Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ




Yüklə 2.15 Mb.
səhifə1/32
tarix21.02.2016
ölçüsü2.15 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   32

SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA



AVROPA VƏ AMERİKA ÖLKƏLƏRİNİN

ƏN YENİ TARİXİ


II HİSSƏ

1945-2007-ci illər

Ali məktəblərin tarix fakültələri üçün dərslik

Azərbaycan Respublikası Təhsil Nazirliyi EMŞ-nın Tarix bölməsinin 15.03.2007-ci il tarixli iclasının qərarı (pr № 4) Azərbaycan Respublikası Təhsil Nazirinin 9 aprel 2007-ci il tarixli 293 saylı əmrinə əsasən çap edilir.

BAKI – 2 0 11


Rəyçilər: t.e.d., prof. V.H.Əliyev

dos. B.M.Bəxtiyarov

dos. R.İ.Əliyev



Səmayə Mustafayeva. Avropa və Amerika ölkələ­rinin ən yeni tarixi. II hissə. (1945-2007). Bakı 2010, ADPU-nun nəşriy­yatı, ___ səh.

MÜNDƏRİCAT
I. ABŞ…………………..…………………….................5

II. SSRİ (1991-ci ildən sonra Rusiya Federasiyası)..................................................................43

III. Almaniya (1949-cu ildən 1990-cı ilədək AFR və ADR)……… ………………………...…………..........93

IV Fransa…………………………………..….......…131

V. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığı..………… ………………………...………....170

VI. İtaliya…………………..………………......….…201

VII. İspaniya……………………...……….............…219

VIII. Kanada…………………………………….…..236

IX. Latın Amerikası dövlətləri……………….….…245

Çili............................................................................... 250

Kuba.............................................................................254

Meksika…...............................................….…..…..…259

Braziliya……………………………….......................265

Argentina…………………………….……................273

X. Mərkəzi, Şərqi və Cənubi-Şərqi Avropa ölkələri…………………………………….................280

Polşa…………………….……………..…..................281

Çexoslovakiya……………….…..…………..........…284

Macarıstan……………………………….........…….287

Rumıniya………………………………….…...….…290

Bolqarıstan………………………..…...................….293

Yuqoslaviya………….…..……………..................…296

Albaniya……………………….….…….…….……..301

Avstriya……………….………………................…..304

XI. Şimali Avropa dövlətləri……………............….314

Norveç…………………….………………..........…..314

İsveç………………..……………….……..................321

Finlandiya…………………..……….........................329

Danimarka………………………..….…..........…….334

XII. Cənubi Avropa dövlətləri…………………...…342

Yunanıstan………………………………..……....….342

Nidarland…………………………………..……...…352

İsveçrə………………………………………..….…...362

Belçika………………………………….……..……...369

Portuqaliya……………………………………..…....378

XIII. Avropa və Amerika ölkələrinin əsas inkişaf meylləri……………………………………………....388

XIV. Beynəlxalq münasibətlər…………….………..401

XV. Lüğət……………..………………………….….445

XVI. Böyük dövlətlərin inzibati-ərazi bölgüsü…...….……………………………………….454

XVII. Xronoloji cədvəl……………………………...472

Məsləhət görülən ədəbiyyat………………………...490

I. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri. ABŞ İkinci dünya müharibəsində də ən çox qazandı və Yer kürəsində özünün birinci super dövlət olduğunu bir daha təsdiq etdi. Müharibədə iştirak edən digər ölkələrlə müqayisədə onun əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa) hərbi əməliyyat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz qalmaması idi. ABŞ müharibə dövründə antihitler koalisiyasının əsas cəbhəxanasına çevrildi, ölkə inhisarçı­larının gəliri 87 milyard dolları ötüb keçdi. Bu dövrdə ölkədə avtomobil istehsalı dörd dəfə artdı. Onun silahlı qüvvələri döyüş qabiliyyətinə və təchizatına görə müharibədən əvvəl 17-ci yerdə idisə, müharibədən sonra dünyada birinci yeri tuturdu və tərkibində 12 milyondan çox əsgər və zabit vardı. ABŞ-ın müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da SSRİ ilə müqayisədə 70 dəfədən az idi. Müharibədən sonra o, dünya sənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızılının isə 73%-ni bu güclü dövlətin əlində mərkəzləşmişdi. ABŞ-ın belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən edirdi. Müharibə illərində Avropanın qabaqcıl dövlətlərindən olan İngiltərə və Fransa indi ona borcu olan dövlətlərə, Almaniya və Yaponiya isə müharibədə məğlub edilərək, müvəqqəti də olsa, zəif və gücsüz rəqiblərə çevrilmişdi. Digər tərəfdən isə ABŞ-ın özündə daxili bazarın geniş tutumu, sürətli kapital yığımı və onun ixracı, həmçinin məhsuldar qüvvələrin coşğun yüksəlişi imkan verirdi ki, o, super dövlət statusunu qoruyub saxlasın.

Artıq 1945-ci ildə ölkədə 129 milyard dollar dəyərində tez reallaşa bilən vəsait var idi.

ABŞ-ın bu dövrdə öz daxilində və dünyada 2367 hərbi bazası var idi. Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 mil­yard dollar xərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 mil­yard dollar təşkil edirdi.

ABŞ H.Trumenin prezidentliyi dövründə (1945-1952-ci illər). 1945-ci ilin aprelin 12-də ABŞ tarixində müstəsna rol oynamış, real və çevik siyasətçi F.Ruzvetin ölümündən sonra prezident kürsüsünə Harri Trumen əyləşdi. Şəxsiyyət etibarilə Trumen bu vəzifəyə hazır olmadığını özü də etiraf edirdi. Ruzvelt özü bir çox vacib məsələləri Trumenə etibar etmirdi. Lakin Trumen bir cəhətdə – çeviklikdə Ruzvelt kimi idi. Ruzveltin siyasətini davam etdirməyi qarşısına məqsəd qoyan Trumen ilk növbədə «dollar imperiyası» yaratmaq planını həyata keçirməyə başladı. Hazırda Ağ Evdə onun arxasında oturduğu stolun üstündə bu sözlər yazılıb: «Dollar hər yerdə ayaq açıb yerisə də, Ağ Evdə dayanır». Müharibədən sonra dərhal iqtisadiyyat hərbi xətdən dinc xəttə keçirildi ki, bu rekon­versiya adlanırdı. Trumen ordudan tərxis edilən əsgərləri işlə təmin etmək məsələsini ön plana çəkdi. O, 1945-ci ilin sentyabrında «ədalətli xətt» proqramının irəli sürdü.

Bu proramda müxtəif nəzarət tədbirlərinin saxlanılması şərtilə iqtisadiyyatın rekonversiyası nəzərə tutulurdu. 1944-1946-cı illərdə o bir sıra qanunların konqress tərəfindən qəbul olunmasına nail oldu ki, bunlardan biri «Hüquqlar haqqında əsgər billi» idi. Həmin qanuna görə ordudan tərxis edilən əsgərlərə kredit ayrılırdı ki, onlar mənzil ala, işlə təmin oluna, biz­neslə məşğul ola bilsinlər. Konqres 1946-cı ilin fevralında əhalinin tam məşğullunu təmin etməyə yönəldilmiş iqitsadi fəaliyyət proqramını həyata keçirməyə kömək edən «Məşğulluq haqqında» xüsusi qanun qəbul etdi. 1946-cı ilin may ayında iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil tikilməsini nəzərdə tutan xüsusi fövqaladə qanun qəbul edildi. 1946-cı il dekabrın 31-d H.Trumen hərbi əməliyyatların başa çatmasına dair bəyənnamə imzaladı. 1947-ci ilin sonu üçün ABŞ konqresi əmək haqqı və qiymətlər üzərində qoyulmuş nəzarət mexanizmini ləğv etdi. 1948-ci ildə isə minimum əmək haqqı haqqında qanun verildi ki, həmin qanuna əsasən ABŞ-da saathesabı əmək haqqı 40 sentdən 75 sentə qədər artırıldı. Sosial müdafiə sistemi genişləndirildi, ucuz mənzillər tikilməsi proqramı qəbul edildi. Müharibə illərində yaradılmış və dövlətə məxsus olan sənaye müəssisələrinin taleyi məsələsi də həll olundu. Trumen hökuməti 17 milyard dollar dəyərində olan 2800-ə qədər dövlət müəssisəsinin yarı qiymətinə 250 korporasiyaya satılmasını təmin etdi. Ölkədə konqlo­meratların, yəni müxtəlif sənaye sahələrini əhatə edən iri şirkətlərin fəaliyyəti üçün geniş imkanlar yaradıldı. Bununla bərabər, Trumen inzibati idarəsi imkan verdi ki, xırda və orta müəssisələr də öz fəaiyyətlərini genişləndirsinlər. ABŞ-da «firavanlıq dövləti» yaranmış oldu.

Trumenin dövründə kommunizm təhlükəsinə qarşı mübarizə dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1947-ci ilin mart ayının 22-də Trumen dövlət qulluqçularının loyallığını yoxlamaq haqqında xüsusi qanun qəbul edilməsinə nail oldu. Həmin qanuna əsasən azacıq şübhə yaradan dövlət qulluqçuları vəzifələrindən kənar edildilər. 90-a qədər demokratik təşkilat fəaliyyətini dayandırmalı oldu. 1947-ci ilin iyun ayının 23-də senator Taft və Xartli tərəfindən hazırlanmış və onların adı ilə adlanan «Sənayedə əmək münasibətlərini nizama salmaq haqqında» yeni qanun qəbul edildi. Həmin qanun 1935-ci ildə qəbul edilmiş Vaqner qanununun həmkarlar ititfaqlarına verdikləri geniş hüquqları məhdudlaşdırırdı. O zaman ABŞ-da həmkarlar ititfaqının 15 milyona qədər üzvü vardı. Bunlardan 7 milyonu Amerika Əmək Federasiyasının, 6 milyonu isə 1936-cı ildə təşkil edilmiş, ixtisassız fəhlələri əhatə edən İstehsalçıların Həmkarlar İttifaqı konqresinin üzvləri idilər. Bu qanuna görə həmkarlar ititfaqları öz üzvləri və maliyyə fondu haqqında hökumətə qabaqcadan məlumat verməli idi. Həmkarlar ittifaqları öz fondundan siyasi məqsədlər üçün pul ayırmamalı idi. Həmkarlar ititfaqları keçiriləcək tətil barəsində 60 gün əvvəl məlumat verməli idi. Dövlət qulluqçuları həmkarlar ittifaqının üzvü olmamalı və tətildə iştirak etməməli idilər. Prezidentin səlahiyyəti çatırdı ki, tətilləri 80 günə qədər təxirə salsın. Həmçinin məhkəməyə hüquq verilirdi ki, tətilləri qadağan etsin. Bütün bunlar isə Vaqner qanununda nəzərdə tutulanların əleyhinə idi. Əslində demokratik cəmiyyət yaratmaq istəyən Harri Trumen bu qanunla antidemokratik prezident olduğunu sübut etdirdi.

1946-cı ilin avqustunda atom üzərində nəzarəti həyata keçirmək üçün xüsusi komissiya təşkil edildi. 1947-ci ilin iyulunda iki mühüm təşkilat – Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqat bürosu (FTB) yaradıldı. 1947-ci ilin iyulun 26-da prezident yanında əsasən məşvərətçi funksiya daşıyan Milli təhlükəsizlik Şurası yaradıldı. Onun başlıca vəzifəsi ABŞ-ın daxili və xarici siyasəti ilə bağlı müzakirələr keçirmək və prezidentə təkliflər vermək idi. Trumen 1947-ci ildə hidrogen bombasının istehsalı haqqında göstəriş verdi. 1950-ci ilin sentyabrında konqress tərəfindən «Daxili təhlükəsizlik haqqında» Makkaren-Vud qanunu qəbul edildi. Həmin qanuna əsasən demokratik təşkilatlar ədliyyə nazirliyində təxribatçı təşkilatlar kimi qeydiyyatdan keçməli idi. Qeydiyyatdan keçməyənlər 10 min ABŞ dolları dəyərində cərimə olunmalı və 5 il həbs cəzasına məhkum edilməli idilər. 1952-ci ildə isə konqress xarici mənşəli amerikalıların fəaliyyəti ilə əlaqədar Makkaren-Uolter qanunu adlı xüsusi qanun qəbul etdi. Həmin qanuna əsasən 14-15 milyona qədər xarici mənşəli Amerika vətəndaşı ölkədən qovuldu.

Zənci əhaliyə qarşı münasibətdə Harri Trumen loyal idi. İkinci dünya müharibəsində ABŞ-dan bir milyona qədər zənci vuruşmuş və onların çoxu xüsusi qəhrəmanlıq göstərmişdir. Lakin buna baxmayaraq zəncilərin, xüsusilə cənubda yaşayanların seçki hüququ yox idi. O zaman ABŞ-da isə təxminən 25 milyondan artıq zənci yaşayırdı. Trumen belə hesab edirdi ki, zəncilərə qarşı münasibətdə mülki bərabərlik olmasa da, siyasi bərabərliyə razılaşmaq lazımdır. Ona görə də onlara seçki hüququ verilməsi məsələsini ilk dəfə konqresdə Harri Trumen qoydu.

Harri Trumenin dövründə hindulara da münasibətdə dəyişiklik yarandı. 40-cı illərin II yarısında hinduların sürətlə öz yaşayış yerlərindən məhrum edilib şəhərlərə qovulması prosesi başladı. Bu proses çox böyük narazılığa səbəb oldu. 1950-cı ildə hindular bildirdilər ki, onlar öz yaşayış yerlərini tərk etməyəcəklər. Dövlət onlara güzəştə getməli oldu. Ruzervasiya siyasəti həyata keçirildi.

1951-ci ilin avqustunda ABŞ konstitusiyasına 22-ci əlavə edildi. Həmin əlavəyə əsasən ABŞ-da hər prezident ancaq iki dəfə - 8 il müddətinə seçilə bilərdi. Yalnız H.Trumen üçün bu şamil edilmirdi.

Trumenin dövründə ABŞ-ın yeni xarici siyasət xətti «atom diplomatiyası» adını aldı. 1946-cı ildə ABŞ-ın dövlət departamentinin məmuru D.Kennon tərəfindən «Rusların müdaxilə meylinin qarşısını almaq» konsepsiyası irəli sürüldü ki, bu tezliklə ABŞ-ın rəsmi doktrinası oldu. Bunun əsasında xarici siyasətdə «zor işlətmək», «müharibə həddində müvazinət», «total qarşıdurma» doktrinaları irəli sürüldü. Müharibə qurtardıqdan sonra dərhal antihitler koalisiyasının üzvləri, xüsusilə SSRİ ilə ABŞ arasındakı ziddiyyətlər daha qabarıq üzə çıxdı. Qütbləşmə gücləndi. 1946-cı ilin martında Çörçillin Fultondakı çıxışında Trumen də iştirak edirdi. Bu çıxış SSRİ-yə qarşı düşmənçilik mövqeyində idi və «soyuq müharibə» siyasətinin başlanması demək idi. («Soyuq müharibə» terminini ilk dəfə siyasi ədəbiyyata 1947-ci ildə məşhur amerikan diplomatı Con Foster Dalles gətirmişdir). ABŞ-la SSRİ arasındakı ixtilatları gücləndirən amillərdən biri də 1948-ci ildə baş vermiş Berlin böhranı idi. ABŞ, İngiltərə və Fransanın Almaniyanın qərb hissəsində seperat pul islahatı kçirmələri. SSRİ-nin böyük narazılığına səbəb oldu. Çin məsələsində də SSRİ ilə ABŞ arasında ixtilaf yarandı. ABŞ tələb edirdi ki, Çinə Şanxay hökuməti rəhbərlik etsin. SSRİ isə bunun əleyhinə idi. 1948-ci ildə ABŞ SSRİ-nin də iştirakı ilə siyasi və hərbi təşkilat yaratmaq məsələsini irəli sürdü. Lakin SSRİ buna razı olmadığına görə ABŞ-ın rəhbərliyi ilə 1949-cu il aprelin 4-də Şimali Atlantika paktı (NATO) yaradıldı. Yenə ABŞ-ın iştirakı ilə 1951-ci ildə yeni bir hərbi pakt olan ANZYUS təşkil edildi.

1951-ci ilin sentyabr ayında San-Fransisko şəhərində 48 dövlətin iştirakı ilə Yaponiya ilə sülh müqaviləsi imzalandı. Həmin müqaviləni Çin və Koreya məsələsində narazı qaldığına görə SSRİ və onun təsiri altında olan Polşa və Çexoslovakiya imzalamadılar.

ABŞ-ın xarici siyasətində Avropa da əsas yer tuturdu. İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yunanıstan və Türkiyəyə təsiri xeyli gücləndi. Bundan məqsəd SSRİ-yə qarşı həmin ərazilərdən bir plasdarm (meydan) kimi istifadə etmək idi. 1947-ci ildə İngiltərə hökumətinin maddi cəhətdən vəziyyəti kifayət qədər yaxşı olmadığına görə o, bu ölkələrə yardım etməkdən imtina etdi. Əlverişli imkandan istifadə edən ABŞ bu missiyanı dərhal öz üzərinə götürdü. 1947-ci ilin martın 12-də məşhur «Trumen doktrinası» elan edildi. Həmin doktrinaya əsasən Yunanıstan və Türkiyəyə 400 milyon dollar yardım göstərilməsi nəzərdə tutulurdu. Bu doktrina ABŞ-ın xarici siyasətində dönüş mərhələsinin başlanması demək idi.

1947-ci il iyun ayının 5-də ABŞ-ın dövlət katibi Marşallın çıxışında irəl sürülmüş xüsusi plan konqres tərəfindən bəyənildi və tarixə «Marşall planı» adı ilə daxil edildi. 1948-ci ilin aprelində konqres ərəfəsində qəbul edilmiş həmin planda İkinci dünya hmüharibəsində zərər çəkmiş Avropa ölkələrinə ABŞ-ın kömək etməsi nəzərdə tutulurdu. İkinci dünya müharibəsi nəticəsində Avropada dağıdılmış təsərrüfatı bərpa etməyə bu köməyi etməzdən əvvəl ABŞ-ın özünün həmin ölkələrdəki daxili vəziyyəti öyrənməyi bir şərt kimi irəli sürülürdü. SSRİ buna razı olmadı. 1948-1952-ci illərdə Avropanın 16 ölkəsi 17 milyard dollar dəyərində olan Marşall planına qoşuldu. Ancaq Finlandiya, İspaniya və Avropanın «sovet modeli» əsasında qurulmuş sosialist ölkələri bu plana qoluşmadılar.

ABŞ-ın xarici siyasətində bu dövrdə 3-A ölkələrinə, yəni Asiyanın, Afrikanın və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinə «kömək etmək» məsələsi də mühüm yer tuturdu. Belə ki, 1949-cu ilin yanvarın 20-də Trumen asılı ölkələrə texniki-iqtisadi «kömək» təklifini irəli sürdü. Lakin belə bir şərt irəli sürüldü ki, əgər onlar inqilabi mübarizədən əl çəksələr və ABŞ-ın «demokratik» ənənələrinə əməl etsələr, onlara bu «kömək» ediləcəkdir. Əslində bu kömək altında ABŞ onları öz təsiri altına almağı planlaşdırırdı. 1947-ci ilin sentyabrın 2-də ABŞ bu məqsədlə Latın Amerikası ölkələri ilə «Qərb yarımkürəsinin müdafiəsi» paktı adlanan Rio de Janeyro paktını imzaladı. 1948-ci ilin aprelində isə 29 dövlətin iştirakı ilə Amerika dövlətləri təşkilati yaradıldı. Onu bəzən istehsza ilə «Vaşinqton müstəmləkələri nazirliyi» də adladırırdılar.

ABŞ-ın 1950-ci ilin iyununda Koreyaya müdaxiləsi Trumenin nüfuzunu zəiflətdi. Eyzenhaner öz memuarlarında yazırdı ki, vətəndaş müharibəsi və iki dünya müharibəsindən sonra bu ABŞ tarixində ən qanlı müharibə idi. Çünki bu müharibədə ABŞ 54 min, onun müttəfiqləri isə 29 min adam itirdilər.

ABŞ D.Eyzenhauerin prezidentliyi dövründə (1952-1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident seçkilərində Koreyada aparılan müharibəyə son qoymağı seçki qabağı platformasında elan etmiş, Avropada müharibə dövründə ABŞ qoşunlarının baş komandanı olmuş, «Overlord» əməliyyatına başçılıq etmiş, Almaniyanın dörd işğal zonasından birinə rəhbərlik etmiş, həmçinin əvvəllər bir idmançı kimi ABŞ-da tanınmış Duayt Eyzenhauer qələbə çaldı. O, respublikaçılar partiyasından idi. Eyzenhauer ABŞ-ın hakimiyyətə gəldikdə Amerika xalqı tərəfindən rəğbətlə qarşılanan, hakimiyyətdən getdikdə də rəğbətlə yola salınan prezidentlərindən olmuşdur.

Eyzenhauer hakimiyyətə gəlməmişdən qabaq demokratların dövlətin iqtisadiyyata fəal müdaxiləsi prinsipini tənqid etmiş və fərdiyyətçiliyə qayıtmağın əlverişli olduğunu göstərmişdir. Lakin hakimiyyətə gəldikdən sonra o öz iqtisadi siyasətini «dinamik mühafizəkarlıq» adlandıraraq bir növ Ruzveltin siyasətini davam etdirdi. Siyasətdə realist olan Eyzenhauer tezliklə başa düşdü ki, ABŞ kapitalizmi artıq çoxdan korporativ kapitalizmə çevrilmişdir və dövlətin iqtisadi və sosial sahədə rolunu nəinki ixtisar etmək, əksinə, artırmaq lazımdır. 50-ci illərdə ABŞ-ın dövlət mülkiyyəti 276 milyard dollar təşkil edirdi. Bu rəqəm 1960-cı ildə birlikdə götürüldükdə Fransa, AFR, İtaliya, Belçika, Hollandiya və Lüksemburqun dövlət mülkiyyətindən çox idi. Eyzenhauer daxili siyasətində, xüsusilə sosial sahədə özündən əvvəl hakimiyyətdə olmuş demokratların siyasətini bir neçə əlavələrlə davam etdirməyə başladı. O, azad rəqabət və azad ticarət prinsiplərini bərpa etmək tezislərindən əl çəkdi. Bununla bərabər o, Trumen hökumətinin tətbiq etdiyi iqtisadiyyat üzərində nəzarət tədbirlərini ləğv etdi. Məqsəd durğunluğu aradan qaldırmaq, işsizliyi minimum həddə endirmək, inflyasiyaya yol verməmək idi. Görülən tədbirlər nəticəsində ABŞ iqtisadiyyatında irəliləyiş təmin olundu. Yüksək məşğulluq səviyyəsi və qiymətlərin sabitliyi saxlandı. Bütün ölkədə kütləvi istehslakın rəmzi olan ticarət mərkəzləri yarandı. İri müəssisələr – konqlomeratlar meydana gəldi. 500 nəhəng korporasiya ölkənin həyatı üzərində nəzarəti öz əlinə aldı. Amerikalılar ilk dəfə olaraq «firavanlıq dövləti»nin bəhrəsini gördülər. Təsadüfi deyildir ki, XX əsrin 50-ci illərindən 70-ci illərinin sonuna qədər olan dövr ABŞ-ın «Qızıl əsri», «varlanma və çiçəklənmə əsri» adlandırılırdı. O, vergiləri azaltdı, səmərəli kredit siyasəti yeritməyə başladı. Həmçinin əhalinin həyat səviyyəsinin yüksəlməsinə nail oldu. Sosial təminat sistemi genişləndirilərək daha 10 milyon adama şamil edildi. Onun dövründə bir nəfərə 50 m2 mənzil sahəsi düşürdü. Bu dövrdə Leyvit evlərinin tikilməsinə başlandı. Leyvit xüsusi mənzillər quraşdırırdı ki, onları hazır şəkildə istənilən yerdə aparıb qurmaq mümkün idi. Əhalinin çoxunun xüsusi mənzilləri oldu. Təsadüfi deyil ki, Eyzenhauerin dövründə əhalinin yarıdan çoxu orta təbəqəyə çatdı. 50-ci illərdə ABŞ-da güclü elmi-texniki inqilab baş verdi. Bu dövrdə ABŞ-ın üçüncü böyük şəhəri olan Pensil­va­niya ştatındakı Filadelfiyanın yerini Koliforniya ştatındakı Los-Anceles tutdu. Bu zaman əhalinin 90%-nin hissəsinin evində artıq televizor var idi. Ölkədə bu dövrdə 7,5 min mil şosse yolu çəkildi. 50-ci illərdə ölkədə sənaye məhsulu istehsalı 45%, kənd təsərrüfatı isə 17% artmışdı. 50-ci illərdə ABŞ iqtisadiyyatı üçün səciyyəvi cəhət istehsalın avtomatlaşdırılması oldu.

Elmi-texniki inqilab ABŞ fermer tə­sər­rü­fatının dağılmasını sürətləndirdi. Bu dövrdə, kənd təsər­rüfatı əha­lisinin sayı 5 milyon azaldı. Hər il kənd əhali­sində 5% ixtisar getdi.

Eyzenhauerin dövründə ölkədə makkartizm tüğyan etməyə başladı. Onun əsası hələ Trumenin dövründə senator seçilmiş Cosef Makkarti tərəfindən qoyulmuşdur. Ölkədə aparılan bu kompaniya «Şeytan ovu» adlandırılırdı. Bu kampaniya güya SSRİ başda olmaqla dünya kommunizminin ABŞ-a qəsd təşkil etməsi barədə vahimə yaradılması əsasında aparılırdı. O, 1950-ci ilin fevralında bildirdi ki, ABŞ-ın dövlət departamentində 205 nəfər kommunistin olduğunu müəyyən­ləş­dirmişdir. Əslində bu siyasət SSRİ-yə qarşı çevrilmiş, antisovet, antikommunist mahiyyət daşıyırdı. Respublikaçıların hakimiyyəti dövründə konqresin tərkibində Cosef Makkartinin başçılığı altında xüsusi komissiya da yaradılmışdı. Onlar göstərirdilər ki, Ruzvelt ölkədə sosializm qurmağa çalışırmış. Ona görə də onun dövrü «satqınlıq dövrü»dür. Həmçinin bir sıra mütərəqqi Amerika mədəniyyət xadimlərinə, o cümlədən, Çarlz Çaplinə qarşı təqiblər başlandı. O, ölkəni tərk etməyə məcbur oldu. Ölkədə bir sıra irticaçı təşkilatlar, o cümlədən «Amerika legionu», «Ku-kluks-klan», «Kolumbiya cən­gavərləri», «Xarici müharibənin veteranları» təşkilatları Mak­kartinin fəaliyyətini müdafiə edirdilər. 1953-1954-cü illərdə sağ qüv­vələrin hərəkəti son həddinə çatdı. Külli miqdarda dövlət vəsaiti bu işə sərf olundu. Bu kampaniya 1954-cü ildə sona yetdi. Makkarti artıq ordunu da günahlandırdıqda və bu televiziya ilə verildikdə Amerika xalqı dözmədi. Nüfuzdan düşdüyünü görən konqres 1954-cü il dekabrın 2-də onu müqəssir bildi.

Bu dövrdə hakim dairələrdə antikommunist əhval ru­hiyyə yenə də davam edirdi. Belə ki, 1954-cü ilin avqustunda Eyzenhauer konqres tərəfindən «Kommunistlərin fəaliyyəti üzərində nəzarət haqqında» qanun verilməsinə nail oldu. Həmin qanunla Kommunist partiyasının fəaliyyəti qadağan edildi.

1950-ci ildə zəncilər öz azadlığı uğrunda mübarizəni gücləndirdi. 1954-cü ildə ABŞ Ali məhkəməsi məktəblərdə seqreqasiyanı – irqi ayrı-seçkilik prinsipini Konstitusiya əleyhinə olan akt kimi qiymətləndirdi. 1955-ci ildə Alabama ştatında avtobusda irqi ayrı-seçkilik böyük həyəcana səbəb oldu. 1960-ci ildə konqres, qara dərili əhalinin seçki hüququnu müdafiə edən «»Vətəndaş hüquq və azadlıqları haqqında akt» qəbul etsə də, ancaq 60-cı illərdə bu siyasət reallığa çevrildi.

Bu dövrdə ABŞ-ın xarici siyasətində də müəyyən cəhətlər özünü göstərməyə başladı. İlk növbədə Eyzenhauer verdiyi vədə əməl edərək 1953-cü ilin iyulun 27-də Koreyada müharibənin qurtarmasına nail oldu. Hələ prezident Trumenin dövründə Moskvada ABŞ-ın səfiri işləmiş Kennon tərəfindən işlənib hazırlanmış «rusların hər hansı bir cəhdinin qarşısını almaq siyasəti» yenə də öz aktuallığını saxlayırdı. ABŞ-ın xarici siyasəti yenə də zor işlətməkdə öz əksini tapırdı. Eyzenhauer silahların və bütün iqtisadiyyatın modern­ləşdirilməsi xəttini yeritdi. Onun prezidentliyi dövründə hərbi xərclər iki dəfə artdı, strateji yollar çəkildi. 1954-cü ildə SEATO hərbi blokunun yaradılmasının təşkilatçılarından biri də ABŞ oldu. Əgər Trumen hidrogen silahının istehsalı haqqında sərəncam vermişdisə, Eyzenhauer hətta onu işlətməyi mümkün hesab edirdi. Buna baxmayaraq Eyzenhauer dediyinə əməl etməyi bacarmadı. 1954-cü ildə Vyetnama Fransa tərəfindən müstəqillik verilməsini müdafiə etdi. 1955-ci ilin iyulunda Cenevrə konfransında Eyzenhauer tərksilaha dair «açıq səma» doktrina­sını irəli sürdü. Bu doktrina SSRİ tərəfindən rədd edilsə də, böyük dövlətlərin başçıları arasında əlaqələrin başlanğıcını qoydu. Eyzenhauer 1956-cı ildə Suveyş kanalı Mi­sir tərəfindən milliləşdirirlərkən Fransa, İngiltərə və İsraillə müharibədə Misiri müdafiə etdi. 1957-ci ilin yanvarında Yaxın və Orta Şərqlə əlaqədar Eyzenhauer xü­su­si doktrina irəli sürdü ki, bu tarixə «Eyzenhauer doktri­nası» adı altında daxil oldu. O zaman bu regionda dünya neft ehtiyatlarının 2/3 hissəsi yerləşirdi. Digər tərəfdən bu region Avropa, Asiya və Afrika ölkələrinin əlaqələrini təmin edirdi. Həmin doktrina Bağdad paktı üzvlərinə və İsrailə aid edilirdi. Bu doktrinanın əsas istiqamətləri ərəb ölkələrinin iqitsadi inkişafına ABŞ-ın kömək etməsindən, hərbi yardım və əməkdaşlıq proqramları hazırlamağa təşəbbüs göstərməkdən, Yaxın Şərq ölkələrinin suverenliyini qorumaq üçün lazım gəldikdə ABŞ silahlı qüvvələrindən istifadə etməkdən ibarət idi. Həmin doktrinaya əsasən ABŞ öz möv­qe­yini Yaxın və Orta Şərqdə möhkəmləndirdi. Bu doktrina həmin dövrədək ABŞ siyasətində hələ də mövcud olan bitərəfliyi rədd edərək «boşluğu güclə doldurmaq» nəzəriyyəsinin əsasının qoydu. Bu doktrina, ABŞ-ın Yaxın və Orta Şərq siyasətində yeni mərhələnin başlanğıcını qoydu. 1958-ci ildə ABŞ Livana qoşun göndərdi, Konqoda 1960-cı ilin sentyabrında P.Lumumba hökumə­tinin devril­məsini təşkil etdi. Bunu bəzən siyasi ədəbiyyatda «Konqo böhranı»da adlandırırlar.

Eyzenhauer dövründə silahlanmaya vəsait qoyuluşu artırılsa da, lakin ABŞ raket texnikası sahəsində SSRİ-dən geri qalırdı. 1957-ci ilə qədər ABŞ SSRİ ilə zor dili ilə danışmağa daha çox üstünlük verirdi. 1957-ci ildə SSRİ-də Yerin süni peyki buraxıldıqdan sonra ABŞ başa düşdü ki, SSRİ ilə münasibətləri mülayimləşdirmək lazımdır. 1959-cu ildə ilk dəfə vitse-prezident Riçard Niksonun rəhbərliyi ilə Moskvada ABŞ mallarının sərgisi açıldı. Elə həmin ilin sentyabrında SSRİ-nin dövlət başçısı Nikita Sergeyeviç Xruşşov ABŞ-a səfər etdi. Lakin 1960-cı ildə ABŞ-la SSRİ arasında münasibətlər yenidən pisləşdi. Buna səbəb Sverdlovsk üzərində ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsinin (U-2) vurulması idi. Bu hadisə ABŞ-ı inandırdı ki, SSRİ güclü döyüş hazırlığına malikdir.

ABŞ 50-ci illərdə 39 dövlətlə ikitərəfli hərbi-müqavilələr bağladı.

Eyzenhauer hökuməti öz xarici siyasətində Latın Amerikası ölkələrinə xüsusi diqqət yetirirdi. ABŞ burada fəallaşaraq mövqelərini möhkəmləndirdi. 1954-cü ilin yanvarında ABŞ Qvatemalada inqilabi hərəkatın yatırılmasında iştirak etdi. Eyzenhauerin 1959-60-cı illərdə Qərbi Avropa və Latın Amerikası ölkələrinə səfərləri də qarşılıqlı müna­sibət­lərin xeyli inkişaf etməsinə səbəb oldu.


  1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə