2011-ci il Dövlət Büdcəsinə dair Milli Büdcə Qrupunun Rəyi




Yüklə 17.38 Kb.
tarix20.04.2016
ölçüsü17.38 Kb.

___________________________________________________________________________


2011-ci il Dövlət Büdcəsinə dair

Milli Büdcə Qrupunun Rəyi”açıqlanıb
tədbirin keçirildiyi ünvan və tarix:

Avropa oteli, Baku Ball room zalı


8 dekabr, 2010-cu il

saat 11:00-13:00


Milli Büdcə Qrupu (MBQ) bir neçə gün əvvəl prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanunu nəzərdən keçirmiş, büdcənin formalaşdırmasına təsir edən, o cümlədən tendensiya halını alan hadisələri tədqiq etmiş və müstəqil Rəy hazırlamışdır. Tədqiqatın və Rəyin bu gün keçirilən təqdimatında MBQ-nun koordinatoru Rəna Rzayeva qeyd etdi ki, Qrup 2006-cı ildən dövlət büdcəsi prosesinə: büdcə layihəsinə, büdcəyə edilən dəyişikliklərə, icra edilmiş büdcə ilə bağlı Hesablama Palatasının rəyi və hökumətin hesabatına dair müstəqil rəy hazırlamışdır. Xanım Rzayeva bildirdi ki, bu ildən MBQ büdcə prosesinə dair bu sahədə müxtəlif tendensiyaların, onların səbəblərinin, müvafiq göstəricilər və büdcəyə təsir edən amillər arasında münasibətin, səbəb-nəticə əlaqələrinin göstərilməsi və s. təhlilləri, o cümlədən siyasət təkliflərini əhatə edən daha çox araşdırma xarakterli tədqiqat sənədinin və onun üzərində qurulan rəyin hazırlanmasını hədəf qoymuşdur.

Tədqiqat və Rəyin hazırlanması üzərində çalışan MBQ iqtisadçı ekspertləri Kənan Aslanlı və Qubad İbadoğlu tədqiqatın 2011-ci il dövlət büdcəsi haqqında qanunu və onunla bağlı prosedural xarakterli məsələləri, ötən illərlə müqayisədə büdcənin tərtibatında aşkar edilən tendensiyaları və digər müqayisələri əhatə edən təhlili xarakterli araşdırma üzərində formalaşdırıldığını qeyd etdilər. Ekspertlərin çıxışında dövlət büdcəsinin neft sektorundan artan asılılığının fiskal dayanıqlılıq aspektindən təhlili və belə asılılığın doğuracağı fiskal risklərin göstərilməsi; əhəmiyyətli vergi növləri üzrə mədaxildə azalmanın və ya artımın vergi dərəcləri dəyişiklikləri ilə və ya digər müvafiq iqtisadi hadisələrlə səbəb-nəticə əlaqələrinin ortaya çıxarılması; dövlət büdcəsi ilə büdcədənkənar fondların (habelə məqsədli fondların) qarşılıqlı münasibətinin təhlili; büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və təyinatsız qalan xərclərin artımının təhlili; Açıq Büdcə İndeksi 2010-un nəticələri aspektindən Azərbaycanda büdcə şəffaflığının təhlili; nəticə və tövsiyyələr və s. məsələlərinə toxunulmuşdur.

Ekspertlər qeyd etdilər ki, 2011-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən gələn ilin dövlət büdcəsinin gəlirləri 12.061 milyard manat nəzərdə tutulur ki, bu da həmin ilin ÜDM-nin 30%-ni təşkil edəcək. ARDNF-dən dövlət büdcəsinə transfertlər 9.6% artaraq 6.480 milyard manatla büdcənin əsas gəlir mənbəyinə çevrilmişdir. Bu da fiskal dayanıqlılıq riskini getdikcə artırır. Tendensiya halını alan hadisələr sırasına DSMF-nin dövlət büdcəsindən asılılığının çoxalmasını; əhəmiyyətli vergi növləri üzrə mədaxildə azalmasının gözlənildiyini, Büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və ya təyinatsız qalan xərclərin payının artması; parlamentdə büdcə müzakirəsinin formallığının çoxalmasını, “Açıq Büdcə İndeksi 2010”-nun ölkəmizdə büdcə şəffaflığının problemli olmasını göstərməsi, regionların büdcə gəlirlərinin formalaşmasında rolunun azalmasını və s. qeyd etdilər.

Ekspertlər MBQ-nun 2011-ci il dövlət büdcəsinə dair araşdırmasının əsas nəticələrini təqdim edərək, büdcə prosesində müvafiq irəliləyişlərə də toxunub, bu səpkidə nəticələrin yaxşılaşdırılmasına dair MBQ-nun tövsiyyələrini nəzərə çatdırmış və Qrupun hər zaman hökumətlə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırmışlar. Əsas nəticələr və tövsiyyələrə gəldikdə, 2011-ci ilin büdcəsində təsnifatlar vasitəsi ilə açılmayan xərclərin payı əvvəlki illərə nisbətdə artmaqda və detallı büdcə informasiyalarına çıxış məhdudlaşmaqda olduğu halda, MBQ məqsədli büdcə proqramları vasitəsilə təhsil və səhiyyə sahəsində xərclərin bölüşdürülməsi istiqamətində təşəbbüsləri alqışlayır və eyni zamanda mövcud proqram təsnifatının daha detallı təqdimatnı və onun digər xərc maddələri üzrə də tətbqini məqsəduyğun hesab edir.

ARDNF-nin transfertləri hesabına təminatı fiskal dayanıqlılığı riskini çoxalması ilə bağlı MBQ “fond-büdcə” münasibətləri üçün ciddi əsaslara söykənən maliyyə siyasəti direktivinin (fiscal policy guideline) qəbul edilməsini və transferlərin ARDNF aktivlərinin 30%-i həcmində limitləşdirilməsini məqsədəuyğun görür. Dövlət büdcəsinin ARDNF-dən asılılığının artdığı kimi, Dövlət Sosial Müdafiə Fondunun da dövlət büdcəsindən asılılığı tendensiya halına çevrilir. MBQ bu narahatçılığı bölüşərək, ARDNF-dən dövlət büdcəsinə transfer limiti tətbiq olunmaqla yanaşı, sığorta-pensiya sisteminin tətbiqi ilə əlaqədar olaraq dövlət proqramının icrasında nəzərdə tutulan islahat xarakterli tədbirlər (qeyri-dövlət pensiya fondunun yaradılması və s.) sürətləndirilməsini təklif edir.

Araşdırma göstərdi ki, dövlət büdcəsinin bütün fiskal parametrləri kimi büdcə kəsirinin də proqnozlaşdırılmasında problem var. MBQ hesab edir ki, hökümət borclanma siyasəti ilə ümumi fiskal siyasəti mütləq uzlaşdırmalıdır.

MBQ parlamentdə büdcə prosesinin reqlamentləşdirilməsi baxımından təkmilləşdirilməyə ehtiyacın artdığını qeyd edir və yaranmış hüquqi boşluğu doldurmağa, həmçinin bu prosesi daha dəqiq tənzimləmək üçün Milli Məclisi “Büdcə Məcəlləsi”nin qəbuluna və bu sahədə MBQ ekspertləri tərəfindən artıq işlərin başlanılmasını qeyd edərək, Qrupla əməkdaşlığa dəvət edir.

Təqdimatda dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri iştirak etmişlər. İştirakçılar tədqiqatın maraqlı və faydalı olduğunu bildirdi, bu mövzuda tədqiqatlara dair maraqlı təkliflər verdi, xüsusilə dövlət büdcəsinə ARDNF-dən transfertlərə dair limitləşdirməyə dair maraqlı sual və şərhlər verdilər.
Əlavə məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Cəfər Cabbarlı küçəsi, 44


Bаkı, Azərbaycan,  Az1065
Caspian Plaza, III. mərtəbə 9
Tel: 437 18 20 (daxili 104)

Е-mail: r.rzayeva@nbg.az;



Web: www.nbg.az; www.budget.az



Milli Büdcə Ofisi Milli Büdcə Qrupunun (MBQ) təşəbbüsüdür və əsaslı iqtisadi tədqiqat və siyasi təkliflər vasitəsilə Azərbaycanın iqtisadiyyatına, Milli büdcə prosesinin keyfiyyətinin artırılmasına və inkişafına dəstək olmaq məqsədini daşıyır. 2006-cı ildən bu günə qədər MBQ ölkədə iqtisadiyyat sahəsində aparıcı ekspertlərin işindən bəhrələnmişdir ve Azərbaycan hökumətinin büdcə layihələrinə və onların icrasına müstəqil rəy irəli sürən yeganə təşkilatdir. MBQ bir sıra analitik məhsul, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinə aid məqalələr, makro-iqtisadi qiymətləndirmələr, təhlili və informativ hesabatlar ve siyasət təkliflərinin müəllifidir.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə