Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə21/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

ALBANİYA: Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və staliniz­min qatı tərəfdarı olan Ənvər Xoca 1946-ci ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi. Albaniya Qarşılıqlı İqtisasi Yardım Şurası və Varşava müqaviləsi Təşkilatına üzv olsa da, SSRİ-də Stalinin şəxsiyyətinə pərəstiş tənqid olunduqda qəti ehkam­çılıq mövqeyində qaldı. 1961-ci ildə Albaniya SSRİ ilə diplomatik əlaqələri kəsdi. 1962-ci ildə o, Qarşılıqlı İqtisadi Yardım şurasından, 1968-ci ildə isə Varşava Müqaviləsi Təşkila­tından çıxdı. Albaniya Avropada yeganə ölkə idi ki, 1975-ci ildə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair Helsinkidə keçirilən müşavirədə iştirak etmədi. 1976-cı ildə Albaniya sosialist respubliksaı adlandı. Albaniya iqtisa­diyyatında xrom istehsalı xüsusi yer tutur, xrom istehsalına görə o, Avropada və dünyada ilk yerlərdən birini tutur.

XX əsrin 70-80-cı illərdə Albaniya ən çox qərb yönümlü siyasət yeridirdi. O, xüsusilə Çin ilə münasıbətlərini yüksək səviyyədə inkişaf etdirirdi. 1985-ci ildə Ənvər Xocanın ölümündən sonra onu Ramiz Aliya əvəz etdi. Bu dövrdə Albaniyada çoxpartiyalılığa keçid baş verdi və bazar iqtisadiyyatı təzahür etdi. Albaniyada da fikir azadlığına geniş yer verildi.

1967-ci ildən qadağan edilmiş dini mərasimlərin icrasına icazə verildi, alban vətəndaşları artıq xarici ölkələrə gedə bilərdilər. Xarici radionu dinləmək üçün təqiblər dayandırıldı.

Xarici siyasətdə də dəyişikliklər edildi. AFR və SSRİ ilə diplomatik münasibətlər bərpa olundu. Albaniyanın qarşılıqlı fayda əsasında Şərqi Avropa ölkələri ilə münasibətləri inkişaf etdirməyə hazır olduğu bildirildi. Ölkə özünütəcrid vəziyyətindən çıxdı.

80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkənin iqtisadi vəziyyəti ağır idi. 1989-1990-cı illərdə milli gəlir 13% azaldı, əhalinin 10%-i işsiz idi, qiymətlər yüksək oldu. On minlərlə adam xaricə qaçmağa cəhd edirdi. Bu şəraitdə Xalq Yığıncağının Rəyasət Heyəti çoxpartiyalı sistemi həyata keçirmək haqqında qərar qəbul etdi. AƏP-nin rəhbərliyindən qatı mühafizəkarlar kənar edildi. Bazar iqtisadiyyatına keçməyin, «həqiqi sosializm cəmiyyəti»nin iqtisadi və siyasi strukturlarının yaradılmasının zəruriliyi elan edildi.

1991-ci ilin martında Albaniya tarixində ilk dəfə keçiri­lən çoxpartiyalı seçkilərdə kənd yerlərindən səs verənlərin hesabına AƏP səslərin 65%-ni aldı. İri şəhərlərdə isə gənc­lərin və ziyalıların müdafiə etdiyi müxalifət partiyaları – de­mokrat və respublikaçı partiyalar müvəffəqiyyət qazandılar. R.Aliya Albaniyanın prezidenti seçildi. Parlamentin qərarı ilə Al­baniya Xalq Sosialist Respublikası adı dəyişilərək Albaniya Res­publikası adlandırıldı. Parlament ordunu, hüquq-mühafizə orqanlarını siyasətdən kənar elan etdi, bazar münasibətlərinin inkişafı və dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını bəyəndi.

1991-ci ilin mayında baş vermiş ümumi tətildən sonra tərkibinə beş siyasi partiyanın nümayəndələrinin daxil olduğu koalision hökumət təşkil edildi. AƏP-in 1991-ci ilin iyununda olan qurultayında partiyanın adı dəyişdirilərək Albaniya Sosialist partiyası (ASP) adlandırıldı.

90-cı illərdə də Albaniyada iqtisadi vəziyyət ağır olaraq qalırdı. Onda müasir texnologiya və avadanlıq çatışmırdı. Albaniya hökuməti bu problemin həlli ilə ciddi məşğul olmağa başladı.

Yenidən yaranmış Aqrar partiyası Demokratik partiya ilə ittifaqa girərək 1992-ci ilin aprelində keçirilən yeni parlament seçkilərində kənd yerlərində səslərin əksəriyyətini ala bildi. Demokratik partiya parlamentdə yerlərin 2/3 hissəsini tutdu. Bu partiyanın lideri professor Sali Beruşunun prezident seçilməsi Albaniya üçün demokratiya yolu ilə inkişafa imkan yaratdı. Bu hadisədən sonra ölkənin iqtisadi və siyasi həyatında sabitlik yarandı. Albaniya 90-cı illərdə Avropa ölkələri ilə münasibətləri inkişaf etdirdi. Onun həmçinin inkişaf etməkdə olan ölkələrlə də iqtisadi əlaqələri genişləndi.
AVSTRİYA

Avstriyanın dövlətçiliyinin bərpası. 1945-ci ilin martında Sovet silahlı qüv­vələri Avstriya ərazisinə daxil oldular. Avstriyanın faşist zülmündən azad edil­məsində 80 min sovet əsgəri həlak oldu.

Sovet qoşunlarının Avstriyaya daxil olduğu ilk gündən Avstriya demok­ratik ölkə kimi dirçəlməyə başladı. Avstriya Xalq Partiyası (AXP) və Avstriya sosialist partiyası (ASP) öz fəaliyyətlərini canlandırdılar. Avstriya Kommunist Partiyası (AKP) açıq fəaliyyətə keçdi. 1945-ci ilin aprelin 27-də sosialist, xalq, kommunist partiyalarının nümayəndələrindən və bitərəflərdən ibarət Müvəq­qəti hökumət təşkil edildi. Hökumətin başında Avstriya sosial-demokratlarının görkəmli nümayəndəsi K.Renner dururdu. AKP-nin sədri İ.Kopleninq vitse-kansler oldu. Ölkədə Həmkarlar İttifaqı birliyi də təşkil edildi. Höku­mət Avstriyanın müstəqilliyi bəyannaməsi ilə sıxış etdi. Hökumət həmçinin müəssisələrdə ictimai özünüidarə institutlarının təşki­li, hitlerçi nasional-sosialist partiyasının qadağan edilməsi, hərbi və faşist cani­lərinin məsuliyyətə cəlb edilməsi, zəhmətkeşlərin iqtisadi maraqlarının müda­fiəsi üçün fəhlə və qulluqçuların palatasının bərpası, nasist fəallarının mən­zillərinin faşizm qurbanlarına verilməsi haqqında və s. mütərəqqi qanunlar qəbul edilməsinə nail oldu. 1945-ci ilin iyulunda SSRİ, ABŞ, İngiltərə və Fransa Avstriyada dördtərəfli nəzarət mexanizmi haqqında saziş imzaladılar. Onlar qərara aldılar ki, Avstriya müstəqil, demokratik, sülhsevər dövlət kimi bərpa edilməlidir. 1945-ci ilin noyabrın 25-də Avstriyada parlamentə seçkilər keçirildi. Seçkilərdə ən çox səsi AXP aldı (49,8%). Təşkil edilən hökumətin tərkibinə AXP-dən 8, ASP-dən 6, AKP-dən 1 nümayəndə və iki bitərəf daxil oldu. Hökumətin baş naziri isə AXP-nin lideri L.Fiql oldu. Respublikanın prezidenti K.Renner oldu. Yeni hökumət elan etdi ki, o ölkənin demokratikləşməsi sahəsində tədbirlər həyata keçirəcək, nasizmin kökünü kəsəcək, iqtisadiyyatı bərpa edəcək və əhalinin həyat şəraitini yaxşılaşdıracaqdır.

Avstriya üzrə İttifaq Soveti 1946-cı ilin yanvar-iyun aylarında bir sıra razılaşdırılmış qərarlar qəbul etdi. Bu qərarlar içərisində dövlət aparatının de­na­sifikasiyası, hərbi və yarımhərbi təşkilatların buraxılması, Avstriya hökumətinin hüquqlarının genişləndirilməsi daha mühümləri idi.

1946-1955-ci illərdə koalisiyalı hökumətin siyasəti. Ölkənin iqtisadi siyasəti, əsasən, kapitalın mövqeyinin bərpa edilməsinə yönəldilmişdi. Bununla belə, 1946-cı ilin iyulun 26-da və 1947-ci il martın 26-da parlament üç iri kommersiya bankının, 33 səhm kompaniyasının, o cümlədən metallurgiya konserninin, kömür şaxtalarının və bir sıra digər müəssisələrin milliləşdirilməsi haqqında qanun qəbul etdi. Milliləşdirilmiş müəssisələrin əksəriyyəti alman inhisarlarına məxsus idi. Bu yolla mühafizəkar qüvvələr bu müəssisələrə özləri sərəncam verməyə başladılar. 1949-cu ildə 1938-ci illə mü­qa­yisədə müxtəlif malların qiyməti 4,7 dəfə, əmək haqqı isə cəmi 50% artdı. 1947-ci ilin dekabrında Avstriyada pul islahatı keçirildi. Əmanət kassalarında olan xırda məbləğlər ləğv edildi, banklara qoyulan iri məbləğlərə isə toxunul­madı. Nəticədə zəhmətkeşlər 7 mlrd. şillinq itirdilər. Vergilər əhəmiyyətli dərəcədə artdı 1949-cu ilin sonunda şillinqin devolvasiyası keçirildi. Ölkənin ərzaqla təminatı da çətin idi. Ancaq 1949-cu ilin ortalarında kartoçka sistemi ləğv edildi. 1948-ci ilin iyulunda Avstriya hökuməti «Marşall planı»na qoşuldu. Bu planın köməyi ilə iri burjuaziya öz mövqeyini möhkəm­ləndirdi. 1949-cu ildə sənaye müharibədən əvvəlki səviyyəyə çatdı. 1950-1951-ci illər ölkə iqtisadiyyatındakı yüksəliş 1952-1953-cü illərdə durğunluqla əvəz olundu. 1953-cü ilin sonundan yenidən iqtisadiyyatda canlan­ma müşahidə edilməyə başladı. Bu dövrdə ABŞ-ın Avstriya iqtisadiyyatında rolu artdı.1949-1952-ci illərdə ABŞ Avstriyaya 500 milyon dəyərində məhsul göndərmişdi. ABŞ-ın Avstriyaya verdiyi 918 milyon kredit ilk növbədə strateji xammal və material istehsalı ilə bağlı sahələrə sərf olunurdu. Mülki sahələr durğunluq keçirirdi. Onlar müharibədən əvvəlki səviyyəyə ancaq 1953-cü ildə çatdılar. Avstriyanın qərbində ABŞ hərbi obyektləri və aerodromları bərpa etdi. Avstriyanın Şərqi Av­ropa ölkələri ilə xarici siysət əlaqələrinin zəifləməsi onun iq­tisadi inkişafına mənfi təsir göstərdi.

Avstriya hökuməti ordunun təşkilinə başladı. Ölkədə neofaşist təşkilatlar fəallaşdı. 1949-cu ildə faşist tipli partiya olan «Müstəqillərin ittifaqı» partiyası təşkil edildi. 1949-cu ilin parlament seçkilərində bu partiya 489 min səs tonladı. K.Rennerin ölümü ilə əlaqədar olaraq 1951-ci ildə Avstriyada keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi Teodor Kerner qələbə çaldı. 1953-cü ildə ölkədə keçirilən parlament seçki­lərində sosialist partiyası 1,7 milyon səs aldı. Kommunist partiyası, 1951-ci ilin noyabrında təşkil edilmiş Avstriya sosi­alist fəhlə partiyası ilə birlkdə 228 min səs aldı. Yeni höku­mətə AXP-nin nümayəndəsi Yulius Raab başçılıq etdi. Bu höku­mətin fəaliyyəti ölkədə heç bir dəyişikliyə səbəb olmadı.

Avstriyada fəhlə və demokratik hərəkatın vəziyyəti mürəkkəb idi. Bunu ilk növbədə qərb və şərq işğal zonalarında şəraitin müxtəlifliyi, xırda burjua ideologiysının təsiri, nasizmin qalıqları və s. ilə izah etmək olardı. 50-ci illərin əvvəllərində ölkədə tətillər artdı. Təkcə 1950-ci ilin avqust-sentyabr aylarında 90 iri müəssisənin fəhlələri əmək haqqının artırılmsı tələbi ilə çıxış etdilər. Ölkədə sülh uğrunda, müharibə əleyhinə hərəkat da gücləndi. 1950-ci ilin iyununda Vyanada sülh tərəfdarlarının I Ümumdünya konqresi keçirildi. Atom silahının qadağan edilməsi haqqında Stokholm bəyannaməsinə bir milyon avstriyalı da öz imzasını qoydu. 870 min adam isə böyük dövlətlər arasında sülh paktının bağlanması haqqındakı müraciətə qol çəkdi. 1952-ci ilin dekabrında Vyanada xalqların sülhü müdafiə Konqresinin keçirilməsi mühüm hadisə idi.

Fəhlə və demokratik hərəkatın təsiri altında 1952-ci ildə parlament aylıq pensiyalara əlavələr və əmək haqqından tutulan vergilərin azaldılması haqqında qanun qəbul etdi. Denasifikasiya prosesi həyata keçirillməyə başladı.



Avstriya ilə Dövlət müqaviləsi. Müharibə qurtardıqdan dərhal sonra SSRİ Avstriya ilə Dövlət müqavi­ləsinin bağlanması təklifi ilə çıxış etdi. Bu problemlə əlaqədar Qərb dövlətləri ilə kəskin mübarizə başlandı. 1945-ci ilin iyul-avqustunda keçirilən Potsdam konfransında SSRİ, ABŞ və İngiltərə Avstriyadan təzminat almaqdan imtina etdiklərini bildirdilər. 1947-ci ildə Moskvada keçirilən xarici işlər nazirlərinin konqresində Avstriyanın alman imperializmindən təhlükəsizliyini müdafiə et­məyə yönəldilmiş məsələdə tərəflər razılığa gəlidlər. 1949-cu ildə Parisdə xarici işlər nazirləri Avstriyadakı keçmiş alman aktivlərini SSRİ-yə vermək haq­qında qərarı bəyəndilər. Bununla belə, Avstriya ilə Dövlət müqaviləsi bağ­lanmasına keçmiş müttəfiqlər arasında «qarışıq şəxslər», Avstriyanın silah­lan­maya buraxılmaması, BMT-də yeri, onün müharibədən əvvəlki və müharibədən sonrakı borcu haqqında məsələlərdə razılığa gəlinməməsi mane olurdu.

1954-cü ilin əvvəllərində Berlində keçirilən xarici işlər nazirlərinin müşavirəsində Avstriya nümayəndələri bəyan etdilər ki, Avstriya hərbi bloklara qoşulmayacaq və öz ərazisində xarici dövlətlərin hərbi bazalarının təşkilinə ica­zə verməyəcəklər. 1955-ci ilin martında Avstriyanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparan Xalq konqresi təşkil edildi. 1955-ci ilin aprelində Moskvada aparılan Sovet-Avstriya danışıqları nəticəsində Avstriyanın bitə­rəf qalacağı öhdəliyini üzərinə götürməsi haqqında memorandum nəşr edildi.

1955-ci ilin may ayının 15-də Vyananın Belveder sarayında bitərəf, müstəqil və demokratik Avstriya haqqında Dövlət müqaviləsi imzalandı. 1955-ci ilin iyulunda o qüvvəyə mindi. Müqavilə Avstriyada işğal rejiminə son qoydu, onun təhlükəsizliyini və milli suverenliyini təmin etdi, iqtisadi və siyasi anşlüsü qadağan etdi. Dövlət müqaviləsinə görə Avstriya əhalinin demokratik hüquqlarını gözləməli idi. Millətçi təşkilatlar ləğv edilirdi. Habsburqların ölkəyə buraxılmaması haqqında qanun qüvvədə qaldı. Avstriya təzminatdan azad edildi. Avstriyada SSRİ-yə məxsus olan kemiş alman aktivləri yenə də ölkədə qaldı. SSRİ isə bunun əvəzində Avstriyadan kompensasiya aldı. Bununla əlaqədar Avstriya SSRİ-yə 6 il müddətinə 150 milyon dollar dəyərində olan 419 müəssisə verməli idi. Digər iqtisadi və mülki məsələlər də həll edildi.

1955-ci ilin sentyabrında SSRİ, ABŞ, İngiltərə və Fransa öz qoşunlarını Avstriyadakı işğal zonalarından çıxartdılar.

1955-ci ilin oktyabrında ölkə parlamenti Avstriyanın daimi bitərəfliyi haqqında Konstitusiya qanununu bəyəndi. Avstriyanın bitərəfliyi statusu dörd böyük dövlət tərəfindən rəsmən tanındı. 1955-ci ilin dekabrın 14-də Avstriya Millətlər Cəmiyyətinə daxil oldu. Avstriyanın tarixində yeni mərhələ başlandı.

AXP ilə ASP-nin əməkdaşlığı (1956-1965-ci illər). Avstriya suveren və bitərəf dövlət statusunu aldıqdan sonra 1956-cı illin may ayının 13-də növbədənkənar parlament seçkiləri keçirildi. Ən çox səsi AXP və ASP topladı. Koalisiyalı hökumət təşkil edildi. Yulius Raab yenə Avs­triyanın kansleri oldu. 1957-ci ilin mayında T.Kernerin ölümü ilə əlaqədar ola­raq ölkə prezidenti ASP-nin sədri Adolf Şerf seçildi. AXP və ASP əməkdaşlığı saxladılar.

İqtisadi inkişaf yüksələn xətlə getməyə başladı. İstehsal edilən sənaye məh­sullarının sayı 92-dən 151-ə çatdı. Ölkədə elmi-texniki inqilabın nailiyyət­lərindən istifadə edilməyə başlandı. Neft və qaz çıxarılması artdı, kimya, maşınqayırma, elektronika sənayesi inkişaf etdi. Avstriya yüksək səviyyədə inkişaf etmiş sənaye-aqrar dövlətinə çevrildi. «Alşine-Montan», «Şyöller-Blekman», «Fyöst», «Şteyer-Deymler-Pux» kimi iri inhisar birlikləri yarandı.

Kənd təsərrüfatında hakim mövqeyi iri xüsusi torpaq sahibliyi tuturdu. 100 ha-dan çox torpağı olanlar bütün təsərrüfatların 1,4 %-ni təşkil edirdi, lakin onlar kənd təsərrüfatı və meşə gəlirlərinin 45,6%-nin sahibi idilər.

Dövlət-inhisarçı kapitalizmi əhəmiyyətli dərəcədə inkişaf etdi. Üç dövlət bankının əlində bütün kredit əməliyyatlarının 66%-i və ölkə depozit və əmanətlərinin 99%-i cəmlənmişdi. Dövlətin əlində polad istehsalının 99%-i, kömür çıxarılmasının 98%-i, elektrosənayenin 98%-i, neft çıxarılmasının 91%-i, elektroenergetikanın 80%-i, bütövlükdə ölkənin sənaye istehsalının üçdə biri toplanmışdı. Milliləşdirilmiş bölmədə 150 min adam çalışırdı ki, bu da sənayedə işləyən adamların ¼-ni təşkil edirdi.

Avstriya AİB ölkələri, xüsusilə AFR-lə xarici ticarət dövriyyəsində fəal iştirak edirdi. 1963-cü ildə Avstriyanın ixracının 27%-i, idxalının isə 41%-i AFR-lə bağlı idi.

Siyasi həyatda Dövlət müqaviləsindən narazı olan qüvvələrlə demokratik qüvvələr arasında mübarizə gedirdi. Mühafizəkar qüvvələrin təzyiqi altında Avstriya Avropa Şurasına daxil oldu ki, bu da Dövlət müqaviləsinə zidd idi. Ölkədə Ümumdünya həmkarlar ittifaqı federasiyasının fəaliyyəti qadağan edildi. Avstriya parlamenti SSRİ və digər sosialist ölkələri ilə ticarətə məhdu­diyyətlər qoydu. Lakin tezliklə bu məhdudiyyət götürüldü. Bundan başqa bir sıra sosialist ölkələri ilə Avstriya diplomatik münasibətlər yaratdı.

50-ci illərin sonunda hökumət koaliisiyası daxilində münasibətlər kəskinləşdi. ASP-nin mövqeyi ilə hesablaşmayaraq AXP-nin liderləri ölkənin neft sənayesinin müəyyən hissəsini ingilis-amerikan kompaniyalarına verməyə nail oldular. 1961-ci ilin aprelində sağ qüvvələrin təzyiqi altında J.Raab istefa verməyə məcbur oldu. Yeni kansler Alfons Qorbax oldu. 1964-cü ilin aprelində isə onu AXP-nin sağ qanadına mənsub olan Jozef Klaus əvəz etdi. AXP-nin liderləri sosialistləri hökumətdən sıxışdırıb çıxartmağa çalışırdılar. 1962-ci ilin sonundan Avstriyada hökumət böhranı başlandı.

1965-ci ilin mayında A.Şerfin ölümü ilə əlaqədar keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi F.İonas qələbə çaldı. 1965-ci ilin sentyabrında xalqçılar və sosialistlər arasındakı fikir müxtəlifliyi növbəti il üçün büdcə məsələsində yenidən kəskinləşdi. 1965-ci ilin oktyarın 23-də AXP-nin liderləri hökumətin istefasını tələb etdilər. 1966-cı ilin mayında keçirilən parlament seçkilərində AXP 48,35%, ASP isə 42,56% səs aldı. Kommunistlər parlamentə bir deputat da keçirə bilmədilər. Parlament seçkilərindən sonra AXP birpartiyalı hökumət təşkil etdi. Bununla da, AXP və ASP-nin 20 illik hökumət koalisiyası başa çatmış oldu.



J.Klausun (AXP) hökuməti hakimiyyətdə. 1966-1970-ci illərdə Klaus başda olmaqla AXP-nin birpartiyalı hökuməti Avstriyada hakimiyyətdə oldu. 1967-1968-ci illərdə iqtisadiyyatda inkişaf tempi aşağı düşdü, büdcə kəsiri artdı, qiymətlər qalxdı. 60-cı illərin ikinci yarısında Avstriyanın xarici borcları 3 dəfə artaraq 4.4 mlrd.şillinqdən 14.3 mlrd. şillinqə çatdı. 1968-ci ilin ikinci yarısından yenidən iqtisadi yüksəliş başlandı.

AXP hökuməti daxili siyasətində xüsusi kapitalın mövqeyini möhkəm­lətməyə, milliləşdirilmiş müəssisələri yenidən özəlləşdirməyə çalışırdı. 1969-cu ilin oktyabrında xalqçılar parlamentdən milliləşdirilmiş sənayeni idarə etmək üzrə səhmdar cəmiyyətlərinin təşkil edilməsi haqqında qanunu keçirə bildilər. Bu cəmiyyət milliləşdirilmiş müəssisələrin səhmlərinin 49%-ni xüsusi şəxslərə satmaq hüququ oldu. Qərbi Almaniya konsernləri keçmiş alman aktivlərini özlərinə qaytarmağı bacardılar.

Klaus hökuməti ictimaiyyət içərisində öz inhisarını gücləndirmək məqsə­dilə radio və televiziyanın idarəsinin islahatını keçirdi. Millətçi, monarxist təşkilatlar canlandı.

Ölkənin xarici siyasəti isə əvvəlki kimi Qərbə istiqamət­lənmişdi. Bununla birlikdə o, bitərəfliyini saxlamaqda davam edirdi. 1968-ci ildə iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Sovet-Avstriya komitəsi təşkil edildi.



Avstriya XX əsrin 70-ci illərində. 70-ci illərin birinci yarısında ölkədə iqtisadi inkişaf yüksək sürətlə inkişaf edirdi. Maşınqnayırma, metallurgiya, elektrotexnika, kimya və sellüloz – kağız sənayesinin məhsulları istehsalının həcmi artdı. Avtsriyada elektrik enerjisi ehtiyatlarının inkişafına xüsusi diqqət yetirilirdi. 1970-ci ilin payızında Andriya (Şimali İtaliya) – Vyana neft kəməri çəkilməyə başlandı. Astriya hökuməti investisiya siyasətinə xüsusi əhəmiyyət verirdi.

1974-1975-ci illərdə dünya iqtisadi böhranı Avstriyaya da təsir etdi. Topdansatış milli məhsulun artımı zəiflədi. Sənayeyə kapital qoyuluşu 1973-cü illə müqayisədə 1974-cü ildə 8-13% aşağı düşdü. Büdcə kəsiri 1973-cü ildə 9 milyard şillinq olduğu halda, 1974-cü ildə 18 mlrd. şillinq oldu. 1976-cı ildə Avstriyada yenidən iqtisadi yüksəliş başlandı.

1970-ci ilin martında keçirilən parlament seçkilərindən sonra ASP-nin lideri B.Krayskinin başçılığı altında Avstriyanın tarixində ilk dəfə sosialistlərin birpartiyalı hökuməti təşkil edildi. Lakin qiymət və vergidə heç bir dəyişiklik edilmədi. 1970-ci ilin noyabrında keçirilən seçki islahatı nəticəsində Milli Sovetin üzvlərinin sayı 183-ə çatdırıldı. Seçki dairələrinin sayı ixtisar edildi, 5%-li seçki baryeri ləğv edildi. 1971-ci ilin aprelində prezident vəzifəsini yenə sosialist İonas tutdu. Bu­nunla da, dövlət hakimiyyətinin mühüm sahələri sosialistlərin əlində cəmlən­miş oldu. 1974-cü ildə F.İonasın ölümündən sonra prezident yenə sosialistlərdən R.Kirxşleger seçildi. 1975-ci ilin oktyabrında keçirilən parlament seçkiləri so­sialistlərə yenə də uğur gətirdi. Yenə də hökumətə B.Krayski rəh­bərlik etməyə başladı. Beynəlxalq şəraitin kəskinləşməsi ilə əlaqədar Avtsriyanın daxilində də mübarizə gücləndi. 1977-ci ildə B.Krayski istefaya getməli oldu. 1977-ci ilin sentyabrın 30-da Milli Sovet Avstriya hərbi materiallarının və nəqliyyatlarının onun ərazisindən kənarda dəqiq miqdarda alın­ması və satılması haqqında qanun qəbul etdi.

Xarici siyasətdə AİB-lə Avstriyanın yaxınlaşmasına xüsusi əhəmiyyət verilirdi. SSRİ və sosialist ölkələri ilə də mü­nasibətlər normal məcrada inkişaf edirdi. 1975-ci ildə He­lsinki müşavirəsində Avstriya iştirak etdi və müşavirənin Ye­kun aktına qol çəkdi. Ərəb-İsrail münaqişəsində Avstriya rea­list mövqe tutduğunu nümayiş etdirdi.



Avstriya XX əsrin 80-90-cı illərində. 80-ci illərin əv­vəl­lərində Avstriyanın iqtisadi inkişafında durğunluq başlandı. İş­güzar fəallıq azaldı. Xarici ticarət balansının kəsiri artdı. Qiymətlər və vergilər artırıldı. 1986-cı ildə işsizlərin sayı 206 minə çatdı. Bu isə işləyən əhalinin 7.1%-ni təşkil edirdi. Bu son 30 ildə Avstriyada ən böyük rəqəm idi.

Siyasi həyatda ASP ilə AXP arasında rəqabət gücləndi. 1980-ci ilin mayın 18-dəki prezident seçkilərində ASP-nin namizədi R.Kirxşleger prezident seçildi. 1983-cü ilin aprelin 24-də Milli sovetə sosialistlərdən F.Linovas başsılıq etməyə başladı.

80-c illərin ortalarında Avstriyanın siyasi dairələrində şərait kəskin şəkil aldı. Bu ölkədəki sosial-iqtisadi çətinliklərlə əlaqədar idi. 1986-cı ilin iyulunda prezident seçkiləri kəskin mübarizə şəraitində keçdi. K.Valdhaym prezident seçildi. Kansler isə F.Vranitski oldu. Onların hər ikisi ASP-nin nümayəndələri idi. Avstriya azadlıq partiyası (AAP) ilə ASP arasında 1983-cü ildən yaranmış əməkdaşlıq AAP-nin millətçiik mövqeini tutmasına görə 1986-cı ildə pozuldu.

1986-cı ilin noyabrın 23-də keçirilən növbədənkənar parlament seçkilə­rində ASP yenə də çoxluq qazandı və Vranitski yenidən baş nazir oldu.

80-ci illərdə Avstriya xarici siyasətdə bitərəfliyini saxlayırdı. Qərbi Avropa ölkələrindən birinci dəfə olaraq o, 1980-ci ilin martında FAT-ı rəsmən tanıdıını bildirdi.

90-cı illərdə də Avstriyanın iqtisadi inkişafı yüksələn xətlə getdi. Xarici siyasətdə isə o əvvəlki xəttini davam etdirdi. 1996-cı illin parlament seçkiləri yenə də sosialistlərə uğur gətirdi. Vranitski kansler vəzifəsində qaldı. Ölkəyə koalisiyalı hökumət rəhbərlik etməyə başladı. 1997-ci ildə keçirilən növbə­dənkənar parlment seçkilərindən sonra V.Klimin başçılığı altında təşkil edilən koalisiyalı hökumət daxildə və xaricdə bitərəflik statusu çərçivəsində siyasət yeritməklə fəaliyyətini davam etdirirdi.



XI.ŞİMALİ AVROPA DÖVLƏTLƏRİ

Norveç

Norveç Ikinci Dünya müharibəsindən sonrakı ilk illərdə
1945-ci ilin mayın 8-də Norveçdə faşıst qoşunları təslim oldular. Norveç burjaziyasının hərbiləşdirilmiş təşkilatı olan “Milorq” ölkədə siyasi vəziyyətə nəzarət etməyə başladı. Müharibədə ölkə on min adam itirdi ki, onlardan 6 mini silahlı qüvvələrdə, donanmada xidmət edirdi. Maddi itki də çox oldu. O, özünün ticarət donanmasının yarısından məhrum oldu. Ölkəyə 21 milyard kron zərər dəydi. O, milli sərvətinin 3,1-ni itirdi. Xüsusilə Şimali Norveç çox əzab çəkmiş oldu.

“Milorq” ölkəyə 5 gün nəzarət etdi. Mayın 13-də Vətən cəbhəsinin və Londondakı mühacir hökumətinin üzvlərindən ibarət Müvəqqəti hökumət təşkil edildi. 1945-ci ilin mayın 31-dən iyunun 7-nə qədər hakimiyyətdə Nyuqorsvalın mühacir hökuməti oldu. Sonra o, hakimiyyəti Norveç fəhlə partiyasının rəhbəri Qerxerdsenin başçılığı ilə koalision hökumətə verdi. Onun tərkibinə 6 sosial-demokrat, 6 burjua partiyasının nümayəndəsi, 2 kommunist daxil oldu.

Norveç fəhlə partiyası müharibə illərində müqavimət hərəkatında iştirak etmiş və əhalinin müxtəlif təbəqələri içərisində böyük nüfuz qazanmışdır.

1945-ci ilin sentyabrın 8-də stortinqə keçirilən seçkilərdən sonra Qerxerdsen birpartiyalı hökumət təşkil etdi. Bu partiya stortinqdəki 150 yerdən 76 yeri tutdu. Qerxerdsen 1963-cü ilə qədər baş nazir vəzifəsində qaldı.

Fəhlə partiyasının hökuməti “Ümumi proqram”la çıxış edərək partiyalararası əlaqə yaratdı. Proqramda demokratik azadlıqlar, əmək hüququ, “iqtisadi demokratiya”, zəhmətkeşlərin istehsalın idarə edilməsində iştirakını təmin etmək məsələləri irəli sürülmüşdür. Başlıca vəzifə ondan ibarət idi ki, Norveç iqtisadiyyatı necə bərpa edilsin və gələcəkdə daha da inkişaf etdirilsin.

İxrac üçün işləyən sahələrə, gəmiçiliyə xüsusi fikir verildi. Dövlətin nəzarəti altında ciddi ehtiyatlar yarandı, maliyyə, xarici ticarət, qiymətlər sabitləşdirildi. Kənd təsərrüfatı fəhlələri və dənizçilər üçün iş günü 8 saata qədər ixtisar edildi.

Sahibkarlarla fəhlələr arasındakı münasibətin dövlət tərəfindən nizamlanması genişləndi. Dövlət inhisarçı kapitalizmi mühüm mövqe tutdu.

Ticarət donanması, qara və əlvan elektrometallurgiya, elektrotexnika sənayesi geniş inkişaf etdi.

1945-ci ilin mayından 1947-ci ilin martına qədər Norveç Fəhlə Partiyası ilə Norveç Kommunist partiyası vahid partiyada birləşmək haqqında danışıqlar apardı. Lakin “Soyuq müharibə” və antikomunizm təbligatı buna mane oldu. 1945-ci il seçkilərində kommunistlərdən stortinqə 11 deputat seçildi.

Qerxerdsenin xarici siyasəti Qərb dövlətləri ilə əlaqələri inkişaf etdirməyə yönəldilmişdi. O, bloklara qoşulmadı. Norveçin ABŞ-dan asılılığı artdı. 1948-ci ildə Norveç “Marşal planı”na qoşuldu. 1949-cu ilin aprelində o, NATO-ya daxil oldu. 1947-ci ildən SSRİ ilə münasibətlər pisləşdi. Norveç bir-birinə hücum etməmək haqqında sovet təklifini rədd etdi.

Norveç XX əsrin 50-60-cı illərində. Norveçin iqtisadiyyatı XX əsrin 50-60-cı illərində yüksək surətlə inkişaf etməyə başladı. Ölkədə hidrostansiyaların, gəmiqayırmanın inkişafı üçün böyük kapital qoyuldu.

1960-cı ildə Norveçin ticarət donanması müharibədən əvvəlki illərə nisbətən 2 dəfə artdı. Norveç ABŞ və İngiltərədən sonra özünün donanma tonnajına görə dünyada üçüncü yeri tutdu. Xarici ticarət dövriyyəsi artdı, balıq konservi, sellüloz kağız, elektrometal, elektrotexnika ixracı artdı.

Norveçdə dövlət-inhisarçı kapitalizmi gücləndi. Ölkənin iqtisadiyyatında 91 ailə hömkranlıq edirdi. Bunlar iri gəmi sahibləri, sənayeçilər, meşə maqnatları, iri vəkillər və bankirlər idi.

ABŞ və NATO-nun təzyiqi altında Norveç hərbi xərcləri artırdı. Onun hərbi xərcləri 1955-ci ildə 1 milyard kron, 1961-ci ildə 1,5 milyard kron oldu. 50-ci illərin əvvəllərində ordunun sayı 270 minə çatdı, halbuki 1939-cu ildə isə cəmi 10 min idi. Şimalda sovet sərhədinə yaxın yerdə hərbi quruculuq genişləndi.

Norveçin siyasi həyatında Norveç fəhlə partiyası (başçısı əvvəl Qerxerdsen, sonra Tori oldu) xüsusi nüfuza malik idi. Müxalifətdə dayanan mühafizəkarlar partiyasının liderləri hökumətin daxili siyasətinə qarşı çıxdı. Müxalifət «Hökumətin sahibkarların fəaliyyətinə qarışması haqqında» qanunun 1952-ci ildə qəbul edilməsinə qarşı çıxsa da, bu qanun qəbul edildi, hökumət bir sıra mütərəqqi tədbirləri həyata keçirməyə müvəffəq oldu.

1953-cü ildə seçki dairələri sistemi dəyişdirildi və stortinqə kənd seçki dairələrindən deputatların üçdə ikisini seçmək hüququ ləğv edildi. Bu qanun bu və ya digər partiyaya daha çox deputat yeri tutmağa imkan verdi.

Sonrakı ildə Konstitusiyada belə bir dəyişiklik edildi ki, əmək qabiliyyətli əhali dövlət tərəfindən işlə təmin edilsin. Xəstəliyə və qocalığa görə maddi təminat hüququ verildi. Bununla birlikdə başlıca istehsal vasitələrinin milliləşdirilməməsi, NATO-ya üzv olmaq xalqın narazılığına səbəb oldu.

Sol sosialistlərin mövqeyini müdafiə edən hissə Norveç fəhlə partiyasından ayrılaraq 1961-ci ildə Sosialist Xalq Partiyasını təşkil etdi. Bu Norveç Fəhlə Partiyasının vəziyyətini bir qədər çətinləşdirdi. 1961-ci il seçkilərində o, dörd mandat itirdi və stortinqdə mütləq çoxluq təşkil etməkdən məhrum oldu. Eyni zamanda Sosialist Xalq Partiyası 2 mandat aldı. Müxalifət Norveç Fəhlə Partiyası ilə bərabər mandat aldı. Bununla əlaqədar olaraq fəhlə hökuməti bir sıra populyar tədbirlər həyata keçirdi. 1962-ci ildə həmkarlar təşkilatları və sahibkarlarla razılıq əsasında xidmətə görə pensiyalara əlavələr edildi. Onun hissəsini sahibkarlar ödəməli idilər. Qadınlarla kişilərin hüququ bərabərləşdirildi. 1961-1965-ci illərdə sosial təminat 60 faiz artırıldı. 1965-ci ildən Norveçdə haqqı ödənilən bir aylıq məzuniyyət tətbiq edildi.

Norveç Fəhlə Partiyasının nüfuzu zəiflədi. “Kinqsbey” şaxtasındakı qəza rezanans yaratdı, 21 adam öldü. Müxalifətdəki sağ qüvvələr bundan istifadə edərək hökuməti təqsirləndirdi ki, dövlət müəssisələrinin texniki təhlükəsizliyini yaxşı təmin etməmişlər. Ona görə 1965-ci ildə növbəti seçkilərdə bu partiya məğlub oldu. Yeni koalisiyalı hökumətə mərkəz partiyasının lideri Per Borten başçılıq etdi. Hökumətin tərkibinə həmçinin mühafizəkarların, liberalların, xristian - demokratların nüma­yəndələri daxil oldu. Yeni hökumət sahibkarlar üçün əl­verişli olan vergi islahatları keçirtdi, müəssisələrin demok­ratik idarəsi layihəsini işləyib hazırladı. Lakin burjua par­ti­ya­ları içərisində birlik yox idi.

Sağ qüvvələrinin təzyiqi altında Borten hökuməti məc­bur oldu ki, 1967-ci ildə sosial təminatın yeni, vahid sis­teminə keçsin.

Uşaqlara 16 yaşına qədər müavinət verilməyə başladı. “Sinfi əməkdaşlıq” siyasəti ziddiyətləri yumşaltdı.

Vergilərin və qiymətlərin qalxması, işsizliyin hələ də qalması “vəhşi” tətillərə gətirib çıxartdı. 1952-1956-cı illərdə xüsusilə tikinti və meşə sənayesində böyük tətillər oldu.

Antimüharibə hərəkatında gənclərin iştirakı artdı. 1965-ci ildə Vyetnamla həmrəylik komitəsi yaradıldı.

1967-ci ilin payızında BMT-nin Baş Məclisinin sessiyasında Norveçin xarici işlər naziri Vyetnamın bombalanması əlehinə çıxdı. 50-ci ilərin ortalarında SSRİ ilə münasibət normallaşmağa başladı. 1955-ci ilin noyabrında Qerxerdsen Sovet İttifaqına gəldi. 1955-1958-ci illər üçün ticarət sazişi bağlandı. 1956-cı ildə mədəni əməkdaşlıq, Barents dənizində qəza-xilasetmə xidməti haqqında da sazişlər bağlandı. Norveç söz verdi ki, ABŞ-ın raketlərini öz ərazisində yerləşdirməyəcək.

60-cı illərdə Norveç yüksək inkişaf etmiş kapitalist dövlətləri ailəsinə daxil oldu. Ölkənin milli ərzaq məhsulları 1977-ci ildə 2 dəfə artdı. Adambaşı düşən milli gəlirin artmasına görə Norveç Qərbi Avropada 3-cü yeri tutdu.(İsveç və İsveçrədən sonra)

Norveç XX əsrin 70-90-cı illərində. 1970-1977-ci illərdə dağ-mədən sənayesi məhsulu buraxılışı artdı. Neft və qaz sənayesində məhsul 4,4 dəfə artdı. 1975-ci ildə Norveç neft ixrac edən ölkələr sırasına daxil oldu. 1972-ci ildə “Statoyl” kompaniyası təşkil edildi.

Kənd təsərrüfatı, balıqçılıq, dəniz ticarəti müvəffəqiyyətlə inkişaf edirdi. Mərkəzləşmə və təmərküzləşmə gücləndi. Əhalinin sosial strükturunda dəyişiklik baş verdi. 1973-cü ildə sənaye və nəqliyyatda özüməşğulolan əhali 43, 8 % xidmət, ticarət, maliyyə, idarəetmədə 44,8 %, kənd təsərrüfatı sənayesində isə 11,4 % təşkil edirdi.

70-ci illərdə Norveç iqtisadiyyatında iri kapitalist ölkələrinə nisbətən çətinlik az oldu. 1977-1978-ci ildə iqtisadiyyat aşağı düşdü, sənayenin artımı dayandı, işsizlik 2 % artdı. 1978-ci il “Tandberq” radioelektrik konserni faktiki iflasa uğradı. “Ümumi bazara” girməklə əlaqədar partiyalar arasında debat başladı. 1971-ci ilin fevralında Borten istefaya getdi. Hökumətə Bratelli (N FP) başçılıq etdi.

1971-ci ilin mayında NFP öz qurultayında 70-ci illər üçün fəaliyyət proqramını qəbul etdi. 1972-ci ilin sentyabrın 25-də keçirilən referendiumda əhalinin 53,5 faizi ümumi bazara daxil olmağın əlehinə çıxdı. Bratelli bundan sonra istefaya getdi və NFP müxalifətə keçdi və Demokratik Sosialistlər Partiyası kimi rəsmiləşdi. 1972-ci ilin sentyabrından 1975-ci ilin oktyabrına qədər hakimiyyətdə olan 3 burjua partiyası (Mərkəz, Venstre, Xristian-xalq) AİB-ə daxil olmağın əlehinə oldular. 1973-cü il mayın 14-də Norveç AİB-lə sərbəst ticarət haqqında müqavilə bağladı, lakin AİB-ə daxil olmadı.

1973-cü ilin parlament seçkilərində NFP 35 % səs aldı. Bratelli yenidən hökumət təşkil etdi. 1976-cı ilin yanvarında o, öz yerini NFP-nin parlament fraksiyasının sədri O, Nurdliyə güzəştə getdi.

70-ci illərdə stortinq istehsal demokratiyası haqqında qanun qəbul etdi. 1974-1975-ci illərdə bunun analogiyası olan qanunlar tikintiyə, xidmət sahələrinə, maliyyə orqanlarına da aid edildi.

1978-ci ilin sentyabrında qiymətlər donduruldu. 1979-cu ilin oktyabrında qiymətlər və əmək haqqının nizama salınması haqqında qanun qəbul edildi. Fəhlələrin mübarizəsi nəticəsində pensiya yaşı 1973-cü ildən 67 yaşa endirildi. 1976-cı ilin mayın 1-dən 60 yaşından yuxarı adamlar beş həftəlik məzuniyyət ala bilərdi. 1977-ci ilin aprelin 1-dən 40 saatlıq iş həftəsi zəhmətkeşlərin bütün təbəqələrinə aid edildi. Həmkarlar ittifaqı siyasi mübarizəyə qoşuldu.

Norveç 1975-ci ildə ATƏM-ə daxil oldu. BMT-də Norveç SSRİ-nin bir çox sülh təkliflərini müdafiə etdi. İnkişaf etməkdə olan ölkələrlə münasibətlər yaxşılaşdı. Onlara iqtisadi kömək göstərildi. SSRİ ilə Norveç arasında 20-yə qədər saziş bağlandı. 60-70-ci illərdə Norveçin hərbi xərci 2 dəfə artdı. 1978-ci ildə NATO-nun hərbi xərclərinin 3 faiz artmasına tərəfdar oldu. Hərbi manevr üçün onun ərazisi istifadə edilməyə başladı. Həmçinin o, Finlandiyanın, Şimali Avropanı nüvəsiz zonaya çevirmək təklifinə razılıq vermədi.

1981-1982-ci illərdə Norveçdə iqtisadi durğunluq özünü göstərdi. Metallurqiya və ağac emalı sənayesi ağır vəziyyətə düşdü. Tələb olunan malların qiyməti artırıldı, inflyasiya, işsizlik artdı. 1236 müəssisə iflasa uğradı.

1980-cı ilin əvvəlində qiymətlərin dondurulması ləğv edildi. İqtisadi durğunluqla əlaqədar NFP-dən narazılıq artdı.

1983-cü ildə ölkənin iqtisadi vəziyyəti yaxşılaşmağa başladı. Neft və qaz sənayesinin inkişafı imkan verdi ki Norveç 1984-cü ilin sonunda, bütün xarici borclarını ödəsin. Adambaşına düşən elektrik enerjisinə görə Norveç kapitalist dünyasında birinci yeri tutdu. Norveç hökuməti yenə də başlıca diqqəti sosial –iqtisadi problemlərə verdi. 1981-ci ilin sentyabrında seçkilərdə bu partiya 10 yer itirdi Bu zaman baş nazir Xarlen Brundtand istefa verdi, kabinetə Xeyre (mühafizəkarlar) partiyasının lideri Villok başçılıq etməyə başladı..



1982-ci ildə sosial xərclər ixtisar edilməyə və hərbi xərclər artırılmağa başladı. Hökumət zəhmətkeşləri səbirliliyə və mötədilliyə çağırdı.

1983-cü ilin iyununda 3 partiyadan (Xeyre, NXP, Mərkəz) ibarət koalisiyalı hökumət təşkil edildi. 1986-cı ilin mayında ölkəni hökumət böhranı bürüdü. Nazir Villokun «İqtisadiyyatı sağlamlaşdırmaq» lahiyəsi stortinqdə bəyənil­mədi. Koalisiyalı hökumət istefaya getməyə məcbur oldu. Parlament seçkilərindən sonra yenidən hökumətə NFP lideri Q.Xarlem Brundtland başçılıq etdi. Norveç zəhmətkeşləri hökumətin iqtisadiyyatı sağlamlaşdırma layihəsini bəyən­mədilər. Onlar iş həftəsinin uzadılmasını və əmək haqqının azaldılmasının əleyhinə çıxdılar.

1986-cı ilin aprelində ölkədə kəskin əmək münaqişəsi oldu.

1981-ci ildə 89 % norveçli silahsız zona yaratmağa tərəfdar oldu. 1982-ci ildə Şimali Avropanın nüvəsiz zonaya çevirmək çağırışını 600 min norveçli imzaladı. Stortinq belə bir qərar çıxartdı ki, istər sülh, istərsə də müharibə dövründə nüvə silahı onun ərazisində yerləşdirilməsin.

Bununla belə 80-cı illərdə də Norveç ABŞ-ı müdafiə edirdi. 1980-cı ildə o, ABŞ qoşunlarını maddi və texniki təminatı sahəsində şərtlər haqqında saziş bağladı. 1981-ci ildə bağladığı sazişə görə Norveç ərazisində ABŞ-ın ağır silahlar üzrə anbarı yaradıldı. Bununla belə, Norveç kimyəvi silahların istehsalına qarşı çıxır və bildirirdi ki. onu öz ərazisinə qoymayacaq. O kosmosda silahlanmanın da əleyhinə çıxdı. O, SSRİ və digər sosialist ölkələri ilə də əlaqələri inkişaf etdirirdi.

1983-cü ildə Sovet-Norveç ticarət dövriyyəsi 180 milyon rubl olmuşdur. 1986-cı ilin dekabrında Norveçin baş naziri Xarlem Brundtland SSRİ-yə rəsmi səfər etdi.


1   ...   17   18   19   20   21   22   23   24   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə