Allahın isimləri




Yüklə 0.91 Mb.
səhifə9/15
tarix17.04.2016
ölçüsü0.91 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

İnsan xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra surəsi, 11)

İnsan üçün nəyin şər, nəyin xeyir olduğunu isə ən yaxşı Allah bilir. Çünki hər şeyi təqdir edən Odur. Hər işində olduğu kimi dualara qarşılıq verməsində də bir çox hikmət gizlidir.

Bu gerçək Bəqərə surəsində belə bir örnəklə xəbər verilir:

Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

Gizli, açıq hər çağırışa daim qarşılıq verməsi Allahın şanından, ucalığındandır. Allah dua mahiyyətində ağıldan keçən bir düşüncəni belə əsla qarşılıqsız buraxmır, cavabsız qoymur. Allahdan başqa duaları eşidən və onlara qarşılıq verən yoxdur. Allah Özündən başqa heç kimin duaya qarşılıq verə bilməyəcəyini, insanlara kömək edə bilməyəcəyini belə bildirmişdir:

Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)

MUĞNİ

İstədiyini zəngin edən

Dövlətli edən də, kasıb edən də Odur. (Nəcm surəsi, 48)

Gerçək zənginlik yalnız Allaha aiddir. O dilədiyini Öz fəzlindən zəngin edir, dilədiyini də müəyyən bir müddətə qədər kasıblıqla sınayır. “Varis” sifətində də ifadə etdiyimiz kimi hər şeyin varisi yalnız Allahdır. İnsanların dünyada sahib olduqları zənginliklər, mal-mülk də yalnız Allaha aiddir.

Hər insan ömrü boyu çalışıb qazandığı hər şeyi ölümlə birlikdə geridə buraxır. Ancaq bütün bunlara baxmayaraq, yaşadığı qısa həyatda mal-mülk sahibi olmaqla fəxr edən, zənginliyi ilə təkəbbürlənən və bunun nəticəsində Allahı unudan şəxslər üçün Quranda belə hökm verilir:

Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar. (Muminun surəsi, 55-56)

Allah dilədiyi qullarını isə dünyada böyük bir mülklə mükafatlandırmışdır. Xüsusilə elçilərə verilən böyük mülkə Quranda bir çox ayə ilə diqqət çəkilmişdir. Allahın dünyada hz. İbrahim, hz. Məhəmməd (s.ə.v), hz. Davud və hz. Yusifi zənginliklə mükafatlandırıb. Hz. Süleyman isə Allahdan dünyada heç kimə verilməyən böyük bir mülk istəmiş və buna sahib olmuşdur.

Ancaq unudulmamalıdır ki, Allahın elçiləri özlərinə verilən mülkü Rəbbimizi razı etmək, Onun məmnun olacağı xeyir işlər görmək üçün istifadə etmişlər. Sahib olduqları ilə öyünüb azan, mülkün gerçək sahibini unudan insanlardan fərqli olaraq əllərindəki hər şeyi Allah üçün xərcləmişlər. Çünki onlar bilərlər ki, mülkün hamısı Allaha aiddir, Allah dilədiyinə mülk verir, dilədiyindən də mülkünü geri alır.

Göründüyü kimi kainatdakı hər şeyin tək hakimi, mülkün yeganə sahibi olan Allah, dünyada dilədiyi insanı zəngin edir. Gerçək zənginliyi isə axirətdə verəcək. Özünə iman edən, bütün həyatını saleh əməllər işləyərək, Onun razılığını qazanmağa çalışaraq keçirən möminləri axirətdə çox böyük bir zənginliklə nemətləndirəcək.

Allahı razı edərək cənnətə girməyə haqq qazanan insanın orada qarşılaşacağı zənginlik, Quranda bir çox ayədə detallı olaraq təsvir edilmişdir. Ayələrdə bu ehtişam belə xəbər verilir:

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər və onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar. (Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. (Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. Onların ətrafına gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, onları içmək istədikləri həcmdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış (şərab) badəsi içirdiləcək. (Bu elə) bir bulaqdandır ki, Səlsəbil adlanır. Onların ətrafında həmişə gənc olan cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. (Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. (Onlara deyiləcəkdir): “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”. (İnsan surəsi, 11-22)

MUHSİ

Sonsuz da olsa, hər şeyin sayını bilən

(Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 94)

"O yaratdığını bilməzmi?" (Mülk surəsi, 14) ayəsində bildirildiyi kimi Allah kainatda yaratdığı hər şeyi ən incə detalına qədər bilir, bütün canlılara hakimdir. Çünki onların hər birini rənglərinə, formalarına, görünüşlərinə, xüsusiyyətlərinə qədər Allah yaratmışdır. Yaratdığı canlı və cansız varlıqların sayını da dəqiq təyin edib. Şübhəsiz bu, insanın əsla sahib ola bilməyəcəyi, gücü çatmayacağı bir elmdir və yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur.

Allah kosmosun dərinliklərində neçə ədəd planet və neçə ədəd meteorit olduğunu, ulduzların sayını, atomun nüvəsinin ətrafında dönən elektronların sayını bilir. Dünyada olan ağacların hamısında neçə yarpaq olduğunu və hər yarpaqda nə qədər atom olduğunu da bilir. Allah yerin daxilində və səthində nə qədər qum dənəciyinin olduğunu, yağan yağış damlalarının, dünyadakı bütün dənizlərin dibində yaşayan balıqların sayını bilir. Yer üzündə neçə milyard bitki və heyvan növünün olduğunu da dəqiqliklə yenə Özü bilir. Yer üzündə hz. Adəmdən bəri yaşayan, bu an yaşayan və qiyamətə qədər də yaşayacaq insanların sayını da yalnız Allah bilir...

Allah insanların bütün işlərini və düşündüklərini əskiksiz bilir və din günündə bunları onlara xəbər verəcək. Edilən hər əməl, ən kiçik detallar belə əskik qalmadan din günündə ortaya gətirilir. Allah bu gerçəyi bir ayədə belə xəbər verir:

O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir. (Mücadələ surəsi, 6)

MUHSİN

Lütfkar

... De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (hər şeyi) Əhatə edəndir, Biləndir”. O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 73-74)

Həm mükafat və şövq qaynağı, həm də qarşılıqsız lütf və lütfkarlığın nümunəsi olaraq saleh qullarına dünyada nemət və gözəllik verməsi Allahın dəyişməz qanunudur.

Zənginlik, ehtişam və gözəllik cənnətin ən fundamental xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi qullarına cənnəti xatırladacaq, onların cənnətə olan arzu və həyəcanlarını artıracaq nemətlərin və mühitlərin bənzərlərini bu dünyada da yaradır. İnkarçıların əbədi əzabları necə ki, daha bu dünyada ikən başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də özlərinə dünyadakı həyatlarında göstərilməyə başlayır.

Allah Özündən bağışlanma diləyən, tövbə edən saleh möminləri cənnətlə yanaşı, dünyada da gözəl şəkildə faydalandıracağını və onlara lütf edəcəyini bir çox ayəsində bildirmişdir. Bir ayədə belə buyrulur:

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)

Mömin özünü yaradan uca Allahın böyüklüyünün şüurunda olmasından, Onun əmr və qadağalarına riayət etməsindən, Onun insanlar üçün seçib bəyəndiyi dinini yaşamasından və ən əhəmiyyətlisi ölümdən sonraya böyük ümid bəsləməsindən ötrü daim Allahın köməyi və lütfkarlığı ilə qarşılaşır. Allah bütün etdiklərinə ən gözəli ilə cavab verir. Çünki Allah Özü üçün edilən heç bir lütfkarlığı qarşılıqsız buraxmır. Ayələrdə belə buyrulur:

Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? (Rəhman surəsi, 60)

Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir. (Yunus surəsi, 60)

Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, onlara (savab) yazılmasın. (Tövbə surəsi, 121)

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 261)

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 268)

MUHYİ

Can, sağlamlıq verən, dirildən, yaşadan

O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. (Yunus surəsi, 56)

Bir varlığa can vermək, onu yoxdan yaratmaq və onun həyatını davam etdirməsi üçün uyğun şərait yaratmaq, yalnız sonsuz güc sahibi Allaha məxsus olan xüsusiyyətdir.

Allah gözlə görülməyəcək qədər kiçik bir yumurta ilə spermanı birləşdirir. Sperma yumurtanın içinə girən kimi yumurtanın ətrafı pərdəylə örtülür və həyat başlayır. Allah bu kiçik hüceyrəni əvvəl iki, sonra dörd hissəyə bölür, bu bölünmə sürətlə davam edir. Beləliklə, ananın qarnında möcüzəvi bir həyat başlayır. Eyni hüceyrələr bir müddət sonra fərqliləşərək həm beyni, həm sinir sistemini, həm də sərt sümükləri və qığırdaqları meydana gətirir. Beləliklə, Allah doqquz ay ərzində yoxdan görən, eşidən, danışan və düşünən insanı yaradır. Ona can bağışlayır. Bir canlının yaranma mərhələlərində baş verən bu möcüzəvi hadisələri bir yumurta ilə spermanın bacara bilməyəcəyi aydındır. Onları birləşdirən və ana qarnındakı körpəni doqquz ay ərzində qoruyaraq böyüdən, yalnız Allahdır. Bu, ilk yaradılış və ilk diriltmədir.

İnsan dünyaya gəldikdən sonra onun yaşamasına icazə verən də Allahdır. Sonra bütün insanlara qədərlərində bir ölüm günü təyin etmişdir. Bu ölüm gününə qədər də onları müəyyən bir müddət dünya həyatında saxlayaraq sınayır. Təyin edilən müddət gəldiyi zaman isə insanların canını alır və dünyada işlədikləri əməllərin əvəzini vermək üçün daha əvvəl yoxdan var etdiyi kimi, ölümdən sonra təkrar dirildir. Şübhəsiz bu, sonsuz gücə sahib olan Allah üçün çox asan işdir.

Ancaq insanların bir qismi bu dirilişdən qəflət içindədirlər:

O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” (Yasin surəsi, 78)

Əlbəttə, insanların qəflətdə olduqları, inkar etdikləri bu gerçəyi Allah vəd edir və onların gətirdiyi misalın ən hikmətli cavabını Quranda belə verir:

De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 79)

Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər anlamırsınız? (Mu'minun surəsi, 80)

Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir. (Rum surəsi, 50)

Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir. (Fussilət surəsi, 39)

MUKALLİB

Çevirən (ürəkləri)

Biz onların ürəklərini və gözlərini, ilkin inanmadıqları kimi tərsinə çevirərik və onları tüğyanları içində çaşmışca gəzər bir vəziyyətdə tərk edərik. (Ənam surəsi, 110)

İnsan Allahın özü üçün seçib bəyəndiyi dinini öyrənmədən və onu yaşamadan Allahı haqqıyla tanıya bilməz, yaradılış məqsədini qavraya bilməz. Həyatın, ölümün, axirətin, cənnətin, cəhənnəmin, şeytanın və mələklərin nə üçün yaradıldığını da tam mənasıyla qavramaya bilməz. Milyardlarla canlının yaşadığı kainatın yaradılışındakı hikmətləri düşünməz. Bu insan ömrü boyu qəflət içində yaşayıb yenə qəflət içində ölər. Ancaq Allah insanın ürəyinə iman verdiyi təqdirdə bütün bu sualların cavabını tapar. Beləliklə, Allah daha əvvəl Özünə inanmayan insanın ürəyini çevirərək səmimi edə bilər. Əvvəldən din haqqında mənfi düşünən insan artıq müsbət düşünməyə, Onun əmrlərindən üz çevirən insan bunları dəqiq şəkildə tətbiq etməyə başlayar. Allahı heç zikr etmədiyi halda davamlı Onu xatırlamağa, heç şükr etmədiyi halda, davamlı şükr etməyə başlayar. Daha əvvəl Allahın varlığının dəlillərini, Onun bağışladığı nemətləri, şəfqətini və mərhəmətini heç dərk etmədiyi halda, artıq bunları açıq bir şüurla dərk edər. Belə ki, iman edən adam sanki yuxudan oyanar. Çünki Allah onun ürəyinə imanı yerləşdirmiş və küfrdən çevirmişdir.

Göründüyü kimi, imanı insana ancaq Allah verir və dilədiyi anda da geri alır. İnsanın imanlı olması isə ürəyinin Allahın ayələrinə qarşı yumşalmasına bağlıdır. Ancaq Allaha təslim olanlar hidayət tapar.

İnkarçılar iman etmədikləri üçün ətraflarındakı böyük gerçəkləri görə bilmirlər. Bütün kainat Allahın varlığının açıq-aşkar dəlilləriylə doludur, amma inkar edənlər bunu dərk etmirlər. Allah bununla əlaqədar olaraq bir çox ayədə inkarçıların ürəkləri üzərində qavramalarına mane olan bir pərdə olduğunu bildirir. Bir ayədə belə buyrulur:

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. (Kəhf surəsi, 57)

İnkarçılar bəzən özlərinə təbliğ edilən dini anlamadıqlarını etiraf edirlər. Özlərini hidayətə dəvət edən hz. Şueybə qarşı Quranda xəbər verilən və "… Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq..." (Hud surəsi, 91) deyən inkarçılar bunlara bir nümunədir.

Əgər insanın ürəyi üzərində pərdə varsa və Allah bu adamın anlayışını bağlayırsa, artıq onu doğru yola çevirmək Allahın diləməsi xaricində mümkün deyil. Allah bu mövzuya Quranda belə diqqət çəkir:

(Yusuf) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. Padşah dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”. (Yunus surəsi, 42-43)

Allah ancaq ürəkdən iman etməyi və Özünə yaxın olmağı istəyənin ürəyini yumşaldar, beləsini səmimi müsəlmanların arasına qatar. Səmimiyyətsiz olanların da ürəyini çevirərək onları küfrə geri qaytarar. O dilədiyinin ürəyini dilədiyi anda çevirməyə qadirdir. Onun çevirdiyi ürəyi təkrar geri çevirə biləcək heç kim yoxdur.

MÜKMİL

Kamilləşdirən

... Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, (bilsin ki,) Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 3)

İnsanı yaradan Allahdır və " Yaradan Lətif və Xəbərdar olduğu halda, ola bilərmi ki, O, bilməsin?" (Mülk surəsi, 14) ayəsiylə də vurğulandığı kimi, yaratdığı qulunu ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı biləndir.

Allah qulları üçün təyin etdiyi dini fitrətlərinə ən uyğun şəkildə təşkil etmişdir. Məqsəd insanların çətinlik çəkmədən, fitrətlərinə ən uyğun olan sistem içində Allahı tanımaları, Ona qulluq etmələri və beləlikə də gerçək qurtuluş və xoşbəxtliyə çatmalarıdır.

İslam dini sonsuz ağıl sahibi olan Rəbbimizin seçib bəyəndiyi dindir. Şübhəsiz, bu din vasitəsiylə qullarını kamala çatdıran da yalnız Allahdır.

MÜSƏVVİR

Təsvir edən, hər şeyə şəkil və surət verən

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Dünyada yüz minlərlə fərqli növdə canlı yaşayır. Bu növlərin hamısı bir-birlərindən tamamilə fərqli görünüşlərə və fövqəladə xüsusiyyətlərə malikdir. Məsələn, kəpənəyin qanadlarındakı qüsursuz simmetriyaya nəzər salaq. Hər bir qanadın üstü müxtəlif şəkillər və rənglərlə bəzənmişdir. Bu şəkillər və rənglər nə qədər qarışıq olsa da, qanadlardakı bənzərsiz simmetriya əsla pozulmur. Belə ki, bütün kəpənəklər göz zövqünə xitab edən gözəllikdədirlər. Bu gözəllikdə təcəlli edən ağlın bir qaynağı olduğu açıqdır. Çünki sadəcə çəkilmiş bir şəkilin belə rəssamı var və şəkilin öz-özünə ortaya çıxması mümkün deyil. O halda heç kim bu cür qüsursuz yaradılmış və sənət əsəri qədər estetik olan belə bir canlı üçün təsadüfən yaranıb deyə bilməz. Bunların hamısını yaradan, hazırlayan, əmələ gətirən bütün kainatın Rəbbi olan Allahdır.

İnsanı yaradan, bədəninin xaricindəki və daxilindəki bütün sistemləri son dərəcə mükəmməl şəkildə hazırlayan Allah, bu kompleks quruluşdakı hər nöqtədə üstün yaratmasını və izzətini göstərir. Məsələn, insan bədəninin sütununu əmələ gətirən skelet öz-özlüyündə bir mühəndislik möcüzəsidir. Bədənin dayaq-hərəkət sistemidir və beyin, ürək, ağciyər kimi həyati orqanların qorunmasını təmin edir, daxili orqanlara dəstək olur. İnsan bədəninə bənzərsiz hərəkət qabiliyyəti verir. Bundan başka sümük toxuması çoxlarının zənn etdiyi kimi cansız deyil. Bədənin ehtiyacına görə kalsium, fosfat və s. mineralları toplayır və ya daha əvvəldən topladıqlarını bədənə verir. Bütün bunlarla yanaşı qırmızı qan hüceyrələrinin istehsalı da sümüklər vasitəsiylə edilir. Bu bəhs edilən çox funksiyalı sistem insan bədənindəki mükəmməl sistemlərdən sadəcə biridir.

Bunların hamısını bənzərsiz bir dizayn ilə yaratmış olan və hələ də yaratmağa davam edən Allah qüdrətinin təcəllilərini bizlərə davamlı göstərir. Bir ayədə möminlərin belə söylədikləri xəbər verilir:

(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da doğru yolu göstərəndir!” (Taha surəsi, 50)

MÜSƏVVA

Şəkilləndirən, surət verən

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)

İnsan yumurta ilə spermanın birləşməsiylə əmələ gələn tək bir hüceyrədən yaranır. Bu hüceyrə ayələrdə bildirildiyi kimi əvvəl “bir parça ət” formasında olur. Daha sonra Allah insanı şəkildən şəklə salaraq ana qarınında inkişaf etdirir və insan olaraq yer üzünə gətirir. Yer üzünə gələn insanın surəti isə, şübhəsiz, son dərəcə mükəmməldir. Allah insanın yaradılışı ilə əlaqədar belə buyurur:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64)

Əlbəttə, insan Quranda bildirildiyi kimi dünyadakı ən gözəl canlıdır. Allah insan bədəninin həm daxilində, həm də xarici görünüşündə saysız iman dəlilini göstərir. İnsan bədəninə yalnız xaricdən baxdığımız zaman belə Allahın mükəmməl sənəti dərhal görünür. Hər insanda mövcud olan bədən simmetriyası: iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa olan nisbəti ilk baxışda diqqət çəkəcək dərəcədə müntəzəmdir. Bu nisbətin hər birini Allah tam bir uyğunlaşma ilə yaratmışdır. Məsələn, hər insanın bədən uzunluğu baş uzunluğunun səkkiz mislidir, üzü burun uzunluğunun üç misli qədərdir, iki göz arasında bir göz qədər məsafə var, qol və ayaq nisbətləri və uzunluqları həm estetik cəhətdən mükəmməldir, həm də insanın ehtiyaclarını qarşılamaq üçün əlverişlidir.

Yuxarıda verilən simmetriya ilə əlaqədar detalları görmək üçün ətrafınızdakı insanlara baxmağımız kifayətdir, bu xüsusiyyətləri hər birində ayrı-ayrı görə bilərsiniz. Hətta bütün bu xüsusiyyətlər bu ana qədər yaşayan təxminən 150 milyard insan üzərində də görülüb və (Allahın diləməsi xaricində) bundan sonra yaşayacaq olan insanlarda da görüləcək. Çünki bu Allahın yaratmasıdır və Allahın yaratmasında qüsur görmək mümkün deyil. Allahın mükəmməl yaratmasıyla əlaqədar ayələrdən bəziləri belədir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. (Ali-İmran surəsi, 2)

O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)

Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali-İmran surəsi, 6)

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

MUTAHHİR

Təmizləyən, şirkdən, pislikdən, mənəvi çirklərdən təmizləyən

O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (Ənfal surəsi, 11)

İnsan müxtəlif acizliklərlə yaradılmış varlıqdır. Ömrü boyu səhvlər edir. Əlbəttə ki, mömin əlindən gəldiyi qədər bunlardan çəkinir, Allahın dinini tətbiq etməkdə səhv etməməyə və günaha girməməyə səy göstərir. Ancaq Allahın aciz bir qulu olduğu üçün səhvsiz yaşaması mümkün deyil. Necə ki, bu gerçək bir Quran ayəsində belə xəbər verilir:

Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi, 45)

Bu İlahi hökmə əsasən Allahın qullarından tələbi heç səhv etməmək, ya da heç günah işləmək deyil. Mömindən gözlənilən Allahın məmnuniyyətini axtarmaq və sərhədlərinə diqqət yetirmək, işlədiyi bütün yalnış və günahlar üçün Allaha yönəlmək və Onun rəhmətinə sığınmaqdır. Bundan sonra Quranda bildirildiyinə görə Allah onun nəfsinin pisliklərini aradan qaldıracaq, onu günahlarından təmizləyəcək. Çünki Allah iman edən qullarını təmizləmək istəyir. Rəbbimiz bunu bir ayədə belə xəbər verir:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə