Araşdırma Hökumətin elektron qapısının “açarı” kimin çibindədir?




Yüklə 90.79 Kb.
tarix22.02.2016
ölçüsü90.79 Kb.
Araşdırma
Hökumətin elektron qapısının “açarı” kimin çibindədir?
Və yaxud Azərbaycanda “bu gün get, sabah gələrsən” dönəmi nə vaxt bitəcək?
Azərbaycanda vətəndaşların əksər dövlət qurumlarında, məmur qapılarında ən çox eşitdiyi, el dili ilə desək, eşitməyə bir növ adətkar olduğu söz ən yaxşı halda “bu gün get, sabah gələrsən” kəlməsidir. Demək olar ki, kürəyi yumşaq kreslonun söykənəcəyinə dəyən əksər məmurların vəzifəyə gələn andan əzbərlədikləri bu kəlmə, onların yaddaşından bu kürsünü tərk edən günədək çıxmır. Artıq inkişaf etmiş ölkələrdə “e-dövlət qapısı” hökumətdə “bu gün get sabah gəl” dönəmini bitirsə də, bizdə elektron hökumətə keçid hələ də məmurların leksikonundan bu “məşhur” kəlməni çıxarda bilməyib. Halbuki, elektron hökumət sisteminə keçən ölkələrdə hökumətin yeni “elektron qapısı” vətəndaşların üzünə illərlə bağlı olan qapıları açmağa müvəffəq olub. Bəs görəsən Azərbaycanda “e- dövlət qapısı” nə vaxtdan vətəndaşın həyatında “açıq qapı” rolunu oynayacaq?

Movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, Azərbaycanda "2013- 2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"na zəruri əlavələr edilməzsə, vətəndaşlar məmur qapılarında gözlədikləri qədər də, hökumətin yeni “elektron qapı”sı arxasında ləngiməli olacaqlar. Çünki, Azərbaycanda dövlət qurumlarının e-hökumətə keçidi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarının olmasına baxmayaraq, hələ də, təsdiqlənən xidmət təminatçılarının və xidmət sahələrinin e-hökumət portalına (https://www.e-gov.az) inteqrasiyasiyası ləngiməkdədir.

Baxmayaraq ki, e-hökumət layihəsinin reallaşmasında ölkə başçısı səviyyəsində siyasi iradə ortaya qoyulub. Cənab Prezident İlham Əliyevin imzası ilə neçə-neçə əsasnamələr, normativ-hüquqi aktlar təsdiqlənib. Amma görünür uzun müddət bürokratik idarəetmə sisteminə öyrənmiş bəzi məmurlar, “e-hökumət” ideyasını öz xoşuna qəbul etmək istəmir və el dili ilə desək əllərinə girəvə düşmüşkən bu idarəetmə sistemindən daha çox faydalanmaq niyyətindədirlər. Bəzi dövlət qurumları “e-hökumətə” keçiddə ləngimələrini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsalar da, bu xoş niyyəti ağıllarından belə keçirmədikləri göz qabağındadır.
Hökumətin elektron qapısının “açar”ını itirənlər...
Hələ də Nazirlər kabinetinin təsdiqlədiyi xidmət təminatçılarından olan Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidməti, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası kimi dövlət qurumları indiyədək bircə xidmətlərini belə (https://www.e-gov.az)-a inteqrasiya etməyiblər. Məsələn, ölkədə dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə keçirilən tenderlərdə şəffaflıq mövzusu həmişə müzakirə mövzusu olub. Bəzən eyni xidmətlərin keçirilən bütün tenderlərdə bir müəssisə tərəfindən satınalınması ortada korrupsiya elementlərinin olduğu ilə bağlı şübhələr yaradır. Odur ki, Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin şəffaflığı vacibdir. Amma çox təəssüf ki, hazırda Agentliyin adı e-hökumət portalındakı dövlət qurumlarının arasında yoxdur. Baxmayaraq, NK-nin müvafiq qərarı ilə Agentliyin ən azı üç xidməti portala inteqrasiya etməli idi. Bunlar keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair, keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında və xarici ölkələrdə keçirilən dövlət satınalmalarına dair məlumatların verilməsindən ibarətdir. Amma bu günədək bu xidmətlərin bircəciyini belə portalda görmək mümkün deyil. Maraqlıdır ki, hər üç xidmət Agentliyin öz elektron saytına yerləşdirilib. Satınalmalar üzrə Dövlət Agentliyinin Movqe.az-ın sorğusuna verdiyi cavabda bildirilir ki, buna səbəb provayderin Agentliyin ofisində yenidənqurma işləri aparmasıdır. Agentliyin Elektron Məlumat Bazasının Təşkili şöbəsinin müdiri Sahib Mustafayevin verdiyi məlumata görə, təmsil etdiyi qurumun xidmətlərinin e-hökumət portalına inteqrasiyasının ləngiməsi sırf texniki problemlə bağlıdır. S. Mustafayev bildirib ki, Agentliyin NK-nın təsdiqlədiyi üç xidməti e-hökumət portalına inteqrasiya edəcək. Amma bu ancaq ilin sonuna mümkün ola bilər.

Digər vətəndaşların çoxsaylı müraciəti ilə müşahidə olunan xidmət təminatçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir (SHÇDX). Bu xidmətin də hələki bir xidməti belə e-hökumət portalına inteqrasiya etməyib. NK-nın təsdiqlədiyi müvafiq qərarla SHÇDX-nin hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu,çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu kimi xidmətləri e-hökumət portalına inteqrasiya etməli idi. Maraqlıdır ki, SHÇDX-nin öz elektron saytında olan bir xidmət- “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” xidməti də portala inteqrasiya etməyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Movqe.az-ın sorğusuna verilən cavabda bildirilir ki, qurumun e-hökumət portalı vasitəsilə 5 elektron xidmətin göstərilməsi nəzərdə tutulub: “Hal-hazırda onlardan biri-«çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi» həyata keçirilir. Sözügedən elektron xidmət seferberlik.gov.az internet ünvanından təqdim olunur. Xidmət tərəfindən digər 4 elektron xidmətin təqdim olunması və onların Elektron Hökumət Portalına inteqrasiyası üçün müvafiq işlər aparılır”.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin il yarımdır ki, yaradıldığını nəzərə alsaq bu nəticə elə də pis sayıla bilməz. Yeni yaradılmış xidmətin e-hökumətə keçiddəki təcrübəsi adı e-hökumətin qara siyahısında olan Maliyyə Nazirliyinə utandırıcı örnək də sayıla bilər. Məlumat üçün xatırladım ki, NK bu nazirliyin e-hökumətə inteqrasiya etməli olan dörd xidmətini təsdiqləyib. Bunlar sığorta, təkrar sığorta, sığorta brokeri, sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu, ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu xdimətləridir. Bu xidmətlərdən üçü nazirliyin elektron saytındakı elektron xidmətlər bölməsində olsa da, hələ ki, e-hökumət portalında yoxdur. Qurumdan isə bu gecikmənin səbəbini aydınlaşdırmaq üçün göndərdiyimiz sorğuya heç bir cavab verilmədi. Bu siyahını uzatmaq da olar. Amma proseslər biri-biri ilə zəncirvari bağlı olduğundan, keçək elektron hökumətin tam gücü ilə işə düşməsini əngəlləyən daha bir səbəbə.


Lazımsız xidmətlər e-hökumət qapısında, lazımlı xidmətlər məmur qapısında?
Acı da olsa həqiqətdir ki, bəzi e-hökumət portalına inteqrasiya etmiş qurumlar əhalinin daha çox istifadə etdiyi xidmətləri portala inteqrasiya etməkdə maraqlı deyillər. Qeyd edək ki, xidmət təminatçılarının adını portalda görmək vətəndaş üçün nə qədər xoşdurdursa, yararlandığı xidməti e-hökumət portalında tapmaması o qədər də məyusedicidir. Amma təəssüfedici haldır ki, bu gün elektron hökumət portalına inteqrasiya olunan xidmətlərin arasında vətəndaşların daha çox yararlandığı xidmət sahələrinin sayı barmaqla sayılacaq qədərdir. Götürək Daxili İşlər Nazirliyini. Nazirlik indiyədək ikicə xidmətini e-hökumət portalına inteqrasiya edib. Bunlar pin-ə görə fərdi məlumatların axtarışı və yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar xidmətidir. Halbuki Nazirliyin e-hökumətə keçməsi təsdiqlənən 24 xidmətindən 23-ü hələ də portalda yoxdur. Qeyd edək ki, nazirliyin vətəndaşlar tərəfindən daha çox istifadə edilən xidmətləri Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətindədir. Bu gün avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsinin, onlara dövlət nömrə nişanlarının verilməsinin, habelə yol hərəkəti qaydaları və sürücülük vəsiqələri üzrə imtahanların qəbul edilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsinin təşkil edilməsi kimi vətəndaşların daha çox istifadə etdiyi, eləcə də narazılıqları ilə müşahidə olunan xidmət sahələri elektronlaşdırılmır. Bu xidmətlərə görə, vətəndaşlar hələ də Baş Dövlət yol Polisi İdarəsinin qapısını döyməli olur. Nazirlikdən isə Movqe.az-a bildirirlər ki, NK-nın təsdiqlədiyi xidmətlər də tədricən portala inteqrasiya olunacaq. Artıq bu istiqamətdə iş gedir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əhalinin daha çox istifadə etdiyi və çoxsaylı narazılığı ilə müşahidə olunan xidmətləri portala bu gündək inteqrasiya etdirməyib. Nazirlik ələxüsus da dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulunu e-hökumət portalına inteqrasiya etdirməkdə nədənsə maraqlı deyil. Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu xidməti nazirliyin elektron saytında elektron xidmətlər bölməsinə əlavə olunub. Amma nazirlik bu xidməti e-hökumət portalına inteqrasiya etdirmir. Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar fərdi ev tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə alınırlar. Həmin vətəndaşlar və şəhid ailələri dövlət hesabına inşa olunan çoxmənzilli yaşayış binalarından mənzillə təmin olunmaq üçün isə yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Ona görə də fərdi ev tikintisi üçün növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, çoxmənzilli yaşayış binalarından mənzillə təmin olunmaq üçün mənzil növbəliliyi siyahısı isə müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərindədir. Fərdi yaşayış evi tikintisi üçün növbəyə dayanan Qarabağ müharibəsi əlillərinin növbəlilik prinsipini nazirliyin elektron saytı vasitəsilə izləmək mümkün olsa da, yerli icra hakimiyyətlərində növbəyə duranlara növbənin nə vaxt çatacağını izləmək mümkün deyil. Bunun üçün heç bir elektron xidmət növü təşkil olunmayıb. Nazirliklə yerli icra hakimiyyətləri arasında e-növbə elektron xidməti yaranmadığından, cəmiyyətimizin güzəştli kateqoriyası sayılan əllillər, şəhid ailələri illərlə onlara da nəhayət ki, növbə çatacağı günü gözləyir. Bu xidmət üçün e-növbə sistemi yaradılmadığından, rüşvətə əlverişli şərait yaranır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) İH-lərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq xüsusi Komissiya tərəfindən həyata keçirilir. Həmin Komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib. Amma bu təşkilatların da elektron saytlarında bu növbəlilik prinsipini izləmək imkanı yaradılmayıb. E-hökumət portalındakı mənzərədə də görünür ki, dövlət qurumlarının portala inteqrasiyasında bir qədər keyfiyyətin arxa plana keçməsi hiss olunur. Vətəndaşın ayda-ildə bir dəfə yararlandığı bir neçə xidmətdənsə, daha çox müraciət edilən bir xidməti portala inteqrasiya etdirmək daha vacib olardı. Necə deyərlər “az olsun, saz olsun”.


Dövlət qurumları xidmətlərini e-hökumətdən gizlədir
Nəqliyyat Nazirliyi də NK-nın təsdiqlədiyi xidmətlərdən biri istisna olmaqla dörd xidmətini e-hökumət portalına inteqrasiya etdirib. Portala inteqrasiyası ləngiyən xidmət “dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı” xidmətidir ki, əhali tərəfindən geniş istifadə olunan xidmət sahəsi hesab olunur. Bu xidmət Nazirliyin elektron saytında yer alsa da, portala bu günədək inteqrasiya olunmayıb. Məsələn Nəqliyyat Nazirliyi daha çox istifadə olunan xidmətlərdən birini nə öz elektron saytındakı elektron xidmətlər portalına, nə də ki, e-hökumət portalına inteqrasiya etdirməyib. Bu avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almadan xidmət göstərən fiziki və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi xidmətidir. Qeyd edək ki, vurğuladığım məsələ son vaxtlar xüsusilə aktuallaşan, hətta vətəndaşların çoxsaylı şikayətləri ilə müşahidə olunan xidmət sahəsidir. Bəllidir ki, müvafiq lisenziya almadan fəaliyyət göstərən fiziki şəxslər nazirliyin müfəttişləri tərəfindən reydlər zamanı aşkarlanır və onların idarə etdiyi avtomobilin sürücülük vəsiqəsi əllərindən alınır. Qanunu pozan fiziki şəxslər sənədlərini geri almaq üçün mütləq Nazirliyin aidiyyatı qurumuna müraciət etməli, müəyyən edilmiş cəriməni ödədikdən sonra sənədlərini geri almalıdırlar. Bu xidmət nazirliyin tabeliyindəki “Bakı sərnişinnəqliyyat MMC”nin səlahiyyətindədir. Burada sürücülərlə qurumun əməkdaşları arasında yaranan mübahisələr çox vaxt əlbəyaxa davaya belə çevrilir. Qanunu pozmaqda təqsirkar bilinən vətəndaşla nazirliyin müvafiq idarəsinin əməkdaşlarının canlı təması birincidən rüşvət tələb edilməsi və sair qanunazidd əməllərə gətirib çıxardır. Qanunsuz sərnişindaşıma ilə məşğul olanlarla bağlı xidmət sahəsi elektronlaşmadığından burada gündəlik nə qədər sürücünün saxlanaraq cərimələndiyini öyrənmək mümkün deyil.Üstəlik bu cərimələrin elektron şəkildə ödənilməsi xidməti mövcud deyil. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Azərbaycanda dövlət qurumları sosial əhəmiyyət daşıyan, vətəndaşların daha çox istifadə etdiyi xidmət sahələrini e-hökumət portalına inteqrasiya etməkdə nəinki maraqlıdırlar, hətta bu xidmətlərin varlığını belə gizlədirlər. Halbuki, “www.e-gov.az” portalında Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə” və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə xüsusi bölmə yaradılıb. Bölmə vasitəsilə dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri üzrə yeni məlumatların reyestrlərə daxil edilməsi, reyestrlərdə mövcud olan məlumatlarda dəyişiklik edilməsi və ya ləğv edilməsi üçün elektron müraciətlərin göndərilməsi, kargüzarlığın aparılması, müraciətlərin icrası və mülkiyyətçilərin müvafiq qaydada məlumatlandırılması nəzərdə tutulur. Yaradılan reyestrlər həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin tam şəkildə icrasının təmin olunması üçün də vacibdir. Əsasnamənin 13-cü bəndinə əsasən yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir. Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin müddəalarına uyğun olaraq, tərkibində 1000 və daha artıq subyekt barədə fərdi məlumatlar olan informasiya sistemləri məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır. Bununla əlaqədar olaraq, mərkəzi icra hakimiyyəti orqanlarından, habelə onların strukturuna daxil olan və ya tabeliyində olan struktur bölmələrdən, müəssisələrdən, agentliklərdən, otellərdən, təhsil-tədris mərkəzlərindən və təşkilatlardan mülkiyyətçisi olduğu və qanunvericiliklə dövlət reyestrlərində qeydiyyata alınması tələb olunan dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması məqsədilə RİTN-in Məlumat-Hesablama Mərkəzinə müraciət etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir. Amma bu qanunvericiliyin tələbinə riayət etməyənlər hələ də var. Bu günədək Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmış informasiya sistemləri arasında Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Kənd Təssərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi və sair xidmət təminatçılarının bir informasiya ehtiyatının, bir informasiya sisteminin adını tapmaq mümkün deyil. Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əcnəbilərə övladlığa verilmə ilə bağlı informasiya sistemini reyesterə daxil etməsi mühümdür. Amma bu informasiya sistemini varlığı barədə Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərində bir kəlmə belə daxil edilməyib. Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatlar sayı 115-dir. Bunlardan 35-i Dövlət İnformasiya Ehtiyalarının, 80-i Fərdi Məlumatların İnformasiya Sistemlərinə daxildir.
Yeni vacib e-xidmətlərin yaradılması gecikir
Elektron hökumətin tam formalaşmasına, işlək mexanizmə keçməsinə maneə törədən amillərdən biri də hələ də əhalinin gündəlik həyatında ehtiyac duyduğu xidmətlərin elektron sistemə keçid almamasıdır. Bu gün Rayon İcra Hakimiyyətlərində, yerli özünüidarəetmə orqanlarında, kommunal sektorda elə xidmətlər var ki, o xidmətlərin elektronlaşdırılmasına daha çox ehtiyac duyulur. Doğurdan da mövcud vəziyyət Azərbaycanda e-hökumətə keçidlə bağlı sosial tələblərdən irəli gələrək yeni elektron xidmətlərin yaradılması vacibliyini aktual edir. Məsələn, bu gün Dövlət Neft Şirkətinin balansında olan “Azəriqaz” İstehsalat Birliyinin, “Bakıelektrikşəbəkə”ASC-nin, “Azərenerji” ASC-nin xidmətlərinin elektronlaşaraq vahid məkana, e-hökumət portalına inteqrasiyası çox vacibdir. Bəllidir ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib olunan aktlar bəzən abonentlərin narazılığı ilə müşahidə olunur. “Bakıelektrikşəbəkə” və “Azərenerji” ASC-də Abonent Etirazları üzrə Komissiyalara daxil olan etirazlara baxılması ilə bağlı xidmətin elektronlaşdırılması günün tələbidir. Eləcə də, elektrik enerjisi tələbatçılarının elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin alınması xidməti geniş istifadə olunan xidmətlərdən olduğundan, bu xidmətin elektronlaşdırılması vacibdir. Bu gün “Azəriqaz” İB tərəfindən fərdi yaşayış evlərinin (mənzillərin) qazlaşdırılması prosesi xeyli dərəcədə sadələşdirilərək “Bir pəncərə” prinsipi tətbiq edilməklə həyata keçirilir. Amma bu xidmətin elektronlaşması bü günədək reallaşmayıb. Üstəlik qurumda vətəndaşların mənzillərinin sayğaclaşdırılması ilə bağlı yaranan növbəlilik prinsipinin də elektronlaşması vacibdir. Amma bu sadaladığımız, əhali tərəfindən geniş istifadə olunan xidmətlərin heç biri elektronlaşdırılmayıb. Bu kimi addımların təhsil, səhiyyə sahələrində atılması vacibdir. Hər dərs ili öncəsi valideynlərin narazılığı ilə müşahidə olunan 1-ci sinfə qəbulun elektronlaşdırılmasına ehtiyac çoxdan duyulur. Rayon İcra Hakimiyyətlərinin xidmətlərinin e-hökumətə inteqrasiyası da vacibdir. Amma e-hökumət portalına keçiddə ən çox “axsayan” da elə yerli icra hakimiyyətləri orqanlarıdır. İnandırıcı səslənməsə də, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) indiyədək bir xidmətini belə e-hökumət portalına inteqrasiya etdirə bilməyib. Halbuki, bu gün Bakı Şəhər İcra Hakimiyyətində, onlarla xidmət var ki, əhali həmin xidmətlərdən mütəmadi olaraq yararlanır. BŞİH-nin Uşaq Evləri və Bağçalar İdarəsinində bütün bağçalarda yerlərin, uşaqların sayı barədə məlumatların elektron bazasını yaradaraq elektron xidmət göstərməsinin də artıq vaxtı çatıb. BŞİH-nin bu yarıtmaz fəaliyyətindən nümunə götürən Bakı Şəhərinin Rayon İcra Hakimiyyətləri də, hələki xidmətlərinin e-hökumət portalına inteqrasiyası barədə düşünmürlər. RİH-lərinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin bütün xidmətlərinin elektronlaşdırılması və e-hökumət portalına inteqrasiyası mütləqdir. Məsələn, RİH-lərin mənzil növbəsinə qeydiyyatı elektronlaşdırılması şəffaflığı təmin edə bilər. Amma bu xidmətləri elektron formada, e-hökumət portalı vasitəsilə ala biləcəyimiz günün yaxında olduğunu söyləmək olmaz. Çünki, icra hakimiyyətlərinin elekton saytında hələ elektron xidmətləri üçün ayrılmış bölmə boşdur. Hələ öz elektron saytlarında elektron xidmətlər təklif etməkdə aciz qalan rayon İH-lərinin yaxın vaxtlarda e-hökumətin sıralarına qatılacaqlarını gözləmək yersizdir. Amma təəssüfedici hal olsa da söyləyək ki, Azərbaycanda elektron sistemə keçiddə bəzi qurumların yanında Rayon İcra Hakimiyyətləri “toya getməlidir”. Bu yerli özünü idarəetmə orqanları-bələdiyyələrdir. Bələdiyyələrin elektronlaşması hesabatlılıq, şəffaflıq və yerli özünü idarə etmədə ictimai iştirakçılığı təmin edəcək əsas şərtlərdən sayılsa da, bələdiyyələr arasında hələ elektron saytı belə olmayanlar var. «Bələdiyyələrin fəaliyyətinin təbliği» İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli deyir ki, bələdiyyələrin qanunvericiliklə istənilən məhəlli xidmətləri göstərmək imkanı var. Yəni bələdiyyələr sosial sahədə vətəndaşlara yüzlərlə xidmət göstərə bilər ki, həmin xidmətlər e-hökumə inteqrasiya etsə, portalda ən çox istifadə olunan xidmətlər sırasına düşə bilər. Amma V. Tofiqli bələdiyyələrin nəinki bu xidmətləri elektron formada, heç real həyatda belə həyata keçirmək imkanı yoxdur. V. Tofiqli buna səbəb kimi bələdiyyələrin gəlirlərinin azlığını əsas götürür: “Bu gün 5 işçisinin maaşını necə verməyin dərdini çəkən bələdiyyələrdən innovativ sıçrayış gözləmək yersizdir. Onun sözlərinə görə, bələdiyyələrin xidmətlərini e-hökumətə inteqrasiya etdirmək üçün dövlət tərəfindən dəstək göstərilməlidir.
Elektron hökumətin” kadr dərdi...

Apardığımız araşdırma göstərir ki, bu xidmətlərin elektronlaşmasının vacibliyi ilə bağlı mətbuatda geninə-boluna danışsaq da hədəfə çatmaq üçün ortada olan səddin uçurulmasına ehtiyac var. Yəni dövlət qurumlarının xidmətlərini elektronlaşdırmaq üçün həm də bu qurumlarda çalışanların elektron xidmətlərin mahiyyətini anlaması gərəkdir. İKT İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Fərid Kazımov Movqe.az-a açıqlamasında bildirib ki, elə qurumlar var ki, orada çalışanların əksəriyyəti elektron xidmətin, e-hökumətin nə olduğunu anlamır: “Belə halda onlardan xidmətlərini elektronlaşdırmağı,e-hökumə keçidi gözləmək yersizdir: “Mənim fikrimcə dövlət qurumlarında xidmətlərin elektronlaşdırılmasının vacibliyini ilk öncə həmin qurumlarda çalışanlar dərk etməlidirlər. Çox təəssüf ki, hələ də elə dövlət müəssisələri var ki, orada İKT bilikləri olmayan, ümumiyyətlə İKT-dən anlayışı olmayan məmurlar çalışır. İKT səriştəsi olmayan, informasiyalaşdırma proseslərinin mahiyyətini başa düşməyən məmurlar bu proseslərdə öz rolunu da başa düşə bilmirlər. Bəzi dövlət qulluqçularının, xüsusən yaşlı nəslin İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən tam hazır olmaması e-hökumət quruculuğunda ləngidici amil hesab olunur. İnformasiya cəmiyyəti quruculuğunda kompüter savadı olmayan və internetdən düzgün istifadə etməyi bacarmayan şəxsin yüksək vəzifə tutması qeyri-normal haldır. Belə məmurlar ya e-hökumət ideyasını qəbul edib, onun aktiv tətbiqinə çalışmalı, ya da ki, öz yerlərini innovativ ideyaları dərk edən daha perspektivli kadrlara verməlidirlər”.

Ekspertlər bildirirlər ki, e-hökumətə keçiddə kadr təminatına ciddi yanaşılmalıdır. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, dövlət qurumlarının əksəriyyətinin İT departamentləri, İKT ilə bağlı kadrları yoxdur: “ Bələ qurumlardan yaxın vaxtlarda e-hökumətin sıralarına qoşulmağı gözləmək, xülyadır. Çünki, hələdə bəzi qurumlar öz elektron saytlarında belə düz-əməlli elektron xidmətlər göstərə bilmirlər”

O. Gündüzün sözlərinə görə, dövlət qurumlarının e-hökumətə keçidinin sürətləndirilməsində kadr probleminin həlli vacibdir. Onun sözlərinə görə, bu gün dövlət idarə və təşkilatlarında İKT sahəsi üzrə kadrlara ehtiyac olsa da, özəl sektorda bu sahənin mütəxəssislərinə verilən qiymət bu kadrların üzünü dövlət idarələrindən döndərir: “Hazırda özəl sektorda banklar, mobil operatorlar İKT üzrə savadlı kadrları özlərinə yüksək əmək haqqı ilə işə cəlb edirlər. Belə halda həmin kadrlardan yüksək əmək haqqını qoyub aşağı maaşa dövlət qurumlarının təklifi ilə razılaşacağını gözləmək yersizdir. Ona görə də, O. Gündüz dövlət qurumlarına işə götürülən kadrlarda İKT biliklərinin yoxlanılmasını, dövlət qulluğuna qəbulda bu məsələyə önəm verilməsinin vacib olduğunu söyləyir: “Dövlət Qulluğu Komissiyasının dövlət qulluğuna işə qəbulla bağlı keçirdiyi imtahan suallarına İKT ilə bağlı suallar da salınmalıdır. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna işə qəbul olunacaq şəxs elektron Azərbaycan quruculuğunda öz töhvəsini verməlidir”.

O. Gündüz deyir ki, bu il İnformasiya Texnologiyaları Universitetinə qəbulun aparılmasına başlanılması tədricən Azərbaycanda bu sahədə kadr problemini aradan qaldıracaq. Amma bu dönəmə çatana qədər problemin həlli istiqamətində tədbirlər görülməlidir.


https://www.e-gov.az-ı necə populyar edək?
Amma qurumlarda kadr probleminin həlli də hələ e-hökumətə keçiddə sıçrayiş olacağını vəd etmir. Çünki, ölkədə hələ də elektron hökumətin qurulduğundan xəbərsiz vətəndaş ordusu var. Hansı ki, onlar elektron hökumətin nəinki mahiyyətini anlayır, bəlkə də adını belə eşitməyiblər. Elektron hökumətin qurulduğu ölkədə bu sahədə maarifləndirmənin aşağı olması sözzsüz ki, https://www.e-gov.az portalına girişlərin sayının arzuolunan səviyyəyə gəlib çatmasını əngəlləyir. Bəs görəsən vətəndaşları Azərbaycanda xidmətlərin elektron şəkildə göstərildiyi virtual məkanın olduğundan necə agah etmək və onları bu məkanın xidmətlərindən yararlanmağa necə cəlb etmək olar? Bu suallara cavab tapmaq üçün qonşu Rusiyanın təcrübəsindən bəhrələnmək səmərəli olar. Rusiyanın Kemerov vilayətində yaşayan azərbaycanlı həmvətənimiz hüquqşunas Natavan Quluyeva deyir ki, bu prosesə keçid Rusiyada da problemlərlə müşahidə olunsa da, əhalinin xidmətləri elektron şəkildə alması elə də uzun çəkməyib: “Rusiyada bütün dövlət qurumlarında xidmətlərin elektron şəkildə mümkün olduğunu təbliğ edən şüarlar vurulmuşdu. Üstəlik bu ölkədə hər hansı xidmət üçün dövlət idarəsinin qapısını döyən vətəndaşa elə həmin idarədə əyləşən məmur tərəfindən bu xidmətin elektron təşkili barədə bilgi verilirdi: “Sən bu xidməti bura gəlmədən də ala bilərdin” deyə vətəndaşı xidmətlərin elektronlaşaraq e-hökumətə keçid aldığı barədə məlumatlandıran məmur bu yola həm öz işini, həmçinin də vətəndaşın işini yüngülləşdirmiş olur”. Bizdə isə elektron sistemə keçən xidmətlərlə bağlı hansısa dövlət qurumunda marifləndirmə işinin aparılması ilə rastlaşmaq nadir hallarda mümkün ola bilər. Xidmətlərini e-hökumət portalına inteqrasiya edən qurumların qəbul şöbələrində bunu əks etdirən bir lövhəçiyə belə rast gəlmək mümkün deyil. Respondentlər arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, dövlət qulluğunda çalışanlar istisna olmaqla digər sahələrdə çalışan insanlara Azərbaycanda elektron xidmətlərin vahid məkandan göstərildiyi bir ünvanın olması təzə xəbərdir. Bakıda 179 saylı məktəbdə müəllimə işləyən Aytən Məmmədova deyir ki, Azərbaycanda xidmətlərin elektron, həm də bir məkandan göstərildiyini ilk dəfə bizdən eşidir: “Əgər elə xidmət növü varsa bizim niyə bundan xəbərimiz yoxdur? Heç olmasa mobil telefonumuza bir dəfə də olsun bununla bağlı bir mesaj göndərərdilər”.

Doğurdan da hər gün müxtəlif kampaniyalar, bayağı zəngimcell xidmətləri ilə abonentlərə hər saatdan bir mesaj yollayan mobil operatorların elektron-hökumət quruculuğunda tövhəsi hiss olunmur. Üstəlik dövlət qurumları da mobil operatorlarla əməkdaşlıq edərək e-hökumət portalına inteqrasiya etdirdikləri xidmətlərlə bağlı vətəndaşlara məlumat xarakterli mesajların göndərilməsi təşəbbüsü ilə çıxış etmirlər. Hansı ki, bu təcrübədən elektron hökumətə keçən ölkələrin çoxunda istifadə olunub. E-hökumətə keçid dövrünü arxada qoyan ölkələrdə bu gün də metroda, əhalinin sıx toplaşdığı ərazilərdə, dövlət idarə və təşkilatlarında elektron hökuməti təbliğ edən reklam lövhələrinə rast gəlmək mümkündür. Bir sözlə apardığımız araşdırma göstərir ki, Azərbaycanda e-hökumət portalının populyarlaşması üçün lazımi səviyyədə təbliğat, təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var.


Rusiyada 3 000 000, Türkiyədə 15.346.106, Azərbaycanda isə?..
Azərbaycanda əhalinin çox hissəsi elektron-hökumət qurulduğundan xəbərsiz olsa da, qonşu ölkələrdə artıq əhalinin mütləq əksəriyyəti bu yeni elektron hökumətin xidmətlərindən bəhrələnir. Qonşu Rusiyada artıq 3 000 000 istifadəçi http://www.gosuslugi.ru portalında

şəxsi kabinetlərində qeydiyyatdan keçiblər. Rusiya federasiyasının milyonlarla vətəndaşı artıq bilir ki, internet vasitəsilə dövlət xidmətləri almaq, növbələrdə vaxt itirmədən - asan və rahatdır. Portal vasitəsilə cəmi bir neçə dəqiqə ərzində sorğu göndərmək və təqribən 4000 elektron xidmətdən yararlanmaq mümkündür. Rusiyada e-hökumət portalını hər ay 1 500 000 nəfər ziyarət edir. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Rusiya Federasiyasında dövlət qurumlarının xidmətlərini e-hökumətə inteqrasiyası bizim dövlət qurumları ilə müqayisəyə gəlinməzdir. Azərbaycanda Daxili İşlər Nazirliyi indiyədək cəmi-cümlətanı bircə xidmətini e-hökumətə inteqrasiya etdiyi halda, RF-da Daxili İşlər Nazirliyi artıq qaz və odlu ov silahının əldə olunması, saxlanması, daşınması və ticarəti ilə bağlı xidmətləri elektron xidmət şəklində e-hökumət portalı vasitəsilə tətbiq edir. Eyni zamanda Rusiya e-hökumət portalı vasitəsilə vətəndaşlara məhkumluğun olmaması barədə arxiv sənədləri və arayış almaq imkanı da yaradılıb. http://www.gosuslugi.ru/pgu/cat/STATE_STRUCTURE.html#online).

E-hökumətə keçiddə Türkiyə təcrübəsi örnək sayıla bilər. Bu ölkədə 2008-ci ildən xidmətə başlayan “e-Devlet Kapısı”https://www.turkiye.gov.tr portalında qeydiyyatdan keçənlərin sayı 15.346.106 nəfərdir. Portal vasitəsilə 793 xidmət təklif edilir. https://www.turkiye.gov.tr portalının 107 xidmət təminatçısı var. Apardığımız müqayisəli təhlil zamanı müqayisəyə gəlinməz bir nəticə də ortaya çıxdı. Türkiyədə 60 bələdiyyə “e-dövlət qapısında” xidmət göstərir. Portalın “Bələdiyyələr” bölümündə şəhərlərə görə bələdiyyələr axtarış sistemi ilə istənilən bələdiyyəni tapmaq olar. Təkçə İstanbulun 23 bələdiyyəsi portala öz xidmətini inteqrasiya etdirib. Artıq bu ildən Türkiyədə məhkəmə sənədlərini e-hökumət portalı vasitəsilə almaq mümkündür. Bu ölkədə bir gündə verilən 45 min məhkəmə sənədinin 12 mini elektron portal üzərindən alınır. Bu ilin İyun ayında 120 min çağırışçı həqiqi hərbi xidmət yerini e-hökumət portalı vasitəsilə öyrənib. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Türkiyədə e-hökumət portalından yararlananlar arasında bütün yaş qruplarına rast gəlmək mümkündür. Bu ölkədə

18-25 yaş qrupunda 1.822 milyon,

26-35 yaş qrupunda 4.3 milyon,

36-45 yaş qrupunda 3.6 milyon,

46-65 yaş qrupunda 4.7 milyon və

66 yaşdan yuxarı 700 minə yaxın e-hökumət portalında qeydiyyatdan keçən şəxs e-hökumət portalı vasitəsilə xidmətlərdən yararlana bilir.Bunlardan 11.4 milyonu kişi, 3.8 milyonu qadın istifadəçi təşkil edir. Amma Türkiyədə e-hökumət istifadəçilərinin sayı hələ hökuməti tam razı salmır. Türkiyədə hökumət bu ilin sonuna 25 milyon, 2018-ci ilədək isə portalda qeydiyyatdan keçib xidmətlərdən yararlananların sayını 30 milyona çatdırmaq istəyir. 2023 ildə isə Türkiyə hökuməti bütün dövlət xidmətlərini “e-devlet kapısı”ndan göstərməyi hədəfləyib. Türkiyədə e-hökumət portalının göstərdiyi xidmət təminatçılarının arasında Milli Məclis də var. Artıq bu ölkədə vətəndaşlar deputatlara müraciətləri e-hökumət portalı vasitəsilə göndərirlər. Türkiyədə Nazirlər Kabinetinin yəni hökumətin özü belə e-portala inteqrasiya edib. Hətta portal istifadəçisinin ölkə başçısına belə məktub yazmaq imkanı var. Türkiyədə vətəndaşların dövlət qurumlarından xidmət almaq üçün bir qapını, elektron-hökumət qapısını tanımasının nəticəsidir ki, xidmət təminatçıları artıq məhz bu portalda öz elanlarını da yerləşdirirlər.

Azərbaycanda isə 2012-ci ilin dekabrından 2013-cü ilin sentyabr ayının 1-nə qədər portala ümumilikdə 325 063 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 194 885 nəfər olub. Belə ki, 194885 nəfər ümumən 325 063 dəfə portala baxıb və 422 334 elektron xidmətə müraciət ediblər. Müqayisə üçün avqust ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 36 210 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 22 549 nəfər olub. Avqust ayı ərzində portal müraciət edənlərin 51% yeni istifadəçilər 49% isə təkrar müraciət edənlər təşkil edib. Azərbaycanda da elektron-hökumət portalından istifadə edənlərin sayının günü-gündən artması yaxşı göstərici olsa da, bu rəqəm hökuməti arxayın salacaq səviyyədə deyil.
Dövlət Proqramına nələr təklif olunur?
Elə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında elektron xidmətlərin təşviqi şurasının koordinatoru Osman Gündüz Movqe.az-a açıqlamasında bildirib ki, elektron hökumət quruculuğu prosesinin sürətlənməsi və sosial əhəmiyyətli xidmətlərin daha aktiv formada elektron formaya keçirilməsi, bu sahədə idarəetmənin çevik və effektiv qurulması üçün bir sıra təkliflər var ki, onların gerçəyə çevrilməsi zəruridir. O. Gündüz artıq İctimai şuranın dövlətə bu istiqamətdə təkliflər verdiyini söyləyir. Onun sözlərinə görə, "2013- 2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsinə təkliflər hazırlanıb. Təkliflər aşağıdakılardan ibarətdir: “

1. Mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən real olaraq təqdim olunan bütün xidmətlərin inventarizasiyasını aparmaq. Yalnız elektron formada təqdim olunan xidmətlərin deyil, dövlət orqanlar ının və bələdiyyələrin göstərdiyi bütün xidmətlərin vahid

reyestrini hazırlamaq. Dövlət orqanlarının göstərdikləri xidmətlərin reyestrini formalaşdıran, monitorinqini aparan, xidmətlərin göstərilməsi prosedurasını araşdıran və texniki dəstək göstərən qurumların səlahiyyətlərini müəyyən etmək.

2. Dövlət orqanlarının göstərdikləri xidmətlərin inzibati proseduralarını, xidmətin göstərilməsi üçün tələb olunan əməliyyatları monitorinq etmək. Xidmətlərin göstərilməsi üzrə bürokratik proseslərin elektronlaşmasının qarşını almaq, artıq olan proseduraları və zərurət olmadan tələb olunan sənədlərin ləğv edilməsi və ya sayının azaldılması üçün təkliflər hazırlamaq. Elektron formada təqdim olunan xidmətlərə daha az vaxtın tələb olunması üçün qanunvericilik aktlarını araşdırmaq və bu istiqamətdə təkliflər hazırlamaq.

3.Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin kütləvilik və sosial əhəmiyyətlilik prinsiplərini hazırlamaq. Mərkəzi icra orqanlarının elektron xidmətlər bölməsində kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin siyahısını da yerləşdirmək.

4. Konkret hər bir kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətin nə zaman və hansı formada (informativ və ya interaktiv) elektron formaya keçirilməsi, nə qədər vəsaitin tələb olunması, hansı dövlət qurumlarının bu prosesə aid olması ilə bağlı keçid mərhələlərini əks etdirən plan hazırlamaq.

5. Elektron xidmətlərin təşkili il bağlı qanun layihəsini hazırlamaq. Burada dövlət orqanlarında bu prosesin təşkili, xidmətlərin reqlamentləşdirilməsi prinsipləri, elektron portalın konsepsiyası, strukturu və xidmətin normal təqdim edilməsinə cavabdeh operatorlar (kontent və texniki-texnoloji) müəyyən olunur. Hazırda elektron hökumət quruculuğuna aid olan hüquqi

-normativ aktlarda olan müəyyən ziddiyyətlərin, paralelçiliyin və qeyri-müəyyənliyin aradan qaldırmaq üçün təkliflər hazırlamaq.

6.Elektron hökumət və informasiyalaşma ilə bağlı işlərin effektiv qurulması məqsədilə hər bir dövlət qurumunda məsul şəxslər müəyyən etmək, strukturları təkmilləşdirmək və bu qurumların dayanıqlığını təmin etmək üçün tədbirlər görmək.

7. Bakı Şəhər İcra Hakimiyyəti və onun nəzarətində olan dövlət orqanlarının xidmətlərinin elektron formaya keçirilməsi məqsədilə bu qurumların təqdim etdiyi bütün xidmətlərin reyestrini hazırlamaq.

8. Elektron hökumət quruculuğu istiqamətində həyata keçirilən dövlət proqramları və layihələrində bütün maraqlı tərəflərin iştirakına diqqəti artırmaq, həmçinin “İnformasiya əldə edilməsi haqqında” qanunun tələblərinin yerinə yetirilməsi məqsədilə informasiya açıqlığını gücləndirmək. “Elektron hökumət dövlət informasiya sistemi” layihəsinin və “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın internet resurslarını hazırlamaq.

9. “Elektron hökumət” portalının strukturunu təkmilləşdirmək və yenidən qurmaq, informativ və interaktiv xidmətlərin əldə edilməsi imkanlarını sadələşdirmək. İnformativ xidmətlər üçün qeydiyyat sistemini ləğv etmək. Xidmətləri sahələr üzrə, o cümlədən sosial əhəmiyyəti baxımından qruplaşdırmaq. “Elektron hökumət” portalından informasiya əldə edilməsi məsələlərini tənzimləmək məqsədilə əlaqədar qurumların və müstəqil ekspertlərin iştirakı ilə portalın idarəetmə strukturunu (redaksiya heyətini və ya işçi qrupunu) formalaşdırmaq.

11. Elektron xidmətlərin göstərilməsi üzrə dövlət qulluqçuları, həmçinin xidməti əldə edənlər üçün metodiki vəsaitlər hazırlamaq. Elektron hökumətin populyarlaşması istiqamətində tədbirlər həyata keçirmək.

12. Elektron xidmətlərin keyfiyyət göstəricilərini üzrə çıxarmaq üçün monitorinqlər aparmaq. Ən yaxşı və sosial əhəmiyyətli xidmətlər təklif edən dövlət qurumalarını müəyyən etmək üçün müsabiqələr təşkil etmək. Ən yaxşı nümunəni öyrənmək və təqdim etmək.



Qanunvericilikdə təzad
Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, bu təkliflərin içərisində diqqət çəkəni elektron hökumət quruculuğuna aid olan hüquqi -normativ aktlarda olan müəyyən ziddiyyətlərin, paralelçiliyin və qeyri-müəyyənliyin aradan qaldırmaq üçün təkliflərin hazırlamasıdır: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.1.10.2.yarımbəndində Xidmətə elektron xidmətlərin göstərilməsi üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq həvalə olunur. Prezidentin digər Fərmanı ilə təsdiqlənən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Haqqında Əsasnamənin 9.1 yarımbəndində rabitə və informasiya texnologiyaları sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək vəzifəsi Nazirliyə tapşırılır. Yaranmış ziddiyət bu sahəni hansı mərkəzi icra orqanının tənzimlədiyi ilə bağlı sual doğurur. Daha bir ziddiyyət ASAN-nın əsasnaməsinin 3.1.10.3. yarımbəndində yer alıb. Əsasnamənin bu yarımbəndində göstərilir ki, Xidmətə dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmalı və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamalıdır. RİTN-nin RİTN-nin Əsasnaməsinin 9.4. bəndində isə rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən radiotezliklər spektrinin istifadəsi, habelə yerüstü peyk rabitə avadanlıqlarının istismarı və fəaliyyəti üzərində dövlət nəzarətini təmin etmək nazirliyə həvalə olunur. Yaranmış ziddiyyət informasiya texnologiyaları sahəsində nəzarəti hansı qurumun həyata keçirdiyi ilə bağlı müəmma yaradır. Amma problem təkcə qanunvericilikdəki ziddiyyətlərlə bitmir. ASAN Xidmətin Əsasnaməsində Xidmətə elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək vəzifəsi həvalə olunur. Həmin Əsasnamənin 1.10.3. yarımbəndində isə elə Xidmətin özünə dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq tapşırılıb. Belə başa düşülür ki, Xidmət həm lahiyənin təşəbbüşçüsu, həm icracısı olmaqla yanaşı sonda öz görüdüyü işləri elə özü qiymətləndirməlidir. Ataların belə bir məsəli var: “Kim öz ayranına turş deyər”. Deməli burada ziddiyyətlə bərabər boşluq da var. Özlərinin yaratdıqları xidmətləri özlərinin monitorinq edərək qiymətləndirməsi gülünc olmaqla yanaşı qiymətləndirmədə şəffaflıq məsələsini də şünhə altına salır. Ya elektron xidmətlərin təşkilini digər orqana, qiymətləndirmə ASAN –a həvalə edilməli idi, yaxud da dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq ASAN-nın funksiyasına aid edilirdisə, qiymətləndirmə başqa orqana həvalə edilməli idi. Qanunvericiliyin analizi göstərir ki, bu ziddiyyətlərin və boşluqların tez bir zamanda aradan qaldırılmasına ciddi ehtiyac var”.
E-hökumətin məsuliyyətindən qaçanlar…
Apardığımız araşdırma göstərir ki, qanunvericilikdəki ziddiyətlərin və boşluqların aradan qaldırılması ilə yanaşı mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydalarının da işlək vəziyyətə gətirilməsinə ciddi ehtiyac var. Movqe.az-ın əməkdaşının e-hökumət portalının xidmət təminatçılarından olan Milli Arxiv İdarəsinin xidmətindən portal vasitəsilə istifadəsi zamanı maraqlı məqamlar ortaya çıxıb. Bəlli olub ki, əslində portala inteqrasiya edən qurumların xidmətləri vətəndaşlara hələ ki, bu xidmətlərdən yararlanmaq üçün tam açıq deyil. Belə ki, Milli Arxiv İdarəsində Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətindən istifadə edərək portal vasitəsilə göndərsiyimiz sorğuya xeyli müddət keçsə də cavab verilməyib. Göndərdiyimiz sorğunun sorağını almaq üçün

İdarəyə etdiyimiz şifahi müraciət zamanı bəlli olub ki, Milli Arxiv İdarəsi portala xidmətlərini birtərəfli şəkildə inteqrasiya edib. Yəni portal istifadəçilərinin onlara göndərdiyi müraciətlər İdarəyə gedib çatsa da, qurum müraciətlərə cavab verə bimir. Çünki buna İdarənin sitemi hələ tam hazır deyil. Bu sözləri Movqe.az-ın əməkdaşına İdarənin Namiq adlı əməkdaşı deyib. İdarənin əməkdaşı həmçinin bizim sorğuya etibarnamə əlavə etməli olduğumuzu da söyləyib. Halbuki, elektron xidmətlərin həyata keçirilməsi üçün inzibati reqlamentlərin işlənilməsinin 7.4 bəndində göstərilib ki, istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların keyfiyyəti aşağı, natamam, oxunulmaz olduqda və ya digər çatışmazlığı halında təminatçı bu barədə istifadəçini məlumatlandırmalı və ona elektron xidmətin göstərilməsinin mümkün olması üçün bu halların aradan qaldırılmasını tövsiyə etməlidir. 7.1.3 bənddə isə elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçiyə məlumat almaq imkanının yaradılması və nəticənin ona təqdim edilməsi öz əksini tapıb. 6.3.bəndində qeyd edilib ki, elektron xidmətlərin göstərilməsi dərhal həyata keçirilmədiyi hallarda təminatçı istifadəçinin müraciətinin qəbul edilməsi və sonrakı icrası ilə bağlı ona bildiriş göndərməlidir. Portaldakı xidmətlərdən istifadə zamanı üzə çıxan digər məqam isə kağız üzərində müraciətlərin cavablandırılması ilə elektron formada müraciətlərə cavabların verilmə müddətində fərqin olmamasıdır. Elektron xidmətlərin həyata keçirilməsi üçün inzibati reqlamentlərin işlənilməsi bəndinin 9.3.3. bəndində qeyd edilib ki, elektron xidmətin göstərilməsi üçün tələb olunan müddət azaldılmalıdır. Çox vaxt vətəndaşların elektron formada portal üzərindən göndərdiyi müraciətlərə qurumlar tərəfindən cavab verilmir. Belə halda isə xidmət istifadəçi kimə müraciət edəcəyini bilmir. Çünki qurumların mütləq əksəriyyətində elektron xidmətlər bölməsi formal xarakter daşıyır və elektron müraciətlərə cavabdeh şəxs müəyyənləşməyib. Halbuki Elektron xidmətlərin həyata keçirilməsi üçün inzibati reqlamentlərin işlənilməsinin 9.3.4. bəndi təminatçıların üzərinə elektron xidmətin göstərilməsinə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi barədə öhdəlik qoyur. Hətta təminatçıya və onun istifadəçi ilə münasibətlərinə dair tələblər də mövcuddur.


Geriyə yol yoxdur, yalnız irəli…

Bəlkədə bu səbəbdən bəzi qurumlar öz elektron saytlarındakı elektron xidmətlərin vahid məkandan göstərilməsinə ləngiməkdə maraqlıdırlar. Adi vəziyyətdə vətəndaşın bir müraciətini elktron göndərilsə belə, beş-altı aya cavablandıran qurum, müraciət elektron-hökumət portalı vasitəsilə göndərilərsə həmin sorğuya cavab yazmaq məcburiyyətində qalır. Çünki, vətəndaşların e-gov.az portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladıqları elektron müraciətlərə nəzarət mexanizmi var. Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyir ki, hazırda elektron hökumət portalı vasitəsi ilə müraciətlər arxivləşdirilir. Orada göndərilən müraciətin ünvanı, məzmunu və sair göstərilir. Gələcəkdə bu mexanizm daha da genişləndiriləcək: “Aidiyyəti quruma çıxış qoyulacaq. Portal vasitəsi ilə müxtəlif orqanlara ünvanlanan müraciətlər nəzarət edici qurumlarda görünəcək. Ondan sonra sorğular, onların məzmunu və cavab verilib-verilməməsinin hesabatı aparılacaq. Mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən vətəndaşlar cavab almadıqları təqdirdə portala daxil olaraq sorğusunun təsdiqini arxivdən götürə biləcək”.



Fikrimcə, bu “Elektron xidmətin portaldan yaxudda ki, qurumdan göstərilməsinin nə fərqi var ki, əsas odur ki, xidmət elektron şəkildə göndərilir” deyən qurumlara verilən ən uğurlu cavabdır. Apardığımız araşdırma göstərir ki, dövlət qurumlarının xidmətlərinin vahid məkandan göstərilməsinin vətəndaşllar üçün xeyli üstünlükləri var. O. Gündüz də deyir ki, hazırda elektron xidmətlərdən istifadə ilə bağlı ikili vəziyyət yaranıb. Bəzi xidmətlər qurumların elektron saytlarında var, amma elektron hökumət portalında yoxdur. Bu isə portalın oturuşmmasını ləngidir. Ona görə də, e-xidmətlərdən bir pəncərə sistemi ilə istifadəni reallaşdırmaq üçün bütün qurumlar öz xidmətlərini e-hökumət portalına inteqrasiya etdirməlidirlər. Çünki gec-tez Azərbaycanda hökumət elektronlaşma vasitəsilə vahid informasiya fəzası formalaşdırılacaq. Bütün dövlət qurumları istədi, istəmədi bu fəzada özlərinə yer tutmalıdırlar.
Zülfiyyə Quluyeva

Movqe.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə