Allahın adı ilə. Şeyx Zahid irsi




Yüklə 29.19 Kb.
tarix11.03.2016
ölçüsü29.19 Kb.
Allahın adı ilə.

Şeyx Zahid irsi.

Şərqdə müsəlmanlar arasında ən geniş yayılmış dini-fəlsəfi cərəyanlarından biri sufilikdir. Sufilik islam rəhbərlərinin dəbdəbəyə meyilli olmasına, islamın köklü dayaqlarından uzaqlaşmasına etiraz olaraq yaranmışdır. Sufilik inancı insanları sadə həyat tərzinə, pəhrizkarlığa, səmimiyyətə, xeyirxahlığa və mənəvi yüksəlişə dəvət edir. Sufilik IX-XII əsrdə çox sürətlə inkişaf mərhələlərini keçərək, Cüneyd əl-Bağdadi (816-909), Əbu Nəsr Sərrac ət-Tusi (vəf. 955), Əbu Talib Məkki (X-XI əsr), Əbu Həmid Qəzali (1058-1111), Muhyəddin ibn Ərəbi (1165-1240) və başqa sufi alimlərinin adları ilə tanınmış və geniş yayılmışdır.

Bu cərəyan Azərbaycandan da yan ötməmişdir. Şərq sufilik məktəbinə təfəkkürü ilə təsir etmiş böyük azərbaycanlı sufi mütəfəkkirləri sırasına Əbu Hüseyn Dündari-Şirazi (vəf. 964), Əbu Züra (vəf. 1024), Əxi Fərəc Zəncani (XI əsr), Nizami Gəncəvi (1141-1209), Mahmud Şəbustəri (1287-1320), Əbu Səid Abdal Bakuvi (vəf. 1314), Seyid Yəhya Bakuvi (vəf. 1465), Dədə Ömər Rövşəni (XV əsr), Həmzə Nigari (1795-1866) Əbulqasim Nəbati (1812-1873) və başqalarını da daxil etmək olar.

Bu cür böyük mütəfəkkirlərdən biri XIII əsrdə yaşamış İbrahim bin Rövşən Əmirdir. İbrahim daha çox xalq arasında Şeyx Zahid ləqəbi ilə məşhurdur. Adı İbrahim, künyəsi Əbüs Səfvət, ləqəbi Tacəddindir. Tam adı isə mənbələrdə Şeyx Tacəddin İbrahim Zahid əl-Gilani əl-Kurdi ibn Şeyx Talış Rövşən Əmirdir. Şeyxin bu cür ləqəblərlə adlanması heç də təsadüfi deyildir. “Gilani” ləqəbi ona yaşadığı vilayətə uyğun olaraq verilmiş, “Kurdi” ləqəbi isə talış dilindən tərcümədə dərviş və ya nohə deyən anlamına gəlməklə (kırdi-ağlaşma və ya ağı ) şeyxin sufilərə xas dərvişyanə həyat tərzi keçirməsinə işarə olunmuşdur. Atasının adının qarşısında olan şeyx sözü isə mənbələrdə onun yeddi babasının ardıcıl olaraq şeyx olmalarını göstərir.

Ata-babaları XI əsrdə Xorasanı Səlcuqların istilası səbəbindən tərk edib Gilan bölgəsinə köç etmişlər. Atası Rövşən Əmir Gilanda evlənərək, Lənkəranın Siyavurud (indiki Siyavar) kəndinə köçmüş və əkinçiliklə məşğul olaraq xalis dindarlardan biri olmuşdur.

Şeyx Zahid 1215-ci ilin mart ayının 21-də Siyavurud kəndində anadan olmuşdur. Uşaq yaşlarından atası Rövşən Əmiri itirən İbrahim əmək fəaliyyətinə başlamış, XIV əsr tarixçisi Təvəkkülinin yazdığına görə “Atasının ölümündən sonra “Aşiqe-hi” (çəltik sahəsi-talış dilindən tərcümədə) adlanan çəltik sahəsində palçıq və su içində son dərəcə çətin şəraitdə işləmişdir.”

Gənc yaşlarından İslam dininə böyük marağ göstərərək elmlərə yiyələnmiş və ilk təhsilini Seyid Cəmaləddin Təbrizidən almışdır. Seyid Cəmaləddin Gilan mahalının Malvan kəndində anadan olmuş, sonralar Astaraya köçmüş, ömrünün sonuna kimi burada yaşamış və sufiliyi təbliğ etmişdir. Digər tarixi sənədlərdə isə onun əsl adı Eynəzzaman Seyid Camal Gili (Gilanlı) kimi göstərilmişdir. Öz nəzəriyyəsini Şirvan mahalında yaymaq üçün oğlu Seyid Sədullanı Bakıya göndərmişdir. Seyid Sədulla Bakıda “Xeyriyyə” cəmiyyəti yaradaraq sufiliyi təbliğ etmişdir. Bu barədə Şirvanşahlarla bağlı kitabələrdə də məlumatlar vardır.

Seyid Cəmaləddin kifayət qədər təqvalı, xeyirxah, zahid, təsirli nəfsə malik bir şəxsiyyət kimi yaşamışdır. Seyid Cəmaləddin 1253-cü il noyabrın 28-də vəfat etmiş, Astara rayonunun Butəsər (indiki Pensər) kəndində dəfn edilmişdir. Məzarı hal-hazırda da Pensər kənd qəbristanlığındadır və "Şeyx Cəmaləddin” piri kimi tanınır.

Şeyx Zahid Seyid Cəmaləddinin qısa müddət ərzində sevimli tələbəsinə çevrilmişdir. Şeyx Zahidə “Zahid” (pəhrizkar) ləqəbini də məhz ustadı Seyid Cəmaləddin vermişdir. Seyid Cəmaləddinin vəfatından sonra Talış mahalında ustadının yolunu Şeyx Zahid davam etdirmişdir.

Böyük irfan alimi Şeyx Zahid talış dilindən əlavə türk, ərəb, fars, gilək, qədim pəhləvi dillərini də mükəmməl bilmişdir. O, talış və gilək dilində şeirlər yazmışdır. Hətta sevimli tələbəsi və yeganə qızı Bibifatimənin yoldaşı Şeyx Səfiəddin Ərdəbili də ustadın təsiri ilə gilək dilində yazıb yaratmışdır.

Şeyx Zahidin Lənkəranın Siyavar və Şıxəkaran kəndlərindən iki arvadı olmuşdur. Bu evlilikdən Şəmsəddin, Cəmaləddin Əli və Bibifatimə adında övladları olmuşdur. Bibifatimə Şeyx Səfiəddin ilə (1252-1334) ailə qurmuşdur. Bu evlilikdən Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı 3 övlad dünyaya gəlmişdir.

Şeyx Səfiəddin böyuk Səfəvilər sülaləsinin əsasını qoyaraq 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi Türk dövləti olmuş, həmçinin müasir Azərbaycanın milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Səidəli Kazımbəyoğlunun 1869-cü ildə qələmə aldığı “Səidiyyə” (“Cəvahirnameyi–Lənkəran”) əsərində Şeyx Səfiəddin ilə Şeyx Zahidin qohum olması haqqında yazır: Səfiəddin İranın Şiraz vilayətində Sədi Şirazi (Müslihiddin Müşrif ibn Abdulla) və bir çox ariflərlə görüşmüş, dərslərində iştirak etsə də, qane olmamış, arifliyin yüksək mərtəbələrini əldə etmək istəmişdir. Bunu hiss edən Sədi Şirazi ona “Mən səni ancaq bu məqama qədər gətirə bildim, sən bir az da Vətənin Azərbaycana, Şeyx Zahidin yanına get. Bəlkə axtardığını orada taparsan – deyərək onu Şeyx Zahidin yanına göndərmişdir. Şeyx Səfiəddin daha sonra Azərbaycana gəlmiş, Şeyx Zahidi tapıb onun müridlərindən olmuşdur.

Halal zəhmətə qatlaşan Şeyx Zahid əkinçiliklə məşğul olmaqla yanaşı, elmi məktəb yaratmış, “Zahidiyyə” təriqətinin əsasını qoymuş və bu təriqətin təsiri altında sünni məzhəbinin şafei qolunu təbliğ etmişdir. Məktəbin şan-şöhrəti Azərbaycanın hüdudlarından kənara çıxaraq, Şeyx Zahidə böyük hörmət qazandırmış, İran, Türkiyə, Hindistan, Çin, Əfqanıstan və bir sıra başqa ölkələrdə də tanınmışdır. Şeyx Zahidə böyük hörmət bəsləyən III Axsitan (Şirvanşah hökmdarı) sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından qorxub, onun imkanlarını məhdudlaşdırmağa başlayıb. Şeyx Zahid o dövrün görkəmli şəşxslərindən olan Qazan xan, Şəmsəddin Cüveyni ilə də şəxsi münasibətlər qurmuş və onlarla görüşərək onları xalqla ədalətli davranmağa çağırmışdır.

Məktəbində özünə sadiq davamçı-muridlər yetişdirən Şeyx Zahid İslam dininin Şərqdə yayılmasında böyük xidmətlər göstərmişdir. Şeyxin tanınmış muridləri sırasına Şeyx Səfiəddin Ərdəbili, şirvanlı Şeyx Əxi Yusif, gəncəli Şeyx Pir Hikmət və Şeyx Əxi Məhəmmədi daxil etmək olar. XII-XIV əsrlərdə Cəmaləddin Təbrizi, Zahid Gilani və Lahıclı Ömər tərəfindən Şirvana gətirilən sufilik xəlvətilik təriqəti kimi formalaşmağa başlamışdır.

Zahidiyyə təriqəti Səfəviyyə, Bayramiyyə, Xəlvətiyyə və başqa təriqətlərə ayrılmışdır. Zahidilik Səfəvilərə Şeyx Səfi vasitəsi ilə gəlmiş və səfəviyyə təriqətinin əsası qoyulmuşdur. Səfəvilərdə mudriklik şəcərəsi aşağıdakı kimi göstərilir.

Həzrəti Məhəmməd (s)

Həzrəti Əli (ə)

Həsən Bəsri

Həbib Əcəmi

Davud ət-Tai

Məruf əl-Kərhi

Səri əs-Səkati

Cüneyd Bağdadi

Mimşad Dinəvəri

Məhəmməd əl-Bəkri

Vəcihəddin Ömər əl-Bəkri

Şeyx Əbun-Nəcib Əbdülqahir Sührəvərdi

Qutbəddin əl-Əbhəri

Rüknəddin Nəcaşi

Şəhabəddin Təbrizi

Seyid Cəmaləddin Təbrizi

Tacəddin İbrahim Zahid əl-Gilani

Səfiəddin İshaq

Sədrəddin Musa

Xoca Ələddin Əli

Şeyx İbrahim

Şeyx Cüneyd

Şeyx Heydər

Sultan Əli Mirzə Səfəvi

Şah İsmail Xətai

Şah Təhmasib

Şeyx Zahid öləndən sonra onun vəsiyyətinə əsasən, Lənkəranın Siyavurd (Siyavar) kəndində dəfn edilmişdir. Onun dəfn olunduğu yerdə Şeyx Heydər Səfəvi tərəfindən türbə ucaldılmışıdır. Sonralar dəniz səviyyəsinin qalxması nəticəsində bu abidə dəfələrlə suyun altında qaldığı üçün I Şah Abbas tərəfindən Hiləkəran kəndinə (indiki Şıxəkəran) köçürülmüş, üzərində məqbərə tikilmişdir. Səfəvi şahlarının Lənkərana səfər edərkən ilk ziyarət yerləri məhz Şeyx Zahidin məqbərəsi olmuşdur.

Tarixi mənbələrdən də məlum olur ki, indiki Şıxəkəran kəndinin əvvəlki adı Hiləkəran (hilə kə-taxta və qamışdan olan evlər) olmuşdur. Şeyx Zahidin qəbri Siyavardan buraya köçürüldükdən sonra kənd onun adı ilə Şıxəkəran adlandırılmışdır. Şıxəkəran talış dilində Şıxəkon adlanır. Talışca "Şıx”- Şeyx, "kon”- isə evlər (şeyxin evi) deməkdir.

Hazırda Şıxəkaran kənd qəbirstanlığında orta əsrlərə aid müxtəlif fiqurlu başdaşları mövcuddur. Bu yazılı kitabələrin bir çoxu yararsız hala düşmüş və şeyxin məqbərəsi tikilən vaxt məqbərənin cənub tərəfinə köçürülmüşlər. Kənd sakinlərinin dediyinə görə 1990-cı illərdə İran İslam Respublikasından gəlmiş şəxslər qəbirstanlıqdan bir neçə başdaşını özləriylə bərabər aparmışlar.

Şeyxin köhnə qəbri SSRİ dövründə (1944-cü ildə) dövlət tərəfindən dağıdılmışdır. Kənd sakinləri sonradan (1990-95) öz vəsaitləri hesabına yeni məqbərə inşa etmişlər. Hazırda türbədə yerləşən qəbrin üstündə heç bir məzar daşı və ya yazılı kitabə yoxdur. Əvvəllər qəbrin üzərində olan və sonradan götürülmuş məzar daşında isə Mir İsmayıla (vəf. 1053 h.q, 1643-44 m) məxsus olması göstərilmişdir. Mir İsmayıl çox güman ki, şeyxin ideyasını yayan şəxslərdən biri olmuşdur. Hazırda Mir İsmayılın nəslindən olanlar Şıxəkaran kəndində yaşayırlar.

Bəzi mənbələrdə isə şeyxin qəbrinin hazırkı məqbərənin yaxınlığda yerləşən təpəlikdə olması göstərilir. (Təxminən Şimal-Qərb istiqamətində 6 metrlik məsafədə olan təpəlik) Əslində qəbristanlıqda bir neçə təpəlik var və təpəliklərdə dairəvi formada kərpiclər hörülmüşdür. Kəndin yaşlı sakinləri qeyd edir ki, bu cür təpələr əvvəllər daha da çox olmuş, insanlar qəbirsanlıqda dəfn olunduqca bu təpələr də itmişdir. Alim və tədqiqatçıların bu cür fikirlə çıxış etməsi əvvələr məqbərənin daxilində Mir İsmayıla məxsus başdaşının məzarın yaxınlığında yerləşməsi olmuşdur. Mir İsmayıla məxsus başdaşı məzardaşı kimi yox sadəcə şeyx Zahidin məzarına söykənmiş halda olmuş və kənd ağsaqqallarının dediyinə görə bu məzardaşından (məzardaşı kənd sakinlərinə naməlum olmuşdur) şeyxin məzarının qorunması kimi istifadə etmişlər. Deməli, Şeyx Zahidin məzarı elə məqbərənin daxilindədir.

Yekun olaraq qeyd etmək olar ki, yuxarıda səsləndirilən bütün fikirlər XIII əsrdə İslam düşüncəsinin canlanıb yayılmasında böyük xidmətlər göstərmiş, Azərbaycanın və İslam dünyasının böyük mütəfəkkirlərindən biri Şeyx Zahid bin Rövşən Əmir haqqında araşdırılmaların geniş tədqiqata ehtiyacı vardır. Azərbaycan əsilli alimlərimizi tanıtmaq, yaradıcılıqları haqqında yazılmış mənbələri tərcümə və tədqiq etmək alim və tədqiqatçılarımızın vətəndaşlıq borcudur.

Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələr vətənmizin sərhədləri ilə məhdudlaşmır. Bu mədəniyyət təkcə keçmişmizin yadigarı deyil, həm də gələcəyimiz üçün sağlam zəmin yarada bilən milli-mədəni irsimizdir.

Samid Quliyev,

Lənkəran rayon Ləj kənd məscidinin axundu,

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı,

axundsamid@gmail.com

Məqbərənin xarici görünüşü. (15.01.2014)





(Məqbərənin daxili görünüşü)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə