Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə16/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

İspaniya XX əsrin 80-90-cı illərində. Konstitusiya qüvvəyə minəndən sonra qarşıda yeni seçkilər dururdu. Buna hazırlaşan İSFP öz qurultayında marksizmdən imtina etmək niyyətində olduğunu bildirdi. Karillo başda olmaqla İKP də «avrokommunizm» tərəfdarı olduğunu göstərərək, hökumətlə əməkdaşlıq etməyə hazır olduğunu elan etdi. 1979-cu ilin martındakı seçkilərdən sonra kortesdə qüvvələr nisbəti az dəyişildi. Keçid dövrü qurtardı. 1979-cu il seçkilərindən sonra DMİ və onun lideri A.Suaresin nüfuzu sürətlə aşağı düşməyə başladı. Şərait mürəkkəbləşdi. 1980-ci il bask speratizminin terrorçuluğunun kulminasiyası oldu. İşsizlik 2,8 milyon adamı əhatə etdi. Baş nazir isə zəif fəaliyyət göstərirdi. İqtisadi inkişaf ləngidi. 1980-ci ilin sentyabrında qəbul edilən «Məş­ğulluq vəzifələri haqqında» qanun da gözlənilən nəticəni vermədi. Əmək haqları və pul nişan­ları buraxılışı üzərindəki nəzarət də inflyasiyanın qarşısını ala bilmədi. Dövlət istehsal investisiyasını stimullaşdırdı. Xüsusilə energetika və tikinti sahəsinə daha çox vəasit ayrıldı. Lakin bütün bu tədbirlər çox az səmərə verdi. Qara metallurgiya, gəmiqayırma, toxuculuq və ayaqqabı sənayesində durğunluq özünü daha çox göstərdi.

Baş verən iqtisadi və siyasi böhran nəticəsində A.Suares 1981-ci ilin yanvarın 29-da istefaya getməyə məcbur oldu. Yeni hökumətin baş naziri Sosial Demokrat Mərkəz parti­yasının lideri olan Kolvo Sotelo oldu. Lakin «bunkerdən olan adamlar» təslim olmurdular. Onlar öz təbliğatlarında bu faktlardan istifadə edirdlilər ki, ölkədə frankizm dövründə olmayan kütləvi işsizlik, milli azlıqların muxtariyyət iddiası və terrorizm kimi hadisələr baş verir. Generalitet və jandarm (İs­paniyada o, «mülki qvardiya» adlanır) dairələrində höku­məti de­virmək və hərbi diktatura qurmaq məqsədilə qəsd hazır­lan­mışdı. Hökumətin bu barədə məlumatı olsa da, təhlükəni zərərsizləşdirmədi.

1981-ci il fevralın 23-də korteslərin iclası gedən zaman polkovnik-leytenant Texero-Molina başda olmaqla qvardi­ya­çılar iclas zalına soxuldular. Onlar general X.Milans de Baskla razılaşaraq dövlət çevrilişi etmək istədilər. Lakin qornizonun əksər hissəsi onları müdafiə etmədi. Kral televiziya ilə bildirdi ki, o, Konstitusiyada nəzərdə tutulmuş və xalq tərəfindən referendumla bəyənilmiş demokratik prosesi zorla dayan­dır­maq üçün heç bir təşəbbüsə yol verməyəcəkdir. Xuan Karlo­sun qəti mövqeyi qəsdçiləri dayandırdı. Onlar öz planlarının icrasını davam etdirməyə cəsarət etmədilər, qoşunlar Madrid üzərinə yerimədi. 1981-ci il fevralın 27-də bütün siyasi partiyalar ölkədəki demokratik dəyişiklikləri müdafiə etdikləri barədə manifest verdilər. 32 hərbi qulluqçu mühakimə olundu. Qəsdin başçıları isə 30 il azadlıqdan məhrum edildilər.

1981-ci ilin xoşa gəlməyən hava şəraiti nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı 8,5% aşağı düşdü. 1982-ci ildə sənaye məhsullarının həcmi də 1,1% aşağı düşdü. Lakin 1983-cü ildə iqtisadiyyatda canlanma başlandı. 1984-1986-cı illərdə vacib sahələrin inkişafı ilə əlaqədar proqram tərtib olundu.

80-ci illərdə ölkədə siyasi terrorizm dalğası davam edirdi. Siyasi qeyri-sabitlikdən istifadə edən sağ qüvvələr İspaniyanın 1982-ci ildə NATO-ya daxil olmasına nail oldular. Sabitliyin pozulması partiyalar arasında da özünü göstərdi. 1982-ci ildə Sosial-demokrat mərkəz partiyasında parçalanma baş verdi. Onların bir qrupu Demokratik hərəkat partiyası ilə birləşdilər. Bir qrupu isə Xalq Demokratik partiyasını təşkil etdilər.

1982-ci il oktyabrın 28-də keçirilən seçkilər nəticəsində İSFP 10 milyon 27 min səs toplayaraq bütün səslərin 47,6%-ni almış oldu. DMİ partiyası faktiki olaraq dağıldı. Kommunistlər parlamentdə tutduqları 23 yerin 19-dan məhrum oldular. İfrat sağlar bir yer də ala bilmədilər. Mötədil sağ Xalq Alyansı ölkədə ikinci partiya oldu. O, 5,5 milyon səs və 106 yer aldı. İSFP-nin lideri Filippe Qonsales baş nazir oldu. Hökumət ehtiyatla hərəkət edirdi. İlk növbədə iqtisadiyyatın inkişafına fikir verilirdi. Metallurgiya, gəmiqayırma, elektrotexnika sənayesinin modernləşdirilməsi həyata keiçrilməyə başlandı. Sosial sahədə 40 saatlıq iş həftəsi tətbiq edildi. Pensiya yaşı 64-ə endirildi, sosial təminat xərcləri artırıldı. Tətil hüququ qanunvericiliklə əsaslandırıldı. Haqqı ödənilməklə aylıq məzuniyyət müəyyən edildi. Təqaüdlər və müavinət artırıldı. Hərbi qüvvələr hökumətin nəzarətinə verildi. Hökumət işsizliyin yüksək səviyyəsini və inflyasiyanı azaltmağa qismən müvəffəq oldu. 1986-cı ilin sonunda ölkədə yenə də 3 milyondan artıq işsiz var idi. Hökumətin həyata keçirdiyi «sərt qənaət» xətti zəhmətkeşlərin böyük narazılığına səbəb oldu.

1986-cı il seçkilərində İSFP yenidən qələbə qazandı və F.Qansales yenidən baş nazir kürsüsündə əyləşdi. 1996-cı ilə qədər İspaniyada ölkəni sosialistlər idarə etdilər. Konstitu­siyaya görə, İspaniya «muxtariyyətlər dövləti» elan olunmuş­du. Uzun sürən mübarizədən sonra 17 vilayətin hamısına muxtəriyyət verildi. Sosialistlərin dövründə «milli dirçəliş» ideyası gücləndi. Keçirilən sosial islahatların möhkəmlən­dirilməsi xətti yeridildi. İqtisadiyyatda «Sənayenin yenidən qurulması» siyasəti yeridildi. ETİ-nin nailiyyətlərinin istehsala tətbiqi genişləndirildi. Turizm sənayesinin inkişafına xüsusi diqqət yetirildi. Sağ təmayüllü partiyalar bloku Qansales hökuməti ilə müxalifətdə idi. 1982-ci ildə Xalq koalisiyası bloku (xalq alyansı, xalq demokratik və liberal partiyalarından) yaradıldı. Onlar iri və orta burjuaziyanı, sağ klerikalları təmsil edirdi.

XX əsrin 70-90-cı illərində İspaniyanın xarici siyasəti. İspaniya 1970-ci ildə Rio-Muni və Fernando adalarına müsiəqillik verdi. 1975-ci ildə o, Helsinki müşavirəsində iştirak etdi və ATƏT-in üzvü oldü. 1976-cı ildə o, İspaniya Saxarasından öz qoşunlarını çıxartdı. 1973-cü illdə İspaniya ilə Çin arasında diplomatik münasibətlər yarandı. 70-ci illərin ikinci yarısında da İspaniya xarici siyasətində yenə də frankist rejimdə olduğu kimi, ABŞ və Qərbi Avropa ölkələri ilə normal münasibətlərin saxlanılmasına xüsusi əhəmiyyət verirdi. 1976-cı ildə ABŞ-la İspaniya arasında dostluq və əməkdaşlıq haqqında müqavilə bağlandı. Hərbi bazalarının saxlanılması müqabilində ABŞ İspaniyaya 1 milyard 250 milyon dollar həcmində hərbi-iqtisadi kömək göstərdi. İspaniya Almaniya Demokratik Respublikasını tanıdı. Franko rejimi devrildikdən sonra İspaniyanın inkişaf etməkdə olan ölkələrlə münasibətləri daha da yaxşılaşdı. O, Fələstin Azadlıq təşkilatına 1977-ci ildə Madriddə öz nümayəndələyini açmağa icazə verdi. 1977-ci ildə İspaniya və SSRİ arasında diplomatik münasibətlər yaradıldı. 1982-ci ildə İspaniya NATO-nun üzvü oldu. İSFP müxalifətdə olarkən İspaniyanın NATO-dan çıxmasını tələb edirdi. Lakin hakimiyyət başına gələn kimi öz mövqeyini dəyişərək ona nail oldu ki, 1986-cı il referendumunda ölkə əhalisinin 52,5%-i ölkənin NATO üzvlüyündə qalmasına səs versin. Bununla bərabər, ABŞ-la saziş bağlandı ki, 3 il ərzində 79 amerikan təyyarəsi özünün İspaniyadakı bazasını tərk etsin.

İspaniya Qərb ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək siyasəti yeridərək 1986-cı il yanvarın 1-də Avropa İqtisadi Birliyinin üzvü oldu.

İspaniya XX əsrin 80-ci və 90-cı illərin I yarısında illərində inkişaf etməkdə olan ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirirdi. O, həm qərb, həm də şərq yönümlü xarici siyasət yeridirdi. İspan dilli ölkələrlə iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilirdi.

İspaniya 1996-2008-ci illərdə. X.M.Asnarın hökuməti (1996-2004-cü illər). 1996-cı ilin martında İspaniyada keçirilən parlament seçkilərində Xalq partiyası qələbə çaldı və onun lideri Xose Mariya Asnarın başçılığı altında hökumət təşkil edildi. Bu dövrdə İspaniya artıq Avropa demokratiyasının xüsusiyyətlərini kəsb etmiş, iqtisadiyyatda canlanma başlamış, siyasi şərait sabitləşmişdi. Bu hökumətin fəaliyyəti dövründə iqtisadi inkişaf sürətinə görə İspaniya 2000-ci ildə Aİ-də ikinci yerə çıxdı. ÜDM-un artım surəti iki dəfə artaraq, ildə 3-3.5% təşkil etdi, işsizlik 15%-ə qədər ixtisar edildi, inflyasiya orta Avropa səviyyəsinə qədər (2-3%) aşağı düşdü, büdcə kəsiri 4 dəfə ixtisas edildi. Dövlət borcları azaldı. İspanların xeyli hissəsinin həyat səviyyəsi yüksəldi. Sosial sahədə hökumət sosial sülh yaratmağa nail oldu, tətillər dayandırıldı. Sosial təminat sisteminin maliyyələşdirilməsi 3 dəfə artdı. Yaşlı əhalinin 98.3%-i pensiya aldı.. Onlardan 70%-i sonuncu əmək haqqı miqdarında təqaüd alırdı. Bütün əhaliyə pulsuz tibbi xidmət göstərilirdi. Ailələrin 80%-nin xüsusi evi var idi. Lakin əhalinin 20%-i yenə də yoxsulluq həddində idi.

Siyasi şərait sabitləşdi. Korrupsiya cəhdinin qarşısı alındı. Gəlir vergisinin mütərəqqi şkalası əsasında vergi islahatı keçirildi. X.M.Asnarın yeritdiyi xətt Böyük Britaniyanın baş naziri E.Bleerin yeritdiyi “üçüncü yol” konsepsiyasına uyğun gəlirdi. İspaniyada bazarın liberallaşdırılması həyata keçirildi.

2000-ci ilin martında keçirilən parlament seçkilərində də Xalq partiyası qələbə qazandı və Asnar ikinci dəfə hökumət təşkil etdi. O, öz daxili və xarici siyasətində əvvəlki xəttini davam etdirməyə başladı. İqtisadi artım davam edirdi. Həyat səviyyəsi yüksəldi. Daşınmaz əmlak bazarı və kredit bankları fəallaşdı.

Lakin bütün bunların kifayət etmədiyini 2004-cü ilin əvvəllərində keçirilən əyalət və bələdiyyə seçkilərində İSFR qələbə çalması göstərdi. Asnar hökumətinin nüfuzdandüşmə səbəblərindən biri İspaniyanın İraq müharibəsində iştirak etməsi və İspaniyadakı müsəlman ekstremistlərinə qarşı mübarizədə onun daha qətiyyətli olmaması idi.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra İspaniya da beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşuldu. Terror aktından iki gün sonra İspaniyada “Finik” əməliyyatı keçirildi. Ben Ladenin 20 tərəfdarı həbs edildi. İspaniyada bu dövrdə 600 min nəfəri əhatə edən müsəlman icması mövcud idi. İspaniyada müsəlman ekstremistlərindən istirahət yerlərində, terror aktlarının hazırlanmasında istifadə edildiyi məlum idi. Lakin Asnar hökuməti bu məsələyə ciddi diqqət yetirmədi. Parlament seçkiləri ərəfəsində, yəni 2004-cü ilin mart ayının 11-də Madrid və onun ətrafında terror nəticəsində 191 adam həlak oldu. Asnar hökuməti bunun günahını ETA-nın (1959-cu ildə Frankonun antiərəb siyasətinə cavab olaraq gizli şəkildə təşkil edilmişdir. Genişlənmiş adı “Baskalar ölkəsi və azadlıq” deməkdir. O, XX əsrin 60-cı illərindən başlayaraq terror aktları həyata keçirməyə başlamışdı. Onun məqsədi İspaniya və Fransanın basklar yaşayan ərazisində müstəqil Bask dövləti yaratmaqdır) üstünə atdı. Lakin məlum idi ki, ETA-da belə terror üçün təcrübəli şəxslər yox idi, digər tərəfdən ETA dəfələrlə bildirmişdi o, günahsız adamlara qarşı belə hərəkətə yol verməyəcəkdir. Terrorun “Əl-Qaida”-nın yaxınlarından təşkil edilmiş qrup vasitəsi ilə həyata keçirildiyi məlum oldu. Ölkədə yaranan mürəkkəb şəraitdən çıxmaq üçün hökumət fövqaladə vəziyyət elan etmək, parlament seçkilərinin ləngitmək istədi. Lakin kral bununla razılaşmadı.

İspaniyanın xarici siyasətinin bu dövrdə də əsas istiqamətləri Ai və NATO, Aralıq dənizi və Ərəb Şərqi, Latın Amerikası idi, 2002-ci ilin yanvarından bütün pul hesablarında avroya keçildi. 1997-ci ilin dekabrında İspaniya NATO-nun hərbi təşkilatına (1982-ci ilin mayından ancaq siyasi strukturlarında iştirak edirdi) daxil oldu.

İspaniya hökuməti Cəbəllütariq məsələsi ilə əlaqədar olaraq Böyük Britaniya ilə mövcud ixtilafların aradan qaldırılmasına nail oldu. 1998-ci ilin noyabr ayında Cəbəlütariqə geniş səlahiyyətlər vermək və hər iki dövlətin ona himayədarlıq etməsi barədə razılıq alındı.

İspaniya NATO-nun Serbiyadakı hərbi əməliyyatlarında iştirak etdi. ABŞ-ın İraqdakı əməliyyatlarını müdafiə etdi. BMT TŞ-nın daimi olmayan üzvlərindən ancaq İspaniya və Bolqarıstan bu məsələdə ABŞ-ı müdafiə etdilər. İspaniya birinci olaraq İraqa 1300 ispan hərbi qulluqçusu göndərdi. İspan əsgərlərindən orada 11 nəfər həlak oldu. İslam konfransı təşkilatı İspaniyanı müsəlman dünyasının “başlıca düşmən”lərindən biri elan etdi.

1999-cu ildə İspaniya-Rusiya münasibətlərində olan duman keçdi. Asnar Moskvaya rəsmi səfər etdi. Lakin prezident Yeltsin İspaniyanın Balkanlardakı əməliyyatlarda iştirakına görə Asnarı qəbul etmədi. Lakin 2000-ci ildə münasibətlər normaya düşdü. Putin prezident seçildikdən sonra ilk dəfə İspaniyaya səfər etdi.

İspaniya bu dövrdə Azərbaycan Respublikası ilə kənd təsərrüfatı, energetika, nəqliyyat, səhiyyə, turizm sahəsində əməkdaşlıq edirdi.



L.Sapatero hökuməti (2004-2008-ci illər). 2004-cü ilin martın 14-də İspaniyada parlament seçkilərində İSFR qələbə qazandı. Onun lideri Luis Rodriqes Sapatero hökumət təşkil etdi. Bu Frankodan sonra beşinci baş nazir idi. 2007-ci ilin sonunda İspaniya Aİ-də iqtisadi artım sürətinə, yeni iş yerlərinin miqdarına, mədaxilinə və məxaricin müsbət balan­sına, sosial təminat fondunun artımına görə (4%-dən artıq) birinci yeri tuturdu. İqtisadi artım əsasən tikintilər hesabına idi. İspaniya­da Fransa, Böyük Britaniya və Almaniya birlikdə götürüldükdə daha çox, yəni tələb olunandan 2 dəfə çox bu dövrdə mənzil tikilmişdi. Lakin 2008-ci ildən iqtisadiyyatda enmə başladı. İpoteka böhranı bu ölkəyə də təsir göstərdi. Böh­ran tikintidə fəhlələrin sayının 40% ixtisar edilməsinə səbəb ol­du. Avropanın digər ölkələri ilə müqayisədə ən çox işsiz İs­pani­ya­da (9%) idi. Sapateronun sosialist hökuməti mərkəzin muxtar vilayətlərlə münasibətini yaxşılaşdırdı. Kataloniya və Bask ölkəsi geniş hüquqlar aldı. Kender probleminin həlli real­laşdı. Sapatero hökumətinin tərkibinin yarısı qadınlar idi.

2007-ci ilin martında kişilərin və qadınların bərabərliyi haq­qında, ailə zorakılığına, boşanma prosesinin sürət­lən­diril­məsinə, homoseksual nikaha icazə verilməsinə dair qanunlar qəbul edildi.

2004-2008-ci illərdə minimum əmək haqqı, minimum pensiya və təqaüd alan tələbələrin sayı artırıldı. Katolik dini məktəblərində məcburi təhsil təxirə salındı. Yüz minlərlə gizli yaşayan mühacirin kütləvi leqallaşması haqqında qərar verildi. Onlar ölkə əhalisinin 11%-ni təşkil edirdilər. Hökumət ETA təşkilatı ilə danışıqlar apardı ki, silahı yerə qoysalar, onlarla dialoqa girəcək. Lakin danışıqlar uğursuz oldu. Çünki 2006-cı ilin dekabrında onlar hökumətin şərtinə əməl etməyərək yenə terror törətdilər. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 40 il ərzində 800 adam ETA-nın terror aktının qurbanı olmuşdu.

Sosialist hökuməti İspaniyanın İraqa qoşun göndərməsini səhv addım hesab etdi və 2004-cü ilin iyununa 30-dək İraqdan qoşunların çıxarılmasına nail oldu.

İspaniya Almaniya və Fransa ilə münasibətləri daha da yaxşılaşdırdı. 2005-ci ilin fevralında Avropa Konstitusiyasının qəbulunda daha fəal iştirak etdi. İspaniya Aİ-yə yeni üzvlər qəbul edilməsini, Şengen və avro zonasının genişlənməsini dəstəklədi. Bununla belə, İspaniya Kosovanın dövlət müstəqilliyini tanımadı.

2008-ci ilin martın 9-da keçirilən növbəti parlament seçkilərində yenə də İSFR qalib gəldi və Sapateronun başçılığı altında hökumət təşkil edildi. Hökumətin 17 üzvündən 9-u qadın idi. Sapatero hökuməti iqtisadiyyatı stimullaşdırmaq üçün vergi ilə əlaqədar keçirilən tədbirlərin köməyi ilə 18 mlrd. avro ayırdı. Dövlət bölməsində iş yerlərinin 30% ixtisarı, aparıcı məmurların əmək haqlarının dondurulması barədə qərarlar qəbul edildi. Hökumət sosial xərcləri ixtisar etmədən 2008-2009-cu illərdə büdcədən dövlət xərclərinin 250 milyon avro ixtisar ediləcəyini elan etdi.

İspaniya ilə Azərbaycan Respublikası arasında da bu dövrdə münasibətlər yeni mərhələyə qədəm qoydu. 2005-ci ilin avqustunda Madriddə Azərbaycan səfirliyi açıldı.
VIII. KANADA
Kanada ikinci dünya müharibəsindən sonrakı ilk illərdə. Kanada İkinci Dünya müharibəsində Antihitler koalisiyasının tərəfində iştirak etsə də, onun ərazisi heç bir hərbi əməliyyat görmədi. Müharibə Kanadanın ərazisinə və iqtisadiyyatına ziyan vurmadı.

İkinci Dünya müharibəsi nəticəsində Kanada öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Kanada müharibədə öz milli gəlirini iki dəfə artırdı 1945-ci ildə sənaye məhsulu istehsalına görə o, artıq dünya kapitalist ölkələri arasında üçüncü yeri tuturdu. Müharibənin Kanada üçün mühüm nəticələrindən biri də o idi ki, onun ABŞ, Latın Amerikası və Avropa ölkələrinə kapital ixracı gücləndi. 1945-1956-cı illərdə Kanadanın bu ölkələrə kapital ixracı 7 milyard dolları ötüb keçdi.

Müharibədən sonra Kanada-Böyük Britaniya əməkdaşlığı qalmaqla bərabər, ABŞ-la da əməkdaşlıq genişləndi. ABŞ-ın bu ölkəyə müdaxiləsi gücləndi.

Kanadada bu dövrdə liberallar partiyası hakimiyyətdə idi. Hökumətə liberallar partiyasının lideri Makkenzi Kinq başçılıq edirdi. Liberalların 1935-1957-ci illərdə hakimiyyətdə qalmasının əsas səbəbi onların siyasi manevrlər etmək bacarığı və lazım gəldikdə mühafizəkarların fikri ilə hesablaşmaları idi. Müharibədən sonra əsas diqqət ABŞ-la iqtisadi əməkdaşlığa yönəldildi. 1947-ci ildə Kanadanın maliyyə naziri Ebbot tərəfindən tarixə “Ebbot planı” kimi daxil olan yeni bir plan hazırlandı. Həmin plan nəzərdə tuturdu ki, ölkənin özündə sənayedə son məhsul istehsalı ixtisar edilsin, Kanadanın xammal və yarımfabrikat məhsulları ABŞ-a göndərilsin.

Müharibədən sonra Kanadada İngiltərənin mövqeyi zəiflədi, ABŞ-ın mövqeyi isə gücləndi. Əgər 1945-ci ildə ABŞ-ın Kanadaya kapital qoyuluşu 4 milyard 990 milyon dollar idisə, bu rəqəm 1955-ci ildə 12 milyard 900 milyon dollara çatdı. Kanadada meşə massivlərinin xeyli hissəsi, neft, qızıl, gümüş, nikel, mis mədənlərinin əksəriyyəti ABŞ inhisarçılarına məxsus idi. Kanadanın bu dövrdə ABŞ-dan xarici ticarətdə də asılılığı gücləndi.

Tədricən Kanada parlamentində qəbul edilən bir sıra qanunlar İngiltərənin nüfuzunu sarsıtdı. Belə ki, 1947-ci ildə parlamentdə Kanada vətəndaşlığı haqqında qanun qəbul edildi. 1949-cu ildə qəbul edilən qanunla İngiltərə Kanadanın konstitusiyasının dəyişilməsinə təsir göstərmək imkanından məhrum edilirdi. Yenə həmin ildə keçmiş İngiltərə müstəmləkəsi olan Nyufaundlend adası Kanadaya verilmiş oldu.

Kanada vaxtilə Fransanın müstəmləkəsi olmuş və 1756-1763-cü illərdəki yeddiillik müharibə zamanı İngiltərə onu Fransanın əlindən alınmışdi. Bu isə Kanadada ingilislərlə bərabər fransızların da yaşamasına gətirib çıxarmışdı. Ona görə də Kanadanın əsas problemlərindən biri ingilis mənşəli kanadalılar (bunlar ölkə əhalisinin 59,1% təşkil edirdi) və fransız mənşəli kanadalılar (bunlar əhalinin 29,1%-ni təşkil edirdi) arasında münasibətləri normal məcraya yönəltmək idi. Ölkənin iqtisadi və siyasi həyatında ingilis mənşəli kanadalılar əsas rol oynayırdılar. Fransız mənşəli kanadalıların 77%-i, əsasən, Kvebekdə yaşayırdılar. Kvebekin heç bir muxtariyyəti yox idi. Dini zəmində də onların arasında münaqişə hökm sürürdü. İngilislər protestant, fransızlar isə katolik idilər. Kanadada hökm sürən dini və milli zəmindəki parçalanma inhisarlara qarşı mübarizəni zəiflədirdi.

Müharibədən sonrakı ilk illərdə xarici siyasət. İkinci Dünya müharibəsindən sonra Kanada dünya siyasətində daha mühüm rol oynamağa başladı. Müharibədən sonrakı ilk illərdə ölkə öz xarici siyasətində ABŞ-a söykənirdi.1946-cı ildə Kanada SSRİ-yə qarşı kampaniyaya başlayaraq ABŞ-la birgə “soyuq müharibə”də iştirak etdi. SSRİ-ni atom şpionajında günahlandırdı. 1947-ci ildə ABŞ-la Kanada arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən onun ərazisində ABŞ-ın hərbi bazalarının yaranmasına icazə verilirdi. Hələ müharibə dövründə ABŞ-la Kanada arasında yaranmış birgə müdafiə şurası müharibədən sonar da öz fəaliyyətini davam etdirirdi. 1947-ci ildə Kanada Qərb yarımkürəsinin müdafiəsi haqqında pakta qoşuldu. 1948-ci ildə Amerika Dövlətləri Təşkilatının (ADT) yaranmasında iştirak etdi. 1949-cu ildə o, NATO-ya üzv oldu.

50-60-cı illərdə Kanada iqtisadiyyatı. 50-60-cı illərdə Kanada inkişaf etmiş kapitalist ölkələri qrupunda olduğunu təsdiq etdi. Bu dövrdə Kanadada iqtisadiyyatın inkişafı çox sürətlə gedirdi. Belə ki, sənaye məhsulu istehsalına görə Kanada kapitalizm dünyasında 5-7-ci yerləri bölüşürdü. Lakin adambaşına düşən sənaye məhsulu istehsalının həcminə, əmək məhsuldarlığına və milli gəlirə görə isə ABŞ-dan sonra II yeri tuturdu. Ölkədə neft emalı, dağ-mədən, neft kimyası, elektronika, aviasiya sənayesi inkişaf etdi. Kanada kapitalist ölkələri içərisində nikel, asbest, uran, dəmir filizi, sink, qızıl, platin, gümüş, mis, qurğuşun, alüminium, qəzet kağızı, ağac kütləsi istehsalına görə ilk yerlərdən birini tuturdu. Kanada-ABŞ inteqrasiya sistemində Kanada tabe tərəf olaraq qalırdı. Gəlir verən sahələrə ABŞ daha çox nüfuz edirdi.

Liberalların 22 illik fəaliyyəti, xüsusilə son dövrlərdə onların yeritdiyi siyasət ölkədə müəyyən narazılığa səbəb oldu. Belə ki, xalq Kanadada ABŞ-ın hökmranlığı ilə razılaşa bilmirdi. Liberallarla rəqabətdə olan mühafizəkarlar partiyası bundan çox məharətlə istifadə etdi. Onlar özlərini sadə kanadalıların müdafiəçisi kimi göstərərək liberalları tənqid etməyə başladılar ki, onlar Kanadanı ABŞ-ın 49-cu ştatına çeviriblər. Bunun nəticəsi idi ki, 1957-ci ilin iyunun 10-da keçirilmiş parlament seçkilərində mühafizəkarlar qələbə çaldılar, və onların lideri Difenbeykerin başçılığı altında yeni hökümət təşkil edildi. Mühafizəkarlar vergiləri azaltdılar, sosial təminat sistemini yaxşılaşdırdılar, fermerlərə kredit verdilər, işsizliyin qarşısını almaq üçün ictimai işlər komitəsi yaratdılar, ictimai işlər üzrə proqramın həyata keçirilməsi üçün 1 milyard dollar vəsait ayırdılar. Lakin bütün bu tədbirlər ölkədə iqtisadiyyatın enməsinə gətirib çıxardı. Valyuta ehtiyatları azaldı. Nəticədə hökümət Kanada dollarının devalvasiyasını tətbiq etməyə məcbur oldu. Mühafizəkarlar höküməti ilə ABŞ arasındakı münasibətlər kəskinləşdi. Belə ki, ABŞ-ın nüvə raketlərini Kanadada yerləşdirməsinə hökumət razı olmadı. Lakin Kanada inhisarçı dairələri ABŞ-ı müdafiə etdilər. Senat Difenbeyker hökümətinə etimad göstərmədi.

1963-cü il aprelin 8-də keçirilən növbədənkənar parlament seçkilərində liberallar yenidən qələbə çaldılar və Lestor Pirsonun başçılığı altında yeni liberallar höküməti təşkil edildi. Bu hökumət Kanada ərazisində ABŞ raketlərinin yerləşdirilməsinə razılıq verdi. Həmçinin 1964-cü il dekabrın 15-də müstəqil Kanada bayrağının təsis edilməsi haqqında qanun qəbul edildi. Lestor Pirson 1968-ci ildə istefa verdi. Onun yerini mənşəcə fransız kanadalı Pyer Elliot Tryudo tutdu. O, hakimiyyətə gələn kimi öz siyasətində qətiyyətli mövqe tutdu. 1969-cu ildə parlament Kanadada ingilis dili ilə bərabər fransız dilinin də eyni hüquqa malik olması haqqında qanun qəbul etdi. Bu hökumət həmçinin durğunluq keçirən rayonlara, o cümlədən Kvebekə maliyyə yardımını gücləndirdi.

Müharibədən sonrakı ilk illərdə sosial-siyasi həyat. Müharibədən sonra Kanada xalqının şüurluluq səviyyəsi artdı. 1946-cı ildə Kanadada 3245 min fəhlə vardısa, 1960-cı ildə onların sayı 5154 minə çatdı. İstehsalda yeni texnologiyanın tətbiqi işsizliyin artmasına gətirib çıxartdı. 1957-ci ildə ölkədə 340 min işsiz var idi. Həmkarlar ittifaqları özlərini Kooperativ Əməkdaşlıq Federasiyası adlandırdılar. Sosial-demokrat partiyasının da nüfuzu ölkədə güclənməkdə idi.

Tətillər nəticəsində zəhmətkeşlər bir sıra tələblərinin yerinə yetirilməsinə nail oldular.



50-60-cı illərdə xarici siyasət. 50-60-cı illərdə Kanada ABŞ-la hərbi, iqtisadi və xarici siyasətdə əməkdaşlığı genişləndirdi. 1950-ci ildə ABŞ-la Kanada arasında iqtisadi əməkdaşlıq, 1951-ci ildə mülki müdafiənin koordinasiya edilməsi, 1951-1954-cü illərdə üçxətli radar qurğularının tikilməsi haqqında saziş bağlandı. 1950-1959-cu illərdə Kanadanın hərbi xərcləri 15,3 milyard dollar təşkil edirdi. 1950-1953-cü illərdə ABŞ-ın Kanadada 8 min əsgəri var idi. Mühafizəkarlar partiyasının hakimiyyəti dövründə ABŞ-la Kanada arasında Şimali Amerika kontingentinin hava hücumuna qarşı müdafiədə birləşməsi ilə əlaqədar birgə komandanlığın təşkili haqqında saziş bağlanıldı. 1963-cü ildə Kanadada yerləşən raketlərə ABŞ-ın nüvə başlıqları verməsi haqqında saziş imzalandı. 1956-cı ildə Kanada ilə SSRİ arasında da ticarət sazişi bağlandı.

Kanada Latın Amerikası ölkələri ilə də əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirdi.



XX əsrin 70-90-cı illərində Kanadanın daxili və xarici siyasəti. 70-ci illərdə Kanada yüksək inkişaf etmiş sənaye-aqrar ölkəyə çevrildi. 70-ci illərin əvvəllərində də iqtisadiyyatın xüsusi artımı müşahidə edilirdi. Tryudo höküməti Kanadada «ədalətli cəmiyyət» qurmaq proqramını elan etdi 1971-ci ildə bu məqsədlə ölkədə yerli istehsalı artırmaq üçün Kanada korporasiyası təşkil edildi. Həmçinin işsizliyin qarşısını almaq üçün immiqrasiya haqqında yeni qanun qəbul edildi. Həmin qanuna əsasən Kanadaya xaricilərin gəlməsi məhdudlaşdırıldı. 1973-cü ildə Tryudo hökuməti iqtisadi və sosial sahədə tədbirlər proqramı elan etdi. 1974-cü ildə verilən qanuna görə iri firmaların direktorları ancaq kanadalılar olmalı idi. Qiymətlər və gəlirlər üzərində dövlət nəzarəti qoyuldu. Tryudo hökuməti Kanadanın özü özünü neft məhsulları ilə təmin etməsi haqqında qanunun qəbul edilməsinə də nail oldu.

1974-1975-ci illərin dünya energetika böhranı Kanadaya da öz təsirini göstərdi. 1975-ci ildə sənaye məhsulu istehsalı 5% azaldı. Ölkədə 697 min işsiz var idi. 70-ci illərin ikinci yarısında ölkədə iqtisadi durğunluq başlandı. Tryudo hökuməti iqtisadi siyasətində birinci yerə ölkənin neftlə öz-özünü təmin etməsini qoydu. Bu məqsədlə 1976-cı ildə neft məhsulları göndərilməsinin yenidən bölgüsü haqqında məsələ ön sıraya keçdi. «Petrol Kanada» neft firması fəallaşdı. 70-ci illərdə Kanada inkişaf etmiş kapitalist ölkələri sırasına daxil oldu. 1975-ci ildə “Yeddilər qrupu”nun üzvü oldu.

1970-ci ildə Kvebekdə milli münasibətlər son dərəcə kəskinləşdi. Kvebek Azadlıq cəbhəsi bu dövrdə Kvebeki Kanadadan ayırmağa cəhd göstərdi. Tryudo hökuməti bu məsələdə qətiyyətli mövqe tutdu. Kvebekə hökumət qoşunları yeridildi. Ayrılmaq cəhdlərinin qarşısı alındı. 1974-cü ildə qəbul edilən yeni qanuna əsasən fransız dili Kvebek əhalisinin rəsmi dili oldu.

1979-cu ildə Tryudo hökuməti Kanada ərazisindən «Bomar» raket hərbi bazasını çıxarmasını ABŞ-dan tələb etdi. Bu məsələ hakim dairələr arasında kəskin fikir ixtilafına səbəb oldu. 1979-cu ildə keçirilən parlament seçkilərində mühafizəkarlar qələbə çaldılar və Klarkın baçılığı altında yeni hökümət təşkil edildi. Bu hökümət ABŞ-ın dedikləri ilə razılaşdı. Öz ərazisində əlavə nüvə başlıqlarını yerləşdirdi. Radar qurğuları yenə də qaldı. Kanadada ABŞ nümunələri əsasında silah istehsalı artdı. Bütün bunlar Klark hökümətinin nüfuzunu zəiflətdi.

1980-ci ildə Kanadada növbədənkənar parlament seçkiləri keçirildi və liberallar qələbə çaldılar. Yenidən Tryudo hökumətin başçısı oldu. Bu hökumət “1981-ci il konstitusiyası aktı” adlı yeni konstitusiya qanununun 1982-ci ilin aprelin 17-də qüvvəyə minməsinə nail oldu. Həmin qanuna görə 1867-ci il konstitusiya aktı təxirə salınır və Kanada suveren dövlət olurdu. O, daxili və xarici siyasətdə müstəqil idi. Lakin buna baxmayaraq Kanada Böyük Britaniya Millətlər birliyində qalmağı qərara aldı. Onun dövlət başçısı yenə də İngiltərə kraliçası idi. Ölkəni baş nazir idarə edirdi. Əyalətlərə general və general-leytenant qubernatorları İngiltərə kraliçası təyin edirdi.

Ağır iqtisadi çətinlik liberallardan narazılığı gücləndirdi. 1984-cü ilin sentyabrında ölkədə keçirilən yeni parlament seçkilərində mühafizəkarlar qələbə çaldılar. Malruninin başçılığı altında yeni hökumət təşkil edildi. Bu hökumət iqtisadiyyatın yüksəlişini təmin etmək üçün «açıq qapı» siyasəti yeritdi. Yenidən xarici inhisarlar üçün Kanada açıq elan olundu. 1989-cu ildə Kanada ilə ABŞ arasında azad ticarət haqqında saziş bağlandı. 1992-ci ildə ABŞ, Kanada və Meksika arasında sərbəst ticarət zonasının yaradılması haqqında saziş imzalandı. Vahid Şimali Amerika iqtisadi ərazisi formalaşmağa başladı.

1993-cü ildə keçirilən parlament seçkilərində liberallar yenidən qələbə qazandılar. Y.Kretyenin başçılığı altında yeni hökümət yarandı. 1994-1996-cı illərdə əsas diqqət büdcə kəsirinin ləğv edilməsinə yönəldildi. İqtisadiyyatın inkişafı və sosial sahəyə çəkilən xərclər ixtisar edildi. Bir sıra iri dövlət müəssisələri xüsusi şəxslərə satıldı. Müavinət və təqaüdlərin həcmi 3,5 mlrd. dollar azaldıldı. Əyalətlərdə səhiyyə və təhsilə ayrılan xərclər də ixtisar edildi. 1995-ci ildə büdcədənkənar ehtiyat fondu yaradıldı. Nəticədə 1997-ci ilin sentyabrında federal büdcə kəsirini ləğv etmək mümkün oldu. Kanada 1998-ci ildə «Yeddilər qrupu»nda federal büdcə kəsiri olmayan yeganə ölkə idi.

Kretyenin sosial-iqtisadi proqramı iki məsələni əhatə edirdi. Bunlardan biri «Bərabər imkanlar strategiyası» idi ki, burada əsas diqqət ali təhsilin, elmi tədqiqatların inkişafına yönəldilirdi. Əhalinin aztəminatlı təbəqəsinin təhsil alması vacib hesab edilirdi. İkincisi «Cəmiyyətin təhlükəsizliyini təmin etmək» adlanırdı. Burada əsas vəzifə əyalətlərdə sosial proqramların həyata keçirilməsi idi.

Hökumət elan etdi ki, onun məqsədi aztəminatlı ailələrin uşaqlarla birlikdə müdafiəsinin ümummilli sistemini təşkil etmək, valideynlərə vergi və digər məsələlərdə güzəştlərə getməkdir. Həmçinin aborigen əhali (hindular və eskimoslar) üçün sosial proqram tərtib olundu və buna xüsusi vəsait ayrıldı. Planauyğun şəkildə vergilər aşağı salındı.

90-cı illərin əvvəllərində Kanadada işsizlik yenə də qalırdı. Lakin 1997-ci ildə bu vəziyyət əsaslı şəkildə dəyişdi. Buna səbəb əmək məhsuldarlığının artması və yeni texnologiyanın tətbiqi idi. Kretyen hökuməti dövründə iqtisadiyyatın əsas strukturlarında yenidənqurma başa çatdı. Avtomobilqayırma, kimya sənayesi, tikinti materialları istehsalında yüksəliş baş verdi. Xidmət sahəsi genişləndi. Kanadada istehsal edilən məhsulun 40%-i ixraca gedirdi ki, onda da ABŞ-ın payı 80% təşkil edirdi.

90-cı illərdə Kvebekdə hadisələr yenidən kəskinləşdi. 1995-ci ildə Kvebekin müstəqilliyi haqqında ölkədə referendum keçirildi. Həmin referendumda federasiya tərəfdarı olan qüvvələr qalib gəldi. Kvebek yenə də Kanadanın tərkibində qaldı.

90-cı illərdə də Kanada öz xarici siyasətində ABŞ-ı dəstəkləməkdə davam edirdi. ABŞ-Kanada ticarət dövriyyəsi gündə 1 milyard dollar təşkil edirdi. ABŞ-la əməkdaşlıq Kanadanın çiçəklənmə mənbələ­rin­dən biri oldu. «Yeddilər qrupu» ndan ancaq Kanada istifadə etdiyi texnologiyanın 40%-ini idxal edirdi. 1997-ci ildə Kanada iqtisadiyyatının rəqabət qabiliyyəti dünyada dördüncü yeri tuturdu. Liberalların hakimiyyəti dövründə Kanadanın hərbi büdcəsi NATO ölkələri içərisində həcminə görə sonuncu yeri tuturdu.

2000-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri də liberallara uğur gətirdi. Yenə də Kretyen hökuməti ölkəyə rəhbərlik etməyə başladı. Bu hökumət ABŞ-ın Əfqa­nistana, İraqaolan təcavüzünü bəyəndi. Azərbaycan və Ermənis­tan arasında olan münaqişədə Ermənistanı dəstək­lədi və müdafiə etdi. 2004-ci il aprelin 22-də Kanada parlamenti qondarma “er­məni soyqırımını” tanıdı.

Hazırda Kanadanın 31,5 milyon əhalisi var. Kanada qəzet kağızı istehsalına və gömrüksüz ticarətə görə dünyada birinci yeri tutur. Dünya meşə ehtiyatının 10%-i Kanadada yerləşir. Kosmetika və diş müalicəsindən başqa ölkədə bütün tibbi xidmət növləri pulsuzdur. Kanadanın müstəqilliyi günü 1 iyundur.


1   ...   12   13   14   15   16   17   18   19   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə