AĞaci iÇİNDƏn yeyən qurd мягаляляр вя чыхышлар топлусу təRTİBÇİ: sabit bağirov




Yüklə 411.01 Kb.
səhifə1/7
tarix20.04.2016
ölçüsü411.01 Kb.
  1   2   3   4   5   6   7
SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

KORRUPSİYA:

AĞACI İÇİNDƏN YEYƏN QURD

МЯГАЛЯЛЯР ВЯ ЧЫХЫШЛАР ТОПЛУСУ
TƏRTİBÇİ: SABİT BAĞIROV

Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin

(Center for International Private Enterprise - CIPE, ABŞ) vəsaiti hesabına çap olunur

Bakı - 1999

İÇİNDƏKİLƏR

3-11 ÖN SÖZ

12-19 CEYMS D. VULFENSON KORRUPSİYA İLƏ MÜBARİZƏNİN ƏSAS STRATEGİYASI

20-30 C. BRAYEN ETVUD KORRUPSİYA İQTİSADİ VƏ SOSİAL İNKİŞAFI DAİMA SARSIDIR

31-37 RONALD BERENBAYM KORRUPSİYA ƏLEYHİHƏ MÜBARİZƏ DÜŞÜHÜLDÜYÜHDƏH DAHA ÇƏTİHDİR

38-48 STYÜART EYZENSTAT İYİRMİ BİRİNCİ ƏSR ÜÇÜN ANTİKORRUPSİYA VƏ SƏMƏRƏLİ İDARƏÇİLİK STRATEGİYASI

49-62 DONALD STROMBOM DÖVLƏT TƏDARÜKÜ SİSTEMİNDƏ KORRUPSİYA

63-66 RÜŞVƏTXORLUQLA MÜBARİZƏ HAQQINDA İƏİT KONVENSİYASININ QISA MƏZMUNU

67-74 ELEONORA ROBERTS İƏİT-in KORRUPSİYA İLƏ MÜBARİZƏ LYUİS MÜQAVİLƏSİ NƏYƏ LAZIMDIR VƏ NECƏ İŞLƏYƏCƏK?

75-86 STYÜART EYZENSTAT MÜASİR DÜNYA İQTİSADİYYATININ ŞƏRTLƏRİ DAXİLİNDƏ QANUNİLİYİN GÖZLƏNİLMƏSİNİN VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏNİN ZƏRURİLİYİ

87-92 FRENK FOQL KORRUPSİYANIN CİLOVLANMASI:

RÜŞVƏTVERƏNLƏR İLƏ MÜBARİZƏNİN NAİLİYYƏTLƏRİ

93-108 CORC MUDİ-STYÜART YUXARI DAİRƏLƏRDƏ KORRUPSİYA VƏ O CƏMİYYƏTƏ NƏYİN BAHASINA BAŞA GƏLİR

ÖN SÖZ

Korrupsiya dünya problemidir. Azərbaycan üçün də bu prob lemin həlli olduqca önəmlidir.

Korrupsiya mövzusuna həsr edilmiş çoxsaylı məqalələr, siyasətçilərin və ictimai xadimlərin kütləvi informasiya vasitələrində açıq çıxışları, əhali arasında aparılan sorğular, eləcə də ən yüksək dövlət səviyyəsində - prezident müşavirələri zamanı və Milli Məclisin yığıncaqlarında korrupsiya probleminin müzakirəsi onu göstərir ki, bu gün Azərbaycanda korrupsiya bürokratik sistemin bütün təbəqələrini bürümüşdür - miqdarı cüzi olan, lakin geniş miqyaslı xarakteri daşıyan ən aşağı pillələrdən ölçüsü fantastik rəqəmlərlə ifadə olunan ən yüksək idarəçilik səviyyələrinədək.

Bu gün, demək olar ki, bürokratik qurumların əksəriyyətində rüşvət alınır. Ölkə vətəndaşının bu və ya digər məmurla toqquşduğu hər yerdə ondan rüşvət tələb edilməsi təhlükəsi gözlənilir. Bu, hər - hansı bir arayış almaq lazım gəldikdə, mənzil-istismar sahəsində, cəhiyyə ocaqlarının əksəriyyətində, həm pulsuz, həm də pullu təhsil ocaqlarında, avtomobil yollarında da dövlət avtomobil müfəttişliyi tərəfindən əsaslı və ya əsassız saxlandıqda və i.a. hallarda baş verir. Azərbaycan vətəndaşı olan hər birimiz yəqin ki, öz həyatında üzləşdiyi belə iyrənc hallar barədə çoxlu nümunə gətirə bilərik. Əlbəttə, elə məmurlar, həkimlər, müəllimlər, polis işçiləri və hakimlər də məlumdur ki (hər halda müəllifə), onlar rüşvət almırlar. Bu insanların möhkəmliyi pərəstişə və ən yüksək epitetlərə layiqdir. Amma, əfsus ki, adamların dövlətlə təmasda olduğu ən müxtəlif hallar çoxsaylı rüşvətxorluq faktları haqqında daha tez-tez eşitməli oluruq.

Maraqlıdır ki, rüşvət məmurun təkcə bu və ya digər qeyri-qanuni hərəkətə razılığı qarşılığında deyil, çox vaxt tamamilə qanuni hallarda da tələb edilir. Fərq yalnız rüşvətin miqdarındadır.

Bu gün Azərbaycanda bir çox qanuni və qeyri-qanuni xidmətlərə görə məmurlara verilən rüşvətin qeyri rəsmi tarif sistemi mövcuddur.

Rüşvətxorluq Azərbaycan cəmiyyətinin bütün şaxələrinə elə dərin nüfuz etmişdir ki, adiləşərək əhalinin əksəriyyəti tərəfindən normal hal kimi qəbul edilir. Həm də bunu nəzərə almaq lazımdır ki, cəmiyyətin yalnız rüşvət verənlərə və yalnız rüşvət alanlara dəqiq bölünməsi mükün deyil. Bir çox hallarda eyni vətəndaş bir vəziyyətdə rüşvət verir, digər vəziyyətdə isə rüşvət alır. Beləliklə, rüşvət vətəndaşlararası ünsiyyət əlamətlərindən birinə çevrilmişdir.

Korrupsiyanın cəmiyyətdə məhz geniş yayılması, görünür ki, məişətdə rüşvət termininin deyil, nisbətən xoş səslənən və qulağa yatan hörmət sözünün işlənməsinə səbəb olmuşdur. Bəlkə də bu, bizi rüşvətxorluğun əxlaqsızlığını dərk etməyin bütün cəhdlərində özümüzə işgəncə verməkdən qorumağa çalışan, ictimai şüurun hələ lazımınca ifadəsini tapmamış müdafiə reaksiyasıdır.

Əgər bu gün gələcəyin həkimləri, müəllimləri, mühəndisləri, iqtisadçıları və hüquqşünasları zaçot və imtahan qiymətlərini bu və ya digər rüşvət hesabına alırlarsa millətin gələcəyinə necə arxayın olmaq olar? Bu vəziyyətdə millətin mənəvi və fiziki sağlamlığını proqnozlaşdırmağa kim cəsarət edər?

Yaranmış vəziyyətin əxlaq qaydalarına zidd olan mahiyyətini nəzər alsaq millətimizin gələcəyi üçün dəhşətli təhlükəni aydın görə bilərik.

Artıq korrupsiyanın geniş vüsat alıb, dərin köklər buraxdığına görə, Azərbaycan dünyada mənfi mənada məşurlaşan bir ölkəyə çevrilməkdədir. Mötəbər beynəlxalq tədqiqat və maliyyə təşkilatlarının son illər apardıqları təhlillərinə əsasən, ölkəmiz rüşvətxorluğun səviyyəsinə görə dünyada ən yüksək pillələrdədir.

Bizim üçün utandırıcı və alçaldıcı deyilmi bu fərqlənmə?

Rüşvətxorluq bəlasının mövcudluğu və inkişafı bugünkü Azərbaycan mühitində bir sıra fikrimizcə mühüm olan amillərə qaynaqlanır. Bunlardan ən vacib olanların sırasına fikrimizcə aşağıdakılar da daxildir.



Birincisi və əsası, cəmiyyətdə korrupsiyanın kütləvi surətdə inkar və məzəmmət edilməməsi amilidir. Bu gün rüşvətxorluq problemi ictimai şüuru çox az, mahiyyətinə uyğun olmayan dərəcədə heyrətləndirir. Bu mövzunun bu gün Azərbaycan cəmiyyətini ciddi surətdə narahat etməsi barədə mülahizə söyləməyə çətin ki, əsas var. Vəziyyətin belə olmasında günahkar kimdir? Əlbəttə ki, ictimai şüurun və ictimai əxlaqın istənilən insan cəmiyyətində formalaşmasına görə məsuliyyət daşıyanlar. Bu həm bizim hökumət və ziyalılar, hörmətli din xadimlərimiz, jurnalistlər və, əlbəttə ki, ölkədə rüşvətxorluq probleminin ciddiliyini başa düşən, lakin onun kökünü kəsmək üçün az iş görən bizlərdən hər birimizik.

İkincisi, görünür ki, bu, cəzasız qalma amilidir. Bu amili əhəmiyyətli hesab etməyə əsas varmı? Əgər rüşvətxorluq ilə əlaqədar məhkəmələrin çox nadir olduğunu nəzərə alsaq, sözsüz ki, hə. Özü də problemin cəmiyyətdə kütləvi şəraitində. Səbəb nədədir? Rüşvət alan və verənlərin cəzalandırılması haqqında müvafiq qanunların olmamasındamı? Xeyr, Cinayət Məcəlləsində belə maddələr vardır. Məlum olduğu kimi, rüşvətxorluğa görə adam on il müddətinə qədər, rüşvət verən isə üç ildən səkkiz ilədək azadlıqdan məhrum edilə bilər. Hətta vasitəçilər üçün də ciddi cəza tədbirləri nəzərdə tutulub. Onda səbəb nədir? Bunu yəqin ki, bir neçə səbəb ilə izah etmək olar. Birincisi, vəziyyətin kütləviliyində, bu vəziyyətin normal, labüd, həyatımıza xas kimi düşünülməsi və əlbəttə ki, hər iki tərəfin rüşvətin verilməsi və alınması proseduru barədə mə’lumatın yayılmasında maraqlı olmaması. İkincisi, korrupsiyaya uğramış məmurların məhkəmə orqanlarında ümid etdikləri mümkün rüşvətxorluq.

Üçüncüsü, dövlət büdcəsindən maaş alan hər bir kəsin, yəni məmurların, həkimlərin, müəllimlərin, hakimlərin, polis işçilərinin qanuni gəlirlərinin aşağı səviyyədə olması amilidir. Maaş formasında olan qanuni gəlirlə minimum istehlak səbəti arasında kəskin fərqin olması şəraitində rüşvət formasında olan real qeyri-qanuni gəlir əldə etmək nəfsinə tab gətirmək çox da asan deyil. Və çoxları bu yolla gəlir əldə etmək imkanından qaça bilmir.

Dördüncüsü, əhalinin öz hüquqları və məmurların vəzifələri haqqında məlumatının az olması amilidir. Bə bu gün çox vaxt sadə adam məmurun bu və ya digər xidmət üçün rüşvət tələbini tam qanuni bir şey kimi qəbul edir.

Beşincisi, qanunların və normativ aktların ayrı-ayrı maddələrinin aydın və birmənalı olmaması amilidir. Qanunvericilik bazasında məhz bu cür nöqsanların olması hədələməklə pul almaq üçün əlverişli şərait yaradır. Bundan istifadə edən məmurlar rüşvət almaq məqsədilə müxtəlif səbəblərə görə məsələnin həllini son nəticədə qəsdən uzada bilərlər.

Altıncısı, hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətdə məlumatın az olması amilidir.

Korrupsiyanın məhdudlaşdırılması məqsədilə ölkənin qanunvericilik orqanının da, hökumətin də, məhkəmə sisteminin də, kütləvi informasiya vasitələrinin də, siyasi, dini və digər ictimai təşkilatların da ardıcıl və gərgin iş aparması tələb olunur. Bizim fikrimizcə, bu işin vacib istiqamətləri aşağıdakılardır:

Ş institusional islahatlar;

Ş dövlət nəzarətinin gücləndirilməsi;

Ş kadr siyasətinin təkmilləşdirilməsi;

Ş qanunvericilik sisteminin təkmilləşdirilməsi;

Ş əmək haqqının islahatı;

Ş problemin geniş ictimai monitorinqi.



İnstitusional islahatlar

İqtisadi və sosial idarəetmənin müxtəlif məsələlərinin həllində dövlətin rolunun azaldılması istiqamətində islahatların davam etdirilməsi zəruridir. İqtisadi və sosial hakimiyyəti özündə cəmləşdirən dövlət institutlarının sayının azaldılması və dövlət orqanları işçilərinin sayının ixtisar edilməsi bu islahatın vacib elementləri ola bilər. Məsələn, yaşayış fondunun geniş miqyaslı özəlləşdirilməsi, əhaliyə xidmət göstərən dövlət müəssisələrinin dövlətsizləşdirilməsi, zibilin yığışdırılması, təmir və digər xidmətlərlə təmin edən özəl müəssisələrin yaradılması şəraitində mənzil-istismar sahələri (keçmiş SSRİ dövründə olduğu kimi öz statusunu saxlamış) bu gün nəyə gərəkdir?

Aydındır ki, bu sahədə dərin islahatların vaxtı gəlib çatmışdır. Bu cür islahatlar artıq MDB-nin digər ölkələrində sürətlə gedir.

Müxtəlif məsələlərin həllində dövlət nə qədər az iştirak etsə rüşvətxorluğa şərait də o qədər az olar. Lakin hətta o yerdə ki özəl sektorun (öz məsələlərini həll edən ayrı-ayrı vətəndaşlar da daxil olmaqla) dövlətlə əlaqəsi labüddür, imkan daxilində məmurla bilavasitə üz-üzə əlaqə formasını məhdudlaşdırıb, daha geniş digər əlaqə vasitələrindən (məsələn, adi və elektron poçt) istifadə etmək lazımdır. Məsələn, nə üçün bu və ya digər hesabatların verilməsi üçün sahibkarların müxtəlif dövlət idarələrinə şəxsən gəlməsi tələb olunur? Bütün inkişaf etmiş ölkələrdə bu cür məsələlər poçt vasitəsilə həll edilir.

Bununla yanaşı, qeyd edək ki, dövlətin rolunun azaldılması heç də bütöv hakimiyyət institutlarının və dövlət proqramlarının qeyd - şərtsiz ləğvi zərurəti demək deyildir. Cöhbət onların islahatından və təkmilləşdirilməsindən gedir. Dünya Bankının 1997-ci il üzrə illik hesabatında bədii surətdə qeyd edildiyi kimi: “Əgər polis korrupsiyaya uğrayıbsa bu o demək deyil ki, onu ləğv etmək lazımdır”.

Ümumiyyətlə, iqtisadiyyatda rəqabətin gücləndirilməsinə və dövlət inhisarının zəiflədilməsinə yönəldilmiş istənilən institusional dəyişikliklər rüşvətxorluq imkanlarını azaldır.

Dövlət nəzarətinin gücləndirilməsi

Korrupsiya faktlarının araşdırılması və işlərin məhkəmə orqanlarına verilməsi üçün bütün lazımi səlahiyyətlərə malik müstəqil korrupsiyaya nəzarət institutlarının yaradılması lazımdır. Müxtəlif ölkələrdə bu müxtəlif cür edilir - ya müstəqil komissiyalar yaradılır, ya da korrupsiya ilə mübarizə üzrə komissarlar institutları təşkil edilir.

Bizdə, məsələn, bu rolu Milli Məclisdəki xüsusi komissiya oynaya bilərdi. Korrupsiyanın qarşısını ala bilən vacib amil kimi hökumətin maliyyə fəaliyyətinin müstəqil auditor kompaniyaları tərəfindən apardığı auditor yoxlamaları ola bilərdi. Dünya təcrübəsi göstərir ki, bu cür yoxlamaların olmaması gizli fondları və büdcədənkənar vəsaiti idarə etmək hüququna malik hökumət orqanlarını korrupsiyaya sürükləyən səbəb ola bilər.



Kadr siyasətinin təkmilləşdirilməsi

Dünya Bankının 1997-ci il üçün illik hesabatında korrupsiyanın məhdudlaşdırılması məqsədilə görülən tədbirlərdən biri “qanuna tabe olan bürokratiyanın yaradılması” adlanır. Bu o deməkdir ki, işə qəbul edilmə və kadrların xidməti irəliləyişi siyasi, qohumbazlıq və yerlibazlıq himayəçiliyi prinsiplərinə görə deyil, şəxsi iş və peşəkarlıq keyfiyyətləri, eləcə də ədalətli əmək haqqı əsasında həyata keçirilməlidir.

Qanunvericilik sisteminin təkmilləşdirilməsi

Bu istiqamətdə aşağıdakıların həyata keçirilməsi vacibdir:

Ş dövlət xidməti haqqında qanunun qəbul edilməsi (o cümlədən mə’murlar tərəfindən gəlirlərin bəyannaməsini nəzərdə tutan);

Ş informasiya azadlığı haqqında qanunun qəbul edilməsi;

Ş məhkəmə orqanlarının tam müstəqilliyini təmin etmək üçün yeni qanunların qəbul edilməsi, lazım gələrsə Konstitusiyaya düzəlişlərin edilməsi;

Ş tender əsasında təyin edilmiş müstəqil auditor firması tərəfindən hökumətin maliyyə fəaliyyətinin yoxlanılması haqqında qanunun qəbul edilməsi;

Ş məmurların bilavasitə vəzifə borclarını yerinə yetirmədikdə onlara qarşı görülən cəza tədbirləri haqqında dəqiq maddələrin qanun və normativ aktlara daxil edilməsi;

Ş bu və ya digər maddələrin dəqiqliyi və birmənalılığının gücləndirilməsinə yönəldilmiş lazımi dəyişikliklərin qanun və normativ aktlara daxil edilməsi;

Ş qanun və normativ aktların mətnləri asan başa düşülən olmalıdır. Vətəndaşların bu və ya digər dövlət idarələrinə şəxsən baş çəkməli olduğu bütün hallarda orada ən azı dəqiq təlimatlar, nümunələr və izahatlar olan stendlər olmalıdır;

Ş idarədaxili nəzarəti gücləndirən normativ aktların işə salınması. Məsələn, ABŞ-ın təcrübəsini tətbiq edərək şərtləri ölkə üçün sərfəli olmayan müqavilələrin imzalanması haqqında məlumat verən məmurların mükafatlandırılması haqqında maddəni daxil etmək olar.

Əmək haqqının islahatı

Dövlət orqanları işçilərinin maaşının müvafiq səviy yəyədək ardıcıl surətdə artırılması tələb olunur. Çox güman ki, bu, Azərbaycanda korrupsiyanın məhdudlaşdırılması uğrunda aparılan mübarizənin ən mürəkkəb məsələlərindən biridir. Son illərdə əmək haqqı artımının hökumətin milli pul vahidinin sabitliyini (eləcə də işçilərin gəlirlərinin aşağı səviyyədə olması hesabına) təmin etmək arzusu ilə izah edilən kiçik sürəti elə bir vəziyyət yaratmışdır ki, maaşların nəzərəçarpacaq dərəcədə artırılması makroiqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər.

Geniş ictimai monitorinq

Bu sahədə səmərə verəcək işlər aşağıdakılar ola bilər:

1) vətəndaşların şikayətlərini dinləyən və araşdıran, dünya təcrübəsində “ombudsmen” adlanan xüsusi təşkilatların yaradılması. Dünya təcrübəsinin göstərdiyi kimi, bu tədbir dövlət məmurlarının məsuliyyətinin artmasına və onlar tərəfindən pul tələblərinin azalmasına təsir göstərə bilər;

2) korrupsiya ilə mübarizə üzrə ictimai təşkilatların fəaliyyətinin gücləndirilməsi. Bu halda əsas şərt onların hökumətin fəaliyyəti haqqında lazımi məlumata malik olması imkanlarıdır. ABŞ və Avropanın bir sıra ölkələrində qəbul edilmiş informasiya azadlığı haqqında qanun ictimai nəzarətin təşkilində vacib rol oynayır. Belə qanunlar vətəndaşlara hökumətdən onun fəaliyyəti haqqında istənilən informasiyanı tələb etmək hüququ verir.

Bu gün korrupsiya ilə mübarizə Azərbaycanda təxirəsalınmaz həllini tələb edən ümummilli məsələdir. Sözsüz ki, bu, olduqca mürəkkəb problemdir, çoxsəpkilidir və Azərbaycan cəmiyyətindən xeyli vaxt və səy tələb edəcək. Və bu, bizi rühdan salmamalıdır, çünki korrupsiya ilə mübarizə aparmaq üçün tədbir görülmədikdə qanunazidd fəaliyyət spiralı getdikcə açılaraq cəmiyyətdə qlobal sarsıntılara gətirib çıxarır.

Məmnuniyytlə qeyd edə bilərik ki, son bir ildə Azərbaycan ictimaiyyatı korrupsiya ilə mübarizəyə diqqətini artırab. Bunu həm kütləvi informasiya vasitələrində bü mövzuya həsr edilmiş məqalələrin, rəylərin, müxtəlif təkliflərin artması, həm də siyasi partiyaların artıq bu istiqamətdə başladıqları fəaliyyəti göstərir. Artıq bir neçə partiya korrupsiya ilə mübarizə barədə öz konsepsiyalarını, dovlət proqramının layihələrini, müvafiq qanun layihəsini hazırlayıb ictimaiyyata və müvafiq dövlət orqanlarına təqdim edib. Azarbaycan höküməti tərəfindən də bu vacib sənədlərin və qərarların hazırlanması barədə məlumatlar yayılmaqdadır.

Bütün bü görülən işlərdə xarici təcrübənin və beynəlxalq təşkilatların hazırladıqları və həyata keçirdikləri tədbirlərin nəzərə alınması da çox mühümdür. Məhz bunu nəzərə alaraq Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu nəşr etdiyi “Məşvərət” aylıq bülleteninə xüsusi əlavə olaraq bu toplunu nəşr etmək qərarına gəlmişdi və ümid edir ki, burada təqdim edilən məqalalər və çıxışlar korrupsiya ilə mübarizəyə qoşulanlar üçün həm maraqlı həm də faydalı olacaqlar.

Sabit Bağırov

KORRUPSİYA İLƏ MÜBARİZƏNİN ƏSAS STRATEGİYASI

CEYMS D. VULFENSON,

Ümumdünya Bankının prezidenti

ABŞ İnformasiya Agentliyinin elektron dərgisi,

noyabr 1998
Ümumdünya bankı 1996-cı ilin oktyabrından - bu bankın prezidenti Ceyms Vulfenson

antikorrupsiya siyasəti ilə çıxış etdiyi

zamandan başlayaraq, korrupsiyanı kəskin tənqid edir. Vulfenson 1998 - ci ildə Vaşinqtonda Ümumdünya Bankı və Beynalxalq Valyuta Fondunun müşavirəsində korrupsiya ilə mübarizədə Bankın əzmkarlıq göstərəcəyini bir daha təsdiq etmiştir. O, qeyd etmişdir ki, korrupsiya Asiyanın xeyli hissəsini və digər inkişaf etməkdə olan ölkələri iflic vəziyyətinə salan maliyyə böhranının əsas səbəblərindən biri olmuşdur. Hazırki məqalədə o, Bankın korrupsiya ilə mübarizə strategiyası haqqında danışır və inkişaf etməkdə olan ölkələrin hökumətlərinə xəbərdarlıq edir ki, onlar korrupsiyanı şirnikləşdirməklə xarici yardım və investisiyaların alınmasını təhlükə altında qoymuş olurlar.

Ötən son il ərzində qlobal maliyyə böhranının səbəb və nəticələrinə böyük diqqət yetirilmişdir. Heç kəs yeni maliyə strukturlarının daha mükəmməl bank sistemlərinin, daha səmərəli nəzarət və risklərin analizi sistemlərinin yaradılması probleminin təcili həll olunması zəruriliyinə şübhə etmir. Bütün bunlar həqiqətən olduqca vacibdir və buna görə də həmin problemlərin razılaşdırılmış həlli yollarının tapılması sahəsində əməkdaşlıq davam etdirilməlidir. Bununla yanaşı daha az diqqət yetirilən digər bir böhran da mövcuddur. Bu, insan böhranıdır. Milyonlarla insanlar iqtisadi xaosdan ciddi zərər çəkmiş ölkələrdə yenidən dilənçi vəziyyətinə düşmək riski altındadır. On illiklər ərzində sosial tərəqqi sahəsində əldə olunmuş nəticələr təhlükəyə məruz qalmışdır. Söhbət hətta uşaqlara aman verməyən, onları məktəbi buraxmağa ağır və bir çox hallarda təhlükəli əməklə məşqul olmağa məcbur edən böhrandan gedir. Bu, milyonlarla insanı işsiz qoyan və bərqərar olmuş sosial həyat tərzini dağıdan bir böhrandır. Bu elə böhrandır ki, onun haqqında bizim məlumatımız hələ ki, azlıq təşkil edir.

Bu böhranın yaratmış olduğu problemlər öz həllini gözləyir. Qarşıda böyük iş durur, lakin böhrandan çıxmaq üzrə hər hansı bir strategiya iqtisadiyyatı və cəmiyyəti aşkarlıq və hesabatlılıq prinsipləri üzərində qurmaq cəhdinə əsaslanmalıdır. Bu, o deməkdir ki, cəmiyyət korrupsiya bəlası ilə barışmaz mübarizə yoluna qədəm qoymalıdır. Ölkəyə investisiya və mal axını nə qədər güclü olsa da, iqtisadiyyat nə qədər sürətlə inkişaf etsə də, korupsiyaya yoluxmuş ölkədə uzun müddətli sabitlik mövcud ola bilməz. İstər iri korporasiyalar və mühüm qərarlar qəbul etmək səlahiyyətinə malik dövlət məmurları arasındakı sövdələşmə, istərsə də gömrük işçiləri və hakimlərin xırda rüşvətxorluğu olsun - istənilən halda korrupsiya hüquqi dövlətin əsaslarını sarsıdır iqtisadi artımı ləngidir və əhalinin ən yoxsul təbəqələrinə öz ağır təsirini göstərir.


KORRUPSİYANIN REAL NƏTİCƏLƏRİ

Bir çox illər ərzində belə hesab olunurdu ki, rüşvətlə ələ alma və korrupsiyanın digər formaları inkişaf etməkdə olan ölkələrdə biznesin aparılmasının səmərəli və hətta zəruri üsullarıdır. Hesab edilirdi ki, firmalar lazımi adamları “yağlamaqla” rəqabətdə üstünlük qazana bilərlər. Lakin bu yanlış fikirdir. Ümumdünya Bankı və digər təşkilatlar tərəfindən aparılan tədqiqatlar göstərmişdir ki, pulla ələ alma və rüşvətxorluq işgüzar fəallığın artmasına kömək etmək əvəzinə, icrası məmurlara həvalə olunmuş bir çox lazımsız qaydaların meydana gəlməsinə səbəb olur. Başqa sözlə, rüşvətxorluq asan qazanc əldə etməyə can atan yeni-yeni bürokratiya təbəqələrinə sirayət etməklə, rüşvətxorların sayını artırır. Sübut edilmişdir ki, korrupsiya səviyyəsinin yüksək olduğu ölkələrdə kompaniyalar bürokratlardan və vəzifəli şəxslərdən müxtəlif lisenziyalar, icazələr və vergi güzəştləri almaq üçün daha çox vaxt sərf edirlər.

Əldə olan məlumatlara görə korrupsiyanın yüksək həddinə malik olan ölkələr sürətli inteqrasiyanın baş verdiyi dünya sistemindən kənarda qalmaq riski ilə qarşılaşmışlar. Özü də bu risk günü-gündən artmaqdadır. Bu gün üzləşdiyimiz bir çox problemlər qeyri qanuni sövdələşmələrin, informasiyanın açıqlanmasına dair tələblərin xeyli dərəcədə yumşaq olmasının və aşkarlığın olmamasının nəticəsində meydana gəlmişdir. Açıq bazarlar bağlı qapılar arxasında fəaliyyət göstərə bilməzlər. Həm xüsusi kapital axını, həm də inkişaf məqsədli rəsmi kömək daha artıq dərəcədə yardım alan ölkələrdə həyata keçirilən iqtisadi siyasətin səmərəliliyindən və orada mövcud olan institutların etibarlılığından asılıdır. Bu gün investorlar yüksək seçim imkanına malikdirlər və öz pullarını korrupsiya ilə bağlı riskin az olduğu ölkələrə qoymağa üstünlük verirlər. Rəsmi donorlar da anoloji mövqe tutmaqdadırlar. Həm də nəzərə almalıyıq ki, yardım üçün ayrılan büdcə vəsaitlərinin həcmi azalmaqda davam edir. Yaxşı məlumatlanmış ictimaiyyət, yardım üzrə agentliklər və inkişaf məsələlərini istiqamətləndirən təşkilatlar istəyirlər ki, onların inkişaf etməkdə olan ölkələrə göndərdikləri vəsaitlər investorların nail olmaq istədikləri kimi faydalı olsun, yəni həmin ölkələrdə həyat səviyyəsinin və sosial inkişafın yüksəlməsini təmin etsin. Donor ölkələr yardım alan ölkələrdə məmurların rüşvətə qurşanması nəticəsində daxil olan vəsaitlərin qara deşikdə yoxa çıxmasını gördükləri zaman sonrakı yardımlar təhlükə altına düşmüş olur. Yenə də hər halda ən çox əziyyət çəkənlər əhalinin yoxsul təbəqələri olur.

Digər çoxtərəfli təşkilatlar kimi Ümümdünya Bankı da yaxşı başa düşür ki, bizim müdafiə etdiyimiz layihələr daim sayıqlıq göstərməyimizə, yüksək peşəkarlığa malik kadrlarımızın olmasına və yoxlama keçirməyimizə baxmayaraq, korrupsiyadan sığortalanmayıb. Kredit verilməsi üzrə layihə və proqramları onların həyata keçirildiyi bütün mühit üçün xarakterik olan aldatma və oğurlama kimi hallardan tam təcrid etmək praktik olaraq mümkün deyildir. Bununla əlaqədər olaraq, Bank gələcəkdə də korrupsiya hallarını aşkara çıxarmaq və günahkarları məsuliyyətə cəlb etməklə yanaşı, korrupsiyanı hələ rüşeym halında olarkən kökündən aradan qaldırmaq sahəsində səy göstərmək niyyətindədir. Qarşıda çətin və uzun mübarizə durur. Lakin mən qeyd etmək istəyirəm ki, qələbə qazanmaq mümkündür və onun əldə edilməsi uğrunda mübarizə aparmaq lazımdır.

DÖVLƏT İDARƏETMƏ MEXANİZMLƏRİNİN İSLAH EDİLMƏSİ YOLUNDA

Bu yolda artıq mühüm addımlar atılmışdır. Korrupsiya yalnız ayrıca götürülmüş hər hansı bir ölkənin dövlət bölməsinin problemi deyildir. Kiminsə rüşvət alması o deməkdir ki, bu rüşvəti kim isə verir - əksər hallarda digər ölkənin rəhbər vəzifəli şəxslərini xüsusi sektorun nümayəndələri satın alırlar. Halbuki hansı şəraitdə fəaliyyət göstərilməsindən asılı olmayaraq, onlar işgüzar etikanın ən yüksək standartlarına əməl etməlidirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının xarici vəzifəli şəxslərin pulla ələ alınmasının kriminallaşmasını nəzərdə tutan keçən ilki təşəbbüsü bu istiqamətdə mühüm atdım olmuşdur. Bu səylərin davam etdirilməsi vacibdir.

Bizim qarşımızda aşağıdakı suallar durur: korrupsiyanın səviyyəsini azaltmaq üçün hökümətlər nə edə bilərlər və Ümümdünya Bankı kimi beynəlxalq təşkilatların rolu nədən ibarət olmalıdır? Bir çoxları belə hesab edirlər ki, Ümümdünya Bankı öz resurslarından və səriştəli mütəxəssislərindən istifadə edərək, birtərəfli qaydada istənilən ölkəni bircə gün ərzində korrupsiyadan azad edə bilər. Digərləri ciddi desək, belə düşünürlər ki, bank hər hansı ölkədə korrupsiyanın ilk əlamətləri meydana çıxdıqda, həmin ölkələrə borc verməyi tamamilə dayandırmalıdır. Lakin biz dünya jandarmı rolunu oynaya bilmərik. Bundan başqa, bir gün ərzində korrupsiyanın kökünü kəsmək mümkün deyildir. Bununla belə korrupsiyanın ilkin səbəbləri əleyhinə yönəlmiş bir çox mühüm addımlar atmaq mümkündür və bu addımlar atılmalıdır. Hansı addımlar nəzərdə tutulur?

Ümumdünya Bankının prezidenti olduqdan sonra mən 84-dən artıq inkişaf etməkdə olan ölkədə olmuşam. İnamla deyə bilərəm ki, korrupsiya bəzi kasıb ölkələrdə və keçid iqtisadiyyatına malik ölkələrdə heç də ona görə ciddi problem deyildir ki, burada insanlar öz ictimayi münasibətlərində düzgün və vicdanlı olmaq istəmirlər. Korrupsiya, hər şeydən əvvəl, ona görə çiçəklənir ki, onun üçün şərait yetişmişdir. Birləşmiş Ştatlar, İngiltərə və ya sənayecə inkişaf etmiş istənilən ölkənin tarixinə nəzər salmaq kifayətdir ki, vaxtilə bu ölkələrin olduqca yüksək korrupsiya səviyyəsinə qarşı mübarizə aparmış olduğunun şahidi olasan. Bu, əski bir mübarizədir. Lakin bu gün inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyətində sağlam iqtisadiyyatın normativ-hüquqi əsasını təmin etməli olan dövlət institutları ya zəifdir, ya da, ümumiyyətlə, yoxdur. Bank və maliyyə tənzimlənməsi sistemlərində, korporativ idarəetmə, vergi yığılması, mühakimə üsulu, təftiş yoxlamaları mexanizmlərində, eləcə də, iqtisadi sahədə aşkarlığı təmin edəcək digər sahələrdə mövcud olan çatışmazlıq və nöqsanlar investorlarda inamsızlıq yaratmaqla yanaşı, onlarda bu cür ölkələrə uzunmüddətli və sabit kapital qoyulmasının məqsədəuyğun olmasına şübhə doğurur.

Korrupsiya ilə mübarizənin istənilən strategiyası bu cür institutların möhkəmləndirilməsindən başlamalıdır. Ümumdünya Bankı tərəfindən korrupsiya ilə mübarizə haqqında məruzənin dərc olunmasından ötən bir il ərzində 20-dən artıq inkişaf etməkdə olan ölkə bu problemin həll olunmasında kömək göstərmək xahişi ilə bizə müraciət etmişdir. Biz bütün bu ölkələrə məsləhətlər verir və artıq onlardan bəzilərinə müvafiq strategiyaların həyata keçirilməsində praktik kömək göstəririk. Beləliklə, Ümumdünya Bankı borc alan ölkələrin hökümətləri ilə dövlət institutlarının uzunmüddətli quruluculuğunda, korrupsiya üçün şərait yaradan inhisarçılığın və digər eybəcər antibazar halların ləğv edilməsi kimi struktur dəyişikliklərinin aparılmasında, dövlət qulluqçuları tərəfindən tədarükün həyata keçirilməsi və resursların paylanmasının standart metodlarının öyrənilməsində əməkdaşlıq etmək niyyətindədir. Həmçinin, Ümumdünya Bankı tarif səddlərinin azadılması, rəqabətin artırılması, resursların düzgün bölüşdürülməsi, kredit vasitələrinin rəqabət bazarlarının yaradılması, iqtisadi siyasətin formalaşdırılması məsələlərində də yardımçı olmağı planlaşdırır. Bu cür dəyişikliklər insanın maraqlarını birinci yerə qoyan və güclülərin zəiflər üzərində iqtisadi, hüquqi və sosial hakimiyyətini məhdudlaşdıran bazarların yaradılması üçün mütləq dərəcədə zəruridir. Dövlət idarəetmə mexanizmlərində islahat aparmaqla yanaşı, biz dərk etməliyik ki, ictimaiyyətin nəzarəti və iştirakına nə kimi rol ayrılır. Bu, olduqca vacibdir, çünki burada həm də yalnız korrupsiyaya qurşanmış dairələr deyil, o cümlədən, ictimai münasibətlərdə düzlük və vicdanlılıq uğrunda mübarizə aparan insanlar da üzə çıxır. Ümumdünya Bankı nəzdində fəaliyyət göstərən iqtisadi inkişaf institutu tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın ilkin səbəblərinin aşkar edilməsi və ictimaiyyətin mühakiməsinə verilməsi məqsədi ilə siyasətçilərin, jurnalistlərin və iş adamlarının (bunların çoxsuna ilk dəfə rast gəlinir) görüşləri təşkil olunur. Bizim bank dövlət idarələri tərəfindən xidmətlərin necə göstərilməsini və biznesdə işlərin aparılması praktikasının hansı səpgidə olmasını tədqiq edərək, həmçinin, hakimlərə, parlament üzvlərinə, müfəttişlərə və jurnalistlərə korrupsiyanın aşkarlanması və onunla mübarizə metodlarını öyrədərək, yerli əhaliyə və mərkəzi hökumətlərə praktik olaraq bu mübarizəni aparmaqda kömək edir. Biz əmin olduq ki, bu cəhdlər nəticə verir. Botsvana, Uqanda, Çili, Polşa və digər ölkələrdə real tərəqqi müşahidə olunur. Bunun nəticəsində insanların həyat şəraiti yaxşılaşır.


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə