А zad yaşar çevirisində




Yüklə 128.06 Kb.
tarix29.04.2016
ölçüsü128.06 Kb.
Аzad YAŞAR çevirisində
Viktor YEROFEYEV

Selinin gecənin sonuna səyahəti

(esse)

Görən Selin fransız ədəbiyyatının za­man etibarilə ən sonuncu, ən nəhəng, həm də əldəqayırma (əlbəttə, distillə edil­miş bir stəkan sudakı fırtınadan fərq­li!) həngaməsi deyilsə, bəs nədir?

İndi Qərb söz sənətində "repressiv to­le­rantlığ"ın səngidiyi zamanlardır. Artıq hər şeyə izin var, daha qalmaqallar adama əl­çatmaz görünür. Selin isə ədəbi şöh­rə­tin əlyetməz idealı təsirini bağışlayır. Az qa­la mifləşmiş varlıq misalı.

Son dönəm fransız ədəbiyyatı tarixini araşdıran Jak Brenner yazır: "Selinə kim hey­ran olmaz axı? Bugün üçün ədəbi re­pu­tasiyası onunku qədər sarsılmaz olan ikin­ci bir fransız yazarı tapmaq imkansız­dır."

20-ci yüzildə yetişən fransız yazarları içində "birincilik məsələsi"ndə yalnız Mar­sel Prustun Selinlə mübahisəyə girə bi­ləcəyini hesab edən həmin J.Brennerin fikriylə bir çox ədəbiyyat araşdırıcıları da razıdır. Amma Selinin nəyin hesabına belə özəl mövqe qazanması barədə isə həmin araşdırıcılar nə ortaq, nə də ki ox­şar məxrəcə gəlməkdən çox-çox uzaqdır­lar.

Selin yaradıcılığını araşdıran Mari-Kris­tin Bellosta 1984-cü ildə yazırdı ki: "Onil­lər öncə Selinin cild-cild kitabını tək­rar-təkrar incələyən tənqidçilər onun çağ­daş sivilizasiyaya məxsus xəstəlikləri qələmə alan ən önəmli yazar olduğu qə­naə­tinə gəldilər." Onda belə bir sual do­ğur: bu yaxında rəhmətə gedən məşhur tən­qidçi Jan-Lui-Bori demişkən, əgər Se­linə müraciətlə biz, «özümüzü abırdan sa­lı­rıqsa, o halda bu müraciətlərə nə hacət var­mış?! Yoxsa "Ədəbiyyat hər şeydən va­cibdir!" şüarından qaynaqlanan bu ma­ra­ğımız yazarın dilinin onun əsərlərinin məz­mununa, onun cırnadıcı gülüşünə tam uy­ğunluğu ilə izah olunmalıdır? Bəlkə Se­li­nə olan bu maraq da, onun məhz ya­manlıq aşiqi olmasından irəli gəlir? Ya­man­lıqdan qorunmaq üçün axı onun xis­lə­ti­nə bələd olmaq lazım gəlir. Ya da ki, bu ma­raq - bizi öz qanadları altına alan sivili­za­siyanın hər şeyi yüz ölçüb-biçdiyinə ina­nan bizlərdən kam alan bənzərsiz səsi­dir? Yoxsa Selinin orijinallığı öz rasio­nal­lı­ğıyla seçilən bizim kimi zəmanə adam­la­rına ibrət olmalıydı? Bəlkə təmbəllik bas­mış düşüncəmiz tarixin gedişatını ça­rə­siz bir xəstəlik kimi qəbul etdiyindən Selin özünün yarı dini, yarı sadomazoxist dünyagörüşüylə bizim laqeydliyimiz üçün etibarlı zəmin hazırlayırmış? Bəlkə, ən nə­hayət, tarixi idarəolunmaz bir mexaniz­mə bənzətdiyimiz üçün bu, öz toplumuna şüurlu tənqidi baxışdan xəcil şəkildə yaxa qurtaran bizlərə qarşı Selinin bədii alibi­si­dir?

Axı bu Selinin sehri, tilsimi nədədir? Şübhəsiz ki, bu, tənqidi yanaşımla bağlı bir göstəricidir, çünki onun şöhrəti danıl­mazdır və "1968-ci il sonrası Fransa ədə­biyyatı" araşdırmasının müəlliflərinə gö­rə, fransalı oxucuların əksəriyyəti, qəhrə­manlar qala-qala satqınlara təşvişverici və əcayib heyranlıq hissləri bəsləməyə baş­layıb." (mənbə: B.Vercier, J.Lecarme "La litterature en France depius" 1968. - p. 1982 - p. 15.)

Lui-Ferdinand Selinin (1894-1961) ədə­bi yolu, XX əsrdə öz maraqları, istək­lə­ri və həzzləri dışındakı hər şeyə qarşı il­gisiz qalan fərdi düşüncənin təhlükəli yollarında parlaq paradiqmadır. Sosial bə­laları içəridən araşdırmaqla (bəlkə, bu­nun­la nə etdiyini o heç özü də tam anla­mırdı) Selin, fərdi düşüncə sahibinin önəm­li tarixi seçim qarşısında uğradığı me­tamorfozanı gös­tər­mişdi. Bu seçim vax­tı çabalayan, anar­xizmə yuvarlanan "mən", məhvdən qur­tulmaq xətrinə irqçi­li­yə, mizantrop­lu­ğa (=insanlara nifrət duy­ğusuna - A.Y.), totalitarizmə sığınma­ğa hazırdır. Öz yaşam və yazı tərziylə Selin, əxlaqla gözəlliyin birliyini, Puşki­nin qarşı-qarşıya qoyduğu dahilikdə za­lım­lıq prinsipini sarsıtmışdır.

Bundan əlavə, Selinin üslub sahə­sində yaratdığı inqilab fransız (və digər xalq­lar) ədəbiyyatına böyük təsir göstərib və göstərir. Onun sözləri eynilə spirt (al­kohol) kimi birbaşa oxucunun qanına işlə­yir, onu tarazlıqdan çıxarır, daxili aləmini təlatümə salır. Selinsiz çağdaş ədəbiyyat xeyli sönük olardı.

Ölümündən iyirmi beş il sonra Fran­sa­da rəsmən bəraət qazanan Selin, artıq mif­ləşməyə başlayıb və bu fenomeni psi­xoloji cəhətdən açıqlamaq çətin deyil. Am­ma o da var ki, bu mifləşmə yaman­lı­ğın arxetipik xislətini anlamağa mane olur, yamanlıq isə M.K.Bellostanın sözlə­ri ilə desək, "bu yazarın bütün kitablarının əsas nüvəsini təşkil edir."

Selin fenomeni və onun belə gözlə­nil­mədən "dirilişi"ni anlamaqdan ötrü, gəlin, keçmişə, Parisin ətraf məhəlləsində "yox­sullara həkimlik edən" Lui Detuşun "Ge­cə­nin sonuna səyahət" adlı hay-küylü ro­manı ilə ünlü yazara çevrildiyi zamanlara nəzər salaq.

Doktor Detuş başqalarına örnək ola­caq bioqrafiya sahibi idi - Birinci dünya savaşının həm qəhrəmanı, həm də qazisi idi. "İllüstre nasyonal" jurnalının hələ 1914-cü il dekabr sayının üz qapağında öz siyirmə qılıncıyla at çapan gənc süvari De­tu­şun rəsmi verilmişdi. İstənilən vete­ran cəmiyyəti onu fəxrlə özünə üzv se­çərdi. Döyüş ordeninə layiq görülmüş bu insanın əlindəki yara ona ömrü boyu hələ çox əzab verəcəkdi.

Ordudan əlil kimi tərxis olunan De­tuş, 1920-ci ildə həkimlik sənətinə könül ve­rənə qədər bir çox ölkələr gəzib gör­müş, müxtəlif sənətlərdə özünü sınamış­dı. 1924-cü ildə çapdan çıxan və Macar ginekoloqu «Filipp-İqnasi Çemmelvaysın həyatı və yaradıcılığı» adlanan ilk kitabı onun dissertasiyasının məğzini təşkil edir­di. Bu kitab təkcə tibb mütəxəssisləri ara­sında deyil, ədəbi mühitdə də olumlu rəy­lər doğurdu, Romen Rollanın tərifini qa­zandı.

1928-ci ildən başlayaraq Detuş əsa­sən gecələr, həm də roman üzərində işlə­mə­yə başlayır. Ömrünün qürub çağında, həm də ixtiyarlıq şövqüylə hələ 1932-ci il­də "Selin" taxma adıyla çap etdirdiyi "Ge­cənin sonuna səyahət" romanı üzərin­də işindən belə söz edirdi: "Gərək mən psi­xiatr olaydım!.. Amma Ejen Dabi ilə tanış idim… O da ki, özünün "Şimal" ote­li" romanı ilə böyük uğur qazanmışdı… Öz­lüyümdə düşündüm ki: "Mən ondan pis yazmaram." Bəlkə yazacağım roman sa­yəsində hələ kirayə haqqını da ödəyə­rəm. Odur ki, bənzərsiz, hissiyyatlı dil və üslub axtarışlarıyla bu işə girişdim."

Bu roman həmin onilliyin sensasiya­sı­na çevrildi. Romanın Elza Triole tərə­fin­­­dən ixtisarlarla yapılan rusca çevirisi 1934-cü ildə işıq üzü gördü və bu sayə­də oxucularımız kitabın zəngin bədii özəl­liklərini, qismən də olsa, dəyərlən­dir­mək imkanı qazandılar. Bu özəlliklər isə həqi­qə­tən heyrətamiz idi.

Sonradan bir xeyli əsər yazsa da, "Ge­cənin sonuna səyahət" yenə də onun baş­lıca əsəri olaraq qaldı. Bu əsərdə ab­surd, həyasız, şəhvətli, məhvə və ölümə məhkum çağdaş dünyanın qiyamət ərəfə­sin­dəki mənzərəsi verilmişdir. Həyat - son­suz çırpıntılar, çürümələr yoludur, ölüm isə - ətrafdakı fantomlar arasında ye­ganə reallıq və həqiqətdir.

Bəs görəsən dünyanın astarını üzünə çe­virməklə onun iyrənc içalatını ortaya qoy­mağa bu kitabdakı hadisələri anladan baş qəhrəman Bardamyunu nə məcbur edir? Baş qəhrəmanın səyahətindəki bi­rinci mərhələ - 1914-ci ilin dünya savaşı onun yaşam fəlsəfəsini təyin edir. Yalan satsa da, ön cəbhədə də, arxa cəbhədə də, nitqlərdə və söhbtlərdə də heç kəs bu mə­nasız qırğına, üst-üstə qalaqlanan me­yit­lərə heç vəchlə haqq qazandırmır. " Ni­yə bu almanlar bizə atəş açır? Nə qə­dər hafi­zə­mi zorlayıramsa, almanlara bir pisli­yim keçdiyini xatırlaya bilmirəm." Am­­ma qəhrəmanın bu sözlərindəki sadə­lövh­lük qısa vaxt ərzində yoxa çıxır.

XX yüzil üçün sadəlövhlüyün aqibəti­ni Selin belə açıqlayır - sadəlövhlük əv­vəl-axır həyasızlığa, sırtıqlığa çevrilir. Bar­dam­yu­nun belə gəlişiminin xüsusi hal de­yil, bir qanunauyğunluq olduğunu gös­tər­mək üçün əsərdə Bardamyunun bənzə­ri olan və sonradan qazanc xatirinə Ras­kolnikov kimi bir qarını öldür­mək fikrinə dü­şən Robinzon da təsvir edilir. Bəs Bar­dam­yunun bu fikrə münasibəti necədir? "Hər şey bir az da kədərə boyandı, vəs­səlam. İnsanları belə hallarda öz fikrindən çəkin­dirmək cəhdləri adətən mənasız olur. Bəyəm həyat belələrinə bal dadır? On­da onların niyə kimə isə rəhmi gəlmə­li­dir? Axı niyə özgəsinə rəhm etməli? Bəl­kə indiyədək kimsə bir başqa­sının xi­lası üçün cəhənnəmə girməyə razı olub?" Adətən yarı-yarıya qəddar, yarı-yarıya xe­yirxah, nəyə can atdıqları çox vaxt bəlli ol­madığından darıxdırıcı görünən insan­lar­la müqayisədə Robinzonun daxilində qəf­lətən baş qaldıran bu öldürmək impul­su müəyyən mənada mənə irəliyə doğru bir addım təsiri bağışladı. Robinzonun ar­dın­ca gecənin qoynuna üz tutmaqla mən, aydın məsə­lə­dir ki, hər halda bəzi-bəzi şey­lər öyrə­nə­si oldum… Gecənin qoynu­na yönələn bu səyahət kitabda dörd mər­hə­lədən ibarətdir. Dava təcrübəsi Bar­dam­yunu əsil qorxaq, ağciyər edir. Hər ne­cə olsa da, patetikadan və gələcəyə inam­­sız­lıqdan yoğrulmuş millətçiliyə onun açıq düşmən olması da buradan qay­naqlanır: "Məsələn, Lola, siz, Yüzillik sa­vaş vaxtı canından keçən bir tək əsgərin adını çəkə bilərsiniz?.. Sizdən ötrü əsgər­lər məchul və gərəksiz kimsələrdir, bu də­qiqə önü­nüzdə duran qovluqdakı adi hərfdən də, hətta səhər özünüzdən sonra tua­letdə qoyduğunuz şeydən də yüz qat daha dəyərsizdir. Görürsünüz ki, Lola, de­məli, boşuna ölüblər o axmaq həriflər! Ta­mamilə boşuna! Sizinlə mərc gələrəm ki, bizim indi çox önəmli bildiyimiz bu dava da, üstündən on min il keçəndən son­ra yerli-dibli unudula­caq!.. Mən gələ­cə­yə inanmıram, Lo­la!"

"Səyahət"in ikinci mərhələsi - Fran­sa­nın işğal etdiyi Afrika ilə bağlıdır. Bu­ra­da da əsil cəhənnəmi görən Bardamyu, bürküdən, xinindən, acgözlükdən və çə­kiş­mələrdən cana yığılan müstəmkəçilərə də, qul xislətli yerli camaata da eyni də­rə­cədə nifrət edir.

Varlanmaq ehtirası qəhrəmanı Ame­ri­­ka­ya aparıb çıxarır, For­dun zavodun­dakı ağır iş şəraiti və yeni uğursuzluqlar silsi­lə­­sinin ardınca biz, zavod həkiminin məş­hur xəbərdarlığı ilə tanış oluruq: "Za­vod­da bizə xəyalpərəst adamlar la­zım deyil. Bizə əsil şimpanzelər gərək­dir. Bir məs­lə­hət də verim. Burada heç vaxt öz dü­şün­mək qabliyyətinizdən söz salmayın. Əziz dost, bu­rada sizin yeri­ni­zə də dü­şünənlər var! Bunu heç vaxt unut­mayın."

Ən nəhayət, Bardamyu taleyin əliy­lə Parisin kənar məhəllələrindən birin­də pey­da olur və eynilə əsər müəllifinin özü kimi, şübhəli, xırdaçı, amansız və naşükür insanlar olan kasıbları müalicə edir. On yaş­lı qıza öz qonşularının əzab vermək­dən niyə həzz aldıqlarını qəhrə­man anla­mır. Kafenin pəncərəsindən boylanan pro­fessor Parapinin acgöz baxışlarını mək­təbli qızların ayaqlarına niyə zillədi­yini də kəsdirə bilmir. Pozğun ehtirasların tənqidində Selin heç kimə güzəştə get­mir. Bircə uşaqlardan başqa. Bardam­yu­nun yeganə ümid yeri - onun ürəkdən bağ­landığı körpə Beberdir: "Əgər illah bi­ri­sini sevməyə məcbursansa, onda uşaqla­rı sev; böyükləri sevməklə müqayisədə bu­nun həm riski azdır, həm də uşaqların bi­zim qədər yontanmamış olacaqlarını um­maq çətindir." Amma - yatalaqdan ölə­cəyi üçün - Beberin də gələcəyi yox­dur. Qatil olmağa macal tapmayan Robin­zon isə öz qısqanc məşuqəsinin güllə­sin­dən həlak olur və ölüm ayağındakı dostu­nun əlini əlinə alan Bardamyu bu səhnə­də özü haqda həqiqətləri ortaya qoyur: "Baş­qasına sevgi hissi - həm insanın özü­nə, həm də onun həyatına dəyər qazan­dır­mağa qadirdir. Bu hiss həmişə mənə yad olub. Bu məndə ya heç olmayıb, ya da elə az dərəcədə olub ki, onu yoxa bə­ra­bər saymaq olar… Mən insanlıq hissin­dən məhrum imişəm." Bu etiraf bir az da özünəhökm kimi səslənir.

Söhbət Qərb dünyasından getdiyin­dən Selinin dünyanın sonu ilə bağlı bu yaşantılarını onun sosial durumuyla izah etmək olar. 30-cu illərdə bizdə də bütün bunları beləcə alqıladıqları üçün Selini kapitalizmin, militarizmin və ko­lonia­liz­min (=müstəmləkəçiliyin) tən­qid­çisi ki­mi dəyərləndirirdilər. Hə­min dövrdə əsə­rin rusça çıxan çapına giriş sözündə İ.Anisimov: "Bu kitab - ölümə və çü­rü­mə­yə məhkum kapita­lizm mü­hi­tinin ye­tişdirdiyi kitab ol­maq­la ya­naşı, özündə son­suz dağıdıcı qüv­və də eh­tiva etmək­də­dir" yazırdı.

Amma gəlin görək, Selin nəyə qar­şı çıxırdı - insan naqisliklərinə qarşı, yoxsa bu təbiəti istədiyi kimi yönləndi­rən icti­mai şəraitə qarşı?! Selinin ifşaçı­lıq missi­yası şübhəsizdir. Amma onun nəyi ifşa et­diyi bəlli deyil. Bu suala ikili cavab ver­mək olar, bu isə bizləri yanlış səmtə və fərqli yorumlara aparıb çıxarar. Bəlkə də elə kitabın gizli intriqası da bundadır.

Selinin seçdiyi bədii dil də özünün dar­madağınlığında ən kənar həddə çat­mış bir dünyanın təsvirinə layiq dildir. Bu dil - bədii səviyyəyə çatdırılmış adi kü­çə dilidir, o vaxta qədər mətbuata çıx­mayan, amma Selin sayəsində gün işı­ğı­na çıxan söyüşlərlə, arqolarla, anlatıcının ehtiras və həyəcanlarını birbaşa ifadə edən neologizmlərlə zəngindir. Buradakı dil "gözəl fransız dili" ənənəsindən xeyli uzaqdır və təsadüfi deyil ki, bilərəkdən ya­ratdığı bu uçurumun hədsiz dayazlı­ğın­dan sonralar Selin özü də çox mə­yusluq du­yacaqdı, çünki romanda Ana­tol Frans və Pol Burje üslubunda kələf kimi yavaş-yavaş açılan ifadələr hələ də çox idi. Kitab haqda fikirlər isə haçalanmışdı. Əgər solçular tərəfindən bu əsər sosial tən­qid nümunəsi kimi dəyərləndirilir­di­sə, oturuşmuş fransız ziyalıları isə roma­nı topluma qarşı təhqir, ona tüpürmə, şil­lə və pornoqrafiya kimi qəbul etmişdilər.

Amma Selinin romanının başlıca mə­ziy­yəti - onun sosiallıq əleyhinə olma­sıy­la bağlıydı və öz növbəsində ekzis­ten­sial romanın yaranışını, hər şeydən əv­vəl, "kollektiv üçün heç bir dəyəri olma­yan, adi individin", alışılmı­şa zidd olan ekzistensial qəhrəmanın for­malaşmasını şərtləndirirdi. "Gecənin sonuna səya­hət"dən daha öncə qələmə alınan və onun bir növ qaralaması sayı­lan "Kilsə" pye­sindən alınan bu deyimi gənc Sartr özü­nün "Bulantı" romanına təsadüfən epiq­raf seçməmişdi. Həmin romanın qəh­rəmanı olan Rokanten ki­mi, Kamyu­nun "Özgə"sindəki Merso da - Bardam­yu­nun kiçik qardaşı sayıl­ma­lıdır. "Gecə­nin sonuna səyahət"in uğu­rundan həvəs­lə­nən Selin ikinci ro­manı olan və 1936-cı ildə çapdan çıxan "Ölüm krediti" üzərin­də işə başlayır. Növbəti dəfə tənqidçiləri heyrətləndirmək isə bir qədər çətin başa gəlir.

Bu kitabda, içi Sartr da qarışıq, bütün həssas oxucular gözlənilmədən "kiçik in­sa­n"a nifrət notları ilə qarşılaşırlar. Bir öncəki romanda bu nifrət "kiçik insan"ın məngənəsində çabaladığı dünyaya nifrə­ti­nin və qəzəbinin fonunda nisbətən se­zil­məz olmuşdu. Başqa sözlə desək, Se­linin ikinci romanında anarxizm daha az­dır, insanın mənəvi axtarışlarının puçlu­ğu ilə bağlı tikanlı passajlar isə bir ucdan baş alıb gedir.

"Gecənin sonuna səyahət"ə nisbətən bu əsərdə müəllif önəmli forma yeniliyi kimi uydurulmuş anlatıcıdan imtina edir. Burada biz müəllifə maksimum yaxın, hət­ta onun ikinci adı olan Ferdinandı da­şı­yan qəhrəmanla rastlaşırıq. Əsərin üs­lu­bu spontan danışıq intonasiyasına xeyli yaxındır. Üç nöqtələrin çoxluğu isə artıq yazı üçün xarakterikləşib. Frazalar ara­sın­da bəzən boşluqlar, tam işlənməmiş yerlər hiss olunur ki, bu da bir tərəfdən diskretlik, qopuqluq və yarımçıqlıq ef­fek­ti yaradır, digər tərəfdən isə açıqlıq, Selinin öz ifadəsiylə, "dəliklilik" - kruje­va təsiri bağışlayır. Mətndəki çoxnöq­tə­li­li­yi müəllif özü, postimpressionist rəs­sam Seranın puantilizm (və ya divizio­nizm) üslubu ilə müqayisə edirmiş.

1936-cı ildə Selin Sovetlər İtiffaqı­na gəlir. Səfərdə məqsəd "Gecənin so­nu­na səyahət" romanının rusca çapı üçün qo­no­rar almaq imiş. SSRİ-də iki ay qonaq qalan Selin vətənə dönəndə ora­da necə qarşılandığından ağızdolusu danışırmış. Amma səfər sonrası onun qə­ləmə aldığı "Mea culpa" (latınca "Mə­nim günahım" deməkdir - A.Y.) (1937) pamfletində öz "dəlikli üs­lub"unun köməyi ilə o, so­sia­lizm sayə­sin­də əski ehtişamı «soluxmuş» Lenin­qra­dı təsvir edir və sadə insanın içində yatan səbəblərin maneçiliyi ucba­tın­dan sosial kamilləşmənin mümkün ol­ma­ması fikrini müdafiəyə qalxır. Sosial kamilləşməni "bütün mümkün və qeyri-müm­kün cəmiyyətlərə tamamən yad ün­sür" adlandıran Selin bu zaman "Toyuq nə dərəcədə uçmağa qadirdirsə, insan da bir o qədər insaflıdır" məntiqinə əsasla­nır: "Hansı vəziyyətdə olursa olsun - is­tər ayaq üstə, istər dördayaqlı, istərsə də tamam başqa vəziyyətdə, insanın havada da, yerdə də ancaq bir qənimi var: o da onun özüdür! Başqa qənimi isə heç vaxt olmayacaq…"

Elə bu səbəbdən də Selin sinifləra­ra­sı qarşıdurmanı da rədd edir: "İki ayrı irq varmış! Biri ağalarmış, digəri nökərlər. Yüz faizlik uydurmadır bu. Əslində bu - irsiyyət və bəxt məsələsidir. Bu fərqləri ləğv edən kimi onların heç fərqlənmə­dik­lərinin şahidi olarsınız…" Xoşbəxt­li­yə canatma cəhdlərini o, "ən böyük yan­lış­lıqlardan" hesab edir, çünki reallıqda xoşbəxt olmaq imkansızdır, sadəcə ola­raq böyük və ya kiçik bədbəxtliklər var. Pamfletini Selin bu sözlərlə yekunlaşdı­rır: "Bunlar barədə heç vədə danışmırlar. Halbuki ən böyük inqilab da, ən böyük töv­bə də ancaq səmimi Etirafların inqila­bı ola bilər."

Müəllifə görə, sosialistlərlə müqayi­sə­də keşişlər daha usta yalançıdırlar: on­lar insanı bir "zir-zibil" saydıqları üçün ona o dünyadakı qurtuluşdan başqa heç nə vəd etmirlər. Selin isə, insanın bir "zi­bil" olduğuna inandığı halda, onun o biri dün­yadakı qurtuluşuna da zərrəcə inan­mır­dı.

Qələmə aldığı sonrakı pamfletlər Se­lini bütün normal insanlardan uzaq­laş­dırır. Bu yazılar o dərəcədə çiyrindi­ri­ci­dirlər ki, bəzi oxucuları şübhəyə sa­lırlar: «Bəlkə bu Selin onları barmağına dola­yıb və bütün bu pamfletlər yersiz və ko­bud zarafatı xatırladan parodiya­lar­dır.» Hət­ta A.Jid də bu fikirdə idi və yazırdı ki: "Əgər bütün bunlar zarafat deyilsə, on­da Selin - əsil psixdir."

Amma zarafat etmək Selinin heç ağ­lı­na da gəlmirdi.

Selinə mənən yaxın qəhrəmanın fa­şiz­mə yaxın sağçılıq cəbhəsinə varması­nı Sovet yazıçılarının Birinci qurultayın­da­kı çıxışında Maksim Qorki uzaqgörən­liklə açıqlamışdı: "Lui Selinin "Gecənin so­nuna səyahət" kitabında təsvir olunan və öz sifətini itirmiş çağdaş Qərb yazarı real dünyadan… nihilizm uçurumuna mü­ha­cirət edir. Kitabın baş qəhrəmanı Bar­damyu cəlayi-vətən olub, insanlara nif­rətlə dolub-daşır… çevrəsindəki hər cür cinayətə göz yumur və inqilabçı pro­letariata "qoşulmaq" üçün hər şeydən məh­rum olduğundan faşizmin qəbulu üçün əməlli-başlı yetişib."

Selin anarxizmdən faşizmə qədər ge­dib çıxan yeganə fransız yazarı deyildi. İşğal dövründə fəal kollaborasionist olan Driye la Roşel də oxşar təkamül yolunu keç­mişdi.

Seçim qarşısında qalan bu yazarlar bir müddət haraya yönəlmək barədə tə­rəd­düd keçirmişdilər: sola, yoxsa sağa? Se­çim zərurətinin özü isə heç də ötəri si­ya­si düşüncələrlə deyil, ruhi durumla bağ­lı idi. Çünki daima "gecənin sonunda" bulunmaq, Dostoyevski demişkən, ancaq üsyanlarla yaşamaq olmaz. Çarəsizlikdən qurtulmaq üçün insana möhkəm təməl lazımdır. Yazarlar isə inamsızlıqdan cana gəlmişdilər. Bu mənada həmin illərdə Dri­ye la Roşelin argentinalı müxbirlə söh­bətdə dedikləri dərin maraq doğurur: "Sə­nin imanın, sənin dünya haqda təli­min nədən ibarətdir? Hər halda, bu sua­lın cavabı sizdən ötrü asan olmayacaq. Bəs mə­nim üçün necə? Belə məsələlər­də haqlı olanlar yalnız C.Coys, P.Valeri və A.Jid kimi böyük şəkkaklardır. Əgər mən so­sialist və ya kommunistlərə qo­şul­­ma­sam, gəbərib gedəcəyəm… İndii nis­bə­tən dəqiq fikir yürüdənlər kommu­nist­lərdir, yerdə qalanlar isə idealizmin əsi­­ridir… Amma mən də, eynilə Jid ki­mi, sosializmə çox ləng gəlib çıxmışam. Bü­tün bəla da ondadır ki, kommunist ol­maqdan ötrü materialist olmalısan, mən isə buna yoxam. Materiyanın üs­tün­lüyü­nü etiraf etmək - varlığın təsdiqi sayılır. Mənim isə bəlam ondadır ki, mən nə var­lığı, nə də öz şəxsiyyətimi təs­diq edə bilirəm. Elə buna görə də ro­manlarım ne­qa­tiv yönlərdən məhrum olan kimi zəif alınır. Lourensin yazdıq­la­rını çıxsaq, bugünkü bütün yaxşı əsər­lərdə bir neqa­tiv­lik (=neqativizm) möv­cud­dur… Seli­nin "Gecənin sonuna sə­ya­hət"ini oxuyun. Görəcəksiniz ki, biz də, bizim konve­yer­lərdən çıxan məh­sul­lar (əşyalar) da xəs­tə­dir… İş azacıq səmimiyyət tələb edən­də isə tez bağı­rırıq: "Zibil!"

Selin sosialist ola bilmədi, çünki nə materiyaya tapınmaq iqtidarında idi, nə də ki insana. O deyirdi ki: "Sosializm - bir könül durumu, bir keyfiyyətdir. So­sia­list kimi doğulmaq olar, sonradan so­sialist olmaq isə imkansızdır." 30-cu il­lə­rin bütün avropalıları kimi Selin də yeni müharibənin yaxınlaşdığını, şübhəsiz ki, hiss edirdi. Sosialist ola bilməsə də, Se­lin, savaşın bütün ağrı-acısını təcrübədə ya­şadığından dönməz pasifist (=müha­ri­bə əleyhdarı) idi. Buna görə də pasifizm - onun sığındığı yeganə təmələ çevrilir. Ye­ni savaşı önləmək üçün hər şeyi səfər­bər etmək lazım idi. Selin də sülhü qoru­maq işinə tamamilə fərqli yöndən yana­şa­raq, öz pasifizminin təməlinə irqçilik nəzəriyyəsini qoyur.

"Gecənin sonuna səyahət" romanın­da Selin irqlər və fransızlar barədə çox kəs­kin qənaətlərini söyləmişdi: "Sənin o "irq" dediyin adamlar mənim kimi gözü irinli, bitli, güvəyemiş bir dəstə kimsə­nə­dir. Bunlardan ibarətdir sənin Fransan və fransızların!" 30-cu illərin sonlarına doğ­ru isə Selin Ariya irqinin müdafiəsinə qal­xır, hələ tam qurumamış "astar qa­tı"nın üzərinə zorla çeşidli rənglərin sü­rül­məsinin əleyhinə çıxır. Yeni mühari­bə­nin qızışdırılması üçün məsuliyyətdə Se­lin yəhudiləri suçlayır. Səviyyəli oxu­cu kütləsinin qovarağa saldığı anarxist Se­linin özü də kimləri isə qovmağa giri­şir. Müharibədən sonra verdiyi müsahi­bə­lərdən birində o deyirdi ki: "Semitlər bi­zi nə dərəcədə savaşa təhrik edirdisə, mən də eyni dərəcədə antisemit idim."

Öz mövqelərini Selin "Boş şeylər­dən öt­rü qırğın" (1937) pamfletində belə açıq­­layır: "Mən Hitlerin tərəfində döyüş­mək istəmirəm, eyni zamanda mən, ona qarşı, yəni yəhudiləri qorumaq üçün dö­yüş­mək fikrindən də uzağam. Yəhudilər və ancaq yəhudilər bizi pulemyotlar qa­bağına göndərir… Hitler kimi mən də yəhudiləri sevmirəm… Boş şeylərdən öt­rü əl-haya düşməyə əsas yoxdur… Əgər onlara ikrah duyursunuzsa, bu, ci­na­­yət sayıl­mır… Mən də onlara ikrahla ba­­xıram!.. Yerusəlimdəki, hətta bir qə­dər aşağıda, Nigerdəki yəhudilər mənə ma­ne ola bilməzlər… Həm də heç çür ma­ne ola bilməzlər!.. Mən bütün Konqo­nu, hətta bütün Afrikanı onlara ərməğan edər­dim!.. Mənə yaxşı bəllidir ki, zənci res­publikası sayılan Liberiya onlara məx­sus­dur və birə-bir Moskvanı xatırladır. Həm də elə xatırladır ki, heç təsəvvü­rü­nüzə də gətirməzsiniz…"

Selinin mirasçıları onun pamfletlə­ri­nin təkrar çapını hər bəhanə ilə ertə­lə­yir­lər, çünki buradakı fikirlər para­noyalının sayıqlaması kimi bir şeydir. Amma "əsil psix" (A.Jidin deyimidir) öz dediyində du­rurdu. O, gücə tapı­nırdı. Müharibə baş­­lanana qədər Selin fa­şist vermaxtını Av­ropada təhlükəsiz­liyin təminatçısı sa­yır­dı.

"Boş şeylərdən ötrü qırğın" pamfle­ti­nin adında belə nasizmin düşmənlərinə tə­pinməni sezmək mümkündür. Bunun ar­dınca o, "Ölülər məktəbi" (1938) pamf­le­tini dərc etdirir. Bu pamflet iftiraçılıq bə­hanəsiylə yasaqlanır, onun bütün nüs­xə­ləri müsadirə olunur. Amma Fransa fa­şist işğalı altında olanda Selin girəvə ta­pıb, onu təkrar nəşr etdirir və üstəlik "Qa­rışıqlıq" (1941) adlı bir pamflet də ya­zır.

İşğal dövründə Selinin fəaliyyəti həm fransız ədəbi tənqidi, həm də onun kol­laborasionizmə aidiyyəti baxımından Fransa məhkəmələri tərəfindən dəfələr­lə gündəlik mövzusu olmuşdu.

Müharibənin başlandığı günlərdə hə­kim kimi fransız ordusuna könüllü yazıl­maq istəyən Selini səhhətinə görə hərbi xid­mətə yetərsiz sayırlar. Ver­maxt qo­şun­la­rının Parisə hücumu ərə­fə­sində isə Selin çalışdığı dispanserlə birlikdə La-Ro­şelə evakuasiya olunur. Yalnız barışıq müqaviləsi imzalanandan sonra o, geriyə - Parisə dönə bilir.

Savaş dönəmində Selinin fəaliyyə­ti­ni dəyərləndirmədə iki önəmli mə­qam var. Müharibədən sonrakı illərdə o, öldürücü tənqidə məruz qalmışdı. "Antisemitin por­t­reti" (1945) başlıqlı ya­zısında Sartr ya­zırdı ki, nasistlər Se­li­ni "satın almış­dı­lar". R.Vayyan isə "Biz Se­lini bir də əfv et­məzdik" (1950) mə­qa­ləsində yazarı ko­­la­borasionizm ideo­loq­ları ilə yaxın dost­luq əlaqələri qur­maq­da suçlayırdı.

Selini müdafiə edənlər isə - bunla­rın ara­sında həm keçmiş kollabora­sio­nist­lər vardı, həm də yazarın "solçu" pə­rəs­tiş­kar­ları - onu müdafiə üçün Ta­leyranın "Şi­şirdilən hər şey öz əhəmiy­yə­tini itirir" fik­rinə əsaslanırdılar. Mü­qavimət Hərə­ka­tı­nın bəzi xadimləri Se­li­nin heç də sat­qın olmadığını deyir və bu məsələdə Sartr - Vayyan mövqeyini dəstəkləyən­lər­lə mübahisələrdən də çəkinmirdilər. On­lar Selinin savaş dövrü fəaliyyətində hətta nəcib cəhətlər tapmağa çalışırdılar. Məsələn, Selinin "Seçilmiş əsərləri"nin birinci cildində (1962-ci il) çap olunmuş həyat xronikasında göstərilir ki, Selinin ya­şadığı mənzilinin altında yerləşən mən­zil 1943-cü ildə Müqavimət Hərəka­tı xadimlərinin, xüsusilə də gizli fəaliy­yət göstərən xadimlərin yığışdığı yer idi. Bu fakt doktor Detuşa yaxşı bəlli idi və hət­ta bir kərə o, gestaponun işgəncələri­nə məruz qalmış birisini müalicə də et­mişdi."

Amma genişürəkli davranaraq gizli hə­rəkatcıları ələ verməyən bu həkimin onu aşağılayan hərəkətləri də az olma­yıb. 1942-ci ildə o, fransız həkimlərinin nü­mayəndəsi kimi Berlinə getməyə və oradakı deportasiyaya uğramış fransız fəh­lələri qarşısında alman-fransız işbir­li­yi­ni təbliğ etməyə də razılıq vermişdi. Al­man təmayüllü "Emansipasyon nasyo­nal" qəzetinə verdiyi 21.11.1941-ci il ta­rixli açıqlamasındakı fikirlər də Selinin kol­laborasionizmə münasibətini bildirir: "Şəxsən kollaborasionist olmaqdan ötrü mən, faşist Komendantlığının Kriyona öz bayrağını sancmasını heç də gözləməmi­şəm."

Selinin 21.10.1941-ci il tarixli, Yəhu­di Araşdırmaları və Problemləri İnstitu­tu­nun katibinə ünvanlanan və Parisdə bu institut tərəfindən təşkil olunan antisemit sərgiylə bağlı məktubu 1950-ci ildə "Kom­ba" adlı Paris qəzetində çap edil­miş­di. Bu məktubda Selin öz pamfletləri­ni sərgidəki eksponatlar arasında görmə­mə­sindən şikayətlənir: "Sərgi ilə tanışlıq zamanı stendlərdə nə "Boş şeylərdən öt­rü qırğın", nə də "Ölülər məktəbi" yazı­la­rımı görməməyim məni həm heyrətə gətirdi, həm də kədərləndirdi…"

Yazarın müxtəlif antisemit qruplaş­ma­la­rını birliyə çağırması da kifayət qə­dər məşhurdur: "Birinci cağırışdan yəhu­di düşməni! Bəzən mən fərqinə varıram ki, sıralarımızdakı yeni adamların yəhudi məsələsi ilə bağlı bəzən mənimkilərdən xeyli fərqli konsepsiyaları var və mən bun­lardan xəbərsizəm. Məhz buna görə də biz mütləq bir araya gəlməliyik."

Beləliklə, Selinin zaman-zaman al­manlar əleyhinə, "məğlubiyyət" barədə (əl­bəttə, öz yaxınları arasında) açıqlama­la­rı­nı, kollaborasionist qəzetlərdə düşən­dən-düşənə çap olunduğunu, Almaniya səfirliyinə baş çəkmədiyini nəzərə alsaq belə, onun özü haqda "işğal dövründə mən, yəqin ki, tam ciddiyyət, barışmaz­lıq və qətiyyətlə öz yazıçı adını qoruyan, əsil qələm əhli kimi qalan yeganə yaza­ram" deməyə əsası olmadığını da söylə­mə­liyik. Onun bir başqa fikri isə tam şən­bazlıq kimi səslənir: "Yəhudilərə edə biləcəyim, amma etmədiyim yamanlıqla­ra görə onlar mənə heykəl qoymalıdır­lar."

Fransız yazarı R.Nimye Selinin tut­du­ğu mövqeyin məğzini daha dəqiq ifadə et­mişdi: "Selinin ölüm düşərgələri üçün cavabdehliyini sübut etmək olmaz. Am­ma dilinə gətirdiyi çılğın fikirlər bu dü­şər­gələrə aparıb çıxarmışdı." Məhz elə bu­na görə də heç kim Selinə heykəl qoy­ma­ğa tələsmir. Əksinə, işğal altında olan Fransa ərazisinə yayımlanan London Ra­dio­su bir neçə dəfə xəbər vermişdi ki, Selinə ölüm hökmü çıxarılıb.

İş o yerə çatmışdı ki, Selinlə yanaşı gəzmək və kafedə eyni masa arxasında oturmaq da təhlükə saçırdı: o, istənilən an terror aktının hədəfinə çevrilə bilərdi. Müttəfiqlərin Normandiya sahillərinə çıx­ması da Selinin narahatçılığı üçün ye­tərincə əsas verirdi. Müharibədən sonra verdiyi bir intervyüdə o etiraf edirdi ki, iş­ğaldan azad olunmuş (yeri gəlmişkən, "azad olunmuş" və "azadlıq" kəlmələrini Selin ömrünün sonuna kimi dırnaq içində ya­zırdı) Parisdə qalsaydı, onu məhkəmə­siz də öldürərdilər. Odur ki, 1944-cü ilin iyununda Selin öz xanımı ilə birlikdə məğ­lubiyyət acısını dadma­ğa başlayan Al­ma­ni­ya ərazisindən ke­çib, Danimarka­ya getmək qərarına gə­lir.

Selinin Almaniya macəraları həmin vaxtdan 1945-ci ilin martına qədər da­vam edir. Burada onu xeyli soyuq qarşı­la­yırlar, çünki hamının başı özünə qa­rış­mışdı, dəfələrlə ayaq döyməsinə bax­ma­yaraq, o, Danimarkaya getmək üçün heç cür "ausvays" (=viza) ala bil­mir. Almani­ya­nın yarısını ayaqdan sa­lan­dan sonra o, 1944-cü ilin noyabrında Bavariyadakı Ziq­maringen məntəqəsi­nə gəlib çıxır. Vi­şinin "mühacirətdəki hö­kuməti" də o zaman burada idi. Bu "hö­kumətlə" birlik­də iki minə qədər kol­laborasionist də ümum­xalq qəzəbin­dən qaçaraq, buraya sı­ğınmışdı. Bu adam­larla bir neçə ay bir arada yaşayan Selin həkim kimi fəaliyyət göstərir. Və­ziyyət əsil tragikomik farsa uyğun idi, çünki Ziqmaringen qəsrinin üzə­rində Fransa bayrağı dalğalanırdı, qəs­rin ərazisi Fransa ərazisi elan olun­muş­du, bununla belə qəsrdə almanlara və yaponlara məxsus daha iki «səfirlik" də mövcud idi. Son nəticədə nüfuzlu dost­ları Selin üçün Kopen­ha­ge­nə getmək üçün razılıq ala bilirlər. Müt­təfiqlərin güc­lü bombalı hücumuna məruz qalan ən so­nuncu qatarla Selin, arzuladığı məmlə­kə­tə sağ-salamat ge­dib çıxır.

Bəs niyə Danimarka? Bu, əsasən ma­liyyə məsələləriylə bağlı idi. Selinin təx­minlərinə görə, onun müharibəyə qədər çap olunan kitablarının qonorar­la­rı Dani­mar­kaya göndərilmişdi. Amma bu ölkə­də də Selinin ümidləri qayaya rast gəldi və o, heç qara qəpik də ala bil­mədi. Na­sistlər darmadağın edilən­dən sonra Selin Kopenhagendə uydur­ma soyadla yaşasa da, ədalət diva­nın­dan qaçıb qurtula bil­mə­di. 1945-ci ilin de­kabrında yerli polis onu həbs edərək, məhbəsə atır. Sol­çu fran­sız mətbuatı bu xəbəri təq­dirlə qarşı­la­yır. Amma Danimarka tərə­fi Selini fran­sızlara təslim etməyə razı olmur və, de­mək olar ki, ona qarşı xeyli yumşaq dav­ranır. On dörd ayını nor­mal həbs şə­raitində keçirən yazar (sonralar o, həbs müddətinin daha uzun, şəraitin­sə xeyli ağır olduğunu iddia edə­cəkdi), Dani­mar­ka ərazisini tərk et­mə­mək haq­da verdiyi and qarşılığı sər­bəst buraxı­lır.

Danimarkada bulunduğu müddətdə Selin xeyli məhrumiyyətə qatlaşır. O, Ko­penhagendən Baltik dənizi sahillə­rin­dəki Kerso balıqçı qəsəbəsinə köçür. Bu ara Parisdə onun barəsində məhkə­mə işi açılır. Nəşriyyatlar onun əsərlə­ri­nin ça­pın­dan imtina edərək Selini "kol­la­bo­rasionist qığı" adlandırırlar. 1950-ci ildə Pa­risin Məhkəmə palatası Selin barədə qi­yabi olaraq bir illik həbs cəzası və əlli min franklıq pul cəzası hökmünü çıxarır. Sonrakı il Selinin tərəfdarlarının səyləri nəticəsində Parisdəki Hərbi tribunal hök­mü müzakirə edərək, yazara bəraət qa­zan­dırır və Selin vətənə dönmək imkanı əldə edir.

Maraqlıdır ki, Paris ətrafındakı Me­don qəsəbəsində yaşayan və təzədən hə­kimliklə məşğul olan Selin ömrünün son il­lərində hansı mövqe tutmuşdu? Gö­rən o, heç peşimanlıq hissi keçirirdi­mi?

Heç də yox. O özünü pisniyyət işlər görən adamdan daha çox ədalətsizliyin qurbanı, haqsız incidilmiş birisi sayırdı. Selin bir qədər də irəli gedərək, "Eks­press" jurnalına 1957-ci ildə verdiyi bir intervyüdə özünü "axmaq" adlandır­mış­dı. Bir başqa intervyüdə isə etiraf et­miş­di ki, yə­hudiləri Fransadan qovub çı­xarmağa ça­ğırmaqla başından böyük qələtlər edib­miş: "Mən özümü haradasa XV Lüdovik və ya XIV Lüdovik zənn edirdim, bu isə də­rin yanılqı idi. Halbu­ki mən kim idim­sə və necə idimsə, elə də qalmalıydım və mumlayıb öz yerimdə oturmalıydım. Günahlarım şöhrət, şənbazlıq həvəsiylə işlənmişdi, bir də ki, avamlıqdan. Sadəcə susmalıydım… O vaxt qaldırılan prob­lem­lər mənim yemim deyildi."

Alman ordusu haqda Selin yazırdı ki: "… əgər almanlar savaşa girməyib, ordu­la­rını olduğu kimi qoruyub-saxlaya bil­səy­dilər və olduqları kimi (yəni nasist cildində - V.Y.) qalsaydılar, onda bizim­kilər (yəni fransızlar - V.Y.) də Əlcəzairi əldə saxlayar, Süveyş kanalını və Hindi-Çini itirməzdilər." Ömrünün son illərin­də Selinin əvvəllər yəhudilərə qarşı yö­nələn fikirləri indi də sarı irqi özünə hədəf seçmişdi. Yaşadığı sonuncu günə kimi Selin çinlilərin Fransanı işğal edə­cəkləri barədə israrlı proqnozlar verirdi. O, Fransanın hər cəhdlə öz müstəm­lə­kə­lə­rini əldə saxlamasının tərəfdarıydı, müs­təmləkəçi və irqçi (=rasist) mövqelə­rindən geri çəkilmirdi.

Selin bütün ömrünü mizantrop (=in­sanlardan çiyrinən birisi) kimi yaşadı. Se­li­nin yaradıcılığını araşdıran və Dani­mar­kadakı kənddə yaşayan yazara baş çə­kən amerikalı Milton Hindus Selinin həm insanlıq keyfiyyətlərindən, ("Selin - əsil əfi ilandır", "Onu həqiqətən maraq­lan­dıran yeganə şey varsa, o da ancaq pul­dur"), həm də ideyalarından ("Hitler - Britaniya kəşfiyyatının casusu idi") dəh­şətə gəlmişdi. Müsahibələrindən birində Selin deyirdi: "Almanlar - dözülməz­dir­lər, onları çəkməyə heç tabım yoxdur. Qəd­darlıqları və axmaqlıqlarından daha betər dərəcədə dözülməz və kütdürlər. Bə­li, onlar əsasən dözülməz və kütdür­lər." Müharibədən çıxmış və hələ Müqa­vi­mət Hərəkatının tarixin eksponatına çev­rilmədiyi Fransada Selinin yazarlıq is­tedadı onun vaxtilə yol verdiyi siyasi səhv­ləri unutdurmaq üçün yetərli deyildi. Am­ma zaman yavaş-yavaş da olsa, Seli­nin xeyrinə işləyirdi. Belə ki, 1950-ci il­lə­rin sonları üçün "Qallimar" nəşriyyatı kitablarının çapı ilə bağlı onunla danışıq­la­ra başlamışdı.

Oxucularını özünə qaytarmaq istəyən yazar yeni mövzu axtarışlarına girişir. Bu məqsədlə o, özünün Almaniyaya qaçışını seçir. "Qəsrdən qəsrə" romanının qələ­mə alınma səbəbini açıqlayan Selin 1957-ci ildə deyirdi: "Artıq neçə illərdir ki, mənim adımın üzərində yasaq var. Bu­na görə də mən, kitab yazarkən Peten­den, Lavaldan, Ziqmaringendən söz aç­ma­lıyam, çünki istəsən də, istəməsən də və nə qədər acı da olsa, bunlar Fransa ta­ri­xinin bir mərhələsidir. Təəssüflə xatır­lan­sa belə, bunlar Fransa tarixinin bir fəs­li­dir. Bu mərhələ olub və vaxt gələ­cək bu barədə məktəb kitablarında da ya­zı­lacaq…"

Selinin əsərləri arasında onun İkinci Dünya müharibəsi haqda "Qəsrdən qəs­rə" (1957), "Şimal" (1960) və "Riqodon" (yazarın ölümündən sonra, 1969-cu ildə çap olunub) romanlarından ibarət trilogi­ya xüsusi yerə sahibdir.

Bu əsərlərdə ən maraqlı cəhət anlatı­cı­nın hadisələrə baxış nöqtəsidir. Bu ba­xış nöqtəsi Avropanı xilas edənlərin, haq­qı, ədaləti bərpa edənlərin, qaliblərin möv­qeyindən də, məğlubların, yəni mü­ha­ribəyə hərbi bəla kimi baxan alman­la­rın mövqeyindən də eyni dərəcədə uzaq­dır. Müəllif heç bir tərəfə, cinaha üstün­lük vermir. Bununla belə o, heç də neyt­ra­lizmin özünə qapalı modelinin ifadəçi­si­nə, hadisələrin neytral seyirçisinə çev­ril­mir. 1944-cü ilin sonu və 1945-ci illə­rin ilk aylarından öz canının hayında olan nasist Almaniyası haqda bu trilogiyanı o, məhz xain birisinin mövqeyindən yazıb, çünki Selin - əslində belə birisiydi. Elə buna görə də kitabın özəyi çarəsizlik və gələcək barədə bədbinlik hisslərindən yoğrulub.

Məğlub tərəfdən fərqli olaraq xain heç bir mərhəmətə layiq deyil, insanlıq anlayışına görə o, nəinki cəzaya, üstə­lik, nifrətə də layiqdir. Trilogiyadakı bi­rinci romanın ən önəmli yerlərindən sayılan, na­sist Almaniyasının Parisdəki keçmiş səfiri Otto Abeçlə anlatıcı ara­sında gedən məşhur dialoqda ikinci tə­rəf (anlatıcı) öz vəziyyətini çox yaxşı an­layaraq, qarşı tə­rə­fin durumuyla özü­nünkü arasındakı "çox kiçik fərqin" var­lığında israr edir: "Am­ma, amma, cənab Abeç!.. arada ki­çik fərq var!.. gə­lin, bunu görməməzliyə vurmayın!.."

«Axı, Abeç, hər nə qədər asılılıqda, hər tərəfdən düşmən əhatəsində və dar­ma­dağın vəziyyətdə olsanız belə, siz ye­nə də işğal olunmuş vətəninizin sadiq və şüurlu oğlu, hətta onun fəxri olacaqsınız, lənət şeytana! mən isə əbədi olaraq, mü­xənnət kafirlər kimi, bir bambılı kimi daim lənət hədəfinə çevriləcəyəm!.. mə­ni asmaq da azdır!.. məndən ötrü ailəmin və övladlarımın başı aşağı olacaq!.. məni qarşınıza çıxan ilk ağacdan assanız, yenə yeri var!.. indi fərqimizi anladınız, cənab Abeç?»

Trilogiyada anlatım, müəllifin soyadı­nı daşıyan, özünün bütün həyat yolu və dü­şüncə tərzi ilə ona maksimum yaxın olan xainin dilindən verilir. Bütün bunlar­la yanaşı qəhrəman, bədii mətnin imma­nent qanunlarına əsasən normal inkişaf yolu keçən, hərtərəfli açılan, canlı bir ob­raz­dır. Bu adam öz çarəsizliyini anlayır, onu da anlayır ki, yeganə çıxış yolu qaç­maqdır. Qaçır da. Elə buna görə də qaçış mövzusu ətrafında təqdim edilən anlatım nəticəsində biz, «sakral» (=gizli, sirli, qut­sal, müqəddəs) sərhəd mövzusu ilə qar­şı-qarşıya qalırıq. Sərhədi aşmaq şəx­siy­yətin dəyişimini də doğurur: cəzadan qurtulmaqdan ötrü neytral bir ölkəyə qa­çan xain sonradan səfil və bədbəxt qaç­qı­na çevrilir, yadların tünlüyündə öz səa­də­ti­ni aramağa başlayır.

Trilogiyadakı Almaniya (bu ölkə ilə bağ­lı başlıca metafora baxımından) - nə­həng bir tələdir. Onun ətrafında qu­rul­muş olan müdafiə halqası durmadan daralır, müt­təfiq orduları şərqdən də, qərbdən də hü­cuma keçərək, onun başına bombalar yağ­dırırlar. Məhşər gününü xatırladan be­lə bir şəraitdə anlatıcı bu «halqadan» (=öl­kədən) leqal və ya qeyri-leqal yol­lar­la qurtulmaq üçün dəridən-qabıqdan çıxır. Trilogiya­dakı ikinci romana öz adını ve­rən Şimal - əslində onun üçün bir ümid ye­rinə çev­rilir: burada coğrafi termin tari­xi du­ru­mun önünə keçməyə cəhd edir.

Amma hər şey mənasızdır. Selini Da­ni­markada nələrin (almanlarla işbirliyinə görə Kopenhagendə on dörd aylıq həbs cə­zası) gözlədiyini oxucu hələ trilo­giya­nın ilk səhifələrindən də anlayır: sonluğu bəri başdan açıqlayan anlatım, ümidlərin puça çıxması və çarəsizlik notlarıyla ta­mam­lanır.

Trilogiya Selinin həyatının 1950-ci il­lərdəki axarı ilə bağlı uzun-uzadı proloqla (=girişlə) başlanır: burada o, həmin dövr üçün aktual olan siyasi mahiyyətli açıq­la­ma­larını da oxucuya təqdim edir. Bunun ar­dınca isə onun bilərəkdən qarmaqarışıq şəkildə verilən anlatım xətti qəflətən Se­li­nin həyat tarixçəsinin son hədəfinə, onun Kopenhagendə həbsi faktına yönəl­dilir: «Bütün bunlarda qorxulacaq heç nə yoxdur!.. deyin görüm… ölən milyonlarla in­san sizdən daha günahsız idi, deyilmi?! Əlbəttə ki!.. şəhərdə dolaşarkən, inanın ki, mən məhz bu haqda düşünmüşəm… həm də bir dəfə yox!.. iyirmi dəfə! otuz kə­rə! Kopenhagenin bu başından ta o biri başına kimi… bu «gəzintilərim» xüsusi mü­şayiət altında keçirdi… avtomatlı və qa­raqabaq polislərlə tıxcanmış, metal qə­fəs­li avtobuslarda gedərkən mən çox dü­şünmüşəm… burada «cinayət işləyənlər» və «siyasi turistlər» əlləri qandallı oldu­ğun­dan özlərini üzüyola aparırlar… tür­mə­dən ancaq prokurorluğa yollanırlar… son­ra da geri…»

Anlatımın bu kiçik bölümündən trilo­gi­yanın bütün stilistik cəhətlərini sezmək olar. Əvvəla, anlatıcının subyektiv anlayı­şı­na görə o, günahsız birisi təəssüratı ba­ğış­layır. İkincisi, onu heç vaxt tərk etmə­yən yumor hissi ən faciəli olayların təsvi­rin­də də anlatıcını tərk etmir. Bu «qara yu­mor» sayəsində dustaqlar «turist» kimi qə­ləmə verilir və sairə. Üçüncü xüsusiy­yət ardıcıllıqdakı pozuqluqla və ya qo­puq­luqla bağlıdır: oxucunun gözündə çox da ağır sayılmayan cəza tədbiri haqda sual­dan başlanan anlatım avtobusda «gə­zin­ti» haqda hekayətlə bitir və əsərin qa­lan bölümlərində günahkarlıq-günahsızlıq mövzularına bir daha toxunulmur.

Selinin yaratdığı anlatıcı obrazını xü­su­silə qeyd etməyə dəyər. Trilogiyadakı «Qəsr­dən qəsrə» adlı ilk romanda biz is­veçli uşaqların həyatını xilas edən «xeyir­xah həkim»lə rastlaşırıq. Son dərəcə «anor­mal» durumların girdabına düşən bu hə­kim (əlbəttə, səbəbi və mahiyyəti gizli qal­maq şərtiylə) həmişə başqalarına yar­dı­ma can atır: hamilə qadınlara, yaralı əs­gərlərə, mühacirətdəki nazirlərə və sair. Çünki onları ilk növbədə «xəstə» kimi də­yərləndirir və burada gizli bir an­ti­no­mi­ya («sağlam həkim - xəstə cəmiyyət») üzə çıxır. O, hamı ilə asanlıqla razılaşır, Se­linin cavabları heç vaxt «əlbəttə! Əl­bəttə ki!» sözlərindən xali deyil. Bu isə əslində ətrafındakılara və bütün aləmə qar­şı onun yadlığından, soyuqluğundan və sayğısızlığından xəbər verir: «Allah xət­rinə, nə edirsinizsə edin, yetər ki, açı­lın başımdan!»

Selinin trilogiyada verilən çarəsiz an­la­rı tez-tez gülüş doğurur: bu, hər şeydən əv­vəl «Yeni Avropa» qurmaq haqda hay-küyçü ideyanın və nasist təbliğatının puç­lu­ğunu görən birisinin acı gülüşüdür. «Ye­ni Avropa» haqda mifin yaradıcıları ilə o, Ziqmaringendə təkbətək görüşür. On­ların arasında Almaniya ilə Fransa ara­sında minillik saziş haqda utopik ideyanın tərəfdarı olan Otto Abeç, tibb sahəsində xid­mətlərinə görə Almaniyanın işğalı ərə­fəsində Selinə öz himayəsini ağayana şə­kildə təklif edən utopist Pyer Laval da var. Selin buna cavab olaraq, Atlantik okean­dakı Sen-Pyer və Mikelon adaları­nın qubernatoru olmaq istyəyini dilə gəti­rir, çünki müharibəyə qədər bir dəfə ora­la­rı gəzib görübmüş. Maraqlıdır ki, belə gözlənilməz xahişdən Laval heç də karıx­mır: «Söz verdim!.. razılaşdırdıq! qərar ve­rildi!» deyərək, bu qərarın rəsmiləşdi­ril­məsini öz katibinə tapşırır. Lavalın qə­bulunda olması haqda hekayətini Selin bu kinayəli sözlərlə bitirir: «Əsas odur ki, o vaxt qubernator təyin olundum və hələ də o vəzifədə qalıram!..» Amma Lavalın qə­ra­rına acı-acı gülən Selin kollaborasio­nizm ideoloqu kimi 1945-ci ildə məhkə­mə hökmüylə güllələnən bu adamı sülh­se­vər birisi kimi qələmə verir: «Laval ba­rı­şıq tərəfdarıydı… sülhsevər idi!.. həm də vətənpərvər!.. müharibə düşmanı idi!.. indi öz ətrafımda ancaq cəlladları görü­rəm… yox, o, bunların tayı deyildi! yox, deyildi! yox!.. mən aylarla onun evi­nə, qəsrdəki iqamətgahına gedib-gəlmi­şəm… Lavalın Hitleri görən gözü yox idi, bil­mək istəyirsinizsə, o, yüzillik barışığı­mı­zın tərəfdarı idi…» Lavalın «sülhse­vər­li­yi­nə» misal olaraq isə Selin, təkcə onun Ziq­maringen vağzalında bir qarşı­dur­manı ön­ləməsini misal gətirə bilir.

Amma Lavalın müdafiəsinə qalxan Selin əslində özünü müdafiə etmirmi? Bu ağılsız dünyaya qarşı o nələri qoyur? "Xeyirxah doktor"un ardınca o, bizə ilk növ­bədə özünün daimi yol yoldaşların­dan olan və səbətdə səyahət edən sevim­li pişiyi Beberi təqdim edir. Bütün hey­van­ları sevən Selin özünün "Riqodon" ro­­ma­nını məhz heyvanlara həsr edib. Tri­loqiyadakı Beber obrazı insan ağıl­sız­lı­ğı­na alternativ kimi təqdim olunur. Saf­qan­lı (=yəni cins) olsa belə, nəsil vermə­yən heyvanları məhv etməyi tələb edən na­sist qanunlarının məngənəsindən zor-bə­la qurtulan Beber - məhz səbirli, an­la­yış­lı və sağlam düşüncəli olduğundan - tri­lo­giyanın hər barədə müsbət qəhrəma­nı­dır. İkinci müsbət qəhrəman - Selinin xa­nımı Lilidir. Bir digəri - dünyanın sonu ya­xınlaşsa da, öz sənə­tiy­lə məşğul olan, səhnəyə çıxmaq üçün hər cür imkan ax­ta­ran və rəqs dərs­ləri verən rəqqasədir: qanlı müha­ribə fonunda onun missiyası oxu­cuya son dərəcə sülhsevər təsir ba­ğış­la­yır.

Adətən avtobioqrafik romanlar qəh­rəmanla prototipin, anlatıcı ilə müəl­lifin sərhədlərini ayırd etmək baxımından qə­liz problemlər düyünü yaradır. Bir də ki, ən "dəqiq" avto­bioqrafiya da özündə müəy­yən qədər uydurma ehtiva edir. Öz tri­lo­giyasında Selin bu problemi uydur­ma­nı güclən­dir­mək, onu hiperbolaya çe­vir­mək yo­luyla həll edib. O, heç də yad­da­şının və gerçək faktların əsirinə çev­ril­mir, çünki belə bir əsirin hər şeyə, həm də axıra qədər sadiq ola biləcəyinə inan­mır. Selin öz hafizəsi ilə tərs ilişkilər qur­­mağa can atır, yəni çalışır ki, yaddaşı onun yazı üslubuna xidmət etsin.

Selindən ötrü yaradıcılıq prosesi özü­nüi­fadə üçün tam yetərlidir, çünki o, par ex­cellence yazardır. Özünü bir o qədər də və ya heç də müdafiəyə can at­mayan bu yazarı daha çox zidd qütbləri (gülüş­lə­ri, göz yaşlarını) öz içi­nə alan anlatımın axıçılığı maraqlan­dı­rır, çünki bu axıcılıq emosiyaların saf (=qarışıqsız) mətnə çev­rilməsinin əsa­sı­dır.

Selinin üsluba bunca dəyər vermə­si­ni onun öz əlyazmaları üzərindəki işin­dən də görmək mümkündür. Selinin adi danı­şıq dilində, rahat başa düşülən anlatımı oxu­cuda elə yanlış təsəvvür oya­da bilər ki, guya Selin bu mətni bir­nəfəsə və ne­cə gəldi yazıb. Sanki bütün bu söz axını impulsiv şəkildə, ehtiras və emosiyalar axı­nı kimi, həm də hər cür sığalsız, yan­sı­masız gəlir. Amma elə ki, Selinin mətnlər üzərində son də­rə­cə pedantcası­na (=xırdaçı) işinin ana­li­zinə başlayırsan, da­nışıq dilini vermək üçün onun hansı əziy­yətlərə qatlaşdığı üzə çıxır. Bu mə­na­da Selinin yazı üslu­bu əslində sürrea­list­lərin avtomatik ya­zı ideyasının tam ək­si kimi dəyər­lən­di­ril­məlidir. Adətən ağır templə yazan Selin bir mətni azı dörd dəfə, bəzən isə daha çox təmizə çə­kirdi. Odur ki, onun mətnində hansısa "qarışıqlıq" gözə də­yir­sə, deməli bu, bi­lə­rəkdən və özəl niy­yətlə yaradılmışdır.

Selinə görə, ədəbiyyatda romana məxsus mərhələ XX yüzildə yekunlaş­ma­ğa doğru gedir, bu ara onun funksi­ya­ları da dəyişimə uğrayır: "Hazırda ro­man, əvvəllərdə olduğu ki­mi, artıq in­formasiya mənbəyi (=qay­nağı) missi­ya­sı­na xidmət etmir. Balza­kın dövründə kənd əczaçısının həyat tər­zini onun əsə­rindən öyrənirdilər. Öz ailə ocağına xə­ya­nət edənlər Floberin "Bo­vari"siylə lə­ya­qətsiz hərəkətlərinə haqq qazandı­rır­dılar və sair. İndi isə biz bütün bun­ları mə­nimsəmişik, bu sahədə bilgiləri­mizin artmasına məhkəmə də, mətbuat da, te­le­vi­ziya da, tibbi-sosioloji anketlər də ki­fa­yət qədər imkan yara­dır… Artıq bunların za­manı keçib. Odur ki, mən romanın sə­nəd­li və psixo­lo­ji rolunun tam tükəndiyi qənaətin­də­yəm."

Onda romanlıq nə qalır ki?

"Romana ancaq üslub, bir də insa­nın öz içində cavabladığı durumlar qa­lır."

Bu fikrini sübut məqsədilə Selin özü kübar cəmiyyətin təmsilçisi olan və ən xırda pederastiya (=oğlançılıq) halla­rı da daxil, çevrəsində gördüyü hər şeyi qə­lə­mə alan Marsel Prustu misal gətirir. Seli­nin qənaətinə görə, "insan, həyatın onu yer­ləşdirdiyi cizgidən çıxmamaq şər­tilə, bütün gərəkli informasiyanı top­lamağa qey­rət göstərməli və zamanla bunu öz üs­lu­bunda işləməlidir."

Buradakı «öz üslubunda işləmə" de­yi­mi son dərəcə önəmli əhəmiyyətə ma­lik­dir və bundan ötrü gərgin səylərə, ağır zəhmətə ehtiyac var. Üslub heç də fa­si­ləsiz nəyi isə üyüdüb-tökməkdən, hər fik­ri danışıq dilində verməkdən ibarət deyil­dir. Çalışmalısan ki, bu "üyüdüb-tökdü­yü­nü kağız da götürsün". Bəzən 400 səhi­fə­lik çap mətnindən ötrü 80.000 səhifə əl­yaz­masına ehtiyac olur. Amma oxucunu be­lə şeylər maraqlan­dır­mır, gəmidəki sə­ya­hətçi kimi o, bun­ları sezmir. Göyərtə­nin altında olub-ke­çənlərin ona bir elə dəx­li yoxdur, çünki o, dəniz mənzə­rə­sin­dən, kokteyldən, vals­dan və əsən mehdən həzz aparır.

Hər dövrün özünəməxsus bir (və ya bir neçə) üslubu olur. Zamanla bu üs­lub­lar qartıyır və yeni yazarlar özləriylə ye­ni üslublar gətirməklə qocaların köhnə­lən üs­lublarını ələ salmağa girişirlər.

Selinin fikrincə: "ayrı-ayrı sözlər üsul­luca öz adi məna hüdudlarını aşıb, bir növ, asqıdan qurtulmuş kimi hərəkətə gə­ləndə və oxucuya bu yeni məna hüdud­la­rı­nı məhz qəbul etdirəndə yeni üslub ya­ra­nır. Bu, çox üsulluca ol­malıdır! Çox, çox üsulluca! Çünki bu­nu basqı yoluyla et­səniz, mütləq səhvə yol verər, ya­nılarsı­nız."

Məna hüdudlarıyla oynamaq yazar­dan sözə qarşı sonsuz həssasiyyət və eh­tiyat tələb edir. Bu ara sözün öz daimi oxundan çıxması önlənməlidir.

Bu oxun adı isə - emosiyadır.

Selin poetikasında bu anlayış hər şe­yin mərkəzində dayanır. Bu mənada Se­lin İoannın (=Yuhənnanın) "İncil"in­də­ki ilk cümlə ilə razı deyil. Selinə gö­rə, əv­vəlcə Söz yox, Emosiya olub. Söz daha sonralar və emosiyanı özüylə əvəz (və ya ifadə) et­mək üçün yaranıb. Ey­ni­lə beləcə atın da dördnala qaçışı za­man­la löhrəm (=yort­ma) yerişə keçir.

Yazara görə: soyuqqanlı kino sənə­tin­dən fərqli olaraq, emosiyalarla zəngin olan ədəbiyyat heç də yalnız "dərin hiss­lə­rin" təsviri üzərində qurul­mama­lı­dır. Sen­timentallığa yer yoxdur burada: "Ya­zarsansa, abrını da qorumalısan." Sırf sev­gi intriqalarından isə vaz keçil­mə­lidir.

Emosiyalar yazarı özünüifadə yolu­na çəkir. Burada isə ən uyğun anlatım birinci şəxsin dilindən ola bilər, hətta bu­rada an­la­tıcı özünü o dərəcədə oxu­cuya sırıyır ki, ara-sıra mənbazlığına gö­rə oxucudan üzr istəməsinə ehtiyac do­ğur.

Süjet xəttinin seçimi də emosiyala­rın şiddətinə bağlıdır. Emosiyalar güclü ikən, diri ikən onları fiksləmək lazım­dır. Selinə görə, klassik ənənədən fərqli olaraq, çağ­daş yazar yazı prosesində heç də buz kimi soyuq (=tərəfsiz) olmama­lı­dır, çünki emo­siyalar gerçəkliyi dəyiş­mə­yə, onu sub­yek­tiv rənglərdə alqıla­ma­ğa şərait ya­ra­dır.

"Seçili faktların ustası" kimi tanınan Se­lin olaylara obyektiv yanaşımı fərdi ya­na­şıma qurban vermək tərəfdarıdır. Bu xətdən imtina isə XIX yüzil realizmindən (=gerçəkçiliyindən) imtina deməkdir.

Selinə görə, yazarın orijinallığı - onun öz emosional ritmini, bir növ, öz züm­zü­mə­sini tapmasından başlanır.

Bənzər fikirlərində Selin bənzətmə kimi yalnız musiqi metaforalarından ya­rın­mır. Bir neçə dəfə o, stilistik obraz ki­mi metronu seçir. Hələ "Gecənin so­nu­­na sə­yahət" romanı üzərində işləyən Selin, Parisin bu başından o başına get­mək üçün iki mümkün yol sezmişdi. Bun­lardan biri - yerüstüdür və maşınla, velosipedlə, pi­ya­da qət edilir. Bu yol­çuluq əsnasında ad­dımbaşı maneələrlə rastlaşdığından vax­ta­şırı dayanmalı, göz­­lə­məli olursan. Sə­yahətin ikinci üsu­lu da var: bu, metro ilə - əşya və olay­la­rın tam içiylə - durmadan hə­dəfə doğru getməkdir. Amma sənətdə belə səyahət o zaman mümkündür ki, ya­zar nə vaxtsa rels­dən çıx­ma­ya­ca­ğından əmin ol­sun, bu əmin­li­yi isə ona ancaq və ancaq dəqiq ritm hissi aşılaya bilər.

Məzmun mə­sə­ləsinə gələndə isə Se­lin onu çox vaxt üslubla eyniləşdirir. Bu za­man daha çox postimpressionist rəs­sam­ların təcrü­bə­sindən faydalanan yazar deyirdi ki, Seza­nın alması, Renuarın ay­na­sı, Pikassonun qadınları, Vlaminkin ko­ma­sı - əslində məzmunun deyil, üslubun da­şıyıcısıdır.

Selin hesab edirdi ki: "Mənim ki­tab­la­rım daha çox orta çağların dastanlarını xa­tır­ladır. Bunlar nəsr deyil, nəğmələrdir… Birinci sözdən sonuncuya qədər onlar son dərəcə gərgin axıcılığa (=musiqiyə) mA­lik­dirlər, burada artıq heca tapmaq imkan­sızdır… Mən daim rəqsə köklənmişəm. Mən adi yerişdən çox-çox uzağam."

Mövzunun dəyişimə uğraması haqda da Selinin bəzi fikirləri var: özün haqda da­nışmağa başladınsa, "özünü qarala­maq­dan və qaralanmaqdan çəkinməməlisən". Bəs bu qara yaxmağa meyl onda haradan­dır? Görünür, bu, varlıqların ən intim qat­la­rına enməklə, varlığın metafizik planıy­la bağlıdır. Çünki gecənin sonuna yol alan səyahətçi kimi Selin bütün həyatın ucdan­tut­ma bir can çəkişməsi olduğu fikriylə hə­mişə barışıq olub.

Selinin əsərlərindəki yumor hissi də qeyd olunan metafizik plandan qaynaqla­nır: "Mənimlə təmas quran hər bir insan mənim gözümdə ölüdür, istəsəniz, onu mü­vəqqəti və ya bircə anlığına yaşayan ölü də saymaq olar. Mənim də içimdə daim ölüm cücərir və bu, mənə gülünc gəlir! Ən vacibi isə odur ki, mənim bu ölüm rəqsim ən böyük fars kimi mənə ləz­zət verir… Əminəm ki, bu aləmdə hə­yat da, ölüm də məzəlidir. Elə ona görə mə­nim kitablarım da, varlığım da mə­zədən yoğrulub."

Poetika haqda fikirlərini Selin heç vaxt bir düzənə salmayıb, onları meta­fo­rik şəkildə açıqlayanda isə heç vaxt daxili ziddiyyətlərdən hürkməyib. O, filosof­Lu­ğa və nəsihətçiliyə can atan yazarları sev­mir, əxlaqı - kilsənin, üslubu - yazarın də­yəri sayırdı.

R.Nimyenin "Şimal" romanı haqda (əs­­lində bunlar ümumilikdə Selin yaradı­cı­lığı üçün də keçərlidir) dedikləri çox ma­raqlıdır:

"Əxlaq dərsindən daha çox, "Şimal" ro­manı bir üslub dərsini xatırladır. Burada yazar məsləhət verməyə ehtiyac duymur və Ordu, Din, Ailə… haqda fikirlər ye­ri­nə həmişə çox ciddi anlayışlardan (insa­nın ölümündən, qorxularından, ağciyərli­yin­­dən) söz açılır".

Bəzi tənqidçilər sübut etməyə çalışır­lar ki, fərqli yorumlara, dindarların qəzə­binə səbəb olan fikirlərə bilərəkdən meyl edən Selin özünü əsasən "alçaldılmış və təhqir olunmuş" bir yazar kimi tanıtmağa çalışırdı. Bu cür mazoxist yorumları yazar özü də tam inkar etmirdi: "Düzünü etiraf edəcək olsam, əgər məndən hamı üz dön­də­ribsə, əgər bütün dünya-aləm mənə qar­şıdırsa, bunun əsasında könüllü bir is­tə­yin durduğu kəsindir. Populyarlaşmağa gələndə isə… Deyə bilmərəm ki, şöhrət­dən hər vəchlə qaçmağıma rəğmən buna ur­cah oldum. Əgər ad-sandan qaçmaq is­tə­səydim, bundan asan heç nə yox idi, sadəcə susmağım yetərliydi… Həyatdan umduqlarımın hamısı başıma gəlib…"

Amma bütün bunlar yazara nə verdi?

Selin deyirdi: "Mən yalqızam. Məhz nəsnəyə tam yaxınlaşmaq üçün tənhalıq­da­yam. Seçdiyim nəsnəni hədsiz sevirəm. İndi nədənsə nəsnələrdən daha çox çox şəxsiyyəti araşdırırlar. Mən isə özünə nəs­nə ilə məşğulam."

Hər cür çətinliyə rəğmən daim tənha və üsyankar ruhlu insan kimi çevrəsinin anlamadığı, həyatı göy əskiyə düyülmüş, alçaldılmış peyğəm­bər kimi, sonuncu lə­nətlik yazar kimi, ekstravaqant şəxsiyyət kimi, estet kimi, qadın (xüsusilə də rəq­qasələrin) gözəl­liyinin arifi kimi, heyvan­la­rın (itlərin, pişiklərin) hamisi kimi Selin çoxdan ədəbi mifə çevrilib.

Mifləşmədən söz düşmüşkən onu da əlavə edək ki, bu, Selinin siyasi çabala­ma­la­rının yox, yalnız ədəbi istedadının bəhrəsidir. Selinə bəraət verilməsi prob­le­mi bugünkü gənc oxucular nəslini bir o qədər narahat etməsə də, onların arasında Mü­qavimət Hərəkatına "yeni dəyər biç­mək" tərəfdarları ara-sıra tapılır. Onları hey­rətə gətirən isə Selinin zalim düha­sı­dır, çünki onun yaradıcılığının xarakteri və Selin fenomeni məhz bu sayədə for­ma­laşıb.



"Selin" adlı zalim düha fransız dilini ritorikadan (=bəlağətdən) və saxta səmi­miy­yətdən xilas etdi. O, sözün arxasında ya­tan saf ehtirası üzə çıxardı. Selinin pa­ram-parça fiquru bəlkə də eybəcərdir. Am­ma onun ədəbi istedadı­nı kiçiltmək üçün tək-tük bədxahın işinə yarayacaq par­çalara da ehtiyac yoxdur. Bir nöqsanlı cəhət digər üstün cəhətə heç də kölgə sal­mamalıdır. Selinin ziddiyyətləri ara­sın­da körpü (=məntiq) qurmaq da yersizdir. Onun ən maraqlı cəhəti də elə dahiliklə za­limliyi ən yüksək nisbətlərlə öz varlı­ğın­da cəmləşdirməsidir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə