Allah yolunda çəkilən xərclər




Yüklə 18.25 Kb.
tarix08.04.2016
ölçüsü18.25 Kb.
بسم الله الرحمن الرحيم

وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

وقا ل رسول الله (ص) مَنْ اَنْفَقَ نَفَقَةً فِى سَبِيل اللهِ كُتِبَتْ لَهُ بِسَبْعِمَا ئَةِ ضِعْفٍ

Allah yolunda çəkilən xərclər

Əziz möminlər, İnsanı maddi və mənəvi pisliklərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın rızasını əldə etməyə səbəb olan ən önəmli ibadətlərdən biri də Allah yolunda və xeyir iş üçün çəkilən xərclərdir. İnsanlar yolda gördükləri dilənçilərə xırda pullarından bir az verəndə və ya köhnə paltarlarını kasıb bildikləri bir-iki nəfərə paylayanda, yaxud ac gördükləri birinin qarnını doyuranda üzərlərinə düşən məsuliyəti artıqlaması ilə yerinə yetirdiklərinə inanırlar. Bunların hamısı, əlbəttə, Allahın razılığını qazanmaq üçün ediləndə Allah yanında savabı olan davranışlardır. Ancaq vəzifəmiz heç də bununla da bitmir. Məsələn, Allah, ehtiyaclarından artıq qalanın nəfəqə verilməsini bildirir:



"...Nəyi paylamalı olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını möhtaclara paylayın!" Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə fikirləşəsiniz" ("Bəqərə" surəsi, 219).

İnsana dünya həyatında yaşamaq üçün lazım olan ehtiyaclar çox azdır. İnsanın ehtiyacları üçün istifadə etdiyi miqdardan başqa qalan mal ehtiyacdan artıq qalan deməkdir. Önəmli olan nəyin xərcləndiyi deyil, adamın səmimi olaraq verə biləcəyi nə isə onu verməsidir. Allah hər şeyin doğrusunu bilir və insanların ehtiyaclarından artıq qalan miqdarın nə qədər olduğunu tamamilə insanın ağlının və vicdanının öhdəsinə vermişdir.

İnsanlar başqalarına bir yaxşılıq edəndə bu yaxşılığın özlərinə ziyan vurmamasını istəyərlər. Məsələn, ehtiyac içində olana əşyalarından verən bir nəfər özünün xoşlamadığı, bəlkə heç istifadə etmədiyi və ya etməyəcəyi şeylər verər.

Uca Allah adamın özünə layiq görmədiyi, köhnə bildiyi, işlətməyəcəyi qənaətinə gəldiyi mallarından daha çox, sevib bəyəndiyi əşyalarından verməsini məqbul olduğunu bildirmişdir. İnsana sevdiyi şeylərdən sədəqə vermək ağır gələ bilər, ancaq insanın həqiqi mömin ola bilməsi üçün belə bir fədakarlığı etməsi şərtdir. Bu Allahın bizə bildirdiyi önəmli bir sirdir. Ayədə buyurulur: "Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!" ("Ali-İmran" surəsi, 92).



"Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşılarından sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O, şükrə layiqdir!" ("Bəqərə" surəsi, 267).

Bir müsəlman üçün heç bir şey Allahın razılığını və Onun sevgisini qazanmaqdan daha üstün deyildir.

Yoxsulluq qorxusu yaşamadan Allah yolunda mallarını xərcləyən insanlar həyatları boyunca heç ummadıqları nemətlərlə ruziləndirilərlər. Xeyir əməl olaraq Allah yolunda xərclədikləri hər şey xeyir olaraq özlərinə geri ödənilər. Uca Allah buyurur: "İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyri ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!" ("Bəqərə" surəsi, 272).

"...Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!" ("Ənfal" surəsi, 60).

"De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!" ("Səba" surəsi, 39).

Ayədə bildirildiyi kimi Uca Allah verilən sədəqələrin əvəzini artıqlamasıyla verəcəkdir. Bunlar həm dünyadakı nemətlər, həm də hamısından daha artığı Allahın cənnətdə möminlər üçün hazırladığı nemətlərdir. Möminlərin əksinə, mallarını xəsisliklə saxlayan və ya mallarının zəkat və sədəqələrini vermədən artırmağa çalışanların aqibəti bir ayədə belə bildirilir:



"Allah sələmi məhv edər, sədəqələri isə artırar. Allah kafiri, günahkarı sevməz!" ("Bəqərə" surəsi, 276).

Mallarını Allah yolunda sərf edənlər haqqında digər ayələrdə belə bildirilir: "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir!" ("Bəqərə" surəsi, 261).



"Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. ("Bəqərə" surəsi 264).

Əziz müsəlmanlar, xütbəmi bir hədisi-şəriflə yekunlaşdırıram: “Allah yolunda malını xərcləyən kimsəyə xərclədiyinin yeddiyüz qatı verilir” (Tirmizi, Fədailul-Cihad, 4/1625.



22 Aprel 2011 / 19 C.Əvvəl 1432


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə