Anatomiya elmi, onun müXTƏLİf dövrləRDƏ İNKİŞaf məRHƏLƏLƏRİ VƏ TƏDQİqat üsullari




Yüklə 59.15 Kb.
tarix29.02.2016
ölçüsü59.15 Kb.
ANATOMiYA ELMİ, ONUN MÜXTƏLİF DÖVRLƏRDƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ TƏDQİQAT ÜSULLARI.

Anatomiyaya aid ilk məlumatlar bizim eradan çox-çox əvvəllər meydana çıxmışdır. Lakin anatomiya bir elm kimi əsasən eramızdan əvvələr 5-ci əsrdə qədim Yunanıstanda inkişaf etməyə başlamışdır. Yunan alimi ALKMEON KROTONSKİ (bizim eradan 5 ci əsr) anatomiyaya ilk əsər yazmışdır.

Bundan başqa o, göz və qulağın sinirlər vasitəsilə beyinlə rabitədə olduğunu kəşf etmişdir.

Qıdim Yunanıstanın məşhur alimlərindən Hippokrat (b.e.ə.460-377-ci illərdə) və Aristotel (b.e.ə. 384-322-ci illərdə) anatomiyanın inkişafında böyük rol oynamışdır.

"Təbabətin atası" sayılan məşhur həkim Hippokrata kəllənin bəzi sümükləri, kəllə sümüklərinin arasındakı tikişlər, arteriyalar, vətərlər və sinirlər məlum idi. Ancaq o belə hesab edirdi ki, arteriyaların içərisində hava vardır, vətərlər və sinirlər eyni şeydir, toxum beyində hazırlanır və onurğa beyni ilə cinsiyyət üzvlərinə gedir.

Qədim Yunanıstanın böyük alimi və mütəfəkkiri Aristotel xüsusi olaraq anatomiya ilə məşğul olmasa da o, böyük təbiətşünas və mütəfəkkir alim kimi anatomiya elminin inkişafına böyük təsir göstərmişdir. Aristotel sinirləri vətərlərdən ayırmış, yuxarı və aşağı boş venaları təsvir etmişdir. Bundan başqa ürəyin quruluşu, onun damarlarla əlaqəsi, sümüklərin rolu və sümüyü qidalandıran damarlar da ona məlum idi. Aristotel belə hesab edirdi ki, bütün arteriyalar ürəkdən çıxan bir damarın şaxəsidir. O, buna aorta adını vermişdir.

Bizim eramızdan əvvəl 3-cü əsrdə İsgəndəriyyə şəhəri böyük elm mərkəzi idi. Odur ki, burada başqa elmlərlə yanaşı anatomiya elmi də inkişaf edirdi. İsgəndəriyyə şəhərinin məşhur anatomları Herofil və Erazistart idi.

Herofil (b.e.ə. 304-cü ildə anadan olmuşdur.) onikibarmaq bağırsağı və prostat vəzini kəşf etmiş, uzunsov beyin, beyin qıırışlarını və beynin sərt qişasının venoz ciblərini təsvir etmiş, hissi və hərəki sinirləri bir-birindən ayırmış, duyğu üzvlərini və damar sistemini öyrənmişdir.

Erazistart (b.e.ə. 300-250-ci illər) isə ürək qapaqlarını kəşf etmiş, beyin mədəciklərinin təsvirini vermiş, sinirlərlə beyin arasındakı rabitəni müəyyənləşdirmiş, hissi sinirləri hərəki sinirlərdən ayırmış və beyin yarımkürələr səthinin qırışıq və şırımlardan ibarət olduğunu göstərmişdir.

Bizim eranın 2-ci əsrində məşhur italyan alimi K.Qalen (130-210-cu illər) ilk dəfə heyvan meyitlərini yarıb nümayiş etdirməklə anatomiya kursundan mühazirələr oxumağa başlamış, sümüklərin formasını ayırd etmiş, sümüyün inkişafını və daxili quruluşunu öyrənmiş, onurğa beyni sinirlərinin nahiyələrə görə təsvirini vermişdir.

Bundan başqa o, Hippokratın göstərdiyi kimi arteriyalarda hava yox, qanın olduğunu sübut etmişdir. Lakin Qalen öz işlərini heyvanlar üzərində apardığı üçün onun insanın quruluşu haqqında verdiyi bəzi məlumatlar səhvdir. Lakin Qalen dövrünün böyük alimi oluğundan uzun müddət heç kəs onun səhvlərini düzəltməyə cürət etməmişdir. Odur ki, Qalenin fikirləri intibah dövrünə qədər, yəni 15-ci əsrə qədər davam edir.

Qalendən sonra ta intibah dövrünə qədər anatomiya elmi inkişafdan qalır. Buna səbəb həmin dövürdə dinin hakim olması idi. Dini əqidələrə görə insan meyitini yarmaq qadağan idi. Bu da anatomiyanı inkişafdan saxlayırdı. Bu dövrdə yalnız anatomiyaya aid bəzi terminlər meydana çıxır.

10-11-ci əsrlərdə tibb elmlərinin, o cümlədən anatomiyanın da inkişafı böyük tacik alimi, həkim və mütəfəkkir Əbu-Əli İbn-Sinanın adı ilə bağlıdır. İbn-Sina (980-1037-ci illər) "Təbabət qanunu" adlı əsərində başqa tibb elmləri ilə bərabər anatomiyadan da ətraflı məlumat verilmişdir. Bundan başqa o, anatomiya sahəsində bəzi kəşflər etmişdir. Belə ki, göz əzələləri ilk dəfə İbn-Sina tərəfindən təsvir edilimişdir.

15-16-cı əsrlərdə kapitalizmin inkişafı ilə əlaqədar olaraq təbiət elmləri də inkişafa başlayır. Odur ki, bu dövr tarixdə intibah, yəni oyanma dövrü adlanır. İntibah dövrünün anatomlarına məşhur italyan alimi, rəssam və mütəfəkkür Leonardo da Vinçi və belçika alimi Andrey Vezali daxildir.



Leonardo da Vinçi (1452-1519) bir rəssam kimi bədənin xarici formasını öyrənməklə kifayətlənməyib insan meytini yararaq eyni zamanda bədənin daxili quruluşu ilə də maraqlanmışdır. O, plastik anatomiyanın əsasını qoymuş, ürək arakəsməsini kəşf etmiş, gözün və bəzi daxili üzvlərin quruluşunu öyrənmişdir.

Andrey Vezali (1514-1565) müasir anatomiya elminin əsasını qoymuşdur. O, ilk dəfə insan bədəninin quruluşunu sistematik sürətdə öyrənmiş və özünün "İnsan bədəninin quruluşu haqqında yeddi kitab" adlı əsərində skeleti, bağları, əzələləri, daxili üzvləri, damarları, sinirləri və duyğu üzvlərini dəqiq təsvir etmişdir. Lakin o, bu əsərində Qalenin bəzi fikirlərinin səhv olduğunu göstərdiyi üçün bir sıra alimlərin etirazına məruz qalmışdır, hətta onun keçmiş müəllimi Silvi belə onu Vezalius əvəzinə "Vezanus", yəni "ağılsız" adlandırmışdır.

19-cu əsrin ikinci yarısında (1859)məşhur alim Ç.Darvin (1809-18882) özünün "Növlərin mənşəyi" adlı əsərində təkamül nəzəriyyəsini irəli sürmüşdür. Darvinin təkamül təliminin meydana çıxması göstərdi ki, insan bədəninin quruluşunu təsvir etməklə kifayətlənmək olmaz, onu ontofilogenetik nöqteyi nəzərdən də izah etmək lazımdır.

Azərbaycanda anatomiya elmi əsasən Sovet dövründə inkişafa başlamışdır. Beləki, 1919-cu ildə Bakı universitetinin tibb fakultəsinin yaradılması ilə əlaqədar olaraq, indiki Azərbaycan Tibb Universitetinin anatomiya kafedrası təşkil olunur. Bu kafedraya 1919-1920 dərs ilində V.İ.Razumovski (1857-1935), sonra 1922-1926-cı illərdə K.N.Malinovski (1876-1926) və 1926-1937-ci illərdə isə N.İ.Anserov (1893-1944) rəhbərlik etmişdir. 1937-ci ildən başlayaraq həmin kafedraya əməkdar elm xadimi K.Ə.Balakişiyev rəhbərlik etmişdir. Balakişiyev öz tələbələri ilə birlikdə periferik sinir sistemi, damar sistemi və ayrı-ayrı daxili üzvlərin yaş morfologiyasını öyrənmişdir. Balakişiyevin Azərbaycan dilində tibb institutları üçün tərtib etdiyi dördcildlik dərslik və anatomiya, histologiya və embriologiya terminləri milli həkim kadrlarının və elmi pedaqoji kadrların hazırlanmasında mühüm rol oynamışdır.

İnsan bədəninin quruluşunu öyrənmək üçün bir sıra metodlardan istifadə olunur. Bunlaradn ən əsası və qədimi şrih (yarma) metodudur. Bu metodla adi gözlə görünən bütün üzvləri və törəmələri öyrənmək mümkündür.

Sonralar kimya və fizikanın inkişafı ilə əlaqədar olaraq anatomiyada bir sıra tədqiq metodları tətbiq edilməyə başlanmışdır.

Fizikanın əldə etdiyi müvəffəqiyyətlər nəticəsində rentgen şüaları anatomiyada tətbiq edilmiş və nəticədə anatomiyada yeni şöbə - rentgenanatomiya meydana çıxmışdır.

Anatomiyada geniş tətbiq edilən metodlardan biri də inyeksiya metodudur. Bunun üçün şpris vasitəsilə qan və limfa damarlarına, vəzilərin axacaqlarına və toxumaarası sahələrə müxtəlif rəngli mayelər yeridilir.

Qan damarlarını və içərisi boş olan üzvləri öyrənmək üçün bir də korroziya metodundan istifadə edilir. Bunun üçün damarlar və ya üzvlərin boşluğu tuşu və ya qələviyə davamlı olan maddə ilə doldurulub turşuya, yaxud qələviyə salınır. Müəyyən vaxtdan sonra yerdə qalan toxumalar yeyildiyi üçün içərisi doldurulmuş törəmələrin modeli qalır. Bu metodla əsasən üzvdaxili damarlar, tənəffüs yolları və s. öyrənilir.



Üzvlərin incə quruluşunu öyrənmək üçün mikroskopik metoddan istifadə edilir. toxumaların xüsusi rənglər vasitəsilə boyanması mikroskopla ayrı-ayrı üzvlərin quruluşunu dəqiq öyrənməyə imkan verir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə