Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə19/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

Braziliya XX əsrin 80-90-ci illərində. 80-ci illərin əvvəllərində ölkədə 18 mln. ton polad istehsal edilirdi. İldə 1 milyon avtomobil buraxılırdı. Ölkədə 115 mln. baş iri buynuzlu mal-qara var idi. İxracın 40%-ni kənd təsərrüfatı verirdi (qəhvə, soya, tütün, qənd, sitrus bitkiləri, pambıq, mal əti, ev quşları). Qəhvə istehsalına görə Braziliya birinci yerini saxlayırdı. Hər il biri 60 kq-dan 20 milyon kisə qəhvə ixrac edilirdi. Bu təxminən bütün dünya ölkələrinin ixrac etdiyi qəhvəyə bərabər idi. Daxili topdansatış məhsul istehsalına görə Braziliya (1984-də 228 mlrd dollar) konti­nentdə digər dövlətləri qabaqlayırdı. Həmçinin qızıl valyuta ehtiyatlarına görə də o birinci yeri tutrudu (8,2 mlrd. dollar). Amazonka yanındakı raoynların inkişafına xüsusi diqqət verilirdi. Transamazon magistral yolu çəkildi ki, uzunluğu 800 km. idi. Karajezdə dəmir filizi yataqlarında 18 milyon ton dəmir çıxarıldı ki, bu da ölkədə çıxarılan dəmir filizinin 60% demək idi.

80-ci illərin əvvəllərində istehsal aşağı düşdü. Kənd təsərrüfatında durğunluq başlandı.Ölkədə işləyən əhalinin 44 %-i, yəni 21,3 milyonu işsiz idi.

Xarici borclar 1980-ci ildə 53,8 mlrd. dollardan, 1983-ci ildə 100 mlrd. dollara çatdı. 1981-ci ildə Braziliyaya 13 milyard dollar həcmində xarici kapital daxil oldu. Gəlirlərdən tutulan vergilər artırıldı. 1979-cu ildə liberllaşdırma prosesi başlandı. Buna qarşı ultrasol qüvvələr çıxış edərək terror təşkil etdilər. Senzura zəiflədi. 1980-ci idə Sosial-demokrat partiyası əsa­sın­da Braziliya zəhmətkeşlər partiyası yaradıldı. 1983-cü ilin av­qustunda Zəhmətkeşlərin vahid həmkarlar mərkəzi yaradıldı. Bütün bunlar mübarizədə birləşmək məqsədini güdürdü.

1984-cü ildə Braziliya demokratik hərəkat (BDH) partiyası yaradıldı. Onun lideri Tanskredu Nevis prezident seçildi, lakin vəzifəsinə başlamamış öldü. Vitse-prezident Joze Sarney 1985-ci ildə prezident oldu. O, liberal cəbhənin rəhbəri idi. O, koalisiyalı hökumət təşkil etdi. Demoarktik rejim bərpa olunmağa başladı. 1985-ci ilin mayında birbaşa prezident seçkiləri keçirildi.

Sarneyin prezidentliyi dövründə ölkədə 1,5 milyon yeni iş yeri açıldı. 1987-ci ildən sosial ehtiyaclara 4 mlrd. dollar pul ayrıldı. 1986-cı ilin noyabrında Müəssislər Məclisinə seçkilər keçirildi ki, yeni respublikanın konstitusiyasını hazırlasın. 1988-ci ildə Braziliyanın yeni konstitusiyası qəbul edildi. Ölkədə idarəçilik sisteminin formasına aid ilk referendum keçirildi. Braziliya sənaye-aqrar dövlətinə çevrildi. 90-cı illərin əvvəllərində maliyyə böhranı başlandı, istehsal aşağı düşdü. Xarici borclar artdı. İnflyasiyaya qarşı proqram hazırlandı və bu «real plan» adlandı. Real devalvasiya edildi, iqitsadiyyat 90-cı illərin ortalarında sabitləşməyə başladı.

1990-92-ci illərdə prezident Fernando Kollar de Melo oldu. 1992-ci ildə isə Franeci oldu.

Argentina ilə 1980-ci ildə atom enerjisindən istifadə haqqında saziş bağlandı. Belə bir saziş İraqla da bağlandı. 1981-ci ildə Nikaraqua, 1982-ci ildə Ekvadorla saziş bağlandı. 1982-ci ildə Reyqan Braziliyaya gəldi. 1983-cü ildə Braziliya və ABŞ kosmosda raketlərdən istifadə haqqında saziş bağladılar. Brazaliya Latın Amerikası ölkələri içərisində kosmosa ilk süni peyk göndərən ölkə idi.

1994-cü ilin prezident seçkilərində sosial-demokrat Kordoza qələbə çaldı. Onun dövründə Latın Amerikası, Asiya, Afrika ölkələri ilə əlaqələr inkişaf etdi. 1998-ci ildə o, ikinci dəfə ölkənin prezidenti seçildi.


ARGENTİNA
Argentina İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə. İkinci Dünya müharibəsinə Argentina 1945-ci ilin martında antihitler koalisiyasının tərəfində qoşuldu. 1945-ci ilədək o, Latın Amerika ölkələri içərisində bitərəfliyini saxlayan yeganə dövlət idi. Müharibə dövründə Argentina xeyli gəlir əldə etdi və aqrar sənaye dövlətinə çevrildi.

Bununla belə ölkədə xarici kapitalın ağalığı hələ də qalırdı. İqtisadiyyatda əsas yeri latıfundistlər və ticarət-maliyyə oliqarxiyası tuturdu. Hələ 1943-cü ildə Xuan Dominqo Peronun başçılığı altında Argentinada «Birləşmiş zabitlər qrupu» adlı təşkilat yarandı. 1946-cı ilin fevralında Peron Argentinanın prezidenti seçildi. Peron 1955-ci ilə qədər bu vəzifədə qaldı. İqtisadiyyatın dövlət bölməsi möhkəmlən­dirildi. 1947-ci ildə iqtisadi müstəqillik deklarasiyası qəbul edildi.

Peronun prezidentliyi dövründə xarici kapitalistlərin əlində olan iqtisadiyyatın bir sıra sahələri milliləşdirildi. İngilislərin əlində olan dəmiryollar, qaz, sığorta, telefon, teleqraf onlardan pulla alındı. Ölkədə yeni müəssisələr tikildi. Banklar və xarici ticarətin bir hissəsi dövlətin əlinə keçdi. Dövlət bölməsi ölkə iqtisadiyyatında əsas yer tutmağa başladı. Argentinanın maliyyə vəziyyəti yaxşılaşdı. O, borclu dövlətdən borc verən dövlətə çevrildi. Avropa və Latın Amerikası ölkələrinə 4 mlrd. peso kredit verildi. Əmək haqqı artdı, fəhlə sinfinin sayı çoxaldı.

Peronun yaratdığı Milli İnqilab Partiyasının tərkibi burjua nümayəndələri, dövlət qulluqçuları və fəhlələrdən ibarət idi.

Peron xarici siyasətdə müstəqil kurs götürdü. 1946-cı ilin iyununda SSRİ ilə diplomatik əlaqələr yaratdı. O, ABŞ-ın ölkəyə iqtisadi və siyasi müdaxiləsini məhdudlaşdırmaq üçün addımlar atdı.

1949-cu ildə Argentinanın yeni konstitusiyası qəbul olundu. Ölkə qarşısında milli iqtisadi inkişaf məsələsi və Peronun xustisializmi (ədalət) mühüm vəzifə kimi dururdu. Bu ideyaya görə Argentinada sinifsiz cəmiyyət qurulmalı, əhalinin aşağı təbəqələrinə xüsusi güzəştlər olunmalı idi. Həmçinin Argentinanın rəhbərliyi altında Latın Amerikası ölkələrindən ibarət xüsusi dövlətlər birliyi olan Cənub bloku yaradılmalı idi. Əslində Peronun idealogiyasının əsasını millətçilik təşkil edirdi.



Argentina XX əsrin 50-70-ci illərində. 1947-1953-cü illərdə Peron rejimi ölkədə siyasi üstqurum kimi formalaşdı. 1951-ci ildə Argentina ABŞ ilə hərbi pakt bağladı. Lakin Peronun milli reformizm siyasəti sağların xoşuna gəlmədi. 40-cı illərin sonu – 50-ci illərin əvvəllərində iqtisadiyyatda enmə başlandı. Daxili siyasi həyat kəskinləşdi. Dünya bazarında Argentinanın kənd təsərrüfatı məhsullarının qiyməti düşdü. Ölkənin maliyyə vəziyyəti çətinləşdi. Ticarət balansı passiv qaldı. Dövlət sənayeləşdirmə proqramından əl çəkdi, yerli və xarici kapitala güzəştə getdi. ABŞ banklarından 125 mln. dollar istiqraz alındı. Ölkədə yenidən xarici kapitalın nüfuzu gücləndi. 1955-ci ilin mayında hökumət ölkənin neft ehtiyatlarını ABŞ kompaniyasına istismara vermək haqqında saziş bağladı. Tətillər gücləndi. 1952-ci ildə ölkədə mühasirə vəziyyəti elan edildi. Parlament nümayiş və yığıncaqların qadağan edilməsi haqqında qanun qəbul etdi. 50-ci illərin ortalarında latifundistlər, ticarət-maliyyə və katolik kilsəsinin yuxarı dairələri Perona qarşı çıxdılar. 1955-ci il sentyabrın 16-da general Leonardi başda olmaqla ordu hissələri Kordovada antihökumət çıxışları etdi. Peron ölkəni tərk etməyə məcbur oldu. 1956-ci ilin fevralına qədər hakimiyyətdə general Aramburınun başçılıq etdiyi müvəqqəti hərbi hökumət oldu. Bu hökumət burjua-mülkədar və xarici inhisarların mənafeyini müdafiə edirdi. Xarici siyasətdə isə ABŞ-la əlaqələri möhkəmləndirmək xətti götürüldü. Hökumət xalq hərəkatının qarşısını almaq üçün 1957-ci il iyunun 27-də ölkədə yenidən mühasirə vəziyyəti elan etdi. 1957-ci ilin sentyabr-oktyabr aylarında ölkədə 4 milyon adamın tətili hökuməti mühasirə vəziyyətini ləğv etməyə və prezident seçkiləri keçirməyə məcbur etdi. 1957-ci ildə Artur Frondisinin başçılığı altında Vətəndaş radikal partiyası yenidən təşkil edildi.

1955-1957-ci illərdə ölkədə hökm sürən hərbi diktaturadan sonra 1957-ci ildə prezident seçkiləri keçirildi. Frondisi ölkənin prezidenti seçildi. Onun dövründə daxili siyasi həyat bir qədər demokratikləşdirildi. «İqtisadi sabitləşmə proqramı» qəbul edildi. Siyasi amnistiya verildi. Siyasi partiya və təşkilatların fəaliyyətinə icazə verildi, fəhlə sinfinə bir sıra güzəştlər edildi. SSRİ ilə ticarət genişləndirildi. SSRİ ona 1958-ci ildə neft sənayesini inkişaf etdirmək üçün 400 milyon rubl kredit verdi. Bütün bunlara baxmayaraq ölkədə iqtisadi vəziyyət pisləşməkdə davam edirdi. Kütləvi tətillər başlandı. Tezliklə hökumət yerli oliqarxiya və xarici kapitalistlərə güzəştə getdi. O, latifundiyaları məhdud­laşdırmadı. Xarici ticarət üzərində dövlət nəzarəti azaldıldı. Ölkəyə xarici kapitalın axını gücləndi. Frondisi hökuməti ABŞ-la ölkənin neftli torpaqlarının 30 il müddətinə ABŞ-a icarəyə verilməsi haqqında saziş bağladı. ABŞ Argentinaya 329 mln. dollar kredit verdi.

1962-ci ildə Argentina ABŞ-ın təzyiqi nəticəsində Kuba ilə diplomatik əlaqələri kəsdi. Böhran şəraitində Argentinanın mühafizəkar qüvvələri ABŞ səfirliyinin razılığı ilə 1962—ci il martın 28-də hərbi çevriliş etdilər. Hakimiyyətə senatın sədri X.Mariya Qido gəldi. Demokpatik qüvvələrə qarşı mübarizə davam etdirildi. 1963-cü ilin iyununda keçirilən prezident seçkilərində Vətəndaş radikal partiyasından olan İlia qələbə qazandı. Onun dövründə milliləşdirmə siyasəti yeridilirdi. Ölkədə sosial sahədə mühüm tədbirlər həyata keşirildi. Prezident A.İlia tərəfindən mürtəce qanunlar ləğv edildi. Siyasi məhbuslar əfv olundu və siyasi partiyaların fəaliyyətinə icazə verildi. 1963-cü il noyabrın 15-də neft sənayesi milliləşdirildi. Bu siyasət ABŞ və bir sıra inhisarçı dairələrin narazılığına səbəb oldu. 1966-ci il iyunun 27-dən 28-nə keçən gecə general Onqaniyanın başçılığı altında çevriliş oldu, xunta yaradıldı. 1966-cı ildə Onqaniya prezident seçildi. Onun əsas prinsipi intizam, qayda-qanun və kommunizmin kökünü kəsmək idi. Demokratik azadlıqlar ləğv edildi. ABŞ-la «səmimi münasibətlər» yara­dıldı. Konqres buraxıldı. Bütün siyasi partiyaların fəaliy­yəti qadağan edildi. Qanunverici və idarəedici hakimiyyət prezi­dent və xuntanın əlində cəmləşdi. Xuntanın təhlükəsizliyini təmin etmək üçün 100-ə qədər dekret verildi. Qısa bir müd­dətdə sənayenin əsas sahələrinin 95%-i xarici kapitalistlərin əlinə keçdi.

Xunta Argentinanın suverenliyinə böyük zərbə vurdu. 1968-ci ildə tətillərdə 8 milyon adam iştirak etdi. 1969-cu ildə Kordova şəhərində xalq üsyanı baş verdi. Ölkədə iqtisadi vəziyyət pisləşdi. Hökumət əleyhinə çıxışlar başlandı. «Milli azadlıq uğrunda vətəndaş cəbhəsi» yaradıldı və 1973-cü ildə o, «Xustisialist azadlıq cəbhəsi»nə çevrildi. Onqanyanın siyasəti xalq kütlələri içərisində yenidən Peronun ideyalarına qayıdış yaratdı.

1973-cü ildə Peronun tərəfdarlarından olan Kampora prezident seçildi. Kampora dərhal Peronu ölkəyə çağırtdırdı və öz vəzifəsini ona verdi. 1973-1975-ci illədə Peron yenidən prezident oldu. Normal həyat qaydaları bərpa olundu. İqtisadiyyatda dövlət bölməsi möhkəmləndirildi, neft sənayesi milliləşdirildi, əmək qanunvericiliyi genişləndirildi, aqrar islahat hazırlandı. 1975-ci ildə Peronun vəfatından sonra bu vəzifəni onun arvadı Mariya Peron tutdu. Hər tərəfdən təzyiqlər başlandı. Faşist vıə terrorçu təşkilat olan Argentina Antikommunist Alyansı (AAA) öz fəallığını gücləndirdi. 1976-cı il martın 24-də baş verən hərbi çevriliş nəticəsində prezident general X.P.Videla oldu. O, parlamenti buraxdı, 48 siyasi partiya və demokratik təşkilatın fəaliyyəti qadağan edildi. Kütləvi təqiblər başlandı. İqtisadi sahədə xüsusi mülkiyyət möhkəmləndi. Ölkəyə xarici kapital geniş şəkildə cəlb edildi. Gəlir azad surətdə xaricə axmağa başladı. Dövlətin neft kompaniyaları üzərində inhisarı ləğv edildi.

Argentina XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəlində Argentinanın iqtisadi vəziyyəti surətlə pisləşdi. Topdansatış ərzaq məhsulları 10% aşağı düşdü. 1981-ci ildə hökumət xarici texnologiyanın idxalı üzərində nəzarəti götürdü.1982-ci ildə sənaye məhsulu istehsalı 5,5% azaldı. Real əmək haqqı 13% endi. Ölkənin xarici borcları 1982-ci ildəki 22,3 mlrd. dollardan 1985-ci ildə 50 mlrd. dollara çatdı.

1981-ci ilin martında Videlanı general Viola əvəz etdi. Viola həmin ilin dekabrında öz yerini general Qalteriyə verdi. 1982-ci il iyulun 1-dən isə onu istefada olan general Binion əvəz etdi. Ölkədə fəhlə və demokratik hərəkat gücləndi. Bütün siyasi partiyalar dəyişikliklər tələb edirdi. Lakin xunta güzəştə getmək istəmirdi.

1981-ci ilin iyununda demokratik vahid cəbhə təşkil edildi. Qalterinin hərbi rejimi sabitləşdirmək cəhdi baş tutmadı. 1982-ci ilin martında ölkədə kütləvi tətillər başlandı. 1982-ci ilin aprelində Folklend (Malvin) adaları üstündə İngiltərə ilə münaqişə başladı və Argentinanın məğlubiyyəti ilə başa çatdı. Bu, xuntanın beynəlxalq aləmdə nüfuzunu aşağı saldı. Siyasi partiyalar, həmkarlar ittifaqları açıq fəaliyyət göstərməyə başladılar. 1982-ci ildə 9 milyon adam tətil etdi. Xalq küçələrə çıxaraq hakimiyyətin konstitusiyalı hökumətə verilməsini tələb etdi. Nəticədə 1982-ci il oktyabrın 30-da ölkədə prezident seçkiləri keçirildi. Vətəndaş radikal ittifaqı partiyasından olan Alfonsi prezident seçildi. Xalqa zidd qanunların fəaliyyəti dayandırıldı. Xunta üzvləri həbs edildi və məhkəməyə verildi. Hərbi komandanlıq yenidən quruldu. Terrorçu təşkilatların istintaqı başlandı.

1985-ci ildə antiinflyasiya planı tərtib edildi. İdxal kəskin ixtisar edildi, qiymətlər və əmək haqqı donduruldu. Mənzil tinkintisi üçün lazımi tədbirlər görüldü.

ABŞ-la münasibətlər ziddiyyətli xarakter daşıyırdı. ABŞ-la ticarət ölkənin iqtisadi həyatında mühüm yer tuturdu. Bununla belə, ABŞ Argentinaya siyasi təzyiq göstərmək siyasətindən də əl çəkmirdi. Lakin ABŞ Argentinanın 1980-ci ildə SSRİ-yə taxıl göndərməsinə mane ola bilmədi. ABŞ-ın Argentinanın iştirakı ilə Cənubi Atlantika bloku yaratmaq istəyi də baş tutmadı. Çilidən başqa Latın Amerikası ölkələrinin hamısı ilə münasibətlər normal inkişaf edirdi. Sürətlə silahlanmaya qarşı altı dövlətin təşkil etdiyi kantador qrupunun Argentina da fəal üzvlərindən idi.

Argentina ABŞ-ın kosmosda silahlanma proqramını tənqid etdi, 1983-cü ildə onun Qrenadaya təcavüzünü pislədi. Prezident Alfonsi dinc əməkdaşlıq tərəfdarı idi.

80-ci illərdə Argentinanın xarici işlər naziri D.Kaputo bu ölkənin bütü hesab edilirdi.

Bloklara qoşulmamaq və Latın Amerikası ölkələri ilə həmrəylik bu dövrdə Argentinanın xarici siyasətinin əsas prinsipləri elan edilmişdi.

1989-cu ilin prezident seçkilərində xustisialist K.S.Menem qələbə çaldı. Siyasi məhbuslar əfv olundu. Böyük Britaniya ilə münasibətlər bərpa olundu «İqtisadiyyatın sağlamlaşdırılması» siyasəti yeridildi. Dövlət müəssisələrinin özəlləşdirilməsi xətti götürüldü. Yeni vergi qaydası tətbiq edildi. 1991-ci ilin martında Argentina, Braziliya, Paraqvay və Uruqvay tərəfindən Latın Amerikası regionunda ümumi bazarın yaradılması haqqında saziş bağlandı.

90-cı illərdə Argentinanın əsas problemi onun xarici borclarının olması idi. 90-cı illərdə bazar mexanizminin liberallaşdırılması xəttinin yeridilməsi iqtisadiyyatda bir sıra uğurlara səbəb oldu.

Menem hökuməti (1989-1999) «anasteziyasız cərrahiyyə əməliyyatı» aparmağı təklif etdi. Monetarizm və neoliberalizm siyasəti yeridildi. Özəlləşdirmədən 30 milyard dollar gəlir əldə edildi. İnflyasiya 3,6%-ə endi. 1991-94-cü illərdə ümumi məhsul buraxılışı 6-9% artdı.

Lakin xarici borclarda artaraq 118 milyard dollara çatdı.

1999-cu ilin oktyabr ayında keçirilən seçkilərdə vətəndaş radikal ittifaqı partiyasından olan Fernando de Rua qalib gəldi.
X. MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUB-ŞƏRQİ AVROPA DÖVLƏTLƏRİ

Mərkəzi, Şərqi və Cənub-şərqi avropa dövlətləri ikinci dünya müharibəsindən sonrakı ilk illərdə
1944-cü ilin aprelində SSRİ Silahlı Qüvvələri Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin alman faşizmindən xilas edilməsi uğrunda həmin ölkələrin xalqları ilə birgə mübarizəyə başladı. 1944-cü ilin avqustunda Rumıniya, sentyabrında Bolqarıstan, oktyabrında Yuqoslaviya, noyabrında Albaniya, 1945-ci ilin fevralında Macarıstan, aprelində Avstriya və Polşa, mayında isə Çexoslovakiya azad edildi. Bu ölkələrdən Macarıstan, Bolqarıstan və Rumıniya Almaniyanın satilleti olduğuna görə onlarda SSRİ və onun müttəfiqlərinin qoşunları yerləşdirildi. Oradakı idarə orqanları müttəfiqlərin nəzarəti altında fəaliyyət göstərməyə başladı.

1944-1946-cı illər bü ölkələrin tarixində xalq demo­kra­tiyası dövrü kimi səciyyələndirilir. Bu ölkələrdə geniş milliləş­dirmə həyata keçirildi. İlk növbədə kollabrosio­nistlərin, yəni müharibə dövründə faşistlərlə əməkdaşlıq edənlərin mülkləri müsadirə edildi. Rumıniya, Çexoslovakiya və Albaniyada mərhələ-mərhələ, yerdə qalan dövlətlərdə isə birbaşa keçiri­lən aqrar islahat nəticəsində kəndlilərin əksəriyyəti torpaqla təmin edildi. 1944-1946-cı illərdə SSRİ bu ölkələrə texniki yardım və taxılla kömək etdi. 1948-1949-cu illərdə isə sosializm qurmağın sovet modeli bu ölkələrə tətbiq edilməyə başladı. O zamankı SSRİ rəhbərlərindən olan Jdanov, Malenkov həmin ölkələrdə «Sovet modeli»ni tətbiq etmək üçün obyektiv şəraitin varlığı haqqında tezis irəli sürdülər. 1948-1949-cu illərdən sonra həmin ölkələrdə qurulan sosialzm cəmiyyətini ancaq “totalitar sosializm” adlandırmaq olardı. SSRİ bu ölkələri öz nəzarəti altında saxlamaq üçün 1947-ci ildə Məlumat bürosu adlı təşkilat yaratdı. 1949-cu ildə həmin ölkələrin «Marşall planı»na qoşulmasının qarşısını almaq üçün isə Qarşlııqlı İqtisadi Yardım Şurası (QİYŞ) təşkil etdi. Buraya ancaq Yuqoslaviya daxil olmadı. SSRİ NATO-ya qarşı 1955-ci ilin mayında bu ölkələrin iştirakı ilə Varşava müqaviləsi təşkilatını təşkil etdi. Bu hərbi təşkilata da Yuqoslaviya daxil olmadı. Avstriya isə başqa yolla getməli oldu.



POLŞA: Mərkəzi və Cənub-Şərqi Avropa dövlətləri içərisində SSRİ ilə birinci müxalifətdə olan ölkə Polşa oldu. Hələ 1944-cü ilin avqust ayında sovet qoşunlarına qarşı Varşavada böyük üsyan oldu. Elə SSRİ ilə ABŞ arasında da ilk ixtilaflar bu məsələ ilə əlaqədar başladı. 1943-cü ilin Tehran, 1945-ci ilin Krım və Potsdam konfransında Polşa məsələsi xüsusi müzakirə obyektlərindən biri oldu. Nəticədə Polşanın 1938-ci il sərhədləri özünə qaytarıldı. Oder və Neysi çaylarının qərb sahilləri Polşaya verildi. 1944-1945-ci illərdə ölkədə milliləşmə həyata keçiridi.

Müharibə nəticəsində Polşada 6 milyon insan həlak oldu, sənaye müəssisələrinin 70%-i, kəndli təsərrüfatlarının isə 20%-i dağıldı.

1945-ci ilin iyununda Polşada təşkil edilmiş hökumətə Usubka Moravski başçılıq edirdi. Bu hökumətin tərkibinə Polşanın azad edilməsində xüsusi rolu olan Krayevo Rada Naradova və Polşa Milli azadlıq komitəsinin üzvlərindən də daxil edildi. 1948-ci ildə Polşa Fəhlə və Polşa Sosialist Partiyası birləşdi və Polşa Birləşmiş Fəhlə partiyası (PBFP) adlandı. 1949-cu ilin noyabrında isə Kəndli Partiyası ilə Polşa Kəndli partiyası birləşib Birləşmiş Kəndli partiyasını yaratdılar. Demokratik və Əmək partiyaları da birləşib vahid Demokratik partiya adlandılar. PBFP-nin Mərkəzi Komitəsinin birinci katibi Berut oldu. 1946-cı ildən ölkə Polşa Xalq Respublikası adlandı. 1947-1949-cu illəri əhatə edən üçillik plan qəbul edildi.

1947-ci ilin fevralında Polşanın birinci konstitusiyası qəbul edildi. Konstitusiyanın qəbulundan sonra ilk prezident Berut oldu. 1956-cı ilə qədər o bu vəzifədə qaldı. Hökumətə isə Serankeviç başçılıq edirdi. Polşada torpaq sahəsinin genişliyi imkan verdi ki, birbaşa keçirilən aqrar islahat nəticəsisndə hər nəfərə 50-100 ha torpaq sahəsi verilsin. 1948-1949-cu illərdə Polşada kənd təsərrüfatında 243 istehsal kooperasiyaları təşkil edildi ki, bunlar da 6 min kəndli təsərrüfatını birləşdirirdi. İşsizlik ləğv edildi, kartoçka sistemi təxirə salındı. Ölkədə sosialistcəsinə yenidənqurma proqramı işlənib hazırlandı. 1950-1955-ci illəri əhatə edən altıillik plan qəbul edildi. 1950-ci il iyunun 29-da bağlanan Sovet-Polşa sazişinə əsasən SSRİ Polşaya 20 mühüm obyektin inşası üçün material və 2,2 mlrd. rubl həcmində kredit verdi.

1952-ci il iyulun 22-də Polşa Xalq Respublikasının yeni Konstitusiyası qəbul edildi. Sosialist quruculuğunu inkişaf etdirmək xətti götürüldü. 1952-ci il oktyabrın 26-da Seymə keçirilən seçkilərdə PBFP, PKP və DP-nin birliyi nəticəsində yaranmış Milli cəbhə qələbə qazandı.

1955-ci ildə altıillik plan 1949-cu illə müqayisədə sənayedə 70%, kənd təsərrüfatında 26% artımla yerinə yetirildi. Ölkədə 160 iri və orta sənaye müəssisəsi tikildi.

1956-cı il martın 12-də Berutun ölümündən sonra ölkədə siyasi böhran başlandı. Polşada hakimiyyətə gələn Vladislav Qomulko bildirdi ki, Polşanın spesifik xüsusiyyət­lərini nəzərə almaq lazımdır və burada kollektivləşmə müm­kün deyil. Buna görə o, vəzifədən uzaqlaşdırılsa da, 1956-cı ildəki Polşa hadisələri göstərdi ki, ölkə əhalisi Qo­mulkonun tərəfindədir. O yenidən vəzifəsinə qaytaraldı. Polşada kollek­tiv­ləşmə həyata keçirilmədi. 1970-ci ildə Qomulkonu Gerek əvəz etdi. 1968-1970-ci illərdə Polşada iqtisadi böhranın təza­hürləri özünü göstərməyə başladı. Bu proses 70-ci illərin so­nunda daha da gücləndi. 1980-ci ildə ölkədə fövqəladə vəziy­yət elan edildi və 1983-cü ilə qədər davam etdi. 1980-ci ildə Lex Valensanın başçılığı alltında müstəqil həmkarlar təş­kilatı olan «Həmrəyəlik təşkilatı» yarandı. 1981-ci ildə Gerek vəzi­fəsindən azad edildi. O zaman Varşava Müqaviləsi Təşkilatı­nın Silahlı Qüvvələrinin baş komandanı olan V.Yaruzelski Pol­şa Birləşmiş Fəhlə Partiyasının Mərkəzi Komitəsinin bi­rinci katibi seçildi.

1982-1987-ci illərdə ABŞ Polşaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. ARtıq 80-ci illərdə Polşanın xarici borcları 20 milyard dolları ötüb keçdi. Qorbaçovun SSRİ-də hakimiyyətə gəlməsi ilə Avropanın sosialist ölkələrində baş verən sosial-siyasi proseslər Polşaya da təsir etdi. 1989-cu ildə Polşa prezidenti vəzifəsi təsis edildi. İlk prezident V.Yaruzelski oldu. Bir il keçməmiş – 1990-cı ildə onu Lex Valensa əvəz etdi.

1990-cı ildə Polşanın qəbul edilmiş yeni konstitusiyasına görə dövlətin adı dəyişilərək Reç-Pospolita-Polska adlandırıldı. 1990-cı ildə keçirilən parlametn seçkilərindən sonra ilk dəfə katolik partiyasının nümayəndələrindən olan Tadueş Mazovetskinin başçılığı altında hökumət təşkil edildi. Həmin hökumətdə maliyyə naziri vəzfiəsini tutan L.Baltseroviç tərəfindən Polşanın inkişaf etdirilməsi üçün yeni iqtisadi plan irəli sürüldü. Bu planda nəzərdə tutulurdu ki, Polşanın sürətli bazar iqtisadiyyatına keçməsi üçün müsəssisə­lərə müstəqillik verilməli və bu müəssisələr özləri-özlərini maliyyələşdirməlidirlər. Dövlət mülkiyyəti ilə bərabər qarışıq iqtisadiyyat da tətbiq edilməlidir. Bu plan «şok terapeyası» adını aldı.

1992-ci ildə növbədənkənar keçirilən parlament seçkilərində Polşada «milli razılıq hökuməti» yaradıldı ki, bu hökumətin baş naziri ilk dəfə qadın – Xana Suxotskaya oldu. Polşa Birləşmiş Fəhlə partiyasının adı dəyişilərək Polşa Sosial-Demokrat partiyası adlandı. Həmin partiyanın lideri Aleksandr Kvasnevski 1995-ci ildə Polşanın prezidenti seçildi.

1997-ci ildə Polşanın ikinci konstitusiyası qəbul edildi. 1999-cu ildə Polşa NATO-ya girdi. Lakin Rusiyanın tələbi nəticəsində ABŞ Polşa ərazisində öz hərbi bazalarını yaratmadı. Hazırda Polşa bazar iqtisadiyyatı yolu ilə gedir. Avropa İnkişaf Bankı ona öz iqtisadiyyatını inkişaf etdirməkdə yaxından kömək edir. Polşa Avropa Şurasının, ATƏT-in, Avropa İttifaqının üzvüdür.

ÇEXOSLOVAKİYA: 1945-ci ilin martında Çexoslovakiyada Kommunist, Sosial-Demokrat, Xalq Demokrat və Milli-Sosialist partiyalarının nümayəndələrindən Milli Cəbhə təşkil edildi. 1945-ci il aprel ayının 4-də Koşise şəhərində onlar sosial-demokrat Z.Firlenqerin başçılığı altında Milli Cəbhə hökuməti təşkil etdilər. Çexoslovakiya 1945-ci ilin mayında faşistlərdən təmizləndi.

Kütlələrin təzyiqi altında müəssisə­lərdə fəhlə nəzarəti orqanları yaradıldı. 1945-ci il mayın 19-da prezident alman və macar sahibkarlarının, həmçinin faşistlərlə əməkdaşlıq etmiş yerli burjuaziyanın zavod, şaxta, torpaqlar, banklar, sığorta cəmiyyəti və digər müəssisələrinin dövlətin idarəsinə keçməsi haqqında dekret imzaladı. 1945-ci il iyunun 21-də imzalanan dekret əsasında 2,9 milyon ha torpaq müsadirə edildi. 303 min kəndli təsərrüfatı bütövlükdə 1,2 milyon ha torpaq aldı.

Ölkənin siyasi həyatında da mühüm dəyişikliklər baş verdi. Faşist və digər mürtəce təşkilatlar buraxıldı. Demokratik təşkilatların fəaliyyəti canlandı.

1945-1948-ci illərdə ölkədə Beneş prezident kimi fəaliyyət göstərdi. 1945-ci il oktyabrın 24-də hökumət əsas sənaye sahələrinin, iri müəssisələrinin, bütün bankların və xüsusi sığorta cəmiyyətlərinin milliləşdirilməsi haqqında dekret verdi. 1946-cı il mayın 26-da keçirilən parlament seçkilərində kommunistlər 38%, sosial-demokratlar 12% səs aldılar. Kommunist K.Qotvaldın başçılığı altında koalisiyalı hökumət təşkil edildi. 1947-ci ildə baş verən quraqlıqla əlaqədar olaraq həmin ilin iyulunda SSRİ Çexoslovakiyaya 400, həmin ilin noyabr ayında əlavə 200 ton da taxıl göndərdi.

1948-ci il fevral ayının 20-də sağ partiyalardan olan 12 nazir istefa verdi. Bundan məqsəd hökuməti zəiflətmək idi. Lakin kütlələr xalq hakimiyyətinin müdafiəsinə qalxdılar. Mühafizəkar qüvvələr təkləndilər. 1948-ci il fevral ayının 25-də prezident Beneş sağ partiyalardan olan digər nazirlərin də istefasını qəbul etdi. Özü də istefa verərək ölkəni tərk etdi.

Ölkə Çexoslavakiya Xalq Respublikası adlandı. 1948-ci il mayın 5-də dövlət hakimiyyətinin ali orqanı olan Milli Məclisə seçkilər keçirildi. Yeniləşmiş Milli Cəbhə 88% səs aldı. Prezident K.Qotvald seçildi. Hökumətə isə A.Zapotski başçılıq etməyə başladı. 1948-ci il may ayının 9-da Çexoslovakiyanın yeni Konstitusiyası qəbul edildi.

Müharibədən sonrakı ilk illərdə Çexoslovakiya SSRİ ilə dostluq əlaqələrini inkişaf etdirdi. 1946-1949-cu illərdə Çexoslovakiya Yuqoslaviya, Polşa, Bolqarıstan, Rumıniya, Macarıstanla dostluq, qarşılıqlı yardım və əməkdaşlıq haqqında müqavilə bağladı.

1948-ci ilin yayında ölkədə ikillik planın yerinə yetirilməsi qeyd edildi. Milli Məclis 1948-ci il oktyabrın 27-də 1949-1953-cü illəri əhatə edən beşillik planı bəyəndi. Topdansatış sənaye məhsulları buraxılışı 93%, maşınqayırma sənayesi məhsulları istehsalı isə təxminən 3 dəfə artdı. 1953-cü ildə kartoçka sistemi ləğv edildi. Əmək haqqı artdı, müxtəlif malların qiyməti aşağı salındı.

1949-cu ildə ölkədə vahid kənd təsərrüfat kooperasiyalarının təşkili haqqında Qanun verildi. Lakin kənd təsərrüfatı yenə də geridə qalmış sahə idi.

1956-1960-cı illəri əhatə edən ikinci beşillik plan müvəffəqiyyətlə yerinə yetirildi. Sənaye məhsulu istehsalının həcmi 1960-cı ildə 1949-cu illə müqayisədə 3,7 dəfə artdı. Maşınqayırma sənayesi məhsulları isə 6,6 dəfə artdı. Kənd təsərrüfatında sosialist bölməsi 87,4% təşkil edirdi. Slovakiyanın sənayeləşdirilməsi sahəsində mühüm addımlar atıldı.

1960-cı il iyulun 11-də yeni Konstitusiya qəbul edildi. Ölkə Çexoslovakiya Sosialist Respublikası adlandı.

60-cı illərdə Çexoslovakiya öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 1961-1965-ci illəri əhatə edən üçüncü beşillik plan qəbul edildi. Lakin bu plan lazımınca yerinə yetirilmədi. Belə ki, sənayedə artım 56% əvəzinə 29%, kənd təsərrüfatında isə 22,8% əvəzinə 7,4% oldu.

Çexoslovakiyada 1953-cü ilə qədər hökumətə K.Qotvald başçılıq etdi. Ölümündən sonra onu Antonio Novotnı əvəz etdi. Respublikanın prezidenti isə A.Zapotski oldu. 1957-ci ilin noyabrında A.Zapotskinin ölümündən sonra ölkənin prezidenti A.Novotnı oldu.

1968-ci ildə Çexoslovakiyada hakimiyyətə Aleksandr Dubçek gəldi. O hakimiyyətə gələn kimi partiyanın rəhbər roluna qarşı çıxdı. Dövlət təhlükəsizlik orqanlarını tənqid etdi. Çoxpartiyalılıq və əqidə azadlığı tərəfdarı olduğunu bildirdi. Onun bu ideyaları «Fəaliyyət proqramı» adlı sənəddə öz əksini tapdı. Lakin SSRİ Dubçekin hərəkətini anti-sosialist hərəkət kimi qiymətləndirərək onun oğurlanmasını və Moskvaya gətirilməsini təşkil etdi. Çexoslovakiya hadisələri ilə əlaqədar 1968-ci il avqustun 5-də Bratislavada xüsusi müşavirə çağırıldı. 1968-ci il avqustun 21-də isə SSRİ və Varşava müqaviləsinin iştirakçısı olan 5 dövlətin (Rumıniyadan başqa) qoşunları oraya daxil oldu. Qərb dövlətlərinin hazırladığı «Zefir» əməliyyatı baş tutmadı. Hadisələrin qarşısı alındı. Çexoslovakiya hadisələri tarixə «Praqa baharı» kimi daxil oldu. SSRİ Çexoslovakiyada hakimiyyətə Qustav Qusakı gətirdi.

70-80-ci illərdə Çexoslovakiya sosialist ölkələri arasında ən inkişaf etmiş, əhalinin həyat səviyyəsi yüksək olan dövlətlərdən biri idi. 1977-ci ildə «yetmiş yeddilərin xartiyası» meydana gəldi. 1977-ci ilin sonunda Q.Qusakı Yakeş əvəz etdi. 80-ci illərin ortalarında SSRİ-də baş verən hadisələr Çexoslovakiyaya da təsir etdi. 1989-cu il noyabrın 17-də Çexoslovakiyada «məxməri inqilab» baş verdi. Parlament seçkilərində Vətəndaş forumu qələbə çaldı. 1989-cu ildə həmin forumun liderlərindən olan Vatslav Havel Çexoslovakiyanın prezidenti oldu. Dövlətin adı dəyişilərək Çex-o-Slovakiya adlandı.

1992-ci ilin iyununda Slovakiya hökuməti müstəqillik haqqında məsələ qaldırdı. 1993-cü il yanvarın 1-dən hər iki milli qurum ayrılaraq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başladı. Çexiyanın prezidenti yenə Havel, Slovakiyanın prezidenti isə Klaus oldu. 2008-ci ilin fevralında keçirilən seçkilərdən sonra yenə də prezident i 66 yaşlı Klaus oldu. Çexiya 1999-cu ilin martında NATO-nun üzvü oldu. Hər iki dövlət BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların üzvüdür.

Slovakiya da 2004-cü ildən NATO-nun üzvüdür.

1   ...   15   16   17   18   19   20   21   22   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə