A. N. Abbasbəyli, S. Z. Yusifzadə beynəlxalq münasiBƏTLƏr tariXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) d ə r s L i K




Yüklə 1.54 Mb.
səhifə2/20
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Giriş

Müasir beynəlxalq münasibətlər çoxminillik tarixi inkişaf yolunun sonucudur, desək səhv etmərik. Dünyanın siyasi xəritəsi hələ ən qədim zamanlardan öz rəngarəngliyi ilə seçilmişdir. Tarix boyu meydana çıxmış dövlətlər konkret zaman kəsiyində mövcud olmuş, müharibələr aparmış, cahangirlik etmiş, bəzən isə meydana çıxdığı kimi də izsiz-sədasız yox olmuşdur. Mövcud tədqiqatlarda dövlətlərin yaranması bir qayda olaraq e.ə. IV minilliyin ikinci yarısı və ya sonlarına aid edilir. Ən qədim dövlətlər Misirdə, Meso­potamiyada, Çində, Hindistanda və Avropanın cənubunda-Yunanıs­tanda təşəkkül tapmışdır.

Dövlətlərin tarix səhnəsinə qədəm qoyması ilə dövlətlərarası münasibətlərdə əməkdaşlıq və müharibə problemləri ön plana keçir və dövlətlərin «olum və ya ölüm» məsələsinə çevrilir. Tarixi inkişafın müxtəlif dövrlərində dövlətlərarası ticarət-iqtisadi əlaqə­lərin mütəmadi davam etdiyini müşahidə edirik, eyni zamanda müxtəlif dövlətlərin bir koalisiyada birləşərək apardıqları müha­ribələrin də şahidi oluruq. «Ən qədim müqavilə», «ultimatum», «barışıq», «iki dövlətin ittifaqı» anlayışları hələ quldarlıq münasi­bətlərinin mövcud olduğu dövrlərdən bizə məlumdur. E.ə. 616-612-ci illərdə Midiya və Babilin ittifaqı qədim Şərqin ən cəngavər dövlətlərindən olan Assuriyanın varlığına son qoyulması ilə nəticələndi. Qədim Romanın yeritdiyi «parçala və ağalıq et» strategiyası Aralıq dənizi hövzəsində nəhəng quldarlıq imperiyasının yaradılmasına gətirib çıxardı.

Roma hüququ əsasında müasir beynəlxalq hüququn əsaslarından sayılan «xalqlar hüququ» meydana gəldi. Yunan və Roma diplomatiyasının yüksəlişində ritarik-diplomatiya məktəb­lərinin yetirmələri mühüm rol oynamışdı. Romanın barbarlarla müttəfiqlik müqavilələri, Sasanilər və hunlarla imzaladığı sazişlər «Xalqlar hüququnu» olduqca zənginləşdirirdi. Roma diplomatiya­sının ənənələri Bizans imperiyasında, Frank dövlətində yaşadı və inkişaf etdirildi.

Avropada feodal pərakəndəliyi dövrünün diplomatiyası senyorluq – vassallıq münasibətləri üzərində qurulmuşdu. 756-cı ildə yaradılmış Papa dövləti saxta «Konstantin bəxşişinə» əsasən öz hakimiyyətini bütün Avropaya yaymağa başladı. Müqəddəs Roma imperiyası Roma imperiyası ənənələrinin yaşanmasında mühüm rol oynamışdı. Yaranmaqda olan milli dövlətlərdə diplomatiya və səfir işi bu ənənələrdən bəhrələnirdi.

Şərqdə yaranan və genişlənən ərəb xilafəti dövlətlər-arası münasibətlərə və diplomatiyaya özünəməxsus yeniliklər gətirdi. 630-cu ildə ərəb xilafətinin yaradılması Məhəmməd peyğəmbərin onilliklər boyu apardığı mübarizənin nəticəsi idi. Xudeybə və Məkkə müqavilələri peyğəmbər diplomatiyasının uğurları sırasında mühüm yer tuturdu. Əməvilər, Abbasilər və Kordova xilafətində xarici dövlətlərlə diplomatik əlaqələrin saxlanılmasına xüsusi fikir verilirdi. Abbasi xəlifəsi Harun-Ər Rəşid (786-809) Frank imperatoru Böyük Karlla (768-814) diplomatik əlaqələr saxlayır, İtaliyanın dəniz respublikalarına ticarət karvanları göndərirdi.

Ərəb istilaları nəticəsində bir vaxtlar qüdrətli olan Sasani dövlətinin varlığına son qoyulmuş, Bizans imperiyası Asiya və Afrikadakı geniş ərazilərini itirmiş, Ərəbistan yarımadasından Cənubi Qafqaza, Mərkəzi Asiyadan Hindistana qədər nəhəng ərazilər ərəb xilafətinin tərkibinə daxil edilmişdi. Lakin Qərbdə Frank dövlətinin, Şərqdə isə Ərəb xilafətinin parçalanması nəticəsində dünyanın siyasi xəritəsi dəyişilmiş və olduqca rəngarəng xarakter almışdı. Frank imperiyasının süqutu nəticəsində Qərbdə Fransa, Almaniya və İtaliyanın simasında milli dövlətlər yaranmış, Şərqdə isə Səlcuq istilalarından sonra nəhəng Səlcuq imperiyası təşəkkül tapmışdı. Tədricən adət-ənənələr, yazılmış və yazılmamış qanunlar üzərində diplomatiya hüququ formalaşır və mərasimləşirdi. Otuz ildən çox səlcuq sultanlarından Alp Arslan və Məlikşahın vəziri olmuş Xacə Nizamülmülk dövlətlərarası münasibətlərdə elçinin rolundan danışaraq «Siyasətnamə» əsərinin 21-ci fəslində yazırdı: «Elçiliyə o adam yarayar ki, şahlara xidmət etmiş olsun, hafizəli, uzaqgörən olsun və hər bir elmdən xəbəri olsun, dilli-dilavər olsun, artıq söz söyləməsin, çox səfər etmiş, qədd-qamətli, yaraşıqlı olsun, alim və qoca olsa daha yaxşı olar... Elçi şahın xasiyyətinə dəlalət edər».1

Azərbaycan dövlətçilik ənənələrinin yaşanmasında ərəb xilafəti dağıldıqdan sonra meydana gələn Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyası parçalandıqdan sonra yaranmış Eldənizlər dövlətinin rolu və əhəmiyyəti böyük olmuşdur. İslam dininin dövlət səviyyəsinə yüksəlişindən sonra Hulakülər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri də xalqın mədəni dövlətçilik tarixində mühüm rol oynamışlar. Orta əsrlərə dair çoxsaylı qaynaqlarda adları qeyd edilən Azərbaycan dövlətlərinin siyasi həyatı beynəlxalq əlaqələri haqqında maraqlı məlumatlara rast gəlinir.

Ağqoyunlu və Səfəvi dövlətlərinin tacir diplomatları Osmanlı dövlətinə qarşı mübarizə aparmaq üçün çoxtərəfli danışıqlar aparır, Cənubi Avropa dövlətlərinin bir qrupunun iştirakı ilə antiosmanlı Liqasının yaradılmasına nail olurlar. Iki yüz ildən yuxarı davam edən Ağqoyunlu-Osmanlı və Səfəvi-Osmanlı müharibələri ümumtürk dünyasının əsl faciəsi idi.

Avropa diplomatiyası bu türk dövlətlərini bir-birilə vuruşdurmaqla Avropanı Osmanlı yürüşlərinin hədəfi olmaqdan xilas etmişdilər. Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin başçıları, sərkərdələri və diplomatları Qərb ölkələrinin məkrli siyasətlərinin uzağa gedən nəticələrini dərk etməmiş deyildilər, lakin aralarındakı ziddiyyətlər və mənafe ayrılığı ümumi düşmənə qarşı birləşməyə imkan vermirdi. Türk dünyası daxilindəki didişmələr bütün XV-XVIII əsrlər boyu davam etmiş və türk dünyasının ümumi hərbi, siyasi, iqtisadi və mənəvi qüdrətinə ağır zərbə vurmuşdu.

Ağqoyunlu Uzun Həsənin, I Şah İsmayılın, I Təhmasibin və I Şah Abbasın elçiləri Avropa dövlətlərindən bir çoxunun saraylarında olmuş, Roma papası ilə danışıqlar aparmış, Azərbaycan ipəyi, xalçası, ədviyyatı ilə yüklənmiş ticarət karvanları Böyük İpək yolu ilə Qərbə yollanmış, əvəzində Avropa texnologiyası, silahları və s. Şərqə daşınmışdı. Dövrün qadın siyasətçilərindən Qara Yusifin arvadı Əliyyə Könüldaş, Uzun Həsənin anası Sara Xatın, Sultan Muradın anası Gövhər Sultan dövlət idarəçiliyində, danışıqların aparılmasında, tayfalararası düşmənçiliyin aradan qaldırılmasında mühüm rol oynamışdılar. Şah Məhəmməd Xudabəndənin arvadı Məhdi Ülya ali divanın vəkili səviyyəsinə qədər yüksəlmiş və Səfəvilər dövlətinin xarici siyasətinə ciddi təsir göstərmişdi.

Avropada milli dövlətlərin meydana gəlməsi və inkişafı dövlətlərarası münasibətləri məzmunca zənginləşdirmiş, adət-ənənələr və mərasimlər üzərində formalaşan Avropa dövlətlərarası hüququ-beynəlxalq hüquq elmi təşəkkül tapmışdı. XIII-XVIII əsrlər boyu formalaşmaqda olan milli dövlətlərdə mükəmməl diplomatiya orqanları yaradılmış, səfirlik işi daimi peşəyə çevrilmiş, hətta səfir ironik şəkildə «fəxri casus» statusunu qazanmışdı. Dövlətlərarası münasibətlərdə xristian dini faktorunu isə Roma papalıq dövləti və Müqəddəs Roma imperiyası yaşatmışdı. F.Engels obrazlı şəkildə yazırdı ki, antik dövrdən orta əsrlərə uçub-dağılmış şəkildə - şəhərlər, bütöv şəkildə isə xristian kilsəsi miras qalmışdı. Din amili dövlətlərarası münasibətlərdə müasir dövrdə də mühüm rol oynamaqda davam edir. Roma kilsəsinin elçiləri – nuntsilər bütün Avropa dövlətlərinə papanın fərmanlarını yayır, Avropada baş verməkdə olan ictimai-siyasi dəyişikliklərə ciddi nəzarət edirdilər.

XIII əsrin sonlarından etibarən beynəlxalq münasibətlər meydanında görünməyə başlayan Osmanlı dövləti XV əsrin ortalarında Avropa ilə Asiya arasında «qızıl körpünü» ələ keçirməklə dünya siyasətinin inkişafına ciddi şəkildə təsir göstərməyə başladı. Bizans imperiyasının süqutu və Avropanın cənubunun Osmanlı dövləti tərəfindən işğalı Avropa diplomatiyasının Türkiyə ilə bağlı məkrli planlar qurmağa müttəfiqlər axtarmağa və səlib yürüşünün təşkili üçün müxtəlif tədbirlərə əl atmağa vadar etmişdi. Həm Səfəvi-Osmanlı, həm də Rusiya-Türkiyə müharibələri Qərb diplomatiyasının Türkiyəyə qarşı yeritdiyi mənfur siyasətin nəticəsi idi.

Son orta əsrlər və yeni dövrün əvvəllərində beynəlxalq münasi­bətlər ciddi dəyişikliklərə məruz qaldı. Belə ki, böyük coğrafi kəşflər, Hindistana və Amerikaya gedən yolun açılması, müstəmləkə işğallarının başlanması, dünya ticarətinin yaranması, ticarət marağının mühüm əhəmiyyət kəsb etməyə başlaması, konfissional sistemə əsaslanan cəmiyyətlərin meydana gəlməsi, sülalə müqa­vilələrinə əsaslanan koalisiyaların yaranması, beynəlxalq ticarət karvan yollarının dənizlərdən okeanlara keçməsi bütün bunlar dünya siyasətində qlobal dəyişikliklərin təməlini qoydu. XVI əsrin əvvəlləri üçün milli inkişafda Qərb ölkələrindən-İngiltərə, Fransa, İspaniya, Danimarka, İsveçrə, Rusiya, Şərq ölkələrindən – Azərbaycan, Türkiyə, Çin, Hindistan, Misir və s. ölkələr mühüm nailiyyətlər qazanmışdılar. Elə bu dövrdən etibarən dünya siyasətində Qərb ölkələri aparıcı rol oynamağa başlamışdı.

XV əsrin ortaları və ikinci yarısı beynəlxalq münasibətlər sistemində radikal dəyişikliklərlə səciyyələnir ki, bu baxımdan iki hadisənin xüsusi qeyd edilməsi vacibdir. Birincisi, dünya siyasət meydanına Rusiyanın çıxması hesab edilə bilər. Rusiya – Böyük Moskva knyazlığı haqqında Avropaya ilk geniş məlumatı Sileziya taciri Nikolay Peppel vermişdi. 1486 və 1489-cu illərdə onun Rusiya haqqında Qərbdə verdiyi məlumatlar xüsusi sensasiya yaratmışdı. Ikinicisi, 1453-cü ildə Konstantinopolun Türkiyə tərəfindən tutulmasından sonra Avropanın cənubunda beynəlxalq şəraitin kəskin şəkildə dəyişməsi ilə bağlı idi. Avropanın siyasi xəritəsi hələ tamamlanmaqda idi.

Son orta əsrlərin müstəmləkə imperiyaları Portuqaliya və İspaniya dövlətləri idi, XVI əsrin beynəlxalq münasibətlərində İspaniya dövləti başlıca rol oynadığı halda XVII əsrdə bu birincilik Fransaya keçmişdi. XVII yüzilliyin əvvəlləri üçün Avropada beynəlxalq ziddiyyətlərin düyün nöqtəsi Almaniya torpaqları idi ki, bunun nəticəsi Otuz ilik müharibə oldu. Avropanın iki düşmən koalisiyada birləşmiş dövlətləri arasında gedən mübarizə müasir dünya qaydasının əsaslarında dayanan Vestfaliya beynəlxalq münasibətlər sisteminin formalaşması ilə başa çatdı. Vestfaliyanın iki ilə şəhəri – Osnabryuk və Myunsterdə imlazalanmış müqavilələr nəticəsində Avropanın siyasi xəritəsi formalaşdı.

XVI-XVII əsrlər Avropa diplomatiyasında bir sıra yeniliklərlə səciyyələnir. Dövlətlərarası münasibətlərin daimi xarakter alması, daimi diplomatiya institutlarının meydana gəlməsi, müxtəlif koalisiyaların və sülalə ittifaqlarının yaranması, dövlət marağının beynəlxalq münasibətlərə hakim kəsilməsi, dini müharibələr, hakimiyyətin legitimliyi, beynəlxalq hüquq sahəsində müxtəlif tədqiqatların meydana gəlməsi, dövlətlərarası münasibətlərdə qüvvələr müvazinəti, nikah diplomatiyasının xüsusi təsir vasitəsinə çevrilməsi – bütün bunlar həmin yeniliklərin yığcam siyahısı olsa da beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərən faktorlara çevrilmişdi. Göstərilən faktorlardan hər hansı birinin, məs., «nikah diplomatiyasının» mahiyyətini aydınlaşdırmaq üçün bir nümunəyə müraciət edək, 1551-ci ildə İspan kralı V Karlla («Günəş kral») İngiltərə parlamenti arasında imzalanmış nikah müqaviləsinə görə, «Mariya (İngiltərə şahzadəsi) Filippə (V Karlın oğlu) ərə verilirdi... lakin İspaniya İngiltərəni Fransa ilə müharibəyə cəlb etməməli, Filipp İngiltərə qanunlarına hörmət etməli, Mariyanın ölümündən sonra İngiltərə taxt-tacı iddiasında olmamalı idi». «Nikah diplomatiyası» beynəlxalq münasibətlərin sülaləvi xarakterinin möhkəmləndirilməsində mühüm rol oynamışdı.

XVII əsr Avropa siyasətində Fransa hegemonluğu dövrüdür ki, bu ilk növbədə görkəmli dövlət xadimi, diplomat, hersoq, generalissimus Arman Jan dü Plessi Rişelyenin (1586-1642) adı ilə bağlıdır. Hakimiyyətə gəlişinin birinci məqsədini «Kralı yüksəltmək», ikinci məqsədini «Krallığı qüdrətli etmək» elan edən Rişelye «dövlət marağını» strategiyaya çevirir. Fransız müəllif­lərindən Şantero Lefevro yazırdı ki, «Reyn çayınadək bütün Qalliya torpaqları Fransaya verilməzsə, Avropada sülh və əmin-amanlıq heç zaman bərqərar olmayacaqdır». Lakin Fransanın həddindən artıq qüvvətlənməsi Avropada qüvvələr tarazlığını pozduğu üçün antifransız koalisiyasının yaradılması «qüvvələr müvazinətinin» dövlətlərarası münasibətlərdə oynadığı rolu əyani şəkildə nümayiş etdirdi.

İspaniyanın dənizlərdə və okeanlarda ağalığına son qoyulduqdan sonra bu birincilik tədricən İngiltərəyə keçməyə başladı. Fransanın kontinentdə hegemonluğu İngiltərənin dünya okeanında ağalığı ilə paralel baş verməkdə idi. Lakin Fransanın «kontinental tirana» çevrilməyə çalışması İngiltərə, Hollandiya və Müqəddəs Roma imperiyasından ibarət yaradılmış Böyük alyansla (1701) toqquşmaya gətirib çıxardı ki, bunun nəticələri Fransan üçün o qədər də ürək açan olmadı. Avropada dövlətlərarası münasibətlərin kifayət qədər ziddiyyətli və mürəkkəb konfiqurasiyası XVIII əsrin ortalarında iki bir-birinə qarşı duran koalisiyanın yaradılması ilə başa çatdı.

Şimali Amerikadakı koloniyalar uğrunda mübarizə 1756-cı ilin mayında İngiltərənin Fransaya müharibə elan etməsi ilə nəticələndi. İngiltərə (Hannoverlə birlikdə) və Prussiyanın ittifaqına alman knyazlıqlarından Hessen-Kassel, Braunşveyiq, Şaomburq-Litqe və Saksen-Qota daxil idilər. Digər koalisiyada Avstriya, Fransa, İsveç və Saksoniya birləşmişdilər. Rusiya bu koalisiyaya 1757-ci il yanvarın 11-də Avstriya ilə imzalanmış müqaviləyə əsasən qoşulmuşdu. Az sonra Müqəddəs Roma imperiyasına daxil olan alman knyazlıqlarının əksəriyyəti Avstriya-Fransa ittifaqına qoşuldular. Mövcud tədqiqatlarda yaranmış vəziyyət «diplomatik inqilab» adlandırılır, çünki əslində bir-birinə qarşı düşmən mövqedə olan dövlətləri «dövlət maraqları» müxtəlif koalisiyalarda birləşməyə vadar etmişdi.

Yeddiillik müharibə Avropada qüvvələr tarazlığının yeni nisbətini müəyyənləşdirdi, Avropada müharibəyə qədər mövcud olan tarazlıq İngiltərə və Prussiyanın xeyrinə dəyişdi. İngiltərə dünyanın ən iri müstəmləkə və dəniz dövlətinə çevrildi (lakin məhz bu ingilis koloniyalarının 1775-1783-cü illər istiqlaliyyət mübarizəsi dövründə İngiltərənin beynəlxalq aləmdən tam şəkildə təcrid edilməsinə gətirib çıxardı). Fransa müstəmləkə mülklərinin əksəriyyətini itirdi və İngiltərənin dənizlərdə hegemonluğunu qəbul etmək məcburiyyə­tində qaldı.

XVIII yüzilliyin ikinci yarısından etibarən dünyanın siyasi xəritəsi bir sıra hadisə və proseslərin təsiri ilə ciddi dəyişikliklərə məruz qaldı ki, bunlara müstəmləkələr uğrunda mübarizənin, Böyük Fransa burjua inqilabını, ingilis koloniyalarının istiqlaliyyət mühari­bəsini, Polşanın bölüşdürülməsini, şərq məsələsinin kəskinləşməsini, Napoleon müharibələri nəticəsində Avropada yaranmış beynəlxalq şəraiti, antifransız koalisiyalarının yaradılması və fəaliyyətini, Vyana konqresi və qərarlarını, Müqəddəs İttifaqın və Vyana sisteminin yaradılmasını göstərmək olar.

Vyana konqresindən sonra yaradılmış «pentarxiya» - «beşlər ittifaqı» - dünyanın yeni geosiyasi mənzərəsi idi. Bu dövrdən etibarən Avropa dövlətləri arasında bir növ «nisbi sükunət» vəziyyəti yaranır ki, belə vəziyyət XIX yüzilliyin 50-ci illərinə qədər davam edir.

Beynəlxalq münasibətlərin qədim, orta əsrlər və XIX yüzilliyin 70-ci illərinə qədərki yeni dövrünün hadisə və proseslərini əhatə edən «Beynəlxalq münasibətlər tarixi» dərsliyi müəlliflərin uzun illər boyu oxuduğu mühazirələr kursuna əsasən hazırlanmış, Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» fakültəsinin hər iki ixtisasının tələbə və magistrləri üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, dərslikdən respublikamızın ali məktəblərinin müvafiq profilli ixtisaslarının tələbələri və magistrləri, habelə elmi-ictimai fikri də istifadə edə bilər.



1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə