, mövcud məktəblərin xeyli hissəsi milliləşdirildi, yeni məktəblər açıldı, müəllim hazırlığı üzrə ölkənin müxtəlif yerlərində 7 kişi və 1 qadın seminariyası təşkil edildi, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazağa köçürüldü. Türkiyədən 50 müəllim dəvət edildi, dövlət kitabxanaları üçün xeyli kitab alındı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis edilməsi ilə bağlı qanun qəbul edildi. Sentyabrın 29-da universitetin nizamnaməsi qəbul edildi, 1919-cu il noyabrın 15-də ilk dərslər başladı. Bundan başqa 100-ə yaxın gənc Avropanın böyük təhsil ocaqlarına göndərildi, ibtidai təhsilin yayılması və savadsızlıqla mübarizə məqsədilə kəndlərdə müvəqqəti pedaqoji kurslar yaradıldı.

Ümumiyyətlə, fəaliyyətdə olduğu 17 ay ərzində Parlamentdə 130 iclas keçirildi. 270-dən çox qanun layihəsi təqdim olundu ki, onların 230-a yaxını qəbul olundu.



Milli hakimiyyətin Vətənə və Millətə xidməti təbii idi.1 əsrlik müstəmləkə zülmündən hələ özünə gəlməmiş millətin aparıcı qüvvələrinin təmsil olunduğu Azərbaycan Hökumətinin səhvləri də eyni dərəcədə təbii idi. Dövlətçilik işindən yadırğadılmış və ekstremal şəraitdə müstəqil dövlət yaratmaq işini boynuna götürmüş milli qüvvələrin təcrübəsizliyi, hətta siyasi sadəlövhlüyü sonrakı faciələr üçün əlverişli zəmin yaratdı. Milli dövləti daxilən möhkəmlətmək çağırışlarına baxmayaraq gənc Azərbaycan demokratiyası demokratiya aludəçiliyi ilə destruktiv-pozucu qüvvələrin əl-qol açmasına şərait yaratdı. Bu qüvvələrin tam olmayan siyahısına Ermənistan fitnəkarları və daxildəki erməni şeytanları və əllbətdə ki, “sapı özümüzdən olan baltalar” daxil idilər. Məhz onların birgə işi nəticəsində 1920-ci il aprelin 1-də N.Yusifbəyli hökuməti istefa verməyə məcbur oldu. Təxminən bir aylıq hökumət böhranı şəraitində XI Ordunun yürüşü Azərbaycan Xalq Cümhuriyyətinin tarixə çevrilməsinə səbəb oldu.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə