AŞiq musa əSƏRLƏRİ baki 2013




Yüklə 0.56 Mb.
səhifə1/4
tarix22.02.2016
ölçüsü0.56 Mb.
  1   2   3   4


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_____________________________________________



AŞIQ MUSA
ƏSƏRLƏRİ

BAKI - 2013


TƏRTİB EDƏNİ: İslam ƏLƏSGƏR

Filologiya üzrə fəlsəfə doktoru


REDAKTORU: Elxan MƏMMƏDLİ

Filologiya üzrə fəlsəfə doktoru


Aşıq Musa. Əsərləri. Bakı, Elm və təhsil, 2013, 148 səh.

Ə 4603000000 Ãðèôëè íÿøð

Í-098-2013


© Folklor İnstitutu, 2013


AŞIQ MUSA
Qədim Oğuz yurdu olan Göyçə mahalında on­­larla aşıq yetişmişdir. Onlardan biri də Aşıq Mu­­­sadır. Öz sazı və sözü ilə məclisləri zinətlən­di­rən bu qüdrətli el sənətkarının həyat və yaradıcılığı layiqin­cə tədqiq edilməmişdir. 1970-ci ilə qədərki şeir kitablarında və digər yazılarda aşığın 1795-1840-cı il­lərdə yaşadığı və Göyçənin Qaraqoyunlu kəndin­dən olduğu göstərilmişdir. Bu sətrlərin müəl­­­lifi tə­rəfindən aparılan araşdırmalar nəticəsin­də aydın ol­du ki, iki-üç cümlədən ibarət olan bu­radakı fikirlər ta­mamilə yanlışdır.

Yaşlı adamların, o cümlədən də Musa ilə qo­humluqları olan, Göyçənin Zod kənd sakinləri Cə­fərov Müseyib və Cəfərov Qurbanın söyləmələrinə görə, Musanın atası Səfər və əmisi Cəfər gənc yaş­larında, bir çoxları kimi, Qazax mahalının Tatlı kən­dindən köçüb, Zod kəndinə gəlmişlər. Bir müd­­dət burada yaşadıqdan sonra Səfər Zod kən­dinin ağaları ilə yola getməmiş və köçüb, qonşu Ağ­kilsə kəndində məskunlaşmışdır. Haqqında söh­bət açdığımız Aşıq Musa Ağkilsə kəndində dünya­ya gəlmişdir. Aşığın neçənci ildə doğulduğu dəqiq deyildir. 1912-ci ildə vəfat edən sənətkarın dəfn mərasimində onun 80 ilə qədər yaşadığı barədə ca­ma­at arasında söhbət gedir­miş. Buradan nəticə çı­xar­maq olur ki, o, təxminən, 1830-cu ildə ana­dan olmuşdur.

Axtarışlar nəticəsində Ağkilsə kəndinin cə­nu­bi-şərqindəki qəbiristanlıqda Aşıq Musanın qə­bir daşı tapılmışdır. Daşda onun vəfat etdiyi hicri ilə 1331-ci il yazılmışdır ki, bu da indiki tarixlə 1912-ci ilə düşür. Qəbir daşında olan bu yazı tək­zi­b­edilməz həqiqəti təsdiq edir.

Saz sənətinə yiyələnən, onu bütün incəliklə­rinə qədər mənimsəyən Aşıq Musanın ustadının kim ol­ması məlum deyil. Ustad olan bu el sənət­ka­rının bir neçə şəyirdi onun yanında püxtələşmişdir ki, bunlar­dan biri də Göyçənin Zərzibil kəndindən olan Aşıq Mehralı idi.

Aşıq Musa aşıqlığı ilə yanaşı, həm də yaxşı tə­sərrüfatçı olmuşdur. Onun bir dəyirmanı da var­mış. Qapısında əkdiyi ağaclar indiyə qədər qalmış­dı. Qə­bir daşının arxa tərəfində həkk edilmiş cüt (xış) şəkli onun bacarıqlı bir rəncbər olmasına işarədir.

Aşıq Musa yaz və yay aylarında əkinçiliklə məşqul olar, payız və qışda sazını götürüb, el-el, oba-oba gəzər, şənlik məclisləri keçirərmiş.

Aşığı görmüş qocaların, eləcə də Aşıq Talı­bın və Aşıq Ağayanın (Aşıq Ələsgərin şəyirdi) de­mə­lərinə görə, Aşıq Musa alçaq boylu, dolu bə­dənli, enlikürək, “polad kimi sağlam” bir adam imiş. İri bığlar sifətinə yaraşıq verirmiş. Başqa aşıqlardan fərq­li olaraq, o, belinə qılınc bağlarmış. Koroğlu ha­valarını heç kəs onun kimi oxuya bilmirmiş.

Aşıq Ələsgərdən, təxminən 10 yaş kiçik olan Aşıq Musa ona həmişə ehtiram göstərmiş, birevli kimi yaxın olmuşdur. Əlimizdə olan “Ay üzə-üzə”, “De bir üz-üz”, “Birisin”, “Yüküm”, “Mərd” rədifli şeirləri Ələsgərin eyni rədifli şeirlərinə nəzirədir.

Aşıq Musa öz davranışı ilə də xalq arasında hör­mət qazanmışdır. Heç kəsdən qorxub çəkinmə­yən aşıq qonum-qonşu ilə çox mülayim rəftar etmişdir.

Aşıq Musanın iki oğlu vardı. Böyük oğlu Əli gənc yaşlarında vəfat etmişdi. O biri oğlu İmamqulu Böyük Vətən müharibəsindən 2-3 il sonra dünyasını dəyişdi. Onların da şeir qoşmaq qabiliyyəti vardı.

Yazı-pozu bilməyən Aşıq Musanın yaradı­cı­lığı zəngin olmuşdur. Təəssüf ki, vaxtında yazıya alın­ma­dığına görə, çoxusu itib-batmışdır.

1960-cı ildə axtarışlar zamanı aşığın nəvəsi, Göyçənin Sarıyaqub kəndində yaşayan Musa Sü­ley­manovdan vərəqlərinin bir hissəsi cırılmış bir dəftər əldə edilmişdir. Dəftərdəki şeirlərin hamısı Aşıq Mu­sanındır. Lakin onun kim tərəfindən qələ­mə alın­dığı məlum deyildir. Yazının latın qrafikası ilə ol­ması göstərir ki, o, 1939-cu ildən əvvəllərdə yazıl­mışdır.

İndi əlimizdə aşığın 50-dən artıq şeiri vardır. Bunların əksəri qoşma, 8-i gəraylı, 5-i divani, 4-ü təcnis və 4-ü müxəmməsdir.

Son vaxtlar “Aşıq Musa və Mələknisə xa­nım” ad­lı bir dastan da meydana çıxmışdır. Bu das­­tan “Göy­­çə dastanları və aşıq rəvayətləri” (Top­­layanı Hü­seyn İsmayılov. Bakı, “Səda” nəş­riy­yatı, 2001.) kita­bında oxuculara təqdim edil­miş­dir. Dastan haq­qında orada göstərilir: “Aşıq Mu­say­nan Mələknisə xanım” dastanını Sarıyaqub kənd sakini Aşıq Musa Ağayar oğlu (65 yaşlı) söy­­ləmişdir. (səh.198,7-ci qeyd). Aşıq Musanın söy­lədiyi bu dastanı kitaba daxil etdik.

Aşıq Musanın yaradıcılığı çoxşaxəlidir. Müx­­təlif şeir şəkillərinə müraciət edən sənətkar müxtəlif mövzularda da gözəl, xoşagələn bədii sə­nət inciləri yaratmışdır.

Aşıq Musa aşıq ədəbiyyatında məşhur “Nə gü­nahı telli sazın” rədifli gəraylısı ilə şöhrət qa­zan­­mış­dır. Aşıq sənətindən söhbət açan qələm sa­hiblərimiz öz yazılarında aşığın bu gəraylısını xa­tırlamış, ayrı-ayrı bəndlərini sitat vermişlər.

Sazı, ümumiyyətlə, aşıq sənətini avam, fırıl­daqçı din xadimlərinin haqsız hücumlarından qoru­yan aşıq göstərir ki, sazın, saz çalmağın heç bir gü­nahı yoxdur. Əksinə, saz məclisləri abad edir, qəmli könülləri şadlandırır. Başqa sözlə, saz insana ruhi qida verir. Elə oradaca aşıq, saz çalmağın günah ol­duğunu iddia edənlərə çox kəskin cavab verir:

Yek şəcər, yek dəmir,

Ara vurmur, yalan demir.

Qazı kimi rüşvət yemir,

Nə günahı telli sazın!?

Aşıq bir-birinə zidd olan iki cəbhəni – saz sə­nəti ilə onun haram olduğunu deyənlər cəbhəsini qar­şı­laş­dırır. Hansı cəbhənin əməlləri günah sayıl­ma­lıdır? Şənlik məclislərinə yaraşıq verən, insan­ların könlünü açan, təbiət, insan gözəlliklərini vəsf edən, dinləyiciləri ustadnamələri ilə tərbiyələn­di­rən, onlara mərdlik, qəh­rə­manlıq, düzlük, səxavət­lik, və­tən­pərvərlik duyğuları aşılayan saz sənətimi, yox­sa saz sənətini haram buyu­ranların ara vurma­ları, yalan danışmaları, rüşvət yemə­ləri, şeytanlıq­ları, ca­du yaz­maları, sələmçiliklə xalqı soymaları kimi çir­kin əməl­lərimi!? Cavab öz-özlü­yündə aydındır.

Mövhumatın çox güclü olduğu, din xadim­lə­rinin “qılıncının dalı da, qabağı da kəsdiyi” bir za­manda həmin gəraylı sənətsevərlərin dilində əzbər olmuş, aşıqlarımızn repertuarında özünə möhkəm yer tutmuşdur.

Aşıq Musanın yaradıcılığında dövrünün icti­mai haqsızlıqlarına qarşı bir etiraz sədası eşidil­məkdədir. Zəhmətkeşlərin acınacaqlı həyatı; ağa­la­rın, bəylərin, mülkədarların özbaşınalıqları; çar çi­nov­niklərinin xalqa amansız divan tutmaları, xü­su­sən “yaz əkinçi, qış dilənçi” olan kəndlilərin ke­çir­di­yi məşəqqətli günlər aşığı hədsiz dərəcədə kədərlən­dirmişdir.

Bilin, bu yerlərdə ədalət yoxdu,

Heç bilmirəm, kimə gedim dada mən!?

– deyə el nəğməkarı ümidini itirmir, gələcəyə inam bəsləyir, “zimistanın nobahar” olacağını ar­zulayır:

Olaydı laləzar, açaydı güllər,

Zimistanın nobaharı gələydi.

Aşıq Musanın yaradıcılığında Vətən məhəb­bəti çox güclüdür. Təbiətin gözəlliklərindən doy­ma­yan; səfalı yaylaqlarını, buz kimi sərin bulaq­la­rını, ağ sürülərini, ağır ellərini tərifləyən aşıq, qür­bət el­lərə yönü düşəndə, şənlik məclisləri keçirsə də, yenə kədərlənir, Vətən həsrəti çəkir. Bu cə­hət­dən onun “Balabançı”, “Dağlar”, “Görüşməyə”, “Gön­dərrəm” rədifli qoşmaları daha səciyyəvidir. O, qucağında boy atdığı, havası ilə nəfəs aldığı, doğ­ma yurdu olan Göyçəni yeri gəldikcə təriflə­miş, ona xüsusi bir qoş­ma da həsr etmişdir. Şeirdə Göyçənin təbii gözəllik­lərini sadalamaqla yanaşı, həm də orada yaşayan insanların məhəbbət əhli ol­maları, qonağa göstər­dik­ləri hörmət iftixar hissi ilə qeyd olunur;

Hər dağdan ucadı Çalmalı dağı,

Car olur köysündən Qumlubulağı.

Əziz saxlayırlar gələn qonağı,

Dad verir dahana balı Göyçənin.

Aşıq Musanın yaradıcılığında insan gözəllik­lə­rinin təsviri və tərənnümü, məhəbbət motivləri xüsu­si yer tutur. O, rast gəldiyi sadə gözəl qız və gəlinləri səmimi bir dillə, pak məhəbbətlə tərif­lə­yir. Bu tərif­lərdə zahiri gözəlliklə mənəvi gözəllik vəhdət təşkil edir. O, “günəş camallı”, “büllur bu­xaq­lı”, “lalə ya­naqlı”, “kaman qaşlı”, “şahmar zulf­lu”, “sərv boy­lu”, gözəl libaslı qız-gəlinləri həm də mərifətinə, dərdbilənliyinə, sədaqətinə gö­rə tərifləyir. Bu tərif­lərdə heç bir açıq-saçıq və şit ifadəyə rast gəlmirik. Aşıq ancaq gözəllik aşiqi kimi gözümüz önündə tə­cəssüm edir. Gözəllərin tərifinə həsr edilən şeirlər içərisində “İndi”, “Dil­bər”, “Sinəsin”, “Güllər”, “Sən­sən”, “Gülə-gülə”, “Göz­lər”, “Maral”, “Gilas” və s. rədifli şeirlər da­ha çox diqqəti cəlb edir.

Xudam səni nə xoş gündə yaradıb,

Salıb bu cahana ay gülə-gülə.

Gözəllikdə Yusif sənə tay olmaz,

Alıbsan qüdrətdən pay gülə-gülə.
Yaxud:

Camalın aləmi edib münəvvər,

Bundan şərafətli mehrü mahvaram.

Aşıq Musa gənclərin bir-birinə olan sevgi – məhəbbətlərinin qarşısına bir əngəl kimi çıxan dini ayrıseçkiliyə özünün ciddi etirazını bildirir. Erməni qızı Marala həsr etdiyi müxəmməsində qızın gözəl­li­yini əlvan boyalarla təsvir edən aşıq, Əsli və Kə­rəm əhvalatını xatırlayır. O, Kərəmin faciəsini, onun mə­həbbət yolunda nə müsibətlər çəkdiyini tam aydınlığı ilə indi dərk edir və iki gəncin bəd­bəxt­liyinə səbəb olan keşişə lənətlər yağdırır:

Lənət gəlsin keşişə,

Aləmdə bir səs elədi;

İki sevgini bir-birdən

Ayırdı, əbəs elədi;

Qız getdi, o vermədi,

Övladıynan bəhs elədi;

Çəkdi din təsibini,

Kərəmə qisas elədi;

Haqq özü qisas qoymaz,

Ədalət divandı, Maral!

Aşıq Musanın yaradıcılığına nəsihətamiz ruh hakimdir. Bəzən ayrı-ayrı misralarda tərbiyəvi ma­hiy­yət daşıyan fikirlər ifadə edən el sənətkarı, bə­zən də üzünü öz könlünə tutaraq ona öyüd-nəsihət verir. Bu nəsihət, əslində, dinləyicilər üçündür. Bu cəhət­dən onun “Dilim” rədifli qoşması daha səciy­yə­vidir. O, adamları tamahkar olmamağa, namərd­lə­rə uyma­mağa, məclislərdə özlərini mərifətli apar­­mağa, danı­şanda az danışıb incə mətləblər ifa­də etməyə, bivəfa­larla yoldaşlıq etməməyə, sirri möh­kəm saxlamağa və digər gözəl insani key­fiy­yətlər sahibi olmağa çağırır.

Mənim sözlərimi saxla amanat,

Haqqınnan dost olan tez tapar nicat.

İstəyirsən sərin ola salamat,

Ağlına gələni danışma, dilim!
Yaxud;

“Hər kəs çəkər öz ağlının bəlasın,

Fitnəvü şərlərə qarışma, dilim!”

Şeirə bütövlükdə nəzər saldıqda, aydın olur ki, aşıq “dilim” sözünü iki mənada işlətmişdir. “Ağ­lına gələni danışma, dilim” deyərkən ağızda olan dil nəzərdə tutulur. “Fitnəvü şərlərə qarışma, dilim” – deyərkən aşıq öz könlünə, öz qəlbinə xi­tab etdiyi aydın olur.

Aşıq Musanın şeirləri bədii sənətkarlıq cəhə­tincə də maraqlıdır. O da çox zaman aşıq ədəbiy­ya­tında tez-tez rast gəldiyimiz “mah camal”, “dəli könül”, “tuti dil”, “peykan kirpik”, “kaman qaş”, “qay­maq dodaq”, “ay qabaq” kimi sözlər işlət­mişdir. Amma aşıq bunlardan elə istifadə etmişdir ki, ifadə tamamilə yeni görünür.

Bir öpəydim yanağının gülündən,

Usanıb qönçələr, lalələr məndən.

Bədii ədəbiyyatda “lalə yanaq” ifadəsini tək­rar-təkrar eşitmişik. Aşıq həsrətini çəkdiyini ya­na­ğın gülü lalə deyildir; “lalələr ondan usanıb­dır”. Bu gül lalələrdən daha gözəl, daha cazibədar, daha qiymətli bir güldür.

Aşıq mübaliğəli ifadələrə də geniş yer verir.

Ay ağalar, çeşmim yaşı sel oldu,

Çalxanır sonalar ay üzə-üzə.

Dərd-qəmin ağır olduğunu bildirmək üçün aşıq mübaliğədən sənətkarlıqla istifadə etmişdir.

Moc verir sinəmdə eşqin dəryası,

Coşub dalğalanan bəhrü bərim var.

Bu beytdə isə, aşıq, eşqinin, məhəbbətinin bö­yüklüyündən, gücündən söhbət açmış, onu co­şub-daşan dalğalı dənizə bənzətmişdir.

Aşıq Musa şeirlərində məcazlardan geniş is­ti­fa­də eləmişdir. Bu da şeirin bədii dəyərini artır­mışdır.

Ustad aşığın sənət incilərində sözlərin seçil­məsi və sıralanması misralarda bir ahəngdarlıq əmələ gətirir. Bəzən təkrar işlədilən hər hansı bir söz ağırlıq törətmir; misraya xüsusi gözəllik verir.

Dəli könül, səndə nələr dolanır,

Biri qışdı, biri payız, biri yaz.

Üç əlamət gözəllərin nişanı;

Biri işvə, biri qəmzə, biri naz.
Yaxud:

Üç şeydir ki, bu otağa yaraşan;

Biri Musa, biri söhbət, biri saz.

Misralardakı heca bölgüsü düzgün gözlənil­diyinə görə (4+4+3) bənd gözəl səslənir. Təkrar edilən “biri” sözünün bölgülər arasına düşməsi mis­ralarda axıcı bir ahəng əmələ gətirmişdir.

Aşıq Musanın yaradıcılığında təhlil edilməli məziyyətlər çoxdur.
İslam ƏLƏSGƏR

QOŞMALAR
DİLİM
Dilim, sənə bir nəsihət deyirəm,

Dünyanın malına sarışma, dilim!

Yəqin eylə, ölüm haqdı qabaqda,

Qiyamət oduna alışma, dilim!


Mənim sözlərimi saxla amanat,

Haqqınan dost olan tez tapar nicat.

İstəyirsən sərin ola salamat,

Ağlına gələni danışma, dilim!


Bir məclisə vardın sən ol nöqtəhal1

Eşidənlər səndən dərg etsin kamal.

Dindirsələr dillən, yoxsa da ol lal,

Hərcayı danışıb gülüşmə, dilim!


Sən uyma namərdə, gördüm səxasın,

İçməynən, zəhr olu mey piyalasın.

Hər kəs çəkər öz ağlının bəlasın,

Fitnəyə, böhtana qarışma, dilim!


Musa eşqə alışmayıb, nə lazım,

Bivəfaynan qonuşmayıb, nə lazım.

Allah özü sir açmayıb, nə lazım,

Sən bildiyin sirri gəl açma, dilim!



GÖYÇƏNİN
Siz eşidin vəsfi-halın söyləyim,

Yaxşı camaatdı eli Göyçənin.

Adamları saf məhəbbət əhlidi,

Cənnətdi çəməni, çölü Göyçənin.


Hər yerdə söylənir Göyçənin adı,

Səfalı yaylağı, qurğu busatı.

Sürüynən erkəyi, ilxıynan atı,

Nə çoxdu dövləti, malı Göyçənin.


Hər dağdan ucadı Çalmalı dağı,

Car olub köysündən Qumlubulağı.

Əziz saxlayırlar gələn qonağı,

Dad verir dahana balı Göyçənin.


Musanın sözlərin eyləyin əzbər,

Yazılsın kitablar cəm olsun dəftər.

Gəzəsən kəndbəkənd, şəhərbəşəhər,

Deyəsən necədi halı Göyçənin.


GÜLƏ-GÜLƏ
Xudam səni nə xoş gündə yaradıb,

Salıb bu cahana ay gülə-gülə.

Gözəllikdə Yusif sənə tay olmaz,

Alıbsan qüdrətdən pay gülə-gülə.


Çətindir ki, müşgül işlər düzələ,

Təbibimsən, gəl yaramı təzələ.

Mən nə deyim sənin kimi gözələ,

Eylədin ömrümü zay gülə-gülə.


Uca boylu, tuti dilli baxtavar,

Sənə qurban malım, mülküm hər nə var.

Aşıq Musa deyər, gül üzlü dilbər,

Sən gətir, mən içim çay gülə-gülə.


YATMIŞDIM, GUŞUMA GƏLDİ BİR SƏDA
Yatmışdım, guşuma gəldi bir səda,

Oyandım, əyləşib bir alişan şah.

Durdum, salam verdim, mən oldum agah,

Dedi: nə yatıbsan, qümbeyi-zinallah?!


Allahın izniylə mənə dur dedi;

Buyurdu Qənbərə: “badə ver”, – dedi.

Şəhadət barmağın tutdu, “gör”, – dedi,

Göstərdi bir cavan, eylədi agah.


Agah oldum, mən görəndə yarımı,

Unutdum ağlımı, hişü səriəni,

Külli dövlətimi, tamam varımı

Dedi qorxma, qorxma, mənəm Seyfullah.


Seyfullah deyəndə, mən oldum bələd,

O dəmdə payına etdim ziyarət.

Ağıl çıxdı başdan, oldum bitaqət,

Dilimdə dolandı “lailahəilləllah”.

Lailahəilləllah dilimdə bu gün,

Yerlərə ləngərdi, göylərə sütun.

Çəkib Zülfüqarı, aşkar etdi din,

Haqqa dost olana göstərdi irah.


İrahınan gedən bulmaz müşgülü,

Bir ismin “hələta”, bir ismin “Vəli”.

Cəbrayılın ustadısan, ya Əli!

Sirlərini kimsə bilməz cabəcah.


Cabəcah deməkdə haqqa aslansan,

Pərdeyi-hicabda alma bölənsən.

Mehracın yolunda xatəm alansan,

Səni necə əziz xəlq etdi Allah!


Allahın şirisən, özün pürhünər,

Yahu deyib, zikr edərdi Zülfüqar.

Tamaşaya durdu göydə mələklər,

Hüsnündən dərc oldu nuri təcəllah.


Nuru görən ömrü gedər yüz ilə,

Neçə qatar nər-mayası düzülə.


Bir saatda yüz min dəftər yazıla,

Vəsfin boşa gəlməz vallahü billah.


Billahi sənsən vəsfdə aşkar,

Dəstimlə paylanır saqiyi-kövsər.

Aləmi xəlq edən ya pərvərdiyar,

Səndə rəhm çoxdu, Musada günah.




KÖYNƏKCƏK
Səhər vaxtı zəhmət vermə özünə,

Ay qabaqlı, qələm qaşlı köynəkcək.

Qoyma sabah yeli dəyə üzünə,

Uzun boylu, qara saçlı köynəkcək.


Qaşlarının tağı bənzər mehraca,

Ağ çit tuman gövdəsində alaca.

Sinən bəyaz, məmələrin balaca,

Sərxoş durur xoş baxışlı Köynəkcək.


Musa deyər, ürəyimi əzərsən,

Eşqə düşüb, ömür bağın üzərsən.

Vaxt yetişər bağ içində gəzəsən,

Bahar deyil, hələ qışdı, köynəkcək.


OLA
Gözəli sevəsən cavan çağında,

Alma yanaq, gül buxağı ağ ola.

Doyunca əməsən dilin dodağın,

Zülfü dal gərdəndə bir qucaq ola.


Oturub-duranda bilə mərfəti,

Əlində saxlaya məzə şərbəti,

Yatasan, çəkəsən dünya ləzzəti,

Uzana gecələr, gec sabah ola.


Dərdini anlaya, qədrini bilə,

Əlində məhraba, istəkan silə.

Alçaqdan danışa, ucadan gülə,

Geyinə, sallana, damaq çağ ola.


Şeyda bülbüllərin ötüşən çağı,

Qolundan tutasan, gəzəsən bağı.

Ağzına salasan qaymaq dodağı,

Öpəsən, qucasan gen qabaq ola.


Musa deyər, ləbləri qənd yaxşıdı,

Boyu uca, zülfü kəmənd yaxşıdı.

Bu sözlərin yeri xəlvət yaxşıdı,

Alt-üstü ləmpəli bir otaq ola.



VARMI
Ala gözlü, uca boylu şahzada,

Şah sənsənmi, səndən qeyri şah varmı!?

Səni sevən malı neylər dünyada,

Qaşlarından özgə qibləgah varmı!?


Boyun görən keçər candan sərbəsər,

Dilim bir dəryadı, sinən bir dəftər.

Camalın aləmi edib münəvvər,

Bundan şərafətli mehrü mah varmı!?


Qamətin hüsnünə qıldım ibadət,

Qaşların tağına edim ziyarət.

Zülfünün muyundan qurulsa Sirat,

Günahkar Musaya bir irah varmı!?




DƏLİ KÖNÜL, SƏNDƏ NƏLƏR DOLANIR
Dəli könül, səndə nələr dolanır,

Biri qışdı, biri payız, biri yaz.

Üç əlamət gözəllər nişanı,

Biri işvə, biri qəmzə, biri naz.


Coşqun çaylar kimi qaynadım, doldum,

Hayva tək saraldım, gül kimi soldum.

Gedərikən üç gözələ tuş oldum,

Biri qarı, biri gəlin, biri qız.


Qürbət eldə kimdi halım soruşan,

Ağ üzündə qoşa xal verir nişan.

Üç şeydir ki, bu otağa yaraşan,

Biri Musa, biri söhbət, biri saz.


GÜLLƏR
Başına döndüyüm, ay mələkzada,

Gözəllər içində növrəstə Güllər.

Eşqin şərabından oldum fəramuş,

Rəhm eylə mən yazıq sərməstə, Güllər!


Pərvanəyəm, eşq ataşın məndədi,

Məhşərədək yanar, keçməz, candadı.

Gözəllikdə neçə nişan səndədi,

Boyundu qüdrətdən bir bəstə, Güllər.


Gözüm açdım, mail oldum bir gülə,

Bir bülbülü həmrah gördüm bir gülə.

Dərd qoymadı yazıq Musa bir gülə,

Nə sağ demək olmaz, nə xəstə Güllər.


DÜŞDÜK
Mən sizə söyləyim, duran cavanlar,

Bu səfərdə əcəb tufana düşdük.

Dörd tərəfi aldı qarlı dumanlar,

Maral bulağında borana düşdük.


Bad fərman gətirib, elədi tüğyan,

Çaşdırdı yolları, dolandıq hər yan.

Bir ləhzədə zülmət kəsildi cahan,

Orda qırılmağı gümana düşdük.


Musanın dərdindən siz olun agah,

Bir daşa yoldaşım gətirdi pənah.

Üz tutduq Xudaya, biz tapdıq irah,

Yüz yol “llah” dedik, amana düşdük.


DAĞISTANDA
Ay ariflər, gəlin sizə söyləyim,

Gətirir bağçalar bar Dağıstanda.

Gül gülü çağırır, çiçək çiçəyi,

Alma Dağıstanda, nar Dağıstanda.

Dolandım çox yeri, mahalı gördüm,

Məhəbbət əhlidi, vəfalı gördüm.

Ha yana üz tutdum, səxalı gördüm,

Könlün nə istəsə var Dağıstanda.


Hər dağdan ucadı Alvızın1 dağı,

Çar tərəfdən axır kövsər bulağı.

Çox etdim orada toyu, yığnağı,

Namus Dağıstanda, ar Dağıstanda.


Gözəlləri dəstə-dəstə gəzirlər,

Ay qabağa siyah tellər düzürlər.

Baxanda Musanın canın üzürlər,

Seçəydi özünə yar Dağıstanda.



BALABANÇI
Mən heç öz dərdimi çəkə bilmirəm,

Dolanır zamana çaş, balabançı.

Bu tərlan ovundan keçə bilmirəm,

Töksə də gözümdən yaş, balabançı.


Sən Vətənə namə yaza bilmirsən,

Düşüb yad ellərdə gəzə bilmirsən.

Mən ilə qürbətə dözə bilmirəm,

Mən olmuşam bağrı daş, balabançı.


Musa yanır bir dildarın ucundan,

Canlar alan işvəkarın ucundan.

Məni öldürsələr yarın ucundan.

Sən bizim ellərə qaç, balabançı.


VAR
Ay ağalar, gəlin sizə söyləyim,

Unutmam, dilimdə bir əzbərim var.

Mən deyim sözümün sağın aşikar,

Açılmış sinəmdə bir dəftərim var.


Gördüm bu dünyanın zövqü səfasın,

Oxudum dərsimi, çıxdım hecasın.

Anladım hürufun məddi-mənasın,

Yerbəyer dərs verən irəhbərim var.


Musayam, sözümün budur mənası,

Hər yana şox salır qəlbin nidası.

Moc verir könlümdə eşqin dəryası,

Coşub dalğalanan bəhrü bərim var.


MƏNƏ DİLBƏR
Qız, belə gəzməyin aşıq öldürür,

Telindən tel ayır sat mənə, Dilbər!

Sinəm nişanadı, ağrımaz bədən,

Atırsan yay-oxun at mənə, Dilbər!


Bar-ilahi belə gözəl sağ olsun,

Cilvələnsin bəxti, günü ağ olsun!

Həsrət ölsəm, qoy sinəmdə dağ olsun,

Belə tənbehləri tut mənə, Dilbər!


Musa deyər bu sözləri o dona,

Mən müştaqam o libasa, o dona.

Alışsın oymağın, düşsün od ona,

Əgər ki, sən desən “get” mənə, Dilbər!


EYLƏYİR
Bozmolladan baxdım dağlar başına,

Gördüm bulud göydə fəqan eyləyir.

Baxırsanmı sən qəzanın işinə,

Boran yolu kəsib tüğyan eyləyir.


Dağların başını duman alıbdı,

Görünməz irahlar qarda qalıbdı.

Dedim ki, vaxtımız tamam olubdu,

Bad fərman gətirib, tufan eyləyir.


Musa deyər, kimlər gələr sorağa,

Kim nə bilir biz gəlmişik bu dağa.

Yıxılıb yoldaşım, durmur ayağa,

Özünü bir daşa mehman eyləyir.


İNDİ
A bimürvət, mən ha səndən ötəri

Düşmüşəm çöllərə, sayılam indi.

Can çıxdı cəsəddən, sən aşkara gəz,

O mah camalına mayılam indi.


Leyli-Məcnun kimi bəlaya tuşam,

Mən sənin dərdindən Vətənsiz quşam.

Mey ki içməmişəm, niyə sərxoşam,

Əməm ləblərindən, ayılam indi.


Sənsiz bu dünyada gəzmək əbəsdi,

Ruhum gedib, cismim quru qəfəsdi.

Bu dərdü möhnətin Musaya bəsdi,

Öldürürsən, öldür, qayılam indi.


İNDİ
Ay ağalar, gəlim sizə söyləyim,

Mən istərəm bu meydanda nər indi.

Sinəmin dəftərin izhar eyləyim,

Arif olan ər gərəkdi, ər indi.


Sevdalı sərimdə eşqin havası,

Yandırır cismimi onun nidası.

Çalxanır könlümdə eşqin dəryası,

Boylama ki, dərinlərdən dərindi.


Aşıq Musa dərsin alıb bir pirdən,

Mətləbi zəbərcəd, kalamı dürdən.

Gözləri cananı görəndə hərdən,

Ağlı çaşır, tab eyləmir sər indi.



SİZ İNDİ

Gündoğan tərəfdən əsən badlar,

Eləməyin bu boranı siz indi.

Açılsın gədiklər, görünsün yollar,

Sakit edin bir tufanı siz indi.
Yandırmayın bu boranın oduna,

Yetən yoxdur fəryadına, dadına.

And verirəm bir Allahın adına

Eləməyin nahaq qanı siz indi.


Həmişə dilimdə eylərəm əzbər,

Tufanda, boranda sənsən irəhbər.

Yetiş dadımıza, Xızır peyğəmbər,

Ol Musanın pasibanı siz indi.


GƏLƏYDİ
Xaliqi-ləmyəzəl edəydi imdad,

Həsrət gözüm intizarı gələydi.

Olaydı laləzər, açaydı güllər,

Zimistanın novbaharı gələydi.


Baharın havası əridə qarı,

Açıla çeşmələr, axa suları .

Oynaya buludlar, yağdıra barı2,

Dərya kimi dalğaları gələydi.


Açıla dağların hər cür lalası,

Bənövşənin ətri, zövqü səfası.

Moc verir könlümdə eşqin dəryası,

Coşqun çaylar kimi carı gələydi.


Göyərə bağçada süsən sünbüllər,

Ətrafında gəzə şeyda bülbüllər.

Uzana tənəklər, açıla güllər,

Bağban istədiyi barı gələydi.

Pünhanda dərsimi veribdi ustad,

Göstərib yerbəyer, eyləyib bələd.

Virana könlünü eyləyən abad

Bir Musanın ümidvarı gələydi.

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə