Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə3/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

ABŞ Ronald Reyqanın prezidentliyi dövründə (1980-1988-ci illər). 1980-ci ildə ABŞ-ı yenidən iqtisadi böhran bürüdü. Ölkə daxilində sağ neomühafizəkar qüvvələr fəallaşdılar. Karter komandasına etiabar azaldı. 1979-cu ildə prezidentin təcrid olunması prosesi daha da gücləndi. İnzibati dairənin bir çox nüfuzlu xadimləri istefaya getdilər.

1980-cı ilin noyabrında keçirilən prezident seçkiləri demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs respublikaçıların əlinə keçdi. Ölkədə sağa doğru dönüş baş verdi. Sağ respublikaçılar dairəsinə mənsub olan, məşhur aktyor, gözəl natiq, hələ 1964-cü ildə Qolduoteri müdafiə etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ tarixində ən populyar prezident kimi tanınan Ronald Reyqan bu vəzifəyə seçildi. Reyqanın fəaliyyətində özünəməxsus cəhətlərdən biri onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı bacarması idi. Reyqanın dövründə ABŞ-da universal dövlət yaradılmış oldu. Bütün bunlara görə o tarixə böyük kommunikator kimi daxil oldu.Xalq onu «böyük ünsiyyət ustası» adlandırırdı.

Yeni iqtisadi böhran 1982-ci ilə qədər davam etdi. Sənaye məhsulu istehsalı 1979-cu illə müqayisədə 1980-ci ildə 3,6% aşağı düşdü. 1982-ci ildə isə bu rəqəm 8,2% oldu. Böhrandan avtomobilqayırma, qara metallurgiya, sənayenin digər qabaqcıl sahələri zərər çəkdilər. Böhran kənd təsərrüfatına və qeyri-istehsal sahələrinə də toxundu. Ölkədə 12 milyon işsiz var idi. ABŞ ancaq 1983-cü ildə iqtisadi böhrandan çıxmağa başladı. Həmin ilin payızında sənayedə artım 6,6% oldu. Reyqan fəaliyyətində «mühafizəkar inqilab» xəttini götürdü. Reyqan inzibati idarəsi daxili siyasət sahəsində bütün diqqətini ölkəni iqtisadi böhrandan çıxarmağa verdi. Bu sahədə ilk addım 1981-ci ilin avqustunda konqres tərəfindən bəyənilmiş vergi islahatı idi. Reyqanın dövründə şəxsi vergilər 5%-dən 20%-ə qədər azaldıldı.1980-1982-ci illərdəki energetika böhranından sonra Reyqan xaricdən gətirilən neft üzərində hökümət nəzarətini aradan götürdü. Neft və neft məhsullarının qiyməti 20 % qalxdı. Bu isə ölkədə neftin sərbəst satışını təmin etməyə imkan verdi. Bir sözlə, Reyqan istehsalın texnoloji struktur baxımdan yenidən qurulmasını təmin etdi. Sosial xərclər 54%-dən təxminən 48%-ə endirildi. Milli gəlirin iri kapitalın və əhalinin varlı təbəqələrinin xeyrinə sonradan yenidən bölgüsü və fəhlə sinfinin payının azalması siyasəti yeridildi. Onun dövründə ölkədə trans- milli korporasiyaların mövqeyi gücləndi. ABŞ-da bu illərdə ümumi məhsul istehsalı xeyli artdı. (Ümumi məhsul dedikdə ölkənin həm daxilində, həm də həmin ölkənin başqa ölkələrdəki müəssisələrində istehsal edilən məhsul nəzərdə tutulur). Reyqanın dövründə inflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirildi. Onun prezident olduğu 8 il ərzində inflyasiya 2%-ə endi. 13 milyon iş yeri açıldı. Məşğulluq problemi həll edilmiş oldu Reyqanın gördüyü bu tədbirlər «Reyqanomika», yəni Reyqan iqtisadiyyatı kimi tarixə düşdü. 1984-cü ildə o, yenidən prezident seçildi. Xalq artıq onu «tefton prezident» adlandırırdı.

Reyqanın dövründə senatda təhlükəsizlik və terrorizmə qarşı mübarizə aparmaq üçün xüsusi komissiya yaradıldı. Bu dövrdə xüsusi diqqət yetirilən sahələrdən biri də xidmət sahəsinin inkişafı idi. Məşğulluğun artmasının əsas mənbələrindən biri bu, digəri isə hərbiləşdirmənin sürətlən­dirilməsi idi. 80-ci illərdə ABŞ transmilli korporasiyalarının xarici ölkələr­dəki müəssisələri AFR, Fransa və ya İngiltərənin istehsal etdiyi məhsuldan daha çox məhsul buraxırdı. ABŞ dövlət-inhisarçı kapitalizminin bu dövrdə ən mühüm əlamətləri kredit, borc vermək və digər kapital ixracı formalırı idi. 80-ci illərdə ölkəyə mühacirət edənlərin sayı xeyli artdı. ABŞ-a Asiya və Latın Amerikasından axın gücləndi. 80-cı ildə təkcə Vyetnamdan buraya 800 minə qədər adam gəldi.

Muzdlu işçilərin 75%-i qeyri-maddi istehsal sahələrində çalışırdı və bu işçilər içərisində 44%-ini qadınlar təşkil edirdi. Cəmiyyətin «avara» adamları hesab edilən aktyorların, jur­nalistlərin vəziyyəti yaxşılaşdı. Onlar cəmiyyətdə öz yerlərini tutdular. ABŞ-da artıq kompüterlərin kütləvi istehsalı sürətləndi. Onların sayı 20 milyonu ötüb keçdi. Bu zaman ABŞ cəmiyyətini varlılar, orta sinfin üç təbəqəsi, yoxsullar, dilənçilər, evsizlər kimi sosial qruplara bölmək olardı.

Bu qruplar arasında gəlirlərin və yığılmış sərvətlərin səviyyəsinə görə böyük fərq var idi. 80-cı illərdə yüksək təminatlıların sayı artdı. Ailələrin böyük əksəriyyəti orta rifaha malik qrupa aid edildi. Bir çox amerikalılar müxtəlif kompaniyaların səhmlərini əllərində cəmləşdirərək əmək haqlarından başqa, kollektiv mülkiyyətdən də hər il gəlir əldə edirdilər.

Reyqan dünya siyasətində özünəməxsus məktəb açmış bir prezident kimi qaldı. O, siyasətin özündə bir incəsənət yaratdı. Reyqanın dövründə silahlanma ən yüksək mərhə­lə­sinə qalxdı. Belə ki, onun dövründə hərbi büdcə ölkənin federal büd­cəsinin 23%-indən 27%-nə qalxdı. Hərbi sənaye kompleks­lərinin (bu komplekslərə hərbiçilərin yüksək dairəsi, dövlətin müəyyən quluqçuları, Silah istehsal edən korporasiyalar və hərbiləşdirilmiş elm daxildir) fəaliyyəti gücləndi. Onlardan on ikisi ABŞ-ın Müdafiə nazirliyi olan Pentaqonun sifarişlərini həyata keçirirdi. ABŞ-da ən çox inkişaf edən və böhranlı və­ziy­yət keçirməyən sahə hərbi sahə idi. Çünki bu sahə höku­mətin nəzarəti altında idi. Hərbi xərclər 1979-1980-cı illərdəki 134 milyard dollardan 1988-ci ildə 291 milyard dollara qalxdı. «Ulduzlar müharibəsi»ni nəzərdə tutan «Strateji müdafiə təşəbbüsü» proqramı işlənib hazırlandı. Kosmosda silahlanma gücləndirildi. Onun həyata keçirilməsinə milyardlarla dollar ayrıldı.

Reyqanın xarici siyasəti C.Karterin siyasətinin, demək olar ki, davamı idi. Bu siyasətin ideya-nəzəri əsasını neoqlobalizm təşkil edən yeni mühafizəkarlıq təşkil edirdi. Neoqlobalizm ABŞ xerici siyasətinin qlobal problemlərini regional səviyyədə həll etməyi nəzərdə tuturdu. Bu surətlə silahlanma, SSRİ və digər sosialist ölkələrini iqitsadi cəhətdən xeyli geridə qoymaq, üçüncü dünya ölkələrində vəziyyəti düzgün qiymətləndirmək və s. fundamental prinsiplərə əsaslanırdı. Reyqan da C.Karter kimi NATO-nun hərbi xərclərinin 3% artırılması və Qərbi Avropada orta mənzilli raketlərin yerləşdirilməsi işini bəyəndi və davam etdirdi. 1983-cü ildə ABŞ Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta mənzilli raketlərini yerləşdirməyə başladı. O da Əfqanıstan məsələsi ilə əlaqədar SSRİ ilə münasibətləri gərgin şəkildə saxladı. ABŞ Latın Amerikası ölkələrinə qarşı yenidən «Böyük dəyənək» siyasətinə qayıtdı. ABŞ, bu regionda «Beynəlxalq terrorizmə qarşı «mübarizə» tezisini irəli sürdü. Reyqan hökuməti Latın Amerikası ölkələrinə münasibətdə pan­amerikan həmrəyliyi prinsipini irəli sürdü. Karib höfzə­sin­də öz mövqelərini möhkəmləndirdi. Reyqan hökuməti 1982-ci ildə «Karib təşəbbüsü» deyilən təşəbbüslə çıxış etdi. Bu təşəbbüs quraqlıqdan zərərçəkən region ölkələrinə yardım etməyi nəzərdə tuturdu. Nikaraquaya qarşı elan edilməmiş müharibə apardı, Salvadorun mühafizə­kar dairə­lərinə hər cür kömək göstərdi. 1982-ci ildə Malvin (Folklend) adaları üstündə İngiltərənin Argentina ilə müha­ribəsində İngiltərəni müdafiə etdi. Reyqan hökuməti regional münaqişələrin nizama salınması konsepsiyasını irəli sürdü. İsrail-Ərəb münaqişə­lə­rində İsrailin dayağına çevrildi. 1982-ci ildə Yaxın Şərqin əzab çəkmiş xalqları üçün «Amerika sülh təşəbbüsləri»ni irəli sürdü. Kubanın Qrenadada hərbi baza tikməsi ilə əlaqədar olaraq 1983-cü ildə cəmisi 100 min əhalisi olan Qrenadaya qoşun çıxartdı. Reyqan hökuməti xarici siyasətində Asiya və Sakit okean regionuna xüsusi diqqət yetirirdi. 1986-cı ilin sonunda ABŞ bu regiona 35,7 milyard dollar sərmayə ayırdı.

Reyqanın dövründə «İran kontras» baş verdi. Məsələnin məğzi idi k4i, Ağ ev İrana silah göndərilməsinə görə, alınan vəsaitin bir hissəsini gizli surətdə, konqresin sanksiyası olmadan, Nikaraqua xalqına qarşı elan edilməmiş müharibə aparan əksinqilabçılara hərbi yardım kimi verirdi.

1983-cü ildə «Demokratiya və kütləvi diplomatiya proqramı» qəbul edildi ki, bundan da məqsəd sosialist ölkələrinə qarşı fəaliyyətin istiqamətləri və metodlarını müəyyən etmək idi.

1985-ci ilə qədər Reyqan SSRİ-ni «Şər imperiyası» elan edə­rək onu iqtisadi cəhətdən zəiflətməyi ABŞ-ın əsas məqsədi olduğunu bildirirdi. 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail Sergeyeviç Qorbaçov gəldikdən sonra ABŞ-la SSRİ arasındakı münasibətlərdə mülayimləşmə baş verdi. Reyqan sosializmi «zibilliyə» atmaq planını həyaia keçirməyə başladı. Qorba­çovla Reyqan 1985-ci ildə Çenevrədə, 1986-cı ilin oktyabrında isə İslandiyanın paytaxtı Rekyavikdə görüşdülər. 1987-ci ilin dekabrın 7-8-də M.S.Qorbaçov Vaşinqotonda oldu. Vaşinq­tonda «Qısa mənzilli raketlərin məhv edilməsi haqqında» iki dövlət arasında saziş bağlandı. Bu tarixdə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan bu sazişi bağlayarkən etdiyi çıxışlarında göstərdi ki, biz SSRİ ilə saziş bağlayarkən rusların çox sevdiyi bir atalar sözünü işlətmək istəyirəm: «İnan, lakin yoxla». 1988-ci ilin mayında Reyqan Moskvaya gəldi. Danışıqlar mehribanlıq şəraitində keçdi. Reyqan Moskvadan qayıdarkən bildirdi ki, onun sosializm cəmiyyəti haqqında təsəvvürlərində yanlışlıqlar var və sosializmdən də çox şey öyrənmək olar.

ABŞ, Liviyanı terrorizmi himayə etməkdə təqsirləndirdi, 1981-ci ildə onun 6-cı donanması Liviya sularını keçdi. 1986-cı ilə qədər bu müharibə davam etdi.

Reyqan hökuməti 1985-ci ildə inkişaf etməkdə olan ölkələrlə münasibətdə ABŞ-ın siyasətini hüququ cəhətdən əsaslandıran «Reyqan doktrinası»nı irəli sürdü.

ABŞ Corc Buşun prezidntliyi dövründə (1988-1992-ci illər). 1988-ci ilin prezident seçkilərində Amerika xalqı öz sevimli prezidenti olan Ronald Reyqanla vidalaşmalı oldu. Onun dövründə vitse-prezident olan Corc Buş prezident seçildi. O, prezident olan kimi «Yeni küləklər əsir» tezisini irəli sürdü. Bu dövrdə ölkə bir sıra maliyyə problemləri ilə qarşılaşdı. C.Buş inzibati idarəsi bir sıra əmanət müəssisələrini ləğv etdi və 1989-cu ildə maliyyə institutlarının islahatı haq­qında qanun verdi. Lakin bu islahat uğursuzluqla nəticələndi. 1991-ci ildə iqtisadi inkişafın aşağı düşməsi C.Buşu məcbur etdi ki, Reyqanın mühafizəkar maliyyə proqramını davam etdirmək xəttindən əl çəksin. Böyük C.Buşun inzibati idarəsi tezliklə vergiləri artırdı, sosial və nisbətən də hərbi xərcləri azaltdı. Eyni zamanda kiçik sahibkarları müdafiə və azad ticarəti təmin edən proqram işlənib hazırlandı. Lakin o, bu proqramı həyata keçirə bilmədi.

Corc Buş ABŞ-ın İkinci dünya müharibəsində iştirak etmiş sonuncu prezidenti idi. Xarici siyasətdə o, SSRİ ilə danı­şıqları davam etdirdi. 1989-cu ilin dekabrında Malta adasındakı görüş SSRİ-nin dağılması, Almaniyanın birləş­dirilməsi, Avropadakı sosialist dövlətlərin əvvəlki quruluşa qayıtması və dünya xəritəsində yeni geosiyasi dəyişikliklərin əmələ gəlməsi üçün bir sıqnal rolunu oynadı. 1991-ci ilin fevralında Corc Buş 30-a qədər dövlətin birgə iştirakı ilə «Səhrada tufan əmə­liyyatı» adı altında İraqa hücum təşkil etdi. Buna səbəb o idi ki, 1913-cü ilə qədər İraqın tərkibində olan Küveyti 1990-cı ilin avqustunda İraq yenidən tutmuşdu. Buna bəhanə o oldu ki, güya Kuveyt sərhədyanı yataqlardan İraq neftini mənimsəmişdir. İraq Küveytdən 2,5 milyard dollar kompensasiya istədikdə Kuveyt bu tələbi rədd etdi. ABŞ təkid edirdi ki, İraq Küveytin müstəqilliyini yenidən tanısın. Lakin əvvəlcədən şəxsiyyəti müəyyən edilməyən bir lider olan Səddam Hüseyn bu tələblə razılaşmadı. Belə olduqda BMT-nin Təhlükəsizlik şurasının 4 üzvü-İngiltərə, Fransa, ABŞ, SSRİ İraqa hücumun lehinə, Çin isə bitərəf qaldığını bildirdi. Lakin bir ay keç­məmiş İraq Küveyti azad etməyi və ona olan borcunu verməyi öhdəsinə götürdü.

Corc Buşun dövrü həm də onunla xarakterik idi ki, hələ İkinci dünya müharibəsinin sonlarında başlamış olan «soyuq müharibə» SSRİ-nin dağılması ilə başa çatdı. O, «Yeni beynəlxalq qaydalar» doktrinasını irəli sürdü. Böyük Corc Buşun dövründə ABŞ-ın dünyanın yeganə lideri kimi tanın­ması və dünyanın «amerikasayağı» idarə olunması üçün imkan yaradılmış oldu. Qloballaşma, həqiqətdə isə «amerikanlaşma» prosesi surətləndi və tezliklə bütün dünyanı öz qucağına aldı. Dünya təsərrüfatı dolların musiqisi altında rəqs etməyə başladı.

ABŞ Bill Klintonun prezidentliyi dövründə (1992-2000-ci illər). 1992-ci ildə keçirilən prezident seçkilərində demokratlar təşəbbüsü ələ aldılar. 1946-cı ildə anadan olmuş, «Amerikaya yeni dəyişikliklər lazımdır» şüarı altında prezident seçkilərinə qoşulan Arkanzas ştatının qubernatoru Bill Klinton bu vəzifəyə seçildi. Bill Klinton hakimiyyətə gəl­dik­dən sonra bildirdi ki, o nə respublikaçıların, nə də demokrat­ların yeritdiyi siyasəti müdafiə etməyəcəkdir. O, ikisinin də müsbət cəhət­lərini götürüb «üçüncü yol» siyasətini həyata keçirəcəyini bildirdi. Bill Klinton hakimiyyətə gələndə ABŞ-da 300 milyard dollar büdcə kəsiri var idi. Əhalinin 10%-i işsiz idi. O hakimiyyətə gəldikdən sonra dərhal sosial xərclərin artırıl­masını təmin etdi. O göstərirdi ki, sosial sahəyə diqqət dövlətin əsas funksiyalarından biridir, o, kəsirsiz maliyyələş­mə yolu ilə həyata keçirilməlidir. Klintonun ən başlıca məqsədlərindən biri beynəlxalq aləmdə ABŞ-ın liderlik möv­qeyini təmin etmək üçün ABŞ iqtisadiyyatının çiçək­lənməsini və daxili sabitliyi təmin etmək idi. Bunun üçün o, sərbəst rəqabətin olmasını başlıca vasitə hesab edirdi. Klinton inzibati idarəsi əvvəl iqtisadiyyatı sabitləşdirmək, sonra isə onun inkişafını təmin etməyə müvəffəq oldu. Bütün bunlar B.Klin­tona imkan verdi ki, 1996-cı il prezident seçkilərində də qalib gəlsin. Öz prezidentliyi dövründə o, sosial təmintat sahəsində islahatlar keçirmək xəttini götürdü. Onun dövründə ABŞ əhalisinin həyat səviyyəsi yüksəldi. Hərbi xərclər xeyli ixtisar edildi. 1998-ci ildə büdcənin ancaq 16%-i hərbi xərclər üçün ayrılmışdı. Nəticədə sosial xərclər hərbi xərcləri üç dəfə üstələmiş oldu. Hökümət proqramında təhsilin müdafiəsinə xüsusi diqqət yetirildi, Elmi Texniki İnqilabın fasiləsiz iqtisadiyyatda öz əksini tapması şəraitində fəhlə qüvvəsinin ixtisas səviyyəsi artırılması əsas vəzifə kimi irəli sürüldü. Klintonun dövründə federal büdcənin 1/3 hissəsi elmin inkişafına ayrılmışdı. Onun yarıdan çoxu isə fundamental tədqiqatlara sərf olunurdu. Ölkədə 20 milyon nəfərlik iş yeri açıldı. 1999-cu ildə isə ABŞ tarixində ilk dəfə olaraq kəsirsiz büdcəyə nail olundu.

Bill Klinton öz xarici siyasətində liberal mövqe tutdu. Klinton inzibati idarəsinin xarici siyasət strategiyası ABŞ üçün «dünya lideri» rolunu saxlamağa yönəldilmişdi. 1992-ci ildə Şimali Amerika azad ticarət zonasının təşkili haqqında saziş qüvvəyə mindi. 1994-cü ildə ABŞ-ın təşəbbüsü ilə «Amerika azad ticarət zonasının təşkili » haqqında qərar qəbul edildi. ABŞ-ın Asiya-Sakit okean regionu ölkələri ilə iqtisadi əmək­daş­lıqda fəal iştirakı təmin edildi. Yeni «Avroatlantik bazarı»­nın təşkili haqqında plan işə başladı. NATO-nun Şərqə doğru genişlənməsi məsələsində ABŞ Rusiyaya güzəştə getməli oldu. 1997-ci ildə ABŞ-Rusiya danışıqlarında ABŞ öhdəsinə götürdü ki, Polşa, Çexiya, Macarıstan NATO-ya qə­bul olunsa da, həmin dövlətlərin ərazisində ABŞ-ın hərbi bazaları yaradılmayacaqdır. Bill Klinton Yuqoslaviya ilə əlaqədar 1995-ci ildə münasibətlərin sahmana salınmasına və Deyton müqaviləsinin (1995-ci il dekabr) bağlanılmasına nail oldu. Yaxın və Orta Şərq məsələsində 1994-cü ildə Vaşinqtonda, 1995-ci ildə Qahirədə, 1996-cı ildə Osloda İsrail ilə Fələstin arasında münasibətlərin nizama salınmasına cəhd göstərdi. 1996-cı ildə Oslo müqaviləsi əsasında Fələstinə muxtariyyat verildi. ABŞ 1990-cı ildə SSRİ-dən ayrılmış Pribaltika respublikalarında öz nüfuzunu gücləndirməyə xüsusi səy göstərdi. 1997-ci ildən ABŞ ATƏT-in Qarabağ məsələsini nizama salmaq üçün hələ 1992-ci ildə təşkil etdiyi Minsk qrupunun həmsədrlərindən biri oldu. Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanat adlanan sənədi B.Klintonla Azərbaycan prezidenti H.Əliyev bu dövrdə imzaladılar. Bu sənəd iki ölkə arasındakı münasibətlərin prinsip və gələcək istiqamətlərini göstərirdi.

1998-ci ildə ABŞ yenidən İraqa qarşı möqeyində sərtləş­di. Belə ki, ABŞ İraqı kimyəvi silahlar istehsalında günah­lan­dır­mağa başladı. Lakin Bill Klinton vəziyyəti müharibə həd­di­nə gətirmədi. Atlantika həmrəyliyi gücləndirildi. 1998-1999-cu illərdə Kosovada münaqişənin nizama salınması zamanı NATO-nun silahlı qüvvələrindən istifadə edildi. 1999-cu ilin payızında ATƏT-in İstanbul sam­mitində ABŞ Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin çəkilməsi haqqında sazişi bəyəndi. Klintonun dövründə ABŞ-ın demokratiya və azad bazar iqtisadiyyatı konsepsiyası bütün dünyada qəbul edildi, iqtisadi amirlik metodllarından əl çəkildi, informasiya mübadiləsi artdı, azad bazarla demokratiyanın yanaşı addımladığı yeni şərait yaranmış oldu. Bill Klinton İkinci cahan müharibəsindən sonrakı dövrdə ABŞ-ın ən ağıllı prezidenti kimi tarixə düşdü.

ABŞ, Corc Buşun (kiçik) prezidentliyi dövründə (2000-ci ildən 2008-ci ilə qədər). ABŞ konstitusiyasına əsasən Bill Klinton 2000-ci il prezident seçkilərində iştirak etmədi. Demokratlar partiyasından olan Albert Qor respublikaçı Corc Buşdan 542 min çox səs toplasa da, lakin seçki kollegiyası respublikaçıların xeyrinə məsələni həll etdi. Səslər hesab­lanarkən ABŞ seçki sisteminin xüsusiyyətləri nəzərə alınmalı oldu. Qoru 20 ştat və Kolumbiya federal dairəsi, Buşu isə 30 ştat müdafiə edirdi. Əhalisi yarım milyondan çox olan şəhərlərin 1/3-i A.Qoru, 60%-isə Buşu müdafiə edirdi. A.Qor ölkənin sahilətrafı, C.Buş isə daxili əyalətlərində qələbə çalmışdı. Həmçinin respublikaçılar demokratlar üçün əhəmiy­yət kəsb edəcək bülletenlərin yenidən hesablanmasına imkan vermədi və Florida məhkəməsi Buşu qalib hesab etdi. Nəticədə ABŞ Ali mə­hkəməsi ölkənin 43-cü prezidentinin Corc Buş (kiçik) olması haqqında qərar qəbul etdi.

Corc Buş hakimiyyətə gəldikdən sonra respublikaçıların siyasətini davam edirməyə başladı. 2001-ci ildə konqresin qəbul etdiyi yeni vergi islahatı haqqında qanunda vergilərin 10 il ərzində 1,35 trilyon dollar ixtisar edilməsi nəzərdə tutulurdu. Kiçik Corc Buşun döv­ründə əmək məhsuldarlığı 4 il ərzində 2.5 dəfə artdı. Amerika xalqının həyat səviyyəsi yüksəlməkdə davam etdi. O, 2004-cü ildə yenidən prezident kürsüsünü tutdu.

Ölkədə keçmişdə olduğu kimi Şimal-Şərq (Nyu-York) və Orta-Qərb (Çikaqo) maliyyə kapitalı qruplaşmaları nüfuzlu mövqe tuturdular. Bununla bərabər Texas və Kaliforniya maliyyə qruplarının da xüsusi çəkisi artırdı. XXI əsrin ilk illərində ABŞ-da 15 min bank fəaliyyət göstərirdi. 100 başlıca korporasiyanın payına bütün istehsalın 1/3-i, sənaye aktivliyin isə 1/2-i düşürdü. Bütün bank əməliyyatlarının 1/3-i onların əlində idi. ABŞ dünyanın əsas güc mərkəzlərindən biri idi. Dünya ticarətində, demək olar ki, generator rolunu oynayırdı. Müasir silahların yarıdan çoxu onun paıyna düşürdü. Dünyada yeganə və güclü hərbi və siyasi təşkilat olan NATO-da rəhbər rol oynayırdı. ABŞ ETİ-nin bütün nailiyyətlərini özündə cəmləşdirən inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik idi. O, dünyanın inkişaf etmiş ölkələrinin təşkil etdiyi «Səkkizlər qrupunun» üzvü idi. 2005-ci ildə ABŞ-ın ümummilli məhsulu 12,9 trilyon dollar olmuşdu.

Güclü potensiala malik olması XXI əsrin əvvəllərində də ABŞ iqtisadiyyatının səciyyəvi cəhəti idi.

C.Buş xarici siyasətdə yenidən Yaxın və Orta Şərq ölkələrinə müdaxiləni əsas götürdü. 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktından sonra elə həmin ilin sonunda ABŞ Əfqanıstana müdaxilə etdi. Əfqanıstanda taliban rejimini devirdi. 2003-cü ilin martın 21-də İraqın bakteroloji silahlara sahib olduğunu bəhanə edərək İraqa hücum təşkil etdi. Səddam Hüseyn rejimi devrilsə də, İraqda sabitlik yaranmadı. 2001-ci il 11 sentyabr hadisələrindən sonra hərbi büdcə 393 milyard dollara çatdırıldı.

ABŞ-ın 2002-ci ilin may ayında Rusiya Federasiyası ilə strateji silahların məhdudlaşdırılması haqqında bağladığı müqaviləyə əsasən tərəflərdən hər biri ancaq 1700-2000 həcmində nüvə başlığı saxlaya bilərdi. Buş hökumətinin xarici siyasətinin sərtləşdiyini göstərən əlamətlərdən biri 2002-ci ilin iyun ayında onun raketdən müdafiə sistemlərinin məhdudlaş­dırılması haqqında müqavilədən imtina etdiyini bildirməsi idi.

2006-cı ilin noyabrın 7-də keçirilən parlament seçkilə­rin­də demokratlar partiyası qələbə çaldı. Bu qələbə ilk növbədə İraq amili, Cənubda baş verən qasırğa zamanı ayrılmış pulun xeyli hissəsinin mənimsənilməsi, ölkədəki korrupsiya, yeni ter­ror qorxusu, bir sözlə, Buşun siyasətindən narazılıq ilə əla­qədar idi.

ABŞ-da 2008-ci ildə keçiriləcək prezident seçki­lərinə demokratlar və respublikaçılar partiyaları tərəfindən ciddi hazırlıq gedirdi. Respublikaçılar Con Makkeynin, demokratlar isə qaradərili Barak Obamanın prezidetliyə namizədliyini irəli sürdülər. 2008-ci ilin noyabrın 4-də keçirilən prezident seçkilərində demokratlar partiyasının namizədi Barak Obama qalib gəldi və ABŞ-ın 44-cü prezidenti seçildi.

2008-ci ilin ikinci yarısında ABŞ-ı yeni maliyyə böhranı bürüdü. Buna səbəb bankların çoxlu kreditlər verməsi və onların bunun hesabına iflasa uğraması idi. Böhran tezliklə digər ölkələrə öz təsirini göstərdi, dünya maliyyə və iqtisadi böhranına çevrildi. Dünya bazarında neftin qiyməti surətlə aşağı düşdü. Dünya ərzaq məhsullarının surətli bahalaşması ilə qarşılaşdı.

Barak Obama prezident seçilərkən büdcə kəsiri 1,3 trilyon dollar idi. Bunun qarşısını almaq üçün o, yüksək gəlirdən alınan vergiləri artırmaq, İraqdakı hərbi xərcləri azaltmaq, 3,5 milyon iş yeri açmaq haqqında təklif irəli sürdü.

Prezident Barak Obamanın 2009-cu ilin fevralın 11-də «İqtisadiyyata yardım planı» senatda 37 səsə qarşı 61 səslə qəbul edildi. Planda iqitsadiyyatı böhrandan çıxarmaq üçün 238 milyard dollar pul ayırmaq nəzərdə tutulurdu. Həmçinin planda 4 milyon yeni iş yerinin açılması məsələsi də öz əksini tapmışdı.

B.Obama hökuməti 2009-cu ilin dekabrında 2010-cu ilin yanvarında Əfqanıstana taliban rejimi ilə mübarizə üçün daha 30 min qoşun göndərmək haqqında qərar qəbul etdi.

B.Obama hökuməti İraqdakı ABŞ qoşunlarının sayının azaldılması və onların tədricən çıxarılması barədə qərar qəbul etdi.

II. SSRİ (1991-ci ildən Rusiya Federasiyası)
SSRİ üçün İkinci dünya müharibəsinin nəticələri
1945-ci ilin mayın 9-11-də Avropada, sentyabrın 2-də isə Sakit okean və Uzaq Şərqdə müharibənin qurtarması ilə İkinci dünya müharibəsi başa çatdı. Altı il davam edən bu müharibə öz nəticələrinə görə SSRİ üçün daha ağır idi. Müharibədə SSRİ 27 milyon nəfər adam itirdi ki, bu İkinci dünya müharibəsində ölənlərin təxminən 40%-nə bərabər idi. SSRİ-nin itkisi ABŞ-ın itkisindən təxminən 70 dəfə çox idi. Yalnız Berlin ətrafında SSRİ-dən 300 min nəfərə qədər insan həlak oldu ki, bu da ABŞ-ın bütün müharibə boyu itkisinə bərabər idi.

Müharibə SSRİ-yə həm də çox böyük maddi zərər vurdu. Müharibə nəticəsində SSRİ-də 1710 şəhər, 70 min kənd, 65 min km.dəmiryolu xətti, 32 min sənaye müəssisəsi, 98 min kolxoz, 1876 sovxoz, 2890 Maşın-traktor stansiyası dağıdıldı. Kənd təsərrüfatında əkin sahələri 36,8 milyon hektar əksildi. Əhalinin kişi qisminin sayı azaldı. Müharibənin sonunda 1923-cü ildə anadan olmuş, yəni 1941-ci ildə 18 yaşı olan kişilərdən sağ qalanlar 3%-dən çox deyildi. Müharibə əslində kişilərin bütöv bir nəslini məhv etdi. Bu, ölkədə demoqrafik vəziyyətə uzun illər öz təsirini göstərdi. Əkin sahələri yararsız hala düşdü. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi.

İkinci dünya müharibəsi nəticəsində SSRİ-də 11 min adam Sovet İttifaqı qəhrəmanı adı ilə (Azərbaycandan 121 nəfər) 7 milyon adam isə müxtəlif orden və medallarla təltif edildi. Yeganə G.K.Jukov dörd dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Ümumiyyətlə, İkinci dünya müharibəsində SSRİ-yə dəymiş maddi və hərbi zərər 2 trilyon 169 milyard rubl (1941-ci il qiymətləri), ancaq hərbi zərər isə 600 milyard rubldan artıq idi. Xarici mütəxssislərin fikrincə, SSRİ-yə dəymiş zərəri ödəmək üçün 25 il vaxt lazım idi.

İkinci dünya müharibəsindən sonra SSRİ dünyanın ikinci böyük–super dövlətinə çevrildi. Artıq dünya hadisələrinin heç biri onun iştirakı olmadan həll edilə bilməzdi. Müharibə həm də SSRİ-yə imkan verdi ki, azad edilməsində iştirak etdiyi Avropa ölkələrində «sovet modeli»ni tətbiq etsin. Müharibənin sonunda SSRİ Silahlı qüvvələrində 11 365 min nəfər adam var idi ki, bu da ABŞ ordusundan sonra ikinci yerdə dururdu.

İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin ərazi­sində də dəyişikliklər oldu. Belə ki, Postdam və Paris kon­frans­larının qərarları əsasında Köniqsberq (Kalininqrad), həm­çinin Pribaltika respublikaları, Zakatpat Ukraynası, Bukovina və Bessarabiya SSRİ-yə verildi.

1944-cü ilin oktyabrında Tuva Xuralı SSRİ hökümətinə Tuva respublikasının SSRİ tərkibinə daxil olması xahişi ilə müraciət etdi. Tuva RSFSR-in muxtar vilayəti oldu. SSRİ ilə Polşa arasında qarşılıqlı ərazi mübadiləsi haqqında müqavilə bağlandı. SSRİ mərkəzi Belostokda olan rayonu Polşaya verdi. Polşa da öz növbəsində mərkəzi Vladimir-Volınski şəhərində olan rayonu SSRİ-yə verdi.

1947-cı ilin fevralın 10-da Finlandiya ilə bağlanmış Paris sülhünə əsasən Petsamo vilayəti Finlandiyadan alınaraq, yenidən SSRİ-yə verildi. Xanko yarımadası da SSRİ-nin 1954-cü ilə qədər ixtiyarında qaldı. Yaponiya İkinci dünya mü­haribəsində məğlub olduğuna görə 1904-1905-ci illərdə olmuş rus-yapon müharibəsi nəticəsində Rusiyadan alınmış Kuril adaları və Saxalinin cənub hissəsi də yenidən SSRİ-yə qaytarıldı. Port-Arturda SSRİ 1954-cü ilə qədər öz hərbi bazalarını yerləşdirmək imkanı qazandı.

1946-cı ildə SSRİ Əfqanıstanla iki ölkə arasında sərhədin Amudərya çayı axarı üzrə müəyyən edilməsi haqqında saziş bağladı.

Ümumiyyətlə, İkinci dünya müharibəsi SSRİ-yə maddi və hərbi zərər vursa da, digər tərəfdən onun ərazi və siyasi nüfuz cəhətdən uğurlar qazanmasına gətirib çıxartdı.

1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə