A. N. Abbasbəyli, S. Z. Yusifzadə beynəlxalq münasiBƏTLƏr tariXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) d ə r s L i K




Yüklə 1.54 Mb.
səhifə8/20
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

6.1. Qədim Romada diplomatiya və səfir işi

Avropanın cənubunda Aralıq dənizinə doğru uzanan Appennin yarımadasını qədim dövrlərdən yunanlar İtaliya adladırmışlar ki, tərcümədə «Buzovlar ölkəsi» deməkdir. Yarımada İoniya, Tirren və Adriatik dənizləri ilə əhatə olunur, Italiyaya Siciliya, Sardiniya və Korsika kimi böyük adalar da buraya daxil edilir.

Romanın hərbi demokratiya və padşahlıq dövrü sinfi cəmiyyətə xas amillərin meydana gəlməsi ilə xarakterizə olunur. Bununla bərabər, nəsli quruluşun qalıqları da uzun müddət davam etmişdi ki, bu özünü xalq yığıncağı vasitəsilə idarəçilikdə əks etdiridi. Romada 300 qədim nəslin olduğu məlumdur. Hər 10 nəsil bir kuriyada birləşirdi. 10 kuriya isə bir tribanı (tayfanı) təşkil edirdi. Beləliklə, Romada 3 triba olmuşdu ki, hər triba bir tayfanı təşkil edirdi. 300 qəbilə (üç tayfa ittifaqı) Roma xalqını (populus Romanus) təşkil edirdi. Romanın idarəçiliyi xalq yığıncağı (komissiyalar), senat və reks (padşah) tərəfindən həyata keçirilirdi ki, ən qədim Romada bu üç hakimiyyət orqanı mövcud idi. Romalılar hələ qədim dövrlərdən bütün mühüm işləri xalq yığıncaqlarında (comitia) həll edirdilər. Senatda əvvəlcədən baxılan məsələlər rəsmən xalq yığıncağında qəbul olunurdu.

Romada quldarlıq münasibətlərinin və dövlətin yaranması nəticəsində tədricən keçmiş qəbilə quruluşuna əsaslanan idarə sistemi də öz formasını dəyişərək dövlət hakimiyyətini idarə sisteminə çevrilmişdi. Romaya gəlmələrin - plebeylərin vətəndaş icmalarına daxil edilməsi və etrusk hakimiyyətinə qarşı mübarizə Romada şah hakimiyyətinin devrilməsinə, təxminən e.ə. VI əsrin sonlarına (e.ə.510-cu ilə) aid edilir. Bununula da sonuncu - yeddinci Roma padşahı Tarkvini (o etrusk idi) Romadan qovulmuşdu.

Romanın respublika elan olunması ilə etrusk hakimiyyətinə son qoyuldu və bu mübarizədə zəifləmiş romalılar qonşu tayfaların hücumlarını da dəf etməli olmuşdular. Romanın zəifliyindən istifadə edən bir sıra latın tayfaları Romaya qarşı çıxdılar. Lakin romalılar bu müharibələrdən qalib çıxmış və latın şəhərlərinin federasiyasına daxil olmuş, hətta 498-ci ildə latınlar ilə qarşılıqlı yardım haqqında müqavilə də bağlamışdılar. Bu ittifaq nəticəsində Roma öz müstəqilliyini qoruyub saxlamışdı. Tezliklə Roma öz düşmənlərinə qalib gələrək federasiya şəhərləri üzərində üstünlük qazanmağa nail olmuşdu..

E.ə.V-IV əsrlərdə yeridilən fəal xarici siyasət Romanın Appenin yarımadası üzərində ağalığını təmin etmişdi. Ələ keçirilən torpaqların çoxu Romanın icma torpaqlarına qatılaraq patrisilərin sərəncamına verilmişdi. Belə ki, veylərin torpaqları tutulduqdan sonra orada 4 kənd tribası, e.ə. 537-ci ildə volskların yerində iki kənd tiribası yaranmışdı. Roma bununla da İtaliyanın işğalına başlamışdı

Romanın əsas qüvvəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Onlar öz xərcləri ilə silahlanırdılar. Roma ordusunun qələbələri eyni zamanda plebeylərin siyasi nüfuzunu möhkəmləndirirdi. Təsadüfi deyildi ki, e.ə. V əsrdə plebeylər Roma vətəndaşlığı qazanmış və tribun seçmək hüququ əldə etmişdilər. Tribun isə Romanın həm daxili həyatında,həm də xarici siyasətində mühüm rol oynayırdı. Belə ki, plebeylərlə bağlı hər hansı qanun və ya fəaliyyət onun razılığı olmadan həyata keçirilə bilməzdi.

Romanın xarici siyasətdə qələbələri və yüksəlməsi onun intizamlı orduya malik olması hesabına əldə edilmişdi. Çoxlu müharibələr ordunun döyüş bacarığının artmasına səbəb olurdu. Orduda xidmət vəzifə deyil, böyük şöhrət idi. Bunsuz heç bir dövlət vəzifəsi tutmaq olmazdı. Qrakx qardaşları məhz orduda xidmət etdikdən sonra xalq tribunu seçilmişdilər.

Romanın ordu vahidi olan hər bir legionda 4500-6000 nəfərə qədər döyüşçü olurdu. Legion 30 manipuladan, manipula isə 2 senturiondan ibarətdir. Manipulani döyüşə aparan senturionların biri manipulaya sağdan, o biri soldan əmr verirdi. Atlı qoşun isə hərəsi 30 atlısı olan 30 turmdan ibarət idi. Qobustan kitabəsində (b.e. I əsri) senturionlardan birinin başçısının adı çəkilir.

Roma ordusunda müttəfiqlərdən təşkil edilmiş legionlar da iştirak edirdilər. Bunlar müttəfiq şəhərlərdən, tabe edilmiş İtaliya tayfalarından düzəlirdi. Müttəfiq legionlar 5000 piyada və 900 atlıdan ibarət olurdu. Müttəfiq qoşunların başında hərbi triubunu (tribunu militum) əvəz edən 12 prefekt dururdu ki, bunlar romalı olub, konsullar tərəfindən təyin olunurdular. Hər 400 müttəfiq əsgər bir kaqorta təşkil edirdi. Ordunun belə quruluşu bir neçə məqsədə xidmət edirdi. İlk növbədə, orduda Roma əleyhinə hər hansı qiyamın qarşısı alınırdı. Digər tərəfdən, belə ordu ilə uzaq səfərlərə çıxmaq, xüsusilə Parfiya, Sasanilər və Selevkilər dövlətləri ilə uğurlu müharibələr aparmaq və Romanın nüfuzunu Yaxın Şərqdən tutmuş Aralıq dənizinin Şimali Afrika sahillərinədək olan ərazilərə yaymaq mümkün olmşudu.

Mövcud tədqiqatlarda qədim Romanın tarixi və xarici siyasəti üç dövrə bölünür.

- tiranlıq dövrü-e.ə.510-cu ildə başa çatır.

- respublika dövrü-e.ə.510-e.ə.30-cu illəri əhatə edir.

- imperiya dövrü-e.ə.30 və eramızın 476-cı illərini əhatə edir.

Əgər I dövrdə daxili və xarici siyasət məsələləri ilə reks (tiran) məşğul olurdusa, II dövrdə bu senatın prerativinə çevrilmişdi.İcra orqanı xalq yığıncağı tərəfindən seçilmiş 2 konsuldan birinə verilmişdi. İmperiya dövründə diplomatik əlaqələr imperatorun əlində cəmlənmişdi. Təşkilati məsələləri imperator dəftərxanası həll edirdi.Qaynaqlar Roma şəhərinin e.ə.753-də Palatin və Kapitoli təpələri üzərində salındığını göstərir. Eramızın əvvələrində Roma 2 mln.yaxın əhalisi olan şəhərə çevrilmişdi. Şəhərin ətrafına uzunluğu 30 min metrdən çox olan qala divarları çəkilmişdi. Şəhərin Tibr çayı ilə ayrılmış 2 hissəsi bir-birilə 6 körpü vasitəsilə ilə əlaqələndirilmişdi.

Mənbələrin yazdığına görə, İtaliyanın ərazisində etrusklar da daxil olmaqla 12 latın tayfası yaşayırdı. Tayfalar arasında müharibə və ticarət əlaqələri mütəmadi davam etmiş və yalnız e.ə.V əsrdən etibarən Roma respublikası bu ərazilərin işğalına başlamışdı. Romanın şahlıq dövrü ilə bağlı məlumatlar çox deyil, əsasən yunan qaynaqlarındadır. İcma münasibətlərinin dağılması başqa yerlərdə olduğu kimi, Romada da hərbi demokratiya dövrünün meydana gəlməsi ilə nəticələndi. Bu dövrdə reksin hakimiyyəti hamı tərəfindən qəbul olnmasa da, hərbi demokratiya e.ə.VI əsrdə Roma dövlətinin yaranmasını şərtləndirdi. Romanın ilk sakinləri şəhərin müdafiəsini təşkil etmək üçün qarşılıqlı müqavilə əsasında buraya kənardan gəlmələri dəvət edirdilər ki, qeyd etdiyimiz kimi, bunlar sonralar plebey adını almışdı. Məlum olduğu kimi, Roma tarixinin bütün dövrlərində idarəçilik məsələləri ilə tiran və imperatorla yanaşı senat da məşğul olurdu. Senat patrisilərin qocalarından təşkil olunmuşdu və əvvəllər 300 nəfərdən ibarət idi.

Qədim Romada daxili və xarici siyasət məsələləri ilə bağlı qərarlarının qəbul edilməsi 2 yolla–xalq yığıncağı və senat vasitəsilə həyata keçirilirdi. Respublika dövrünün əvvəllərində senat daha böyük hakimiyyət əldə etmişdi. Xalq yığıncağı tərəfindən seçilmiş 2 konsuldan biri quru qoşunlarına, o biri donanmaya rəhbərlik edirdi. Konsullar senatın tabeliyində idi. Ancaq müharibə dövründə konsullar müstəqil qərar qəbul edirdilər. Romada diplomatiya ənənələrinə əsaslanan əlaqələr formalaşırdı ki,bu beynəlxalq əlaqələr hüququ –xalqlar hüququ adlanırdı.

Roma respublikası yaxın və uzaq qonşularla, Romanın dostları və düşmənləri ilə fərqli əlaqələrə malik idi.Dost ölkələrdən gələnlər Palantin təpəsində, düşmən və dost olmayan ölkələrdən gələnlər Kapitoli təpəsində yerləşdirilirdi və onlara Roma ictimaiyyəti ilə əlaqə saxlamağa imkan verilmirdi. Roma imperiyası gücləndikcə bir tərəfdən adət-ənənələrə əsaslanan diplomatiya hüququ təşəkkül tapır, digər tərəfdən isə dost olmayan və düşmən ölkələrdən gələnlərə qarşı münasibətlər kəskinləşirdi. Belə ki, bir qayda olaraq səfirlər senat tərəfindən qəbul edilməli idi. Lakin düşmən ölkələrdən gələnləri senat qəbul etmirdi. Belə halda onlar dərhal ölkəni tərk etməli idilər. Həmin ölkənin nümayəndəsinin təkrar gəlişinə isə əvvəldən razılıq alınmalı idi. Beləcə, «persona-qrata», «persona-non-qrata» və «aqreman tələbi» adət-ənənəyə çevrilirdi.

Persona-qrata- arzu edilən şəxs, persona-non-qrata- arzu edilməyən şəxs, aqreman tələbi-səfirin gəlməsinə və onun yerləşəcəyi ölkə rəhbərinin əvvəlcədən razılığı kimi mənalandırılırdı.

Roma respublikasının və imperiyasının dövründəki xarici siyasətlə bağlı olan həm orqanlar, həm də fəaliyyətlər fərqlidir. Respublika dövründə səfirin, natiqin, oratorun və xəbərçinin səlahiyyətləri fərqlənirdi. Lakin imperiya dövründə əsasən 2 institut-səfir və indiki müvəkkil vəzifəsinə uyğun olan vəzifə formalaşırdı. Respublikanın ən qüdrətli dövrü e.ə.III-II əsrlər idi.

Həmin dövrdə əvvələr istifadə olunan müttəfiqlərlə bağlanmış sazişlərə ehtiyac itsə də, pun və Makodoniya müharibələri dövründən etibarən Romada ənənəvi formaya qayıdılır. Məsələn, II pun müharibəsi dövründə Roma Nubiyadakı 2 çarlıqla müttəfiqlik münasibətləri qurmuş, Makedoniya müharibəsi dövründə isə Yunanıstana qarşı mübarizədə V Filiplə dostluq münasibətlərinə malik olmuşdur. Halbuki zərurət aradan qalxdıqdan sonra Romanın keçmiş müttəfiqlərinin hamısı onun əsarəti altına düşmüşdü.

Səfirin seçilməsi respublika dövründə ancaq senatın prereqativi idi və püşk yolu ilə müəyyənləşirdi. Püşkdə ancaq senatorlar iştirak edə bilərdilər. Heç kəsin səfir titulundan imtina etmək ixtiyarı yox idi. İmtina etsəydi senator vəzifəsindən məhrum olardı. Yunanıstandan fərqli olaraq Romada heç vaxt 1 nəfəri səfir göndərmirdilər. Məqsəd xəyanətin və informasiyanın saxtalaşdırılmasının qarşısını almaq idi. Səfirlə birlikdə böyük personal hərəkət edirdi ki, bunlar texniki işçilər idi. Səfir göndərilən şəxs qısa müddət üçün nəzərdə tutulurdu.

O dövrdə daimi səfirlik və ya konsulluq institutu yox idi. Səfir göndərilən adamların yerləşəcəyi ölkənin siyahısı tez-tez dəyişilirdi. Roma xüsusən Makedoniya müharibəsi dövründə “parçala və hökm sür” siyasətindən geniş istifadə etsə də, 3 yunan şəhərinin muxtariyyətini ləğv etməmiş, lakin müttəfiqlik məsələsi aradan götürülmüşdü. Romada respublikadan imperiyaya keçid dövrünün maraqlı hadisələri Qay Yuli Szarın Qalliyaya müharibələri dövrü ilə bağlıdır.

Məlum olduğu kimi, e.ə. I yüzilliyin ortalarında seatın hakimiyyəti zəifləmiş, sərkərdələrin hakimiyyəti güclənmişdi. Sayılıb-seçilən sərkərdələrdən Qay Yuli Sezar, Qney Pompey və Mark Publi Kras e.ə.61-ci ildə I triumviratı yaratmışdılar ki, onların qəti əlehdarları olan Varron bu triumvratı «senatı yeyəcək 3 başlı əjdaha» adlandırmışdı. Triumviratın yaranması Yuli Sezarın e.ə.60-cı ildə Romanın konsulu seçilməsinə gətirib çıxardı. O, e.ə.59-cu ildə öz tərəfdarlarının köməyilə Qalliyaya prokonsul təyin olundu. Sezarın Qalliyada canişinliyi e.ə.59-e.ə.51-ci illəri əhatə edir. Prokonsulluq müddəti 4 il davam edirdi. Konsul seçilən şəxs iki dəfə prokonsul təyin edilə bilərdi. Sezarın Qalliyanı seçməsi təsadüfi deyildi. O dövrki Qalliya üç hissəyə bölünürdü və bugünkü bütün Avropanı əhatə edirdi. Y.Sezarın Qalliyaya verdiyi diqət iki amillə bağlı idi:

- Qal tayfaları mütəmadi olaraq Romanın ərazilərinə hücum etdikləri üçün, daimi narahatlıq mənbəyinə çevrilmişdilər.

- Sezar Qalliyada möhkəmlənməklə hərbi baxımdan güclənə bilər və bu ona Romada hakimiyyəti ələ keçirməyə imkan verərdi.

Bu dövrün öyrənilməsi üçün əsas mənbələrdən biri Sezarın yazdığı 8 kitabdan ibarət “Qalliya müharibələri” adlanan qeydləridir. Bu əsərdə qədim dünyanın adət-ənənələrindən tutmuş, o dövrki siyasi xadimlərin diplomatik ustalıqlarına qədər materiallar əldə etmək mümkündür. Sezarın apardığı mübarizədə kelt tayfalarına qarşı mübarizə ağır olmuşdur. Bunlar döyüşkən tayfa olsalar da, Sezar onların ram olunmasına çalışırdı. Ancaq kelt tayfaları hər şeyi yandırmış və qərbə doğru köç etmişdilər. Kelt tayfalarının qüdrəti bütün Qalliyaya məlum idi. Onların tabe edilməsi Sezarın Qalliyadakı fəalliyyətinə uğur gətirə bilərdi. Keltləri izləyən Sezar hiss etdi ki bu tayfalar romalılara qarşı döyüşə girməkdən yayınırlar.

Sezarın kəşfiyyatı müyyənləşdirmişdi ki, kelt kahini öz tayfa başçılarına yeni ay çıxana qədər müharibəyə girməməyi tapşırmışdır. Bu, Sezarın kelt tayfalarını ram etməsinə və əvvəlki yaşayış yerlərinə qaytarmasına imkan verdi. Senat Sezarın Qalliyadakı uğurları şərəfinə Romada 15 günlük bayram tədbirləri həyata keçirməli olmuşdu. Qalliya müharibələri Sezara elə şöhrət gətirdi ki, bu ona Romada öz diktaturasını yaratmağa imkan verdi.

E.ə. 49-cü ildə Sezar Romada hakimiyyəti ələ keçirdikdən sonra (e.ə.49-44) tiranlıq yaratmış və qısa müddət olsa da xarici siyasətlə bağlı bütün fəaliyyəyləri özündə birləşdirmişdi.Sezarın istəmədiyi adam səfir gedə bilməzdi.

Sezarın ölümündən sonra Romada II triumvrat formalaşdı. Buraya Sezarın varisi Oktavian və etibarlı sərkərdələrdən Antoni və Lepid daxil idilər. II Triumvratın fəaliyyəti nəticəsində respublika tərəfdarları e.ə. 42-ci ildə baş vermiş Filippi döyüşündə darmadağın edilmiş və e.ə.31-ci ildə Romanın tarixində imperiya dövrü başlamışdı. 44 il hakimiyyətdə olan Oktvian Avqust senatın və konsulların fəaliyyətini özündə birləşdirdi və onun icazəsi olmadan heç kəs səfir göndərilə bilməzdi. Xarici siyasət məsələləri imperatorun əlində olsa da, sənədlərin hazırlanması ilə imperator dəftərxanası məşğul olurdu. Çox keçmədən dəftərxananın səlahiyyətləri (imperatolrun şəxsi dəfətərxanası «ərizələr xidməti» adlanırdı) daxili və xarici siyasət idarələri arasında bölündü.

İmperiyannı sonlarına doğu xarici siyasətdə barbarlarla müttəfiqlik müqavilələri xüsusi əhəmiyyət kəsb etməyə başlamışdı. Belə müqavilələr eramızın I-II əsrlərinə təsadüf edirdi. Bu Romanın zəifləməsi ilə bağlı idi. Romalılar barbar tayfalarının hücumlarının qarşısını almaq üçün german və ya başqa tayfalarla ittifaqa girməyə məcbur olurdular. Müqavilələr 3-4 bənddən ibarət idi. Müqavilələrdə Romanın müttəfiqləri taxılla təchiz etməsi, müttəfiqlərin isə Romanı digər barbarların hücumundan qorunması öz əksini tapırdı. Eramızın 395-ci ilində imperator Feodosi Romanı iki oğlu - Qonori və Arkadi arasında bölüşdürdükdən sonra imperiyanın hər iki hissəsi o dövrə qədər mövcud olmuş təsisatlarа ayrıldı.
6.2. Romanın respublika və imperiya dövrü diplomatiyası
İtaliyanın işğalı Romanı Aralıq dənizi regionunun qüdrətli dövlətinə çevirmişdi. Romanın beynəlxalq əlaqələrində Misir, Suriya, Parfiya və Karfagen mühüm yer tuturdu. Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ e.ə. IV əsrdən başlamışdı. Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də iştirak edir, Romaya Karfagen tacirləri xəz, gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və s. gətirir, Romadan isə mal-qara, taxıl, duz, yağ, zeytun yağı və s. aparırdılar. E.ə. 273-cü ildə Misir padşahı Ptolomey Romaya elçi göndərərək “İttifaq və dostluq” yaratmağı təklif etmiş, Roma da cavabında oraya nümayəndəlik göndərmişdi.

İtaliyanın işğalının başa çatması, Kapuya, Tarent, Neapol, Brundiziya və s. liman şəhərlərinin tutulması romalılarının dəniz ticarətinin genişləndirməsinə şərait yaratmışdı. Romalılar öz müttəfiqlərinə və tabe edilmiş şəhərlərə bilavasitə xarici ölkələrlə iqtisadi əlaqə saxlamağı qadağan etmişdilər. Xarici əlaqələrin saxlanılması Roma dövlətinə məxsus idi.

E.ə. V-III əsrlərdə Romanın İtaliyanın işğalını başa çatdırması onun Karfagenlə qarşılaşmasına səbəb oldu. Karfagen Aralıq dənizindən keçən ticarət yollarını öz nəzarətində çaxlayırdı və dəniz ticarətindən böyük gəlir götürürdü. Roma tacirlərinin mənafeyi isə Siciliya, Sardiniya və Korsika adalarının ələ keçirməsini tələb edirdi. Təsadüfi deyildi ki, senatın qərarı ilə Romada güclü hərbi dəniz donanmasının yaradılması işinə başlandı. Romalılar karfagenliləri punlar adlandırırdılra ki, buna görə də Roma-Karfagen müharibələri Pun müharibələri adını almışdı. Birinci (e.ə.264-241) və ikinci (e.ə.218-201) Pun müharibələri gedişində Karafagen ağır məğlubiyyətə uğradı və Romanın asılılığına düşdü.

Qun müharibələri dövründə romalılar Şərq ölkələri ilə o qədər də maraqlana bilməmişdilər. Şərqdə ellinist dövlətlərin arasında gedən çəkişmələr, xüsusilə Yunan ittifaqları arasındakı müharibələr Romanın Yunanıstanda işğalçılıq siyasəti üçün əlverişli şərait yaratmışdı.

İki Pun müharibəsi, Şərqi Aralıq hövzəsi dövlətləri ilə müharibələr Romanı Aralıq dənizinin ən qüdrətli dövlətinə çevirmişdi. Lakin Aralıq dənizində Karfagen dövlətinin qüdrəti hələ tamam sarsıl­mamışdı. Romanın başının Şərq ölkələri ilə qarışmasından istifadə edən Karfagen yenidən öz iqtisadi və hərbi qüdrətinin artırmağa başlamış­dı. Karfagenin iqtisadi tərəqqisi Roma tacirlərini, sələmçiləri, eləcə də patrisiləri narahat etməyə bilməzdi.

Roma senatında antikarfagen əhval-ruhiyyəli bir qrup Karfagenin tamamilə məhv edilməsini tələb edirdi. Bu qrupun başında senator Mark Porsi Katon (böyük) dururdu. O, həmişə çıxışlarının «Mən hesab edirəm ki, Karfagen mütləq dağıdılmalıdır» sözləri ilə qutarırdı.

Romanın apardığı müharibələrdə diplomatiyanın rolu böyük olmuşdur. Bu zaman Roma diplomatiyası öz xarici siyasət məqsədlərini pərdələmək və ona bəraət qazandırmaq üçün azadlıq, insanpərvərlik, ədalət,sədaqət kimi anlayışlardan geniş istifadə edirdi.

Diplomatiyada düşmən ölkələr daxilində müxtəlif partiyalar təşkil etmək, şəhər və dövlətləri vuruşduraraq zəif salmaq, “parçala və hökmranlıq et” üsulları geniş tətbiq edilirdi.

Roma diplomatiyası onun hegemonluq uğrunda mübarizə­sinə xidmət edirdi. Əvvəllər romalıların başqa ölkələrdə nümayən­dəlikləri olmamışdı. Beynəlxalq əlaqələrin qurulmasında elçilərdən istifadə edilirdi. Bu işə şahlıq dövründə olduğu kimi, beynəlxalq qayda-qanunların gözlənilməsinə nəzarət edən kahinlər kollegiyası baxırdı. Sonralar bu iş xüsusi elçilərə- leqatlara tapşırıldı. Elçi senat tərəfindən təyin edilir və ona xüsusi imtiyazlar verilirdi. Tədricən elçiləri qəbul etmək və danışıqlar aparmaq qaydaları protokollaşır və ənənəyə çevrilirdi.

Romanın xarici siyasətində Parfiya dövləti ilə münasibətlər mühüm yer tuturdu. Parfiya və Roma arasında diplomatik əlaqələr e.ə. I əsrin əvvəllərindən başlayır. Hələ e.ə. 92-ci ildə Sualla Kappadokiyada olan zaman onun yanına gəlmiş Parfiya elçiləri Pont padşahı VI Mitridat Yevpatora qarşı Romaya ittifaq təklif etmişdilər. O, zaman Parfiya padşahı II Mitridat idi və beynəlxalq vəziyyət Parfiyanın xeyrinə idi.

Bununla belə, Pompeyin e.ə.6-65-ci illər Cənubi Qafqaz yürüşü və burada qazandığı uğurlar Parfiya-Roma münasibətlərini pisləşdirdi və Roma ilə ilk toqquşmaya gətirib çıxardı.

Parfiyanın vəziyyətini mürəkəbləşdirən məsələlərdən biri də ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə idi. Ölkədə yaramış iki güclü qruplaşma arasında gedən bu mübarizədə taxt-tacın bir neçə varisi öldürülmüş, son nəticədə hakimiyyətə gələn III Orod isə Romanın tələblərini qəti olaraq rədd etmişdi. Bu isə Roma-Parfiya münasibətlərinin tamamilə pozmuş, iki ölkə arasında müharibə vəziyyəti yaranmışdı.

I triumvirat üzələrinin hamısı Parfiyaya qarşı mübarizədə maraqlı idilər. Bu müharibə Krassı xüsusilə cəlb edirdi. O, Parfiyada şöhrət və çoxlu sərvət əldə edəcəyi xəyalında idi. E.ə. 54-cü ildə Krass Mesopotamiyaya soxuldu. Lakin Karr yanında döyüşdə (e.ə.53-cü il) əvvəlcə oğlu, sonra isə özü həlak oldu. Bu müharibədə 2000 Roma əsgəri öldürüldü, 10000 nəfəri isə əsir düşdü. Bütün Mesopotamiya parfların əlinə keçdi. Parfiya qüdrətli dövlət oldu və Şərqdə Romanın ən böyük rəqibinə çevrildi. Əsir düşmüş Roma əsgərlərini isə diplomatik yollarla Avqust geri qaytarmışdı.

Oktavian Avqust hakimiyyətinin ilk dövrlərindən imperiyanın sərhədlərini “təbii sərhədlərə” çatdırmağa çalışırdı. Bunun üçün İspanıyanın işğalı başa çatdırılmalı idi. Halbuki orada yerli kantabrilər qonşu tayfalara birləşərək Romaya qarşı kəskin müqavimət göstərmiş, astur tayaları romalılara böyük tələfat vermişdilər. E.ə. 26-25-ci illərdə Oktavian İspaniya əməliyyatına şəxsən rəhbərlik etməli olmuşdu. İspaniyanın işğalı e.ə. 19-cu ildə gərgin mübarizədən sonra başa çatdı. Məhz bu Qalliyanın işğalını başa çatdırmağa imkan etdi. Bütün Qalliya tutularaq 3 böyük əyalətə (Akvitaniya, Luqudun Qalliyası və Belgika) parçalandı. Qallar üzərinə ağır vergi qoyuldu.

Şərqə münasibətdə xüsusilə, Parfiya ilə ziddiyyətlər danışıqlar yolu ilə nizama salınmışdı. Avqust öz sələflərinə nisbətən Şərqdə, xüsusən Parfiya ilə münasibətlərində çox ehtiyatlı olub, açıq döyüşlərdən uzaq durmağı və danışıqlar yolu ilə münasibətləri nizama salmağı üstün tuturdu. Daxili çəkişmələrdən, hakimiyyət uğrunda gedən mübarizədən ehtiyat edən Parfiya şahı IV Fraat da açıq döyüşlərə girməkdən çəkinirdi.

Parfiya-Roma münasibətlərində ziddiyyətli məsələlərdən başlıcası Cənubi Qafqaza münasibət idi. Bu məsələ sonralar sasani­lərin də Bizans imperiyası ilə münasibət­lərində mərkəzi yerlərdən birini tuturdu.

Aralıq dənizi regionu dövlətlərinə münasibətdə Roma imperatorları ənənəvi ehtiyatlı siyasət yeridirdilər. Buranı ələ keçirmək asan, möhkəmlənmək isə olduqca çətin idi. Təsadüfi deyildi ki, yalnız uzunmüddətli hazırlıqdan sonra İudeya və Suriya da Roma imperiyasının tərkibinə qatılmışdı. Roma Hindistan ilə də ticarət əlaqələri saxlayırdı. Avqust özü iki dəfə Hindistan elçilərini qəbul etmiş, Cənub Şərqi Asiya ölkələri, xüsusilə Çinlə maraqlanmışdı.

Aqustun yaratdığı siyasi quruluş bir neçə əsr davam etmişdi. Lakin hakimiyyətin irsən nəsildən-nəslə keçməsi haqqında hələ xüsusi qanun verilməmişdi. Buna baxmayaraq, onun nəslindən olan adamlar uzun müddət hakimiyyəti öz əllərində saxlamışdılar.

Klavidinin imperatorluğu zamanı dövlət aparatının formalaşması prosesi əsasən başa çatdırılmışdı. İmperiya dəfətərxanasında bir sıra yeni idarələr yaranmışdı ki, bunlardan “buyuruqlar xidməti”idarəsi mühüm əhəmiyyətə malik idi. Onun başında Klavdinin şəxsi katibi, keçmiş qul, sonradan azadlığa buraxılmış Narsis dururdu. Dövlətin mühüm işləri, daxili və xarici siyasət, hərbi işlərə nəzarət bu idarəyə məxsus idi. Romanın Şərq siyasətinin istiqamətləri, Şərq ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi, dəniz ticarəti kimi ideyalar məhz Narsisə məxsus idi. Narsisin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də Roma ordusunun gücləndirilməsi məsələsi idi.

Klavdi xarici siyasət fəaliyyətində Avropanın şimal-qərbinə xüsusi fikir vermiş, 43-45-ci illərdə Roma ordusu Britaniyanın işğalını həyata keçirmişdi. İngiltərənin siyasi mərkəzlərindən olan Kamulodun və Londininin (London) romalıların dayaq məntəqəsinə çevrilməsi burada Romanın mövqelərini olduqca möhkəmlətmişdi.

Klavdi Dunay boyu məskən salmış tayfaları tabe edərək Romanın hakimiyyətini bütün orta və aşağı Dunay boyunda yaymışdı. Çox keçmədən Bosfor padşahlığı da tabe edildi. Klavdi 47-ci ildə sərkərdə Didi Pallın başçılığı ilə Qara dənizin şimalındakı Pantikapeyə ordu göndərdi ki, nəticədə Bosfor şahı III Mitridatın qoşunları məğlub edildi, özü isə əsir düşdü. Iberiya şahı Farasman da özünü Romanın vassalı elan etdi. Yəhudilərin ərazisi və Afrikadakı Mavritaniya da Romanın alətinə çevrildi.

Klavdinin yəhudilərin təqib olunmasına son qoyması ilə bağlı siyasəti öz əksini “İskəndəriyyəlilərə məktub” da tapmışdı. Klavdi qallara da seçki hüququ vermişdi. Görülmüş tədbirlər imperiyada daxili sabitliyin yaradılmasına xidmət edirdi ki, bununla da yeni işğallara başlanması üçün şərait yaradılırdı. Ümumiyyətlə, Klavdinin imperatorluğu zamanı Roma imperiyasının ərazisi Aralıq dənizi hövzəsindən xeyli kənara çıxmışdı.

Roma imperiyasının Şərq siyasəti, burada aparılan hərbi əməliyyatlar çoxlu sərvət vəd etməklə, həmişə Roma əyanlarının diqqət mərkəzində idi. 55-58-ci illərdə görkəmli sərkərdə Domisi Korbulon böyük ordu ilə Şərqə göndərilmiş, nəticədə Pont şahlığı və İberiya Romanın əyalətlərinə çevrilmişdi.

Roma ordusunun başqa bir qolu Qara dənizin şimal sahillərində əməliyyat aparırdı. Burada Dunayboyu tayfaları Romaya tabe edilmiş, Krım yarımadası işğal olunmuşdu ki, bununla da Qara dəniz Roma imperiyasının daxili dənizinə çevrilmişdi.

Qney Pompeyin e.ə.66-cı il Cənubi Qafqaz yürüşündən etibarən Roma imperatorları Şərq siyasətində bu istiqamətə xüsusi fikir verməyə başlamışdılar. Böyük İpək yolunun üzərində yerləşən Qafqaz Hindistan və Çinlə əlaqələrdə mühüm əhəmiyyətə malik idi. Trayanın Şərqə səfəri nəticəsində (113-117-ci illər) Roma imperiyasının nüfuzu İran körfəzinə qədər yayılmışdı. Trayandan bir qədər əvvəl isə imperator Neron Xəzər dənizindən Hindistana gedən yolu ələ keçirmək üçün hərbi səfər planı hazırlamışdı. Tarixçi Svetoni yazırdı ki, Neron “Xəzər darvazalarına səfərə də hazırlaşırdı”.

Roma imperatorlarından Diokletianın (285-305-ci illər) xarici siyasəti imperiyanın sərhədlərinin möhkəmləndirilməsindən, barbarlara, allemanlara, franklara və burqundlara qarşı mübarizədən ibarət olmuşdu. Diokletian hakimiyyəti qəsb etmək arzusunda olanlara qarşı Afrikada və Misirdə müharibələr aparmış, imperiyanın bütövlüyünü qoruyub saxlamışdı.

Lakin 305-ci ildə Diokletian əvvəlcədən verdiyi sözə əməl edərək 20 il tamam olan kimi imperatorluqdan əl çəkmiş və Maksimianı da buna məcbur etmişdi. Hər ikisi hakimiyyətə öz köməkçilərini - Qalerini Şərqdə, Konstansini isə Qərbdə imperator təyin etdilər. Tarixçilər bununla da imperyanın iki hissəyə parçalanmasının əsasının qoyulduğunu göstərirdilər. Konstansi qısa müddət imperator oldu və onun ölümündən sonra oğlu Kosntantin hakimiyyətə keçdi. Qaynaqlar mömin təbiətli Konstantinin həm də kifayət qədər qətiyyətli şəxsiyyət olduğunu qeyd edirdilər. Təsadüfi deyildi ki, hakimiyyətə gəldikdən az sonra Konstantin bütün rəqiblərini aradan götüirmüş və təkhakimiyyətliliyə nail olmuşdu. Konstantin rəqiblərinin əksinə olaraq xristian dininə meyilli adam idi, çünki xristianlıq bu zaman qüvvətli ictimai təşkilata çevrilmiş və onun icmaları imperiyanın hər yerinə yayılmışdı. Ordu, imperator məmurları, hətta imperator sarayında belə xristianlığa rəqabət bəsləyənlər çox idi. Konstantn öz sosial dayaqlarını möhkəmləndirmək üçün xristianlıqan bir vasitə kimi istifadə etmək qərarına gəlmişdi. Belə bir dayağın əldə orlunması ona müstəqil daxili və xarici siyasət yeritməyə imkan verərdi. Roma papaları isə Konstantinin xristianlığa belə münasibətindən istifadə edərək saxta «Konstantin bəxşişi» aldı sənəd uydurmuşlar.

İmperator Konstantinin 313-cü ildə verdiyi fərmanа əsasən bütün dinlərə, o cümlədən də xristianlığa ibadət azadlığı verilirdi. Xristian kilsələri bir sıra imtiyazlar alır, xristian icmalarına vurulan zərərlərin dövlət tərəfindən ödənilməsi qanuniləşdirilirdi. Xristianlığın dövlət dininə çevrilməsi imperiya daxilində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklərlə əlaqədar idi. İmperiyanın iki hissəsi qısa müddətdə Feodosinin (379-395-ci illər) imperatorluğu dövründə birləşdirildi, lakin 395-ci ildə onun ölümündən sonra imperiya iki oğlu arasında bölüşdürülmüş, Arkadi şərqi imperiyanı, Honori isə qərbi imperiyanı almışdı. Hər iki imperator azyaşlı olduğu üçün imperator sarayında və dövlət işlərində barbarlardan ibarət məmurlar və sərkərdələr böyük nüfuza malik idilər. Belə ki, vandal Stilixon dövlətin daxili və xarici işlərində ciddi rol oynayırdı. Feodosi özü sağlığında Stilixonu bacarıqlı sərkərdə və köməkçi kimi oğlu Arkadiyə təqdim etmişdi. Arkadinin sarayında qalliyalı Rufin də böyük nüfuza malik idi.

IV əsrin sonlarından etibarən Qərbi imperiyanın ərazisinə soxulan barbarlar ölkəni tamam talan edir, Roma şəhərinə təhlükə yaradırdılar. Vestqotların başçısı Alarix 401-ci ildə İtaliyaya soxuldu, lakin Stilixonun işə qarışması nəticəsində onunla sülh bağlandı. Lakin 406-cı ildə vestqotlar yenidən Romanı mühasirə edib tutdular və 3 gün müddətində şəhəri qarət edib yandırdılar. Törətdikləri dağıntılara görə, bundan sonra vestqotlar və səndəl tayfaları vandal adlandırılmağa başladı. 420-ci ildə isə digər tayfalarla birlikdə vandallar əvvəlcə İspaniyaya, sonra Şimali Afrikaya soxuldular.

Qərbi imperiyaya soxulmuş tayfalardan hunlar daha təhlükəli idilər. V əsrin 50-ci illərində hunların başçısı Atilla Mərkəzi və Şərqi Avropanı tutaraq oradan İtaliyaya daxil olmuşdu. 451-ci ildə Katalaun döyüşündə Roma sərkərdəsi Aesinin qoşunları ilə vuruşmada məğlub olan hunlar Dunay boyuna çəkilməli oldular, sonradan hunlar yenə də İtaliyaya soxulub Etruya ərazisinədək iərilədilər. 476-cı ildə Qərbi imperiyaya sonuncu zərbə vuruldu. Qoların başçısı Odoakr başqa barbar tayfalarla birlikdə Romaya hücum etdi. Sonuncu imperator Romul Avqustul taxtdan salındı. Onun imperatorluq əlamətlərini Konstantinopola göndərdilər. Bununla da Qərbi Roma imperatorluğuna son qoyuldu.

1   ...   4   5   6   7   8   9   10   11   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə