5 İCTİMAİ İNKİŞafin elmi-İntellektual potensiali




Yüklə 0.54 Mb.
səhifə1/2
tarix21.04.2016
ölçüsü0.54 Mb.
  1   2



5-3. İCTİMAİ İNKİŞAFIN

ELMİ-İNTELLEKTUAL POTENSİALI

Dünyanın hər yerində həqiqi hökm­dar olan elm ancaq vaxtaşırı öz paytax­tını dəyişmiş, gah Şərqdən qərbdə, gah da Şərqdən Qərbə köçmüşdür.

C.ƏFQANİ

İnsanın bir insan kimi formalaşması İnsan-Təbiət münasibə­ti­nin cəmiyyətlə vasitələnməsindən başlanır. Burada cəmiyyət və ya ictimai münasibətlər yalnız insanlar arasındakı ünsiyyətlə, nit­qin əmələ gəlməsi ilə məhdudlaşdırılmır, zira bu, prosesin həqiqi mürəkkəb gedişini təhrif etmək olardı. Kitabda göstərilir ki, insan ilə təbiət arasındakı münasibətin vasitələnməsində mühüm yer tutan və sosial mühitlə bağlı olan ünsürlərdən biri – koqnitiv bilik­lər, müasir mərhələdə – elm, o biri isə texnikadır.

Elm və texnikanın İnsan-Təbiət qarşılıqlı münasibətində tut­du­ğu yeri daha dəqiq təsəvvür edə bilmək üçün bu qarşılıqlı təsir müəyyən yaxınlaşmada insanın təbiətə və təbiətin insana təsirlə­ri­nin sintezi kimi, başqa yaxınlaşmada isə diferensial surətdə nəzər­dən keçirilir. Burada təbiətin insana bir bioloji varlıq kimi, təbiətin bir hissəsi kimi təsiri nəzərə alınmır; bu – təbiət daxilində gedən prosesdir. İnsan-Təbiət qarşılıqlı təsirindən danışdıqda insan tə­biət­dən fərqlənən və müəyyən mənada ona qarşı dayanan bir tərəf kimi, sosial varlıq kimi götürülür.

Belə yaxınlaşmada təbiətin insana təsiri spesifik bir hadisə ki­mi ortaya çıxır ki, bu da idrakın əsasını təşkil edir. Bu spesifik hadisənin mexanizmi araşdırılarkən idrak, inikas, şüur və praktika anlayışlarının əhatə dairələri və qarşılıqlı nisbətinin bir daha nəzər­dən keçirilməsinə ehtiyac olduğu aşkara çıxır. Belə ki, obyektiv ger­çəkliyin (xüsusi halda təbiətin) insan beynində inikası ilə in­sa­nın obyektiv gerçəkliyə (təbiətə) dəyişdirici münasibətinin obyek­tiv ger­çəklikdə (təbiətdə) inikası eyni xarakterli proses deyil. Bun­lar hər ikisi inikasdır, hər ikisi yalnız insan üçün səciyyəvidir və ini­kasın eyni səviyyəsinə – ali formasına aiddir. Lakin birinci – idrak hadisəsinə, ikinci isə praktikaya uyğun gəlir.

İdrak və praktika arasındakı vəhdəti nəzərə almaqla bərabər, onları nisbi müstəqil hadisələr kimi tədqiq etmək imkanına diqqət yetirilir. Göstərilir ki, şüur və bilik hadisələri yalnız idrak prosesi ilə, qneseologiya ilə məhdudlaşmır. Şüur idrakdan əlavə prakti­kanın mənəvi aspektini, fəaliyyətlə bağlı olan və bilavasitə ona xidmət edən bilikləri də əhatə edir. Bununla da, tədqiqat işində bi­likləri yalnız idrakla əlaqələndirilməsi, «bilik» anlayışı altında bir qayda olaraq, yalnız koqnitiv biliklərin nəzərdə tutulması tənqid edilir və əməli biliklər keyfiyyətcə fərqli şüur hadisəsi olmaqla koq­nitiv biliklərdən fərqləndirilir. Lakin müəyyən abstraksiya halında qneseologiya və texnologiya, elmi və praktik fəaliyyət bir-birindən fərqləndirilsə də, sosial prizmadan baxdıqda onlar vəhdət halında, vahid mürəkkəb prosesin daxili tərəfləri kimi ortaya çıxır. Daha doğrusu, sosial-iqtisadi tələbat bu iki hadisənin əlaqələndirilməsini tələb edir. Elmi-texniki tərəqqi də məhz bu tələbatdan yaranır.

Elmi-texniki tərəqqi nisbi müstəqil bir hadisə olmaqla elmin elə bir inkişaf mərhələsində formalaşır ki, onun texnikaya (istehsa­la­ta yox, məhz texnikaya, sınaq nümunəsinin hazırlanma­sına) tət­bi­qi üçün yeni keyfiyyətli xüsusi fəaliyyət sahəsinə ehtiyac yaranır. Da­ha dəqiq desək, məqsədi gerçəkliyi dərk etmək olan elmi fəa­liy­yət­lə və habelə məqsədi gerçəkliyi məqsədəuyğun surətdə dəyiş­dir­mək olan texnoloji fəaliyyətlə yanaşı, məqsədi elmi biliklərin texni­ka­ya tətbiqindən ibarət olan elmi-texniki fəaliyyət dövrün tələba­tı­na çevrilir və bu funksiyanın icrası üçün müvafiq sosial formalar ya­ra­nır. Bu proses obyektiv qanunauyğun prosesdir və elmi-tex­ni­ki tərəqqinin sürətləndirilməsinə nail olmaq üçün bu qanunauy­ğun­luğu vaxtında aşkar etmək və onun optimal yolla həyata ke­çi­ril­məsinə şərait yaratmaq lazımdır. Prosesin kortəbii gedişi də gec-tez müvafiq təşkilati formanın qərarlaşmasına gətirib çıxarmalıdır. La­kin baxılan obyektiv ictimai hadisənin məzmununu və meyl­lə­ri­ni vaxtında aşkara çıxarmaq və ən optimal təşkilati formanı planlı surətdə, vaxtında həyata keçirmək – fəlsəfi tədqiqatın iqtisadi səmərəsinə ən yaxşı misaldır.


Tədqiqat göstərir ki, elmi-texniki tərəqqinin nisbi müstəqil ha­disə kimi formalaşdığı bir dövrdə elm ilə istehsalat arasında va­si­təçi rol oynayan istehsal texnikasının prinsipcə yeni növlərinin ya­ranması elmin öz daxilində gedən proseslərlə sıx surətdə bağlıdır.

Əvvəla, elmin ictimai həyatda rolu artdıqca və onun praktik əhəmiyyətinə dair şübhələr silindikcə cəmiyyət elmin maddi baza­sı­nı daha da möhkəmləndirir, elmə ayrılan vəsaitin miqdarı get­dikcə artır, elm bir sosial sistem kimi getdikcə daha böyük miq­yas alır. Daha doğrusu, elm sosial-mədəni sistem olmaqla yanaşı, sosial-iqtisadi və sosial-texnoloji sistemə çevrilir. Əvvəllər yalnız ki­çik laboratoriyalar şəklində olan eksperoimental tədqiqat ba­za­ları indi böyük istehsal birlikləri ilə rəqabətə girə biləcək mü­rək­kəb təcrübə-sınaq bazalarına çevrilir, elmi müəssisələr daxilində təc­rübə konstruktor büroları və hətta zavodlar yaranır ki, bu da elm-istehsalat birliklərinin yaradılması sahəsində başlıca amillər­dəndir.

Bilavasitə elmi tədqiqat məqsədlərinə xidmət edən texniki sis­tem­lər – elm texnikası istehsal məqsədi ilə də istifadə olunur və ya hər halda belə bir imkan yaranmışdır.

Yüz illər boyu elmi tədqiqat aparatları unikal qurğulardan iba­rət olmuş, elm adamlarının konkret məqsədlə irəli sürdükləri ideya əsasında bir və ya bir neçə nüsxə texniki qurğu – aparat dü­zəl­dilmiş və vaxtı keçdikdən sonra (daha mükəmməl eksperimental cihazlarla əvəz edildikdən sonra) muzey eksponatına çevrilmişdir. Müasir dövrdə elm sahəsində qarşıya çıxan problemlərin həlli, ideyaların yoxlanması üçün daha tək bir mikroskop və ya Atvud maşını kifayət etmədiyindən, çox mürəkkəb texniki qurğulara eh­ti­yac yarandığından, bir tərəfdən, elm texnikasının özünün dü­zəl­dilməsi çətinləşmiş və bu məqsədlə sənayenini elmə xidmət edən ye­ni sahəsi yaranmışdır; digər tərəfdən də, elmi məqsədlərlə yara­dılmış unikal texniki sistemlərdən istehsal məqsədilə də istifadə etmək imkanı yaranmışdır ki, bütün bunlar elm ilə texnika və istehsal arasındakı münasibətin xarakterinə təsir göstərmişdir.

Əgər əvvəllər elm bir növ istehsalın əlavəsi kimi çıxış edirdisə, indi istehsalın elmin əlavəsinə çevrilməsi (təşkilati və funksional baxımdan; əslində son məqsəd yenə də istehsaldır) meyli üstünlük təşkil edir.
Elmi-texniki tərəqqi bütövlükdə bəşər sivilizasiyası (məkan və zamanca lokal tarixi-coğrafi sivilizasiyalardan fərqli olaraq) miqyasında həyata keçən bir hadisədir. Onun nisbi müstəqil bir hadisə kimi meydana gəlməsini öz miqyasına və əhəmiyyətinə gö­rə, məsələn, elmin bir sosial sistem kimi meydana gəlməsi ilə mü­qa­­yisə etmək olar. Elmi inqilablar isə, məlum olduğu kimi, elmin da­xili inkişafında və ya hətta onun en kəsiklərindən birində baş ve­rən keyfiyyət dəyişiklikləri kimi başa düşülür. Buna müvafiq ola­raq, elmi-texniki inqilab da nisbətən məhdud miqyasda, elmi-tex­niki fəaliyyətin öz hüdudları daxilində baş verən keyfiyyət dəyi­şil­məsidir. Belə başa düşüldükdə elmi-texniki inqilablar prinsipcə çox ola bilər.

Müasir dövrdə belə dəyişilmələrin həqiqətən olub-olmaması problemi xüsusi bir problemdir; bizim qarşımızda duran əsas vəzifə elmi-texniki tərəqqinin öz hüdudlarını müəyyənləşdirmək, onun mənşəyini, mahiyyət və məzmununu işıqlandırmaq olduğun­dan biz bu xüsusi problemə geniş yer verməmişik. Lakin elmi-tex­niki inqilabın mahiyyətini məhz hansı hüdud daxilində axtar­maq lazım gəldiyi müəyyənləşdirilmişdir. Nisbi müstəqil elm və texnika sistemləri daxilində, habelə məhsuldar qüvvələr sistemində baş verən keyfiyyət dəyişilmələrinin elmi-texniki inqilab kimi qiy­mət­ləndirilməsinin qüsurluluğu aşkar edilmiş, elmi-texniki inqi­la­bın məğ­zini elmi-texniki biliklər sistemi (daha doğrusu, elmi-texniki fəa­liyyətin koqnitiv en kəsiyi) arasındakı münasibətdə ax­tar­maq la­zım olduğu əsaslandırılmışdır. Böhran o zaman əmələ gə­lir ki, sosial təşkilati strukturla koqnitiv və texnoloji en kəsikləri ara­sın­da ziddiyyət yaranır.


Nəyə görə insan bütün böyük ümidlərini elmlə bağlayır, qar­şı­sına çıxan çətinliklərdən, təhlükələrdən xilas yolunu elmdə axta­rır? Məgər bu gün bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə sila­hının da, ekoloji böhranı da elm yaratmamışdırmı? Nəyə görə bu aydın həqiqətləri görə-görə insan yenə də bu təhlükələrin «sə­bəb­karına» pənah aparır, onun ətəyinə sığınır? Doğrudanmı hər bir çətinlikdən çıxış yolunu, V.Hüqonun dediyi kimi, bu çətinliyi doğuran səbəbin özündə axtarmaq lazımdır?

Hər halda bir şey aydındır ki, insan yaradıcılığının ən ecaz­kar məhsulu olan elm getdikcə insandan uzaqlaşır və öz yaradı­cı­lı­ğın­dan asılı olmayan müstəqil qüvvəyə çevrilir. İndi elmin kimin əlin­də olmasından çox şey asılıdır. Böyük Füzuli elə bil bu gün üçün demişdi: «Elm pis adamların əlində hiyləgərlik alətidir. Aman­­dır, hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrət­mək xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir. Tarixin təkərini geri döndərmək, elmi «fəsad əhşnin» əlindən geri almaq mümkün deyil. Ona görə də qarşıda duran böyük vəzifə heç olmazsa bu gün kamal əhşnin elmə daha böyük sürətlə yiyələnməsi və inkişaf səviyyəsinə görə «fəsad əhlini» qa­baqlamasıdır. Elm yalnız o zaman bəşəriyyəti həqiqətən xoş­bəxt­liyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun.

Elmin ön xəttinə çıxmaq üçün isə ilk növbədə onu mənim­sə­mək tələb olunur. Həm də təkcə konseptual məzmun baxımından deyil, sosial və təşkilati struktur baxımından. Müasir dövrdə elmi adi şüur səviyyəsində idarə etmək mümkün deyil. Onu elmi surətdə idarə edə bilmək üçün isə elmin rüşeym halından bu günə qədər keçdiyi tarixi yolu izləmək, inkişaf meyllərini aşkara çıxarmaq və məqsədəuyğun istiqamətə yönəltmək tələb olunur.

Elm nə vaxtdan başlanır?


Elmi biliyin tarixi inkişaf yolunun izlənilməsi elmin ümumi inkişaf qanunauyğunluğunun müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, bütöv «elm» sisteminin keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlərinin, is­tifadə edilən elmi idrak metodlarının, elmi biliyin toplanma və sax­­lanma vasitələrinin informasiya mübadiləsi və s. cənətlərin müx­­təlif dövrlərdə və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziy­yət­­­lə­rinə görə müəyyənləşdirilə bilər.

«Elm» sisteminin başlıca elementlərindən birini də elmi yara­dıcılıq prosesi təşkil edir. Tədqiqatçıların bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi götürür və onu yalnız bir en kəsiyində qno­seo­loji müstəvidə tədqiq edirlər. Belə tədqiqatlarda elmi bilik isteh­salı prosesinin bu və ya digər qnoseoloji məqamı ön plana çəkilir: Sistemli yanaşma zamanı bu məqamlardan hər birinin elmin ümu­mi mənzərəsində tutduğu dəqiq yerini müəyyənləşdirmək, lazım gəlir.

Elmi məntiqi-qnoseoloji aspektdə uğurla tədqiq edə bilmək üçün əvvəlcə onu bütöv dinamik bir sistem kimi təsəvvür etmək və elmi səciyyələndirən müxtəlif hadisələr çoxluğu içərisində məntiqi təhlilin spesifik obyektini müəyyənləşdirmək lazımdır.

Elm bilavasitə idrakla bağlı olduğuna görə onun öyrənilmə­sin­də məntiqi-qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrı­ca bir fərdin deyil, ictimai fəaliyyətin məhsulu olduğundan cəmiy­yətə xas olan müəyyən xüsusiyyətlər elm hadisəsində də öz əksini tapır. Hər hansı bir dövrdə və hər hansı bir ölkədə elmi fəaliyyətin özünəməxsus cəhətləri, elmin qarşısında qoyulan məq­səd və vəzifə­lər, elm adamlarının ictimai mövqeyi, elmi-tədqiqat is­ti­qamətləri, bu və ya digər elmi axtarışa ictimai maraq və bundan asılı olaraq elmi axtarışların ağırlıq mərkəzinin dəyişməsi həmin dövrdə və hə­min ölkədəki ictimai quruluşun xarakterindən, ümumi mədəni in­ki­şaf səviyyəsindən də asılıdır və bu göstərir ki, yalnız məntiqi təh­li­lə elmin inkişaf qanunauyğunluqlarını aşkar etmək mümkün deyildir. Buna görə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən mən­tiqi ilə tarixinin vəhdətindən çıxış etmək, digər tərəfdən də el­mi mürəkkəb tədqiqat obyekti kimi götürmək, onun həm qno­seo­loji, həm də sosioloji en kəsiklərini nəzərə almaq mühüm şərtdir.

Təəssüf ki, bir sıra hallarda elmin tədqiqindəki bu və ya digər aspekt mütləqləşdirilir, yalnız bir mövqeni rəhbər tutaraq elmin mahiyyətini müəyyənləşdirmək cəhdləri göstərilir. Maraqlıdır ki, müəyyən qrup əsərlərdə elm yalnız məntiqi-qnoseoloji aspektdə öy­rənildiyi halda, başqa qrup əsərlərdə yalnız sosial aspektdə öy­rə­ni­lir. Bu, elmin differensial surətdə tədqiq olunması baxımın­dan, şüb­­həsiz hadisədir. Lakin həm birinci, həm də ikinci qrup təd­qi­qat­çıların təkcə öz mövqelərindən çıxış edərək ümusistemini, onun struk­turunu və mahiyyətini etmək cəhdləri, bizcə birtərəfli tə­şəb­büsdür və uğurla nəticələnə bilməz. Elmin mahiyyəti yalnız müx­təlif tədqiqat aspektlərinin müqayisəli və sintetik surətdə nə­zər­dən keçirilməsi, ümumiləşdirilməsi sayəsində müəyyənləşdirilə bilər.

Dialektik məntiq və idrak nəzəriyyəsi vəhdətdə olduğundan elmin məntiqi tədqiqi bütövlükdə elmi idrakın tədqiqi ilə üst-üstə düşür ki, fəlsəfi ədəbiyyatda bu istiqamət çox vaxt elmin ümumi me­todologiyası adlanır. Elmşünaslıqda elm onun konkret məzmu­nun­dan asılı olmayaraq öyrənildiyi halda, elmin metodologiyası onun məzmunu ilə sıx surətdə bağlıdır. Görünür, həm buna görə, həm də ənənəvi olaraq elmşünaslıq problemləri və elmin meto­do­lo­giyası birbirindən asılı olmayan müstəqil tədqiqat sahələri kimi inkişaf edir. Sovet fəlsəfi ədəbiyyatında elmin metodologiyasına ge­niş yer verilsə də, həmin sahənin elmşünaslıq aspekti və ya tərsi­nə, elmşünaslığın məntiqi-metodoloji aspekti nisbətən kölgədə qalmışdır.

Keçmiş sovet fəlsəfəsinin ən nüfuzlu nümayəndələrindən biri akademik B.M.Kedrov elmin inkişaf konsepsiyasından danışarkən 11 aspekt göstərirdi: iqtisadi, sosial, mədəni-mənəvi, əxlaqi-etik, səhiyyə və ekoloji psixoloji təbiətşünaslıq və texniki, elmşünaslıq, elmlərin qarşlıqlı təsiri, dünyagörüşü, dialektik-məntiqi. Bu as­pekt­lər­dən heç biri elmin məntiqi-qnoseoloji tədqiqini əhatə etmir. Sonuncu, «dialektik-məntiqi aspekt, müəllifin öz yazdığına görə, – dialektikanın əsas qanun və kateqoriyalarının dialektik metodun özünün işlənib hazırlanması və zənginləşdirilməsi məqsədilə tədqiq olunur». Göründüyü kimi, burada dialektik məntiqin elm sistemi­nin öyrənilməsinə tətbiqindən deyil, onun özünün elmin bir sahəsi kimi tədqiqindən söhbət gedir. Elmşünaslıq aspekti isə elmin sosial sistem kimi nəzərdən keçirilməsi ilə məhdudlaşdırılır. Yalnız «tə­bi­ət­şünaslıq və texniki aspektdə» elmi inqalabların da əhatə olun­du­ğu nəzərdə tutulur. Bu, elmin məntiqi-qnoseoloji aspektinə aid ol­sa da, onun çox məhdud bir sahəsidir. B.M.Kedrovun təsnifatında elmin məntiqi-qnoseoloji aspektinə xüsusi yer ayrılmaması müəy­yən mənada eksternalizmə uymaq meyli kimi qiymətləndirilə bilər.

Qərb fəlsəfəsində elmin məntiqi-qnoseoloji aspekti əsasən epistemologiya adı altında öyrənilir və buraya ən çox demarkasiya problemi elmiliyin meyarı və ya başqa sözlə, elmi biliyin qeyri-elmi bilikdən, xüsusən fəlsəfədən fərqləndirilməsi məsələsi, nəzəri və empirik biliklərin əlaqəsi, nəzəriyyənin həqiqiliyinin yoxlanması həqiqət problemi və s. daxil edilir. Qərb elmşünaslarının bu sahə­də­ki pozitiv xidməti daha çox dərəcədə elm tarixinin məntiqi təh­lili, elmi inqilabların strukturunun öyrənməsi ilə bağlıdır.1 Həm də bu pozitiv xidmət məhz pozitivizm mevqeyindən uzaqlaşmaq, el­min qeyri-kumulyativist modellərini qurmaq sayəsində mümkün olmuşdur.

Müasir fəlsəfi ədəbiyyatda baxdığımız aspekt ən çox elmin metodologiyası, elmi idrakın məntiqi tədqiqi adı altında öyrənilir və buraya ən çox elmi idrakın pillələri: nəzəri və empirik idrakın qarşılıqlı əlaqəsi, elmlərin inteqrasiyası və diferensiasiyası, elmi idrakın metod və formaları, nəzəriyyə və eksperiment, nəzəriyyə­nin forma və strukturu kimi məsələlər daxil edilir. Bu qəbildən ədəbiyyatda «elm» anlayışı altında bir qayda olaraq biliklər siste­mi nəzərdə tutulur və elmin əhatə etdiyi iki bilik səviyyəsinin: em­pi­rik və nəzəri biliklərin qarşılıqlı əlaqəsi obyektiv gerçəkliyin ini­ka­sı hadisəsinin müvafiq mərhələləri arasında əlaqə kimi götü­rü­lür. Empirik bilik obyektiv gerçəkliklə bilavasitə qarşılıqlı təsirin nəti­cəsi olduğu halda, nəzəri bilik ən çox mücərrəd təfəkkür sayə­sin­də elmi idrakın məlum metodlarından istifadə edərək aldığımız bilikləri əhatə edir ki, onun da ən mühüm forması nəzəriyyədir. Buna uyğun olaraq, biliyin həqiqiliyi problemi də iki mərhələdə nəzərdən keçirilir. Birinci, empirik biliklərin obyektiv gerçəkliyə uyğunluğu, ikinci nəzəri biliklərin, nəzəriyyənin ilkin empirik ma­teriala və nəticə etibarilə, yenə də obyektiv gerçəkliyə uyğunluğu. Qərb fəlsəfəsində, xüsusən pozitivizmin müxtəlif qollarında yalnız ikinci mərhələnin birinci hissəsi problem kimi qoyulur; belə ki, obyektiv gerçəkliyə uyğunluq məsələsi, ümumiyyətlə obyektiv ger­çək­liyin qəbul olunması məsələsi metafizik (fəlsəfi) problem oldu­ğun­dan pozitivistlər onu qeyri-elmi məsələ hesab edirlər. Digər tə­rəf­dən də marksist-leninçi elm fəlsəfəsində də birinci mərhələ bir prob­lem kimi qoyulmamışdır və ya ontoloji aspektdə qoyul­du­ğun­dan elmiqünaslıq məsələlərindən uzaqdır.

Beləliklə, elm fəlsəfəsində, həm də ümumiyyətlə, Qərb fəlsəfə­sin­də elmin məntiqi tədqiqinin çox ciddi aspektlərindən biri nəzə­riy­yənin həqiqiliyinin yoxlanması problemidir. Neopozitivizm ve­ri­­fikasiya prinsipini, semantik fəlsəfə elmi dilin məntiqi tənlilini, post­pozitivizm falsifikasiya prinsipini və s. həqiqətin əsas meyarı he­sab etsə də, bu məsələ özünün yeganə düzgün həllini praktika nə­zəriyyəsində tapmışdır.

Elmlərin, elmi bilik sahələrinin təsnifatı məsələsinə həm pozi­ti­vizmdə, həm də fəlsəfədə geniş yer verilsə də, biliklərin struktur səviyyələrinə görə bölgüsü çox az tədqiq olunmuşdur. Lakin bu­nun­la belə məhz elmi biliyin digər biliklərdən fərqi demarkasiya prob­lemi müasir Qərb fəlsəfəsinin, xüsusən postpozitivizmin başlı­ca problemlərindən biridir. K.Popper və onun davamçılarının bir çox əsərləri bilavasitə bu məsələyə həsr olunmuşdur. Qərb aləmin­də bu problemin aktuallığını artıran və ön plana çəkən cəhət isə el­mi fəlsəfədən ayırmaq cəhdidir. Əslində müasir pozitivistlər de­mar­kasiya poblemini heç də elmi tədqiq etmək naminə deyil, klas­sik pozitivizmin fəlsəfəyə inkarçı münasibətini «yeni vasitələrlə əsas­landırmaq» üçün davam etdirirlər.

Elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji aspekti­nə və ya epistemologiyaya aiddir. Lakin «elm» və «elmilik» anla­yış­ları müxtəlif əhatə dairələrinə malikdir. Məsələ burasındadır ki, el­milik şərti Qərb fəlsəfəsində bir qayda olaraq yalnız biliklə əla­qə­dar olaraq işlədilir, yəni biliklərin elmiliyindən və ya başqa sözlə, el­mi bilikdən söhbət gedir. Halbuki «elmi fəaliyyət», «elmi müba­hi­sə», «elmi jurnal», «elmi müəssisə», «elmi işçi» və s. bu kimi çox müx­təlif obyekt və hadisələr üçün də elmilik meyarından danış­maq olar və bütün bu hadisələr «elm» anlayışında əhatə olundu­ğun­dan onun həcmi çox genişdir. Elmin müxtəlif en kəsiklərində, müxtəlif aspektlərdə tədqiqinə entiyac da buradan irəli gəlir.

Yuxarıda biz elmin B.M.Kedrov tərəfindən göstərilən tədqi­qat aspektlərini saydıq. Bu siyanını daha da genişləndirmək, zən­gin­ləşdirmək mümkündür. Lakin söhbət elmin mahiyyətindən ge­dən­də ikinci dərəcəli məsələlər deyil, bilavasitə elmin təbiətindən irə­li gələn ən ümumi istiqamətlər nəzərdə tutulmalıdır. Elmin bu cür mühüm en kəsikləri və buna uyğun olan tədqiqat istiqamətləri əsa­sən ikidir: məntiqi-qnoseoloji və sosial. Bütün digər aspektlər bu iki mühüm istiqamətin qol-budaqları kimi qiymətləndirilə bilər.

Müasir Qərb fəlsəfəsində bu aspektlərdən birinin və ya o biri­si­nin ön plana çəkilməsi, məsələnin birtərəfli qoyuluşu elmin əsl ma­hiyyətini açmağa imkan vermir. Xüsusən pozitivizmin bütün for­maları elmi yalnız epistemoloji aspektdə tədqiq edir və sosial as­pekti nəzərə almır. Bu mövqe idealist fəlsəfə üçün tamamilə sə­ciyyəvidir. Belə ki, müvafiq sosial problemlər elmin obyektiv ictimai hadisələrlə bağlılığından irəli gəlir və onların qəbul olun­ma­sı həmin məsələdə materialist mövqeyə uyğundur.

Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təhlili ilə və ya «elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin sosial aspekti isə ya işlənmir, ya da çox vaxt ayrıca, tam müstəqil bir məsələ kimi öy­rə­nilir: elmin məntiqi-qnoseoloji tədqiqi ilə sosial (əslində yalnız statistik sosioloji) tədqiqatlar arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca vəzifəsi müqləq həqiqətlərin əldə olunması kimi başa düşüldüyündən məsələ tezliklə həqiqət problemi ilə eyniləşir.

Real vəziyyət göstərir ki, əksər filosofların əsərlərində yeni dövr fəlsəfəsinin ənənəvi müddəaları, o cümlədən, kumulyativ epis­temologiyanın, xüsusən Kant epistemologiyasının bəzi tezisləri tənqidi surətdə nəzərdən keçirilmədən, özlüyündə məlum bir şey kimi qəbul edilmişdir. Belə ənənəvi müddəalardan biri və ən çox yayılanı elmin biliklər sistemi kimi qəbul edilməsidir. Bu mövqe nəinki monoqrafik ədəbiyatda ən çox rast gələn mövqedir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz etmiş, dərin kök salmışdır. Kumulyativist epistemologiyanın müddəalarına, əsaslanan bu möv­qe elmin sosial aspektini nəzərə almağa imkan vermir və inter­nalizmə uyğun gəlir.

Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsişir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malik­dir. Bu ümumi sahə – elmi bilikdir. Elmi bilik «elm» sisteminə da­xil­dir. «Bilik» anlayışı elmi bilikdən başqa,əməli biliyi də əhatə edir ki, sonuncu «elm» sisteminə daxil deyildir. Yaxud da «elm» anlayışının əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları, laboratoriyalar, «elmi texnikası» və s.) və yaradıcılıq axtarışları «bilik» sisteminə daxil deyil.

Biliklər sistemi özündə fəaliyyət momentini əks etdirmir. Elm isə məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat prosesində – elmi fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır.

Beləliklə, elmə biliklər sistemi kimi baxmaq və elmi biliyin digər biliklərə nəzərn özünəməxsus cəhətini, elmilik meyarını ax­tar­maq «elm» sisteminin öyrənilməsi üçün kifayət deyil. Nəinki el­min bütöv bir sistem kimi öyrənilməsi, həm də onun məntiqi-qno­seo­loji aspektdə tədqiqi də bu çərçivəyə sığmır, müəyyən şərtləri ödə­yən biliklər sistemi ilə yanaşı, ümumictimai və fərdi elmi fəa­liy­yət proseslərinin də nəzərə alınmasını tələb edir.

XX əsrin əvvəllərində ilk qeyri-kumulyativ konsepsiyalar C.Sarton, Q.Başlyar, A.Koyre tərəfindən irəli sürülmüşdür.

C.Sarton elm hadisəsinə elmi biliklərlə yanaşı insan amilini də daxil etmiş, elmi fəaliyyətin subyekti olan insanların – elmi işçi­lə­rin dünyagörüşünü, mədəniyyətini, ictimai vəziyyətini də nəzərə almağa çalışmışdır. Sartona görə, elm ümumi mədəni inkişaf fonunda, sosial kontekstdə öyrənilməlidir. Təsadüfi deyil ki, Sar­ton konsepsiyası elm tarixşünaslığıda mədəni-tarixi istiqamət kimi ta­nınır. Mədəni-tarixi istiqamət elmin sosial tədqiqinin mühüm aspektlərindən biridir.

Elmin bir sosial sistem kimi öyrənilməsinə, onun ictimai mahiyyətinin qiymətləndirilməsinə ən çox bilavasitə elmin sosioloji və iqtisadi problemlərinə həsr olunmuş əsərlər xidmət edir. Elmdə müəy­yən sosial strukturun hələ əvvəllər də mövcud olmasına bax­ma­­yaraq, onun tədqiqinə ciddi tələbat yox idi, belə ki, elm bir fəaliyyət sahəsi kimi јalnız son vaxtlarda ön plana keçmişdir.

Elmi fəaliyyət sahəsinə ümumi milli gəlirin getdikcə daha çox his­səsinin sərf olunması elmin iqtisadi baxımdan öyrənilməsinə tə­lə­batı artırır. Lakin bu sahədə də hələ çox az iş görülmüşdür; hal­­buki konkret elmi tədqiqatların faydalılıq dərəcəsinin artırıl­ma­sı və elmin düzgün planlaşdırılması üçün iqtisadi təhlilin rolu böyükdür.

Elmə xüsusi fəaliyyət sanəsi kimi baxan Q.N.Volkov hər bir zaman mərhələsində cəmiyyətin ona qədər əldə etdiyi biliklər sistemini «elm» anlayışına daxil etmir: «Elmin mahiyyəti artıq dərk edilmiş olan həqiqətlərdən yox, onların axtarılmasından, tə­biət və cəmiyyət qanunlarhnhn öyrənilməsi və istifadə olunmasına yönəlmiş eksperimental tədqiqat işlərindən ibarətdir. Elm özlü­yün­­də heç də bilik olmayıb, cəmiyyətin bilik istensalı üzrə fəaliyyə­ti­dir, başqa sözlə, elmi istehsaldır»1. Göründüyü kimi, Q.N.Vol­kov elmə xüsusi fəaliyyət sahəsi və deməli proses kimi baxmaqla onun əhatə dairəsini həddindən artıq kiçildir ki, bu da məntiqi cənətdən qüsurlu olan nəticəyə gətirir: elm – ... elmi istehsaldır. Hal­buki el­mi istehsal «elm» anlayışının əhatə etdiyi tərkib hissə­lə­rin­dən yal­nız biridir. Buna baxmayaraq, «elmi istehsal» anlayı­şı­nın daxil edil­məsi elmin mahiyyətinin və başlıca xüsusiyyətlərinin öyrə­nil­məsi üçün böyük əhəmiyyətə malikdir. Q.N.Volkov öz mövqeyini elmi şəkildə əsaslandırmağa və bu işdə daha çox öy­rə­nilmiş olan istehsal prosesi ilə analogiya yaratmağa çalışmışdır ki, bu cür təşəbbüs yalnız təqdirəlayiqdir. Müəllif daha sonra yazır: «...Tex­ni­ka maddi istehsalda hansı rolu oynayırsa, elmi bilik də mənəvi istehsalda həmin rolu oynayır. Bu mənada texnika insanın əməli fəaliyyətinin süni orqanı olduğu kimi, elm də insan beyninin süni orqanıdır. Lakin təəssüf ki, maddi və mənəvi istensal proseslərinin analogiyasından istifadə təşəbbüsü ardıcıl surətdə davam etdirilməmişdir.

Elmin müxtəlif aspektlərdəki tədqiqinin birbiri ilə əlaqəli şə­kil­də aparılması və bir-birini tamamlaya bilməsi üçün onun bir sis­tem kimi müəyyənləşdirilməsi ən vacib şərtdir. Amerika alimi H.Li­man məhz bu cəhəti nəzərə alaraq yazır: «Biz elmin fəlsəfi, psi­xoloji, yaxud sosial aspektlərini fərqləndirməzdən və müzakirə et­məzdən əvvəl, hansı yolla isə elmi müəyyən bir tam kimi təsəvvür edə bilməliyik».2

Elmi bütöv bir hadisə kimi təsəvvür etməyin, onun mahiy­yə­ti­ni, ümumi inkişaf meyllərini öyrənməyin bu gün cəmiyyət qar­şı­sın­da duran praktik vəzifələri həyata keçirmək sahəsində nə kimi bir əhəmiyyəti vardır?

Müasir dövrdə insanın maddi rifan halı, məhsuldar qüvvə­lə­rin inkişaf perspektivləri ilk növbədə elmin nə dərəcədə qabaqcıl möv­qe tutmasından asılıdır. Elmi obyektiv inkişaf meyllərini bil­mə­dən onu optimal surətdə təşkil etmək mümkün deyil. Elm cəb­hə­sinin ön xəttinə çıxmaq, onun nailiyyətlərindən səmərəli surətdə istifadə edə bilmək üçün ən mühüm şərt onun təşkilati struktu­ru­nun düzgün müəyyənləşdirilməsi, elmin özünün elmi əsaslarla tən­zim olunmasıdır.

Bu gün ölkəmizdə ən aktual vəzifələrdən biri kimi qarşıya qoyulan müasir Qərb sivilizasiyasına qovuşmaq vəzifəsi yalnız el­min nisbi müstəqilliyini təmin etmək və onun səmərəli tətbiqi üçün xüsusi təşkilati tədbirlə görmək sayəsində həyat keçirilə bilər. Elm də insan kimi azadlıq və müstəqillik sevir. Elm istehsalata o vaxta qədər səmərə verəcəkdir ki, istehsal onu özünə tabe etmək, onu öz əlavəsinə çevirmək iddiasına düşməsin.


Məqsəd elm və texnikanın tərəqqisi sahəsində baş verən mü­hüm dəyişikliklərin və nisbi müstəqil elmi-texniki fəaliyyət sahə­si­nin formalaşması hadisəsinin vahid, bütöv mənzərəsini yaratmaq­dır ki, bu da elmi-texniki tərəqqinin müxtəlif koknret aspektlərdə öyrənilməsindən alınan nəticələrin sistemli tədqiqat metodu əsasında nəzərdən keçirilməsini tələb edir.

Müasir sistem nəzəriyyəsi baxımından hər bir bütöv hadisə müəyyən bir sistemin inkişaf prosesini və ya bu prosesin müəyyən şərtlərlə sərhədlənən məvdud hissəsini əks etdirir. Buna müvafiq olaraq, elmi tərəqqi "elm" sisteminin, texniki tərəqqi "texnika" sis­te­minin, elmi-texniki tərəqqi isə "elm-texnika" sisteminin forma­laş­ması və inkişafı prosesinə uyğun gəlir.

Ayrıca "elm" və "texnika" sistemləri ilə yanaşı "elm-texnika" sis­te­minin formalaşması yeni keyfiyyətli hadisədir və onun "elm" və "texnika" sistemləri ilə olan qarşılıqlı əlaqəsi və ümumi cəhət­lə­ri­nin müəyyənləşdirilməsi müasir dövrdə elmi-nəzəri fikir qar­şı­sın­da duran ən aktual problemlərdən biridir.

Elmi-texniki tərəqqiyə həsr olunmuş əksər kitablarda elm və texnika hadisələri ilə elmi-texniki tərəqqi hadisəsi arasındakı əlaqə­nin xarakteri acılmamışdır. Elm və texnika bir qayda olaraq, sim­met­rik tərəflər kimi, vahid bir "elm-texnika" sisteminin eyni­hü­quq­lu iki kissəsi kimi qiymətləndirilir və belə təsəvvür yaranır ki, guya on­ların strukturu da, inteqral xarakteristikaları da analoji xarak­ter daşıyır. Lakin "elm" və "texnika" sistemlərinin müstəqillik dərə­cə­si, onların "elm-texnika" sistemi ilə əlaqəsi tamamilə fərqlidir və on­­lar öz strukturlarına görə müxtəlif növlü sistemlər qrupuna da­xildirlər.

Texniki tərəqqinin müəyyən mərhələsində elm və texnika ara­sındakı qarşılıqlı təsir, əlaqə elə nizamlı və müntəzəm bir for­ma­ya düşmüşdür ki, bu əlaqənin qaydalı surətdə tənzim olunması ücün yeni bir sosial sistemə ehtiyac doğmuşdur. "Elm-texnika" sis­te­mindən və elmi-texniki tərəqqidən də məhz bu vaxdan (XIX əs­rin axırları) başlayaraq danışmaq mümkündür. Lakin elmi-texniki tərəqqi artıq formalaşmış bütöv bir hadisə kimi nisbətən son dövrlərə aid olsa da, onun kökləri çox qədimdir.

Elmin mənşəyi onun hələ bir sosial sistem kimi formalaş­madığı qədim dövrlərdə, b.e.ə. III-1 minilliklərdə əvvəlcə Şərqdə, sonra isə Yunanıstanda əldə olunmuş biliklərdə axtarıldığı kimi, elmi-texniki tərəqqinin mənşəyi də məhz həmin dövrlərdə məlum biliklərin tətbiqi ilə bağlı olan ilkin fəaliyyətdə axtarılmalıdır.

Bu problem çox az tədqiq olunmuş, fəlsəfi ədəbiyyatda demək olar ki, öz əksini tapmamışdır. Elmi-texniki tərəqqinin bü­töv elmi konsepsiyasının indiyədək yaradılmamasının səbəblərin­dən biri də, bizcə, budur. Yaranmış boşluğu müəyyən dərəcədə ara­dan qaldırmaq və sonrakı tədqiqat ücün təbii-tarixi zəmin ha­zır­lamaq ücün elmi-texniki tərəqqinin mənşəyi, bilik və fəaliyyətin dea­lektikası, tarixi inkişaf proesesində onlar arasında mü­na­si­bət­lə­rin dəyişilməsi qanunauyğunluqları tədqiq olunmalıdır. Elm və tex­nika bir sistem kimi formalaşarkən onlar arasında olan əla­qə­lə­rin mürəkkəbləşməsi də məhz bilik və fəaliyyətin ilkin müna­sibət­lə­rinin qanunauyğun davamı kimi nəzərdən kecirilir.

Hazırda zehni əmək sahəsində calışan işçilərin böyük bir qis­mi­ni elmi-texniki işçilər təşkil edirlər. Elmi işçilərdən fərqli olaraq elmi-texniki işçilərin əsas funksiyası yeni bilik əldə etməkdən deyil, əldə edilmiş bilikləri tətbiq etməkdən, başqa sözlə texnikada öz­gə­ləş­dirməkdən ibarətdir. Deməli, qlobal aspektdə götürüldükdə elmi-texniki iş elmi işin davamıdır, onun istifadə oluna bilməsi üçün zəruri mərhələdir.

Elmi-texniki fəaliyyətin təşkili və idarə olunması müasir döv­rün ciddi problemlərindən biridir və istehsalın proqnozu və plan­laş­dırılması ilə sıx surətdə əlaqədardır. Müasir inkişaf mər­hə­lə­sin­də nəinki təkcə istehsalın, elmi-texniki fəaliyyətin özünün də uzun dövr üçün planlaşdırılması problemi ortaya çıxır. Elmi-texniki fəa­liy­yətin dəqiq elmi əsaslar üzrə planlaşdırılması üçün isə ilk növbə­də ümumiyyətlə "elm-texnika" sisteminin mövcud vəziyyəti, onun tarixi inkişaf yolu, quruluşundakı spesifik cəhətlər və yaxın gələcək üçün prespektivləri müəyyənləşdirilmiş olmalıdır. Bununla əlaqə­dar olaraq "elm-texnika" sisteminin strukturunu və tərkib element­lə­rini müəyyənləşdirmək lazım gəlir.

Elmi-texniki tərəqqinin öyrənilməsi üçün ilk növbədə "elm-texnika" sisteminin təhlil edilməsi tamamilə zəruri bir tələbdir. İndiyə qədər elmi-texniki tərəqqinin həqiqi əhatə dairəsinin müəy­yən­ləşdirilməməsi, onun elmi-texniki inqilabla müxtəlif hadisələr kimi qarşı-qarşıya qoyulması elm ilə texnika arasındakı əlaqənin, "elm-texnika" sisteminin lazımınca tədqiq olunmaması nəticəsidir. Elmi-texniki tərəqqinin əsil mahiyyəti yalnız ona "elm-texnika" sis­teminin əmələ gəlməsi və inkişafı prosesi kimi baxarkən aydın­laş­dırıla bilər.

Məlumdur ki, müasir dövrdə elmi-texniki inqilabın mahiy­yə­ti­nin tədqiqinə geniş yer verilir və müxtəlif müəlliflər bu məsələyə müx­təlif mövqelərdən yanaşırlar. Bu mövqelərdən hər biri elmi-texniki inqilabın müəyyən bir cəhətini əks etdirsə də, onu bütöv­lük­də izah edə bilmir və birtərəfli xarakter daşıyır. Bu cür birtərəfli ya­naş­malara və müxtəlif müəlliflərin mövqeləri arasındakı uy­ğun­suz­luğa səbəb ümumiyyətlə elmin, texnikanın və elmi-texniki tə­rəq­qi hadisəsinin sistemli öyrənilməməsi, elmi-texniki tərəqqinin nis­bi müstəqil elmi və texniki tərəqqi hadisələrindən fərqləndi­ril­mə­məsidir.

Elmi-texniki inqilaba elmi-texniki tərəqqinin yeni mərhələsi, müəyyən keyfiyyət dəyişikliyi qotə səciyyələnən bir hissəsi kimi baxılmalıdır və deməli, onun üçün elmi-texniki tərəqqininkindən fərqli, ayrıca bir mahiyyət axtarmağa da ehtiyac yoxdur. Əgər elmi-texniki tərəqqinin əhatə dairəsi və "elm-texnika" sisteminin tərkib elementləri və strukturu qlobal miqyasda, zaman ümumi­li­yin­də müəyyənləşdirilibsə, bunlar eynilə elmi-texniki inqilab mər­hə­lə­sinə də aiddir. Elmi maraq kəsb edən əsas məsələ isə, elmi-tex­ni­ki tərəqqi hadisəsində və ona uyğun gələn sistemin ("elm-texni­ka" sistemi) strukturunda müasir dövr üçün səciyyəvi olan və de­məli, inqilabiliyi şərtləndirən başlıca dəyişiklikləri tapmaq və bu dəyişilmələrin həyata keçdiyi vaxtı, yəni elmi-texniki inqilab mər­hə­ləsinin zaman sərhədlərini müəyyənləşdirməkdir. Bu halda təd­qi­qat predmeti yenə də elmi-texniki tərəqqidir, bircə şərtlə ki, mə­sə­lə tarixi aspektdə öyrənilir, "elm-texnika" sisteminin keçdiyi in­ki­şaf yolu və onun hazırda öz inkişafının hansı mərhələsində olması təyin edilir.

İstənilən sistemin tarixi inkişaf yolu üç əsas mərhələyə bölünə bilər: formalaşma, yetkinlik və nəhayət, tənəzzül və parçalanma döv­rü. Hazırda "elm-texnika" sistemi öz inkişafının yalnız forma­laş­ma mərhələsindədir.

Ayrıca "elm" və "texnika" sistemləri ilə yanaşı, bu sistemlərin hər ikisinin bəzi elementlərini əhatə edən "elm-texnika" sisteminin formalaşması hadisəsi müasir dövrün ən əsas xüsusiyyətlərindən biridir və elmi-texniki inqilab hadisəsinin mahiyyətini əks etdirir.

"Elm-texnika" sisteminin strukturunu və inkişaf prinsiplərini öyrənmək üçün onun özünün tarixən necə meydana gəldiyini müəyyənləşdirmək lazım gəlir.

"Elm-texnika" sisteminin formalaşması elm və texnikanın nisbi müstəqil inkişaflarının müəyyən mərhələsində başlanmışdır ki, elmi-texniki tərəqqi hadisəsindən də yalnız bundan sonra danış­maq mümkündür. Belə bir şərait XIX əsrdə, elmi nailiyyətlərin texnikaya tətbiqinin müntəzəm xarakter alması ilə əlaqədar olaraq yaranmışdır. Texnikanın elmə təsiri, elm qarşısında konkret tələb­lər qoyması halları isə zamanca xeyli əvvəl baş vermiş və elmi inkişaf prosesini daha da sürətləndirmişdir.

Bu yeni inkişaf mərhələsində elmin öz nisbi müstəqil inkişafı sayəsində əldə olunmuş əsaslı nailiyyətlərin də tətbiqi üçün geniş imkan yaranmışdır. Bu dövrdə ayrıca bir fənn – texniki elmlər xüsusilə geniş təşəkkül tapmışdır. Tətbiqi yararlı vəziyyətə salınmış elmi biliklərin texnikada reallaşdırılması üçün isə xüsusi bir fəaliyyət sahəsi – texnoloji fəaliyyət formalaşmağa başlamışdır. Bu iki sahə elm və texnika arasında bir növ əlaqə vasitəsi olmuş (əlaqə ünsürləri nə "elm", nə də "texnika" sistemlərinə daxil edilə bilmir – bu halda sistemlilik şərti pozulardı və buna görə də, ayrıca bir sistemə - "elm-texnika" sisteminə daxil edilir) və yeni "elm-texnika" sisteminin formalaşması üçün əsas olmuşdur.

"Elm-texnika" sisteminə texniki fənlərdən və texnoloji fəa­liyyətdən başqa, elm və texnikanın bilavasitə bu fəaliyyətə xidmət edən digər hissələri də daxildir. Lakin bütövlükdə elm və texnikanı "elm-texnika" sisteminə aid etmək isə düzgün olmazdı. Çünki istər elm, istərsə də texnika öz nisbi müstəqilliklərini də saxlamaqda davam edirlər və "elm-texnika" sisteminə daxil edilə bilməyən bir sıra özünəməxsus hissələrə də malikdirlər. Məsələn, bütün humanitar elmlər, fəlsəfə, riyaziyyat, təbiətşünaslığın bəzi prinsi­pi­al nəzəri məsələləri, həmçinin yalnız praktik bilik hesabına dü­zəl­dil­miş olan texniki vasitələr "elm-texnika" sisteminə aid olma­dıq­ları halda, elm və tex-imkanın ayrılmaz tərkib hissələridir.

"Elm"və "elm-texnika" sistemlərinin əhatə dairələri arasından fərq bundan da görünə bilər ki, biliyin bəzi sahələri "elm" sistemi­nə daxil olmasa da "elm-texnika" sisteminə daxildir. Və ya əksinə, "elm sisteminin tərkib elementi olan bir sıra bilik sahələri "elm-texnika" sisteminə daxil deyildir. Mövcud ədəbiyyatda bu məsə­lə­yə dair bilavasitə hec bir qeyd olmasa da, ("elm-texnika" siste­minin əhatə dairəsinin təyin edilməsinə hec bir cəhd göstərilmədiyi üçün, bu məsələnin həllinə də konkret ehtiyac ola bilməzdi), başqa münasibətlə aparılan tədqiqatlarda bu məsələnin bəzi cəhətləri öz əksini tapmışdır. Amerika alimi Alfred Nort Uaytned yazır: "Son vaxtlarda (axırıncı yüzillik) texnologiyanın böyük sürətlə inkişaf etməsi elm və praktik zəkanın, nəhayət, kontakta gəlməsi faktının nəticəsidir"1. Və nəzərə alsaq ki, xarici ədəbiyyatda "texnologiya" adı altında əslində elmi-texniki fəaliyyətin bir hissəsi başa düşülür, aydın olur ki, söhbət "elm-texnika" sisteminin inkişafında elmi və praktik zəkanın (və deməli, həm də biliyin) rolunu müəyyənləş­dir­mək­dən gedir. Lakin sitat gətirilən fikirdə səbəbiyyət əlaqəsi düz­gün təyin edilməmişdir. Elmi biliyin praktikada istifadə oluna biləcək səviyyəyə catması elmin öz nisbi müstəqil inkişafı sayəsində müm­kün olur və elmi-texniki (texnoloji) fəaliyyətin inkişafına sə­bəb də məhz budur. Lakin texnologiyanın inkişafının ilk mərhə­lə­sin­də bu prosesin çox zəif getməsi haqdakı fikrində müəllif tama­mi­lə haqlıdır: "Şübhəsiz ki, axırıncı üç min il ərzində texnologiya inkişaf etmişdir, lakin son vaxtlara qədər elmin texnikaya bilava­si­tə təsirini aydınlaşdırmaq olduqca çətin idi"2. Burada belə bir cə­hə­ti nəzərə almaq lazımdır ki, texnoloji və ya elmi-texniki fəa­liy­yətə aid olan bu fikir "elm-texnika" sisteminə şamil edilə bilməz, zira əvvəlki dövrlərdə bu fəaliyyət sistemli xarakter daşımalıdır.

Kanada filosofu Mario Bunqe elmi biliyin texnologiyaya aidliyi məsələsini təhlil edərək yazır: "Elm xalis və praktik elmlərə bölünür, ...əgər birinci şeylərin daha yaxşı dərk edilməsi məqsədinə xidmət edirsə, ikinci bizim şeylər üzərindəki hakimiyyətimizi yaxşılaşdırmağa yönəldilmişdir".3

Bilavasitə "şeylər üzərindəki hakimiyyətin yaxşılaşdırıl­ma­sına" xidmət edən sahə texnoloji fəaliyyətə uyğun gəlir və deməli, elm-texnika" sisteminə daxildir. Bu sahəni "praktik elm" kimi ad­lan­dırmaq, yəni onun guya "elm" sisteminə də daxil olduğunu fərz etmək sistemli tədqiqatın nəticələri ilə bir araya sığa bilməz. Prak­tik bilik isə elmə daxil olmadığı kimi "elm-texnika" sisteminə də daxil deyildir.

Mühakimənin düzgün qurulmaması daha bir səhv nəticənin cıxarılmasına səbəb olur: «Qısaca desək, praktika elmi problem­lə­rin mənbələrindən biridir, digər mənbə isə intellektual maraqdan iba­rətdir»1. Halbuki, intellektual maraq özü də mənbəyini məhz prak­tikadan alır. İlk problemlər yalnız praktika ilə əlaqədar ola­raq meydana cıxır. Yalnız bundan sonra həmin problemin həl­lin­dən doğan yeni problemlər ortaya cıxır ki, bu da "elm" sisteminin nis­bi müstəqil inkişafını təmin etmiş olur.

Yuxarıda qeyd etdimiz kimi, "elm-texnika" sisteminə elm və texnikanın bəzi ünsürlərindən başqa, yalnız özünəməxsus olan elementlər də daxildir.

"Elm-texnika" sistemi öz strukturuna görə "elm" sisteminə bən­zəyir. Onların hər ikisi texnikadan fərqli olaraq dinamik sosial sis­temlərdir. Biz bu sistemləri ona görə dinamik sistemlər qrupuna aid edirik ki, onların əsas elementləri əslində müəyyən hərəkət in­ter­vallarını, hadisə və prosesləri əks etdirir. "Elm-texnika" sis­te­min­də bu cür elementlər konkret elmi-texniki fəaliyyət prosedura­la­rından ibarətdir.

Lakin elmi təhlil metodlarının, istehsal alətlərinin, müxtəlif texniki vasitələrin - ayrı-ayrı təşkiledici elementlərin keçirdiyi key­fiy­yət dəyişmələrinin bütövlükdə "elm-texnika" sisteminə şamil edil­­məsi heç də tamamilə təsadüfi deyil və bir sıra qnoseoloji əsas­la­ra da malikdir. Bunların bəzilərini konkret misallar üzərində təh­qiq etməyə calışaq.

Məsələn, elmi-texniki inqilabda kibernetikanın rolu məsələsi­nə baxaq. Akademik D.M. Qvişiani yazır: "Müasir elmi-texniki in­qi­labın mahiyyəti məntiqi funksiyanın maşınlarla əvəz­lən­mə­sin­də, baş­qa sözlə, insanın nəinki təkcə fiziki, həm də fikri fəaliyyə­tinin me­xanikləşdirilməsi və avtomatlaşdırılmasında ifadə olunur2. Doğ­ru­danda da, əgər maşınlar vasitəsilə insan imkanlarından kə­nar­da olan (baxılan dövr üçün) məntiqi məsələlər də həll oluna bilsə idi, maşınlar yaradıcı təfəkkürə də malik olsa idilər, avtomat qurğuların fikirləşmə qabiliyyəti

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə