AtakiŞİ azərbaycana qarşI




Yüklə 102 Kb.
tarix10.04.2016
ölçüsü102 Kb.
BİRİNCİ FƏSİL

ATAKİŞİ AZƏRBAYCANA QARŞI


(Şikayət Nº 18469/06)
QƏRAR
STRASBURQ
28 FEVRAL 2012
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş şərtlərə əsasən yekun qərar olacaq. Qərar sadəcə redaktə xarakterli dəyişikliklərin subyekti ola bilər.
Atakişi Azərbaycana qarşı məhkəmə işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci bölmə) aşağıdakı hakimlərdən ibarət tərkibdə iştirak edib:

Nina Vajić, Prezident, 
Peer Lorenzen, 
Xanlar Hacıyev, 
Mirjana Lazarova Trajkovska, 
Julia Laffranque, 
Linos-Alexandre Sicilianos, 
Erik Møse, hakimlər, 
və Søren Nielsen, Bölmə Katibi,

7 fevral 2012-ci il tarixdə qapalı müşavirə keçirərək,

həmin tarixdə qəbul olunmuş aşağıdakı qərarı elan edir:
PROSEDUR

1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı Cənab Abbas Musa oğlu Atakişi (“ərizəçi”) tərəfindən 5 may 2006-cı il tarixdə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı şikayət (Nº 18469/06) əsasında başlanıb.


2. Ərizəçini Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olan cənab M.Mustafayev təmsil edib. Azərbaycan hökumətini (“Hökumət”) öz nümayəndəsi Cənab Ç.Əsgərov təmsil edib.
3. Ərizəçi konkret olaraq iddia edib ki, onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsində nəzərdə tutulmuş seçki hüququ pozulub.
4. 3 sentyabr 2008-ci ildə şikayət haqqında Hökumətə məlumat verilib. Eyni zamanda ərizəyə eyni zamanda həm qəbuledilənlik, həm də mahiyyət üzrə baxılması qərara alınıb (29-cu maddənin 3-cü bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1959-cu ildə anadan olub və Bakı şəhərində yaşayır.
6. O, 2005-ci il 6 noyabr tarixdə Milli Məclisə keçirilən seçkidə müstəqil namizəd kimi iştirak edib. Ərizəçi namizəd kimi Dairə Seçki Komissiyası (“DSK”) tərəfindən 85 saylı Şamaxı Seçki Komissiyasının bir mandatına qeydiyyata alınıb.
A. Ərizəçiyə qarşı ittihamlar və DSK-nın onun namizədlik qeydiyyatının ləğvini nəzərdə tutan müraciət haqda qərarı
7. 29 oktyabr 2005-ci il tarixdə DSK ərizəçinin iştirakı olmadan iclas keçirərək ərizəçinin namizədlik qeydiyyatının ləğvilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etmək qərarına gəlir və bunu Seçki Məcəlləsinin 88.1-88.4-cü maddələrinin tələblərinə uyğun olmayan fəaliyyətlə məşğul olması ilə əlaqələndirir. DSK aşağıdakı əsaslara istinad edir.
8. Birincisi, DSK qeyd edib ki, seçici (H.S.) onlara yazılı şikayət göndərərək ərizəçinin ona pul verərək (300 ABŞ dolları məbləğində) əhali arasında onun namizədlik təbliğatını genişləndirməyi, seçicilərə pul təklif edərək qarşılığında onların səslərini almağı və əsas rəqiblərinin təbliğatını dağıtmağı xahiş edib.
9. İkincisi, qeyd olunub ki, bir sıra seçicidən və başqa bir namizəddən (M.İ.) şikayət daxil olub ki, ərizəçi mütəmadi olaraq rəqiblərini və hökuməti təbliğat çıxışlarında və yazılarında təhqir edib və rəqiblərinin öz seçiciləri ilə görüşlərini dağıdıb. Xüsusilə seçicilərdən birinin teleqramla DSK-ya göndərdiyi şikayətdə konkret olaraq bunlar qeyd olunub:
[Ərizəçi] və onun tərəfdarları hazırkı hökuməti təhqir edir və digər namizədlərin ünvanına xoşagəlməz ifadələrə yol verir, xahiş edirik zəruri tədbirlər görəsiz.”
10. Digər seçicidən gələn teleqramın müvafiq hissəsində aşağıdakılar qeyd olunub:
... Kənddə seçiciləri ilə görüşərkən [ərizəçi], öz seçki platforması haqqında danışmaq əvəzinə digər namizədləri [dörd başqa namizədi] təhqir edib və onların barəsində böhtan xarakterli şayiələr yayıb; Belə bir namizədin hərəkətləri seçki hüququna ziddirsə onun seçkilərdə iştirakı ləğv olunmalıdır və bu [ərizəçi] xalqına, dövlətinə yaxşı nə vəd edə bilər ki; onun namizədliyi ləğv olunmalıdır...”
11. Oxşar xarakterli digər əllə yazılmış məktublar və teleqramlar da daxil olub.
12. Digər namizəd M.İ. qeyd edib ki, ərizəçi öz seçiciləri ilə olan bütün görüşlərində xoşagəlməz ifadələrdən istifadə edərək onu təhqir edib. M.İ. daha sonra qeyd edib ki, 28 oktyabr 2005-ci ildə ərizəçinin qardaşı da daxil olmaqla tərəfdarlarından ibarət böyük bir qrup, M.İ.-nin öz seçiciləri ilə təbliğat xarakterli görüş keçirdiyi otağa zorla daxil olaraq görüşü dağıdıb, qarışıqlıq yaradıb və M.İ.-ı nalayiq ifadələrlə təhqir edib.
13. Digər şikayət Yeni Azərbaycan Partiyasının yerli şöbəsinin yüksək rütbəli nümayəndələrindən daxil olub ( “YAP” iqtidar partiyasıdır və adı çəkilən seçkidə namizəd M.İ.-nı dəstəkləyib). Onlar qeyd ediblər ki, namizədin tərəfdarları M.İ.-nin görüşlərini ardıcıl olaraq dağıdıblar və mütəmadi olaraq “küçələrə çıxaraq şəhər əhalisinin sakitliyini pozmağa cəhd ediblər”.
14. Ərizəçi bildirib ki, 28 oktyabr 2005-ci ildə H.S. DSK-ya məktub yazaraq ərizəçiyə qarşı öncəki ittihamlarını geri götürüb və izah edib ki, o, bu şikayət ərizələrini ərizəçinin tərəfdarlarından biri ilə şəxsi mübahisələri ucbatından və həmin anın yaratdığı emosiyaların təsiri altında verib. Növbəti günlərdə H.S. müxtəlif seçki komissiyalarına və məhkəmələrə də oxşar məzmunlu məktublar yazaraq ərizəçini günahlandıran ittihamlarını geri götürüb. Ərizəçiyə görə, o, həmçinin onun namizədliyinin ləğvilə bağlı Apellyasiya Məhkəməsinin dinləməsinə də qatılmağa cəhd edib (aşağıya bax).
15. Belə məlum olur ki, 29 oktyabr 2005-ci il tarixdə Şamaxı Rayon Prokurorluğu, 28 oktyabr 2005-ci il tarixdə M.İ.-nin öz seçiciləri ilə ərizəçinin tərəfdarları tərəfindən dağıdıldığı iddia edilən görüşü zamanı sakitlik yaratmağa çalışan polis əməkdaşına qarşı müqavimət göstərən ərizəçinin qardaşı barədə polisə müqavimət göstərmə ittihamı ilə cinayət işi başlanıb. Bu araşdırmanın nəticələri barədə heç bir məlumat yoxdur.
B. Ərizəçinin namizədlik qeydiyyatının ləğvilə bağlı məhkəmə prosesi
16. Apellyasiya məhkəməsi DSK-nın müraciətini 31 oktyabr 2005-ci il tarixdə keçirilən iclasında araşdırıb. Ərizəçiyə əsasən, məhkəmə iclası rəsmi olaraq səhər saat 11.00-a təyin olunmasına baxmayaraq axşam saat 17.00-da baş tutub. O, bildirib ki, ona məhkəmə iclası ilə bağlı heç bir yazılı bildiriş gəlməyib və ona məhkəmə iclası haqda iclasın keçirildiyi gün saat 14.00-da, yəni iclasın başlamasından təqribən üç saat öncə şifahi şəkildə xəbər verilib. Bu, onun DSK-nın 29 oktyabr 2005-ci il tarixli şikayəti və Apellyasiya Məhkəməsinin onun namizədliyinin ləğvilə bağlı işə baxması haqqında aldığı ilk rəsmi məlumat olub.
17. Dinləmə zamanı ərizəçi ona qarşı bütün ittihamları rədd edərək həmin ittihamların lazımi qaydada sübut edilmədiyini və hər bir halda, bu ittihamların onun qeydiyyatının ləğvi üçün əsas ola bilməyəcəyini bildirib. Həmçinin qeyd edib ki, H.S. ona qarşı olan ittihamlarını geri götürüb və onların doğru olmadığını etiraf edib. Ərizəçi daha sonra bildirib ki, o, DSK-nın 29 oktyabr iclasına dəvət olunmayıb və DSK-nın qərarı ona bəlli olmayıb. Sonda o, tərəfdarlarının M.İ.-ın seçicilərilə görüşünə müdaxiləsilə bağlı ittihamların yalan olduğunu bildirib.
18. DSK tərəfindən təqdim olunan və əsasən yuxarıda qeyd olunan bir neçə seçiciyə - M.İ. və YAP-ın yerli nümayəndələrinə - mənsub olan yazılı şikayətlərin surətindən ibarət dəlilləri araşdıran Apellyasiya Məhkəməsi qərara gəlib ki, bu dəlillər Seçki Məcəlləsinin 88.1, 88.2 və 88.4-cü maddələrindən irəli gələn tələblərin ərizəçi tərəfindən pozulduğunu sübut etmək üçün yetərlidir və buna görə də ərizəçinin namizəd kimi qeydiyyatını ləğv edib.
19. Ərizəçi yuxarı insantnsiya məhkəməsinə müraciət edib. Digər məsələlərlə yanaşı qeyd edib ki, o, DSK-nın 29 oktyabr 2005-ci il tarixdə keçirilən görüşü barədə məlumatlandırılmayıb və Apellyasiya Məhkəməsindəki iclasa qədərki müddətdə nə DSK-nın qərarı, nə də ki, işlə bağlı hər hansı material ona bəlli olub. O, həmçinin qeyd edib ki, DSK-nın adı çəkilən görüşünün 25, yoxsa 29 oktyabr tarixdə keçirilməsi müvafiq sənədlərdə (bu sənədlər ona sonradan təqdim olunmuşdu) aydın deyil, çünki sənədlər ziddiyyətli və “saxta” olub. O, iddia edib ki, onun əleyhinə olan dəlillərin hamısı bir günün ərzində hazırlanıb və onun yanlış hərəkətləri ilə bağlı iddialar saxtadır və yalanlara əsaslanıb. O, daha sonra şikayətlənib ki, Apellyasiya Məhkəməsi şikayətlərin heç biri ilə bağlı dinləmə keçirməyib. “Seçicilərin şikayətlərinə” gəlincə, məhkəmə hətta şikayətlərin həqiqi şəxslər tərəfindən yazılıb-yazılmadığını aydınlaşdırmağa cəhd etməyib. Bununla yanaşı, H.S.-in ərizəçiyə qarşı ittihamlarını geri götürməsilə bağlı həm DSK-ya, həm də məhkəməyə müraciət etməsinə və məhkəmə iclasına şəxsən qatılmasına baxmayaraq, məhkəmə onu dinləməkdən imtina edib.
20. 5 noyabr 2005-ci ildə Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməyərək Apellyasiya Məhkəməsinin 31 oktyabr 2005-ci il tarixli qərarını qüvvədə saxlayıb. Məhkəmə qərara gəlib ki, Apellyasiya Məhkəməsi nə mahiyyət, nə də prosedur üzrə qanun pozuntusuna yol verib və işin materialları ərizəçinin arqumentlərini təsdiq etməyib.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Seçki Məcəlləsi
21. Seçki Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən, namizədlərin seçki proqramlarında, onların seçkiqabağı çıxışlarında və kütləvi informasiya vasitələrində yayımlanan təbliğat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən bəyanatlara yol verilməməlidir.
22. Seçki Məcəlləsinin 88-ci maddəsinin 2-ci bəndi namizədlərə seçkiqabağı təşviqat apararkən kütləvi informasiya vasitələrindən sosial, milli, irqi, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui istifadəni qadağan edir.
23. 2003-cü ilin Seçki Məcəlləsinin 88-ci maddəsinin 4-cü bəndi aşağıdakıları nəzərdə tutur:
88.4. Namizədlərə… aşağıdakı yollarla seçicilərin səslərini qazanmaq qadağan olunur:

88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);

88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;

88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;

88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;

88.4.5. seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.
24. Seçki Məcəlləsinin 113.1, 113.2.3 və 113.2.10-ci maddələrinə əsasən, müvafiq seçki komissiyaları məhkəməyə müraciət edərək Məcəllənin 88.2-88.4-cü maddələrilə qadağan olunan fəaliyyətlə məşğul olan namizədlərin qeydiyyatının ləğv edilməsini xahiş edə bilərlər.

25. Seçki komissiyalarının qərarlarına dair şikayətlərə məhkəmə baxışı üç gün ərzində araşdırılmalıdır (Seçki Məcəlləsi istisna olaraq daha qısa müddət nəzərdə tutmayıbsa). Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə müraciət müddəti də üç gündür (maddə 112.11).


B. Mülki Prosessual Məcəllə
26. Mülki Prosessual Məcəllənin 25-ci fəsli seçki hüquqlarının müdafiəsi ilə bağlı (və ya referendumda iştirakla bağlı) şikayətlərin araşdırılması qaydalarını müəyyən edir. 290-cı maddəyə əsasən, bu tip müraciətlər Seçki Məcəlləsində müəyyən olunmuş qaydalara uyğun olaraq birbaşa apellyasiya məhkəməsinə olunmalıdır.
27. Seçki günü və ya seçkidən sonrakı gün təqdim olunan şikayətlərə dərhal baxılmalıdır, bunun xaricində, seçki (referendum) hüquqlarının müdafiəsi ilə bağlı şikayətlərə daxil olduğu gündən üç gün ərzində baxılmalıdır (maddə 291.1). Məhkəmə işə ərizəçinin, müvafiq seçki komissiyasının nümayəndəsinin və digər maraqlı tərəflərin iştirakı ilə baxmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin məhkəməyə gəlməməsi məhkəmənin işə baxmasına mane olmur (maddə 291.1).
28. Apellyasiya Məhkəməsinin qərarından yuxarı instansiya məhkəməsinə (kassasiya məhkəməsinə) üç gün ərzində şikayət verilə bilər. Bu şikayətə də üç gün ərzində baxılmalıdır və ya şikayət seçki günü və ya seçkidən sonrakı gün verilibsə ona dərhal baxılmalıdır. Kassasiya Məhkəməsinin qərarı yekun qərar sayılır (maddə 292).
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
29. Konvensiyanın 1 saylı Protokolun 3-cü maddəsi və Konvensiyanın 10 və 13-cü maddələri əsasında şikayət edən ərizəçi bildirib ki, onun parlament seçkilərində namizədliklə bağlı qeydiyyatının ləğv olunması qanunsuzdur. Məhkəmə hesab edir ki, bu şikayətə ancaq Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi əsasında baxılmalıdır, həmin maddədə deyilir:
Yüksək Müqavilə Tərəfləri qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, gizli səsvermə yolu ilə, ağlabatan dövriliklə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.”
A. Qəbuledilənlik
30. Məhkəmə bildirir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. Məhkəmə daha sonra qeyd edir ki, şikayət hər hansı başqa səbəblərə görə qəbuledilməyən sayıla bilməz. Buna görə də o, qəbuledilən sayılmalıdır.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
31. Hökumət bildirdi ki, ərizəçinin qeydiyyatının ləğv olunmasında əsas tutulan Seçki Məcəlləsinin 88-ci maddəsi namizədlər üçün bərabər və ədalətli təşviqat şəraiti yaradılmasının təmin edilməsini nəzərdə tutur. Səs satın almaq və bu kimi digər qeyri-qanuni təbliğat metodları tətbiq edən namizədlərin qeydiyyatının ləğv olunması insanların seçki prosesində fikir və ifadə azadlıqlarının müdafiəsi kimi legitim məqsəd daşıyır və seçkilərin demokratik standartlara uyğun keçirilməsini təmin edir.
32. Hökumət iddia etdi ki, ərizəçi seçiciləri rüşvətlə ələ almağa cəhd etdiyi və bununla da öz təbliğatını qanunsuz şəkildə apardığı üçün onun qeydiyyatı ləğv olunub. Hökumətin söylədiklərinə görə, bu faktlar bir neçə seçicinin və digər namizədin yazılı şikayətləri ilə kifayət qədər sübuta yetirilib. Onlar qeyd etdilər ki, DSK 29 oktyabr 2005-ci il tarixli iclasını prosedur qaydalara uyğun şəkildə həyata keçirib və ərizəçinin namizədliyinin ləğv edilməsilə bağlı tələb əsasında əsaslandırılmış qərar çıxarıb. Bununla yanaşı, yerli məhkəmələrdə öz mövqeyini səmərəli və tam şəkildə müdafiə etmək üçün ərizəçiyə bütün imkanlar yaradılıb və həmin məhkəmələrdə “Seçki Məcəlləsinin tələblərin tam uyğun olan” qərarlar çıxarılıb.
33. Ərizəçi bildirdi ki, onun qeydiyyatının ləğv olunması üçün hər hansı faktiki və ya hüquqi əsaslar sübuta yetirilməyib. O, iddia etdi ki, onun qeydiyyatının qanunsuz ləğvi bir sıra vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən biri idi ki, bununla onlar öz vəzifə səlahiyyətlərini aşaraq özlərinə “sərfəli şərait” yaratmaq üçün Hökumətin namizədi olan M.İ.-nin seçkiləri qazanmasını təmin etmək məqsədilə seçki prosesinə təsir etməyə çalışıblar.
34. Ərizəçi qeyd etdi ki, onun namizədliyinin ləğvilə bağlı qərar qanunsuz olub və zəif, qeyri-kafi, mötəbər olmayan və saxta dəlillərə əsaslanıb. Ərizəçi xüsusilə qeyd etdi ki, H.S.-nin onu seçiciləri rüşvətlə ələ almağa cəhddə təqsirləndirən yazılı ittihamları DSK-nın məktublar və şikayətlərlə bağlı hesabatında müvafiq şəkildə qeydiyyata alınmayıb. Baxmayaraq ki, H.S.-in yazılı ittihamları sübut əhəmiyyətli mənbə kimi mütəmadi olaraq onun qeydiyyatının ləğvində istifadə olunub, yerli hakimiyyət orqanları və məhkəmələr onu heç vaxt dinləməyiblər və ittihamlarını geri götürməsilə və ərizəçini ittiham etmək niyyətinin olmaması ilə bağlı ardıcıl olaraq dəfələrlə verdiyi ərizələri nəzərə almayıblar.
35. Ərizəçi daha sonra bildirdi ki, onu müxtəlif qanunsuz təşviqat metodlarından istifadə etməkdə təqsirləndirən digər yazılı şikayətlər şəxsiyyəti müəyyən edilməmiş şəxslər tərəfindən yazılıb və açıq aşkar saxtadır. Bu şikayətlərin müəlliflərindən heç kim yerli məhkəmələrdəki dinləmələrdə şəxsən dindirilməyiblər. Bu yazılı şikayətlərdəki ittihamlar ya dəqiq olmayıb, ya da əsassız və ərizəçinin hər hansı yanlış hərəkətini sübut edən dəlil sayla bilməz.
36. Ərizəçi daha sonra bildirdi ki, DSK-nın 29 oktyabr 2005-ci il tarixdəki hərəkəti Seçki Məcəlləsinin bir sıra tələblərinin pozuntusudur. O, bu görüşdə iştirak üçün dəvət olunmayıb və DSK-nın qərarının surətilə vaxtında təmin olunmayıb. Bundan başqa, müvafiq sənədləri araşdırarkən belə bir görüşün ümumiyyətlə keçirilib-keçirilməməsi və hətta keçirilibsə belə, 29 oktyabr 2005-ci ildə keçirilməsi ciddi şübhələr yaradıb. DSK-nın bu görüşünün bir sıra detalları, məsələn görüşün keçirilmə tarixi, konkret hansı DSK üzvlərinin görüşdə iştirak etməsi, həmçinin onların necə səs verməsi kimi məsələlərlə bağlı qeyri-dəqiqlik olub. O daha sonra qeyd etdi ki, həm DSK-da, həm də yerli məhkəmələrdə dinləmələr məlum olmayan səbəblərdən, olduqca qısa keçirilib, olduqca qeyri-mötəbər dəlillərə əsaslanıb və ona qarşı ittihamların həqiqiliyini faktiki olaraq sübut edə bilməyib.
2. Məhkəmənin qiymətləndirməsi
37. Məhkəmə qeyd edir ki, onun 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulan seçkilərdə səmərəli iştirakla bağlı presidentlərinin xülasəsinə çoxsaylı başqa qərarlarda da rast gəlinə bilər, məsələn Orucov Azərbaycana qarşı (Nº 4508/06, § 40-42, 26 iyul 2011). Daha spesifik olaraq Məhkəmə bir daha təkrar olaraq qeyd edir ki, seçmək və seçilmək hüququ ilə bağlı məsələlərdə razılığa gələn Yüksək Tərəflərə geniş mülahizə sərbəstliyi verilsə belə, son olaraq 1 saylı Protokolun 3-cü maddəsinə əməl edilib edilməməlini müəyyən etmək Məhkəmənin səlahiyyətindədir; Dövlətin qoyduğu şərtlər mübahisə mövzusu olan hüquqların mahiyyətinə ziyan vuracaq dərəcədə onları məhdudlaşdırmamalı və onların səmərəliliyini azaltmamalıdır; onlar legitim məqsədin müəyyən olunması üçün zəruridir və istifadə olunan vasitələr qeyri-mütənasib və qanunsuz olmamalıdır (bax: Matieu-Mohin və Clerfayt Belçikaya qarşı, 2 mart 1987, § 52, Seriya A Nº 113; Gitonas və Başqaları Yunanıstana qarşı, 1 iyul 1997, 39-cu bənd, Hökmlərin və qərarların hesabatları 1997-IV; və Yumak və Sadak Türkiyəyə qarşı [GC], Nº 10226/03, § 109 (iii), 8 iyul 2008).
38. Məhkəmə qeyd edir ki, müvafiq işdə ədalətsiz və qeyri-qanuni vasitələrdən istifadə edərək seçki təbliğatı apararaq seçicilərin dəstəyini qazanan namizədlərin qeydiyyatının ləğvinə imkan verən Seçki Məcəlləsinin 88.1, 88.2, 88.4 və 113-cü maddələrinə əsasən ərizəçinin namizəd kimi qeydiyyatı ləğv edilib. 1 saylı Protokolun 3-cü maddəsi təminat verilən hüququn məhdudlaşdırılması zamanı “legitim məqsədlərin” nədən ibarət olduğu sadalamır və Konvensiyanın 8-11-ci maddələrində nəzərdə tutulan məqsədlərə də istinad etmir, bu səbəbdən də üzv Dövlətlər bu məsələdə Konvensiyanın maddələrində nəzərdə tutulmamış məqsədlərə əsaslanmaqda sərbəstdirlər, lakin bu zaman bu məqsədlərin hüququn aliliyi prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə uyğun olduğuna təminat verməlidirlər (bax: məsələn, Ždanoka Latviyaya qarşı, [GC], Nº 58278/00, § 115, AİHM 2006-IV). Məhkəmə, Hökumətin Seçki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş şərtlərin seçkiqabağı təbliğat zamanı bütün namizədlər üçün bərabər və ədalətli şəraitin təmin olunmasını və seçkinin demokratik prinsiplər əsasında həyata keçirilməsini nəzərdə tutan legitim məqsəd daşıması barədə arqumentini qəbul edir.
39. Bu zaman, hakimiyyətin qərarlarının qanunsuz və ya mütənasib olub olmadığını müəyyən etmək qalır.
40. Məhkəmə bir daha vurğulayır ki, onun qanunvericiliyin düzgün tətbiqini müəyyənləşdirmək səlahiyyəti məhduddur və bu məsələlərdə yerli məhkəmələrin rolunda çıxış edərək sübutları yoxlamaq və ya yerli qanunvericiliyi şərh etmək onun vəzifəsi deyil. Lakin buna baxmayaraq, müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinə uyğun olub olmadığını müəyyənləşdirmək məqsədilə Məhkəmə ərizəçiyə qarşı çıxarılmış qərarların kifayət qədər əsaslandırılmış olub-olmadığını müəyyənləşdirmək və ona qarşı qanun pozuntusu varsa bu pozuntunun qarşısını almaq üçün müvafiq daxili prosedurları və qərarları detallı şəkildə araşdırmalıdır (bax: müvafiq dəuişikliklərlə, Melnyçenko Ukraynaya qarşı, Nº 17707/02, 60-cı bənd, AİHM 2004-X).
41. Bundan əlavə, Məhkəmə bildirir ki, namizədin ədalətsiz və qanunsuz təbliğat metodlarından istifadə etməsi halları namizəd üçün ciddi nəticələrə səbəb ola bilər: o, seçkilərdə iştirak etmək haqqından məhrum edilə bilər. Konvensiya səmərəli fərdi seçki hüquqlarından istifadəyə təminat verdiyinə görə Məhkəmə hesab edir ki, namizədin qeydiyyatının qanunsuz ləğvinin qarşısını almaq üçün müvafiq daxili prosedurlar, namizədləri yanlış seçkiqabağı təbliğat hərəkətlərində təqsirləndirən qanunsuz və əsassız ittihamlardan müdafiə etmək üçün kifayət qədər vasitələrə sahib olmalı və namizədliyin ləğvi haqqında qərarlar ağlabatan, mötəbər və əsaslı sübutlara söykənməlidir (bax: Orucov, yuxarıda 46-cı bənd).
42. Hazırkı işdə namizədin qeydiyyatı iki səbəbdən ləğv olunub, o, seçicilərini rüşvətlə ələ almağa çalışıb və rəqibini təhqir edib və onun seçkiqabağı təbliğat xarakterli görüşünü dağıdıb.
43. Birinci əsasla bağlı yeganə sübut H.S.-in yazılı şikayətləri; orada ərizəçinin ona pul verərək əvəzində seçicilərin rüşvətlə ələ alınmasında vasitəçilik etməyini istədiyi yazılıb. Lakin Məhkəmə qeyd edir ki, H.S. DSK və yerli məhkəmələr tərəfindən bir dəfə də olsun şəxsən dindirilməyib, halbuki ərizəçiyə görə, 31 oktyabr 2005-ci il tarixli məhkəmə iclasında H.S. fiziki olaraq şəxsən məhkəmə binasında olub. Bununla yanaşı, 28 oktyabr 2005-ci il tarixli məhkəmənin iş materiallarından da görünür ki, H.S. istər müvafiq məhkəmələrə, istərsə də digər hakimiyyət orqanlarına dəfələrlə yazılı müraciət edərək ərizəçinin əleyhinə ittihamlar olan istənilən şikayəti geri götürdüyünü təkrar-təkrar bildirib. Lakin buna baxmayaraq, bu mütəmadi əriizələr yerli məhkəmələr tərəfindən nəzərə alınmayıb. Məhkəmə hesab edir ki, H.S.-in şəxsən dindirilməsi və onun mütəmadi ərizələrinin müvafiq şəkildə araşdırılması H.S.-in yazılı şikayətlərinin əslinin həqiqiliyinin yoxlanılması üçün əhəmiyyətli ola bilərdi. Bundan başqa, ortada ərizəçinin seçiciləri rüşvətlə ələ alması barədə ittihamları sübuta yetirəcək başqa bir dəlil olmayıb. Bu halda, Məhkəmə hesab edir ki, yerli məhkəmələrin əsaslandığı sübut yetərli deyil və hər bir halda, iş onun mötəbərliyinə legitim şübhələri aradan qaldıracaq şəkildə araşdırılmayıb.
44. Ərizəçinin namizədliyinin ləğvilə bağlı ikinci əsasa gəlincə, Məhkəmə qeyd edir ki, DSK-nın bununla bağlı məhkəməyə təqdim etdiyi sübutlar, ərizəçini xoş olmayan ifadələrlə rəqibini təhqir etməkdə ittiham edən, müxtəlif şəxslərin yazdığı ümumi sözlərdən ibarət qısa şikayət məktublarından və teleqramlardan ibarətdir (bax: yuxarıda 9-11-ci bəndlər). Məhkəmə qeyd edir ki, bu şikayətlərin heç biri ərizəçinin konkret olaraq hansı yanlış və ya qanunsuz hərəkəti haqqında (məlumat vermir (məsələn, hər hansı “təhqiramiz” bəyanat, hər hansı digər qanunsuz hərəkəti təsvir edən nümunələr və ya iddia edilən yanlış hərəkətlərin günü və vaxtı). Yəni, bütün bu ittihamlar çox qeyri-dəqiq sözlərlə ifadə olunan və əsaslandırılmamış iddialardan ibarət olub. Məhkəmələr şikayətlərin müəlliflərinin şəxsiyyətini müəyyənləşdirməyib, ərizəçinin dəqiq hansı yanlış hərəkətlərə yol verdiyini aydınlaşdırmaq üçün onlardan detallı məlumat almağa, həmin məlumatın digər əlavə sübutlarla təsdiq edilməsinə və ya o şikayətlərdən hər hansı birini şəxsən müəllifindən dinləməyə cəhd etməyib və nəticədə ərizəçiyə ona qarşı yönəlmiş ittihamlara qarşı özünü müdafiə etmək üçün imkan yaratmayıb. Beləliklə, bu yazılı ittihamlar nəinki ərizəçinin hər hansı qanunsuz hərəkətini, ümumiyyətlə hər hansı real şəraiti sübut edən dəlil sayıla bilməz. Belə halda, Məhkəmə hesab edir ki, yazılı şikayətlər və teleqramlar ərizəçinin yanlış hərəkətini sübut etmək üçün münasib, yetərli və adekvat şəkildə araşdırılmış dəlil hesab oluna bilməz.
45. DSK tərəfindən təqdim olunmuş digər sübut ərizəçini 28 oktyabr 2005-ci ildə M.İ.-nin öz seçiciləri ilə görüşünü dağıtmaqda ittiham edən, M.İ və digər YAP nümayəndələrinin yazdıqları şikayətlərdir (bax: yuxarıda 12-13-cü bəndlər). Məhkəmə qeyd edir ki, bu ittihamlar ərizəçinin seçkilərdəki əsas opponenti və onun siyasi tərəfkeşləri tərəfindən irəli sürülüb və bu səbəbdən də onların həqiqiliyini yoxlamaq üçün məhkəmələrdən əlavə araşdırılma aparılması tələb olunurdu. Lakin buna baxmayaraq, bu şikayətlərin sahiblərinin heç birisi məhkəmə tərəfindən çağırılaraq dindirilməyib. Bundan başqa, əgər ərizəçi M.İ.-nin öz seçiciləri ilə təbliğat görüşünə qanunsuz şəkildə müdaxilə edərək bu görüşü dağıtmaqda ittiham olunursa, o zaman bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin görüşə qatılmış çoxsaylı iştirakçılar, həmçinin digər şəxslər iddia edilən qarşıdurmanın şahidi olublar. Lakin məhkəmələr bu şahidlərin hər hansı birini taparaq dinləməyə və bu vasitəylə də M.İ. və YAP nümayəndələrinin iddia edilən qarşıdurmayla bağlı şikayətlərinin həqiqiliyini yoxlamağa və ərizəçi tərəfindən törədildiyi iddia edilən hərəkətlərin Seçki Məcəlləsinin müvafiq tələblərini pozub-pozmadığını dəqiqləşdirməyə cəhd etməyiblər.
46. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçinin ikinci əsasla namizədliyinin ləğvinin hüquqi zəmini kimi, yerli məhkəmələr Seçki Məcəlləsinin 88.1 və 88.2-ci maddəsinə əsaslanıblar. Halbuki, onlar qərarlarını, ərizəçinin qanunsuz hərəkətlərinin həmin maddələrin təminatı altına düşməsini təsnifatlandıran hər hansı sübutla əsaslandırmayıblar. Xüsusilə Məhkəmə qeyd edir ki, bütün şikayətlər ərizəçini ya opponentlərini “təhqir” etməkdə, ya da M.İ.-nin görüşünü dağıtmaqda ittiham edir və Məhkəmə bu hərəkətlərin, hətta onlar baş vermiş olsa belə, hansı şəkildə Seçki Məcəlləsinin 88.2-ci maddəsilə qadağan olunmuş “sosial, irqi, etnik və dini nifrət və düşmənçilik yaratmaqla mediada təşviqat hüququnu pozmaq” halı kimi qiymətləndirilə bilməsini anlamaqda çətinlik çəkir. Məhkəmə yerli məhkəmələrin əvəzinə qanunu şərh etmək səlahiyyətinə malik olmasa da, nəzərə alır ki, Seçki Məcəlləsinin 88.2-ci maddəsi, hərfi olaraq, ərizəçi tərəfindən törədildiyi iddia edilən yanlış hərəkətlərə tətbiq olunmur. Belə halda, Məhkəmə hesab edir ki, yerli məhkəmələr Seçki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tətbiqini hüquqi əsaslandırmadıqları üçün açıq-aşkar qanunsuz qərar çıxarıblar.
47. Yuxarıda qeyd olunmuş səbəblərə görə, Məhkəmə hesab edir ki, ərizəçinin qeydiyyatının ləğvi qeyri-münasib, yetərsiz və qeyri-adekvat şəkildə araşdırılan sübutlara əsaslanıb və yerli məhkəmələrin qərarları yetərli şəkildə hüquqi əsaslandırılmayıb.
48. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçiyə qanunsuzluğa qarşı özünü müdafiə etməkçün yetərli prosedur imkanlar verilməyib. Xüsusilə, 29 oktyabr 2005-ci ildə DSK öz iclası barədə ərizəçiyə məlumat verməyib, bununla onu DSK qarşısında öz hüquqlarını müdafiə etmək imkanından məhrum edib və bu yolla, onun etirazlarını dinləmədən və ya başqa sözlə, vəziyyəti ətraflı şəkildə öyrənməyə cəhd göstərmədən, ərizəçinin namizədlik qeydiyyatının ləğv olunmasını xahiş edib. Nəhayət, DSK-nın Apellyasiya Məhkəməsinə işi araşdırmaqla bağlı müraciətinə gəlincə, ərizəçi məhkəmə iclası barədə onun başlanmasına çox az müddət qalmış məlumatlandırıldığı üçün onun iş materialları ilə tanış olması və öz müdafiəsi üçün arqumentlər hazırlaması üçün kifayət qədər vaxtı olmayıb. Məhkəmə bir daha qeyd edir ki, vaxtın qısa müddətliliyi seçki prosesinin yubanmasının qarşısının alınması üçün məqsədəmüvafiq və vacib hesab edilir, lakin buna baxmayaraq bu yubatma, bəzən, əsaslandırılmış olsa belə seçki prosesinin səmərəliliyinin zəiflədilməsinə səbəb olmamalıdır (bax: müvafiq dəyişikliklərlə, Namət Əliyev Azərbaycana qarşı, Nº 18705/06, 90-cı bənd, 8 aprel 2010) və ya insanları, onları seçkilə bağlı yanlış hərəkətlər törətməkdə təqsirləndirən ittihamlardan səmərəli müdafiə olunmaq imkanından məhrum etməməlidir (bax: Orucov, yuxarıda 56-cı bənd). Hazırkı işdə görünür ki, ərizəçinin namizədliyinin ləğvilə bağlı araşdırma haqda ona ağlabatan müddət öncə xəbər verilməyib, bu, onun üçün gözlənilməz olub və onu məhkəmə iclasına hazırlaşmaq imkanından məhrum edib. Nəhayət, yerli məhkəmələr məhkəmə araşdırması zamanı və kassasiya şikayətinə baxılması zamanı ərizəçinin etirazlarını nəzərə almayıb və bu etirazlara əsaslandırılmış cavablar verməyib.
49. Yuxarıdakı hallar Məhkəməyə əsas verir ki, ərizəçinin seçki hüquqlarına edilən müdaxilənin 1 saylı Protokolun 3-cü maddəsinin təsiri altına düşməsi qərarına gəlsin. Xüsusilə, ərizəçinin namizədlik qeydiyyatının ləğv olunması yetərli və müvafiq sübutlarla sübuta yetirilməyib; seçki komissiyasının və yerli məhkəmələrin prosedurları ərizəçiyə özünü ona qarşı olan qanunsuzluqdan müdafiə edə bilmək imkanı verməyiblər; və yerli məhkəmələrin qərarları yetərli əsaslara söykənməyib və qanunsuzdur.
50. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi pozulub.
II. KONVENSİYANIN İDDİA EDİLƏN 6-ci MADDƏSİNİN POZUNTUSU
51. Ərizəçi Konvensiyanın 6-cı maddəsi altında şikayət edərək bildirib ki, yerli məhkəmələrin məhkəmə prosesləri ədalətsiz və qanunsuz olub.
Mülki hüquq və azadlıqların müəyyənləşdirilməsində… hər kəsin… məhkəmə tərəfindən… ədalətli… məhkəmə araşdırması hüququ var…”
52. Məhkəmə qeyd edir ki, müzakirə olunan prosedurlar ərizəçinin parlament seçkilərində namizəd kimi iştirak etmək hüququnun müəyyənləşdirilməsini nəzərdə tutur. Buna görə də, bu məsələ üzrə mübahisə, ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “mülki hüquq və vəzifələrilə” deyil, sırf siyasi hüquqları ilə əlaqədardır (bax: Pierre-Bloç Fransaya qarşı, 21 oktyabr 1997, 50-ci bənd, Hesabatlar 1997-VI; Çerepkov Rusiyaya qarşı (dec.), Nº 51501/99, AİHM 2000-I; Ždanoka Lativiyaya qarşı (dec.), Nº 58278/00, 6 mart 2003; və Mütəllibov Azərbaycana qarşı (dec.), Nº 31799/03, 19 fevral 2004). Göründüyü kimi, Konvensiyanın bu maddəsi şikayət olunmuş prosedurlara tətbiq olunmur.
53. Bu o deməkdir ki, bu şikayət Konvensiyanın 35 § 3 (a) maddəsinin tələblərinə ratione materiae uyğun deyil və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
54. Konvensiyanın 41-ci maddəsində deyilir:
Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
1. Maddi ziyan
55. Ərizəçi, Milli Məclisə seçiləcəyi halda parlament üzvü kimi alacağı əldən çıxmış məvacib və seçki təbliğatı üçün xərclənmiş və istifadəsinin səmərəliliyini itirən fondlar da daxil olmaqla maddi ziyan olaraq 101,346 Azərbaycan manatı (AZN) tələb etdi.
56. Hökumət buna qarşı çıxdı və bildirdi ki, bu iddiaları sənədlərlə təsdiq edən yetərli sübut təqdim olunmayıb.
57. Əldən çıxmış fayda ilə bağlı tələbə gəlincə, hazırkı şikayət ərizəçinin seçkilərdə iştirak etmək hüququ ilə bağlıdır. Fərz edilə bilməz ki, ərizəçinin namizəd kimi qeydiyyatı ləğv olunmayacağı halda o, mütləq həmin dairə üzrə seçkilərdə qalib gələrək parlamentin üzvü olacaqdı. Buna görə də, Məhkəmənin ərizəçinin parlament üzvü kimi məvacib alacağı barədə fərziyə irəli sürməsi mümkünsüzdür. Buna müvafiq olaraq, iddia edilən maddi ziyanla baş vermiş pozuntu arasında hər hansı bir səbəbli əlaqə tapılmayıb (bax: Seyidzadə Azərbaycana qarşı, Nº 37700/05, 50-ci bənd, 3 dekabr 2009).
58. Həmçinin, seçki təbliğatı zamanı çəkilən xərclərə gəlincə də, Məhkəmə pozulan hüquqla maddi ziyan arasında səbəbli əlaqə görmür.
59. Yuxarıdakı səbəblərə görə, Məhkəmə maddi ziyanla bağlı tələbi rədd edir.
2. Mənəvi ziyan
60. Ərizəçi mənəvi ziyana görə 21.000 avro tələb etdi.
61. Hökumət bu məbləğin həddən artıq olduğunu bildirdi.
62. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyandan əziyyət çəkib və bu, sadəcə, Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozuntusunun tanınması ilə kompensasiya edilə bilməz. Məhkəmə ədalət prinsipi əsasında, mənəvi ziyana görə ərizəçiyə 7.500 avro təyin edir; bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
B. Məhkəmə xərcləri və digər məsrəflər
63. Ərizəçi məhkəmə xərcləri və digər məsrəflər üçün, hüquqi xidmətlər üçün vəkilinə ödənilən 1.500 AZN və vəkilinə ödənilməmiş olan 2.000 AZN də daxil olmaqla, 3.500 AZN tələb etdi.
64. Hökumət etiraz edərək bu məbləğin həddən artıq və əsassız olduğunu və əslində, bu qədər xərclərin olmadığını iddia etdi.
65. Məhkəmənin president hüququna uyğun olaraq, ərizəçiyə çəkdiyi məhkəmə xərcləri və digər məsrəflər o zaman geri ödənilə bilir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Bu işdə əlindəki məlumatları və yuxarıda qeyd edilən meyarları nəzərə alaraq, Məhkəmə bu bənd üzrə bütün xərcləri əhatə etmək üçün 1.385 avro məbləğini təyin etməyi ağlabatan hesab edir, ərizəçidən tutula bilən hər hansı vergi məbləği də bu məbləğin üzərinə əlavə olunmalıdır.
C. İcranın gecikdirilməsinə görə faiz
66. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Şikayəti Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi üzrə qəbuledilən və ərizədəki digər şikayətləri qabuledilməyən elan edir;
2. Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsinin pozuntusunu qərara alır;
3. Qərara alır ki
(a) Cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevirərək ərizəçiyə ödəməlidir:
(i) mənəvi ziyana görə 7.500 avro (yeddi min beş yüz avro), üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləği; və
(ii) Məhkəmə xərcləri və digər məsrəflərə görə 1.385 avro (bir min üç yüz səksən beş avro), üstəgəl ərizəçidən tutula bilən hər hansı vergi məbləği;
(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
4. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 28 fevral 2012-ci ildə qərar barədə yazılı məlumat verilib.
Søren Nielsen Nina Vajić

Sədr


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə