4 qloballaşma və terror




Yüklə 243.31 Kb.
tarix10.03.2016
ölçüsü243.31 Kb.


4-4. QLOBALLAŞMA VƏ TERROR




Amerika Birləşmiş Ştatlarına qar­şı terror Dünya Birliyinə, demok­ratiyaya qarşı terrordur. Bu terror demokratiyaya və sivilizasiyalı inkişaf yolu tutmuş hər bir ölkəyə qarşı yönəlmişdir.

Heydər ƏLİYEV
XXI əsrin əvvəllərində geniş vüsət tapmış qloballaşma şəraitində bəşəriyyətin tərəqqisinə xidmət edən hadisələrlə yanaşı, ümumi məqsəddən, böyük amaldan kənara çıxan arzuolunmaz hadisələr də baş verir ki, bunların vahid kontekstdə öyrənilməsinə böyük ehtiyac vardır.

11 sentyabr 2001-ci il.

Bəşər tarixinə qara hərflərlə yazılan, lakin sadəcə bir faciə kimi yox, həm də beynəlxalq miqyaslı ictimai təbəddülat kimi təzahür edən yeni keyfiyyətli bir hadisə... Ağrılı-acılı, həm də düşündürən bir hadisə. Bəşəriyyətin özünüdərk yolunda, zamanın ahəngdar axınında bir fasilə, bir kəsilmə məqamı.

Çox az-az hallarda, nadir hadisələrin təsiri ilə tarix ənənəvi inkişaf yolundan çıxaraq yeni səmtdə cərəyan edir. 11 sentyabr da belə məqamlardan biri ola bilər. Olmaya da bilər. Bunu hadi­sə­lə­rin sonrakı gedişatı göstərəcəkdir. Lakin istənilən halda bu hadisə ümum­bəşəri inkişaf prosesindən, ictimai tərəqqinin normal gedişa­tın­dan kənaraçıxma idi, zamanın məntiqinə sığmırdı...

Bu terror aktı nəinki təkcə ABŞ, həm də bütövlükdə bə­şə­riy­yətə böyük zərbə oldu. Bəşəriyyət sarsıldı. Şüurlar donub qaldı. Baş verən hadisə insanların nəinki normal düşüncəsinə, heç fanta­ziyasına da sığmadı. Bəşəriyyət bu hadisəni həzm edə bilmədi. Nə emosional müstəvidə, nə də təfəkkür müstəvisində. Hətta ən kənar qütbləri də bir araya gətirən, əkslikləri vəhdətdə götürən Hegelin dialektik məntiqi də bu hadisəni qavramaqda aciz idi. Ona görə də ümumbəşəri idrak yol ayrıcında dayanıb baş verənlər üçün yeni qəlib, yeni şablon, yeni paradiqma axtarır. Ancaq hələ ki, belə bir paradiqma tapılmayıb. Düzdür, hadisələr davam edir. Lakin hadisələr, təəssüf ki, yenə də köhnə təfəkkür standartları və ənənə­vi ideoloji yönüm istiqamətində davam edir.

Bəsit düşüncə, kütləvi şüur problemin güc mövqeyindən, getdikcə daha müasir silahların işə düşməsi hesabına həll oluna biləcəyinə inansa da, analitik təhlil bunu şübhə altına alır, yeni baxışın və yeni həll üsullarının labüd olduğunu göstərir.

İndi Amerika və bütün dünya seçim qarşısındadır. Ya icti­mai rəyə və kütləvi şüura uyğun olaraq emosiya səviyyəsində qə­rar­lar qəbul etmək, «qisas» mövqeyindən çıxış etmək, ya da dün­yada terrora rəvac verən əsl səbəbləri aşkar etmək, onun ideo­loji, siyasi və iqtisadi köklərini üzə çıxarmaqla daha geniş miqyaslı fəa­liy­yət strategiyası seçmək.

Hadisələr göstərir ki, ABŞ bu yollardan hər ikisini seçmişdir. Həm yaxın müddətli proqramın icrası olaraq terrorçu qruplaşma­ların və təşkilatların güc tətbiqi ilə ləğvinə nail olmaq təşəbbüsü göstərilir, həm də uzun müddətli proqram olaraq terrorun bir spe­si­fik ictimai hadisə kimi ideoloji, hərbi sursat və maliyyə qaynaq­la­rı­nı müəyyənləşdirmək istiqamətində axtarışlar aparılır. Lakin birincidə ifrata varmaq ikincinin uğurla həyata keçirilməsinə mane ola bilər.

ABŞ alimi Angelo Korlet yazır: «Bir sıra ölkələrin siyasətçi­lə­ri öz ölkələrinə və müttəfiqlərinə qarşı olan siyasi zorakılıqları ter­ro­rizm kimi pislədikləri halda, öz dövlətlərinin həqiqi terroru hi­ma­yə etdiklərini qəbul etməyi bacarmırlar»1. Başqa sözlə, terrora mü­nasibətdə ikili standartların aradan götürülməsi zərurəti Ame­ri­ka­nın özündə də elmi ictimaiyyət tərəfindən mühüm şərt kimi irəli sürülür.


* * *
Güc tətbiq edilməsi səbəbi yox, hansı isə nəticələri aradan qaldıra bilər. Əsas məsələ isə əvvəllər ideoloji müstəvidə buraxılmış səhvlərin aradan qaldırılması olmalıdır. Bu səhvlərdən biri dini qarşıdurmalara şərait yaradılması, KİV-də buna geniş yer veril­mə­si, bu və ya digər ölkədən çıxmış ekstremist qruplaşmaların fəaliy­yə­ti­nin onların mənsub olduğu dinlə əlaqələndirilməsidir. «İslam fundamentalizmi» ideyasının həddindən artıq qabardılması və bəzi terrorçu dəstələrin qəsdən dini ehkamlara istinad etmək cəhdlərini təkzib etmək əvəzinə, bunu qeyd-şərtsiz qəbul etməkdir. Nəticədə ictimai şüurda hansısa terrorçu təşkilatların fəaliyyətini dinlə əla­qələndirmək meylləri formalaşır ki, bu da qətiyyən yolverilməzdir. Çünki bütün dinlər kimi, islam da hər cür zorakılığın, günahsız qurbanların, insan həyatına qəsd etməyin qəti əleyhinədir. Bu məsələdə islamın təməl prinsiplərndən terrora qarşı mübarizə üçün istifadə etmək daha məqsədəuyğun olardı.

Təsadüfi deyildir ki, 11 sentyabr terroru dünya ictimaiy­yətinə ayrı-ayrı adamların, yüzlərlə-minlərlə insanın şəxsi faciəsi şəklində təqdim edilmədi. Əgər biz televiziya kanallarının terrorla bağlı göstərdiyi süjetlərə diqqət yetirsək, görərdik ki, şəxsi faciələr­dən, insanların müsibətindən, göz yaşından, hönkürtüdən söhbət getmir. Biz ekranlarda qan görmədik, meyitlər, cənazələr, kəsilmiş, parçalanmış bədən üzvləri görmədik. Biz həlak olanların yaxın qohum-qardaşının ah-şüvənini görmədik.

Bütün televiziya kanalları eyni bir süjeti göstərdi. Biz ekran­lar­da bir növ hərbi güc-qüdrətin simvolu olan Pentaqonun və si­vi­li­zasiyanın simvolu olan «qoşa göydələnlər»in necə zərbələrə mə­ruz qaldığını və necə çökdüyünü gördük. Bu, əlbəttə, təsadüfi de­yil­di. Bunun özündə bir rəmz vardır. Faciənin miqyası və əsl obyekti bu halda daha aydın görünür.

Əlbəttə, jurnalistlər yüzlərcə ürək ağrıdan fərdi faciə səhnə­ləri göstərə bilərdilər. Lakin onlar bunu etmədilər. Təkcə ona görə yox ki, öz dövlətlərinin qürurunu qorumağa çalışdılar (Əgər belə­dir­sə, bizim jurnalistlər dövlətçilik hisslərini, milli qürur hissini də amerikanlardan öyrənsələr yaxşıdır). Həm də ona görə ki, bu, baş vermiş hadisənin mahiyyətini açmazdı. Terrorun məhz bütövlükdə si­vi­­lizasiyaya qarşı çevrildiyini göstərilən süjetdən daha yaxşı təq­dim etmək mümkün deyildi. Zira «göydələnlər» həqiqətən si­vi­li­zasiyanın, insan qüdrətinin, elmi-texniki tərəqqinin təcəssümü idi.

Paradoksal hal odur ki, ümumbəşəri tərəqqiyə, sivilizasiyaya qar­şı yönəldilmiş terror aktı özü bu sivilizasiyanın məhsuludur. El­mi-texniki inkişaf, ən müasir silah növlərinin kəşfi özündə po­ten­si­al olaraq mənfi faktorları da saxlayır. Təsadüfi deyildi ki, atom fi­zi­kasının yaradıcıları A.Eynşteyn, N.Bor, Oppenqeymer, Frederik J.Küri və başqaları atom silahının işlədilməsi əleyhinə, si­lah is­tehsalı əleyhinə ən kəskin çıxış edən adamlar idi. Bəli, elmi-tex­niki tərəqqi sülhə xidmət etdiyi kimi, müharibəyə də xidmət edə bilər.

İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin bütün mü­tə­rəqqi qüvvələri yaranmış yeni təhlükələri görərək ona qarşı mü­ba­rizə aparmağın yeni formalarını axtardılar. Bununla bağlı bey­nəl­xalq hüquq normaları yaradıldı. Və dünyanın bütün ölkələ­rinin bu normalara riayət etməsi uğrunda mübarizə başlandı. Bir­ləş­miş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təş­kilatı və s. beynəlxalq qurumlar yaradıldı. Bir sözlə, yeni dünya mü­ha­ri­bə­sinə qarşı bütün qüvvələr səfərbər edildi.

Lakin bəşəriyyət müharibəyə qarşı mübarizə formaları axtar­dı­ğı bir vaxtda yeni bir təhlükə mənbəyi ortaya çıxdı. İndi müasir silahların təkcə dövlətlər tərəfindən deyil, həm də ayrı-ayrı şəxslər və qruplaşmalar tərəfindən ələ keçirilərək istifadə olunması ən böyük təhlükəyə çevrilmişdir. Bu – ən müasir texnika ilə təchiz olun­­muş beynəlxalq terrordur. Dövlətlərə nəzarət etmək, sivil qay­dalarla beynəlxalq münasibətlər sistemini təkmilləşdirmək terrora qarşı mübarizə aparmaqdan, görünür, daha asan imiş. Onun ən spesifik və ən mənfi cəhəti bəşəriyyətin neçə əsrlər ərzində əldə et­miş olduğu sivil normalara, beynəlxalq hüququn tələblərinə, mənə­vi və dini prinsiplərə məhəl qoymamasıdır. Lakin bununla yanaşı, terrora münasibətdə də ikili standartdan çıxış etmək, onu bu və ya digər dini təlimlərlə əlaqələndirmək yolverilməz haldır.

Əsl günahkar silahdır, silah alveri ilə varlanmaq cəhdləridir. Əsl günahkar sivilizasiyanın öz daxilindəki naqis məqamlardır; onu kamilləşdirmək lazımdır.

Bəli, bu gün terrorizmin arxasında dayanan həqiqi böük qüv­və varsa, o da silah alveri ilə məşğul olan mafiyalardır. Böyük döv­lətlərin öz silah artıqlarını geri qalmış dövlətlərə və ilk növbədə mü­səlman ölkələrinə satmaq siyasəti də terrorizm üçün bu ölkə­lərdə zəmin hazırlayır. Sonra isə diqqəti əsl səbəbdən yayındırmaq üçün «islam faktoru» ideyası ortaya atılır. Və bu istiqamətdə məq­səd­yönlü iş gedir. Bu yönümdə yaranmış konsepsiyaları real həyati fakt­larla təsdiq etmək üçün qəsdən münbit şərait yaranması da istisna olunmur. Silah istehsal edən böyük dövlətlər daxilindəki müəy­yən qüvvələr dövlətin ideoloji kursuna da təsir göstərməyə ça­lı­şırlar. Görünür, sivilizasiya anlayışının xristian və islam sivili­za­siyalarına ayrılması və bunların labüd surətdə toqquşması ideya­sı da təsadüfən yaranmamışdır.

Bizcə, keçən əsrdə formalaşdırılmış olan belə tendensiyalı kon­­sep­siyalara, artıq xeyli dərəcədə kök atmış qüsurlu ideoloji əsas­­lara yenidən baxmaq, dünya miqyasında və ayrı-ayrı re­gion­larda güclə hikmət, hərbi və mənəvi-intellektual inkişaf səviyyələri arasındakı balansın pozulması təhlükəsini nəzərə almaq lazımdır.

Bəşəriyyətin nicatı qəzəbdə, gücdə, silahda deyil. Bəşəriyyə­tin nicatı cəzada deyil. Hətta cinayətkara qarşı yönəlsə belə! Axı, xristianlığın bu hikmətini Qərb dünyası çoxdan mənimsəmiş olmalıdır.

Dünyanı nifrət yox, məhəbbət xilas edəcəkdir.


* * *
Əlbəttə, «yüksək materiya»dan çıxış etsək, «qanı qanla yu­maz­lar», «bir zorakılıq başqa zorakılıqla aradan qaldırıla bilməz» fəlsəfəsini ön plana çəksək ABŞ-ın Əfqanıstandakı qisas aksiyasını qınamaq da olardı. Xüsusən belə geniş miqyasda həyata keçirilən aksiyanı.

Qisas aktının daha konkret ünvana yönəldilməsi, məhz Bin Laden və onun terrorçu qrupunun, digər terrorçu təşkilatların cəzalandırılması mövqeyi, əlbəttə, daha düzgün görünür. Lakin Bin Ladeni dəstəkləyənlər vaxtında düzgün nəticə çıxara bilmə­di­lər­sə və rasional mövqe nümayiş etdirə bilmədilərsə – burada mə­su­liyyət təkcə ABŞ-ın yox, həm də və daha çox dərəcədə Taliban liderlərinin üzərinə düşür.

Bəs onların belə qeyri-rasional mövqe tutması, öz milli ma­raq­larına biganəlik göstərməsi nə ilə bağlı idi?

Bu qədər böyük itkilər vermiş, bu qədər böyük təxribata mə­ruz qalmış Amerika dövlətindən daha çox təmkin və alicənablıq göz­ləməkdənsə, vaxtında situasiyanı düzgün qiymətləndirərək bir nə­fər terrorçunu təhvil vermək daha düzgün olmazdımı? Belə tərs­li­yin, belə açıq-aşkar özünəqəsdin səbəbini nədə axtarmaq lazım­dır? Şərq düşüncəsindəmi? «Qeyrət», «kişilik» haqqındakı tə­səv­vürlərdəmi? «Qonağı satmamaq», «dostluqda axıra qədər sadiq ol­maq», «sənə sığınanı başqasına təslim etməmək» kimi fərdi əx­laqi mülahizələrlə düşünən adamlar dövlətə başçılıq etməyə nə dərə­cə­də layiqdirlər? Axı, fərdi əxlaq dövlətçilik təfəkkürü ilə, fərdi mü­na­sibətlər dövlət siyasəti ilə qarışıq salınmamalıdır. Dövlət baş­çı­sı öz xalqının və dövlətinin taleyini bir terrorçunun mənafeyinə necə qurban verə bilər?

İstər-istəməz sual ortaya çıxır: əgər yüksək əxlaqi keyfiyyət­lər­dən söhbət gedirsə, həqiqi dostluqdan və «qəhramanlıqdan» söh­bət gedirsə Bin Ladenin özü talibanların xətrinə, əfqan xalqının xətrinə niyə özünü təslim etmədi? Niyə «qəhrəmanlıq» göstərmədi? Başqalarının şəhidliyi ilə terror törədən adamın öz şəhidliyinə mənəvi gücü çatmadısa, əfqan liderləri nəyə görə xalqın, dövlətin taleyi ilə risqə gedib onu qorumaq mövqeyini seçdilər?

Bax, burada təkcə rəhbərlərin avamlığı və fanatizmi üzə çıxmır, həm də əhalinin fanatizmi əsas rol oynayır. Lakin kütləni bağışlamaq olar, lideri yox.

Bəli, bu bir faktdır ki, Şərqdə, Şərq təfəkküründə «şəxsi qəh­rə­manlıq», «qeyrət», «kişilik» təsəvvürləri üstün yer tutur və bu­nun naminə ölümə getmək şərəf hesab olunur.

Lakin məsələyə rasional idrak mövqeyindən yanaşılarsa baş­qa suallar ortaya çıxır.

Birini qorumaq naminə başqalarını, yüzlərlə, minlərlə gü­nah­­sız adamı ölümə vermək və ya həyatını təhlükə altına almaq nə də­­rə­cədə məqbul addımdır və «şərəf», «qeyrət» anlayışlarına nə də­rə­cə­də uyğun gəlir? Elə islam dininin prinsiplərinə, şəriətə nə dərəcə­də uyğun gəlir?

XXI əsr üçün nə qədər təəccüblü görünsə də, Qərb təfəkkürü üçün nə qədər ağlasığmaz olsa da, məhz dövlətçilik şüurunun çatışmaması, məhz sosial-siyasi idrakın yoxluğu bəzi Şərq ölkələ­rin­də bu cür addımlar atılmasına gətirir. Məgər Səddam Hüseynə və onun rejiminə münasibət də İraq xalqına fəlakətlər gətirmədimi?

Bəzi məsuliyyətsiz liderlərin iddialı çıxışlarının xalq üçün necə faciəli nəticələrə gətirməsindən danışarkən yadıma 1990-cı ilin yanvar ayı düşdü. 20 Yanvar qırğını ərəfəsində Azərbaycanda da bəzi məsuliyyətsiz «liderlər», o vaxt Xalq Cəbhəsinin radikal qana­dı­nı təmsil edən adamlar əliyalın əhalini tankların qabağına ver­mə­yi bir qəhrəmanlıq hesab edirdilər. Əlbəttə, özləri tankın qaba­ğına getmədilər. Lakin əvvəlcə «bizdə silah var», «bu hakimiyyəti silahlı yolla, güclə devirəcəyik», «hamıya silah paylanacaq», «xarici dövlətlərdən hərbi dəstək gələcək» və s. bu kimi həqiqətdən uzaq və məsuliyyətsiz bəyanatlarla Moskvanı təcavüzə təhrik edən, daha doğrusu, onun əlinə bəhanə verənlər törədilən qırğının «əsaslandırılması» işində Kremlin dəyirmanına su tökmüş oldular.

Belə adamların təsəvvüründə başqalarının həyatı, əhalinin təh­lükəsizliyi heç bir qiymət daşımır. Bu gün Qərb sivilizasiya­sı­nın, Qərb dövlətçilik təfəkkürünün, demokratiyanın, «insan hü­quq­larının qorunması» ideyalarının ən əhəmiyyətli cəhətlərindən biri də hər bir insanın həyatına hörmət və məsuliyyətlə yanaş­maq­dır. «Ölüm hökmü» ilə əlaqədar düşüncələrin əsasında da məhz belə humanist bir mövqe durur: «Başqasının həyatına, yaşamaq hüququna qarşı hökm çıxarmaq olmaz». Əlbəttə, günahı təsdiq olunan bir adam haqqında belə mövqe mübahisəlidir. Minlərlə adamın ölümünə səbəb olmuş Abdullah Öcalan və Hüsamə Bin Ladenin həyatı uğrunda mübarizə özü absurddur. Zira terrorçu­la­rın əhvi neçə-neçə günahsız insanların qətlinə potensial imkan ya­rat­maqdır və ya artıq qətlə yetirilmişlərin ruhuna hörmətsizlikdir.

Lakin belə adamları qorumaq naminə dəridən-qabıqdan çı­xan­lar və onların «həyatı naminə» minlərlə insanın həyatı, hətta bü­tövlükdə öz xalqlarının, dövlətlərinin taleyi ilə risq edənlər hansı məntiqə əsaslanırlar?

Biz Bin Ladenə münasibətdə Taliban liderlərinin öz xalqla­rının mənafeyini bəsit kişilik təsəvvürlərinə qurban verdiklərini qətiyyətlə pisləsək də, hər halda onların məntiqini anladıq.

Bəs Öcalanı uzun müddət gizlədən, mühafizə edən, tutul­duqdan sonra da hər vasitə ilə müdafiə etməyə çalışan Avropadakı müəyyən dairələrin məntiqini necə başa düşək?

Burada artıq rasional düşüncənin məhdudluğundan, emosi­ya­ya qapılmaqdan, dövlətçilik təfəkkürünün çatışmazlığından da­nış­maq mümkün deyil. Çünki Qərb rasional düşüncənin bolluğu ilə səciyyələnir.

İkili standart göz qabağındadır. Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev bu ikili mövqeyə kəskin münasibət bil­di­rə­rək demişdir: «Haqq anı gəlib çatmışdır. Bəzi ölkələr üçün eyni zamanda ikili mövqe tutub həm terrorizm qurbanları, həm də ter­ro­run təşkilatçıları ilə yaxşı əlaqələri qorumağa çalışmaq və bunu ta­razlı siyasət adlandırmaq imkanı yoxdur. Bu halda belə siyasət ta­razlı adlandırıla bilməz, belə siyasət kəskin tənqidə layiq si­ya­sət­dir. Terrorizmi birbaşa və ya dolayısı ilə dəstəkləyən hər bir ölkə və ya təşkilat beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olun­malıdır».1

* * *
Taliban hakimiyyətinin rasional dövlətçilik təfəkküründən məhrum olmasını islam faktoru ilə əlaqələndirmək haqsızlıq olar­dı. Bu hadisə ilə bağlı Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan və sair müsəlman dövlətlərinin tutduqları rasional mövqe bir daha göstərdi ki, terrora münasibətin dinlə heç bir əlaqəsi yoxdur. Əksinə, terrordan ən çox ziyan çəkənlər də məhz müsəlman ölkə­ləridir. Burada ilk növbədə Azərbaycanın və Türkiyənin neçə illər ərzində mütəşəkkil terrora məruz qaldığını yada salmaq lazımdır. Təəssüf ki, bu məsələdə nə ABŞ nə də Avropa ölkələri Azərbaycan və Türkiyəni kifayət dərəcədə dəstəkləmədilər. Təəs­süf ki, Türkiyə və Azərbaycana qarşı açıq terror əməliyyatları apa­ran bir sıra terror təşkilatları Ermənistan dövləti tərəfindən açıq-aşkar dəstək­lən­diyi halda ABŞ Konqressinin Ermənistana maliyyə yardımı et­mə­si, Azərbaycanın isə yardımdan məhrum edilməsi bu gün də da­vam etməkdədir. Digər tərəfdən, ərazimizi işğal etməklə ki­fa­yət­lənməyən ermənilərin «Sadval» terrorçu təşkilatının əli ilə Bakıda dalbadal terror aktları törətməsi də, təəssüf ki, böyük dövlətlərin diqqətindən kənarda qalırdı. Heydər Əliyevin dediyi kimi, «kiçik bir regionda terrorçuların bu cəhdləri dünya ictimaiyyətini çox da narahat etmirdi. Lakin terrorizmin getdikcə daha çox cəzasız qal­dığı və beynəlxalq terrorizmin Nyu-Yorkda və Vaşinqtonda Ame­ri­ka Birləşmiş Ştatlarına qarşı bəşər tarixində görünməmiş terror əməlləri törətmək səviyyəsinə gəlib-çıxdığı bir vaxtda, biz hamımız bütün dünya birliyi üçün və təbii olaraq, hər bir ölkə, hər bir insan üçün necə bir təhlükənin yaxınlaşdığını bilməliyik». Biz güman edirik ki, terrorun kiçiyi-böyüyü yoxdur. Ona görə də, hər bir ter­ror təzahürünə qarşı dünya ictimaiyyəti birgə mübarizə apar­ma­lıdır. «ASALA» kimi beynəlxalq terror tə­şki­latlarının bu gün də nəzarətdən kənarda qalması və ermənilərə «xüsusi münasibət» göstərilməsi təəccüb doğurmaya bilmir.

Terrora qarşı ikili standartlarla aparılan mübarizənin böyük səmərəsi ola bilməz. Böyük terrorun baş verməməsi üçün vaxtında «kiçik» terrorların qarşısı qətiyyətlə alınmalıdır.

Əlbəttə, dünyaya meydan oxuyan, sivilizasiyanın nailiyyət­lə­ri ilə oyun oynayan terrorçular və terror təşkilatları ən ağır cəza­ya layiqdirlər. Hələ kökləri tapana qədər artıq cücərmiş, qol-bu­daq at­mış, geniş miqyaslı sosial hadisəyə çevrilmiş terrorun daha bö­yük güc tətbiqi ilə məhv edilməsi zəruri addımdır. Ancaq xəstə­li­yin ən kəskin təzahürü zamanı, əlbəttə, cərrahiyə əməliyyatı qa­çıl­maz olur. Lakin terrorun kökünü kəsmək üçün cərrahi üsul ki­fa­yət deyil. Onu müalicə yolu ilə həmişəlik aradan götürmək la­zım­dır. Baş­qa sözlə desək, Amerikada törədilmiş terror aktına ca­vab ola­raq və qəzəblənmiş əhalinin istəyini yerinə yetirmək üçün ope­ra­tiv təd­birlər həqiqətən görülməli idi. Lakin, həqiqi döv­lət­çilik məf­ku­rəsi daha dərin təhqiqatlar aparılmasını və terrora rəvac verən real ictimai proseslərin və ideoloji kursların aşkar edilməsi və aradan qaldırılmasını tələb edir.


* * *
Cəmiyyətin ümumi yaradıcılıq potensialı heç də sonsuz deyil. Ümumictimai intellektual potensialın cəmiyyətin təşkilatlanma­sı­na və təbiətin məqsədyönlü surətdə dəyişdirilməsinə, təbii enerjinin insan maraqlarına yönəldilməsinə sərf olunması da itkisiz həyata keçirilə bilir. İdeyadan praktik təcəssümə gedən yolda səmərəsiz məsrəflər də olur. Təbiətdə enerji itkisinin qarşısını almaq müm­kün olmadığı kimi, intellektual enerjidə də itkilər labüddür. Lakin bu itkilər hara sərf olunur? Və burada faydalı iş əmsalını artırmaq nəyin sayəsində mümkündür? Təbiətşünaslar neçə əsrdir ki, bu problem üzərində çalışır və xeyli uğur əldə edə biliblər. Lakin cə­miyyətdə bu problem, demək olar ki, öyrənilməmişdir.

Öz kökü olmayan və şitilin gövdəsindən çıxan bic zolaqlar vaxtında qırılıb atılır ki, enerji əsas gövdəyə getsin və bar almaq mümkün olsun. Əks təqdirdə enerji çoxlu sayda zolaqlara paylan­maq­la heç bir istiqamətdə bar vermək üçün yetərli olmur. Cə­miy­yə­tin inkişafında da ideyadan praktik məqsədə gedən yolda, bütün dön­gələrə dönməklə əsas məqsədə gedib çıxmaq olmaz. İctimai inki­şafın ana xətti bütövlükdə bəşəriyyətin təbiəti daha çox dərə­cə­də özünə tabe etməsi, təbii enerji ilə daha çox dərəcədə silahlana­raq güclənməsi ilə bağlıdır. Lakin bu proses həm də cəmiyyətin təşkilatlanması və vahid məqsəd ətrafında birləşməsini tələb edir. Bütün bəşəriyyətin vahid bir ideya ətrafında birləşməsi və ayrı-ayrı insanların səylərinin vahid davamlı inkişaf prosesində birləşdiril­mə­si hələ ki, mümkün olmamışdır. İnsanların ümumbəşəri təhlü­kə­lərin aradan qaldırılması, qlobal problemlərin həlli uğrunda vahid cəbhədə fəaliyyət göstərməsi ancaq son dövrlərdə aktuallıq kəsb etmiş, lakin buna nail olmaq hələ mümkün olmamışdır.

Ümumiyyətlə, bəşər tarixində müxtəlif xalqların və insan nə­sil­lərinin vahid bir inkişaf prosesində təmsil olunması və bu birgə səy nəticəsində əldə olunan dəyərlər sivilizasiyalar adlanır. Bu bö­yük sivilizasiyalardan kənarda məhdud sayda insanların nisbətən kiçik dövr ərzində birgə fəaliyyətinin nəticələri də, şübhəsiz ki, nə­zə­rə alınmalıdır. Belə lokal dayanıqlı inkişaflar daha böyük miqyaslı proseslərlə, bəşəriyyətin ali məqsədlərini ifadə edən böyük ictimai fəaliyyətlərlə – sivilizasiyalarla üst-üstə düşmədikdə bəzən ona əngəl törədir və hətta antisivilizasion proseslərə çev­rilir...

Deyirlər ki, başqa planetlərdən gəlmiş və bizdən daha şüurlu varlıqlar Yer əhalisinin fəaliyyətinə nəzarət edir və kritik məqam­lar­da bu proseslərə müdaxilə edərək onu yoldan çıxmaqdan qoru­yur­lar. Bu fərziyyənin düz olub-olmadığını deyə bilmərik. Lakin Yer planetinin özündə bütövlükdə bəşəriyyəti və onun ali məqsə­dini təmsil etməkdə daha çox imkanları və haqqı olan ictimai bir­lik­lər – dövlətlər var. Sivilizasiyanın önündə gedən və bələdçilik məsuliyyətini üzərinə götürən belə dövlətlər təkcə öz xalqlarını de­yil, bütövlükdə Yer sakinlərinin, bəşəriyyətin taleyi üçün məsuliy­yət daşıyırlar. Lakin heç də bütün xalqlar və bütün ölkələr bə­şəriy­yət qarşısında duran qlobal problemlərə xidmət etmək, ictimai inkişafı daha dayanıqlı etmək və təbiətlə üz-üzə dayanan insanın öz gələcəyini daha böyük şansla müəyyən etmək istiqamə­tin­­dəki səylərə və proseslərə qatılmırlar. Buna onların elmi-texniki in­kişaf səviyyəsimi, intellektual potensialımı, yoxsa optimal ictimai təş­kilatlanma səviyyəsimi imkan vermir – bu ayrıca bir məsələdir. Real­lıq isə bundan ibarətdir ki, bu gün Yer planetində ən qabaqcıl ölkə sayılan Amerika Birləşmiş Ştatları başqa ölkələrə təkcə elmi-tex­niki və iqtisadi potensialını artırmaqda və ümumi sivilizasion pro­seslərə qatılmaqda deyil, həm də ictimai təşkilatlanmanın daha mü­tərəqqi üsullarına, demokratik inkişaf formasına yiyələnməkdə kö­məklik göstərməyə çalışır. Super­dövlətin bu səyləri bəzən dünya im­perializmi, militarizm və birqütblü qloballaşma aspektindən izah edilir. Halbuki, bu köməklik öz iradəsini başqasına qəbul et­dir­mək yox, başqasının da ümumictimai proseslərdə iştirak edə bil­­mək üçün düzgün istiqamətə yönəldilməsi kimi dəyərləndirilə bilər.

Lakin dayanıqlı inkişaf prosesinə, sivilizasiyaya, qlobal prob­lemlərin həllinə yönəldilmiş ümumictimai səylərlə yanaşı, əldə olun­muş elmi-texniki nailiyyətlərdən digər məqsədlər üçün istifadə edən­lər də vardır. Böyük elmi-texniki nailiyyətləri və onların törə­mə­si olan müasir tipli siahları antisivilizasion qüvvələrdən qoru­yub saxlamaq heç də asan iş deyil. Ümumi gövdədə bitən bic zo­laq­lar kökdən gələn qidanı bəzən daha çox sovurub alır. Sivili­za­si­ya­dan bəhrələnən, lakin ona qarşı yönələn qüvvələr şitillərdəki bic zo­laq­lar kimi vaxtında qırılıb atılmalıdır. Biz bu prosesi hətta xər­çəng xəstəliyi ilə müqayisə edə bilərik. Beynəlxalq terror orqa­niz­min enerjisini mənimsəyən, lakin onun əsas funksiyalarına xidmət et­mə­yən, nəticə etibarilə orqanizmi zəiflədən və məhvə sürükləyən xərçəngi də xatırladır.

11 sentyabr terroru məhz sivilizasiyanın ən yüksək nailiyyət­lə­rinə əsaslanması ilə, yüksək elmi-texniki nailiyyətlərdən istifadə ilə səciyyələnirdi. Və buna görə də sivilizasiyanın özündə xərçəng kimi qiymətləndirilə bilər. Bizcə bu ictimai xərçəng daha qorxulu bir xəstəlikdir. Və təbiblər hələ xərçəngin dərmanını tapana qədər bu ictimai xərçəngin dava-dərmanı tapılmalı, onun qarşısı ümum­bəşəri səylərlə alınmalıdır.

İctimai inkişafın öz dialektikasından çıxan və yeni total si­lah­lanmanın mutasiyası olan bu sosial bəlanın səbəblərini hansı isə dini əqidələrdə axtaranlar, heç şübhəsiz, ünvanı səhv salırlar. Sivi­li­zasiyada xəstəlik olan bu hadisə bütün sivilizasiyanı, bütün bə­şə­riy­yətin birgə səyləri ilə aradan qaldırılmalıdır. Həm də zəruri cər­ra­hiyyə əməliyyatları ilə yanaşı və ondan daha çox dərəcədə tera­pev­tik müalicə üsulu ilə. Mən hələ 11 sentyabrın ilk təəssüratı ilə 11 oktyabrda yazdığım məqalədə bu hadisənin miqyasının Bin-Laden­lərlə məhdudlaşdırılmasının əleyhinə çıxış etmişdim. Bu müd­hiş hadisənin, bütövlükdə beynəlxalq terrorun həqiqi böyük miq­yasını dərk etmədən, onun səbəblərini ictimai inkişafın öz da­xi­lində arayıb tapmadan və aradan qaldırmadan lokal cərrahiy­yə əmə­liyyatları məqsədə nail olmaq üçün əsla kifayət deyil. Və hətta bu əməliyyatlara uyaraq əsl səbəblərin arxa plana keçməsi, bəşə­riy­yətin özünüdərk prosesinin və beynəlxalq miqyasda ictimai təş­ki­latlanmadakı nöqsanların araşdırılması zərurətinin yaddan çıxa­rıl­ması qorxulu bir haldır.

Bizcə fəlsəfəyə qayıtmağın əsl vaxtıdır. Bəşəriyyət özünü dərk etmədən hansı proseslərin sivilizasion, hansıların isə antisi­vi­li­za­sion olduğunu müəyyənləşdirmək çətin olacaqdır.

Yeni dövrün fəlsəfəsi bütün xalqların birgə səyi ilə yaradıl­malı və qloballaşma şəraitində ümumbəşəri idealları əks etdirən bu fəlsəfəyə uyğun olaraq siyasi və hüquqi üstqurum daha da təkmilləşdirilməlidir.

XXI əsr bir sıra yeni əlamətlərlə səciyyələnir. Bir çox anla­yış­lar öz ənənəvi məzmunundan kənara çıxaraq yeni məna kəsb edir.

Sülhün də, müharibənin də yeni formaları, əslində əvvəl­kin­dən köklü surətdə fərqli, mahiyyətcə yeni hadisələr ortaya çıxır.

Total müharibədən fərqli olaraq, indi dövlətə qarşı müna­si­bət­lə xalqa, əhaliyə qarşı münasibət arasında fərq qoyulur. Dövlət qurumlarına, hərbi obyektlərə bomba zərbələri endirilir, dinc əha­li­yə isə maddi yardım, qida paketləri atılır. Bu, bir növ əks­lik­lə­rin yeni məzmunlu vəhdətidir. Dövlətçilik şüuru ilə, hüquqi təfək­kür­lə, beynəlxalq normalarla bahəm humanitar təfəkkürün, insan hüquqlarının qoşa mövcudluğu faktıdır.



Lakin XXI əsr üçün bu da azdır. Bizcə, yeni əsr ümumiyyətlə müharibəyə, ümumiyyətlə terrora, ümumiyyətlə silaha qarşı yönəl­dilmiş yeni ideologiyanın təntənəsi əsri olmalıdır.

1 C.Angelo Corlett. Terrorism. A Philosophical Analysis. Kluwer Academic Publishers. 2003. p. 48.

1 İlham Əliyev. AŞPA-da çıxış. Strasburq, 25 sentyabr, 2001-ci il. // Sivilizasiya və terror. Bakı, 2002, səh. 17.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə