AŞiq musa əSƏRLƏRİ baki 2013




Yüklə 0.56 Mb.
səhifə2/4
tarix22.02.2016
ölçüsü0.56 Mb.
1   2   3   4

MƏN
Bilin, bu yerlərdə ədalət yoxdu,

Heç bilmirəm, kimə gedim dada mən.

Sızıldaşır yaram, təbibim yoxdu,

Bayqu kimi eyləyərəm səda mən.


El içində bəxti qara mən oldum,

Mansır tək çəkilən dara mən oldum.

Dərd əlindən hazar para mən oldum,

Səbəb nədi, heç düşmürəm yada mən?


Musanın könlünə düşübdür güman,

Pünhan qaldı sözüm, olmadı bəyan.

Dadıma çatınca ədalət divan,

Tabım yoxdu, alışacam oda mən.


MƏNDƏN
Gecə-gündüz ahu kimi mələrəm,

Yetişirmi sənə nalalar məndən?!

Fərhad olub, dağı-daşı dələrəm,

Hürküşür göllərdə sonalar məndən.


Mən nə desəm, sən incimə dilimdən,

Sübhə kimi aləm yatmaz ünümdən.

Bir öpəydim yanağının gülündən,

Usanıb qönçələr, lalalar məndən.


Musa deyir, bu sözümdən küsmə sən,

Təbib olub, qədəmlərin basmasan .

Öz əlinlə yaralarım açmasan,

Öldürər, qurtarmaz yaralar məndən.


OLMAZ
Bir gözəl görmüşəm Göyçə elində,

Yüz min gözəl ona bərabər olmaz.

Yüz min əbrü kaman gəlsə behiştdən

Bunca əbrü kaman mötəbər olmaz.


Göz baxanda doymaz belə ceyrandan,

Görsə ixtiyarlar, çıxar imandan.

Yanaqları şölə verir hər yandan,

Ərş üzündə belə bir qəmər olmaz.


Musa gəldi, kəndlərində qalmadı,

Şirin canın eşq oduna salmadı.

Heç yaşınıb bizdən, yaşmaq almadı,

Bir belə ev yıxan bəxtəvər olmaz.


TƏRLAN
Tovuz kimi sığal verib özünə,

Düzübsən telini qabağa, Tərlan!

Behiştdə bəstənmiş bir cüt lalanı

Xudam bəxş eləyib yanağa, Tərlan!


Nə gözəl yaradıb barı xudaya,

Kirpiklərin oxudur, qaş bənzər yay.

Ölümcül xəstələr gələr şəfaya,

Bir yol üzün sürtsə buxağa, Tərlan!


Halı olsan bir Musanın halından,

Doymaq bilmir sənin mah camalından.

Əmən ölməz ləblərinin balından,

Qənd əzilib dilə, dodağa, Tərlan!


OVÇU
Kamil ovçu daldalandı pünhana,

Gözləyir ki, gəlsin maralı ovçu.

Düzəldib xədəngin qurdu nizama,

Gətirsin nışana maralı ovçu.


Biz müştaqıq sona kəklik səsinə,

Yaxşı ötür bir-birinin bəsinə.

Ovçu, ovun gəldi bərəlgəsinə,

Qoymaynan addasın maralı, ovçu.


Qulaq asın siz Musanın səsinə,

Hər kəs də aşiqdi öz peşəsinə.

Marallar hürküşdü güllə səsinə,

Qaçırtdı əlindən maralı ovçu.



DAĞLAR
Eşidin, dərdimi sizə söyləyim,

Düşmüşəm Vətəndən aralı, dağlar!

Aynım açılmadı, üzüm gülmədi,

Bu qürbət ellərə varalı, dağlar!


Yay fəslində ellər sizdə yaylayır,

Bənövşəni dərib dəstə bağlayır.

Ovçu gəlib bərəlgəsin ovlayır,

Dolanıb axtarır maralı, dağlar!


Musa deyər, lalələrin açılsın,

Süsən sünbül buxağına saçılsın.

Car olsun çeşmələr, suyun içilsin,

Ötüşən kəklikli, sonalı dağlar!


DAĞLAR
Mən gedirəm, halallaşaq, ayrılaq,

Görmüşəm sizlərdə vəfanı, dağlar!

Gəzdim, gəşt elədim çəməngahını,

Sürdüm çox zövq ilə səfanı, dağlar!


Üç ay köysünüzdə yaylayır ellər,

Oxuyur kəkliklər, ötür bülbüllər.

Açılır min cürə ətirli güllər,

Xəstə burda tapar şəfanı, dağlar!


Musanın qürbətə bu gedən çağı,

Göründü gözünə Çalmalı dağı.

Gözəllər yığnağı Sandıq bulağı,

İçənin bal dadır dahanı, dağlar!


GETDİ
Bir ah çəkdim, sinəm üstə dağ düşdü,

Dilimin hər yana sədası getdi.

Bağban öldü, bağ pozuldu, gül soldu,

Şövqlü könlümün həvəsi getdi.


Yay fəslidi yaylaqları görməyə,

Çeşmə üstə səfaların sürməyə.

Bənövşə açılıb, onu dərməyə

Gözəllərin neçə dəstəsi getdi.


Aşıq Musa yenə düşdü gümana,

Kirpiyi peykandı, yerişir qana.

Bimürvət oxuna qoydu nişana,

Yaraladı, cismim xəstəsi getdi.


GƏLDİMİ
Başına döndüyüm, a Nərgiz xanım,

Məclisinə qeyri-canan gəldimi?

Sənə qurban olsun bu şirin canım,

Qəddi mina, qaşı kaman gəldimi?


Könlüm çox istəyir, uzaqdır aram,

Çətin bu yaradan mən də qurtaram.

Loğmansız xəstəyəm, qurtarmaz yaram,

Söylə görüm həkim Loğman gəldimi?


Öz adım Musadı, mən bəxti qara,

Heç bəndə düşməsin belə azara.

Bulunmaz, dərdimə qılınmaz çara,

Söylə görüm, dərdə dərman gəldimi?


GÖRÜŞMƏYƏ
Könlüm pasıbandı səri-kuyində,

Səni arzulayır, yar, görüşməyə.

Gecə-gündüz fikri-xəyalım budur,

Çox çəkirəm intizar görüşməyə.


Xaliqi-ləmyəzəl eyləyə nüsrət,

Gəzə ortalıqda şirin məhəbbət.

Açıla nabahar, biz çəkə ləzzət,

Gətirə bağçalar bar görüşməyə.


Aşıq Musa deyər ay nuri-didar,

Məhəbbət aləmi canda var havar.

Qəlbim yada salıb eyləyir qubar,

Ümidim bir haqqa var görüşməyə.


SƏNSƏN
A bimürvət, soruşmadın halımı,

Artıran möhnəti, məlalı sənsən.

O süzgün baxışın alır canımı,

Sərəfraz dağların maralı sənsən.


Mail oldum ağ sinənin ağına,

Girəydim qoynuna – Cənnət bağına.

Əl ataydım Şamamanın tağına,

Dağıdan fikrimi xəyalı sənsən.


Musa deyər, mənəm bəxti qaralı,

Dərmandı xəstəyə ləblərin balı.

Səni sevən neylər dövləti, malı,

Malı, mülkü cahü cəlalı sənsən.


O GÖRÜKƏN DAĞLAR SİZİN DAĞLARDI
Başına döndüyüm, a Nərgiz xanım,

O görükən dağlar sizin dağlardı.

Fikirim, xəyalım, elmim, gümanım,

O görükən dağlar sizin dağlardı.


Atuçan, Daşlıçay, Çiçəkli, Lilpar,

Qoy deyim yerbəyer, dinarbədinar.

Yanında görünən künbəzli minar,

O görükən dağlar sizin dağlardı.


Gəzib o yerləri, Musadır halı,

Sədrinin yaylağı, Əyrinin yolu.

Çimən tamaşalı Düşəlgə gölü,

O görükən dağlar sizin dağlardı.


SİNƏSİN
Tər köynəkdə qızıl düymə, yaxalıq,

Gərdiş edir o dildarım sinəsin.

Yetir mətləbimə məni, ya xalıq,

Öpüm, qucum nazlı yarın sinəsin.


Gözüm qaldı boynundakı bağlarda,

Nazlı yar yaramı açar, bağlar da.

Fağır bülbül nalə çəkir bağlarda,

Gül köysünə söykər xarın sinəsin.


Yandırdı cismimi büryan eylədi,

Ala gözlər bağrımı qan eylədi.

Peykan kirpikləri şan-şan eylədi,

Musa təki kamandarın sinəsin.


SULTAN
Bir gözəlsən, tək gəlibsən dünyaya,

Qaşları qüdrətdən qaralı Sultan!

Camalın şöləsin bənzətdim aya,

Əgər alim görsə, saralı, Sultan!


Səni sevən neylər dövləti, malı,

Huşu başdan gedər, çaşar xəyalı.

Düşər bu çöllərin olar abalı,

Ölənədək gəzər yaralı, Sultan!


Eşitginən sən Musanın sözünü,

Həsrət çəkər, bir də görə üzünü.

Mən sevmişəm sənin ala gözünü,

Sərəfraz dağların maralı Sultan!


TƏCNİSLƏR

DE BİR ÜZ, BİR ÜZ
Arif olan, diqqət elə, fəhm elə,

Qövr elədi yaram de bir üz, bir üz.

Fələk saldı məni hicran xəstəsi,

Yatıram yan yerdə de bir üz, bir üz.


Yaralıyam, çətin qallam bu yaza,

Ərz eləyəm, dərdi-dilim, bu yaza.

Yetir xəbərimi gərdən bəyaza,

Görünsün gözümə de bir üz, bir üz.


Aşıq Musa, səni dərd az alımı?

Görüm düçar olsun dərdə zalımı!

Dərmansız xəstədən dərd azalımı?

Loğman tək deyirəm de bir üz, bir üz.



SİN AYƏ BİR-BİR
Sin surədi, sin sənadı, sin kalam,

Oxunur Quranda sin ayə bir-bir.

Müxənnətə qənim olsun sin kalam,

Atar tənə oxun sinayə bir-bir.


Sin – aldım dərsimi, sinə yetirdim,

Sin – əyildi qəddim, sinə yetirdim,

Sin – sənin əlindən sinə yetirdim,

Sin – Seyraqub salar sinə, ayə, bir-bir.


Sin – Musanın sin pənahı, sini sən,

Sin – qəddimə qismət elə sini sən,

Sin – buyurdun İrəsula sini sən,

Sin – gətdi Cəbrayıl sin ayə bir-bir.


AY ÜZƏ-ÜZƏ
Ay ağalar, çeşmim yaşı sel oldu,

Çalxalanır sonalar ay üzə-üzə.

Mərd sözünü deyər mərdü mərdana,

Namərd saxlar sözün ay üzə, üzə.


Nazlı dilbər əldə tutub nə saqı,

Dərd çəkənin nə bimarı, nə saqı.

Ala gözlər mana elər nasaqı,

Kər baxır ömrümü ay üzə, üzə.


Aşıq Musa deyər, yetibdi dərdim,

Məni bu qürbətə atıbdı dərdim.

Səksəni, doxsanı ötübdü dərdim,

İndi də yetişib a yüzə, yüzə.


BİRİSİN
Bir gün üç gözəlin seyrinə vardım,

Könül sevdi gözəllərin birisin.

İkisi dərirdi guli-nərgizi

Bilməm niyə qəm çulğamış birisin.


Tər buxağın ətri vurur neçayə,

Bir saatım sənsiz dönər necə ayə!

Yar isminə xətm olunur neçə ayə,

Biri mimdik, biri mundu, biri sin.


Bu gün məclisimiz nə aydın oldu!

Ay qalxdı ucaya, nə aydın oldu.

Musa, Kamalından nə aydın oldu?

Biri elm, biri eylik, biri sin.



DİVANİLƏR

MƏRD
Xaliq özü Məhəmmədə

Göndərdi Quranı mərd.

Yüz on dörd əziz surəni,

Otuz cüz ayanı mərd.

Heç kimsədən bakım yoxdu,

Sığınmışam Sübhana.

Mən atanın mərd oğluyam,

Gəzirəm meydanı mərd.


Hər kimə ki mən “can” dedim,

Canı canda görmədim.

Xudada olan kərəmi

Bəninsanda görmədim.

Atasına kəc baxanı

Bir məkanda görmədim;

Nəzər saldım sağa, sola,

Dolandım hər yanı mərd.


Qafil olam, Aşıq Musa,

Kim qalacaq dünyada;

Uca könlün alçaq saxla,

Havalanma ziyada.

Cəhənnəmin maliklərin

Gündə yüz yol sal yada.

Bağışlanar günahların,

Gəl eylə tabanı mərd.


YÜKÜM
Ustadımdan dərs almışam,

Mim, əlif, daldı yüküm.

Dürrü qumaş çəm etmişəm,

Yaşıldı, aldı yüküm.

Mətahım eyi mətahdı,

Neylim yoxdu bazarı,

Əgər söz isbata keçsə,

Xeyli iqbaldı yüküm.


Yığılsın mərdanələr

Məclisi xoş eyləsin;

Mərd gərək mərdin yolunda

Sərin peşkaş eyləsin.

Bu gün saqi məclisidi,

İstəyən nuş eyləsin;

Abi-kövsərdən götürmüşəm,

Eyni zülaldı yüküm.


Həqiqətdən dərsim aldım,

Mərifətdən halıyam;

Təriqətdən dərs almışam,

Şəriəti tanıyam.

İsmimdi Aşıq Musa.

Şahi-Mərdan quluyam.

Xirdarı var sərf eyləsin,

Gör nə cəlaldı yüküm.


YÜKÜM
Hikmətindən bağlanıbdı,

Dürrə misaldı yüküm.

Nə alan var, nə də satan,

Cavahir, ləldi yüküm.

Hər kim mənlə cəng eyləsə,

Eylərəm cəngü cədəl.

Dost yolunda can verərəm,

Böylə xəyaldı yüküm.


Cəng eyləyən tez eyləsin,

Qoy ucaldaq biz avaz.

Dayanmışam bu meydanda

Əlimdə sədəfli saz.

Həm uzağam, həm yaxınam,

Həm dərinəm, həm dayaz.

Həm şirinəm, həm acıyam,

Dəymişdi, kaldı yüküm.


Təvəkkül ol, aşıq Musa,

Sığın qadir sübhana.

Cuşa gəlib dərya dilim,

Dalğalanır hər yana.

Qadirbilən igidlərə

Sərin qurban mərdana.

Qadirbilməzlər yanında

Çıx uzaq yoldu yüküm.


QALMADI
Ey fələk, sənin cövründən

Xanu xavan qalmadı.

Neçə danəndələr getdi,

Mətləb qanan qalmadı.

Çoxlarının baharını

Döndərdin zimistana,

Pozuldu baği-bənövşə,

Soldu gülşan qalmadı.


Hər kimə ki, şərbət verdin,

Tez zəhrimar eylədin;

Zülmünən yıxdın evini,

Taxtını tar eylədin.

Beş gün xoşbəxt olanların

Sonun bimar eylədin.

Nə xəstələr şəfa buldu,

Nə də Loğman qalmadı.


Kim ilə dostluq elədin,

Söylə görüm, başa-baş?!

Qəzəbindən xof elədim,

Didəm verdi qanlı yaş.

Sümüyümə lərzə düşdü,

Cismimdə yandı ataş.

Qəhrinə baş əyməkdən

Musada can qalmadı.


ƏLİF
Ey könül, qafil olma

Kim mehribandı əlif

Nə ərəzdi, nə mürəkkəb,

Sirri nihandı əlif.

Bir qətrəyə nəzər salsa,

Dərya, ümmandı əlif.

Bizi yoxdan var eylədi

Sladı ruyi zəminə;

Həmi aşkar, həmi yəqin,

Həmi pünhandı əlif.


Qüdrətindən başa gətdi,

İnsi, cinni, nar, niran,

İbtida Adəmə kimi

Xəlq eylədi neçə can.

Quran gəldi Məhəmmədə,

Möminlər tapdı iman.

Nə cismdi, nə cövhərdi,

Laşərikdi, laməkan

Kalamı isnad buyurur,

Əzimi-şandı əlif.

Qafil olma, Aşıq Musa,

Şirindi dünya malı;

Uyma gözəllər şövünə,

Tərk eylə bu xəyalı.

Puli-Sirat qabaqdadı,

Cəhənnəm qilü-qalı.

Dilindən dəftər yazılır

Hər bir kəsin amalı;

Pünhan sirlər aşkar olur,

Böylə divandı əlif.


MÜXƏMMƏSLƏR

MARAL
Mən səni görəndən bəri

Halım pərişandı, Maral!

Ləblərin şəhdi-şəkər,

Xəstəyə dərmandı, Maral!

Açılıb qoynun içi,

Bağı-gülüstandı, Maral!

Pərvanə cismin oduna,

Alışıban yandı, Maral!

Dərdbilməz naqis dedi,

Dərdbilən inandı, Maral!


Ala gözlərin görəndə,

Oldum mehriban sənə mən.

Gəl əyləş məclisimdə,

Eləyim dövran sənə mən.

Bir saat otağında

Olaydım mehman sənə mən.

İxtiyar özündədi,

Nə deyim qurban sənə mən.

Qıymıram mal deməyə,

Can sənə qurbandı, Maral!


Kərəmi belə etdiniz,

Döndü İsaya, bəsdimi!?

Məscidi tərk elədi,

Girdi kilsaya, bəsdimi!?

Ağladı, dəxil düşdü,

Turi-Səmaya, bəsdimi!?

Quranı atdı oda,

Yandırdı aya, bəsdimi!?

Zülüm ərşə dirək oldu

Asmana dayandı, Maral!


Lənət gəlsin Keşişə,

Aləmdə bir səs elədi.

İki sevgini bir-birdən

Ayırdı, əbəs elədi.

Qız getdi, o vermədi,

Övladıynan bəhs elədi.

Çəkdi din təsibini,

Kərəmə qisas elədi.

Haqq özü qisas qoymaz,

Ədalət divandı, Maral!


Sən bir tərsa qızısan,

Əlif qəddim dal elədin.

Yıxdın könlümün sarayın.

Gör necə xəyal elədin.

Şəfa üçün mən xəstəyə

Ləblərini bal elədin.

Göyçəli Aşıq Musanı

Dərdindən abdal elədin.

Əl mənim ətək sənin,

Ölürəm, amandı, Maral!


GİLAS
Camalın görəndən bəri

Olmuşam divana, Gilas!

Siyah telin ay qabaqda

Gör nə əsir yana, Gilas!

Zülfünün bircə muyu

Dəyər bu cahana, Gilas!

Üzün görüb ayrı düşən

Qalır yana-yana, Gilas!

Sallanışın xanım kimi

Layiqsən sultana, Gilas!


İlahi bir xəlq eləyib,

Sənin kimi gözəl hanı?!

Qadirbilən qiymət verər,

Ay qız, sənsən gövhər kanı.

Endirib saya salmadın

Ağanı, paşanı, xanı.

Qıya baxdın, canım aldın,

Xəstə etdin mən cavanı,

Dağıtdın könlüm şəhrini,

Elədin viran, a Gilas!


Musa tərifini desin,

Eşidən eləsin əzbər.

Camalını hər kim görsə,

Yəqin olar sinədəftər.

Hurimisən, pərimisən,

Demək olmaz sənə bəşər.

Buxaqından ətir gəlir

Hesab elə müşkü ənbər.

Xəstələrə şəfa verər,

Eləyər cavan, a Gilas!


PƏRİ
Qaşlarının tağını

Bənzətdim kamana, Pəri!

Bəşərliyinə təəccübəm,

Düşmüşəm gümana, Pəri!

Hanı bizim bu mahalda

Sənin kimi can, a Pəri!

Molla, Seyid görsə üzün

Güc verər imana, Pəri!

Bir görüşən, ayrı düşən

Çəkər əlaman, a Pəri!


Bu gözəl peyda olub

Azəribaycanda təzə,

Afərin zənburuna,

Bal bəsləyib şanda təzə.

Mələklərin camalını

Görürəm insanda təzə.

Gəzmişəm, bulmamışam

Mislin Dağıstanda təzə.

Qazax, qırğız, çeçen, çərkəz

Telinə heyran, a Pəri!

Mən sənin bərabərin

İran, Turanda görmədim.

Gəncədə, Qarabağda,

Şəki, Şirvanda görmədim.

Xoy, Səlmas, Marağa,

Təbriz, Tehranda görmədim.

Nə ərəbdə, nə əcəmdə

Nə Alosmanda görmədim.

Qarşıya gözəl sürə,

Bəlkə, Gürcüstan, a Pəri!


Gələndə yüz nazınan

Az qalır ki, canlar ala.

Sallanıb sığal verir.

Ay qabağa, mah camala.

Al yaraşır, şal yaraşır.

Gərdəninə qəddü dala.

Sən ki qardaşım qızısan,

El düşməsin kəc xəyala;

Qocaldıb Aşıq Musanı

Bu çarxı-zamana, Pəri!


SAMAVAR
Mən səni çox sevirəm,

Bilirsən halım, samavar!

Bir əyləş məclisimdə,

Cahü cəlalım, samavar!

Dağılsın qüssə, qəmim,

Dərdü məlalım, samavar!

Həmi taxtım, həmi baxtım,

Həmi iqbalım samavar!


İçindədir abu ataş,

Hamı durub tamaşana.

Çoxlarına mehribansan,

Odur gəlirsən xoşuma.

Bir istəkan çay verməsən,

Ağlım gələrmi başıma!?

Min tümən gəlirim olsa,

Çaşar xəyalım, samavar!


Başında durub çaynikin,

Ətrafında var istəkan.

Özü xasdı, bölməsi xas,

Bir nişanı zər istəkan

Saz çalım, məclisimdə

Gəzdirsin dilbər istəkan.

Bəlkə, bir az şəfa tapa

Bu xəstə canım, samavar!


Samavarım, sən coşanda,

Ətrafında yar dolanır.

Özü zər, libası zər,

Qəddi qələmkar dolanır.

Çox çəkir o zəhmətin,

Buxağında tər dolanır.

Bundan artıq söz deməyə

Yoxdu kamalım, samavar!


Bil ki, sənsiz gün keçirməz

Hər kəsin ki, ilacı ar.

Padişahdan bəyə kimi

Hamının ehtiyacı var.

Samavar dövranın açıb,

Görün necə xəracı var.

Mən sənə peşkaş elərəm

Dövlətü malım, samavar!

Musa tərifini deyir,

Eşidən gəlsin bəhsinə.

Qumru kimi zikr elərsən

Valeh olmuşam səsinə.

Çirkinlər xəcalət çəksin,

Gəlməsinlər məclisinə.

Qoy sənə qulluq eləsin

Bir gözəl xanım, samavar!


GƏRAYLILAR

NƏ GÜNAHI TELLİ SAZIN
Məclisləri abad eylər

Nə günahı telli sazın!?

Məlul könüllər şad eylər,

Nə günahı telli sazın!?


Yeki şəkər, yeki dəmir,

Ara vurmur, yalan demir,

Qazı kimi rüşvət yemir,

Nə günahı telli sazın!?


Fikrini vermir qələmə,

Zülüm eləmir aləmə.

Pulunu vermir sələmə

Nə günahı telli sazın!?


Yoldan çıxıb, yolun azmır,

İblis kmi ara pozmur.


Molla kmi cadu yazmır,

Nə günahı telli sazın!?


Musa vəsfin söylər saza,

Ruh verir gəlinə, qıza.

Oxşamayır kələkbaza,

Nə günahı telli sazın!?


GƏZDİRİR
Mənim yarım bu məclisdə

Dolanıb cağı gəzdirir.

Özü təzə, əldə məzə,

Eyvan, otağı gəzdirir.


Ləbləri məni məst elər,

Kirpiyi cana qəsd elər,

Dərib bənövşə dəst elər,

Büllur buxağı gəzdirir.


Rubəndini üzdən açmaq,

Xoşdur onunla danışmaq.

Bəxtəvər başına, başmaq,

Gültək ayağı gəzdirir.


Musa vəsfin söylər saza,

Eşidən gəlsin avaza.

Yanaqları güldən təzə,

Qaymaq dodağı gəzdirir.


KƏKLİK
Baharın gülşən çağında

Nə oxursan, sona Kəklik!

Avazın gəldi xoşuma,

Yaşayasan sən, a Kəklik!


Kəklik məskən salıb daşa,

Sürmə çəkib gözə, qaşa.

Bu dövranın yetməz başa,

Ovçu gəldi, sin, a Kəklik!


Musa söz deyər bəsinən,

Kəklik ötür həvəsinən.

Elə oxudun səsinən,

Cuşa gəldi sinə, Kəklik!


GÖZLƏR
Könlüm gəzib, çox dolanıb,

Sən gətirdin dilə, gözlər.

Əcəb xoş gündə yaranıb,

İnan, yoxdu belə gözlər.


Cismimdəki eşq ataşı,

Sızıldayır bağrım başı.

Selə dönüb eynim yaşı,

İrəhm eylə, ala gözlər.


Qədəm basıb dur gəl bəri,

Biz çəkməyək dərdü səri.

Açılsın könlüm dəftəri,

Səs yayılsın elə, gözlər.


Hamı qınar, deyər nahaq,

Ovçun mənəm, durma uzaq.

Deyib-gülək axşam-sabah,

Nəyçün gedir yola gözlər?!


Qonubdur Musanın meyli,

Dərdim yenə artdı xeyli.

Edib Məcnun, olma Leyli,

Salma məni çölə, gözlər.



BİR GÜN
Könül, ara dostlarını,

O da səni gəzər bir gün.

İki mirqəzəb əyləşib,

Xeyir-şəri yazar bir gün.


Ey yükü tunc olan kimsə,

Nağdısı verc olan kimsə,

Nütfədən kəc olan kimsə,

Doğru yoldan azar bir gün.


Yazıq Musa eylər dilək,

Bu qəm bizi qoymaz gülək.

Demədimmi çarxı-fələk

Bu dövranı pozar bir gün.


OLDU
Ay ağalar, ay qazılar,

Görün mənə nələr oldu!?

Hücum etdi qəm ləşgəri,

Bağrım didər, dələr oldu.


Dursan gedək güllü bağa,

Bülbüllər qonur budağa.

Məcnun olub düşdüm dağa,

Yoldaşım ahular oldu.


Sən batırdın qəmə, yasa,

Ləblərindən mənə busa.

Həsrətindən yazıq Musa

Daha çətin gülər oldu.


SULTANIM
Bir bivəfa yar ucundan

Yetişdim cana, sultanım.

Du çeşmi-xumar ucundan

Düşdüm zindana, sultanım.


Üzündə qoşa xalını,

Əmim ləblərin balını.

Bir də görsəm camalını,

Gəlləm imana, sultanım.


Mən olmuşam bəxti qara,

Gül meylini verməz xara.

Rəhmin gəlsin, yetir yara, –

Yazıq Musana sultanım.


MƏN GEDİRƏM, HALALLAŞAQ
Mən gedirəm, halallaşaq

Gözləginən, yar, yolları.

Küsülüsən, gəl barışaq,

Açgınan qulac qolları.


Bu səfərim Dağıstandı,

Bir yanı Təkə türkmandı.

Gəlməyimə çox gümandı,

Dəyişdirmə xəyallları.


Gəzərəm Şəki Şirvanı,

Altı ay verrəm vaxtı tanı.

Musanın qaşı kamanı,

Eyləməyən fəqanları.



DEYİŞMƏ

AŞIQ MUSA VƏ ƏLİ3
Əli

Ata, sən gedirsən qürbət ellərə,

Unutma Vətənu xana, yazgınan.

Əgər qasid gəlsə sənin yanından,

Namə göndər mən cavana, yazgınan.
Aşıq Musa

Başına döndüyüm, gülüzlü oğul,

Döndərmə bağrımı qana, göndərrəm.

Eşitsən sözümü, eylərəm nağıl,

Yönüm düşsə hansı yana, göndərrəm
Əli

Nə qədər axtarsan qərib elləri,

Çıxartma qəlbindən biz bülbülləri.

Salgınan yadına şirin dilləri,

Keçirtmə həftəni sana, yazgınan.
Aşıq Musa

Bir danışın görüm, təzə bülbüllər,

Qumru tək açılıb oxuyan dillər.

Unutmam adınız, eylərəm

Keçirtməm həftəni sana, göndərrəm.
Əli

Əlinin sözünü eşitsən əgər,

Ey nuri-didarım, istəkli pədər,

Gəlib-gedənlərdən naməni göndər,

Xəstə könül gəlsin cana, yazgınan.
Aşıq Musa

Ey Musanın çeşmi-nuri-didarı,

Mən deyim yerbəyer, eşidin barı.

Pozmaram heç zaman əhdi, ilqarı,

Səfər etsəm nə məkana, göndərrəm.

Əli

Pədəri-mehriban, ey nuri-didar,

Gözlərəm yolunu, ata, mən sənin.

Nökərəm necə ki, canımda can var,

Gözlərəm yolunu, ata, mən sənin.
Sən gedəndə, intizaram dalınca,

Gecə-gündüz yol gözlərəm gəlincə,

Yalvarram Allaha ta sübh olunca,

Gözlərəm yolunu, ata, mən sənin.


Əlinin də qəlbi gəlibdir coşa,

Eşidin, qardaşlar, edin tamaşa.

Bu uzaq səfərin yetincə başa

Gözlərəm yolunu, ata, mən sənin.


AŞIQ MUSA İLƏ MƏLƏKNİSƏ XANIM DASTANI
USTADNAMƏ
Bəd əsildən, pis nəsildən törəyən

Qürur edər, heç məkana sığışmaz.

Zatı xəbis özün verər büruzə,

Həddən çıxar, yol-ərkana sığışmaz.


Saxta sikkə satan şeylər bazarı,

Öz əliylə özü qazar məzarı.

Tülkü tək xəlvətə düşsə güzarı,

Bəyəm deyib, biyabana sığışmaz.


Kamaldan boş kasadan da boş olar,

Pis əməli özü üçün xoş olar.

Himarın sülfüilən diraz guş olar,

Qışqıranda bil pünhana sığışmaz.


Olmaz nə ədəbi, nə də anlığı,

Məclisə yaraşmaz burun, qulağı,

Mey içməyə qəbul deyil dodağı,

Eşşək başı zər fincana sığışmaz.

Dostun arasında yaman qandırır,

Yalandan and içir, həm inandırır.

İvnənin hiyləsi mahal yandırır,

Üfunəti bu cahana sığışmaz.


Bivəfada doğru, düz ilqar olmaz,

Müxənnətdə namus, qeyrət, ar olmaz,

Namərddə, nakəsdə etibar olmaz,

Mərdin adı hər nadana sığışmaz.


Bir Aqil ölməklə şair azalmaz,

Bir gül açılmaqla bahar, yaz olmaz.

Qurbağa quş olmaz, toyuq qaz olmaz,

Ala qarğa gülüstana sığışmaz.

Ustadlar ustadnaməni bir deməz, iki deyər, biz də deyək iki olsun.

Yaxşı oğul yaxşı adın ucaldar,

Mərfətsiz, bihünər pür kamal olmaz.

Sərf edən ömrünü doğru yollara

Doğru yol gedənə gəc zaval olmaz.
Dərs alıb oxusan elmin taparsan,

Şirin dillə sınıq könül yaparsan.

Əgər işin kökdən düzgün aparsan,

Düzlük olan yerdə qilü-qal olmaz.


Pis dəmirdən yaxşı silah yaranmaz,

Nakəs, nadan pis əməldən usanmaz.

İşarət etməklə mətləbi qanmaz,

Nəsihət eşitməz, əhli-hal olmaz.


Yaxşı ad qazanan dünyada ölməz,

Şad olmaz, zalımın sonrası gülməz.

Halal maya halal əldən üzülməz,

Özgələr malınnan sənə mal olmaz.


Aqil nəsihətin söylə müxtəsər,

Qanana şərbətdi, qanmaza zəhər.

Hər ağacda meyvə, bitgidə şəkər,

Hər çiçəkdə zənbur üçün bal olmaz.

Ustadlar ustadnaməni iki deməz, üç deyər, biz də deyək üç olsun, düşmənin ömrü puç olsun.

Könül, hər yetənə eşqin yetirmə,

Bivəfadan sənə yar ola bilməz.

Əyrilər düz ilən zidd olur müdam,

Bir kasada odnan qar ola bilməz.

Ariflər axtarar, tapar tayını,

Özünə dost tutmaz qəlbi xayını.

İtirər duz-çörək haqqı-sayını,

Bəd əsildə namus, ar ola bilməz.
Ustaddan dərs alan heç olmaz naşı,

Dosta kəc baxanın ucalmaz başı.

Sərraf yüz bəzəsə qiymətsiz daşı,

Tanınar cövhəri zər ola bilməz.


Ərəb at artsa da əslin itirməz,

Hər çiçəyin ətri gülə yetirməz.

Ulğun kökü hərgiz meyvə gətirməz,

Söyüdün şaxında bar ola bilməz.


Aqil geşt eylədi, gəzdi hər yanı,

Təcrübədə seçdi yaxşı, yamanı.

Namərdin süfrəsi, nakəsin nanı,

Hər zaman səxada var ola bilməz.

Mənim əzizlərim, sizə kimdən danışım, kim­nən xəbər verim; Naxçıvanlı Miriş Sövdəgərdən. Miriş Naxçıvanda hörmət izzətinnən tanınmış beş kişidən biri idi. Günlərin bir günü iki nəfər yaxın adamını çağırıb dedi:

– Eşitmişəm Göyçənin Ağkilsə kəndində Aşıq Musa adında yaxşı bir aşıq var. Toyumuz lap bir ay da geciksə, gərək onu tapıb gətirəsiniz. Özü­nüz bilirsiniz ki, mənim dünyada Reyhandan baş­qa heç bir övladım yoxdu. Əhd eləmişəm ki, onun toyunu göyçəli Aşıq Musa keçirsin.

Miriş kişinin tapşırığınnan həmin adamlar Göy­çəyə yola düşdülər. Onlar getməkdə olsunlar, indi görək Miriş kişi gözünün ağı-qarası bircə ba­la­sını kimə verir.

Miriş kişi var-dövləti başından aşıb-daşan bir sövdəgəriydi. Bir gün o Araz qırağı kəndlərdə mal satıb, mətah alırdı. Gördü cır-cındır geyinmiş bir uşaq divarın dibində yatıb. Miriş sövdəgərin uşağa yazığı gəldi. Yaxınlaşıb onu oyatdı. Gördü bu on üç-on dörd yaşında bir oğlan uşağıdı. Soruşdu:

– Oğlan, kimsən, nə karəsən, niyə burada yatıbsan?

Oğlan cavab verdi ki, əmi, heç kimim yoxdu, yetiməm. Sövdəgər xəbər aldı ki, oğlum, atan, anan ölüb? Uşaq dedi:

– Əmi, mən atalı-analı yetimlərdənəm. Özüm də buralı deyiləm. Türkiyədənəm. atamı tu­tub sür­gü­nə göndərdilər. Atam gedəndən sonra qardaş­larım, bacılarım, bir də mən analıq yanında qal­dıq. Ögey ana bizə gün vermədi. Mən də zülm-zillətdən təngə gəlib bir gün Araz çayını üzüb bu tərəfə keçdim. İki ilə yaxındır ki, bu kəndlərdə dilənib bir təhərnən başımı saxlayıram. Bir tikə çö­rək tapsam yeyirəm, tapmasam da Allah umu­du­na dolanıram.

Miriş sövdəgərin uşağa yazığı gəldi. Onu bilirik ki, Miriş sövdəgərin bir qızdan başqa heç bir övladı yoxuydu. Miriş sövdəgər belə qərara gəldi ki, elə yaxşı oldu, bu uşağın burada heç kimi yoxdu ki, sonra ona sahib çıxa. Apararam, mal-qarama, ev eşiyimə göz-qulaq olar. Bir də axı mən aynan-ilnən evdə olmuram. Böyüyər, ailəmə qulaq hayanı olar. Nə qədər olmasa kişi tayfasıdı. O, bu minvalla uşağı evinə gətirdi. Ona bir dəst yaxşı paltar tikdirdi. Arvadına da tapşırdı ki, uşağa yaxşı baxsın. Bu gündən uşaq sövdəgərin evində şad-xürrəm ömür sürməyə başladı. Onun qanacağı, mə­ri­fəti, boy-buxunu, qəddi-qaməti dillərdə dastan oldu. Tezliklən o, tay-tuşları arasında sayılıb-seçi­lən igidlərdən birinə çevrildi.

Aradan beş il keçdi. Mürşid adlı bu oğlanı hər yerdə barmaxnan göstərməyə başladılar. Söv­də­­gər də, arvadı da ona öz doğma balası kimi ba­xır­dılar.

Günlərin birində Miriş kişi arvadını yanına çağırıb dedi:

– Arvad, özün bilirsən ki, bizim bircə qızı­mız var. Gəl onu verək Mürşidə. Qoy elə qızı ev gəlini olsun. Bizdən sonra da var-yoxumuza sahib olsunlar. Ər-arvad Reyhanla Mürşidin də razılığını öyrənib toya hazırlaşmağa başladılar. Bu arada Mür­­şid sövdəgərdən xahiş elədi ki, əmi, bəlkə atam sürgündən qayıdıb. Həm də mənim orada qar­daşlarım, bacılarım, əmim, dayım, qohumlarım var. İcazə versən, adam göndərərik onları da toya çağırarlar.

Miriş kişi bu fikrə can-başla razı oldu. O, Tür­kiyəyə adam göndərdi. Bütün qohumları muş­tu­luqlayıb toya dəvət elədilər.

Mürşidin atası da qayıtmışdı. Bu xəbərdən o da çox sevindi. Onlar da o tərəfdən toya gəlməyə hazırlaşdılar. Bu tərəfədən də Miriş sövdəgər Aşıq Musanın dalınca adam gözdərmişdi. Həmin adam­lar gəlib gördülər ki, Aşıq Musa evdə yoxdu. O, Kəlbəcərə toya getmişdi. Üç gündən sonra Aşıq Mu­sa evə qayıtdı. Qonaqlarnan hal-əhval tutub on­la­rın gəlişinin səbəbini öyrəndi. Bir-iki gün din­cə­ləndən sonra onlar Naxçıvana yola düşdülər. Toy başlandı. Həm Mürşidin qohum-əqrabasının tapıl­ma­sı, həm də onun toyu camaatı yaman sevin­dir­miş­di. Odu ki, Miriş kişi elə bir şadyanalıq elə­di ki, hələ Naxçıvan camaatı belə toy görməmişdi. Yeddi gün, yeddi gecə yeyib-içib şənləndilər. Axır ki, toy qurtardı. Aşıq Musa Göyçəyə yola düşmək istədi. Ancaq Türkiyədən gələnlər razı olmadılar. Mürşidin atası Musaya çox xahiş, minnət elədi ki, gərək Mürşidin əmisi oğlu Mərdanın da toyunu sən eləyəsən. Amma Aşıq Musa getmək istəmədi. Bildirdi ki, xeyli vaxtdı toylarda olmuşam, evdən-eşikdən nigaranam. Eldən-obadan xəbər-ətərim yoxdu, gedim evdə bir az dincəlim.

Aşıq Musa nə qədər çək-çevir elədisə, gələn­lər əl çəkmədilər. Onlar çox yalvar-yaxardan son­ra axır ki, aşığı Türkiyəyə getməyə razı saldılar. Be­­ləliklə, Aşıq Musa da onlarnan birlikdə Türki­yəyə yola düşdü. Mürşidin atası aşıq Musanı sara­ya bənzər gözəl bir evə dəvət elədi. Həmin evin qabaq tərəfində də eynilə buna bənzər gözəl bir ev tikilmişdi. Bu da Mərdanın nişanlısıgilin eviydi. Elə ki, qız eşidib bildi ki, onların toyuna aşıq gə­lib, onlara baxmaq üçün güləfirəngiyə çıxdı. Bu za­man balabançı Novruz Musaya işarə elədi ki, dön bir belə bax. Musa dönüb qıza baxanda elə bil­di ki, doğrudan da günəş bu tərəfdən çıxıb. Gö­zəl, nə gözəl! Elə bil ərşdəki qılmandı. Qaşlar ka­man, kirpiklər ox olub adamın ürəyinə sancılır. Ya­xa­sı cənnət bağının qapısı kimi açıq, qolları dur­na qanadı, sifəti bədirlənmiş ay... aşıq gərək buna tərif desin, rəssam gərək bu gözəlliyi kətana köçürsün. Tanrı gör nələr yaradırmış, ilahi! Aşığın o tərəfə çox baxdığını görən oğlanlardan biri onu başa saldı ki, o qız indi toyu olan Mərdanın nişan­lısıdı. Musa bir yanında oturan Mərdana, bir də güləfirəngidən məlul-məlul baxan qızın pərişan halına baxıb aldı görək nə dedi:

Səhər-səhər zəhmət vermə özünə,

Ala gözlü, qələm qaşlı köynəkcək.

Əsər badi-səba dəyər üzünə,

Yarın qalar gözü yaşdı, köynəkcək.

Yanaqlar al, əllər şümşad, boy uca,

Ağ çit tuman köbəsidə alaca.

Sinən bəyaz, məmələrin xırdaca,

Sənə baxdım, ağlım çaşdı, köynəkcək.


Musa deyər, yoxsa candan bezarsan?

Qıya baxıb şirin canım üzərsən.

Vaxtı gələr bağ içində gəzərsən,

Bahar deyil, hələ qışdı, köynəkcək.

Musa oxuyub qurtarandan sonra qız öz razı­lı­ğını bildirib onları evə dəvət elədi. Qızın işarə ilə onları evə dəvət elədiyini görən aşıq iki barmağını yuxarı qaldırdı. Bundan sonra qız əlinin birini yu­xa­rı qaldırdı. Bunları görən cavanlar bərk şüb­hə­ləndilər. Onlar soruşdular ki, aşıq sən o qıznan ni­yə him-cimnən danışırsan? Aşıq Musa cavab verdi ki, o bizi öz evlərinə dəvət eləyib. Mən iki barma­ğımı tutdum ki, balabançıynan mən gəlim, yoxsa hamı­mız? O da beş barmağını göstərdi ki, beşiniz də gəlin. Daha niyə şübhələnirsiniz? Durun hamı­mız birlikdə gedək. Onlar hamısı qızın dəvət etdiyi ota­ğa getdilər. Qız aşıqların halını xəbər alıb yor­nux maral kimi kənardan onlara tamaşa eləməyə baş­ladı. Musa gördü ki, qız çox bikeflədi. Düşün­dü: yəqin ki, qızın oğlana meyli yoxdu. Onsuz da Musa çox yerdə fələyin belə kəc işlərini görmüş­dü. Ona görə ürəyi tab gətirməyib görək qıza nə dedi:

Xudam səni nə xoş gündə yaradıb,

Salıbdı cahana ay gülə-gülə.

Gözəllikdə heç kim sənə tay olmaz,

Alıbsan qüdrətdən pay gülə-gülə.
Çətindi ki, müşgül işlər düzələ,

Təbib sənsən, gəl yaramı təzələ.

Mən nə deyim qədir bilməz gözələ,

Elədi ömrümü zay gülə-gülə.


Uca boylu, tuti dilli baxtafar,

Sana qurban malım, mülküm hər nə var.

Aşıq Musa deyər gül üzlü dilbər,

Sən gətir biz içək çay gülə-gülə.

Qız aşığa razılıq eləyib, onlar üçün gözəl pür­rəngi çay dəmlədi. Sonra da aşıqnan gələn qo­naq­lara çay süzüb onları da çaya dəvət elədi. Bu za­man həmin qızın nişanlısı Mərdan Aşıq Musaya: aşıq, sən gələn yollara qurban olum, – deyə öz min­nətdar­lığını bildirdi. O Aşıq Musanı qucaq­layıb dedi:

– Beş ildi ki, bir-birimizə nişanlıyıq. Bu gü­nə qədər hələ kəlmə alıb kəlmə verməmişik. An­caq mən bu gün öz nişanlımın dəmlədiyi çayı içib, bişirdiyi xörəyi yedim. Bundan sonra Aşıq Musa düz yeddi gün, yeddi gecə Mərdanın toyunda ça­lıb-oxudu. Yeddinci gün gördülər ki, Axund Qu­lam­nan Molla Vəli buraya gəlir. Toy sahibləri on­ları yuxarı başa keçirib, yaxşı bir yerdə əyləşdilər. Ortalığa çay-çörək gəldi. Bu vaxt toybəyi Mərdan xahiş elədi ki, bir yaxşı hava çal, oxu, qoy axund Qulamnan Molla Vəlinin kefləri açılsın. Axund Qulam gördü ki, bu cavan aşıq sazı döşünə basıb çalmağa başladı. Tez qışqırdı:

Məlun oğlu, məlun bizi günaha batırma. Şeytan sənətinə uyan camaata tugi lənət.

Musa onun sözlərinə fikir verməyib, oxuma­ğını davam elətdirdi. Axund sıçrayıb sazı Musanın əlindən almaq istədi ki, yerə vurub qırsın. Musa cəld tərpənib sazı əlindən buraxmadı. Axundnan molla bir oldu, Musa tək. Onlar xeyli ortalıqda sa­zı o tərəfə bu tərəfə çəkişdirdilər. Camaat gördü ki, bir az da belə getsə, böyük dava olacaq. Tez ara­lığa girib axundu başa saldılar ki, axund, bura yas yeri deyil, toydu. Toyda da çalıb oxuyarlar. Axund Qulam daha da qəzəbləndi. Yenə də Mu­sanın üstünə qışqırdı ki, füzul oğlu füzul, aşıqsan nəsən, tez mağardan çıx. Musa gördü yox, axund­nan molla əl çəkmir dedi:

– Axund, eşit bir-iki kəlmə söz deyəcəm. kim payını götürsə mağardan çıxacaq.

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə