Abbas Səhhət Ata və oğul




Yüklə 17.36 Kb.
tarix20.04.2016
ölçüsü17.36 Kb.

Abbas Səhhət

Ata və oğul


Ay dədə, dur get mənə çox şeylər al!
Bir dənə çanta, bir-iki dəftər al!
Mən dayım oğluyla gəlirdim bayaq,
Gördüm o məktəbdə oxur çox uşaq.
Durdum ora pəncərədən baxmağa,
Dərslərinə azca qulaq asmağa.
Dərsləri yetdikdə, dədə, axirə,
Oxudular elliyi birdən-birə.
Hamısının yaxşı tuturdu səsi,
Hər-kim ola görsə düşər həvəsi.
Çöldə məni gördü müəllimləri,
Tutdu apardı özü lap içəri.
Xeyli danışdırdı məni, dinlədi,
Sonra nəvazişlə mənə söylədi:

- De səni göndərsin atan məktəbə,


Elm oxuyub ta yetəsən mətləbə. 

Bir məktəbdə imtahan


İmtahan məclisi qurulmuşdur,
Zalda skamyalar qoyulmuşdur
Bir-birindən beş-altı arşın uzaq,
Hər bir skamya üzrə tək bir uşaq,
Nəzmü tərtib ilə oturmuşlar,
İmtahançın siyahı tutmuşlar.
Bunların qarşısında azca kənar
Yaşıl örtüklü bir böyük miz var.
Üzvi-məxsus olan müəllimlər,
Həp oturmuş nizam ilə yeksər.
Qapılar örtülüb qapanmışdır,
Arxasında nökər dayanmışdır.
Qeyz ilə durmuş ortalıqda müdir,
İmtahan yazısın edir təqdir.
Rəd tək gurlayan zamanda səsi,
Çıxmayır, san, çocuqların nəfəsi,
Hamının qarşıda qələm-kağızı,
Qurumuşdur yazıqların boğazı.
Əsəbilikdən iştə bəzi çaşır,
Əlləri titrəyir, dili dolaşır,
Bəzinin qorxudan gözü qaralır,
Ürəyi çırpınır, üzü saralır.
Bəzi tutmuş iki əlilə başın,
Fikrə dalmış, unutmuş arkadaşın.
Özünə yoldaşın görüb üskün,
Bəzi olmuş həyatına küskün.
Gah müdirin acıqlı qaşqabağı
O sayaq qorxudub yazıq uşağı –
Ki, yazıq büsbütün itirmiş özün,
Yazmağa tapmayır dünənki sözün.
Ayrı-ayrı hərə kitabət edir,
Xacələr onlara nəzarət edir.
Hansı şagirddə varsa istedad,
Fikrə piçidədir, yazır dilşad;
Hansı şagirddə kim bətaət var,
Surətində qəribə halət var,
Yarü yoldaşlarından ar edəcək,
Bəlkə axırda intəhar edəcək.
Bu sayaq kəsbi-elmə racib ikən,
Bu sayaq xacələr məvazib ikən,
Tifli-məsumlar imtahan tutdu,
Başlarında bilik məkan tutdu.
Aldılarsa qızıl nişanlarını,
Heyf bilməzlər öz lisanlarını.
Əcnəbi dillərində çox mahir,
Öz lisanında dilləri qasir.
Atalar çoxları əvamünnas,
Öz yanında edir bu növ, qiyas:
“Öz dilindən heç olmasın xəbəri,
Onu bilməkliyin nədir səməri?”
Öz dilin bilməmiş yarım-yamalaq,
Tərbiyət alsa əcnəbidən uşaq,
Hissi-milliyyət onda bitməzmi?
Adı dünya üzündə itməzmi? 


Ana və bala


Oturmuş ana,
Basmış bağrına –
Nazlı körpəsin,
Layla der ona.

Uşaq yatmayır,


Baxır, ağlayır,
Anası onu
Bu cür oxşayır:

“Dağda darılar,


Sünbülü sarılar,
Qoca qarılar,
Bu balama qurban.

Dağda tağanlar,


Bir-birin boğanlar,
Oğlan doğanlar,
Bu balam qurban.

Bir bölük atlar,


Atlar göy otlar,
Ərsiz arvadlar,
Bu balama qurban.

Dağın maralı,


Gözü qaralı,
Dünyanın malı,
Bu balama qurban”. 

Ayı və şir


Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə;
Çeynədilər, dişlədilər, diddilər.
Bir-birini al qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb ol haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca bular. 

Aşpaz və pişik


Keçmiş əyyamda, köhnə dövranda
Bir böyük padişahın İranda,
Bir nəfər kamil aşpazı var idi,
Təbx işində ziyadə pərkar idi.
Bişirərdi gözəl fisincanlar,
Hazır eylərdi dürlü büryanlar.
Dadlı-dadlı, lətif müsəlmmalar,
İştəha artıran mürəbbalar,
Leyk mətbəx pişikləri hər vəqt.
Yazıq aşpaz edən kimi qəflət,
Ittifaq eləyib cumarlar idi,
Ətdən, aşdan qapıb qaçarlar idi.
Aşpazın təlx olardı övqatı,
Xərci artıb itərdi zəhmatı.
Darıxıb pusquda çəkirdi keşik,
Rastına düşsə idi hansı pişik,
Fikri ondaydı kim, vurub yıxsın,
Onları öldürüb əvəz çıxsın.

Vardı ormanda bir qanan meymun,


Çox fərasətli, kardan meymun,
Düşdü təşvişə, yapdı bir şura,
Yığdı meymunları, dedi guya:
-Cümlə qəflətdəsiz, a qardaşlar!
Başımızda böyük fəlakət var.
Padşah aşpazı gəlib qəzəbə,
Etmək istər pişiklərə qələbə.
Olacaqdır müharibə burada,
Qorxuram biz tələf olaq arada.
Yetməmişkən bizə bu işdə zərər,
Edəlim başqa bir diyara səfər.
Dedilər: - Ay qoca, zəifləmisən.
Biz hara, padşah sarayı hara,
Biz hara, cəng, təbl, nay hara?
Yaxşı fikr et bir, ay canım, sən özün,
Bizə aya nə dəxli var bu sözün?
İstər aşpaz pişiklə cəng etsin,
Bizə ondan neçün ziyan yetsin?
Hansı aqil edər buna bavər –
Ki, yetər bizlərə bu işdə zərər?
Qoca meymun çox eylədi israr,
Sözünə heç kəs etmədi iqrar.
Gördü şey çıxmayır mübahisədən,
Qorxduğuyçün o qanlı hadisədən,
Özü yalqızca etdi tərki-vətən,
Başqa ormanda eylədi məskən.
Aşpaz isə gəlib daha təngə,
Hazır olmuşdu ol zaman cəngə:
Bişirib yığmış idi yağlı pilov,
Mürğu-turş, dolma, küftə, şorba, çilov,
Doldurub düzmüş idi nimçələri,
Bəzəmək istəyirdi xönçələri –
Ki, qəfildən pişiklər etdi yürüş,
Getdi talana mürği-turşü xuruş.
Qaçdılar dişrə, çəkdilər mirrov.
Qapdı aşpaz yanar bir odlu kösöv.
Birin öldürdü, qoymadı dəbərə.
Birisin damda vurdu, saldı yerə,
Birinin arxasınca silbələdi,
Filhəqiqət olarla cəng elədi.
Lakin od düşdü, dam-dirək yandı,
Padişahlıq, təvilə odlandı.
Gərçi söndürdü yanğını hüzzar,
Heyf, yanmışdı bir neçə atlar.
Yığdı baytarları o dəm soltan,
Dedi: - Tez atlara edin dərman!
Ərz qıldı tamam baytarlar:
-Şahım, at yansa bircə dərmanı var.
Xeyli meymun yağı gərək buluna –
Ki, yanan atlara əlac oluna.
Soltan əmr etdi, ləşgər atlandı.
Çıxdı fərman, sərəsgər atlandı.
Pəhlivanlar götürdü tirü kaman,
Oldu fövrən mühasirə orman.
Dörd tərəfdən atıldı qurşunlar,
Gülləbaran olundu meymunlar.
Qoşun öldürdü onları yeksər,
Qaçıb ancaq qutardı bircə nəfər.
O da artıq əzabü zəhmət ilə.
Min bəlalarla, min əziyyət ilə,
Ol qoca meymuna gedib çatdı,
Surəti-macəranı anlatdı.
Ağlaşıb oldularsa çox qəmgin,
Qoca sonra ona verib təskin,
Söylədi: - Baxmayan böyük sözünə,
Şübhə yoxdur, ziyan vurar özünə. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə