6 cabbarli: ŞƏrq və QƏRB, MİLLİLİk və MÜASİRLİK




Yüklə 1.38 Mb.
tarix22.04.2016
ölçüsü1.38 Mb.


6-7. CABBARLI: ŞƏRQ VƏ QƏRB,

MİLLİLİK VƏ MÜASİRLİK

«Günbatan fikirli,

gün­doğan duyğulu bir sima».

C.Cabbarlı

C.Cabbarlı bütün yaradıcılığı ilə elə bir dövrün ideya-bədii tə­cəssümü idi ki, bu dövrdə hər şey Şərqlə Qərbin vəhdətinin la­büd­ləşməsindən xəbər verirdi. Sənayeləşən Bakı, şəhərləşən Azər­bay­can yeni sivilizasiya müstəvisinə qədəm qoymuşdu və burada daha əvvəlki düşüncə ilə yaşamaq mümkün deyildi. Digər tərəfdən Azərbaycandakı sosial və mədəni-mənəvi mühit yeni düşüncə tərzinə malik insanlar üçün hələ tam yetişməmişdi. Avropada təhsil alıb gəlmiş bir insan konservativ sosial-mədəni mühitin kapitalla daha da bayağılaşmış ağır havasında nəfəs ala bilmirdi.

Şərqlə Qərbin vəhdətini şərtləndirən, lakin vəhdətin hələ hasil olmadığı, hələ yarımçıqlıq sindromu ilə səciyyələnən bu yeni situa­si­yanın daxili ziddiyyətlərini Cabbarlı «Aydın»da ailə-məişət miq­ya­sında şərh edir və yeni dövrün qəhrəmanını obrazlı şəkildə oxu­cu­ya belə təqdim edir: «Günbatan fikirli, gündoğan duyğulu bir si­ma», yaxud «Beyni kitab arasında Parisdən, ürəyi isə mizraq ucun­da Altay dağlarından alınmışdır». Göründüyü kimi, burada Qərb-fikir, Şərq isə duyğu timsalı kimi təqdim olunur. Və bu çox qısa, lakonik izah C.Cabbarlının Şərq-Qərb problematikasını necə də­rin­dən mənimsədiyinə, öz pyesində bu problemin məhz mahiy­yə­tin­dən çıxış etdiyinə dəlalət edir.

Qədimdə də, indi də – bütün tarix boyu insan qarşısında hə­mi­şə eyni fəlsəfi problemlər dayanır. Bunlar ilk növbədə insanın cis­mi, nəfsi və mənəviyyatı arasındakı münasibət və mücadilənin şəx­si və sosial prizmada, ailə və tarix miqyasında müxtəlif təza­hür­lə­ridir. Bir tərəfdən, cismani tələbat, nəfs və onun ödənilməsinə yö­nəl­dilmiş fiziki-bioloji üstünlük, var-dövlət, əmlak üstünlüyü və hökm, rəyasət, taxt-tac üstünlüyü. Digər tərəfdən, maddi yükdən azad olmaq, imtina etmək hesabına daxili mənəvi yüksəliş, in­tel­lek­tual və əxlaqi üstünlük. Sosial müstəvidə nəfs iqtisadi və si­ya­si priz­malardan keçərək başqa donlara girsə də, mahiyyəti eynidir. Bü­tün dövrlərdə böyük sənətkarlar bu problemlərə müraciət etmiş və onları öz dövrünün və öz mühitinin konkret cizgiləri ilə qələmə almışlar.

Cabbarlı da istisna deyil. O da Nizami kimi, Şekspir, Axun­dov, Dostoyevski, Cavid kimi var-dövlət və mənəviyyat qarşı­dur­ma­sına, sosial determinizm və ictimai azadlıq əksliyinə dəfələrlə mü­raciət edir və problemi öz dövrünün və öz mühitinin rəngində, konk­ret təzahürlərində qələmə alır.

Cabbarlıda gənclik və müdriklik qoşadır. O hələ ən gənc yaş­la­rında sənətin poeziyasını qoca fəlsəfənin hüzuruna gətirir. Və ey­ni ustalıqla qocaman cəmiyyətin qart problemlərinə çağdaş həya­tın al-əlvan libasını geyindirir.


* * *
SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən son­ra, yenidən kapitalist ictimai-iqtisadi münasibətlərini özünə in­ki­şaf yolu kimi seçən ölkəmizin qarşılaşdığı problemlər bədii ədə­biy­yatda öz əksini necə tapır? Müasir dövrdə ictimai-siyasi, sosial-iq­ti­sadi və mədəni-mənəvi müstəvilərdə baş verən böyük də­yi­şik­lik­lər, heç şübhəsiz, insanların fərdi həyatına da müdaxilə edir. Cə­miy­yətlə insan arasında harmoniya pozulur. Dağılmış köh­nə mü­na­sibətlərin üzərində yeni dövrün tələblərinə uyğun yeni mü­na­si­bət­lər formalaşanadək, sosial-mənəvi harmoniya yenidən qə­rar­la­şa­nadək insan «xaosun qaydaları» əsasında yaşamalı olur. Bax, hə­min bu təbəddülatlı keçid dövrünün dramatizmini əks et­di­rən ye­ni ədəbiyyat da harmonik həyata qayıdışın mühüm vasi­tə­lə­rin­dən biri olur.

Bəs hanı bu yeni ədəbiyyat?! Zahiri yeniləşmə, həyatın üst qatlarındakı müasirlik, hadisəçilik səviyyəsində problemlər və konfliktlər ədəbiyyatda da öz əksini tapmaqla onu cılızlaşdırır, ke­çid dövrünün keçici hadisələri sırasına müvəqqəti cari ədəbiyyat da əlavə olunur. Cari problemlərin alt qatlarını açmağa, müasir cə­miy­­yətdə gedən proseslərə insanlığın əzəli-əbədi problemləri kon­teks­tində baxmağa qadir olan, mahiyyətlər səviyyəsindəki in­va­riant­lara söykənən böyük ədəbiyyat isə elə bil ki, yorulub fasilə ver­miş və nəfəsini heç cür dərib qurtara bilmir. Lakin məhz bu keş­məkeşli keçid dövründə bizə haradan gəlib haraya gedəcəyimizi nişan verə bilən həqiqi böyük ədəbiyyat lazımdır.

...Bu günümüzü mahiyyət müstəvisində əks etdirə bilən bö­yük ədəbiyyat intizarında ikən diqqətimiz istər-istəməz ötən əsrin əv­vəlində Cəfər Cabbarlının inşa etməyə başladığı əzəmətli sənət abidələrinə yönəlir. Və yenə də heyrətlənməyə bilmirsən. Onun bir sıra pyeslərində elə bil ki, bu günün problemləri əks olunur. (Bəli, böyük klassiklər həmişə müasirdirlər). Digər tərəfdən isə görünür, zaman özü təkrar olunur. Biz yenə də ilkin kapital yığımı dövrünü, yeni zənginlərin yaranması – milli burjuaziyanın formalaşması ərəfəsində özünə pozitiv funksiya tapa bilməyən pulun törətdiyi eybəcərliklər dövrünü yaşayırıq. Yenə də kapital dünyasının açdığı yeni imkanlar ona adekvat olan yeni əxlaqın formalaşması tempini qabaqlayır... Yenə də azad dünyaya açılan qapılardan yeni texno­lo­giya ilə yanaşı çürük mənəviyyat, pozulmuş əxlaq da daxil olma­ğa çalışır.

XX əsrin əvvəllərində Bakıda kapitalizm özünün ən klassik formasında sürətlə inkişaf edirdi. Avropada yüz illər ərzində gedən proses neft səltənətində on illər ərzində həyata keçirdi. Sosial-iq­ti­sa­di və hətta siyasi mühitin sıxlıq dərəcəsi xeyli artmışdı. Hadi­sə­lə­rin gedişini sürətləndirən bir amil də xarici kapitalın və onun Av­ro­pada artıq formalaşdırmış olduğu həyat tərzinin hazır şəkildə trans­formasiyası idi. Həm də belə sürətli ictimai-iqtisadi yeniləşmə bö­yük mədəni yüksəlişlə müşayiət olunurdu. Milli dirçəliş, milli özü­nüdərk prosesləri artıq başlanmışdı. Bu, əlbəttə, yaxşı idi. La­kin şəxsi mənafeləri naminə öz istəklərindən asılı olmadan milli iq­ti­sadi dirçəlişə də təkan verənlər bu prosesin mədəni-mənəvi dir­çə­liş­lə müşayiət olunması zərurətini təbii ki, nəzərə almırdılar.

Kapital elə bir sinkretik hadisədir ki, o, hər hansı bir diyara təş­rif gətirəndə özü ilə bərabər təkcə maddi nemətlər deyil, həm də bu maddiliyin hökmranlıq iddiasını gətirir və mənəvi müstəvidə ənə­­nəvi olaraq qərarlaşmış nə varsa, hamısını alt-üst etməyə çalışır.

Şüurda təhkimçiliyin, ehkamçılığın, pis mənada ənənəçiliyin qoyduğu qadağalar aradan götürülür, buxovlar qırılır, şlüzlər açı­lır, işgüzarlığın və inqilabi təfəkkürün köpüklənən dalğaları mə­nə­vi çəpərləri də çör-çöp kimi qabağına qatıb aparır. Yeni şlüzlərin tikilməsi, yeni ictimai meyarların, yeni mənəvi qadağaların for­ma­laş­ması isə xeyli vaxt tələb edən çətin bir prosesdir.

Sözün böyük mənasında azadlığa gedən yol, təəssüf ki, əv­vəl­cə azad iqtisadiyyatın bazar labirintlərindən keçir. Buna mü­qa­vi­mət göstərə biləcək yeganə qüvvə isə milli ruh və onun daşıyıcıları olan ziyalılardır. Bu baxımdan əsrin əvvəlində Azərbaycanın mə­dəni-mənəvi məkanında ziyalıların məqsədyönlü fəaliyyətinin güc­lən­məsi əslində bilavasitə yeni iqtisadi münasibətlərə keçidin yox, onun mənəvi müstəvidəki dağıdıcı təsirlərinə reaksiyanın, mədəni-mə­nəvi müqavimət hərəkatının nəticəsi idi. Gənc Cabbarlının öz ya­şını qabaqlayaraq əsri vaxtında haqlayan və inersiya ilə ola bil­sin ki, lazım olduğundan da qabağa gedən impulsiv yaradıcılığı da, o dövrdə məhz artıq yetkin ziyalı mühitinin yaratdığı milli-mənəvi reaksiya hərəkatının dalğalarında sürət və vüsət almışdı.
* * *
Millət qarşısında duran ən mühüm vəzifələrdən biri qlobal proseslərin keşməkeşlərindən salamat keçmək, özünü qoruyub saxlaya bilməkdir. Lakin bunun üçün əvvəlcə özünü dərk etmək, qlobal proseslərə qarşı çıxmaqdansa, öz milli koloritini itirmədən bu proseslərin ahənginə daxil olmaq tələb olunur. XX əsr bütün millətləri sınağa çəkir. Kimlərsə sadəcə olaraq ümumi axına qoşulur, irəlidə gedənlərin cığırına düşürlər. Camaat, kütlə təsirə qapılmaq məcburiyyətindədir. Çünki onlar hadisələri yaşayırlar. Hal­buki, milli özəlliyin yeni ampluada saxlanması mahiyyətlər müstəvisində invariantların qorunmasını tələb edir. Bu ağır tarixi vəzifə millətin mütəfəkkirlərinin üzərinə düşür.

Görünür, Cabbarlı bu gün ona görə son dərəcə aktualdır ki, o zahiriliyi deyil, alt qatlardakı qanunauyğunluqları, hadisələri de­yil, mahiyyətlər arasındakı münasibətləri qələmə almışdır. Mahiy­yət­lər isə zaman keçdikcə müxtəlif libaslarda təkrar olunur: necə ki, kapitalizmə keçid dövrünün təbəddülatlarını Azərbaycan iki də­fə yaşamalı olmuşdur; bir əsrin əvvəlində, bir də sonunda.

Bəli, belə bir dövrü biz artıq ikinci dəfə yaşayırıq. Və bu gü­nün mütəfəkkirləri və ədibləri dövrün nəbzini tutmağa, çox qarışıq və mürəkkəb proseslərin fəlsəfi məğzini anlamağa çalışdıqları bir zamanda və ədəbiyyatımızda müəyyən bir boşluq duyulduğu dövr­də məlum olur ki, narahatlıq üçün heç bir əsas yoxdur. Sən demə, böyük klassiklərimiz bizi bu dar gündə tək buraxmayıblarmış. Böyük Cavid, böyük Cabbarlı həm də bu gün üçün yazırlarmış.

Bu gün, yeni əsrin əvvəlində, artıq Azərbaycan Avropa Şura­sı­na tam hüquqlu üzv qəbul olunduğu bir vaxtda, Cabbarlı dra­ma­tur­giyasının aktuallığı bir daha diqqəti cəlb edir. Onun əsərində hət­ta «azadlıq» ideyası da o vaxt kommunistlərin ön plana çəkdiyi «is­tismardan azad olmaq» mənasından fərqli, xeyli geniş mənada ba­şa düşülür və ilk növbədə insanın daxili azadlığı ön plana çəkilir.

Hər hansı bir həyat tərzi, hər hansı bir əqidə, hətta hər hansı bir geyim insana kənardan, icbari yolla qəbul etdirilməməlidir. Namus, ismət də kişi diktatının və ya çadranın sayəsində deyil, mə­nəvi bütövlüyün ayrılmaz tərkib hissəsi kimi, daxildən gələn bir tə­ləbat kimi mövcud olmalıdır. İnsanın bütün həyatı, əməli fəa­liy­yə­ti onun şəxsi arzu və istəklərinə uyğun gəlməli, istək və əməl bir harmoniya təşkil etməlidir. Cəmiyyət insana öz ürəyinin hökmü ilə yaşamaq imkanı verməlidir. Cabbarlının əsrin əvvəlində qoyduğu bu tələblər Avropada, Amerikada hələ indi-indi gah «insanın hü­quq və azadlıqları», gah «qadın hüquqları», gah «gender» prob­lem­ləri adı ilə gündəmə çıxarılır və bizə müasir Qərb dəyərləri kimi təqdim olunur. lakin Qərb bu dəyərlərin milli-mənəvi invariant­lar­la uyğunlaşdırılması problemini həll edə bilməmişdir. Cabbarlı isə əs­rin əvvəlində bir addım da qabağa getmiş və cəmiyyətin yarat­dı­ğı çəpərləri uçurtmaq tələbi ilə kifayətlənməyərək. İstəklərin özünü yüksək mənəvi pilləyə qaldırmaq, qadağaları könüllülüklə, könlün ucalığı ilə əvəz etmək mövqeyindən çıxış etmişdir. Yeri gəlmişkən, Cabbarlının nəfsin tərbiyə olunması ilə bağlı mövqeyi bizim milli fəlsəfi fikir ənənələrimizin davamı kimi ortaya çıxır. Belə ki, XII-XIII əsrlərdə yaşamış böyük sufi Əbuhəfs Sührəvərdi «hal və mə­qam» konsepsiyası ilə dünya fəlsəfi fikir tarixində nəfsin tərbiyə olun­masının ən mükəmməl təlimini yaratmışdır. Bu təlim Azər­bay­can fəlsəfi fikrində uzun müddət yaşamış, davam etdirilmişdir. Tə­sa­düfi deyil ki, XVI əsrdə böyük Füzuli də «nəfsin kamillik yo­lun­dan» danışırdı.1

«Aydın»da, «Od gəlini»ndə və digər əsərlərində Cabbarlı hə­min təlimi ədəbi-bədii müstəvidə daha da inkişaf etdirir və digər mil­li fəlsəfi konsepsiyaların sinkretik kontekstinə daxil edir.

İdeal və gerçəklik. Arzu, istək və real həyatın özü. İnsanın qəlbində, fikrində yaratdığı və yaşamaq istədiyi xəyali dünya, bir də yaşamağa məcbur olduğu gerçək dünya. Arzular səltənətinin, röyalar dünyasının isti qucağı, mülayim melodiyaları və gerçək həyatın sərt iqlimi, acı həqiqətləri!..

Çox vaxt xoşbəxtliyin də, faciənin də kökündə bu iki dünya arasında uyğunluq və fərq dayanır. İstək nə qədər güclü olsa və onun reallaşması nə qədər əlçatmaz olsa, faciə də bir o qədər qa­çıl­maz­dır. Bu iki dünya arasında uyğunluq yaradılmasının bir yolu ger­çək dünyadakı fəaliyyətimizi arzularımız istiqamətində yö­nəlt­mək­dirsə, digər yolu arzu və istəyin özünün reallığın imkanları isti­qa­mətində tərbiyə olunmasıdır. Mötədil insanlar məhz arzularını ci­lovlayır, «ayaqlarını yorğanına görə uzadırlar», bəzən hətta «pa­la­za bürünüb elnən sürünürlər». Burada biz yaşadığımız hadisələr dün­yasının reallağı ilə yanaşı arzuların reallığı və əlçatanlığı mə­sə­lə­si ilə rastlaşırıq. Burada arzu və istəyin nisbiliyi və müt­ləq­ləşdirilməsi məsələsi ortaya çıxır. Lakin Cabbarlı mak­si­ma­list­dir və təzadların mütləqləşdirilməsindən çıxış edir… O, hadisələr dün­ya­sının mülayim keçidlərindən, kiçik çətinliklər və məqsədyönlü əmə­li fəaliyyətin uzlaşdırılmasından deyil, böyük maneələr və on­la­rı dəf edən böyük ehtirasların mübarizəsindən bəhs edir. Ona gö­rə də Cabbarlı qəhrəmanlarının arzu və diləkləri həyatın real axarı ilə bir araya gəlmir. Maraqlıdır ki, Cabbarlı bu təzadı Aydının dili ilə ümumiləşmiş şəkildə, bir prinsip kimi irəli sürür: «…Dilək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq bir neçə qüv­vətli simalar keçmişlər… Onlarla da tarix (bütün gələcəyə qar­şı) fəxr edir». Aydın hətta maneə olmadıqda onu yaratmağa can atır. Həm də məhz əlçatmaz bir maneə. «Ox, neçin o məni sevdi! … Mən istəyirdim ki, sevdiyim məni sevməsin. Ona çatmaq ümidi ilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vu­ruş­ma­lar, əzab, göz yaşları, mübarizə…».

Bu əlçatmaz sevgi tragizminə meyl Füzulinin qəmi özünə həm­dəm etmək fəlsəfəsini xatırlatsa da, köklü surətdə ondan fərqlənir. Belə ki, Məcnunun qarşısındakı maneə Leylinin sevgisi (sevməzliyi, etinasızlığı) yox, sosial bir maneə idi, valideynlərin mü­daxiləsi və ictimai rəy idi1. Cabbarlının qəhrəmanı isə üzərinə da­ha böyük bir yük götürmək və yalnız mövcud ictimai mühitlə bağ­lı deyil, həm də mövcud mənəvi prinsiplərin və fərdi arzu-istək dün­yasının da dəyişdirilməsi zərurəti ilə bağlı problem qoyur.

Fərdi mənəvi aləm və ictimai mühit arasındakı uyğunluq və təzadlar Cabbarlının sonrakı əsərlərində də mühüm yer tutur.


* * *
XX əsr qloballaşma əsridir. Böyük dövlətlərin cahangirlik iddiaları əsrin birinci yarısında əlində «hərb» bayrağı olmaqla – dünya müharibələri vasitəsilə, əsrin ikinci yarısında əlində «sülh» bayrağı olmaqla, iqtisadi, texnoloji və informasion vasitələrlə həyata keçirilir.

XX yüzilliyin əvvəllərində bu böyük tarixi prosesin ancaq rüşeymləri var idi. Hətta birinci dünya müharibəsi də sadəcə mü­ha­ribə kimi anlaşıla bilərdi. Həmin dövrdə qloballaşma prosesinin təməli qoyulduğu bəlkə iddiaçıların özü tərəfindən də aşkar şəkildə anlaşılmırdı. Bu tendensiya ancaq bu gün açıq-aşkar görünür və onun nəzəriyyəsi də, praktikası da göz qabağındadır. Lakin bu ha­disə hələ ki, ancaq onu törədənlərin özü tərəfindən, əsrin ideo­loq­ları, böyük dövlətlərin politoloqları tərəfindən təhlil olunur. Kiçik dövlətlər düşdükləri burulğanın baş gicəllənməsindən hələ özünə gəlib dünyada gedən prosesləri dərk etmək və öz sözlərini demək iqtidarında deyillər. Lakin kiçik xalqların da böyük mü­tə­fək­kirləri ola bilər və hər şeyi vaxtında görə bilər.

Keçən əsrin əvvəlində dünyada gedən və gələcəkdə getməli olan prosesləri görənlər var imiş. Böyük Cavidi və böyük Cab­bar­lı­nı indiki zaman kontekstində oxuyarkən məlum olur ki, onlar nəin­­ki qloballaşmanın mahiyyətini dərk etmiş, hətta onu proq­noz­laş­­dırmış, bədii libas geyindirmiş və gələcək nəsillərin düşün­cə­lə­ri­ni irə­licədən bu böyük hadisələr üçün hazırlamağa çalışmışlar.

Cabbarlının əsərlərində kapital dünyasının, altun hakimiyyə­ti­nin törətdiyi hərc-mərcliklər lokal bir hadisə kimi deyil, bey­nəl­xalq kontekstdə götürülür.

Avropada ilkin kapital yığımı dövründə pulla mənəviyyat arasında yaranan ziddiyyətlər tarixin yaxşı məlum olan bir səhifəsi kimi klassik ədəbiyyatda öz bədii və fəlsəfi şərhini gözəl tapmışdır. Viktor Hüqonun, Balzakın, Drayzerin, Cek Londonun bu prob­lem­ləri əks etdirən bir sıra məşhur romanları Azərbaycan oxucula­rı­na da yaxşı tanışdır.

XIX əsrin axırları, XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakıda kapitalist ictimai-iqtisadi mü­na­sibətlərinin formalaşması da, təbii ki, pulun sosial-mənəvi hə­ya­ta aktiv müdaxiləsi ilə müşayiət olunurdu. Cəmiyyətdə gedən bu pro­sesləri adekvat surətdə əks etdirən ədəbiyyat da dövrün tələbi idi. Maraqlıdır ki, Azərbaycanda bu sosial sifarişi ilk növbədə dra­ma­turgiya və teatr yerinə yetirirdi.

Özü də necə bir dramaturgiya?!

Həyatda baş verən hadisələrin sadəcə təsvirindən, bu mürək­kəb hadisələr dünyasından götürülmüş maraqlı təsadüflərin do­ğur­duğu ziddiyyətlərdən deyil, meyllərin, tendensiyaların üzə çıxa­rıl­masından, nəticələrin yox, səbəblərin, ideyaların qar­şı­laş­ma­sın­dan doğan bir dramaturgiya!

Cabbarlı hadisələr arasındakı əlaqəni açmaqla kifayətlənmir; o, hər bir hadisənin, hər bir iştirakçı tərəfin daxili ziddiyyətlərini açır və müxtəlif tərəflər arasındakı münasibətləri də məhz daxili potensialın təzahür vasitəsi kimi qələmə alır. Hadisələrin daxili dinamikası da, insanların iç üzü də proseslərdə, əlaqələrdə üzə çı­xır. İnsanla mühit arasında, bir əqidə ilə başqa əqidə arasında, ha­be­lə, ayrıca insanın daxili aləmindəki müxtəlif fikir və istək yö­nüm­lə­ri arasında ziddiyyətlər bir-birini tamamlayaraq bütövlükdə döv­rün sosial-siyasi və psixoloji-mənəvi səciyyəsini verir.

Oqtay Eloğlu aşkar şəkildə zahirilikdən, görünüşdən fərqli ola­­raq alt qatların, daxili məqamların, mahiyyətlərin üzə çıxarıl­ma­sına səsləyir. «1905-ci ildə» əsərində erməni-müsəlman qarşı­dur­­ması şəklində təzahür edən zahiri görünüşün arxasında Rusi­ya­nın imperiya siyasətinin dəqiq konturları görünür. «Aydın»da bir ai­lənin faciəsi timsalında bütövlükdə kapital dünyasının iç üzü açı­lır. «Solğun çiçəklər»də ictimai mühitin eybəcərlikləri hətta ən mü­qəddəs duyğu olan sevgiyə belə sirayət edir. Bütün bunlar za­hi­ri­dən batiniyə, görünüşdən mahiyyətə keçidin parlaq nümunələridir.

Gerçək ictimai həyatda gedən bu proseslər, heç şübhəsiz, sənətdə və ədəbiyyatda da bu və ya digər dərəcədə öz əksini tapır­dı. Bu baxımdan, altun və mənəviyyat, güc və həqiqət mövzuları özü-özlüyündə ədəbiyyat üçün bir yenilik sayıla bilməzdi. Lakin necə ki, insanlar çox vaxt hadisələr içərisində itib-batır və daxil olduq­la­rı böyük ictimai-siyasi prosesləri, ictimai axının əsas is­ti­qa­mə­tini gö­rə bilmirlər, eləcə də sıravi ədəbiyyat bir qayda olaraq bir-birin­dən maraqlı hadisələr silsiləsini təsvir etməkdən usanmır. Nəticədə neçə-neçə detektivlər, melodramalar yaranır və hadisələr dənizinin ucu-bucağı olmadığı kimi, onları əks etdirən dizilər, çoxseriyalı filmlər də nə qədər istəsən uzadıla bilir.

Melodrama ilə fəlsəfi dramın əsas fərqi nədədir? Hamlet», «İb­lis», «Aydın» hind filmlərindən, Cənubi Amerika seriallarından nə ilə fərqlənir? Bu suallara cavab verilməsi bu gün həm də ona gö­rə vacibdir ki, melodrama komediantlığın o biri qütbünə çevri­lə­rək həyatımıza hər tərəfdən müdaxilə edir. Hadisəçiliklə dolu olan vi­deofilmlər, teleseriallar bütün texniki vasitələrlə bizi mühasirəyə alır. Və çox vaxt «Hamlet»lərin, «İblis»lərin, «Aydın»ların bizdə ya­ratmış olduğu mənəvi özünümüdafiə səddini keçərək içərimizə da­xil olur. Bir də başımızı qaldırdıqda özümüzü hadisələr, tə­sa­düf­lər dünyasının axar-baxarında görürük.

Bəli, melodrama ayrı-ayrı adamlar, şəxsi həyatlar və təsadüf­lər üzərində qurulmuş maraqlı və gərgin situasiyaları əks etdirir. Pri­mitivliyin, diletantizmin bariz nümunələrinə əsaslanan melod­ra­ma bəzən çox bahalı libas geyinir, yüksək dizayn və bədii­lik ele­ment­ləri ilə pərdələnir (müasir kino texnikası, bahalı aktyorlar və s.). Lakin nə libas geyinirsə-geyinsin, onun əsas göstəricisi hadi­sə­çi­lik­dir. Burada fəlsəfi ümumiləşmə bir yana qalsın, heç bədii ümu­mi­ləşmə səviyyəsində də qanunauyğunluq axtarmaq əbəsdir.
* * *
Bütün böyük sənətkarlar ona görə həm də filosofdurlar ki, onların əsərləri hadisələrin təhkiyəsi arxasında mahiyyətlərin təh­ki­yə­sini də əhatə edir. Bədii əsərdə hadisələr necə gəldi, elə də cərə­yan edə bilməz. Onlar ideyaların inkişaf qanunauyğunluğuna, ma­hiy­yətlər arasındakı münasibətlərdəki invariantlara söykənir. Cəfər Cabbarlının bütün əsərlərində, hətta ən gənc yaşlarında yazdığı pyeslərdə belə müəyyən bir ideyanın təkamülü və ideyalar arasında mübarizə vardır. Cabbarlıda ideyanın açılmasına xidmət edən hadisələr ixtiyari olaraq seçilmir. Onlar bilavasitə reallığa və tarixə söykənir. Bu baxımdan, Cabbarlı bir filosof olmaqla yanaşı, həm də kamil bir tarixşünas və sosial tablolar çəkən rəssamdır.

XX əsrin əvvəllərində, hələ tariximizin kifayət qədər öyrə­nil­mə­diyi, milli mədəniyyət və milli fəlsəfi fikirlərin qaynaqları peşə­kar elm üçün hələ naməlum olduğu bir dövrdə tək bir əsərdə («Od gəlini») nəinki milli tariximizin böyük və mürəkkəb bir dövrü (isla­mın Azərbaycanda yayılması, Babək hərəkatı) üzə çıxarılır, nəinki hə­min dövrə aid adət-ənənələrimizin, milli mədəniy­yə­ti­mi­zin, et­noq­rafiyamızın mükəmməl mənzərəsi çəkilir, həm də o dövr­də ya­ran­mış və yayılmış milli-fəlsəfi cərəyanlar obrazların dili ilə qar­şı­lıq­lı mükamilə və monoloqlarda çox parlaq şəkildə şərh olu­nur. Üs­təlik bütün bunlar yüksək sənətkarlıqla bədii əsərin təhki­yə­sinə da­xil edilir.

Tədqiqatçılar bəzən fəlsəfi fikir tariximizin öyrənilməsinin ta­nın­mış filosofumuz Heydər Hüseynovun əsərləri ilə başlandığını dü­şünürlər. Əslində isə bu işi xeyli əvvəl Cəfər Cabbarlı baş­la­mış­dır. Həm də çox böyük dəqiqliklə, fəlsəfi təlimlərin mahiyyətini açıb-göstərmək, onları qarşılıqlı surətdə müqayisə etmək və müx­tə­lif nöqteyi-nəzərləri canlı həyat səhnələrində təcəssüm etdir­mək­lə.

Milli tariximizin önəmli məqamlarını təşkil edən ideyalar və ictimai-siyasi hərəkatlar Cabbarlının əsərlərində bəzən bilavasitə, hət­ta tarixi adları belə saxlamaqla, bəzən də dolayısı ilə, bədii mün­də­ricəyə daxil edilməklə təqdim olunur. Məsələn, Azərbaycan fəl­sə­fi fikir tarixində və milli azadlıq hərəkatında Cəmaləddin Əf­qa­ni­nin yeri və rolu çoxlarımızın nəzərində professor Şamil Qur­ba­no­vun təqdimatından sonra aydınlaşdı. Və biz elə bil ki, itirilmiş bir tarixi şəxsiyyətimizi və filosofumuzu yenidən tapdıq. Lakin sən de­mə onun haqqında Cabbarlı hələ 17 yaşında ikən kifayət qədər dol­ğun məlumat vermiş, onun ideyalarını şərh etmişdir. Həm də bu missiya hansı isə tarix kitabında və ya fəlsəfi traktatda deyil, «Nəs­rəddin şah» pyesində həyata keçirilmişdir. Cəmaləddin Əfqa­ni əsə­rə bir inqilabçı obrazı kimi daxil edilmiş, onun ideyaları və məş­ru­təçilik hərəkatının məğzi də hadisələrin gedişindən doğan qanu­na­uyğun bir yekun kimi təqdim edilmişdir.

Digər bir əsərində – «Od gəlini»ndə Cabbarlı VIII-IX əsrlər­də Azərbaycanda yayılmış xürrəmilik təliminin məzmununu açır və əsas ideyalarını şərh edir. Əslində Cabbarlının azadlıq haq­qın­da­kı dü­şüncələri xürrəmilik təliminin də hüdudlarını keçərək bü­tün dövr­lər üçün aktual olan ciddi mətləblərə gətirir.

«Od gəlini» elə bil ki, milli-fəlsəfi fikir tariximizin ensik­lo­pe­di­yasıdır. Burada məhz Azərbaycan üçün səciyyəvi olan mühüm fəl­səfi cərəyanların çox yığcam, lakin aydın və gözəl şərhi verilir. Zər­düştilik, atəşpərəstlik, xürrəmilik, sufilik, hürufilik və s. Həm də bunları ayrılıqda, bir-birindən fərqli, bir-birini inkar edən təlim­lər kimi yox, vahid, bütöv fəlsəfi baxışlar sisteminin daxili ünsür­lə­ri, tərkib hissələri kimi vermək təşəbbüsü göstərilir. Əksliklər vəh­dət­də götürülür. Qütblərin zirvədə birləşməsindən daxili tamlığa ma­­lik mükəmməl fəlsəfi dünyagörüşü yaranır. Fəlsəfi fikrimizin bö­yük tarixi təkamül keçmiş uzun və mürəkkəb yolu zamanca sı­xı­lır, müxtəlif dövrlərdəki konsepsiyalar eyni zaman müstəvisinə gə­ti­rilir və bütün daxili ziddiyyətləri ilə birlikdə mükəmməl bir bədii-nə­zəri sistem yaranır.

Bu baxımdan, «Od gəlini» Azərbaycanın fəlsəfi fikir ensik­lo­pe­diyasının bir parçası olmaqdan daha yüksək məqamda qərar tutur. Burada biz müxtəlif dövrlərdəki müxtəlif fikir qatlarının, müx­təlif həyat və düşüncə tərzlərinin və hətta müxtəlif fəlsəfi tə­lim­lərin sintezini görürük. Bizim bugünkü düşüncəmizin ge­ne­zi­sin­də hansı fərqli mövqelərin dayandığını, çağdaş fikir tərzimizin nə­lər­dən yoğrulub-yapıldığını, müasir azərbaycanlının daxili aləmin­də keçmişdən miras qalmış nə kimi ziddiyyətlər olduğunu «Od gə­li­ni» gözəl təcəssüm etdirir. Əsər həm də inam və şübhənin, hiss və id­rakın milli nisbət əmsalını əks etdirmək baxımından xüsusi əhə­miy­yətə malikdir.

Lakin «Od gəlini» sosializm dövründə yazıldığından onun ədə­­bi tənqid taleyi məhdud ideoloji çərçivəyə salınmış, dinə qarşı mü­­barizə mütləqləşdirilmiş və əsərdəki bir sıra mühüm ideyalar işıq­­landırıla bilməmişdir. Elxanın «din adına törədilən qırğınlara» qar­şı çıxışları dinə qarşı çıxış kimi təqdim olunmuşdur. Digər tə­rəf­dən, əsərdəki hürufilik notları diqqətdən kənarda qalmış, hü­ru­fi­lik ideyaları da ateizm kimi qiymətləndirilmişdir. Halbuki, Elxan bə­zi çıxışlarında Nəsimidən fərqlənmir: «Məndən başqa mənim xa­ricimdə özgə bir Allah yoxdur. Mənəm Yer üzündəki həyat və səa­də­tin yaradıcısı. Mənəm göylərin mənəvi varlığındakı qüvvət və iq­ti­­darın məna və mahiyyəti. Mənəm Allah, Allah mənim özümdədir».

Elxanın mübarizəsi islam dininin özünə qarşı deyil, dinlə pərdələnmiş gücə, zorakılığa qarşıdır. Diqqətlə yanaşıldıqda Aqşin Elxanı yox, Elxan Aqşini əsl dinə, ədalətə, düzlüyə, həqiqətə dəvət edir. Elxana görə din əsl missiyasını əzənlərin yox, əzilənlərin tərə­fin­də olarsa yerinə yetirə bilər. Aqşin aldanmışdır. Elxan isə dini eh­kamlardan sui-istifadə edən, dini ideallarla manipulyasiya edən və öz qəsbkarlıq niyyətlərini dinlə ört-basdır etməyə çalışan qüv­və­lə­rin iç üzünü Aqşindən daha yaxşı görür: «Mən üzümə bir din qal­xanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm».

Solmaz obrazının daşıdığı ideya yükü də kifayət qədər işıq­lan­dırılmamışdır. Solmaza çox vaxt ancaq Elxanın sevgi priz­ma­sın­dan baxılır. Lakin müəllif Solmazı başqa bir ölçüdə, başqa coğ­ra­fi və dini məkanda da yenə sevgi prizmasından təqdim edir. «Söy­lə, müqəddəs odlar gəlini! Ulu Hürmüzdün paklıq və məsum­lu­ğunu təmsil edən gözəl Solmaz!». Bu baxış Solmazı məhz mü­qəd­dəs görmək istəyindən və Solmaza olan sevginin müqəddəslik duy­ğusu ilə, ülvi hisslərlə birləşdirilməsindən doğur! Sevginin ali mər­təbəsi – vəhdəti-vücud məqamı! Cismani ehtivadan daha yük­sək mə­nəvi ehtiva! Məcnun məhəbbəti, platonik məhəbbət, bütün maddi yüklərdən və duyğulardan azad olmuş, çəkisizlik şəraitində, ən yüksək məqamda ülviyyətə qovuşan pak bir ruh! Ruhani mə­həbbət!

Və burada Cabbarlı zərdüştilikdən, atəşpərəstlikdən ötərək, bir az əvvəl vəsf etdiyi xürrəmiliyin tam əks qütbünə keçir və El­xa­nın dili ilə qətiyyətlə rədd etdiyi islamın yüksək fəlsəfi təza­hür­lə­rin­dən biri olan sufiliyi təlqin edir: «...Bütün alçaq cismani duyğuları atıb, ruhani bir yüksəkliyə vardığını, Ulu Hürmüzdün ülviyyətinə doğ­­ru yüksəlib onunla mənəvi bir vahid olaraq uyunduğunu hiss edir­sənmi?». Allaha qovuşmaq, onunla vəhdətdə olmaq sufiliyin, vəhdəti-vücud ideyasının məğzidir. Lakin Cabbarlıda bu ideya Hür­müzdün adı ilə birləşdirilir və atəşgahda baş verən bir hadisə islamın ali məramı kontekstinə salınır. Əsər boyu bir-birinə qarşı dayanan atəşpərəstlik və islam notları zildə bir-birini tamamlayır, eyni bir mahiyyətin müxtəlif təzahürləri kimi üzə çıxır.

Təbii ki, belə yüksək fəlsəfi məqama yüksəlmiş bir şəxs üçün aşa­ğı pilləyə, cismani həyat səviyyəsinə enərək mərasimləşmiş, ha­di­sələşmiş, mövhumatlaşmış din – daha artıq din deyil. Cab­bar­lı­nın nə kimi bir dinin əleyhinə olduğu da bu məqamda aydınlaşır. Cab­barlı hadisələr səviyyəsinə enmiş, siyasiləşmiş, sosiallaşmış, mə­rasimləşmiş və əslində müqəddəsliyini, ülviyyətini itirmiş bütün «din»lərin əleyhinədir. Atəşgaha da «qarnı başından ağıllı çıxan» adamlar qulluq edir, uca mətləblərin sonu toyuq-cücəyə gəlib çıxır. İslamda da dinin ali ülvi məqsədi kölgədə qalır və onu əlində bay­raq edənlər son nəticədə rəyasət, var-dövlət, eyş-işrət səviyyəsinə enir­lər. Din adından çıxış edənlər bilərəkdən və ya özləri də anla­ma­dan onu yerə endirir, ideal olanı maddi güclə qəbul etdirməyə ça­lışırlar. «İnsan naminə» insanlara əl qaldırılır.

Xürrəmilik ideyaları heç olmazsa yalandan xilas olmağa, dün­­yanı maddi, lakin real istəklər əsasında qurmağa çağırır. Lakin bu real istəklər üzərində qurulmuş xoşbəxtlər ölkəsi də «fikri geniş fəzalarda uçan» Elxanın müqəddəs azadlıq idealına uyğun gəlmir və ən yaxşı halda onun bayağı bir kölgəsidir. İnsanlara hər cür sərbəstlik və istəklərə azadlıq verilmiş Xürrəmdə hamı eyni mər­tə­bə­­də, şəraitdə olduğu halda Elxan yenə də qəmgindir. Cabbarlı Xür­rəmə nəinki bir ideal kimi baxmır, əksinə, hər cür ali hiss­lər­dən, idealdan məhrum edilmiş, yenə də hadisələr girdabına düş­müş, maddi başlanğıca tabe etdirilmiş bir həyat kimi baxır. Belə nasiranə həyat Elxan üçün deyil. Böyük ideallar axtarışında olan Elxan belə ibtidai azadlıq şəraitində xoşbəxt ola bilməz. Müəllifin «xoşbəxtlər diyarına» həqiqi münasibətini bilmək üçün sadəcə bir az diqqətli olmaq lazımdır: «Hamı qatışıq çalıb-oynayır. Bütün səhnə başdolandırıcı bir hərəkət halqası içində qaynayır. Yalnız Elxan dərin və məsum baxışlarla qaynaşmaqda olan bu insan axı­nı­na baxıb, uzaq-uzaq yerləri düşünürmüş kimi dalğın oturur». Xür­rəm diyarı xeyli dərəcədə Nizaminin «xoşbəxtlər ölkəsini» xa­tır­latsa da, ondan ciddi surətdə fərqlənir. Belə ki, bu «xoş­bəxt­li­yin» öz içərisində ona qarşı bir üsyan var. Elxan öz yaratdığı dün­yanın naqisliyini duyur, bu mühit onu darıxdırır və yeni ax­ta­rış­la­ra sövq edir.
* * *
Əsrlər boyu fəlsəfinin ən önəmli problemləri sırasında duran pul və mənəviyyatın, ağıl və hissin, güc və tədbirin, riya və həqi­qə­tin inam və şübhənin mübarizəsi və s. bu kimi problemlər yeri gəl­dik­cə məhz fəlsəfi müstəvidə işıqlandırılır və müəllifin bu məsələ­lə­rə olduqca orijinal və yaradıcı münasibəti üzə çıxır. Gənc Cab­bar­lı­da «azad sevgi», «hissiyyat azadlığı» ideyaları, səadət yolu qar­şı­sın­da ucaldılmış sosial və iqtisadi çəpərlərə, vaxtı keçmiş, daşlaş­mış, qartlaşmış adət-ənənələrə qarşı üsyan mövqeyi spesifik bir xətt kimi keçir və müəllif bu məsələləri ön plana çəkmək üçün heç vaxt fürsəti əldən vermir. «Solğun çiçəklər»də də, «Nəsrəddin şah»da da, «Aydın»da da kobud güc (fiziki gücmü, pulun gücümü, və­zifədən, ictimai mövqedən, yaxud valideynlik hüququndan sui-is­tifadəmi – fərqi yoxdur) saf məhəbbətə qarşı çıxır və gəncləri əsl səa­dətdən məhrum edir. Lakin «Solğun çiçəklər»də ailə miq­ya­sın­da üzə çıxan kobud güc «Nəsrəddin şah»da bir ölkənin başçısının xarakteri və bu ölkədəki siyasi rejimlə, «Aydın»da, «Oqtay Eloğ­lu»da və «Od gəlini»ndə isə ictimai quruluşun mahiyyəti ilə bağ­la­nır. «Od gəlini»ndə sosial ədalətsizliyə işğal və əsarət ideyası da əla­və olunur və burada həm də əsl dinə və dindən ictimai güc vasitəsi kimi istifadə edilməsinə münasibət ifadə olunur.

«Nəsrəddin şah»da zülmün, rəzalətin mövcud siyasi rejimin hadisələrlə zəngin bədii obrazı yaradılır. Neçə-neçə qətllər, neçə-neçə iradələrin zorlanması, neçə yurd-yuvanın yerlə yeksan edil­mə­si... Pyesdə mövcud sosial gerçəklik, zülm, sosial ədalətsizlik ha­disələr səviyyəsində təsvir olunur. Burada hələ «Bəxtsiz cavan», «Mü­sibəti-Fəxrəddin», «Laçın yuvası» və s. bu qəbildən olan əsər­lər­lə ideya və üslub yaxınlığı vardır.

Belə əsərlərdə şəxsi qəddarlıq kimi də anlaşıla biləcək ha­di­sə­lər, insanların öldürülməsi, qızların zorla aparılması, kobud fiziki gü­cün konkret təzahürləri təsvir olunur. Burada ideyanın, möv­qe­yin, iradənin qəbul etdirilməsindən, daha çox kobud gücün tə­ca­vü­zün­dən söhbət gedir. Burada hətta şah da bir dövlət başçısı ol­maq­dan öncə bir fiziki şəxs kimi, öz fərdi istəkləri ilə hadisələrə qatılır. İntiqam da son həddə məhz şəxsdən qisas alınması ilə, fiziki güclə, ha­disə ilə həyata keçirilir. Burada hələ pis insanlar və yaxşı insan­lar bölgüsü vardır. Hadisələr insanın daxilində deyil, insanlar ara­sında baş verir. «Aydın»da isə proseslər daha çox dərəcədə insan­la­rın qəlbində və düşüncələrində gedir. Və bu ideyalar sosial həyatın ziddiyyətləri ilə bilavasitə bağlıdır. Burada ölüm də qətl yox, in­ti­har yolu ilə həyata keçir. İnsanlar bilavasitə fiziki təcavüz nəticə­sin­də, zalımların xəncərindən və ya gülləsindən deyil, mənəvi aləmə təcavüzün nəticəsi olaraq həlak olurlar. Azadlıq idealı da insan­la­rın təkcə öz evi, öz mülkü, öz kəndi miqyasında – maddi-sosial müs­təvidə deyil, öz istəkləri, öz arzuları, öz düşüncələri miqya­sın­da, daha çox mənəvi-sosial müstəvidə təqdim olunur.

«Din və azadlıq», «adət-ənənə və azadlıq», «ictimai mühit və azadlıq» problemləri Cabbarlının müxtəlif əsərlərində müxtəlif kon­tekstlərdə üzə çıxır. «Aydın»da oxuyuruq: «Dühalar düşməni, zə­kalar, iradələr qatili adət!»; «Öz varlığını göstərmək istəyənlər heç bir adətə, qanuna boyun əyməməlidirlər». «Məni ancaq arzu­la­rım idarə edir...» «İnsan arzu uğrunda heç bir şey qarşısında durmamalıdır. Budur mənim prinsipim»...

F.Nitsşenin öz şah əsərini nəyə görə Zərdüştün adı ilə bağ­la­dı­ğını anlamaq üçün çox uzağa getməyə ehtiyac yoxdur. Bu əla­qə­nin kökləri «Aydın»da və «Od gəlini»ndə çox gözəl açılır. Mütləq azad­lığa can atan insan bütün buxovları qırmaq, bütün qadağaları ləğv etmək, öz əməllərini ancaq şəxsi istəklərinə uyğun qurmaq əz­mi göstərir. Lakin, əlbəttə, bu mümkün deyil. Bu, vəhşi azadlıqdır. Müa­sir insan isə vəhşilərdən məhz öz istəyini, instinktlərini, nəfsini bu­xovlamaq, dinin, əxlaqın, adət-ənənənin və nəhayət, intellektin və hüququn tələblərinə uyğunlaşdırmaqla fərqlənir. İnsan buna məc­burmu olur? Yoxsa insan öz xoşu iləmi öz qarşısında çəpərlər çəkir?

Əlbəttə, mütləq azadlığın mümkün süzlüyünü, həyatı nəfsə tabe etdirməyin yüksəklik əlaməti olmadığını Cabbarlı çox gözəl bilirdi. Bəs bu paradoks necə izah olunmalıdır? Necə ola bilərdi ki, bü­tün əsərlərində var-dövlət hərisliyinə, meşşanlığa, cismani his­siy­yata, şəhvətə qarşı kəskin mövqe tutan, insanlığın ali mənasını, ali hissləri tərənnüm edən Cabbarlı adət-ənənəyə, dinə qarşı mey­dan oxusun?!

Baş qəhrəmanı «İnsan arzusu uğrunda heç bir şey qarşısında durmamalıdır», – deyən yazıçı arzunu ancaq sadəcə istək, nəfs mə­na­sındamı başa düşürdü?

Burada Cabbarlı ənənəvi Şərq fəlsəfəsinin hüdudlarından kə­nara çıxır. İstər-istəməz belə bir sual yaranır. Arzuların bu­xov­lan­ma­sına, boğulmasına yönəldilmiş Şərq tərbiyəsinə qarşı üsyan edər­kən Cəfər Cabbarlı ifrat Qərb təlimi olan freydizmin təsiri al­tı­na düşmürmü? Lakin maraqlı da burasıdır ki, Cabbarlının müa­si­ri olan Z.Freydin və onun təliminin o vaxt Azərbaycanda məlum ol­ması ehtimalı çox azdır. Real olanı budur ki, Cabbarlı bu ide­ya­la­rı Freyddən asılı olmadan irəli sürür. Və sadəcə problemi qoy­maq­la kifayətlənməyib, bir addım da irəli gedir. Burada söhbət ar­zu­nun özünün hansı səviyyədə olmasından, ictimai rəyin, əxlaqın, adə­tin xeyrinə nəfsin boğulmasından yox, nəfslə sağlam fikir arasındakı, nəfslə ictimai şüur arasındakı ziddiyyətin aradan götürülməsindən gedir. Bir tərəfdən nəfs özü də tərbiyə oluna bi­lər. Və yüksək insa­nın nəfsi, istəyi, arzusu da yüksək ola bilər. Di­gər tərəfdən də, insan artıq bu cür formalaşıbsa və onun istəkləri ar­tıq müəyyən­ləşibsə təkcə bu istəklərin məhdudlaşdırılması deyil, qar­şı tərəfin də (adət, əxlaq və s.) müəyyən güzəştlərə getməsi mü­za­kirə obyektinə çevrilə bilər.

Cəmiyyət insanı düzgün tərbiyə etməlidir. Onun hissləri də, nəf­si də, arzusu da hələ lap uşaqlıqdan, ilkin yetkinlik dövründən han­sı­sa ictimai ideala adekvat surətdə formalaşır. Lakin istəklə ictimai tə­ləb arasında fərq varsa nəyə görə gərək ancaq birinci ikinciyə güzəştə get­sin? Məgər ən ali məqsəd insanın xoşbəxtliyi deyilmi? Və xoş­bəxt­lik istəklərin reallaşmasından başqa özgə necə başa düşülə bilər?

Məhz problemin dərinliyinə getməsindəndir ki, Cabbarlı ancaq sosial normaları, artıq qərarlaşmış ictimai mühiti və onun mənəvi prin­­siplərini müdafiə etmək mövqeyində dayanıb qalmır, insanın aliliyi, məhz insanın son məqsəd olması mövqeyindən çıxış edərək cə­miy­yətin insan qarşısında qoyduğu bütün buxovları təftiş edir, onlara yenidən, yeni dövrün səviyyəsindən baxır.

Çox vaxt yazıçı müəyyən obrazların dili ilə öz şəxsi möv­qe­yini, hadisələrə simpatiyasını biruzə verir. Başqa obrazlarda isə onun antipatiyası, qəbul etmədiyi və tənqidi münasibət bəslədiyi cəhətlər əks etdirilir. Dünya yaxşıların və pislərin dünyasına bölü­nür. Və oxu­cu müəllifin şəxsi mövqeyini, yazıçı şəxsiyyətini, təbii ki, yaxşıların dün­yasında axtarır. Böyük sənətkarlarda isə obraz­lar bütün daxili rən­garəngliyi və təbəddülatları ilə, yaxşı və pis, üstün və naqis cə­hət­lə­ri ilə birlikdə təqdim olunur. İdeal müsbət və mütləq mənfi insanlar gerçəklikdə rast gəlmədiyindən və real insanlar çox vaxt sinkretik sə­ciy­yə daşıdığından real həyat mənzə­rə­ləri və canlı obrazlar yaradan rea­listik ədəbiyyat həmişə idealiza­si­yadan qaçmağa çalışır. Cab­bar­lı­nın əsərləri də son dərəcə həyati və realdır. Lakin burada məhz Cab­bar­lı üçün spesifik olan və dünya ədəbiyyatında çox nadir hallarda rast gəlinən bir metod diqqəti cəlb edir. Müsbət bir cəhətin idea­li­za­si­ya­sı, mütləqləş­di­rilməsi və bəzən ifrata çatdırılması ilk yaxınlaşmada məhz müsbət kimi görünən bir hadisənin çatışmayan, naqis cə­hət­lə­ri­nin üzə çıxmasına səbəb olur. Burada söhbət hər-hansı bir hadisədə, ob­razda müsbət cəhətlə yanaşı mənfi cəhətin də qələmə alınmasından, üzə çıxarılmasından deyil, məhz müsbət cəhətin özünün mənfi­lik­lə­rin­dən gedir. Müsbət və mənfinin, yaxşı və pisin eyni bir sistemin, top­lu­mun müxtəlif tərkib hissələri, elementləri kimi yanaşı möv­cud­lu­ğun­da qeyri-adi heç nə yoxdur. Bu, həyatın öz dialektika­sı­dır. Bu, hər bir ta­mın əslində mürəkkəb daxili quruluşa malik ol­ma­­sından irəli gəlir. Əsl sənət də, əsl ədəbiyyat da, təbii ki, həya­tın dia­lektikasını ehtiva etməlidir. Cabbarlı sənəti üçün bu adi bir haldır. Lakin bizim vur­ğu­la­dığımız cəhət, Cabbarlını bir sənətkar kimi fərqləndirən və yük­sək­lik­lərə qaldıran cəhət dialektikanın da ən ali bədii təcəssümüdür. Çün­ki burada tamın tərkibcə və keyfiy­yətcə ikiləşməsindən deyil, eyni key­fiyyətin ölçü müstəvisində (daha doğrusu, bu müstəvidən, ölçü hüdudundan kənara çıxdıqda) ikiləşməsindən və hətta öz əksliyinə çevrilməsindən söhbət gedir.

«Od gəlini»ndə Elxan din əleyhinə, adət-ənənə əleyhinə o dərə­cə­də məntiqli, o dərəcədə kəskin və pafoslu danışır ki, oxucu az qala onun tərəfinə keçir və onun simasında az qala müəllifin özü­nün da­yan­dığını zənn edir. Lakin liqqətdlə yanaşıldıqda din­siz­lik, ənə­nə­siz­lik və ifrat azadlığın da iç üzü görünmüş olur. Kapital dünyasına mey­dan oxuyan Aydın da, səhnə dekorasiyası arxasında həyat həqi­qət­ləri arayan Oqtay Eloğlu da, geriliyin, cəhalətin səbəbini çadrada ax­taran Gülüş və Sevil də, marş sədaları altında köhnə dünyaya qarşı yü­rüş edən Almaz da ifrata varanda öz əksliyinə çevrilir və diqqətli oxu­cu həyatın naqisliklərini təkcə qarşı tərəfdə deyil, həm də üsyançı tə­rəfin özündə görə bilir.

«Sevil» Cabbarlının ədəbi tənqiddə mübahisə doğurmayan və bir­mənalı izahı olan əsərlərindən sayılır. Qadın azadlığı ideyası hə­mi­şə mütərəqqi ideya olub və bu gün də belədir. Lakin Cabbarlının nə üçünsə kölgədə qalmış kiçicik bir əsərini – «Hürriyyəti-nisvan» şe­­rini oxu­yarkən hətta «Sevil»ə də yenidən, daxili dialektik incə­lik­lər priz­ma­sından baxmaq zərurəti ortaya çıxır. Bununla biz heç də Cab­bar­lının haradasa arxa planda çadra nostaljisində olduğunu demək istəmirik. Lakin bir şey aydındır; tərəqqiyə mane olan heç də çadra deyilmiş, onun köklərinin daha dərində axtarılmalı oldu­ğu­nu Cab­bar­lı artıq dərk etmişdi.

Hətta «Sevil»in özündə axırıncı səhnədə «Tumanım qısa, da­ba­­nım dikdir» deyən Sevilin simasında tərəqqini çadranın atılması ilə bağ­layanların peşmançılığını görürük. Sevil qalib nəzərlərlə Edil­­ya­dan da o tərəfə getmək iqtidarında olduğuna işarə edərkən Cabbarlı əyri (çevrəvi) yolun yenidən başlanğıca gətirə biləcəyini yada salır. Zavallı Balaş indi Sevilin ayaqları altına düşür. Lakin öz səhvlərini an­layıb əvvəlki təmiz, saf, səmimi Sevilə qayıtmaq həs­rəti iləmi, yoxsa Mosk­vada kurs keçənin Fransada kurs keçənə nisbətən «üstünlü­yü­nü» anladığı üçünmü?

Təəssüf ki, Sevil dəyişir, lakin Balaş dəyişmir, yenə də zavallı olaraq qalır. Əsərdə arxa planı görən və ya görməyə çalışan oxucu son­luqda Balaşın da başqalaşmasını və bəlkə də «get, daha sən o Se­vil deyilsən» deməsini gözləyir. Lakin təəssüf ki, Balaş hadisə müs­təvi­sin­də dəyişərək indi daha Edilyanı deyil, Sevili seçsə də, ma­hiyyət müs­tə­vi­sində yenə dəyişməz qalır.

Hadisələrin yox, ideyaların inkişaf yolunu izləyən oxucu qa­dın­­la­rın taleyindəki bu inqilab (məhz inqilab!) fonunda kişilərin və kişi­li­yin taleyi barədə cavabsız suallarla birgə qalır.



Bizcə, əsərin ən böyük məziyyəti də ön plandakı cavablarla ya­na­şı, arxa plandakı suallardır.
* * *

Bütün bunlar bu gün necə də tanış gəlir?!

Elə bil bütün düyünlər nə vaxtsa açılıb, təzədən bağlanıb, kələ­fin ucu nə vaxtsa tapılıb, təzədən itib. Dövrün üvertürası çoxdan ça­lın­dığı kimi, dövrün faciəsi də, dramatizmi də, hətta təntənəli marşı da nə vaxtsa irəlicədən yazılıb. Onları öz mədəni-mənəvi sərvət­lə­ri­miz­də və milli-genetik kodumuzda axtarmalıyıq!


Dahilər zaman tanımır, – deyirlər. Sadəcə zamanı tariximizin mə­nəvi yüksəliş məqamlarına doğru sürüşdürmək, sonra yenidən çağ­daş zamana qayıtmaq lazımdır – dahilərlə birlikdə! Onların dahiliyi gələcək nəsillərin yoluna çıraq tutmağındadır!

1 M.Füzuli. Mətləəl etiqad. B., «Yazıçı», səh. 33.

1 Baxmayaraq ki, Füzuli poemanın podtekstində başqa bir fəlsəfi kon­sepsiyanın da ifadəsinə nail olur, bu halda söhbət təhkiyənin fəlsə­fə­sin­dən gedir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə