ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ




Yüklə 3.03 Mb.
səhifə1/37
tarix21.04.2016
ölçüsü3.03 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   37





Pay verilяn hakimiyyяt: politiya

AZƏRBAYcAN MİLLİ ELMLƏR AKADEMİYASI

FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ HÜQUQ İNSTİTUTU




ADİL ƏSƏDOV

FƏLSƏFİ


PENTALOGİYA
Beşinci cild

SİYASƏTİN

FƏLSƏFƏSİ:

mahiyyətin gerçəkləşdirilməsinə yönələn insani iradə

və onun tarixi taleyi üzərində düşüncələr
(insan, cəmiyyət, hakimiyyət və siyasət

spiritualist aristokratizm fəlsəfəsi kontekstdə)

BAKI – Təknur – 2013

Ön sözün müəllifi –


akademik

FİRUDİN KÖÇƏRLİ
Elmi redaktor:

fəlsəfə elmləri doktoru, professor



İlham MƏMMƏDZADƏ

Əsərə rəy verənlər:


akademik

Əfrand DAŞDƏMİROV
fəlsəfə elmləri doktoru, professor

Əlikram TAĞIYEV
fəlsəfə elmləri doktoru

Tahirə ALLAHYAROVA

Adil Əsədov

Siyasətin fəlsəfəsi: mahiyyətin gerçəkləşdirilməsinə yönələn insani iradə və onun tari­xi taleyi üzərində düşüncələr (insan, cəmiyyət, hakimiyyət və siyasət spiritualist aristo­kratizm fəlsəfəsi kontekstin­də). // Fəlsəfi pen­talogiya: 5-ci cild. // Yenidən işlənmiş və ge­niş­ləndirilmiş nəşri. Bakı: Təknur, 2014.

464s.
Adil Əsədovun oxucuların mühakiməsinə verdiyi Siyasətin fəlsəfəsi monoqrafiyası onun tərəfindən irəli sürülən və spiritualist aristokratizm adlandırılan fəlsəfi sistemin tərkib hissəsi kimi çıxış edir.

Monoqrafiyasında müəllif bəşər təfəkkürünün ən görkəmli ixtiralarından biri kimi səciyyələndirdiyi dövlət fenomeninin özünə­məxsus fəlsəfi təqdimatını verir. Bu təqdimat siyasi təfəkkürün metafizik və substansial başlanğıcla­rının aşkarlanmasına əsaslanır və müəl­lif tə­rəfindən aristokratik, tiranik, kommunistik və demokratik adlandırılan siyasi doktrinaların tarixi inkişafda dominan­tlıq məkanını müəyyənləşdirir.

Adil Əsədovun təqdim etdiyi fəlsəfi sistemin şərh olunduğu üslub fəlsəfi pentalogiya janrının ilk nümunəsi kimi də qiymətləndirilə bilər.

Hazırkı nəşr “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası zəminində yeni­dən işlənmiş və genişləndirilmişdir.

Monoqrafiya fəlsəfi elmlər üzrə mütəxəssislər, siyasətçilər və siyasətşünaslar, ali mək­təb tələbələri, həmçinin siyasət və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu küt­ləsi üçün nəzərdə tutulur.


© Adil Əsədov, 2014

Atamın,


boynumda dünya boyda haqqı olan insanın,

İSGƏNDƏR HİDAYƏT OĞLU ƏSƏDOVUN

(1929-2001)

əziz xatirəsinə ithaf edirəm


Bİrİncİ nəşrə sözönÜ:

Fəlsəfəmizdə yeni bir səhifə

Adil Əsədovun “Siyasətin fəlsəfəsi” adlandırdığı əsər bila­vasitə ola­raq sosial təşkilatlanmanın fəlsəfi məna­lan­dı­rıl­ma­­sı ilə, dolayısı yolla isə aristokratik siyasi təfəkkürün substansial əsasları­nın aşkar­lanması ilə bağlıdır.

Monoqrafiyanın ən səciyyəvi cəhəti ondadır ki, konkret fəlsəfi problem burada fəlsəfənin bütövlükdə təqdimatı zəmi­nində verilir. Bu isə eyni zamanda həm də fəlsəfənin bir bütöv bilik tipi kimi sintetik əsas­­da qavranılmasına kömək edir.

Siyasətin fəlsəfi mənalandırılması ilə bağlı öz axtarış­larının çıxış nöqtəsini müəllif həyat fəlsəfəsinin epistemoloji prinsiplərin­də görür, subyektin daxili həyat axını ilə bu axının xarici dünya­dakı təsdiqi ara­sın­dakı ziddiyyəti hər cür təfəkkürün, o cümlədən siyasi təfəkkürün real zəmini kimi verir.

Belə bir epistemoloji müqəddimə Adil Əsədovda uyğun ontoloji prinsiplərlə bağlanır: substansial həyat ilə dünyada gerçək­ləş­­miş həyat arasındakı ziddiyyət subyektin dünya ilə yanaşı mövcudluq qaydasından asılı olaraq hər bir dövrdə konkret problem formasında qavranılır, həmin qavranıl­manın elementi kimi isə bu və ya digər müt­ləq varlıq modeli çıxış edir. Belə ki, Adil Əsədovun fikrinə görə, insan təfəkkürü özünün hər bir inki­şaf mərhələsində bu və ya digər mütləq varlıq modelini və onu ifadə edə bilən mütləq bilik modelini yaradır, qədim dövrdə Dünya Ruhu, Orta əsrlərdə Vahid Tanrı, Yeni dövrdə isə Materiya mütləq varlıq kimi qiymət­lən­dirilmiş, qalan hər şeyin isə mütləq varlığın təzahür forması olduğu güman edilmişdir, bu modellər uyğun dövrlərin dünyagörüşünü doğurmuşdur.

Ontoloji prinsiplərin və ona uyğun gələn epistemoloji qayda­la­rın – «metafizik müqəddimə»nin – Adil Əsədov tərə­fin­dən təklif olu­nan təkamülünü düzgün anlamaq üçün «qədim dövr», «orta əsrlər» və «Yeni dövr» anlayışlarının onun tərəfin­dən yeni­dən mənalandı­rıl­ması ilə bağlı seman­tika­nı xatırlamaq lazım gəlir. «Meta­fizik müqəd­di­mə»­dən siyasi fəlsəfəyə məntiqi keçid Adil Əsədovda bu se­man­tika va­sitəsi­lə həyata keçirilir. Burada Qədim dövr cəngavərli­yin, Orta əsr­­­lər icma mədəniyyə­tinin, Yeni dövr isə sivilizasiyanın – şə­hər mədəniyyə­tinin üstünlüyü və aparıcı möv­qeyi ilə səciyyələndiri­lir və dövrlərin təbii ardıcıl­lığının başqa bir sxemi təklif olunur.

Adil Əsədov Qədim dövrün başlanğıcını dövlətin yaran­ma­sı ilə bağ­layır və hər bir dövlətin aristokratizmin təşəkkü­ründən tükən­mə­sinə doğru istiqamətlənən tarixi yol keçdiyi ideyasını irəli sürür. Siyasi aris­to­kratizmin qismən tükənməsi ilə şərtlənən demo­kratizm Yeni dövrün başlanğıcı, tam tükənməsi ilə şərt­lə­nən kolo­nia­lizm isə sonu kimi təqdim edilir. Kolo­nializmdə xalqın rəiyyətlik duyğusu korşalır, bəndəlik duyğusu isə son dərəcə inki­şaf edir. İnsanlığın siyasi haki­miyyətdən üz dön­dərərək fövqəlbəşər aristokratizmə – ilahi qüdrətə – üz tutması və sığınması isə Orta əsrlərin mahiy­yəti kimi şərh edi­lir.

Dövlətin mahiyyətini sinfi mübarizədə görən ənənəvi mar­ksist nəzəriyyədən fərqli olaraq Adil Əsədov təsdiq edir ki, dövlə­tin mahiy­yəti heç də onun zorakılıq aparatı olmasında deyil­dir, əksinə himayə sistemi olmasındadır, insanlar dövlətin varlığını yalnız zorakılıqdan, azğınlıqdan, zülmdən, ədalətsizlikdən və təca­vüzdən mühafizə olun­duq­ları halda hiss edirlər.

Siyasi mahiyyətin məhz belə bir anlaşılma modeli kimi Adil Əsə­dov aristokratik siyasi doktrinanı ön plana çıxarır və aristokra­tiz­mi si­yasi təfəkkürün ilkin və əzəli forması kimi təqdim edir. Müəllif bir­mənalı olaraq təsdiq edir ki, dövlət yalnız aristokratik təfəkkür prin­sip­ləri əsasında fəaliyyət göstər­dikdə öz mahiyyəti və mövcudluğu ara­sında uyğunluğa nail olur. Tiranik, demokratik və kom­munistik təfəkkür əsa­sın­da fəa­liy­yət göstərən dövlətin mahiy­yəti və möv­cud­luğu arasındakı münasibətlər isə ziddiyyət kimi səciyyələn­di­rir. Siyasi tə­fəkkür tiranizm, demokratizm və kommu­nizm xarakterini kəsb etmək­lə, özünün tarixi təhrif formalarını yaradır. Əgər cəmiyyəti hərəkətə gətirən siyasi instinktlər nə­cib təbiətlidirsə, xilaskar təbiət­lidirsə, ədalətli əxlaqa isti­nad edirsə, in­tel­­lek­tual qüdrətdən doğursa və yenilməz iradə ilə gerçəkləş­diril­irsə, dövlət öz həqiqi mahiy­yətinə qovuşmuş olur, əks halda isə ədalət­siz­liyin dayağına çevrilərək eybə­cərləşir.

Aristokratizm, demokratizm, kommunizm ideyalarının Adil Əsə­dov tərəfindən yenidən mənalandırıl­ma­sı son dərəcə orijinaldır. Aris­tok­ratizm və demokratizm arasında müəllif tərəfindən apa­rılan para­lel­lər isə xüsusən maraqlıdır. Müəllifin özü­nün obrazlı ifadəsi­nə görə, aristokratizm haqqa və əxlaqın müt­ləqliyinə, demokra­tizm isə – rasio­nal praq­matizmə, formal olaraq isə, - hüquqa və qanu­na istinad edir, aristokratizm maskulin dəyərlərə, demokratizm isə feminin dəyərlərə söykənir.

Dövlətin öz təbii inkişafında gəlib keçdiyi təkamül mərhələ­lə­ri­nin hər birində müəyyən siyasi təfəkkür tipinin aparıcı mövqeyə malik olması və uyğun siyasi strukturların xüsusiyyətini müəyyən­ləş­dirməsi barədə müəllif tərəfindən söylənilən fikirlər də maraqlı­dır. Adil Əsə­dov əsas hesab etdiyi dörd siyasi doktrinanı - kommunistik, tiranik, demokratik və aristokratik doktrinaları -nə­zər­dən keçirir və belə bir müla­hizə irəli sürür ki, bu siyasi doktrinalardan hər biri təfək­kür tiplərindən birinin əsasında qurulur və siyasi təkamülün uyğun mər­hə­ləsini nəzəri olaraq ideallaşdırır, dövlətin mahiy­yətini və mənasını həmin mərhələdə görür. Müəl­lifin fikrinə görə, aristokratik siyasi doktrina dövlətin təşəkkül mər­hə­ləsini, tiranik siyasi doktrina siyasi hakimiyyətin formalaşma mərhələsini, demokratik siyasi doktrina vətəndaş cəmiyyətinə ke­çid mərhələsini, kommunistik siyasi doktrina isə – dövlətin bir siyasi hakimiyyət olaraq tənəzzül mərhələsini daha yaxşı ifadə edir.

Adil Əsədov ideal dövlət barədə hər bir siyasi doktrina üçün səciy­yəvi olan təsəvvürlə uyğun etik ideyalar arasında maraqlı para­lel­lər aparır. Onun siyasi fəlsəfəsində ideal dövlət kommunistik siyasi doktrinada əxlaq ideyasının, tiranik siyasi doktrinada mərd­lik ideya­sı­nın, demokratik siyasi doktri­nada qanun ideyasının, aris­tokratik siyasi doktrinada isə insanın təbii təyinatı ideyasının təcəs­sümü kimi təqdim olunur.

Dövlətin yaranması və mövcudluğu ilə ailənin yaran­ması və möv­cudluğu arasında Adil Əsədov tərəfindən aparıl­mış paralellər də son dərəcə inandırıcı və maraqlıdır.

Müəllifin «dövlət sosial həyatda maskulinfeminin başlan­ğ­ıc­­la­rın vahid bir axına qoşulması ilə öz tarixini başlayır» tezisi yenidir və diqqətə layiqdir. Köçərilik prinsiplərinin mütləqləşdiril­məsi üzərində qurulmuş cəngavər mədəniyyəti burada sosial həya­tın maskulin baş­lan­ğıcı kimi, əkinçi həyat tərzi zəminində təşək­kül tapmış icma mədə­niyyəti isə sosial həyatda feminin başlan­ğıcın mücəs­səməsi kimi təqdim olunur.

Etnogenezin siyasi şərhi ilə bağlı müəllif mövqeyi də son dərəcə maraqlıdır. Müəllif xalqın formalaşmasını si­­ya­­si hadisə kimi verir və elə bu səbəbdən onu uyğun dövlətin meydana gəlməsi ilə bağlayır.

Əsərin mühüm əlamətlərindən biri burada ifadə olunan fikir­lə­­rin həyatiliyidir. Müəllif hansısa mövzunu araşdırmaqla kifayət­lən­mir, hə­ya­tın, daha doğrusu real insan həyatının doğur­duğu hə­qiqi fəlsəfi problemlər üzərində düşünür.

Monoqrafiyada haqqında bəhs olunan bütün mövzular və al­t­möv­zu­lar müəllifin təfəkkür süzgəcindən keçirilərək verilir. Adil Əsədov tərəfindən hadisələrə verilən səciyyələr onlara bu vaxta qədər verilən səciyyə­lərin heç birinə bən­zəmir.





Firudin KÖÇƏRLİ,

akademik




MÜƏLLİFDƏN ÖN SÖZ
Beşliyin sonuncu cildini möhtərəm oxucumun diqqətinə təq­­dim edirəm. Gözəllik fəl­sə­fəsi­nin əsasən estetik kontekst­də, Var­lıq fəl­sə­fəsi­nin əsasən ontoloji kontekstdə, Təfəkkür fəlsəfəsi­nin əsasən məntiqi kontekstdə, Əxlaq fəl­sə­fəsi­nin isə əsasən etik kontekstdə şərh etdiyi ideyalar burada başlıca olaraq sosial-siyasi rakursda nəzərdən keçirilir və inkişaf etdirilir. Öz təcəssümünü artıq gözəllik, varlıq, təfəkkür, əxlaq mövzularında tapan həmin ideyalar beşliyin mövzusu baxı­mın­dan bir-birindən kəskin surət­də fərqlənən bütün cild­lə­rini, güman edirəm ki, daxilən birləşdi­rə­rək mahiyyətləri və ruhları etibarı ilə bir-birinə bağlamışdır.

Əgər Gözəlliyin fəl­sə­fəsi­ mahiyyəti ideal statusunda anla­yır­sa, əgər Var­lığın fəl­sə­fəsi­ mahiyyətin substansiya olaraq an­la­mın­dan çıxış edirsə, əgər Təfəkkürün fəl­sə­fəsi­ mahiyyəti mə­­na anlamında qəbul edirsə, əgər Əxlaqın fəl­sə­fəsi­ mahiyyə­ti transsendent iradə olaraq tanıyırsa, Siyasi fəl­sə­fə mahiyyəti immanent iradə olaraq tanıyır.

Siyasi fəlsəfənin mənim anlamımda geniş təqdimatını ver­məz­dən öncə isə nümunəsini artıq yaratdığımız fəlsəfi pen­ta­lo­gi­­ya janrının tələblərinə uyğun olaraq ötən əsrlərdən qopub gələn sədalara diqqətlə qulaq kəsilək, bu dəfə möv­zu­muz təbii ki fəlsəfə və siyasət olacaqdır. Bu, həm də ümu­miyyətlə siyasi fəlsəfənin ilkin təqdimatı kimi dəyər­lən­dirilə bilər və onu həm də bir qədər əyaniləş­dirməkdən ötrü zə­ru­ri­dir.

İndi isə, ötən əsrlərin mükaliməsi...



ÖTƏN ƏSRLƏRDƏN QOPUB GƏLƏN SƏDALAR:



MÖVZU ƏTRAFINDA XƏYALİ MÜKALİMƏ
I

(fəlsəfi müdriklik və siyasi qətiyyət)
YASPERS: Siyasət və siyasi nəticələr olmadan fəlsəfə yoxdur.

PLATON: Həqiqi və ideal dövlətdə siyasət fəlsəfədən doğma­lı və bütün iqtidar filosoflara etibar edilməlidir. Filosof olan, həqiqi bi­lik sa­hibi olan hər kəs öz fəaliyyətin­də təsadüfi biliklərə, keçici təsəv­vür­lərə de­­yil, yalnız həqi­qətə istinad edir.

ORTEQA-İ-QASSET: Mənsə bunun əksini düşünürəm. Filo­so­fun hökm­dar­lıq, yaxud hökmdarın filosofluq etməsi haqqında böyük filo­sof Platonun təklifi, məncə, faciə­vidir. Mənə elə gəlir ki, filosof yal­nız filosof olaraq qal­ma­lıdır. Onun fəaliy­yət sferası nə siyasət, nə də son əsrlərdə olduğu kimi pub­lisistika, maarif, elm və buna bən­zər başqa şeylər olmamalıdır.

HEGEL: Xeyr, elə deyil. Əgər hər hansı bir predmet, o cümlədən dövlət öz ide­ya­­sına uyğun deyildirsə, bu o demək olardı ki, onun ruhu və cismi bir-birindən ayrılmışdır; birinci fikrin mücər­rəd sfera­la­rı­na çəkilmiş, ikinci isə ayrı-ayrı fərdlərə parçalanmışdır.

ORTEQA-İ-QASSET: Müəyyən dərəcədə razılaşmaq olar. Həqiqi fəlsə­fə­nin yenidən hökmran oldu­ğu gün insan bir daha kəşf edəcəkdir ki, o ali başlanğıcın axtarılmasına təyinatlıdır.

FOMA AKVİNALI: Təbii cisimlər zəkadan məhrum olsalar da, məqsəd­yönümlülüyə tabedirlər. Bu isə onların hərə­kət­lərinin hə­mi­şə və ya əksər hallarda ən yaxşı nəticəyə doğru istiqamətlən­mə­si de­məkdir. Görünür ki, onlar məq­səd­lərinə təsadüfi olaraq deyil, şü­urlu iradənin rəh­bər­liyi ilə çatırlar. Onların özləri düşün­cədən məh­rum olduqlarından məqsədyönümlülüyə zəkaya qabil olan var­lığın vasitəsilə nail olurlar. Deməli, təbiətdə baş verən hər bir hadisənin məqsədini müəyyənləşdirən zəka­lı varlıq vardır və biz bu varlığı Tanrı adlandırı­rıq.

KYERKEQOR: İndiki zəmanədə isə hər şey siyasətdir. Dini əqidə zə­ma­nədən yerlə göy qədər uzaqdır. Siyasətin son məqsədi də zə­ma­nə­dən göy yerdən uzaq olduğu qədər uzaqdır. Siyasət yerdə başlayır ki, yerdə qalsın, ilahiyyat isə əsasını göydən aldığına gö­rə dünyəviliyi üstələyib sonra da göyə me­rac etmək istəyir.

KAMYU: Təəssüf ki, indi bütöv xalqlar və cəmiyyətlər mü­qəd­­dəs­likdən ayrılmağa can atırlar. Biz dünyəviləşdiril­miş tari­xi yaşa­yırıq.

MAKİAVELLİ: Siyasəti dünyanın ali başlanğıcı ilə, dini ma­­­­hiy­yətlə bağ­la­maq məncə isə ümumiyyətlə düzgün deyildir. Dövlət tanrı tərə­findən deyil, insan fəaliyyəti sayəsində yaranmışdır.

DEMOKRİT: Tamamilə belədir. Dövlət vətəndaşların ümumi məna­fe­­yi­nin təcəssümü olmaqla heç bir kənar qüvvə tərə­findən deyil, insanların özləri tərəfindən yaradılmış­dır. Siyasət yalnız adamla­rın uzun sürən mübarizəsinin məhsuludur və yalnız insan səylə­rinin nəticəsidir.

FOMA AKVİNALI: Xeyr, belə deyildir. Dövlət hakimiyyəti insani vasi­tə­lər­lə həyata keçirilsə də, ilahi mənşəlidir.

BODEN: Mənsə daha çox Demokritin mövqeyinə üstünlük verərdim. Monarxın hakimiyyəti Tanrıdan qaynaqlanmır, yerdə yaranır.

MOJEVSKİ: Çar hakimiyyəti hər halda ilahi hakimiyyət he­sab edilir. Hökm­dar Tanrının Yer üzərindəki surətidir. Tan­rının özü də Kai­na­tın hökmdarıdır.

HEGEL: Dövlət Yer üzərində mövcud olandan bəri ilahi ideyadır.

HOBBS: Yox, qətiyyən belə deyildir. Dövlət ilahi qurum deyildir, in­sa­ni qurumdur, insanlar tərəfindən yaradılmış süni bir əşyadır.

ƏN-NƏZZAM: Dövlət işlərində elə buna görə də heç bir dini qanun tətbiq olunmamalıdır.

ƏRDƏŞİR: Razı deyiləm. Din və ölkədarlıq iki sirdaşdır, birinin ta­mam­­lığı digərindən asılıdır. Din bünövrədir, dövlət isə onun sütun­ları; bünövrə sü­tun­suz zay olduğu kimi, sütun da bünövrə­siz duruş gətirə bilməz.

KAMPANELLA: Əksinə, biz elə bir dövlət qurmalıyıq ki, ilahi­dən veril­miş bir quruluş olmasın, fəlsəfi mühakimə­lər nəticəsində kəşf edilmiş olsun. Biz Minos, Likurq, Solon, Romul, Platon, Aristotel ki­mi dövlət qurucuları­nın yol verdikləri nöqsanları aradan qal­dı­raraq, öz zəka­mızın tələbləri əsasında yeni bir dövlət qur­malıyıq.

SPİNOZA: Məncə də. O dövlət daha qüdrətli və daha ədalətli ola­­caqdır ki, o, zəkaya istinad edir və onunla istiqamət­lənir.

RUSSO: Ədalət isə Allahdandır. Amma bizim çoxumuz belə bir yük­sək­li­yə yüksələ bilmədiyimiz üçün qanunlar və hökumət lazım­dır.

MAKİAVELLİ: Siyasət insan tərəfindən yaradılmış çoxsaylı sənətlər­dən yalnız biridir. Onu nə dünyanın ali başlan­ğı­cı ilə, Allahla, nə də əx­laqi mülahizələrlə bağlamaq lazımdır.

DEMOKRİT: Mənim fikrimcə də belədir. Siyasət sənətdir. Bö­yük sənət olsa da, yalnız sənətdir.

ÇÖRÇİLL: Siyasət bir sənət olaraq ustalıq tələb edir. Siyasi ustalıq odur ki, sabah, bir həftədən sonra, bir aydan son­ra, gələn il nə ola­caq­sa, onları qabaqcadan xəbər verəsən, onları sonradan hə­min hadisələr baş ver­­­dikdən sonra izah etməyəsən.

RUSSO: Gəlin Makiavellinin dediklərinə başqa rəng vermə­yək. Makia­vel­li siyasəti əxlaqdan qoparıb ayırmaq istə­yir. Əs­lində isə, kim siyasəti və əxlaqı ayrı-ayrılıqda öyrənmək istəyirsə, onla­rın heç birindən heç nə başa düşə bil­məyəcəkdir.

ŞELLİ: Russonun fikri doğrudur. Dünyada bu vaxta qədər buraxılmış səhvlərin ən böyüyü məncə siyasi elmin əxlaqi elm­dən ayrılma­sıdır.

MİLLS: Görünür, əxlaqla siyasət arasındakı elə bu uçurumun nəticə­sidir ki, adamların əksəriyyəti, xüsusən ordu zabit­ləri belə bir əqidə­dədirlər ki, siyasət – çirkin oyun, siya­sətçilər isə şübhəli dün­yada dolaşan ikinci dərəcəli adamlar­dırlar. Hərbçi çox zaman siyasi institutları işə maniyə hesab edir və belə düşünür ki, çoxlu inti­zamsız və çərənçi varlıqların çalışdığı bu təşkilatlarda yalan və iftira hökm sürür.

MABLİ: Yaxşı siyasət isə sağlam əxlaqdan fərqlənməməlidir.

LENİN: Elədir. Siyasətdə düzlük – gücün nəticəsidir, ikiüzlü­lük isə – zəifliyin nəticəsidir.

RUSSO: Əxlaqi olaraq şər olan hər bir şey elə siyasətdə də şərdir.

HEGEL: Bundan da daha çox deyilərsə, həqiqi dövlət əxlaqi ideyanın gerçəkliyidir, əxlaqi ruh­dur, aşkar substansial iradədir.

KANT: İnsan nəslinin tarixi bütövlükdə götürüldükdə təbiətin gizli pla­nı­nın yerinə yetirilməsi kimi nəzərdən keçirilə bilər. Bu plan bə­şə­riyyətə verilən imkanları tam inkişaf etdirə bilən mükəmməl dövlət quruluşudur.

FİXTE: Amma mən düşünürəm ki, dövlətin daxilində olan həyat insanın mütləq məqsədlə­rinə aid deyildir, hətta bunu böyük bir insan təsdiq edirsə də. Bu, yalnız vasi­tədir.

MUSSOLİNİ: Xeyr, razı deyiləm. Dövlət fərd üçün vasi­tə deyildir, dövlət ümumiyyətlə fərd üçün deyildir, əksinə fərd dövlət üçün­dür. Hər şey dövlət üçün, dövlətdən baş­qa heç nə, dövlətin əleyhinə heç nə.

ORTEQA-İ-QASSET: Mussolininin mövqeyi faşizm mövqe­yi­dir. Eta­tizm, göründüyü kimi, faşizmi törədir. Faşizm isə – kütləvi insa­nın tipik doktrinasıdır. Mussolini əla qurulmuş bir dövləti əldə et­mişdi. Amma bu dövlət heç də onun tərəfindən qurulma­mışdı. Belə olsaydı, Musso­lini və onun ideya müəllimi olan Ma­kia­velli dövlət üçün əxlaqi ideyanın necə və mühüm olduğunu dərk edərdi.

MAKİAVELLİ: İcazə verin, mən öz mövqeyimə bir qədər aydınlıq gə­ti­rim. Mənim dediyim yalnız ondan ibarətdir ki, siyasətdə nəcib bir məqsədin həyata keçirilməsindən ötrü vasitənin necə olma­sı­nın heç də həmişə fərqinə va­rıl­ma­­malıdır.

MARKS: Amma, düzgün olmayan vasitəni tələb edən məqsəd elə düz­gün olmayan məqsəddir.

HEGEL: Bir də, vasitənin həqiqiliyi yalnız onun məqsədə adekvat olma­sın­dadır. Ümumiyyətlə, bütövlükdə götü­rül­dük­də, dövlət va­­si­­tə deyildir, məqsəddir, əxlaqi və üstəlik həm də ilahi məq­səddir. Tanrının dünya üzərində gərdişidir.

BEKON: Amma, əxlaqın vəzifələri siyasətin vəzifələrindən daha mü­rək­­kəb­dir. Əgər əxlaqın məqsədi ruhu daxili nizamla köklə­mək­dirsə, siyasətin məqsədi yalnız zahiri nizamdır.

ROLLAN: Bununla yanaşı, dövlət və cəmiyyət dəfələrlə məcbur ol­muş­lar ki, tə­miz adamın fikri ilə razılaşsınlar, o adamın ki, onun əx­la­qi qüdrətdən başqa bir silahı yoxdur.

PERİKL: Siyasət haqqında hamı mühakimə yürüdə bilər, lakin onu adam­ların yalnız bəziləri yarada bilir.

NAPOLEON: Siyasətlə əgər biz məşğul olmasaq, onda, o bizim­lə məş­­ğul olacaqdır.

VAHABZADƏ: Elə bu səbəbdən də, hər bir xalq özünü öz fəlsəfəsi əsa­sında dərk etməli, öz dövlətini yalnız öz fəlsəfəsi əsasında yarat­ma­lıdır.

ARİSTOTEL: Digər tərəfdən, biz ümumiyyətlə insan təbiətinə ən yax­şı uyğun gələn siyasi təsisat formasını axtarıb tapa bilməli­yik. Çün­ki insan ümumiyyətlə götürüldükdə – siyasi varlıqdır.

KONSTAN: Aristotelin tam əksinə olaraq mən təsdiq edirəm ki, insan siyasi varlıq olmaqdan daha çox, taciri varlıq­dır və siyasətdən azad edilməlidir.

PUFENDORF: Aristotelin dediklərini sadəcə olaraq düzgün anlamaq gə­rək­dir. Aristotelin dedikləri yalnız bir məqama aiddir: insanın təbiəti elədir ki, heç bir kəs cəmiyyətdən kənarda yaşaya bilməz və yaşaya bilmir.

PARSONS: Mənə də elə gəlir ki, siyasət kollektiv məq­sədlərin səmərəli şə­kildə əldə olunmasını səciyyələndi­rən fəa­liyyət for­ma­sı olmaq­la hətta taciri varlıq üçün də zəruridir.

MOJEVSKİ: Hər bir kəs öz mülkiyyətini qorumaq və saxlamaq imka­nına malik olmalı, hər cür ədalətsizlikdən və qətldən mütləq təc­rid edilməlidir. İnsanlar məhz bu məqsədlə şəhərlərdə və döv­lətlərdə özlərinin müdafiəsini axtarırlar.

MAKİAVELLİ: Dövlətin məqsədi hər bir şəxsin təhlükəsiz­liyinə və eləcə də torpağından, mülkiyyətdən azad surətdə istifadə etməsinə nail olmaqdır.

ANAR: Bu müddəa ilə razılaşmaq olar. Bir torpağı ki istifadə etmə­din, əkib-becərmədin, onu qorumağa dəyməz və əksinə, bir tor­pa­ğı ki qorumadın, onu əkib-becərməmə dəyməz.

MAKİAVELLİ: Elədir. Döv­lət insanların ümumi rifah tələbindən irəli gələn cəmiyyət hadisəsidir.

VOLF: Bununla mən də razıyam. Dövlətin vəzifəsi xalqın ümumi rifa­hına xidmət etmək­dən ibarətdir.

SİSERON: Bir qədər ümumiləşdirilmiş şəkildə deyilərsə, döv­lət həm və­tən­­daşların özlərinin, ...vətəndaşların mül­kiy­yəti­nin, həm də ümu­­mi mülkiyyətin, dövlət mülkiyyətinin müdafiə olunması zə­ru­rə­tindən meydana gəlmişdir.

II

(dövlətin mənşəyi)
LUKSETSİ KAR: Dövlət qeyri-bərabər xüsusi mülkiyyətin meydana çıxması ilə bağlı yaranmışdır. Dövlət və hakimiyyət məhz bu bərabərsizliyi və ondan doğan hərc-mərcliyi aradan qaldırmaq məqsədi ilə və ictimai müqa­vilə əsasında ya­radılmışdır.

HOBBS: Ümumi birliyin əldə olunması üçün gərək insanlar ara­sında elə bir razılaşma əldə edilsin ki, hər bir adam istənilən başqasına bu sözləri deyə bilsin: “Mən, bu məclisi və yaxud bu adamı səlahiy­yətləndirirəm və ona məni idarə etmək hüququnu verirəm, lakin o şərtlə ki, sən də ona öz hüququnu verəsən və onun əməllərini sanksiyalaşdırasan”. Əgər bu baş versə, belə bir qayda ilə bir­ləşən insanlar çoxluğu dövlət adlandırıla bilər.

ARİSTOTEL: Əslində isə real olaraq heç bir dövlət adamlar arasında qabaqcadan nəzərdə tutulan razılıq əsasında mey­dana gəlmə­miş­­dir. Hər bir dövlət təbii yolla, tədri­cən təşəkkül tapmışdır.
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə