Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə11/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

XX əsrin 70-ci illərində Fransanın xarici siyasəti. Bu dövrdə Fransanın xarici siyasətində iki istiqamət əsas yer tuturdu. Bunlardan biri beynəlxalq münasibətlərin potensialından istifadə edərək ölkənin iqtisadi inkişafını sürətləndirmək, digəri isə «Böyük Fransa» konsepsiyasından əl çəkərək dövlətlərarası tənzimləmə sistemini ümumdünya miqyasında möhkəmləndirmək idi. Burada başlıca məqsəd Qərbi Avropa ilə inteqrasiya prosesini gücləndirmək idi. Məhz Fransa prezidentinin şəxsi nüfuzu əsasında AİB-də geniş miqyaslı maliyyə islahatları aparıldı, 1979-cu ildə ilk dəfə Avropa parlamentinə birbaşa seçkilər keçirilməyə başladı. Birliyin rəhbər orqanı kimi dövlət və hökumət səviyyəsində Avropada Fransanın statusu tam möhkəmləndi. Fransa NATO ilə hərbi əməkdaşlığın milli silahlı qüvvələrin muxtariyyəti şəraitində tərəfdarı idi. Baş ştabın rəisi H.Meri 1976-cı ildə Fransanın yeni hərbi doktrinasını işləyib hazırladı ki, bu da «toxunulmaz əraziləri yeniləşdirmək» ideyasına əsaslanırdı. Əvvəlki dövrlərdən fərqli olaraq adi silahların istehsalına daha çox yer verilməyə başladı. Fransanın NATO-da əməkdaşlığının artması Fransa-ABŞ münasibətlərindəki gərginliyi bir qədər azaltdı. Fransa 1975-ci ildə «Yeddilər qrupu»nun üzvü oldu. SSRİ ilə münasibətlər yenə də müsbət məcrada inkişaf edirdi. Bu dövrdə Fransanın üçüncü dünya ölkələrinə münasibətində nəzərə çarpacaq irəliləyiş müşahidə olunurdu. Bu siyasət «Fyermandizm» adını aldı. O, Yaxın Şərqdə ərəb-İsrail münaqişəsində ərəb xalqını müdafiə etdi. Çin, İran, Hind-Çin, Malayziya, Filippin, Sinqapurla mü­nasibətlər möhkəmləndi. Fransanın xarici siyasətində Afrika ölkə­ləri xüsusi yer tuturdu. 70-ci illərdə Fransa dünyada silah sa­tışı­nda ikinci yeri tuturdu ki, onun da əsas hissəsi «qara kon­tinentə» satılırdı. «Şimal-Cənub» sistemi üzrə diplomatik məs­ləhət­ləşmələr seriyasında Fransa təşkilatçı oldu. Şimali və Ek­vatorial Afrikada Fransa fəal surətdə «Frankofonizm» siyasəti aparırdı. Bu siyasət nəticəsində fransız dili işlədilən ölkələrə mədəniyyət və təhsil sistemi sahəsində geniş miqyasda humanitar kömək göstərilirdi.

Fransa Fransua Mitteranın (1981-1995) və Jak Şirakın (1995-2007) prezidentliyi dövründə. 1981-ci ilin aprel-may aylarında keçirilən prezident seçkilərində dörd namizəd irəli sürülsə də, Fransa sosialist partiyasının lideri Fransua Mitteran Kommunist partiya­sının lideri Jorj Marşeyə, «Fransa demokratiyası naminə ittifaq» partiyasının lideri Jiskar D`Estenə, «Yeni respublikanı müdafiə birliyi» partiyasının lideri J.Şiraka qalib gələrək 15,7 milyon (51,8%) səs topladı və prezident vəzifəsini tutdu. Parlament seçkilərində də sollar qalib gələrək Pyer Moruanın başçılığı altında hökumət təşkil etdilər. Sosialistlər təkpartiyalı hökumət təşkil etmək imkanına malik olsalar da, Mitteran kommunistlərə onun siyasi kursunu müdafiə etmək şərtilə hökumətin tərkibinə daxil olmağı təklif etdi. FKP bununla razılaşdı ancaq ikinci dərəcəli rolla kifayətlənməli oldu. Onlar 44 nazir vəzifəsindən 4-nü tutdular. Beləliklə sol partiyalar hakimiyyətə gəldilər və hələ 1972-ci ilin iyununda birlikdə imzaladıqları proqramı həyata keçirməyə başladılar.

Yeni hökumətin fəaliyyətinin birinci ili zəhmətkeşlərin xeyrinə olan bir sıra islahatlarla əlamətdar idi. Sənayedə dövlət bölməsi 18%-dən 32%-ə qalxdı. 36 bankın milliləşdirilməsi nəticəsində bankın verdiyi kreditin 75%-nə dövlət nəzarət etməyə başladı. 9 iri sənaye inhisar qrupu - metallurgiya, elektronika, kimya, təyyarəqayırma, hərbi sənaye və s. sahələr milliləşdirildi.

Senzura ləğv edildi. Dövlət təhlükəsizliyi məhkəməsi fəaliyyətini dayandırdı. Xarici vətəndaşların statusu möhkəmləndirildi. 9 May və 8 Mart qeyri-iş günü hesab edildi. İlk dəfə Fransua Mitteranın dövründə Fransada ölüm cəzası ləğv edildi. İş həftəsi 39 saata endirildi. Pulu ödənilən məzuniyyətin müddəti 5 həftəyə qədər uzadıldı. Əmək haqqı 10% artırıldı. Təqaüd və az təminatlı ailələrə verilən müavinat 25% yüksəldi. Ümumdövlət orqanların səlahiyyətlərinin azadılması yolu ilə bələdiyyə idarələrinin hüquqlarının genişləndirilməsi proqramı həyata keçirilməyə başlandı. Bunlar 1936-1937-ci illərdə Xalq Cəbhəsi dövründən sonra olan ən böyük islahatlar idi. Bir sözlə, F.Mitteranın prezidentliyinin ilk illərində Fransada əsil firavanlıq dövləti yarandı.

Lakin inhisarların təzyiqi və 1980-1982-ci illərin iqtisadi böhranının təsiri altında hökumətin siyasi xətti bir qədər mühafizəkarlaşdı. Çünki tezliklə aydın oldu ki, xərclər artır, büdcənin kəsiri dəhşətli miqyas alır. Hökumət islahatları saxladı və «sərt iqtisadi siyasət» elan etdi. Vergilər və qiymətlər artırıldı, bir sıra müəssisələr bağlanıldı. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü, işsizlik yenidən artdı. Milliləşdirilmə dayandırıldı. 1983-cü ildə vergiləri artırmaq yolu ilə «iqtisadiyyatın sağlamlaşdırılması» proqramı qəbul edildi. Lakin inhisarların mənfəəti və onların başqa ölkələrə güclü kapital ixracı məhdudlaşdırılmadı. Xüsusi təşəbbüsə daha çox üstünlük verilməyə başlandı. Bütün bunlar hökumət daxilində ixtilaf törətdi. 80-ci illərdə irqi və milli ziddiyyətlərin də təzahürü gücləndi. 1972-ci ildə yaradılmış Le Penin başçılıq etdiyi «Milli Cəbhə» (MC) ziddiyyətləri daha da qızışdırırdı. Onlar «Fransa fransızlar üçündür» şüarı altında gəlmələrin qovulmasını tələb edirdilər.

1984-cü ilin yayında gənc texnokrat Loran Fabius baş nazir təyin olundu. Onun qeyri-populyar və daha sərt iqtisadi siyasət yeridəcəyini güman edən kommunistlər hökumətin tərkibində iştirak etməkdən imtina etdilər. Beləliklə, sol qüvvələrin hökumətində kommunistlərin iştirakı cəmi 3 il davam etdi. Bu, bir tərəfdən, sol koalisiyanın böyük imkanlarını, digər tərəfdən onun təcrübəsizliyini, sosialistlərlə kommunistlər arasında müəyyən fikir ayrılığının mövcud olduğunu üzə çıxartdı. Təcrübə habelə həddindən çox milliləşdirmənin səmərəsizliyini də göstərdi.

1986-cı ilin mart ayında keçirilmiş seçkilərdə sağ təmayüllü partiyalar qələbə çaldılar. Başda J.Şirak (Respublikanın müdafiə birliyi partiyası) olmaqla yeni hökumət təşkil edildi. Sol prezidentlə sağ hökumətin qeyri-adi «yanaşı yaşaması» başlandı. J.Şirak prezident-sosialist F.Mitteranın ziddinə gedərək sənaye müəssisələrinin öz əvvəlki sahiblərinə qaytarmağa və zəhmətkeşlərin hüquqlarına hücum etməyə başladı. İri kapitala qoyulan vergilər ləğv edildi, immiqrasiya məhdudlaşdırıldı. Biznesin dövlət tənzimlənməsi zəiflədildi, bütün qüvvələr inflyasiya ilə mübarizəyə yönəldildi. İşsizliyin daha da artmasına gətirib çıxaran bu tədbirlər xalq kütlələrini J.Şirak hökumətindən narazı saldı. Hökumət ölkənin xarici siyasətində amerikapərəst istiqaməti gücləndirdi. Bütün bunlar ölkədə Mitteran tərəfə yenidən dönüşə səbəb oldu.

1988-ci ilin mayında prezident seçkilərində bütün əsas partiyaların nümayəndələri səsə qoyulmuşdu. İkinci tura ancaq Mitteran və Şirak çıxdı. Əhəmiyyətli səs üstünlüyü ilə (46%-ə qarşı 54%) Mitteran qələbə qazandı. İkinci yeddi ili üçün o, prezident seçildi. FKP-nin namizədi ən az səs aldı (6,8%) MC-nin lideri Le Pen isə 14,4% səs topladı.

Mitteran yenidən prezident seçiləndən sonra Milli məclisə vaxtından əvvəl seçkilər keçirdi. Onun tərəfdarları yenidən sağ partiyalar üzərində qələbə çaldılar.

Fransada 1988-ci ilin baharında və yayında keçirilmiş prezident və parlament seçkilərindən sonra yeni siyasi vəziyyət yarandı. Baş nazir vəzifəsini FSP-dan olan M.Rokar tutdu. Bu hökumət «heç-heçə» siyasəti yeritməyə başladı. Belə ki, nə biznesin hədsiz genişlənməsinə, nə də dövlət bölməsinin tam bərpasına qayıdıldı. Bazar infrastrukturunun və dövlət müəssisələrinin saxlanılması xətti yeridilməyə başlandı. Hökumət böyük gəlirlər üzərində vergini bərpa etdi. Bununla belə, sosial proqramı genişləndirmədi və əmək haqqının səviyyəsini artırmadı. Rokar belə hesab edirdi ki, inflyasiyanın aşağı həddinin saxlanılması iqtisadi artımın ən mühüm amillərindəndir. Lakin o, bu siyasətlə işsilzik prob­lemini həll etmədi. Ölkədə işsizlərin sayı 8 milyondan çox idi.

1990-cı ilin payızında FSP-də Rokara qarşı müxa­lifət gücləndi. Müxalifətə isə başçılığı Edit Kresson edirdi. 1991-ci ilin may ayının 15-də Mitteran Rokarın istefasına və Kressonun baş nazir təyin edilməsinə nail oldu. Kresson Fransada yüksək texnologiya sahəsini müdafiə etmək üçün proteksionizmin vacibliyini və ticarətdə Avropa və üçüncü dünya ölkələrinə müdaxilənin zəruriliyini elan etdi. Əslində onun siyasəti qollistlərin iqtisadi siyasəti ilə eyniyyət təşkil edirdi. O, özəlləşdirmə ideyasını müdafiə edirdi və bunu real­laşdırmaq sahəsində müəyyən tədbirlər görüldü. Baş nazirin xırda və orta müəssisələri inkişaf etdirmək planı Tet­çer və Reyqanın bu məsələdəki xəttindən heç də fərq­lənmirdi. Lakin, o, fransız «dəmir ledisi» kimi Fransada və dünyada tanına bilmədi.



FSP-nin populyarlığının azalması özünü 1992-ci ilin martında keçirilən bölgələr üzrə seçkilərdə daha aydın göstərdi. 1992-ci ilin aprelində Mitteran Pyer Bereqornanı baş nazir təyin etdi. O əvvəlki sosialist baş nazirlərdən fərqli olaraq işsizliyə qarşı mübarizəni, dövlətin maliyyə bazasını möhkəmləndirməyi, nisbi özəlləşdirmənin davam etdirilməsini, Maastrixt müqaviləsinin ratifikasiya edilməsinə hazırlaşmağı öz hökumətinin başlıca vəzifələri elan etdi. Lakin bu vəzifələr yerinə yetirilə bilmədi. Sənayedə isə heç bir artım müşahidə edilmədi. Ölkədə yenə də işsizlik qalırdı və artırdı. Mitteranın prezidentliyinin son üç ilində dövlət büdcəsinin kəsiri 90 milyard frankdan 165 milyard franka qalxdı.

1993-cü ilin martında keçirilən parlament seçkilərində «məsuliyyət və etibar» devizini irəli sürən düşünülmüş islahatlar keçirməyi, cinayətkarlıq, terrorizm, sosial ədalətsizlik və işsizliyə qarşı mübarizə aparmağı vəd edən sağlar qələbə çaldılar. Parlamentdə 577 yerdən 448-ni onlar tutdular. Sosialistlər cəmi 54, kommunistlər isə 26 mandat qazandılar. Mojaritar sistem Le Penin partiyasına və ekoloqistlərə («yaşıllar» partiyasına) parlamentdə yer tutmağa imkan vermədi. Sağların çoxluq təşkil etdiyi hökumətə Eduard Balladur başçılıq etdi. O, Şirakın on ildən artıq seçki kampaniyasının keçirilməsi üzrə məsləhətçisi olmuşdu. Şirak koalisiyanın lideri kimi qalaraq prezident seçkilərinə hazırlaşmağa başladı. Balladur hökuməti iflas həddində olan sosial təminat sistemini xilas etməyi və işsizliyə qarşı mübarizəni özünün prioritet (yəni ən mühüm, ən başlıca) vəzifəsi elan etdi. Bu siyasətin maliyyə bazasını təmin etmək üçün hökumət 100 milyard frank həcmində dövlət istiqrazları buraxdı, dolayı vergiləri, benzin və spirtin qiymətini artırdı. Həmçinin dövlət aparatının xərclərini azaltmaq üçün qənaət kampaniyası başladı. Büdcə gəlirlərinin artırılmasında özəlləşdirmənin ikinci dalğası mühüm rol oynadı. Görülən tədbirlər büdcə kəsirini azaltmağa və yeni iş yerləri təşkil etməyə imkan verdi. Məşqulluq səviyyəsini artırmaq üçün hökumət əmək haqqı fondlarından alınan vergini də xeyli ixtisar etdi. Hökumət immiqrasiyanı xeyli məhdudlaşdırdı, qanunsuz immiqrantların işlə təmin edilməsinə qarşı mübarizə apardı. Bütün bu tədbirlər xalq tərəfindən bəyənildi. İnflyasiya 1,8%-ə qədər endi, büdcə kəsiri azaldı, iqtisadi artım müşahidə olundu. Baş nazirin imici artdı. Fransız xalqı onu gələcək prezidentliyə əsas namizəd kimi görməyə başladı. Lakin bu Şirakı çox narahat etdi. 1995-ci ilin fevralında keçirilən prezident seçkiləri bunu bir daha nümayiş etdirdi. Şirak koalisiyası tərəfindən hökumətin siyasətinin tənqidi öz işini gördü. Şirak çox çətinliklə prezident seçkilərində (Balladur – 18,5%, Le Pen – 15%, Robber – 8,7% səs aldılar) 20,6% səs alaraq qələbə qazandı. Sosialist və kommunist partiyasının böhran keçirməsi də 1995-ci ildə J.Şirakın prezident seçilməsinə şərait yaratdı. J.Şirak Alen Jüppeni baş nazir təyin etdi. Hökumət büdcə kəsirinin və dövlət borclarının ləğv edilməsinə çalışacağını, valyuta-maliyyə sistemini sabitləşdirməyin, dövlət bölməsini yenidən təşkil etməyin vacibliyini elan etdi. Lakin onun sosial xərcləri azaltması ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılandı. Hökumət xalqın təzyiqi altında güzəştə getməyə məcbur oldu. Belə bir şəraitdə J.Şirak vaxtından əvvəl parlamenti buraxdı. 1997-ci ilin may-iyun aylarında keçirilən yeni parlament seçkilərində sağ partiyalar ciddi məğlubiyyətə uğradılar, cəmi 250 mandat ala bildilər. Sosialist partiyası 252, kommunistlər 39, yaşıllar isə 7 mandat qazandılar. Sosialist partiyasının lideri Lionel Jospen bütün sol qüvvələrin konsilidasiyasına (siyasi əməkdaşlığına) nail olmağı bacardı və baş nazir oldu. «Qırmızımtıl-qırmızı-yaşıl» alyansın təşkil etdiyi yeni hökumət özünün son dərəcə işgüzarlığı və fəallığı ilə fərqlənirdi. Jospen özünü həm sərt, qətiyyətli, həm də mühakiməli, ehtiyatlı bir siyasətçi kimi göstərə bildi. Hökumətin siyasəti «sol realizm» adını aldı. Jospen ağrılı problemlərin həllini tarazlaşdırmaq üçün yol tapmağı bacardı. Gəlmələrlə əlaqədar olan qanunvericiliyə yenidən baxıldı, minimum əmək haqqının artırılması və məşğulluq səviyyəsinin yüksəldliməsi məsələsinə diqqət artırıldı. Yaranmış mürəkkəb vəziyyətdən çıxmaq üçün konstruktiv variantlar işlənib hazırlandı. Mətbuat bu siyasəti «insan simasında modernləşdirmə» adlandırdı.

Sağların müqavimətinə baxmayaraq Jospen 1997-ci ildə iri müəssisələrindən alınan vergiləri 15% artırdı. Bu tədbir büdcə kəsirini azaltmağa imkan verdi. Lakin 1998-ci ildə yenidən vergi yükü bir qədər azaldıldı. Məhz bütün bunların nəticəsində sənaye məhsulu istehsalı 1996-cı ildəki 1,7%-ə qarşı 1997-ci ildə 6,7% artdı. Xoşagələn dünya konyukturası yaranmış oldu. Belə şəraitdə hökumət işsizliyə qarşı mübarizəyə başladı. İctimai işlər genişləndirildi. 2000-ci ildən 35 saatlıq iş həftəsi haqqında qanun qüvvəyə mindi. İşsizlik 10%-ə qədər azaldı.

İqtisadi vəziyyətin sabitləşməsi, J.Şirakla L.Jospen arasında qarşılıqlı anlaşmanın olması ölkədəki siyasi gər­ginliyin zəifləməsinə səbəb oldu. Ancaq «ənənəvi parti­yaların» böhranı davam etməkdə idi. Milli ziddiyyətlər də getdikcə kəskinləşirdi. Korsika adasında münaqişə xüsusilə genişlən­mişdi. Burada güclü seperat qruplar fəaliyyət göstərirdi. Hökumət və parlament Korsika üçün xüsusi qanun işləyib hazırladı. Bu qanun yerli idarə orqanlarına geniş səlahiyyətlər verirdi. Lakin korsikalıları tamamilə sakit­ləşdirmək mümkün olmadı.

Muxtariyyət əhvali-ruhiyyəsi Bretan yarımadaşında, baskların İspaniya ilə sərhədboyu məskunlaşdıqları rayonlarda və xarici departamentlərdə, Komor adalarında və Yeni Kaledoniya arxipelaqında da özünü göstərdi. Biri istisna olmaqla Komor adalarına istiqlaliyyət verildi. Yeni Kaledoniyanın taleyi isə 1998-ci ildə keçirilən yerli referendumla həll edilmiş oldu. Baskların tələbi ödənilmədi.

2000-ci il sentyabrın 24-də Şirakın təşəbbüsü ilə prezidentin səlahiyyətlərinin 7 ildən 5 ilə endirilməsi haqqında keçirilən referendumda iştirak edənlərin 73%-i hökumətin bu təklifini bəyəndi.

2002-ci ilin yazında keçirilən prezident seçkilərində yenə də J.Şirak qələbə çaldı. Həmin ildə keçirilən parlament seçkilərində isə yenə də sosialistlər qələbə çaldılar. Lionel Jospen yenə də baş nazir oldu. Daxili siyasətdə onlar yenə də əvvəlki xətti davam etdirməyə başladılar.

Seçkilərin I turunda MC-nin lideri Le Penin J.Şiraka yaxın səs toplaması fransız xalqını çox narahat etdi. II turda xalq öz müdrikliyini nümayiş etdirdi.

J.Şirakı Jan Pyer Raffareni prezident seçkilərindən sonra baş nazir təyin etdi. J.P.Raffaren hökuməti təhsil, sığorta, səhiyyə və təqaüd təminatı sahəsində islahatlar keçirdi. Hökumət dövlət qulluqçüları üçün minimum iş stajını artırdı. Bu staj 37,5 ildən 40 ilə qaldırıldı. Məhkəmə, ordu və polis sistemində də islahatlar aparıldı. Yerli orqanların hüquqları genişləndirildi.

2002-ci ilin noyabr ayında Xalq hərəkatı uğrunda ititfaq partiyası yaradıldı. Onun rəhbəri keçmiş daxili işlər naziri Nikola Sarkozi oldu. 2005-ci ilin mayın 29-da Avropa konstitusiyası ilə əlaqədar keçirilən referendumda əhalinin 55%-i «yox» cavabını verdi. Bu fransızların faktiki olaraq Raffarenin siyasətini bəyənmədiklərini nümayiş etdirməsi, işsizliyin yüksək səviyyəyə qalxmasına və iqitsadi artımın zəifləməsinə etirazı demək idi. 2005-ci ilin iyununda J.Şirak Raffaren hökumətini buraxdı və Dominika de Vilpenin başçılığı altında yeni hökumət təşkil etdi.

2005-ci ilin oktyabrında Fransa iki həytə ağır sosial-iqitsadi böhran yaşadı. Ölkənin 40 şəhərində komendant saatı elan edildi. Özbaşınalıqla mübarizə üçün 12 min polis və jandarmdan istifadə edildi. Hökumət problemi yumşaltmaq üçün bir sıra proqramlar hazırladı. İlk növbədə yeniyetmələri işlə təmin etmək nəzərdə tutuldu. «Birinci iş kontraktı haqqında qanun» ölkədə 12 həftə davam edən tətil və nümayişlərə səbəb oldu. Baş nazirin nüfuzu düşdü.

2007-ci ilin fevralında parlament üç yeni konstitusiya qanununu bəyəndi. Bunlar prezidentin cinayət statusunda dəyişikliklər, ölüm cəzasının qadağan edilməsinin konstitusiyada öz əksini tapması və Fransanın dənizarxası ərazisi olan Yeni Kaledoniyada seçkilər haqqında idi. 1958-ci il Konstitusiyasına 22 dəyişiklik edildi. Birinci qanuna əsasən parlament prezidenti 2/3 səslə, vəzifəsindən kənarlaşdıra bilərdi.

F.Mitteranın və J.Şirakın prezidentliyi dövründə Fransanın xarici siyasəti. Mitteran hakimiyyətə gəldikdən sonra Fransanın vəziyyətini Qərb blokunda və ABŞ-la münasibətdə möhkəmləndirməyə çalışdı. NATO ilə əməkdaşlıq genişləndi. 1982-1983-cü illərdə «Müasir kompüter texnologiyasının mübadiləsi» sahəsində əməkdaşlıq haqqında ABŞ-la saziş bağlandı. Fransa Avropada ABŞ-ın orta mənzilli raketlərinin yerləşdirilməsini müdafiə etdi. Fransa Baş Ştatının rəisi J.Jakaz tərəfindən 1983-cü ildə yeni «hərbi doktrina» işlənib hazırlandı ki, bu doktrinaya görə qollist «milli təhlükəsizlik» ideyasından imtina edilir, əvəzində «Şimali Atlantika ittifaqı və Avropanın müdafiəsi» sistemi ön plana çəkilirdi. Bu doktrinada NATO-ya məxsus olan «qlobal tənzimləmə» strategiyası öz əksini tapmışdı. Uzun illər keçdikdən sonra 1983-cü ildə Parisdə NATO Şurasının növbəti sessiyası keçirildi. Fransa SSRİ-yə qarşı sərt mövqe tutaraq Əfqanıstandan onun öz qoşunlarını geri çağırmasını, Polşada hərbi vəziyyətin təxirə salmasını, Şərqi Avropada yerləşən silahlı qüvvələrinin ixtisarını tələb etdi.

NATO istiqamətli siyasət Fransaya xeyir gətirmədi. O «yeddilər qrupu»nda ikinci eşalonda yerləşirdi. NATO ilə yaxınlıq Fransanın manevr və təşəbbüsdə müstəqilliyinin itirilməsinə səbəb oldu. Bu siyasət Fransanın üçüncü dünya ölkələrindəki mövqeyinə də mənfi təsir etdi.

Fransa 1981-ci ildə Afrika dövlət başçılarının iştirakı ilə xüsusi konfrans keçirdi. Burada əsas məsələ Afrika kontinentinin inkişafında Fransanın rolunu artırmaq idi. Fransanın Yaxın Şərqdəki siyasəti də məğlubiyyətə uğradı. Fransa İsrailə qarşı dostluq münasibətini nümayiş etdirdi. 1983-cü ildə ABŞ-ın təkidi ilə Fransanın Livana sülhməramlı qoşun kontingentini göndərməsi uğursuz oldu. Fransız diplomatiyası Asiya-Sakit okean regionunda da ciddi səhvələrə yol verdi. Fransanın Vyetnam və Kampuçiyaya qarşı sərt mövqeyi bu ölkələrin SSRİ ilə münasibətlərinin daha da möhkəmlənməsinə səbəb oldu. Jiskar D`Esten göstərirdi ki, Mitteranın səhvlərinin əsas səbəbi onun «Şarl de Qollun Fransanı çatdırdığı böyük dövlət səviyyəsindən uzaqlaşması idi».

1984-cü ildən Mitteran xarici siyasətə özü şəxsən nəzarət etməyə başladı. 1984-cü ildə o, Suriya ilə danışıqlara başladı və İsraili müdafiə etməkdən əl çəkdi. Fransa öz qoşunlarını Çaddan çıxartdı. Livandan da qoşun kontingentini geri çağırdı. SSRİ ilə münasibətlər yenidən normallaşdırıldı.

Fransa M.Qorbaçovun «yeni siyasi təfəkkür tərzi» konsepsiyasına və Avropa-Amerika dialoquna tərəfdar çıxdı Mitteran Avropa inteqrasiyasına xüsusi diqqət yetirdi.

AİB çərçivəsində Fransanın təşəbbüsü ilə «Evrika», «ESPD», «FACT» adlı texnoloji tədqiqatlar proqramı qəbul edildi. 1986-cı ildə Fransa və AFR-in yaxından iştirakı ilə Avropa ittifaqı yaratmaq konsepsiyasının hazırlanması mühüm hadisə oldu. «Vahid Avropa aktı» qəbul edildi. 1986-cı ildə RMB-nin lideri R.J.Şirak baş nazir olduqdan sonra da Mitteran qətiyyətli, lakin qarşıdurmasız öz xəttini yeritməyə başladı. 1986-1987-ci ildə «Bonn-Paris» oxunu möhkəmləndirməyə xüsusi diqqət yetirildi ki, bundan da məqsəd vahid Avropanın siyasi müdafiəsini təşkil etmək idi. Ərəb dünyasında Mitteranın nüfuzunu artıran əsas amillərdən biri Fransa ərazisindən Livanı bombalamaq üçün ABŞ təyyarələrinin uçmasının qadağan edilməsi haqqında onun qərarı idi.

Bununla belə, J.Şirakın baş nazir olması xarici siyasətə də öz təsirini göstərdi. Belə ki, Fransa 1986-cı ilin yazında Çada qarşı yenidən hərbi aksiyaya başladı. 1987-ci ildə İranla münasibətlər pisləşdi. Liviya böhranı zamanı ABŞ-la başlanan «ticarət müharibəsini» nizama salmaq üçün Şirak hökuməti ABŞ-la danışıqlara başladı. Bütün bunlara cavab olaraq Mitteran Anlantika kursuna yenidən baxılması məsələsini açıq şəkildə elan etdi.

80-90-cı illərin hüdudunda Fransa diplomatiyası bir sıra yeni problemlərlə qarşılaşdı. SSRİ-nin və dünya sosializm sisteminin dağılması Fransanın xarici siyasətinə də öz təsirini göstərdi.

Bu hadisələr Parisdə birmənalı qarşılanmadı. Fransa demokratiyanı müdafiə etməklə yanaşı, bildirdi ki, o separatizm və millətçiliyin istənilən təzahürünün əlehinədir. Məhz bu baxımdan Fransa diplomatiyası SSRİ-də Qorbaçovun rəhbərliyini müdafiə etməklə yanaşı, Yeltsinin Rusiyada hakimiyyətə gəlməsini də sakitliklə qarşıladı. Oxşar mövqeni Fransa Yuqoslaviyanın dezinteqrasiyası (tərkibdən hissələrin ayrılması) zamanı da göstərdi.

Fransa yenə də Afrika regionunda öz nüfuzunu saxlamağa çalışırdı. Fransanın dünya ölkələrinə bütövlükdə etdiyi köməyin 60%-i məhz Afrika ölkələrinə gedirdi. 1991-ci ildə İraqla ənənəvi dostluq əlaqələri olmasına baxmayaraq Fransa İraqa qarşı təşkil edilmiş «Səhrada tufan» əməliy­yatında anti-İraq alyansının tərkibində iştirak etdi.

Hakimiyyətinin son illərində Mitteran daha çox müstəqil mövqe tutmağa çalışdı. ABŞ-a qarşı münasibətdə bir soyuqluq duyulurdu. Artıq Fransa prezidenti 1991-ci ildə nümayişkarə sürətdə bildirdi ki, ABŞ-ın keçmiş sosialist ölkələri də daxil olmaqla, Avropanın problemlərinin həllinə qarışmasının əleyhinədir.

1992-ci ildə Fransa və ABŞ sərt «ticarət müharibəsi» vəziyyəti ilə qarşılaşdılar. Antiamerikan əhval-ruhiyyəsində olan Fransa hökuməti 1992-ci ildə bildirdi ki, Aİ ilə ABŞ arasında bağlanacaq Avropanın iqtisadi maraqları əlehinə olan hər hansı bir müqaviləyə «veto» qoyulacaqdır. 1992-ci ildə Fransa ilə Kuba arasında münasibətlərin simvolikliyi aradan qalxdı, konstruktiv xarakter aldı. Fransa ABŞ-ın «məhvedici təsiretmə» doktrinasını və NATO-nun Şərqə doğru genişlənməsi xəttini qəti tənqid etdi. Beləliklə, əsas parametrlər üzrə Fransanın hərbi-siyasi strategiyası Şarl de Qollun qoyduğu ənənələrə yenidən qayıtmış oldu. Avropa istiqaməti Mitteran üçün prioritet olaraq qaldı. Məhz Avropanın inteqrasiyası prosesində Fransa dünya dövləti statusunu qoruyub saxlamağa bacardı.

Mitteran Avropa İttifaqının formalaşmasında, Avropa İttifaqının sazişlərinin imzalanmasında mühüm xidmət göstərdi. Çünki Fransanın siyasi elitası və cəmiyyəti inteqrasiyanın dərinləşməsi məsələsində maraqlı idi. Rokar hökuməti 1990-cı il yanvarında Lüksemburqun Şengen şəhərində Sengen sazişlərini imzaladı. Bu sazişlərə görə 1992-ci ildən başlayaraq «Ümumi bazar ölkələrinin vətəndaşları bir-birinə vizasız və gömrük nəzarəti olmadan səfər edə bilərdilər. Maastrix müqaviləsinə qarşı RMB-dən etatistlər, Şevenman qrupundan sol sosialistlər, bir çox kommunistlər və lepençilər çıxdılar. Lakin 1992-ci ilin sentyabrında Fransada keçirilən ümumxalq referendumunda əhalinin 51%-i Maastrix müqavilə­sinə tərəfdar olduğunu bildirdi. «Vətənlərimizin Avropası» prinsipinin yerini «Avropa vətənimizdir» prinsipi tutdu.

90-cı illərin ortalarında Fransada siyasi rəhbərliyin dəyişməsi xarici siyasət kursunda da müəyyən dəyişikliklərə səbəb oldu. Şirakın ilk addımlarından biri atom silahının sınaqdan keçirilməsi üzərində qoyulan morotoriumu götürməsi oldu. Fransa NATO-nun hərbi strukturuna fəal sürətdə inteqrasiyanı canlandırdı. Lakin prezident seçkilərində qələbədən sonra Şirak Atlantika xəttindən imtina etdi. Fransa ABŞ-ın dünya hegemonluğuna çalışmasına qarşı çıxdı və Avropanın təhlükəsizliyini ön plana çəkdi. 1997-ci ildə Fransa Almaniyanın seperat Avropa hərbi sistemi yaratmaq təklifini müdafiə etdi. Fransa-ABŞ ziddiyyətləri 1998-ci il Yuqoslaviya münaqişələri zamanı özünü bütün dərinliyi ilə göstərdi. Fransa NATO-nun Serbiyadakı hərbi əməliyyatlarına qarşı çıxış etdi.

Şirak öz sələflərinin Avropanın inteqrasiyası məsələsindəki xəttini daha güclü şəkildə davam etdirdi. Bu dövrdə Böyük Britaniya ilə əməkdaşlıq xeyli gücləndi, AFR-ə münasibətdə bir qədər soyuqluq yarandı. Fransa 90-cı illərin ikinci yarısında Şərqi Avropa ölkələrində də öz mövqeyini möhkəmləndirdi. İqtisadi diplomatiyada o daha çox fəallıq göstərdi. Təkcə 1996-cı ildə o, 15-dən çox rəsmi səfər etdi ki, bundan əsas məqsəd iqtisadi əməkdaşlığı gücləndirmək idi. Bunların içərisində Yaponiya ilə münasibətlərin yaxşı­laşdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Mətbuat onu «bir nömrəli kommivoyajera» adlandırırdı.

1997-1998-ci illərdə Fransa ilə ərəb ölkələri arasında da əlaqələr xeyli dərəcədə fəallaşdı. Fransanın İsraillə mü­nasibətləri xeyli pisləşdi. Rusiya və Cənubi Qafqaz ölkələri ilə münasibətlərdə bir fəallıq hiss edilməyə başladı. Lakin Çeçenistan müharibəsi Fransanın Rusiyaya münasibətində kəskin dəyişikliyə səbəb oldu. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində məhz Fransa Rusiya haqqında sərt qətnamənin qəbul edilməsinin təşəbbüsçüsü kimi çıxış etdi. Ancaq Rusiya prezidenti V.Putinin 2000-ci il oktyabrında Parisə səfərindən sonra Rusiya-Fransa münasibətlərinin yaxşılaşdırması əlamətləri özünü təzahür etdirdi.

Fransa XXI əsrə siyasi sabitliyin və iqtisadi yüksəlişin təmin edildiyi bir şəraitdə daxil oldu. XXI əsrin əvvəlində Fransa senatı Fransanın xarici siyasətində tarazlıq əsas götürülürdü. Bununla belə o, 2001-ci ilin əvvəlində uydurma «erməni genosidi»ni tanıdı. Bu isə Türkiyə ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Bununla bərabər Fransa 2003-cü ildə ABŞ-ın İraqa qarşı müdaxiləsinə qarşı çıxdı və bildirdi ki, bu dünyada terrorizm dalğasının daha da güclənməsinə səbəb ola bilər.

2007-ci ilin aprelin 22-si və mayın 6-da keçirilən prezident seçkilərinin I və II turunda Xalq hərəkatı uğrunda mübarizə partiyasının lideri Nikola Sarkozi qələbə çaldı.

2007-ci ilin iyunun I yarısında keçirilən parlament seçkilərində də onun partiyası qalib gəldi. Siyasi arenadan müharibəyə qədərki nəsil getdi. Onun yerini 50-ci illərdə siyasətə gələnlər tutdu. Onlar tarixə və dünyaya yeni tərzdə baxanlar idi. N.Çarkozi Fransua Fiyonu hökumətin başçısı elan etdi. İlk dəfə hökumət kender pariteti bazasında təşkil edildi. 15 nazirdən 7-si qadın idi.

2007-ci ildə də büdcə kəsiri və dövlət borcları armtaqda davam edirdi. Ancaq 2008-ci ildən iqitsadiyyatda canlanma başladı. Əhalinin banklara borcu o qədər də çox olmadığına görə 2008-ci ilin oktyabrında baş verən ipoteka böhranını Fransa bir sıra Qərbi Arvopa ölkələrindən yüngül qarşıladı. Ölkə son 17 ildə görmədiyi inflyasiya ilə qarşılaşdı. Hökumət banklara yardım göstərəcəyini, 30 min mənzili satın alacağını elan etdi. Hökumət işsizliyi aşağı faizə salacağını da vəd etdi.

Bu dövrdə Arvopanın digər ölkələrində pensiya orta aylıq əmək haqqının 57%-ni təşkil etdiyi halda, Fransada 75 %-ni təşkil edirdi. 2007-ci ildə nəqliyyat sahəsində keçirilən pensiya islahatı nəticəsində işçilər bir sıra imtiyazlardan (əvvəl iş stajı 25 il olduqda 43 yaşında çıxmaq olardı, həmçinin onların özünə və ailələrinə tibbi xidmət pulsuz idi) məhrum edilirdi. Bu ölkədə nəqliyyatçıların ikihəftəlik tətilinə səbəb oldu. Bununla əlaqədar Sarkozi vergiləri azaltmağa və 35 həftəlik iş həftəsi rejimini yumşaltmağa məcbur oldu.

2009-cu ildən təhsilə ayrılan xərclərin azaldılması nəticəsində təhsil sistemində 11,2 min iş yeri ixtisara düşdü. 2008-ci ilin feıralından prezident xoşagəlməyən mənzillərin problemini həll etmək üçün plan hazırladı ki, onun əsas istiqamətləri məşğulluq, təhsil, təcrid olunmuş mənzillərdən çıxmaq, təhlükəsizlik üçün assosiasiyalar təşkil edilməsi idi.

2008-ci ilin martında keçirilən bələdiyyə və kanton seçkilərində Nikola Sarkozinin partiyası məğlubiyyətə uğradı. Sosialistlər ən çox səs topladılar. Seçkilərin nəticələrinə baxmayaraq hökumət islahatları davam etdirirdi.

2008-ci ilin yayında icitmai televiziyanın islahatı haqqında elan verildi. İctimai televiziyanın rəhbərinin prezident tərəfindən təyin edilməsi məsələsinə baxıldı. Büdcə maliyyələşdirilməsi ilə əlaqədar telereklamların verilməsi 2009-cu ildən qadağan edildi. Bir sözlə, icitmai kanal hökumətin tabeliyinə keçdi.

2008-ci ilin iyulun 21-də Fransa parlamenti 3/5 səslə konstitusiya islahatlarını bəyəndi. İslahatlar nəticəsində parlamentin rolu artır, vətəndaşlara yeni hüquqlar təqdim edilirdi. Prezident postuna iki dəfədən artıq seçilmək olmazdı. Parlamentin razılığı olmadan hökumət nazirləri təyin edə bilməzdi. Dövlət başçısı parlamentə məktubla müraciət etmək və onun qarşısında çıxış etmək hüququ aldı. Daimi parlament komissiyalarının sayı 6-dan 8-ə qaldırıldı. Rəhbər dövlət vəzifələrində qadınlarla kişilərin bərabərliyi təmin edilməli idi.

2008-ci ilin iyunun 17-də N.Sarkozi ölkənin təhlükəsizliyi üçün yeni doktrina – «Ağ kitab» doktrinasını təqdim etdi. Həmin doktrinaya görə Fransa NATO-nun hərbi təşkilatına qayıda bilərdi. Lakin o buna ancaq milli ordusunun və nüvə silahının öz sərəncamında olması şərti ilə razı olmalı idi. Asiya strateji maraq zonası, Rusiyanın mövqeyinin müəyyən edilə bilməməsi isə Arvopa üçün risk hesab edilirdi.

Yeni hərbi doktrinaya görə yaxın 6-7 il ərzində Müdafiə nazirliyində işləyən mülki qulluqçuların və qoşunun sayının 320 mindən 54 minə endirilməsi nəzərdə tutulurdu. Xarici siyasətdə baş verən əsas dəyişikliklərdən biri ABŞ-la yaxınlaşma idi. Terrorizmə qarşı mübarizəyə tərəfdar olaraq Fransa qoşunları Əfqanıstana göndərildi. Fransa ABŞ-ın raketdən müdafiə sistemini Şərqi Arvopada yerləşdirməsinə razı oldu. NATO-ya qayıtmaq üçün N.Sarkozi Arvopada müstəqil operativ ştabın yaradılmasına nail oldu.

Fransa həmçinin Aralıq dənizi ititfaqı təşkil etmək ideyası ilə çıxış etdi. 2008-ci ilin iyununda Bavariyada A.Merkel və N.Sarkozinin birgə işitrakı ilə keçirilən sammitdə qərara alındı ki, Aralıq dənizindən təkcə onun sahilində olan dövlətlər deyil, həm də Arvopa İtitfaqının üzvü olan bütün dövlətlər də istifadə edə bilərlər. 2008-ci ilin iyulunda Aİ-yə daxil olan 27 dövlətin və Aralıq dənizi sahilində yerləşən 16 dövlətin iştirakı ilə Aralıq dənizi ititfaqının birinci sammiti çağrıldı. Orada aydın proqram qəbul edildi. Bu Aralıq dənizindən daha səmərəli istifadə etməyi nəzərdə tuturdu. Proqramda həmçinin Sloveniyada Avropa-Aralıq dənizi universiteti açmaq da nəzərdə tutulurdu. Sammitin bir əhəmiyyəti də onda idi ki, 30 ildən bəri burada ilk dəfə İsrail, Livan, Suriya və Fələstin liderləri iştirak edirdilər. Bu sammitdə Fransa ilə Livan və Suriya arasında 30 il bundan qabaq kəsilmiş diplomatik münasibətlər bərpa edildi.

2008-ci ilin mart ayında N.Sarkozi son 12 illik Fransa tarixində ilk dəfə Böyük Britaniyaya rəsmi səfər etdi. Bu iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm addım oldu.

Sarkozi xarici siyasətinin uğurlarından biri də Fransa parlamentinin 2008-ci ilin fevralın 8-də Aİ-nin islahatı haqqında Lissabon müqaviləsini bəyənməsi idi.

Sarkozi İranın nüvə silahına yiylənməsinin tam əleyhinə olduğuna görə İrana qarşı sanksiyaları müdafiə edir. Fransa İranın atom silahına yiyələnməsi məsələsi ilə əlaqədar təşkil edilmiş «Altılar» (Böyük Britaniya, Almaniya, Çin, ABŞ, Fransa) qrupunun üzvüdür.

2008-ci ilin yanvar ayında Sarkozi İran körfəzi rayonunda Fransanın birinci daimi hərbi-dəniz bazasının açılması haqqında məlumat verdi.

Fransa Şingen vizasını daha 9 dövlətə (2007, dekabr) şamil edilməsini bəyəndi, 2008-ci ilin fevralında Kosovanun müstəqililyini tanıdı və onun Beynəlxalq təşkilatın idarə etdiyi 15 dövlətin tərkibinə daxil olmasını bəyəndi.

Fransa insan hüquqlarını pozmasına görə Çin, Rusiya, Ərəb və Afrika liderləri ilə münasibətləri gərginləşdirmədi. Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsinə ehtiyatla yanaşdı və Rusiyanın mövqeyini müdafiə etdi. Rusiya-Gürcüstan beşgünlük müharibəsi zamanı (2008, avqust) 6 maddədən ibarət ərazi bütövlüyünü əsas götürən tarixə «Sarkozi planı» kimi düşən xüsusi plan tərtib etdi.

Fransa 2009-cu ilin fevralında NATO-nun hərbi təşkilatına girmək haqqında qərar qəbul etdi.

Sarkozi hökuməti Azərbaycanla da səmərəli əməkdaşlıq tərəfdarıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci ilin noyabrında Fransaya işgüzar səfəri zamanı Fransa prezidenti bir daha nümayiş etdirildi. Fransa Azərbaycanla siyasi, iqtisadi, elm və mədəniyyət sahəsində sıx əməkdaşlıq edir. O, uydurma Dağlıq Qarabağ problemini həll etmək üçün təşkil edilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

Fransada işləyən əhalinin 85%-ni muzdlu işçilər təşkil edir. Son dövrdə sosialist və kommunist partiyasının nüfuzu xeyli aşağı düşmüş, əvəzində isə siyasi həyatda «Yaşıllar partiyası» mühüm rol oynamağa başlamışdı. Parlamentdə iki partiya Şarl de Qoll tərəfindən yaradılmış «Yeni Respublikanın Müdafiə birliyi» və Jiskar D`Esten tərəfindən təşkil edilmiş «Fransa demokratiyası naminə ittifaq» partiyası əsas yer tutur.

Müasir Fransada əhalinin ancaq 6%-i kənd təsərrüfatı ilə məşğul olur. Yaxşı təchiz edilmiş texnika və aqronomiya elminin nailiyyətlərinin tətbiqi sayəsində onlar əhalini kənd təsərrüfatı məhsulları ilə təmin edirlər. Fermerlərin cəmi 10%-i iri korporasiyalarda birləşir, digər hissəsi ailə fermaları üsulu ilə işləyir. Kənd əhalisinin hamısı fermerdir.

Əhalinin böyük əksəriyyəti şəhərlərdə yaşayır və işləyir. Fransa özünün elmi-texniki nailiyyətləri – müasir aviasiyası, itisürətli qatarları, birinci dərəcəli «Reno», «Sitroen», «Pejo» avtomobilləri, gəmi inşaatı və digərləri ilə fəxr edir.

1   ...   7   8   9   10   11   12   13   14   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə