2010-cu IL Dövlət Büdcəsi Layihəsi barədə Milli Büdcə Qrupunun r ə y I




Yüklə 56.99 Kb.
tarix04.03.2016
ölçüsü56.99 Kb.


2010-cu il Dövlət Büdcəsi Layihəsi barədə

Milli Büdcə Qrupunun

R Ə Y İ
Milli Büdcə Qrupu (MBQ) 2010-cu ilin büdcə zərfini diqqətlə nəzərdən keçirmiş və ümumən bu qənaətə gəlmişdir ki, son illərin büdcəsi ilə müqayisədə növbəti ilin büdcəsi kəskin azalma və böyük kəsirin olması ilə müşayiət olunur.

2010-cu il dövlət büdcəsinin gəlirləri cari ilin təsdiqlənmiş büdcə gəlirləri ilə müqayisədə 18,9% və ya 2 340 mln. manat azaldılaraq 10,015 mlrd. manat, xərcləri isə bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 8,8 % və ya 1 091 mln. man. azaldılaraq 11,264 mlrd. manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 249 mlrd. man., və ya ÜDM-in 4% səviyyəsində müəyyənləşdirilmişdir.



Son illərin bir qayda olaraq artan büdcə imkanları fonunda cari ilin 9 ayının büdcəsinin 19% kəsirlə icrası və bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə növbəti ilin büdcə gəlirlərinin 18,9% azalması ölkənin sosial-iqtisadi həyatında ilk ən ciddi sınaq oldu. Hökumət son illərdə ilk dəfə olaraq izafi gəlirlərin necə bölüşdürülməsi problemi ilə yox, yüksək artıma meylli olan büdcə xərcləmələrində vəsait çatışmazlığı problemi ilə üzləşdi. MBQ–nin dəfələrlə qeyd etdiyi kimi, qeyri-adi yüksək templə artırılan büdcə xərcləmələrinin, konyunktura dəyişildikdə, təxminən həmin templə də aşağı düşməsi makro-iqtisadi tarazlığın pozulmasına, dayanıqlı iqtisadi inkişaf meyllərinin heçə enməsinə gətirib çıxarır.

Gəlirlər üzrə

  1. Növbəti ilin dövlət büdcəsinin gəlirləri kəskin azalacaq. 2009-cu ildə dövlət büdcəsinin icrasını şərtləndirən makro-iqtisadi şəraitin gərginləşməsi, qlobal maliyyə böhranının milli iqtisadiyyata mənfi təsiri nəticəsində təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin pisləşməsi Azərbaycan hökümətini 2010-cu il dövlət büdcəsində indiyə qədər mövcud olan artım tempindən imtina etməyə və gələn ilin büdcəsini bu ilki büdcənin beşdə biri qədər azaltmağa məcbur etmişdir. Belə kəskin azalma əsasən 2 səbəblə, ümumi konyukturun pisləşməsi (neft şirkətlərinin gəlirlərinin azalması, qeyri-neft sektorunda ziyanla işləyən müəssisələrin sayının artması, iş yerlərinin bağlanması tempinin yüksəlməsi) və növbəti ilin dövlət büdcəsinin neftin 45 dollar səviyyəsində hesablanması ilə izah oluna bilər. İlk baxışdan belə təəssürat yaranır ki, hökumət sanki bu il üçün qeyri adi səviyyədə yüksək neft qiyməti (1 barrel üçün 70 dollar) bazasında hesabladığı büdcəni növbəti il üçün aşağı qiymət (1 barrel üçün 45 dollar) bazasında hesablayaraq nəinki özünü sığortalamaq, hətta təkrar sığortalamaq niyyəti güdür. MBQ hesab edir ki, növbəti ilin büdcə gəlirlərində nəzərdə tutulan kəskin azalma yeni makro-iqtisadi şəraitin yaradılmasını şərtləndirəcək ki, bunun da nəticəsində hökumət maliyyə, investisiya, pul-kredit siyasətlərinə yenidən baxmaq və onların hər birini azalan büdcə parametrlərinə uyğunlaşdırmağa məcbur olacaq.



  1. Büdcənin neftdən asılılığı artır, müstəqilliyi isə azalır. Hətta büdcə gəlirlərinin hesablanmasında neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq, əksinə büdcə daxilolmalarında neft gəlirləinin payı artır. Belə ki, layihəyə görə 2010-cu il büdcəsinin formalaşmasında başlıca rol Azərbaycn Dövlət Neft Fondunun transfertlərinə məxsus olacaq. Bu mənbədən dövlət büdcəsinə 4,915 milyard manat yönəldiləcək. Neft fondundan dövlət büdcəsinə transfertin həcmi cari illə eyni səviyyədə saxlanılmasına baxmayaraq, bu mənbədən mədaxil büdcə gəlirlərinin 49,1%-ni təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə Neft Fondunun transfertlərinin dövlət büdcəsinin mədaxilində payı 40,4% təşkil edirdi.   Göründüyü kimi, növbəti ilin büdcəsi Neft Fondunun transfertlərindən daha çox asılı vəziyyətə düşəcək. Oktyabrın 1-nə olan məlumata görə, Neft Fondunun aktivlərinin 10,7 milyard manat təşkil etdiyini nəzərə alsaq bu bir tərəfdən büdcənin formalaşmasında başlıca donorun öz öhdəliklərini şübhəsiz yerinə yetirəcəyinə əminlik yaratsa da, digər tərəfdən də büdcəinin müstəqilliyinə və eyni zamanda onun formalaşması prosesində ictimai iştirakçılığa mənfi təsir göstərən amil kimi qiymətləndirilməlidir.



  1. Qeyri-neft büdcə gəlirləri azalır, büdcə kəsiri isə artır. 2010-cu ilin dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə qeyri neft sektorundan 2,45 milyard manat vəsait yığılması proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 620 milyon manat və ya 20,2 faiz azdır. Belə kəskin azalma son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı deyilənlərin heç bir iqtisadi arqumentə çevrilməməsini sübut edir və nəinki büdcənin, bütövlükdə Azərbaycan iqtisadiyyatının gələcəyini tutqun göstərir. Belə ki, müvafiq azalma qeyri-neft büdcə gəlirlərinin ÜDM-də payının da kəskin aşağı düşməsini və qeyri neft büdcə kəsirinin sürətli artımını ifadə edir.



  1. Büdcə gəlirlərinin formalaşmasında vergilər həlledici rolunu itirir. Acınacaqlı hal odur ki, büdcə gəlirlərinin formalaşmasında əsas rolu oynamalı olan vergi mənbəsinin xüsusi çəkisi ilbəil azalır. Belə ki, əgər 2005-ci ilin büdcə daxilolmalarında vergilərin xüsusi çəkisi 74% təşkil edirdisə, 2010-cu ilin büdcə daxilolmalarında bu göstərici cəmi 39,7 % səviyyəsində planlaşdırılır. Onu da vurğulamaq lazımdır ki, növbəti ilə planlaşdırılan vergilərin 38,5% -i neft sektorunun payına düşür. Azərbaycan dövlət büdcəsi klassik “əlverişli iqtisai mühit-vergi artımı-büdcə artımı” həlqəsindən tədricən uzaqlaşaraq, daha çox varlı ərəb neft ölkələrinə məxsus “qeyri vergi ayırmaları-büdcə artımı” sxeminə uyğunlaşır. Hesablamalar göstərir ki, 2010-cu ilin dövlət büdcəsinin mədaxilinin 70 faizə qədəri neft gəlirləri hesabına formalaşacaq. Uzunmüddətli perspektivdə ölkənin dayanıqlı iqtisadi inkişafını təmin etmək baxımından bu tendensiya təhlükəli görünür.



  1. Dövlət büdcəsinin mərkəzləşdirilmış gəlirlərdən asılılığı artır. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 9,55 milyard manatı və ya 95,4 faizi mərkəzləşdirilmış, 0,46 milyard manatı və ya 4,6 faizi yerli gəlirlər hesabına formalaşacaq. Belə nisbət Azərbaycanda dövlət maliyyə sisteminin mərkəzləşdirilmiş gəlirlər üzərində qurulmasının, xüsusilə də Neft Fondundan dövlət büdcəsinə daxil olmaların payının getdikcə artmasının, ən başlıcası isə müxtəlif proqramlar çərçivəsində regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar yatırılan milyardlarla sərmayənin gözlənilən səmərənin verməsəsinin nəticəsi hesab oluna bilər.



  1. Mədaxil mənbələri üzrə birbaşa vergilərdə ciddi azalma müşahidə olunur. Təəssüf hissi ilə qeyd etməliyik ki, birbaşa vergilər arasında kəskin azalma mənfəət vergisinə məxsus olacaq. Bu ilin proqnoz məlumatları ilə müqayisədə gələn il mənfəət vergisi üzrə gözlənilən daxilolmalar 2 dəfə (2009-cu ildə bu mənbədən büdcəyə 2,214 milyard manat gözlənilirdisə, 2010-cu ildə həmin mənbədən 1,096 milyard manat vergi proqnozlaşdırılıb) azalacaq. Nəticədə mənfəət vergisi üzrə daxilolmaların büdcə gəlirlərində payı 10,9% təşkil edəcək. Halbuku bu il üçün müvafiq göstərici 18,2 faiz proqnozlaşdırılmışdı. Növbəti ilin büdcəsində mənfəət vergisindən daxilolmaların az proqnozlaşdırılması Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (bu ilin 9 ayında ABƏŞ-in mənfəət vergisi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 88,2 faiz və ya 1572,7 mln. manat az olub) mənfəətinin azalması, qlobal maliyyə böhranının təsirindən qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” yeni Qanunun təsdiq edilməsi ilə əlaqədar olaraq 1 yanvar 2010-cu ildən mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi ilə izah oluna bilər. Digər birbaşa vergi növü üzrə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar bu ilin proqnoz göstəricinin dördə üçünü təşkil edəcək. Bu illə müqayisədə azaldılması gözlənilən məbləğ 220 milyon manat və ya 25 % olacaq. Növbəti ildə bu mənbədən daxil olmanın az proqnozlaşdırılması qlobal böhranın təsiri nəticəsində xüsusilə də emal, metallurgiya və kimya sənayesində, dünya bazarında neftin qiymətinin gözlənildiyindən aşağı olması və gəlirlərin azalması, eləcə də texnologiyaların yeniləri ilə əvəz olunması nəticəsində neft sektorunda da iş yerlərinin ixtisarı, məcburi məzuniyyət, əmək haqlarının azaldılması və gecikdirilməsi hallarının kütləviləşməsi və eyni zamanda gələn ildən etibarən ikinci şkala ilə ödəniləcək gəlir vergisinin dərəcəsinin 35 faizdən 30 faizə endirilməsi, eləcə də növbəti ilin büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin azaldılması ilə əlaqədar əməyin ödənişi fondunun da aşağı düşməsi ilə əlaqədardır. 



  1. Yerli məhsullara tətbiq edilən aksizlər artır. Belə ki, Azərbaycan Respublikasında istehsal edilmiş məhsullar üzrə aksiz vergisi növbəti ildə bu illə müqayisədə 78 milyon manat və ya 19,9 faiz artacaq və nəticə də bu tədiyə növü büdcənin vergilər üzrə daxilolmalarında 4-cü başlıca paya malik olacaq. Bu mənbədən artımın başlıca səbəbi ölkədə istehsal olunan və ölkəyə idxal olunan aksizli malların dərəcələrinin tədricən eyniləşdirilməsi ilə əlaqədardır. Bunun nəticəsində 2009-cu ilin təyinatı ilə müqayisədə 2010-cu ildə idxala görə aksiz vergisi 11 milyon manar və ya 11,8 faiz azalacaq. MBQ hesab edir ki, yerli aksizli mallara tətbiq olunacaq vergi dərəcələrinin artırılması ölkədə istehsal olunan aksizli malların rəqabət qabliyyətinə mənfi təsir göstərəcək.



  1. Gömrükdən daxil olamalar mütləq ifadədə də azalsa da nisbi ifadədə artır. Belə ki, Dövlət Gömrük Komitəsi üzrə 2010-cu il üçün 1,1 milyard manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2009-cu illə müqayisədə 200 milyon manat və ya 15,4 faiz azdır. Amma buna baxmayaraq büdcə gəlirlərində Dövlət Gömrük Komitsəsinin payı gələn il bu ilə nisbətən 3,7 faiz bəndi çox olacaq.



  1. Qeyri-vergi gəlirləri də azalır. 2010-cu ilin dövlət büdcəsində 2009-cu illə müqayisədə azalan yalnız Vergilər Nazirliyinin və Gömrük Komitəsinin xətti ilə nəzərdə tutulan yığımlar deyil, həmçinin qeyri-vergi gəlirləridir. Belə ki, gələn il bu mənbədən daxilolmalar bu ilin proqnoz göstəricilərinə nisbətən 55 milyon manat və ya 72,1 faiz azalacaq. Bunun başlıca səbəbi səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlərdən daxilolmaların bu illə müqayisədə 46,1 milyon manat və ya 99,8 faiz azalmasıdır. Bu mənfi tendensiya qlobal maliyyə böhranının bank sektoruna, xüsusilə də səhmlərində dövlətin payı olan Beynəlxalq Banka ciddi təsirinin təkzib olunmaz göstəricisidir. Qeyri-vergi gəlirlərinə aid edilən dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 2010-cu ilin dövlət büdcəsinin layihəsində gəlir mənbəyi kimi deyil, dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi göstərilir. Bu isə artan kəsirin maliyyələşdirilməsi mənbələrinin getdikcə tükənməsinin göstəricidir.

Xərclər üzrə

  1. 2010-cu ilin dövlət büdcəsi xərcləri azalacaq. Azalma 2009-cu ilin ilə müqayisədə 8,8% təşkil edəcək və özünü əsasən sosial sahədə, kənd təsərrüfatında, dövlət əsaslı vəsait qoyuluşunda, nəqliyyat və rabitədə, həmçinin ehtiyat fondlarında göstərəcək. Bununla belə, gələn il büdcənin bir sıra xərc maddələri – məsələn, ümumdövlət xidməti xərcləri, hüquq-mühafizə orqanlarının saxlanması xərcləri, Dövlət Sosial Müdafiə Fonduna transfertlər, iqtisadi fəaliyyətlə bağlı xərclər, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu və Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitləri artcaqdır. Çoxsayli vacib sahələrin, məsələn təhsilin, səhiyyənin maliyyələşməsində qeydə alınan enmə böhran dövründə bir tərəfdən başa düşüləndirsə, bu fonda hüquq – mühafizə orqanlarının saxlanılmasına xərcləmələrin 4,9 % artımı heç bir məntiqə sığmır. Bu sahədə son illər baş verən əmək haqqı artımı gözlənildiyin əksinə olaraq korrupsiyanı nəinki azaltmadı, əksinə son zamanlar kəskin artırdı.



  1. Büdcənin azalması daha çox sosial sahədə əks olunacaq. 2010-cü il əmək haqqlarının və pensiyaların artırılması baxımından “sakit il” kimi yadda qalacaq. Əgər gələn ilin büdcəsinin iqtisadi təsnifat üzrə strukturuna nəzər yetirsək, aydın olar ki, əməkhaqqına yönələcək vəsaitlər 2009-cu ili proqnozları ilə müqayisədə az olacaq. 2009-cu ilin büdcəsinin kəsirlə icra olunacağını nəzərə aldıqda, gələn il büdcədən əməkhaqqlarına təxminən bu ilki qədər vəsaitin sərf olunacağı aydınlaşır. Bu isə o deməkdir ki, 2010-cu ildə büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqqılarında elə bir artım olmayacaq. Artımlar yalnız minimal əməkhaqqıların artırılması hesabına ola bilər ki, bu da minimal əmək haqqı səviyyəsində maaş alan vətəndaşlara aid olacaqdır. Gələn il DSMF-ə transferlərin gözlənilən 5,3%-lik artımı minimal pensiya səviyyəsinin artırılmasına yönələcəkdir. 2010-cu ildə təhsilə ayrılan vəsaitlər 2009-cu illə müqayisədə 5,6% az olacaq və bu məktəbəqədər və ibtidai təhsil xərclərinin 1,7%, natamam və orta təhsil xərclərinin 9%, ali təhsil xərclərinin 3,1% və təhsil sahəsindəki digər xidmətlərin xərclərinin 1% ixtisarı hesabına baş verəcək. Gələn il səhiyyə xərclərinin də 5,9% azalması gözlənilir. Azalma poliklinika və ambulatoriyaların xərclərinin 2,8% və səhiyyə sahəsinə aid edilməyən digər xərclərin 18% ixtisarı hesabına baş verəcək. Sosial sahəyə aid olan bir sıra mühüm xərc istiqamətlərinin ixtisarı isə bu həcmlərdə baş verəcək: sosial təminat - 4,9%; radio, televiziya və nəşriyyat - 6,6%; bədən tərbiyəsi, gənclər siyasəti və turizm – 8,7%; kommunal təsərrüfatı – 5,1%. Bu azalmalar əslində texniki xarakter daşıyır və 2009-cu il büdcəsində proqnozların kəskin artırılmasının, amma icra səviyyəsinin aşağı olması fonunda baş verəcəkdir.



  1. Kənd təsərrüfati xərclərinin artım tempi dayanacaq. 2008-ci ildən başlayaraq dövlət büdcəsindən kənd təsərrüfatının subsidiyalaşdırılmasına ayrılan vəsaitlərin yüksək artım tempi gələn il dayanacaq. 2010-cu ildə proqnozlaşdırılan subsidiya ödənişləri 2009-cu ilin proqnozuna nisbətən 18,2% azdır, faktiki icra göstərici ilə isə təxminən eynidir. Azalmanın səbəblərindən biri 2009-cu ildə subsidiyaların tam xərclənməməsidirsə, digəri ölkənin kənd təsərrüfatına subsidiyaların həcminin artması ilə bağlı DTT –yə üzvlük məsələsində yaranmış çətinliklə izah oluna bilər.



  1. Gələn il dövlət investisiya xərclərinin kəskin ixtisar olunması və infrastruktur üçün ayrılan beynəlxalq kreditlərin büdcəyə daxil edilməsi nəzərdə tutulur. Gələn il ən çox ixtisara məruz qalacaq büdcə xərci istiqaməti dövlət əsaslı vəsait qoyuluşlarıdır. 2010-cu ildə dövlət əsaslı vəsait qoyuluşları 2009-cu ilin proqnozlaşdırılan analoji gəstəricidən 24,8%, faktiki icradan isə 7,1% az olacaq. Onu da qeyd etmək lazımdır ki, 2010-cu il üzrə dövlət əsaslı vəsait qoyuluşlarının strukturunda mühüm bir dəyişiklik baş verib. Bu dəyişiklik, ilk dəfə olaraq xarici kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin də dövlət büdcəsinə, o cümlədən dövlət əsaslı investisiya qoyuluşlarının məbləğinə daxil edilməsidir. Başqa sözlə desək, gələn ilə nəzərdə tutulan 3549 mln. manat dövlət əsaslı vəsait qoyuluşunun 701,4 mln. manatı xarici kreditlər hesabına həyata keçiriləcək investisiya layihələrinin payına düşəcək. Bu isə o deməkdir ki, 2010-cu ildə dövlət büdcəsinin öz resursları hesabına reallaşdırılacaq dövlət əsaslı vəsait qoyuluşunun həcmi 2847,6 mln. manat təşkil edəcək. Bu isə 2009-cu ilin analoji proqnoz göstəricisindən 39,6%, gözlənilən icradan isə 25,5% azdır. Azalma əsasən nəqliyyat (5,6%), əlil və şəhid ailələri üçün mənzil tikintisi (30,8%), qaçqınların şəraitinin yaxşılaşdırılması (23,3%), müdafiə və hüquq-mühafizə (3 dəfə), inzibati obyektlərin tikintisi və təmiri (4,5 dəfə) layihələrinin və ehtiyat vəsaitlərinin (21,8 dəfə) ixtisarı hesabına baş verəcəkdir.

Dövlət əsaslı vəsait qoyuluşunun kəskin ixtisarı bu sahədə siyasətin dəyişməsi hesab edilə bilər. Son illər infrastruktur layihələrinə, dövlət obyektlərinin, inzibati binaların tikintisi və təmirinə böyük vəsaitlər sərf olunurdu, bununla belə bu sahədə layihələrin şişirdilməsi və səmərəliliyin aşağı olması özünü qabarıq şəkildə göstərirdi. Bununla belə, bu xərc bölməsində bir sıra istiqamətlər üzrə - təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisinə 2009-cu illə müqayisədə uyğun olaraq 2,7 dəfə, 52,4% və 2 dəfə çox vəsait ayrılıb. İlk iki istiqamət üzrə artım 2009-cu ildə həmin istiqamətlərə ayrılan vəsaitlərin kəskin azalmasının qarşılığında baş versə də, mədəniyyət istiqaməti üzrə təmir-tikinti xərcləri gələn ilin dövlət əsaslı qoyuluşunda prioritetlərdən biri olacaqdır. Qeyd edək ki, bura ayrılacaq 191 mln. manatın mühüm hissəsi H.Əliyev Mərkəzinin tikintisinə sərf ediləcək.

  1. Elm xərcləri də azalır. Gələn il dövlət büdcəsindən elmə 98 mln. man. vəsait ayrılacaq ki, bu da 2009-cu illə müqayisədə 7,5% azdır. Maraqlıdır ki, bir tərəfdən ölkədə Elmin İnkişafı Fondu yaradıldığı halda, o biri tərəfdən elmə ayrılan vəsaitlər ixtisar olunur.



  1. Dövlət borcları özünü büdcədə daha qabarıq göstərməyə başlayır. 2010-cu ildə planlaşdırılan büdcə xərclərinin əvvəlki ilin proqnozlarına nisbətən 8,8 % azalmasının fonunda ümumi dövlət xidməti xərclərinin 6,7% artması gözlənilir. Artıma təsir edən əsas amillər dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin 26,3%, beynəlxalq təşkilatlara üzvlük haqqları üzrə xərclərin 23% artıq nəzərdə tutulmasıdır. Borc və öhdəliklərə xidmət edilməsi ilə bağlı xərclərin artırılması əsasən daxili borcların, qismən isə xarici borcların artması ilə bağlıdır. Gələn il daxili borcların əsas hissəsinin qaytarılmasına 50,05 mln. manat ayrılıb. Bildiyimiz kimi, daxili borclar əsasən qısamüddətli dövlət istiqrazlarının emissiyası ilə bağlı formalaşır. Qeyd etmək lazımdır ki, daxili borcların əsas hissəsinin qaytarılması üzrə 2009-cu ildə vəsait nəzərdə tutululmamışdı. Bu istiqamətdə xərc sonuncu dəfə 2008-ci il büdcəsində nəzərdə tutulmuşdu və bu da 2,43 mln. manat təşkil edirdi. Belə görünür ki, 2009-cu ildə hökumət daha böyük daxili borclanmaya yol verib ki, bu da bu ilin birinci rübündə büdcə gəlirlərinin formalaşmasında yaranmış problemlərlə bağlı ola bilər.

Borclara xidmət üzrə xərclərin artmasının bir səbəbi də xarici borclar üzrə faiz ödənişlərinin artmasıdır. Gələn il xarici borcların faizləri üzrə hökumət 14,3 mln. manat artıq vəsait ödəyəcək ki, bu da beynəlxalq maliyyə qurumlarından infrastruktur layihələri üzrə alınan kreditlərin çoxalması ilə bağlıdır.

Yeri gəlmişkən, 2010-cu il üzrə dövlət zəmanəti ilə alınan borcların zəmanət fondu da 2009-cu illə müqayisədə 2 dəfə çox – 100 mln. manat təşkil edəcək. Bu da dövlət şirkətlərinin dövlət zəmanəti ilə götürdükləri kreditlərin qaytarılması üzrə risklərin artması ilə bağlıdır.





  1. Növbət ilin büdcəsi güc nazirliklərinə “xüsusi diqqət” vəd edir. Ümumi azalmanın fonunda 2010-cu ildə artırılması planlaşdırılan xərclərdən biri də Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləridir. Bölmə üzrə artım 2009-cu ilin proqnozlarına nisbətən 4%, gözlənilən icraya nisbətən isə 27,4% nəzərdə tutulur. Artımın əsas payı isə hüquq-mühafizə orqanlarının payına düşür. Gələn il hüquq-mühafizə orqanları üçün nəzərdə tutulan vəsait 2009-cu ilin proqnozlarına nisbətən 4,9%, gözlənilən icradan isə 31,9% artıq olacaq. Burada isə artım əsasən Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin payına düşəcək. Maraqlıdır ki, Daxili İşlər Naziriliyinə ayrılan vəsaitin artırılması fonunda Daxili Qoşunların Baş İdarəsinin xərcləri 2009-cu ilin gözlənilən icrasına nisbətən 16,8% kəsiləcək. Ədliyyə Nazirliyin hüquq-mühafizə altbölməsi üzrə xərclərinin 2009-cu ilin gözlənilən icrasına nisbətən 88% artımı nəzərdə tutulması müqabilində, gələn il üçün penitensiar sistemdə islahatların aparılması üçün xərclər tamamilə kəsilib.

Qeyd etmək lazımdır ki, 2010-ci il üzrə hüquq-mühafizə xərclərinin kəskin artırılması gələn il ölkədə parlament seçkilərinin keçirilməsi ilə bağlı da diqqət çəkir.

  1. Avtomobil yolları” məqsədli büdcə fondu böyüyür, şəffaflıq və hesabatlılıq isə “sıfır səviyyəsində” qalmaqdadır. 2010-cu ildə “Avtomobil yolları” fondunun vəsaitləri 170 mln. manat həcmində müəyyənləşib ki, bu da 2009-cu illə müqayisədə 17,2% çoxdur. Əvvəlki illərdə olduğu ki, hökumətin “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə dair izahatında, həmçinin büdcə zərfində fondun vəsaitlərinin istifadə istiqamətləri öz əksini tapmayıb. Həmçinin qeyd etmək lazımdır ki, yaradılmasından 3 il ötməsinə baxmayaraq fondun fəaliyyəti və vəsaitlərinin istifadəsinə dair nə parlamentə, nə də ictimaiyyətə hər hansı bir hesabat verilməyib.


Büdcə kəsiri ilə bağlı;
2010-cu il büdcəsinin özəlliklərindən biri də son illərin büdcə profisiti fonunda olduqca böyük kəsirin (ÜDM-in 4%) olmasıdır. Amma büdcənin investisiya xərclərinin daxili strukturuna nəzər yetirdikdə bu “sirr” açılır. Məsələ ondadır ki, bu xərclərə ilk dəfə olaraq xarici kreditlər hesabına maliyyələşən investisiyalar da daxil edilib. Belə çıxır ki, əslində xarici kreditlər hesabına həyata keçiriləcək investisiya layihələrinin maliyyə mənbəyi heç də dövlət büdcəsi gəlirləri yox, xarici kreditlərdir və bu məntiqlə büdcənin real kəsiri ÜDM-in 1,8 %-ni ötmür. Belə olan halda yuxarıda adı çəkilən 701 mln. 424 min. məbləğində xarici mənbələr hesabına maliyyələşən investisiya layihələrin büdcənin xərc hissəsində əksini tapmasının hansı məntiqə söykəndiyi bəlli deyil. Bəlkə hökumət bu yolla büdcə xərcləmərində kəskin azalma faktını nisbətən yumşaltmağa nail olmaq istəyib?

Kəsirin maliyyələşməsində qeyri adi mənbələrdən biri də büdcə təşkilatlarının ödənişli vəsaitinin bu məqsədə yönəldilməsidir. Bu isə son məqamda həmin təşkilatları adı çəkilən vəsaitdən sərbəst istifadə etmək imkanından məhrum edəcək.



MBQ 2010-cu ilin büdcə zərfini əsas götürərək aşağıdakılarla bağlı narahatlığını ifadə edir.


  1. Ölkə iqtisadiyyatının və onun büdcəsinin son illər bir qayda olaraq yüksək dinamikası fonunda dayanıqlığının olmaması son dərəcə ciddi bir faktordur. Hökumətin son zamanlar qeyd etdiyi neftdən asılılığın guya azalması, real praktikada nəinki müşahidə edilmir, əksinə bu asılılıq bir qədər də güclənir. Hətta iqtisadi məntiqin əksinə olaraq, böhran dövründə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi də bu asılılığı səngitmədi.




  1. Büdcə ilə bağlı kəskin dəyişkənlik bir daha nümayiş etdirdi ki, hökumətin nisbətən orta və uzun müddətə hesablanmış effektiv büdcə siyasəti mövcud deyil. Obrazlı şəkildə desək, hökumət əlverişli konyunktura şəratində izafi xərcləməyə meyllidir, vəsait çatışmazlığı dövründə isə işini yalnız bu izafi iştahını “cilovlamaqda” görür. Dünyanın əksər ölkələrində hökümət böhran dövründə makroiqtisadi siyasətdə ciddi dəyişikliklər etməklə daxili iqtisadiyyata əlavə nəfəs verməklə onu canlandırmağa can atdığı bir dövrdə Azərbaycanda hökumət hüquq müdafiə orqanları istisna olmaqla bütün digər sahələrin maliyyələşməsinin kəskin azaldılması yolunu panaseya kimi qəbul edir və çıxış yolunu yalnız bunda görür.




  1. Böhran ilinin büdcəsi göstərdi ki, karbohidrogen resurslarına bağlanan Azərbaycan iqtisadiyyatı hələ uzun müddət bu asılılıqdan nəinki qurtula bilməyəcək, ildən ilə bu asılılıq güclənəcək. Bütövlükdə sosial iqtisadi vəziyyəti nisbətən yüngülləşdirən isə Dövlət Neft Fondunda yığılan vəsaitin mövcudluğu, onun, demək olar ki, məhdudiyyətsiz istifadəsi, və habelə beynəlxalq neft və qaz sazişləri çərçivəsində hasilatın pik nöqtəsinə yaxınlaşması və eyni zamanda Azərbaycanın AÇG sazişində pay bölgüsünün ən əlverişli mərhələsində olmasıdır.




  1. Böhran ilinin büdcəsi həm də onu nümayiş etdirdi ki, hökumətin dünya iqtisadi konyunkturasına reaksiyası çevik deyil və əksər halda gecikmiş xarakter daşıyır. 2009- cu il dövlət büdcəsində neftin qiymətinin 70 dollar səviyyəsində olması nə qədər reallıqdan uzaq və heç bir proqnoza söykənməyən görünürdüsə, 2010-cu ilin büdcəsində bu qiymətin 45 dollar səviyyəsində hesablanması bir o qədər anlaşılmaz təsir bağışlayır.


MBQ 2010-cu il büdcə qanununun layihəsi ilə bağlı aşağıdakı təklif və tövsiyyələri zəruri sayır


  1. 2010-cu il dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində müəyyənləşdirilməsi real proqnozlara söykənmir və böyük ehtimalla höküməti növbəti ilin ortalarında büdcəni yenidən hesablamağa vadar edəcək. MBQ hesab edir ki, hökumətin fəaliyyətində proqnozlaşma işi gözlənilən səviyyədə deyil və bu istiqamətdə tədqiqat bazasının gücləndirilməsinə ciddi ehtiyac var.




  1. Büdcə daxilolmalarında vergi yükünün ilbəil azalması bütövlükdə vergi-büdcə sistemində ciddi islahatların aparılmasını zəruri edir. Bunun üçün qeyri neft iqtisadiyyatının vergiyə tam cəlb edilməsinə əngəllikər törədən maneələrin aradan qaldırılması üçün dövlət səviyyəsində tədbirlər planı həyata keçirilməlidir.




  1. Böhran dövründə büdcənin formalaşmasında əsas yük Dövlət Neft Fondunun üzərinə düşdüyündən növbəti ildə Fondun gözlənilən gəlirlərinin demək olar ki, əksər hissəsi (88,8%) xərclənəcəkdir. Bu tendensiyanın qarşısını almaq üçün Fondun vəsaitlərinin xərclənməsi qanunvericlik səviyyəsində məhdudlaşdırılmalıdır.




  1. Büdcə xərcləmələrində şəffaflıq işi gözlənildiyin əksinə olaraq bir qədər də pisləşmişdir. İndi artıq daha çox xərc istiqamətləri mövcud klassifikasiyaya uyğun əksini tapmır və qapalılığı ilə diqqəti cəlb edir. Açıq Büdcə İndeksinin yaxşılaşmasına ciddi ehtiyac duyulduğu bir zamanda belə tendensiya ölkənin növbəti indeksdə qərarlaşdığı yeri bir qədər də pisləşdirə bilər. Bu baxımdan aidiyyatı qurumlar (MM-in iqtisadi komissiyası, Hesablama Palatası və s.) bu işdə təşəbbüskar kimi çıxış edib həyəcan təbili çalmalıdır.


Milli Büdcə Qrupu,

11 noyabr 2009




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə