8 Məhəbbət duyğusu Məhəbbət başqasının sevinc və iztirablarını yaşamaqdır. Əbu Turxan




Yüklə 130.71 Kb.
tarix27.04.2016
ölçüsü130.71 Kb.





8-1. Məhəbbət duyğusu
Məhəbbət başqasının sevinc

və iztirablarını yaşamaqdır.

Əbu Turxan
İnsanlar arasında ünsiyyət hələ heç də Mən-lər ara­sında ünsiyyət deyil. Qəlblərin tə­ması ünsiyyətin ən ali for­masıdır.

İnsan başqaları ilə nitq vasitəsilə əlaqəyə girir. Nitq isə ancaq aşkar şüurun, təfəkkürün ifadəsidir. Yəni insan özü üçün sözlərlə ifadə olu­nacaq dərəcədə ay­dınlaşmamış bir ruhi-mə­nəvi vəziyyəti başqa­sına da, təbii ki, çatdıra bil­məz. Daha doğrusu, sözlərlə çatdıra bilməz. Gö­rünür, məhz bu eh­tiyacdan irəli gəlir ki, insan öz qəlbini, mənəvi-emosional vəziyyətini, keçirdiyi hissləri, təəssü­ratları qeyri-məntiqi yol­larla – şeir, musiqi, rəqs və s. vasitəsilə ifadə etməli olur. İn­san qəlbi fərdi, unikal olduğun­dan hər bir emosional vəziyyətin adekvat ifadə cəhdi – bə­dii yaradıcılıq, bu prosesin nəticəsi isə sənət əsəri hesab olunur. Hər bir sənət əsəri dəyərli olsa da, digər insanların uyğun vəziy­yət­lərdəki qəlb yaşantılarını ifadə etdiyindən, onlar üçün də doğma olur. Başqa sözlə, insanın xüsusi bə­dii yaradıcılıq qabiliyyəti yoxdursa, o öz duy­ğu­larının analoqunun başqalarının ya­rat­­dığı əsərlərdə axtarır və bunu tapdıqda xü­susi bir doğmalıq hissi keçirir. Bədii əsər is­tehlakçı üçün öz mənəvi-emosional dünyasını anla­maq­da, qəlb aləminə səyahətə çıxmaqda yar­dımçı olur, bir bələdçilik edir.

Qarşılıqlı məhəbbət yeganə haldır ki, bir insan qəlbi başqası üçün açılmış olur. Və bu­nun üçün nə məntiq və nitq, nə də hər hansı bir sənətkarın vasitəçiliyi lazım gəlir. Bir qəl­bin başqa qəlbin dilinə «tərcümə» olunmasına eh­tiyac qal­mır. Çünki onlar genetik olaraq, eyni dildə «danışırlarmış». Bu yerdə Bayronun məş­hur misraları yada düşür: «Mə­həbbət könül səslərinin harmoniyası, ürəklərin bir-bi­rini an­la­masıdır».

Şərqdə məhəbbətdən bir qayda olaraq yüksək poetik pafosla və ya həzin lirikanın dili ilə danışılır. Məhəbbət adə­tən ya şeir və musiqi ilə, ya da dramatik səhnələrlə təqdim olunur.

Ya hüdudsuz sevinc hissi, ya xəfif kədər, ya acı faciə!

Bir sözlə, məhəbbətin hiss və emosiyanın bütün çalarlarında görüntüsü qələmə alınır və ya no­ta köçürülür. Amma onun öz da­xili qu­ruluşuna heç kim toxun­mur. Ən başlıcası isə budur ki, ona toxunmaq az qala günah sayılır. O, ancaq kənardan seyr edilməli imiş. Onun öz real dünyasına, iç aləminə nəzər salmaq elə bil ki, bu ülvi duy­ğunun bakirəliyinə toxunmaq qədər qəbahətli imiş.

Bəli, ənənəvi Şərq düşüncəsinə görə, mə­həbbət elə bir aləmdir ki, bura ancaq aşiqlər girə bilər, onların da beyni dumanlı olur. Ayıq adamın baxışları artıq yad nəzər hesab olunur.

Məhəbbət ağlı başında olanlar üçün əl­çatmaz olub qaranlıq qaldığından, sevənlər üçün isə çox parlaq olub göz qamaşdırdığın­dan, onu hələ görən olmamışdır, – deyirlər. Və insanlar şair təxəyyülünə güvənmək məcbu­riyyətində qalmışlar. Şairlər də təbii ki, məhəb­bətin özündə, ya onun insanı necə dəli-divanə etməsindən, vüsala çatmayan aşiqlərin eşq yo­lunda özünü necə fəda etmələrindən bəhs et­miş, ya da vüsal səhnələrini, guya məhəbbətin görünən tərəfləri kimi vəsf etmişlər. Məhəbbə­tin iç dünyası isə alınmaz qala olaraq qalmış, mənəvi körpüləri ağlı başında keçmək müm­kün olmamışdır. Bu baxımdan, məhəbbət Alə­mi az qala «o dünya» qədər müəmmalıdır. Sağ olanlar onu görməmiş, gedib görənlər isə ağlı başında geriyə qa­yıt­mamış, bizə bir şey söyləyə bilməmişlər. Bəs görəsən, eşq xəstəliy­inə mübtəla olanlar sağalandan sonra onu nəql edə bilərlərmi? Ümumiyyətlə, bu xəstəlikdən sağalmaq mümkündürmü? Kimsə sağaldısa, onun eşqi nə dərəcədə həqiqi eşq imiş?

Lakin başqa yol seçənlər, elmin, texni­kanın imkan­larından istifadə etmək istəyənlər də var. Onlar ya qaranlıq dünyaya əlində lampa ilə, ya da işıq aləminə gözündə tünd ey­nəklə gedənlər kimidir. Başqa sözlə, ya əqllə tənzimlənən mötədil eşq tərəfdarları, ya da öz fərdi eşqini daha böyük bir eşqin işığında gö­rənlərdir. «Güclü işıq nisbətən zəif olanı qəhr edir» (Ş.Sührəvərdi) və o daha seyir­çinin gözlə­rini qamaşdıra bilmir, onu müşahidə etmək mümkün olur.

Elmin inkişafı sayəsində mad­di dünyanın, təbiət hadi­sə­lərinin qanunauyğunluqları öyrə­nil­miş və riyazi dəqiqliklə ifadə edilmişdir. Amma hiss dünyası, mənəviyyat Şərqdə olduğu kimi, Qərbdə də neçə əsrlər ərzində ancaq fəlsə­fənin və poeziyanın predmeti olaraq qal­dığın­dan, burada an­la­yışlar yüksək mücərrədlik sə­viy­yəsindən aşağı enməmiş, kon­kretləşməmiş­dir. İlahi eşq yolunu tutanlar, hissi təcrü­bəyə və hissi dünyaya biganə qalmış, hətta öz daxi­linə boy­lanmamış, onu öyrənməyə cəhd belə göstərməmişlər.

Digər hisslər kimi, məhəbbət də bütöv, səlt bir feno­men olaraq nəzərdən keçirilmiş, «məhəbbət» adlan­dır­dığımız hissi aləmin daxili strukturu açılmamış, dife­rensial şəkildə öyrə-nilməmişdir. Nəticədə, əslində bir-birindən xeyli fərqli olan, hətta müxtəlif mahiyyətli duyğular eyni bir ad altında əhatə olunmuşdur. Məhəbbətin özünün fərqli növ­lərinə, hətta ero­tik məhəbbətin müxtəlif mər­hələləri və for­ma­larına da eyni bir hadisə kimi baxıldığından mə­sələyə aydınlıq gətirmək mümkün olmamış­dır.

Helvetsi hələ o vaxt yazırdı: «İşıq şüası əslində şüalar dəstəsindən ibarət olduğu kimi, hər bir hiss də ayrı-ayrı hisslərin cəmindən iba­rət olmaqla, birlikdə bizim qəlbimizdə müəy­yən istəyin yaranmasına və bədənin hərə­kətə gəlməsinə səbəb olur. Heç də hamı bu hisslər dəstini ayıra biləcək prizmaya malik olma­dı­ğın­dan insan çox vaxt onu can­lan­dıran və hərəkətə gətirən his­si bu hisslər toplumu içə­risində ayırd edə bilmir. Öz hərəkətlərimizin motivini müəy­yən­ləş­di­rə bilməməyimizin sə­bəbi də elə budur».

Ağ işığın mürəkkəb olduğunu və müxtə­lif rənglərin sintezindən yarandığını fizika hələ çoxdan açmışdır. Rəs­samlar da hansı rənglərin sadə, hansıların mürəkkəb oldu­ğunu, bir neçə rəngin birləşməsindən yarandığını çoxdan bi­lirlər. Lakin poeziya təbii ki, işığı və ya hər hansı bir rəngi vəsf edərkən onların qurulu­şunu, tərkib hissələrini araşdır­mağı, fərqlən­dir­məyi heç «ağlına» da gətirmir. Eləcə də se­vinc, xoşbəxtlik, məhəbbət də poeziyada bütöv bir fenomen kimi tərənnüm olunur. Onların hansı sadə duyğuların kom­binasiyasından ya­ran­dı­ğını, struktur və hətta mahiyyət baxımın­dan se­vinc hissinin və ya məhəbbətin bir-birin­dən fərqli nə qədər müxtəlif formaları olduğu təbii ki, şairi maraqlandırmır.

Məhz belə bir kortəbii bütövlük, ey­niy­yət mövqeyinin, «məhəbbət elə məhəbbət-dir» sadəlövhlüyünün nəticəsidir ki, Şərqdə fərdi mə­həbbətlə ilahi eşq fərqləndirilməmiş, olduq­ca sinkretik bir «eşq təlimi» yaranmışdır. Dün­yəvi eşqi tərənnüm edən şairlər də sufilərin ila­hi eşq konsep­siya­sından, və tərsinə, sufi şa­irlər fərdi dünyəvi eşqi tərənnüm edən obraz və təşbehlərdən istifadə etmişlər. Nəticədə bu iki fərqli sahə pis mənada qaynayıb-qarışmışdır. Ana, vətən məhəbbəti və digər məhəbbət for­maları da həmin bu poetik texnologiyalardan bəhrələnmişdir.

Qərbdə isə bizdən fərqli olaraq, məhəb-bətə də rasional təhlil mövqeyindən yanaşılmış, hətta onun müəyyən təsnifatları verilmişdir.

Hər hansı bir hissin mütləqləşdirilməsi, ifrata çatdı­rılması Şərqdə məharət hesab olun-sa da, rasional yanaş­dıqda onun dağıdıcı ma­hiyyəti üzə çıxır. Təsadüfi deyil ki, Qərbdə bu hadisə iblisanəliklə (demonikliklə) əlaqələndi­rilir. «Erot–demon» fikrini hələ Platon «Pir» əsərində irəli sürmüşdü. Sonralar Qərb fəlsəfi və ədəbi-bədii düşüncəsində bu ideya davam etdirilmişdir. Rollo Mey özünün «Məhəb­bət və iradə» əsərində yazır: «Demoniklik dedikdə müəyyən bir şəxsi bütövlükdə özünə tabe et­mək gücündə olan istə­nilən təbii funksiya nə­zərdə tutulur. Seks və eros, kin və nifrət, haki­miyyət ehtirası – demonikliyə misal ola bilər».1


Hər şey insanın arzularının, həyat idealı­nın necə for­malaşmasından asılıdır.

Lakin ideal anadan gəlməmi olur, yoxsa insanın yetişdiyi mühitdən və aldığı təhsildən asılı olaraqmı yaranır? Burada hər hansı bir fikrin xeyrinə qərar çıxarmaq düzgün olmazdı. Belə ki, əxlaqi-mənəvi meyarlar kimi, estetik hiss də insanın ümumi dünyagörü­şün­dən, bilik və təhsil səviy­yəsindən asılıdır. Lakin este­tik hiss ancaq tərbiyənin məhsulu ola bilməz. O həm də insanın yara­nışından, ge­netik başlan­ğıc­dan ası­lıdır. Məsə­lən, uşaq doğulduğu gü­n­dən ona təlqin olunsa ki, əyri burun gö­zəldir, – doğrudanmı düz burunlu adamlar ona çirkin, əyri burunlular gözəl görü­nəcək? Axı, kənar­dan təsirlə forma­laşan meyarlarla yanaşı, in­sana təbiətən verilmiş bir ahəng duy­ğusu, qeyri-aşkar «gözəllik etalonu» da vardır. İnsan məhz kənarda olanın həmin bu daxili stan­dartlara uyğun­luğundan həyəcanlanır. Daha doğrusu, kənar obyekt onun qəlb dünyasında qeyri-aşkar şəkildə, passiv, cansız formada olan hansı isə bir başlanğıca adekvat olduqda həmin daxili cizgini, formanı, ideyanı qıcıqlan­dırır, canlandırır. İnsan qəlbinin hansı isə dərin bir qatında canlanma, oyanış baş verir. İnsanı pər­vazlandıran, həyəcanlandıran da məhz bu daxili oyanış, daxili canlanmadır.

Bununla belə, hər şeyi belə bəsit bir mo­dellə izah etmək də birtərəfli olardı. Yəni bu­rada söhbət heç də yalnız insana fitrən verilmiş olanla bu fitrətin insandan kənarda gerçək mövcudluğu arasında uzlaşmadan getmir. Sadə şəkildə, əlbəttə, bu belədir. Lakin insan dünya ilə təmasda olduqca, oxuyub-mənimsədikcə və yaşayıb-öyrəndikcə onun Mən-i də, qəlbinin dərin guşəsindəki ilkin fərdi-mənəvi var­lığı da, genetik kodlaşdırılmış sistem də müəyyən tə­kamülə məruz qalır. Əlbəttə, qəlbin dərinliy­ində heç toxu­nulmamış, bakirə guşələr də var. Qəlbin «sarı simlər»i də var. Hər bir ilk təmas kimi, insanın öz qəlb dünyasının hər bir guşəsi ilə ilkin görüşü də əsrarəngiz bir hadisədir – bir oyanış, bir doğuluşdur.



Bəli, insan hər dəfə yenidən doğulur, hər dəfə Yeni bir əlaməti ilə, varlığının hər hansı bir yeni cəhəti ilə bu dünyaya qədəm qoyur. Və həyat sadəcə bir dəfə doğulmuş körpənin sonrakı zahi­ri yaşayışından ibarət olmayıb, do­ğulma və canlanma proseslərinin bütov bir silsiləsidir.

Əlbəttə, bu deyilənlər heç də hamıya aid deyil. Kim isə ancaq bioloji varlıq olaraq do­ğulur və sonra əsasən xarici təsir­lərin, kənar ideyaların icraçısı ki­mi mövcud olur. Bu bir qütbdür. Kim isə ancaq öz qəlbinin hökmü ilə yaşayır və bu dünyada da ancaq qəlbində olanları görür; dün­yanı öz mənəvi aləminin ya­şantısına çevirir. Bu da başqa bir qütbdür. Bütün real in­sanlar bu iki qütb arasında yerlə­şirlər. Sadəcə kimidə birinci taleyin, kimidə isə ikinci taleyin izləri daha çox olur.

İstənilən halda həqiqi böyük sevinc qəlb çırpıntısı, oyanma, canlanma, doğuluş mə­qamlarının təzahürüdür. Əgər həyat, dünya başqa notda köklənibsə, qəlblə heç vaxt rezo­nansa gəlmirsə, bu, – həqiqi insani həyat deyil, sadəcə bioloji mövcudluqdur. Həyat məhz hissi yaşantılardır. Qəlbin bu və ya digər guşəsinin işıqlanması, canlanmasıdır.

Böyük fransız mütəfəkkiri B.Paskal aşi­qin öz sevdiyi adam haqqında və onu nə üçün sevdiyi haqqında təsəv­vürlərini təhlil edərək yazır ki, sevginin məhz nə ilə bağlı olduğunu müəyyənləşdirmək asan məsələ deyil. Kimi isə sevirsənsə, əvvəlcə bu kimliyin nədən ibarət olduğunu ay­dınlaşdırmaq lazımdır. Məsələn, sən gözəl simalı bir afəti sevirdin, amma bir qəza, yanğın və hər hansı başqa bir səbəbdən sifət dəyişirsə, sən onu daha sevməyəcəksənmi? Əgər o hətta xasiyyətini də dəyişirsə, əvvələr ona xas olma­yan yeni maneralara və vərdişlərə yiyələnirsə, onu daha sevməyəcəksənmi? «Ki­mi isə gözəlli­yinə görə sevirlərsə, demək olarmı ki, onun özünü sevirlər? Yaxud kimi isə düşün­cəsinə, hafizəsinə görə se­virlərsə, onun özü­nü­mü sevirlər? Yox, ona görə ki, gözəlliyi də, ha­fizəni də itirmək mümkündür. Onda bəs «mən» harada axtarıl­malıdır? Sevdiyin əslində kimdir və ya nədir?»1 B.Pas­kal mühaki­mələri­nin sonunda belə qənayətə gəlir ki, əslində biz insanın özünü deyil, onun ayrı-ayrı xasiy­yət­lərini, cəhət­lərini se­virik.2

Lakin məhəbbət haqqında elə bir düşüncə də dərin kök atıb ki, əsl məhəbbət həmişəlikdir, sevgi əbədidir, heç bir maneə, heç bir dəyişiklik onu sarsıda bilməz. Bir Şərq adamı, bir sufi belə düşünə bilər ki, aşiq məşu­qun sifətinə yox, ruhuna vurulur. Əbu Turxan demişkən, «məhəbbət ruhlar arasında kör­pü­dür». Lakin ruhun özünə də konkret ya­naşdıqda məhəbbətin əslində hansı isə konkret bir mə­nəvi keyfiyyətlə ­ bağlılığı üzə çıxa bilər. Yox əgər biz düşünsək ki, məhəbbət ayrı-ayrı fiziki və ya ruhi-mənəvi əlamətlərin, cəhətlərin deyil, onların bütöv sisteminin, yekun təəssüratın sayəsində yaranır, onda aşiq bu bütövlüyün, müx­təlifliyin içərisindən məhz hansı isə bir əla­məti ayırırsa, məhz bu əlamətə görə sevdiy­ini zənn edirsə, deməli bu, – əsl məhəbbət deyil. Duyğunun bütövlüyü və onu struktur­laşdır­maq cəhd­ləri…

Məhəbbət digər duyğularla yanaşı, müstəqil mövcud olan sadə duyğu kimi. Altıncı duyğu! Kimdə isə var, kimdə isə yox.

Məhəbbət – qəlb yarımçıqlığından doğan bir hiss, – tamamlanmaya ehtiyac…

Məhəbbət – yarımçığın bütövləşmək əzmi!

Məhəbbət – hissənin tama, yarımçığın bütövə doğru hərəkəti!

Məhəbbət – vahidin əzəmətinə, bütövün gözəlliyinə, tamın harmoniyasına heyranlıq!

Məhəbbət – potensial duyğu kimi, sev­mək əzmi kimi!… Və məhəbbət iki tərəf ara­sında münasi­bət kimi; ün­vanını tapmış, kon­kretləşmiş mənəvi-estetik proses kimi!

Bütövə daxil olaraq bütövləşmək, va­hiddə itərək va­hidləşmək! Tamın harmoniya­sına daxil olmaq, harmonik aləmin sakini ol­maq. İki yarımçığın birləşərək bütövləşməsi üçün yarımçıqların əslində nə vaxtsa bütövün iki parçası olması haqqında əsatirə inam (Pla­ton versiyası).

Ancaq bütövdən ayrılanlar yenidən bir­ləşərkən bir-birini mükəmməl surətdə tamam­laya bilərlər! Bu – keçmişə ekstrapolyasiyadır. Ancaq yaranışdan, ilkin ideyadan bir bü­tövün hissəsi kimi nəzərdə tutulanlar. Qurani-Kəri­min Rum surəsində yazıldığı kimi, taylar bizim özümüzdən ya­radılmışdır. Həvva Adəmin qa­bırğasından yaradılmaqla ar­tıq qabaqcadan onunla genetik-fizioloji uyarlığa malik idi (bir bədənin başqa bədənə, bir qanın başqa qana və s. uyar­lığı).
İnsanlar bir-birinin hisslərinə necə bələd ola bilərlər? Hər bir insan ancaq öz duyduqla­rından xəbərdardır. Kim isə səndə dərin duy­ğu­ların, ülvi hisslərin yaranmasına səbəb olubsa, bu hələ onun sənə qarşı duyğuları ba­rədə heç nə demir.

Belə bir sadəlövh inam var ki, tamam­lama qarşılıqlı olmalı olduğundan məhəbbətin də iki tərəfi var və mütləq əks-əlaqə yaranmalı­dır. İngilislər demişkən, «məhəbbət məhəbbətə cavabdır». Başqa sözlə, ingilislər qarşılıqlı ol­mayan məhəbbəti əsl məhəbbət hesab etmirlər.

Amma reallıqda çox vaxt belə olmur. Kim isə sənin duyğuna qarşı nəinki adekvat reaksiya göstərmir, hətta ona tam biganə qa­lır. Sevmədiyi bəs deyilmiş kimi, üstəlik sənin sevginə minnətdarlıq yox, narazılıq və bəzən hətta nifrətlə cavab verir.

Amma əslində kim kimə minnətdar ol­malıdır; sevilənmi sevənə, yoxsa sevənmi sev­diyinə? Birinci mövqeyə görə, əlbəttə, sevən, – onun qəlbini canlandırdığına, onda sevgi duy­ğusu yaratdığına görə. Qoy, bu sevgi ca­vabsız qalsın. Amma sevgisiz qalmaqdansa, ca­vabsız sevgi yaxşıdır. İkinci möv­qeyə görə, «əgər onu sevməsəy­dim, bəlkə bir başqası ilə qarşılıqlı məhəbbət yaşaya bilərdim» şüb­həsi ön plana keçir və insanda onu rədd edənə qarşı bir na­razılıq yaranır. Amma kimdir günahkar? Qarşı tərəf səni sevməkmi zorundadır?

Burada da iki hal fərqləndirilməlidir. Qar­şı tərəf sənin məhəbbətindən xəbərdardır, am­ma ona etinasızlıq göstərir. İkinci halda sən öz böyük duyğularını həqiqətdə olduğu sə­viy­yədə çat­dıra bilmədiyindən o ancaq sönük bir hissi, nasiranə, bəzən hətta ba­yağı bir mü­nasibəti inkar etdiyini düşünür.

Əslində sənin həqiqi böyük eşqin varsa və onu qarşı tərəfə çatdırmaq mümkün olubsa, qarşı tərəf buna biganə qala bilməz. Əslində sənin sevgini duymaq sənə sevgi ilə cavab ver­məkdir. Hətta o bunu qabaqcadan hansı isə səbəblərə görə istəməsə də.

Çünki sevgini sevgidən başqa cür duy­maq mümkün deyil. Çünki məhəbbətin du­y­ul­ması yenə məhəbbətdir. Bü­tün qalan hal­larda tərəf-müqabil sənin həqiqi böyük sevgin­dən, hisslərinin dərinliyindən xəbərsizdir. O sənin münasi­bətini ancaq bir fakt kimi, hadisə kimi, – dərk edir. Amma hiss etmir. Çünki qəl­bdən qəlbə hələ yol yoxdur. Yolun olması isə qar­şılıqlı məhəbbət adlanır.

«Məhəbbət könüldən könülə körpüdür», – prinsipini rəhbər tutsaq, bir paradoks ortaya çıxır. Ancaq bu halda hər şey aydın olur; hər iki tərəf bir-birini sevəndə hisslərin ötürülməsi üçün yollar açıqdır. Deməli, məhəbbət var. Yəni qarşılıqlı məhəbbət, hər iki tərəfin bir-bi­rini sevməsi halında heç bir sual doğurmur. La­kin «biri o birisini sevir, qarşı tərəfin isə heç xəbəri də yoxdur», – variantında yuxarıda gö­s­tərdiyimiz məhəbbət prinsipi işləmir və suallar ortaya çıxır. Birinci sual: Bəs o səni sevmədiyi halda sən onu necə sevə bilirsən? Yəni onun könlü sənin üçün açılmayıbsa, sənin sevdiyin əslində kimdir, yaxud nədir? Doğ­rudanmı onun özüdür, yoxsa söhbət sənin sev­gi idealı­nın bir təsadüfi qığılcım müqabilində kimə isə transformasiyasından gedir. Yəni sən əslində qarşı tərəfin könül dünyasına, mənəviy­yat alə­minə zərrə qədər də bələd deyilsən. Ancaq özün-özünü sevdiyinə inandırıbsan, an­caq bu psevdohiss sənə hakim kəsilib. Sənin sevgi alə­min gözəldir, amma bu sənin ancaq öz aləmin­dir. Qarşı tərəf əslində sənin üçün tam qaranlı­qdır. Amma sən ona öz könül evində yer ver­diyindən, onu da özün kimi zənn edirsən. Sənin duyğuların, təbiətə müna­sibətin, insanlara mü­nasibətin müsbətə, aliyə doğru dəyişir, duyğular qapanır, elektriklənir, canlanır. La­kin bu – əslində özündə qapanma, qısa qa­panmadır. Normal elektrik cərə­yanı naqilin əks tərəflərindəki gərginlik fərqindən yaranır. Cə­rəyan bir tərəfdən başqa tərəfə yönəlmiş olur. Qısa qa­panma zamanı isə, tənzimləyici müqa­vimət olmadığından yanğın baş verir. Eynən Kərəmlərin yandığı kimi.

Alimlər qısa qapanmadan qaçır, şairlər isə onu vəsf edir. Atomun böyük daxili enerji­sini tədricən işlətməklə (atom elektrik stansiy­ası) faydalı enerjiyə çevirənlər də var, bu ener cinin «qısa qapanmasından» yaranan gücə (atom bombası) pənah aparanlar, aləmləri yandırıb-yaxanlar da var. Əlbəttə, şairlər ato­mun güc-qüdrətini vəsf etməli olsalar, onun elə yandırıb yaxmaq xislətindən başlayarlar.

Bəli, «sevənlərin» böyük əksəriyyətinin sevgi zənn et­dikləri əslində həmin o böyük mə­həbbət deyil. Amma bəs nədir? Digər tərəf-dən, bunlar sonradan məhəbbətə çevri­lirmi? Nəyin bahasına?

Çevrilə bilər; ancaq mümkün olan ən böyük qurban hesabına – ruhunu fəda etmək, öz şəxsi Mən-indən keçərək bütünlüklə (və ya heç olmasa qismən) qarşı tərəfin Mən-inə sı­ğınmaq yolu ilə.

Bizdə sevgilərin çoxu məhz bu formada baş verir. Və ruhunu qurban verən çox vaxt qadınlardır.

Ruhunu qurban vermək…


Qarşı tərəfin münasibəti sə­nin duyğula­rından, bu duy­ğuların böyüklüyündən, saf­lığından, ül­viy­yə­tindən yox, on­ları necə təq­dim etdiyindən asılıdır. Bu təqdi­mat, za­hirilik, gö­rü­nən tərəf duy­ğu­la­ra adekvatlıq tələb etmir.

Bədii əsərlərin sevgi qəhrə­man­larından götürülmüş təm­tə­raqlı sözlər və maneralar şəx­si hiss kimi təqdim oluna bilər. Qəlbi boş bir adamın dilindən dürr tökülə bilər. Məhəbbət odu­na yanan isə görüntü barədə düşünmür. Öz həqiqi hiss­lərini bəlkə də ifadə etmək istəyir; lakin burada o min illər ərzində məhəbbət şa­irlərinin formalaşdırdığı gözəl ifadələr, yüksək pafos və ya hansı isə şablon kompli­ment­lərdən isti­fadə etmədiyinə görə onun məhəbbəti açıla bilmir, sö­nük gö­rünür. Böyük hissin sönük ifadəsi və olmayan hissin parlaq təqdimatı! İkinci halda təqdim olunan əslində başqa bir ru­hun yaşantıları, daha doğrusu, onların mə­nimsənilməsi, öz adına çıxıl­ma­sıdır. Ruhların transfor­masi­yası! Psevdomə­həbbət, ruh oğur­luğu!



Cəmiyyətdə başqasının var-dövlətini mənimsəmək, başqasına dissertasiya işi yaz­dırmaq və yalançı alim olmaq və s. bu kimi hallar heç olmasa ictimai rəylə məzəmmət olu­nur. Yalançı aşiqlik, hansı isə aşiq obrazının imitasiyası isə bəzən diqqətdən qaçır. Daha doğrusu, bu məsələ fərdi mü­nasibətlə bağlı ol­duğundan, onu aşkar etmək, həqiqi hisslə sax­tanı fərqləndirə bilmək ancaq qarşı tərəfin həs­saslıq dərə­cəsindən asılıdır.
Məhəbbətə bir proses kimi baxsaq, o, üç mərhələdən keçir. Birincisi, ilk təəssürat, hey­ranlıq, vurğunluq. Bu mə­həbbətin romantik çağıdır. Əgər məhəbbət vüsalla nəticələn­mirsə, bu hal yeni mərhələyə keçmir və axıra qədər davam edir. Evləndikdən sonrakı mərhələdə, birgəyaşayış dövründə romantika xeyli dərə­cədə reallıqla əvəz olunur. Bu mərhə­lədə dost­luq münasibətləri məhəbbətin yeni forması kimi və ya ilk romantik hissləri tamamlayan əlavə duyğu kimi zəruri şərtə çevrilir. Əgər do­st­luq yaranmasa, ailə münasibətləri tək bir ro­mantik hiss üzərində qərar tuta bilməz. Bu zə­rif hiss nə qədər atəşin olsa da, birgəyaşayışın bütün ağır yükünü daşımaq üçün yetərli deyil. Əksinə, həyati gerçəkliyin hər bir konkret pro­blemi bu hissin sarsılmasına, sevənlərin yerə enmələrinə yönəlmiş olur. Dostluq isə ilk növ­bədə ümumi maraqlardan, məqsəd birli­yin­dən qaynaqlanır. Əlbəttə, xa­rakterlər arasında fərq dostlaşma prosesini ləngidir, ona məne olur. Məhz bu məqamda məhəbbətlə dostluq ara­sın­dakı fərq özünü göstərmiş olur. Görü­nür, J.Labryuyer deyəndə ki, «məhəbbət və dostluq bir-birini istisna edir»1, – məhz bunu nəzərdə tutur. Lakin, bizcə, bu fərqi belə qa­bartmağa ehtiyac yoxdur. Çünki əslində bu ziddiyət mə­həb­bətin ilk mərhələsinə, romantik dövrə aid­dir. Ailə qurul­duqdan sonra isə dost­luq qaçıl­maz olur. Daha doğrusu, evlilik mər­hə­ləsində əksliklər üzərində qurulmuş tamam­lama ­həbbətindən fərqli olan yeni bir duy­ğuya ­– ümumi cəhət­lər üzərində qurulmuş ey­niy­yət məhəbbətinə ehtiyac yaranır. Sonra isə bu iki məhəbbət növünün sintezindən ailə mə­həb­bəti formalaşır ki, övladlara olan məhəb­bə­tin or­taqlığı onu daha da gücləndirmiş olur. «Zaman dosluğu gücləndirir, məhəbbəti isə zəiflədir»2 fikri, görünür, bu müşahidələr əsa­sında deyil­mişdir. Amma J.Labryuyer ailə dost­luğunun əs­lində məhəbbətin növbəti mər­hələsi ol­duğunu nəzərə almır. Məhəbbətlə dost­luğu qarşı-qarşıya qoymaq cəhdləri də buradan ya­ranır.

Eyniyyət məhəbbətinin formalaşmasında isinişmə pro­sesinin mühüm rolu vardır. Bu proses tərəf-müqabilin ailə həyatında iştirakını mənəvi-estetik auranın ayrılmaz tərkib hissəsi-nə çevirir. Hər bir tərəfin «mən»-i yenidən formalaşır. Sanki qarşı tərəfin arzu və istəklərinə uyğunluq istiqamə­tində mənəvi transforma-siya başlanır. Əsl yetkin məhəb­bətdən də məhz bu mərhələdə söz açmaq mümkündür. İlkin mərhələ olan romantik məhəbbət isə əslində məhəbbətin özü yox, onun axtarışıdır.


1 Ролло Мей. Любовь и воля. М., «Рефл-бук»; К.: «Ваклер», 1997, стр. 127.

1 Б.Паскаль. Мысли. – Мир и Эрос. М., Политиздат, 1991, стр. 335

2 Yenə orada.

1 Ж.Лабрюйер. Характеры или нравы нынешнего века. – Мир и эрос. М, 1991, стр. 92.

2 Yenə orada.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə