Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə8/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

Ölkənin sosial-siyasi həyatı. İkinci dünya müharibəsindən sonra AFR-də firavanlıq dövlət yarandı. Bu dövlətin başlıca xüsusiyyətlərindən biri sosial xərclərə və vətəndaşların hüquqlarına əsas diqqət verilməsi idi. Hökumət sosial manevrlərdən istifadə edirdi. Bu siyasətin mahiyyəti qüvvələri tarazlaşdırmaq idi. Əmək haqlarının verilməsində paternalist ölçülər sisteminə keçirildi. İşinə görə zəhmət­keşlərə əmək haqqı verilirdi. Bundestaq 1952-ci ildə «Zəh­mətkeşlərin nümayəndələrinin müəssisələrin idarə olunmasında qismən iştirakı haqqında» qanun qəbul etdi. İş həftəsi 52 saatdan 46 saata endirildi. Əməyin ödənilməsi sis­temi konkret müəssisədə iş stajından asılı olaraq differen­siallaşdırıldı. Adenauer sosial ədaləti qismən də olsa, bərpa etmək üçün «qızıl orta xətt» siyasəti yeritdiyini bildirdi. 1960-cı ildə «İşləyən gənclərin hüquqlarının müdafiəsi haqqında» qanun qəbul edildi. 1953-cü ildən bütün zəhmətkeşlər üçün məzuniyyətin mümkün həddi müəyyənləşdirildi. Hökumət vergi güzəştləri üzərində iş apardı. Bütün bu tədbirlər iqtisadi yüksəliş şəraitində əhalinin tələbat qabiliyyətinin artmasını təmin edə bilirdi. Bununla belə, 1951-ci ildə müəssisələrin istehsal şuralarının siyasi fəaliyyətlə məşğul olması qadağan edildi. 1952-ci ildə isə «Müəssisələrdə fəhlələrin vəziyyəti haqqında» qanun verildi ki, bu qanun fəhlələrin siyasi fəaliyyətini məhdudlaşdırdı. AFR-də bir çox demokratik təşkilatların – Azad alman gəncləri ittifaqı, Demokratik qa­dınlar ittifaqı, Demokratik Almaniya Milli cəbhəsinin, Sülh Şurası və Alman-Sovet dostluqu cəmiyyətinin fəaliyyəti qadağan edildi. Bundestaq 1952-ci ildə qanun qəbul etdi ki, ancaq seçkilərdə 5% səs toplayan partiyalar parlamentə öz nüma­yən­dələrini verə bilərlər. 1953-cü il bundestaq seçki­lərində kommunistlər bu səddi keçə bilmədilər. Halbuki onlar 600 min səs almışdılar. 1950-ci ildə kommunistlərlə əlaqədar qəbul edilmiş qanuna görə onlara rəhbər vəhifələrdə işləmək qadağan edildi. 1951-ci ildə kommunistlərə qarşı məhkəmə prosesi başlandı. 1954-cü ilin noyabrın 23-də Karlsruzda Federal konstitusiya məhkəməsi Kommunist partiyasını qanundankənar təşkilat elan etdi. 1957-ci ilin avqustun 17-də Kommunist partiyasının fəaliyyəti qadağan edildi.

AFR təşkil edildikdən sonra Qərb dövlətləri Almaniyanı silahlandırmaq və onu «soyuq müharibə»yə cəlb etmək xəttini əsas götürdülər. 1951-ci ildə Almaniya işğal zonası ləğv edildi. Həmçinin 1951-ci ildə Almaniyaya icazə verildi ki, qeyri məhdud miqdarda polis saxlansın. Tezliklə bundestaq keçmiş faşist zabitlərinin təqaüdlə təmin edilməsi haqqında qanun verdi. Müdafiə Nazirliyi yaradıldı və 1956-cı ilin iyununda ümumi hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. 480 minlik ordu – bundesver yaradıldı. Müdafiə naziri mühafizəkar xadim olan Frans-Yozef-Ştraus təyin edildi. 1958-ci ildə bundestaq Qərbi Almaniya ordusunun atom da daxil olmaqla bütün müasir silahlarla silahlanması haqqında qərar qəbul etdi.

Qərbi Almaniyanın sürətlə silahlanması ölkədə sülh uğrunda hərəkatın da güclənməsinə səbəb oldu. 1957-ci ilin aprelində AFR-in bir qrup görkəmli fizikləri öz hökumətlərinə müraciət edərək atom silahının böyük təhlükə olduğunu göstərdilər. 1958-ci ildə AFR-də «Atom ölümü əleyhinə müharibə» hərəkatı genişləndi. Antimüharibə hərəkatının yeni forması olan hər il keçirilən pasxa marşında on minlərlə adam iştirak edirdi.

50-ci illərdə ölkənin əsas siyasi partiyalarından olan sosial-demokrat partiyasında da ciddi dəyişikliklər baş verdi. Bu partiya sosializm ideyalarından əl çəkdi və hökumətin xarici siyasət kursunu müdafiə etməyə başladı. Partiyanın nüfuzu seçicilər arasında aşağı düşdü. 1952-ci ildə Şumaxerin vəfatından sonra bu partiyanın rəhbəri E.O.Ollenxauer oldu. Onlar ADR-in ləğv edilməsini və Almaniyanın 1938-ci il sər­hədinin bərpa edilməsini tələb edirdilər. Sosial-demokratlar özlərinin 1959-cu ilin noyabrında Bad-Qodes­t­berqdə olan qurultaylarında yeni proqramlarını qəbul etdilər. Həmin proq­ramda marksizmdən qəti olaraq əl çəkildi. Onlar marksizmi «demokratik sosializm» ideyası ilə əvəz etdilər və xristian-demokratlarla yaxınlaşmağa başladılar.



XX əsrin 50-60-cı illərində AFR-in xarici siyasəti. Qərbi Almaniya bu dövrdə xarici siyasətində ABŞ-a söykənirdi. 1952-ci ilin may ayının 26-da AFR, ABŞ, İngiltərə və Fransa arasında ümumi müqavilə imzalandı ki, bu müqavilə işğal zonasının statusunu ləğv edirdi. Eyni zamanda AFR-in suverenliyi üçün müəyən məhdudiyyətlər də qoyulurdu.

1954-cü ildə keçirilən Paris konfransında Almaniya Qərb Müdafiə İttifaqına daxil edildi. 1955-ci il fevralın 27-də bundestaq bunu hüquqi cəhətdən təsdiq etdi. AFR elə həmin vaxt həm də NATO-ya daxil oldu. Nəticədə AFR imperialist blokuna cəlb edilmiş oldu. Almaniyaya kimya, bakteroloji və atom silahlarından başqa bütün silahları istehsal etmək icazəsi verildi. 50-60-cı illərdə AFR-in xarici siyasət istiqamət­lərindən biri Qərbi Avropa dövlətləri ilə inteqrasiyanı güc­ləndirmək idi. 1951-ci ildə o, Avropa kömür və polad birliyinə daxil oldu. 1957-ci ildə AFR Fransa birlikdə Avropa İqtisadi birliyini (AİB) təşkil etdilər.

AFR özündən başqa heç bir alman dövlətinin tanınmasını istəmirdi. 1955-ci ilin dekabrında xarici işlər nazirinin müavini Halşteyn belə bir doktrina irəli sürdü ki, hansı dövlət ADR-i tanıyırsa, AFR dərhal onunla diplomatik münasibətləri kəsəcəkdir. Lakin Adenauer bunu SSRİ-yə şamil etmədi. O, 1955-ci ilin sentyabrında SSRİ-yə səfər etdi, AFR ilə SSRİ arasında diplomatik münasibətlər yarandı. Adenauer SSRİ-nin hələ 1952-ci ildə irəli sürdüyü Almaniyanın bitərəf dövlət kimi birləşdirilməsi təklifini qəbul etmədi. Adenauer həmçinin uzaqgörənliklə bildirdi ki, əgər Şərqdə dəyişiklik olsa, Almaniyanın birləşdirilməsi mümkündür. 1957-ci ildə Yuqo­slaviya ADR-i tanıdığına görə AFR onunla diplomatik müna­sibətləri kəsdi. AFR 60-cı illərdə ABŞ, Fransa, İtaliya, İn­gil­tərə ilə münasibətləri daha da yaxşılaşdırdı. 60-cı illərin əvvəl­lərində o, Fransa ilə münasibətləri daha əlverişli xarakter aldı. 1963-cü ildə bu iki dövlət arasında hərbi əməkdaşlıq haqqında saziş bağlandı. 1964-cü ildə isə ABŞ-la da AFR arasında belə bir müqavilə imzalandı. Kansler Erxard «Şərq siyasəti»ni davam etdirirdi. AFR Yaxın Şərqdə və Hind-Çində ABŞ-ın siyasətini müdafiə edirdi. Bu isə ilk növbədə ərəb ölkələri ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Kansler Kizinger isə «Yeni Şərq siyasəti»ni irəli sürdü. AFR 1968-ci ildə Yuqoslaviya ilə münasibətləri bərpa etdi. AFR kapitalist ölkələri içərisində SSRİ-nin başlıca partnyoru oldu. Lakin AFR yenə də siyasi və ərazi reallığını qəbul etməkdən imtina edirdi. 1961-ci ildə Qərbi Berlin böhranı baş verən zaman SSRİ bir gecənin içində 165 km uzunluğunda «II Çin səddi adlanan» «Berlin divarı»nı çəkdi. Ümumiyyətlə, AFR XX əsrin 50-60-cı illərində qərbyönümlü, ilk növbədə ABŞ yönümlü xarici siyasət yeridirdi.

70-ci illərdə AFR-in daxili vəziyyəti və xarici siyasəti. AFR sosial-demokratların hakimiyyəti dövründə (1969-1982-ci illər). XX əsrin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəllərində istər ölkənin daxili, istərsə də xarici siyasətində ciddi dəyişikliklər baş verdi. Burjuaziyanın realist fikirli dairələrinin mövqeyi gücləndi. «Soyuq müharibə» və revanş siyasətinin tərəfdarları azalmağa başladı. Bu özünü parlament seçkilərində də göstərdi. 1969-cu ilin sonunda keçirilən seçkilər nəticəsində Almaniya sosial-demokrat partiyası Azad demokratlar partiyası ilə ittifaqa girərək 48,5% səs toplayaraq «kiçik koalisiya hökuməti» təşkil etdilər. Sosial-demokratların 60-cı illərdə nüfuzunun xeyli atmasının səbəbi onların marksizmdən imtina edərək «demokratik sosializm» cəmiyyəti qurmağı başlıca məqsədləri elan etmələri idi. Sosial-demokratlar hakimiyyətə gələrkən xüsusi mülkiyyətin əsaslarına toxunmayacaqlarına bir daha söz verdilər. Hökumətin başçısı ASDP-dən Villi Brandt (onun əsil adı Herbert Framdır), xarici işlər naiziri isə Azad-demokratlardan Şeel oldu. Ona görə bu hökumət bəzən Brandt-Şeel hökuməti adlanırdı.

Villi Brandt Qərbi Almaniya və Avropa sosial-demokratiyasının uzun müddətli liderlərindən biri olmaqla bərabər, həm də tanınmış jurnalist idi. O, cəmiyyətin ağrılı problemlərindən açıq danışmış, AFR siyasətinə açıqlıq və aşkarlıq gətirmiş liderlərdən idi. Brandt hökuməti sosial büdcə proqramını genişləndirdi. 1970-ci ildə qəbul edilən bir sıra qanunlarda uşaqlara verilən müavinatın artırılması, əhalinin aztəminatlı qrupları üçün dotasiyaların verilməsi nəzərdə tutulurdu. 1971-ci ildə verilən «Sosial sığorta haqqında» qanunda tələbələr və digər sosial qrupların sığorta edilməsi nəzərdə tutulurdu. 1972-ci ildə verilən «Pensiya islahatı haqqında» qanuna əsasən pensiya almaq üçün yaş həddi müəyyən edildi. Villi Brandtın Almaniyada kansler təyin olunması sağların ciddi narazılığına səbəb oldu. Onlar göstərirdilər ki, İkinci dünya müharibəsində mühacir olmuş, Norveç ordusunun tərkibinə daxil olaraq almanlarla, lap olsun hitlerçilərlə döyüşmüş bir adamı rəhbər vəzifəyə təyin etmək düzgün deyildir. Lakin buna baxmayaraq əhali içərisində onun nüfuzu güclü olduğu üçün çağlar onun kansler təyin edilməsinə mane ola bilmədilər.

V.Brandt bir sıra qanunların bundestaqdan keçməsinə nail oldu. Təqaüdlər və əmək haqları artırıldı. Müəssisələrdə sahibkarların özbaşnalığının qarşısını almaq üçün istehsalat şuraları yaradıldı. Mənzil kirayəsinin son həddi müəyyənləşdirildi. Seçkilərdə ancaq 5% səs toplamış partiyanın parlamentə deputat verə bilməsi haqqında Ade­nau­erin dövründə verilmiş və ilk növbədə kommunistlərə qarşı çevrilmiş qanun ləğv edildi. Bununla bərabər o, 1972-ci ildə «Müəyyən peşələrə qadağa» adlı qanunun bundestaqdan keçməsinə mane olmadı. Həmin qanun isə müəssisələrdə kommunistlərin rəhbər vəzifələrdə işləməsinə qadağa qoyurdu.

1973-cü ildə bütün kapitalist ölkələrində olduğu kimi, Almaniyada da böhranqabağı şərait yarandı. Bu ilk növbədə 1973-cü ildə başlayan İsrail-Ərəb müharibəsi ilə əlaqədar neft satan ərəb ölkələrinin İsrailə kömək edən kapitalist ölkələrinə təziyiq göstərmək üçün neftin qiymətini bahalaşdırmaları ilə əlaqədar idi. 1974-1975-ci illərdə Almaniyada sənaye məhsulu istehsalı 7,9%, milli ərzaq məhsulları istehsalı 4%, elektrotexnika sənayesi istehsalı 10%, kimya sənayesi məhsulları istehsalı 16% aşağı düşdü. Qiymətlər 6% qalxdı. İşsizlərin sayı 1,2 milyona çatdı. İşsizlər əmək qabiliyyətli əhalinin 4 %-ni təşkil edirdi. Lakin Almaniyada əmək haqqı və məşğulluq səviyyəsi yüksək olduğuna görə bu böhran zəhmətkeşlərin həyat səviyyəsinə o qədər də güclü təsir göstərmədi. Almaniya xarici ticarət və daxili ehtiyatlar hesabına bu böhrandan çıxa bildi. 1974-cü ildə yenidən iqtisadi yüksəliş baş verdi. V.Brandtın dövründə Almaniyanın Avropaya və başqa ölkələrə kapital qoyuluşu artdı. Bu dövrdə Almaniya özü istehsal etdiyi məhsulun yarısını dünya bazarına çıxarır və bundan gələn gəlirdən öz borclarını ödəyir, faşizm qurbanlarına kompensasiya verir, güclü valyuta ehtiyatları yaradırdı.

1972-ci ilin noyabrın 19-da bundastaqa keçirilən növbədənkənar seçkilər hökumət koalisiyasına uğur gəlirdi. XDİ-XSİ bloku 44,9%, sosial-demokratlarla müstəqil demokratlar birlikdə 45,8% səs aldılar. V.Brandta qarşı sağların təzyiqi daha da gücləndi. Brandtın yaxın əməkdaşlarından birinin ADR-in kəşfiyyatçısı olduğu məlum oldu. Brandt 1974-cü il mayın 7-də istefa verməyə məcbur oldu. 1974-cü ilin mayın 16-da onun siyasətini davam etdirən, Brandt hökumətində maliyyə naziri vəzifəsini tutmuş sosial-demokrat Helmut Şmidt kansler oldu. Xarici işlər naziri Müstəqil demokratlar partiyasından Henşer oldu.

1976-cı ilin oktyabr ayının 3-də keçirilən bundestaq seçkilərində ASDP 42,6%, MDP 7,9%, XDİ-XSİ bloku isə 48,6% səs aldılar. Sosial-demokratlar müstəqil demokratlarla birlikdə yenə Helmut Şmidtin başçılığı altında hökuməti təşkil etdilər. Şmidt hökuməti 1976-cı ildə «Sənaye müəssisələrinin idarə edilməsində fəhlələrin iştirakı haqqında», 1977-ci ildə «Vətəndaşların pensiya təminatının qaydaya salınması haqqında», «Səhiyyə sistemində islahatlar haqqında», «Həmkarlar ittifaqları sistemində islahatlar haqqında» qanunların bundestaqın təsdiq etməsinə nail oldu. Helmut Şmidtin dövründə ASDP-nin üzvlərinin 47%-ni fəhlələr, 23%-ni qulluqçular, yerdə qalanını isə digər təbəqələr təşkil edirdi. Onun kansler olduğu dövrdə gəncər 18 yaşından səsvermə hüququ aldılar. Hərbi xidmət müddəti 18 aydan 12 aya endirildi. Pensiyalar və çoxuşaqlı ailələrə yardım artırıldı. O, «dəmir kansler» kimi tanındı.

Bu dövrdə XDİ hökumətə qarşı mübarizəni gücləndirdi. XDİ-nin 1977-ci ildə olmuş qurultayında partiyanın rəhbəri Helmut Kol MDP-ni vicdanlı partnyorluğa çağırdı. 1977-ci ildə Saksoniya və Saar vilayətində müstəqil demokratlarla xristian-demokratların birgə koalisiyalı hökuməti təşkil edildi. Torpaq landtaqlarına seçkilər göstərdi ki, xristian- demokratlar müstəqil demokratlara öz təsirini göstərməyi bacardılar. 1979-cu ildə may ayının 23-də Federal məclisdə ölkənin yeni prezidenti XDİ-dən olan K.Karstensa seçildi. Bu sağa doğru dönüşün başlanması demək idi. Ölkədə neonasist və terrorist təşkilatlar gücləndi. «Baader-Maynxoff» adlı terrorçu təşkilat tərəfindən AFR-in baş prokuroru E.Bubek və Alman sənayeçiləri Federal İttifaqının sədri Şlyayer öldürüldü. Bütün bu hadisələr müstəqil demokratların sosial-demokratlardan ayrılmasını sürətləndirdi.

XX əsrin 70-ci illərin sonlarında Almaniyada terrorizm güclənməyə başladı. Bu dövrdə Almaniyada 75-ə qədər terrorçu və neofaşist təşkilatlar fəaliyyət göstərirdi. Bunların içərisində milli demokrat partiyasını, Doğulmuşlar ittifaqını, Almaniya imperialist partiyasını, qırmızı fraksiyanı və s. göstərmək olardı. 1980-ci illərdə dövlət xüsusi ilə çox canlanmış terrorizmə qarşı fəal mübarizəyə başladı. Bu dəstələrin bir çoxu ləğv edilsə də, Almaniyada yenə də terrorizmlə mübarizə zəruri bir məsələ kimi diqqət mərkəzində idi.

V.Brandt öz xarici siyasətində beynəlxalq vəziyyəti düzgün qiymətləndirmək mövqeyini tutmuşdu. Çexoslovakiya hadisələrindən sonra hələ Kizengerin dövründə işlənib hazırlanmış «yeni şərq siyasəti» onun dövründə reallığa çevrildi. V.Brandt öz xarici siyasət xəttini «təmiz külək» adlandırırdı. Onun xarici siyasəti belə bir reallığa əsaslanırdı ki, AFR əvvəlki siyasətini davam etdirə bilməz. Münhen amirliyindən əl çəkməli, İkinci dünya müharibəsindən sonra əmələ gəlmiş sərhəd dəyişikliyini AFR qəbul etməlidir. Bu məqsədlə 1970-ci ilin avqustun 12-də faşizm işğalından ən çox əzab çəkən dövlətlərdən biri olan SSRİ, dekabrında isə Polşa ilə AFR arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr bağlandı. AFR həm SSRİ-yə, həm də Polşaya verilmiş torpaqlarından bir dəfəlik imtina etdi. Qərbi Berlinə aid 1971-ci ilin noyabrında ABŞ, Fransa, Böyük Britaniya və SSRİ arasında bağlanan saziş 1972-ci ildə qüvvəyə mindi. Sazişə əsasən Qərbi Berlin AFR-in ərazisi hesab edilmirdi, Qərbi Berlinlə beynəlxalq saziş və razılaşmalar genişləndirilirdi. ABŞ, İngiltərə və Fransanın Qərbi Berlində səlahiyyətləri beynəlxalq səviyyədə saxlanılırdı. 1972-ci ildə AFR-lə ADR arasında münasibətləri tənzimləyən xüsusi müqavilə bağlanması ilə Halşteyn doktrinası iflasa uğramış oldu. AFR ADR-in varlığını təsdiq etdi və onu bir dövlət kimi tanıdı. 1973-cü ildə AFR ilə Çexoslovakiya arasında müqavilə bağlandı AFR Sudet vilayətinin Çexoslovakiyaya birləşməsini qanuni hesab etdi. Bu isə Münhen amirliyinin üstündən xətt çəkmək demək idi. 1973-cü ilin mayında SSRİ ilə AFR arasında iqtisadi, texniki, mədəni əməkdaşlığa aid saziş bağlandı. Sosialist ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirildi. 1973-cü ildə həm ADR, həm də AFR BMT-yə daxil oldu. Bu Avropada Almaniyanın nüfuzunu artırdı. AFR 1975-ci il Helsinki müşavirəsində iştirak etdi. Elə həmin ildə «Yeddilər» qrupunun üzvü oldu. Birbaşa Avropa parlanmentinə seçkiləri müdaifə etdi. Siyasi inteqrasiyaya tərəfdar olduğunu göstərdi. AFR-in Fransa və İngiltərə ilə münasibətləri yaxşılaşdı. 1976-cı ildə AFR-in inkişaf etməkdə olan ölkələrə birbaşa kapital qoyuluşu 14,2 milyard marka idi. 1978-ci ilin mayında SSRİ ilə AFR arasında uzun müddətli əməkdaşlıq haqqında saziş bağlandı.

Şmidt hökuməti ABŞ-la yaxınlaşma siyasəti yeridirdi. Bu hökumət ABŞ-ın AFR ərazisində daha yeni hərbi qüvvələr yerləşdirməsinə razılıq verdi. AFR ABŞ-dan silah alınmasını artırdı. 1979-cu ildə birbaşa hərbi xərclər 40 milyard marka təşkil edirdi, halbuki 1976-cı ildə bu rəqəm 31,9 milyard marka idi. AFR NATO-nun hərbi xərclərinin 3% artırılmasına razılıq verdi. SSRİ-nin Əfqanıstana müdaxiləsini AFR müdafiə etmədi və Moskva olimpiadasının baykot edilməsində iştirak etdi.

1980-ci ilin ikinci yarısında ölkədə yeni iqtisadi böhran başlandı. 1980-1982-ci illərdə hökumətin vəziyyəti sürətlə pisləşməyə başladı. AFR 1974-1975-ci illərdə olduğundan daha artıq böhranlı vəziyyətlə qarşılaqdı. Ölkənin muzdla işləyən əhalisinin 9%-i (2,5 miylon adam) işsiz idi. Büdcə kəsiri iki dəfə artdı. Müharibədən sonrakı dövrdə ilk dəfə AFR-də sənaye və maliyyə kompaniyalarını iflas dalğası bürüdü. Antiböhran tədbirləri görmək istəyi hökumətin üzvləri arasında ixtilafları daha da gücləndirdi.

Böhran siyasi həyata da öz təsirini göstərdi. 1980-ci ildə seçkiqabağı mübarizə gücləndi. Seçkilərdə XDİ və XSİ müxalifət bloku təşkil edərək kanslerliyə XSİ-nin sədri Ştrausun namizədliyini irəli sürdülər, lakin alınmadı. XDİ hökumətin Yeni Şərq siyasətinin tənqid edərək göstərirdi ki, guya sosial-demokratlar AFR-də sosializm qurmaq istəyirlər. «Sovet təhlükəsi» haqqında onlar böhtan kampaniyasına başladılar. İri inhisarlar, katolik kilsəsi kütləiv informasiya vasitələrinin əksəriyyəti XDİ-XSİ blokunu müdafiə edirdilər.

1980-ci ilin oktyabrın 5-də keçirilən seçkilərdə ASDP 42,9%, MD 10,6%, XDİ-XSİ bloku isə 44,5% səs aldı. Lakin seçkilərdən sonra hökumət koalisiyasında daxili və xarici siyasətin bir sıra məsələlərində ixtilaflar yarandı. Müstəqil demokratların liderləri metallurgiya, dağ-mədən sənayesində fəhlələrin müəssisələrin idarə edilməsində iştirakına qarşı çıxdılar. Onlar AFR-in silahlandırılmasını və onun ərazisində ABŞ raketlərinin yerləşdirilməsini müdafiə etdilər. Sosial-demokratlar əhali içərisində nüfuzdan düşəcəklərindən qorxaraq bu məsələni müdafiə etmədilər. Hökumət koalisiyasında böhran yarandı. Müstəqil demokratlar XDİ-XSİ bloku ilə koalisiyaya girmək qərarına gəldilər. 1982-ci ilin sentyabrında H.Şmidt hökuməti istefaya getdi.

AFR H.Kolun kanslerliyi dövründə (1982-1998-ci illər). 1982-ci ilin oktyabr ayının 1-də bundestaqda AFR-in yeni kansleri XDİ-nin lideri Helmut Kol təyin edildi, vitse-kansler və xarici işlər naziri isə müstəqillərdən D.Qenşer oldu. Beləliklə, AFR-də 13 illik sosial-demokratlarla müstəqil demokratların koalisiyalı idarəsindən sonra XDİ, XSİ və AMDP-nin yeni bloku hakimiyyətə gəldi.

80-ci illərdə təkcə AFR-də deyil, Avropanın digər kapitalist ölkələrində, o cümlədən ABŞ-da sağların hakimiy­yətə gəlməsi əvvəlki illərdə hökm sürən firavanlıq dövründən bir növ imtina edilməsi idi. Çünki sağlar belə hesab edirdilər ki, kapitalist ölkələrində baş verən inflyasiyanın, işsizliyin əsas səbəbi dövlətin sosial xərclərə hədsiz diqqət yetirməsi və büdcənin xeyli hissəsinin bu işə ayrılmasıdır. Onlar dövlətin tənzimləyici rolunun azaltmağın lazım oldu­ğunu bildirirdilər. Helmut Kol hakimiyyətə gəldikdən sonra 1983-cü ilin martında yeni seçkilər elan etdi. Həmin seçkilərdə ilk dəfə Avropadakı ekoloji böhranla əlaqədar bir sıra ölkə­lərdə o cümlədən, Almaniyada 1980-ci ildə yaranmış «Yaşıllar» partiyası da iştirak etdi və 5,6% səs aldı. Xristian-demokratlar və xristian sosialistlər ittifaqı 48,8%, müstəqil de­mo­k­ratlar 6,9% səs qazandılar. Sosial demokratlar isə 38,2% səs aldılar. XDİ-XSİ bloku müstəqil demokratlarla koalisiyada H.Kolun başçılığı altında hökumət təşkil etdi.

Helmut Kol mühafizəkarlığı yeni vəziyyətə uyğun şəkildə müdafiə edirdi. O, «ümumrifah dövləti» anlayışını qəbul etmir, cəmiyyətin ənənəvi quruluşuna daha çox üstünlük verirdi. O göstərirdi ki, mənəviyyatı sağlamlaşdırmağa və sosial strukturun elementləri olan ailə, kilsə, mülkiyyət, dövlətin bazasını möhkəmləndirməyə xüsusi diqqət yetirmək vacibdir. Onun siyasəti «yeni mühafizəkarlıq» kursuna əsas­lanırdı. O, dövlət idarələrini siyasiləşdirməyin əleyhinə idi və praqmatik adam olduğu üçün bütün nüfuzlu ictimai qüvvələrlə konsensus tərəfdarı idi. O, hələ Erxardın dövründə irəli sürülmüş sosialist bazar təsərrüfatının tərəfdarı idi. O göstərirdi ki, şəxsi əmək və şəxsi məsuliyyət insanın hərtərəfli inkişafının stimuludur və güclü dövlətin əsas vəzifələrindən biridir. Kansler Helmut Kol reqlamentləş­dirmənin şəxsi təşəbbüsə imkan vermədiyini göstərərək, ilk növbədə sahibkarlığın inkişafına xüsusi şərait yaratdı. Ver­gilər artırıldı, sosial xərclər ixtisar edildi. Dövlətin müəs­sisələrin işinə qarışması zəiflədi. Bütün bunlar isə Alma­niyada iqti­sadiy­yatın yenidən canlanmasına və 80-ci illərin əvvə­lindəki böhranın aradan qalxmasına gətirib çıxartdı.

H.Kolun dövründə «sərt büdcə iqtisadiyyatı» xətti yeridildi. Bu isə büdcə kəsirini xeyli azaltmağa imkan verdi. 1983-cü ildə artıq büdcə kəsiri 30 milyard markaya endi.

Hakum koalisiya qanunvericilik aktlarına 250-yə qədər dəyişiklik etdi ki, bunlar da əsasən həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına, differensial əmək haqqı sisteminin genişləndirilməsinə və s.-yə yönəldilmişdi. Yeni müha­fizəkarlar belə hesab edirdilər ki, təbii iqtisadi mexanizm səmərəli əmək bazarı bərpa etmək qabiliyyətindədir.

Siyasi quruluşun yeni kompenentlərdən biri də özəlləşdirmə proqramının həyata keçirilməsi oldu. Lakin digər qabaqcıl ölkələrlə müqayisədə bu o qədər prioritet məsələ hesab olunmurdu. 1982-1992-ci illərdə özəlləşdirmə büdcəyə 10 milyard marka gətirdi. H.Kol kiçik və orta sahibkarlara münasibətdə həvəsləndirici siyasət yeridirdi. Kol hökuməti kənd təsərrüfatı ilə məşğul olan əhalini (onlar 80-ci illərin sonunda 4,5% təşkil edirdilər) həvəsləndirmək üçün dövlətin onlardan aldığı haqqı xeyli ixtisar etdi. Ölkədə toxumçuluq və seleksiyanın inkişafına xüsusi diqqət yetirildi.

Ölkə böhran vəziyyətindən 1983-cü ildə çıxdı. Sonra­kı illərdə istehsal 4,5% çoxaldı. Xüsusilə, maşınqa­yırma, avto­mobil, kimya, elektro-texnika sənayesi yüksək sürətlə inkişaf etdi. 80-ci illərin sonunda dünya bazarında Almani­yanın mal­ları Yaponiyanı 20% ötərək ikinci yerə çıxdı. İxrac əməliy­yatlarının ümumi həcminə görə də AFR ABŞ-dan sonra dün­ya­da ikinci yeri tutdu. Maliyyə sistemi sabitləşdi. İşsizlik ən aşağı səviyyəyə endi. İşsizlər fəal əhalinin cəmi 7%-ni təşkil etdi. Silahlanma gücləndi. 1990-cı ildə hərbi büdcə 51 mil­yard marka təşkil etdi.

80-ci illərdə AFR-in xarici siyasəti ən çox ABŞ yönümlü olması ilə fərqlənirdi.

80-ci illərdə AFR-də ABŞ raketləri yerləşdirilməyə başlandı. AFR ABŞ-ın Yaxın və Orta Şərqdəki təcavüzünü müdafiə etdi, onun Liviya və Qrenadaya qarşı təcavüzünü, «ulduz müharibələri» strategiyasını bəyəndi, 1986-cı ildə ABŞ-la AFR arasında hərbi əməkdaşlıq haqqında saziş bağlandı.

80-ci illərdə AFR yenə də SSRİ ilə iqtisadi əmək­daşlıqda kapitalist ölkələri içərisində birinci yeri tuturdu. 1983-cü ildə onun SSRİ ilə ticarət dövriyyəsi 7 milyard rubl təşkil edirdi. AFR-in inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndi.



ADR XX əsrin 50-80-ci illərində. ADR-in konstitusiyası qüvvəyə mindikdən sonra 1949-cu il oktyabrın 11-də V.Pik ölkənin prezidenti seçildi. Oktyabrın 12-də isə O.Qrotevolun başçılığı altında ADR hökuməti təşkil edildi. ADR-də çoxpartiyalı sistem formal olaraq saxlanıdı. Lakin əsas rolu AVSP oynayırdı. Xalq palatasına seçilən deputatların 114-ü AVSP-dən, 52-si isə Milli-demokratik, kəndli demokratik, liberal - demokratik partiyalarından idi. Xalq palatası ali dövlət orqanı idi. Əvvəl ADR-də ikipalatalı parlament mövcud idi. Lakin 1958-ci ildən Torpaq palatısı ləğv edildi. 1960-cı ildə V.Pikin ölümündən sonra prezident vəzifəsi ləğv edildi. Nəticədə Dövlət Şurası adlanan xüsusi orqan təşkil edildi ki, onun sədri dövlətin başçısı hesab edilirdi.1950-ci ildə olmuş AVSP-nin III qurultayında AVSP-nin MK-nın baş katibi Volter Ulbrixt seçildi. Bu partiya SSRİ-nin təcrübəsindən istifadə edərək ictimai həyatın bütün sahələrini öz nəzarəti altına aldı. ADR-də də beşillik plan irəli sürüldü. 1950-ci ildə həmçinin ölkədə Dövlət Təhlükəsizliyi nazirliyi təşkil edildi. Yarandığı ilk gündən ADR SSRİ-nin təsiri altında fəaliyyət göstərməyə başladı. Ona görə də iki alman dövləti arasında fikir ayrılıqları yarandı. 1950-ci ildə SSRİ ADR-dən aldığı təzminatı iki dəfə azaltdı və ADR-in birləşmiş silahlı qüvvələrdə iştirakının mümkünlüyünü qeyd etdi. 1952-ci ildə ADR-də rəsmən elan edildi ki, o sosializm əsaslarının quruculuğuna başlayır. Kəndin kooperativ­ləş­dirilməsi, sənayenin dövlətləşdirilməsi başlandı. Dövlət sis­te­mi­ndəki kadrların siyasi təmizlənməsi keçirildi.

Stalinin ölümündən sonra ADR rəhbərliyi öz siyasətində müəyyən dəyişikliklər etməyə cəhd göstərdi. 1953-cü ilin iyunun 10-da AVSP MK-si belə bir qərar dərc etdirdi ki, «buraxılmış səhvləri» düzəltmək üçün «yeni kurs»a başlayır. Vergi siyasətində, kəndlilərə və sənətkarlara münasibətdə hökumət dəyişiklik etmək qərarına gəldi. Əhalinin həyat səviyyəsinin aşağı olmasından, sovet qoşunlarının Şərqi Almaniya ərazisində qalmasından narazılığını bildirildi. Bu çıxışların qarşısını almaq üçün sovet tankları işə düşdü, 300-ə qədər insan həlak oldu. İyunun 17-də baş verən bu hadisələr AVSP rəhbərliyini düşünməyə vadar etdi. SSRİ-nin verdiyi kredit və maddi kömək sayəsində müxtəlif malların qiyməti aşağı salındı, fəhlə və qulluqçuların əmək haqqı yüksəldildi. Yüngül sənaye və mənzil tikintisinə ayrılan vəsait artırıldı. Kənd təsərrüfat kooperativlərinə könüllü daxil olmaq prinsipinə ardıcıl əməl edilməyə başladı. 3 minə qədər xırda müəssisələr sahiblərinə qaytarıldı. AVSP-nin ortodoksal qanadının mövqeyi möhkəmləndi. AVSP rəhbərliyi ümumalman probleminin nizama salınmasında sərt mövqe tuturdu (Qərbdə bu siyasət «Ulbrixt doktrinası» adlanırdı) ADR hökuməti AFR-lə uzanan bütün sərhədləri «qadağan edilmiş zona» hesab etmək haqqında qərar qəbul etdi. 1953-1955-ci illərdə SSRİ ilə Qərb dövlətləri arasında alman problemi ilə əlaqədar gedən danışıqlar nəticəsində ADR qəti olaraq sovet blokuna inteqrasiya edilmiş oldu. 1954-cü ildə SSRİ ADR-dən təzminatın qalan hissəsini də almaqdan imtina etdi. 1954-cü ilin martında SSRİ ADR-in tam suverenliyini tanıdığını bildirdi. Bununla belə, SSRİ ADR-in təhlükəsizliyi və xarici siyasəti üzərində nəzarət öhdəliyini özündə saxladı. 1955-ci ilin mayında ADR Varşava müqaviləsi təşkilatına daxil oldu.

50-ci illərin sonunda Qərbi Berlin məsələsi ilə əlaqədar ADR-də vəziyyət yenidən gərginləşdi. SSRİ hər iki alman dövlətinin və Qərbi Berlinin qəti olaraq statusunu müəyyən etmək məsələsini həll etməyi Qərb dövlətlərindən tələb etdi. 1961-ci ilin yayında ADR-dəki Berlinin açıq sərhədindən kütləvi Qərbə axın başlandı. Əgər ADR-i 1959-cu ildə 144 min, 1960-cı ildə 203 min adam tərk etmişdirsə, 1961-ci ilin iyulunda 30 min, avqustun iki həftəsində isə 48 min adam tərk etdi. SSRİ qəti addım olaraq 1961-ci ilin avqustunun 13-dən 14-nə keçən gecə Berlinin qərbi ilə şərqi arasında hasar çəkdi. ADR rəhbərliyi bu hasarın dövlət sərhədini möhkəmləndirmək və qərb agenturasının təsirini azaltmaq məqsədi ilə çəkildiyini bildirdi. Berlin hasarı Qərblə Şərq arasında «dəmir pərdə» simvoluna çevrildi.

1963-cü ildə ADR-də də digər sosialist ölkələrində olduğu kimi iqtisadi islahatların həyata keçirilməsinə başlandı, «sosialist bazarı»nı təşkil etmək məsələsi ortaya atıldı. Xalq müəssisələri təsərrüfat hesabına keçirildi, onların müstəqilliyi artırıldı. ADR iqtisadi inkişafın yüksək sürətinə nail oldu və sosialist ölkələri içərisində lider dövlətlərdən birinə çevrildi.ADR rəhbərliyi tədricən belə hesab edirdi ki, SSRİ-nin bir çox lazımsız ideoloji və siyasi diktələrindən imtina etmək artıq zərurətə çevrilmişdir. ADR-in 1968-ci ildə qəbul edilən konstitusiyasında bildirilirdi ki, əvvəlki dövlət quruluşu saxlanılır və «ADR alman millətinin sosialist dövlətidir». 1968-ci il Çexoslovakiya hadisələrini ADR rəhbərliyi müdafiə etdi və bu əməliyyatda iştirak etdi.

1971-ci ildə V.Ulbrixt öz xahişi ilə partiyanın fəxri sədri qalmaqla, AVSP MK-nın birinci katibi vəzifəsindən azad edildi. Onu Erix Honnekker əvəz etdi. Güclü ideoloji nəzarət altında fəal iqtisadi və sosial siyasət yeritmək qərara alındı. Dövlət təhlükəsizliyi xidmətinin səlahiyyətləri genişləndirildi. Honnekker əhalinin həyat səviyyəsini yüksəltmək yolu ilə cəmiyyətdə sosial sakitliyə nail olmağa çalışırdı. Ona görə də 70-ci illərdə fasiləsiz olaraq ADR-də qiymətlərin sabit saxlanması şəraitində əmək haqları və pensiyalar artırıldı, mənzil tikintisi genişləndirildi. Dünyada iqtisadi konyuktura 70-ci illərdə xoşagələn olmasa da, ADR-də bu dövrdə, yəni 70-ci illərin birinci yarısında milli gəlir 30% artdı. Honnekker rejimi ümumialman probleminə münasibətdə dəyişiklik yaratdı. O «Təcrid olunma» xəttini götürdü. «Sosialist alman milləti» konsepsiyası rəsmi olaraq tanındı. ADR-in 1974-c il konstitusiyasında göstərildi ki, dövlətin siyasəti vahid Almaniyanın bərpasıdır. İki alman dövlətinin əhalisinin əlaqəsi məhdudlaşdırıldı. Bu proses 1989-cu ilə qədər davam etdi.

1   ...   4   5   6   7   8   9   10   11   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə