Avrop a ümumi icmal Qərbi Avropa Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti




Yüklə 440.01 Kb.
səhifə1/8
tarix21.04.2016
ölçüsü440.01 Kb.
  1   2   3   4   5   6   7   8
A V R O P A

Ümumi icmal

Qərbi Avropa

Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti.

Qərbi Avropa yer kürəsinin ən böyük materiki olan Avstraliyanın qərb kənarlarını təşkil edir. Tarixən iki qitədən ibarət olan (Asiya və Avropa) bu materikin ümumi sahəsi 54 mln. km-ə yaxındır. Bundan 10.5 mln. km2 Avropanın, 43448 min km2 isə Asiyanın payına düşür.

Avropa şimaldan, qərbdən və cənubdan okean və dənizlərlə əhatə olunmuşdur, şərqədə isə geniş bir sahədə Asiya ilə quru sərhədə malikdir. Bu sərhəd Ural dağlarının nisbətən dik şərq yamacı üzrə, Emba çayı, cənub şərqdə Xəzər dənizi, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizindən keçir.

Avropanın quruda ucqar nöqtələri şimalda Nordkin (71° 08" şm. e.), cənubda Marroki (35°50' şm. e), qərbdə Roka (9° 34' qərb uzunluğu) burunlarıdır. Ucqar şərq nöqtə Qütb Uralında 67° ş. u-da yerləşir. Beləliklə o, qərbdən şərqə 76°, şimaldan cənuba 35° uzanır. Avropanın adalarda yerləşən ucqar nöqtələri göstərilən koordinatlardan xeyli kənara çıxır (Frans İosif Torpağında 81°50' şm. eni, İslandiya adasında 24°39' q. u.).

Avropa sərhədlərinin və sahil xəttinin müasir şəkildə formalaşması dövrün sonu və dördüncü dövrdə başa çatmışdır. Yaxın geoloji keçmişdə Balkan yarımadası, Kiçik Asiya yarımadası ilə, Apenin yarımadası və Siciliya adası Tunislə, Piriney yarımadası isə Atlas dağlıq ölkəsi ilə bitişik olmuşdur. Hazırda Piriney yarımadasını Rif atlasından çox ensiz (14 km) və dayaz Cəbəlüttariq boğazı ayırır.

Avropanın sahil xətti çox parçalanmışdır (Skandinaviya, Yutlandiya, Piriney, Apenin, Balkan y.- ası və s.). Burada bir çox kənar (Barents, Norveç, Şimal, Tirren, Adriatik və s.) və daxili (Qara, Baltik və s.) dənizlər, adalar (Şpitsbergen, Yan-Mayen, İslandiya, İrlandiya, Böyük Britaniya, Balear, Korsika, Sardiniya, Siciliya və s.) və yarımadalar, körfəz (Botnik, Biskay) və boğazlar (Skagerrak, Katteqat, La-Manş) vardır. Sahil xəttinin uzunluğu 38000 km, onun parçalanması isə 35% -ə çatır. Qərbi Avropanın daxili hissələrini dənizdən cəmi 600 km məsafə ayırır. Qərbi Avropanı şimal-qərbdən dayaz dənizlə örtülmüş çox geniş şelf (qitə dayazlığı) əhatə edir. Şimal dənizi dibinin relyefində çay dərələrinin və başqa relyef formalarının aşkar edilməsi yaxın geoloji keçmişdə həmin şelf sahəsinin quru olmasını sübut edir. Qalan sahələrdə qitə dayazlığı zəif inkişaf etmiş və dərin dənizlər sahilə çox yaxın yerləşmişlər.

Orta və mütləq hündürlüyünə görə (320 m və 4810 m) Avropa Avstraliyadan başqa bütün qitələrdən geridə qalır. Qitə ərazisinin təxminən 60% -i 200 m-dən aşağı, 24% -i 200-500 m arasında, 10% -i 500-1000 m arasında, yalnız 6% -i 1000 m-dən yüksəkdə yerləşir.

Avropa dünyanın ən sıx əhali yaşayan qitəsidir. Qitənin əhali çox sıx olan sahələrində təbii landşaft insanlar tərəfindən olduqca dəyişdirilmişdir.

Avropa təbii-coğrafi xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən iki böyük hissəyə ayırır: 1) Qərbi Avropa, 2) Şərqi Avropa.

Bu fərq özünü hər iki hissənin bütün təbii-coğrafi komponentlərində aydın göstərir. Məsələn, Şərqi Avropa qədim platforma sahəsi olduğu üçün relyefində əsasən ovalıq, düzənlik və alçaq yüksəkliklər hakim mövqe tutur. Bunun əksinə, Qərbi Avropa cavan platforma və geosinklinal orogen sahələrdə yerləşdiyindən onun səthi istər üfüqi, istərsə də şaquli istiqamətdə çox parçalanmışdır. Şərqi Avropanın sahil xətti Qərbi Avropaya nisbətən az parçalanmışdır. Qərbi Avropa əsasən mülayim və rütubətli, cənubda isə Aralıq dənizi subtropik iqliminə malikdir, Şərqi Avropada isə kontinental iqlimin müxtəlif növləri hakimdir.

Qərbi Avropa ilə Şərqi Avropa arasındakı fərq enlik landşaft zonalarında özünü daha aydın göstərir. Bu zonallıq Şərqi Avropanın cənub-şərqində səhra və yarımsəhra ilə, Qərbi Avropanın cənubunda isə Aralıq dənizi quru subtropik landşaft zonası ilə başlayır. Şərqi Avropada yarımsəhra zonası ilə enliyarpaqlı meşələr zonası arasındakı geniş bir ərazidə çöl və meşə-çöl landşaft zonaları yerləşdiyi halda, Qərbi Avropada Araləq dənizi quru subtropiklər landşaftı zonasından şimalda birbaşa Qərbi Avropa tipli enliyarpaqlı meşələr zonası gəlir və bu zona demək olar ki, Skandinaviya və başqa kiçik ərazilər nəzərə alınmazsa, bütün Qərbi Avropa ərazisini tutur. Çöl landşaftı isə Qərbi Avropanın cənub-şərqində ləkələr şəklində Dunayboyu düzənliklərində yayılmışdır. Şərqi Avropada olduqca geniş bir zona təşkil edən Avropa tayqası qərbə tərəf ensizləşir və Qərbi Avropa ərazisində yalnız Finlandiya və Skandinaviyada (qismən Polşada) geniş yer tutur.

Qərbi və Şərqi Avropa arasındakı fərqlər özünü təbii landşaftın digər komponentlərində də aydın göstərir.

Şərqi Avropanın fiziki coğrafiyası SSRİ-nin fiziki coğrafiyası fənnində keçildiyi üçün, burada söhbət yalnız Qərbi Avropadan gedəcəkdir.
Geoloji quruluşu və inkişafının əsas

mərhələləri

Avopanın geoloji və tektonik quruluşu olduqca mürəkkəbdir. Qitənin müxtəlif sahələri ayrı-ayrı geoloji eralarda geosinklinal inkişafı başa vurub platforma sahələri, istərsə də geosinklinal-orogen qurşaqları çox mürəkkəb bir geoloji tarixə malikdir (şəkil 1).

Avropa, qədim Rus platforması özəyi ətrafında geoloji dövr keçdikcə geosinklinalların inversiyası, qapanması və platformaya bitişməsi, yəni quru sahələri əmələ gətirməsi hesabına getdikcə öz sahəsini artırmış və nəhayət müasir sərhədlər daxilində təşəkkül tapmışdır. Qitənin geoloji inkişafı tarixində iki əsas dövr: kembridən əvvəlki və kembridən sonrakı dövrlər ayrılır.

Arxey və proterozoy eralarını əhatə edən kembridən əvvəlki dövrdə qitə müxtəlif qırışıqlıq və orogenoz hadisələrinə məruz qalmışdır. Avropada Saam qırışıqlığı adlanan ən qədim qırışıqlıq 2200 mln. il əvvəl qurtarmışdır. Saam qırışıqlığı zonalarında geosinklinal şərait 500-600 mln. il davam etmişdir. Saam qırışıqlığı nəticəsində Kareliya, Murmansk və Ukrayna kristallik massivləri (Rus platformasının ən qədim sahələri) yaranmışdır. Saam qırışıqlığından 350-400 mln. il sonra Ağ dəniz kompleksi qırışıqlığı başa çatır. 1500-1800 mln. il əvvəl Skandinaviya və Finlandiyada çox geniş yer tutan (Baltik dənizi və Botnik körfəzləri ətrafında) Kareliya qırışıqlığı baş vermişdir. İki böyük mərhələdə başa çatmış Kareliya qırışıqlığı müxtəlif istiqamətlərdə uzanan strukturlar əmələ gətirmişdir. Kareliya qırışıqlığı intruziyaların daxil olması və qüvvətli metamorfizm prosesləri ilə müşayiət olunmuşdur.

Rus platformasının kembriyəqədərki dövrdə inkişafı Baykal qırışıqlığı mərhələsi ilə qurtarır. Baykal qırışıqlığının inkişafı etdiyi Rifey geosinklinalı 1500 mln. il əvvəl əmələ gəlməyə başlamış və 550-650 mln. il əvvəl inkişafını başa vurmuşdur.

Timan təpəliyində üzə çıxan Baykal qırışıqlığı kompleksi süxurları Tetis geosinklinalının əsasını təşkil edir.

Arxey və proterozoyda olan bu qırışıqlıq hərəkətlərinin yaratdığı dağlar, tirələr vaxt keçdikcə denudasiya prosesi təsiri

altında alçalıb, səthi hamar düzənlik və alçaq yüksəkliklərə çevrilmişdir. Dəfələrlə təkrar olmuş intruziv və effuziv vulkanizm və metamorfizm nəticəsində arxey və proterozoyun çökmə süxurları kristallaşmış, çox dəyişilmiş və plastik deformasiya qabiliyyətini tam itirərək Rus platformasını yaratmışdır.

Avropanın platforma əsası sonrakı geoloji, dövrlərdə artıq qırışıqlıq və dağəmələgəlmə hadisəsinə məruz qalmışdır. Platformanın kristallik əsası qranit, qneys, siyenit, kristallik şistlər, intruziv kütlələr və metamorfik süxurlardan əmələ gəlmişdir.

Paleozoyun başlanğıcına yaxın müxtəlif yaşlı platforma üzərində böyük əyilmələr baş verir və Qərbi Avropanın orta və cənub hissələrini əhatə edən böyük Tetis geosinklinal dənizi yaranır. Tetis geosinklinalının müxtəlif sahələrində paleozoy, mezozoy və kaynozoyda baş verən güclü qırışıq əmələ gətirən və orogenez hərəkətlər Qərbi Avropanın geoloji və tektonik inkişafının ümumi istiqamətini müəyyən etmişdir.

Avropanın geoloji inkişafında alt paleozoy mərhələsi qədim platforma əsası üzərində Tetis geosinklinalının yaranması ilə başlayır. Alt paleozoyda tektonik əyilmə çox güclü olmaqla Rus platformasının böyük bir hissəsini də tutur və nəticədə platforma üzərində dayaz dəniz hövzəsi yaranır. Bu dayaz dəniz Tetis dənizi ilə əlaqədar idi. Tetisin ayrı-ayrı hissələrinin dibi çox sürətlə çökür və bu əyilmələrdə çökmə və vulkanogen süxur qatları toplanırdı. Həmin dənizdən şimal-şərqə (Baltik qalxanının qərb, şimal-qərb kənarı boyunca) Qrampian (və ya Kaledon) geosinklinalı uzanırdı. Qrampian geosinklinalında kembri, ordovik və silur dövrlərində çox qalın şistlər və əhəngdaşı layları toplanmışdır. Silur dövrünün axırlarında Qrampian geosinklinalında və Tetisin başqa sahələrində qüvvətli tektonik hərəkətlər baş verir. Qalın çöküntü süxur qatları qırışıqlığa məruz qalır. Skandinaviya yarmadasının qərb kənarı, Qərbi İngiltərəyə, Şotlandiya və Şpitsbergen arxipelaqı sahəsində cənub-qərbdən şimal-şərqə uzanan qırışıq dağlar sistemi yaranır. Qırışıqlı tektonik hərəkətlər Tetisin başqa sahələrində də özünü göstərir (Piriney və Balkan yarmadalarının mərkəz hissələrində, Çexiya və Mərkəzi Fransa massivlərində və s.).

Beləliklə, kaledon qırışıqlığı adı ilə məşhur olan alt paleozoyun qırışıqlı tektonik hərəkətləri Qərbi Avropada böyük tektonik zonalar, dağlıq sahələr, Tetis dənizi daxilində isə böyük adalar əmələ gətirir.

Alt paleozoyda Rus platforması zəif əyilməyə məruz qalır və burada pplatformanın çöküntü süxur örtüyü toplanır. Həmin süxur qatları geosinklinal sahələrdə çox mürəkkəb şəkildə qırışıqlıqda yayıldığı halda, platformada qeyri-uyğun şəkildə onun qırışıqlı kristallik süxurlarını üfüqi laylarla örtür. Kaledon qırışıqlığı hərəkətlərinin başa çatması ilə Qərbi Avropanın inkişafında alt paleozoy mərhələsi qurtarır və yeni mərhələ - yuxarı paleozoy (hertsin, yaxud varissi) mərhələsi başlanır.

Paleozoy erasının ortalarında (Devon və Karbon dövrlərində) Orta və Cənubi Avropada geosinklinal şərait davam edir. Əyilməkdə olan dəniz çökəklərində devon və daşkömür dövrlərinin qalın çökmə süxur qatları əmələ gəlir (qumdaşı, gil, əhəngdaşı və s.). Bu dövrdə Rus platforması da böyük dəniz transqressiyalarına məruz qalır. Onun geniş bir hissəsində orta və yuxarı paleozoy çöküntüləri platformanın çöküntü süxur örtüyünü əmələ gətirir. Platformada ən çox əyilmə sineklizlərdə gedir, anteklizlər əyilir.

Karbon dövrünün ortalarından və xüsusilə axırlarından başlamış, Qərbi Avropanın geniş bir hissəsində (İrlandiyanın cənubu, Böyük Britaniyanın mərkəz və cənub hissəsi, Priney yarımadasından Kiçik Polşa yüksəkliyinə qədər, Alp və Karpat dağlarından şimalda yerləşən bütün orta Avropada) olduqca qüvvətli tektonik hərəkətlər baş verir, qalxma, qırışıq və dağəmələgəlmə prosesləri gedir. Bu mürəkkəb proseslər hertsin, yaxud varissi qırışıqlığı (mərhələsi) adlanır.

Karbon dövrünün axırlarına yaxın dağların yamaclarında, düzənliklərdə və dağarası çökəklərdə nəhəng ağaclardan ibarət olan olduqca zəngin və sıx meşələr inkişaf etmişdir. Avropanın bir çox yerlərində aşkar edilmiş böyük ehtiyata malik olan daş kömür yataqlarının əksəriyyətinin əmələ gəlməsi həmin meşələrdə əlaqədardır.

Hertsin qırışıqlığı hərəkətləri nəticəsində qitənin geniş bir sahəsinin qalxması dənizin böyük reqressiyasına səbəb olur. Rus platformasını örtən dayaz dəniz çəkilir. Orta Avropada hertsin qırışıqlığı nəticəsində əmələ gəlmiş dağlar eroziya və denudasiya təsiri altında aşınıb dağılır və alp dövrünün başlanğıcına qədər cavan platforma sahəsinə çevrilir.

Hertsin qırışıqlığı Rus platformasını şərqdən əhatə edən geosinklinal sahədə böyük məsafədə şimaldan cənuba uzanan Ural dağlarında özünü daha kəskin göstərmişdir. O, platformanın cənubunda Donets – Manqışlaq zonası və Şimali Qafqaz düzənliklərini (Skif platforması), düzənlik Krımı və bütün Valaxiyanı, Dobruçanı əhatə etməklə həmin sahələrin qırışıqlı əsasını yaratmışdır.

Paleozoy erasının iki böyük mərhələdə baş vermiş qırışıqlıq bə dağəmələgəlməsi maqma fəaliyyəti ilə müşayiət olunur. Kaledon və hertsin qırışıqlığı sahəsində turş bə əsası tərkibli intruziv və effuzivlərin geniş yayılması bunu sübut edir.

Avropanın geoloji və tektonik inkişafında, mezozoy erası xüsusi bir mərhələ kimi ayrıla bilər. Mezozoy erasında Qərbi Avropanın hertsin qırışıqlığı zonası çox aşınıb alçalır, cavan platformanın antekliz və sineklizlərin müxtəlif istiqamətli tektonik hərəkətlərə məruz qalır. Anteklizlər qalxma sahəsi olduğundan denudasiya təsiri ilə onların taf hissələrindən paleozoy çöküntü süxurları yuyulur və kembriyəqədərki dövrün kristallik süxurlarının səthi açılır (Armorikan, Mərkəzi Fransa, Reyn, Çexiya – Moraviya massivləri). Sineklizlər əyilməkdə davam edir və mezozoy dənizlərinin transqressiyasına məruz qalır (Paris, Aktivaniya, London, Turinkiya – Şvaba hövzələri və s.) .

Rus platforması sineklizlərində də (Moskva, Danimarka – Polşa və s.) mezozoy dənizi olmuş və burada yura, təbaşir dövrlərinin çöküntü qatları toplanmışdır.

Qərbi Avropanın cənubunda yerləşən Alp geosinklinalı sahəsi mezozoy erasında differensial tektonik hərəkətlərin təsiri altında qalır. Ensiz geosinklinal dənizlərin dibi daha çox əyilir və burada mezozoyun geosinklinal çöküntü və vulkanogen süxur qatları toplanır. Geosinklinal sahədə yerləşən qədim massivlər zəif əyilir, vaxtaşırı isə onlar dəniz səviyyəsindən böyük adalar şəklində yüksəlir. Alp geosinklinalında yerləşən böyük dağ sistemlərinin (meqantiklinoriumların) ox hissələri mezozoy erasının axırlarına yaxın arxipelaqlarına yaxın dəniz səviyyəsindən yuxarı qalxır, adalar yaxud arxipelaqlar əmələ gətirir. Tektonik hərəkətlər mezozoyda ümumiyyətlə bir qədər zəif olmuş, quru relyefi xeyli hamarlanmışdır.

Qərbi Avropanın geoloji inkişafında kaynozoy erası hadisələrlə daha zəngindir. Bu erada Alp geosinklinalında olduqca intensiv inversiya və qırışıqlıq baş verir. Paleogendə Alp qırışıqlığı zonasında yerləşən böyük dağ sistemləri sahəsində güclü qırışıqlıq və qalxma gedir (Priney, Əndəlis, Alp, Karpat, Stara-Planina, Dinar dağları və s.) Dağətəyi və dağarası çökəklər əyilir və burada dağlardan yuyulan iri qırıntı kontinental çöküntülər toplanır (Molass çöküntüləri). Üçüncü dövrdə Avropanın cənubunda yerləşən böyük ortalıq massivlərin bir neçəsi intensiv əyilir (Tirren, Qara dəniz və s. Yerində olan qədim massivlər), bəziləri çox parçalanır və onların yerində adalar, arxipelaqlar qalır. Aralıq massivlərlə qalxmaqda olan meqantiklinoriumlar arasında dərin tektonik qırılmalar əmələ gəlir və bu qırılmalar üzrə vulkan fəaliyyəti baş verir.

Alp geosinklinalı zonasında gedən gərgin tektonik hərəkətlər öz təsirini Avropanın digər yerlərində də göstərir. Orta Avropanın hertsin qırışıqlığı sahəsi də (cavan platforma) xeyli fəallaşır. Burada anteklizlərin taf hissəsi qalxır, dərin tektonik qırılmalarla parçalanır, horst və qrabenlər yaranır. Qırılmalar üzrə inturuziv və effuziv vulkanlar fəaliyyət göstərir.

Paleogenin axırları və neogenin əvvəllərində Alp qırışıqlığı zonasında tektonik hərəkətlər xeyli zəifləyir, dağlar aşınır, böyük sahələrdə hamarlanma səthləri yaranır, relyefin mütləq və nisbi amplitudası xeyli azalır. Neogenin ikinci yarısında Alp qırışıqlığı zonasında qüvvətli orogen (dağ əmələ gəlmə) mərhələsi başlayır. Dağların hündürlüyü 1500-3500 m-ə qədər artır. Bu zaman dağətəyi və dağarası çökəklər əyilməkdə davam edir, burada dağlardan yuyulan iri qırıntılı məhsullar toplanır (üst molass çöküntüləri). Neogenin axırlarında dağətəyi və dağarası çökəklərin bəzilərinin kənarlarında qırışıqlar əmələ gəlir və bu sahələr dağlarla birlikdə qalxmağa məruz qalır.

Neogendə və dördüncü dövrdə Avropanın başqa tektonik sahələrində də hərəkətlər qüvvətlənir. Skandinaviya intensiv qalxmağa başlayır, Almaniya – Polşa ovalığı və hertsin qırışıqlığında yerləşən çökəklər əyilməkdə davam edir. Böyük Britaniya adalarını hər tərəfdən əhatə edən dayaz şelf sahəsi zəif çökməyə məruz qalır və dördüncü dövrdə dəniz suları ilə örtülür. La –Manş və Pa – de – kale boğazlarının əmələ gəlməsi ilə Britaniya adaları qitədən ayrılır. Neogen – dördüncü dövrdə dərinlik qırılmaları fəallaşır. İslandiyada, Tirren dənizini əhatə edən qırılmalar sahəsində, Mərkəzi Fransa massivində və i. a. qüvvətli vulkan püskürmələri baş verir.

Avropanın geoloji inkişafının dördüncü dövr mərhələsinin ən görkəmli hadisəsi qitənin şimalında örtük buzlaqların, dağlarda isə dağ – dərə buzlaqlarının yaranmasıdır. Alp dağlarında dördüncü dövr buzlaşmalarını öyrənən A. Penk və Brikner burada dörd buzlaşmanın olmasını göstərirlər (Güns, Mindel, Riss, Vürm). Güns buzlaşmasının üst pliosendə (Abşeron əsrində), Mindel buzlaşmasının dördüncü dövrün əvvəlində, Riss buzlaşmasının həmin dövrün ortalarında, Vürmün isə axırlarında olması müəyyən edilmişdir. Maksimal buzlaşma dördüncü dövrün ortalarında olan Riss buzlaşmasıdır. Bu zaman buzlaqlar dağların yüksək hissələrində örtük əmələ gətirmiş və dərələrlə dağ ətəklərinə qədər enmişdir.

Skandinaviya örtük buzlağa daha güclü olmuş və Avropanın böyük bir hissəsini dəfələrlə örtmüşdür. Skandinaviyada buzlağın qalınlığı 2000 m-ə çatması güman edilir.

Rus düzənliyində dördüncü dövr buzlaqları hərtərəfli öyrənilmişdir. Burada üç buzlaşma (Lixvin, Dnepr və Valday buzlaşmaları) və iki buzlaqarası dövr ayrılır.

Örtük qitə buzlaqlarından dördüncü dövrün ortalarında olmuş Dnepr buzlaşması maksimal hesab edilir. Dnepr buzlaşması cənubda Sudet və Karpat dağlarının ətəklərinə və Dnepr çayının sol qolu Vorskla çayının mənsəbinə qədər (48° şm.e.) irəliləmişdir. Buzlaşma dövrlərində çox qalın buzlaq kütləsinin ağırlığı altında Skandinaviya enməyə başlamış, buzlaq yox olduqdan sonra isə qalxmaqda davam edir. Buzlaşma dövründən sonra keçən nisbətən qısa vaxta Skandinaviya, Şotlandiya və Şpitsbergen 200-300 m-dən artıq yüksəyə qalxmışdır.

Qərbi Avropada tektonik hərəkətlər müasir dövrdə də davam edir. Müəyyən edilmişdir ki, Botnik kürfəzinin şimal sahili 100 ildə 1 m qalxır. Hollandiya sahillərində zəif enmə prosesləri gedir. Aralıq dənizi sahillərində, Balkan yarmadasının daxili hissələrində güclü zəlzələlərin, İsalandiyada və Tirren dənizinin şərq və cənub kənarlarında aktiv vulkanizm və güclü zəlzələlərin olması, dördüncü dövr dəniz terraslarının xeyli yüksəkdə yerləşməsi cavan tektonik hərəkətlərin davam etməsini sübut edir.

Qərbi Avropanın geoloji inkişaf tarixinə yekun vuraraq aşağıdakı qanunauyğunluğu qeyd etmək olar: 1.Geoloji vaxt keçdikcə hər bir mərhələdə Rus platformasını qərb və cənub-qərbdən, habelə şərqdən əhatə edən geosinklinallarda inversiya başlayır və yeni əmələ gələn qarışıq və faylı-qarışıq dağlar hesabına qitənin sahəsi genişlənir. 2.Bu genişlənmə əsasən şimaldan cənuba doğru quru sahənin artması hesabına olur. 3. Qitənin müasir tektonik və böyük morfostruktur vilayətləri qədim platformanı cənubdan əhatə edən Tetis gesinklinalında kaledon, hertsin və alp qırışıqlığı nəticəsində yaranmışdır. 4. Geoloji inkişafın bu xüsusiyyətlərinə uyğun olaraq Avropada Ural silsiləsi daxil edilməkdə dörd böyük tektonik sahə əmələ gəlmişdir; a) paleozoydan əvvəl yaranmış Rus platforması, b) qitənin şimal-qərb kənarını təşkil edən kaledon qırışıqlığı sahəsi, c) əsasən orta Avropada geniş sahə tutan hertsin qırışıqlığı sahəsi, d) Cənubi Avropa və Orta Avropanın Alp – Karpat zonasını təşkil edən Alp qırışıqlığı sahəsi. 5. Dördüncü dövr buzlaşmaları qitnin istər düzənlik və istərsə də dağlıq sahəsində landşaftın inkişafına böyük təsir göstərmişdir. Buzlaq örtüyü altından çıxan sahələri landşaft zonası daha cavan olmaları ilə başqa sahələrdən çox fərqlənir. 6. Neogenin axırı və dördüncü dövrdə Alp – Karpat zonasında yerləşən qüvvətli tektonik qalxma nəticəsində dağların yüksəkliyi çox artır və şaquli landşaft qurşaqları spektri genişlənir. 7. Yüz milyon davam edən mürəkkəb geoloji hadisələr – tektonik hərəkətlər, maqmatik proseslər və akkumulyasiya nəticəsində Avropanın qitəsinin materik tipli yer qabığı yaramışdır. Yer qabığının qalınlığı ayrı-ayrı geotektonik sahələrdə eyni deyildir. Ərazinin böyük morfostruktur sahələri bu cəhətdən fərqlidir, həm də yer qabığının müxtəlif qalınlığı morfostruktur sahələrdə özünün əksini aydın tapır. Belə ki, platforma sahələri normal qalınlıqda materik qabığın olması isə səciyyələnir. Bu sahələrdə yer qabığının qalınlığı 30-35 km arasında dəyişməkdə, bazalt, qranit, çökmə süxur qatlarından ibarətdir. Qranit qat daha qalındır. Müxtəlif yaşlı geosinklinal qırışıqlığı qurşaqlarındakı böyük dağlıq sahələrdə yer qabığının qalınlığı xeyli artır. Məsələn: Alp dağlarından bu qalınlıq 45-60 km, Priney yarımadasında 40-45 km, hertsin qırışıqlığı zonasında 30-50 km arasında dəyişir, Skandinaviya dağlarında isə 40 km-ə qədərdir.

Ərazinin morfostruktur differensasiyasından asılı olaraq hər bir sahə daxilində yer qabığının qalınlığı müəyyən dərəcədə tərəddüd edir. Daha ziddiyyətli (kontraslı) tektonik zonalarda (Cənubi Avropada), hertsin və alp qırışıqlığının müxtəlif morfostruktur vilayətlərində yer qabığının istər qalınlığı, istərsə də bazalt, qranit qatlarının qalınlığı xeyli dəyişir. Bütün istər ərazinin ümumi tektonik quruluşunda, istərsə də relyefində aydın nəzərə çarpır.
Faydalı qazıntıları

Filiz faydalı qazıntıları başlıca olaraq qədim qırışıqlıq sahələrində və Alp qırışıqlığı zonasının inturuziv kütlələri ilə əlaqədar olan rayonlarda yayılmışdır.

Bunlara həmçinin qitənin qədim kristallik əsası çıxıntıları sahəsində də rast gəlinir. Qeyri-filiz faydalı qazıntılar platformaların çökmə süxur örtüyü, hertsin və Alp qırışıqlığının müxtəlif mənşəli çöküntü qatları ilə əlaqədardır.

Böyük dəmir filizi yataqları Skandinaviya kristallik əsasına daxil olmuş inturuzivlər sahəsində (Kiruna, Yellivari və s.), hertsin qırışıqlığı zonasındakı sineklizlərin çöküntü süxurlarında (yura qum daşında çökmə dəmir filizi yataqları) vardır (Lotaringiya). Bundan əlavə dəmir filizi yataqları İngiltərədə, Armorikanda, Turinkiyada, Filizli dağlarda və Balkan yarımadasında yerləşir.

Qərbi Avropada xromotin əsas yataqları Dinar dağlarında ultraəsası maqmatik süxurlarla əlaqədardır. Misin əsas yataqları İspaniya və Yuqoslaviyadadır. Fransanın cənubunda, Yuqoslaviyada (İstriya yarımadasında) və Macarıstanda çökmə boksit yataqları vardır.

Polimetal filizlərdən mis, qurğuşun, civə yataqları Baltik qalxanında, hertsin qırışıqlığı zonasındakı tektonik qırılmalar sahəsində (Filizli dağlar, Mesetanın cənubu, Reyn qrabeni ətrafı, Turinkiya və balkan yarımadasında) yayılmış və hidrotermal postmaqmatik mənşəlidir.

Qeyri-filiz faydalı qazıntılardan Qərbi Avropada ən geniş yayılan və böyük enerji əhəmiyyəti olan daş kömürdür. Daş kömürün ən böyük yataqları hertsin qırışıqlığı zonasının orta və üst karbon çöküntüləri ilə əlaqədardır (İngiltərə, Lotaringiya, Fransa – Belçika, Saar və Aşağı Reyn hövzəsi, şərqdə Sileziya və Saksoniya hövzələri). Neft Qərbi Avropanın Alp qırışıqlığı zonası dağətəyi və dağarası əyilmələrinin kaynozoy çöküntüləri ilə əlaqədardır (Rumıniya, Polşa, Yuqoslaviya, Macarıstan, Albaniya). Ümumiyyətlə, Qərbi Avropada neft ehtiyatları olduqca azdır. Almaniya – Polşa ovalığı perm çöküntülərində natrium və kalium duzlarının böyük ehtiyatları aşkar edilmişdir. Kükürdün ən böyük yatağı Siciliyadadır.
Relyefi

Qərbi Avropa Relyefinin böyük formaları – birinci dərəcəli morfostrukturlar – qitənin geoloji inkişafı tarixinin nəticəsi olub, yuxarıda ayrılan tektonik sahələrə uyğun gəlir. Qərbi Avropa daxilində ayrılan böyük tektonik sahələrin şimaldan cənuba bir-birini əvəz etməsi və bu istiqamətdə relyef əmələ gətirən ekzogen (xarici) proseslərin xüsusiyyətlərinin dəyişməsi hər bir böyük morfostruktur vilayət daxilində müəyyən morfoskluptur kompleksin inkişafına səbəb olmuşdur. Buna görə də Şimal-Qərbi Avropada ekzogen relyef formalarından buzlaq asiyası ekzarasiyası kompleksi, Orta Avropanın Şimal düzənliklərində buzlaq və çay akkumulyasiyası formaları kompleksi, daha cənubda yerləşən orta dağlıq sahələrdə flüvial, yüksək dağlarda buzlaq (qlyasial) və buzlaqsu (fluvio-qlyasial), ovalıq və çökəklərdə isə akkumulyativ formalar kompleksi inkişaf etmişdir. Çatlarla parçalanmış qalın əhəngdaşı, gips, dolomit qatlarında coğrafi enlikdən asılı olmayaraq karstın müxtəlifnövü yayılmışdır. Aralıq dənizi vilayəti başlıca olaraq açıq karst, Orta Avropa isə örtülü karst vilayətləri kimi xarakterizə edilir.

Qərbi Avropada relyefin müasir genetik tip və formalarının yayılmasına, habelə inkişafı tarixinin xüsusiyyətlərinə görə seçilən aşağıdakı böyük geomorfoloji sahələri ayırmaq olar: I – Şimal – Qərbi Avropa (bura Finlandiya, Skandinaviya, Şotlandiya, Qərbi İngiltərə, Şimali İrlandiya daxildir), II – İslandiya, III – Almaniya – Polşa ovalığı, IV – Orta Avropanın hertsin qırışıqlığı sahəsi (hertsin Avropası), V – Orta Avropanın Alp – Karpat sahəsi (buda Alp, Karpat və Stara-Planina dağları, Lombardiya, Yuxarı, Orta və Aşağı Dunay ovalıqları daxildir), VI – Aralıq dənizi Avropası (Piriney, Apenin və Balkan yarımadaları və onların ətrafında yerləşən adalar ).

I – Şimal-Qərbi Avropa əsasən qədim kristallik və metamorfik süxurlardan təşkil olmaqla Baltik qalxanı və kaledon qırışıqlığı sahəsində yerləşir. Baltik qalxanı və şimal-qərbdən ona bitişən kaledon qırışıqlığı sahəsi üçüncü dövrün ortalarına qədər aşınmış və peneplen tipli düzənliyə, təpəliyə çevrilmişdir. Üçüncü dövrün ortalarından başlamış bu sahədə tektonik qalxma və enmə hərəkətlərinin sürəti artır. Skandinaviya dağları daha sürətlə, Manselkiya yüksəkliyi və Norland yaylası qismən zəif əyilir. Dördüncü dövrdə bütün Şimal-Qərbi Avropa üç örtük buzlaşması altında qalır. Bütün bu proseslər nəticəsində Şimal-Qərbi Avropada relyefinə görə bir-birindən fərqlənən səkkiz geomorfoloji vilayət əmələ gəlmişdir.

1. Skandinaviya dağları. Böyük məsafədə (1500 km) cənub-qərbdən şimal-şərqə uzanan dağlardır. Dağların səthi hamardır. Ara-sıra hamar səth (bunlar fyeld adlanır) üzərində şiş təpəli yüksəklik və dağlar ucalır. Ən uca zirvə cənub-qərbdə Qalxyopiqqen (2468 m), şimal-şərqdə Kebnekayse (2123 m) zirvələridir.

2. Norveç sahili. Skandinaviya dağlarının fyordlarla parçalanmış və Norveç dənizi sahillərinə sıldırım alçalan yamaclarını və şelf üzərində yerləşən qayalı adaları əhatə edir. Burada olan çoxlu buzlaq dərələri, fyordlar, qayalı adalar, daşlı-qayalı sıldırım yamaclarda daha da mürəkkəb bir görkəm verir.

3. Nordland yaylası. Skandinaviya dağlarından Baltik körfəzinə qədər pilləvari şəkildə alçalan buzlaq dərələri ilə parçalanmış bir sahədir. Çaylarda çox kəsilməsinə baxmayaraq dərələr dərin deyildir. Dağlara yaxın çoxlu uzunsov göllər vardır. Buzlaq ekzarasiyası formaları geniş yayılmışdır.

4. Finlandiya düzənlikləri. Qədim kristallik süxurlar üzərində yaranmış peneplen sahəsində tektonik qalxma çox zəif getmiş, həm də peneplen səthini buzlaqlar çox hamarlanmışdır. Ara-sıra daha möhkəm süxurlardan ibarət olan təpələr və külli miqdarda buzlaq-tektonik mənşəli çalalar və moren təpələri düzənliyin səthini mürəkkəbləşdirir. Hamar səth az çox Botnik sahili boyu uzanan daha alçaq düzənlikdə müşahidə edilir.

5. Manselkiya yüksəklikləri. Finlandiya ilə SSRİ sərhədi boyu cənubdan şimala uzanan maili yamaclı yüksəklikdir. Şimalda maksimal hündürlüyü 700 m-dən bir qədər artıqdır (Sokusti d. 744 m). Yamacları buzlaqlar tərəfindən hamarlanmış və cilalanmışdır.

6. Cənubi İsveç düzənliyi. Smoland yüksəkliyi (377 m) bunu iki hissəyə bölür. Səthi nisbətən hamardır. Mikrorelyefi buzlaq-tektonik mənşəli çala və təpələrdən ibarətdir.

7. Finlandiya moren-göllük sahəsi. Külli miqdarda mürəkkəb formalı buzlaq və tektonik göl çalaları, çilalanmış təpələr və moren tirələr, sahiilərdə isə ensiz hamar dəniz terraslarının olması səciyyəvidir.

8. Şotlandiya, Qərbi İngiltərə Şimali İrlandiya kaledon, qırışıqlığı əsası üzərində yaranmış yayla, alçaq dağlar və çökəklərin geniş yayıldığı ərazidir. Yaylalar kaynozoyda qədim peneplenin qalxması nəticəsində əmələ gəlmiş, səthi buzlaq relyef formaları və tektonik qırılmalarla kəsilmişdir. Çökəklər və kiçik ovalıqlar tektonik əyilmələrdə (qrabenlərdə) yerləşir.

II – İslandiya adası qitədən çox uzaqlarda böyük sualtı plato üzərində yerləşən qalxanvari adadır. Səthində lava yaylaları, vulkan konusları və massivləri geniş yer tutur. Şimal və şimal-şərq sahilləri fyordlarla parçalanmışdır. Başlıca relyef əmələ gətirən amil cavan vulkanizm və buzlaq fəaliyyəti olmuşdur. İslandiyanı əhatə edən şelf sahəsinin konturuna bənzəyir. Quruda olan böyük relyef formalarının su altında davam etməsi şelfin dörüncü dövrdə aşağı endiyini göstərir.

III – Orta Avropanın şimal hissəsində Almaniya – Polşa ovalığı yerləşir.

Bu, Qərbi Avropanın ən böyük ovalığıdır. Ovalıq Danimarka – Polşa və Şimali Almaniya sineklizləri sahəsində əmələ gəlmişdir. Almaniya – Polşa ovalığı relyefinin əsas əyrilərini axırıncı (vurm) buzlaşmanın son morenləri, enlik istiqamətdə uzanan geniş qədim dərələri təşkil edir.

Böyük Britaniya adalarının dağlıq sahələri öz relyefinin inkişafına və müasir relyef formaları kompleksinin xarakterinə görə Skandinaviya dağları ilə eynilik təşkil edir. Ərazinin yalnız cənub-şərq düzənlik hissəsi və hertsin qırışıqlığında yerləşən cənub dağlıq və təpəlik hissələri Avropa hertsin qırışıqlığı zonasına aid edilə bilər.

IV – Hertsin Avropası relyefinin başlıca formaları faylı, faylı-qırışıqlı alçaq dağlardan, massivlərdən, ovalıqlardan və qraben tipli çökəklərdən ibarətdir.

Fransa daxilində hertsin qırışıqlığı zonası daha geniş yer tutur. Burada relyefin ən böyük formaları Mərkəzi Fransa massivi (Pyi-de-Sansi. d., 1886 m), Armorikan təpəliyi, Paris və Akvitaniya hövzələrinin ovalıq və düzənlikləridir. Reynətrafı sahədə səthi hamar Reyn Şistli dağlar, Yuxarı Reyn çökəkliyi və onu əhatə edən Vogez və Şvarsvald dağlarıyerləşir.

Hertsin Avropası relyefinin ən görkəmli elementlərindən biri Çexiya – Moraviya yaylası və onu əhatə edən faylı dağlardır (Şumava, Filizli və Sudet dağları). Hertsin Avropası dağları alçaq olmalarına baxmayaraq yamacları dikdir. Bunun əsas səbəbi yamacların tektonik qırılmalarla kəsilməsidir. Dağların səthi çox yerdə hamar, yaxud qalxanvari formalardır.

V – Yüksək dağ sistemləri və böyük dağarası çökəklər Orta Avropanın Alp – Karpat dağları sahəsi relyefinin böyük formalarını təşkil edir. Bu sahənin ən böyük və yüksək dağları Alp dağlarıdır (Monblan, 4810 m). Yüksək dağlıq sahədə nival-buzlaq relyefi, orta dağlıqda isə dərin erozion dərələr geniş yer tutur. Alp dağları şimal və şimal-qərbdə Alpətəyi yayla, maili düzənlik və alçaq qırışıq dağlarla əhatə olunur. Alp dağlarında eroziya və buzlaq ekzarasiyası, yamac prosesləri çox sürətlə gedir. Dağların relyefinin inkişafına burada səthə çıxan süxurların litoloji tərkibinin çox müxtəlif olması böyük təsir göstərir. Adətən kristallik süxurlar relyefin yüksəkliklərinin təşkil etmiş, şistlər üzərində dərin erozion dərələr əmələ gəlmişdir.

Karpat dağları Alp dağlarından çox alçaq olduğuna görə burada nival-buzlaq relyefi az sahə tutur. Dağların yumşaq fliş çökütülərindən ibarət olan şimal yamacları çay dərələri ilə çox kəsilmişdir. Ən yüksək zirvələr qədim kristallik süxurların səthə çıxdığı Qərbi və Cənubi Karpatlarda yerləşir.

Cənubi Karpatın davamını təşkil edən Stara-Planina faylı-qırışıqlı, orta hündürlüyə malik dağlardır. Çox yerdə möhkəm süxurlardan təşkil olduğuna görə yamacları nisbətən zəif parçalanmışdır.Cənub yamac tektonik qırılma boyu üzrə dikdir. Alp qırışıqlığı sahəsi dağları arasında geniş akkumulyativ düzənliklər və ovalıqlar yerləşir (Lombardiya, Orta və Aşağı Dunay ovalıqları). Bunların əmələ gəlməsi dağların inkişafı ilə sıx əlaqədardır.

VI – Aralıq dənizi Avropası və ya Cənubi Avropada Alp qırışıqlığı zonasında yerləşən Piriney, Apenin və Balkan yarımadaları, habelə bir çox adaların relyefi mürəkkəb dağlar, massiv və yaylalardan ibarətdir.

Piriney yarımadası neogendə ümumi qalxmaya məruz qalmış daxili yayla və massivlərdən, onları şimal və cənubdan əhatə edən alp qırışıqlı dağlardan ibarətdir. Yarımadanın daxili hissəsini Meseta yaylası tutur. Şimalda Kantabriya və Piriney dağları (Pik-de Aneto, 3404 m), cənubda Əndəlis dağları (Syerra-Nevada dağı, 3482 m) yerləşir. Kənar dağlarla daxili yayla arasında çökəklər var (şimal-şərqdə Araqon, cənub-qərbdə Əndəlis çökəyi).

Apenin yarımadası, Siciliya, Sardiniya və Korsika adaları dağlıq relyefə malikdir. Burada qalın əhəngdaşı, fliş, kristallik və vulkanogen süxurlardan təşkil olunmuş dağlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Sardiniya və Korsikada tektonik qırılmaların da relyefə böyük təsiri vardır (dik yamaclar, kiçik qrabenlər və s. olması). Relyefin əlamətdar cəhətlərindən biri cavan vulkanik dağların olmasıdır (Etna 3263 m, Vezuvi 1186 m).

Balkan yarımadası daha mürəkkəb relyefi ilə seçilir. Bunun səthi daha çox parçalanmışdır. Yarımadanın qərb hissəsini qırışıqlı və faylı-qırışıqlı dağlar tutur. Dinar dağlarının qərb əhəngdaşlı zonası dünyada karst relyefinin ən tipik yayıldığı sahədir. Qərb dağlıq zona sualtı tirə ilə Krit adasına uzanır.

Balkan yarımadasının daxili hissəsi qədim kristallik süxurlardan ibarət olan massivdir (Makedoniya). Cənubda bu massiv çox parçalanmış və Egey dənizi suları altına çökmüşdür.

Yarımadanın şərq hissəsində Rodop massivi (Musalla, 2925 m), Maritsa çökəkliyi, Frakiya düzənliyi və İstrincə yüksəkliyi yerləşir. Balkan yarımadasının daxili və şərq hissələrinin relyefinin əmələ gəlməsində tektonik qırılmalar üzrə qalxma və əyilmələr əsas rol oynamışdır.

  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə