AŞiq musa əSƏRLƏRİ baki 2013




Yüklə 0.56 Mb.
səhifə3/4
tarix22.02.2016
ölçüsü0.56 Mb.
1   2   3   4

Aldı Musa:

Məclisləri abad eylər,

Nə günahı telli sazın?

Məlul könüllər şad eylər,

Nə günahı telli sazın?
Töycüsün qatmır qələmə,

Zülüm eləmir aləmə.

Pulunu vermir sələmə,

Nə günahı telli sazın.


Yeki şəcər, yeki dəmir,

Ara vurmur, yalan demir.

Qazı kimi rüşvət yemir,

Nə günahı telli sazın?

Yalan demir, yoldan azmır,

İblis kimi ara pozmur.

Molla kimi cadu yazmır,

Nə günahı telli sazın?


Musa vəsfin söylər saza,

Eşidən gələr avaza.

Axund deyil, əhdin poza,

Nə günahı telli sazın?

Axund Qulam çıxmaq istəyəndə Molla Vəli dedi ki, hara çıxırsan? Bu dünənki uşaqdı, ağzın­dan süd iyi gəlir, qoy bunun qabağına elə bir daş dığırlayım ki, heç yerindən tərpənə bilməsin. Axund sevinib mollaya işarə elədi ki, amandı bunu bir təhər camaatın içində biabır et, yoxsa el içində hör­mətdən düşəcəyik. Hər ağzının sözünü danışa bilməyən deyəcək ki, Arazın o tərəfindən gəlmiş bir aşıq Axund Qulamnan Molla Vəlini bihörmət eləyibdi. Axund Qulamın sözlərindən qeyzə gələn Molla Vəli bir bağlamaynan Musanı bağlayaca­ğına əmin olub alır görək nə deyir:

Aldı Molla Vəli:

Aşıqsansa gir meydana, gəl elə dövran görək,

Qammırsansa oxu, öyrən, urufatdan qan görək.

Bulunmadı bu dünyada nə bir dərman, nə çara,

Tapılmadı dərdinə bir nəfər Loğman gərək.
Aldı Aşıq Musa:

Fələk, sənlə əlləşməyə bir belə meydan gərək,

Tut əlimi fürsət ola xak ilə yeksan gərək.

Əyyuba saldın yara, atdılar səhralara,

Tapılmadı dərdlərinə bir sənə dərman gərək.
Aldı Molla Vəli:

O kimiydi həmdəm oldu, daldı qəm dəryasına?

O kimiydi töhvəsini verdilər anasına?

O kimiydi hardan gəldi, de bir kəsin yasına,

Açıla hər mənası, qalmaya pünhan gərək.
Aldı Aşıq Musa:

Nuşirəvan gör nə halda girdi qəm dəryasına,

İsgəndərdi vəsiyyətin göndərən anasına.

Yomənhudan Yaqub gəldi taxtı Nadir yasına,

Özü durdu namazına ol sirri sübhan gərək.
Aldı Molla Vəli:

Kal ilə əlləşənin gərək özü kal ola,

Bacarmasa danışmaya əlif qəddi dal ola.

Buraxmaram yaxına dərdi qəmin bol ola,

Hamı bizə baş endirib gətirsin iman gərək.
Aldı Aşıq Musa:

Qəzəbimdən qorxmursanmı birdən qovğa qal olar,

Məhşər günü qıl körpüdə dilin tamam lal ola.

Dözə bilməz qabağımda yüz Urustam Zal ola,

Dərdi dilim yazmaq üçün bir əsr zaman gərək.
Aldı Molla Vəli:

Molla Vəli, bilirsənmi aşıq səni edər xar,

Onun neçə fırıldağı, min cürə hiyləsi var.

Gəl şeytana qulluq etmə, bu sənətdən ol kənar,

Aşıqlara qismət olmaz, öləndə Qurban gərək.
Aldı Aşıq Musa:

Həm Kərimdi, həm rəhimdi, həm də min bir adı var,

Şahi-Mərdan, Şiri Yəzdan qoy özü versin qərar.

Musa deyər, cəhənnəmdə yeriniz var mollalar,

Sizdən sorğu-sual alan Sahibi Zaman gərək.

Məclisdəki camaat aşığın biliyinə, bacarığına heyran qaldı. Amma Qulamnan Molla Vəli camaa­tın içində biabır olduqlarınnan yaman pərtiydilər. Ona görə də məclisi tərk edib aradan çıxdılar. Bir yandan axundnan mollanı bağlaması, bir yandan da camaatın “bərəkallah oğul aşıq belə olar”, – de­mə­si Musanı daha da coşdurdu. O çalıb oxuduqca hamı valeh olurdu. Musa məclisdə dövranı davam etdir­məkdə olsun, sizə kimdən xəbər verim Axund Qu­lamdan. Axund Qulamın bir qardaşı oğlu varıy­dı. Adına Qoçaq Qılman deyərdilər. Qoçaq Qılmanın adı bütün Osmanlını, Türküstanı, İranı götürmüşdü. Onun adı gələndə bəylərin, xanların kürkünə birə dü­şərdi. Qardaşı oğlunun qoçaqlığına güvənən Axund Qulam oradan birbaşa Qoçaq Qıl­manın ya­nı­na gəldi. O əhvalatın birinin üstünə də beşini qo­yub Qılmana danışdı. Toyda bir cavan aşığın onları bağlama­sını, el içində xar eləməsini Qılmana nağıl elədi. Özü də dönə-dönə tapşırdı ki, oğul gərək sən onu qanına qəltan eləyəsən. Onun me­yitini ata-ana­sına peşkaş göndərməsəm, bu pa­paq mənə haram olsun. Əmisinin bu sözləri Qoçaq Qılmanı lap dəli elədi. Hələ indiyəcən əmisinin qabağından dillə­nən olmamışdı. Bir az asıb-kəsən­dən sonra dedi:

– Əmi, lap arxayın ol, sabah mən özüm on­nan haqq-hesabı çürüdəcəm.

Sabah açıldı, üzünüzə xeyirli sabahlar açıl­sın. Qoçaq Qılman Xudaverdilərə adam göndərdi ki, halı olun görək həmin aşıq ordadımı? Xəbər gəldi ki, onlar xoruz banından qabaq Qaraxan ma­ha­lına yola düşüblər. Qoçaq Qılman əhvalatı dü­rüst biləndən sonra on nəfər də başına yığıb Aşıq Musanın dalınca yollandı. Qılman öz dəstə­siy­nən kəsə yolla gəlib Musagilin gəldiyi yolun bəndər­ga­hını kəsdi. Aşıq Musa bir azdan yol­daşlarınnan gəlib çatdı bəndərgaha. Bəndərgahdan keçmək is­tə­yirdilər ki, Qoçaq Qılmanın dəstəsi onların qaba­ğını kəsdi. Hələ onlar gəlməmişdən Qoçaq Qılman yoldaşlarına demişdi ki, əgər o aşıq qorxaq adam olsa, onun canını buradaca alacam. Yox, əgər mərd adam olsa, bilirsiniz mənim mərd adamdan xo­şum gəlir, ona heç nə eliyəsi deyiləm. Elə ki, Qılman Aşıq Musanın qabağını kəsdi. Baxıb gördü ki, Aşıq Musa boylu-buxunlu bir oğlandı. Zalım oğlu elə bil xudavəndi aləmin qüdrət qələmindən çıxıb Atın üstündə qoç Koroğlu kimi oturub cəsa­rət­nən Qılmana baxır. Bu zaman Qılman Aşıq Mu­saya hədə-qorxu gəlməyə başladı ki, qılıncı sal, özün də atdan yerə düş.

– Qardaş, igid adam el aşığına toxunmaz, – deyə Musa cavab verdi.

Musanın belə mülayim cavab verdiyini görən Qılman bir az da ucadan qışqırdı.

– Aşıq, atdan düş, özün də qılıncı sal. Əgər de­­diyimizi eləməsən, onda sana aşıqlığını göstə­rərik.

Musa gördü ki, bunlar qışqırdıqca balabançı, Novruz da, onları toya aparan adam da atdan dü­şüb atları qaçaqlara vermək istəyirlər. Onsuz da Musanın səbri tükənmişdi. Novruzgili də belə görəndə qanı bərk qaraldı. Odur ki, atın başını hər­ləyib Qoçaq Qılmanın qabağında dayandı. Dedi:

– Qardaş, görürəm ki, on nəfərsiniz. Onu bi­lin ki, yüz nəfər də olsanız mən nə at verən deyi­ləm, nə də qılınc. Kişisən, gir meydana. Yanım­dakı iki nəfər də indidən siz tərəfə keçir. On iki siz olun, bir də mən. Allahı çağırıb çəkirəm qılıncı. Ya Allah sizə verər, ya da mana.

Qılman baxıb gördü ki, bu doğrudan da qa­nın­nan qorxan adama oxşamır. Odur ki, Musanın mərd­liyini belə yoxlamaq üçün keçdi hərbə-zor­baya:



Qılman:

Çox da havalanıb aşığam demə,

İgidsənsə gör meydanda döş indi.

Yaxşı yerdə gəlib düşdün cəngimə,

İtər ağlın, huşun olar çaş indi.
Aşıq Musa:

Yalqız görüb nə durubsan yoluma,

Görünərəm gözlərinə beş indi.

Qeyzə gəlib qılınc alsam əlimə

Cəmdək düşər, dığırlanar baş indi.
Qılman:

Qılınc çəkər dörd elərəm gözünü,

Anan, bacın bir də görməz üzünü.

Canın allam, sındıraram sazını,

Ələnməsə gözlərindən yaş indi.


Aşıq Musa:

İsgəndər tək suvar ollam yəhərə,

Baxarsan igiddə olan hünərə.

Koroğlu tək coşub çəksəm bir nərə,

Lərzə gəlir bu dağ, dərə, daş indi.
Qılman:

Tutaram yolları, bağlaram bəndi,

Ataram boynuna indi kəməndi.

Gətir ver əlinlə özün səməndi,

İstəmirsən, di yəhərdən aş indi.
Aşıq Musa:

Aldanma dünyanın şövkət-şanına,

Şir gərək bulansın şirin qanına.

Ər igid lazımdır nər meydanına,

İstəyirsən vuraq başa-baş indi.

Qoçaq Qılman baxdı ki, yox, bu aşığın heç tükü də tərpənmir. Hədə-qorxuya hədə-qorxuynan cavab verir. Öz özünə dedi:

– Gəl özünü isnad ver, bəlkə ad-sanından çəkinə. Yox, əgər, bu sınaqdan da çıxsa, daha bun­nan heç bir işim yoxdu.

Qılman:

Tanımırsan sən adımı, sanımı,

Mərd meydanda əsirgəməm canımı.

Aləmlər alışar tutsam yönümü,

Başın gedər, qalar cəsəd, leş indi.
Aşıq Musa:

Nərə çəkib üz çevirsəm meydana,

Baxmaram sultana, baxmaram xana.

Dağ, dərə, çöl-çəmən boyanar qana,

Qoymam qala daş üstündə daş indi.
Qılman:

Adım Qoçaq Qılman qoy deyim tanı,

Gəzmişəm ərəbi, farsı, osmanı.

Mərd igid yolunda qoyaram canı,

Əl tutaq gəl olaq biz qardaş indi.
Aşıq Musa:

Adım Aşıq Musa, Göyçə mahalım,

Dar ayaqda dəyişərmi heç halım.

Bac almışam, bac verməyə, ay zalım,

Danışırsan, gəl danışaq xoş indi.

Qılman irəli yeriyib Musa ilə əl tutdu. Onlar əhd-peyman bağlayıb elə buradaca qardaş oldular. O, Aşıq Musanı yoldaşlarınnan evə gətirib böyük bir ziyafət düzəltdi. Dost-tanış hamısı yeyib-içib sa­bahın gözü açılanacan əyləndilər. Bildiyimiz ki­mi Musanı Qaraxan mahalında gözləyirdilər. Bunu yada salan Musa Qoçaq Qılmandan yola düşməyə icazə istədi. Yola düşəndə Qılman ondan xahiş elədi ki, qayıdanda bizə dəyməmiş getməyin, bir də Novruzun xətrinə dəymə. Nə isə bunlar bura­dan birbaş toy evinə gəldilər. Toy beş gün idi ki, davam eləyirdi. Aşıq Musa da öz məlahətli səsiy­nən camaatı heyran qoymuşdu. Bu beş gündə onun adı bütün mahala yayılmış, sorağı gedib Mələknisə xanıma çatmışdı.

İndi gəlin görək kimiydi bu Mələknisə xanım.

Mələknisə xanım bu torpağın addı-sannı, öz izzət-hörmətinən tanınmış aşıqlarından biriydi. Ha­­rada aşıq görsə, deyişib onu bağlayardı. Hər yerdə car çəkdirmişdi ki, onuncu aşığı bağlayan­dan sonra başını kəsdirib arasından keçəcək. Elə ki, Mələknisə xanım eşitdi təzə bir aşıq gəlib, Qa­ra­xan mahalında toy yola salır, çox məmnun qaldı. Tez faytonçuya əmr elədi ki, faytonu Qaraxan ma­halına sürsün. Axır ki onlar gəlib toy olan məclisə yetişdilər. Mələknisə xanım gördü ki, bu bir cavan oğlandı. Amma boy-buxunundan, yerişinnən, du­ru­şun­nan elə bil Koroğlunun Xan Eyvazıdı. Bunu görəndə elə bil ürəyinə neştər soxdular. Amma özü­nü toxtatdı, “Aşıq nə cürətnən bu torpaqda aşıq­lıq eləyirsən?” – dedi: Məgər öz canından qorxmur­sanmı gəlib buralara çıxıbsan? De görüm kimsən, nəçisən? Nə cürətnən mənim meydanımda at oynadırsan? Musa cavab verdi ki, Arazın o tayınnanam. Mələknisə xanım qəzəblənib dedi:

– Ya bu saat məclisdən çıxmalı, ya da mən­nən deyişməlisən. Əgər sən məni bağlasan, mən səninəm. Yox, əgər mən səni bağlasam, onda özün­­dən küs. Səni özümə qurban kəsib, doqquz aşığın da alnına damğa vurub qul eliyəcəm.

Bu sözləri deyib sazı şux sinəsinin üstünə aldı. Görək Aşıq Musaya nə dedi və Aşıq Musa Mələknisə xanıma nə cavab verdi:



Mələknisə xanım:

Əcəm oğlu çatıb ömrünün sonu,

Saldın öz cismini nara yetişdin.

Aşıq axtarırdım alam canını,

Öz əlinlə özün dara yetişdin.
Aşıq Musa:

Türk balası sənə deyim halımı,

Gəzirdim dərdimə çara, yetişdim.

Tele salıb bu diyardan yolumu,

Mələk misal bir nigara yetişdim.
Mələknisə xanım:

Doqquz aşıq saldırmışam zindana,

Gələn yoxdu, car çəkdirdim hər yana.

Əcəl çəkib səni mərdi-meydana,

Qurban gəlib sən onlara yetişdin.
Aşıq Musa:

Qəlbimə toxunma yaman kövrəkdir,

Qamətin huridi, cismin mələkdi.

Qaşalrın kamandı, gözün qəşəngdi,

Camalındı mahi para yetişdim.
Mələknisə xanım:

Mələknisə xanım coşmayıb hələ,

Coşanda canına düşər vəlvələ.

Soldurram sifətin bənzəyir külə,

Vaxt tamamdı, gəlib tora yetişdin.
Aşıq Musa:

Mən musayam, isnad verim sanımı,

Qovğa salma, gəl qaraltma qanımı.

“Hə” de qurtar, qurban verim canımı,

Hamı desin düz ilqara yetişdim.

Musanın belə deməsi Mələknisə xanımın xo­şuna gəlsə də, özünü o yerə qoymadı. Üz-gözünü turşudub: – Aşıq başınnan yekə qələt eləmə... Əv­vəl­cə bir gör başını qoruya bilirsənmi? Sonra nə qədər istəsən oxuyarsan,– dedi.

Mələknisə xanımın qəzəblənməsini, asıb-kəs­­məsini Musada eşidəsi halmı qalmışdı? Onun gözləri Mələknisə xanımın xətti-xalınnan, fikri ala buluddaydı. Aşığın ixtiyarı əldən verdiyini hiss eləyən Mələknisə xanım aldı görək nə dedi:

Ölümünmü yetib, aşıq,

Göz tikib hara baxırsan?

İndi alaram canını

Çəkdirrəm dara, baxırsan.
Aşıq Musa:

Qurbanınam Nisə xanım,

Qaşındı qara, baxıram.

Ala gözlər alır canım,

Qoynunda nara baxıram.
Mələknisə xanım:

Yaman çaşıbsan yolunnan,

Niyə qorxmursan ölümnən?

Tənab saldırram dilinnən,

Vuraram yara, baxırsan.
Aşıq Musa:

Bülbül gəzər budaq-budaq,

Gəl, sinəmə çəkmə sən dağ.

Lalə yanaq, o gül buxaq,

Bənzəyir qara, baxıram.

Elə bil bu sözlər Mələknisə xanımı dəli-di­vanə elədi. Hələ indiyə kimi heç kəs ona belə söz­lər deməyə cürət eləməmişdi. Dedi: Yaxşı, indi gör sənin başına nə gətirərəm!



Mələknisə xanım:

Mələknisə ay aslandı,

El-obası Qaraxandı.

Ay yazıq, əslin hardandı?

Yanarsan nara baxırsan.
Aşıq Musa:

Aşıq Musayam Göyçəli,

Eşqindən olmuşam dəli.

Sənsən bəxtimin əzəli,

Yetmişəm yara baxıram.

Elə bu yerdə aşıqları çörəyə dəvət elədilər. Aşıq­lar da, qonaqlar da çörək yeməkdə olsun, sizə kimdən deyim Qoçaq Qılmandan. Qılman eşitdi ki, Mələknisə xanım Qaraxan mahalında cavan bir aşıqnan deyişir. Dedi:

– Uşaqlar, ürəyimə damıb, o deyişən aşıq Musa olacaq. Qərib adamdı. Birdən Mələknisə xa­nım onu bağlayar, öldürtdürüb eliyər. Gedək bir tərəf­də oturaq. Qoy, heç Musa da bizi tanıma­sın. Əgər başına bir iş gəlsə, onda köməklik eləyərik.

Beləliknən, onlar on-on beş nəfər olardılar, gəlib toy paltarında bir tərəfdə oturdular. Amma Musanın bunlardan xəbəri olmadı. Elə ki, çörəyi yeyib qurtardılar Mələknisə xanım dedi:

– Aşıq, cavansan, qərib oğlansan. Yaxşısı bu­du qalx, bu camaatın içində mənnən üzr istə, mən də səni bu camaata bağışlayım. Amma səni bir də bu türk torpağında aşıq libasında görməyim.

Aşıq Musa dedi:

– Xanım, niyə qəzəblənirsən, mən buraya sa­vaş­mağa gəlməmişəm. Məni bura Allahın yazısı, qədəri gətirib. Qulaq as, nəyə gəldiyimi sənə saz­nan deyim:

Aşıq Musa:

Pərvanə tək düşüb eşqin oduna,

Bir şam kimi yana-yana gəlmişəm.

İzin versən, dolanaram başına,

Doğru əhdə, düz peymana gəlmişəm.

Mələknisə xanımın ciyəri od-tutub alışdı. Dedi:

– Əyə, qırışmal, Osmanlıda mənim meyda­nıma çıxan bir igid tapılmadı. Indi sən kimsən, haranın acı-gicisən ki, mana əhddən-peymandan danışırsan?! Sənin arzunu ürəyində, murazını gö­zün­də qoymaq mənə borc olsun. Aldı görək Mə­ləknisə xanım nə dedi:

Bir de usanıbsan yoxsa canından?

Bilirsənmi nə məkana gəlmisən?

Ağlı olan qorxar haqq divanından,

Ya dəlisən ya divana gəlmisən.
Aşıq Musa:

Rüstəm Zal da ötə bilməz yanımnan,

Çox igidlər gəlib keçib sanımnan.

Öldürsələr qorxum yoxdu qanımnan,

Tərlan şikarıdı, ona gəlmişəm.
Mələknisə xanım:

Çəkdirrəm çar mıxa, çəkdirrəm dara,

Vurdurram boynunu açıq-aşkara.

Saldırram zindana, bağlarsan yara,

Boyadaram səni qana gəlmisən.
Aşıq Musa:

Quraram ərəsət-mənşər divanı,

Onda tanıyarsan Aşıq Musanı.

Lap olsan da Osmanlının sultanı,

Aparmağa bir nişana gəlmişəm.
Mələknisə xanım:

Adım Mələknisə qoy deyim, tanı,

Mənəm bu torpağın ağası, xanı.

Əcəlin yetişib verərsən canı,

Nə cürətnən bu meydana gəlmisən.

Mələknisə xanım gördü ki, yox bu aşıq kök­lü bir qaya kimi yerinnən qopmur. Əlacı kəsilən Mələknisə xanım öz-özünə dedi: Yaxşısı budu, gəl buna bir qıfılbənd de qoy aça bilməsin. Bəlkə bunun dilini qıfılbənd kəsə.

O, sazı hərləyib yenə Musanın qabağında da­yandı. Dedi:

– Aşıq, sənə demədimmi qürbət eldən gəl­mi­sən. Üzr istəməsən də, səni azad eləyirəm. Görü­rəm camaatın sənə yazığı gəlir. Sazını da götür, sakitcə buradan uzaqlaş.

Musa dedi:

– Xanım, əvvəla, camaata da qurban olum, sana da. Ondan keçən yerdə mən kişiyəm. Bilir­sən­mi, kişilər ölümə də mərdi-mərdana gedir!

Mələknisə xanım dedi:

– Aşıq, qərib qanı tökmək istəmirdim. İndi ki, əl çəkmək istəmirsən, neyliyək, sana bir qarış torpağı birtəhər taparıq:

Ver görüm cavabım, ay əcəm oğlu,

Neçə ismə, neçə guşə bağlıdı?

Neçəsi zeynəndi neçəsi teynən

Yalqızdımı, yoxsa qoşa bağlıdı?


Aşıq Musa:

Eşit bu ərzimi ay Nisə xanım,

Mürğı-ruhum hilal qaşa bağlıdı.

İyirmi səkkiz hərif, otuz cüz aya,

Zey zəbərnən otuz beşə bağlıdı.
Mələknisə xanım:

Anla, sözlərimin var qeyri qəsdi,

Yetirmi haraya, yetirmi dəsti?

O hansı kimsədi o hansı kəsdi

Ömürrük var, bax üç peşə bağlıdı?
Aşıq Musa:

İstəyirsən deyim o min bir addan,

Dəstimdən tutanı çıxardım oddan.

Oruc tut, namaz qıl, çıxarma yaddan,

Səxarət hamsından başa bağlıdı.
Mələknisə xanım:

Mələknisə deyər şiri-nər kimi,

Xırıd et sözlərim dür-gövgər kimi.

Kim çəkib binanı, kim qoyub himi

De kimlərdi göstərişə bağlıdı?
Aşıq Musa:

Aşıq Musa eylər dilində əzbər,

Haqq evinin himin qoyub ərənlər.

Məhəmməd hümməti mənəm deyənlər

Salam dini var, həmişə bağlıdı.

Mələknisə xanım gördü haradan deyir, aşıq Musa oradan kəsir. Bir neçə cavana gizlicə işarə elədi ki, birtəhər meydanı qatıb bunu aradan çıxa­rın. Qoçaq Qılman dəstəsi ilə birlikdə bir tərəfdə otur­muşdu. Elə ki, mətləbdən hali oldu, tez yerin­dən sıçrayıb ayağa qalxdı, əlini atb qılıncını yapın­cısının altından çıxartdı. Yanındakı bütün yoldaş­ları da əllərində siyirmə qılınc camaatı dövrəyə al­dı. Qoçaq Qılman sözümüz sözdü, – dedi. Bir nə­fər yerindən tərpənməsin.

Sonra o, Mələknisə xanıma üzünü çevirib dedi:

– Xanım, bir xeyli vaxtdı burdayıq. Sən zə­nən xeylağı olduğuna görə Musa səni irəli buraxıb. Sən də necə istəyirsən onnan rəftar eləyirsən. İndi bu camaatın gözünün qabağında Musa deyəcək, sən də cavab verəcəksən. Kim kimi bağladığı onda məlum olar.

Qılman bu sözləri deyib üzünü Musaya tutdu.

– Aşıq qardaş, indi də sən de, görək nə deyir­sən. Biz də görək Aşıq Musa necə deyir, Mələk­nisə xanım ona nə cür cavab verir:



Aşıq Musa:

Səndən xəbər alım ay, Nisə xanım,

Ərş-asiman nəyin üstə dayandı?

De harda quruldu haqqın divanı,

Məkkənin kərpici nəynən boyandı?
Allahın evinə kim getdi qabax,

Nədən qərar tapdı bu axşam, sabah.

Dünya nə dondaydı Adəmdən qabaq,

O kimdi yatmışdı birdən oyandı?


Kimi biçdi o Şahimərdana donu

Nədən başa gəldi, de görüm onu.

De görüm nə vaxtdı dünyanın sonu,

Musa deyər bu kimlərə bəyandı?

Aşığın bu bağlamasına bir kəlmə də cavab verə bilməyən Mələknisə xanım sazı gətirib cama­atın yanında Musanın qabağına qoydu. Aşıq, söz demişəm, əməl də eliyirəm,– dedi. Əhd etmişdim kim məni bağlasa, mən onunam. İndi bu səadət sa­na qismət oldu. İzn ver atam-anamnan halal-hüm­mət eləyim gəlim.

Musa da, Qılman da bu fikirnən razılaşdılar. Onlar Mələknisə xanımnan bərabər onlara get­di­lər. Mələknisə xanım hal-qəziyəni ata-anasına söylədi. Onlar da hər ikisinə xeyir-dua verib yola saldılar. Musa istədi ki, elə buradan Vətənə yola düşsün. Amma Qılman buna razı olmadı. Dedi ki, öz evimdə toy eləməmiş, sizi buraxan deyiləm. Onlar çar-naçar razılaşıb Qılmangilə getdilər. Qıl­man toy tədarükün­də olsun, görək Musa nə elədi. Musanın balabançısı Novruz öydən ötrü yaman darıxmışdı. Xeyli müddət qürbətdə qalması Nov­ruzu lap dəli eləmişdi. Elə du­rub-oturub Göyçə deyirdi. İşin belə qurtarması, Mu­sanın Vətənə yola düşmək istəməsi Novruzu sevin­dirdi. Musa görən­də ki, Qılman onnarı hələ burax­maq fikrində deyil. Novruza dedi:

– Gəl, sən qabaxnan get, ata-anama əhvalatı xəbər ver, qoy toya tədarük görsünnər. Biz də Allah qoysa bir həftəyə orada olacayıq.

Novruz can-başnan buna razı oldu. Novruzu Vətənə yola salan Musanın ürəyi cuşa gəldi, aldı görək öz balabançısına nə dedi:

Dərd tüğyan eləyib çəkə bilmirəm,

Dolanır zamana çaş, balabançı.

Bir tərlan ovunnan keçə bilmirəm,

Töksə də gözümdən yaş, balabançı.


Gözünü yollardan üzə bilmirsən,

Yad eldə, qürbətdə gəzə bilmirsən.

Göyçə həsrətinə dözə bilmirsən.

Mən olmuşam bağrı daş, balabançı.


Musa yanır bir dildarın ucundan,

Canlar alan işvəkarın ucundan,

Eldən ayrı düşdüm yarın ucundan

Sən bizim ellərə qac, balabançı!

Novruz halal-hümmət eləyib yola rəvan oldu. Qılman öz öyündə Musaynan Mələknisə xa­nı­ma yaxşı bir toy eləyib bir neçə gün qonaq sax­layannan sonra onnarı təm-taraxnan yola saldı.

İndi görək Novruz neylədi? Onu Göyçəyə yo­la salanda Qılman balabançıya gözəl bir mad­yan ba­ğışladı. Novruz atı minib gecəni gündüzə qatıb Göyçəyə tərəf yola başladı. Axır ki, gəlib Vətənə ye­tişdi. Musanın ata-anası Novruzun tək gəldiyini görüb çox təşvişə düşdü. Onların dözmə­diyini gö­rən Novruz güc-bəla, and-aman inandırdı ki, Musa bir neçə günə Vətənə qayıdacaq. O, baş­la­rına gə­lənləri yerli-yataqlı Səfər kişiyə danışdı. Sonra Mu­sanın ismarıcını da onlara çatdırdı ki, toy üçün tə­darük görsünlər. Onu da deyək ki, Musa Novruznan atasına xeyli pul göndərmişdi. Novruz bu pulları da Səfər kişiyə verdi. Novruzun gətir­di­yi xəbərdən Səfər kişi çox sevindi, toy üçün təda­rük görməyə başladı. Onlar tədarük görməkdə ol­sun­­lar, eşidin Musadan. Musaynan Qılman razı­la­şıb qoyduqları vaxt tamam oldu. Qılman onları yola saldı. O, Mələknisə xanıma da gözəl bir at ba­ğış­ladı.

Musaynan Məkləknisə xanım bir müddət yol gəlib Qılmanın nişan verdiyi yerə çatdılar. Bunlar buradan arazı o üzə keçməliydilər. Musa istədi ki, çayı əvvəlcə özü keçsin. Keçmək mümkün olsa qa­yıdıb Nisə xanımı da keçirsin. Onu da sizə de­yim ki, həmin vaxt yazın oğlan çağıydı. Hava tez-tez qaralırdı, göydə ildırım çaxırdı. Hiss olunurdu ki, yuxarı tərəflərə möhkəm leysan yağır. Buna gö­rə də çalışırdılar ki, yağış yağmamış Arazı keçib özlə­rini bir şenniyə çatdırsınlar. Musa atı suya sa­lıb asta-asta irəliləyirdi. Nisə xanım da onun yolu­nu gözləyirdi. Birdən baxıb gördü ki, Arazın şırıl­tısı çoxaldı. Su özüynən kol-kos, köklü ağaclar gəti­rirdi. Çayın belə daşdığını görən Nisə xanım Mu­saya çatmaq üçün atı suya verdi. Bir qədər get­mə­miş sel güclənib Nisə xanımı atınnan birlikdə apar­dı. Musanın bunnan heç xəbəri də olmadı. Çayı ö üzə keçib geri dönəndə gördü ki, o tayda nə Mələk­nisə xanım var, nə də at. Baxdı çay daşıb dün­yanı başına götürüb. Araz elə bil qan-qan deyir. Mələk­nisə xanımı sel apardığını yəqin eli­yən Musa elə oradaca özünnən getdi. O, bir müd­dət beləcə hu­şunu itirmiş vəziyyətdə qaldı. Özünə gələnnən son­ra bir müddət Araz aşağı gəzməyə başladı. On beş ağaşdıq yol gəldi. Necə oldusa gözü çaydan bir az aralı ata sataşdı. Bu Mələknisə xanımın atıydı. Elə bil Musanın başına bir qazan qaynar su tökdülər. Üzünü çaya tutub aldı görək nə dedi:

Əsib, coşub nə dönmüsən ümmana!

Axma Araz, axma, yarım aparma!

Döndərmə qəlbimi, döndərmə qana

Əldən alıb ixtiyarım aparma!

Axma Araz, axma, yarım aparma!


Qoy sənə çor dəysin, ay qara köhlən,

Üfürüb şamımı söndürmüsən sən.

Ağlamazmı məni bu gündə görən,

Əldən alıb qeyrət-arım aparma!

Axma Araz, axma, yarım aparma!
Mən necə qarğayım qalasan viran,

İtirmişəm yarı, tapmıram, dayan.

Mənim əllərimi qoynumda qoyan,

Əldən alıb ixtiyarım aparma!

Axma Araz, axma, yarım aparma!
Tellərində şana, əllərdə həna,

Toyumu yas edib döndərmə qana.

And verirəm ərşə, gürşə, asmana

Əldən alıb şux nigarım aparma!

Axma Araz, axma, yarım aparma!
Qoyma qala Aşıq Musa darda hey

İşi tənəzzüldə ahu-zarda hey.

Hanı canan, de can verdi harda, hey

Yoxdu qeyri vəfadarım, aparma!

Axma araz, axma, yarım aparma!

Araz boyunca Musa Nisə xanımı gözdə­mək­də olsun, eşidin Səfər kişidən. Toy üçün hər şey hazır­landı. Ağkilsə kəndində Musanı istəyən qoca-cavan hamı gözünü yola tikmişdi. Bu münvalnan 15-20 gün keçdi, amma Musagil gəlib çıxmadı. Hərə bir yerə yozurdu. Biri deyirdi qıza görə öl­dür­dülər, biri deyirdi pulu çox olub, ona görə öldürüblər. Kimi də deyirdi ki, Qılman quldurun biri­di, yəqin o öldürüb. Səfər kişi də yuxusunda gör­müşdü ki, Musa bir qan gölünə düşüb üzür, am­ma çıxa bilmir. Sübh tezdən yenə Novruzu çağırt­dırıb görək Musanın gəlmədiyini ondan necə xəbər aldı:

A Novruz, deyirdin oğlun gələcək,

Ay həzarat, necə deyim gəlmədi.

Qohumsuz, qardaşsız qürbət eldədi,

Kimim kimsəm, əmim, dayım gəlmədi.


Böyütmüşəm nə zillətnən, zulumnan,

Bəylər, xanlar gön çıxardıb belimnən.

Gecə gördüm Araz aldı əlimnən,

Bir fərzəndim, şirin payım gəlmədi.

Vaxt ötdü, Musa yenə gəlib çıxmadı. Səfər kişi­nin ahu-zarı dağları-daşları göyüm-göyüm göy­­­­nə­dirdi. Toy paltarı geyib bəzənmiş oğlannar, qızdar, gəlinlər libaslarını soyundurdular. Qara geyib yas saxlamağa başladılar.

Bunlar gözləməkdə olsunlar, eşidin Musa­dan. Musa Araz aşağı gəzdiyi vaxt Mələknisə xa­nı­mın atını otlayan görmüşdü. İndi öz atı ilə həmin atı da gəzdirirdi. O, dan ağarannan ulduzlar doğa­na qədər Araz boyunca Mələknisə xanımı gəzirdi. Yenə bir axşam Musa Mələknisə xanımı gəzəndə bir çobana rast gəldi. Çoban gördü kü qoltuğunda saz gəzdirməyinnən, oturub-duruşun­nan aşığa ox­şa­yır. Amma üzünnən-gözünnən, üst-başınnan bir zəlillik yağır. Dərddi adama oşayır. Dedi:

– Qardaş, aşığa oxşuyursan, amma bir az bu görün-görkəmin adamı çaş-baş salır. Gərək aşığın kefi kök, damağı çağ olsun. Amma sən çox fikirli görünürsən.

Aşıq istədi ki, çobandan aralanıb getsin, an­caq çoban əl çəkmədi, yalvarıb-yaxardı onun dər­dini bilmək istədi.

Aşıq Musa naəlac qalıb öz dərdini çobana danışmağa məcbur oldu:

Başına döndüyüm ,ay çoban qardaş,

Yaman bəd yazılıb bu yazım mənim.

Çöldə ahulara olmuşam yoldaş,

İtibdi əlimnən şahbazım mənim.
Üzülüb qatardan qalmışam dala,

Gecə ah çəkirəm, gündüzlər nala.

Sidq ilə sığınnam Misgin Abdala,

Qəbul olsun nəzir-niyazım mənim.


Bax Musanın fəryadına, ahına,

Gör nələr yazılıb kəm talahına.

Üz tutub yalvarram xublar şahına,

Qoymasın gözümdə murazım mənim.

Musanın dərdinnən halı olan çoban ona çox yazığı gəldi. Nə qədər elədisə, çoban onu qoymadı getməyə. Dedi:

– Daha gecdi, gecə düşür, bu gecə mənim ya­nımda qal. Sabah gedərsən. Xülasə, Musa o gecə də çobanın yanında qaldı. Amma nə çörək ye­­di, nə də su içdi. Səhər açılan kimi çobannan xuda­hafizləşib yoluna davam elədi. Musa and iç­mişdi ki, Nisə xanımın meyitini tapmasam, mən də özümü atacam Araza. Bu fikirnən dolanan Mu­sa dincəlmək üçün bir qıraqda oturub Araza baxır­dı. Bir də gördü durna səsi gəlir. Başını qaldıranda gör­dü ki, durnalar Göyçə tərəfə uçurlar. Elə bil Musanın dərdi təzələndi, ürəyi qövr elədi. O, üzünü durnalara tutub görək nə dedi:

Durnam, gedər olsan Göyçəyə sarı,

Dərdimi sən bizim ellərə danış.

Sel alıb əlimdən apardı yarı,

Sərgəndər düşmüşəm çöllərə, danış.


Gəlibdi başıma bir görün nələr,

Hicranın oxları qəlbini dələr.

Atamı, anamı görsəniz əgər,

Daha göz tikməsin yollara, danış.

Bəli durnalar gözdən itdikdən sonra Aşıq Musa yoluna davam elədi. Bir neçə gün də dəli-di­vanə kimi gəzib dolandı. Artıq cana doymuşdu, əli­ni hər şeydən üzmüşdü. Öz-özünə deyirdi ki, əgər bu gün də tapa bilməsəm özümü həlak eləyə­cəm. Fikirli-fikirli yenə Araz aşağı getməyə başla­dı. Dərd-qəmnən, acından-suzundan taqətdən düş­müş üzü üstə yıxıldı. Bir qədərdən sonra yuxuda gördü kü, Mələknisə gəlib onu oyadır. Sevincək sıçrayıb yerindən durdu. Baxıb gördü ki, Nisə xa­nım nə gəzir, bura kimsəsiz bir yerdi. O, yenə çay aşağı getməyə başladı. Bir xeyli yol gedəndən sonra baxıb gördü ki, bir qədər aralı Arazın qıra­ğında saysız-hesabsız camaat yığılıb. Bunu görən­də Musanın ürəyi kövrəldi. O, üzünü camaata sarı tutub öz dərdi-dilini onlara belə bəyan elədi:

Qərq olubdu canan qanlı dəryaya,

Leysan yağdı, sel yarımı apardı.

Çatan yoxdu nə imdad, fəryada,

Haray oba, el yarımı apardı.

Araz daşdı, sel yarımı apardı.


Gör nə günə qoydu yazıq Musanı,

Üzülüb cəsədi, qalmayıb canı.


Gedibdi əlimnən qızların xanı,

Araz daşdı, sel yarımı apardı.

Musa bu sözləri deyib taqətsiz halda yerə yıxldı.

İndi görək Mələknisə xanımın başına nə gəl­di. Elə ki, sel Mələknisə xanımı apardı o gördü kü, sel özünnən kol-kos, köklü ağaşlar gətirir. Qollu-budaqlı bir ağac ona yaxınlaşanda tez əlini atıb ağacın iri bir budağından yapışdı. Sel onnarı gah o tərəfə, gah da bu tərəfə çırpırdı. Amma qız ağac­dan bərk yapışmışdı. Mələknisə xanım ağacdan möh­kəm yapışıb axmağa başladı. Axır ki, sıx bir meşəlikdə həmin bu ağac ilişib qaldı. Mələknisə xanım da ağacın üstündəydi. O, tam taqətdən düş­müş­dü. Gah huşunu itirir, gah da özünə gəlirdi. Bir səhər gün hər tərəfə yayılmışdı. Mələknisə xanım o tərəf, bu tərəfə baxırdı ki, bəlkə bir adam görəm, gələ mənə kömək eləyə. Baxıb gördü ki, bir qarı çayın o tərəfində dərman otu yığır. Nisə xanım qış­qırdı ki, amanın bir gü­nüdü, qarı nənə, mana kömək elə. Qarı onu gör­mürdü. Odu ki, bu səsin cin səsi olduğunu güman eləyib qaçamağa başda­dı. Bunu görən Mə­ləknisə xanım ağacın üstündə görək qarıya nə deyir:

Şanı-şöhrətinə qurban olduğum,

Bax ah-naləmə, fəryada yetiş.

Qolsuz qeyrətinə qurban olduğum

Cənabı Zeynabı sal yada, yetiş...


...Mələknisə olsun sənə sadağa,

Göy atı, göy donu qoyma uzağa.

Nuhun gəmisini qaldıran dağa,

Yunusu qoymayan dəryada yetiş.

Mələknisə xanım bu sözləri deyəndə qarı inan­­dı ki, bu adamdı. Amma nə qədər özünə ürək-dirək verdisə, səs gələn tərəfə gələməyə cürəti çat­ma­dı. Yenə buradan uzaqlaşamağa başladı. Bunu görən Mələknisə xanım indi alır görək qarını necə çağırır:

Aman nənə əlin yetir əlimə,

Görürsənmi, mən ümmana axıram.

Çarxı-fələk məni saldı zülümə,

Heç bilmirəm hansı yana axıram?
Quşlar yata bilmir ahu-zarımdan,

Yarı mənnən etdi, məni yarımnan.

Can çıxır cəsəddən, ixtiyarımnan,

Mən qovrulub yana-yana axıram.


Kim axtarar Mələknisəni hanı?

Kəsilib hər yandan əlac-gümanı.

İtirdim, tapmıram Aşıq Musanı,

Yetişibdi ömrüm sona, axıram.

Nisə xanım bunu deyib yenə də huşsuz halda ağacın üstünə yıxıldı. O yıxılmaqda olsun, eşidin qarıdan. Qarı özünü kəndə gətirib elə bir haray sal­dı ki, hamı onun başına toplandı. Qarı yaman qorx­­muşdu. Neçə il idi ki, buralardan dərman otu çiçəyi yığırdı. Amma belə şeyə rast gəlməmişdi. O, gah cin deyirdi, gah şeytan deyirdi, gah da in­sanıydı, – deyirdi. Axırda camaat qarıyı qabaqla­rına salıb bu sıx meşəliyə, səs gələn tərəfə gəldilər. Bir neçə adam yuxarı çıxıb baxdı ki, görən bu nə səsidi? Gördülər çayın üstündə böyük bir ağac var. Ağac da bir sıxlıqda ilişib qalıb. Onun da üstündə bir qadın xaylağı görünür. Adam göndərdilər kənd­­dən kəndir gətirdilər. Bir sözlə, ağaşnan bir­lik­də Nisə xanımı çəkib qırağa çıxartdılar. Kimi dedi, bu gün ölüb, kimi dedi çoxdan ölüb, kimi də dedi bir saatdı ölüb. Nə isə hərə bir söz deyirdi.

Bir müddətdən sonra Aşıq Musa ayılıb yenə camaatı orada gördü. O da durub birtəhər bunların yanına gəldi. Soruşdu ki, bu zənən ölüb. Onu çı­xarıb aparırıq dəfn eləməyə. Musa elə bil səksənən kimi oldu. O irəli yeriyib gördü bu zənən xaylağı onun axtardığı Mələknisə xanımdı. Bir qarı da Mələknisə xanımın ağzına güzgü tutur. O deyir:

– Ay camaat, məni qınamayın, vallah bunun nəfəsi var. Deyəsən hələ ölməyib.

Bütün bu hadisənin şahidi olan Aşıq Musa özünü Mələknisə xanıma yetirib sazı döşünə basdı, görək nə dedi:

Zalım fələk yenə girdi qəsdimə,

Ağrın alım, Nisə xanım, oyansan.

Alışıram, baxan yoxdu tüstümə,

Qürbət eldə çıxdı canım, oyansan.


Yazığam sındırma, qırma qəlbimi,

Dolandım çölləri bir cünun kimi,

Sənsiz başa vurmam nakam ömrümü,

Şirin dilli, xoş zəbanım oyansan.

Salmısan Musanı fikrə xəyala

Bükülüb qaməti əyilib dala.

Həsrətdi əqrəbam, göz dikib yola,

Sana qurban din-imanım,oyansan.

Aşıq Musa gördü Mələknisə xanım oyanmaq bilmir. Elə bil kökündən üzülmüş bahar bənövşəsi kimi asta-asta solur. Göz qapaqları örtülmüş, rəngi sapsarı saralmışdı. Camaat da onun oyanmasına inan­mırdı. Hamı peşman-peşman ona baxır, köks ötürür, ah çəkirdi. Musanın ürəyi bu ağrıya, sitəmə dözmədi. Köksündən dağları-daşları lərzəyə gəti­rən bir fəryad qopdu:

Döndü nobaharım oldu zimistan,

Yağdı dağ başına qar oyanmadı.

Yıxdı könlüm evin eylədi viran,

Tərlan bəxtim oldu sar, oyanmadı.
Qurban desən yazıq Musa qurbandı,

Firqətdən cəsədim alışdı, yandı.

Gözdərim verərəm, desən dərmandı,

Qoydu sinəm üstə nar oyanmadı.

Doğrudan da, elə bil Mələknisə xanım bir il bundan qabaq ölmüşdü. Bu zaman Nərgiz adlı bir gəlin əlində güzgü Mələknisə xanıma yaxınlaşdı. Bu da bayaqkı qarı kimi güzgüyü onun ağzına tut­du. Bir qədərdən sonra dedi ki, camaat, bu qız ölmü­yüb. Nəfəsi asta-asta gəlib gedir. Sonra Nər­giz ayağa qalxıb Musaya təsəlli verdi:

– Aşıq qardaş, qorxma, bu qürbət eldə sənə kömək eliyərəm. Bu saat nə qədər təbib, loğman varsa, hamısını yığıb sənin sevgilini qurtaracam.

Nərgiz xanım ata suvar olub üz qoydu kəndə tərəf.

Bir neçə saatdan sonra bir də gördülər ki, Nərgiz xanım başında bir neçə atdı özünü yetirdi.

Bəli, mənim əzizlərim, Nərgiz xanımın gə­tir­­diyi təbib-loğmanlar başladılar Mələknisə xa­nımı ayılt­maq üçün çalışmağa. Bir xeyli əlləşən­nən sonra təbib Vəfadar cibindən bir dərman çı­xardıb Nisə xanı­mın burnuna tutdu. Nisə xanım göz­lərini açdı. Mələk­nisə xanımı oyanmış görən Musanın ürəyi qubar elədi. O, üzünü Nisə xanıma tutub görək nə dedi:

Şükür olsun cəlalına,

Ay hazarat, yarı gördüm.

Baxmaram dünya malına,

Küllü aləm, varı gördüm.

Gəldi təbib, gəldi loğman,

Nazdı yara o verdi can.

Yazıq Musa sizə qurban,

Təbib Vəfadarı gördüm.

Bəli, mənim əzizlərim, təbib, loğman, dava-dərman öz işini gördü. Mələknisə ayılannan sonra Nərgiz onnarı öz evinə gətirdi. Onnar bir neçə gün burada qaldılar. Vəziyyətləri yaxşılaşandan sonra halal-hümmət eləyib Göyçəyə yola düşdülər. Ge­cə­li-gündüzlü at sürüb axır ki, Göyçə mahalına ye­tişdilər. İlin yaz fəsliydi. Allah-tala dünyanın bü­tün gözəlliklərini Göyçə mahalına bəxş eləmişdi.

Bəli, mənim əzizlərim Aşıq Musaynan Mə­lək­­nisə xanım bir müddət yol gəlib Çamırlı kən­dinə çatdılar. Gördülər ki, bir neçə adam söh­bət eliyir. Musa üzünü onnardan birinə tutub dedi:

– Qardaş axşam düşür, bizi burada qonaq eləyən olarmı? Bir cavan oğlan irəli durub, – aşıq mənim qonağımsınız, – dedi. Onlar birlikdə həmin oğlangilə gəldilər. Oğlan dedi ki, mənim adım Məhərrəmdi. Aşıq Musa da özünü oğlana isnad verdi. Bir az söhbətdən sonra oğlan soruşdu:

– Aşıq Musa, haradan gəlib haraya gedir­siniz?

Musa başına gələn bütün əhvalatı Məhər­rə­mə danəşdı. Musa Məhərrəmə onu da dedi ki, atam­gilə xəbər göndərdiyim otuz doqquz gündü. Musa dedi ki, gecəni burada yatıb xoruz banında yola düşməliyik. Səhər tezdən Musagil yola dü­şən­də Məhərrəm də onnara qoşuldu. Onnar Basarkeçəri keçəndə Məhərrəm dedi:

– Aşıq Musa, siz bir qədər yavaş gəlin, mən qabaqda gedib onnarı muşduluqluyum.

Məhərrəm yola düşəmkdə olsun, eşidin Ağ­kil­sədə Səfər kişidən. Səfər kişi Novruzun xəbə­rin­nən sonra toy üçün hər tədarük görmüşdü. İndi sabah o toy üçün aldığı malı, qoyunu qırxı tamam olan Musaya ehsan verəsiydi.

Səhər tezdən Səfər kişi qalxıb qapıdakı duz daşının üstündə oturub dərin fikrə getmişdi. Bir­dən gördü ki, cavan bir oğlan qonşudan onnarın evi­ni soruşur. Həmin adam da ona isnad verir ki, odu orda oturan Səfər kişidi. Amma Səfər kişinin halı özündə deyildi. Məhərrəm gördü ki, yox, kişi­nin əhvalı çox pərişandı. O, Aşıq Musanın sazını da özünnən götürmüşdü. Həmin sazı köynəkdən çıxarıb zilini zil, bəmini bəm elədi görək öz məqsə­dini dərdli ataya necə nağıl elədi. Biz deyək, siz də qulaq asın.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə