3 ŞƏrq və QƏrb siVİLİzasiyalari: MİLLİ VƏ DİNİ aspektləR




Yüklə 115.86 Kb.
tarix26.04.2016
ölçüsü115.86 Kb.


3-1. ŞƏRQ VƏ QƏRB SİVİLİZASİYALARI:

MİLLİ VƏ DİNİ ASPEKTLƏR




..., Qərbdə İslamın təbiəti barədə bir sıra anlaşılmazlıqlar olsa da, mədəniy­yə­timizin və sivilizasiyamızın İslam dün­ya­sına nə qədər çox borcu olduğunu unutmamalıyıq.

Prins ÇARLZ
Çağdaş Şərq və Qərb dəyərlərini müqayisə etmək, onların nis­bə­ti və optimal münasibət formaları haqqında fikir yü­rüt­məz­dən əvvəl bu dəyərlərin hansı tarixi inkişaf yollarını keçməsinə və tarix boyu hansı nisbətlərdə olmasına qısa nəzər salaq.

Elmin, mədəniyyətin, ilk bəşəri dəyərlərin beşiyi olmuş Qo­ca Şərq e.ə. I minilliyin I yarısında öz əvvəlki inkişaf tempini və ön­cül mövqeyini tədricən itirmiş, Qədim Yunanıstan elm və mədə­niy­yətin inkişafı sahəsində irəli çıxmışdır. Lakin antik sivilizasiya boş yerdə yaranmamış, Qədim Şərq sivilizasiyasından bəhrələnmişdir. Roma imperiyasının süqutu ilə bəşər tarixində misilsiz rol oynamış antik elm və mədəniyyət də süquta uğramış­dır. Lakin imperiyalar dağılsa da onlardan miras qalmış dəyərlər tarixin yaddaşına köçərək yenidən dirçəlmək üçün əlverişli məqam gözləmişdir.

Antik sivilizasiyadan sonra bəşər tarixində ən par­laq dövr is­la­mın yaranması ilə başlanmışdır. Elm və mədəniyyətin inkişaf mər­kəzi yenidən Şərq dünyasına köçmüşdür. Bu dövrdə islamla sıx surətdə bağlı olan yeni sivilizasiya dalğası özündən əv­vəlki el­mi nai­liyyətlərin, mədə­ni-mənəvi dəyərlərin dağılma­sına yol ver­mə­miş, onları qo­ruyub saxlamış, inkişaf etdir­miş və Qərb dünya­sı­nın ye­ni intibahı üçün zəmin yaratmış­dır. Renessans rüşeymi məhz bu zəmində pöhrələnmiş və Qərb sivilizasiyasının əsası qo­yul­muşdur. İndi bir çox tədqiqatçılar artıq Qərb sivilizasiyasının da tənəzzü­lün­dən, süqutundan danışırlar.

Beləliklə, tarixə ötəri ekskurs göstərir ki, ictimai tərəqqidə hər bir yeni inkişaf dalğası Şərq və Qərb dəyərlərinin sintezi sa­yə­sin­­­də müm­kün olmuşdur. Lakin təəssüf ki, estafet Qərbə keçdik­dən sonra Şərq ölkələri müasir dövr üçün məqbul olan yeni bir sin­tezin formulunu hələ də tapa bilməmişdir. Düzdür, lokal miq­yas­larda, məsələn, Yaponiya timsalında belə optimal sintez nü­mu­­nələri mövcuddur, lakin bu proses hələ qlobal miqyas almamışdır.

Əgər “sivilizasiya” anlamı dini dəyərlərlə sıx bağlı olsaydı, on­da müxtəlif dinlərə uyğun olaraq müxtəlif sivilizasiyalardan da­nış­maq olardı. Onda xristian sivili­za­siyası “İncil”lə, islam sivili­za­si­yası “Quran”la yaşıd olardı. Və ancaq bu halda, dini-əxlaqi də­yər­lər ön plana çəkildikdə, müəyyən dövrlər üçün geriyə hərə­kət­dən də danışmaq olardı. Çünki bəşəri inkişafın bir çox mühüm mər­hələləri, həm də məhz sivilizasiya anlamı ilə daha çox səsləşən mərhələləri dini dəyərlərə yaxınlaşmaq deyil, onlardan uzaqlaşmaq meyli ilə bağlıdır.

Sivilizasiyanın əsas şərti kimi şəhərlərin və ilk dövlətlərin yaranmasını götürsək onun yaşı qədim Şərq tarixi ilə başlanardı. Yaxud sivilizasiya üçün ilkin şərt “Homo sapiens”in formalaşması və ilk əmək alətlərinin düzəldil­məsini götürsək, sivilizasiyanın yaşı tarixin özü ilə eynilə­şərdi. Çünki belə başa düşüldükdə, sivilizasi­ya­dan ancaq tarixdən əvvəlki dövr üçün danışmaq olmaz.

Lakin biz sivilizasiyanın ənənəvi və bizim fikrimizcə daha düz­gün anlamından çıxış etsək, o, milli və ya dini səciyyə daşımaq­dan daha çox ümumbəşəri səciyyə daşıyır. Sivilizasiyanın əsasında əmək bölgüsü dayanır. Bir-birini təkrarlayan insanlardan daya­nıq­lı olması üçün insanlar fərqlənməli və bir-birini tamamlamalı idi­lər. Hər bir insanı bütöv, mükəmməl, özünə qapanan sistem kimi gör­mək istəyən Şərq idealı Qərbin dar ixtisaslaşma ilə yarımçıq­laş­mış insanların müəyyən qayda ilə birləşmə­sindən alınan yeni ahəng, yeni kamillik, lakin artıq fərdi deyil, ictimai kamillik idealı ilə bir o qədər də uzlaşmır.

Bizcə, sivilizasiyanın istiqaməti insandan cəmiyyətə doğru yö­­nəlmişdir. Sivilizasiya hər şeydən öncə cəmiyyətin təşkilatlan­ma­sı və kamilləşməsi prosesidir. Bu baxımdan onun Şərq dəyərləri ilə müqayisəsi ilk növbədə cəmiyyətlə insanın münasibətini xatırladır. Kamil cəmiyyə­tə doğru gedən vahid, bütöv bir proses və kamil insan idealının gerçəkləşmə cəhdlərindən iba­rət mənəvi inti­bahlar və sıçrayışlar toplusu...

Əlbəttə, hər bir real hadisə yeganə bir mahiyyətdən yox, müxtəlif səviyyəli və çeşidli mahiyyətlərin qarışığından ibarət olur. Məhz ona görə də hadisələr səviyyəsində elmi söhbət aparmaq mümkün deyil. Sivilizasiya da böyük miqyaslı, mürəkkəb ictimai hadisə olmaqla hər hansı bir xalis ideyanın (mahiyyətin) maddi təcəssümündən fərqlidir. Lakin bununla belə o Şərq dəyərləri ilə müqayisə olunarkən daha çox dərəcədə bir Qərb hadisəsi kimi özünü göstərir. Düzdür, sivilizasiyanın əsası Şərqdə qoyulmuşdur, lakin mahiyyətcə o, daha çox Qərb hadisəsidir. Necə ki, xristianlıq əsasən Qərbdə yayılsa da, mahiyyət etibarı ilə Şərq hadisəsidir. Bu baxımdan, biz “İncil”lə və “Quran”la başlayan dəyərləri öz arala­rın­da tərəfmüqabil kimi deyil, sivilizasiya ilə tərəf müqabil olan eyni dəyərlər sistemi kimi götür­məyin tərəfdarıyıq. Əlbəttə, bura­da­kı “eyniyyət” nisbi xarakter daşıyır, belə ki, xristianlıq və islam öz aralarında müəyyən fərqlərə malikdir. Lakin böyük miqyasda ya­naşdıqda və sivilizasiya ilə qarşılaşdırıl­dıqda onlar hər ikisi bir din olaraq məhz Şərq dəyərlərini təmsil etməklə vahid cəbhədə dayan­mağa məhkumdurlar.

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəc­rid və qloballaşma arasın­da­kı optimal nisbətin tapılmasıdır. Qlo­bal­laşma prosesi elm, texnika, texnolo­giya ilə – ümum­bə­şəri dəyər­lər­lə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də si­rayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qə­rəzsiz olaraq – fərqi yoxdur. Belə bir şə­rait­də ilk növbə­də nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü su­rət­də ənənəçi, konservator olmağın labüdlüyünü məhz ziyalılar müəyyənləşdirmə­lidir. Yeri gəl­mişkən əsrin əvvəlində bizim böyük ziyalıla­rımız orientir kimi “türkçülük, islamçılıq və müasirliyin vəhdəti” prinsipini tövsiyə edirdilər.

Bizcə, ilk növbədə meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealı­mız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və ideal prizmasından, onun əsa­sın­da forma­laşan meyarlardan çıxış edərək yanaşmaq lazımdır. “Soykökə qayıdış” çağırışında qorxulu olan məqam bun­dan iba­rət­dir ki, biz keçmişimizdə olan istənilən keyfiy­yəti milli invariant ki­mi və pozitiv cəhət kimi qə­bul edə bilmərik. Həqiqi milli keyfiy­yət­lər milləti yaşadan, onu inkişaf etdirən key­fiy­yət­lər­dir. Bu ba­xım­dan keçmişimiz­dən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xid­mət edən cəhətləri yaşatmaqdansa onlardan xilas olmaq yolu tu­tul­malıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin həqiqi, nəyin sax­ta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu gü­nü­müzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik.

Ərazinin tarixi, xalqın tarixi, millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən məsələyə milli şüur prizmasından baxmaq çətin­dir. Minilliyin və yüzilliyin əsas səciyyələrini vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi heç olmazsa ən ümumi şəkildə nəzərə alın­ma­lı­dır. Etnik qrupların bütöv bir millət halında forma­laş­­ması prosesi daha çox dərəcədə əvvəlki minilliklərə aid bir mə­sə­lədir. Son minillik Azərbaycanda etnik-milli baxımdan türk tə­fək­kürü və türk həyat tərzi ilə; dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi ilə səciyyələnir. Beləliklə, yola saldığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaş­mışdır. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər təsir gös­tər­mişdir. Bu baxımdan, axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Rusiya amili isə öz növbəsində iki istiqamətə ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqa­tiv təsir; anti-milli, anti-türk siyasəti. İkincisi, ümumbəşəri dəyər­lərlə əlaqə baxımından pozitiv məqamlar, Qərbə açılan pəncərə, Qərb sivilizasiyası ilə tanışlıq. Bu amil axırıncı yüzilliyin həm inqi­la­ba­qədərki dövrünə, həm də sovet perioduna aiddir. Sovet pe­riodunun əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüur­­­ların ideologiya çərçivəsinə salınması, digər tərəfdən isə əha­li­nin savadlılıq dərəcəsinin artması ilə əlamətdardır. Son yüzil­li­yin axı­rıncı on ili isə milli şüurun intibahı və milli özünüdərk isti­qa­mə­tin­də axtarışlarla əla­mət­dardır. Belə ki, yeni yüzilliyə biz milli özü­nü­dərk və milli dövlət quruculuğu əzmi ilə, döv­lət­çilik təfəkkürü­nün intibahı şansı ilə qədəm qoyuruq.


* * *
Çox vaxt Avropa ölkələrinin elm və texnologiya sahəsində in­kişaf etməsi, İslam dünyasının isə müqayisədə geri qalması faktın­dan çıxış edərək bunu xristianlıq və islam dini ilə əlaqələn­dir­məyə çalışırlar. Elmi təhlil əvəzinə ideologiyalaşdırılmış, psev­do­elmi mülahizələr söylənməsinə tez-tez rast gəlmək olur. Lakin XX əsrin Parsons, Xantinqton kimi görkəmli sosioloqlarının da bəzən belə mövqedən çıxış etməsi təəccüb doğurmaya bilmir.

Əslində, xristianlığın da, islamın da elmə münasibəti yaxşı mə­lumdur. Xristianlıq yarandığı vaxtdan azadfikirliyin və elmi tədqi­qatın əleyhinə olmuşdur. Xüsusən, xristianlıq sosial bir ha­di­sə kimi formalaşdıqdan sonra din xadimləri özlərinin cəmiyyətdəki möv­qeyini qoruyub saxlamaq üçün onların doqmalarından kə­nar­da hər nə varsa qeyri-qanuni və qəbahət hesab etmişlər.

İnkvizisiya məhz xristianlığın törəməsidir.1

İslam isə yarandığı vaxtdan nəinki elmə qadağa qoymamış, hətta insanları elmi fəaliyyətə sövq etmişdir. İslam dini öz təsir dairəsini də daha konkret müəyyənləşdirmiş, insanların ancaq mənəvi aləmi və həyat tərzini müəyyən etməklə, onların peşə və ixtisas fəaliyyətlərinə bilavasitə nüfuz etməyə çalışmamışdı. Məhz buna görə də islamın yarandığı və yayıldığı ilk əsrlərdə elm sürətlə inkişaf etmiş və əvvəlcə ərəb ölkələri, sonra isə bütün islam dün­ya­sı elmin inkişaf səviyyəsinə görə dünyada ən qabaqcıl mövqe tut­muş­lar. Böyük din xadimləri eyni zamanda böyük elmi kəşflər et­miş, elmin bir sıra sahələrini inkişaf etdirmişlər. Əl-Kindi, Əl-Xa­rəz­mi, Fərabi, Biruni, Ömər Xəyyam, İbn-Sina, Nəsirəddin Tusi, İbn-Ruşd, Uluğbəy və s. riyaziyyatın, astronomiyanın, mexanika­nın, fiziologiyanın, təbabətin, fizikanın, kimya­nın inkişafında mi­sil­siz xidmətlər göstərmiş və bir çox sahələrdə müasir elmin tə­mə­li­ni qoymuşlar. Bu həmin dövr idi ki, Roma imperiyasında xris­tian­lıq qəbul olunduqdan sonra elm və mədəniyyətin, texnologiyanın inkişafında min illik bir pauza yaranmışdı və antik elmin və mədə­niy­yətin estafetini ərəblər əllərinə götürmüşdürlər.

Ancaq xristianlığın yaranmasından 1400 il, islamın yaranma­sın­dan isə 700 il keçdikdən sonra dünyada elmi-texniki inkişafın, sivi­lizasiyanın gedişatında yeni bir dönüş yaranmağa başladı. Bu, Avro­pada renessans dövrü idi. XV-XVI əsrlərdə Avropa xristian­lı­ğın ehkamları ilə daban-dabana zidd yeni düşüncə tərzinə hamilə ol­muş­dur. İnkvizisiya ilə azad fikirliliyin iki-üç əsrlik qanlı müba­ri­zə­si, nəhayət ki, elm və dinin bir-birindən ayrılmasına və yeni dü­şün­cənin, yeni Avropanın doğulmasına gətirib çıxartdı. Yeni Avro­panın təməlçilərindən biri olan Frensis Bekon artıq xristian ideo­loqu deyildir. Avropada xristian ehkamlarından kə­nar­da ta­mam­ilə müstəqil bir həyat başlanırdı. Xristianlıq isə daha çox dərəcədə simvolikləşdirilərək, ayrı-ayrı şəxs­lərin vicdan işi kimi məh­­dud dairəyə salınmış, dövlət işindən və ictimai tərəqqinin apa­rı­cı xəttindən uzaqlaş­dırılmışdır.

Məhz elmin dindən azad olaraq tam müstəqil ictimai hadisə kimi formalaşması, insanların ikiləşməsi və elmə münasibətlə dinə münasibəti öz daxillərində ayrı-ayrılıqda yaşatması elmin tam azad inkişafı üçün meydan açan amillərdən biri oldu.

Şərqdə isə din elmə aşkar şəkildə mane olmadığından, onlar hələ də birlikdə addımla­yır. Məhz islam dininin elmə qarşı loyal­lı­ğı, liberallığı, dözümlülüyü elmin uzun əsrlər boyu di­nin təsir dai­rə­sində qalmasına imkan yaratmışdır. Dində heç də düşmən gör­mə­yən elm onun sər­həd­lə­rindən çox da kənara çıxmağa ya çalış­mır­dı, ya da... Sonrakı əsrlərdə üləmalar pey­ğəm­bərlərdən daha çox «dindarlıq» nümayiş etdirərək, insanları dini ehkamlardan da­ha çox ası­lı vəziyyətə salmaq üçün özlərinin düzəltdikləri, icad et­dik­ləri yeni qaydalar və qadağalarla ağır­laşdırmışlar. Eyni hal xris­tian­lıqda da baş verdiyindən «Roma Papasından daha çox katolik olan­lar» haqqında məşhur frazanın yaranmasına səbəb olmuşdur. Nəticədə mahiyyət etibari ilə elmə qarşı olmayan islam dini də getdikcə mötəci rol oynamağa başlamış və elmi öz hüdudları çərçi­və­sində saxlamağa çalışmışdır.

Bəli, nə qədər paradoksal görünsə də, Şərqdə elmin geniş as­falt yola çıxa bilməməsinin sə­bəbi islamın elmə düşmən mövqeyi de­yil, əksinə, yaxşı münasibət bəsləməsi idi. Və bu yaxşı mü­nasibət el­min dindən tamamilə imtina edərək, yeni sürət yoluna çıxmasına im­kan verməmişdir.

Bəli, elm mahiyyəti etibarilə dindən fərqli bir hadisədir. O, di­nə zidd deyil, sadəcə olaraq, dindən fərqli bir müstəvidədir. Əs­lin­də, onlar bir-birinə qarşı dayanmamalıdır, çünki onların yolu kə­siş­mir, toqquşmur. C.Əfqani Şərqdə elmə münasibətin necə yolverilməz bir məqama çatdığını vurğulayaraq yazır ki, dinlə bağlı tədqiqatların xüsusi elm sahəsi kimi ön plana çəkilməsi və dəqiq elmlərin «Avropa elmləri» kimi dəyərləndirilməsi əslində müsəlman dünyasının özünü ümumbəşəri elmi tərəqqidən ayırmasına gətirib çıxarır. Belə birtərəfli mövqe əslində orta əsrlərdə ərəbdilli təbiətşünas alimlərin dünya elminə verdiyi töhfələrdən də könüllü surətdə imtina edilməsi deməkdir.

Elm ilə din arasında ziddiyyət, qarşıdurma o zaman yaranır ki, elm öz yolundan kənara çıxaraq inamı əvəz etmək istəyir, Al­la­hın varlığını və ya yoxluğunu isbat etmək iddiasına düşür. Digər tə­rəfdən, din də o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadi­səsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dün­yada gedən proseslərin izahını vermək iddiasına düşür.

Bəli, idrak və inamın hər biri öz işi ilə məşğul olduqda gö­zəl­dir. Başqasının sahəsinə keçdikdə isə mürtəceləşirlər. (Bu iki sahə­nin qarşılıqlı əlaqəsi isə elmin və dinin yox, fəlsəfənin problema­ti­ka­sına aiddir.)

Bəlkə də, öz mahiyyətlərinə istinad etsəydilər, nə elm dinin işinə, nə də din elmin işinə qarışardı. Lakin onlar sosial hadisəyə çevrildikdən sonra, həmin sosial qurumların və onları təmsil edən in­sanların mənafeləri, şəxsi maraqları bu qarşıdurmanın yaradıl­ma­sına gətirib çıxarmışdır...

Bu prosesləri istər sosial, istərsə də qnoseoloji müstəvidə izah etmək çətin deyil. Lakin nə üçünsə hələ də müsəlman ölkələrində müəyyən ideoloqlar həyatın bütün sahələrini dinlə əvəz etməyə çalışır, dini insanın fərdi mənəviyyatından kənara çıxararaq sosial­laş­dırır, siyasiləşdirir, ideologiyalaşdırırlar. Bir sözlə, dini öz şəx­si ma­raqları üçün alətə çevirirlər. Qərbdə də dövlətin və elmin dinlə əla­qəsi çoxdan kəsildiyi halda, elə ideoloqlar çıxır ki, onlar tərəq­qi­nin səbəbini öz dinlərində, başqalarının geriliyinin səbəblərini də on­ların dinində “axtarırlar”. Lakin bu axtarışların elmdən uzaq, ideoloji yönümü şübhəsizdir.

Bizcə, dinlərin ideoloji və siyasi məqsədlər üçün istifadə olun­ma­sının qarşısı mütləq alınmalıdır. Qarşısı alınmasa – bütün tə­rəf­lər ziyan çəkəcək. Bəşəriyyətin qalxmış olduğu yeni imkanlardan yeni səlib yürüşləri və yeni qlobal inkvizisiyalar üçün istifadə edilməsi yolverilməzdir.



1 Bax: И.Р.Григулевич. Инквизиция. М., Полиздат, 1985; Генри Чарльз Ли. История инквизиции в средние века. Смоленск, «Русич», 2002.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə