Abasquluağa bakixanov




Yüklə 62.54 Kb.
tarix11.03.2016
ölçüsü62.54 Kb.


ABASQULUAĞA BAKIXANOV

Abasquluağa Bakıxanov Qüdsi Azərbaycan xalqının ensiklopedik biliyə malik olan mütəfəkkir simalarından biridir. O, tarix,fəlsəfə, nücum, sərf-nəhv, ilahiyyət və etikaya aid qiymətli əsərlər müəllifi, fəal maarifçi, eyni zamanda klassik Azərbaycan poeziyasının bütün sirlərinə bələd olan qüdrətli bir şair kimi tanınır. Ədəbi-bədii irsi dərindən öyrənildikcə Bakıxanov gözlərimiz qarşısında daha da böyüyür. Onun XIX əsrin birinci yarısında yaşamış görkəmli rus və Avropa alim və şairlərilə bir cərgədə durduğu ürəyimizi sonsuz iftixar hissilə doldurur. A.Bakıxanovun yaradıcılığına küll halında baxdıqda dünyagörüşündəki bəzi ziddiyyətləri də görürük. Bu, şübhəsiz onu əhatə edən ictimai mühitdən, sarsılmaqda olan feodalizm ilə yaranmaqda olan kapitalizm arasında baş qaldıran ziddiyyətlərdən və şairin patriarxal dini baxışları ilə realist, hətta bəzən materialist görüşləri arasındakı çarpışmadan irəli gəlirdi.

A.Bakıxanovun bizə yadigar qoyub getdiyi əsərlər aşağıdakılardan ibarətdir:

Şerlər külliyyatı-buraya şairin “Mişkatül-ənvar” adlı poeması, avtobioqrafik şerləri, mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai və məsnəviləri daxildir.

Uzun müddət Bakıxanovun şerlər divanı itmiş hesab edildiyindən o, bir şair kimi tədqiq edilməmişdi. Lakin bu sətirlərin müəllifi həmin külliyyatı Respublika Əlyazmaları Fondunda tapıb, fars dilində yazılmış bütün şerlərini Azərbaycan dilində nəşr etdikdən sonra, alimlərimiz Bakıxanov Qüdsini qüdrətli bir şair kimi də tədqiq və təhlil etməyə imkan tapdılar.

“Riyazül-Qüds”- A.Bakıxanovun ilk əsərlərindən biridir. Doğma Azərbaycan dilində yazdığı bu əsər əsasən mərsiyə xarakteri daşısa da, yeri gəldikcə onu dinlə əlaqəsi olmayan lirik şerlərlə bəzəmişdir: Bu şerlər əsas mətndən ayrı – müstəqil əsər kimi oxunduqda, şairin hələ yaradıcılığının ilk dövrlərində nə qədər bədii və gözəl şerlər yarada bildiyinin şahidi oluruq. A.Bakıxanov bir çox başqa klassiklərimizdən fərqli olaraq öz əsərlərinin yazılma tarixini göstərdiyi üçün yaradıcılığındakı inkişaf xəttini müəyyən dərəcə izləmək mümkündür. Məsələn o, ”Riyazül-Qüds”in yazılma tarixini “əbcəd” hesabilə (əsərin adındakı hərflərlə) göstərmişdir. Bu sözlər rəqəmə çevrildikdə hicri 1236 (miladi 1820)-ci ili göstərir ki, buradan da müəllifin həmin əsəri 26 yaşında ikən yazdığı aşkar olur. Bu əsərdə sənətkarlıqla qələmə alınmış şer parçalarından aydın olur ki, A.Bakıxanov lap gənc yaşlarından ana dilində şer yazmağa başlamış və bu şerlərin bir qismini sonradan “Riyazül-Qüds”ə daxil etmişdir. Bu əsərdə Vaiz-Kaşifinin “Rövzətüş-şühəda”, Məhəmməd Füzulinin “Həqiqətüs-süəda” və Məhəmməd Bağır Məclisinin “Cilail-üyün” əsərlərinin təsiri var.

“Qanuni-Qüdsi”- A.Bakıxanov bu əsəri uşaqlara fars dilinin sərf və nəhvini sadə dildə öyrətmək məqsədilə yazmışdır. Bu dərslik kitabı farsların özlərindən də çox qabaq bu dilin təlimi üçün yazılan ilk əsərlərdəndir. A.Bakıxanov əsəri üç fəslə bölür: fonetika, morfologiya və sintaksis. Burada müəllif əsasən ərəb və rus dillərinin qrammatik prinsiplərinə əsaslanmış, olnarı orijinal yolla fars dilinin daxili qanunlarına uyğunlaşdırmağa çalışmışdır. O, Şərqdə bir ənənə şəklini almış qaydaya riayət edərək, bəzi misalları şerlə vermişdir və bu şerlərdə atalar sözlərini xatırladan hikmətamiz fikirlər ifadə etmişdir. Müəllif bu əsəri “Riyazül - Qüds”dən təqribən 8 il sonra, yəni hicri 1244 (miladi 1828) – ci ildə yazmışdır. Əsər ilk dəfə 1831-ci ildə fars dilində, 1841-ci ildə isə Tiflisdə rus dilində nəşr edilmişdir.

“Gülüstani–İrəm”- A.Bakıxanovun müxtəlif dillərdə mövcud olan əsas mənbələri və tarix kitablarını uzun illər oxuyub öyrəndikdən sonra, 1841-ci ildə ilk dəfə Azərbaycan və Dağıstan xalqlarının tarixinə dair beş fəsildən ibarət farsca yazdığı bu əsər özünün dərinliyi, əhatəliyi, tərtibi və tarix elminə verdiyi tərif etibarilə müəllifinə dünya şöhrəti qazandırmışdır.

Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.

“Əsrarül-Mələkut”- Müəllifin nücum elminə dair ərəb dilində yazdığı bu əsər Azərbaycan xalqının elmi təfəkkür tarixində, habelə A.Bakıxanovun öz dünyagörüşünün təkmilləşməsində son dərəcə böyük yol oynamışdır. Əgər A.Bakıxanov özünün ilk əsərlərindən biri olan “Riyazül-Qüds”də şiələrin dini təziyələrini qələmə almışsa, “Əsrarül-Mələkut” əsərində islam dininin ehkamlarının əksinə olaraq, kainat quruluşunu və Günəş sistemini elmin o zamankı nailiyyətləri əsasında, materialistcəsinə izaha çalışmışdır. A.Bakıxanov Yeri kainatın mərkəzi sayan geosentrik nəzəriyyəyə qarşı çıxaraq Günəşi mərkəz hesab edən heliosentrik nəzəriyyənin müdafiəçisi olmuşdur. Bu cəhətdən o, məşhur Polşa alimi Kopernikin (1473-1543) XIX əsrə qədər görkəmli alimlər tərəfindən artıq dönə-dönə təsdiq edilmiş mütərəqqi fikirlərinə tərəfdar çıxmış və bu əsərilə elm aləmində şöhrət tapmışdır.

“Təhzibi-əxlaq”- Bu kitabı A.Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir.

Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə etməyin sirləri haqqında danışılır.

Fəsillərin adlarından aydın olur ki, A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şerlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şer parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə çalışır.

“Nəsayeh”- ədəbiyyat tarixində “Kitabi-nəsihət”, “Nəsihətnamə” və “Nəsihətlər” adlanan bu əsəri, “Təhzibi-əxlaq” əsərindən bir çıxarış və ya ondan xülasə hesab etmək olar. Müəllifin yeniyetmələrə tərbiyə vermək məqsədilə asan dildə yazdığı bu yığcam əsər 103 nəsihətdən ibarətdir. Bu nəsihətlərin əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir.

“Kəşfül-Qəraib”- Amerikanın kəşfinə dair olan bu əsəri A.Bakıxanov “Məriz” təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir.

Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır.

“Ümumi coğrafiya”- Çox təəssüf ki, A.Bakıxanovun fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. “Gülüstani-İrəm”də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən... bəhs etmişdir. Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində “Əsrarül-Mələkut”u yazarkən özünün “Ümumi coğrafiya” əsərindən müəyyən qədər istifadə etmişdir.

“Eynəl-mizan”- Məntiqə dair ərəb dilində yazılmış bu əsər də, şairin şerlər külliyyatı kimi, son zamana qədər itmiş hesab edilirdi. A.Bakıxanovun yaradıcılığı və onun fəlsəfi görüşləri üzərində ciddi tədqiqat aparan professor Ənvər Əhmədov əsərin bir nüsxəsini Leninqrad kitabxanasında tapıb dilimizə tərcümə etdirmişdir. Bu əsər də “Təhzibi-əxlaq” və “Nəsayeh” əsərləri kimi ciddi fəlsəfi məzmuna malikdir. Burada xüsusilə formal məntiq məsələləri aydın şərh edilmişdir.

“Kitabi-Əsgəriyyə”- A.Bakıxanovun doğma ana dilində yazdığı bu əsər Azərbaycan ədəbiyyatı tarixində ilk povest adlana bilər. Burada iki gəncin pak və səmimi eşqi tərənnüm edilir, bu saf məhəbbətə maneçilik törədən ictimai mühit, dini ehkamlar qamçılanır. Əsər müəyyən mənada, dastan şəklində qələmə alınaraq, nəsrlə nəzmin üzvi birləşməsindən ibarətdir. Qəribə burasıdır ki, A.Bakıxanovun bu əsərdə nəsr dili mürəkkəb ibarə və tərkiblərlə dolu olduğu halda, şer dili bədii və sadədir. İsmayılbəy Qutqaşınlının “Rəşidbəy və Səadət xanım” hekayəsindən əvvəl, XIX əsrin birinci yarısında yaranmış olan bu əsərə görə A.Bakıxanovu müasir bədii nəsrimizin banisi adlandırmaq olar.

* * *


Abasquluağa Bakıxanov Bakı xanları nəslindəndir. O,1794-cü ildə Bakının Əmirhacıyan (Əmircan) kəndində anadan olmuşdur. Sonralar XIX əsrin lap əvvəllərində Bakıxanovun atası Mirzə Məhəmmədxan xanlıqlararası çəkişmə, vuruşmalar nəticəsində Bakıdan Qubaya köçməli olmuş və yeddi yaşlı oğlu Abasqulunu da özü ilə bərabər aparmışdı. A.Bakıxanov ilk təhsilini Qubada almışdır. O, az müddətdə ərəb və fars dillərini mükəmməl öyrənmiş və bu dillərdə bir çox kitab oxumuşdur. Bunun nəticəsi idi ki, A.Bakıxanov 1819-cu ilin sonlarında Qafqazın, o zamankı baş hakimi general Yermolov tərəfindən Tiflisə çağırılaraq, Şərq dilləri mütərcimi vəzifəsinə təyin olunmuşdu.

A.Bakıxanov mədəniyyət mərkəzlərindən birisi olan Tiflisə düşdükdən sonra onun bilik dairəsi daha da genişlənir. O, bu şəhərin gözəlliyini özünün “Tiflis” müxəmməsində ustalıqla təsvir etmişdir. Qüdsinin “Tiflis” müxəmməsi forma və məzmun etibarilə Molla Pənah Vaqifin “Tiflis” müxəmməsi ilə səsləşir. A.Bakıxanov məşhur Azərbaycan şairi, Mirzə Fətəli Axundovun müəllimi Mirzə Şəfi Vazeh tərəfindən yaradılmış “Divani-hikmət” adlı ədəbi məclisin iştirakçısı olmuş, şerləşmələr (müşairələr) zamanı onun tərəfindən təqdir edilmişdir. Tiflisə gələn rus şairləri, Avropa səyyah və alimləri ilə yaxından tanış olan Bakıxanov həyata yeni bir nəzərlə baxmağa başlayır. Qüdsi rus şairlərinin əsərləri ilə tanış olmaqla bərabər, öz şerlərini də onlara təqdim edirdi. A.Bakıxanovun şerləri hələ özü sağ ikən dillər əzbəri olmuş və elm-sənət sahiblərinin nəzərini özünə cəlb etmişdi. Təsadüfi deyildir ki, o zaman Tiflisdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün”adlı əsərində Mirzə Şəfi və Abasquluağadan bəhs edərkən onun şairliyinə yüksək qiymət vermiş və şerlərindən bir neçəsini alman dilinə tərcümə etmişdi. Xüsusilə “Tatar (Azərbaycan) nəğməsi” adlı şerinin rus dilinə tərcüməsi müəllifinə böyük şöhrət qazandırmışdı. Bu şeri A.Bakıxanovla yaxından tanış olan polyak şairi Lado Zablotski nəsr şəklində polyak dilinə çevirmiş və sonra o zamanlar Tiflisdə yaşayan şair Polonski polyak dilindən ruscaya yenidən nəzmən tərcümə edərək “Zaqavqazskiy vestnik” qəzetinin 1847-ci il üçüncü nömrəsində nəşr etmişdi.

Aşiqanə deyişməyə bənzəyən “Tatar nəğməsi” şeri yüksək sənətkarlıqla yazılmış gözəl bir əsər kimi xalq arasında dillər əzbəri olmuşdu. Təəssüf ki, bu əsərin A.Bakıxanovun işləyib şair Lado Zablotskiyə verdiyi orijinalı əlimizdə yoxdur. Buna görə də onun forması haqqında fikir yürütmək çətindir.

Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində Qüdsinin “Fatma tar çalır” şerinin də gözəl nəğmə olduğunu qeyd etmişdir. Mirzə Şəfi Vazeh də bu nəğmənin A.Bakıxanova böyük şöhrət qazandıracağını əvvəlcədən xəbər vermişdi. Doğrudan da, “Fatma tar çalır” şeri öz emosional təsir qüdrəti ilə “Tatar nəğməsi”ndən heç də geri qalmır. Təəssüf ki, bu şerin də orijinalı əlimizdə yoxdur.

Şairin dünyagörüşünün inkişafında onun rus yazıçıları ilə yaxından tanışlığı əhəmiyyətli rol oynamışdır. Xüsusilə, “Ağıldan bəla” əsərini müəllifi A.S.Qriboyedov ilə onun əməkdaşlığı, hər ikisinin yaradıcılığına müsbət təsir göstərmişdir. A.Bakıxanovun Puşkin yaradıcılığı və Puşkin ailəsi ilə əlaqəsi də təsirsiz qala bilməzdi. A.S.Qriboyedovun öz əsərlərini ilk variantını A.Bakıxanova oxuması və onun fikrini öyrənməsi Qüdsinin hələ gənc yaşlarında çox dərin biliyə və hörmətə malik olduğunu göstərir. Təsadüfi deyildir ki, A.Bakıxanov özünün tarixi əsəri olan “Gülüstani –İrəm”i Lado Zablotski ilə birlikdə rus dilinə tərcümə etmişdir. A.Bakıxanov məşhur rus şairi Bestujev-Marlinsi ilə də birgə çalışmışdır.

1833-cü ildə A.Bakıxanov Polşada çar canişini general-feldmarşal İvan Feodoroviç Paskeviçin yanında olur. Onun himayəsi ilə daha böyük hörmət qazanır və beləliklə, Rusiyanın və Avropanın mərkəz şəhərlərini gəzir. Bir çox mədəni məclislərin qonağı olursa da qəlbi həmişə öz doğma vətəni üçün çırpınır. Özünün “Xəyalın uçuşu” adlı poemasında şair Avropanın cah-cəlallı məclislərində qəlbinin sıxıldığını, ”Vətən” deyib qürbət yerdə gün keçirdiyini və xəyalının onu doğma vətənə uçurduğunu ürək yanğısı ilə təsvir edir və nahəyət, özünün yaşadığı “Əmsar” adlı balaca kəndi böyük şəhərlərdən üstün tutur. A.Bakıxanov vətən həsrəti, vətən məhəbbəti ilə doğma yurda can atdığını başqa əsərlərində də təkrar-təkrar qeyd etmişdir.

A.Bakıxanov rus qoşununda hərbi xidmətdə olduğu zaman böyük qəhrəmanlıqlar göstərmiş və hərbi texnikanı dərindən mənimsəyib, bəzi mühüm tapşırıqları rəşadətlə yerinə yetirdiyi üçün, dəfələrlə orden və medallarla təltif edilmiş və polkovnik rütbəsinə qədər yüksəlmişdir. Lakin hərbi xidmət onu kifayətləndirməmişdir. O, daima elmi, ədəbi fəaliyyəti özünün ən sevdiyi bir sahə hesab etmiş və ömrünün son illərini hərbi xidmətdən ayrılaraq, yaradıcılıq fəaliyyəti ilə, əsərlərini bir yerə toplayıb nəşr etmək işi ilə məşğul olmuşdur.

A.Bakıxanov Məkkə səfərindən salamat qayıtmadı. O, 1846-cı ildə vəfat edərək, “Vadii-Fatimə” adlı yerdə dəfn edilmişdir.

* * *

Oxuculara təqdim etdiyimiz bu kitabda şairin bütün bədii əsərləri toplanmışdır. Biz burada A.Bakıxanovun şairlik istedadından, onun poeziyasının sənətkarlıq xüsusiyyətlərindən nisbətən müfəssəl danışmağı lazım bilirik.



A.Bakıxanovun şerlər külliyyatına daxil olan əsərləri də müxtəlif vaxtlarda yazıldığı üçün məzmun etibarı ilə bir-birindən fərqlidir.

Qüdsi klassik Şərq poeziyasının, xüsusilə Cəlaləddin Rumi kimi böyük şairin təsiri ilə şer yazdıqda panteizmə meyl edir, mütərəqqi rus ədəbiyyatının təsiri ilə şer yazdıqda isə onda realist meyllər güclənir. Buna görə də A.Bakıxanovun ədəbi yaradıcılığına birtərəfli yanaşmaq olmaz. Onun istər dünyagörüşündə, istərsə bədii yaradıcılığında nəzərə çarpan ziddiyyətlər, şübhəsiz ki, şairin müxtəlif dövrlərdə müxtəlif bilik səviyyəsinə, müxtəlif əqidəyə malik olması ilə izah edilməlidir. Yaradıcılığının ilk illərində (1820-ci illərdə) yazdığı “Riyazül-Qüds” əsəri sırf dini mahiyyət daşıyırsa, 1829-cu ildə yazdığı “Mişkatül-ənvar” poemasında sufizmin təsiri ilə panteist dünyagörüşünə meyl edirsə, Azərbaycanın bir hissəsinin Rusiya tərkibinə daxil olmasından, şairin mütərəqqi rus yazıçıları ilə tanışlıqdan, Avropa mədəniyyəti ilə yaxın təmasdan sonra, XIX əsrin 30-cu illərinin əvvəllərində yazdığı “Meraci-xəyal”, “Məclisi-firəngi” və başqa əsərlərində artıq yetişmiş şair kimi nəzəri cəlb edir. A.Bakıxanovun bu əsərlərində dini sxolastikadan və mistikadan əsər belə yoxdur.

Şairin dindarlığına da iki cəhətdən baxmaq lazım gəlir. Onu sırf dindar hesab edənlər möhkəm yanılırlar. A.Bakıxanovun elmi əsərlərində və şerlərində elə motivlər vardır ki, o, bu dünya zövqünü Xəyyamanə bir görüşlə axirət zövqünə qarşı qoyur və yaşadığı aləmdə fürsəti əldən verməməyi təbliğ edir. O, zahid, şeyx və din xadimlərinin riyakarlığını açıb göstərirdi. Dini təvəkküldə təsəlli axtarmağın əleyhinə çıxaraq, insanları öz müqəddəratını həll etməyə, həyata fəal təsir göstərməyə çağırır.

A.Bakıxanov bir şair kimi tədqiq edilərkən hər şeydən qabaq onun “Xəyalın uçuşu”, “Avropa məclisi”, “Ərzi-əhval” kimi avtobioqrafik əsərləri üzərində dayanmaq lazımdır. Şair özünün “Xəyalın uçuşu” poemasında səadəti uzaqlarda deyil, ancaq doğma vətənində axtarmağın lazım gəldiyini irəli sürür, ömrün mənasını xalqa xidmətdə və yaradıcı əməkdə görür. Bu əsərində şair Polşaya səfərini, Avropa məclislərini, orada olan cah-cəlalı təsvir edir. Lakin onun xəyalı bu gurultu ilə qənaətlənmir, xəyal onu vətənə aparır. Şair elm və sənətlə məşğul olub xalqa xidməti təbliğ etmək nəticəsinə gələrək əsərini bitirir. Onun “Məclisi-firəngi” adlı əsərində də baş qəhrəman yenə şair özüdür. Bu şerdə Qüdsi Avropanın mənfi əxlaq normalarını tənqid edir. “Ərzi-əhval”da özünün daxili həyəcanlarını, eşqə, məhəbbətə sığındığını nəzərə çarpdırır.

“Mişakül-ənvar” (“Nurlar mənbəyi”) öz məzmunu etibarilə Nizaminin “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) adlı poemasına orijinal bir nəzirədir. Kitabın adından da bu bənzəyiş nəzərə çarpır. Poemanın sonunda “Əməlin cəzası” adlı olduqca maraqlı hind əfsanəsi ilə bu əsrin ideya məzmununa bir yekun vuraraq, ədalətin zülm və riyaya qalib gəldiyini göstərir.

Əlimizdə olan əsərlərdən aydın olur ki, A.Bakıxanov öz vəziyyətindən razı qalmamış və zəmanədən acı-acı şikayətlənmişdir. O, “Bəyani-hal” sərlövhəsi ilə yazdığı şerində deyir:

Günəş Şərqdən tulu edib çıxan zaman səhərlər, Ürəyimi min əzaba düçar edir qəm, kədər. Sübh kimi köynəyimi parça-parça edib mən, Odlu ahlar çəkirəm hey bu yanıqlı ürəkdən.

Başqa bir şerində öz zəmanəsində ictimai ədalətsizliyə qarşı çıxaraq hər şeyin öz yerində olmadığını nəzərə çarpdırır:

Bülbül ilə qarğanı gör salırlar bir qəfəsə, Fərq qoyulmur bu dünyada məhəbbətlə həvəsə. Təəssüf ki, bu ömrümüz boşa gedir anbaan, Nə xeyr işə sərf olunur, nə sevgiyə, ah-aman! Zəmanə min bəla verir, ürəyimi qanadır, Üzümdəki allıq mənim ürəyimi qanıdır.

Sonra şair öz müasirlərindən şikayətlənir. Layiqincə qiymətləndirilmədiyini, iztirab və düşüncələrini duymadıqlarını qeyd edərək yazır:

Gözlərimdən qan sel kimi axır,qəlbim dağlıdır, Qönçə kimi könül dolu, dodağımsa bağlıdır. Çox sirrlər bilirəm mən, açmağasa yox imkan, Desəm belə, bu dünyada kimdir məni anlayan?

O, ədalətsizliyə qarşı çıxaraq “Mişkatül-ənvar” əsərində “Şah necə olmalıdır” məsələsini belə həll edir:

Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq, Elə bir iş tutmalıdır ki, olsun xalqa laiq. Hər zalim şah ölkəsində zülmə edərsə adət, Heç bir zaman xalq içində hökm sürməz ədalət.

Lakin o, şahların nəsihətlərlə düzələcəklərinə inanmadığı üçün bədbinliyə qapılır, iztirablı qəlbinə təsəlli axtarır. Qüdsi bütün dərdi qəmi dağıtmaq üçün saf eşq və təmiz məhəbbəti gözəl vasitələrdən biri hesab edir. O deyir:

Bu dünyada şadlıq ancaq məhəbbətdə görünür, Xoş o kəsin halına ki, eşq ardınca sürünür. Eşqdir bu ələmləri, dərdi, qəmi dağıdan. Ancaq onun sayəsində fərəhlənir hər insan.

Qüdsinin mənzum hekayələri də həm şəkil, həm də məzmun etibarı ilə son dərəcə maraqlıdır. Şair, bu şerlərində çox lakonik surətdə ideyalarını oxuculara aşılayır və həmişə haqqı, ədaləti müdafiə, zülmü, haqsızlığı isə ifşa edir.

A.Bakıxanov insan şüurunun qüdrətinə böyük qiymət verərək “Hikmətin fəziləti” adlı mənzum hekayəsində çox maraqlı bir lövhə yaradır. Burada dünyada ən xeyirli şeyin hünər və qabiliyyət olduğunu, ən yaxşı şeyin xeyirxahlıq olduğunu və ən lazımlı şeyin həqiqət olduğunu aydın boyalarla təsvir edir. Bu fikir onun “Məşfərətin şərtləri” şerində də öz əksini tapmışdır. Bu şerdə qoca bir alim qəddar əmirə müraciət edərək düşünməməyə, qanmamağa qadir olmadığını bildirir. Şair yazır:

Şərafətə çatar insan artarsa onda şüur İnsan idrak sayəsində günəş kimi verər nur.

“Ümidin boşa çıxması” şeri də şairin qeydə layiq əsərlərindəndir. Burada bağban Həsən şah qapısından ümid gözlədiyi halda, oradan ancaq işgəncə və əzab görür. Nəhayət o, şahın üzünə duraraq cəsarətlə deyir ki, bütün ailə üzvlərinə, qohum-qardaşına və dost-aşnasına nəsihət edəcəkdir ki, ömründə heç vaxt şah qapısından kömək və mərhəmət ummasınlar.

A.Bakıxanovun qəzəlləri də öz incəliyi və məzmunu ilə diqqətə cəlb edir. Klassik Şərq poeziyasında böyük şöhrət qazanmış Xaqani, Nizami, Hafiz, Füzuli kimi ustadların qəzəl sahəsindəki ənənələrini davam etdirən Qüdsinin, indi əlimizdə Azərbaycan və fars dilində 140-a qədər qəzəli vardır. A.Bakıxanovun istər azərbaycanca və istərsə fars dilində yazdığı qəzəllərini gözdən keçirdikdə onun ən çox Füzuli sənətindən ilham aldığı nəzərə çarpır. Füzuli ədəbi irsinin Bakıxanova təsiri onun “Riyazül-Qüds” və “Kitabi-Əsgəriyyə”sində də özünü parlaq surətdə göstərməkdədir.

A.Bakıxanovun lirik əsərlərinin əksəriyyəti, xüsusilə qəzəlləri əsas etibarı ilə azad eşqi tərənnüm edir. Lakin şairin elə qəzəlləri də vardır ki, onlar siyasi mövzulara həsr olunmuş, dövrün ictimai vəziyyətini və şairin dövrdən şikayət səciyyəli etirazlarını ifadə edir. Məsələn:

Cahan əhli bu icz ilə özünü zənn edər sultan, Sözü “düzlük” olar, lakin oğurluqdur işi hər an. Sənə möhtac olan dəmdə əyər baş, qul olar, lakin Ona düşsə işin dərhal vurar dəm kətxudalıqdan.

A.Bakıxanovun azərbaycanca yazdığı qəzəlləri içərisində “Şəklin göstərir” rədifli qəzəl şairin müasirlərinin nəzərini daha çox cəlb etmiş və bir çox görkəmli Azərbaycan şairi, o cümlədən Mirzə Şəfi Vazeh, Mirzə Mehdi Haci, Sədi Sani Qarabaği və başqaları haman qəzələ nəzirə yazmışlar.

Şairin Azərbaycan dilində yazdığı şerləri içərisində “Bismillah” rədifli müxəmməsi də bədii xüsusiyyətlərinə görə diqqəti cəlb edir. “Bismillah” sözü burada heç yerdə dini məfhum olmayıb, bəlkə ”buyur” , “iqdam et” , “qədəm qoy” kimi mənaları ifadə etmişdir. Bu əsər hələ 1907-ci ildə “Füyuzat” məcmuəsində çap edildikdən sonra oxucuların hüsn-rəğbətini qazanmış və təkrar-takrar nəşr edilmişdir. Bakıxanovun “Gürcülər arasında” mənzum məktubuna da “Şəklin göstərir” rədifli qəzəli kimi nəzirələr, bənzətmələr yazılmışdır. Bu nəzirələr içərisində Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin nəzirələri də vardır. Şairin məzmunca dərin, formaca gözəl şerləri onu XIX əsr Azərbaycan poeziyasının görkəmli siması səviyyəsinə qaldırır.

Qüdsinin bədii yaradıcılığından aydın olur ki, o, klassik şairlərin ədəbi ənənələrini davam və inkişaf etdirməklə bərabər yeni demokratik ədəbiyyatın banilərindən biridir. A.Bakıxanovu ciddi öyrənmədən biz, Mirzə Fətəli Axundovu, Həsənbəy Zərdabini, Seyid Əzim Şirvanini və XX əsrin bir sıra görkəmli mütəfəkkir ədib və şairlərini aydın dərk edə bilmərik.

Mütəfəkkir sənətkar özünün “Xəyalın uçuşu” əsəri ilə Azərbaycan ədəbiyyatı tarixində, müasir mənada, poema janrının təməlini qoymuşdur. Ona qədər biz məsnəvi şəklində yazılmış müstəqil bioqrafik poemaya təsadüf etmirik.

Böyük şair eyni zamanda rus xalqının ədəbiyyatına dərin rəğbət bəsləmişdir. O, Krılovun “Eşşək və bülbül” təmsilini Azərbaycan dilinə sərbəst tərcümə etmiş, “Yersiz iftixar”, “Qurd və ilbiz”, “Tülkü və qoyun” adlı alleqorik əsərlər yazmışdır.

A.Bakıxanov xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin getdikcə genişlənməsinə böyük əhəmiyyət vermişdir. Təsadüfi deyildir ki, bu meyl Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Abbas Səhhət və başqa klassiklərin əsərlərində daha da güclənmişdir.

A.Bakıxanov yaradıcılığındakı ziddiyyətlərə baxmayaraq mütərəqqi yol tutmuş və həmişə xalqın tərəfində olmuşdur. Məsələn, o deyir:

Hər kəs həqdən əl üzə, hərgiz qovuşmaz xəlqə o, Xəlq ilə birləşsə olmaz heç zaman həqdən kənar.

Yaxud:

Hünərmi, ey Qüdsi, xəlqə əziyyət, Mərdsənsə et xalqın dərdinə dərman.



A.Bakıxanov tüfeyli həyat sürən adamları ifşa edib, onları cəmiyyətin yaraları, namuslu əməyi isə səadətin açarı hesab edir. O, “yaradan, ruzunuda verəcəkdir” fikrini qəbul etmir. Onun zənnincə bekar duranlar insan adlanmağa laiq olmayanlardır. Şair “Mişkatül-ənvar” poemasında “əməksiz insan yaşaya bilməz” ideyasını yüksək səslə irəli sürmüşdür:

Əməksiz, bil, bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz, Bizimdir hər əməl, hər iş, bizə bunlar müyəssərdir.

Şair yeri gəldikcə riyakar din xadimlərini də ifşa etməkdən çəkinməmişdir. O yazır:

Məsciddə xudnümalıq adət olmuş hər kəsə, Təkəbbürlə öyünmək qəribə bir halətdir. Özgənin zərərində axtarar öz xeyrini, Alçaqlıq və rəzalət onlara bir adətdir. Hanı özündən keçib millətə xidmət edən, Kimin işi, göstərin, vətəninə xidmətdir?!

A.Bakıxanov sənətkar şairdir. O, təşbeh, istiarə, kinayə, təzad və başqa bədii ifadə vasitələrindən böyük məharətlə istifadə etmişdir.

Şair təbiəti sadəcə olaraq təsvir etmir, canlı, real lövhəsini yaradır:

Zaman gözəl bir zamandır, gülməkdədir ilk bahar, Güllər açmış, çəmənlərdə olmuş hər yer laləzar. Sabah yeli vurmaqdadır gülüstana min bəzək, Çəmənzarın simasına ənlik vurur hər çiçək: Hər tərəfdə kef əhlindən etmək üçün bir xahiş, Yarapağını kağız edib göndərir gül sifariş. Bu gülşəndə bir saqidir al geyinmiş hər lalə, Almış ələ o gül rəngli, jalə dolu piyalə:

Şair Quba almasını təsvir edərkən onun sarı və qırmızılığını kədər və sevinc rəmzi kimi qələmə alır:

Hər kəs belə alma görməmiş yəqin, Onda ətri vardır gözəl güllərin, Bir yanı qırmızı, sarı bir yanı, Var idi fərəhdən, dərddən nişanı. Aşiqlə məşuqdur guya bu sayaq, Birləşib oturmuş qucaqlaşaraq.

Qüdsinin çox incə və mürəkkəb cinasları var. O, böyük bir məharətlə sözləri mum kimi şəkildən-şəklə salıb, ağıllı və mənalı ifadələrlə bədii ifadə vasitələri, orijinal istiarələr, mübaliğələr, kinayələr yaradır. Bircə “Sərdar” sözündən istifadə edərək, şerin hər misrasında onu başqa mənada işlədir. Bütün bunlar göstərir ki, A.Bakıxanov klassik Azərbaycan poeziyasının və əruzun bütün incəliklərini bilmiş və öz şerlərində Xaqani, Nizami, Füzuli ədəbi məktəbinin ən müqtədir davamçılarından biri olmuşdur.

Bu kitaba Bakıxanov Qüdsinin şerlər külliyyatına daxil olan farsca yazdığı bütün əsərlərindən başqa “Riyazül-Qüds” əsərində istifadə etdiyi şerlərin bir qismi, müəllifin Azərbaycan dilində yazdığı şerləri müvafiq bölmələrə əlavə edilmiş və belə şerlərin birinci misrasının kənarında (*) işarəsi qoyulmuşdur. Bunlardan başqa şairin “Fatma tar çalır” nəğməsi, “Qurd və ilbiz” təmsili, “Gözəl yay” şeri və altı qitəsi Lev Ginzburqun və “Tatar nəğməsi” Polonskinin polyakcadan ruscaya tərcümələrindən Azərbaycan dilinə çevrilmişdir.

* * *


Son zamanlarda Azərbaycan KP MK-nın klassiklərimizin tədqiqi, nəşri və təbliği barədə çıxarmış olduğu tarixi qərarlar, bu sahədə aparılan işlərimizə ciddi istiqamət vermişdir. Abasquluağa Bakıxanov Qüdsinin də bu elmi-ədəbi irsinin nəşri məhz partiya qərarları və qayğısının əks-sədasıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə