Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə




Yüklə 3.63 Mb.
səhifə6/14
tarix10.04.2016
ölçüsü3.63 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Böyük Mühəddis Şeyx Kuleyni (vəfatı 328-ci il hicri qəməri, təxminən 916-cı il miladi) Əbu Heysəm ibn Teyhana əsaslanaraq belə yazır:

«Bir gün əmirəl-möminin Əli(ə.s) Mədinədə (məsciddə) camaat üçün Allaha dua və səna etdikdən sonra belə bir söhbətə başladı:

__ Dəni yetişdirən və insanı yaradan Allaha and olsun, əgər siz elm və kamalı mədənindən çıxarsaydınız, suyu saf və duru olan vaxt içsəydiniz, yaxşılığı öz yerindən götürsəydiniz, yolun aydın tərəfini tutub haqqın yolu ilə getsəydiniz, nicat yolları sizə aydın olub İslam ayini sizin üçün parlayardı. O zaman Allah nemətlərindən bütövlükdə faydalanaraq ailələrinizdən heç biri yoxsulluq və çətinliklə yaşamazdı. Hətta ərazimizdə məskunlaşan kafirlər də əmin-əmanlıq içərisində yaşayardılar, lakin siz zalımların yolunu tutdunuz. Bu işıqlıqda dünya sizin üçün qaranlıqlaşdı. Elm və kamal qapıları üzünüzə bağlandı. Özünüzə qapılıb dininizdə ixtilaf saldınız. Elminiz olmadan Allah dinində fitva verdiniz. Siz yolunu azmışların yolunu gedərək pak yolu itirdiniz. Haqq rəhbərlərini boşlayıb saya almadınız. Sübh açılanda öz mənafeyinizə uyğun hökm verərsiniz. Qarşınıza bir məsələ çıxanda zikr əhlindən (Əhli-beyt(ə.s)) soruşarsınız. Biz sizə fitva verəndən sonra deyərsiniz: «Elm elə budur». (Bu cür bizim elmdə və kamalda üstünlüyümüzü dilinizlə deyərsiniz.) Lakin belə deməyinizin sizə heç bir təsiri yoxdur. Əməl meydanında onlara itaət edəndə isə, əksinə, onlara müxalif hərəkət edib bu əmrləri qulaqardına vurursunuz. Arxayın olun. Tezliklə əkdiyinizi biçib əməllərinizin mükafatını alacaqsınız.


Dəni yetişdirən və insanı yaradan Allaha and olsun ki, mənim sizin sahib və rəhbəriniz olduğumu çox gözəl bilirsiniz. Mən həmin şəxsəm ki, sizə mənə itaət etmək tapşırılıbdır. Onun elminin nurunda sizin nicat yolunu tapmağınız üçün alim mənəm. Sizin Rəbbinizin, eləcə də Peyğəmbərinizin seçdiyi şəxs, xeyrinizi bilən mənəm. Az müddətdən sonra sizlərə vəd olunan şey (Allah əzabı) qabaqkı ümmətlərə göndərildiyi kimi sizə də göndəriləcək. Tezliklə Allah sizdən imamınızın kim olduğunu soruşacaq. Siz öz imamlarınız ilə məhşur olaraq Allah dərgahına üz gətirəcəksiniz. Allaha and olsun, əgər mənim Talutun43 yoldaşları qədər və ya Bədr döyüşünün müsəlman cəngavərləri miqdarında (313 nəfər idilər) döyüşçüm olsaydı, onlar da sizin düşməniniz olsaydı, onlarla birlikdə haqq gələnə qədər sizi qılınclayardım, çünki bu qılınclamaq küfr və nifaq yolunu bağlamaq üçün yaxşı, dostluq və güzəştlə keçinməkdən tutarlıdır. İlahi, bizim aramızda haqq ilə hökm elə. Sən ən yaxşı hakimsən».

Əbu Heysəm (ravi) yazır ki, sonra Əli(ə.s) məsciddən çıxıb bir qədər yol getdi. Yolda otuz qoyundan ibarət bir sürü görüb buyurdu: «Allaha and olsun, əgər bu qoyunların sayı qədər Allahı və Rəsulunu istəyən şəxslərdən ibarət döyüşçülərim olsaydı, mütləq bu milçək yeyən uşaqları hökmranlıqlarından ayırardım». («Rövzətül-kafi», səh.32)


Dost dar gündə tanınar.


Əbu Heysəm yazır ki, Əli(ə.s) həmin günü başa vuranda üç yüz altmış nəfər kişi ölənə qədər onu mühafizə etmək üçün o Cənaba beyət etdi.

Əli(ə.s) onların beyətinin həqiqiliyini yoxlamaq üçün tapşırdı ki, gedin, sabah başı qırxılmış halda «Əhcarüz zeyt»-ə (Mədinə küçələrindən biri) mənim yanıma gəlin.

Onlar getdilər. Əli(ə.s) özü də başını qırxıb səhərisi həmin küçəyə getdi. Orada oturub üç yüz altmış nəfər kişini gözləməyə başladı, lakin onlardan cəmi beş nəfər başı qırxıq halda oraya yığışdı. İmam Əli(ə.s) əllərini göyə qaldırıb ərz etdi: «İlahi, sən gizlətdiyimiz və aşkarda saxladığımızdan agahsan. Yerdə və göydə heç bir şey səndən gizli deyil. Məni müsəlman öldür. Məni saleh əməlli insanlara qovuşdur. Bilin və agah olun, and olsun Kəbəyə, onun Sahibinə, (nüsxəyə uyğun) and olsun Müzdəlifəyə (Ərəfata) və Minada cəmərəni (xırda daş) atmaq üçün hacıları oraya yetirən iti gedən dəvələrə, əgər Peyğəmbər(s)-in vəsiyyəti və əhdi olmasaydı, müxalifləri fəlakət xəndəyinə atıb ölüm şimşəklərini onların üzərinə yağdırardım. Onlar tezliklə sözümün mənasını başa düşəcəklər».44

Mühacir və mədinəlilərdən Əli(ə.s)-nin dəstək istəməsi və Müaviyənin tənəsi.

Tanınmış İslam tariçisi İbn Əbil Hədid yazır ki, Fatimə(s.ə) mədinəlilərin evinə gedib onları Əli(ə.s)-ni himayə etməyə çağırırdı. Müaviyənin bu barədə həzrəti-Əli(ə.s)-yə ünvanladığı məşhur müraciəti budur:

«Adamların Əbu Bəkrə beyət edən günü gecə öz həyat yoldaşını dəvəyə mindirib Həsən və Hüseynin əlindən tutub Bədr əhli və ilk müsəlman olanların yanına gedib onları öz tərəfinə dəvət etməyin mənim heç yadımdan çıxmır. Zövcən və uşaqlarınla birgə sənin haqqının qaytarılması üçün onlardan kömək istədin. Xalqa dedin ki, gəlin Rəsulullahın yavərinə beyət edin, ancaq dörd-beş nəfərdən başqa heç kim sənin sözünü qəbul etmədi. Canıma and olsun, əgər sən haqq olsaydın, onlar sənin sözünü qəbul edərdilər.45Lakin sənin etdiyin iddia batil idi. Bilmədən dilinə bir söz gətirdin. Bacarmadığın və yetişə bilməyəcəyin bir şeyə (xilafətə) əl atdın. Səni xilafəti ələ keçirməyə təhrik edəndə Əbu Süfyana dediyin sözü sən yaddan çıxarsan da, mən unutmamışam. Dedin ki, əgər qırx nəfər möhkəm döyüşçüm olsa (tərəfdarım olsa), hökmən mən bunlarla döyüşərdim. Demək, müsəlmanların Allahı sənin tərəfində deyildir.»46



Malik ibn Nüveyrənin etirazı.

«İltihabu-niranil-ihzan» kitabının xülasəsində mühəqqiqlərdən bəzisi (Mühəqqiqi-Feyz) belə bir mətləbi qeyd etmişlər. Biz ancaq onun xülasəsini veririk:

«Əbu Bəkrin beyəti sona yetən zaman Malik ibn Nüveyrə (Mədinədən bir qədər aralı öz tayfasından ayrı yaşayan Peyğəmbər(s)-in vəfalı səhabələrindəndir) həzrəti-Mühəmməd(s)-dən sonra kimin xəlifə olacağını yaxından öyrənmək məqsədi ilə Mədinəyə gəldi.

O gün cümə günü idi. Malik məscidə daxil olduqda Əbu Bəkrin Peyğəmbər(s) minbərində oturub xütbə oxuduğunu gördü. O, bu mənzərəni müşahidə edən zaman dedi:



__ Bu, Təym tayfasındandır?

Dedilər:


__ Bəli.

Malik soruşdu:



__Rəsuli-əkrəm(s)-in bizə ona itaət və dostluq etməyi tapşırdığı şəxs __ Vəsiyyi-Rəsulullah hanı? (yəni Əli(ə.s))

Müğeyrə ibn Şöbə dedi:



__ Sən yox idin. Biz buradaydıq. Bir hadisədən sonra başqa bir hadisə baş verir (əvvəl Əli(ə.s)-nin xilafəti məsələsi var idi, indi başqasının.)

Malik dedi:

«Allaha and olsun, heç bir hadisə baş verməmişdir. Ancaq siz Allaha və Rəsuluna xəyanət edibsiniz».

Sonra O, Əbu Bəkrin yanına gəlib soruşdu:



__Ey Əbu Bəkr niyə Vəsiyyi-Rəsulullah (Əli(ə.s)) otura-otura minbərə sən çıxmısan?

Əbu Bəkr sərt cavab verdi:



__ Öz dabanına idrar edən (sidikləyən) bu ərəbi məsciddən qovun.

Ömər, Xalid və Qunfuz hər üçü qalxıb onu döyüb təhqir edərək məsciddən zorla çölə çıxartdılar.

Malik miniyinə minib bu şeri oxuya-oxuya Mədinədən öz yaşadığı yerə yola düşdü:

«Biz Peyğəmbər(s) aramızda olana qədər ona itaət edirdik. Bəs ey müsəlmanlar, müsəlmanlarla Əbu Bəkr arasındakı bu münasibət hansı qanuna əsasəndir?! (mən hansı dəlilə əsasən ona beyət etməliyəm?) Əbu Bəkr öləndən sonra Ömər onun yerinə keçəcəkdir. Bu, çox sarsıdıcıdır. Ömər Əbu Bəkri müdafiə edir, onun eyiblərini örtür. Elə bil böyük bir cəmiyyətlə cihad edir və ya bir qəbrin kənarında əzadarlıq edir. Lakin əgər vəsiyyi-Peyğəmbər qiyam etsə, biz ona dəstək verəcəyik».

(Bəzi kitablarda şerin axırıncı misrası belə verilir: «Əgər qüreyşlilərdən bizim aramızda coşqun xalq kütləsi hərəkətə gəlib haqqı tələb etsə, biz onlara arxa olarıq».)

Malikin Xalid ibn Vəlidin əli ilə öldürülməsi.

Elə ki Əbu Bəkrin beyəti rəsmiləşib sona yetdi, o, xalqın rəhbəri təyin olundu. Bu zaman Əbu Bəkr Xalid ibn Vəlidi çağırıb ona dedi: «Sən şahidsən ki, Malik ibn Nüveyrə nə dedi?! Camaatın qarşısında necə mənə etiraz edib bizim əleyhimizə şerlər oxudu?! İndi diqqətli ol, biz onun məkr və hiyləsindən kənarda qalmalıyıq. Çox guman ki, hakimiyyətə zərər yetirəcək. Sən onu da, tərəfdarlarını da öldürüb, ailələrini əsir etməlisən. Çünki mürtəd olub zəkat vermirlər. Sənə qoşun verib onların üzərinə göndərirəm».

Xalid öz qoşunu ilə Malik ibn Nüveyrənin yaşadığı Bitah şəhərinə hərəkət etdi. Malik onun üstünə qoşun gəldiyini eşitdikdə qılıncını götürüb atın yəhərini bağlayaraq müdafiə olunmağa hazırlaşdı. Malik ərəb cəngavərlərindən sayılırdı. Onu yüz döyüşçüyə bərabər bilirdilər. Xalid Malikin nəyə qadir olduğunu bilirdi, ona görə də açıq döyüşdən çəkinib hiyləyə əl atdı. Malikə söz verdi ki, sən amanda olacaqsan. Malik onun sözünə inanmadı. Xalid xeyli and içib dedi ki, heç bir hiylə yoxdur. Malik onun andlarına inandı. Hətta Xalidi qoşunla birgə qonaq saxladı. Gecə yarıdan keçəndə Xalid silahdaşlarından bir neçə nəfərlə namərdcəsinə Malikin evinə soxulub onu öldürdü. Elə həmin gecə Xalid Malikin zövcəsi Ümmü Təmimi zorladı. Daha sonra Malikin başını kəsib qazana qoydu. Həmin qazanda da o gecə qurbanlıq dəvə ətindən toy şənliyi üçün xörək bişirirdilər.

Təəccüblü burasıdır ki, Xalid Malikin kəsilmiş başı içində bişmiş xörəkdən yeməyi öz qoşununa əmr etmiş, sonra Malikin tərfdarlarının qadınlarını dindən çıxmış, mürtəd kimi ittiham edərək əsir aparmışdı.



Malikin müsibəti haqda Əli(ə.s)-nin mərsiyəsi.

Malikin faciəli surətdə qətlə yetirilməsi və onun qadınlarının əsir alınması xəbəri Əli(ə.s)-yə yetişəndə çox narahat olub buyurdu: «Hamımız Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq».

Sonra isə onun üçün bu şeri oxudu:

«Bir az səbir elə ki, hər bir çətinlikdən sonra asanlıq gəlir. Hər bir iş üçün vaxt və ölçü var. Qadir Allah bizim əhvalımızdan xəbərdardır. Allahın təqdiri bizim tədbirimizdən üstündür».

Müəllif yazır: «Malikin Xalid tərəfindən öldürülməsi macərası sünni və şiə raviləri tərəfindən qeyd olunmuşdur».47

Əbu Bəkr və Ömərin Malikin Xalid tərəfindən öldürülməsinə münasibəti.

Əbu Qutadə Xalidin qoşunundan idi. Xaliddən bu hiylə və cinayəti görəndə çox narahat olmuşdu. Ata minib özünü tez Mədinəyə yetirdi. Əbu Bəkrin yanına gəlib bütün hadisəni olduğu kimi onun üçün danışdı. Bundan sonra Xalidin sərkərdə olduğu orduda xidmət etmədiyinə and içdi.48Əbu Bəkr dedi: «Xalid hiyləgərliklə ərəbin mal və sərvətini qarət etmiş və mənim qanunumu pozmuşdur».

Ömər ibn Xəttab məsələdən xəbərdar olanda Əbu Bəkrlə çox söz-söhbətdən sonra dedi: «Xaliddən qisas alınmalıdır».

Xalid əynində üzünə dəmir çəkilmiş pambıq köynək, kamanında iki ox Mədinəyə qayıdaraq elə bu görkəmdə (qalibiyyət və sərkərdəlik rəmzi idi) Mədinə məscidinə daxil oldu. Ömər onu görəndə oxları onun başı üstündən götürüb sındırdı və dedi:



__ Ey öz canının düşməni, müsəlmana təcavüz edib onu öldürürsən, sonra da həyat yoldaşını zorlayırsan?! Allaha and olsun, səni daşqalaq edərik.

Xalid heç bir şey deməyib sakit dayanmışdı. Belə güman edirdi ki, Əbu Bəkrin də fikri belədir. Əbu Bəkrin evinə gedib xüsusi bir hiyləgərliklə ondan üzrxahlıq istədi. Əbu Bəkr onun hiylə dolu üzrünü qəbul edib, qisasına göz yumdu.

Xalid Əbu Bəkrin evindən çölə çıxdı. Ömər onu məscidin qapısında gözləyirdi. Xalid Ömərə dedi:

__Yanıma gəl, ey Ümmü-Tülmənin oğlu.

Ömər Xalidin bu sözündən başa düşdü ki, Əbu Bəkrin yanından razı çıxıbdır. Ömər Xalidə heç bir söz deməyib evinə getdi.

Əllamə məclisi yazır: «Ömərin Xalidi danlaması şəriət hökmlərini və İslam qanunlarını icra etmək məqsədi güdmürdü, əksinə, onun narahatlığı cahiliyyət dövründə Xalid ilə əhd-peyman bağladıqlarına görə idi. Elə buna görə də Xalidin Səd ibn Übadəni (ənsarların başçısı) öldürməsi xəbərini eşidəndə Xalidi əfv etdi.

Bəzi tarixçilərin İmamlardan nəql etdiklərinə görə, Ömərin xilafəti zamanı bir gün Ömər Mədinədən kənarda Xalid ilə görüşüb, ona demişdi:



__Malik ibn Nüveyrənin sən öldürmüsən.

Xalid:


__ Bəli, aramızda olan ədavətə görə onu öldürdüm.

Ömər bu sözdən xoşhallanıb Xalidi sinəsinə sıxıb: «Sən Allahın və Rəsulullahın qılıncısan», __ dedi.



«Quran»ın yığılması və nizamlanması.

Süleym ibn Qeys Səqifə əhalatını Salmandan nəql edib bu məqama yetişir:

«Əli(ə.s) xalqın vəfasızlığını, yalan və bəhanələrini görüb evində «Quran»ı toplayıb nizamlamaqla məşğul idi. İşini görüb qurtarana qədər evdən çölə çıxmadı.

Bundan qabaq «Quran» ayələri vərəq, taxta və parça üzərində pərakəndə yazılmışdı. Əli(ə.s) bütün «Quran»ı toplayaraq öz dəsti-xətti ilə yazdı, onun tənzil və təvilini, nasix və mənsux ayələrini müəyyən etdi. Həmin vaxtda da Əbu Bəkr o Həzrətə xəbər göndərdi ki, gəlib ona beyət etsin.

İmam Əli(ə.s) cavab verdi ki, mən «Quran»ı toplamaqla məşğulam. And içmişəm ki, namaz vaxtından başqa «Quran»ı yığıb tənzimləməmiş evdən çölə çıxmayacağam».

Əbu Bəkr və tərəfdarları bir neçə gün Əmirəlmömininə möhlət verdilər. Əli(ə.s) «Quran»ı yığıb tənzimlədikdən sonra onu bir parçaya qoyub üstünü möhürlədi.

Başqa bir mənbəyə əsasən o Həzrət topladığı «Quran»ı götürüb Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə gəldi. Onu yerə qoyub iki rükət namaz qılaraq Rəsuli-əkrəm(s)-ə salam göndərdi. Camaat Əbu Bəkrlə birgə məscidə yığışmışdı. İmam Əli(ə.s) də orada idi. O, uca səslə xalqa xitab edib buyurdu:

__ Ey müsəlmanlar, Rəsulullah(s) vəfat edəndən mənim başım əvvəl Peyğəmbər(s)-in dəfninə, sonra isə «Quran»ın yığılmasına qarışmışdır. Bütün «Quran»ı cəm edib bu parçaya bükmüşəm. Rəsuli-əkrəm(s)-ə nazil olan hər bir ayəni burada yığmışam. Peyğəmbər(s)-in mənə qiraət edib yazdırdığı və təvilini (ayələrin batini mənası) mənə öyrətdiyi ayələrdən başqa orada heç bir şey yazılmamışdır. Daha qiyamət günü deməyəsiz ki, bizim bundan xəbərimiz yox idi, mən sizi köməyə çağırmadım, haqqı sizə xatırlatmadım, «Quran»ı sizə əvvəldən axıra kimi tanıtdırmadım.

Ömər dedi:



__ Bizi cəmlədiyin «Quran»a dəvət etməklə əlimizdə olan «Quran»a laqeyd etmə. (Bizim öz «Quran»ımız var. O olduğuna görə sizin «Quran»a daha ehtiyacımız yoxdur.)

Başqa bir rəvayətdə isə Ömər deyir:



__ «Quran»ı qoy qalsın. Özün isə get işinlə məşğul ol.

Peyğəmbər(s)-in vəsiyyətinin xatırlanması.

İmam Əli(ə.s)-nin məsciddəki xütbəsinin davamı:



__Peyğəmbər(s) sizə vəsiyyət etmişdi ki, mən sizin aranızda iki böyük qiymətli şeyi əmanət qoyub gedirəm. Onlardan birincisi «Quran», ikincisi isə Əhli-beytimdir. Bu iki şey behiştdə Kövsər hovuzunda mənə yetişənə qədər bir-birindən ayrılmazlar. Əgər «Quran»ı qəbul edirsinizsə, məni də «Quran»la yanaşı qəbul edin ki, sizin aranızda Allahın «Quran»da nazil etdiyi hökmləri icra edim. Çünki mən «Quran»ın bütün ayələrinin nasix-mənsuxuna, təvilinə, möhkəm və mütəşabihinə, halal və haramına sizdən daha yaxşı bələdəm.49

Ömər dedi:



__ Bu «Quran»ı özünlə götür ki, nə o səndən ayrılsın, nə də sən ondan. Bizim nə sənin topladığın «Quran»a, nə də sənə ehtiyacımız yoxdur.

Həzrəti-Əli(ə.s) «Quran»ı götürüb evinə qayıtdı. Namaz qıldığı yerdə oturub «Quran»ı qarşısına qoydu. Gözündən yaş axıda-axıda onun ayələrini oxumağa başladı.



Əmirəlmöminin Əli(ə.s)-nin qardaşı ilə görüşü.

Bu zaman qardaşı Əqil Əli(ə.s)-nin hüzuruna gəlib onu ağlar gördükdə Həzrətdən soruşdu:



__ Niyə ağlayırsan? Allah sənin gözlərini heç vaxt yaşlı etməsin.

Həzrəti-Əli(ə.s) buyurdu:



__ Qardaşım, Allaha and olsun! Qüreyş və onların tərəfdarları üçün ağlayıram ki, haqdan üz çevirib əyri yola düşdülər. Öz fəsad və cəhalətlərinə qayıdıb ixtilaf, nifaq vadisinə, sərgərdanlıq səhrasına yuvarlandılar. Əvvəllər Peyğəmbər(s) ilə vuruşmaq üçün əlbir olduqları kimi, indi də mənimlə döyüşməkdən ötrü birləşiblər. Allah onların cəzalarını versin ki, mənimlə olan yaxınlıq ipini qırıb, əmim oğlu Peyğəmbər(s)-in hakimiyyətini əlimizdən aldılar.

Bu zaman hönkürüb buyurdu:



__Hamımız Allah tərəfindən gəlmişik və ona tərəf də qayıdacağıq.

Daha sonra isə aşağıdakı şeri oxudu. Şerin məzmunu ilə tanış olun:

«Əgər mənim halımın pisliyini soruşsan, deyərəm, ruzigarın çətinliklərinə də səbir edib çətinliklə yaşayıram. Mənim üçün üzümdəki kədərimi düşmənimin görüb sevinməsi, dostumun isə bundan narahat olması çox ağırdır».

Əbu Bəkrin Əli(ə.s)-yə xəbər göndərməsi və o Həzrətin cavabı.

İndi yenə Süleym ibn Qeysin yazdıqlarına qayıdaq. Sonra Əli(ə.s) öz evinə gəldi.

Ömər Əbu Bəkrə dedi:

__ Əli(ə.s)-nin dalınca bir nəfər göndər ki, qoy gəlib sənə beyət etsin, çünki Əli(ə.s) beyət etməsə, xilafət səhmana düşməz. Əgər o bizə beyət edərsə, o zaman ona da aman verərik.

Əbu Bəkr Əli(ə.s)-nin yanına bir nəfərlə xəbər göndərdi ki, Rəsulullah(s)-ın xəlifəsinin dəvətini yerinə yetir.

Əbu Bəkrin qasidi Əli(ə.s)-nin yanına gəlib onun sözünü o Cənab(ə.s)-a çatdırdıqda Əli(ə.s) buyurdu: «Qəribədir, nə tez Peyğəmbər(s)-i təkzib (yalançı) etdiniz? Əbu Bəkr və ətrafındakılar yaxşı bilirlər ki, Allah və Rəsulu məndən başqasını öz xəlifəsi təyin etməmişdir».

Qasid Əli(ə.s)-nin sözlərini Əbu Bəkrə çatdırdıqda Əbu Bəkr dedi ki, get, bu dəfə Əli(ə.s)-yə belə de: «Əmirəl-mömininin (Əbu Bəkr) dəvətini yerinə yetir».

Qasid Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü ona çatdırdı. Əli(ə.s) buyurdu: «Qəribədir, onlar Peyğəmbər(s)-imizə verdikləri vədi nə tez unutdular?! Allaha and olsun, o (Əbu Bəkr) yaxşı bilir ki, bu ad məndən başqa bir kəsə layiq deyildir. Peyğəmbər(s) ona əmr etdi ki, mənə əmirəl-möminin deyib salam versin. O, həzrəti-Mühəmməd(s) tərəfindən bu işə sövq etdirilmiş yeddi nəfərdən biridir. O və onun rəfiqi (Ömər) həmin yeddi nəfərin arasında Peyğəmbər(s)-dən soruşmuşdu:

__ Bu əmr Allah və Rəsulu tərəfindəndirmi?

O zaman Peyğəmbər(s) buyurmuşdu:



-Bəli, Allah Rəsulu tərəfindən haqdır ki, Əli(ə.s) möminlərin əmiri, müsəlmanların ağası, nurani yaxşı insanların bayraqdırıdır. Allah qiyamət günü onu sirat körpüsündə əyləşdirib onun dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə göndərər.

Əbu Bəkrin qasidi Əli(ə.s)-nin bu sözlərini Əbu Bəkrə yetirdi. Onlar elə həmin gün O(ə.s)-nu beyətə dəvət etməkdən əl çəkdilər.

Süleym ibn Qeys Salmanın dediklərinə əsaslanaraq belə qeyd edir:

«Qaranlıq düşəndə həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-ni ata mindirdi. Onlar Həsən ilə Huseynin əlindən tutub Rəsuli-əkrəm(s)-in səhabələrinin evinə getdilər. Əli(ə.s)-nin getmədiyi səhabə evi qalmadı. O, alicənablıqla öz haqqı barədə Allahı xatırladıb onları köməyə səslədi, ancaq biz dörd nəfərdən başqa o Həzrətin dəvətini qəbul edən olmadı. Həmin dörd nəfər bunlardır: Salman, Əbuzər, Miqdad və Zübeyr ibn Əvam. Biz başımızı (Əli(ə.s)-nin dostları əlaməti olaraq) qırxmışdıq. Həzrəti-Əli(ə.s)-yə kömək etməkdə Zübeyr bizdən daha comərd və bəsirətli çıxdı».



Peyğəmbər(s)-in ailəsinə təcavüz.

Elə ki Əli(ə.s) xalqın vəfasızlığını görüb başa düşdü ki, ona kömək etməkdən boyun qaçırırlar və Əbu Bəkrin ətrafında birləşirlər, evə qayıdıb bir daha bayıra çıxmadı. Belə olan halda Ömər Əbu Bəkrə dedi:



__ Niyə Əli(ə.s)-yə xəbər göndərmirsən ki, gəlib sənə beyət etsin? Ondan və dörd nəfərdən başqa hamı beyət edibdir.

Əbu Bəkr ürəyiyumşaq və güzəştə gedən bir adam kimi bir işdə çox götür-qoy edər, lakin Ömər isə daşürəkli, qəzəbli və acıdil idi.

Ömər dedi:

__ Qunfuzu50 Əli(ə.s)-ni çağırmağa göndərirəm. O, sərt, qəzəbli, kobuddur. Qunfuz Ədiy ibn Kəb sülaləsindən azad olunmuş bir quldur.
Əbu Bəkr Qunfuzu bir neçə nəfərlə Əli(ə.s)-nin hüzuruna göndərdi. Qunfuz Əli(ə.s)-nin evinə gəlib içəri daxil olması üçün icazə istədi, amma Əli(ə.s) ona icazə vermədi. Qunfuzun yoldaşları məsciddə bir neçə nəfərlə oturub söhbət edən Əbu Bəkr və Ömərin yanına gəlib dedilər:

__ Əli(ə.s) bizə içəri keçməyə icazə vermədi.

Ömər:


__ Təzədən Əli(ə.s)-nin evinə qayıdın. Əgər icazə verməsə, icazəsiz içəri girin.

Onlar Əli(ə.s)-nin evinə gəlib əvvəl icazə istədilər. Fatimə(s.ə) qapıya çıxıb buyurdu:



__ Mən sizə icazəsiz mənim evimə daxil olmağı qadağan edirəm. (Mən narahatam, evimə gəlməyin.)

Qunfuzun yoldaşları yenə də Əbu Bəkr və Ömərin yanına qayıtdılar. Qunfuz isə orada qaldı. Onlar Fatimə(s.ə)-nin sözünü Əbu Bəkrə çatdırdıqda Ömər hirslənib dedi:



__ Bizim qadınlar ilə nə işimiz vardır?

Sonra o, ətrafındakılara dedi:



__ Odun yığın.

Onlar odun yığıb Ömərlə birlikdə həzrəti-Zəhra(s.ə)-nın evinə gəldilər. Odunları evin qapısının qarşısında qaladılar. Bu vaxt da Əli(ə.s), Fatimə(s.ə), Həsən və Hüseyn(ə.s) evdə idilər. Ömər ucadan qışqırıb dedi:



__ Allaha and olsun, ey Əli, gərək evdən çıxıb Rəsulullahın xəlifəsinə (Əbu Bəkrə) beyət edəsən, yoxsa evini yandıracağam.

Fatimə(s.ə) Ömərə buyurdu:



__ Niyə bizimlə belə rəftar edirsən?

Ömər:


__ Qapını aç, yoxsa od vurub yandıraram.

Fatimə(s.ə):



__ Allahdan qorxmursanmı, mənim evimə güclə soxulursan?

Ömər oradan çəkilməyib yoldaşlarından alov istədi. Onlardan alovu alıb həzrəti-Zəhra(s.ə)-nın evinin qapısını yandırdı. Sonra qapını itələyib içəri girdikdə Fatimə(s.ə) onun qarşısında dayanıb fəryad etdi:



__ Ey atacan, ya Rəsulullah!

Ömər qılıncı qınındaca Zəhra(s.ə)-nın qabırğasına zərblə vurdu. O Xanımın naləsi asimana ucaldı:



__ Ey atacan.

Ömər qırmancı havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna elə çırpdı ki, o Xanım ucadan nalə çəkdi:



__ Ey Rəsulullah, bax gör, Əbu Bəkr və Ömər səndən sonra bizimlə necə pis rəftar etdilər.

Bu zaman Əli(ə.s) sıçrayıb Ömərin yaxasından tutaraq onu yerə elə vurdu ki, burnundan qan açıldı. İstədi, birdəfəlik onun işini bitirsin, birdən Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Dedi:



__ Ey Səhhakın oğlu, and olsun Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, əgər Allahın hökmü və Rəsulullah(s)-ın vəsiyyəti olmasaydı, sən mənim evimə heç bir vəchlə daxil ola bilməzdin.

Ömər məscidə adam göndərib Əbu Bəkrdən kömək istədi. Bir dəstə Əbu Bəkrin havadarlarlarından köməyə gəlib Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) ayağa qalxıb qılıncını çəkdi. Qunfuz Əli(ə.s)-nin onların üstünə qılınc çəkdiyini görüb qorxusundan Əbu Bəkrin yanına qaçdı, çünki o, həzrəti-Əli(ə.s)-nin döyüşlərdə göstərdiyi rəşadətindən xəbərdar idi. Baş vermiş hadisəni Əbu Bəkrə danışdıqda Əbu Bəkr Qunfuza dedi:



__ Əlinin evinə qayıt, əgər evdən çıxsa, onu buraya gətir. Yox, əgər çıxmasa, evi içindəki adamlarla bir yerdə od vurub yandır.

Qunfuz qayıdıb dəstəsi ilə birlikdə icazəsiz Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) istədi, qılıncını götürsün, Qunfuz onu qabaqlayıb qılıncı qapdı. Bu zaman Fatimə(s.ə) Əli(ə.s)-ni himayə etmək məqsədilə qabağa gəldi. Qunfuz tazyanəni havada yellədib Fatimə(s.ə)-ni vurdu.

«Fatimə(s.ə) o zərbələrin nəticəsində (bir müddətdən sonra) dünyadan köçəndə bu tazyanələrin şiddətli izləri (qolbaq kimi) onun qolunda açıq-aşkar bilinirdi».

Sonra həzrəti-Əli(ə.s)-ni zorla Əbu Bəkrin yanına gətirdilər. Ömər əlində qılınc Əli(ə.s)-nin başı üstündə dayanmışdı. Xalid ibn Vəlid, Əbu Übeydə Cərrah, Əbu Hüzeyfənin azad olunmuş qulamı Salim, Məaz ibn Cəbəl, Müğeyrə ibn Şöbə, Əsəd ibn Həzir, Bəşir ibn Səd və başqaları əllərində qılınc Əbu Bəkrin ətrafında dövrə vurmuşdular.



Həzrəti-Zəhra(s.ə)-nın qəzəbi.

Əyyalinin yazdıqlarından:

«Əli(ə.s)-ni evdən aparandan sonra Fatimə(s.ə) çölə çıxıb Əbu Bəkrə üzünü tutaraq belə buyurdu:

__ İstəyirsiz ki, həyat yoldaşımı əlimdən alıb məni tək qoyasız? Allaha and olsun, əgər ondan əl çəkməsəniz başımı açıb atamın qəbri üstündə Allah dərgahına nalə çəkərəm.

Sonra Fatimə(s.ə) Həsən ilə Hüsey(ə.s)-nin əlindən tutub Peyğəmbər(s)-in qəbri üstünə gəldi.

Həzrəti-Əli(ə.s) məsələdən agah olduqda Salmana belə tapşırdı:

__ Get Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-ni tap, geri qaytar. Sanki Mədinənin lərzəyə gəlib batdığını hiss edirəm. Allaha and olsun, əgər Fatimə(s.ə) saçını dağıdıb Peyğəmbər(s)-in qəbri üstündə Allah dərgahına nalə çəksə, daha Mədinə əhlinə bir an belə möhlət verilməyəcəkdir. Yer onların hamısını öz kamına çəkəcəkdir».

Salman tələsik Fatimə(s.ə)-nin yanına gəlib ərz etdi: «Ey Mühəmmədin(s) qızı, Allah atanı bəşərin rəhmət qayəsi tək göndərmişdi. Evə qayıt və nifrin (qarğış) etmə».

Fatimə(s.ə) buyurdu:

-Salman, onlar istəyirlər ki, Əli(ə.s)-ni aradan götürsünlər. Daha səbrim tükənib. Qoy gedim atamın qəbri üstə saçımı dağıdım, Allahımın dərgahına nalə çəkim.

Salman:

__ Mən qorxuram ki, bu zaman yer lərzəyə gəlib Mədinə əhlini udar. Əli(ə.s) məni sizin yanınıza göndərdi ki, nifrin etməkdən əl çəkib evə qayıdasınız.

Həzrəti-Zəhra:



__ O zaman mən o Cənaba itaət edib evə qayıdaram və səbir edərəm».

Əllamə Təbərsi «Ehticac» adlı kitabında İmam Sadiq(ə.s)-dən belə nəql edir:

«Əli(ə.s)-ni evdən aparanda bütün Bəni-Haşim xanımları evdən çıxıb həzrəti-Mühəmməd(s)-in qəbri üstünə gəldilər. Həzrəti-Zəhra(s.ə) ucadan səsləndi: «Əmim oğlunu buraxın! And olsun Mühəmməd(s)-i haqq göndərən Allaha! Əgər onu buraxmasanız, saçımı dağıdıb Peyğəmbər(s)-in köynəyini başıma tutaram və Allah dərgahına nalə çəkərəm. Saleh peyğəmbərin dəvəsi51 Allah dərgahında mənim övladlarımdan əziz deyildir».

Salman deyir ki, Fatimə(s.ə)-nin yaxınlığında dayanmışdım. Allaha and olsun, Peyğəmbər(s) məscidinin divarlarının yerdən necə aralandığını gördüm, belə ki o aralıqdan bir şəxs asanlıqla sivişib keçə bilərdi. Yaxına gəlib dedim:



__ Ey alicənab xanım, ey mənim sərvərim! Allah Atanı bəşərin mərhəmət qayəsi qərar verdi. Siz camaatın əzaba düçar olmasına səbəb olmayın.

Fatimə(s.ə) evə qayıtdı. Məscidin yarığı birləşdi, divarların dibindən toz qalxıb burnumuza doldu».

Böyük ravi və alim Şeyx Kuleyni İmam Baqir(ə.s) və İmam Sadiq(ə.s)-dən nəql edir ki, işin bu dərəcəyə yetişdiyini görən həzrəti-Fatimə(s.ə) Ömərin libasından çəkib buyurdu:

__ Allaha and olsun, ey Xəttabın oğlu, əgər arada günahsız bəndələr də bəlaya düçar olmasaydı, yaxşı bilirsən ki, and içib Allaha pənah aparardım və tezliklə də Allah istədiyimi müstəcab edərdi.

Həmçinin rəvayət olunur ki, Əli(ə.s)-ni evdən aparanda Fatimə(s.ə) Peyğəmbər(s)-in köynəyini başına tutmuşdu. O, Həsən(ə.s) və Hüsey(ə.s)-nin əlindən tutub Əbu Bəkrin yanına gəlib buyurdu:



__ Mən sənə neyləmişəm? İstəyirsən, əmim oğlunu öldürüb uşaqlarını başsız qoyasan? Allaha and olsun, əgər pis olmasaydı, saçımı açıb, Allah dərgahında şivən edərdim.

Əbu Bəkrin tərəfdarlarından bir nəfər ondan soruşdu:



__ Nə qərara gəlirsən? Camaatın məhv olmağınımı istəyirsən?

Onlar Əli(ə.s)-ni buraxdılar. Əli(ə.s) həzrəti-Zəhra(s.ə)-nın əlindən tutub evə apardı.

Başqa bir rəvayətdə İmam Baqir(ə.s)-dən nəql olunur: «Allaha and olsun, əgər Fatimə(s.ə) saçını yolsaydı, hamı məhv olardı».

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə