A. N. Abbasbəyli, S. Z. Yusifzadə beynəlxalq münasiBƏTLƏr tariXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) d ə r s L i K




Yüklə 1.54 Mb.
səhifə12/20
tarix22.02.2016
ölçüsü1.54 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

9.3. Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizənin beynəlxalq nəticələri

Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətinin həddindən artıq ağırlığı ilə səciyyələnir. Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerində günahsız insanların başlarından qüllələr düzətməyə adət etmişdi.

K.Marks Teymurləngin yeritdiyi siyasəti aşağıdakı kimi səciyyələndirmişdi: «Teymurun siyasəti minlərlə qadın, uşaq, kişi və cavanlara işgəncə verməkdən, onları qılıncdan keçirməkdən, qırmaqdan və bununla da hər yerdə dəhşət yaymaqdan ibarət idi… O hər yerdə şəhərləri dağıdır, yandırır, əhalini isə zülmlə öldürürdü». «Teymur hər yerdə özündən bir qəbristan sükutu qoyub gedirdi».

Teymurləng də öz sələfi Çingiz xan kimi «dünya imperiyası» yaratmaq arzusunda idi. Lakin əgər Çingiz xan yaradacağı imperiyanı monqol atlarının dırnaqları dəyən yerlə hüdudlaşdırırdısa, Teymurləng: «Göydə allah tək olduğu kimi, yer üzündə də ancaq bir şah olmalıdır, dünyanın əhali yaşayan hissəsi o qədər kiçikdir ki, iki padşahın olmasına ehtiyac yoxdur»- deyirdi.

Məğribdən məşriqə kimi kilometlərlə uzanan teymuri imperiyasında «Hülakü ulusu» - Cənubi Qafqaz öz strateji əhəmiyyətinə, ictimai-siyasi mövqeyinə görə xüsusi əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildi ki, Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, üçillik, beşiillik və yeddiillik yürüşlərin başlıca hədəfi Azərbaycan və Gürcüstan idi.

Son dərəcə qəddar və amansız yadelli işğalçılara qarşı təklikdə müqavimət göstərməyin səmərəsizliyi Cənubi Qafqaz xalqlarının, xüsusilə gürcülərin və azərbaycanlıların yaxınlaşmasına səbəb olmuşdu. Təsadüfi deyildi ki, gürcü çarı VII Georgi, Şəki hakimləri Sidi Əli və Sidi Əhməd, Ərdəbil hakimi Bistan Cəyir və başqaları Şirvanşah I İbrahimə yaxınlaşaraq onun müttəfiqi olmuşdular. Separatçılıq göstərən, hadisələri seyrçi gözü ilə izləyən erməni feodallarının aqibəti xeyli ağır oldu, belə ki, Teymurləng müsəlmanlara nisbətən xristian ermənilərə münasibətdə yumşaq olmasına baxmayaraq istila etdiyi yerlərdəki (Foma Metsonski Teymurun viran qoyduğu 40-dək yerin adını çəkir) qalaları, müdafiə tikililərini uçurub yerlə yeksan edirdi.

Qeyd edildiyi kimi, Cənubi Qafqazda Teymurun işğalçı yürüşlərindən xilas olmaq ancaq Şirvanşahlara müəssər olmuşdu. Şirvanşah I İbrahim Dərbəndi öz uzaqgörənliyi və diplomatik bacarığı nəticəsində Teymurun rəğbətini qazanmışdı. Cənnabi yazırdı ki, Şirvanşah İbrahim öz mülazimlərini çağırıb Teymura müharibə edib-etməmək haqqında onlarla məsləhətləşmişdi. Mülazimlər müharibə etməyin lazım olduğunu söylədikdə I İbrahim onlara gözlə­nil­məyən cavab vermişdi: «Mən öz qoşunumu qıpçağın qılıncına verib, öz rəiyyətimi at dırnaqları altında məhv edə bilmərəm. Mən özüm şəxsən onun yanına gedəcəyəm. Əgər ölsəm heç, qalsam o zaman mənim rəiyyətlərim cağatay soyğunundan və talanından xilas olmuş olar ki, bu da mənim ən sonuncu məqsədimdir».

Şirvanşahlar dövlətinin teymurilərlə ittifaqı ölkənin daxili qüvvələrinin qorunub saxlanılmasına imkan yaradaraq Şirvanşahların Azərbaycanın şimal torpaqlarını öz ətrafında birləşməsi uğrunda mübarizəyə imkan vermişdi ki, bu mübarizənin gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulurdu. XIV əsrin sonlarından etibarən güclən­mək­də olan bu proses XV əsrdə Azərbaycanın cənubundakı tarixi ərazilərində Qara­qoyunlu (1410-1467) və Ağqo­yunlu (1468-1503), şimal torpaqlarında isə Dərbəndilər sülaləsinin idarə etdiyi Şirvanşahlar dövlətinin (1382-1538) yüksəlməsi ilə nəticələndi. Gürcüstanda isə bu proses VII Georginin xələflərinin hakimiyyətdə olduğu gürcü çarlığının möhkəmlənməsinə gətirib çıxardı. Qeyd etmək lazımdır ki, gürcü çarlığı ilə Şirvanşahlar dövlətinin ittifaqı qohumluq əlaqələri ilə də möhkəmləndirilmişdi.

Cənubi Qafqazın, xüsusilə Azərbaycanın zəngin yaylaqları və qışlaqları Ə.Ə.Əlizadənin dönə-dönə qeyd etdiyi kimi, türkdilli köçəri-maldar tayfaların ən çox arzuladığı yer olmuşdu. Köçəri əyanların Arran və Muğanda daimi məskənləri meydana gəlirdi. Teymurilərin hakimiyyətdə olduğu dövr ərzində Orta Asiyadan İran, İraq və hətta Kiçik Asiya vasitəsilə türk etnosunun Azərbaycana axını ayrı-ayrı teymuri hökmdarlarının müdaxiləsi nəticəsində olduqca gücləndirilirdi. Belə ki, Miranşahın əmri ilə XIV əsrin sonlarında Türkiyə və Suriyadan türkdilli 50 min əsir ailə Qarabağ, Gəncə və İrəvana köçürülmüşdü. Məcburi olaraq Cənubi Qafqaza köçürülən türk ailələri Miranşahın ordusuna on minlərlə əsgər verirdi. Zaman keçdikcə bu köçərilər yerli əhali ilə qaynayıb-qarışır, assimliyasiya olunurdular.

Beynəlxalq karvan ticarəti yollarının ayrıcında olan Azərbaycan şəhərlərini daim əllərində saxlamaq üçün bu şəhərlərdə türkdilli ailələrin yerləşdirilməsi təbii hala çevrilmişdi. «Azərbaycan» kitabının müəllifi Məhəmədhəsən Baharlı (Vəliyev) göstərirdi ki, Hülakülərin hakimiyyəti dövründə İrana 200 min türk ailəsi köçürülmüşdü ki, sonralar Teymuri işğalları dövründə həmin ailələr Azərbaycanda məskunlaşmışdılar. Mənbələr həmin ailələrin əsasən aşağıdakı qəbilələrdən ibarət olduğunu söyləmyə imkan verir: qacar, zülqədər, çobani, baharlı, padar, ustaclı, lək, xəlilli, sor-sor, işqaq, osallı, zəngan, armalı, şilyar (şiryan) və s. Azərbaycandan Kiçik Asiyaya köçmüş səlcuq qəbilələrinin bir hissəsi də XIV əsrdə Azərbaycana qayıtmışdı. Belə ki, mənbələrdə «ayrum-Rum elindən çıxmışlar» (Anadoludan) adlanan səlcuq qəbiləsindən olanlar Gəncə və Qarabağın ərazisində yerləşmişdilər. Məhz qeyd edilən proses nəticəsində artıq XIII əsrdən etibarən Azərbaycan dili Cənubi Qafqazda işlək dilə çevrilmişdi. XIV əsrdən etibarən isə bu dildə ilk ədəbi əsərlər meydana gəlməyə başlamışdı. XII-XIV əsrlərə dair erməni, gürcü mənbələri, Avropa səyyahlarının qeydləri məhz XIII-XIV əsrlərdən etibarən türk-Azərbaycan dilinin bütün Qafqazda ümumişlək dilə çevrildiyini söyləməyə əsas verir.

Teymurilərin ağalığı dövründə Azərbaycana türkdilli etnosun miqrasiyası ilə yanaşı, yerli oturaq türk etnosunun zorla öz tarixi ərazilərindən uzuqlaşdırılması prosesi gedirdi. Min illər boyu yaşadıqları topaqlarda nadir sənət inciləri – maddi-mədəniyyət nümunələri yaratmış yüz minlərlə Azərbaycan sənətkarları, ədəbiyyat, elm, incəsənət xadimləri zorla Orta Asiyaya və Volqaboyuna köçürülür, Azərbaycan torpağının yeraltı və yerüstü sərvətləri talan edilirdi. Təsadüfi deyildi ki, dünya mədəniyyəti xəzinəsinə saysız incilər bəxş etmiş özündən əvvəlki və sonrakı yüzilliklərlə müqayisədə XIII-XIV əsrlər son dərəcə kimsəsiz və kasıb görünürdü. Əvəzində Volqaboyundakı Qızıl Orda, Orta Asiyadakı Teymuri şəhərləri çiçəklənir, indinin özündə belə bəşəri təxəyyülü heyrətdə qoyan memarlıq, sənətkarlıq və mədəniyyət işçiləri meydana gəlirdi, möhtəşəm sarayların divarları, elmi fikrin nailiyyətləri türk-oğuz etnosunun alın təri və əti-qanı ilə yoğrulmuşdu.

Bütövlükdə götürüldükdə, monqolların və teymuri ordularının talançı yürüşləri Azərbaycanın ictimai, siyasi və iqtisadi inkişafını azı iki əsr ləngitmişdi, kənd təsərrüfatı bərbad vəziyyətə düşmüş, aclıq «qılıncını sıyırmış», çiçəklənən vilayətlər xarabazara çevrilmiş, şəhər həyatı tənəzzülə uğramış, beynəlxalq ticarətin inkişafına ağır zərbə vurulmuşdu. Hadisələrin müasirlərindən birinin yazdığı aşağıdakı sətirlər dövrün acınacağlı mənzərəsini canlandırmağa imkan verir: «Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər yeri bürüdü…. Gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır».

Teymurun yürüşlərindən ən çox zərər çəkən Cənubi Qafqaz şəhərləri- Təbriz və Tiflis idi. Hər iki şəhər Teymurun «üçillik», «beşillik», və «yeddiillik» yürüşlərinin bütün əzablarına məruz qalmışdı, istilaçılar Tiflis şəhərində böyük dağıntılar törətmişdilər. 1385-1392-ci illər ərzində Təbriz 8 dəfə Toxtamış və Teymurun hücumlarına məruz qalmışdı. 1385-1401-ci illər arasında Azərbaycanın ərazisində (Təbriz şəhəri nəzərə alınmamaqla) 10 dəfə qanlı vuruşma getmişdi, 1385-ci ildə Marağada, 1386-cı ildə Naxçıvanda, 1387-ci ildə Şəkidə, 1387 və 1394-cü illərdə Şirvanda, 1388-ci ildə Mərənddə, 1387, 1393, 1397 və 1400-cü illərdə isə Əlincə qalası ətrafında gedən döyüşlərdə on minlərlə azəri türkü doğma torpaq uğrunda qurban getmişdi.

Tədqiqatçılardan A.Y.Yakubovski Teymurləngin Orta Asiya tarixində oynadığı mütərəqqi rolu eynilə başqa xalqlara da şamil etməyə çalışır. Həmin fikrin Cənubi Qafqaza aid edilməsi özünü yalnız Teymurun Qızıl Ordaya münasibəti məsələsində doğrulda bilər. Belə ki, Volqaboyuna 1395-ci il yürüşü zamanı Qızıl Ordaya – Cuci ulusuna elə bir ağır zərbə vuruldu ki, bununla da Qızıl Ordanın Cənubi Qafqaza yürüşlərinə birdəfəlik son qoyuldu. Şübhəsiz ki, bu Teymurun Cənubi Qafqaz xalqları qarşısında ən böyük, həm də «yeganə» xidməti idi. Teymurun Qızıl Orda üzərində sonuncu qələbəsi onun ömrünü heç olmasa yarım əsr gödəltdi.

Nəhayət, Cənubi Qafqaz xalqlarının həyatında teymuri işğallarının nəticələrindən danışarkən bir cəhəti yaddan çıxarmaq olmaz ki, istilaçıların azğınlığı, törətdiyi vəhşiliklər xalq kütlələrinin dərin narazılığına səbəb olaraq azadlıq uğrunda mübarizənin güclənməsinə təkan verirdi. 1403-1406-cı illərdə İspaniya kralı tərəfindən Səmərqəndə, Teymurun sarayına elçi sifəti ilə göndərilən Klavixo Qonzales de Ryui Teymurun tutduğu yerlərdə əhaliyə edilən zülmdən, ordu məmurlarının və əsgərlərin özbaşınalığından bəhs edərək yazırdı: «Teymurilər sarayına gəlmiş hər hansı bir dövlətin elçilərini müşayət edən əsgərlər, hər hansı şəhər və kənd olursa olsun, girən kimi qabaqlarına düşən birinci adamı tutub… özləri at üstündə getdikləri halda onu dallarınca sürükləyib ərrəisin (kəndxudanın) evini göstərməsini tələb edirdi. Təsadüf etdikləri adamdarı əvvəlcə ağac və qamçı ilə döyərək ət, yağ, çörək, bal və s. gətirmələrini tələb edirdilər. Elçini görən kimi bazar və küçələrdə bir adam belə qalmırdı, hamı «elçi» deyərək dükanları bağlayıb evlərində gizlənirdilər». Səyyah davam edərək göstərirdi ki, «çox təəccüblüdür, bu adamlar həddindən artıq vəhşicəsinə hərəkət edirlər. Onlar hökmdarın fərmanıdır deyə istədikləri şeyi alır və əhalini döyürdülər. Əgər bu elçilər gecələməli olsalar əhali onların atlarını yerləşdirməli və özlərini lazımi ərzaq ilə təchiz etməli idilər».

Teymurilərin zülmünə qarşı güclənməkdə olan xalq hərəkatı öz ifadəsini dini-siyasi təlimlərdə tapırdı, bu ictimai ədalətsizliyə, zülmə qarşı mübarizənin təzahür vasitəsi idi. Azərbaycanda islam dini ehkamlarına və Teymurilərin ağalığına qarşı çevrilmiş belə dini-siyasi təlimlərdən biri də hürufilik (ərəbcə «hərflər» sözündən olub şiəlikdə təriqəti bildirir) idi. Hürufilik XIV əsrin sonlarında Naxçıvanda, Astrabadda meydana gəlmiş, XV əsrin əvvələrində isə İran, Türkiyə və Azərbaycanın qalan ərazilərinə yayılmışdı. Hürifilik təliminin banisi Fəzlullah əl Hürufi Təbrizi Astrabadi Nəimi, ən görkəmli ardıcılları Əliyül-Əla, Nəsimi, Seyid İshaq və başqaları idi. Hürufilik təlimi XIV əsrin ictimai-fəlsəfi fikri tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik, manixeyçilik, və əxilik hərəkatı ilə üzvi surətdə bağlı idi.

Hürufilik mənəvi və cismani inkişaf nəticəsində insanın allahlaşmasına, ilahiləşməsinə, həmin inkişafın pozulması nəticəsində isə insanın dəccala çevrilməsinə inanırdılar. Hürufilər məhz bu mənada Fəzlullaha iman gətirir, onun ilahiliyinə inanırdılar. Mənbələr hürufiliyin təlimdən təşkilata çevrilməsi haqqında maraqlı məlumatlar verir. Hürufilik siyasi təlim kimi Nəiminin «Məhəbbət­namə», «Vəsiyyətnamə», «Naumnamə», «Cavidane-Kəbir», «Cavi­da­ne-Səqir» və «Ərşnamə» əsərlərində şərh olunmuşdur. Mənbələrə görə, Nəimi Teymurləngin əmri ilə Şirvanda həbsə alınaraq dini məhkəməyə verilmiş və 1394-cü ildə Miranşah tərəfindən Naxçıvanda edam edilmişdi. Nəiminin ölümündən sonra onun tərəfdarları müsəlman Şərqinin hər yerinə yayılaraq «dəccal»ın zühur etdiyini (hürufilərə görə, Teymurləng dəccal hesab olunurdu) və onun «şərinin» aradan götürülməsinin savab olduğunu təbliğ etməklə teymuri hökmranlığına qarşı barışmaz mübarizə aparırdılar. Təsadüfi deyildi ki, hürufilik Teymurləng və onun xələfləri tərəfindən amansız təqib olunurdu.

Nəiminin ardıcıllarından İmadəddin Nəsiminin də taleyi ustadının taleyi kimi faciəli olmuşdu. Ruhanilərin fitvası ilə Nəsimi 1417-ci ildə Suriyanın Hələb şəhərində dərisi diri-diri soyulmaqla əzablı ölümə məhkum edilmşdi. Nəsimi yaradıcılığı hürufilik təliminin zirvəyə çatması deməkdir. Nəsiminin allahlaşmış insanı hər cür zülmə və dini xürafata ölüm hökmü yazırdı.

Beləliklə, Teymurləngin və onun xəlifələrinin işğalçılıq yürüşləri nəticəsində törədilən dağıntılar, əhaliyə tutulan işgəncəli divanlar teymuri dövlətini əsaslarınadək sarsıdan xalq azadlıq mübarizəsinə təkan verməklə onun süqutunu sürətləndirdi. Teymuri «imperiyasının» xarabalıqları üzərində Azərbaycanda Qaraqoyunlu və Şirvanşahlar dövlətləri yüksəlməyə başladı.

Bəşər tarixinin qədim və orta əsrlər dövrü ayrı-ayrı dövlət xadimi və sərkərdələrin işğalçı yürüşləri nəticəsində yaradılmış yüzlərlə irili-xırdalı dövlət birləşməsinin adını qoruyub saxlamışdır. Belə böyük feodal «imperiya»larından biri də XIV-XV əsrlərin hüdudunda meydana gəlmiş Teymuri dövləti idi. XIV əsrin 70-ci illərində Teymurləngin başçılığı altında Mavəraünnəhrdə yaradılmış feodal dövlətinin sərhədləri özünün və xələflərinin apardığı işğalçılıq müharibələri nəticəsində qərbdə Egey dənizi və Fələstinə, şimalda Dəşti-qıpçaqa (Qıpçaq səhrasına), cənubda Misir sərhədlərinə, şərqdə isə Çin sərhəddinə qədər uzanırdı.

Teymurilərin istilaları ərəfəsində Cənubi Qafqazda feodal pərakəndəliyi hökm sürürdü. Belə ki, Azərbaycanın Şirvanşahlar dövlətinin tərkibində Kür çayına qədər olan şimal torpaqları istisna olmaqla qalan ərazilərində feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanın cənubunda teymurilərə və qaraqoyunlulara qarşı mübarizədə yüksəlməkdə olan Qaraqoyunlu tayfa ittifaqı hələ cənub torpaqlarını birləşdirmək ixtiyarında deyildi. Gürcüstanda feodal pərakəndəliyi hökm sürürdü. Tarixi torpaqları Cənubi Qafqazın hüdudlarından kənarda yerləşən Ermənistanı ayrı-ayrı şəhərlər təmsil edirdilər. XIV əsrin sonlarında Cənubi Qafqazda mövcud olan belə şərait ölkənin canlı qüvvəsini teymurilərə qarşı birləşdirməyə imkan vermirdi. Yaranmış şəraitdə ayrı-ayrı feodal hökmdarların teymurilərlə ittifaqa girərək vassal asılılığını qəbul etməsi onların hakimiyyəti altında olan ərazilərin teymurilərin talançı yürüşlərindən xilas olmasına imkan yaradırdı. Şirvanşah I İbrahim Dərbəndinin Teymurləngin müttəfiqinə çevrilməsi Şirvan dövlətini talançı yürüşlərə hədəf olmaqdan xilas etdisə, Şirvanşahın vasitəçiliyi ilə Şəki hakimi Sidi Əli və gürcü çarı Georginin Teymur tərəfindən tanınması Şəki və Gürcüstanın tarixi taleyində əhəmiyyətli rol oynadı.

Gürcü, erməni və rus mənbələri Teymurləngi «tanrının növbəti bəlası», onun istilaçı yürüşləri dövrünü isə fəlakət və faciələr dövrü kimi səciyyələndirirdi. Foma Metsopski yazırdı ki, «Teymurləng gedəndən sonra fəryad səsləri göylərə ucaldı… Arçeşdən tutmuş İberiyaya- Ağvandan Kür çayınadək bütün ölkə əzab və işgəncələrə tutulmuş, (əhalisi) qırılmış və əsir edilmiş, günahsızların qanına boyanmışdı».

Teymuri işğalları əkinçilik mədəniyyətinin yüksək səviyyədə olduğu ölkələrin təsərrüfat həyatına və mədəni inkişafına ölümcül zərbə vurdu. Oturaq xalqların min illər boyu yaratdıqları köçərilərin zərbələri altında yerlə yeksan edildi. Məhsuldar zəmilər, suvarma sistemləri, nadir mədəniyyət abidələri və bu abidələri yaradan xalqlar – bir sözlə, teymuri qoşunlarının atının ayağı dəyən yerlər xarabazara çevrilirdi, bütün yaxşı sənətkarlar, istila olunmuş ölkələrin var-dövləti Orta Asiyaya yola salınırdı. Bütün tarixi ədəbiyyatlarda XV əsr Orta Asiya xalqlarının mədəni inkişafının yüksək səviyyəsi ilə səciyyələndirilir. Əslində həmin mədəniyyət öz vətənlərindən didərgin salınmış adlı-sanlı ustaların, sənət adamlarının çiyinləri üzərində yüksəlmişdi. Teymuri işğallarından sonrakı dövrdə həmin işğallara məruz qalmış xalqların mədəni inkişafında, iqtisadi həyatında boşluq yarandığını görürük. Teymurləngin Orta Asiya tarixində müsbət rol oynadığını göstərən tədqiqatçılar onun ümumiyyətlə təbii-tarixi inkişaf prosesinə vurduğu zərərin üstündən sükutla keçirdilər.

Görkəmli şərqşünas tədqiqatçılardan B.Bortold və A.Yakubovski Teymurləngin «dünya xalqları qarşısında iki böyük xidmətini» xüsusi qeyd edirlər. Birincisi, 1395-ci ildə Teymurləngin Qızıl Ordanı darmadağın etməsi nəticəsində rus, Volqaboyu və Cənubi Qafqaz xalqlarının tatar zülmündən xilas olması, ikincisi, 1402-ci ildə Osmanlı Türkiyəsinin darmadağın edilməsi nəticəsində Avropa, Afrika və cənub-qərbi Asiyanın türk zülmündən nicat tapması. Şübhəsiz, Qızıl Ordanın darmadağın edilməsi mütərəqqi hadisə idi. Lakin Osmanlı Türkiyəsi haqqında ikinci fikir düzgün deyil. Çünki Osmanlı Türkiyəsi göstərilən dövrdə özünütəsdiq uğrunda mübarizə aparırdı. Teymurləngin müdaxiləsi həmin prosesi ləngitsə də, onun qarşısını ala bilmədi.

Teymurləngin strateji planlarında «Hülakü ulusuna» - Cənubi Qafqaza xüsusi əhəmiyyət verilirdi. Təsadüfi deyildi ki, 1385-1405-ci illərdə Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, Azərbaycan və Gürcüstan uzun sürən yürüşlərin başlıca hədəfi idi. Yaxın Şərqdə heç bir yer fəlakətdən kənarda qalmamışdı. F.Metsopskinin yazdığına görə, teymurilərin yürüşləri nəticəsində minlərlə insan məhv edilmiş, qul edilmiş, 40-dan yuxarı yaşayış məskəni xəritədən silinmiş, qalalar, müdafiə istehkamları uçulub yerlə yeksan edilmiş, ölkələr qarət olunmuşdu.

Teymurun istilaçı yürüşləri başqa yerlərdə olduğu kimi, Cənubi Qafqazda da kortəbii kəndli çıxışlarına səbəb oldu, xalq kütlələrinin azadlıq mübarizəsinin güclən­məsinə, Azərbaycan və gürcü xalqlarının yaxınlaşmasına gətirib çıxardı. Əlincə qalasının 14 ilədək davam edən müdafiəsi uğrunda döyüşlərdə gürcü xalqının oğulları da qurban getdi. Teymuri işğallarına qarşı mübarizə sonralar qoca şərqin bir çox ölkələrində özünə tərəfdar toplamış hürufilik dini-siyasi hərəkatının meydana gəlməsinə səbəb oldu, dahi Azərbaycan mütəfəkkirləri Fəzlullah Nəimi və İmadəddin Nəsimi bu yolda şəhid oldular.

Teymurilərə qarşı mübarizənin gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulmuşdu. XV əsrin əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarında siysi səhnəyə müstəqil Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətləri qədəm qoydular: müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq Azərbaycan xalqının təşəkkülü, türk-azəri ədəbi dilinin formalaşması prosesləri gedirdi. Yerli türk etnosu Teymurləngin köçürmə siyasəti nəticəsində Cənubi Qafqazda yerləşdirilmiş digər çoxsaylı türk xalqları hesabına daha da gücləndirildi. Cənubi Qafqazın təbii-coğrafi şəraiti çox tezliklə həmin tayfaların oturaqlaşmasına səbəb oldu. Nəticədə türk-azəri dili Cənubi Qafqaz və Yaxın Şərqin ümumişlək dilinə çevrildi.

Teymur və monqol istilaları Cənubi Qafqaz xalqlarına görünməmiş müsibətlər gətirərək onun ictimai-siyasi, mədəni və iqtisadi inkişafını azı iki əsr ləngitmiş, bütün orta əsr səyyahlarının dönə-dönə vəsf etdikləri Qafqaz şəhərlərini, onların təsərrüfat həyatını tənəzzülə uğratmışdı.



Mövzuya dair suallar

  1. Teymurilər dövlətinin yaranması və beynəlxalq nəticələri

  2. Əmir Teymurun işgalları dövründə Yaxın Şərq və Cənubi Qafqazda beynəlxalq vəziyyət

  3. I İbrahimin Şirvanşahlar dövlətinin bütövlüyünü saxlamaq ugrunda diplomatik-siyasi mübarizəsi

  4. Teymurilər dövlətinin beynəlxalq əlaqələri və Əmir Teymurun dünya imperiyası yaratmaq siyasəti.

  5. Cəlairi və Qaraqoyunlu dövlətlərinin Teymurilərin işgalçılıq siyasətinə qarşı mübarizəsi

  6. Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizə və beynəlxalq nəticələri

  7. Teymurilər dövlətinin süqutundan sonra Mərkəzi Asiya- Cənubi Qafqazda vəziyyət.


Ədəbiyyat

  1. Azərbaycan Sovet Ensiklopediyası, I cild. B., 1976

  2. Azərbaycan Sovet Ensiklopediyası, IX cild. B., 1986

  3. Azərbaycan tarixi, 1-ci cild. B., 1961

  4. Babayev İ.A., Əhmədov Q.M. Qəbələ. B., 1981

  5. Bünyadov T.Mərd qalalar, sərt qayalar. B., 1986

  6. Əliyev R. Azərbaycan VII-XIV əsrlərdə. B., 1980

  7. Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozide («Seçilmiş tarixə» əlavə). B., 1990

  8. İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1956

  9. Nemətova M.K. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair. B., 1959

  10. Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. B., 1982

  11. Mahmudov Y. Səyyahlar, kəşflər, Azərbaycan. B., 1985

  12. Metsopski F. Teymurləngin və onun xələflərinin tarixi. B., 1957

  13. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. B., 1977

  14. Məmmədov R., Piriyev V. Teymurləngin Əlincə səfəri. /Elm və həyat, 1977, №9

  15. Məmmədov S. Azərbaycan XV-XVIII əsrin birinci yarısında. B., 1981

  16. Piriyev Z.V. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə. B., 1978

  17. Ализаде А.А. Социально-экономическая и политическая история Азербай­джана XIII-XIVвв. Б., 1956

  18. Архив Маркса и Энгельса. T.VI. Л., 1939

  19. Ашурбейли С. Государство Ширваншахов (VI-XVвв.). Б., 1983

  20. Гиясаддин Али. Дневник похода Тимура в Индию. М., 1958

  21. История Армении. Ереван, 1981

  22. История Грузии. Т.1. Тбилиси, 1962

  23. История Ирана с древнейших времен до конца XVIII века. Л., 1958

  24. История СССР. Т.II. М., 1966

  25. История Узбекской ССР Т.1, кн.2. Ташкент, 1955

  26. Муминов И. Роль и место Амира Теймура в истории Средней Азии. Ташкент, 1968

  27. Новосольцев А.П. Об исторической оценке Теймура / Вопросы истории, 1973, №2

  28. Петрушевский И.П. Иран и Азербайджан под властью Хулагидов (1256-1353) / Tатаро-монголы в Азии и Европе. М., 1970

  29. Сумбатзаде А.С. Азербайджанцы -этногенез и формирование народа. B., 1990

X Mövzu

Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri
Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə qədər olduqca nəhəng ərazidə məskunlaşmış, Azərbay­can dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiy­yətli rol oynamışdır.

Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhlivan bəy (1370-1388) tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin, Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi ilə uğurla rəqabət aparmışdı.

Ağqoyunlu dövlətinin yaradılması və yüksəlişi Uzun Həsənin adı ilə bağlı olmuşdur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları, hərbi-feodal əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə uğurla nəticələndi. Bununla belə Uzun Həsən feodal əyanlarının xeyrinə də bir sıra güzəştlərə getməyə məcbur oldu. Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Lakin, ayrı-ayrı müəlliflərin Uzun Həsənin müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi fikri həqiqətə uyğun deyildir. Çünki müxtəlif etnosların yaşadıqları bu geniş ərazidə onları birləşdirmək siyasəti qısa müddətə olsa da uğur qazanmış, Ağqoyunlu dövləti beynəlxalq münasibətlər orbitinə daxil olmuşdu.

Ağqoyunlu dövlətinin başlıca rəqibi türk sultanı Fateh II Mehmet idi. Təsadüfi deyildir ki, Uzun Həsənin xarici siyasət xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın şərqini istila etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı tutmağı, Şərqdən Qərbə gedən karvan yolunu və Avropa ilə ipək ticarətini öz əlinə almağı planlaşdırırdı.

Ağqoyunlular Trabzon - yunan dövləti ilə hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən 1457-ci ildə Trabzon sarayı ilə qohum idilər. Ağqoyunlu dövlətinin yaradıcısı olan Uzun Həsən Trabzon imperatoru Kalo İohanın qızı Katerina ilə (Şərq mənbələri onu Dəspinə xatun adlandırırdılar) evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Aləmşah Bəyimi bacısı oğlu Şeyx Heydərə ərə vermiş, Səfəvi hökmdarı Şah İsmayıl bu izdivacdan doğulmuşdu.

Yaranmış şəraitdə Uzun Həsənin elçiləri 1460-cı ildə olmuş Roma görüşündə iştirak etmiş və Uzun Həsən qaynı David Komnenə yardım etməyi öz öhdəsinə götürmüşdü. Zəifləmiş Trabzon imperatorluğunun Qərb-Şərq ticarətində rolu olduqca böyük idi. Hindistan və Çin tacirləri məhz burada avropalı tacirlərlə görüşürdülər. Məhz bununla əlaqədar türk səyyahı E.Çələbi Trabzondan bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların əlindən aldığını", Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı.

Trabzon Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə, oradan da Avropaya əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktoriyaları ilə əlaqə saxlayırdılar. Məhz buna görə də II Mehmet 1461-ci ildə Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan əvvəl Ağqoyunluların müttəfiqi Trabzon imperiyası üzərinə güclü qoşun göndərmişdi.

Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində baş vermiş Qoyluhisar döyüşü olmuşdu. Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vurmuş, Osmanlı sərkərdəsi Həmzə bəyin qoşunu ağır məğlubiyyətə uğradılmışdı. Qoyluhisarı geri qaytarmaq üçün sultan II Mehmet böyük bir qüvvə ilə ağqoyunlulara qarşı yürüşə başlamışdı. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi tanınan anası Sara xatunu sultanın düşərgəsinə göndərmişdi. Qaynaqların məlumatına görə, danışıqlar zamanı Sara xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər. Uzun Həsən Sara xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki ağır vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki teymurilər və qaraqoyunlularla müharibədən çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi.

Vaxt qazanmaq Sultan II Mehmetə də lazım idi, çünki o Qərbdə yarımçıq qoyduğu işğalçılıq planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə nail oldu. Lakin Sara xatun II Mehmeti Trabzonu fəth etmək fikrindən daşındıra bilmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini Türkiyənin əlində cəmləşdirmək idi. Azərbaycanlı tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı-Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə mənfur rolunu araşdırmış, Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını vermişdi.

Trabzon üzərinə yürüşə ciddi hazırlaşmış II Mehmet Uzun Həsənin arxadan hücumundan ehtiyat etdiyinə görə, Sara xatun başda olmaqla Ağqoyunlu elçilərini də özü ilə apardı. İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq mühasirədən sonra türklər tərəfindən zəbt edildi. Bununla da, Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Yaranmış şəraitdə Sara xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü və bundan istifadə edərək Trabzon xəzinəsini sultanla bölüşüb geri qayıtdı.

Trabzon şəhərinin fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Avropaya iki mühüm çıxış yolundan başlıcasını itirdi. Osmanlı sərkərdəsi Xıdır bəy Trabzonun canişini təyin edildi. Bununla da Trabzon şəhəri öz ticarət–iqtisadi əhəmiyyətini itirərək tənəzzülə uğramağa başladı.

Yaranmış şəraitdə Osmanlı dövlətinə həm şərqdən və həm də qərbdən zərbə endirmək üçün Uzun Həsən Avropa dövlətləri ilə əlaqələri günişləndirmək yolu tutdu. Osmanlı imperiyasının siyasəti Azərbaycanla Avropa ölkələri arasında tranzit karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük alınırdı (gömrüyün miqdarı bəzən 4-5 faizdən çox olurdu). Əslində bu gömrüyü bilərəkdən erməni tacirləri yüksəldirdilər. Istanbulda güclü iqtisadi mövqeləri olan erməni tacirləri Roma papası və xristian Avropa dövlətləri agentlərinin tapşırığı ilə Türkiyəyə qarşı olduqca məkrli və çoxşaxəli iş aparır, iki türk dövlətini bir-birinə qarşı qoymaq üçün dəridən qabıqdan çıxırdılar.

Osmanlı işğalları Avropada Macarıstan, Habsburq krallığı, Venesiya, Roma papası, Neapol, Polşa üçün ciddi təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir göstərir, Avropa ölkələri bu iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasında ziddiyyət salmağa çalışırdılar. Təsadüfi deyildi ki, Uzun Həsən osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında Sultana qarşı antitürk koalisiyasında birləşdirməyə çalışırdı.

Qərblə-Şərq arasındakı ticarətdə vasitəçilik edən Venesiya respublikası ilə Türkiyə arasında 1463-cü ildən 16 ilə qədər davam edən (1463-1479) müharibənin başlanması Ağqoyunlu dövlətinin diplomatik manevr imkanlarını olduqca artırdı. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edilmiş, Venesiya dojunun məsləhəti ilə bu məqsədlə iki missiya yaradılmışdı. Ağqoyunlu dövlətinin xeyrinə olan məqamlardan biri də Kiçik Asiyada yaşayan tayfaların Türkiyə əleyhinə olan üsyanlarının mütəmadi xarakter alması idi. Hətta Qaraman tayfa başçılarından olan Pir Əhməd və Qasım bəy Uzun Həsənə müraciət edərək ondan hərbi yardım istəmişdilər.

Venesiya hökumətinin elçiləri 1471-ci ilin payızında Uzun Həsənin sarayına gəldilər.Bunların içərisində Katerino Zeno, İosafat Barbaro, Ambroco Kontarini, Bartolomeo Liompardo və başqaları var idi. Lakin Venesiya diplomatlarının səfərinə Uzun Həsən elə də əhəmiyyət vermədi, çünki Venesiya verdiyi sözə əməl etməmiş, Uzun Həsən Osmanlı ilə müharibənin ağırlığını təkbaşına daşımalı olmuşdu. 1472-ci ildə Katerino Zeno Uzun Həsənin düşərgəsində Polşa, Macarıstan və Rusiya diplomatları ilə görüşmüş, bu avropalı diplomatlar Uzun Həsənin oğlu, istedadlı sərkərdə Mirzə Yusif xanın Qaraman əmirliyindən keçməklə Aralıq dənizinin sahillərinə olan yürüşünün şahidi olmuşdu.

1475-ci il mayın 30-da A.Kontarini İtaliya katolik monaxı Lüdviqlə görüşdü. Aparılmış diplomatik danışıqlar göstərdi ki, Ağqoyunlu dövləti osmanlılara qarşı mübarizədə Avropa ölkələrinin etibarlı müttəfiqi ola bilər.

Uzun Həsən antitürk koalisiyasının yaratmaq üçün öz elçiləri İsaq, Xoca Mirak, Hacı Məhəmməd, Həsən Əzən və Murad bəyi Avropa ölkələrinə, xüsusən Venesiyaya, Roma, Almaniya, Polşaya göndərir və danışıqlar aparırdı. Venesiya diplomatlarının səfər qeydlərində onlarla birlikdə Moskva, Neapol, Roma, Burqundiya, Macar, Çex və Polşa elçilərinin də Uzun Həsənin sarayında olduqları göstərilirdi.

Təbrizdə Venesiya hökuməti ilə aparılan danışıqlar nəticəsində 1472-ci ilin yazında Türkiyə əleyhinə hərbi ittifaq bağlandı. Əldə edilmiş razılaşmaya görə, 1472-ci ilin yazında Uzun Həsən Osmanlı Türkiyəsinə qarşı müharibəyə başlamalı idi. Istedadlı Ağqoyunlu sərkərdəsi Uzun Həsənin oğlu Mirzə Yusif xanın başçılığı altında 12 minlik qoşun Ərzincandan Qaraman istiqamətində irəliləyərək bir sıra döyüşlərdən sonra Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirməli olanlar Venesiya gəmiləri ilə rastlaşmışdılar.

Venesiya respublikası Uzun Həsənin uğurlarından, habelə Türkiyənin ağır vəziyyətindən istifadə edərək, gizli surətdə İstanbuldakı səfirlərinin vasitəsilə, Türkiyədən ticarət üstünlüyü əldə etmək üçün rəqib tərəflə diplomatik danışıqlar aparmış və beləliklə də, müharibənin bütün ağırlığı Ağqoyunlu dövlətinin üzərinə düşmüşdü. Yaranmış şəraitdə Ağqoyunlu dövləti yalnız öz qüvvəsinə arxalanmaqla Osmanlı dövlətinə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmışdı. Uzun Həsən çox keçmədən Venesiyanın məkrli niyyətlərinin mahiyyətinə varmışdı, bunu onun Venesiya elçilərinə sonrakı soyuq münasibəti aydın şəkildə göstərirdi.

Hərbi kəşfiyyatın köməyi ilə Ağqoyunlu qüvvələrinin dağınıq olduğunu və hərbi əməliyyata Uzun Həsənin başçılıq etmədiyini öyrənən II Mehmet şahzadə Mustafanın başçılığı altında Ağqoyunlulara qarşı 60 min nəfərlik qoşun göndərdi. Nəticədə Ağqoyunlu süvariləri Beyşehir döyüşündə türklər tərəfindən məğlub edildilər, Qaraman osmanlılar tərəfindən fəth edildi, Mirzə Yusif xan və iki qardaşı əsir tutularaq II Mehmet tərəfindən edam edildilər.

Qaraman əmirliyinin tutulması ilə Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqəsi tam şəkildə kəsilməsə də, olduqca zəifləmişdi. Ağqoyunluların Avropaya başlıca çıxışı Moskva knyazlığının ərazisi ilə Polşaya, oradan da digər Avropa ölkələrinə istiqamətlənmişdi. Venesiya ilə əldə olunmuş gizli razılaşmaya əsasən, Türkiyə Qərbdən hücum olmayacağına təminat almışdı, belə ki, Venesiya doju Venesiya ilə Ağqoyunlular arasında Türkiyəyə qarşı imzalanmış müqavilənin mətnini türk diplomatlarına göstərməklə Uzun Həsənə xəyanət etmişdi. Odur ki, II Mehmet bütün hərbi qüvvələrini Ağqoyunlulara qarşı çevirmək qərarına gəlmişdi.

Osmanlı ordusu 1473-cü ilin baharında güclü artilleriyanın müşayiəti ilə Ərzincana tərəf hərəkət etdi. Sultan Uzun Həsənin Venesiyadan odlu silahlar almaq üçün Qaraman istiqamətində hücuma keçəcəyini bildirdi (əslində Venesiya Uzun Həsəni növbəti dəfə aldatmışdı). Venesiya ilə Ağqoyunluların Aralıq dənizi sahilində birləşməsinə imkan verməmək üçün Sultan Uzun Həsəni Anadolunun şərqində əzmək fikrində idi. Uzun Həsən isə düşmən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxmışdı. Osmanlılar Fəratın sağ sahili ilə Malatiyaya qədər irəliləmiş, çayın sol sahilində Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın olmuşdu.

Uzun Həsən dərə döyüşünün ustası idi və keçmiş döyüş təcrübələrindən istifadə edərək, oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələri Fəratın sahilində pusquda qoymuşdu. Uzun Həsənin döyüş planına görə, Ağqoyunlu sərkərdələrindən biri Osmanlı süvarisinə hücum etməli və döyüşə-döyüşə geri çəkilərək türk süvarilərini piyadalardan ayırmalı və düşmən qüvvələrini Fəratın sol sahilinə çəkməli idi. Nəticədə Uğurlu Məhəmmədin qoşunları onları mühasirəyə alaraq məhv etməli idilər. Uzun Həsənin döyüş planı baş tutdu. 1473-cü il avqustun 1-də Uzun Həsənin seçdiyi döyüş taktikası nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşununun zərbə qüvvəsini Fəratın sol sahilinə keçirdilər və Malatiya döyüşü adlanan bu vuruşmada türk qoşunlarının süvari qüvvəsi məhv edildi.

Məğlubiyyət Osmanlı qoşununda döyüş intizamının pozulmasına və böyük ruh düşkünlüyünə səbəb oldu. Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərmiş, lakin Uzun Həsən taktiki səhvə yol verərək sultan II Mehmetin sülh təklifini qəbul etməmişdi. Mənbələr türk qoşununun döyüş ruhunu bərpa etmək üçün «II Mehmetin gördüyü yuxunu»un da məzmunundan xəbər verirlər.

1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri Ərzincanla Ərzurum arasındakı Otluqbeli (Tərcan) düzündə, Üçağızlı dərəsi adlanan yerdə II Mehmetin qoşunlarını qabaqladılar. Döyüşün planına görə, həm qarşıdan, həm də cinahlardan hücum edən Ağqoyunlu atlıları Türkiyə qoşununu dərədən düzə çıxmağa qoymamalı idi. II Mehmetin qoşunu geri çəkildikdə isə onu Uzun Həsənin özünün başçılıq etdiyi süvarilər qarşılamalı idi.

Lakin Uzun Həsənin məqsədini başa düşən II Mehmet bütün diqqəti ön cəbhəyə verdi və Otluqbeli döyüşü osmanlıların qələbəsi ilə başa çatdı. Bununla belə, tərəflərin hərbi əməliyyatları davam etdirmək üçün qüvvəsi qalmamışdı.

Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinin hərbi qüdrətinə ağır zərbə vuruldu. Bu dövlətin mövcudluğu onun dövlətçilik uğrunda apardığı müharibələrinin nəticəsi ilə sıx bağlı idi. Xarici siyasətində hər hansı uğursuzluq ölkə daxilindəki narazı qrupların mərkəzi hakimiyyətə qarşı qiyamını şərtləndirməklə Ağqoyunlu dövlətinin süqutunu sürətləndirirdi. Köçəri hərbi əyanların və oturaq feodalların mərkəzi hakimiyyətə qarşı mübarizəsi Otluqbeli döyüşündən sonra elə vüsət almışdı ki, ölkənin müxtəlif yerlərində baş vermiş qiyamlarda hətta hökmdarın oğlanları da iştirak edirdi. Hadisə və proseslərin təhlili göstərir ki, Uzun Həsənin hakimiyyəti illərində hakimiyyət dairələrində belə parçalanma şərti xarakter daşımışdı.

Sultan II Mehmet Otluqbeli döyüşündən sonra Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşmağa başlamış və bu məqsədlə Xorasan hakimi Hüseyn Baykaraya məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmişdi. Türk sultanı Ağqoyunlu dövləti daxilindəki hər hansı narazılıqdan istifadə etməyə çalışırdı. Bu baxımdan Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin 1474-cü ildə Şirazda üsyanı II Mehmet tərəfindən dəstəklənmiş, hətta atasına qarşı qiyamda məğlub olmuş Ağqoyunlu hökmdarının oğlunu İstanbulda böyük təntənə ilə qarşılayaraq, qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədə ərə vermişdi. Bu nikahdan Uğurlu Məhəmmədin Gödək Əhməd adlı bir oğlu olmuşdu. II Mehmet Uğurlu Məhəmmədi Sivasa - Azərbaycan-Türkiyə sərhədinə hakim təyin etmişdi. Lakin oğlunu bağışlamayan Uzun Həsən hərbi kəşfiyyatın köməyi ilə Uğurlu Məhəmmədi ələ keçirib Təbrizdə edam etdirmişdi.

Uzun Həsən Ağqoyunlu dövlətinin mövcudluğu uğrunda ölüm-dirim savaşı aparırdı. Onun yeritdiyi daxili və xarici siyasət məhz bu məqsədə xidmət edirdi. Bununla belə, Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış, daxili ziddiyyətləri gücləndirmişdi. Müxtəlif ölkələrlə aparılan müharibələrin əsas ağırlığı ilk növbədə xalqın üzərinə düşürdü. Vergi və mükəlləfiyyətlərin ağırlığını, feodal özbaşınalıqlarının əziyyətini kəndlilər, sənətkarlar, xırda tacirlər və şəhər əhalisi çəkirdi.

Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqələrinin genişlənməsinə baxmayaraq (Uzun Həsən hətta Polşa kralı ilə qohum olmaq istədiyini də məktub vasitəsilə krala bildirmişdi), xarici siyasətdə bir sıra uğursuzluqlardan qurtula bilməmişdilər. Belə ki, Ağqoyunlu dövlətinin mövcudluğu dövründə Misir sultanlığı və Suriya ilə münasibətlər nizama salınmadı. Halbuki onların qüvvələrindən teymurilərə və osmanlılara qarşı istifadə oluna bilərdi. Məhz buna görə də, Misir sultanı Uzun Həsənin Türkiyə əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu Məhəmmədə hərbi qüvvə ilə yardım göstərdi.

Gürcü knyazları da Türkiyəyə qarşı Ağqoyunlu hökmdarı ilə əlbir hərəkət etməkdən boyun qaçırdılar. Uzun Həsən 1462, 1464, 1472 və 1475-ci illərdə Misir və Suriya məmlüklərinə qarşı, 1474-1477-ci illərdə isə Gürcüstana yürüşlər etmiş, Tiflis və Qori, eləcə də ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olunmuşdu. Uzun Həsənin gürcü hökmdarı VI Baqratla bağladığı 1477-ci il sülhünə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına keçmişdi. Ağqoyunlu hökmdarı gürcü knyazlarından iri məbləğdə bac alaraq sərkərdə Xəlil bəy Bəktaşini Tiflisə canişin təyin etmişdi.

Uzun Həsənin ölümündən sonra Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid (1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanlarının Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı planları reallaşmadı. Yaqub Mirzənin sərkərdələri - Süleyman bəy və Bayandur bəy məmlüklərin nəinki Ağqoyunlu dövlətinə 1480-ci il yürüşünün qarşısını aldılar, hətta yürüş zamanı məmlük sultanı Qayıt bəy və məşhur sərkərdələri döyüşdə öldürüldülər.

Yaqub Mirzə də Uzun Həsənin siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələrini saxlayır və nikah diplomatiyası yolu ilə bu əlaqələrin genişlənməsinə çalışırdı.

Ağqoyunlu dövləti qısa zaman kəsiyində olsa da, Yaxın Şərqin, Cənubi Qafqazın və Mərkəzi Asiyanın siyasi həyatında mühüm rol oynamışdı.


Mövzuya dair suallar

  1. Ağqoyunlu dövlətinin meydana gəldiyi tarixi şəraitin səciyyəsi

  2. Ağqoyunluların Qaraqoyunlulara, Teymurilərə və Osmanlı Türkiyəsinə qarşı hərbi-siyasi mübarizəsi.

  3. Uzun Həsənin xarici siyasəti və Avropa diplomatiyası

  4. Uzun Həsənin antitürk koalisiyasının yaradılması uğrunda mübarizəsi.

  5. Ağqoyunlu-Rusiya münasibətləri

  6. Ağqoyunlu-Türkiyə müharibələrinin Yaxın Şərqdə siyasi vəziyyətə təsiri

  7. Avropa diplomatiyasının iki türk dövləti arasında düşmənçiliyin dərinləşdirilməsində rolu

  8. Ağqoyunlu dövlətinin dünya siyasətində yeri


Ədəbiyyat

  1. Azərbaycan tarixi. III cild, B., 1999

  2. Beynəlxalq münasibətlər tarixi fənninin proqramı (bakalavr pilləsi üçün) B., Şirvannəşr, 2005

  3. Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B., 1993

  4. İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1958

  5. Mahmudlu J. Azərbaycan diplomatiyası. B., 1996

  6. Məmmədov C. Azərbaycan tarixi. Dərslik. B., 2004

  7. История Византии, т.III, M., 1983

  8. Османская империя: могущество и гибель.Исторические очерки. M., Наука, 1990

  9. Очерки истории Турции. M., 1983


XI Mövzu
1   ...   8   9   10   11   12   13   14   15   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə