6 M. F. Axundovun timsalinda şƏrq və QƏRBİn vəHDƏTİ problemi




Yüklə 55.47 Kb.
tarix25.04.2016
ölçüsü55.47 Kb.



6-4. M.F.AXUNDOVUN TİMSALINDA

ŞƏRQ VƏ QƏRBİN VƏHDƏTİ PROBLEMİ
Azərbaycan coğrafi baxımından Şərq və Qərbin qovşağında yerləşir. Rasional və mənəvi dəyərlərin nisbəti baxımından da Azərbaycan bu iki müxtəlif dəyərlər sisteminin birgə mənimsənil­mə­si və ortaq məxrəcə gətirilməsi sahəsində qabaqcıl mövqe tutur. Tari­xən bir Şərq ölkəsi olaraq inkişaf edən və son min il ərzində is­lam mədəni-mənəvi dəyərlərini mənimsəmiş və özününküləşdirmiş olan Şimali Azərbaycan XIX əsrdən başlayaraq Rusiya imperi­ya­sı­nın tərkibində yeni mədəni-mənəvi dəyərlər sistemi ilə sıx əlaqəyə girmək və onları bəzən icbari yolla mənimsəmək məcburiyyətində qalmışdır. Rusiya vasitəsilə qabaqcıl Avropa ictimai-siyasi fikrinin və maarifçilik ideyalarının Azərbaycana keçməsi Şərq və Qərb dəyərlər sisteminin bu ölkədə qovuşması üçün münbit şərait yarat­mış­dır. A.Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi kimi simalar bu iki sivilizasiya arasında körpü rolunu oynayan böyük şəxsiyyətlər idi. Lakin məhz Mirzə Fətəli Axundov Şərq və Qərbin vəhdət simvolu kimi götürülmək üçün daha uy­ğun­dur. Çünki onun simasında hər iki mədəniyyət və düşüncə tərzi zirvədə birləşir. Eyni zamanda Axundov öz şəxsi timsalında vəhdə­tə nail olmaqla qalmır və bütövlükdə xalqın yeni dəyərlər siste­mi­nə yiyələnməsi uğrunda fəal mübarizə aparırdı. Onun bütün elmi-fəlsəfi və bədii yaradıcılığı məhz bu amala xidmət edir. Əgər Axun­dov yeri gələndə hətta ifrata varırdısa bütövlükdə Şərq poeziya ənə­nə­lərindən, sevgi-məhəbbət dastanlarından, romantik meyllər­dən uzaqlaşıb diqqəti gerçək ictimai həyatın gerçək problemlərinə yönəltməyə səsləyirdisə, dini xurafata qarşı kəskin mövqe tutur­dusa, bunu heç də onun sadəcə qərbpərəstliyi kimi qələmə vermək və guya Şərq poeziyasını dəyərləndirə bilməməsi kimi yozmaq düzgün olmazdı. O, öz milli mahiyyətini dərindən dərk etdiyindən və məhz millətini ürəkdən sevdiyindən ətalətdən xilas olmağa və sivilizasiyanın yeni nailiyyətlərinə yiyələnməyə səsləyir, öz həmvə­tən­ləri arasında maarifçilik ideyalarını yaymağa çalışırdı.

M.F.Axundovun yaradıcılığı həm fəlsəfi, həm də ədəbi-bədii istiqamətləri əhatə etdiyinə görə onun dünyagörüşünə də ikili mü­na­si­bət olması təbiidir. Aşağıdakı dialoqda biz hər iki münasibətin öz spesifik cəhətlərini ifadə etməyə çalışacağıq.



Ədəbiyyatçı: M.F.Axundovun ən böyük xidməti onun öz məşhur komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoymasıdır. Və əsərlər həm bədii cəhətdən mükəmməl olmaqla ya­na­şı, ictimai gerçəkliyin naqis cəhətlərinin tənqidində mühüm rol oynamaqla həm də siyasi dəyərə malikdir.

Filosof: M.F.Axundov bizim mühiti daxildən tənqid edirdi. Və onun istədiyi təsvirini verdiyi cəhaləti aradan qaldırmaq idi. Onun əsərləri heç də bu əsərləri xarici ölkələrdə yaymaq və tənqid etdiyi bu cəhaləti xaricə nümayiş etdirmək deyildi. Onun məqsədi – millətin tənqiddən təsirlənməsi və nəticə çıxarması idi.

Lakin biz hələ o vaxtkı Şərq gerçəkliyinin qüsurlarından ta­ma­milə azad olmadığımız halda, elə bil özümüzə deyil, bir baş­qa­sı­na baxıb gülürük və bu zaman tənqid özünün islahedici, də­yiş­di­ri­ci təsirini itirir və M.Axundovun milli-mənəvi inkişafda oynadığı rol deformasiya olunur.

M.F.Axundovun böyüklüyünü onun zəif cəhətlərində axtar­ma­maq üçün əvvəlcə onun xidmətlərini düzgün qiymətləndirmək lazımdır. Axundov fəlsəfədə yenilik etməsə də, o, həm Şərq, həm də Qərb fəlsəfi fikrini kifayət qədər yaxşı mənimsəmiş bir şəxs ola­raq fransız maarifçilərinin, rus inqilabçı demokratlarının, dekab­rist­lərin inqilabi ruhunu və maarifçilik missiyasını Şərqə təqdim et­məklə və düşüncə tərzləri, bilik və mədəniyyətlər arasında körpü at­maqla Azərbaycan üçün misilsiz xidmət göstərmişdir. Şərq des­po­tizmini, cəhaləti tənqid etmiş, Qərb dəyərlərinin bölgədə ya­yıl­ma­sına çalışmışdır.

Ədəbiyyatçı: O həm də Qərbi tənqid edirdi. Təkcə islamı de­yil, bütün dinləri puç hesab edirdi.

Filosof: Məgər bir qərbli Qərbi tənqid etməzmi? Ümumiy­yət­lə, tənqidi fikir (həcv yox, məhz tənqid) Qərb düşüncəsi üçün sə­ciy­yəvi deyilmi? Volter, Monteskyö, Russo məhz Qərb dünyasını tənqid etmirdilərmi?

Digər tərəfdən, məgər dinlər hamısı Şərq hadisəsi deyilmi? Və ümumiyyətlə inama, dinə qarşı çıxmaq, ancaq tənqidi rasional dü­şün­cəni rəhbər tutmaq ifrat qərbçilik deyilmi? Bu baxımdan, M.F.Axundov Şərqdə yetişmiş Qərb adamı təsiri bağışlamırmı? Və ona vəhdət timsalından daha çox bir Qərb mütəfəkkiri kimi bax­maq düzgün olmazdımı?



Ədəbiyyatçı: Hər bir mədəniyyət milli hadisədir. Bədii ədə­biy­yat da həmçinin. Əgər belədirsə, Azərbaycan milli dramatur­gi­ya­sının banisinin simasında bir Qərb mütəfəkkiri görmək nə də­rə­cədə məntiqlidir?

Filosof: Mədəniyyət aşağıdan milli, yuxarıdan ümumbəşəri­dir. Başqa sözlə, emosional müstəvidə milli, intellektual müstəvidə ümumbəşəridir. Xalis milli mədəniyyət iddiası milləti cəhalətə sü­rük­ləmək deməkdir. Axundovun böyüklüyü milliliklə ümumbə­şə­riliyi birləşdirmək qabiliyyətindədir.

Ədəbiyyatçı: Axundov realist yazıçıdır. O, həm də öz dövrü­nün və öz mühitinin yetişdirməsidir. Deməli, o, XIX əsrdə Azər­bay­can gerçəkliyi, Azərbaycan mədəniyyəti üçün meyar hesab oluna bilər.

Lakin XIX əsr Azərbaycanın ictimai gerçəkliyi Qərb dünya­sın­dan, Qərb həyat tərzindən çox fərqlidir. Geriliyin, ətalətin, sa­vad­sızlığın hökm sürdüyü Azərbaycan mühitində necə bir Qərb mü­təfəkkiri yetişə bilərdi?



Filosof: Axundov təkcə Azərbaycan mühitinin, hətta o dövr­də bölgənin ən ali mədəni mərkəzi olan Tiflis mühitinin yetişdir­məsi deyildi. O, həm də aldığı təhsilin, oxuduğu kitabların və şəxsi əlaqələrinin sayəsində rus mədəniyyətinə və qismən Qərb düşüncə tərzinə yiyələnmiş hərtərəfli bir şəxsiyyət idi ki, Şərq və Qərbin vəhdəti də məhz belə simaların sayəsində əldə edilir. Axundov öz dövrünü ən azı bir əsr qabaqlamışdır. Onun əlifba islahatı ilə, maarifçiliklə, ümumbəşəri ideyalarla bağlı bir sıra fikirləri bu gün də olduqca aktual səslənir.

Ədəbiyyatçı: Axundov tərəfindən əsası qoyulan və sonrakı dövr­­lərdə Sabir, Mirzə Cəlil, Cabbarlı və s. tərəfindən davam etdi­ril­­miş ədəbi-bədii ənənələr də bu gün çox aktualdır. Xalqı xu­mar­lan­maqdan, süstlükdən, ətalətdən xilas etmək, nadanlığı, cəhaləti qam­çılamaq ənənəsi indi də yaşayır. Və buna böyük ehtiyac vardır.

Filosof: Çatışmazlıqların tənqid olunması, əlbəttə, yaxşıdır. Lakin əvvəlcə milli varlığın özünün təsdiqi lazımdır. Bunun üçün isə milli mədəniyyətdəki və mənəviyyatdakı müsbət cəhətləri, mill­əti fərqləndirən əsas əlamətləri üzə çıxarmaq daha vacibdir. Qərbin meyarları mövqeyindən Şərqi tənqid etmək, əlbəttə, asandır. Əsas məsələ Şərqin öz meyarlarını müəyyənləşdirməkdir. Təəssüf ki, Şərq hələ də özünü dərk etməmişdir.

Ədəbiyyatçı: Bədii, sosial-siyasi və fəlsəfi-tənqidi düşüncənin ən üzvi vəhdəti «Aldanmış Kəvakib» əsərində ifadəsini tapmışdır. Əsər başqa baxımdan da əlamətdardır. Onun hekayə, yoxsa povest olması barədə mübahisələr gedir. Əslində isə, əsərdə nağıl və roman janrları ehtiva olunmuş, birləşdirilmişdir. Elə bil ki, burada da Şərq və Qərbin vəhdətindən yeni, orijinal bir janr yaranmışdır. Digər tərəfdən, metodların da vəhdətindən çıxış edilmiş, fantastika və realizm eyni müstəviyə gətirilmişdir. Yəni, Şərq və Qərbin vəhdəti təkcə ideyada və məzmunda deyil, həm də formada, janr və metod özünəməxsusluğunda ifadə olunmuşdur.

Ümumən nəzmə və dastançılığa üstünlük verən Şərqdə belə bir klassik nəsr əsərinin ortaya çıxması özü də bir vəhdət hadisə­sidir.



Filosof: Vəhdət alt qatlarında olanda, bütün aspektlərdə təza­hür edir. Klassik Qərb fəlsəfi stilində «İngilis filosofu Yuma cavab» yazan və yeri gələndə ontooji məsələlərlə məşğul olan M.F.Axun­dov «Kəmalüddövlə məktubları»nda mövcud ictimai-siyasi ger­çək­li­yin təhlilini verməklə kifayətlənmir, ictimai şüurun rolu məsələsini ön plana çəkir ki, bu da bir tərəfdən maarifçiliklə səs­ləşsə də, digər tərəfdən əsərdə fəlsəfi-sosiooji bir tədqiqat aparıldığına dəlalət edir. Yeri gəlmişkən, sosiologiya İbn Haldundan sonra, Şərqdə davam etdirilməmiş və ancaq bir neçə əsrlik fasilədən sonra Qərb mütəfəkkirləri tərəfindən elmi-fəlsəfi təlim halına salınmışdır. M.F.Axundovun «Məktubları» Şərq və Qərb tədqiqat ənənələrinin vəhdətinə əsaslanır. Əsərdə obrazlı tənqid və ironiya ilə yanaşı, soyuqqanlı rasional təhlil də diqqəti çəkir.

Ədəbiyyatçı: Komediyalarında M.F.Axundov əsasən yumor qiyafəsinə girmiş satiradan istifadə edir. İnsanların şüur səviy­yə­si­nin aşağı olması onların həyat tərzi və düşüncə üsulu vasitəsilə üzə çıxarılır.

Filosof: İctimai şüurun rolu məsələsi «Aldanmış Kəvakib» məsələsində də əsas ideyalardan biridir. Yəni, millətin ümumi şüur səviyyəsi inkişaf etməyincə, hər hansı bir təsadüf nəticəsində (ya­xud yazıçı təxəyyülü sayəsində) hakimiyyətin ədalətli əllərə keçməsi, mil­lət üçün xilas yolu ola bilməz. Burada yüksək bədii sənət­kar­lıq­la göstərilir ki, hakimiyyətin forması milli şüurun inkişaf səviyyəsi ilə tən gəlir. Və bu tənasüb birtərəfli qaydada pozula bilməz.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə