Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə23/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

Danimarka «soyuq müharibə» illərində. XX əsrin 50-ci illərində Danimarka iqtisadi inkişafda müəyyən çətinlik­lərlə qarşılaşdı. Bu ilk növbədə Danimarkanın ixrac etdiyi kənd təsərrüfatı məh­sullarının dünya bazarında ucuzluğu, Danimarkanın idxal etdiyi xammal, yanacaq və sənaye mallarının isə dünya bazarında bahalığı ilə əlaqədar idi. Danimarkanın xarici borcları artdı.

1950-1952-ci illərdə ölkənin iqtisadiyyatı durğun vəziyyətə düşdü. İş­sizlik artdı. Ancaq 50-ci illərin sonunda Danimarkanın iqtisadi vəziyyəti bir qədər yaxşılaşdı. Kənd təsərrüfatı məhsullarının dünya bazarında qiyməti artdı. Kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 1,5 dəfə artdı. Artıq 1960-cı ildə ölkə sənayesində əhalinin 54%-i çalışırdı. Danimarka aqrar-sənaye ölkə­sindən sənaye-aqrar ölkəyə çevrildi.

Elektronika, gəmiqayırma, dizelqayırma, soyuducu avadanlığı istehsalı, yeyinti, müalicə avadanlığı sənayesi sürətlə inkişaf etdi. Danimarkanın sənaye mal­larının dünya bazarında rəqabət qabiliyyəti artdı. 60-cı illərdə sənaye məhsulları isteh­salı iki dəfə, sənaye məhsullarının ixracı isə 3 dəfə artdı. Aqrar-sənaye komp­lek­sləri mühüm yer tutdu. Donuz əti, kərə yağı və pendir ixracına görə Da­nimarka dünyada ilk yerlərdən birini tutdu.

Ölkənin siyasi həyatında sosial-demokratlarla burjua partiiyalarının (Vens­t­rer ilə Xeyre) arasında qüvvələrin tarazlaşması səciyyəvi cəhət idi. 1950-ci ildə DSDP müxalifətə keçdi. Venstre partiyasının lideri iri fermer E.Eriksen liberal-mühafizəkar koalisiyalı hökumət təşkil etdi. Bu hökumət 1953-cü ilə qədər hakimiyyətdə oldu. Bu hökumət vergiləri artırdı, kredit verilməsini məhdudlaşdırdı. Zəhmətkeşlərin vəziyyəti pisləşdi.

Eriksen hökuməti ABŞ-la 1950-ci ildə hərbi yardım, 1951-ci ilin aprelin­də isə «Qrenlandiyanın müdafiəsi haqqında» saziş imzaladı. Qrenlandiyada ABŞ-ın hərbi bazaları yaradıldı.

Danimarkanın NATO-ya daxil olması onun hərbi xərclərinin artmasına və 1953-cü ildə onun 900 mln. krona çatmasına gətirib çıxartdı. 1952-ci ildə hökumətin ölkədə fövqəladə vəziyyət elan etməsinə icazə verən qanun qəbul edildi.

1953-cü ildə Danimarkanın yeni Konstitusiyası qəbul edildi. Bir palatalı parlament, yəni folketinq 179 deputatdan ibarət idi. Konstitusiyada nəzərdə tutulurdu ki, mühüm qanunverici problemlərlə əlaqədar ümumxalq referendumu keçirilə bilər. Dövlət tərəfindən sığorta olunmaq və sosial müdafiə vətəndaşın hüququ idi. Qrenlandiyanın müstəmləkə statusu təxirə salındı. O, ölkənin bərabərhüquqlu tərkib hissəsi hesab olunurdu. Faryer adaları muxtariyyət qazandı. Folketinqə seçki yaşı 25-dən 23-ə endirildi (1961-ci ildə 21-ə, 1972-ci ildə isə 18 yaşa endirildi).

1953-cü ildə keçirilən seçkilərdən sonra hakimiyyətə DSDP-nin hökuməti gəldi. 1953-1955-ci illərdə onun başında X.Xedtaft, 1955-1960-cı illərdə X.Xan­son, 1960-1962-ci illərdə V.Kapmann, 1962-1968-ci illərdə E.O.Kraq dururdu. 1957-1964-cü illərdə hökumətin tərkibinə bir neçə burjua partiyaları­nın nümayəndələri də daxil oldular. Sosial-demokratlar xırda və orta şəhər burjuaziyasının mənafeyini müdafiə edən partiyalarla ittifaqa çalışırdı ki, öz parlament bazasını genişləndirsin.

50-ci illərin sonunda tətillərin artması hökuməti xəstəliyə görə sığortanı həyata keçirməyə və işsizlərə verilən müavinatı artırmağa məcbur etdi.

1959-cu ildə Danimarka Kommunist partiyasından A.Larsenin başçılıq etdiyi bir qrup ayrılaraq Sosialist Xalq Partiyasını (SXP) təşkil etdilər. 1960-cı ildə DSDP-nin qəbul etdiyi yeni proqramda marksizmdən tam imtina edildi.

50-ci illərin ortalarında Danimarkanın SSRİ ilə münasibətləri yaxşılaş­mağa başladı. Onların arasında ticarət genişləndi. 1957-ci ildə Danimarka öz ərazisində NATO-nun hərbi bazalarının yerləşdirilməsinə qarşı çıxdı.

1967-cı ilin sonunda DSXP ilə DSDP arasında olan əməkdaşlıq pozuldu.

Sosial-demokrat O.Kraqın başçılıq etdiyi hökumətin dövründə, yəni 60-cı illərdə daxili mənbələr hesabına xəzinəni doldurmaq üçün dolayı vergilər artırıldı.

1968-ci ilin yanvarında keçirilən növbədənkənar parlament seçkilərində burjua partiyaları əksəriyyət qazandılar. Radikallar partiyasının lideri vəkil Baunsqorun başçılığı altında koalisiyalı hökumət təşkil edildi. Budcə xərcləri, xarici valyuta ehtiyatı ixtisar edildi. Xarici ticarət defisiti artdı.

Bu dövrdə Şimali Atlantika bloku sistemində Danimarkanın silahlı qüvvələrinin inteqrasiyası prosesi davam etdirildi. SSRİ və digər sosialist ölkələri ilə də əlaqələr səmərəli şəkildə davam etdirilirdi.

Danimarka XX əsrin 70-ci illərində. Müharibədən sonrakı dövrdə inhisarçı kapital Danimarkada əhəmiyyətli dərəcədə öz mövqeyini möhkəmləndirdi. Artıq 70-ci illərin əvvəllərində iri səhm cəmiyyətlərinin 25%-i ölkənin sənaye və digər müəssisələrinin 53%-nə nəzarət edirdilər. Üç iri bankın əlində bütün maliyyə əməliyyatlarının 60%-i cəmlənmişdi. Eyni zamanda bu dövrdə ölkədə ABŞ, Qərbi Almaniya, İsveçrə kapitalının mövqeyi genişləndi. Danimarka sənaye müəssisələrinin 30%-i xarici inhi­sarların əlində idi.

70-ci illərin əvvəllərində iqtisadiyyatın inkişaf tempi xeyli aşağı düşdü. 1960-cı illə müqayisədə 1970-ci ildə qiymətlər 70% qalxdı. Dolayı vergilər ar­tırıldı, idxal üzərində yüksək vergi qoyuldu. Ölkənin maliyyə iqtisadi vəziy­yətini yaxşılaşdırmaq üçün sosial yardımlar, əmək haqlarının artımı ixtisar edildi, sosial təminata və təhsilə çəkilən xərclər azaldıldı. 1970-ci ildə folketinq həmkarlar ittifaqları ilə sahibkarlar arasındakı münaisbətlərə hökumətin əmək haqqı məsələsində qarışmasına icazə verən qanunu bəyəndi. Dövriyyədən, mən­zil haqqından alınan vergilər artırıldı, qiymətlər donduruldu. 1971-ci ildə hö­kumət bağçalara və yaslilərə ayrılan dövlət vəsaitini azaltdı. 80 yaşdan yu­xarı qocaların pensiyalarına edilən əlavələri təxirə saldı. Hökumət bununla iqtisadi çətinlikləri aradan qaldıra bilmədi. Qərbi Avrpa ilə inteqrasiya çox kəskin diskussiyaya səbəb oldu. Nəhayət, 1973-cü il yanvarın 1-də Danimarka AİB-in üzvü oldu. Lakin bununla da ölkənin iqtisadi vəziyyəti yaxşılaşmadı. Əksinə ərzaq mallarının qiyməti qalxdı, zəhmətkeşlərin vəziyyəti pisləşdi. Ölkəni tətillər bürüdü. Nəticədə saathesabı əmək haqqı 7,5% artdı, qadın və kişilərin əmək haqqı bərabərləşdirildi. İş həftəsinin uzadılması ixtisar edildi. Bütün bunlar sosial-demokratların nüfuzuna təsir etdi.

1973-cü ilin parlament seçkilərində yenicə meydana gəlmiş Xristian-demokratlar, Mütərəqqi və Demokratik mərkəz partiyası səslərin üçdə birini qazandı. DSDP və Mühafizəkarlar partiyası ciddi məğlubiyyətə uğradılar. Venstre, yəni liberallar 12% səs aldılar. Liberal P.Xartlinqin başçılığı altında təşkil edilən hökumət 1974-cü ilin sonuna qədər hakimiyyətdə qaldı.

1974-1975-ci illərdə Danimarkada iqtisadi böhran başlandı. Ölkənin is­teh­sal gücü 75%-ə qədər azaldı. Ölkədə 155 min işsiz var idi. Hökumət dövlət xərclərini ixtisar etmək yolunu tutaraq sosial ehtiyaclara çəkilən dövlət xərc­lərini azaltdı və dolayı vergiləri artırdı.

Xartlinq parlamenti buraxdı və yeni seçkilər təyin etdi. 1975-ci ilin yanvarın 9-da keçirilən seçkilərdə sosial-demokratlar uğur qazandılar. Fevralın 13-də A.Yorgensenin başçılığı altında sosial-demokrat hökuməti təşkil edildi. Bu hökumət kollektiv əmək sazişlərini uzatdı, əmək haqlarını dondurdu, sahibkarlara əlavə güzəştlər verdi. 1976-cı ildə «İqtisadiyyatın sağlamlaşdı­rılması» adı altında folketinq bir sıra qanunlar qəbul etdi və xüsusi sahibkarlara kömək etmək üçn 1 mlrd. kron vəsait ayrıldı.

1976-cı ildə Danimarka tədricən iqtisadi böhrandan çıxmağa başladı. Öz mövqeyini möhkəmləndirmək üçün sosial-demokratlar 1977-ci ilin fevralında növbədənkənar seçkilər təyin etdilər və bu seçkilərdə böyük uğur qazandılar. Yenə də sosial-demokratların birpartiyalı hökuməti təşkil edildi. Ölkədə anti böhran tədbirləri həyata keçirmək üçün sosial-demokrat hökumətinin tərkibinə liberallar da daxil edildi. 70-ci illərin sonunda ölkənin iqtisadi vəziyyəti bir qədər yaxışlaşdı.

70-ci illərdə də Danimarka NATO-nun hərbi manev­rlərində iştirak etməkdə idi. Bununla belə, o, 1975-ci il Hel­senki müşavirəsinin Yekun aktını im­zaladı. Lakin 70-ci illərin sonunda ABŞ-ın təzyiqi altında Danimarka höku­məti ortamənzilli raketləri Qərbi Avropa ölkələrində yerləşdirmək haqqında NATo-nun qərarını müdafiə etdi.

Danimarka hökuməti Baltik dənizi zonasında normal münasibətlərin inkişafı və mökhəmlənməsinə səy göstərirdi. Bununla belə, o, Finlandiyanın Avropanın şimalını nüvəsiz zona elan etmək təklifini müdafiə etmədi. 1970-ci ildə Danimarka SSRİ ilə iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında saziş bağladı. 1975-ci ildə SSRİ-yə Danimarka kraliçası II Marqarita rəsmi səfər etdi. Digər sosialist ölkələri ilə də əməkdaşlıq genişləndi. Danimarka 1970-ci ildə Albaniya, 1971-ci ildə Vyetnam Demokratik respublikası, 1973-cü ildə ADR və KXDR-lə diplomatik münasibətlər yaratdı.



Danimarka XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəllərində ABŞ və Qərbi Avropada iqtisadiyyatın pis­ləş­məsi Danimarkaya da təsir etdi. 1981-1982-ci illərdə ölkədə böhran başladı. Ancaq 1984-cü ildən ölkənin iqtisadi vəziyyəti yaxşılaşmağa başladı. «İqti­sa­diyyatı sağlamlaşdırmaq» üçün 1980-ci ilin aprelində Yorgensen hökuməti uzunmüddətli iqtisadi proqram irəli sürdü. İxrac sahələrinin inkiaşfına xüsusi diqqət yetirilməsi nəzərdə tutulurdu.

İqtisadi problemlərin həllinə yanaşma üsulları ilə əlaqədar folketinqdə ziddiyyətlər gücləndi və 1981-ci ilin dekabrında növbədənkənar parlament seç­ki­lərinin keçirilməsi ilə nəticələndi. Seçkilər nəticədə yenə də sosial-de­mokratların birpartiyalı hökumətinin 1982-ci ilin sentyabrına qədər haki­miyyətdə qalmasına səbəb oldu.

1982-ci ilin sentyabrında keçirilən parlament seçkiləri nəticəsində mühafizəkarlar partiyasının lideri P.Şlyüterin başçılığı altında bur­jua partiyalarının nümayəndələrindən ibarət koalisiyalı hökumət təşkil edil­di. Hökumətin «sərt qənaət» xətti müxalifət tərəfindən kəskin tənqid edildi. 1984-cü ilin yanvarın 10-da təcili keçirilən növbədənkənar seçkilər hökumət koalisiyasının mövqeyini daha da gücləndirdi.

Danimarkanın xarici siyasəti ilk növbədə onun NATO və AİB-də işti­rakı ilə müəyyən edilirdi. Həmçinin SSRİ və sosialist ölkələri ilə də normal münasi­bətlər davam etdirilirdi. 1983-cü ilin noyabrında folketinq Avropanın şimalında nüvəsiz zona yaratmaq təşəbbüsünü bəyəndi. 1984-cü ildə Qrenla­n­diyanın Dani­mar­kanın tərkibində daxili muxtariyyət hüqu­qu­nda qalaraq, öz ərazisini nüvəsiz zona elan etməsi böyük əks-sə­daya səbəb oldu.

90-cı illərin birinci yarısında Danimarka iqtisadiyyatında yüksəliş artdı. Dani­markada sənayenin inkişafının mühüm xüsusiyyətlərindən biri olan ixtisaslaş­dırılmış nadir istehsal sahələrinin mövcud olması bu dövrdə daha çox özünü göstərdi.

90-cı illərdə də Danimarka NATO-nun üzvü kimi öz öhdəliyini yerinə yetirirdi. Həmçinin ABŞ, Qərbi Avropa, Şimali Avropa, Rusiya və Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrin inkişafına da xüsusi diqqət yetirirdi. Danimarka BMT, ATƏT, Avropa İttifaqı və Avropa Şurası tərkibində də səmərəli fəaliyyət göstərirdi.



XII. Cənubi Avropa dövlətləri
YUNANISTAN

İkinci Dünya müharibəsinin

Yunanstan üçün nəticələri

İkinci Dünya müharibəsi ölkəyə böyük fəlakət gətirdi. Əhalinin 8%-i həlak oldu. Sənaye və kənd təsərrüfatı istehsalı aşağı düşdü. Xarici ticarət kəsiri artdı. Ölkə iqtisadiyyatında hakim mövqeni inhisarçı ticarət kapitalı, iri torpaq sahibləri, bankirlər, kral ailəsi tuturdu. Ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilər əsasən icarədarlar idi. Fəhlə sinfi sayca az olsa da, azadlıq müba­rizəsində əsas rol oynayırdı. Hədsiz sağ mövqedə duran partiyalar «Qara blok» cəbhəsi təşkil etdilər. Onların içərisində ən nüfuzlusu Xalq (populist) partiyası idi. «Qara blok» cəbhəsinə 1945-ci ilin martında kollaborasionist general Qonastas da daxil oldu. Milli liberal partiyanın xeyli hissəsi də bu cəbhəyə qoşuldu. Mərkəz partiyası və liberallar partiyasının xadimləri İngiltərəni müdafiə edirdilər. Liberal mütərəqqilər, demokratlar, sosialistlər də İngiltərə meylli idilər. Bütün müharibə ərzində bu partiyalar passiv mövqedə idi və kütlələrlə əlaqəni kəsmiş, öz ümidlərini xarici dövrlərə bağlamışdılar.

Siyasi həyatın sol cəbhəsində Milli-azadlıq cəbhəsi dururdu. Onun Milli Azadlıq Ordusu var idi. Aparıcı qüvvə Kommunist partiyası idi (400 min üzvü var idi). 250 min üzvü olan Aqrar partiyası da sol cəbhədə idi. Müharibənin sonunda ölkə ərazisinin 1/3 hissəsində yerləşən ingilis qoşunları Yunanıstandan çıxarıldı. Başqa ərazilər əvvəldən ELAS-ın (Yunanıstan xalq azadlıq ordusu) hakimiyyəti altında idi.

1946-1949-cu illərin vətəndaş müharibəsi. Yunanıstan xalq azadlıq qüvvələri 1944-cü ilin martında Karpenisidə Xalq hökuməti təşkil etdilər. 1944-cü ilin sentyabrın 2-də başda Papandreu ol­maqla «milli birlik» hökuməti təşkil edildi. 1944-cü ilin oktyabrın 4-də Yu­na­nıstan faktiki olaraq alman qoşunlarından azad olduqdan sonra buraya ingilis qo­şunları daxil oldular. Tezliklə İngiltərə komandanlığı ELAS dəs­tə­lərinin tərksilah edilməsi haqqında əmr verdi.

1945-ci ilin aprelin 9-da yunan hökumətinin başında mühafizəkar Pul­qaris durdu və vətənpərvərlərə qarşı kütləvi təqibə başladı. Daxili siyasi vəziyyət vətəndaş müharibəsinə gətirib çıxartdı. İqtisadi çətinlik və antifa­şistlərə qarşı terror və təqiblər buna səbəb oldu. 1945-ci ildə kommunistlərin başçılığı ilə Afina, Pirey, Solonikdə kütləvi çıxışlar oldu. Yunan xalqının təzyiqi və bey­nəlxalq ictimai rəyi əsasında 1945-ci ilin noyabrında mötədil burjua partiya­larının nümayəndələrindən ibarət hökumət təşkil olundu. Hökumətə liberal partiyanın lideri Sofulis başçılıq edirdi. Lakin monarx-faşist dairələri yunan demokratlarını məhv etməyə baş­la­dı­lar. Təkcə 1945-ci ildə 1289 vətənpərvər öldürüldü.

1946-cı ilin martın 31-də Sofulis hökuməti parlament seçkiləri təyin etdi. Vəziyyət daha da gərginləşdi. Bununla əlaqədar bir neçə nazir istefa verdi. Kommu­nist­lər və digər demokratik təşkilatlar seçkiləri baykot etməyi qərara aldılar. Seçkilərdə «xalq» (monarxist) partiyası qələbə çaldı və onun lideri Sal­da­ris 1946-cı il aprelin 18-də yeni hökumət təşkil etdi.

Ölkədə vətəndaş müharibəsi başlanmış oldu. Seçkilərdən bir qədər sonra vətənpərvərlərlə hökumət qoşunları arasında toqquşma baş verdi. 1946-cı ilin oktyabrında Markos Vafiadis başda olmaqla partizan dəstələri Yunanıstan Demokratik Ordusu ilə birləşdi.

1947-ci il aprelin 1-də Yunanıstan kralı II Georq öldü və taxta onun qar­daşı Pavel keçdi. 1947-ci ilin yanvarından yunan hökumətinə xalq partiyasının lideri D.Maksimos başçılıq etdi. O, qanlı rejim yaratdı. 1947-ci ildə Türkiyə və Yunanıstanla əlaqədar Trumen doktrinası verildi. 1947-ci ildə Mərkəzi Yunanıstanda hökumət 60 min ordu topladı. De­mok­ratik ordu isə 15 min idi. Lakin buna baxmayaraq hökumət qoşunlarının keçirdiyi əməliyyat baş tutmadı. Rumeliya və Qərbi Makedoniyada xalq silahlı qüvvələri onlara sarsıdıcı zərbə vurdular. 1947-ci ilin mayında Qramos rayonunda hökumət qoşunları məğlubiyyətə uğradılar. Bununla əlaqədar olaraq Maksimos hökuməti istefaya getdi. 1947-ci ilin sentyabrın 7-də liberal və xalq partiyasının nümayən­dələrindən ibarət hökumət təşkil edildi.

1947-ci ilin dekabrında kommunist və digər demokratik təşkilatlar qanun­dankənar hesab edildilər, 62 demokratik qəzet bağlandı. 1947-ci ilin sonunda 30 min vətəndaş, 20 min əsgər və zabit hərbi düşərgələrə göndərildi. 15 min adam həbs edildi. 5322 adam edam edildi. Silahlı mübarizə zamanı azad edilmiş yerlərdə xalq hakimiyyət orqanları təşkil edilmişdi. Orada 1947-ci ilin dekabrın 23-də başda general Markos Vafiadis olmaqla Müvəqqəti Demokratik hökumət təşkil edilmişdi. Bu hökumətdə kommunistlər əksəriyyət təşkil edirdi.

Yunanıstan Azadlıq Ordusuna (YAO) qarşı növbəti hücum əməliyyatı 1948-ci ilin yazında başladı. İyunda onlar hücuma keçdilər. Xalq silahlı qüvvələri mühasirəyə alındığı üçün Vitsi rayonunda toplaşdılar. 1949-cu il avqustunda hökumət qoşunları Vitsini tutdular. 1949-cu ilin avqustun sonunda YAO-nun dəstələri Qramos rayonunda məğlubiyyətə uğradılar və onların qalıqları Yunanıstanı tərk etdilər.

Bununla mühafizəkar qüvvələr amerikan-ingilis imperializminin köməyi ilə demok­ratik qüvvələri üzərində qələbə çalmış oldular.



Yunanıstanın xarici imperializmin təsiri altına düşməsi. Vətəndaş müharibəsindən sonra ölkədə iqtisadi vəziyyət daha da pisləşdi. 47 min yaşayış evi, 240 sənaye müəssisəsi, 15 min kənd təsərrüfatı obyekti dağıldı. Heyvanların sayı 1,5 milyon baş azaldı, 1800 kənd dağıldı. 400 min adam həbs edildi və hərbi düşərgələrə göndərildi. 6 min vətənpərvər güllələndi. 60 min nəfər ölkəni tərk edib xaricə getdi.

Lakin bütün bunlara baxmayaraq demokratik qüvvələr daxili irticaya və beynəlxalq imperializmə qarşı mübarizəni davam etdirirdilər.

1949-cu ilin oktyabrında tətillər başlandı və 1951-ci ilə qədər fasilələrlə davam etdi. Nətiəcədə fəhlələr əmək haqqının artmasına, iş şəraitinin yaxşı­laş­masına, işsizlərə kö­məyə nail oldular.

Sülh uğrunda, ölkənin milli suverenliyi uğrunda mü­barizə də gücləndi.

Ölkənin siyasi həyatında mühafizəkar və demokratiya qüvvələri arasında ciddi mübarizə başlandı. 1950-ci ilin martın 5-də olmuş parlament seçkilərində liberallar müvəffəqiyyət qa­za­ndılar. General Plastirasın sədri olduğu liberallar partiyası və Suderosun başçılıq etdiyi Mərkəz partiyasının birgə təşkil et­dikləri Milli-mütərəqqi ittifaq hakimiyyətə gəldi. Mühari­bə­dən sonra Yunanıstan uzun müddət geridə qalmış aqrar ölkə ola­raq qaldı. Bu ölkənin iqtisadiyyatında sənayenin payı 19% idi.

1951-ci ildə Vahid demokratik partiya (VDP) təşkil olundu. Bu partiya kom­munistlər, sosialistlər, sol demokratları birlişdirirdi. 1951-ci ilin parlament seçkilərində onlar 180 min səs topladılar. 1951-ci ildə sağ mühafizəkar qüv­vələrdən general Papaqosun başçılığı altında monarxist «Yunan yığımı» partiyası təşkil edildi. Onlar 1952-ci ilin noyabrından 1956-cı ilin əvvəllərinə kimi hakimiy­yətdə oldular. Bu partiya ölkədə polis rejimi yaratmağa cəhd edirdi. 1946-cı ilin yanvarında SSRİ-nin təklifi ilə Yunanıstan məsələsi BMT-nin Təhlükəsizlik Şurasının gündəliyinə salındı. Burada əsas məsələ Yunanıs­tana ABŞ-İngiltərə müdaxiləsinə son qoymaq idi. Paris sülh konfransında SSRİ-nin köməyi ilə Dodekanez adaları Yunanıstana verildi.

İqtisadi, siyasi, hərbi cəhətdən ölkə imperialist dövlətlərindən, ilk növbədə ABŞ-dan asılı və­ziyyətə düşdü. 1948-ci ildə o Marşal planını qəbul etdi, 1952-ci ildə isə NATO-ya daxil oldu. 1953-cü ilin oktyabrın 12-də yunan-amerikan hərbi sazişi bağlandı. Bu sazişə əsasən hər şey ABŞ-ın nəzarəti altına keçirdi. Yunanıstanın bütün iqti­sadi və maliyyə həyatına nəzarət etmək üçün ABŞ iqtisadi mis­siyası ölkəyə gəldi. Mühüm təbii eh­ti­yatlar (boksit, mar­qans, qalay, dəmir filizi, daş kömür, neft və s. amerikan inhisarlarının əlinə keçdi.

1953-cü ildə Ankarada, 1954-cü ildə Bisdada Yunanıstan, Türkiyə və Yuqoslaviya Balkan paktı yarat­maq haqqında müqavilə bağla­dılar. 1955-ci ildə Kiprlə əlaqədar Yunanıstan və Türki­yə ara­sında mü­nasibət gərginləşdi və Balkan paktı real əhə­miyyətini itirdi.



Yunanıstan Karamanlis hökumətinin sağ müha­fizəkar rejimi dövründə (1955-1963-cü illər). 1955-ci ildə general Papaqosun ölümündən sonra «Yunan yığımı» parti­yasının lideri Karamanlisin müvəqqəti hökuməti təşkil edildi. 1956-cı ilin fev­ralın 10-da yeni parlament seçkiləri elan edildi. Seçki ərəfəsində bütün demok­ratik qüvvələr birləşib «De­mokratik ittifaq» təşkil etdilər və seçkilərdə 52% səs aldılar. Lakin antidemokratik seçki qanununa əsasən «Yunan yığımı» bazası əsasında yaradılmış Milli radikal ittifaqı daha çox deputat yeri aldı. Nəticədə yenə də yeni hökumətə Karamanlis başçılıq etdi. 50-ci illərin II yarısında Yunanıstanda sinfi qüvvələrin yerləşməsində mühüm dəyişiklik başladı. Yunan Demokratik Partiyasının (YDP) nüfuzu artdı. Seçkilərdən sonra müxalifətçi burjuaziya Papandreu başda olmaqla «Mərkəz ittifaqı» partiyasını təşkil etdi.

Yunanıstanın hərbiləşdirilməsi prosesi sürətləndi. 1951-1961-ci illərdə hərbi ehtiyatlara 40 milyard drahma (1,3 milyard dollardan artıq) pul xərcləndi. 1959-cu ilin mayın 6-da yunan-amerikan sazişi bağlandı. ABŞ Yunanıstana raket silahı göndərdi. Krit adasında NATO-nun raket «təlim» mərkəzinin tikintisi başlandı. Yunanıstan ərazisində həmçinin AFR-in hərbi bazası təşkil edildi. Yunanıstan «Ümumi bazar»a daxil olan ölkələrlə əlaqələri genişləndirdi. Ölkəyə sürətlə Qərbi Almaniya kapitalı daxil olmağa başladı. Xarici borclar artdı. Ölkədə faşistləşmə sürətləndi. Ölkədə uzun müddət antide­mokratik qanunlar və fövqəladə vəziyət davam etdi. 1952-ci ildə YKP-nin MK-nın üzvü Belodannis öldürüldü.

1962-ci ildə parlament «Ölkənin təhlükəsizliyinə aid məsələləri nizama salmaq haqqında» qanun qəbul etdi. Ha­kimiyyətə icazə verildi ki, Konstitusiyanın fəaliyyətini da­dan­dırsın, ölkədə hərbi vəziy­yət elan etsin.

Yunanıstanın xarici kapitalistlərə güzəştə getməsi, ölkə daxilindəki vəziyyət so­sial qarşıdurmanı gərginləşdirdi. Av­ropada ən aşağı əmək haqqı olan ölkələrdən biri Yunanıstan idi. Ölkədə 200 min iş var idi. Xalq kütlələrinin mübarizəsi davam edirdi. İrticanın hücumu gücləndi. 1963-cü ilin mayın 22-də sülh uğrunda müba­rizə komi­təsinin vitse-prezidenti, parla­mentin deputatı Qriqoris Lambrinos vəhşicəsinə Öl­dürüldü. Bu hadisə ilə əlaqədar təşkil edilən etiraz mitinqində 500 min adam iştirak edirdi.



Yunanıstan Q.Papandreunun hökumətinin hakimiy­yəti dövründə (1963-1965-ci illər). 1963-cü il seçkilərində parlamentdə «Mərkəz İttifaqı» partiyası əksəriy­yət qazandı və Q.Papandreunun başçılığı altında hökumət təşkil edildi. Lakin o, hakimiyyəti tək idarə etmək istəməyib 1964-cü ilin fevralın 15-də yeni seçkilər etdi. Mərkəz­çilər 53% səs aldılar.

Q.Papandreu hökuməti ölkənin demokratikləşməsinə yönəldil­miş mütərəqqi tədbirlər gördü. Kənd təsərrüfatına xüsusi diqqət yetirildi. Əmək haqqı qismən artırıldı, doqquz illik təhsil məcburi oldu. Təhsil pulsuz oldu. Patraxda üçüncü uni­versitet açıldı.

Xarici siyasət sahəsində satillet yox, bərabər hüquqlu müt­təfiq rolunda çıxış etməyə çalışdı.Balkan dövlətləri ilə münasibət normal məcraya düşdü. Bununla belə yenə də YKP-nin fəaliyyəti qadağan idi. Sağ mühafizəkar dairələr dövlət ap­pa­ratında saxlanılırdı. Hər halda bu dövrdə demokratik qüvvələr öz fəaliyyətini genişlən­dirdi. Həmkarlar ittifaqı üzərində dövlət nəzarəti zəiflədi. De­mokratik hərəkatda «Lambrakin demokratik gəncləri» təşkilatı mühüm rol oynayırdı. Ölkədə vəziyyəti gərginləşdirən səbəblərdən biri Yunanıstanın müdafiə naziri Qarufaliasın NATO-nun qərargahında 1965-ci ilin mayındakı çıxışında Vyet­nama qoşun göndərməyə hazır olduğunu bildirməsi idi.

Lakin Papandreu bunun qəti əleyhinə çıxdı və hərbi nazirdən istefa tələb etdi. Belə olduqda mühafizəkar qüvvələr ABŞ-ın köməyi ilə 1965-ci il iyulun 15-də «saray çevrilişi» təşkil etdilər. Kral Konstantin Papandreu hökumətini istefaya göndərdi və onu daha yola gedən Paraskevopulosun hökuməti ilə əvəz etdi. 1965-ci ilin iyulun 18-də demokratik qüvvələrin vahid cəbhəsi yaradıldı və o, yeni seçkilər təyin edilməsinə nail olundu. 1965-ci ildə Yunanıstanda tətillərdə 1,5 milyon adam iştirak etdi.


Hərbi diktaturanın qurulması
1967-ci ilin aprelin 21-də müzafizəkar hərbçilər ha­ki­miyyəti öz əllərinə aldılar. Hakimiyyətə «qara polklovniklər» (polkovniklər: Papadopulos, Maka­rezos, generallar Patikos və Spandidakis) gəldilər. 1952-ci il Konstitusiyası ləğv edildi.

Dövlət aparatı və orduda təmizlik aparıldı. Kral mühacirət etdi. hökumə­tin başında Papadopulos durdu. General-leytenant Zoitakis ölkənin naibi öldü. 1968-ci 15 sentyabr referendumundan sonra yeni konsti­tusiya qüvvəyə mindi. Yunanıstan konstitusiyalı monar­xiya oldu. 1963-cü ildə 1972-ci ilədək ölkəyə xarici kapital axını 11 dəfə artdı. Ordunun sayı, hərbi obyektlərin tikintisi artırıldı. ABŞ-ın Yunanıstanda 7 hərbi bazası və 5 qoşun mərkəzi fəaliyyət göstərirdi. Yunanıstanın istənilən limanından ABŞ öz hərbi məqsədləri üçün istifadə edə bilərdi. Krit NATO-nun raket bazasına çevrildi.

Ölkənin iqtisadi vəziyyəti ağırlaşdı. Təkcə 1968-1970-ci illərdə Yunanıstanı 250 min adam tərk etdi. 1972-ci ildə Yunanıstanı iqtisadi, enerji və valyuta böhranı bürüdü.

1972-ci ilin iyulunda Zoitakisin yerinə Papadopulos naib təyin oldu.

Karamanlis dövlət çevrilişi etmək istədi. Belə bir şəraitdə Papadopulos islahat proqramı ilə çıxış etdi. 1973-cü ilin iyunun 1-də Yunanıstan parlamentli respublika elan edildi. Yunanıstanın prezidenti Papadopulos oldu, vitse-pre­zident Anqelis oldu. 1973-cü ilin oktyabrın 8-də mütərəqqi partiya lideri Marke­zinis hökumətin başçısı oldu. 1973-cü il noyabrın 23-də hərbi dairələr hərbi xuntanı xilas etmək üçün çevriliş etdilər. Prezident general Qizikis oldu, baş nazir isə Andrunokulos oldu. 1974-cü ilin noyabrında Afinada tələbə həyəcanı baş­landı. Diktatura xa­rici avantüraya əl atdı. Kiprdə hərbi çevriliş oldu, prezident Makariosu de­virdilər. Bu Türkiyənin Kiprin işinə qarışmasnıa və Kiprin iki yerə parçalanma­sına səbəb oldu.

1   ...   19   20   21   22   23   24   25   26   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə