Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə14/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

Müasir Böyük Britaniya. İngiltərənin hazırkı adı Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığıdır ki, ona İngiltərə, Şotlandiya, Olster və Uels daxildir. İngiltərənin şahzadəsi Uels şahzadəsidir. Hazırda İngiltərə dünyanın və Avropanın aparıcı dövlətlərindən biridir. Böyük Britaniya dünyada insan embrionunu açıq şəkildə klonlaşdıran ilk ölkələrdən biridir. 2001-ci il 31 yanvar tarixli qanuna əsasən uşaqların klonlaşdırılması qeyri-qanuni hesab edilir. Embrion iki həftə inkişaf etdikdən sonra məhv edilir və ondan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Avropada fəaliyyət göstərən 500 inhisarın, demək olar ki, yarısı Böyük Britaniyaya məxsusdur. Böyük Britaniya Millətlər Birliyi vaxtı ilə İngiltərənin müstəmləkəsi olmuş və hazırda müstəqil olan 49 dövləti birləşdirir. Bu dövlətlərin hamısında dövlətin başçısı İngiltərə kraliçasıdır.

VI. İTALİYA
İtaliya üçün İkinci dünya müharibəsinin nəticələri «Ox» dövlətlərindən biri olan İtaliya 1940-cı ilin iyunun 10-da İkinci cahan savaşına qoşuldu və 1943-cü ilin sentyabrında müharibədən məğlub dövlət kimi çıxdı. Müharibə nəticəsində İtaliyada 500 min adam öldü, 3 milyon adam evsiz-eşiksiz qaldı. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi. Sənaye məhsulu istehsalı 1945-ci ildə müharibədən əvvəlkinə nisbətən iki dəfə aşağı düşdü. Kənd təsərrüfatı məhsulları istehsalı 60%ə endi. Çox işlənən ərzaq məhsulları çatışmırdı. Ölkədə 2 milyon adam işsiz idi. Kartoçka sistemi ilə hərəyə 200 qram çörək verilirdi. İnflyasiya artdı, lirin dəyəri 14 dəfə aşağı düşdü. Alman faşistləri ölkədən ən yaxşı incəsənət əsərlərini, sənaye avadanlığının əksəriyyətini aparmışdılar. Müharibə nəticəsində bütün sənaye müəssisələrin, körpülərin 1/3-i, dəmiryolların ¼-i sıradan çıxmış, İtaliya ticarət donanmasının 90%-dən məhrum edilmişdi. Bir sözlə, müharibə İtaliyanın iqtisadiyyatına, mədəniyyətinə böyük zərbə vurmuşdu. Ölkəyə 10 milyard lir ziyan dəymişdi.

Faşizm darmadağın edildikdən sonra inhisarçı dairələr siyasi hakimiyyətdə daha çox yer tutdular. İqtisadiyyat yenə də sənaye və maliyyə kapitalının əlində idi. Ölkənin cənubunda baronlar, knyazlar, iri torpaq sahiblərinin nüfuzu güclü idi. Faşistlərin hakimiyyəti dövründə istehsalın və kapitalın güclü mərkəzləşməsi və təmərküzləşməsi getdi və bu, müharibədən sonra da İtaliyanın iqtisadi inkişafında mühüm rol oynayan amillərdən biri oldu. Müharibədən sonra səhmdar cəmiyyətlərinin 15,8%-i 91,6% səhm kapitalına nəzarət edirdi. Avtomobil, kimya, energetika, rezin, sement sənayesində inhisarlar onlara məxsus idi. Maliyyə sahəsində üç iri bank: İtaliya kommersiya bankı, İtaliya kredit bankı, Roma bankı hökmran idi. İtaliyanın iqtisadiyyatına 50 varlı ailə ağalıq edirdi. İri sahibkarlar İtaliya sənayeçilərinin kon­fe­derasiyasında, iri torpaq sahibləri isə Kənd sahibkarları konfederasiyasında birləşmişdilər. İri latifundiyalar Cənubi İtaliya və Siciliyada hələ də qalırdı.

Müharibədən dərhal sonra sinfi qüvvələrin yenidən qruplaşması və yeni siyasi partiyaların yaranması prosesi başlandı. 1944-cü ildə Vatikan kitabxanasının müdiri Alçide de Qasperi tərəfindən keçmiş xalq partiyasının yerində sosial dayağı xırda burjuaziya olan, əslində isə iri burjuaziya və burujalaşmış mülkədarların mənafeyini müdafiə edən Xristian-demokratlar partiyası yarandı. Bu partiya Vatikanla əlaqə yaradaraq dindarları öz tərəfinə çəkməklə güclü sosial və mənəvi dayaq yarada bildi. O, kənd və şəhər xırda burjuaziyasının mənafeyini müdafiə edən proqram qəbul etdi. Bu partiya kütlələrin əhval-ruhiyyəsini nəzərə alaraq sinfi əməkdaşlıq, respublika, milliləşdirmə, muxtariyyət və geniş demokratiya şüarlarını irəli sürdü. Tezliklə bu partiya özünə xeyli tərəfdar topladı və onun üzvlərinin sayı 1945-ci ildə 1 milyonu ötüb keçdi. Xristian-demokratlar partiyasının timsalında iri burjuaziya və torpaq sahibləri öz hakimiyyətlərini qoruyub saxlamaqda onlara kömək edə biləcək bir qüvvə görürdülər.

1945-ci ildə yaranan partiyalardan biri də monarxist burjuaziyasının və iri mülkədarların mənafeyini müdafiə edən liberallar partiyası idi. Onlar monarxiyanı bərpa etmək istəyir, sosial, milli və aqrar islahatlar əleyhinə çıxırdılar. Onun sosial bazası güclü deyildi.

İtaliyada fəaliyyət göstərən digər bir partiya isə əsası hələ 1832-ci ildə Cuzeppe Madzini tərəfindən qoyulmuş və xırda burjuaziyanın mənafeyini müdafiə edən respublika partiyası idi. Bu partiya demokratik respublika, sosial islahatlar tərəfdarı idi.

Müharibədən sonra İtaliyada siyasi şərait köklü şəkildə dəyişdi. Siyasi həyata kütləvi fəhlə partiya və təşkilatları çıxdı. Bütün müharibə dövründə antifaşist siyasət yeridən və kütlələr içərisində böyük nüfuz qazanan kommunist və sosialist partiyaları da öz sıralarını yenidən qurdular. İtaliya kommunist partiyası kapitalist ölkələri içərisində ən çoxsaylı və nüfuzlu bir partiya idi. 1945-ci ildə onun üzvlərinin sayı 1,7 milyon nəfər idi. Rəhbəri isə «mütərəqqi demokratiya» şüarını irəli sürən Palmiro Tolyatti idi.

İtaliya sosialist partiyası da kütlələr içərisində rəğbət qazanmışdı. Onun üzvlərinin sayı 7.00 min nəfər idi. İtaliya sosialist partiyasına Petro Nenni başçılıq edirdi. İtaliya sosialist partiyası ilə İtaliya kommunist partiyası arasında 1934, 1937-ci illərdə birgə hərəkat haqqında bağlanan saziş 1946-cı ildə yenidən təkrar edildi.

Müharibə dövründə, yəni 1942-ci ildə yaranmış partiyalardan biri də demokratik istiqamətdə olan İtaliya hərəkat partiyası idi. Onun sosial bazasını ziyalılar və xırda bur­ju­aziya təşkil edirdi. Onun lideri F.Parre idi.

İtaliyada 1947-ci ildə faşistpərəst İtaliya sosial hərəkat partiyası da yaranıb fəaliyyət göstərməyə başladı.

Avropada müharibə qurtardıqdan sonra İtaliyanın şimalında milli-azadlıq komitələri, cənubu və mərkəzində isə amerikanların rəhbərlik etdiyi inzibati idarə hökm sürürdü.

1945-ci ilin iyunun 21-də Hərəkat partiyasının rəhbəri Parrinin başçılığı altında İtaliyada müvəqqəti hökumət təşkil edildi. Onun tərkibinə xristian-demokratlar, kommunistlər, sosialistlər daxil oldular. Bir sıra, o cümlədən, aqrar sahədə zəhmətkeşlərin mənafeyini müdafiə edən dəyişiklər edildi. Mülkədarların becərmədikləri torpaqlar əllərindən alınaraq kəndlilərə verildi. Mütəhərrik, yəni qiymətlərin qalxmasına uyğun olaraq əmək haqqlarının qalxması şkalası tətbiq edildi. Sahibkarlara qəti tapşırıq verildi ki, həmkarlar ittifaqının icazəsi olmadan heç kəs işdən kənarlaşdırılmasınlar. Müəssisələrdə müdriyyətin fəaliyyətinə nəzarət etmək üçün fəhlə şuraları yaradıldı.

1945-ci ilin dekabrında başda de Qasperi (XDP) olmaqla yeni koalisiyalı hökumət təşkil edildi. 1946-cı ilin əvvəllərində yerli hakimiyyət orqanlarına seçkilər keçirildi. Bu seçkilərdə xristian-demokratlar 40% səs qazanmaqla öz sosial bazalarını möhkəmlətmiş oldular. Sol partiyalar hamısı birlikdə səslərin 50%-ni topladılar. Bununla da, milli-azadlıq komitələrinin fəaliyyəti dayandırıldı. Lakin demokratik dəyişikliklər prosesi xeyli yavaş gedirdi. Bu dövrdə İtaliya monarxiya idi. Burada Savoyya sülaləsi hökmranlıq sürürdü. Lakin xalq 1922-ci ildə İtaliyada hakimiyyəti faşistlərə vermiş monarxiyadan narazı idi.



İtaliyanın respublika elan edilməsi. İtaliya müharibədən sonrakı ilk illərdə (1945-1950-ci illər). İtaliyanın qarşısında duran əsas siyasi məsələ onun dövlət quruluşu məsələsi idi. Müəssislər məclisinə seçkilərə hazırlıqla əlaqədar olaraq siyasi partiyaların fəaliyyəti xeyli artdı. Xristian-demokratlar partiyasının (XDP) 1946-cı ilin aprelində olan I qurultayı ölkədə respublika quruluşunu bəyəndi. Bütün mütərəqqi qüvvələr İtaliyanın respublika elan edilməsini istəyirdilər. Katolik kilsəsinin yüksək iyerarxları, habelə xristian demokratların bir hissəsi seçiciləri başda kralın oğlu olmaqla monarxiyaya səs verməyə çağırdılar. 1946-cı ilin iyunun 2-də ölkədə referendum - ümumi rəy sorğusu keçirilərkən 10,7 milyon adam monarxiyaya, 12,7 milyon adam isə respublikaya səs verdi. Monarxiyaya səs verənlər əsasən kilsənin iradəsini yerinə yetirən cənubun əhalisi idi. İtaliya respublika oldu. Kral II Umberto ölkəni tərk etdi. 1946-cı ilin iyunun 13-də keçirilən parlament seçkilərində Xristian-demokratlar partiyası 8,1 milyon, sosialist partiyası 4,7 milyon, kommunist partiyası isə 4,3 milyon səs aldı. Nəticədə Xristian demokratların, sosialistlərin və kommunistlərin koalisiyalı hökuməti təşkil edildi. Respublikanın birinci hökumətinə Xristian-demokratların lideri Alçide de Qasperi başçılıq etdi.

İtaliyanın siyasi həyatının fərqləndirici cəhəti iki iri sol partiyanın – sosialistlərin və kommunistlərin antifaşist mü­barizə illərində yaranmış və hökumətin siyasətinə böyük təsir gös­tərən möhkəm ittifaqının olması idi.

1947-ci ilin fevral ayının 10-da İtaliya məğlub dövlət kimi qalib dövlətlərlə Paris sülh müqaviləsini imzaladı. Həmin müqaviləyə əsasən İtaliya öz müstəmləkələrindən məhrum edildi. Həmçinin İtaliyanın 9 min km2 ərazisi Yuqoslaviya və Fransaya verildi. İtaliya müharibədə zərər çəkmiş SSRİ, Yu­qos­laviya, Albaniya, Efiopiya və Yunanıstana təzminat ödəməli idi. İtaliyanın hərbi donanması ləğv edilməli idi. O cəmi 300 min ordu saxlaya bilərdi. İtaliyadakı bütün hərbi fa­şist təşkilatları buraxılır və onların gələcəkdə fəaliyyəti qa­dağan edilirdi. Bağlanan sülhə görə İtaliya ərazisindən ingilis-amerikan qoşunları çıxarılmalı idi.

1947-ci ilin fevralında İtaliyanın daxili vəziyyəti ağır idi. Ona görə də Qasperi hökuməti ABŞ-a kömək üçün müraciət etdi. ABŞ hökuməti kömək edəcəyinə ancaq bir şərtlə razılıq verdi ki, kommunistlər hökumətin tərkibindən kənar edilsinlər. De Qasperi hökuməti bu işi görməyə məcbur oldu. Kommunistlər və onlarla ittifaqda olan sosialistlərin sol qrupunun nümayəndələri hökumətin tərkibindən çıxdılar. Sosialistlər partiyasının sağ qanadı isə hökumətin tərkibində qaldı. 1947-ci ilin mayın 13-də de Qasperi kommunistlərsiz hökumət təşkil etdi. Lakin parlamentdə və bələdiyyə seçkilərində əksəriyyət qazanmış kommunistlər və sosialistlər, həmçinin xristian-demokratların sol qanadı demokratik bir konstitusiyanın hazırlanmasına nail oldular. Həmin konstitusiya 1947-ci ilin dekabrın 22-də referendumla bəyənildi. 1948-ci ilin yanvarın 1-də isə qüvvəyə mindi. Konstitusiyaya görə İtaliya parlamentli respublika elan edildi. Parlamentə seçkilər 5 ildən bir keçirilirdi. Parlament iki palatadan ibarət idi. Aşağı palata olan deputatlar palatasına seçki yaşı 18 yaşdan müəyyən edilir, əhalinin sayına görə ümumi seçki üzrə seçilirdi. Yuxarı palata olan senata isə 25 yaşdan sonra seçilmək olardı. Senat üzvləri İtaliyada prefektlər adlanan vilayətlərdən seçilirdi. Deputatlar palatasında nisbətən çox yer alan partiya rəhbərlərindən biri hökumət təşkil edir, adətən, bu hökumət bir neçə partiyanın nümayənədəlrindən ibarət olur və parlament tərəfindən müdafiə olunana qədər hakimiyyətdə qalır. Proporsional seçki sisteminin həyata keçirilməsi ən böyük nailiyyət idi ki, onun sayəsində parlamentdə yerlər hər bir partiyanın real nüfuzuna uyğun olaraq bölüşdürülürdü. İtaliya prezidenti məhdud səlahiyyətlərə malik idi. O hər iki palatanın birgə iclasında 7 il müddətinə seçilirdi. İcraedici hakimiyyət Nazirlər kabinetinə məxsus idi. Ölkənin daxili və xarici siyasətinə rəhbərlik baş nazirin səlahiyyətində idi. Konstitusiyaya görə söz, mətbuat, vicdan azadlığı verilir, dini, irqi və siyasi cəhətdən ayrı-seçkilik qadağan edilirdi. Həmçinin Konstitusiyada əmək hüququ və ədalətli əmək haqqı, aqrar islahatın vacibliyi, müəssisələrin idarə edilməsində fəhlələrin iştirakı məsələsi də öz əksini tapdı. Katolisizm prinsiplərinə əsasən boşanma qadağan edilsə də, qadınlara kişilərlə bərabər hüquq verilirdi. Konstitusiyaya görə faşist təşkilatlarının fəaliyyəti qadağan edilirdi. Xüsusi mülkiyyətin toxunulmazlığı elan edilirdi. Andlı məhkəmə tətbiq edildi. Məhkəmə hakimiyyəti tamamilə müstəqil elan edildi. Konstitusiyada göstərilirdi ki, kral ailəsi İtaliyaya qayıda bilməz.

ABŞ-ın verdiyi kredit və borc hesabına xalqa iqtisadi çətinlikləri aradan qaldırmağa söz verən Xristian demokratlar partiyası 1948-ci ilin aprelində keçirilən parlament seçkilərində 12,7 milyon səs aldı. Kommunistlər, sosialistlər və digər sol qruplar isə birləşərək Xalq demokratik cəbhəsini təşkil etdilər və cəmi 8 milyon səs aldılar. Yenə də de Qasperi sosialistlərsiz və kommunistlərsiz hökumət təşkil etdi. İtaliya respublikasının qurulması prosesi başa çatdı.

İtaliya XX əsrin 50-60-cı illərində. 1950-ci ildə İtaliya sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki səviyyəyə çatdı. XX əsrin 50-ci illərdə İtaliya sənayesində yüksəliş baş verdi və bu, fasilələrlə 1964-cü ilə qədər davam etdi. Yeni sənaye sahələri – elektronika, neft kimyası, maşınqayırma, avtomobil sənayesi yarandı. Hər il ölkədə sənaye məhsulu istehsalı 10% artdı. 1960-cı ildə isə bu artım 15,2% oldu. 1950-ci illə müqayisədə 1970-ci ildə İtaliyada sənaye məhsulu istehsalı və xarici ticarət 3 dəfədən çox artdı. Bu dövr ərzində ölkədə milli gəlir 2,5 dəfə, əmək məhsuldarlığı 2 dəfə çoxaldı. İnkişaf etmiş ölkələrin ümumi sənaye məhsulu istehsalında ölkənin payı çoxaldı. İtaliya bu cəhətdən dünya kapitalist ölkələri içərisində 6-cı yeri, Avropada isə 4-cü yeri tutdu. ETİ genişləndi. İtaliya daha çox inkişaf etmiş yeddi sənaye ölkəsinin siyahısına daxil oldu. Kimya sənayesində «Montekatini», elektroenergetikada «Edison», elektronika­da «Olivetti», avtomobil sənayesində «Fiat», rezin-polimer sənayesində «Pirelli» kimi böyük inhisar qrupları ölkənin iqtisadi həyatında mühüm rol oynayırdılar. Ölkədə istehsal edilən avtomobillərin 80%-ni «Fiat» verirdi. 1963-cü ildə «Montekatini» ilə «Edison» birləşərək «Montedison» adlandı. «Montedison» düynyada 4-cü kimya inhisari idi. «Pirelli» rezin konserni beynəlxalq xarakter daşıyırdı.

İkinci Dünya müharibəsinə qədər İtaliyada neft və qaz sənayesi zəif inkişaf etmişdi və neft kənardan gətirilirdi. Lakin müharibədən sonra Siciliyada zəngin neft yataqlarının olduğu aşkara çıxdı. ABŞ-ın «Yeddi bacı» firması isə qəfildən aşkara çıxartdı ki, Şimali İtaliyada zəngin qaz yataqları vardır. Ölkədə neft və qaz sənayesi sənaye sahələri içərisində inkişafına görə üçüncü yeri tutdu. Ən böyük artım isə polimer və maşınqayırma sənayesində idi. İtaliyanın dəmir filizi ehtiyatları olmadığına görə xaricdən gələn qırıntılar hesabına metallurgiya sənayesi inkişaf edirdi. Polad istehsalı da bu dövrdə artdı. Məsələn, əgər 1963-cü ildə ölkədə 10 milyon ton polad istehsal edilirdisə, 1966-cı ildə bu rəqəm 16 milyona çatdı.

1957-ci ildə çuqunun 82%-i, poladın 51%-i Dövlət sənayesinin yenidən qurulması institutunun nəzarəti altında idi. 1958-ci ildə İtaliyada iqtisadiyyatın dövlət bölməsinə rəhbərlik etmək üçün Milli nazirlik təşkil edildi. İtaliyada 1968-ci ildə bütün istehsal aparatının 30-35%-i, sərnişin donanmasının isə 65%-i dövlətə məxsus idi.

50-ci illərin sonunda İtaliya iqtisadiyyatı əsasən öz müstəqilliyini təmin etdi. İtaliya kapitalı Asiya, Afrika, Latın Amerikasına çıxmağa başladı. İtaliyada zəngin qızıl və valyuta ehtiyatı yarandı. Bununla belə yenə də onun iqtisadiyyatında ingilis, amerikan, İsveçrə inhisarlarının güclü mövqeyi vardı.

İtaliyada «iqtisadi möcüzə»nin baş verməsi səbəblərindən biri İtaliyada faşistlərin hakimiyyəti dövründə güclü dövlət inhisarçı kapitalizminin yaranması, digəri isə ETİ nailiyyətlərinin istehsala dərhal tətbiqi idi. 1948-ci ildə İtaliya «Marşal planı» əsasında ABŞ-dan 1,3 milyard dollar miqdarında yardım aldı ki, bu da onun sənayesinin inkişafında mühüm rol oynadı. İtaliyanın iqtisadi inkişafında mühüm rolu olan səbəblərdən biri də ölkə əhalisindən müəyyən illərdə İtaliyadan xaricə, yəni Almaniya, Fransa, Belçikaya işləməyə gedənlərin ölkəyə pul göndərməsi idi. XX əsrin 50-60-cı illərində İtaliyadan xaricə gedənlərin sayı 5 milyondan artıq idi. Yüksək sürətli inkişafın səbəblərindən biri də turizmlə bağlı idi. İtaliyaya 1968-ci ildə 27 milyon, 1970-ci ildə isə 32 milyona qədər turist gəlmişdi və bu ölkə iqtisadiyyatına xeyli gəlir gətirmişdi.

İtaliyada sənayenin inkişafı ziddiyyətli və qeyri-bərabər olması ilə fərqlənirdi: Cənub əslində şimalın müstəmləkəsi olaraq qalırdı. Oradan milyonlarla adam iş tapmaq üçün şimala köçürdü. Hətta iqtisadi inkişafın daha çox yüksəlişi dövründə işsizlərin sayı 1 milyonu keçirdi. Hər il 200 mindən çox adam isə hər cür iş və əmək şəraiti ilə razılaşaraq AFR, İsveçrə, Fransaya mühacirət etməyə məcbur olurdu.

İtaliya adambaşına düşən milli gəlirə görə bu illərdə qabaqcıl kapitalist ölkələrindən geridə qalırdı. 1968-ci ildə adambaşına düşən milli gəlirə görə İtaliya ABŞ-dan – 3 dəfə, Fransadan – 2 dəfə, Belçika və AFR-dən 1,5 dəfə, İsveçdən 2,5 dəfə geri qalırdı. İtaliyada sənayenin inkişafının mühüm xüsusiyyətlərindən biri də digər kapitalist ölkələrində olduğu kimi ən çox xidmət sənayesinə diqqət yetirilməsi idi.

İtaliyada bu dövrdə kənd təsərrüfatı 1/3 dəfə artdı. 1949-cu ildə mərkəz, cənub və Siciliyada kənd təsərrüfatını inkişaf etdirmək haqqında xüsusi planlar hazırlandı. 1961-ci ildə İtaliya parlamenti «yaşıl plan» adlı plan tərtib etdi ki, həmin plana görə ölkədə kənd təsərrüfatının inkişafına 550 milyard lir ayrılırdı. XX əsrin 50-60-cı illərdə İtaliyada kənd təsərrüfatının intensivləşməsi prosesi sürətləndi. Belə ki, bu dövrdə kənd təsərrüfatında yalnız traktorların sayı 10 dəfə artdı. Lakin bu dövrdə də İtaliyada kəndlilərin orta illik gəliri 300 dollardan yuxarı deyildi. Halbuki kəndlilərin illik gəliri Lüksemburqda – 2330, Fransada – 2160, Belçikada – 1616, AFR-də 1300, Niderlandda 1040 dollar idi. Həmin dövrdə İtaliya Avropa ölkələrinə meyvə və tərəvəz ixracını artırdı. Təsadüfi deyildir ki, onu «Avropanın bostanı»da adlandırırlar. Lakin İtaliyada bu dövrdə heyvandarlıq zəif inkişaf etmişdi. İtaliya ancaq quş əti ilə öz əhalisinin tələbatını ödəyə bilirdi.



İtaliyada XX əsrin 50-60-cı illərində sosial-siyasi həyat. XX əsrin 50-60-cı illərində ölkənin iqtisadi inkişafı onun sosial quruluşunda da dəyişlikliklər yaratdı. 1951-1961-ci illərdə fəhlə sinfinin sayı 1,8 milyon nəfərdən 7,6, 1970-ci ildə isə 19,1 milyon nəfərə çatdı. Bu müstəqil fəaliyyət göstərən əhalinin 38%-ini təşkil edirdi. Şəhərlərdə cəmləşmə başlandı. Bu illərdə fəhlə hərəkatının ən mühüm xüsusiyyəti onun böyük vüsəti və hökuməti güzəştə getməyə məcbur etməsi idi. Fəhlə sinfi İtaliyadakı qədər dünyada heç yerdə müxtəlif tətil növlərindən istifadə etməmiş və ciddi müvəffəqiyyətlər qazanmamışdır. «İşğal tətilləri» zamanı fəhlələr müəssisələri tutur, «şahmat tətil»ləri zamanı isə onlar müəssisədəki sexlərin bəzilərini işlədir, bəzilərini isə işlətmirdilər. «Tətilin tərsi» zamanı ictimai işlərlə məşğul olur, hökuməti məcbur edirdilər ki, onların haqqını ödəsin.

1951-ci ildə İtaliya sosialist partiyası iki hissəyə İtaliya sosialist və İtaliya sosial-demokrat partiyasına bölündü.

1945-1953-cü illərdə İtaliyanın baş naziri Xristian-demokratlar partiyasının lideri de Qasperi oldu. İtaliyanın siyasi həyatının mühüm xüsusiyyətlərindən biri o idi ki, burada qabaqcıl kapitalist ölkələrindən fərqli olaraq çoxpartiyalı sistem formalaşmışdı. 9 ölkə miqyaslı və çoxlu məhəlli partiyalar mövcud idi. 1952-ci ilin sonunda xristian-demokratlar hökuməti yeni seçki qanunu layihəsi ilə çıxış etdi. Həmin qanuna görə seçkilərdə 50%+1 səs toplayan partiya parlamentdə yerlərin 2/3 hissəsini tuturdu. Buna qarşı 1953-cü ilin martın 30-da ümummilli siyasi tətil oldu. Fəhlələr bu qanunu «fırıldaq qanun» adlandırdılar. 1953-cü ilin iyununda xristian-demokratlar hökuməti parlament seçkiləri keçirdi. Lakin hakim partiya, yəni xristian-demokratlar seçkilərdə bu səsi yığa bilmədiyinə görə de Qasperi baş nazir vəzifəsindən istefa verdi. 1954-cü ilin avqustunda o vəfat etdi. Xalq tərəfindən «fırıldaq qanun» adlanmış bu qanun 1953-cü ildə ləğv edildi. Fəhlə sinfinin sayının artması həmkarlar ittifaqının rolunun yüksəlməsinə gətirib çıxardı.

İtaliyanın siyasi həyatının xüsusiyyətlərindən biri də orada tez-tez hökumət dəyişikliyinin olması idi. 1955-1957-ci illərdə İtaliyada hökumətə xristian-demokratlardan olan A.Senye, Tambroni başçılıq edirdi. 50-ci illərin sonlarına doğru İtaliyada neofaşist təşkilatları yenidən canlanmağa başladı. Hələ 1947-ci ildə yaranmış faşistpərəst təşkilat olan İtaliya sosial hərəkat partiyası öz fəaliyyətini artırdı. 1958-1960-cı illərdə Tambroni hökumətin zamanında icazə verildi ki, 1960-cı ildə Genuyada faşistlər öz qurultaylarını çağırsınlar. Lakin fəhlə sinfi buna imkan vermədi. Fəhlə hərəkatının ən böyük nailiyyətlərindən biri Tambroninin baş nazir vəzifəsindən istefa verməsi idi. Ümumiyyətlə, İtaliyada 1945-ci ildən 1981-ci ilə qədər həmişə baş nazir vəzifəsini xristian-demokratlar tutmuşdu.

60-cı illərin sonunda İtaliyada «sol» və «sağ» ekstremist terrorçu təşkilatlar meydana gəlmişdi. «Sol»çu qruplar ayrı-ayrı adamlara qarşı qəsd təşkil edən «Qırmızı briqadalar» yaratmışdılar. «Sağ» neofaşistlər işə hökuməti qorxutmaq və demokratiyaya qarşı hücuma keçmək taktikasından istifadə edirdilər. Hər iki qrup gizli fəaliyyət göstərirdi.

Ölkənin cənubunda – Siciliya və Neapol vilayətlərində mafioz qruplar qarət və qətllər törədirdilər. O vaxt belə qruplara qarşı mübarizə aparmaq çox çətin idi. Çünki onların çoxunun dövlət məmurları ilə əlaqəsi vardı.

1960-1962-ci illərdə İtaliya hökumətinə xristian demokratların sol qanadına mənsub olan Qranki rəhbərlik edirdi. 1962-ci ilin fevralında isə baş nazir təyin edilmiş Fonfanii ilk dəfə hökumətin tərkibinə sosialist partiyasının sol qanadının nümayəndələrini də daxil etdi. İtaliyada yaranmış bu hökumət tarixə «sol mərkəz hökuməti» kimi düşdü. 1963-cü ilin aprelində hökumətə Aldo Moro rəhbərlik etməyə başlandı. «Sol mərkəz hökuməti» öz tərkibini saxlamaq etibarilə İtaliyada 1976-cı ilə qədər hakimiyyətdə qaldı.

«Sol mərkəz hökumətin»nin dövründə elektroener­getika müəssisələrinin milliləşdirilməsi haqqında qanun qəbul edildi. Zəhmətkeşlərin bəzi kateqoriyalarının əmək haqqı artırıldı. Sahibkarlar müəssisələrdə paternalist ölçülər siste­minə keçdilər. Ucuz evlər, uşaq müəssisələri təşkil edildi. 1956-cı ildə Macarıstan hadisələri ilə əlaqədar olaraq sosialistlər kommunistlərlə ittifaqdan imtina etdilər. İSP və İSDP ölkənin siyasi həyatında öz mövqelərini möhkəmləndirmək üçün 1966-cı ildə birləşib İtaliya Vahid Sosialist partiyasını yaratdılar. Lakin aralarındakı ixtilaflara görə onlar 1969-cu ildə yenidən ayrıldılar.

1968-1969-cu illərin tətilləri nəticəsində 5 milyon adamın əmək haqları artırıldı, iş həftəsi 44 saatdan 40 saata endirildi. 1969-cu ildə həmkarlar ittifaqları əmək şəraiti üzə­rin­də nəzarət hüququ əldə etdilər. 1969-cu ildə 20 milyon adamın tətili nəticəsində pensiyalar da 10% artırıldı. 1969-cu ildə parlament zəhmətkeşlərin hüquqları haqqında status qəbul etdi.

60-cı illərdə Cənubi İtaliyada tətil xüsusilə kəskin xarakter aldı. Nəticədə hökumət məcbur oldu ki, Şimalda və Cənubda əmək haqlarını eyniləşdirsin.

1968-ci ilin fevralında zəhmətkeşlərin təzyiqi altında vilayət və yerli özünüidarə orqanlarının yenidən təşkili haqqında qanun qəbul edildi ki, bununla da onların vilayət muxtariyyəti təmin edilmiş oldu. Vilayətlərin qanunverici-inzibati, siyasi, sosial-iqtisadi hüquqları əhəmiyyətli dərəcədə genişləndi. 1970-ci ildə uzun müddətli mübarizədən sonra ölkənin bütün ərazisində vilayət özünüidarəsinə keçirilməsi haqqında demo­kratik qanun qəbul edildi. 1870-ci ilin iyunun 7-8-də vilayət özünüidarə orqanlarına cuntalarına seçkilər keçirildi.

60-cı illərdə gənclər, xüsusilə tələbələr faşizmə qarşı mübarizədə fəal iştirak edirdilər. 1968-ci ilin sonunda faşist xadim, knyaz Borqeze hərbi təşkilat olan «Milli cəbhə» təşkil etdi. O, 1970-ci ilin dekabrında hakimiyyəti zəbt etmək üçün «Antarktida» planı tərtib etdi, lakin baş tutmadı.



XX əsrin 50-60-cı illərində İtaliyanın xarici siyasəti: İtaliya 1948-ci ildə Qərb müdafiə ittifaqının üzvü oldu. 1949-cu ildə NATO və Avropa Şurasına, 1951-ci ildə isə Avropa kömür və polad birliyinə daxil oldu. Ümumiyyətlə, İtaliya 50-ci illərin birinci yarısına qədər öz xarici siyasətində müstəqil deyildi və o ABŞ-ın təsiri altında idi. ABŞ bu dövrdə İtaliyanın bir çox şəhərlərində – Toronto, Liverno, Neapolda öz hərbi bazarlarını yaratmışdı. Lakin iqtisadi inkişaf və fəhlə hərəkatının güclənməsi ilə əlaqədər olaraq artıq 50-ci illərin ikinci yarısında İtaliya öz xarici siyasətində müstəqil xətt yeritməyə başladı. O Yaxın Şərqdə ərəbləri müdafiə etdi. 60-cı illərdə İtaliya ABŞ-ın Vyetnama təcavüzünü pislədi.

Sosialist ölkələri ilə əlaqələr genişləndi. 1959-1961-ci illərdə uzunmüddətli – SSRİ-İtaliya ticarət müqavilələri bağ­landı. 1967-ci ildə isə onlar arasında elmi-texniki və iqtisadi əməkdaşlıq haqqında müqavilə bağlandı. SSRİ İtaliyaya təbii qaz verməyə başladı. 60-cı illərdə NATO-ya daxil olan digər ölkələrlə müqayisədə İtaliyanın hərbi xərcləri azlıq təşkil edirdi. Belə ki, İtaliyada 1967-ci ildə hərbi xərclər dövlət büdcəsinin 2,9%-ni təşkil etdiyi halda, Fransada 5,3%-ni, Portuqaliyada 6,7%-ni, ABŞ-da isə 9,8%-ni təşkil edirdi.


1   ...   10   11   12   13   14   15   16   17   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə