4 qloballaşmada iQTİsadi VƏ MİLLİ-Sİyasi amiLLƏRİn vəHDƏTİ




Yüklə 272.27 Kb.
tarix22.02.2016
ölçüsü272.27 Kb.


4-6. QLOBALLAŞMADA İQTİSADİ VƏ MİLLİ-SİYASİ AMİLLƏRİN VƏHDƏTİ


Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələ­ri­nin kəşfi, dünya iqtisadi bazarının formalaşması, kütləvi miqra­si­ya­lar, beynəlxalq əlaqələrin və mübadilənin intensivləşməsi ölkə­lə­rin və millətlərin bir-birlərindən təcrid olunmuş şəkildə mövcud­lu­ğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə artır, bey­nəl­xalq münasibətləri tənzimləyən dünya sistemləri yaradılır, qar­şılıqlı mədəni təsirlər artır, böyük məsafələr asanlıqla qət edilir, zamanın gedişi sürətlənir, dünya bütöv, vahid bir tam halını alma­ğa başlayır.

Qloballaşmanın təsiri özünü bütün sahələrdə – ticarət, id­man, siyasət, dəb, ətraf mühit, musiqi, hüquq və mədəni eyniy­yət­də büruzə verir. Sanki dünyanın bütün regionlarının taleyi qar­şı­lıq­lı asılılıq və iqtisadi, siyasi, mədəni əlaqələrin mövcud sərhədlər üzərindən qarşılqlı nüfuzu sayəsində əvvəllər olduğundan qat-qat daha çox dərəcədə bir-biri ilə bağlıdır.

Qloballaşma müasir dünyanın ən aktual məsələlərindən biri­nə çevrilmişdir. Bu baxımdan da onun hərtərəfli tədqiqatı çox bö­yük önəm daşıyır. Qloballaşma haqqında bir sıra məqalələrin, ki­tab­ların, monoqrafiyaların yazılmasına baxma­yaraq, bu feno­me­nin dəqiq anlamı hələ də dumanlı və qeyri-müəyyən qalmaqda­dır. Bu öz əksini aşağıda sadalanan bir sıra sualların cavablan­dırıl­masında olan çətinlikdə tapır:

Qloballaşmanın inkişafı tarixin hansı mərhələsindən başla­mış­dır? Qloballaşma nə deməkdir? Qloballaşma müasir Qərbin gü­cü ilə sinonimdirmi? Yoxsa o, bir sıra digər regionlar və sivilizasi­ya­lardan qaynaqlanır? Qloballaşma milli-dövlətlərin möv­cud­lu­ğu­na təhlükə törədən, qarşısı alınmaz bir prosesdirmi? Dövlət qlo­bal­laşmadan kənarda qala bilərmi? Bu mümkün olduğu təqdirdə dövlət hansı çətinliklərlə üzləşə bilər və o, bu çətinliklərin öhdə­sin­dən gələ bilərmi? Əgər qloballaşmadan kənarda qalmaq mümkün deyilsə, və yaxud təcridçiliyin ziyanları xeyrindən daha çoxdursa dövlət qloballaşmanın mənfi təsirlərini necə minimuma endirib, bu prosesdən maksimum fayda götürə bilər? Qlobal mədəniyyət ya­ra­nırmı? Qloballaşma prosesinə qoşulmaqla yanaşı dövlət necə öz mil­li mədəni-mənəvi dəyərlərini saxlaya bilər? Qloballaşma yox­sulluğun və bərabərsizliyin aradan qaldırılması­namı yönəl­mişdir? Yox­sa qloballaşma varlı və kasıb ölkələr arasında uçuru­mu dərin­ləş­dirir? Qloballaşmanın hüdudları varmı?

Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni ma­raqlarının qalan bütün dünya üzərində dominantlığı kimi qiy­mət­ləndirirlər. Bu dominantlıq varlı və kasıb ölkələr, regionlar ara­sın­da bərabərsizliyin davam etdirilməsi anlamına gəlir. Burada problem yalnız kəskin bərabərsizliyin davam etməsi deyil, həm də dünyanın ''Koka-Kolonizasiyası''dır. Belə ki, Üçüncü Dünyanın əha­lisi qlobal iqtisadiyyata standartlaşmış məhsulların passiv is­teh­lakçıları kimi qoşulurlar. Başqa sözlə iqtisadi qloballaşma mə­dəni imperializmin əsaslarına söykənir.

Bəziləri isə qloballaşmanı müsbət bir proses kimi qiymətlən­di­rirlər. Onların bir çoxu qloballaşmanı özü ilə bütün dünya əha­li­si­nə beynəlxalq əmək bölgüsünün və bazar iqtisadiyyatının bəh­rə­lə­rindən yararlanmaq imkanı gətirən kapitalizmin dünyanın hər bir küncünə və köşəsinə nüfuz etməsi kimi qiymətləndirirlər. H.Holm və G.Sorensenə görə qloballaşma sərhədlər üzərindən iq­tisadi, siyasi, sosial və mədəni əlaqələrin intensivləşməsidir1.

İmmanuel Vollersteynə görə isə qloballaşma qlobal əmək bölgüsü ilə bir-birinə bağlanmış kapitalist dünya iqtisadiyyatının qələbəsidir. Bu kapitalist dünya sistemi kapital toplamaq mənti­qin­dən irəli gəlir.

Qloballaşma kapitalist istehsal üsulunun bütün dünyanı öz sistemi çərçivəsində düzənləmə prosesi kimi də qiymətləndirilir. Kapitalist istehsalının əsas məqsədi kapital toplamaqdır. Lakin, müəyyən olunmuş sərhədlər daxilində daimi mənfəəti təmin etmək qeyri-mümkündür. Buna görə də kapitalist münasibətlərinin işti­rak­çı­ları fəaliyyətlərinin ərazi sferasını genişləndirərək yeni qazanc mənbələri axtarmaq məcburiyyətindədirlər. Məqsədi bütün dünya­nı ''kapitalizm bayrağı'' altında birləşdirmək olan bu proses qlo­ballaşma adını almışdır.

M.Albrou qloballaşmanı dünya xalqlarının vahid dünya cə­miy­yətində birləşdirən bütün proseslər, bəşəriyyətin ilk dəfə kol­lek­tiv aktor olacağı bir cəmiyyət kimi xarakterizə edir1. Qlobalizm o dəyərlərlə təyin olunur ki, onlar real dünyanı – 5 milyardlıq əhalini əndişə obyekti kimi, bütün yaşayanları dünya vətəndaşları, istehlakçılar və istehsalçılar kimi nəzərdə tutsun. Bir tək maraqla – qlobal problemlərin kollektiv həll edilməsi marağı ilə. Robertson isə qloballaşma­nı həm dünyanın sıxılması həm də dünyanın vahid tam şəklində dərkinin güclənməsi ilə əlaqələndirir. ''Məsafənin ti­ra­ni­yasına'' teleqraf, telefon, radio və televiziya ilə başlayan, kom­püter, peyk ötürücüləri, faks və İnternetlə davam edən kom­mu­nikasiya inqilabı nəticəsində son qoyulur. Hava nəqliyyatı ilə bir­likdə bunlar dünyanın sıxılmasına səbəb olub. Belə ki, infor­ma­siya bir anda ötürülə bilər və insanlar dünyanın bir ucundan digər ucu­na 24 saatdan çox olmayan bir müddətdə çata bilərlər. Bu effekt coğrafiyaçı Devid Harvey tərəfindən ''zaman və məkan sıxlığı'' adlandırılmışdır.

R.Robertsonun yanaşmasına qarşılıqlı asılı vahid dünyanın yaranmasında çox böyük rolu olan iqtisadi institutlar və kom­munikasiya texnologiyaları da aiddir. Bu yanaşma bəşəriyyətin kollektiv aktor olması və ümumi problemlərə kollektiv həll yolları axtarması ilə məhdullaşmır. Robertson da Olbrou kimi diqqəti siyasi və mədəni ideyalar (insan hüquqları, qlobal ətraf mühit üçün mə­suliyyət, kosmopolitalizm) yönəltməyə çalışır. Qlobal­laşma yal­nız siyasi iqtisadiyyatın və ya beynəlxalq münasibətlərin sub­yek­tini təşkil edən böyük transmilli strukturları deyil, həm də bizim dünyadakı fəaliyyətimizi, qavrayışı­mızı, təcrübəmizi əhatə edir. Ro­bertson qloballaşmanın millət daxilində baş verən kiçik miq­yas­lı hadisələrdən fərqli və onlara antoqonist böyük miqyaslı, dünya mərkəzli bir proses olduğunu qəbul etmir. Onun fikrincə ''qlobal'' və ''lokal'' bir-biri ilə konfliktdə deyillər. Onlar bir-birilə­rini itələ­yə­cək nöqtəyə qədər qarşılıqlı təsir göstərirlər.

Bu arqument ''qlokalizasiya'' və ya ''lokal qloballaşma'' anla­yış­larını meydana çıxarır. Bunlar ilk olaraq 80-ci illərdə yapon biz­nes dairələrində qlobal şirkətlərin istehsalçıların fərqli tələblə­rini qar­şılamaq üçün xüsusi yerli şəraitlərə uyğun məhsulların hazır­lan­ma­sı prosesinə deyilirdi. Robertson daha irəliyə gedərək qloka­li­za­siyanı və ya qloballa lokalın qarşılıqlı nüfuzunu qlobal cəmiyyətin təyinedici bir cəhəti kimi səciyyələndirmişdir.

R.Robertsonun fikrincə, qloballaşma və qlobal ''sahə'' ara­sın­da fərq qoyulmalıdır. Qlobal sahə müxtəlif növ qarşılqlı təsir­lə­rin və dəyişikliklərin baş verdiyi yeganə sosial dünyadır. Qlobal­laşma isə vahid qlobal sahənin yaranmasını şərtləndirən amildir, lakin o, qlobal sahənin yeganə komponenti deyildir. Digər kom­po­nentlərə isə millətlər, başqa cəmiyyətlər, həmçinin fərdlər daxildir.

R.Robertsona görə, qloballaşma yalnız strukturlar, institut­lar və şəbəkələrlə bağlı deyil, həmçinin bizim sosial həyat və ora­dakı yerimiz haqqında düşüncə tərzlərimizlə bağlıdır. O, qeyd edir ki, dünyanın vahid cəmiyyət olması haqqında ideya ta əvvəllərə ge­dib çıxır. Bu, məsələn, Allahın Yerdəki Krallığı kimi düşüncə­lərdə əks olunmuşdur.1

Təbii ki, yaxın zamanlarda baş verən inkişaf prosesləri qloballaşma prosesinin intensivləşməsində çox önəmli rol oynayır. Lakin Robertsonun ''mini-qlobalizasiyalar'' adlandırdığı qlobaliza­si­ya­ya aparan dəyişiklik prosesləri çox-çox öncələr baş vermişdir. Regionlararası ticarət, təbii sərvətlərin regionlararası daşınmaları­na gətirib çıxaran imperiya işğalları, texnologiya və mədəniyyət, köləliklə və ya yeni torpaq axtarışı ilə əlaqədar əhalinin hərəkəti bir sıra minilliklər ərzində dünya tarixinin uzunmüddətli xüsusiy­yət­ləri olmuşdur. Bu inkişaf prosesləri yalnız Qərblə bağlı deyildi. Bunlar həm Çini, həm İslam dünyasını, həm Aralıq dənizi ətra­fın­dakı klassik sivilizasiyaları, həm də erkən müasir Avropanı əhatə edirdi.

A.Giddens bu günkü dünyanın dinamizmini daha çox müa­sir­liklə bağlayır. O, qloballaşmanın modernizasiya nəticəsində müm­kün olduğunu hesab edir1. Modernizasiyanın 4 aspekti çox əhə­miy­yətlidir: kapitalizm, industrializm, milli-dövlətlərin nəzarət im­kanları və milli hərbi qüvvə. Bu tendensiyalar Qərbin yaxın ta­rixi ilə əlaqələndirilir və beləliklə qlobalizasiya Qərb fenomeni kimi təqdim olunur. Giddensə görə yalnız gələcəkdə qlobalizasiyaya qeyri-qərb mexanizmlə­rindən əhəmiyyətli idxalat olacaq.2

Bu yanaşma doğru olaraq qloballaşma prosesində Qərbin aparıcı rolunu vurğulayır. Kapitalizm beynəlxalq əmək bölgüsünü, kapital və məhsul bazarını yaratdı. Sənayeləşmə isə XIX-XX əsr­lərdə bu meylləri möhkəmləndirmək üçün texnoloji və təşkilati ba­zis formalaşdırdı. Güclü sənaye əsası olmadan müasir rabitə vasi­tələri, xüsusilə peyk ötürücü sistemləri və kompüter texnologi­ya­ları ağla belə gələ bilməzdi.

Güclü milli-dövlətlərin yaranması zamanla onlar arasında münasibətləri, münaqişələri tənzimləmək üçün transmilli siyasi təşkilatların inkişafına təkan verdi. Nəhayət, qlobal mə­sə­lə­lər­də Qərbin hərbi gücünün çox böyük əhəmiyyəti var. Bu XVI əsrdən başlayaraq Yeni Dün­ya­nın kəşfində və daha sonra Cənubi və Şərqi Asiyada kolonizasiya proseslərində əks olunub.

Maykl Mannın fikrincə isə hərbi güc yalnız iqtisadi və siyasi maraqların həyata keçirilməsi vasitəsi deyil, gücün müstəqil bir qoludur və Qərbi Avropanın dünya miqyaslı ekspansiyasında uğur­larının səbəbi texnoloji gücü sayəsində tarixi üstünlüklərdən daha çox hərbi gücü idi.

Müasir dünyanın formalaşmasında əsas dönəm kimi hər han­sı bir konkret zamanın müəyyən olunması və bunun yalnız Qərblə əlaqələndirilməsi bir sıra səbəblərə görə qüsurludur. Birincisi bu halda Qərbin hegemonluq dövründən öncəki qlobal ikniaşf pro­sesləri diqqətdən kənarda qalır. İkincisi isə unutmaq olmaz ki, bu inkişaf proseslərinin bir çoxu qeyri-qərb mənşəlidir. Hodqsonun dediyi kimi Qərbi Avropa XII-XIII əsrlərə qədər Mərkəzi Sivi­lizasiyanın periferiyasında qalmışdır.
* * *
İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət uğrunda kəskin rəqabət, mübarizə təşkil edir. Onun əsas aktorları transmilli şirkətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, böyük sənaye kampaniyalarının iqtisadi və maliyyə maraqlarının milli sərhədləri aşmağa başladığı dövrdən formalaş­mağa başlamışdır. XX əsrin ikinci yarısından regional transmilli şirkətlərin qlobal şirkətlərə çevrilməsi prosesi başlandı. Buna xeyli dərəcədə planetin müxtəlif hissələrini vahid informasiya və iqtisadi məkanda birləşdirən elektron rabitə vasitələri sahə­sin­dəki inqilab təkan verdi.

İqtisadi qloballaşmanın intensivləşməsi bir sıra məsələləri or­ta­ya çıxarır. Bunların ən əsaslarından biri demokratik yolla seçil­miş hökumətlərin yurisdiksiyasından kənarda, iqtisadi gücün bəzi azsaylı əllərdə toplanması təhlükəsidir. Bu da istər-istəməz belə bir sual doğurur ki, belə intensivləşmiş qloballaşma prosesi şəraitində milli-dövlətlərin uzun müddətli mövcudluğu mümkündürmü?

İqtisadi qloballaşma mərkəzləri çox böyük miqyasda fəaliy­yət göstərirlər. Öz iqtisadi gücünə görə bir sıra transmilli şirkətlər ayrı-ayrı dövlətlərlə rəqabət aparmaq imkanına malikdirlər. Kapi­tal investisiyası və yeni texnologiyalar üzərində nəzarət imkanları onlara hətta çox güclü dövlətlər üzərində xüsusi fəaliyyət rıçaqları verir.

Orta hesabla transmilli şirkətlərin xaricdən əldə etdikləri gəlirin yarısı onların yerləşdiyi ölkəyə gətirilir. transmilli şirkətlərin çoxunun məhz ABŞ ərazisində cəmlənməsi müasir dünyada ABŞ-ın mütləq ticarət üstünlüyünün əsas səbəblərindən biridir.

Bir tərəfdən dövlət (ABŞ – S.X.) transmilli monopoliyaları öz ərazisindən kənarda milli maraqlarını effektiv həyata keçirmək vasitəsi kimi istifadə edir. Digər tərəfdən, bu məqsədlərin özləri monopoliyaların güclü təsiri nəticəsində dövlətlər tərəfindən hasil edilir. Onlar ilk növbədə monopoliyaların maraqlarını ifadə edir­lər. ABŞ-a rəqabət qabiliyyətliliyini artırmağa yönəlmiş korpora­si­ya­ların maraqları ilə eynilə həmin rəqabət qabiliyyət­liyi­nin möh­kəm­ləndirilməsində maraqlı olan cəmiyyətin məqsədlə­ri­nin üst-üs­tə düşməsinə nail olmaq müvəffəq oldu. İkinci dünya müha­ri­bə­sin­dən sonra ABŞ-ın tarixi uğurunun ən əsas faktor­la­rından biri on­dan ibarətdir ki, Amerika dövləti və cəmiyyəti milli mo­no­po­li­ya­ların və cəmiyyətin maraqları arasındakı ziddiyyəti aradan qal­dı­ra bildi. Onlar buna öz monopoliya­larının ekspansi­ya­sını öl­kə­nin daxilinə yox, xaricinə yönəltməklə, onları millət­üstü struk­tur­la­ra və beləliklə də milli rəqabətqabiliyyətliliyinin uzun­müd­dətli tə­mi­natı və möhkəmləndirilməsi vasitəsinə çevirməklə nail oldular1.

İstehsalın qloballaşması kampaniyalara öz fəaliyyətlərini ye­ni, əsasən Üçüncü Dünyanın inkişaf etməkdə olan ölkələrinə kö­çür­məyə imkan yaradan texnologiyanın inkişafı sayəsində müm­kün olmuşdur. Daşınma dövründə istehsaldakı itkilərə baxmaya­raq işçi qüvvəsinin ucuzluğu bu itkiləri gərəyindən də çox kom­pen­sasiya etdi.

Robert Holtona görə beynəlxalq iqtisadiyyat ilə transmilli iqtisadiyyat anlayışları arasında fərq qoyulmalıdır. Beynəlxalq iqtisadiyyat müəyyən millətlərə aid institutlar və iqtisadi aktorlar tərəfindən həyata keçirilən milli iqtisadiyyatlar arasında baş verən mübadilədir. Sadə dillə desək, bir ölkədə istehsal olunan məhsul­la­rın, xidmətlərin və xammalın başqa bir ölkədə satılmasıdır. Milli iqtisa­diyyatlar arasında dünya ticarətinin ekspansiyası bu prosesin əsas göstəricisidir. Bu növ iqtisadi qloballaşma heç də yeni deyil.

Transmilli iqtisadiyyat isə beynəlxalq ticarəti də özündə birləş­dirməklə yanaşı əlavə xüsusiyyətlərə malikdir. Bunlara trans­milli proseslərin və institutların inkişafı aiddir. İnformasiya tex­no­logiyası sayəsində mümkün olan bu günkü dünya maliyyə baza­rının inteqrasiyası siyasi sərhədlər üzərindən bir anda presendenti olmayan miqyasda sazişləri mümkün edir2.

Yeni transmilli iqtisadiyyat çərçivəsində ayrı-ayrı millətlər yalnız tidcarətdən yox, həm də kənardan olan kapital axınından çox asılı olurlar. Bunlar iqtisadi inkişafa yeni texnologiya əldə etməyə və işsizliyi minimuma endirməyə nail olmaq üçün vacib hesab olunur.

1950-ci ildən bəri beynəlxalq ticarət əhəmiyyətli dərəcədə artıb. Lakin multimilli kampaniyaların istehsalının dəyəri dünya ticarətininkini üstələyir1.

Xarici birbaşa investisiyaların çox hissəsi və millətlər arasında texnologiya transferinin əhəmiyyətli bir hissəsi multimilli müəssisələr tərəfindən həyata keçirilir.

Siyasi sərhədlər üzərindən fəaliyyət göstərən ticarət təşkilat­la­rı uzun tarixi yol keçmişlər. Multimilli müəssisələrin yaranması isə əsasən 1870-1900-cü illər arasında olub. Bu dövrdə müəssi­sə­lə­rin xarici filialları yaranmağa başlayıb və onlar XBİ ilə məşğul olublar.

Bir çox müasir multimilli müəssisələr, məsələn, Ford, İBM, General Motors öz multimilli fəaliyyətlərinə 1900-1930-cu illərdə başlayıblar. Multimilli müəssisələrin sayı əsasən 1950-ci ildən sonra çox sürətlə artmağa başladı. Multimilli müəssisələrin fəaliy­yə­ti xammal və emalla məhdudlaşmır, sürətlə inkişaf edən xidmət sek­torunu da əhatə edir. Bunlara banklar, sığorta kampaniyaları, mü­ha­sibat, reklam və məsləhət sahələri, hotel sənayesi daxildir. Biz­nesin qloballaşması əsərində Danninq multimilli müəssisələrin fəa­liy­yətinin 4 əsas səbəbini müəyyən edir: bazar axtarışı, resurs ax­tarışı, səmərəlilik axtarışı və strateji əmlak axtarışı. Multimilli müəssisələrin fəaliyyətinin texnoloji dəyişiklikyə nisbəti çox mü­hüm məsələlərdən biridir. Bir tərəfdən telekommunikasiya və in­for­ma­siya texnologiyasındakı dəyişikliklər multimilli müəs­sisələrin fəaliyyət xərclərini azaldır, digər tərəfdən dünya miqyaslı əsas korporasiyaların arasındakı qlobal rəqabət bazarında rəqa­bətqabi­liyətli iştirakçı qala bilmək uğrunda mübarizəni intensivləşdirir.

Standartlaşdırma qlobal marketinqin əsas elementi olaraq qalır. Bununla yanaşı multimilli müəssisələr artıq anlamağa başlayıblar ki, istehlakçılar standart deyillər və zövqlər və tələblər müxtəlif millətlərdə, mədəniyyətlərdə və regionlarda fərqlənir. Bunu anlamaq adətən istehlakçıların marketinq kampaniyalarına və standartlaş­dırılmış məhsullara müqaviməti nəticəsində mümkün olur. Qlobal istehsalçılara zövq və davranışları manipul­ya­siya olu­na biləcək standartlaşdırılmış qlobal istehlakçılar yarat­maq müvəf­fəq olmayıb. İstehlakçıların zövqlərinin müxtəlifliyi və mə­də­ni mü­qa­vimət lokalizasiya və regionalizasiyanın mühüm elementlərinə gətirib çıxarmışdır.

Beləliklə, istehsalçılar və istehlakçıların güclərinin çox asim­met­rik olmasına baxmayaraq standartlaşdırılmış marketinq strate­gi­yaları hər zaman işləmir.

Holtonun fikrincə, multimilli müəssisələrin fəaliyyəti nəticə­sin­də inkişaf edən iqtisadi qloballaşma nə məhvedici bir qüvvədir, nə də ki, o, dünyanın MakDonaldlaşdırılmasından xəbər verir. Mul­ti­milli müəssisələrin gücünü nə şişirtmək, nə də ki, qiymət­lən­dirməmək düzgün olmazdı. Qlobal iqtisadiyyatda onların mərkəzi rolu danılmazdır. Onun fikrincə, onlara yalnız sərvət toplayan bir qüvvə kimi baxmaq düzgün deyil. Çünki, bu multimilli müəssisə­lərin tədqiqat və inkişaf da daxil olmaqla bir sıra fəaliyyətlərdə ro­lu­nu danmaq anlamına gəlib çıxardı. Beləliklə, multimilli müəssi­sə­lər iqtisadi güc olmaqla bərabər, həm də çox mühüm siyasi və mə­dəni qüvvədirlər1.

Qlobalizm siyasətini bütövlükdə və ya ayrı-ayrı müəyyən hissələrini qəbul etmək, yaxud da əksinə, bütövlükdə onu rədd etmək üçün yalnız tədqiqatçıların ifadə etdikləri doktrinaları deyil, həmçinin qlobalizmin ideologiyasının və siyasətinin formalaşma­sın­da bilavasitə iştirak edənlərin fikirlərini bilmək lazımdır. Bu cür xadimlərdən biri də Corc Sorosdur. Onun qlobal iqtisadiyyat, üs­tün­lükləri və mənfilikləri barədə bəzi fikirləri ilə tanış olmaq ma­raq­lı olardı: ''Biz artıq qlobal iqtisadiyyat sistemində yaşayırıq. La­kin burada bu termin altında nəyi nəzərdə tutduğumuzu dəqiq müəy­yən etməliyik. Qlobal iqtisadiyyat yalnız məhsul və xidmətlə­rin deyil, həmçinin və daha vacib ideyaların və kapitalın sərbəst hə­rəkəti ilə xarakterizə olunur. Mahiyyətcə qlobal iqtisadiyyatı qlobal kapitalist sistemi kimi nəzərdən keçirmək lazımdır''1.

Milli dövlətlərin özlərinin ərazisinə, varına, gücünə və s. görə fərqləndirdikləri halda, iqtisadi qloballaşmanın hər yerə bərabər yayılan bir proses kimi qiymətləndirilməsi düzgün deyil. Buna görə də qloballaşma haqqında sanki, o, hər bir milli-dövlətə və iqtisadiyyatın bütün sektorlarına eyni təsirə malik bir proses kimi danışmaq olmaz.


Sosial ədalət prizmasından yanaşdıqda əsas problem kimi Şimal və Cənub yarımkürələri arasında artan bərabərsizlik götürü­lür. Bu, 1980-ci ildə Beynəlxalq İnkişaf Məsələləri üzrə Müstəqil Komissiya tərəfindən hazırlanmış Brandt Hesabatı, Şimal-Cənub: Yaşama Proqramının dərcindən sonra daha da ciddi xarakter aldı. Burada ''Şimal'' ABŞ, Avropa, Yaponiya və ekvatordan cənubda yerləşən Avstraliya və Yeni Zellandiya daxil olmaqla inkişaf etmiş dünyanı simvolizə edir. ''Cənub'' isə Çin də daxil olmaqla yoxsul­luq, aclıq və zəif inkişafı simvolizə edir.

Şimalın payına dünya əhalisinin dörddə biri, Cənubun payı­na isə əhalinin dörddə üçü düşdüyü halda gəlirlərin beşdə dördü şimalın, yalnızca beşdə biri isə Cənubun payına düşür2.

Samuel Hantinqtonun fikrincə isə dünya, onu iqtisadi plan­da Şimal və Cənuba, mədəni planda isə Şərq və Qərb ayıra bilmək üçün çox mürəkkəbdir3.

Qlobal borluluq, zəif inkişaf və iqtisadi bərabərsizliyin art­ması problemləri Bretton-Vuds sisteminin qarşısında duran çox çətin vəzifələrdən.

İnkişaf Planlama Komitəsi qeyd edir ki, yardımların çoxu inkişaf məqsədlərinə xidmət etmir, donor ölkənin ixracını təşviq etmək məqsədləri üçün istifadə olunur.4

Xalqın milli bütövlüyü mədəni bütövlüklə bağlı məsələləri ortaya çıxarır. Bunlara yalnız millətin daxili mədəni tərkibi yox, həmçinin mədəni cəhətdən fərqli işçi qüvvəsinin miqrasiyası, musiqi və kino kimi mədəniyyət sənayelərinin qloballaşması və insan hüquqları, vətəndaşlıq və s. sahələrdə transmilli tənzimləmə qurumlarının mədəni təsiri kimi qlobal meyllər təsir edir.

Konnorun fikrincə dövlətlərin yalnız çox az bir hissəsi (məs: İslandiya, Yaponiya, Norveç) milli-dövlət kimi təsvir edilə bilmək üçün kifayət qədər homogendir.

Lakin Konnonun mövqeyindən fərqli olaraq , biz milli-dövlət ifadəsini müasir dövrün demək olar ki, bütün suveren dövlətlərinə şamil edirik.

Suveren milli-dövlət çox cavandır. O, öz gücünün və imkan­la­rının çoxunu XVIII-XIX əsrlərdə formalaşdırmış və möhkəm­lən­dirmişdir. Roland Robertson XX əsrə, sülaləvi imperiyaların məhv olması və müstəmləkəçiliyə qarşı uğurlu üsyanlar nəticəsində milli-dövlətçiliyin siyasi forma kimi universalizasiyası əsri kimi baxır. Vətəndaş hüquqlarının inkişafı, rabitə və kütləvi təhsil kimi sahələrdə sənaye cəmiyyəti üçün iqtisadi və sosial infrastruktur­la­rın təmin edilməsi ilə XIX-XX əsrlərdə dövlətin rolu artdı. Man­nın fikrinə görə müasir dövlət vahid institut çərçivəsində bir sıra müx­təlif funksiyaları birləşdirir və bu institut tükənişinin və qoca­lı­ğının son nəfəsində deyil, əksinə, o, hələ də yetişməkdədir. Döv­lətin müxtəlif funksiyalarını əhəmiyyətli dərəcədə artıb-azalmasına baxmayaraq institut özü sağlam formadadır.

Lakin buna baxmayaraq, milli-dövlət hüquqi funksiyalar və ya iqtisadi siyasət üzərində inhisara malik deyil. AB iqtisadi siyasət quruculuğundan daha irəli gedib. Bu şəxsi həyat məsələlərinin tənzimlənməsi və insan hüquqlarında öz əksini tapıb.


Millətlər və nasionalizm qlobal düzənin komponentləri ol­maq­­la yanaşı müəyyən mənada qloballaşmaya müqavimət forma­larıdır.

Bir çoxlarının fikrincə millətlər tarixin lap qədim dövrlərin­dən əmələ gəlmişlər. Bəzilərinə görə isə nasionalizm milli-dövlət­lə­rin meydana gəlməsi, sənayeləşmə və müasir kapitalizmin inkişafı kimi proseslərlə bağlı olan yeni bir fenomendir. Onların fikrincə keçmişlə inkarolunmaz bağlılığına baxmayaraq, nasionalizm ziya­lı­lar tərəfindən inkişaf etdirilən və siyasi elitalar və xüsusi maraq qrupları tərəfindən idarə olunan icad olunmuş bir ənənədir.

Antoni Smitə görə nasionalizm sosial qrupların böyük təhlü­kə­lərlə (Məs: müharibə təhlükəsi və ya sosial və mənəvi böhranlar) üzləşdikləri yerlərdə meydana gəlir1.

Bir sıra amerikalı şərhçilərin fikrinə görə etnik mənsubiyyətə malikliyin həm maddi, həm də simvolik üstünlükləri var. Etniklik dual (ikili) xarakterə malikdir. O, həm qrupun üzvləri üçün iden­tifikasiya mənbəyi kimi, həm də qrupu təmsil etmək üçün digərləri tərəfindən istifadə olunan səciyyələndirici kimi faktor kimi funk­siya daşıyır.


Qlobal problemləri yalnız dövlətlərin birgə səyləri nəticəsində həll etmək mümkündür. Bunun üçün əməkdaşlığın yüksək səviy­yədə olması tələb olunur və buna da beynəlxalq hüquqa əsaslanan təhlü­kə­siz, demokratik dünya düzəni şəraitində nail olmaq müm­kün­dür. Qloballaşma ilk növbədə bu cür dünya düzəninin yaradıl­ması vəzifəsini önə çəkir2.

Təhlükəsizlikdən tutmuş əhalinin rifahına qədər bütün milli maraqlar açılan imkanlardan istifadə etmək bacarığından asılıdır. Hərçənd ki, bu imkanlar əhalinin müxtəlif təbəqələrində olduğu kimi dövlətlərdə də eyni deyil. Onlar əsasən sənaye cəhətdən in­ki­şaf etmiş ölkələrdə, böyük kapitalda çoxdur. İnkişaf Etməkdə Olan Ölkələrdə, xırda sahibkarlarda isə məhduddur. Nəticədə qlo­bal­laşmanın bəhrələrindən geniş istifadə edənlər və məhdud isti­fadə imkanları olanlar arasında ziddiyyət yaranır.

Nəzərə almaq lazımdır ki, iqtisadiyyat və maliyyə sahəsində qloballaşma öz-özlüyündə siyasi sahədə ciddi nəticələrə gətirib çı­xa­ra bilər. Qloballaşmanın dövlətə təsirini və onun gələcəyini müəy­yənləşdirmək üçün onun dövlətlərin demokratik inkişafına tə­si­rini müəyyən etmək lazımdır.

Liberal demokratiya çox əhəmiyyətlidir, lakin o, həqiqi de­mok­ratiyaya aparan yolun sadəcə bir mərhələsidir. Liberal demokratiya və kapitalizm cəmiyyətinin əsas ziddiyyətlərindən biri de­mokratiya və kapital arasında olan ziddiyyətdir. Liberal de­mok­ra­tiyanın çatışmazlıqları qloballaşma şəraitində daha aydın görünür.

Bu gün demokratiya ölkənin əmin-amanlığı üçün zəruri şərt­dir. O, sosial və iqtisadi inkiaşf üçün optimal şərait yaradır. De­mok­ratiya cəmiyyətin və dövlətin birliyinə və təhlükəsizliyinə təh­lükə törədən cəmiyyətə xas siyasi, sosial, iqtisadi, etnik xarak­terli konfliktləri həll etmək üçün yeganə uzunmüddətli vasitədir. Bir sıra optimistlər hesab edirlər ki, hər bir ölkə demokratiya siste­mini qəbul edərsə, beynəlxalq problemlər həll ounacaq. Eyni zamanda belə bir fikir də yayılmışdır ki, demokratiya dövlətlər rasında yox, yalnız dövlət daxilində mövcuddur.

Burada italiyalı alim D.Arçibucinin fikrini qeyd etmək yerinə düşərdi:

’’Qərbin demokratik dövlətləri bütün dünyada demokrati­yanın görünən və gursəsli tərəfdarlarıdır. Eyni zamanda vaxtaşırı beynəlxalq hüquqa zidd fəaliyyətlər göstərirlər. Bir sıra hallarda onlar üçüncü dünyada qanuni hakimiyyətləri devirib, onları mari­onet rejimlərlə əvəz ediblər… ABŞ və İsrail kimi daxilən tamamilə demokratik dövlətlər daha az demokratik olan Vyetnam, Qre­na­da, Panama, Suriya və Livan kimi dövlətlərə hücum etmişlər’’1.

Hər halda demokratiyanın sülhsevər münasibətlərin faktoru olduğunu inkar etmək olmaz. Bizim dövrümüzdə demokratik dəyərlərin qloballaşması baş verir.

Dövlətin öz hakimiyyətini həyata keçirmək imkanına təhlükə elə demokratiyaya da təhlükədir. Lakin transmilli şirkətlərin ha­ki­miy­yətinin tərəfdarları iddia edirlər ki, demokratiya dövlətsiz də mümkündür.

Qloballaşma dövlətin informasiya axını üzərindəki nəzarəti­ni zəiflədib və hakimiyyət formalarının dəyişməsinə gətirib çıxarıb1.

Hətta öz ərazisində dövlət ictimai asayişi qorumaq üçün qa­nuni məcbur­etmə həyata keçirməsi yol verilən yeganə subyekt deyildir. İnsan hüquqlarının nizama salınması, ekoloji siyasət, maliyyə reqlamentasiyası getdikcə onun əlindən çıxır. Burada mə­sələ dövlətin zəifləməsində deyil, onun qlobal proseslərlə qar­şılaşarkən yeni şəraitdə fəaliyyətə hazır olmaması ilə əlaqədardır.
Beynəlxalq hüququn və ya Avropa Birliyinin regional hüqu­qu­nun milli-dövlətləri nəyəsə məcbur etmə imkanlarında çox böyük limitlər var. Transmilli hüquqi qurumların tabe olmayan milli-dövlətlərin məhkəmə prosesinin nəticələrinə qoşulmağa və ya onları qəbul etməyə məcbur etməyə imkanları yoxdur. Məsələn, Beynəlxalq Millətlər Təşkilatının üzvləri Beynəlxalq Ədalət Məh­kə­məsinin Statutlarının avtomatik iştirakçıları olurlar, lakin məh­kəmənin yurisdiksiyasını qəbul etmək məcburiyyətində deyillər2.

Avropanın transmilli hüquq sistemləri yaratmaq cəhdləri daha effektiv olumşdur. İnsan hüquqları sahəsində bu cür cəhdlərdən biri 1950-ci ildə ratifikasiya olunmuş və 1953-cü ilə qüvvəyə minmiş İnsan Hüquqi və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasıdır.

Beynəlxalq Millətlər Təşkilatında mərkəzləşmiş bir çox trans­milli siyasi institutlardan fərqli olaraq AB-nin müəyyən sahələrdə, məsələn ticarət sahəsində hüquq yaratmaq haqqı var.

Avropa Ədalət Məhkəməsi üzv dövlətin, vətəndaşına qarşı hərəkətlərinin hüquqiliyi ilə bağlı şikayətlərə baxır. Bu məsələlərdə üzv dövlətlər məhkəmənin qərarlarını erinə yetirməlidirlər.

D.Heldin fikrincə, BM sisteminin inkişafı Vestfal nizamının məntiq və strukturunu kökündən dəyişmədi3.

Keohanın fikrincə, XX əsri dövlətlərarası sövdələşmələr və çoxtərəfli əmək­daşlıq səciyyələndirir. Bu eyni zamanda həm qlobal tənzimləyici təşkilatların artmasını, həm də dövlətlərin çox israrla və əminliklə maraqlarını həyata keçirmək cəhdlərini əks etdirir. Bu kontekstdə suverenlik ərazi baryerindən daha çox mürəkkəb transmilli şəbəkələrlə xarakterizə olunan siyasət üçün sövdələşmə mənbəyidir.

Suverenliklərini qorumaq üçün dövlətlər bir sıra qrupların maraqlarını təmin etmək imkanlarına malik olmalıdırlar. Bu qrup­lara əmək təşkilatları, istehlakçılar, millətin mədəni bütövlüyündə maraqlı olanlar və s. aid ola bilər. Bu qruplar tək başına və ya ittifaqlarda dövlətə daha azad və daha təhlükəsiz ticarəti təmin et­məsi, beynəlxalq müqavilə və konvensiyaları ratifikasiya və ya rədd etməsi, immiqrant axınını genişləndirməsi və ya məhdudlaş­dır­ması üçün təzyiq edə bilərlər. Eyni zamanda Multimilli müəs­sisələr kimi xarici maraqlar, Beynəlxalq Valyuta Fondu və GATT kimi beynəlxalq tənzimləmə qurumları, Beynəlxalq Amnistiya və Beynəlxalq Qrinpis kimi Qeyri Hökumət Təşkilatları dövlətlərə milli siyasət quruculuğunda insan hüquqları, fiskal siyasət, xarici investisiya üzərində nəzarət müxtəlif dəyişikliklər etməsi üçün təzyiq göstərə bilərlər1.

Milli və transmilli maraqlar arasında əlaqələrə danışıqlar və ümumi maraq­lar axtarışı daxildir. Lakin maraqlar fərqli olarsa onlar arasında konflikt də ola bilər. Burada əsas faktor qarşılıqlı asılılıqdır. Beləliklə, bir sıra xarici maraqlar dövlət dəstəyindən asılıdır, həmçinin dövlət institutları da müxtəlif kənar vasitələrdən asılıdırlar.

Ətraf mühitlə bağlı razılaşmaların sıx və hərtərəlif hüquqi və institusional strukturu özlüyündə suverenlik üçün təhlükə törədir. Beynəlxalq institutlar və rejimlər milli hökumətlərin hakimiyyətini təhlükə altında qoyan yeni hakimiyyət mərkəzləri formalaşdırırlar. Dövlətin hakimiyyəti çox sıx beynəlxalq prinsiplər, qaydalar, normalar və institutlar tərəfindən məhdudlaşdırılır2.

Qloballaşma müasir dünyada baş verən dəyişikliklərin əsas mənbə­yi­dir və onun bir çox aspektləri qlobal siyasi sistem çər­çi­və­sində milli-dövlətlərin rolu və bir-birləri ilə, həmçinin digər təş­ki­latlanmış maraqlarla münasibətlərini dəyişir. Bu cür dəyişikliklərə müəyyən sərhədlər çərçivəsində dövlətin mütləq suverenliyi ilə bağ­lı ənənəvi idealların eroziyası aid edilə bilər.


Bir sıra nəzəriyyəçilər qlobalizmi dövlətlərarası sistem kimi yox, multiak­torlu sistem kimi görürlər. Bəs əsas aktorlar kimlər­dir? Onlar bir-birləri ilə necə münasibətdədirlər və qlobal siyasi qarşılıqlı asılılığın hansı yeni növləri yaranmaqdadır?

Qlobalizasiyaya çox zaman ilk növbədə iqtisadiyyatla əlaqəli bir qüvvə kimi baxılır. Kapital, əmək, texnologiya və informasiya­nın mobil qüvvələri siyasi və mədəni sərhədlər üzərindən dayan­ma­dan hərəkət edirlər və milli mədəniyyətlərin və milli-dövlətlərin bütövlüyünü təhlükə altında qoyurlar.

R.Holtonun fikrincə, sərhədlər hələ də qalmaqdadır və bu müt­ləq suverenlik ideallarının qlobalizasiyaya alternativ olduğu üçün deyil. Bu ona görədir ki, bir çox qlobal iqtisadi aktorlar müəy­yən sabitləşdirici qanunlar toplusuna və ictimai dəstək struk­tur­larına ehtiyac duyurlar. Hətta derequlyasiya dövründə də bir sı­ra aktorlar dövlətlərdən bu cür dəstəyi təmin etmələrini gözləyirlər1.

Digər iki növ aktor da hesaba alınmalıdır. Daha çox gözə çarpanı beynəlxalq miqyasda Beynəlxalq Millətlər Təşkilatı və onu əhatə edən transmilli siyasi və hüquqi institutlar, regional miqyasda isə Avropa Birliyidır.


Kommuniksiya və informasiya texnologiyasındakı dəyişik­lik­­lərin siyasi hadisələrə çox böyük təsiri var. Henri Kissincerin dediyi kimi, heç bir iqtisadi sistem siyasi əsassız möhkəm ola bilməz2.

Peyk yayım texnologiyasının inkişafı dünyanın bir nöqtəsin­də baş verən hadisələrin televiziya vasitəsi ilə bütün yerlərdə izlən­mə­sinə şərait yaratdı. Bu da Amerikanın CNN kanalı ilə simvolizə olu­nan qlobal xəbərlərin meydana çıxmasında əks olunur.

Bəzi media tənqidçilərinin fikrincə dünya xəbərlərinin televi­zi­ya yayımı ideoloji manipulyasiya halına gəlib çatır.

Qloballaşma prosesinin təsiri yalnız böyük məsafələr və sərhədlər üzərindən kommu­ni­kasiya ötürmələrindən qaynaqlan­mır. O, həmçinin beynəlxalq miqrasiya proseslərindən qaynaqla­nır. Beynəlxalq miqrasiya proseslərinin vasitəsi ilə informasiya şəbəkələri və transmilli bağlantılar diaspora əhalisini dünyada baş verən hadisələrdən xəbərdar edir.



Müasir texnikanın neqativ planda açdığı geniş im­kanlar beynəlxalq miqyasda terrorizmin yeni formala­rının üzə çıxmasına da səbəb olur və dünya ictimaiyyəti qarşısında bu istiqamətdə səyləri birləşdirmək vəzifəsi qoyur.

1 Holm H., Sorencen G. Whose world order: Uneven globalization and the end of the Cold War. – Boulder: Westiview Press, 1995, p.1.

1 Albrow M. Globalization, Knowledge and Society. – London: Sage,1990. p.8.

1 Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992. p. 81.

1 Giddens A. The consequences of modernity. – Cambridge: Polity Press, 1990. p. 55-78.

2 Giddens A. The consequences of modernity. – Cambridge: Polity Press, 1990. p. 175.

1 Практика глобализации: игры и правила новой эпохи. Под редакцией Делягина М.Г. – Москва: Инфра, 2000, стр. 138-139.

2 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998. p. 52.

1 Dunning C.H. The Globalization of Business. –London: Routledge, 1993. p. 107.

1 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998,. p. 61.

1 Данилов А.Н. Социология власти: теория и практика глобализма. – Минск: Университетское, 2001, стр. 321.

2 Brandt W. North-South : A Programme for Survival: The Report of the Independent Commission on International Development Issues. – London: Pan, 1980. p. 32.

3 Хантингтон С. Столкновение цивилизаций. – Москва, 2003, стр. 34.

4 Steiner H.C. and Alston P. International human rights in context law, politics, morals. – Oxford: Clarendon Press, 1996. p. 1136.

1 Smith A.D. Theories of nationalism. – London: Duckworth, 1971. p.153.

2 Лукашук И.И. Глобализация, государство, право, XXI век. – Москва: Спарк, 2000, стр. 26.

1 Лукашук И.И. Глобализация, государство, право, XXI век. – Москва: Спарк, 2000, стр. 23.

1 Тураев В.А. Глобальные вывозы человечеству. – Москва: Логос, 2002, стр. 38.

2 Held D. Democracy and the global order. – Cambridge: Polity Press, 1995. p. 96.

3 Held D. Democracy and the global order. – Cambridge: Polity Press, 1995. p.97-98.

1 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998. p.90-91.

2 Hurrell A. International political theory and the global environment. International Relations Theory Today edited by Ken Booth and Steve Smith. – Cambridge: Polity Press, 1995. p.136-137.

1 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998. p.108.

2 Киссинджер Г. Нужна ли Америке внешняя политика? К дипломатии для XXI века. – Москва, 2002, стр. 259.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə